Super User
Şəhidlər barədə şeirlər – Şaiq Kəlbiyev
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şaiq Kəlbiyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
ŞAİQ NAMİQ OĞLU KƏLBİYEV
(10.09.1994.-15.10.2020.)
Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuş, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
ŞAİQ
Düşməni lərzəyə salan igidlər,
Torpağı düşməndən alan igidlər,
Onlar qəlblərdədir, unudulmazdır,
Nə qədər yazsaq da onlardan, azdır.
Gəlin, xatırlayaq igid Şaiqi,
Ən uca məqama olan layiqi.
Dünyaya gəlmişdi gözəl Sahildə,
Hörmət qazanmışdı obada, eldə.
Şaiq doğma yurda qəlbən bağlıydı,
Yurdun qorxmaz oğlu, igid oğluydu,
Aprel döyüşündə göstərib hünər,
Düşmənin aşına qatmışdı zəhər.
Müqəddəs döyüşlər başlayan zaman,
Şaiqgil düşmənə qusdurdular qan,
Onun döyüş yolu keçdi Talışdan,
Cəbrayıl, Füzuli, Suqovuşandan.
Dostları bu gün də xoş söhbət ilə,
Şaiqi anırlar məhəbbət ilə.
Necə cəsur imiş, mətanətliymiş,
Ölümdən qorxmayan cəsarətliymiş.
Döyüşlərdə yurdun igid balası,
Aldı, qismət imiş, qəlpə yarası.
Bir anda qovuşdu o şəhadətə,
Ucaldı əbədi, getdi cənnətə.
Oldu son anadək bu yurda sadiq,
Əbədi yaşayır, əbədi Şaiq.
Həmişə sevilib xatırlanacaq,
Xalqım əziz oğlun, hər vaxt anacaq.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
“Zamanla qocalacaq xatirələrin” - Məmməd Nuri Barmaqsızın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, təbrizli şair Əli Çağla tanınmış türk şairi Məmməd Nuri Barmaqsızın şeirlərini dilimizə uyğunlaşdırmışdır.
Həmin şeirləri təqdim edirik.
GÖZLƏYƏRƏM
Hər gecə həsrətinlə
Qəlbinə uzanar əllərim.
Arzularım uçqunlar ilə yarışar
Və qoxum
Özündən keçmiş bir halda qoxuna qarışar.
Qəlbimdə zanbaqların dansı,
Üzümdə sevincin rəqsi,
Gözlərində həsrəti bəstələyər gözlərim.
Yuxuna uzanar əllərim, gözləyərəm...
Hər gecə həsrətinlə
Xəyallarına uzanar xəyallarım.
Qəlbim böyüdükcə böyüyər,
Ərzin çoxunu içinə alar əllərim.
Daldığım yuxulardan məni oyandırar gülüşlərin.
Sifətin könlümə ilmək-ilmək işlənən naxış,
Əsrlik həsrətinlə hər gecə yuyular gözlərim.
Gözlərində həsrəti bəstələyər gözlərim.
Əllərinə uzanar əllərim, gözləyərəm.
Hər gecə həsrətinlə
Hicranına uzanar gözlərim.
Göz bəbəklərin böyüdükcə böyüyər içimdə.
Məhşəri gözləyən duyğularla
Qəlbimdəki küncümə çəkilər
Çarəsiz bir halda səni gözləyərəm.
Gözlərində həsrəti bəstələyər gözlərim.
Yoxluğunda dualarla tərləyən əllərim
Göylərə uzanar, gözləyərəm...
BİR GÜN
Və bir gün nə uzun röya idi deyəcəksən,
Güləcəksən...
Sonra eyni röya üçün bir ömür gözləyəcəksən.
Heyhat!
Zamanla qocalacaq xatirələrin,
Röya qurtaracaq
Ömür keçəcək
Və sən xəyalların qucağında
Məni yaşadığın o günləri
Özləyəcəksən...
SÜKUT QUŞU
Yağışın damarlarında buluddan röya
Saçların külək atı, gözlərin əyləncə parkı.
Əllərində rənglənir sevinc qoxuyan dünya
Əllərin, içimdəki uşağın sallandığı yelləncək...
Gözlərindən seyr edərəm rəngləri,
Gözlərin, əllərin kimi özəl...
Gözlərin, gecəmi gündüz eləyən ulduz...
Gözlərindən başqa mənə hər yer yalqız.
