Super User
Günün fotosu: Heydər Əliyev və yazıçılar
Günün fotosu: Heydər Əliyev və yazıçılar
Bu dəfə arxiv fotosu təqdim edirik. Heydər Əliyev yazıçıların arasında. Yazıçıları yəqin ki, tanıdınız. Qabil, Anar, Sabir Rüstəmxanlı, Yusif Səmədoğlu, Zəlimxan Yaqub və digərləri.
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
Şəhidlər unudulmayacaq!
Bu günlərdə kitab rəflərinə yeni kitab daxil oldu - “Zəfəri yaradanlar”.
“Ədəbiyyat və incəsənət” portalı kitabın müəllifi - sumqayıtlı yazar Lilpar Cəmşidqızı ilə əlaqə saxlayaraq ondan yeni nəşr edilən kitabı barədə bilgi almışdır.
Lilpar Cəmşidqızı demişdir:
-Çox çətinliklə də olsa, Sumqayıt şəhidlərinə yazdığım kitab işıq üzü gördü. Bu kitab Sumqayıtın aprel şəhidlərinə, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizə, 2022 və 2023-cü ildə antiterror əməliyyatında canlarından keçən, ümumi 130 şəhidə yazılmışdır və vətənpərvər şeirlər öz əksini tapmışdır.
-Lilpar xanım, ara-sıra kitabın çapı ilə bağlı qarşılaşdığınız çətinliklər barədə də gileyləndiyinizə şahidik.
-Bu kitabın araya-ərsəyə gəlməsinə mane olanlar həqiqətən də yolumda qaratikan kimi bitənlər az olmayıb. Amma mən bu kitabı, nəhayət, çap elətdirdim. Kitab həddindən artıq səliqəli, nəfis şəkildə alınıb.
Kitab şəhid analarına şəxsən mənim tərəfimdən hədiyyə olunacaq. Vətən yolunda canından keçən oğullarımızı yad eləmək hər birimizin borcudur. Ruhu şad olsun, Şəhidlərimizin, Amin!
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
“Eşq uzaqlığa aşinadır” - KİTAB BƏLƏDÇİSİNDƏ
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
"Bəyaz gecələr" kitabından sonra 21 illik həyatımda ikinci dəfə içində mənə uzaq ideyalarla zəngin "Kürk Mantolu Madonna" kitabını oxudum. Və hələ kiçik yaşlarımda məktəbdə oxuyarkən ədəbiyyat müəlliməmin eşq və sevgi ilə bağlı dediyi məhz həmin cümləni xatırladım.
Mən indi həmin cümləni öz təxəyyülümə uyğun düzəliş edib başlıq hissəyə əlavə etsəm də, cümlə elə də dərin deyildi, sadəcə doğru idi. "Əsl eşq qovuşmadıqda eşq olaraq qalır". Bəlkə də bu cümləni unutmamağıma elə ən böyük səbəb onun doğru olması idi?! Bəlkə də eşqin bir müddət sonra yerini sevgiyə təslim etməsi və yaxud ən ülvi hisslərin elə eşqin yox olması ilə bərabər itməsi ən böyük tragediya idi?!
Kitabın ən son səhifəsində xəyalıma kiçik yaşlarımda Samanyolu televiziya kanalında baxdığım bir film gəldi. Həmin filmdə öz həyatlarından razı olmayan insanlar Tanrının elçisi tərəfindən yaşamaq istədikləri həyata giriş üçün kiçik bir açarla mükafatlandırılırdı. Lakin bu həyatlarında sonluq hər zaman bərbad olurdu. Bununla belə verilən əsas mesaj bu idi ki, Tanrı bizə bizim üçün xeyirli olan nədirsə, məhz onunla mükafatlandırır, qeyrisi hər zaman çıxılmaz bir küçədir. Bəlkə də, Raif və Maria üçün də xoşbəxt bir sonluq elə ən kədərli sonluq olacaqdı?!
Bir şeyi unutmayaq eşq toxunmaq üçün bir bədənə deyil, bir ruha ehtiyac duyur. Əsl eşq elə bu kitabdakı kimi bədənlərin deyil, ruhların qovuşduğu zaman məqbul sayılır!
Hayat ancak bir kere oynanan bir kumardır, ben onu kaybetdim. İkinci defa oynayamam....
