Super User
“A Məcnun sevdamın Leylası, qayıt!..” - Arzu Nehrəmlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə Arzu Nehrəmlinin şeirləri təqdim ediləcək.
Göyçək Vətən
Adəm oğlu azıb gələn,
Adın daşa yazıb gələn,
Yaddaşlardan sızıb gələn
Həqiqətsən, gerçək Vətən.
Bir nəğmədir duruşuğun,
Açılıb yol dolaşığın,
Sarmaşığı yaraşığın,
Üstü-başı çiçək Vətən.
Sinə gərdin fitnə-felə,
Dərdi unut innən belə,
Nazına qurban, naz elə,
Sığalını çəkək, Vətən
Al qızını, sıx köksünə,
Şeiri tərifdir hüsnünə,
Gör, necə oxşayıb sənə,
Gözəl Vətən, göyçək Vətən.
Biz bu evdə yaşayırdıq
Biz bu evdə yaşayırdıq...
Dünyanın ən işıqlı, geniş evində.
İki nəfər idik:
Mən və O.
Hər səhər pəncərəmizdən yayı-qışı
bəlli olmayan günəş boylanardı.
Sonra üç nəfər olduq:
Mən, O, qızımız.
Evimiz bir az da böyüdü, işıqlandı,
səsə-küyə qərq oldu.
Amma... amma
bir gün ulduzları olmayan
gecənin sabahı da olmadı.
Gözükölgəli günəş
buludların qarasını üzünə çəkib getdi.
Biz iki nəfər olduq:
Mən və qızımız.
Daha bu evdə yaşamadıq,
Çünki evimiz çox kiçik və qaranlıq olmuşdu.
Tünlük dünya
Gəlişimiz bir əbəsdir,
Şərə meydan, düzə qəsddir,
Basabasdır, bəhsəbəsdir,
Nə yaman tünlük dünyadır.
Nə gəlir, xətayla gəlir,
Ad var ki, xudayla gəlir,
Şər-böhtan nidayla gəlir,
Mələk yox, cinlik dünyadır.
Şeytan deyir: "Burax nazı,
Al eyninə, bahar yazı,
Dur, ləngimə, Kazımqızı,
Dünya beşgünlük dünyadır".
Özümə dönməyim gəlir
Yolayrıcı yolum bağlar,
Sağımı, solumu bağlar.
Çəkilin, daş üzlü dağlar,
Düzümə dönməyim gəlir.
Yıxılıb taxtdan düşmüşəm,
Taledən, baxtdan düşmüşəm,
Əldən, ayaqdan düşmüşəm,
Dizimə dönməyim gəlir.
Ömrə çiçəktək açmağı,
Unutdum ətir saçmağı,
Atıb üstündən qaçdığım
Sözümə dönməyim gəlir,
Çək ömrünü, yaşı apar,
Çən-dumanı, qışı apar,
Götür, Arzu, daşı, apar,
Özümə dönməyim gəlir.
Şəhidlər
Haqqa, azadlığa gedən yolsunuz,
Bizi bizdən yaxşı duyan şəhidlər.
Yığışıb bir yerdə Vətən olmusuz,
Elinə, yurduna həyan Şəhidlər.
Yatmış saatımı çəkib qurmayın,
Təzdən ürəyimi sıxıb qırmayın,
Məni başqa adla öyüb durmayın,
Adım da, imzam da, soyum Şəhidlər.
Daha mənə arzular da yük gəlir,
Yaram dərinləşib, yaram köhnəlib,
Sinəm altda şəhid şeirim köklənib,
Dastanım, nağılım, boyum Şəhidlər.
Dərd məni çəkir
Bu hansı səfərdir, hara gedirəm?
Ağlımda min fikir, başda min fikir.
Elə bilərsiniz üsyan edirəm,
Vallah, dərd çəkmirəm, dərd məni çəkir.
Ocaqda qazanım dərdə qaynayır,
Nə atəş anlayır, nə də su anır.
Bir az gec bişincə, tamarzı kimi
On günün acıtək ağzım sulanır.
Elə sığınmışam isti qucaqtək,
Hələ olmayıbdır dərddən yıxılam,
Qoynuna girmişəm yetim uşaqtək,
Dərdin ətəyindən tutub qalxıram.
Hələ açılmamış sirrəm, sualam,
Nə qədər cavablar pərt çıxıb gedib.
Deyirəm, bir sabah mən necə ollam,
Birdən durub görsəm, dərd çıxıb gedib?!
Çəkilməyən dərdimdir
İtiribdir vaxtını,
Çapıb gəlib atını,
Durun, açın qapını,
Çəkilməyən dərdimdir.
Dönübdür güzarıma,
Könlümdür çözüm ona,
Enimə, uzunuma
Biçilməyən dərdimdir.
Ömrüm bir günə qalsa,
Dönmərəm, dönüm olsa,
Necə bağlanmışamsa,
Keçilməyən dərdimdir.
Laylay
Düşünürdüm:
- Anamsız yaşamaram.
Bir gün mən öldüm,
Anam ağladı, ağladı, ağladı...
Gecə-gündüz başımın üstündə
layla çalıb, bayatı dedi:
- Laylay, balam, laylay
Bir müddət yaşadı məndən sonra,
Ölümüm onun üçün
ağır, sağalmaz dərd oldu.
Elə bu dərdlə də köçüb getdi,
öldüyüm yerə -
ağladığı mən boyda dərdinin yanına.
- Laylay, anam, laylay!
Çək üstündən bu sal daşı
Məzarla söhbət
Gəldim deyim, unutmusan,
Yadına sal, səslə məni.
Sən demişdin, ölüm səndən
ayırammaz əsla məni.
Dinlə məni, dilim yanır,
Yerdə yerim, göyüm yanır,
Bax, arxamca elim yanır,
Bəsdir qoydun yaslı məni.
Gəl, unutma, yar, amandır,
Hicran yolu buracandır,
Dəyişmisən nə zamandır
Aya, günə, fəslə məni.
Can harayda, ömür hayda,
Qoy, birtəhər verim bada,
Burdakıtək, gülüm, orda
Gözlərsən həvəslə məni.
Bu soyuq yer mənzil başı,
Arzunu bil, "usal", naşı,
Çək üstündən bu sal daşı,
Al qoynuna, bəslə məni.
Qızımın atası, anası qayıt
Həyat yoldaşım Yusifin dilindən
Üzündə giley var, dilində ağı,
Öpüb qucaqlama daşı-torpağı.
Dur, get evimizə gəlinsayağı,
Ömrümün parası, yarısı, qayıt!
Bilirəm, incidib, bu illər səni,
Dondurub, üşüdüb fəsillər səni.
Qınayar ürəklər, könüllər səni,
Elimin pərişan sonası, qayıt!
Axıtma göz yaşın, arxına dönnəm,
Düşərəm selinə, axına gəlləm,
Get dincəl, bu gecə yuxuna gəlləm,
Tökmə gözlərinin qarasın, qayıt!
Ürəyin dopdolu, sözün qalıbdır,
Heç vaxt çəkilməyən nazın qalıbdır,
Bir ömür istəyin, arzun qalıbdır,
İçində bir ümid varsa da, qayıt!
Bilmirəm, nə kimi varmışam sənə,
Bir yığın xatirə qoymuşam sənə,
Sən elə bilirsən doymuşam sənə?
A Məcnun sevdamın Leylası, qayıt!
A sönük ülkərim, nə deyim sənə,
Söykə taleyini günün birinə,
Al ağır yükünü çiyinlərinə,
Qızımın atası, anası qayıt!
Bu dərd
Dərd peşəm, dərd işim olub,
Əyləncəm, vərdişim olub.
Çəkdikcə şipşirin olub,
Nə gözəl yar imiş, bu dərd.
Bəzək, naxış, rəng yerimdir,
Ümid yerim, ərk yerimdir,
Həyat dərsi, dərk yerimdir,
Yaxşı ki, var imiş, bu dərd.
Şeirimə qol-qanad verdi,
Əzm, hünər, inad verdi,
Dopdoluca həyat verdi,
Dövlətmiş, var imiş, bu dərd.
Düşüb Arzunun izinə,
Vurulub onda dözümə,
Eşqilə onu özünə
Gör, necə sarımış, bu dərd.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
“İnsanlara onların əsl şəxsiyyətlərini göstərmək film çəkməyimizin səbəblərindən biridir" - rejissor və ssenarist Bela Tar
Keçən il Berlində keçirilən 36-cı Avropa Film Mükafatlarının təqdimetmə mərasimində Avropa Film Akademiyası prezidentinin fəxri mükafatına macar rejissor və ssenarist Bela Tar layiq görüldü. Olduqca maraqlı, zəngin insandır Bela Tar.
“Ədəbiyyat və incəsənət” portalı DÜNYA KİNOSUNUN ÜNLÜLƏRİ rubrikasında bu gün sizlərə Bela Tarrla müsahibəni təqdim ediləcək.
Tərcümə Nilufər Hacılınındır.
