Super User

Super User

Tuesday, 02 April 2024 11:45

BİR SUAL, BİR CAVABda Mərcan Şahbuzlu

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "1Sual və1 Cavab" rubrikamızın qonağı vətənpərvər şeirlər müəllifi  Mərcan xanım Şahbuzludur.

 

Dərd anlayan, oda yanan vətəndaş, 

Yumruq kimi vətən deyib birləşək. 

Söz bir olsun, üz bir olsun, a qardaş, 

Dəli olaq, Koroğlutək kürləşək.

Bax bu cür çağırış-şeirlər yazır Mərcan xanım. 

 

SUAL

-Xoş gördük, əziz Mərcan xanım.

Basdığın yerlərə torpaq deyərək keçmə, tanı,

Düşün altında minlərcə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı,

Vermə, dünyaları alsan da, bu cənnət Vətəni. (Mehmet Akif Ərsoy)

Sualımız belədir:

Mərcan Şahbuzlunun qəlbində " 44 günlük müharibə" hansı izləri buraxdı?

 

CAVAB:

-Salam Ülviyyə xanım, xoş gördük.

Azərbaycan Silahlı Qüvvələri  44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ Müharibəsi bizim şanlı tariximiz oldu. Qəhrəman ordumuz mənfur düşməni torpaqlarımızdan qovdu və ədaləti bərpa etdi.

Bu gün biz azad və qalib xalqıq. Son 30 ildə ən ciddi problemimiz sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının xeyrinə həll olundu. 44 günlük Vətən savaşında müzəffər ordumuz və Ali Baş Komandan cənab İlham Əliyevin qüsursuz liderliyi - siyasəti nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi, düşmənin bel sütununu qırdı. Beləliklə, Azərbaycanın otuz illik Vətən həsrətinə son qoyuldu.

Düzdür, unutmadığımız, canlarını Vətənə fəda edən şəhidlərimiz, qazilərimiz də oldu, əlbəttə, "Vətən, uğrunda ölən varsa, Vətəndir"- söylənilib.

İndi biz  prezidentimiz cənab İlham Əliyevin " Dəmir yumruğu" və şanlı ordumuzun sayəsində zəfərimizlə fəxr edirik.

Yaşasın, Azərbaycan xalqı, yaşasın İlham Əliyev, Qarabağ Azərbaycandır!

Rubrikanıza dəvət etdiyiniz üçün Ülviyyə xanım, sizə də təşəkkürümü bildirirəm.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

(“Çanaqqala - Türkə qala” poemasının və bir neçə şeirinin təhlili əsasında)

 

Adilə Nəzərova yazır

 

“Ədəbiyyat və incəsənət” portalı Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın “Yusif Nəğməkarın yaradıcılığında türkçülük” adlı tənqidi qeydlərini təqdim edir. 

 

Bütün dövrlərdə müəyyən məqsədli ictimai fəaliyyət öncə ədəbiyyat sahəsində meydana çıxmış, sonradan siyasi xarakter almışdır. Müasir dövr ədəbiyyatının da ən təsirli və önəmli hərəkatı türkçülük hərəkatıdır. Ədəbi dildə sözlərin bilərəkdən və ya yerinə düşdükcə bütün türklərin anlaya bildiyi ortaq türkcədə yazılması belə bu hərəkata xidmət edir, - nəinki türkün şanlı tarixini mövzu seçərək, özünəməxsus ədəbi baxışla təqdim etmək. Bütün bunlar fərdlərin, və eyni ideologiyada qruplaşanların sayəsində baş verir.

Yusif Nəğməkarın əsərlərini düzgün dəyərləndirmək üçün onun şəxsiyyəti, həyata baxışı, ideyaları, mübahisə (yerinə görə) və müzakirələrini, ilk növbədə isə şairə görə türkçülüyün nə demək olduğunu öyrənmək vacibdir. O, hər şeydən əvvəl idealları olan vətəndaşdır. Onun birinci müsbət keyfiyyəti milli köklərinə bağlı olmasıdır. Şair bütün həyat fəaliyyətində - yaradıcılığında, musiqi ifaçılığında, ədəbi çıxışlarında və s. öz milli idealının oxu ətrafında fırlanır.