Mən çox uzatmadan burada fikirlərimi yekunlaşdırıram. Xoş mütaliələr!
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
Sizi deyib gəlmişəm...
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
”Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: “Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər”.
Ey mənim müsəlman qardaşlarım! Zəmani ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açıb və gözlərinizi yumub, o qədər “xa-xa!..” edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə üz-gözünüzü silib, “lənət şeytana!” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza”.
Aprel ayının 7-si milli mətbuat tariximizdə çox əhəmiyyətli və əlamətdar bir gündür.
Belə ki, 7 aprel 1906-cı ildə mətbuat, ictimai fikir və ədəbiyyat tariximizdə əvəzsiz rol oynamış, Azərbaycanda ilk məktəb yaradan jurnal olmuş "Molla Nəsrəddin" jurnalının ilk sayı işıq üzü görmüşdür. "Molla Nəsrəddin" jurnalı ilə birlikdə həm də təkcə Azərbaycanda deyil İdel-Ural, Orta Asiya türk-müsəlman əhalisi arasında həmçinin İran və Osmanlıda satirik mətbuatın əsası qoyulmuşdur.Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin Tacir Məşədi Ələsgər Bağırzadənin köməyi ilə Tiflisdə açdıqları "Qeyrət" mətbəəsi geniş fəaliyyətə başladıqdan sonra onlar “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal nəşr etmək üçün 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edirlər. Martın 4-ü Cəlil Məmmədquluzadəyə jurnalı çap etdirmək üçün qubernatorun dəftərxanasından şəhadətnamə verilir.
Jurnalın baş redaktoru Mirzə Cəlil, baş yazarı isə Ömər Faiq Nemanzadə olur.
Jurnalın 1-ci nömrəsi aprelin 7-si Tiflisdə 1000 tirajla çap olunur. 8 səhifəlik jurnaldakı məqalə felyeton və şeirləri Ömər Faiq Nemanzadə ilə Cəlil Məmmədquluzadə yazır. Karikaturaları isə Tiflisdə yaşayan alman mənşəli rus rəssamı Oskar Şmerlinq çəkir.
Cəhalətlə, dini fanatizmlə mübarizə aparmağı, xalqı qəflət yuxusundan oyatmağı qarşısına məqsəd qoymuş jurnalın ilk nömrəsinin üz qabığında yatmış insanlar təsvir olunmuşdu.
Jurnal tez bir zamanda dövrün maarifçilərini, ədiblərini öz ətrafına toplayır. Jurnalın müəllifləri arasında Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz Cəfər Cabbarlı kimi ədiblər yer alır. Oskar Şmerlinqdən başqa o dövrdə Tiflisdə yaşayan alman rəssan İosif Rotter, Əzim Əzimzadə, Xəlil Musayev, Seyid Əli Behzad kimi rəssamlar da jurnalla əməkdaşlıq edirdilər.
Sadə xalq tərəfindən böyuk rəğbətlə qarşılanan jurnal ruhanilər və dövlətlilər tərəfindən lənət və hədələrə məruz qalırdı.
Molla Nəsrəddin jurnalı həmçinin azərbaycan qadınlarının azadlığı uğrunda, onların kölə vəziyyətindən qurtarması uğrunda da mıbarizə aparır, qadınların da kişilərlə bərabər hüquqlara malik olmasını tələb edirdi.
Cumhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsində qadın azadlığına xüsusi önəm verən Molla Nəsrəddin jurnalının da payı olmuşdur.
Həftədə bir dəfə Azərbaycan dilində dərc olunan bu jurnal bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi.
Fasilələrlə 25 il ərzində ümumilikdə 748 nömrəsi çap olunmuş jurnalın 340 nömrəsi Tiflisdə, 8 nömrəsi Təbrizdə, 400 nömrəsi isə Bakıda çap olunmuşdur.
Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-illərdə Bakıda nəşr olunmuşdur.
1922-ci ildən etibarən Bakıda fəaliyyətə başlayan jurnaldakı məqalələr və karikaturalar Sovet hökumətinin xoşuna gəlmədiyi üçün Məmməd Səid Prdubadiyə jurnala nəzarət etmək tapşırılır. Hətta bəzi nömrələr Cəlil Məmmədquluzadədən xəbərsiz hazırlanıb çap edildiyi üçün Mirzə Cəlil jurnalın redaktorluğundan imtina edir.
