Super User

Super User

Monday, 08 April 2024 13:30

O apreldən bu aprelə!

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Aprel ayı həm qürur , həm də kədər ayımızdır. 2016-cı il aprelin 1-dən 5-nə kimi Azərbaycan Ordusu düşmən həmləsini dəf etmək üçün müqavimətə keçdi. Həmin döyüşlərdən sonra düşmən üzərində nisbi qələbə qazanıldı. 

 

Həmin günlər torpaqlarımızın kiçik bir hissəsi xain düşməndən azad edildi. O şanlı aprel döyüşlərində həlak olan qəhrəmanlarımızın arasında Naftalan şəhərinin sakini, 157 saylı hərbi hissənin siyasi məsələlər üzrə rəisi, mayor Vaqif Bayramov da var idi.

Ötən gün Naftalan şəhərində anım mərasimi keçirildi. Təbii ki, əvvəlcə şəhidlərin məzarı ziyarət olundu. Şəhidlər uyuyan qəbristanlıqda Bayramovlar ailəsinin iki oğlu- 1992-ci ildə Qarabağ uğrunda şəhid olmuş Mehman Bayramov və onun kiçik qardaşı Vaqif Bayramovun qoşa məzarı vardır.

Naftalan ŞİH-nin, Goranboy-Naftalan təhsil sektorunun birgə təşkilatçılığı ilə “Aprel Döyüşləri – Tarixi Zəfərə gedən şanlı yol” mövzunda keçirilən anım tədbirində Aprel şəhidi Vaqif Bayramovun ailə üzvləri, aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş kəşfiyyat idarə rəisi, polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, AzTU-nun məzunu Müşfiq Orucovun anası Aygün Məmmədli, eləcə də “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar Mərkəzinin sədri, jurnalist-publisist Aida Eyvazlı - mən bəndəniz iştirak edirdik. 

Məktəblilərin Vaqif Bayramovun, eləcə də onun 1992-ci ildə Qarbağ uğrunda şəhid olan böyük qardaşı Mehman Bayramovun

şərəfinə, digər Vətən şəhidlərinin şərəfinə hazırladıqları kompozisiya, Vətənə, Şəhidlərimizin qəhrəmanlığına, düşmən üzərində qazandığımız qəti qələbəyə həsr olunmuş şerlər və mahnılar da səsləndi. Məktəblilərin xüsusi şövqlə hazırldıqları musiqili tədbirdə Vaqif Bayramovun anası Zeynəb xanım Bayramovanın da şerləri səsləndirildi. Şəhidin oğlu, 9 yaşlı Umud da “Sənin qisasını alacağam mən!” şerini səsləndirdi. 

Şəhidin anası Zeynəb Bayramova öz çıxışında Vətən yolunda şəhid verdiyi iki oğlu haqqında xatirələrini danışdı. 

-Mehmandan 8 yaş kiçik olan oğlum Vaqif  ilk hərbi təhsilini Naxçıvanski adına hərbi məktəbdə almışdı. O bu peşəni qardaşının qisasını almaq üçün seçmişdi. Mənim oğlanlarımın birinin boyu 1 metr 90, digərinin boyu 1 metr 85 sm idi.  Vətən yolunda iki çinar boylu oğlumu şəhid verdim. Ana üçün bala itkisindən ağır itki ola bilməz, lakin bir ona sevinirəm ki, bu aprel döyüşlərinin sonu Xankəndi Zəfəri ilə nəticələndi. İndi biz Dəmir Yumruq ətrafında birləşdik.

Daha sonra şəhid polkovnik Sənan Axundovun xanımı Nəcibə Axundova çıxış etdi: 

-Mən belə düşünürəm ki, bizim şəhidlərimizin Tanrı dərgahında ruhları şaddır. Bu gün Qarabağ azaddır. Mən baxıram ki, Vaqifin nişanəsi olan üç gözəl balası böyüyür. Ümud atasının adına həsr olunan anım mərasimində şer söylədi. Adı kimi, özü də başdan ayağa Ümiddir. Sənan kəşfiyyat idarə rəisi idi. İndi onun yerində oğlu Tahir böyüyür. Oğlum hərbi cərrah təhsili alır. Dönüb Vətənə xidmət edəcək. Polkovnik itirmişik. İnşallah bir də general böyüdərik. 

Müşfiq Orucovun anası Aygün xanım Məmmədli  çıxışında qeyd etdi: 

-Qarabağı görməyən, Qarabağı kitabdan, dəftərdən öyrənən oğullar, 90-cı illərdə dünyaya gəlmiş oğullar şükür ki, Qarabağı azad etdi. Zəfərə aparan yol apreldən başlayır. Bunu hamı bilir. Zəfəri ilk dəfə bal kimi bizə dadızdıran Vaqif kimi, Müşfiq kimi oğullar oldu. Mənim oğlum Müşfiq Naftalanda hərbi xidmət keçib. Bəlkə də elə mayor Vaqif Bayramovun əsgəri olub... Bütün şəhidlərimizin ruhu şad olsun, zəfər çaldıq, düşməni  yuvasına otuzdurduq. Dünyanın gözü kor olsun ki, bizim Zəfərimizlə, sülhümüzlə barışmaq istəmir, düşmənlərimizə kömək etməkdə israrlıdırlar.  Ancaq bu vətən, bu dövlət yaşadıqca yaşayacaq, Vaqif kimi, Sənan kimi, Murad kimi, Samid kimi, Müşfiq kimi şəhid olan qeyrətli oğulları olan dövlət yəqin ki, heç vaxt basılmaz. Düşmən heç vaxt qalib gələ bilməyəcək.