Macar rejissor, prodüser və ssenarist Bela Tarr 21 iyul 1955-ci ildə Macarıstanın cənubundakı Peç şəhərində doğulub. Valideynləri kino sənəti ilə yaxından əlaqəli olan rejissorun atası səhnə tərtibatçısı, anası suflyor olub və 50 ildən çox teatrda işləyib. Rejissorun uşaqlığı Budapeştdə keçib. Hələ uşaqkən anası ilə birlikdə Tolstoyun "İvan İliçin ölümü" əsəri əsasında çəkilən filmin kastinqində iştirak edib və ilk rolunu bu filmdə oynayıb. Lakin rejissorun aktyorluq fəaliyyəti çox çəkməyib, Mikloş Yançonun "Canavarlar fəsli" filmi ilə aktyorluq karyerasına son qoyub.
16 yaşında film çəkməyə başlayan rejissor, bu sahəyə olan marağını hələ o vaxtlardan kəşf edib.
O, 1977-ci ildə 22 yaşında olarkən ilk bədii filmi olan "Ailə yuvası"nı çəkib. Filmin aktyor heyəti yerli əhali arasından seçilən və peşəkar aktyor olmayan insanlardan ibarət idi. Onlar filmdə yalnız "dostluq" xətrinə iştirak ediblər və bunun qarşılığında heç bir ödəniş almayıblar. Rejissor bu filmi cəmi 6 günə çəkib. Tənqidçilər filmdə Con Kassavetisin rejissorluğundan təsirlər tapdıqlarını desələr də, rejissor bu filmi çəkməzdən əvvəl Kassavetisin heç bir filminə baxmadığını söyləyib.
İlk dörd uzunmetrajlı filminin ssenarisini özü yazan rejissor, "Payız mövsümü" almanaxından sonra macar yazıçısı Laslo Krasnahorai ilə birlikdə "Lənət" filminin ssenarisini yazıb. Yazıçının "Şeytanın tanqosu" romanının filmə uyğunlaşdırılması layihəsi 7 ildən çox vaxt alıb. 450 dəqiqəlik film 1994-cü ildə ekranlara çıxıb. "Şeytanın tanqosu" filmindən sonra rejissor 1995-ci ildə 35 dəqiqəlik "Düzənlikdə səyahət" adlı filmini çəkib bitirib. 5 illik sükutdan sonra 2000-ci ildə "Qaranlıq harmoniyaları" filmini çəkib.
Keçən il dekabrın 9-u Berlində keçirilən 36-cı Avropa Film Mükafatlarının təqdimetmə mərasimində Avropa Film Akademiyası prezidentinin fəxri mükafatına 9 uzunmetrajlı, 1 televiziya, 1 sənədli film, 4 qısa film müəllifi olan rejissor Tarr layiq görülüb.
Uzunmetrajlı kadrların ustası sayılan Bela Tarrın ən son müsahibələrindən birini təqdim edirik.
- Uzun planlarınızın arxasında duran səbəblər haqqında nə deyə bilərsiniz?
- Bu haqda ümumi nə deyə bilərəm ki? Bu nəslin insanları hekayənin məntiqini izləyə bilirlər, amma həyatın məntiqini yox. Bir çox başqa şeylər arasında mən hekayəni həyatın ölçüsü hesab edirəm. Şifahi ünsiyyətdə sahib olmadığımız şey zaman, təbiət və meta ünsiyyətdir. Xəbərlərə baxırsan, sadəcə, danışırlar, kəsirlər, bəlkə də hansısa kadrlar olur və ardınca çıxış, hərəkət və nitq var. Bizim üçün film bir az fərqlidir.
- Hekayəyə yanaşmanız necədir?
- Bizim fərqli ifadə tərzimiz var. Hekayə bizim üçün ikinci plandadır. Əsas olan həmişə insanlara necə toxunacağınızdır. Real həyata necə daha çox yaxınlaşmaq olar? Biz danışdıqca bir çox başqa şeylər baş verməyə davam edərkən, həyatla bağlı şeyləri necə başa düşə bilərsiniz? Məsələn, masanın altında nələr olduğunu bilmirik, amma orada maraqlı, vacib və ciddi hadisələr baş verir.
- Adətən, müəyyən qrupla işləməyə üstünlük verirsiniz. Belə deyək, sizin öz komandanız var və onlarla işləmək sizə daha rahatdır. Komanda kimi işləyirsiniz, yoxsa, rejissorun işin əsas müəllifi olduğu nəzəriyyəsini qəbul edirsiniz?
- Mən çox avtokratik adamam və hər şey bir cüt ələ aiddir. Kino çəkmək demokratik proses deyil. Hər şeyə mən qərar verməliyəm. Amma bəstəkarı, operatoru, yazıçını dinləməsəm, dəli ola bilərəm. Onları işə cəlb edirəm və dinləmək məcburiyyətində oluram...
- Filmlərinizin soyuq və ümidsiz olması ilə bağlı tənqidləri qəbul edirsiniz? Deyəsən, ümid azdır.
- Xeyr, çünki ümidlə dolu olduğumuzu düşünürəm. Əgər siz film çəkirsinizsə, onun yaxın əlli il ərzində var olacağına və bəlkə daha sonra da kimlərinsə ona baxacağına inanırsınız, bu çox böyük nikbinlikdir.
- Demək, əsl ümid yaradıcı prosesin özündədir?
- Bəli, dəqiq.
- Bəs bəşəri vəziyyətlərin absurdluğu (mənasızlığı) haqqında ekzistensial baxışı qəbul etmirsiniz?
- Xeyr, bu absurd deyil. Dünya öz oxu ətrafında fırlanır və insanlar filmlərə baxır. Bu bizim filmimizdir, bu qədər. Sizə və hər kəsə insan vəziyyətinin necə olduğunu göstərmək istəyirik. Bu qədər. Heç kimi mühakimə etmək istəmirik. Biz bundan heç bir şəkildə məna çıxarmaq istəmirik. Baş verənlərlə bağlı nələrsə göstərmək istəyirik.
- Sizcə, filmləriniz, təkcə Macarıstandakı narahatlıqlar haqqında deyil, universaldır?
- Bəli, macar filmləri çəkirik, amma vəziyyətin hər yerdə eyni olduğunu düşünürəm. Əgər, həqiqətən də, bir az dərin işlərlə məşğul olmaq imkanınız varsa, düşünürəm ki, hər kəs hər şeyi başa düşə biləcək. Sual həmişə dərinlikdədir: insanlara necə toxunmaq olar?
- Yaratmağa çalışdığınız zaman, məkan və ritmi izah edə bilərsiniz?
- Çox sadə. "Lənət" (1988) filmində tamamilə tək olan bir insan vardı və biz onun cəmiyyətdəki və kainatdakı tənhalığını göstərmək istədik. Buna görə təbiəti, təbii mühiti və zamanı da işin içinə daxil etməlisiniz. Onun hər zaman yoxa çıxdığını görürsən.
- Nəhayət, ünsiyyət tamamilə pozulur və o, it kimi hürməyə başlayır.
- Bəli, təbiətə getməsinin səbəbi də budur. Artıq danışmaq istəmir, çünki həyatı başa çatır.
- Amerikalı tənqidçi Conatan Rozenbaumun yaradıcılığınızı "mənəviyyatsız Tarkovski" kimi qiymətləndirməsi barədə nə düşünürsünüz? Özünüzü belə vəziyyətdə görürsünüzmü?
- Bu, Conatan Rosenbaumun öz fikridir. Bilmirəm, bu onun fikridir. Onunla bu məsələlər haqqında danışmamışam. Əsas fərq odur ki, Tarkovski dindardır, biz isə yox. Amma onun həmişə ümidi vardı, Allaha inanırdı. O, bizdən daha günahsızdır. Xeyr, onun üslubunda film çəkmək üçün həddindən çox şey görmüşük. Məncə, onun çox vaxt daha yumşaq və həssas olan texnikası da fərqlidir.
- Sizin stiliniz sərtdir?
- Bəli, o mənim üçün həddindən çox yaxşıdır.
- Müsahibələrinizin birində gənclik illərində filosof olmaq istədiyinizi oxumuşdum. Kino çəkməyinizi başqa mənada fəlsəfə kimi görürsünüz? Başqa cür desək, bədii vasitələrdən istifadə edən fəlsəfi araşdırma olduğunu deyə bilərik?
- Xeyr, ondan tamamilə uzaqlaşdım. Fəlsəfədən və filosof olmaqdan tamamilə imtina etdim. Gənckən filosof olmaq istəyirdim, amma xoşbəxtlikdən və ya bədbəxtlikdən başıma bir şey gəldi. İndi film çəkirəm, amma əsl rejissor deyiləm.
- Kinoyla maraqlanmadığınızı və kinonun nə olduğunu bilmədiyinizi demisiniz?
- Bilmirəm. Bu, doğrudur.
- Belə olan halda, kino ilə sizin gördüyünüz iş arasında fərq var?
- Ümid edirəm ki, biz kinodan daha çox, həyata yaxınıq.
- "Kinonun nə olduğunu bilmirəm" deyərkən ənənəvi kinonu, yoxsa, kommersiya filmlərini nəzərdə tutursunuz?
- Hər cür kinonu. Sadəcə, kinonu.
- Hər cür kinonu nəzərdə tutursunuz demək. Özünüzü bunun bir parçası kimi hiss etmirsiniz?