Molla Nəsrəddin jurnalının sonuncu nömrəsi 1932-ci ilin yanvarında çap olunub.
2010-cu ildən aprelin 7-si "Molla Nəsrəddin" jurnalının şərəfinə Azərbaycan karikaturaçı rəssamlar birliyi tərəfindən karikaturaçılar günü elan edilib.
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
Çox təhlükəli istiqamət və AZƏRBAYCAN GÜNDƏLİYİ
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün Brüsseldə Avropa Birliyi–ABŞ–Ermənistan üçlü görüşü keçirilir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı üçlü görüşdə Ermənistanın iqtisadi inkişafı ilə bağlı məsələlərin müzakirə ediləcəyi açıqlansa da, öncədən fərqli qaynaqlarda hərbi məsələlərin də gündəmdə olacağı xəbəri yayılıb.
Əgər hərbi məsələlər müzakirə olunursa, bunun ilk növbədə kimə qarşı olduğunu kim bilmir? Ermənistanda əvəzçıxma sevdalılarının olduğunu da bilməyən yoxdur. İşin əcaibliyi yalnız bunda deyil; iş ondadır ki, əsasən rusiyayönümlülər kimi tanıdılan (Köçəryan-Sarkisyan klanını, “Daşnaksütyun”ü və bu kimi digər idbar “qüvvələr”i əhatə edən) əvəzçıxma sevdalıları ilə Qərbyönümlü, “Soros yetirməsi” kimi tanıdılan Paşinyan hökuməti və (onun patronu sifətində sabitləşməkdə olan) Qərb institutları, budur, çəkici bir yerə vurmuş kimi görünür. Qərb də, Rusiya da, hələ bunlar azıymış kimi, vİran da Ermənistanı gücləndirmək istəyir. vİranın ikiüzlü, çoxüzlü siyasəti davam və inkişaf edir. Paytaxtında və digər ərazilərində “Yeni Naxçıvan” adlı erməni milli-ruhani mərkəzlərini barındıran Kreml zehniyyəti ilə bağlı məsələ də aydındır. O da aydındır ki, Brüsseldə yeni qucaq arayışlarını normativləşdirməyə çalışan Paşinyanın “29,8 kv.km ərazi”sinin sınırlarını ermənilər özləri qorumur; sınırlarında Rusiya hərbçilərinin durması bir yana, məlumunuz Gümrüdə böyük rus hərbi bazası var. Həmin – 102-ci Rusiya hərbi bazası (Ռուսաստանի 102-րդ ռազմական բազա; 102-я Российская военная база) 30 il öncə Rusiya Müdafiə Nazirliyinin direktivi ilə yaradılıb. Keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılan hərbi bazanın şəxsi heyətinin hazırda 4 min nəfər olduğu bildirilir. Bazanın döyüş heyəti Gümrü və İrəvan qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonunda isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı var. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji qoruma taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, televiziya mərkəzi və s. fəaliyyət göstərir. (Bunlar mətbuata açıq qaynaqlardakı bilgilərdir).
Bir qədər detallı bilgiləri paylaşarkən, yadımıza salaq: II Qarabağ müharibəsinin gedişində işğalçıların mühəndis-istehkam baxımından yetərincə möhkəmləndikləri, motoatıcılarının, minaatanlarının, tank əleyhinə divizionlarının özlərinə görə çox hazırlıqlı olduğu, habelə düşmənin ağ fosfor tərkibli sursatlardan və s. istifadə etdiyi bəlli olmuşdu. Mən bunları xatırladarkən, 102-ci hərbi bazanın işğalçılara töhfələrini nə təkzib, nə təsdiq edə bilmirəm. (Rusiya 2020-ci ilin yayında Xəzər və vİran üzərindən Ermənistana intensiv olaraq hərbi təyinatlı yük daşımalarını guya 102-ci bazanın cari tələbləri ilə izah etmişdi. Təbii, biz inanmamışdıq, bu gün də inanmırıq. Bu öz yerində). Ancaq onu bilirəm ki, Ermənistanın etibarsız siyasəti onu Rusiya ilə Qərb arasında çəpdişli çarxlar altına salarkən, bundan bütün Qafqaz, yaxın ölkələr də zərər görəcək. Qonşunun qışdan yanan evi bizim evi isitməz. Hərçənd Ermənistan nə qonşu kimi qonşu, nə də dövlət kimi dövlətdir...
