Super User
Mədəniyyət naziri paytaxtda vətəndaşların müraciətlərini dinləyib
Mədəniyyət naziri Adil Kərimli aprelin 4-də Azərbaycan Milli Kitabxanasında vətəndaşları qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, qəbulda Bakı şəhəri üzrə 30 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, sahə ilə bağlı təklif, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin qəbulda səslənən bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb.
Görüşdə şəhid ailələrinin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
“Bir gözün hiylədi, bir gözün yalan” - Famil Vaqifoğlunun şeirləri
REDAKSİYANIN POÇTUNDAN rubrikasında “Ədəbiyyat və incəsənət” portalı şeirsevənlərə Famil Vaqifoğlunun iki şeirini təqdim edir. Düşünürük ki, onları çox bəyənəcəksiniz.
YALANLAR
Qopub gecələrin dərinliyindən
Açılmır sabahlar sökülməsə dan
Hər ötən buludun kölgəsi olmur
Yalançı yağışdı "Çobanaldadan"
Bir gözün hiylədi, bir gözün yalan
Sığınıb amana, sığınıb anda
Sıxma gözlərini ovuclarına
Daha inanmıram sən ağlayanda
Hər yalan sonucu ağrı-acıdı
Dərin yaralardı səndən qalanlar
Mənə bundan belə dar ağacıdı
Sənə qurtuluşdu "məsum yalanlar"
DARIXMAQ
Bu qış gələr gəlməz elə soyudu
Dondu otağımın isti havası
Bir gecə içində qəfil buz tutub
Dondu pəncərəmdə sərçə yuvası
Don vurdu yarpaqsız qalan budağı
Kəsildi quşların sübh nəğməsi də
Şaxta sızıldatdı quru torpağı
Üşüdü yerdəki qum dənəsi də
Sobam isitmədi soyuq daxmamı
Üşüdü pəncərəm cərçivələrdə
Mən sənə borcluyam bu darıxmamı
Bir də tənhalığı, qalıb bu yerdə...
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
Proqramçı axtarışı
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Proramçı tanışın yoxdur Rufa?
-Nə üzrə, Seva? Java, yoxsa C++
-Fərqi yoxdur, ərə getmək istəyirəm.
2.
Hamı evlənir, özünə ikinci yarısını tapır, təkcə Südeyif evlənə bilmir, subay qocalır. Və bir gün dəmir yolundan keçəndə dərdli-dərdli deyir:
-İkinci yarımı tapmaq üçün, gərək üstümdən qatarmı keçib məni ikiyə bölsün?
3.
Kişi meymundan bir az gözəl, Rokfellerdən bir az varlı olmalıdır.
4.
Əgər siz günəşdə ləkə görürsünüzsə, demək, eynəyinizi yaxşı silməmisiniz.
5.
Görəsən hansısa milyardçı bizim bütün futbol yığmamızın oyunçularını alarmı?
-Alar. Orqan transplantasiyası üçün.
6.
Bir gün sən evdən köhnə tibbi maskanı tapıb nastalji hisslər keçirəcəksən, əynindəki kimyamühafizəli kombinezonu rahatlayaraq o günlərçün köks ötürəcəksən.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Yumurtalı soğanbozbaşı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Yumurtali soğanbozbaşının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Soğan – 100 qr
§ Noxud ləpəsi (müxəşşər) – 20 qr
§ Yumurta – 40 qr
§ Kərə yağı – 30 qr
§ Kartof – 30 qr
§ Təzə və ya quru reyhan – 3 qr
§ Sarıkök – 1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ pendir – 40 qr, göyərti – 20 qr, meyvə turşusu – 30 qr
HAZIRLANMASI:
Soğanlar aypara şəklində doğranır, yağda qızardılır. Qızarana yaxın xırda doğranmış kartof əlavə olunur, bir yerdə tovlanır. Daha sonra ayrıca isladılmış, bişirilmiş müxəşşər vurulur, duz, istiot, sarıkök, işgənə əlavə olunur və bişməyə qoyulur. Hazır olduqda dərin boşqaba və ya kasaya çəkilir, üzərinə reyhan səpilir və süfrəyə verilir.
