Super User
Dünən Ustad Qabil anıldı
Dünən Xalq şairi, Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qabilin anım günü idi. “Ədəbiyyat və incəsənət” ustad şairi ananlar sırasında şair Əkbər Qoşalının da yer aldığını müşayiət etdi.
Bu da Əkbər Qoşalının QABİLdən paylaşdığı şeir.
Ustad QABİLin anım günü
Ruhuna sayğılar!
*
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa,
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
“Məni kitab çıxarmağa həvəsləndirən ad yox, hadisə oldu” - Gamze Aktürk
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibimiz Gamze Aktürk xanımdır.
-Xoş gördük, Gamze Aktürk xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.
-Salam. 1988-ci ildə Ankarada anadan olmuşam. Ailəliyəm və iki uşaq anasıyam. 10 illik bank həyatından sonra son dörd ildə ictimai təşkilatda xidmət edirəm.
-Ədəbiyyata marağınız nə zaman başladı və əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-Uşaqlıqdan evimizin hər yerində kitabların, ensiklopediyaların olması məni oxumağa həvəsləndirdi. Biz indiki Google xidmətini ensiklopediyalarla qarşılayırdıq. Axtardığım məlumatı tapana qədər çoxlu maraqlı məzmunlarla rastlaşardım. Bundan əlavə, hər gün evimizə müntəzəm olaraq üç-dörd qəzet gəlirdi. Qəzetlərin cizgi filmi və puzzle bölmələri məni xüsusilə həyəcanlandırırdı.
İbtidai məktəb illərində anamın işlədiyi müəssisədə Tubitak kitablarının çap olunduğu bölmə var idi ki, bu da məlumatlarla dolu parlaq kağız rəngli illüstrasiyalı kitablara marağımı xeyli artırdı. Uşaq kitabları ilə bu yola başlamağımın ən böyük amilidir deyə bilərəm.
-Hər hansı bir yazı rutininiz varmı?
-Söz uçur, yazı qalır, deyirlər. Ona görə də həmişə yanımda bir günlük gəzdirir, onunla səyahət edirəm. Ağlıma gələn maraqlı fikirləri, sözləri dərhal yazıram. Və iki sətir də olsa, hər gün müntəzəm yazmağa cəhd edirəm.
-Uşaq kitabları yazmağa necə qərar verdiniz?
-Yazmağı öyrəndiyim gündən yazıram deyə bilərəm. İnşalar, şeirlər, məktublar, hekayələr... Məktəb illərində də yazı üzrə birinciliyim çox olub. Yazdıqlarımın bəyənilməsi və ya yazıya qoyduğum hisslərin qarşı tərəfə ötürülməsi yazmaq istəyimin hər zaman canlı qalmasını təmin etdi. İlham aldığım çoxlu müəlliflər olsa da, məni kitab çıxarmağa həvəsləndirən ad yox, hadisə oldu. "Zəlzələ". Bu yaxınlarda yaşadığımız zəlzələ mənə çox təsir etdi. Zəlzələ zonasında olan uşaqlara qorxularına şans vermələrini söyləmək və gələcəyə yenidən inamla baxmalarına kömək etmək üçün kitab nəşr etdirdim.
-Bildiyimiz qədər zəlzələ baş verən bölgələrdə bir sıra layihələriniz vardır (Allah şəhidlərimizə rəhmət eləsin Amin). Bu haqda bilmək istərdik, əgər mümkünsə.
-Çox sağ olun. Biz həqiqətən də bir ölkə olaraq hamımızı dərindən sarsıdan ağrılı bir hadisə yaşadıq.
Son üç ildir ki, Instagram-da @deneyen_cocuk adlı şəxsi səhifəmi idarə edirəm. Böyük bir tələb olduğundan “Deneyen Çocuk İle Evde Yapılabilecek Basit Deneyler” adlı elektron kitabı nəşr etdirdim. PDFlər gözlənildiyindən daha çox diqqət çəkdi və əldə edilən gəlir bir çox layihələrdə, xüsusən də Sma olan körpələrdə istifadə edildi. Zəlzələ zamanı bu PDF-ləri fəaliyyət göstərmələri üçün rayona ianə verənlərə, rayondakı könüllülərə, müəllimlərə pulsuz çatdırmağa başladım. Öz yolumda daha çox nə edə biləcəyimi düşünərkən kitab nəşr etməyi düşündüm.
Yaşadığımız bu ağrılı hadisə “Rozi - Korkularına Şans Ver” kitabının yaranmasına səbəb oldu deyə bilərəm Son 4 ayda başladığım “Zəlzələ Bölgəsindəki Məktəblər üçün Kitab Layihəsi” çərçivəsində yanvar ayında nəşr olunan kitabımı pdf gəlirləri ilə maliyyələşdirib ehtiyacı olan məktəblərə çatdırıram. Daha sonra imkanı olan məktəblərlə onlayn könüllü görüşlər keçiririk. Mənə əli çatan dəyərli müəllimlərimiz sayəsində konteynerlərdə yaşayan balacalarımla görüşmək imkanım oldu. Birlikdə interaktiv kitab oxuyur və fəaliyyət göstəririk. Bu çərçivədə Kahramanmaraş, Adıyaman, Malatya, Hatay və Şanlıurfa kimi vilayətlərdə 9 məktəb bitirdim.
Travmalar qorxuya, qorxular isə həyata inamsızlığa səbəb olur. “Rozi – Korkularına Şans Ver” kitabı ilə məqsədim gələcəyimiz olan bütün uşaqlara, xüsusilə zəlzələ bölgəsində olan uşaqlara qorxularının öhdəsindən gəlməyi öyrətməkdir.
-Azərbaycanda da çoxlu oxuyucularınız vardır. Azərbaycanlı oxucularla hər hansı bir görüş planınız varmı? Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Azərbaycan canımızdır, qanımızdır, ürək bağımız olan və heç vaxt öz vətənimizdən ayrı görmədiyimiz qardaş ölkəmizdir. Səhifəmdə çoxlu azərbaycanlı izləyicim də var. Bir gün Azərbaycanda tədbirlər, görüşlər keçirməyi səmimi qəlbdən arzulayıram. Bəlkə də sizin sayənizdə yaxın gələcəkdə bu arzularımı həyata keçirmək imkanım olacaq.
Azərbaycan ədəbiyyatını da izləyirəm. Bu yaxınlarda Reyhan Hüseynovanın “Dostum mimi” kitabına nəzər saldım. Alim Lütfi Zadəyə ithaf edilməsi, süni intellektin qeyd olunması diqqətimi çəkən məsələlərdir.
– Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Yazmaq ehtirasdır. Bir Addım atmaq həqiqətən böyük cəsarət tələb edir. Bir addım atmağın ən böyük maneəsi bəyənilməmək düşüncəsidir. İçlərində yanan qığılcımı boğmaqdansa, közləri oda çevirməyi məsləhət görürəm. Yazmaqdan qorxmamalıdırlar. Hisslərini ifadə etməkdən, sözlərlə oynamaqdan, təxəyyüllərində səyahətə çıxmaqdan qorxmamalıdırlar. Çünki insan ağlını qələmi ilə birləşdirəndə həqiqətən də sonsuz bir səyahətə çıxır və bəzən hansı dayanacağa çatacağını yazıçı belə bilmir. Hər kəsin bu həyəcanı yaşamasını arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
London Milli Qalereyasından Rusiya əleyhinə, Ukrayna xeyrinə jest –ÖTƏN İL BU GÜN
London Milli Qalereyasının toplantısında maraqlı bir qərar verilib. Fransız impressionisti Edqar Deqanın (1834-1917) "Rus rəqqasələri" adlanan məşhur rəsm əsərini Ukraynaya Rusiya Federasiyasının silahlı müdaxiləsi ilə əlaqədar olaraq "Ukraynalı rəqqasələr" adlandırıblar. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı The Guardian nəşrinə istinadən məlumat verir.
"Bu əsərin adı uzun illər diskussiya mövzusu olub, məsələ elmi ədəbiyyatda da qaldırılıb. Slavyan rəqqasələrinin rus, belarus, yaxud ukraynalı adlandırılması qərarı rusların dominant mövqeyi nəticəsində öz həllini tapıb. Amma indi başqa zamanlar gəlib. Buna görə də qərara gəldik ki, “rus” adını dəyişdirməyə münasib an yetişib, bizcə, yeni ad əsərin mahiyyətini daha yaxşı əks etdirəcək", - deyə The Quardian nəşrinə Milli Qalereyanın əməkdaşı bildirib.
Məlumat verilir ki, kətanın adının dəyişdirilməsi təklifi ilə əvvəllər qalereyanın əməkdaşlarından biri və Londonda Ukrayna diasporunun nümayəndələri çıxış etmişdilər.
Pastel texnikasında yerinə yetirilən "Rus rəqqasələri" əsərini Deqa 1899-cu ildə çəkmişdir. Hesab edilir ki, rəssam Rusiya imperiyasından Parisə - qastrola gəlmiş rəqs truppasının müdhiş çıxışından ilham alıbmış. Rəssamın çəkdiyi qızlar parlaq milli kostyumlardadır, onların başlarında lentli çələnglər var.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin, guya, Donbass respublikası rəhbərlərinin yardım haqqında xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi, əslində isə Ukraynanı işğal edib hakim rejimi dəyişmək məqsədi ilə müharibəyə başlaması get-gedə Rusiyanın beynəlxalq miqyasda iflic vəziyyətinə salmaqdadır. Həm siyasi-iqtisadi, həm mədəni, həm idman, həm də digər sahələrdə.
Bu gün “Rus rəqqasələri”nin adı dönüb “Ukraynalı rəqqasələr” oldu. Kim bilir, sabah “rus” sözü daha haralardan çıxarılacaq.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
Beynəlxalq Uşaq Kitabı gününə LitResin 10 ən populyar uşaq kitabı reytinqi və yaxud, Ekzüperini və Mark Tveni üstələyən Abqaryan
Növbəti dəfə Beynəlxalq Uşaq Kitabı günü qeyd edildi. Həmin gün bütün dünyada balaca oxucular, onlara yönəli kitablar aktual oldu, kitab təqdimatları, uşaq yazarları ilə görüşlər, müsabiqə və festivallar geniş vüsət aldı. O cümlədən, ölkəmizdə də 2-ci Uşaq Kitabları Festivalı keçirilməsi gündəmdədir. Beynəlxalq Uşaq Kitabı günündə diqqət çəkən bir cəhət də müxtəlif səviyyədə uşaq kitabları reytinqlərinin təqdim edilməsidir.
“Ədəbiyyat və incəsənət” portalının diqqətini Postsovet məkanının ən böyük kitab satışı platforması olan LitRes-də hazırlanmış və Postsovet məkanının ən böyük informasiya agentliyi olan TASS tərəfindən yayılmış “10 ən populyar uşaq kitabı” reytinqi cəlb edib.
Bəli, sirr deyil ki, indi işğalçı müharibəyə imza atan Rusiyanın beynəlxalq imici xeyli sarsılıb, ayrı-ayrı məqamlarda ruslar onsuz da dünyaya çıxış imkanlarının məhdudiyyəti şəraitində saman çöpündən yapışıbmış kimi hansısa kart-blanş saydıqları xırdalıqlara əl atırlar. Məhz elə bu sarıdan düşündük ki, bu reytinqdə ruslar ədalətli, sülhsevər əsərlərə üstünlük verərək, guya öz şər rollarını danmış olacaqlar, yaxud da, ümumiyyətlə, əsl obyektiv mövqe tutacaq, oxucularını düşünüb həqiqətən də dünya uşaq ədəbiyyatı şedevrlərinin adlarını sadalayacaqlar.
Beləliklə böyük nağılçı Hans Xristian Andersonun doğum günü münasibəti ilə elan edilmiş Beynəlxalq Uşaq Kitabı günündən bir gün sonra LitRes kompaniyalar qrupunun şef-redaktoru Yekaterina Pisaryevanın başçılığı altında hazırlanmış Top-10-a nəzər salaq.
1.
Məşhur İsveç uşaq yazarı, “Balaca və damda yaşayan Karlsson” kimi kult əsərin müəllifi Astrid Lindqrenin “Mio, mənim Miom!” əsərinin reytinqə başçılıq etməsi təbiidir, dedikcə müdrikcəsinə yazılan və xeyir qüvvələrin tərənnümünə həsr edilmiş populyar əsərin liderliyi şübhə doğurmaya bilər. Ögey valideyinləri ilə bomboz Stokholmda yaşayan balaca Bosse bir gün içərisində Cin olan butılka tapır, Cin onu uzaq Arzular ölkəsinə aparır. Orada Bosse doğma atası ilə - Kralla tanış olur. Məlum olur ki, Bossenin əsl adı Miodur, o, sehirli krallığın şahzadəsidir. Məhz Mio əhalini qorxu işində saxlayan, uşaqları oğurlayan qaniçən, əzazil Kato adlı cəngavərdən qisas almalıdır...
Bu nağılı Lindqren 1954-cü ildə yazıb, tədqiqatçıların fikrincə, cəngavər Kato obrazı Adolf Hitlerin prototipidir.