Prezident İlham Əliyevin aprelin 5-də Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, keçmiş Xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən vurğuladığı kimi, hazırda dünyada, o cümlədən Güney Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Güney Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.
Onuda xatırladaq ki, dünən Türkiyə XİN Brüssel uçlü görüşünü (haqlı olaraq) pisləyən Açıqlama ilə çıxış edib. Bundan az öncə İtaliya XİN Fransa XİN-in anti-Azərbaycan mövqeyini sərt tənqid etmişdi.
Brüssel üçlü görüşündən danışarkən, Antoni Blinkenin, Ursula Fon der Lyayenin Paşinyanla görüş günündən öncə Prezident İlham Əliyevə zəng etməsini də xatırlatmalıyıq. ABŞ Dövlət katibi və Avropa Komissiyasının Prezidenti Azərbaycan ictimai fikrində yaranmış haqlı narahatçılığı keçişdirməyə çalışsa da, habelə, Brüssel görüşü barədə ilkin açıqlamalarda iqtisadi dəstək faktoru qabardılsa da, axı biz hansı irslərinə, təcrübələrinə əsaslanaraq onlara inanmalıyıq?..
Budur, Brüsseldən xəbərlər gəlir. Ermənistan məgər ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalırmış... – Bunu Paşinyan deyib. O, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün bölgəsəl kommunikasiyaların (blokunun) açılmasının tərəfdarı olduqlarını bildirib. Sınırların delimitasiyasına da toxunan Ermənistanın Baş naziri məhz bəlli Almatı Bəyannaməsinə istinad edib. Etsin etməyinə amma Ermənistanla bizim aramızda yığılıb qalmış problemlər Almatını aşar. İlk növbədə, ona görə ki, Almatı Bəyannaməsindən sonra Ermənistan elə müharibə cinayətləri, soyqırım aktları törədib, elə hoqqalardan çıxıb, o Bəyannaməni elə heçə sayıb ki, indi 33 il sonra o sənədə istinad etməyə ən azı mənəvi haqqı (ümumiyyətlə haqqı) yoxdur! İşinə yarayanda Almatı Bəyannaməsi, yaramayanda işğalçılıq siyasəti?..
“Biz sülhün olduğu Güney Qafqaz istəyirik”. – Bunu isə ABŞ Dövlət katibi Blinken bildirib. – “Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh ortamında yaşamasını, region ilə əlaqələnməsini istəyirik. ABŞ və AB bu səylərinin həyata keçməsində tərəfdaşdır”. Sülh ortamı üçün tərəflərdən birini gücləndirmək ədalətli yanaşmadırmı? – Sual olunur, ABŞ, AB Ermənistanı nəyə hazırlayır, onun qonşulara (Azərbaycana, Türkiyəyə) hansı problemləri yaradacaq qədər güclü olmasını istəyirlər?
Blinken Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə yatırım qoyduqlarını da açıqlayaraq bildirib ki, bu məqsədlə 2023-cü ilin büdcəsindən 65 milyon dollar ayrılıb. – Pul onların, qərar onların – bunları bilirik; bilmədiyimiz budur ki, birtərəfli, ikilistandartlar tətbiq edərək, iki tərəf arasında hansı meyarla, hansı ədalət tərəzisi ilə vasitəçi olmağı düşünürlər? ABŞ “Azadlığı müdafiə aktı”na adıyaman 907-ci düzəlişi qəbul edən, qondarma “erməni soyqırımı”nı tanıyan ABŞ deyilmi? Ermənistanda baş verən gerçək cinayətlərə, hüquqsuzluqlara göz yuman, ancaq Azərbaycanın gözündə tük axtaran ABŞ (və AB) deyilmi?
Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayarkən, Ermənistanın vİranın uzunmüddətli, səmərəli dəstəyi ilə barındığını, Rusiyanın forpostu olduğunu, eləcə də, 30 illik işğal dönəmində Qarabağı talan edib Ermənistana (və vİrana) daşıdıqlarını hansı üsulla “unudub”?..