Şair Yusif Nəğməkarın “Çanaqqala - Türkə qala” poeması bir millətin mənliyinə edilən hücumlar nəticəsində dağılma prosesindən necə sağ çıxmasından bəhs edir. Özünü dərk edən millətin şairi, gələcək üçün də millətinin kimliyini bərqərar etməyi hədəfləyir. Bu poemada Yusif Nəğməkarın poeziyasında özünüdərk və milli kimlik məsələsinə, türk millətinin varlıq mübarizəsini necə apardığına diqqət yetirilir.

“Çanaqqala - Türkə qala” poeması Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri Məhəmməd Hadinin “Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?” misraları ilə başlayır. Müəllifin “... Oğlu şəhid olan torpaq basılmaz, Torpaq şəhiddirsə, oğulu yoxdur!...” misraları ilə davam edir.

Muzey bələdçisi – Mərhəba! – deyib,

Danışan silaha, yarağa döndü.

Tarix işığına özü baş əyib,

Sözü zülmət yaran çırağa döndü.

 

Çanaqqala Tarix Muzeyində bu salamlaşma və təqdimat-təsvirdən sonra “Uzun bir duyğulanma anı” yaşayan və bu duyğularını poemada yarımbaşlıq kimi eyni adla təqdim edən şair yazır:

Hər kəs özündən əvvəldir,

Hər səs özündən əvvəldir,

Nəfəs özündən əvvəldir,

Nəfəs almayan hər şey...

 

Səslənməz məram hədər,

Özündən önə gedər.

Qəhrəmanlığa qədər

Haray salmayan hər şey.

 

Dildən əvvəl dil doğular,

Əldən əvvəl əl doğular,

Özündən əvvəl doğular,

Adi olmayan hər şey.

 

Yuxarıdakı nümunələrdən də göründüyü kimi Yusif Nəğməkar dərin fəlsəfi mənaları metafizik ünsürlərlə zənginləşdirərək bəşəri ideologiyanın mahiyyətindən çıxarıb misralarına yüklədiyi türkçülük anlayışını bir inanc sisteminə çevirmiş və öz yaradıcılığının önəmli bir hissəsini bu sistemdə formalaşdırmışdır.

“Millətə gərək oğullar, Özündən əvvəl doğular” – şüarı ilə şair ilkin yaradıcılıq illərindən başladığı ədalətli və mübarək bir mübarizəni son on ildir əsərlərində daha ciddiyyətlə davam etdirir, türkçülük inancı uğrunda mübarizə aparır və bu inancın təməl prinsiplərindən biri də türkün ədəbli-ərkanlı, haqqın dostu olmaqla bərabər, düşmənə hücum edəndən sonra geri addım atmamaq, boş  qayıtmamaq kimi dönməz, əyilməz, mərd olduğunu da xatırladır. Poemanın “Ön Ün” bölümündə yazır:

Qocalmayan qoca tarix,

Yaddaşını bir təzələ.

Sonunu görə bilmədim,

Yönümü tutdum əzələ...

 

Sadə bir ad daşısan da,

Sərt savaşlar şahidisən.

Vaxtla əkiz yaşasan da,

Sən də vaxtın şəhidisən.

 

...Ədəb-ərkan qanununa

O, bələdçi, - deyil naşı.

Düzü əymək yasaq ona,

Türkdür haqqın arkadaşı.

 

...Od kürəsi – dan yeridir,

Alov saçan al didəsi.

Türkün soy-nişan yeridir,

Əyilməzlik abidəsi.

 

Müharibə təbii olaraq hərbi xidmətin vacibliyi və zəruriliyi qənaətinə gətirib çıxarırsa, zəfər də vicdanları, iti zəkaları və cəsarəti ilə seçilənlərin xidmətinə  əsaslanır. “Çanaqqala - Türkə qala” poeması bu səbəbdən müəllif kimi oxucunu da “yaşamaq üçün mübarizə” qanununun dünyanın sonuna qədər davam edəcəyinə inandırır, “Sərt savaşlar şahidisən” deyə, türk toplumunun "hərbi millət" olmasını bir daha diqqətə çatdırır.