Mən öz çıxışımda Aprel şəhidlərinin həyatından bəhs edən ilk Qalibiyyət kitabından danışaraq bildirdim ki, aprel döyüşləri zamanı həlak olan şəhidlərin adı ilə çıxdığım yolda ləyaqətli şəhid anaları və xanımlari ilə də tanış oldum. Aprel döyüşləri bizim düşmən üzərində çaldığımızın Zəfərin ilk müjdəsi idi.  Düşmən üzərində qələbə inamını bizə Aprel şəhidləri verdilər. Dünya Azərbaycan Ordusunun, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin iradəsindən xəbərdar oldu. Mehman Bayramov və Vaqif Bayramova həsr olunmuş qısametrajlı filmdə  Aprel döyüşləri zamanı Vaqifin dostlarına göndərdiyi maraqlı bir fikir də səsləndi. Vaqif deyir: “Ordumuz irəliləyir, belə getsə torpaqlarımızı alacağıq, əgər dayandırmasalar Xankəndinə qədər gedəcəyik...”.  Bu gün Vaqif kimi oğulların arzularının Vətənin başı üzərində dalğalandığı gündür. Mehman və Vaqif qardaşları Xankəndi zəfərini görməsə də, indi onların ruhu bu şadyanalığı görür, o bayrağın başına dolanırlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Yaradanın var olduğuna inanmaq azdır, bu sadəcə səni inanclı adam edə bilir. Allahı dərk edəndə, Onun varlığına əmin olanda, sən Onu hər yerdə görə, hiss edə bilirsən. Nəfs, qəzəb, kin, paxıllıq, xəbislik, təkəbbür bəşər övladını elə bir vəziyyətə salıb ki, yalnız çətin vaxtlarında Allah yadına düşür...

 

Müəllim ailəsində doğulub, müəllim maaşı ilə böyüyüb ərsəyə çatıb. Bir insan kimi formalaşmasında müəllim tərbiyəsinin və tələbkarlığının rolu böyük olub. Mərdliyin mayasını Laçının bumbuz çeşmələrinin suyundan, dağ havasından götürüb. İlk dəfə dürüstlüyün nə olduğunu dünyaya göz açdığı Güləbird kəndinin adamlarından öyrənib. Haraya gedibsə dağ saflığını qoruyub saxlaya bilib. Aldığı təhsil zehninə işıq saçıb, təfəkkürünü kamilləşdirib. Xeyirlə şəri bir-birindən ayırmağı bacarıb. Və sonra, sonra da Allahı dərk edib, Ona baş əyib, ədalətinə güvənib. Haraya gedirsə, nə iş görürsə Allahı orada görə bilir...

Əlbəttə ki, ariflər vəzifəni Allahın insan taleyinə yazdığı gözəl bir fürsət kimi dəyərləndirirlər. Elə bir fürsət ki, onun vasitəsi ilə insanlara daha böyük fayda verə bilirsən...

O da, taleyinə yazılan vəzifənin çətinliklərini, şərəfini yaşayır. Yanına gələnlərin problemlərini həll etməyə çalışır. Bacardığı qədər, səlahiyyətləri daxilində ona pənah gətirənlərə yardımçı olur...

Qürurludur, lakin lovğalıqdan, təkəbbürdən çox uzaqdır. Davranışında o qədər səmimi, mehribandır ki, onunla ünsiyyətdə olanda sıxılmırsan. Kobud söz işlətmir, fikrini ən mükəmməl tərzdə ifadə edir. Heç kimə yuxarıdan aşağı baxmır, hər kəslə öz dilində danışmağı bacarır…

Onunla bir süfrədə əyləşmək, başqa aləmdir. Qonağına o səviyyədə xidmət göstərir ki, sanki bundan bir rahatlıq tapır. Və hər bir qonağını ölkəsinin ən nüfuzlu adamı kimi qarşılayıb, ən nüfuzlu adamı kimi də yola salır...

Gözümüzü açandan müxtəlif ictimai-siyasi quruluşlarda yaşamışıq. Hər quruluşda eyni vəzifənin özünəməxsus adları olub. Bir vaxtlar rayon partiya komitəsinin birinci katibi adlanan vəzifə, bu gün rayon icra hakimiyyəti başçısı adlanır. 1600 kvadrat kilometr ərazisi, 140 minə yaxın əhalisi olan Salyan kimi nəhəng bir rayona rəhbərlik etmək əlbəttə böyük məsuliyyətdir. Hər gün müxtəlif xarakterli insanlarla ünsiyyətdə olmaq, bitib tükənməyən sosial, iqtisadi problemlərin həllinə çalışmaq, sakinlərin tələb və istəklərini dinləyib, düzgün qərar vermək, çətinlikləri aradan qaldırmaq çox ağırdır...

Haqqında söhbət açdığım Sevindik Hətəmov bütün bu sadaladıqlarımın öhdəsindən ləyaqətlə gəlir. Elə ona görə də harada, hansı rayonda çalışıbsa insanların rəğbətini qazanıb. Onun Yardımlını tərk edərkən, necə yüksək səviyyədə yola salındığının çox adam şahidi olub. İnsanlar iki saat yol qət edib bu görüşə tələsirdilər...

Yaxşı insanlara dəyər vermək, onları nümunə göstərməyə tələsmək insanlıq borcumuzdur. Sevindik Hacıağa oğlu Hətəmov doqquz ildir ki, Yardımlıdan gedib, amma hələ də adı gələndə ehtiramla yad olunur, ünvanına xoş sözlər söylənilir. Bəli, biz yardımlılar Onu özümüzə doğma, əziz adam bilirik...

...Onu qırx yeddi yaşından tanıyıram. Nə zəmanə, nə vəzifə onu zərrəcə dəyişə bilməyib. Hələ də saflığını, mərdliyini, insanpərvərliyini qoruyub saxlaya bilir…

Basar günü Sevindik Hətəmovun 61 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı maarifləndirmə və təbliğat işləri davam etdirilir. Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayır.

 

Agentlikdən AzərTAC bildiriblər ki, mühazirələrin keçirilməsində əsas məqsəd bu il ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi ilə bağlı ictimai savadlılığı artırmaqdır. Videoformatda keçirilən mühazirələr zamanı ətraf mühitə yanaşmanın Azərbaycan milli mədəni kimliyində tutduğu yer müxtəlif baxış bucaqlarından təhlil ediləcək.