- Xeyr, bunun səbəbi bir az əvvəl sizə hekayə haqqında dediklərimdədir. Mənimçün kinoda baxdığım şeylər həmişə boşboğazlıqdır. Bu, mənalı sualdır. Fərq; insanlarla əlaqəmiz, onları izləməyimiz və aktyorlarla işləmək tərzimizdədir. Buna görə də bütün bunları etməyi sevirəm. Çünki bir tərəfdən film çəkmək çox darıxdırıcıdır. Bir ssenarimiz var, amma çəkiliş zamanı heç vaxt ssenaridən istifadə etmirik. Aktyorlarımız var, amma aktyor kimi davranmırlar. Biz onlarla dost kimi və ya sadəcə, şəxsiyyətlərini önə çəkərək işləyirik...
- Fərq olduğunu düşünmürsünüz? Bəzi rejissorlar həvəskar aktyorların filmə fərqlilik qatdığını düşünürlər.
- Xeyr, bizimçün heç bir fərq yoxdur. Bəzi filmlərimizə baxsanız, görərsiniz ki, biz həmişə şəxsiyyətə önəm verdiyimiz üçün, həm peşəkar, həm də həvəskar aktyorlara ehtiyac duyuruq. Əgər hansısa aktyor səhnədə oynamağa başlayırsa, dərhal ondan nə etdiyini soruşuruq. Oynama - sadəcə, özün ol. Kiminsə daxilində nələrin baş verdiyi ilə maraqlanmağımızın səbəbi budur. Onlar səhnədə yaşamalıdırlar. Əgər hissləri real deyilsə, bunu onun gözlərindən görə bilərsiniz...
- Bir ssenariniz olur, amma sonra onu atırsınız? Düz başa düşdüm?
- Xeyr, bizim ssenarimiz prodüserlər və büdcəyə töhfə verəcək qurumlar üçündür. Bu qədər. Sonra çəkilişlərin harada aparılacağını araşdırmağa başlayırıq. Bizim personajlar və bəzi digər ideyalarla uyğunlaşacaq əsas məqsədimiz olur, amma biz mütləq real həyata bənzəyən bir yer tapmağa çalışırıq. Buna görə də çəkilişin harada baş verdiyi son dərəcə vacibdir. Biz uzun müddət - bəzən bir il - sadəcə, insanlara və məkana baxaraq oturub filmi necə çəkəcəyimizi düşünürük...
- Hardasa oxumuşdum ki, Piter Breygelin (hollandiyalı intibah dövrü rəssamı - tərc.) rəsmlərinə heyransınız və sizin işlərinizlə müqayisədə onun rəsmlərində sizin əldə etməyə çalışdığınız iddiasız dürüstlük olduğu üçün rəsmlərinin maraqlı olduğunu demisiniz. Siz öz filmlərinizin sadə olduğunu deyirsiniz, lakin Breygeldən sonra onun rəsmləri haqqında söylənilən şərhlər həddindən çox mürəkkəb deyildi?
- İndi bizə daha yaxınsınız, Breygel həqiqətən, mühüm və möhtəşəmdir. Onun rəsmlərində çox sayda insanlar olduğunu və hər birinin fərqli simaya, görünüşə və şəxsiyyətə sahib olduğunu görə bilirsiniz. Onlar şəkillərdə çox kiçik görünə bilər, lakin hər birinin şəxsiyyəti var. Ona görə də biz onu çox sevirik. "Qaranlıq harmoniyalar" filmində olduğu kimi, izdiham içində çəkiliş apararkən həmişə oradakı insanların şəxsiyyətlərini göstərə bilmək istəyirik. Bizimçün onlar yalnız kütlənin bir hissəsi deyil.
- Buna görə də deyə bilərik ki, siz şəxsiyyətin dürüstlüyünə və həqiqiliyinə çatmağa çalışırsınız?
- İnsanlara onların əsl şəxsiyyətlərini göstərmək film çəkməyimizin səbəblərindən biridir.
- Filmlərinizin çox vaxt fövqəltəbii görünməsinə münasibətiniz necədir?
- Fövqəltəbii və ya hər hansı fəlsəfi nəzəriyyəni düşünmürük, çünki film maddidir. Biz kameralardan istifadə edib səhnələri çəkirik. Əgər yazıçısınızsa və kağızınız varsa, bu masa haqqında çox şey yaza bilərsiniz. Lakin əgər siz rejissorsunuzsa, sadəcə, bu masanı göstərə bilərsiniz. Bunun necə masa olduğunu və nə qədər maraqlı olduğunu görə bilərsiniz, amma o yenə də, bir masadır. Buna görə də başa düşə bilmirəm ki, niyə kimsə fəlsəfi və ya föqəltəbii şeylərdən danışsın? Xeyr, bu doğru deyil. Lütfən, filmə baxın və ürəyinizin səsini dinləyin. Lütfən, gözlərinizə inanın, hər şey çox aydın və çox sadədir. İzləyin. Bu vacibdir...
- Filmləriniz Macarıstanda necə qarşılanır?
- Müəyyən qism insanlar izləyir. Hər yerdə eynidir, adətən adi kinoteatrlarda göstərilir. Biz böyük kinoteatrların bir hissəsi deyilik.
- Sizi macar kinosunun qara qoyunu kimi tanıyırlar. Dedikləri qədər varsınız.
- Biz, sadəcə, fərqliyik, bu qədər.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
POETİK QİRAƏTdə
Əlizadə Nurinin “Dua” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə daimi müəllifimiz Əlizadə Nuri görüşür. “Dua” şeiri bir ithafdır. İnsan və Tanrı - yaranışdan insan Tanrı ilə danışır, dərdləşir, gileylənir, hər halında ona tapınır.
Göyün o üzünü görə biləydim,
Bir gün açılaydı ayın yaxası.
İlahi, bir dəfə özünü göstər-
Adamlar bilmir ki, hara yıxılsın...
Nə deyək, sadəcə, mükəmməldir!
Xoş mütaliələr!
DUA
Ceyhun Alışlıya
Balıqçı toruymuş ömür deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Bəlkə bu sevinclə şəkil çəkdirim?
Onsuz da bir azdan çıxıb gedəcək...
Yaxşı ki, bu gecə səhərə çıxdı,
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı göy üzünə tor atıb durub
Qızıl bəxt istəyir qızıl balıqdan.
Mən yerə asiyəm, göylər də uzaq,
Nə yaxşı, ruhumun göy atları var.
Məni bu dünyada tapmaq çətindi
Tapacaq-kimin ki, qanadları var.
Bu yolu nə yaman uzun çəkiblər?-
Yolun yarısında yorulur hamı.
İndi ürəyindən sınır adamlar
İndi çörəyindən vurulur hamı.
Qaldı şair başı dar ağacında-
O cavan saçlara indi dən düşür.
İlahi, bu dünya bir damla yaştək
Bəlkə də haçansa gözündən düşüb?!
Bəlkə son tövbədi sonuncu nəğmə,
Bəlkə son axşamdı elə bu axşam?
Bu dünya-qərib bir şəhər kimidi
Mən də bu ,,şəhər"də azıb qalmışam...
Nə yaxşı, dilimə toxundu adın,
Başladım dilimdən həya etməyə.
İlahi, nə yaxşı lal doğulmadım-
Nə yaxşı, dilim var dua etməyə!
Göyün o üzünü görə biləydim,
Bir gün açılaydı ayın yaxası.
İlahi, bir dəfə özünü göstər-
Adamlar bilmir ki, hara yıxılsın...
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Musiqili Teatr “Aysedora” ilə başlayır
Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel repertuarını “Aysedora” tamaşası ilə açacaq.
“Ədəbiyyat və incəsənət” portalı teatrın aprel repertuarını təqdim edir.
4 aprel - “Aysedora”
5 aprel - “Qadınım”
6 aprel - “İki küpəgirən qarı”, “Leyli və Məcnun”
7 aprel - “Bir dayan, canavar!”, “Nəğməmə inan”
12 aprel - “Amerikalı kürəkən”
13 aprel - “Qırmızı papaq”, “Lara Martin’s Jazz Club”
14 aprel - “İki küpəgirən qarı”, “Sevənlərindir dünya”
19 aprel - “Anamın kitabı”
20 aprel - “Qızıl cücə”, “Paris Notr-Dama ithaf”
21 aprel - “İki küpəgirən qarı”, “Kimyagər”
25 aprel- “Utancaq qız”
26 aprel - “Molla Nəsrəddinin beş arvadı”
27 aprel - “Dəcəl çəpişlər”, “O olmasın, bu olsun”
28 aprel - “İki küpəgirən qarı”, “Psix”.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Müdir Ramiz
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Mən apreli ona görə sevirəm ki, evdən yüngül gödəkçədə çıxır, yanımdan keçən qısaqol köynəkdəki oğlanı və qalın kürkdə qadını görürəm, hətta gözüm şortikdəki bir daydaya da sataşır. Və əminəm ki, hamı da bir-birinə debil kimi baxır.
2.
Konsertdə.
Zaldan məktub gəlir: “Sintezator çalan niyə yoxdur? Onsuz siz sıfırsız.”