Yanında pendir, göyərti, meyvə (məti) turşusu verilir. Bişmə müddəti 30 dəqiqə çəkir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
“Pay” - Aysel Fikrətin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin yeni hekayələrinin ardıcıl dərcini yekunlaşdırır. Bu gün sizlərə təqdim edilən hekayə “Pay” adlanır.
Dostlara həsr olunur.
Qızılçaya tutulmuşdum. Anam qıpqırmızı pərdəni pəncərəyə asmışdı. Nənəm, əlində məşəl, başımın üstündə durub, dua oxuyurdu. Atam nigaran baxışlarını məndən çəkmirdi. Gecə üç, ya dörd olardı. Bilmirəm, atamın səsini eşitdim, deyəsən.
-Tərlədi. Gəl əynini dəyiş.
Qırmızı qızıləhməd almalarla dolu tabağı stolun üstünə qoymuşdu. Günlərlə xəstə yatmışdım. Hər günü bir rəngdə görürdüm. Bir sabah da oyanıb gördüm ki, artıq qızdırmam yoxdur və rahat gəzə bilirəm . Qardaşım məktəbdə idi. Anam stolun üstündə hər birimizin adini yazib, pay qoyurdu. Mən günorta yeməyim üçün stola yaxınlaşanda adım yazılan örtüyü qaldırdım, payım yox idi. Səsimi çıxarmasam da, ac qalmışdım. Sonra bu hər gün təkrar oldu. Bir gün isə gedib atama danışdım. Atam onda qardaşımı çox danlamışdı. Hətta xəcalət çəkib bu xəbərçiliyimə görə hönkürtüylə ağlamışdım. Sonra bir müddət xoşbəxt, şad, hürrəm ömür yaşadıq. Sonra buludlar gəldi başımızın üstünə. Biz inanmadıq.
Indi isə...
Gözlərimi tavana dikib yalnız dua edirdim. İtginin nə olduğunu bilirdim. O qızılça xəstəliyi canımda dolaşırdı. O xəstə günlərimin həsrətini çəkirdim. Başıma bu illər ərzində nələr gəlmişdi, nələr.
Bir-bir doğmalarımı torpaq udmuşdu. Tamam tək qalmışdım.
-Allah bizə bu ömrü də pay yazır, ay bala - deyib, bizə pay bölən nənəmin sözünə məhəl qoymamışdım o vaxtlar.
Amma elə bil ürəyimə dammışdı, başımızda bəla var. Elə bil göylərdən kimsə bunu mənə pıçıldamışdı.
Qəbirstanlıqda şəhid bacıları gördüm. Qəbirüstünə xonca qurub gətirmişdilər. Qardaşımın payıdır deyirdi biri. Bir anlıq donub, baxdım. Hər gün bu yolu gedib ziyarət edən bacılar içində mən də var idim.
Hər kəs bu dünyada öz dərdinin əsiridir. Qızılcadan sağaldığımın səhəri payımı yerində tapmayıb, dədəmə xəbərçilik etdiyim günlərimə qayıtmaq istəyirəm. Qardaşım, atam ömür paylarını mənəmi verib getdilər. Mən hərdən onların əvəzinə nəfəs aldığımı düşünüb, çox utanıram. Daşlara söykənib: "Nə olar geri qayıdın da" deyə bilmirəm. Mən nə yerə, nə göyə anlada bilmirəm ki, susmuşam. Canımda anlada bilmədiyim bir nisgil, bir ağrı yatır. Yalnız mən bunu nə sözlə, nə hekayə ilə anlata bilmirəm. Mən lal olmuşam. İllərdir susmuşam.
Bəlkə dilimə pay çıxıb?
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
Dünən Ustad Qabil anıldı
Dünən Xalq şairi, Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qabilin anım günü idi. “Ədəbiyyat və incəsənət” ustad şairi ananlar sırasında şair Əkbər Qoşalının da yer aldığını müşayiət etdi.
Bu da Əkbər Qoşalının QABİLdən paylaşdığı şeir.
Ustad QABİLin anım günü
Ruhuna sayğılar!
*
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa,
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
“Məni kitab çıxarmağa həvəsləndirən ad yox, hadisə oldu” - Gamze Aktürk
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibimiz Gamze Aktürk xanımdır.
-Xoş gördük, Gamze Aktürk xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.