İlk mühazirəni oxuyan şərqşünas alim, “Quran-i Kərim”in Azərbaycan dilinə bədii tərcüməsinin müəllifi, ADA Universitetinin professoru Nəriman Qasımoğlu “İslam dini ətraf mühitin mühafizəsi ilə bağlı bizə nə buyurur?” mövzusunda çıxış edib. O bildirib ki, fərqli dinlərin ekologiya məsələlərində irəli sürdüyü etiqadi mətnlərdə ümumi yanaşma izlənilir. “Quran-i Kərim”in ayələrinə istinad edən professor təbii nemətlərdən yalnız ən zəruri ehtiyacların ödənilməsi üçün qədərində istifadə edilməsinin əhəmiyyətini vurğulayıb. Mühazirəçi israfçılığa yol verməməyin, təbii resurslardan səmərəli istifadənin əhəmiyyəti, insanın ətraf mühitə münasibəti və təsiri ilə bağlı müxtəlif mövzulara aydınlıq gətirib.

Qeyd edək ki, COP29-la bağlı mühazirələr silsilə xarakter daşıyacaq.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Moskvadakı Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) tədris mərkəzində Rusiyanın Əməkdar incəsənət xadimi, QİTİS-in Estrada sənəti kafedrasının və B.V.Şukin adına Teatr rejissorluğu kafedrasının müdiri Mixail Borisovun xatirə axşamı təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən verir ki, tədbirdə Tatarıstan Respublikasının “Sozvezdie-Yıldızlık” teatrının truppası dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını təqdim edib.

Teatrın QİTİS-in müxtəlif illərdə məzunu olan truppa üzvləri, Mixail Borisovun yetirmələri görkəmli səhnə ustası və rejissorun 2012-ci ildə öz tələbələri ilə səhnələşdirdiyi ən yaxşı tamaşalardan birini təqdim ediblər.

Tamaşadan əvvəl rejissorun dostları və həmkarları öz təəssüratlarını bölüşüb, onunla birgə çalışdıqları illərdən bəhs ediblər.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova çıxış edərək bildirib ki, Mixail Borisov Azərbaycanın böyük dostu olub. O vurğulayıb: “Mixail Borisoviç son illər Azərbaycanın gənc səhnə ifaçıları üçün aktyorluq kursları keçib. Azərbaycan Dram Teatrının böyük, dünya miqyasında tanınan rus teatrının əsl məktəbini keçmiş ustadlarla tamamlanması bizi inanılmaz dərəcədə sevindirir. Bunun üçün də öz istedadını, bilik və bacarıqlarını həmişə səxavətlə bölüşən Mixail Borisoviçə təşəkkür edirəm. Əminik ki, rejissorun azərbaycanlı tələbələri onun qayğıkeş rəhbərliyi altında təhsil aldıqları illəri minnətdarlıqla xatırlayacaq”.

Rusiya Federasiyası Hökumətinin mədəniyyət sahəsində mükafatının laureatı, Rusiyanın və Tatarıstan Respublikasının Əməkdar incəsənət xadimi Dmitri Tumanov AzərTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Mixail Borisov Azərbaycan mədəniyyətinə böyük sevgi hissi bəsləyirdi. O əlavə edib: “Mixail Borisovun xatırəsini anım günündə QİTİS-in rektoru Qriqori Zaslavski “Arşın mal alan”ın Mixail Borisoviçin sevimli məzunları tərəfindən göstərilməsinə qərar verdi. Bu dahi Azərbaycan klassikinin yaradıcılığının ən yaxşı əsərlərindən biridir. Gülçöhrə rolunu Borisovun sevimli tələbəsi olmuş, “Sozvezdie-Yıldızlık” teatrının aktrisası, “Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı gənclər bölməsinin rəhbəri Kamilə Ələsgərova ifa edir.

Qeyd edək ki, “Sozvezdie-Yıldızlık” teatrının artistləri musiqi və aktyor məharətlərini ustalıqla nümayiş etdiriblər. Tamaşadakı hər bir səhnə, mahnı tamaşaçılar tərəfində böyük heyranlıqla qarşılanırdı.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2024) sərgisində təbliğ olunur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı agentliyə istinadən məlumat verir.

 

Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edir.

Milli stendi Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov ziyarət edib.

Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin tarixi, zəngin milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri, adət-ənənələri, mədəni irsi, UNESCO-n un Ümumdünya İrs Siyahısına daxil olmuş obyektləri ilə tanış olur, müxtəlif turizm imkanları haqqında ətraflı məlumatlandırılırlar. Bundan əlavə, qonaqlar ölkənin mədəni landşaftının unikallığını nümayiş etdirən Azərbaycanın qədim yəhudi irsi haqqında məlumat əldə edirlər.

Stendin ziyarətçiləri üçün Azərbaycanın milli şirniyyatları və yerli şərablarını dequstasiya etmək şəraiti yaradılır.

Aprelin 4-dək davam edəcək sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycanı 29 093 İsrail vətəndaşı ziyarət edib.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəs sevgidə uğur qazanmağın yolu nədən keçir? Biz bu söhbətimizə necə, nədən başladıq? Ondan başladıq ki, ilk öncə sevən gənc sevginin elmi əsasını bilməlidir, kor-koranə sevməyin gətirəcəyi fəsadlardan xəbərdar olmalıdır. Yazımızın bu bölümü də məhz ona xidmət edir.

 

İlk öncə hər bir sevən gənc öz sevgisinin növünü, xarakterini müəyyənləşdirməlidir, sevgisinin bütün xüsusiyyətlərinə bələd olmalıdır. Bayaq bir neçə sevgi təsnifatı ilə sizləri tanış etdim. Sevginin «ipini tam əlinə almaq», onu idarə etməkçün ən vacib olanı bədəndəki hormonlara uyğun olaraq müəyyənləşdirilmiş sevgi tipləridir ki, bu müəyyənləşdirmə də ABŞ antropoloqu X.Fişerə məxsusdur.