Solist zala səslənir:
-Hətəmov, nə etsən də səni geri çağıran deyilik. Bizə sənsiz daha yaxşıdır.
3.
Bu gecə mən fentezi janrında yuxu gördüm. Guya ki, dünyanı güc deyil, əqil idarə edir.
4.
-Eynək taxırsız?
-Yox.
-Bəs burnunuzda axı xarakterik iz var.
-O eynək izi deyil, pivə parçının izidir.
5.
Biz yetmiş il kommunizm qurmağa çalışdıq.
Alınmadı.
İndi də iyirmi üç ildir ki, kapitalizm qururuq.
Sizcə alınarmı?
6.
On ildən sonra Sevil müəllimə küçədə şagirdi Ramizi görüb deyir:
-Ay Ramiz, sən bürün suallara “mən bilmirəm” cavabı verirdin, axırın necə oldu?
-Sevil müəllimə, mən indi də elə həmişə “mən bilmirəm” deyirəm. Ardınca da deyirəm: “Təcili araşdırılsın və həll edilsin”!
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
-Dəyərli Şairimiz Musa bəy Ələkbərli, unudulmaz yaradıcımız İlyas Tapdığın “Gözlər" kitabındakı şeirlərindən bir az da olsa, yadınızda qalan varmı? Bilirəm ki, o kitabla ilk tanışlığınız zamanı yaşınız az idi. Amma o kitabı böyük həvəslə oxumuşdunuz.
CAVAB
-Ülviyyə xanım, tanışlıq üçün deyim ki, mən 1950-ci ilin bir yaz günü Gədəbəy rayonunun səfalı bir guşəsində, doğma Ataxal kəndində dünyaya göz açmışam. Atam Məlik müəllim duyğusal bir insan idi. Şirin qoşmaların, dadlı-duzlu gəraylıların müəllifi idi. Obamızın xeyirində-şərində baş verən olaylara yazdığı şeirlərlə münasibət bildirər, soydaşlarının rəğbətini qazanardı. Mən orta məktəbə getdiyim ilk günlərdən həm bir şair, həm də xeyirxah insan, qayğıkeş, təcrübəli müəllim olan atamın nüfuzunu, kölgəsini üzərimdə hiss edib, bundan hədsiz qürurlanır, onunla sözün həqiqi mənasında fəxr edirdim. Təhsildə və rəftarda, ətrafımdakılara münasibətdə “Məlik müəllimin oğlu” ifadəsinin qiymətini, urvatını qorumağa çalışırdım. Atam yaxşı saz çalar, saz havaları üstündə qoşma və gəraylılarını dilə gətirərdi. Yaxşı avazı, məlahətli səsi vardı. O səslə, o havalarla o məni şeirə, sözə kökləyirmiş sən demə. İlk laylamı çalırmış. Mənim şeirdə ilk müəllimim rəhmətlik atam olub. Olduqca təvazökar bir insan idi. Bəlkə də, poeziyamızı çox dərindən bildiyi üçün yazdıqlarını heç zaman dərc etdirmədi (buna mən bu gün də təəssüf edirəm). Əlimə qələm götürüb şeir yazdığım ilk günlərdə:
Yatmışdım yuxudan məni oyatdı
Atamın qoşması, atamın sazı.
Gör hansı məqamda dadıma çatdı,
Atamın qoşması, atamın sazı.
-deyəcəkdim və Bakıda tələbə olarkən “Atamın məktubu” adlı bir şeir də yazacaqdım. O şeirin son bəndi beləydi:
...Qəlbimi titrədən ayrı həvəsdi,
Sənsən bu həyatda qanadım, qolum.
“Filankəsin oğlu” olduğun bəsdi
Qoy mən “filankəsin atası” olum.
Doğrudur, mən onun arzularını yetərincə doğrulda bilmədim. O məni həm də bir alim kimi görmək istəyirdi. Ancaq ona həsr etdiyim başqa bir şeirimi əzbərləmişdi. O şeirdə belə bir sətirlər vardı:
Təzə pərvazlanan körpə bir quşam,
Sənin arzun idim gəldim həyata.
Nə yaxşı mən sənin oğlun olmuşam,
Nə yaxşı sən mənim atamsan, ata!
Verdiyiniz sualdan uzaqlaşmağımı zənn etməyin. Sevimli şairimiz İlyas Tapdığın ilk kitabının bizim evə gəlib çıxması təsadüfi deyilmiş. O zamanın gənc şairi, bizim qonşu kənddən olan İlyas Tapdıqla atam tanış imiş. Əmimoğlu Qüdrətin onun “Gözlər” kitabını alıb kəndə - bizə gətirməyi də təsadüfi deyilmiş. Sən demə, atamın xahişi ilə o kitab bizə göndərilibmiş. Onda mənim on-on bir yaşım vardı. Hələ şeir yazmasam da, şairlərimizi oxuyurdum, yaxşı şeirdən baş çıxara bilirdim. Dağlar oğlu İlyas Tapdığın Gədəbəyin bulaqları kimi dumduru məhəbbət şeirləri də elə bu səbəbdən məni ovsunlamışdı. O şeirlərdən indi də yadımdan çıxmayan sətirlər var:
Nə deyim, nə deyim sevdiyim qıza,
Yazdığım məktubu cırıb deyirlər.
Çatdırın fikrimi o insafsıza,
Günahsız qəlbimi qırıb deyirlər.
Etiraf etməyi borc bilirəm ki, “Gözlər” kitabından aldığım poetik enerji bu hadisədən cəmi 3-4 il sonra ilk şeirimi yazmağa, ürəklənib əlimə qələm götürməyimə vəsilə oldu. Ancaq ümumən məni poeziyaya bağlayan, bu poeziyanın dəlisinə, vurğununa çevirən İlk Xalq Şairimiz böyük Səməd Vurğunun poeziyası olub.
Mən Bakıya gəldim. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Atamın və əmim kimyaçı alim Rafiq Ələkbərovun tapşırığı ilə İlyas Tapdığın yanına getdim, onunla tanış oldum. Vaxtaşırı yazdığım yeni şeirlərimi ona oxuyur, fikrini bilmək istəyirdim. Onda o, sonralar mən işə düzələcəyim “Gənclik” nəşriyyatında şöbə müdiri işləyirdi. Mənim onunla ilk tanışlığım sonralar ən yaxın ünsiyyətə, ailəvi dostluğa çevrildi. Allah rəhmət eləsin, gözəl insan, yaxşı şair idi. Yüzlərlə gənc yaradıcının əlindən tutmuş, köməyini qayğısını əsirgəməmişdi. Mən onun ölümünə həsr etdiyim şeirin bir bəndini örnək gətirirəm:
...Şeirin ustadıydı cavan çağından,
Çoxuna köz qıydı öz ocağından,
Vaqif zirvəsindən, Vurğun dağından,
İlyas Tapdıq adlı bir qaya uçdu.
İlyas Tapdığa “Xalq şairi” fəxri adı verilməsə də, o xalqın şairi idi. Özü də kifayət qədər sevilən şairi idi.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
QISA FİKİRLƏR XƏZİNƏSİndə Nurəddin Topçu
“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Əmin Ər-Reyhaninin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.
Nurəddin TOPÇU:
İmansızlıq ruhun kainatla bağlarının qoparılmağıdır.
***
Həqiqət ruhun sevgilisidir və bu eşqin övladı düşünməkdir.
***
Ulduzların hərəkətiylə qəlbin gizlin hərəkətlərini eyni qanun idarə edir.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Sevgi – instinkt və hormonlar + ...
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bəşər tarixi boyunca sevgi formulasını şairlər, filosoflar, təbiblər səylə axtarıblar, amma onu tapmağa ən yaxın XIX və XX əsrin fizioloqları və psixoloqları olublar. Təbii ki, sevgi özü cismani deyil ruhi, yəni materialist deyil, idealist bir anlamdır, ona görə də onun dəqiq tərifi, düsturu da mövcud ola bilməz. Bununla belə, sevgini tək poetik planda deyil, fizioloji, hormonal-biokimyəvi planda mənimsəmək üçün kifayət qədər faydalı təlimlər mövcuddur.
Məsələn, bizim tələbəlik illərimizdən tanıdığımız məşhur sovet psixoloqu, sevgi tədqiqatçısı Y.Ryurikov sevgi fenomenini öyrənməkçün hamını psixologiya, fiziologiya, seksologiya və kulturologiya təlimlərini sevgi barədə yazmış böyük yazıçı və şairlərin, habelə filosoflarının kəşfləri ilə birgə nəzərdən keçirməyin vacibliyini söyləmişdi. Yazar sevgi barədə məişət miflərinin elmlərin məcmusu ilə birlikdə sevginin mahiyyətinin sintezini yaratmasını ortaya qoymuşdu. Y.Ryurikovun sevgi formulası belə idi:
Sevgi – instinkt və hormonlar – əlvan eynəklər (sevən sevdiyini o qədər ideallaşdırır ki, onun yalnız müsbət cəhətlərini görə bilir ki, bunu da psixologiyada «əlvan eynəklər» ifadəsi ilə adlandırırlar) – razılaşa bilmək, ələ ala bilmək incəsənəti (biz bunu daha çox kompliment deməklə yola gətirmək anlamında başa düşürük) – yaxud idarə etməyə məcbur qaldığımız halların zəruri idarəsi.