Yeri gəlmişkən, indiki dövrümüzdə Coan Roulinq məhz bu əsərin təsiri ilə “Harri Potter” əsərini yazıb. Harri Potter Mionun yeni şəkildəyişməsidir.
2.
Nikolay Kunun “Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabı sırada ikinci dayanır. 1914-cü ildə yazılan və məktəblərdə tədris olunan bu əsər məşhur antik qəhrəmanlar barədəki bütün əfsanələri və mifləri bir yerə topladığı üçün çox oxunaqlıdır, uşaqların oxumasına dəyər. Üstəlik, kitabda “Odisseya” və “İlliada”dan fraqmentlər, arqonavtların macəraları da yer alıb.
3.
Çarlz Dikkens, “Oliver Tvistin macəraları”. Söz ola bilməz, uşaqlığımızda ən çox oxuduğumuz əsərlərdən biri, bəlkə də birincisi. Doğuş zamanı anasını itirən, yetimçiliklə böyüyən, yeniyetmə ikən kimsəsiz uşaqların quldur dəstəsinə düşən Oliver özü də istəmədən quldurluqla məşğul olur. Zaman keçir və məlum olur ki, o, kimsəsiz və səfil uşaq deyil, böyük bir sərvətin varisidir. Düzlük və təmizlik imtahanlarından çıxan, əksər halda nümunəvi davranış sərgiləyən Oliveri sonda həyatın təltif etməsi əlbəttə ki, Xeyirin Şər üzərində qələbəsini ehtiva edir.
4.
Qriqoriy Osterin “Ziyanverici məsləhətlər”i. Özünü necə aparmaq barədə möcüzəli kitab. Məşhur yazıçı nadinc, sözə baxmayan uşaqların ümumiləşdirilmiş obrazını yaradır, onların əsas xüsusiyyəti hər şeyi əksinə eləməkdir. Ona görə də əsərdə poetik nümumələr yumor janrında elə gözəl verilir ki, uşaqlar oxuyub bəhrələnirlər, nadinclər isə utanıb düzəlməyə çalışırlar.
5.
Ulf Stark, “Sevgi barədə kişik povest”. Fred adlı bir oğlan Elza adlı qıza – sinif yoldaşına vurulur. Amma cəsarəti çatmır qıza yaxınlaşmağa. Belədə, Fred atasının obrazı ilə danışmağa, ondan məsləhət istəməyə başlayır. Bu o dövrdür ki, İkinci dünya müharibəsi dünyanı öz ağuşuna alıb. Təzada bir baxın: Fredin atası cəbhədə qorxu bilmədən döyüşür, qəhrəmanlıq göstərir, Fred özü isə bir qıza ürəyini açmağa qorxur. Atasının obrazı ilə söhbətləşməsi Fredi dəyişir, onda özünəgüvən yaradır. Həqiqətən də, uşaqlar müəyyən müddətə kimi mütləq valideyinlərinin dəstəyi ilə yaşamalıdırlar.
6.
Mariya Parr, “Vaflidən ürək”. Müasir Norveç yazıçısı bu əsərini çox gənc ikən, cəmi 24 yaşında yazıb. Kitab onlarca xarici dilə çevrilib, onu hər yerdə oxuyur və bəyənirlər. Bu əsər 9 yaşlı Trillenin və rəfiqəsi Lennin hər dəfə çətin vəziyyətlərə düşmələrindən və bu vəziyyətlərdən bacarıqla çıxmalarından bəhs edir.
9.
Biz bütün onluğu təftiş etməyəcəyik. 9-cu pilləyə keçirik. Təbii ki, bir rus nəşrinin təşkil etdiyi reytinqə rus yazıçısının salınması da təəccüblü deyil, bunu qüsur da saymaq olmaz. Aleksandr Volkovun “Zümrüd şəhərin sehirkarı” nağılı həqiqətən də zamanında çox sevilib və oxunub. Elli Smit, onun dostu, Totoşka adlı danışan it, Qorxaq Şir, Dəmir Drovosek və Straşila – obrazlar çox canlı və maraqlıdırlar, uşaqlar 1939-cu ildə yazılan, 1959 və 1973-cü illərdə təkrar çap edilən bu nağıldan faydalı çox şey götürə bilirlər.
Bəs davamız nə ilədir?
10.
Onluğun onuncu pilləsini Narine Abqaryanın “Mnayunya” kitabı zəbt edib. Təsəvvür edin ki, LitRes keçən il də uşaq kitablarının reytinqinə bu üzdəniraq müəllifi və onun əsərini salmışdı. Bir dəfə təsadüf ola bilər, ancaq ikinci dəfəki artıq zərurətdir.
Ən qatı ədədbiyyatçılardan sual etsək ki, belə müəllif eşitmisinizmi, bir ağızdan “yox” deyəcəklər əlbəttə. Bəs onda bu erməni qadın yazar hardan zühur edib ki, belə bir nüfuzlu reytinqdə yer tutub?
Siz LitResin təqdimatına bir baxın: “Narine Abqaryan onun ürəyinə əziz olan Ermənistan barədə, insan xeyirxahlığı barədə, hər şeyin daha yaxşı olacağına inam barədə yazır. Onun qəhrəmanı Manyunya və Nra dünyanı tanımaq istəyən iki rəfiqədirlər. Onlar həyatı daha maraqlı edən nadinclikləri də bilirlər, həyatı daha mükəmməl edən aqillikləri də...”
Bu isə Yekaterina Pisarevanın yazının əvvəlindəki təqdimat yazısından fraqment: “Məşhur klassik kitablarla, dünyaşöhrətli yazarların adları ilə yanaşı onluqda müasirlərimiz, hazırkı bestsellerlərin müəllifləri də yer alıb. Onlardan birini mütləq qeyd edək, Narine Abqaryanın olduqca maraqlı və cəlbedici “Mnayunya” kitabını...”
Həqiqətən də söz tapa bilmirik.
Onu da deyək ki, Abqaryanın onluqda açıq-aşkar yamaq olması sezildiyi kimi, onun kimin yerini zəbt etməsi də açıq-aşkar sezilir. Bu reytinqin səkkiz təmsilçisi azacıq fərqlərlə başqa – digər nəşrlərin reytinqlərində də yer alıb. Aleksandr Volkovun “Zümrüd şəhərin sehirkarı” və Narine Abqaryanın “Mnayunya”sı olsun ki, Mark Tvenin dünyaca məşhur “Tom Soyyerin macəraları” əsərinin, eləcə də digər dünya şedevrinin – Antuan de Sent Ekzüperinin “Balaca şahzadə”sinin yerini zəbt ediblər. Görkəmli Amerika yazıçısını reytinqə salmayan ruslar hazırda onlara qarşı koalisiyanın başında dayanan bir ölkədən acıq çıxırmışlar kimi öz acizliklərini göstərirlər. Dahi fransız yazarını da ruslar saya almırlar, faktdır. Amma dahilərin yerinə rus yazarı salmaqları anlaşılandır, erməninin salınması isə tam absurddur.