-Salam. 1988-ci ildə Ankarada anadan olmuşam. Ailəliyəm və iki uşaq anasıyam. 10 illik bank həyatından sonra son dörd ildə ictimai təşkilatda xidmət edirəm.
-Ədəbiyyata marağınız nə zaman başladı və əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-Uşaqlıqdan evimizin hər yerində kitabların, ensiklopediyaların olması məni oxumağa həvəsləndirdi. Biz indiki Google xidmətini ensiklopediyalarla qarşılayırdıq. Axtardığım məlumatı tapana qədər çoxlu maraqlı məzmunlarla rastlaşardım. Bundan əlavə, hər gün evimizə müntəzəm olaraq üç-dörd qəzet gəlirdi. Qəzetlərin cizgi filmi və puzzle bölmələri məni xüsusilə həyəcanlandırırdı.
İbtidai məktəb illərində anamın işlədiyi müəssisədə Tubitak kitablarının çap olunduğu bölmə var idi ki, bu da məlumatlarla dolu parlaq kağız rəngli illüstrasiyalı kitablara marağımı xeyli artırdı. Uşaq kitabları ilə bu yola başlamağımın ən böyük amilidir deyə bilərəm.
-Hər hansı bir yazı rutininiz varmı?
-Söz uçur, yazı qalır, deyirlər. Ona görə də həmişə yanımda bir günlük gəzdirir, onunla səyahət edirəm. Ağlıma gələn maraqlı fikirləri, sözləri dərhal yazıram. Və iki sətir də olsa, hər gün müntəzəm yazmağa cəhd edirəm.
-Uşaq kitabları yazmağa necə qərar verdiniz?
-Yazmağı öyrəndiyim gündən yazıram deyə bilərəm. İnşalar, şeirlər, məktublar, hekayələr... Məktəb illərində də yazı üzrə birinciliyim çox olub. Yazdıqlarımın bəyənilməsi və ya yazıya qoyduğum hisslərin qarşı tərəfə ötürülməsi yazmaq istəyimin hər zaman canlı qalmasını təmin etdi. İlham aldığım çoxlu müəlliflər olsa da, məni kitab çıxarmağa həvəsləndirən ad yox, hadisə oldu. "Zəlzələ". Bu yaxınlarda yaşadığımız zəlzələ mənə çox təsir etdi. Zəlzələ zonasında olan uşaqlara qorxularına şans vermələrini söyləmək və gələcəyə yenidən inamla baxmalarına kömək etmək üçün kitab nəşr etdirdim.
-Bildiyimiz qədər zəlzələ baş verən bölgələrdə bir sıra layihələriniz vardır (Allah şəhidlərimizə rəhmət eləsin Amin). Bu haqda bilmək istərdik, əgər mümkünsə.
-Çox sağ olun. Biz həqiqətən də bir ölkə olaraq hamımızı dərindən sarsıdan ağrılı bir hadisə yaşadıq.
Son üç ildir ki, Instagram-da @deneyen_cocuk adlı şəxsi səhifəmi idarə edirəm. Böyük bir tələb olduğundan “Deneyen Çocuk İle Evde Yapılabilecek Basit Deneyler” adlı elektron kitabı nəşr etdirdim. PDFlər gözlənildiyindən daha çox diqqət çəkdi və əldə edilən gəlir bir çox layihələrdə, xüsusən də Sma olan körpələrdə istifadə edildi. Zəlzələ zamanı bu PDF-ləri fəaliyyət göstərmələri üçün rayona ianə verənlərə, rayondakı könüllülərə, müəllimlərə pulsuz çatdırmağa başladım. Öz yolumda daha çox nə edə biləcəyimi düşünərkən kitab nəşr etməyi düşündüm.
Yaşadığımız bu ağrılı hadisə “Rozi - Korkularına Şans Ver” kitabının yaranmasına səbəb oldu deyə bilərəm Son 4 ayda başladığım “Zəlzələ Bölgəsindəki Məktəblər üçün Kitab Layihəsi” çərçivəsində yanvar ayında nəşr olunan kitabımı pdf gəlirləri ilə maliyyələşdirib ehtiyacı olan məktəblərə çatdırıram. Daha sonra imkanı olan məktəblərlə onlayn könüllü görüşlər keçiririk. Mənə əli çatan dəyərli müəllimlərimiz sayəsində konteynerlərdə yaşayan balacalarımla görüşmək imkanım oldu. Birlikdə interaktiv kitab oxuyur və fəaliyyət göstəririk. Bu çərçivədə Kahramanmaraş, Adıyaman, Malatya, Hatay və Şanlıurfa kimi vilayətlərdə 9 məktəb bitirdim.