Sevgi – insanın olduqca mürəkkəb daxili vəziyyəti olduğu üçün sevgi formulası da bütün dərinliklərə enə bilmək gücündə olmalıdır, əlbəttə ki. Və sevgi təlimlərini yaratmağın ən böyük çətinliyi də hər sevginin öz spesifikliyinin olmasıdır. Sevgi nüansları tipik olduqları qədər fərdi də ola bilir. Hər bir spesifikliyi ümumi təlimə gətirmək isə, ümumiləşmə baxımından mümkünsüzdür.
Sevgi təlimlərinin ən işıqlı tərəfi odur ki, onların köməkliyi ilə artıq kimlərçünsə bir xəstəliyə çevrilmiş sevgiyə diaqnoz qoymaq mümkün olur, sevginin quluna, köləsinə çevrilib kor-koranə təslim olmaq əvəzinə onu idarə etmək mümkün olur.
Sevginin növləri var, o çoxşaxəli, çoxməzmunludur. Bəzən o, əzab-əziyyətdir, dərddir, göz yaşıdır, nevroz, hipomaniyadır. Bəzən narkotik kimi asılı edən, tutub saxlayandır, bəzən də təbiəti al-əlvan edən rənglərdir, sevinc, səadət, xoşbəxtlik yağmuru yağdıran buluddur, bizi cəlbetmə məstliyinə aparan gipnotik dalğadır.
«Uğursuz sevgi», anlayışı niyə bəs öncə qeyd etdiyimiz bədbəxtçiliklərə yol açır, «faciəvi sevgi» məzmununu kəsb edir? Niyə səni sonradan tərk edirlərsə, yaxud əvvəlcədən sevginə cavab vermirlərsə, sevgi hisslərin daha da şiddətlənir, alovu səni yandırıb-yaxır, məhv edir?
London psixiatrları təsdiq edirlər ki, daha çox yeniyetməlikdə rast gəlinən «dəli kimi sevmək» halı doğrudan da mövcuddur, yəni ki, «dəli kimi sevmək» adicə söz yığını, zəmini olmayan təsvir deyildir. Psixiatrlar 30 nəfər şiddətlə sevən yeniyetmə üzərində sınaq aparmış, onları testdən keçirmişlər. Məlum olmuşdur ki, onlar doğrudan da xəstədirlər. Sevgi xəstəliyi əhval-ruhiyyənin kəskin dəyişilməsi, yuxunun qısalığı, şəxsi maraqlardan könüllü imtina, sevdiyindən tam asılılıq vəziyyətinə gəlib çıxmanı özündə ehtiva eləyir.
Amerika neyrobioloqları sevənlərin beyninin şəklini çıxararaq londonlu psixiatrların söylədiklərini təsdiq etmişlər. Sevən beynin patoloji fəallığı yalnız sevdiyinin sevgiyə qarşılıq verməsi nəticəsində dayanırmış, beyin normal fəaliyyətə qayıdırmış.
Qeyd etdim, sevginin növləri var: sevgi-ehtiras, sevgi-dostluq, romantik sevgi, platonik sevgi, praqmatik sevgi, rəqabətli sevgi, özünü fədaetmə sevgisi və s. və i.
Adətən sevgi növlərini insanın hormonal balansının xüsusiyyətləri ilə izah edirlər.
(Davamı olacaq)
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
“Dəccal” (3-cü paylanış) – ORXAN FİKRƏTOĞLUNUN KİNONOVELLASI
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“DƏCCAL” kinonovellasının növbəti bölümü təqdim olunur.
Valentina ilə şəkil çəkdirməyini isə nə illah eləyirdi, xatırlaya bilmirdi. Belə bir iş olmamışdı. Olsaydı, yadına düşərdi. Namaz bildir ölmüşdü deyə, ondan daha heç nə soruşa bilməyəcəkdi. Yəni deyirsən, əlli min kişi görmüş qadın ondan uşaq doğub? Səkinənin atdığı o qara daş nə bəd daş imiş. Bütün ömrünü alt-üst etdi. Görəcək günləri hələ qabaqdaymış.
Qafar hövllənib içəri otağa keçdi. Sarışın kiçik qızı Sənubərlə divanda oturub dinməzcə televizora baxırdı. Elə bil bir almaydılar, ikiyə bölmüşdün. Baxışları da, oturuşları da doğmaydı. Boyları, gözlərinin rəngi eyniydi. Sənubər sarışına nəsə deyirdi. O da qızın sözlərinə ürəkdən gülürdü. Molla Qafar nədənsə bu oxşarlıqdan sinirlənib mətbəxə keçdi. Gülər bir küncdə oturub ağlayırdı. Onu görən təki dəsmalının ucuyla gözünün yaşını sildi.
Qafar:
– O, mənim oğlum deyil, – dedi.
Gülər:
– Özümə, sənə həsr etdiyim ömrümə, günlərimə yazığım gəlir. Bilsəydim məni aldadırsan, gedərdim atamın xarabasına. O qədər istəyənim vardı ki... Kül olsun mənim başıma. Nə deyib səndə oturdum?
Qafar danışmağın yersiz olduğunu anlayıb qazandan özünə bir çömçə şorba çəkdi. Mizin arxasında oturub soyumuş şorbanı dinməzcə qaşıqlamağa başladı. Gülər bir az da səssizcə ağlayıb kiridi. Ayağa qalxıb Molla Qafarın qarşısına gəldi. Ağlamaqdan boşalmış, lal gözləriylə onu bir xeyli süzdü. Sonra əlini yuxarı qaldırıb pıçıltıyla:
– Yaxşı, mən heç. Deyək ki, məni aldatdın. Bəs o kişiyə necə cavab verəcəksən? – soruşdu.
Molla Qafar ağzındakı çörək tikəsini güclə udub:
– Elə mən də bayaqdan onu düşünürəm. O olmasaydı, sarışını çoxdan evdən qovmuşdum, – dedi.
Gülər ayağa qalxıb mətbəxdən çıxanda içəri otaqdan sarışının şaqqıltısı eşidildi. Molla Qafar ayağa qalxıb bu şit gülüşün arxasınca otağa keçdi. Sarışın indi də böyük qızı Ayişə ilə söhbətləşirdi. Qızların sarışından açıq-aydın xoşları gəlmişdi. Adətən hərəyə bir mız qoyan qızlar bayaqdan bəri ataları tərəfə heç baxmamışdılar da. Sarışın Molla Qafarı görüb ayağa qalxdı. Cibindən çıxartdığı qızıl qol saatını ona uzadıb:
– Az qala unutmuşdum. Sənə hədiyyə gətirmişəm, ata, – dedi. Molla Qafar saatı sarışından alıb qulağına tutdu. Saatın əqrəbi elə bil ki, başqa saat əqrəblərindən daha tez tərpənirdi. Sarışının gəlişi Molla Qafarı tamam başqa bir zamana kökləmişdi. Ona hədiyyə olunan saat da, yəqin, bu zamanın vaxtı ilə işləyəcəkdi. Molla Qafar ürəyində qorxa-qorxa: “Bu sarışın şeytandan olmaya”, – düşündü. Və düşüncəsinin arxasınca çevrilib diqqətlə bir də sarışının üzünə baxdı. Sarışın çox yaraşıqlı idi. Cazibədardı. Özünü adama sevdirirdi. Qəfil Gülərin səsi eşidilməsəydi, Molla Qafar sarışını başqa tərəflərdən də tanıyacaqdı. Qızlar səsə yüyürdülər. Sonra Sənubər hamamdan geri qayıdıb: “Ana isti sudan yanıb”, – dedi. Molla Qafar çatana qədər sarışın Güləri hamamdan çıxarıb yelpikləyirdi. Gülərin ətli əndamı açıqda qalsa da, sarışından “yaşmaqlanmağı” düşünmürdü. Ağrısını unudub şəhvani ehtirasla sarışına baxırdı. Sarışının özü də Gülərə oğul gözüylə baxmırdı. Molla Qafara bu baxışlar Gülərin yanmağından daha ağır təsir etdi.
– Naməhrəm qadın olan yerdə kişi hərlənməz, – qışqırdı.
Sarışın sadəlövh gözləri ilə Molla Qafara baxıb iç otağa keçdi. Ordan: – Qorxmayın, yanıq elə də qorxulu deyil, – dedi.
Molla Qafar Güləri qucağına alıb ayağa qalxdı. Ərinin səsindən “özünə gəlmiş” Gülər bayaqkı baxışlarından utanırdı. Qafar onu yataq otağına qədər qucağında aparıb çarpayıya uzatdı. Gülərin bədəni həyəcandan əsirdi. Üzündə cavanlıq işartıları əmələ gəlmişdi. Molla Qafar qızları çağırıb otaqdan eşiyə çıxdı.