LitRes kifayət qədər ciddi nəşr olduğundan, inanmırıq ki, Pisareva Abqaryanı, tutalım, öz rəfiqəsi olduğu üçün taxt-taca qaldırsın. Bu saytda həmişə ümumədəbiyyat mövqeyi şəxsi mövqedən üstün olub. Demək, orta səviyyədən də aşağı olan bir erməni “axçı”sindən dünyaşöhrətli bestseller qəhrəmanı düzəltmək çabası hazırkı rus art-siyasəti üçün prioritet imiş. Tarix boyu öz şovinist maraqlarını erməni kimi dırnaqarası müttəfiqləri hesabına reallaşdıran ruslar, görünür, hələ də öz şakərlərindən əl çəkməyiblər, köhnə vərdişlərini yadırğamayıblar. Amma bir şeyin fərqində deyillər ki, bu həna o hənadan deyil. Ruslar hazırda elə dalana dirəniblər ki, o dalandan onları gənc Narine Abqaryan o yana, heç xortdayıb gəlmiş erməni klassiki Xaçatur Abovyan da dartıb çıxarmaq gücündə deyil.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
“Duymazsan qədrini, gecikər ömür...” - Güneyli şair Yalçın Türkayın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri Yalçın Türkayın şeirləri ilə tanış edir.
Yalçın Türkay1981-ci ildə Təbriz şəhərində doğulmuşdur. 2002-ci ildən ədəbiyyata marağını göstərib şeirlər yazmağa başlamışdır. “Sancı” dərgisinin yazıçılar heyyətində çalışmışdır. Onun “Qızı mücahidlər” və “Popcorn yeyən ənqa quşları” adında şeirlər kitabı çap olunmuşdur.
Onun şeirləri antologiya kitablarında və müxtəlif dərgilərdə çapa buraxılmışdır. O, Əli Səmid Kür, MirƏli Seyidov, Nəbi Xəzri, Əli Kərim, Paşa Qəlbinur, F. M. Dostoyevski, Cabir Novruz, Xəlil Rza Ulutürkün kitablarını Güney Azərbaycanda çapa yetirmişdir.
ÖLÜMƏ DAYİR BİLDİRİŞ
Hadisədən neçə mənzil uzaqda
Əlləri ciblərində,
Yüyürürdü usu pərişan!!
Bir təkcə getdiyi yolu duyurdu -
Bir də yalnızlığını...
Gərgin idi – didərgin idi
Yol uzunu birbaşa durmadan yüyürürdü -
Yüyürürdü - dururdu;
Dururdu və göy üzünə baxıb gülürdü!!
Hadisə baş vermədən,
Baş alıb yola çıxdı...
O yola çıxdığında ölüm evinə girdi!
O yola çıxdığında ölüm evini yıxdı!
Hadisədən neçə mənzil uzaqda
Əlləri ciblərində
Yüyürürdü usu pərişan...
Yüyürürdü özündən,
Yüyürürdü ölümdən,
Ölümdən yüyürürdü
Ölümə doğru...
ANATOMİK DÜNYA GÖRÜŞÜ
Biraz göylərdən danış!
Biraz da,
Məhəbbətin muzikal dünyasından!
Başqa şeydən danışma -
Qulağının içində yeriyirik göylərin...
Azacıq göy üzündə
Uçan quşları düşün...
Bir də ki, ağacların fəlsəfi düşünməsin!
Ayaqların üstündə gəzən adamlara bax!
Nifrətdən –
Dərddən iraq,
Gözlərinin içində yeriyirik göylərin...
DÜŞÜNMƏK AĞRIMIZ BİZİM...
Sezmək zorunda
Olmamağımız üzrə,
Düşünməyin -
“Baş ağrı”-sına dəyməz-”dir(liyini)”
Başa düşüb - düşərkən
Gündəm həyatın
Ənənəvi gedişatına qoşulduq!
İşsiz ikən düşünmək
“Elə bətər bir iş deyil”-diri
Iliyimizlə mənimsədiyimiz üzdən
Proses keçirə biləcəyimiz açıdan
Fəlsəfəni fantastik”-dir” düşünüb,
Səhər-səhər yola düşdük.
Uğur qazanacağımızı inanaraq
Alışaraq, yanaraq...
Bir də -
Yandığımız ucbatından
Yanmağımızı anaraq
Səhər- səhər yola düşdük...
Səhər-səhər yürüşdük...
...İşsiz ikən düşünmək
“Elə bətər bir işdə deyil”-diri
Düşünərək yürüşdük!
Başımızın ağrımasını
Tənimizin ağrımamasına
Tərcih bilərəkdən
Bilərəkdən
Əkdən
Dən...
GÜNƏŞ BATARKƏN – YALNIZLAŞAN YAŞAM
Axşam bürküsündə yalnız qaldıqda
Sonsuz macəralar həndəvərində
Keçir yüz illiyin xatirələri
Ayağın altından addım ataraq.
Duymazsan qədrini, gecikər ömür,
“Yalnızlıq” ansızın anlam taparaq.
Günəş up-uzaqda bir daha batar,
Şübhə ilə,
Kölgəndən uzaqlaşarsan!
Buludsuz göylərin (indiki “anı”)
Dibindən ahəstə-ahəstə keçər!
Günəş up-uzaqda bir daha batar,
Sən isə bir daha yalnızlaşarsan!
Sən isə bir daha yalnız yaşarsan!!...
AĞAC YUXUSUNUN KƏPƏNƏK YOZUMU
Kəpənəklər həyatı düşünməsəydilərsə,
-Qaranlıqda itənlər-
Gündüzü güdməz idi!
Çünki günəş göylərdə
Kəpənəkdir -
Düşünür, yanır,
Ağacların yuxu görməsində!..
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
“Dəccal” (4-cü paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNONOVELLASI
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“DƏCCAL” kinonovellasının növbəti bölümü təqdim olunur.