Yusif Nəğməkar əsərdə “içdən gələn qəhrəmanlıq qorxu bilməz, hədə bilməz. Mərd əllərdən yapışınca Vətən əldən gedə bilməz.” teoremini təyin edir. Bu təyinatla irəlilədikcə, “Həmlələrin qarşısında hər məhmətcik təpər olub, bütöv millət səngər olub, sipər olub. Bu məğrurluq qalasını görən düşmən, əməlindən hörümçəktək özünə tor hörən düşmən yol itirib, çaş-baş gedir!” nəticəsini əldə etməsi labüddür. Bəs o “məğrurluq qalası” kimlər idi?

Gecə-gündüz İstanbulun taleyini düşünənlər

bir toplantı keçirdilər.

Vətənpərvər, millərsevər ziyalılar

min təlaşla, min duyğuyla tükü-tükdən seçirdilər.

hər fikirdə incə diqqət,

məsuliyyət!

Kimdir onlar?

Vicdanları, zəkaları işıq saçan o insanlar?

Deyək, bilsin bilməyənlər -

kimlər olmuş bu millətin yaddaşında ölməyənlər:

Tələt Paşa, Əli bəy Hüseynzadə, Cəlal Sahir,

Fuad Köprülü, Yahya Kamal Bayatlı, Ziya Gökalp,

Xalidə Ədib Adıvar, Doktor Adnan, Ömər Seyfəddin,

Məhmət Əli Tevfiq, Yusuf Akçura – toplandılar bir ara.

Toplandılar, düşündülər, daşındılar, düşündülər, danışdılar,

İstanbulun xilasına aradılar bir çara...

 

Poemada Mehmet Akif Ersoyun “Çanaqqala şəhidlərinə” yazdığı şeirdən məşhur misralar da yer alıb. “Ey şəhid oğlu, şəhid, istəmə məndən məqbər, Sənə ağuşunu açmış duruyor Peyğəmbər”. Bilirik ki, bu əsər şeirdən çox, Çanaqqala savaşının, ümumiyyətlə, müharibənin şərtlərini ortaya qoyan bir sənəddir. Bu misraların yazıldığı vaxtı şair belə təqdim edir:

Qəlb göynədən bu misralar,

Namaz üstə deyilmişdi.

Heç əyilməz Akif dədə

Haqq duaya əyilmişdi.

 

“Akif dədə” deyilməyi

Etmiş dizibərk oğlunu.

Şairin sözə enməyi,

Qaldırmışdı türk oğlunu.

 

Burada bir haşiyə çıxmaq yerinə düşər: Bu misraları oxuduqca keçən il Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi M.P.Vaqifin muzey-məqbərə kompleksinin açılışında proqramdankənar sərbəst zaman daxilində Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir qrup ziyalılarla ayaqüstü söhbəti əsnasında Yusif Nəğməkarın bir bənd şeirlə Prezidenti salamlaması, təqdir etməsi, onun da şairə təşəkkürü, daha doğrusu, şeirə, SÖZƏ – HƏQİQƏTƏ baş əyərək ehtiram göstərməsi səhnəsini xatırladım. “Xəzəllərə yarpaq verməz, Haqsızlara haqq verməz, Yağılara torpaq verməz, Azərbaycan Prezidenti!” (Bu misralar Y.N-ın "Azərbaycan Prezidenti" şeirindən (eyni adlı mahnıdan) bir bənddir.) deyən şairə, bu cəsarəti yəqin ki, müharibənin ağır şərtlərini və uğurlu nəticəsini - gerçəkləri ortaya qoyan şeirin məzmununun verdiyini anlamaq çətin deyil. Yusif Nəğməkar inanclı insandır. Ona görə də əqidəsinə uyğun davranır. Onun inancı “türk əqidəsi”nin ən təməl prinsipi - “hər zaman, hər yerdə və hər işdə xalqın və dövlətin mənafeyini gözləmək” fikrini ifadə edir. Kompasın sabit ucu bu fikrə əsasən yerləşirkən, o biri ucu milliliyin tarixinə və coğrafiyasına dayanır. Belə ki, “Dədə Qorqud”dan üzübəri türklər öz qəhrəmanlarını ucaltmışlar, öymüşlər. Şair də bu ənənəyə sadiq qalaraq, ədalətli və mübarək bir davranışda bulunmuş, öyülən də bu səmimiyyətə öz səmimi təşəkkürlərilə cavab vermişdi. Bəli, bu gün bizə “Başım baxtı, evim taxtı” deyib, qəhrəmanını qarşılayan Qorqud ovqatı, Oğuz nikbinliyi hava, su kimi gərəkdir.