Travmalar qorxuya, qorxular isə həyata inamsızlığa səbəb olur. “Rozi – Korkularına Şans Ver” kitabı ilə məqsədim gələcəyimiz olan bütün uşaqlara, xüsusilə zəlzələ bölgəsində olan uşaqlara qorxularının öhdəsindən gəlməyi öyrətməkdir.
-Azərbaycanda da çoxlu oxuyucularınız vardır. Azərbaycanlı oxucularla hər hansı bir görüş planınız varmı? Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Azərbaycan canımızdır, qanımızdır, ürək bağımız olan və heç vaxt öz vətənimizdən ayrı görmədiyimiz qardaş ölkəmizdir. Səhifəmdə çoxlu azərbaycanlı izləyicim də var. Bir gün Azərbaycanda tədbirlər, görüşlər keçirməyi səmimi qəlbdən arzulayıram. Bəlkə də sizin sayənizdə yaxın gələcəkdə bu arzularımı həyata keçirmək imkanım olacaq.
Azərbaycan ədəbiyyatını da izləyirəm. Bu yaxınlarda Reyhan Hüseynovanın “Dostum mimi” kitabına nəzər saldım. Alim Lütfi Zadəyə ithaf edilməsi, süni intellektin qeyd olunması diqqətimi çəkən məsələlərdir.
– Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Yazmaq ehtirasdır. Bir Addım atmaq həqiqətən böyük cəsarət tələb edir. Bir addım atmağın ən böyük maneəsi bəyənilməmək düşüncəsidir. İçlərində yanan qığılcımı boğmaqdansa, közləri oda çevirməyi məsləhət görürəm. Yazmaqdan qorxmamalıdırlar. Hisslərini ifadə etməkdən, sözlərlə oynamaqdan, təxəyyüllərində səyahətə çıxmaqdan qorxmamalıdırlar. Çünki insan ağlını qələmi ilə birləşdirəndə həqiqətən də sonsuz bir səyahətə çıxır və bəzən hansı dayanacağa çatacağını yazıçı belə bilmir. Hər kəsin bu həyəcanı yaşamasını arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
London Milli Qalereyasından Rusiya əleyhinə, Ukrayna xeyrinə jest –ÖTƏN İL BU GÜN
London Milli Qalereyasının toplantısında maraqlı bir qərar verilib. Fransız impressionisti Edqar Deqanın (1834-1917) "Rus rəqqasələri" adlanan məşhur rəsm əsərini Ukraynaya Rusiya Federasiyasının silahlı müdaxiləsi ilə əlaqədar olaraq "Ukraynalı rəqqasələr" adlandırıblar. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı The Guardian nəşrinə istinadən məlumat verir.
"Bu əsərin adı uzun illər diskussiya mövzusu olub, məsələ elmi ədəbiyyatda da qaldırılıb. Slavyan rəqqasələrinin rus, belarus, yaxud ukraynalı adlandırılması qərarı rusların dominant mövqeyi nəticəsində öz həllini tapıb. Amma indi başqa zamanlar gəlib. Buna görə də qərara gəldik ki, “rus” adını dəyişdirməyə münasib an yetişib, bizcə, yeni ad əsərin mahiyyətini daha yaxşı əks etdirəcək", - deyə The Quardian nəşrinə Milli Qalereyanın əməkdaşı bildirib.
Məlumat verilir ki, kətanın adının dəyişdirilməsi təklifi ilə əvvəllər qalereyanın əməkdaşlarından biri və Londonda Ukrayna diasporunun nümayəndələri çıxış etmişdilər.