Sevgi hisslərinin yaranmasında dörd hormon dominantlıq edir ki, bunlar da haqqında artıq bəhs etdiyimiz testosteronla yanaşı serotonin, estrogen və dofamindir. Beləliklə, X.Fişerin tipləri bunlardır:

1.     Testosteron həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə idarə edənlər adlandırır.

Daha çox kişilərdə olan, qadınlarda isə böyrəküstü vəzlərdə az həcmdə yaranan bu hormon tələbkar, eqoist, bir qədər sərt, kobud sevən obrazı yaradır. Belələri, sevgilərini asan idarə edir, qurduqları ailədə əsl ailə başçısı olurlar. (X.Fişer belələrini tiran adlandırmaqdan da vaz keçmir). Bu tip insanların sevgilisi olanlar öncədən «ağır otur batman gəl» prinsipi ilə qapalı bir ailə həyatı keçirəcəklərinə hazır olmalıdırlar;

2.     Dofaminin həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə tədqiqatçılar adlandırır.

Dofamin hormonu emosiya və liderlik keyfiyyətlərinə cavab verir. Bu tip sevənlər həm də dəyişkən xarakterli sevənlərdir. Sevginin ilk fazasında sevdiklərinə bol hədiyyələr, sürprizlər edən belələrinin emosiyaları aşıb-daşırsa da sevginin ikinci fazasında onlar darıxmağa başlayırlar, əvvəlki sevgi dəyərlərinin gözlərində düşməsini müşahidə edirlər. Bu tip insanların sevgililəri münasibətlərini qoruyub saxlamaq üçün onları daim nələrləsə də təəccübləndirməli, daim sevginin yeni-yeni çalarlarını ortaya qoymalıdırlar.

3.     Serotoninin həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə inşaatçılar adlandırır.

Belələri sadiq, etibarlı olurlar, təsərrüfatcıl, ailəcanlı olurlar, xəyanət nə olduğunu bilməzlər. Amma bu tip sevənlərdə romantika, fantaziya görmək mümkün deyil, onlarçün sevgi – sadəcə ailə həyatı qurmağın ilk addımıdır.

Təsəvvür edin, inşaatçılar tədqiqatçılarla sevişsələr axırı nə olar?   

Bu cür sevgi dərhal uğursuzluqla nəticələnər. Amma, inşaatçılar 

qarşı tərəfdən heç bir təşəbbüs gözləmədən tam idarəetmə

diktaturasına riayət edən idarəedənlərlə normal münasibətlər qura

bilərlər.

Ən nəhayət, gəlib çatdıq dördüncü tipə:

4.     Estrogenin həcmi yüksək olanlar.

Belələrini isə X.Fişer sevgidə danışıq aparanlar adlandırır.

Daha çox duyğusal olan, hiss adamı olan belələri mehribandırlar, qayğıkeşdirlər. Daim nəvaziş göstərirlər, sevgidə yaradıcıdırlar. Amma xeyli müdafiəsiz, köməksizdirlər, münasibətə aydınlıq gətirməyi, yerli-yersiz mübahisə etməyi, inciməyi, küsməyi çox sevirlər. Amma sonda da barışan tərəf özləri olurlar. X.Fişerə görə, belələri ilə bütün digər tiplər uyğunlaşa bilir. Bizim təbirimizcə desək, dördüncü tipin nümayəndələri «adam yolaverənlər»dir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı çox sevilən “Qısa fikirlər xəzinəsi” rubrikasında bu gün sizlərə Herman Hessenin qiymətli fikirlərini çatdıracaq.

 

 

***

 

Təbiətə yaxın olduqca Tanrının sədasını da duyursan...

 

***

...Mən bilməmişəm, inanclı olmaq elə sağlam və sevincli olmağın özüymüş...

 

***

Təhlükəsiz yolla bir tək zəifləri göndərirlər.

 

***

Hər insanın yeganə gerçək bir işi var: özünə aparan yolu tapmaq...

 

***

İçində kitablar olmayan bir ev – yerinə nə qədər qiymətli xalı sərilə, divarları nə qədər bahalı rəsmlərlə bəzədilə, yenə yoxsuldur ki, yoxsul.

 

 

 “Ədəbiyyat və incəsənət”

(08.04.2024)

 

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“DƏCCAL” kinonovellasının növbəti bölümü təqdim olunur.

 

Molla Qafar böyük qızını çox sevirdi. Ayişə doğu­landan ağzı dualıydı. Dünya elmlərinə meyli olma­dığından Molla Qafar onu məktəbə qoymamışdı. Evdə oturub taleyinə boyun əyən bütün kənd qızları kimi, Ayişə də Allahından razı idi. Onun bu dünya ilə höcəti yox idi. Barış və hüzn ovqatına təndi. Özünə karyera qurmağa çalışan fikri qarışıq qızları Ayişə sevməzdi. Bacısı Sənubərdən fərqli olaraq, o, heç zaman icazə almadan evdən küçəyə belə çıxmamışdı. Çox sadəlövh və bir az da avam idi. Molla Qafarı da ən çox qorxudan onun həddindən artıq saf olması idi. Bacısının qəfil ölümündən sarsılmış Ayişə mehrini sarışına salmışdı. Bütün günü onun yenicə doğulmuş körpəsi ilə əylənərək başını qarışdırırdı. Bacısına olan niskilini uşaqla ovudurdu. Sarışınla onun qəribə yaxınlıq halələri vardı. Harada olurlar-olsunlar, elə bil bir-birlərini maqnit kimi cəzb edirdilər. Bir-birlərinə Siam ekizləri kimi pərçimlə­nirdilər. Bu təmasa ruhların savaşı da demək olardı, doğma qəlblərin yaxınlığı da. Onlar eyni dam altında olanda astral halələrinin toqquşmasından qıcıqlanıb dəli kimi olurdular. Bir-birlərini görməyəndə də eyni cür olub otaqda var-gəl edirdilər. Bir yerdə olanda da, olmayanda da bir-birləri üçün narahat idilər. Onların arasında olan bu gər­gin­lik ən çox Nazlıya ziyan idi. Demək olar ki, gərginlikdən hər gün Nazlının ürəyi gedirdi. Ayişə də, Nazlı kimi, baş verən qəribəlikləri anlamırdı. Bu olanların niyə olduğunu dərk edə bilmirdi. Sarışın onun qardaşı idi. Bu qardaşlıq ona bəs idi. Son zamanlar atasının tənha­laşması, anasının evdən soyuması Ayişəni incidirdi. Ölənlə ölmək olmazdı. Bir zamanlar kəndin ən şən ailəsi sayılan ailələrinin daha üzü gülmürdü. Sənubərin ölümü evlərinə payız rəngi gətirmişdi. Bir də bu evə çətin gün doğaydı. Sarışın isə tamam başqaydı. Onun qəmi bircə anda söndürməyə qadir gücü vardı. Və bu güc indi çətin anlarını yaşayan Ayişəyə çox gərəkdi. Ayişə çox gözəl qız idi. Qonşu kəndlərdən belə elçiləri vardı. Hər dəfə elçilərinə bir bəhanə ilə yox deyib, işi yubadardı. Özü də niyə belə etdiyini bilmirdi. Sanki bir səs ona ərə get­məyin hələ tez olduğunu pıçıldayırdı. O da bu pıçıltıya dinməz itaət edirdi.