Blinken onu da deyib ki, ABŞ Qarabağı tərk edən erməniləri də dəstəkləməyə davam edəcək: “Bu, Ermənistanın uzunmüddətli sabitliyi, çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir”. Xub! – Amma Ermənistana öz xoşu ilə rahat keçən bir ovuc erməni üçün belə həssasiyyət, diqqət-qayğı göstərən ABŞ, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə münasibətdə həmin həssasiyyətin dörddə birini göstəribmi? – Göstərmədiyini bilə-bilə, Azərbaycanda ədalət mücəssiməsi kimi qəbul edilə bilərmi? BMT-nin Təhüləkiszlik Şurasının daimi üzvü, NATO-nun qurucu üzvü, nüvə dövləti, güclü istisadiyyata malik bir ölkə nə üçün bunca cılız davranmalıdır?..
Bəlli olduğu kimi, dünən (aprelin 4-ü) Beynəlxalq Mina Xəbərdarlığı Günü idi. Bu əlamətdar Beynəlxalq Günlə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi bir Açıqlama yayınlayıb. Elə bir açıqlama ki, sanki Azərbaycan ərazilərindəki minalar ya təbii şəkildə özü yetişib ya da yadplanetlilər xəlvətcə basıdırıbmış biz bilməmişik... Bəli, dünən belə bir dayaz açıqlama verən, ErMİNAstanın (Terroristanın) adını çəkməkdən “çəkinən” ABŞ, bu gün Brüsseldə Ermənistanı ballayıb-bələməkçün AB ilə birgə görüş keçirir...
ABŞ Azərbaycanın Ermənistan işğalından azad edilmiş ərazilərinin işğalçılar tərəfindən kütləvi minalanması, Ermənistan hökumətinin mina yerləri ilə bağlı bilgiləri bölüşməkdən imtinasına nə əcəb vurğu etməyib?
ABŞ işğal altında olmuş ərazilərin kütləvi minalanması probleminin, hazırda mülki şəxslərin təhlükəsizliyi, yaşayış imkanları üçün ciddi təhlükə olduğunu önəmsimirmi?
*
Yuxarıda vurğuladığımız kimi, Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib; Çavuşoğlundan iki gün öncə (02.04.2024) isə Türkiyə Cümhurbaşqanlığının Müdafiə Sənayesi Komitəsinin başqanı Haluk Görgünün başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda olmuşdu. Əlbəttə, bu görüşlər, səfərlər təsadüfi deyil, hər birinin özünəxas məzmunu, məna dərinliyi, üfüq genişliyi vardır.
Bu günsə bəlli oldu ki, Azərbaycan-Quzey Kıprıs Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır. – Qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilib.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
Lənkəranda II Kitab Sərgisinin açılışı oldu, yazıçı Varisin oxucularla görüşü keçirildi
Telman Aslanov, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün Azərbaycanın 2024-cü il üçün gənclər paytaxtı Lənkəranda günəşli, mülayim havadır. Bu xoş ovqata Lənkəranda açılışı olmuş II Kitab Sərgisi də əlavə çalar qatıb.
Heydər Əliyev Mərkəzində keçirilən sərgi iki gün davam edəcək. Tədbir Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Sərginin təşkilində ölkənin 30-a yaxın aparıcı nəşriyyatının, 70 nəfərə yaxın yazıçı və ziyalının iştirakı təmin edilib. Tədbir çərçivəsində maraqlı proqram və çoxçeşidli kitabların 20-90% arası endirimli satışı, eləcə də nümayişi nəzərdə tutulub.
Müxtəlif endirimlərin tətbiq olunduğu kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar təşkil edilməkdədir.
Açılış mərasimində çıxış edən ANAİB sədri Şəmil Sadiq kitabın bütün cəmiyyətlərdə artan rolundan, təşkilat olaraq tək Bakını deyil, bütün bölgələri əhatə edərək kitabın populyarlaşmasına verdikləri töhfədən, o cümlədən artıq 2-ci dəfə Lənkərana təşrif buyuran bu kitab sərgisinin bölgə əhalisi üçün necə bayram əhval-ruhiyyəsi bəxş etməsindən danışıb.