Sarışın gələndən sonra baş verən hadisələr onun iradəsindən kənar baş verirdi? Elə bil gözə görünməyən bir əl həyatını təzədən yazırdı. O da bu yazıya istədi-istəmədi, cınqırını belə çıxarmadan mütiliklə tabe olurdu. Sən demə, yaşayarkən atdığın ən kiçik addımın belə izi qalırmış. Həyatda nə etmisənsə, gec-tez cavabını verirsən. Gülər atası evindən qayıtmasa, canından çox sevdiyi qızları necə olacaqdı, görəsən? Ayişə ilə Sənubər də Gülərlə birgə babalarının topdağıtmaz evinə getsə, Molla Qafar havalanardı. O, bu illərini ancaq qızları üçün yaşamışdı. Nə etmişdisə, onlar üçün etmişdi. Ayişə təmkinli, Sənubər şıltaqdı. İkisi bir yerdə olanda tamamlanırdılar. Onları bircə gün görməsə, rahat yata bilmirdi. Güləri dədəsi evinə buraxmaq olmazdı. Gülər getsə, qızlar da gedəcəkdilər.
Molla Qafar axşam evə dönəndə gözlərinə inanmadı. Gülər qayıtmışdı. Sarışınla şüşəli eyvanda oturub nə haqdasa şirin-şirin söhbət edirdilər. Onu görən təki ayağa qalxıb yataq otağına keçdi. Molla Qafar da sarışının verdiyi salamı dilucu alıb arvadının arxasınca açıq qapıdan içəri adladı. Gülər taxta döşəmənin üstündə bardaş qurub oturmuşdu. Gözləri alov-alov yanırdı. Molla Qafarın içəri girdiyini görüb əli ilə ona “Aşağı otur” işarəsini verdi. Molla Qafar arvadına qulaq asıb itaətlə döşəməyə çökdü.
Gülər:
– Danış. Ürəyin boşalsın. Səni eşidirəm, – dedi.
Molla Qafar:
– Nəyi danışım? – soruşdu.
Gülər:
– Sarışın mənə bəzi xatirələr danışdı. Sənin bu işdə günahın yox imiş. Ona görə qayıtdım. Gerisini özün de ki, başqasından eşitməyim, – dedi.
Və Molla Qafar hər şeyi olduğu kimi açıb Gülərə söylədi. Gülər onu səbirlə dinləyib döşəmədə dizi üstə dikəldi. Bir neçə dəqiqə Molla Qafarın gözünün içinə baxandan sonra ondan:
– İndi sən özünü kişi sayırsan? – soruşdu. Molla Qafar dinmədi. Gülər: – Sənin o atası bəlli olmayan oğlun mənə də, qızlarına da başqa gözlə baxır e, xəbərin var? – soruşdu.
Molla Qafar:
– Mən onu evdən necə qovum, axı o, Allah qonağıdır, – dedi.
Gülər daha heç nə danışmayıb yataq otağını yığışdırmağa başladı. Və Molla Qafar başa düşdü ki, Gülər atası evinə getməyəcək. Şükür edib Gülərə “Çox sağ ol” dedi. Gülər əlindəki üçkünc balıncı çarpayının üstünə tolamazlayıb:
– Sən mənimçün bir kişi kimi artıq ölmüsən. Bundan sonra ancaq qızlarıma baxacam, – qışqırdı.
Molla Qafar bir söz deməyib otaqdan çölə çıxdı. Sarışın şüşəli eyvanda çoban Alının quduz olmuş itini qucaqlayıb “selfi” edirdi. Molla Qafar gözlərinə inanmadı. Bütün kəndin canavar qədər qorxduğu vəhşi it sarışına qısılıb əl iti kimi ağzından su axıda-axıda ləhləyirdi. Gözlərində sevgi əmələ gəlmişdi. Yazıq-yazıq zingildəyirdi. Molla Qafar itdən qorxa-qorxa salavat çevirib sarışını yanına çağırdı. Sarışın iti küçəyə ötürdü. Eşikdən içəri qaça-qaça gəlib Molla Qafarın boynuna sarıldı. Sarışın hər dəfə adamın gözünə bir cür dəyirdi. Bu gün arıq və zərifdi.
– Oğlum olmağına oğlumsan. Buna inandım. Amma de görüm, planların nədir? Bundan sonra nə etmək fikrindəsən? Sovet dövləti artıq dağılıb, bilirsən. Sən başqa bir ölkənin vətəndaşısan. Burda qalmaqdan ötrü gərək vətəndaşlığı qəbul edəsən. Bu da sənə asan gəlməsin. Bunun əsgərliyi var. Qeydiyyatı var. Səni gərək Gülər də qəbul edə. Məni başa düşürsən? Belə işlər asan həll olunmur.
Sarışın sevinə-sevinə:
– Mən orda qeydiyyatdan çıxmışam. Burda sənlikdir. Bələdiyyə deyilsən? Məni üstünə yazdıracaqsan, vəssəlam. Qanunları bilirəm, ürəyini sıxma, – dedi.
Molla Qafar sarışının köynəyinin boynundan tutub yaxına çəkdi ki, dediyi sözləri Gülər eşitməsin:
– Anan məndən nə danışırdı?
Sarışın da pıçıltıyla:
– O, ancaq səni sevib. Səndən sonra bircə kişiyə belə gözünün ucuyla baxmayıb, – dedi.
Molla Qafarın üzündə qəribə bir istehza əmələ gəldi. Bu istehzanı hara istəsən, yoza bilərdin. Sarışın onu necəsə sevgiyə yozdu. Və Molla Qafarın tüklü üzündən öpüb ucadan:
– Ata, bilirsən ən böyük arzum nədir? Mən də sənin kimi molla olum. Sənin yolunu davam edim. Ənənə ilə yaşayım, – dedi.
Molla Qafarın qəfil qulaqları tutuldu. Sarışının gur səsinə qızlar da dəhlizə yüyürdülər. Sənubər gülə-gülə sarışından:
– Sən rəngdə molla olar? – soruşdu.
Sarışın:
– Rəngim xoşunuza gəlməz, rənglərsiniz. Əsas imandır, – söylədi.
Molla Qafar sarışının sözünü ağzında qoyub yenidən yataq otağına qayıtdı. Buxara papağını başına qoyub məscidə getmək üçün küçəyə çıxdı. Götür-qoy edib fikirləşməliydi. Məsələ qəlizləşirdi. Sarışın həyatına ömürlük gəlibmiş. O buna hazır idimi?
Bu vaxt məsciddə adam olmurdu. Özüylə baş-başa qala biləcəkdi, təkliyi uşaqlıqdan sevirdi. Özüylə danışmaqdan həzz alırdı. Sakitləşirdi. Məscid, doğrudan da, boşdu.
“Nə qədər xətrin istəyir, öz-özünlə danış, Molla Qafar. Görüm bu müşkülün həllini tapa biləcəksənmi?”