Yağışsan, bərəkətin gülüşündə gizlənibdir.
Bilməyirsən də, öyrən, sükut quşum
Sükut, səndən alır gözəlliyini.
Baxışın sonsuzluğu muştuluqlayan qapı
Qəlbindən başqası ruhuma özgədir...
UÇMAĞA YASAQ QANADLAR
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar...
Gecələr qar, gecələr xar, gecələr kədərə yar
Gecələr eşqin kökündə qəlbimi yoxlar.
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar...
Bir toxumun torpağa düşməyi kimi
Əllərində var olmağı sevdim mən.
Bir dincəlməyin dincəlməyi tapmağı kimi
Dizlərinə uzanmağı sevdim mən.
Gözlərin, dərinlərə belə ilham verən gözlərin
Yadımdan heç çıxmayan o əllərin
Və məni sənə bəndə eləyən sözlərin
Hər gecə kədərimin divarlarını yıxar.
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar...
Qırılınca qanadlar,
Sevgidən dəli olan həsrətim
Kədərin mahnısını çalar.
Qırılınca qanadlar,
Sevgi boyalı göy üzü
Göz yaşımdan dənizinə damlayar.
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar...
Uçurum, yüksəkliyi ilə deyil,
Ayazı ilə ürəyimi yandırar.
Gecələr hər səhər sükutu bəstələyib ruhuma dolar.
İndi belə gecələr də yar!
Qanadları olan da uçmaqdan qorxar...
Barmaqların, yuxularımda belə həsrətin mahnısını çalar.
Dənizin dibindəki balıqlar
Göy üzündəki damla-damla buludlar
Ruhumla birlikdə sənə,
Sadəcə sənə serenada düzəldər.
Qanadları olan da uçmaqdan qorxar, yar!
Qanadları olan da uçmaqdan qorxar...
DİNLƏ QUŞLARIN SƏSİNİ
Bəli, etiraf edirəm
Səhərlər göy üzünü maviyə boyayan mənəm,
Çiçəklərin üstündəki şeh də...
Kleopatra hekayəsini də mən yazdım
Kimsə sənin gözəlliyindən xəbərdar olmasın deyə.
Leylanı da Məcnuna mən aşiq elətdirdim
İnsanlar hekayəsiz qalmasın deyə.
Gecələr boyu əsən külək
Sevginin fırtınası oldum səninlə.
Quşlar ilə köçdüm sənsizliyi tapmaq üçün
Hər rəsimdə, hər mahnıda səndən bir şey aradım boş yerə.
Tapa bilmdəim sevgilim, tapa bilmədim...
Sənsizliyi heç bir yerdə.
İndi yatmaq istəyirsən bəlkə də,
Mənsizliyi çəkirsən ciyərlərinə
O həsrətdən hörülü ölkəndə.
Mənmi?
Gecənin bilmirəm nə vaxtında,
Ürəyimin həsrəti çırpındığı vaxtda,
Mən yenə səni düşünürəm sevgilim.
Bütün misralarda sən varsan,
Bütün şeirlərdə sən.
Qələmimin yazdığı sənsən, dilimin döndüyü sən.
Bütün bunları mənə yazdıran nədir
Bilmək istərsənmi sevgilim?
O zaman xəyallara dalıb dinlə quşların səsini.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır
Kubanın Azərbaycanda səfiri Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə olub.
“Ədəbiyyat və incəsənət” portalı mərkəzin xəbərinə istinadən bildirir ki, görüşdə Kuba ədəbiyyatının Azərbaycanda tanıdılması üzrə nəzərdə tutulan tərcümə və nəşr layihələri müzakirə olunub, Kubanın müasir ədəbiyyatının, eləcə də əfsanəvi siyasi xadimlərinin həyat və fəaliyyətini əks etdirən kitabların Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb, bu istiqamətdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Nəzərdə tutulan tərcümə və nəşr layihələrindən ilkin olaraq 1969–1974-cü illərdə Bakıda təhsil almış tanınmış kubalı alim Rafael Tenreyro Perezin Azərbaycan və azərbaycanlılar haqqında təəssüratlarını əks etdirən “Kubalı tələbə Bakıda” kitabının Azərbaycan və ispan dillərində nəşri ilə bağlı istək və arzularını çatdıran səfir Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni və məhsuldar mərhələnin başlandığını qeyd edib.