1914-cü ildə bаşlаnаn Çanaqqala döyüşünün başlanğıcı çox ağır kеçmiş, ingilis və fransız qüvvələri boğazdan keçərək qalaları topa tutmuşdular. 2015-ci ilin yanvarında Osmanlı dövləti döyüş qərarı vermiş və dəniz döyüşləri güclənmişdi. Poemada bu qızğın səhnələr olduqca təsirli təsvir olunur:

Yenə savaş, savaş gedir.

Bir səs gəlir:

Haydı, haydı, top başına!

Mərmiləri mərdimazar quldurların səp başına!

Yer üzünün əsəbində,

Su üzünün qəzəbində bir daş gəmi üzür, üzür.

O daş gəminin göyündə

gurlayan top mərmiləri

qanad çalır, bir daş süzür.

...Bir daş uçur, bir daş gedir,

Daş ürəkli bir aləmdə savaş gedir...

 

Müharibələrdə hərbi vəziyyətin çətinliklərinə baxmayaraq, ordunun fəallaşması, birləşməsinə təsir edən üsullardan biri motivasiyadır. Motivasiyanın ən doğru vasitələrindən biri isə ədəbiyyatdır. Ədəbiyyat əsgərlərə ümid verən, mübarizəyə aparan və sonadək məqsədə getməyə güc-qüvvət verən ən önəmli yollardandır. Şair bunu dəqiq bildiyi üçün poemada bu mövzuya da yer vermişdir:

İyun, Min doqquz yüz on beş…

Çanaqqala meydanları cəbhə-cəbhə,

səngər-səngər aradılmş…

Ənvər Paşa təlqinləri rəsmi dəvətinə görə

“Savaş ədəbiyyatı kampaniyası” yaradılmış.

Bu dilbirlik, bu əlbirlik, əməlbirlik…

 

Bu kampaniyada Əli Bəy Hüseynzadə, Məhməd Əmin Yurdaqul, Hüseyn Cavid və başqaları da vardı ki, şair türk millətinin bu mübarək babalarının əməlini,  əməyini “aşılmaz qalaları aşanlar” olaraq dəyərləndirir və döyüşçülərin onların verəcəyi ümidə möhtac olduqlarını poetik bir dillə qeyd edir:  “Orda ruh – şah, inamsa – tac!”.

Poema, qeyd etdiyimiz kimi, Osmanlı İmperatorluğunun tarixin səhnəsindən silinməsi planlanan bir dövrdə, onun varlıq meydanına edilən hücuma qarşı öz varlığını gələcəyə ötürmək istəyinin qalibiyyətindən bəhs edir. Tarixi müstəvidəki zəfəri mətn müstəvisinə gətirən şair bu zəfəri tərənnüm etməklə yanaşı, öz soy-kökünə sahib çıxan türk millətinin öz ideallarına uyğun gələcək planlarını necə həyata keçirməli olduğunu da simvolik olaraq göstərir. Poemada dil və vətən şüuru Yusif Nəğməkarın türkçülük fəlsəfəsinə uyğun olaraq “Turan” quruculuğu düşüncəsi ilə işlənmişdir.

“Çanaqqala - Türkə qala” poeması ədəbi əsər olmaqla yanaşı, tədqiqat əsəri kimi də dəyərləndirilə bilər. Məlumdur ki, tarixi əsər yazmaq üçün mütləq arxivləri araşdırmaq, mövzu ilə bağlı yazılan əsərləri oxumaq, elmi tədqiqatları nəzərdən keçirmək lazım gəlir. Bildiyimiz kimi, Çanaqqala müharibəsi şəhidləri haqqında Osmanlı Arxivində təxminən 1200 kataloqluq, Türkiyə “Milli Savunma Bakanlığının Arxivi”ndə 330.000 kataloqlıq məlumat olan  “Şəhid Təsbit Projesi” sənədləri toplanmışdır ki, o sənədlərin bir çoxunda Azərbaycanlı komandir və əsgərlərin Çanaqqala döyüşlərində iştirakı ilə bağlı zəngin məlumatlar vardır. Bu məlumatlara, faktlara əsaslanan şair yazır:

Çağdaş insanlar, deyim, inanın,

səbri daşmışdı Azərbaycanın...