Pastel texnikasında yerinə yetirilən "Rus rəqqasələri" əsərini Deqa 1899-cu ildə çəkmişdir. Hesab edilir ki, rəssam Rusiya imperiyasından Parisə - qastrola gəlmiş rəqs truppasının müdhiş çıxışından ilham alıbmış. Rəssamın çəkdiyi qızlar parlaq milli kostyumlardadır, onların başlarında lentli çələnglər var.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin, guya, Donbass respublikası rəhbərlərinin yardım haqqında xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi, əslində isə Ukraynanı işğal edib hakim rejimi dəyişmək məqsədi ilə müharibəyə başlaması get-gedə Rusiyanın beynəlxalq miqyasda iflic vəziyyətinə salmaqdadır. Həm siyasi-iqtisadi, həm mədəni, həm idman, həm də digər sahələrdə.
Bu gün “Rus rəqqasələri”nin adı dönüb “Ukraynalı rəqqasələr” oldu. Kim bilir, sabah “rus” sözü daha haralardan çıxarılacaq.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
Beynəlxalq Uşaq Kitabı gününə LitResin 10 ən populyar uşaq kitabı reytinqi və yaxud, Ekzüperini və Mark Tveni üstələyən Abqaryan
Növbəti dəfə Beynəlxalq Uşaq Kitabı günü qeyd edildi. Həmin gün bütün dünyada balaca oxucular, onlara yönəli kitablar aktual oldu, kitab təqdimatları, uşaq yazarları ilə görüşlər, müsabiqə və festivallar geniş vüsət aldı. O cümlədən, ölkəmizdə də 2-ci Uşaq Kitabları Festivalı keçirilməsi gündəmdədir. Beynəlxalq Uşaq Kitabı günündə diqqət çəkən bir cəhət də müxtəlif səviyyədə uşaq kitabları reytinqlərinin təqdim edilməsidir.
“Ədəbiyyat və incəsənət” portalının diqqətini Postsovet məkanının ən böyük kitab satışı platforması olan LitRes-də hazırlanmış və Postsovet məkanının ən böyük informasiya agentliyi olan TASS tərəfindən yayılmış “10 ən populyar uşaq kitabı” reytinqi cəlb edib.
Bəli, sirr deyil ki, indi işğalçı müharibəyə imza atan Rusiyanın beynəlxalq imici xeyli sarsılıb, ayrı-ayrı məqamlarda ruslar onsuz da dünyaya çıxış imkanlarının məhdudiyyəti şəraitində saman çöpündən yapışıbmış kimi hansısa kart-blanş saydıqları xırdalıqlara əl atırlar. Məhz elə bu sarıdan düşündük ki, bu reytinqdə ruslar ədalətli, sülhsevər əsərlərə üstünlük verərək, guya öz şər rollarını danmış olacaqlar, yaxud da, ümumiyyətlə, əsl obyektiv mövqe tutacaq, oxucularını düşünüb həqiqətən də dünya uşaq ədəbiyyatı şedevrlərinin adlarını sadalayacaqlar.
Beləliklə böyük nağılçı Hans Xristian Andersonun doğum günü münasibəti ilə elan edilmiş Beynəlxalq Uşaq Kitabı günündən bir gün sonra LitRes kompaniyalar qrupunun şef-redaktoru Yekaterina Pisaryevanın başçılığı altında hazırlanmış Top-10-a nəzər salaq.
1.
Məşhur İsveç uşaq yazarı, “Balaca və damda yaşayan Karlsson” kimi kult əsərin müəllifi Astrid Lindqrenin “Mio, mənim Miom!” əsərinin reytinqə başçılıq etməsi təbiidir, dedikcə müdrikcəsinə yazılan və xeyir qüvvələrin tərənnümünə həsr edilmiş populyar əsərin liderliyi şübhə doğurmaya bilər. Ögey valideyinləri ilə bomboz Stokholmda yaşayan balaca Bosse bir gün içərisində Cin olan butılka tapır, Cin onu uzaq Arzular ölkəsinə aparır. Orada Bosse doğma atası ilə - Kralla tanış olur. Məlum olur ki, Bossenin əsl adı Miodur, o, sehirli krallığın şahzadəsidir. Məhz Mio əhalini qorxu işində saxlayan, uşaqları oğurlayan qaniçən, əzazil Kato adlı cəngavərdən qisas almalıdır...
Bu nağılı Lindqren 1954-cü ildə yazıb, tədqiqatçıların fikrincə, cəngavər Kato obrazı Adolf Hitlerin prototipidir.