Görüşün sonunda qonağa məşhur Kuba inqilabçısı Çe Gevaranın Mərkəz tərəfindən Azərbaycan dilinə tərcümə və nəşr olunmuş “Boliviya gündəliyi” kitabı hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Azərbaycan Bəstəkarlar İttifaqında maraqlı tədbir keçirilib
Aprelin 3-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda “Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarından elmi məqalələr” kitabının təqdimatı olub.
AzərTAC xəbər verir ki, tədbiri layihənin rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarının əhəmiyyətindən danışıb. O, Bəstəkarlar İttifaqının bu festivallarda fəal iştirak etdiyini qeyd edib: “Bu mənada festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında elmi konfransların keçirilməsi sanki bir ənənəyə çevrilib. Həmin konfranslarda çıxış edən musiqişünaslar Üzeyir bəy yaradıcılığının daha dərin qatlarını tədqiq edərək maraqlı çıxışlar ediblər. Bu elmi konfranslarda Üzeyir bəyin yaxın silahdaşı Müslüm Maqomayevin yaradıcılığından da bəhs olunub. Yeni topluya daxil olan məqalələr məhz bu illər ərzində festival çərçivəsində elmi konfranslarda iştirak edən müəlliflərin çıxışları əsasında tərtib olunub”.
Bu məqalələr toplusunu o, həm də Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə əlaqələndirib, yubiley çərçivəsində daha bir neçə maraqlı nəşrin işıq üzü görəcəyini və tədbirin keçiriləcəyini söyləyib.
Bildirilib ki, kitabda tanınmış və gənc musiqişünas alimlərin elmi məqalələri yer alıb.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, sənətşünaslıq üzrə elmlər doktoru Kamilə Dadaşzadə, nəşrin redaktorları, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Günay Məmmədova və Aytən Babayeva çıxış edərək yeni çap olunmuş bu kitabın Üzeyir bəy irsinə daha bir dəyərli töhfə olduğunu vurğulayıblar.
Təqdimat mərasimində Xalq artisti Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev və pianoçular Günel Rəhimova, Gülnaz Eldarlının ifasında Üzeyir Hacıbəylinin əsərlərindən nümunələr səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Atılmış ana - AKTUAL
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
-Ay şofer, o göz xəstəxanasının yanından keçəndə mənə deyərsən. Orda düşəcəm. Gözümün birini operasiya ediblər, indi o biri üçün gedirəm. 85 yaşım var. Mənə mütləq de. Dərdin mənə gəlsin, şofer.- deyir əlində əsa qarşımdakı oturacaqda əyləşən qoca qadın.
... Bir az keçəndən sonra yenə onunla üzbəüz oturan qadından soruşur ki, o xəstəxanaya nə vaxt catacaq. Zərifə Əliyeva adına göz xəstəxanasını soruşurmuş. Qadın deyir ki, ana, hələ çox var. Ləhcəsindən bilinir ki, Azərbaycanın Gədəbəy-Şəmkir tərəfindəndir.
Mən 85 yaşlı ananın arxasındakı oturacaqda oturmuşam. Soruşuram ki, "Ana niyə tək buraxıblaar səni evdən?".
Ana elə bil ki, bu sözə bənd imiş. Ürəyi açılır nə açılır:
"Ay bala, hərəsinin öz işi-gücü var, biri işə gedir, biri uşağını dərsə aparır. Kimisi də kefində-damağında. Eh... indi onların nəyinə lazımam. Oxutdum, böyütdüm, çörəkli, evli-eşikli elədim... Qoca kimə lazımdır ki... Evimə "propiska" elədim... Aldıqlarını aldılar, yediklərini yedilər...".
Ananın harayını, şikayətini sona qədər dinləyə bilmirəm. İşə tələsirəm. Vacib görüşüm var...
Lakin göz yaşlarımı boğa bilmirəm. Yanağımdan üzü aşağı süzülür. Mən belə olmadım. Anamın qulluğunda durdum. Həkiminə, sanatoriyasına apardım, palın-paltarını aldım. Bu, mənim borcum idi. Bu, Tanrının mənə verdiyi ən gözəl fürsət idi.
Tanrı... İndi fikirləşirəm ki, bəs o ana-atanı unudan, haqqını-zəhmətini yerə vuran, gedib eyş-işrətlə məşğul olan, nadan və əbləh, soysuz-köksiz birinə satan övladlar heç Tanrını tanıyırlarmı?