Osmanlıdakı qanlı qovğalar –

Antanta fikri – qədim sovxalar...

...coşdu sevgilər, coşdu hünərlər.

Şəhid olmağa hazır əsgərlər,

öpüb torpağı söylədilər, “Can!”

Öz qardaşına köməyə qalxdı

Azərbaycan.

Müəllif bu poemada türk analarının mərdliyini, məğrurluğunu, səbrini göstərən real, real olduğu qədər də müqəddəs səhnələr yaratmışdır. Analar oğullarını döyüşə - Şəhidliyə göndərərkən çal-çağır edir, qurbanlar kəsir, ruh yüksəkliyi ilə mərasim keçirir. Tanrıya üz tutaraq şükr edir ki, o, vətən, yurd uğrunda döyüşə gedən oğul yetişdirib.

Çanaqqalaya türk qardaşlarına köməyə gedənlərdən biri də azərbaycanlı Əsəd Paşadır. Əsərdə Əsəd Paşa abşeronlu və onun nişanlısı Gülçöhrə mərdəkanlıdır. Əsədlə Gülçöhrənin ayrılıq səhnələri çox təbii və həyəcanvericidir. Ayrılarkən Əsədin dili ilə deyilən “...Ulu milləti sındıra bilməz bir kəs, Mən də millət oğlutək o yerdə olmalıyam, Döyüşlərə atılıb Zəfərlər çalmalıyam. ...Gövdə, budaq bir yana, Köküm məni səsləyir. Tarixlər iftixarı Türküm məni səsləyir”. sözlərlə şair Azərbaycan-Türkiyə qardaşlığının dərin köklərə malik olduğunu və bu qardaşlığın möhkəm mənəvi özüllər üzərində qurulduğunu ortaya qoyur, bu tarixi həqiqəti faktlarla indiki gəncliyə çatdırır, gələcək nəslə ötürür. Əsərdə Əsədin döyüşə başlayarkən müəllifin təhkiyəsilə iki misralıq fikri oxucunun da köksünü qabardır: “Bir qəlbini bölmüşdü o, müqəddəs ikiyə: Onun Gülçöhrəsiydi Azərbaycan - Türkiyə!”.

Burada, qadın sevgisini vətən sevgisilə dəyişmək sübut edir ki, vətən təkcə daşı-torpağı ilə yox, sahib olduğu, qoynunda bəslədiyi ana, övlad, yar ilə vətəndir. Necə ki, müəllif yuxarıdakı nümunədə fikrini qəhrəmanının sözlərilə dilə gətirir. Bu məqamda bir fikir də özünü doğruldur ki, milli kimlik fərddən sosiala keçərək özü üçün tərif sahələri yaradan bir quruluşdur. Bu strukturda “mən”i müəyyən etməyə ehtiyacı olan hər bir şəxs “biz” haqqında düşünməyi bacarmalıdır. Eynilə Şairin düşüncəsini ehtiva edən Əli bəy Hüseynzadənin irəli sürdüyü “türkçülük, islamçılıq, müasirlik” şüarındakı Azərbaycançılıq məfkurəsi kimi, - hansı ki, bu, millilik və ümumbəşəriliyin vəhdətindən çıxış edən ideologiyadır.

Poemada Əsəd Paşa döyüşlərdə həlak olur, onun yolunu gözləyən nişanlısı Əsədin sorağı ilə Çanaqqalaya yollanır. Əsədin şəhid olduğunu duyunca yağıdan intiqam almağa and içir. Gənc Gülçöhrəyə məhmətciklərin yaralarını sarımaq üçün  həmşirəlik işi tapşırılır və o da sonda şəhid olur.

Bu əsər də bir çox tarixi əsərlər kimi sübut edir ki, türk millətinin digər millətlərdən fərqi ondadır ki, onların xəyali qəhrəmanlara ehtiyacı yoxdur, onlar bütün dövrlərdə dünya coğrafiyasının hər nöqtəsində olmuş və qəhrəmanlıqları ilə tarixə düşmüşlər.

Poemanın “Ən Son Ün” bölümündə şair döyüş və qəhrəmanlıq mövzusunu ümumiləşdirərək nəzərləri Çanaqqaladan Qarabağa, Seyid Onbaşıdan əfsanəvi qəhrəman Mübariz İbrahimova yönəldir.