Molla Qafar otağa girəndə Ayişə namazını qılıb qurtar­mışdı. Eləcə döşəmədə dizi üstə oturub Sənubərin bağışlanması üçün dualar edirdi. Atasının içəri girdiyini görüb ayağa qalx­maq istədi. Molla Qafar çiynindən aşağı basıb qoymadı.

– Allah namazını qəbul etsin, qızım, – deyib söhbətin uzun olacağına işarə etdi. Hər dəfə söhbət uzun olanda Molla Qafar nədənsə namazın qəbul olunmasından başlardı.

– Çox sağ ol, ata. – Ayişə də səsinin sakit tonu ilə atasına söhbətə hazıram işarəsini verdi.

 – Sən indi mənim yeganə balamsan, Ayişə. Atanı dinlə. O sarışından uzaq dur. Ondan bizə xeyir gəlmir.

– O, sənin oğlun deyil, ata? – soruşan Ayişənin üzündə təəccüb əmələ gəldi.

Molla Qafar bu suala cavab verməyib:

– Ondan bizə bəla gəlir, görmürsən? – dedi.

– Axı sənə kim deyib ki, ömrün hamar olmalıdır. Həya­tında itkilər də olacaq, uğurlar da. İş odur ki, imtahandan üzüağ çıxmağı bacarasan. Sənə dərd göndəriləndə başqalarını günah­kar bilməyəsən. Bəlkə elə günah özündədir?

Molla Qafar qızının dini məntiqini sarsıda bilməyəcəyini anlayıb:

– Bəlkə gedib o sarışının evində yaşayasan? – qışqırdı.

Ayişə atasına cavab qaytarmadı. Ayağa qalxıb otaqdan eşiyə çıxdı.

Molla Qafar bilmədi neyləsin. Sarışının adı artıq evinin içindəydi. Hər yerdə, hamıda bir sarışın havası yaranmışdı.

Molla Qafar dəhlizə çıxıb qorxa-qorxa:

– Gülər... Gülər... – çığırdı.

Gülərin səsi gəlmirdi. Yəqin, o da nəvəsinə baş çəkməkdən ötrü sarışının daxmasına getmişdi.

 

***

Bir səhər kəndə böyük vəzifəli şəhərlilər gəldi. Klubun qarşısında xırda toplantı keçirib Molla Qafarı bələdiyyə sədri vəzifəsindən çıxartdılar. “Öz-özüylə danışan bələdiyyə sədri bizə gərək deyil” dedilər. “Bələdiyyə sədri zirək olmalıdır, əkməlidir, biçməlidir, qışa tədarük görməlidir. İşlək olmayan bələdiyyə sədri kimə lazımdır?” Şəhərlilər uzun sözlərinin axırında Molla Qafarın yerinə sarışını təyin edib yenidən deyə-gülə maşınlarına doluşdular. Gethagetdə arxa maşının açıq şüşəliyindən başını çölə çıxarmış bir suyuşirin qadın Molla Qafara: “Molla, balta xaltanı kəsdi ha”, – deyib ucadan güldü. O gülən, bu gülən, Molla Qafara elə gəldi ki, bütün kənd ona gülür. O gündən Molla Qafar gülüşdən də qorxub yan gəzdi.

Sarışın bələdiyyə sədri olan kimi qollarını çırmalayıb işə girişdi. Başlanğıc üçün məktəbdə ingilis dili kursları yaradıb, İngiltərə səfirliyini kəndə dəvət etdi. “Çaqqal dərəsi”nə iki turist marşurutu açıb şəhərliləri “ekstrim turlara” çağırdı. Əkinə yatan torpaqları varlı şəhərlilərə satdı. İstirahət üçün villalar tikdirib, restoranlar açdı. Torpaq yolları asfalt yollarla dəyişdi. Və ən nəhayət, kəndlilərə söz verdi ki, Armavirdən kəndə də­mir yo­lu çəkdirəcək. Onun işləkliyi kənd uşaqlarını da yerindən dəbərtdi. Oğlanlı-qızlı ingilis dili öyrənən kənd uşaqları Molla Qafardan ağır dərslər tələb etməyə başladılar. Onlar yeni texnolojiləri öyrənmək istəyirdilər. Molla Qafarın da dindən savayı heç nədən başı çıxmırdı. Və beləcə, uşaqlar Molla Qafarın üzünə ağ olub onu məktəbdən də qovdular. İki gün sonra məktəbə şəhərdən yeni müəllimlər gəldi. Və Molla Qafar məktəblə də üzü­lüşdü. Onu məktəb direktoru vəzifəsindən də çıxartdılar.

Molla Qafarın bu qədər kiçilməsi ən çox Gülərə təsir etmişdi. Necə olsa, Molla Qafar onun adıydı. Uşaqlarının ata­sıy­dı. İnsafən, Molla Qafar ona pis ər olmamışdı. Bü­tün günü ailəsinə qul olub, pul qazanmışdı. O ki qaldı qadınlarla əylən­məyə, hansı kişi qadınla əylənmir ki? Təkcə bunun əməli misə dəyib səs saldı. Bir də sarışının kəndə yiyəlik eləməsi Gülərə yer eləmişdi. “Yersiz gəldi, yerli qaç” olan sarışın gələr-gəlməz atasının bütün işlərini əlindən almışdı. Amma adamın Allahı vardı. Molla Qafarın sağalmasını sarışın da istəyirdi. Demək olar ki, hər gün Gülərə: – Sən Allah, atamın üzünə yaxşı bax. Onun buzunu əritsən, ancaq sən əridəcəksən, – deyirdi.