Tanınmış yazıçı Varisin oxucularla görüşü, imza saatı, eləcə də 2 kitabının - “Son məktub” və “Əzilmiş fotoşəkillər”in yeni - 4-cü nəşrlərinin təqdimat mərasimi də Lənkəran sərgisinin birinci günündə maraqla qarşılanıb. “Hədəf” qrupuna aid “XAN” nəşriyyatı kitabları səhər Bakıda çapdan çıxarıb isti-isti Lənkərana gətirib. Ümumən yazıçının 5 bestsellerinin yayım hüququ artıq bu nəşriyyatdadır.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin sədri Qafar Cəfərlinin moderatorluğu ilə keçən tədbirdə Varis öz yaradıcılıq yolu, ölkə daxilində və beynəlxalq miqyasdakı uğurları barədə danışıb, oxucuların suallarını cavablandırıb.
Görüşdə bölgə yazarları, gənc kitab həvəskarları, media təmsilçiləri iştirak ediblər.
Sabah daha bir tanınmış yazıçının - Rövşən Abdullaoğlunun oxucularla görüşü olacaq.
Sabaha nəzərdə tutulan daha bir maraqlı tədbir Azərbaycan Ədəbiyyat Fondunun və AYB Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə “Region ədəbiyyatı. Problemlər, perspektivlər” mövzusunda dinləmədir.
Sərgi lənkəranlı oxucular tərəfindən məmnuniyyətlə qarşılanır və böyük marağa səbəb olub. Heydər Əliyev Mərkəzində ətraf rayonlardan - Astara və Masallıdan da kitabaevərlərin gəlməsi, kitablara maraq göstərənlər arasında xeyli məktəblinin olması da diqqətimi çəkdi.
Kitabsevərlər bu kimi tədbirlərin oxucuların sayının artmasına və gənc nəslin daha da sosiallaşmasına müsbət təsir göstərdiyini vurğulayırlar. Həmçinin, bu sayaq kitab sərgilərinin keçirilməsinin cəmiyyətdə kitaba olan marağın artmasına, mütaliə mədəniyyətinin daha da yüksəlməsinə xidmət etdiyi qeyd olunur.
Kitabları sevək, onlarla dostluq edək!
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
DOST benefisiarlarının əl işləri Cenevrədə nümayiş etdirilir
Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Cenevrə Ofisi, Cenevrədə yerləşən “ASK” (“All Special Kids”) təşkilatı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşəbbüsü ilə Cenevrədə Millətlər Sarayında 2 aprel -Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş sərginin açılışı olub. Sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının 70-ə yaxın əl işi nümayiş etdirilir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən məlumat verilib.
BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və “ASK” (All Special Kids) təşkilatının rəhbəri Dr. Cenifer Hollovay sərginin açılış mərasimində çıxış ediblər. Tədbirdə autizm spektr pozuntusu olan şəxslərin cəmiyyətə inteqrasiyası və uyğunlaşması istiqamətində maarifləndirmə işlərinin artırılmasının zəruriliyi qeyd edilib. Sərginin təşkilində məqsəd xüsusi istedada malik belə şəxslərin yaradıcılığının tanıdılması, bacarıqlarının reallaşdırılmasına imkan yaratmaqdır.
Mərkəzin nümayəndələri tərəfindən tədbir iştirakçılarına qurumun fəaliyyəti və xidmət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, hazırda Mərkəzdə həssas əhali qruplarına aid 180 nəfərdən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb olunub. Mərkəzin fəaliyyət müddəti ərzində 330 nəfərdən çox əlilliyi olan, o cümlədən 50 nəfərə yaxın autizm spektrli şəxsə xidmət göstərilib.
Açılış mərasimində iştirak edən Cenevrədə akkreditə olunmuş diplomatik korpusun və ictimai təşkilatların nümayəndələri, soydaşlarımız Azərbaycan rəssamlarının əl işləri ilə tanış olublar. Mərkəzin benefisiarlarının rəsm əsərləri, floristika və keramika nümunələri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin autizm spektrli benefisiarlarının əl işlərinin sərgidə nümayiş etdirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edilib.