Dərdli Odlar yurdum sərdar qaladır,

Neçə döyüş burda, neçə iz burda.

Bu gün Qarabağım Çanaqqaladır,

Seyid Onbaşıyla Mübariz burda.

 

- misraları ilə hadisələrin daxili aləminə bir sənətkar qüdrətilə nüfuz edir, iki işğala uğrayan doğma türk yurdunu, həmçinin savaşın iki idealını tərənnüm edir. Əsərin bu paralelliklərlə davam edən son bölümü göstərir ki, şairin əsər üzərində işləmə texnikası olduqca mükəmməl və mənə görə, üslubca yenidir. Həm hadisələrin, həm də qəhrəmanların paralel işlənməsi mövzunu və zamanı möhkəm şəkildə bağlayır. Bu da onu göstərir ki, məhz belə əsərlər yeni ədəbi cərəyan yaradır.

Bütün dövrlərdə türk türkə dost, qardaş olmuşdur. Bu baxımdan “Çanaqqala - Türkə qala” kimi əsərlərin təbliğinə zaman-zaman yenidən dönməli və yaddaşımızı təzələməliyik.

 Nəzərə çatdıraq ki, şair bu poemaya görə 2015-ci ildə “Çanaqqala zəfərinin 100 illiyi” münasibətilə keçirilən ədəbi müsabiqənin qalibi olmuşdur.

Türkçülük ideyasını bir çox şeirinə tətbiq edən Yusif Nəğməkarın mövzu ilə bağlı fikirlərini “Türkəm, türk oğlunun yuxusu gəlməz” şeirində də oxuyuruq.

Qorxutmaz məqsədli qınaqlar onu,

Mələklər saf ruhla qonaqlar onu,

Elə ayıldıb ki, sınaqlar onu…

Türkəm, türk oğlunun yuxusu gəlməz.

 

Anadolu kimi əzəl özüm var,

Səhəri doğuran danım – közüm var,

Veysəlin gözünə işıq sözüm var,

Türkəm, türk oğlunun yuxusu gəlməz.

 

Uzaqlıq-Kaşğari sözündən uzaq,

Azər, türkmən, özbək, qırğızla qazax...

Madam ki, dostumuz, yadımız ortaq,

Türkəm, türk oğlunun yuxusu gəlməz.

 

Şumerdir, Albandır - türk namusudur,

Əxlaqı-dastanı "Bilqamus"udur,

Oyanmaq sevinci, yatmaq yasıdır,

Türkəm, türk oğlunun yuxusu gəlməz.

 

Milli kimliyin əsasını təşkil edən türkçülüyü bütün ideyaları ilə təbliğ etmənin yeni milli cəmiyyət quruculuğunda da əsaslı rol oynayacağını düşünən vətəndaş şair, bu dinamikanı qorumağı lazım bilir. Bu səbəbdən şeirdə keçmişdən bugünə türkçülüyə xidmət edən hər kəsi və hər şeyi – türk millətinin dost-düşməninin də ortaq olmasını xatırladır.

Türkçülüyün eyni zamanda bir qürur məsələsi olmasını bilmək, bu həqiqəti ədəbi-bədii əsərlərə daşımaq hər sənət adamının borcudur - şairin şüara çevrilən “Millətin millisi olmayan şair, Dünyanın dillisi olsa da heçdir.” misralarında dediyi kimi.  “Türkəm, türk oğlunun yuxusu gəlməz” şeirində şairin qeyd etdiyi kimi, türkçülüyü təbliğ etmək türkü hər daim oyaq saxlayar, yatmaq – milli kimliyi unutmaq türkə yas – bəla gətirər.

İctimai yaddaşda mövcud olan milli hisslər bütöv bir kimlik tərtibatında, tarixi-milli şüurda əriyir. Yusif Nəğməkara görə Vətən təkcə yaşadığın ölkə deyil, Vətən böyük və əbədi bir məmləkət – Turandır.

Bu amal hər şeyi üstələyir və türkçülük xəyalının şüarına çevrilir. Bu şüar Turan adı altında birləşən oğuzları, tatarları, qırğızları, özbəkləri, yakutları və b. öncə dil, ədəbiyyat və mədəniyyətdə birləşdirməkdir ki, zaman-zaman araya uzaqlaşmalar girsə də, bu, dünya türklərinin qan və gen yaddaşda nəsildən-nəslə ötürülmüşdür. Bu ideya “Qalx, Türküm!” şeirinin

And kimi içilər adın;

Sayılıb-seçilər adın.