Axşam Gülər ərinin qarşısına çayı bir az yumşaq qoyub gözünün altından üzünə baxdı. Kişinin cini çıxmışdı. Əməllicə sınıxmışdı. Gülər ixtiyarsız olaraq əlini qaldırıb ərinin tüklü üzünə çəkdi. Molla Qafar duyğulandı. Başını Gülərin ovcuna qoyub biləyini boynu ilə sıxdı. Baxışları toqquşanda Molla Qafar hön­kürtüylə ağlamağa başladı. Sözləri göz yaşına bükül­düyündən yamyaş idi:

– Sənubəri sarışın öldürüb. Ayişəni də əlimdən alıb. Bir azdan səni də məndən ayıracaq. Onunla bacarmıram.

Gülər əliylə ərinin sözlərini sığallayıb sinəsinə qısıldı. Molla Qafara bu təmas bəs idi. Dizlərinə güc gəldi. “Kişi ağlamaz”, – düşünüb toparlandı. Ayağa qalxıb otaqdan çölə çıxdı. Ensiz cığırla tövləyə çatıb taxta qapını açdı. Saman­lıqda gizlətdiyi əl qumbarasını götürüb cibinə qoydu. Sarışının daxmasına çatana qədər Allah kəlamlarını bilərəkdən xatırlamadı ki, fikrindən dönməsin. Sarışının uşağını, Nazlını düşünməməyə çalışırdı. Sənubər də uşağıydı. Sarışın onu zorla­yanda bunu düşünməmişdi. Ürəyiyuxalıq pis şeydir. Kişini kiçildir. Sarışın onun azan ərazisinə girmişdi. Yaratdığı nizamı pozmuşdu. Qızını öldürmüşdü. Yəni bütün bunlardan sonra Molla Qafar ondan qisas ala bilməzdi?

Sarışının daxması kənd evlərindən aralıydı deyə həyəti uzaqdan görünürdü. Nazlı həyə­tin ortasında iri ləyəndə paltar yuyurdu. Uşaq da həyətdəydi. Əlində tutduğu “qalac” çörəyini diddələyirdi. Molla Qafar “Uşa­ğın günahından azad oldum”, – düşündü. Sinə-sinə daxma­nın pəncərələrinə qədər gəlib içəri boylandı. Sarışın içəridə saçları çiyninə qədər tökülmüş bir qadınla sevişirdi. Bu qadın kim ola bilərdi, görəsən? Qafarın ürəyinə elə bil bıçaq soxdular. Nazlının günüsümü var? Sarışın ikinci arvad alıb? Axı Nazlı evdə ola-ola sarışın bura başqa qadın gətirə bilməzdi. Onun işin­dən Allah da baş çıxarmır. Ondan ancaq qumbara ilə qurtulmaq olacaq. Molla Qafar çox gözləyə bilməzdi. Gülər duyuq düşüb kəndi ayağa qaldıra bilərdi. Əl qumbarasını cibindən çıxarıb halqasını çəkdi. Pəncərənin şüşəsini yavaşca taqqıldatdı ki, sarışın səsə tərəf gəlsin. Sarışından qabaq sevişdiyi qadın səsə boylandı. Molla Qafar şüşəni yum­ruqları ilə sındırıb, qumbaranı içəri atdı. Səsə çevrilib döşəməyə düşən qadının Ayişə olduğunu ancaq qumbara partlayandan sonra gördü. Qumbara Ayişənin sinəsində partladı­ğından qızın bədə­ni bircə anda tikə-tikə oldu. Sarışın Ayişənin parça-tikə olmuş bədəninə paltar ge­yindirə-geyindirə:

– Molla Qafar bacımı öldürdü, ay ca­maaat, – deyə bağırdı.

Molla Qafarın dili-ağzı quru­muşdu. Nə edəcəyini, nə deyəcəyini bilmirdi. Haçandan-haçana özünə gəlib Ayişənin üzünə baxdı. Ayişə, doğrudan da, üzdən sarışına bənzəyirdi...

Molla Qafarı həmin gecə həbs etdilər.

Altı ay sonra məhkəmə ona ömürlük iş kəsdi.

Qərar Molla Qafarın üzünə oxunduğu gün məhkəmə salonuna sarışın da gəlmişdi. O, arxa sıraların birində əyninə qara paltar geyinmiş Gülərlə yanaşı oturmuşdu. Gülər nədənsə gözlərinə qara eynək taxmışdı. Dodaq­larının boyası da bir az artıqdı. Bu kiçik detallar dəmir barmaqlıq arxasında oturmuş Molla Qafarın gözündən yayınmamışdı. Məhkəmə iclasının keçirildiyi zaman sarışın Gülərin əlini dizinin üstünə qoyub buraxmamışdı. Vəkili Molla Qafara Ayişənin də hamilə oldu­ğu­nu söylədiyi an isə hər şey ona gün kimi aydın olmuşdu.

 

Davamı var

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

 

 

 

Bildiyimiz kimi F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Gününə həsr edilmiş sərgi təşkil edilmişdi. Sərgi çərçivəsində uşaq yazarları ilə görüş də olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına görüş iştirakçısı Mina Rəşid məlumat verib.

 

Tədbirdə Mina Rəşidlə bərabər Zahid Xəlil, Sevinc Nuruqızı, Fatimə Alxaz, Reyhan Yusifqızı, Lalə Umud, Gülzar İbrahimova və Zahirə Cabir də məktəblilərlə görüşüblər.

Aprelin 4-də kitabxanada uşaq yazıçısı Mina Rəşidlə 8 və 177 saylı orta məktəblərin şagirdləri ilə görüş keçirilib. Görüşdə Mina xanım xüsusilə azad Qarabağa həsr etdiyi şeir nümunələri ilə çıxış edib. 

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)     

 

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

“Kitabi-Dədə Qorqud” dastanı xalqımızın tarix salnaməsi və söz abidəsidir.