***
Molla Qafarın müdiri olduğu kənd məktəbi altı otaqlı qədim tikiliydi. Qafar bu qədim mülkü abad etmək üçün suvatsa da, köhnə rəng suvaq altından görünürdü. Bina axırıncı dəfə sovet vaxtı rənglənmişdi. Sovet hökuməti rəngdən bol idi. Xüsusilə də yaşıl rəngdən. Haranı rəngləyir-rəngləsin, o hökumət mütləq ora bir yaşıl çalar əlavə etməliydi. Molla Qafarın özü də yaşıl çalarlıydı. Başına qoyduğu yaşıl fəs onu da məktəbin bir parçası edirdi. Deyirdin, onun da başını haçansa “sovet” rəngləyib. Kişi başına yaşıl fəs qoyub, yaşıl məktəbin qənşərində sovetlərdən qabaq əkilmiş yamyaşıl tut ağacının altında oturub qəfil başına gələn işləri düşünürdü. Səhər yenicə açılmışdı. Xoruzlar hələ kal-kal banlayırdılar. Qara toyuq səsinin nəmini açırdı. Uşaqlar iki-bir, üç-bir əsnəyə-əsnəyə məktəbə gəlirdilər. Görünən nə vardısa, yuxudan oyanırdı, dəyişirdi. Dirilirdi. Özündən oyanmayan təkcə Molla Qafardı. Fikirləri onu olanların əksinə, gecəyə aparıb təzədən yatırırdı. Sarışın onun oğlu deyildi. Ola da bilməzdi. Düzdür, Qafar o zaman Valentina ilə “əlaqədə” olmuşdu. Amma bu, heç nə demək deyildi. Onun qədər Namaz da Valentina ilə yatmışdı. Uşaq onun da ola bilərdi. Bir də Valentina ancaq Qafarla Namazı toruna salmamışdı ki. Onun o qədər Qafarı, Namazı olmuşdu ki. Bəs niyə sarışın onun qapısına gəlib? Ona kim deyib ki, Qafar sənin atandır? Axı Valentina fahişə idi. Əlli min kişi ilə yatmış zinakar idi. Fahişə? Bəlkə sarışın Allah tərəfindən ona göndərilən bir sınaqdır? Bəlkə Allah onu bu sarışın oğlanla sınağa çəkir? İmanını yoxlayır. Görəsən, Qafar fahişənin doğduğu sarışını öz oğlu kimi qəbul etməyə qadirdirmi? Buna onun imanı çatarmı? Axı Allah hamımızı bərabər yaratdı. Tövbə qəbulolunandır. Fahişənin də tövbəsi qəbul olunur. Qafarın buna iradəsi, gücü yetəcəkmi? İnsanların içində gülünc olmaqdan qorxmayacaq ki? Molla Qafar olanları və olacaqları düşündükcə qırx arşın quyunun dibinə düşdüyünü hiss edirdi. Zarafat-zarafat məsələ qəlizləşmişdi. Qayıdıb o sarışını evdən qovmaq o qədər də çətin iş deyildi. Bunu etsə, yenə əvvəlki təki sakitcə yaşayacaqdı. Gülər uzağı bir-iki gün deyinib sakitləşəcəkdi. Amma Qafar nədənsə bunu edə bilmirdi. Nəsə ona mane olurdu. Düşüncəsində şübhələr yaradırdı. Allahın işidir də. Oldu oldu. Bəlkə o sarışın, doğrudan da, öz oğludur? Bəs onda necə olacaq? O zaman nə edəcək?
Molla Qafar o qədər fikirliydi ki, Sarı Həmidin haçan gəlib başının üstündə dayandığını görməmişdi. Ancaq Həmid danışanda diksinib üzünə baxdı. Həmid səhər dumanını qovmağa qadir gur səsiylə:
– Sən onun bir qanını yoxlatdır. Qafar, bəlkə elə doğurdan oğlundur?! – dedi. Sarı Həmid ömründə birinci dəfəydi ki, ağıllı söz deyirdi. Qanın yoxlanılması Qafarı şübhələrdən qurtarardı. Bu, heç onun ağlına gəlməmişdi. Molla Qafar Həmidə bir söz demədi. Ayağa qalxıb dinməzcə evinə tərəf getdi. Söz ağlına batmışdı. Həmin gün məktəbdə dərs keçilmədi. Uşaqlar Sarı Həmidin atasının goruna rəhmət oxudular. Bütün kənd Armavirdən gəlmiş sarışın oğlanın Molla Qafarın oğlu olub-olmaması xəbərini gözlədi. Xəbər bir aydan sonra, Sankt-Peterburqdan gəldi. Sən demə, sarışın, həqiqətən də, Molla Qafarın oğluymuş. Xəbərin üstündən üç saat keçməmiş Gülər sarışın oğlanı köynəyindən keçirdi. Və pal-paltarlarını yığıb dədəsi evinə qayıtdı. Bütün kəndi Gülərin dədəsinə minnətçi salan Molla Qafara o evdən qəti söz dedilər: “Ya Gülər, ya oğlun sarışın. İkisindən birini seç”. Qafar Allahdan da qorxurdu, arvadını da sevirdi. Başını itirmişdi. Qapısına pənah gətirmiş oğlunu Allahdan qorxduğu üçün qova bilmirdi. Başına daha pis işlərin gələcəyindən çəkinib sarışının xətrinə dəymirdi. Valentina nə yuvanın quşu olur-olsun, sarışın oğlu imiş. Bunun özü də bir möcüzəydi. İlahi müdaxiləydi. Yüzlərlə kişinin içindən Valentina Qafardan uşaq doğduğunu, görəsən, necə bilmişdi?
Kənd adamlarına Armavirdə olanları hec cür danışa bilməzdi. Danışsa, onların gözündə bir qəpiklik olardı. Onlar bilsəydilər ki, ölülərini əmanət etdikləri molla fahişədən uşaq əmələ gətirib, bir də onun qapısına gələrdilərmi? Ətövbə, gəlməzdilər. Valentinanın küçə fahişəsi olduğunu əgər Gülər bilsəydi, Qafara daha çox nifrət edərdi. O, yəqin, Valentinanın ədəbli qadın olduğunu düşünür. Bəlkə elə sarışın Allahın sınaq üçün qapısına göndərdiyi Nuh peyğəmbərdir? Qiyafəsini dəyişib? Nə bilmək olar? Qafar hər əmələ görə cavab veriləcəyini bilirdi. Amma Gülərsiz də yaşaya bilmirdi. Güləri də ona Allah göndərmişdi. Ömrünü Molla Qafara qurban vermiş Gülər onun üçün hər şey demək idi. Evlənəndən sonra Gülərdən savayı heç bir qadına kişi gözü ilə baxmamışdı. Qafar üçün bu müvəqqəti dünya evində rahatlıq deyilən nə vardısa, ancaq Gülərin adıyla bağlıydı. Hər şey bir kənara qalsın, corablarının yerini belə onsuz tapa bilməzdi. Bir yandan borc, Allah kəlamı, digər tərəfdən namus və sevgi Qafarı dar məngənəyə salıb boğurdu. O, nə edəcəyini, bu nəyi necə edəcəyini bilmirdi. İlk dəfəydi Qafar sabahını qurmaqda acizdi. Sarışının qəfil gəlişi bütün ömrünü alt-üst eləmişdi. Cavanlığında düşünmədən etdiyi bir səhv bu gün dirilib qapısına qədər gəlmişdi. Bu səhv ondan cavab tələb edirdi. Həyatının dəyişilməsini istəyirdi. O, buna hazır idimi? Dinc ömür nizamının qəfil pozulmasına öyrəşə biləcəkdimi?
Davamı var
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Şair İbrahim İlyaslının sevgi şeirləri üstə gəzişmələr - ƏDƏBİ TƏNQİD
Ramiz Göyüş, yazıçı-publisist. “Ədəbiyyat və incəsənət” üçün
Araşdırmalar və müşahidələr göstərir ki, məhəbbət şeirləri şairlərin ilk şeirlərinin mövzusu olub. Şairlərimizin böyük əksəriyyəti də ilk məhəbbət bəlasına düçar olduqdan sonra şeir yazmağa başlayıblar və onlar uzun müddət ilk məhəbbətin təsiri altında çoxsaylı, silsilə şeirlər yazıblar.
İlk məhəbbətdən yaranmış duyğular getdikcə püxtələşmiş, kamilləşmiş və sonda ilk məhəbbət şeirləri tədricən ictimai məzmun kəsb edən şeirlərlə əvəz olunmuşdur. Müşahidələr də sübut edir ki, dünyaca məşhur şairlərin də ən gözəl şeirləri sevgi və məhəbbətə həsr olunmuş əsərlərdir. Elə bilirəm ki, dediklərimə dahi Nizaminin “Xosrov və Şirin”, Füzulinin “Leyli və Məcnun”, Şeksprin “Romeo və Julyetta”, Puşkinin “Ruslan və Lyudmila” poemalarını, müəllifi və yaranma tarixi bilinməyən “Yusif və Züleyxa”, “Tahir və Zöhrə”, ”Şahsənəm və Qərib”, “Əsli və Kərəm” məhəbbət dastanlarını misal gətirsəm kifayət edər. Deyilənlərdən belə nəticə hasil olur ki, məhəbbət mövzusu poeziyamızın əzəli və əbədi mövzusu olaraq qalacaqdır.