Yeri gəlmişkən, indiki dövrümüzdə Coan Roulinq məhz bu əsərin təsiri ilə “Harri Potter” əsərini yazıb. Harri Potter Mionun yeni şəkildəyişməsidir.
2.
Nikolay Kunun “Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabı sırada ikinci dayanır. 1914-cü ildə yazılan və məktəblərdə tədris olunan bu əsər məşhur antik qəhrəmanlar barədəki bütün əfsanələri və mifləri bir yerə topladığı üçün çox oxunaqlıdır, uşaqların oxumasına dəyər. Üstəlik, kitabda “Odisseya” və “İlliada”dan fraqmentlər, arqonavtların macəraları da yer alıb.
3.
Çarlz Dikkens, “Oliver Tvistin macəraları”. Söz ola bilməz, uşaqlığımızda ən çox oxuduğumuz əsərlərdən biri, bəlkə də birincisi. Doğuş zamanı anasını itirən, yetimçiliklə böyüyən, yeniyetmə ikən kimsəsiz uşaqların quldur dəstəsinə düşən Oliver özü də istəmədən quldurluqla məşğul olur. Zaman keçir və məlum olur ki, o, kimsəsiz və səfil uşaq deyil, böyük bir sərvətin varisidir. Düzlük və təmizlik imtahanlarından çıxan, əksər halda nümunəvi davranış sərgiləyən Oliveri sonda həyatın təltif etməsi əlbəttə ki, Xeyirin Şər üzərində qələbəsini ehtiva edir.
4.
Qriqoriy Osterin “Ziyanverici məsləhətlər”i. Özünü necə aparmaq barədə möcüzəli kitab. Məşhur yazıçı nadinc, sözə baxmayan uşaqların ümumiləşdirilmiş obrazını yaradır, onların əsas xüsusiyyəti hər şeyi əksinə eləməkdir. Ona görə də əsərdə poetik nümumələr yumor janrında elə gözəl verilir ki, uşaqlar oxuyub bəhrələnirlər, nadinclər isə utanıb düzəlməyə çalışırlar.
5.
Ulf Stark, “Sevgi barədə kişik povest”. Fred adlı bir oğlan Elza adlı qıza – sinif yoldaşına vurulur. Amma cəsarəti çatmır qıza yaxınlaşmağa. Belədə, Fred atasının obrazı ilə danışmağa, ondan məsləhət istəməyə başlayır. Bu o dövrdür ki, İkinci dünya müharibəsi dünyanı öz ağuşuna alıb. Təzada bir baxın: Fredin atası cəbhədə qorxu bilmədən döyüşür, qəhrəmanlıq göstərir, Fred özü isə bir qıza ürəyini açmağa qorxur. Atasının obrazı ilə söhbətləşməsi Fredi dəyişir, onda özünəgüvən yaradır. Həqiqətən də, uşaqlar müəyyən müddətə kimi mütləq valideyinlərinin dəstəyi ilə yaşamalıdırlar.
6.
Mariya Parr, “Vaflidən ürək”. Müasir Norveç yazıçısı bu əsərini çox gənc ikən, cəmi 24 yaşında yazıb. Kitab onlarca xarici dilə çevrilib, onu hər yerdə oxuyur və bəyənirlər. Bu əsər 9 yaşlı Trillenin və rəfiqəsi Lennin hər dəfə çətin vəziyyətlərə düşmələrindən və bu vəziyyətlərdən bacarıqla çıxmalarından bəhs edir.
9.
Biz bütün onluğu təftiş etməyəcəyik. 9-cu pilləyə keçirik. Təbii ki, bir rus nəşrinin təşkil etdiyi reytinqə rus yazıçısının salınması da təəccüblü deyil, bunu qüsur da saymaq olmaz. Aleksandr Volkovun “Zümrüd şəhərin sehirkarı” nağılı həqiqətən də zamanında çox sevilib və oxunub. Elli Smit, onun dostu, Totoşka adlı danışan it, Qorxaq Şir, Dəmir Drovosek və Straşila – obrazlar çox canlı və maraqlıdırlar, uşaqlar 1939-cu ildə yazılan, 1959 və 1973-cü illərdə təkrar çap edilən bu nağıldan faydalı çox şey götürə bilirlər.
Bəs davamız nə ilədir?
10.