Ulu öndərimiz Heydər Əliyev bu kitabı “xalqımızın ana abidəsi” adlandırır və onun haqqında deyirdi: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır...

 

         “Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət – bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir”.

  “Kitabi-Dədə Qorqud” tarix sahəsindəki mənbələrimizin ən mötəbəridir.” (Y.Mahmudov). Dastanda Azərbaycan dövlətçiliyinin təşəkkülünün sosial-iqtisadi prosesləri, dövlətçilik və idarəetmə formaları, türk dövlət quruluşu, dövlət rəmzləri və s. barədə yetərincə məlumat vardır. Haqlı olaraq dastanı  xalqımızın tarixi və tarixi coğrafiyası, milli-etnik varlığımızın tarixi ədəbi ensiklopediyası adlandırırlar.

         Burada dövlətçilik rüşeymlərini vədövlətə xas olan rəmzləri açıq-aydın müşahidə etmək mümkündür. T.Hacıyev özünün “Dədə Qorqud kitabı”: Tariximizin ilk yazılı dərsliyi” əsərində yazır: “Ümumi Qalın Oğuz bayrağının arxasında birində Üç Oq, о birində Boz Oq damğası olan iki bayraq var. Həmin halında Qalın Oğuz, müasir təbirlə federasiyadır”.

Dastanda dövlət rəmzlərinin ən vaciblərindən olan bayrağın adı ələm, sancaq və tuğ şəklində dəfələrlə çəkilir. Məsələn, “Qaba ələm götürən xanımız kimi... Qaba ələm götürən xanımız – Bayandır xan”; “Qazan bəgin qardaşı kafirin tuğuyla sancağı qılıcladı”; “Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun”, “Mərə yigit! Önüncə bu çərinin bir ağ sancaqlı alay çıxdı”və s.

    Ümumiyyətlə, türk xalqlarında bayrağın tarixi çox qədimdir. Vaxtılə Sibirdə yaşayan türkdilli xalqlar çadırın başındakı bacadan yuxarı ağaclar çıxarar və onlardan müxtəlif rəngli dərilər və parçalar asarmışlar. Göytürk xaqanlığının öz tuğunun olması tarixi faktdır. Bu tuğun – bayrağın başında qızıl-gümüşlə işlənmiş qurd başı asılarmış. Məlumdur ki, xürrəmilər də azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmışdılar. Türk xalqlarında bayraqlar Vətənin, xaqanın və onun xalqının ululuğunun, hakimiyyətinin və böyüklüyünün simvolu olmuş, həmişə uca tutulmuşdur.

         Bayrağın qədimliyindən söz açarkən dastanda “ələm” adlı bayrağa daha çox diqqət yeririlməlidir. Tədqiqatçıların fikrincə, məhz bu bayraq dövlət bayrağı anlayışını verir. Tuğ daha qədim olub, əsasən, əsas və hakim təbəqəni bildirməklə döyüş əlaməti daşıyır. Sancaq isə daha çox vilayətlərin simvolu kimi özünü göstərir.  Bunu eposda işlənmiş “yigirmi dörd sancaq bəyi” ifadəsi də göstərir. Beləliklə, dövlət bayrağı mənasında tam işlənən söz “ələm” sözüdür. “Qaba ələm götürən xanımız – Bayandır xan” ifadəsi bu qənaəti daha da gücləndirir. Dövlət başçısının götürdüyü “qaba” – uca bayrağın dövlət bayrağı olması daha inandırıcıdır.

Dastanda bayrağa hörmət və ehtiram hissinin yüksək olduğu xüsusi qeyd olunmalıdır. Oğuzlar bayrağın şərəfini ica tutur, onun düşmən əlinə keçməsinə, qılınclanıb ayaqlar altına salınmasına imkan vermirlər. Bayrağın ayaq altına atılması məğlubiyyət və təhqiq kimi qiymətləndirilir. Onun məhv olması dövlətin və istiqlalın məhv olması hesab olunur.

  Dastanda təsvir olunan bayraqların rəngləri də maraq doğurur. Tarix göstərir ki, qədim türklərdə el və tayfa birləşmələrinin müxtəlif rəngli bayraqları olmuşdur. XV-XVI əsrlərdə Azərbaycan miniatürlərində ağ, göy,sarı və qırmızı rəngli bayraq təsvirlərinə tez-tez rast gəlmək mümkündür. Daha çox ağ, qara və qırmızı bayraqlardan istifadə edilmişdir. “Kitabi-Dədə Qorqud” dastanında isə biz ancaq ağ və qara rəngli bayraqları görürük. Məsələn, “Qazan gördü kim, ləşkər önüncə, bir ağ boz atlı, ağ ələmli bərkdəmir donlu, oğuzun önüncə gəldi, çadrın tikdirdi, alay bağladı durdu.”, “Boyu uzun  Burla xatun qara tuğun kafirin qılıcladı, yerə saldı.” və s.

  “Oğuzların dövlət bayrağı nə üçün ağ rəngdədir?” Mənbələr gösrərir ki, türklərdə ağ rəng Tanrı rəngi, qalibiyyət və hakimiyyət rəmzi sayılır. Bu ənənə XX əsrin əvvəllərinə kimi mövcud olmuşdur. Görkəmli tədqiqatçı M.Seyidov yazır ki, XX əsrin əvvəllərində Şəki xanlarının nəslindən olan Ədil xanın şəhərdəki evlərinin üstündə həmişə ağ bayraq yellənərmiş.

  Qara bayraq güc və qüdrət simvolu sayılırdı. Dastanda təsvir olunan kafirlər Oğuz elinə qara rəngli bayraqla gəlir, beləliklə, özlərinin güclü və qüdrətli olduqlarını bildirirdilər. Amma həmişə məğlub olurdular. Oğuz igidləri onların qara tuğlarını qılınclayıb yerə salırdılar.

  Maraqlıdır ki, dastanda oğuzların başı üzərində qara və qırmızı bayraq görmürük. Görəsən niyə? Çünki onlara görə,  qırmızı bayraq tərəflərin bir-birinə müharibə elanetmə simvoludur. Oğuz ölkəsi isə sülhsevər bir ölkədir, heç kəsə güc nümayiş etdirimir, iğalçılıq siyasəti yeritmir, müharibə etmir. Ona görə də başları üzərində qara və qırmızı bayraq qaldırmırlar.