Bir həqiqət də aydındır ki, dünyada nə qədər insan var, o qədər də məhəbbət var və bu məhəbbətlərin heç biri də bir-birinə oxşamır. Bu səbəbdən şairlərin məhəbbət mövzusunda yazdığı şeirlərin məzmunu da, müəllifin ustalığı da, poetik ifadə forması da fərqlidir.
Yaradıcılığını araşdırmaq istədiyim İbrahim İlyaslı fitrətən məhəbbət şairidir. Onun nəinki məhəbbət mövzusunda yazdığı şeirlər, əslində bütün yaradıcılığı tamamilə səmimiyyətdən yoğrulub. Elə ona görə də şeirləri bu qədər oxunaqlı, cəlbedici, yaddaqalandır. Xalq şairi, Ustadımız Nəriman Həsənzadə demiş: ”Onun təfəkkür tərzi aydın olduğu üçün, fikrini sadə şəkildə ifadə edir, istədiyi oxucuda istədiyi poetik ovqatı oyada bilir. İbrahim sözə qənaət edir, o, fikrə geniş yer verməyə çalışan oxunaqlı şairlərimizdəndir:”
Sən gözəl olmaya bilməzsən, xanım!
Sözlərindən çəmən, çöl ətri gəlir.
Bircə yol tel vurub səsini duydum,-
Bir ildi ovcumdan gül ətri gəlir.
Xəyalımda əsmər bənizin durur,
Unutmam - çalına İsrafil Suru...
Bu qara sevdadan, gözümün nuru,
İbrahim qoxuyan kül ətri gəlir.
Təsadüfi deyil ki, İbrahim İlyaslı çağdaş poeziyamızda şeirləri bədii qiraətçilərin diqqətini özünə cəlb edən, radio və televiziya kanallarında, sosial şəbəkələrdə ən çox səslənən və dinlənən barmaqla sayılan şairlərimizdən biridir. Bədii qiraətçilərimizin ustalığına və ifasına zərrə qədər xələl gətirmədən elə burada xüsusulə qeyd etmək istəyirəm ki, İbrahım İlyaslının şeirləri öz səsində, öz ifasında daha möhtəşəmdir. Və mənə elə gəlir ki, şairin öz səsində şeirləri birbaşa öxucunun, dinləyicinin qanına, iliyinə işləyir.
Səmimi desək, İbrahim İlyaslının poeziya yaradıcılığı özünəməxsusluğu ilə fərqlənir və onun şeirlərində bir misra belə boşuna deyilməyib. Sanki bu misraların hər biri göydən bir vəhy şəklində diktə olunur:
Könlümün gizli bir şahzadəsidi,
Ayın sirri, Günün ağ haləsidi.
Bu qoşma bir ahın şəlaləsidi,
İbrahim eləcə mirzədi, deynən.
Elə bu baxımdan bu yazıda mən fikirlərimi İbrahim İlyaslının sevgi şeirləri üzərində kökləmək istəyirəm.
Görkəmli ədəbiyyatşünas-alim, professor Rüstəm Kamal şairlərin sevgi şeirlərindən söhbət salanda demişdir: “Qadın sevgisi kişi yaddaşının varlığını şərtləndirir. Uşaqlıq xatirələrindən, yurd nisgilindən sonra sevgi tarixçələri kişinin xatırlamaq istədiyi, ən şirin xatirələrdir”. Rüstəm müəllimin bu kəlamları fonunda, İbrahim İlyaslının “Sizin də məhləyə yağış yağırmı” sətri ilə başlayan şeirini nəzərdən keçirək:
Sizin də məhləyə yağış yağırmı,
Sular söyləşirmi navalçalarda?
Ala gözlərinə qonan buludun,
Neçə yaşı olur bu son baharda?
Kəndə dönürsənmi xəyallarında,
Yadına düşürmü o payız günü?-
Birlikdə məktəbdən evə dönürdük,
Yeni haqlamışdıq “Sarı Körpü”nü.
“Və qəfil başladı leysan tökməyə, sel ağzına aldı, bərəni, bəndi”. Bu şeiri oxuduqca mənə elə gəldi ki, şair bu şeiri elə həmin anda, o dəm, bədahətən, məktəbdən evə qayıdanda yazıb. Baharda yenicə tumurcuqlamağa başlayan çiçəklər kimi içində çücərmək ictəyən pak, təmiz, şəffaf və zərif duyğuların ifadəsidir bu şeir. Adama elə gəlir ki, müəllif içində bu cücərən müəmmalı, anlaşılmaz duyğuların sevgi adlandığını bəlkə heç özü də hələ dərk də bilmirdi. Şeiri oxuduqca ifadənin səmimiliyi oxucunu heyrətə gətirir:
Başqa yermi vardı daldalanmağa,
Qaçıb akasiyanın altında durduq...
Titrəyib əsirdin həyacanından,
Tutub əllərindən qorxma söylədim.
Qorxulu nağıllar düşdü yadıma,
Sənin qəhrəmanın olmaq istədim.
“Sonrası?.... Nə deyim, sonrası heç nə. Buludlar dağıldı, yağış da kəsdi,
Ancaq ürəyimdə şırım açmağa,
mənə bu xatirə bir ömür bəsdi.”
İndi aradan 40 il keçdikdən sonra o vaxt cücərməyə başlamış, lakin gül açmamış bu sevdanın sızıltısı, göynərtisi yenidən müəllifi özündən alıb düz 40 il bundan əvvələ aparır:
Sizin də məhləyə yağış yağırmı,
Sular sevişirmi navalçalarda?
Qırx ildi həməncə ağacın altda
Səni gözləyirəm, hardasan, harda?
İbrahim İlyaslı öz yaradıcılığı haqqında danışarkən yazır: “Yazdıqlarımda uğurlu nə varsa hamısına görə… çanağını ürəyim bildiyim saza, Yunus Əmrəni, Füzulini, Nəsimini, Seyyid Mir Həmzə Nigarini, müqəddəs ziyarətgahım Hacı Mahmud Əfəndini mənə anladan Nəqşibəndi müridlərinə... və bir də əzəlim-sonum İncə Dərəsinə borcluyam”. Düşünürəm ki, İbrahim İlyaslı yaradıcılığının araşdırıcıları onun əsərlərini gələcəkdə məhz bu kontekstdə öyrənməli və araşdırmalı olacaqlar.
Bu mənada, filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzər - ”İbrahim İlyaslı bütün yaradıcılığı ilə Mövlanə, Yunis Əmrə mürididir”. - deyəndə tamamilə haqlı imiş.
Mənim qənaətimcə sevg- məhəbbət şeirlərinə münasibətdə İbrahim İlyaslı həm də Füzuli mürididir. Füzulidə olduğu kimi İbrahim İlyaslı da ilahi bir Eşqə mübtəla olub və şeirlərin qəhrəmanı da Füzuli kimi müəllifin özüdür.
Əgər Füzuli “Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi sadiq mənəm Məcnunun ancaq adı var”, və ya “Nə pərvanə doyar bir şöləyə, nə şəm bir aha, Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq.” deməklə, indi 500 il keçdikdən sonra bütün ədəbi aləm Məcnun obrazının məhz Füzulinin özü olduğunu etiraf etməyə məcbur edirsə, o zaman Füzuli dühası qarşısında bir daha baş əyməli olursan. Və həqiqətən ona bənzər bir aşiqin olmadığını qəbul etməkdən başqa bir imkan qalmır. Məhz İbrahim İlyaslı da öz mürşidinin yolu ilə gedərək yaratdığı məhəbbət dastanlarında (Onun sevgi məhəbbət haqqında yazdığı şeirlərin hər biri bir dastan yükü daşıyır) baş qəhrəman olaraq özünün obrazını yaradıb.
Mən eşq əsiriyəm, gül sevdalısı,
Bircə bülbüllərə həsədim qalır.
Mən eşqə düşəndə canla düşürəm,
Çıxanda quruca cəsədim qalır.
Diqqət yetirsək görərik ki, İbrahim İlyaslı bir qayda olaraq sevgi şeirlərinə müxtəlif müəlliflərdən epiqraflar seçir. Seçilmiş epiqrafların xeyli hissəsi Füzuli qəzəllərindən götürülmüşdür və bu da təsadüfi deyil. Əslində seçilmiş bu epiqraflar şairin-aşiqin, Füzuli dühasına, onun şəxsiyyətinə, yaradıcılığına böyük sevgisindən, məhəbbətindən irəli gəlir. Ancaq təkcə bu da deyil. Füzulinin qəzəllərindən seçilən, bir növ həm də Füzuli şeirinin ruhundan, məzmunundan, ahəngindən vəcdə gələrək onun qəzəlləri ruhunda öz qoşmalarını yaratdığına dəlalət edir. Gəlin şairin “Məni ömrüm boyu çək imtahana” sətri ilə başlayan şeirinə diqqət yetirək. Şeirə Böyük Füzulinin “Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni, Bir dəm bəlayi-eşqdən etmə cüda məni” bəndi epiqraf seçilmişdir.
Böyük Füzuli burda epiqraf gətirilən şeirini qəzəl janrında, İbrahi İlyaslı İsə qoşma janrında yazıb. Hər iki əsərdə aşiq sevgilisinin vüsalına yetmək üçün hər cür cəfa çəkməyə hazırdır.