Onluğun onuncu pilləsini Narine Abqaryanın “Mnayunya” kitabı zəbt edib. Təsəvvür edin ki, LitRes keçən il də uşaq kitablarının reytinqinə bu üzdəniraq müəllifi və onun əsərini salmışdı. Bir dəfə təsadüf ola bilər, ancaq ikinci dəfəki artıq zərurətdir.
Ən qatı ədədbiyyatçılardan sual etsək ki, belə müəllif eşitmisinizmi, bir ağızdan “yox” deyəcəklər əlbəttə. Bəs onda bu erməni qadın yazar hardan zühur edib ki, belə bir nüfuzlu reytinqdə yer tutub?
Siz LitResin təqdimatına bir baxın: “Narine Abqaryan onun ürəyinə əziz olan Ermənistan barədə, insan xeyirxahlığı barədə, hər şeyin daha yaxşı olacağına inam barədə yazır. Onun qəhrəmanı Manyunya və Nra dünyanı tanımaq istəyən iki rəfiqədirlər. Onlar həyatı daha maraqlı edən nadinclikləri də bilirlər, həyatı daha mükəmməl edən aqillikləri də...”
Bu isə Yekaterina Pisarevanın yazının əvvəlindəki təqdimat yazısından fraqment: “Məşhur klassik kitablarla, dünyaşöhrətli yazarların adları ilə yanaşı onluqda müasirlərimiz, hazırkı bestsellerlərin müəllifləri də yer alıb. Onlardan birini mütləq qeyd edək, Narine Abqaryanın olduqca maraqlı və cəlbedici “Mnayunya” kitabını...”
Həqiqətən də söz tapa bilmirik.
Onu da deyək ki, Abqaryanın onluqda açıq-aşkar yamaq olması sezildiyi kimi, onun kimin yerini zəbt etməsi də açıq-aşkar sezilir. Bu reytinqin səkkiz təmsilçisi azacıq fərqlərlə başqa – digər nəşrlərin reytinqlərində də yer alıb. Aleksandr Volkovun “Zümrüd şəhərin sehirkarı” və Narine Abqaryanın “Mnayunya”sı olsun ki, Mark Tvenin dünyaca məşhur “Tom Soyyerin macəraları” əsərinin, eləcə də digər dünya şedevrinin – Antuan de Sent Ekzüperinin “Balaca şahzadə”sinin yerini zəbt ediblər. Görkəmli Amerika yazıçısını reytinqə salmayan ruslar hazırda onlara qarşı koalisiyanın başında dayanan bir ölkədən acıq çıxırmışlar kimi öz acizliklərini göstərirlər. Dahi fransız yazarını da ruslar saya almırlar, faktdır. Amma dahilərin yerinə rus yazarı salmaqları anlaşılandır, erməninin salınması isə tam absurddur.
LitRes kifayət qədər ciddi nəşr olduğundan, inanmırıq ki, Pisareva Abqaryanı, tutalım, öz rəfiqəsi olduğu üçün taxt-taca qaldırsın. Bu saytda həmişə ümumədəbiyyat mövqeyi şəxsi mövqedən üstün olub. Demək, orta səviyyədən də aşağı olan bir erməni “axçı”sindən dünyaşöhrətli bestseller qəhrəmanı düzəltmək çabası hazırkı rus art-siyasəti üçün prioritet imiş. Tarix boyu öz şovinist maraqlarını erməni kimi dırnaqarası müttəfiqləri hesabına reallaşdıran ruslar, görünür, hələ də öz şakərlərindən əl çəkməyiblər, köhnə vərdişlərini yadırğamayıblar. Amma bir şeyin fərqində deyillər ki, bu həna o hənadan deyil. Ruslar hazırda elə dalana dirəniblər ki, o dalandan onları gənc Narine Abqaryan o yana, heç xortdayıb gəlmiş erməni klassiki Xaçatur Abovyan da dartıb çıxarmaq gücündə deyil.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
“Duymazsan qədrini, gecikər ömür...” - Güneyli şair Yalçın Türkayın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri Yalçın Türkayın şeirləri ilə tanış edir.
Yalçın Türkay1981-ci ildə Təbriz şəhərində doğulmuşdur. 2002-ci ildən ədəbiyyata marağını göstərib şeirlər yazmağa başlamışdır. “Sancı” dərgisinin yazıçılar heyyətində çalışmışdır. Onun “Qızı mücahidlər” və “Popcorn yeyən ənqa quşları” adında şeirlər kitabı çap olunmuşdur.