“Kitabi-Dədə Qorqud” dastanında himn və gerbin ilk rüşeymləri və qədim formaları da öz əksini tapmışdır.

  Himn mühüm dövlət rəmzlərindən biridir.Himn sözü yunan mənşəli olub, ilkin mənada allahları, müəyyən tarixi hadisələri, onların qəhrəmanlarını şöhrətləndirən, təntənəli musiqini və nəğmələri bildirmək üçün işlənmişdir. Türk xalqlarında himnin tarixi də çox qədimlərə gedib çıxır.

Bildiyimiz kimi himnlərdövlət və ya sinfi birlik rəmzi kimi qəbul olunmuş təntənəli mədhiyyə, birinin və ya bir hadisənin şərəfinə ifa edilən təntənəli musiqi əsərləridir, müstəqilliyinvə milli birliyin söz vəmüsiqiiləifadə olunmasıdır.

Türk mifoloji düşüncəsinə görə, bayraq və təbil (əsgər musiqisi) dövlət və istiqlalın ən müqəddəs rəmzlərindəndir. Dastanda belə musiqilər–hərbi marşlar haqqında da məlumat verilir. Bu növ musiqilər igidlərin döyüş əhval-ruhiyyəsini qaldırmaq, onların qələbə əzmini yüksəltmək məqsədi daşıyır. Bu musiqilərin ifası zamanı qopuzla yanaşı, daha çox nəfəslə çalınan borudan, zərb alətlərindən davul, kos (kus) və nağaradan istifadə olunur.

“Kitabi-Dədə Qorqud” dastanında hadisələri, onların qəhrəmanlarını şöhrətləndirən  təntənəli musiqinin – indiki dillə desək, himnin olduğunu  əsərdən gətirilmiş aşağıdakı nümunələr də sübut edir: “Gumbur-gümbur  naqaralar dögüldü, burması altun tunc borular çalındı”, “Gumbur-gumbur davullar çalındı”, “Boru çalındı, kos uruldu.”  və s. Bizcə, dastanda söylənilən alqışlar da himninqədim formalarından sayıla bilər.

  Dastanda Oğuz igidlərinin döyüşə girərkən və döyüşdən çıxarkən kiçik  təbillərdən istifadə etmələrinin də şahidi oluruq. Bu, bir mərasim xarakteri daşıyırdı. Adı çəkilən musiqi alətlərinin hamısı döyüşdə, savaş meydanında işlənir. Çalınan musiqi müstəqilliyi, Vətəni, milləti və dövləti müdafiə etməklə milli birliyin təcəssümü kimi qavranılır.

Bu nümunələr göstərir ki, dövlətçiliyimizdə dövlət himninin – milli marşın – milli himnin mənşəyi və tarixi təkamülün əsasını təşkil edən qədim və zəngin dövlətçilik ənənələrimiz olub və XX əsrin əvvəllərindən etibarən müasir anlamda, Avropa tipli himnin formalaşması prosesi məhz həmin ənənələr və ümumbəşəri dəyərlər əsasında baş verib. (Xatırladaq ki, hazırkı himnimiz də ilk əvvəl marş (“Azərbaycan marşı”) kimi yaranmışdır. Ondan bir müddət orduda hərbi marş kimi də istifadə edilmişdir.)

Gerb də ən mühüm dövlət rəmzlərindən sayılır. Gerb irslə ötürülən və ölkənişəhərinəslifərdi xarakterizə edən elementlərlə bəzədilmiş emblemdir. Türklərdə gerbin tarixi də çox qədimdir. M.Аdjının “Полынполовецкогополя” əsərində göstərilir ki, qədim türkün bayrağında ikibaşlı qartal gerbi olub, sonralar ruslar həmin gerbi özlərinə mənimsəmişlər.

Gerbin üzərindəki simvollar təsadüfi olmur.  Əlbəttə, “Kitabi-Dədə Qorqud” dastanında indiki anlamda gerb təsəvvür etmək absurd olar. Burada  ancaq bizim bu gün gördüyümüz gerbin formalaşmasına səbəb olacaq simvolları, damğaları görə bilərik.

A.Şahbazlı özünün “Qədim türk xalqlarının möhür (damğa) ənənəsi” adlı əsərində yazır ki, bu simvol və damğalar müasir dövrümüzdə istifadə edilən gerb kimi təsviri ifadələrin ən qədim formaları olaraq qəbul edilə bilər.

İndiki gerbimizdə dastanda adı çəkilən qalxan, “Qaba Ağac”lardan sayılan palıd budaqlarından, Tanrı rəngi sayılan ağ rəngdən və s.istifadə olunması da bunu sübut edə bilər. Şərq qalxanı Qərb qalxanlarından fərqli olaraq dairəvi (bu günəş kultu ilə də bağlı ola bilər) formada olur. Gerbimizin onun üzərində təsvir edilməsi ölkəmizin şərq ölkəsi olduğunu bildirir. Günəşin simvolu olan səkkizguşəli ulduzun ağ rəngdə verilməsi “Əmin-amanlıq, sülhsevərlik və barış” mənaları verir. Yuxarıda da qeyd etdiyimiz kimi eposda oğuzların istifadə etdikləri bayraqlardan birinin rəngi də ağ olub və eyni anlamdadır.

Dastanda vəsf olunan “Qaba Ağac” isə ilk ana, övladverən, möhkəmlik , “əbədi, daimi, sonsuz həyat” anlamındadır. Azərbaycan Respublikasının gerbində palıd yarpaqlarından (həmçinin qozalarından) istifadə edilməsi isə ölkəmizin müstəqilliyinin əbədiliyini və dönməzliyini ifadə edir. Ümumiyyətlə, “palıd” heraldikada hərbi funksiya daşıyır və möhkəmlik”, dözümlülük və s. mənasını verir. Gördüyümüz “Qaba ağaç”lardan sayılan palıdın dastandakı və gerbimizdəki mənaları eynidir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

              

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.