Ya Rəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cuda məni.
Az eyləmə inayətini əhli-dərddən.
Yəni ki, çox bəlalarə qıl mübtəla məni!
İbrahimi İlyaslının böyük məhəbbət şairi Füzuliyə müraciət etməsi təkcə ona olan böyük sevgidən irəli gəlmir, həm də sevgi və məhəbbətin əbədiliyindən irəli gəlir, hisslərin, duyğuların təkrar olunduğunu sübut edir.
Məni ömrün boyu çək imtahana,
Mənə ömrün boyu zülm elə noolar.
Görüm nə çəkibdir dəli-divana,
Görüm eşq əhlinə zülm ilə noolar.
Şeirin ikinci bəndində İbrahım İlyaslı sanki yenidən Füzulinin “Məni candan üsandırdın, Cəfadan yar usanmazmı” məşhur beytinə müraciətən şeirin növbəti bəndini davam etdirir:
Təsəlli umduqca kəs umudumu,
Görüm necə olur candan usanmaq.
Tutuşub odlara, deyim-budumu
Füzulidə yanmaq, Vaqifi qanmaq!
Şeir davam etdkcə oxucunu ovsunlayır, sehrinə salır. Sanki müəllifin aləmində, vəcd məqamındasan:
Yaşıl ağac olam, qara daş olam,
Yolların üstündə bitməyə qoyma,
Sərgərdan ruh olam, kəsik baş olam
Qoyma vüsalına yetməyə, qoyma.
Göründüyü kimi Füzulinin 500 il bundan əvvəl yazdığı qəzəllə, İbrahim İlyaslının indi yazdığı qoşma məna etibarı ilə eyni səsələnsə də, həm forma, həm də məzmunca fərqlənir.
Şairin, ”Şair olmaq zülümdür” kitabında “Bir havanın dörd qoşması“ başlığı ilə təqdim olunmuş “Ömrüm” adl qoşmaya müəllif Füzulinin “Nalədəndir ney kimi avazeyi- eşqim bülənd. Nalə tərkin qılmazam, neytək kəsilsəm bənd-bənd” misralarını epiqraf götürüb.
Böyük Üzeyir Bəyin “Arşın mal alan” operettasında və filmində Füzuli və Üzeyir Bəy dühalarının birgə məhsulu kimi təqdim olunan Əsgərin ariyasının sözləri də, musiqisi də, ifa da doğurdan da möhtəşəmdir. Mən indi deyə bilmərəm ki, Füzuli qəzəli filmdəmi İbrahim İlyaslının diqqətini cəlb edib, yoxsa tamaşadamı? Hər halda Əsgərin ariyasını dinlədikcə dərhal xəylından ilk sevgi oxu daşa dəymiş, sevgilisinin vüsalına çatmaq üçün hər əzab, əziyyətə qatlaşmağa hazır olan aşiqin kədərli anları göz önündən keçir.
Şair İbrahim İlyaslı isə təkcə Füzulinin deyil, həm Əsgərin, həm də müəllifin özünüün sevgi iztirablarını qeyri adi ifa tərzi ilə poetik ustalıqla ifadə edə bilib. Və güman edirəm ki, son dövrlərdə ədəbiyyatımızda və poeziyamızda bu səpkili bir əsər yaranmamışdır. İbrahim İlyaslının bu şeirini bəlkə də Füzuli qəzəlinə bir nəzirə adlandırmaq olardı. Lakin hər iki şeirin mətni mahiyyət etibarı ilə eyni olsa da, həm də bir-birindən ciddi sürətdə fərqlənir. Etiraf etmək lazımdır ki, İbrahim İlyaslının “Ömrüm” şeirində sevgisinə qovuşmaq üçün hər əzaba hazır olan aşiqin iztirabları daha çanlı və daha inandırıcı, həm də daha qabarıq formada təqdim edilir. Müəllif həmin qoşmanı dörd hissəyə bölmüşdür və onu “Bir havanın dörd qoşması” adlandırmışdır. “Hava” deməklə düşünürəm ki, müəllif həm də Üzeyir Bəyin operettasındakı ariyadakı kimi şeiri hansısa musiqinin, havanın sehri altında yazıb. Mənim qənaətimcə, şair həm də bu qoşmalarla xəyalən bir sevgi- məhəbbət dastanın süjetini, ssenarisini qurmuşdur. Hissələr bir-birindən fərqli olmaqla bərabər, həm də biri-birini tamamlayır:
Dünən bir tənəli söz dedin mənə,
Nə şirin səsləndi, yenə de, ömrüm!
Nə xoşuymuş sənin acını çəkmək,
Ən acı sözünü mənə de, ömrüm.
Ərkini görk elə - nə sədd, nə sərhəd,
Unut nə olandı insaf, mərhəmət.
Mahnıda deyir e... kəs doğra bənd-bənd,
Canım ney deyil də, bə nədi, ömrüm?
Göründüyü kimi aşiq sevgilisinin vüsalına yetmək üçün hər acını çəkməyə hazır olduğunu bildirməklə, insaf və mərhəmətin nə olduğunu sevgilisinə unutdurmaqla bir ney kim bənd-bənd doğranmağa hazır olduğunu bəyan edir. Və budur, bütün bu iztirabların sonu, aşiq vüsal dəmindədir:
Sön dedin göylərin çırağı söndü,
İtirdim qibləmi bu hansı yöndü?
Ağzımdan çıxınca bülbülə döndü,-
Hanı bərabəri bu ahın, ömrüm?!
Olmazlar vardı ha... nəhayət oldu,
Eşqin sirr üzünə səyahət oldu!
Yanında gündüzlər xəcalət oldu,
Gecəsinə şükür Allahın, ömrüm.
Qoşmanın 3-cü hissəsi vüsal dəminin şirinliyinin vəcd məqamında təsvir olunur.
Gözündən irağa qoyma, təngidim,_
Mənə hava göndər bir udum, ömrüm.
Sinədən sıyrılmış ürək kimidir,-
Gör necə çırpınır vücudum, ömrüm.
Gəl ya dəli elə, ya qandır məni,
Ya gizlət ovcunda, ya yandır məni.
Hər gün bir yalana inandır məni,-
Səndən üzülməsin umudum ömrüm.
Və qoşmanın sonuncu hissəsi. Aşiq sevgilisinin vüsalına yetdikdən sonra bəlkə də demək olardı ki, o artıq arzusuna catıb. Lakin sən demə bu hələ başlanğıcdır. Sevgilisinin vüsalına çatmaq, eşqin sirr üzünə səyahət etmək, təsəvvüründə canlandırdığı “olmazların” olması hələ hər şey deyilmiş. Aşiqin od kimi yaşamaq əhdi, sevgilisinin şəhla gözlərində alışıb yanmaq arzusu var imiş. Yenə də Böyük Füzulinin “Leyli və Məcnun” poemasının qəhrəmanı obrazında təsəvvür edir özünü:
Divanə olanın məskənı çöldü,
Bir barmaq alovdu, bir ovuc küldü.
Mənim tək qulların yeri könüldü,
Gözündən könlünə sat məni, ömrüm.
Və nəhayət şeirin finalı. Aşiq fiziki aləmdən ayrılıb xəyalən əbədi olaraq sevgisinə qovuşmağa can atır. Bu artıq böyük eşqdir. Müəllif süfiyana bir tərzdə cezv məqamındadır.
Oydur gözlərimi - gözü tox olum,
Bir az artır məni - bir az çox olum.
Səndə var olmuşam, səndə yox olum,
Əridib özünə qat məni, omrüm.
Mən həm də düşünürəm ki, İbrahim İlyaslı 4 fərqli, eyni zamanda bir-biri ilə üzvü surətdə bağlı “Ömrüm” qoşmasını yaratmaqla çağdaş şeirimizdə sentimental poeziyanın təkrarsız nümunəsini yaratmışdır.
Klassik Azərbaycan poeziyasında sentimental poeziyaların ən parlaq nümunələrini “Leyli və Məcnun” poemasında Məhəmməd Fizuli yaratmışdır. Sonrakı dönəmlərdə istər klassik, istərsə də çağdaş poeziyamızın bir çox nümayəndələrinin yaradıcılığında sentimental mövzulu və ruhlu nümunələr kifayət qədərdir. Əslində sentimental hisslərin özü böyük eşqdən, sevgi və məhəbbətdən qaynaqlanır. Hələ məşuqunun vüsalına yetməmiş aşiq, həmin vüsalı xəyallarında qurur. Sevgilisinin vüsalına yetmək üçün hər çür əzab-əziyyətə qatlaşmağa, cəfalar çəkməyə, hətta ölümə belə getməyə hazırdır. Lakin burda ölüm yoxdur, qovuşma var. Ruhən qovuşma. Şair “Səndə var olmuşam səndə yox olum, əridib özünə qat nəni ömrüm” deməklə, artıq sevgilisinin vüsalına qovuşmuş olur. Düşünürəm ki, İbrahim İlyaslın yaratdığı “Ömrüm”qoşması ilə mürşidi Füzulinin yolu ilə gedərək parlaq sentimental poeziya nümunəsi yaratmışdır.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
.