Son düşüncələrini boşluqdu deyə ucadan dedi. Minbərin yanında çöməlib kürəyini divara söykədi. Elə ağzını açıb ölənlərin ruhuna bir siftə “Fatihə”si vermək istəyirdi ki, Sarı Həmidin gülər gözləri məscid qapılarından içəri zilləndi.
– Gəlmək olar? – Sarı Həmidin səsi kinayəliydi.
– Məscidə girməkdən ötrü icazə almırlar, – bunu sükutu pozulduğundan sinirlənən Molla Qafar dedi.
Sarı Həmid məscidə girib ədəblə “Salam” verdi.
Ayağını çəkə-çəkə yaxınlaşıb Molla Qafarın yanında yerə çöməldi.
Üzünü Molla Qafara tutub:
– Sənə bir sual verəcəm, – dedi.
– Yenə yuxu görmüsən?
Sarı Həmid:
– Yox. Yuxu deyil, – dedi.
Molla Qafar:
– Buyur, ver sualını, – pıçıldadı.
– Molla Qafar, düz deyirlər ki, Məryəm ana İsa peyğəmbəri bakirə ikən doğub? – deyən Sarı Həmidin gözlərində şeytancıqlar oynaşdı.
Molla Qafar:
– Uzaqdangəlmişlik eləmə. Sözünün mustafasını de, – dedi.
– Bu sarışın ancaq bir yolla sənin oğlun ola bilər. Sən bunun anasına nəsə eləsən. Eləmisənsə, heç. Eləməmisənsə, deməli, sən Məryəm ana kimi müqəddəssən?..
Molla Qafarı gülmək tutdu:
– Eləmişəm. Sakit ol, – dedi.
Sarı Həmid elə bil yüngülləşdi:
– Deyirəm axı... Adam lap təmiz adamdan qorxur. Yaxşı ki, o qədər təmiz deyilsən. Bizlərdənsən, doğmasan. Yoxsa sən hara, Məryəm ana hara?
Molla Qafar:
– Cavanlıq səhvidi də, Həmid. Cahil olmuşam. Bilməmişəm. And olsun Allaha, o sarışının anasından başqa daha heç bir günahım olmayıb, – pıçıldadı.
– İnanıram. Arvad mənə deyir ki, Molla Qafar heç vədə günah iş tutmaz. O, pak adamdır. Uşaq onun deyil. Həkimlər çaşıb... Amma sənə oxşayır e, Qafar.
Molla Qafar köksünü ötürüb:
– Oxşamağı başına dəysin. İndi də molla olmaq fikrinə düşüb, – dedi. Və əliylə döşəməyə dayaq verib ayağa qalxdı. İşin qəribəliyindən Sarı Həmid də yerindən hövlnak dikəlib:
– Sarılardan molla ola bilər bəyəm? – soruşdu.
Molla Qafar Sarı Həmidə cavab verməyib məsciddən çölə çıxdı.
***
Sarışın kəndə də, kəndlilərə də çox tez alışdı. Elə bil burda doğulmuşdu. Buranın havasına təndi. Elə bil Armavir dediyin yer elə buraydı. Bir ayın içində təmiz kənd ləhcəsiylə danışmağa başladı. Kəndin adamı kimi itini də, atını da özünə öyrəşdirdi. Onsuz nə yas oldu, nə toy. Bir gün onu görməyəndə kənd adamları darıxdılar. Gülərin dədəsi belə hər dəfə görüşəndə sarışının alnından öpüb ona: “Belə oğulu Allah saxlasın”, – dedi. Sarı Həmidin sarışınla bağlı dediyi “son nəticə” isə kəndə teleqram kimi gəldi. “Molla Qafar Armavirdə Buratinonun dədəsi kimi sarışını taxtadan qayırıb. Onun anası-zadı yoxdur. Molla Qafar müqəddəs adamdır. Sarışın da əllamədir”. Burnunu deyə bilmərəm. Adamın Allahı var, sarışının burnu Buratino kimi bir o qədər də uzun alınmamışdı. Amma onun da, deyəsən, uzun yerləri vardı. Kəndin qadını, qızı sarışını görən kimi nədənsə ağıllarını itirirdi. Nə danışdığını, nə dediyini unudurdu. Onun şəhvani haləsi altında məst olub huşa gedirdi. Bütün kənd ona qız soraqlayırdı. Molla Qafarı görən qadınların elliyi birağızdan: “Qafar qardaş, bu sarışını evləndir getsin. Gözü-başı qaynayır. Bir iş çıxaracaq”, – deyirdi. Axırda evlənmək məsələsini sarışının özü həll etdi. Dul qalmış Səkinə arvadın xırda qızı Nazlı ilə harda danışdı, nə danışdı, heç kəs görmədi. Əvəzində bir gün hamı onu gördü ki, Nazlı sarışından hamilədi. Və məsələ Nazlının qarnı kimi şişib. Molla Qafar bu şişkinlikdən sonra məcbur olub məktəbin qarşısındakı yaşıllıqda sarışına tələsik toy elədi. Və elə bil ki, o toydan sonra sarışın bir az da qaralıb kəndlilərə qarışdı. Oğlanın sarışınlığı elə bil bir az avazıdı. Daha onu kəndlilərdən ayırmaq olmurdu. Deyirdin, onu anası Valentina yox, Gülər doğub. İçində paslı mıx kimi ilişib qalmış keçmişinə nifrət edə-edə Gülərin qədimi üzüyünü sarışın üçün Nazlının qalın barmağına taxan Molla Qafardan savayı hamı sarışını sevirdi. Elə bil onun üzündə şeytan tükü vardı. Görən gədəyə vurulurdu...
Davamı var
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
Biz sevgini həyatdan almaq istədiyimiz ən böyük hədiyyə hesab edirik
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Adətən sevgi növlərini insanın hormonal balansının xüsusiyyətləri ilə izah edirlər. Professor R.Sternberqə görə sevgidə romantik hisslər, yaxınlıq ehtirası, habelə ikitərəfli münasibət yaratmaq, sonradan da onu qoruyub saxlamaq qərarvericiliyi – ümumilikdə üç hissə olur.
Professorun fikrincə, sevgi aşiq olmaq mərhələsindən başlayaraq üç mərhələ keçir (Yeri gəlmişkən, bu cür təsnifatı ilə R.Sternberq Y.Ryurikovdan tam fərqlənir): Bu mərhələlər ideallaşdırma, dəyərsizləşdirmə və inteqrasiyadan ibarətdir.