Onun şeirləri antologiya kitablarında və müxtəlif dərgilərdə çapa buraxılmışdır. O, Əli Səmid Kür, MirƏli Seyidov, Nəbi Xəzri, Əli Kərim, Paşa Qəlbinur, F. M. Dostoyevski, Cabir Novruz, Xəlil Rza Ulutürkün kitablarını Güney Azərbaycanda çapa yetirmişdir.
ÖLÜMƏ DAYİR BİLDİRİŞ
Hadisədən neçə mənzil uzaqda
Əlləri ciblərində,
Yüyürürdü usu pərişan!!
Bir təkcə getdiyi yolu duyurdu -
Bir də yalnızlığını...
Gərgin idi – didərgin idi
Yol uzunu birbaşa durmadan yüyürürdü -
Yüyürürdü - dururdu;
Dururdu və göy üzünə baxıb gülürdü!!
Hadisə baş vermədən,
Baş alıb yola çıxdı...
O yola çıxdığında ölüm evinə girdi!
O yola çıxdığında ölüm evini yıxdı!
Hadisədən neçə mənzil uzaqda
Əlləri ciblərində
Yüyürürdü usu pərişan...
Yüyürürdü özündən,
Yüyürürdü ölümdən,
Ölümdən yüyürürdü
Ölümə doğru...
ANATOMİK DÜNYA GÖRÜŞÜ
Biraz göylərdən danış!
Biraz da,
Məhəbbətin muzikal dünyasından!
Başqa şeydən danışma -
Qulağının içində yeriyirik göylərin...
Azacıq göy üzündə
Uçan quşları düşün...
Bir də ki, ağacların fəlsəfi düşünməsin!
Ayaqların üstündə gəzən adamlara bax!
Nifrətdən –
Dərddən iraq,
Gözlərinin içində yeriyirik göylərin...
DÜŞÜNMƏK AĞRIMIZ BİZİM...
Sezmək zorunda
Olmamağımız üzrə,
Düşünməyin -
“Baş ağrı”-sına dəyməz-”dir(liyini)”
Başa düşüb - düşərkən
Gündəm həyatın
Ənənəvi gedişatına qoşulduq!
İşsiz ikən düşünmək
“Elə bətər bir iş deyil”-diri
Iliyimizlə mənimsədiyimiz üzdən
Proses keçirə biləcəyimiz açıdan
Fəlsəfəni fantastik”-dir” düşünüb,
Səhər-səhər yola düşdük.
Uğur qazanacağımızı inanaraq
Alışaraq, yanaraq...
Bir də -
Yandığımız ucbatından
Yanmağımızı anaraq
Səhər- səhər yola düşdük...
Səhər-səhər yürüşdük...
...İşsiz ikən düşünmək
“Elə bətər bir işdə deyil”-diri
Düşünərək yürüşdük!
Başımızın ağrımasını
Tənimizin ağrımamasına
Tərcih bilərəkdən
Bilərəkdən
Əkdən
Dən...
GÜNƏŞ BATARKƏN – YALNIZLAŞAN YAŞAM
Axşam bürküsündə yalnız qaldıqda
Sonsuz macəralar həndəvərində
Keçir yüz illiyin xatirələri
Ayağın altından addım ataraq.
Duymazsan qədrini, gecikər ömür,
“Yalnızlıq” ansızın anlam taparaq.
Günəş up-uzaqda bir daha batar,
Şübhə ilə,
Kölgəndən uzaqlaşarsan!
Buludsuz göylərin (indiki “anı”)
Dibindən ahəstə-ahəstə keçər!
Günəş up-uzaqda bir daha batar,
Sən isə bir daha yalnızlaşarsan!
Sən isə bir daha yalnız yaşarsan!!...
AĞAC YUXUSUNUN KƏPƏNƏK YOZUMU
Kəpənəklər həyatı düşünməsəydilərsə,
-Qaranlıqda itənlər-
Gündüzü güdməz idi!
Çünki günəş göylərdə
Kəpənəkdir -
Düşünür, yanır,
Ağacların yuxu görməsində!..
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)