O ananın duruşundan, əllərindən məlum idi ki, zəhmətkeş ana olub. Övladını pis yolla böyütməyib. Belə zəhmətkeş ananın haqqını danan övlad mütləq öz övladından görəcək, azdığı yolundan tapacaq.
Etməyin, belə etməyin! Ata-anaya xəyanət etmək olmaz. Bəzən ana-ata övladına görə oğurluq edir ki, övladı korluq çəkməsin. Əlbəttə mən bunun tərəfdarı deyiləm.
Ancaq düşünürəm ki, belə zəhmətlə övladlar böyüdən ana niyə indi göz xəstəxanasına əlindəki əsaya söykənərək, tək-tənha gedir?
Mən anasını satan övladdan dönərəm, üzünə baxmaram. Belə övlada öyüd-nəsihət etmək, məsləhət vermək də əbəsdir. Bəlkə də o qadının qızı və ya oğlu hansısa bir əxlaqsız ər və ya arvadı ilə məsləhətləşib, onu tək qoyublar. Qanı təmiz olan ananı əxlaqsız ərə və ya gəlinə satmaz. Anasını atan, anaya qarşı olan yalnız əxlaqsız ola bilər. Ya da psixopat.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Nebula Rose - MARAQLI
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Dumanlıq əsasən kosmosda toz və qaz bulududur. Dumanlıqlar (dumanlığın cəmi) ulduzların əmələ gəldiyi, yaxud ölü və ya ölməkdə olan ulduzların yaşadığı bölgələrdir. Dumanlıqlar müxtəlif forma və ölçülərdə olur.
(http://coolcosmos.ipac.caltech.edu)
Dumanlıqlar əsasən kosmosda qaza bənzər kütlələrdir. Dumanlığa çevrilməmişdən əvvəl onlar böyük ulduzlardır, böyük quruluşlarına görə yüksək daxili təzyiq və temperaturlara görə kosmosa qazlar buraxırlar. Bu püskürmələr çox böyük və sürətlidir. Daha sonra qaz kütlələri birləşərək, temperaturu 15000 0C-dən çox olan və dumanlıq kimi tanınan qaz buludu əmələ gətirir. Belə dumanlıqlardan biri Rozet dumanlığı adlanır, bu dumanlıq adını qırmızı rənginə görə almışdır. Rozet dumanlığının qızılgüllə heyrətamiz oxşarlığı var, ona görə də bu ad verilmişdir. Bu, tam ayın sahəsindən demək olar ki, beş dəfə böyük olan böyük bir qaz kütləsidir. Onun diametrinin 130 işıq ili olduğu təxmin edilir. Qurani-Kərimdə də Roset dumanlığı təsvir edilmişdir. Uca Allah buyurur: “Göy yarılacağı və ləkələnmiş dəri kimi qırmızı rəngə çevriləcəyi zaman. (Rəhman surəsi, 37)
Yuxarıdakı ərəb dilindən tərcümədə
“qırmızı qızılgül ol, ləkələnmiş dəri kimi” ifadəsi səmada görünən şəkli qırmızı qızılgüllə müqayisə edir. Bu təsvir oxşar görünüşə malik qırmızı göy cisimləri ilə, xüsusən də “Roset Dumanlığı” ilə sıx oxşarlıq daşıyır. Bu barədə 1400 ildən çox əvvəl müqəddəs kitab olan Quranda qeyd edilmişdir; Həqiqətən, bizim üçün bir nemətdir ki, üzərində düşünək. Bu bizə göstərir ki, Allah həqiqətən də kainatı yaradandır. Qurani-Kərimi bütün zamanların sonuncu kitabı olaraq nazil etmişdir. Quran elmi həqiqətlər kitabıdır, hər bir möcüzə Allahın varlığına və hidayətinə işarə edir.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa,
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
Bu gün Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Qabilin anım günüdür.
Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqustun 12-də Bakı şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (İndiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil almışdır. O, 1954-1956-cı illərdə təhsilini Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında davam etdirmişdir.
Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi çalışaraq başlayan Qabil 1951-1953-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəb işçi və baş redaktor müavini vəzifələrində işləmişdir.
Fəaliyyətlərinə görə o, bir sıra fəxri ad və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.