İdeallaşdırmada sevdiyini tam olaraq ideallaşdırır, onu simaca və bədəncə gözəllərin gözəli hesab edir, xasiyyətcə, xaraktercə yaxşıların yaxşısı sanırsan. Biz azərbaycanlıların məşhur bir deyimi də var, könül sevən göyçək olar. İdeallaşdırma mərhələsində sevən sevdiyinin pozitiv cəhətlərini daha da şişirdirsə də, əksinə, neqativ cəhətlərini görməməyə çalışır.
Dəyərsizləşdirmə mərhələsi ideallaşdırmanın tam əksidir. Bu dəfə, artıq sevdiyinin müsbət yox, mənfi cəhətləri sənin diqqət mərkəzində olur. Mənfilikləri şişirdir, necə deyərlər, qarışqanı böyüdüb fil eldirsən. Bu mərhələdə sevgi adlı möcüzə anidən səni tərk etdiyindən sevdiyini yüksəltdtyin ucalıqdan yerə endirirsən.
İnteqrasiya mərhələsi isə sevgi münasibətlərinin tam yetkinlik dövrüdür, buna yetişkənlik dövrü də demək olar. İlk iki mərhələdən fərqli olaraq burada sevən düzü düz, əyrini əyri görür. Yəni, sevdiyini real insan prizmasından baxaraq bütün müsbət və mənfi cəhətləri ilə birgə qəbul edir. Çox təəssüf ki, sevgi münasibətlərində biz əksər halda bu mərhələyə çata bilmir, öncə ideallaşdırıb sonra dəyərsizləşdiririk.
Motivasiya etdiyim elə sevən gənclər var ki, bir-birlərini durmadan ittiham etməkdə, «öz aralarında yaxşı və pisi müəyyənləşdirmək» mübarizəsinə rəvac verməkdədirlər. Necə ki, uğursuz sevgi cavabsız sevgidən yaranır, eləcə də qarşılıqlı sevginin növbəti dəyərsizləşdirmə mərhələsi də uğursuz sevgi istehsal etməkdədir. Hətta bir-birini şiddətlə sevib, ailə qurub, sonradan ayrılan gənclərimiz məgər azdır? Demək, uğursuz sevgi anlayışının birtərəfli, cavabsız sevgi kimi, adi, bəsit forması ilə yanaşı bax bu, sonradan «bizimki tutmur», «xasiyyətimiz uyğun gəlmir» xarakteristikası ilə ayrılmağa rəvac verən mürəkkəb forması da sonucda eyni anlama gətirib çıxarır – cəmiyyətdə narazı və bədbin insanların sayı artır.
Biz sevgini həyatdan almaq istədiyimiz ən böyük hədiyyədən, mükafatdan biri hesab edirik. Bu mükafatdan ötrü əksərən istənilən şücaətə, qəhrəmanlığa hazırıq, istənilən məhrumiyyətlərə, çətinliklərə sinə gərməkdəyik.
(Davamı olacaq)
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
Məti Osmanoğludan GƏNC YAZRLAR ÜÇÜN NƏZƏRİYYƏ DƏRSİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün tanınmış ədəbiyyatşünas Məti Osmanoğlu gənc yazarlar üçün nəzəriyyə dərsi keçəcək. Mövzu Rolan Bartın təlimidir. Əsər, yoxsa mətn?
ƏSƏRMİ, MƏTNMİ?
Ədəbiyyatşünslığımızda, eləcə də ədəbi mətbuatda son onillikdə “əsər” sözü əksər hallarda “mətn” sözü ilə müşayiət olunur və əksər hallarda bunun gəlişigözəl sinonim kimi işlədildiyini görürük. Əslində, linqvistika elmində “dil” və “nitq” anlayışları bir-birindən fərqləndirildiyi kimi, müasir filologiyada “əsər” və “mətn” də fərqli mənalar kəsb edir. Bu, sadəcə, termin dəqiqləşdirməsi olmayıb, yazıçı-əsər-oxucu münasibətlərinin fərqli fəzalarda başa düşülməsini şərtləndirir. Əsərlə mətnin fərqləndirilməsi (bəlkə də, qarşı-qarşıya qoyulması daha dəqiq səslənə bilər!) yazıçı-əsər-oxucu münasibətlərinə yanaşmanın kökündən dəyişməsinə rəvac verir.
Mətni əsərdən fərqləndirmək təşəbbüsünün önündə fransız alimi Rolan Bart (1915-1980) gəlir. 1967-ci ildə “Müəllifin ölümü” essesi ilə filoloji fikirdə çevriliş edərək əsəri müəllifə, mətni oxucuya aid edən Rolan Bart 1971-ci ildə nəşr etdirdiyi “Əsərdən Mətnə” adlı məqaləsində “əsər” və “mətn” anlayışlarına fərqli mənalar aid etməyə çalışmışdı. O, əsərlə mətn arasında əsas fərqləri belə ümumiləşdirirdi:
1. Əsər evdə, mağazada, kitabxanada, kitab rəfində konkret yer tutan maddi obyektlər kateqoriyasına aiddir. Başqa sözlə, əsər əllə tutula, gözlə görünə bilən maddi varlıqdır; mətn isə sözün ölçüsü və tutumu ilə fərqlənir, sonsuz sayda metodoloji tədqiqatlara ayaq verir. Əsərin əldə tutulmağı mümkün olduğu halda, mətn dildə və beyində yer tutur.
2. Əsərdən geniş olan mətn bir əsərə sığmır. Bir yazıçı çoxlu romanlar, hekayələr, şeirlər yaradır, lakin onun konkret yaradıcılığı bir müəllif mətnindən ibarətdir, hər müəllifin bir mətni, amma yetərli sayda əsəri olur.
3. Mətn özünün işarəyə (sözə) münasibəti ilə tanınır və müəyyənləşir; əsər də müəllif işarəsi kimi fəaliyyət göstərir. Mətn öz estetik tükənməzliyini gələcəyə ötürür: yeni nəsil oxucular və filoloqlar mətnin yeni-yeni sirlərini açmaqla məşğul olurlar. Əsərin isə əvvəlki maddi forması və həcmi daim dəyişməz qalır.
4. Mətn oxu və təhlil prosesində dərin dəyişikliklərə yol açır. Struktur təhlili mətnin əsl mahiyyətinə deyil, onun çoxluğuna yönəlir. Mətndəki mənalar çox olduqlarına görə bir-biri ilə yola gedə bilmir, bir-birindən fərqlənir, əsər isə təkdir.