Ekspozisiya aprelin 9-dək Cenevrədə Millətlər Sarayında nümayiş etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
“Heç kəs unudulmur, heç nə yaddan çıxmır…” -Respublika Gənclər Kitabxanasından reportaj
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün yenidən yolumu Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından saldım. 4 aprel günüydü. Tarixi bir hadisənin ildönümüydü…
Azərbaycanın ən yeni tarixinə yazılan şanlı səhifələrdən biri də Aprel döyüşləridir. Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü ordu olduğunu təsdiqləyən Aprel qələbəsi xalqımızda Ali Baş Komandanın döyüş əmri ilə başlanacaq döyüşlərdə qəhrəman Azərbaycan ordusunun qalib gələcəyinə, torpaqlarımızı işğaldan azad edəcəyinə əminlik yaratdı. Artıq yaxın hərb tariximizin parlaq səhifələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan 2016-cı ilin Aprel döyüşlərindən 8 il keçir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar silsilə materiallar – “Şanlı zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində videomateriallar, “Aprel döyüşləri tariximizin şanlı səhifəsi” adlı ənənəvi kitab sərgisi və “Aprel döyüşləri – zəfərin başlanğıcı” adlı biblioqrafik icmal hazırlanıb. Biblioqrafik icmalda Aprel döyüşlərinin başlanma səbəbləri, nəticələri, tarixi əhəmiyyəti barədə geniş məlumat verilir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər yer alır. Materialda Aprel döyüşləri haqqında sitatlar, şəkillər və “Şəhidlik zirvəsinin fatehləri : bədii-sənədli əsər”, “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Qalibiyyət: şahidlər və şəhidlər”, “Vətən mücahidləri”, “Aprel döyüşləri-Vətənimin tarixi uğuru”, “20 Yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kimi 20-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.
“Şanlı zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində hazırlanan videomateriallarda qəhrəman Azərbaycan oğullarının keçdikləri şərəfli döyüş yolundan bəhs edilir. Videomateriallarda Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlar haqqında söylənilən xatirələr, onların təltifləri, şəxsi və döyüş dönəmini əks etdirən fotoşəkillər də təqdim edilir.
Respublika Gənclər Kitabxanasında Aprel döyüşləri ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib. Buyurub tanış ola bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Keçir” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə sevilən şairiniz Musa Ələkbərli görüşür. “Keçir” şeiri bir nostalgiya nümayişidir.
Amma burda şikayət motivləri də güclüdür.
Baxan nə bilsin ki, düzün düz yolu
Yüz qurğudan keçir, kələkdən keçir.
Xoş mütaliələr!
KEÇİR
Yerdən ulduz qədər məndən uzaqdı,
İndi o duyğu ki ürəkdən keçir.
Çörək hayındadır günün sərt üzü
Daha çox arzudan, diləkdən keçir.
Getdi ömrümüzün sevilən çağı,
Bir vaxt yar dediyim olubdur yağı.
Niyə yandırım ki mən o çırağı
Bir ötəri mehdən, küləkdən keçir.
Mən nəyi duymadım, mən nəyi duydum,
Harda haqqı dandım, yalana uydum?!
Gecə ki başımı yastığa qoydum
Gündüzüm ələnib ələkdən keçir.
Dövranın bicliyi, vaxtın kələyi,
Yandırdı əlimdə o son lələyi.
Çox da tanrı yazır bizə taleyi
Dönəmi - döngəsi fələkdən keçir.
Bu şeytan cığırı - bu ilbiz yolu,
Ya yol bizi çəkir, ya da biz yolu...
Baxan nə bilsin ki, düzün düz yolu
Yüz qurğudan keçir, kələkdən keçir.
Gözəllik bazarda satılır indi,
Mələklər baş-başa çatılır indi.
Ceyranlar gülləyə atılır indi
Nə teylənir, nə də sürəkdən keçir.
Həyat dağa-daşa çırpdıqca məni,
Tutur gözlərimi başımın çəni.
Hələ ki, Musanın ömür yelkəni,
Dalğadan, tufandan, küləkdən keçir.
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)
Üç gözəli niyə də gedib görməyəsiniz?
Könül, “Ədəbiyyat və incəsənət”
Bu cümə axşamını məsləhətdir ki, Rus Dram Teatrında keçirəsiniz. Ənənəvi məkan, ünvanı yəqin gözəl bilirsiniz - Malokan bağı.
Bu gün orda “Üç gözəl” tamşası oynanılacaq.
Rus dramaturqu Valentin Krasnoqorovun pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.
Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.
Və…
İnternetlə adaxlı tapmağın aibətini kim bilmir ki.
Gəlin, tamaşa edin.
Sabah isə teatrda Təhminə və Zaur oynanılacaq. Anonsunu indi versəm də haqqında daha geniş sabah danışacağam.
Şəkildə: Tamaşanın afişası
“Ədəbiyyat və incəsənət”
(05.04.2024)