Şair ədəbi fəaliyyətə 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan "Gəl baharım” adlı şeiri ilə başlamışdır. Bundan sonra şairin müxtəlif illərdə “Səhər açılır”, "Mənim mavi Xəzərim”, "Küləkli havalarda”, Qoy danışsın təbiət”, “Vətəndaş sərnişinlər” və s. kitabları işıq üzü görmüşdür.
Yaradıcılıq zirvəsi hesab edilən “Nəsimi” poeması ilə böyük rəğbət qazanan şairin “Səhv düşəndə yerimiz”, "Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” və s. kimi şeirləri də oxucular tərəfindən ayrıca sevilir.
Qabil İmamverdiyev 2007-ci il aprelin 4-də 81 yaşında vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Mən səni xatırlaram
Xəzərin dalğaları
Qalxanda-alçalanda.
Külək qoşa çinarı
Tərpədib aram-aram
Həzin layla çalanda,
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Ellərdə, obalarda
Körpələr dil açanda.
İlk qarda, ilk baharda
Neçə-neçə arzu-kam
Qönçətək gül açanda,
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Zirvələri aşanda,
Yaratmaq atəşilə
Qaynayanda, daşanda.
Hər qızıl telli səhər,
Hər gümüş telli axşam,
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Kürün sakit səsində,
Burulğanlı Arazın
Üsyankar nəğməsində
Qəlbinin vurğusunu
Hiss edərəm, duyaram,
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Durna keçəndə göydən,
Quzular mələşəndə,
Göz yaşaranda neydən.
Gəlib çoban qardaşın
Boynuna qol salaram,
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Desən də, deməsən də...
Şe`rin dilimdə əzbər.
Elləri vəsf edəni
Haçan unudub ellər?
Vətən məhəbbətinə
Qəlbimdə sonsuz inam
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Yaşıllıqlar içində
Sarı yarpaq kimi yox,
Gözdən uzaq kimi yox.
İlham çiçəklərinə,
Ümman diləklərinə
Ürəyimdə ehtiram,
Mən səni xatırlaram.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Rumıniya “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa başlayır
Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Sankt-Peterburqla turizm əlaqələri inkişaf etdirilir
Rusiya ilə turizm əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları aprelin 3-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Sankt-Peterburq şəhərinin Turizmin inkişafı üzrə komitəsinin sədri Sergey Korneyev arasında keçirilən görüşdə müzakirə olunub.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, müzakirələr çərçivəsində “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi” sənədi üzrə birgə turizm marşrutlarının yaradılması, investisiya imkanları, təhsil proqramları, məlumat və təcrübə mübadiləsi, turizm şirkətləri arasında əlaqələrin inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, 2023-cü ildə Azərbaycanın 3 şəhəri və Sankt-Peterburq daxil olmaqla Rusiyanın 19 şəhəri arasında birbaşa uçuşlar həyata keçirilib. Sankt-Peterburq şəhərindən isə Azərbaycana həftədə 10 dəfə olmaqla 540 uçuş təşkil olunub.
Həmçinin Azərbaycanın turizm potensialının Rusiyada tanıdılması üçün 2024-cü il ərzində müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi, sərgilərdə iştirak, seminar və təqdimatların təşkil edilməsi, Moskvada turizm nümayəndəliyinin açılması, ölkəmizdə Rusiyanın turizm şirkətləri üçün tanıtım tədbirlərinin təşkil edilməsi haqqında müzakirələr aparılıb.
2023-cü ildə Rusiyadan ölkəmizə gələn xarici ziyarətçilərin sayı 2022-ci illə müqayisədə 40 faiz artaraq 625 min nəfərə satıb. Cari ilin ilk 3 ayı ərzində Azərbaycan gələn Rusiya vətəndaşlarının sayı 147 min 438 nəfər olub ki, bu da ötən illə müqayisədə 24 faiz artım deməkdir.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
“Ulduz” bir neçə nəşrini təqdim edəcək
“Ulduz" jurnalının Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə birgə layihəsi olan "Yeni nəsil: proza", "Yeni nəsil: poeziya" və "Yeni nəsil: tənqid" xüsusi buraxılışlarının təqdimat mərasimi baş tutacaq.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına jurnalın redaksiyasından məlumat verilib.
Tədbir 5 aprel 2024-cü il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçiriləcək.
Daim oxucularını sevindirən jurnalın bu nəşrləri də böyük maraq doğurub.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)