5. Müəllifin (yazıçının) əsərdəki və mətndəki yeri də fərqlidir. Müəllif əsərin sahibi və yaradıcısıdır, ona görə də ədəbiyyatşünas müəllifə hörmətlə yanaşmağı öyrədir. Yazıçı öz əsərinə qanuni olaraq "müəlliflik hüququ"na əsasən bağlıdır. Mətnə gəldikdə isə burada sözü yazanın hökmü qüvvədən düşür. Yazıçı mətndə kənar şəxs kimi çıxış edir, öz mətnini özünün düşündüyündən fərqli şərh edən tədqiqatçının sərbəstliyindən qorumağa ixtiyarı və səlahiyyəti çatmır.
6. Əsər praktik fəaliyyətlə bağlıdır, onu almaq, evdə və ya nəqliyyatda oxumaq mümkündür. Mətn isə oxucudan və ya tədqiqatçıdan istehlakçı münasibəti deyil, fəal əməkdaşlıq münasibəti tələb edir.
7. Həzz baxımından yanaşdıqda da mətn əsərdən fərqlənir. Mətn oxucunun estetik zövq mənbəyidir. Yazıçı da yaradıcılıq prosesində həzz alır, məsələn, yaratdığı parlaq bir epizodun, təsvirin sevincini yaşayır. Əsas fərq isə bunda görülür ki, oxucuya estetik həzzi mətn, yazıçıya isə əsər verir...
Növbəti gün sizə Rolan Bartın “Əsərdən mətnə” essesini təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
“Ədəbi yaradıcılığı dayanan xalqın düşüncəsi də dayanır” - Tomas Eliotun aforizmlərindən seçmələr
“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə ƏDƏBİYYAT ÜZRƏ NOBEL MÜKAFATI LAUREATI Tomas Eliotun aforizmlərindən seçmələri təqdim edir. Tərtibçi İlham Abbasovdur.
– Yanız çox uzağa getməyi bacaran adamlar nəyə qadir olduqlarını bilirlər.
– Həmişə qara gözlük taxan adamlar dünyanın nə vaxtsa işıqlı olacağını gözləyə bilməzlər.
– Çox yerlər gəzəndən sonra öz evinə qayıdanda sanki onu ilk dəfə görürsən.
– Öz əlyazması üzərində işləyən müəllif yazıçıdan çox tənqidçiyə bənzəyir, çünki onun gördüyü işlərin hamısı tənqidçi işidir.
– Bilmirəm, tamam ziyansız kitablar varmı, amma bilirəm, o qədər təsirsiz kitablar var ki, heç bir ziyan vura bilməzlər.
– Çox zaman ümidsizlik saydığımız vəziyyət həyata keçməyən arzular üçün məyusluq hissidir.
– Ədəbi yaradıcılığı dayanan xalqın düşüncəsi də dayanır.
– Xalqı məhv etmədən dili məhv etmək olmaz.
– Ehtiyacı olanda dost tapan adam xoşbəxt adamdır.
– Yaxşı şairin pis şairdən fərqi odur ki, onun şeirlərində şəxsiyyətinin möhürü var.
–Gənc şairlər kimisə təqlid etməklə, yetkinlər isə plagiatla məşğul olurlar.
– Böyük poeziya eyni zamanda həm sənət, həm də əyləncədir.
– Əsl poeziya anlamaq üçün deyil, duymaq üçündür.
– Şairin vəzifəsi yeni duyğular yaratmaq deyil, köhnələrə yeni məna verməkdir.
– Yazıçılar iki cür olur – uğurlular oxucu ilə danışır, uğursuzlar özləri ilə.
– Bir-birimizin həyatını asanlaşdırmırıqsa, niyə yaşayırıq?
– Demokratiya şəraitində şəxsiyyət olmaq daha çətindir.
– Poeziyanın məqsədi şairin öz qəlbindəki duyğuları oxucunun qəlbində oyatması deyilsə, bəs nədir?!
– Poeziya sairin damarlarında axan qanın mürəkkəbə çevrilməsidir.
– Ənənələri irsən almaq olmaz, onları qazanmaq lazımdır.
– Danışmaq düşünməyə kömək edir.
– Kişilər unutduqlarının, qadınlar xatırladıqlarının hesabına yaşayırlar.
– Bilik qazanmaq xatirinə müdrikliyimizi, məlumat qazanmaq xatirinə biliyimizi itiririk.
– Naşirlərin çoxu uğursuz yazıçılardır, elə yazıçıların da çoxu elədir.
– Müasir sivilizasiyada şair olmaq əvvəlkilərdən çətindir.
– Əsl ədəbi əsərin yaranması müəlliflə qəhrəmanın şəxsiyyətinin qovuşması hesabına mümkündür.
– Radio elə bir əyləncə vasitəsidir ki, milyonlarla insanı birləşdirərək onların tənha qalmalarına imkan yaradır.
– Poeziya dilin yalnız dəyişməsinə deyil, həm də dəyişməməsinə xidmət etməlidir.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
Şəhidlər barədə şeirlər – Şiralı Səlimov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şiralı Səlimova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ŞİRALI VÜQAR OĞLU SƏLİMOV
(01.01.2000.-06.10.2020.)
Kürdəmir rayonunun Sor-Sor kəndindən olan, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
MƏTİN ƏSGƏR ŞİRALI
Adi bulaq deyil bu, şəhid xatirəsidir,
Şəhidin ölməzliyi, şəhidin haqq səsidir.
Canını xalq yolunda qurban verən şəhidin,
Vətən, torpaq uğrunda qurban gedən şəhidin,
Ölməzliyini təsdiq, eyləyən abidədir,
Xalqım unutqan deyil, xalqımız bilir qədir.
İnsanı insan edir, yaşadır öz amalı,
Bunu dərk eyləyirdi, anlayırdı, Şiralı.
Anasıtək sevirdi bu yurdu, bu torpağı,
Deyirdi, qoyammarıq, düşməndə Qarabağı,
Yağıları bir yolluq qovmalıyıq yurdumdan,
Qələbə gözləyirik, biz yenilməz ordumdan.
Komandanın əmridir, getməliyik irəli,
Necə də xoşbəxt idi mətin əsgər Şiralı.
Döyüşdü Füzulidə, Cəbrayılda qeyrətlə,
Düşməni məhv eylədi vətən oğlu cürətlə.
Suşamız azad oldu, alındı torpağımız,
Vüqarla dalğalanır üçrəngli bayrağımız.
Şiralıtək çox igid bu günü görməsə də,
Sevinc gülüstanından çiçəklər dərməsə də,
Vətən heç vaxt unutmaz öz şəhid övladını,
Daim yaşatmalıyıq igidlərin adını.
Bu bulaq Şiralının ölməz xatirəsidir,
Şəhidlərə məhəbbət sevgi ifadəsidir
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)