Dünyaca ölçülər adın;

Turan boyda görküm mənim,

Qalx ayağa, Türküm mənim!

 

Hər an düz yolda-haqdasan,

Haqqa dirək bayraqdasan,

Silah kimi ayaqdasan;

Varlığımı dərkim mənim –

Qalx ayağa, Türküm mənim!

 

- misralarında vurğulanarkən, şeirin üçüncü bəndi xəyaldan həqiqətə çevrilən ən yeni tarixi yada salır.

Qarabağım talan yerdə,

Yağı torpaq bölən yerdə,

Tək hənirin gələn yerdə,

Yoxdur qorxum-hürküm mənim,

Qalx ayağa, Türküm mənim!

Cəmiyyətin dəyərlərini və şüurunu əks etdirən belə ədəbi nümunələr inkişafın göstəricisi, yaxud keçid dövrünün şahidi kimi də çıxış edir.

II Qarabağ savaşında Türkiyənin Azərbaycana dəstəyindən güc alan xalq, dövlət və ordu birliyi bu haqq davasında zəfər çaldı. Şairin həmin günlərində yazdığı  "Azərbaycan - Türk Bayrağı” şeiri bir daha təsdiq edir ki, türkçülük böyük ideyadır. Bütün ideyalar kimi o da böyük bir inanc gücünə söykənir. Şair bu şeirin hər bəndində türkçülük ideyasının elə bir tərəfini açır ki, bu ideya əsrlər boyu böyük türk millətinin şüurunda və şüuraltında yaşayan böyüklük və bütövlük ideyasının izharı, türk soyunun özünəməxsus xüsusiyyətlərinin təzahürüdür.

Məğrurluğu tərkedilməz,

Siz sancılan Yurd yenilməz –

Ey Tanrısal, vəsfəgəlməz,

Azərbaycan, Türk bayrağı!

 

Bu misralar “türkçülük” haqqında keçmişdən gələcəyə uzanan duyğu və düşüncənin ifadəsi olduğu üçün onu fərqli şəkildə şərh etməyə lüzum qalmır. Oxucu bu misralarda bir şeyə inanır ki, çiçək açan ağacın bar verməsinin qarşısını almaq mümkün olmadığı kimi, türk millətinin də qələbə qazanmasına mane olmaq mümkün deyil. Türkün vəsfəgəlməz bayrağı daim ucalarda və məğrur dalğalanıb.

Mərhum şairimiz Bəxtiyar Vahabzadə iki ölkənin qardaşlığını “Bir ananın iki oğlu...” deyə tərif etmişdi. Y.Nəğməkar isə bu qardaşlığı iki ölkənin bayraqları ilə təqdim edir. Azərbaycan və Türkiyə bayrağının vəsfini “Birdən yaranan ikilik, İkilikdən doğan birlik” misraları ilə poetikləşdirir və bu həqiqəti sözügedən şeirin davamında belə əks etdirir.

Şəhid qanıyla güllənən,

Hünər şanıyla dillənən,

Çanaqqalada yellənən

Azərbaycan, Türk bayrağı!

 

Azərbaycanın dövlət himnində vətənə xitabən: “Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! ...Üçrəngli bayrağınla məsud yaşa!”. Eləcə də, Türkiyənin dövlət himnində: “Çatma, kurban olayım, çehreni ey nazlı hilal! …Sana olmaz dökülen kanlarımız sonra helal” deyilir.

Yusif Nəğməkar bu fikri özünəməxsus poetik ifadəyə bürüyür:

Zülmətlər biçib gəldiniz,

Sidqən and içib gəldiniz,

Odlardan keçib gəldiniz,

Azərbaycan, Türk bayrağı!

 

Bəli, oddan-alovdan keçsə də, qan bahasına ucalsa da, bayraq azadlıqdır, müstəqillikdir, heysiyyət simvoludur, milli kimlikdir, yurda hakimlikdir, vətəndir, gücdür. Bəlkə də buna görə neçə-neçə qandan-qadadan keçən bayrağın görüntüsündə hüzün yoxdur.  

İki bayrağın birliyi isə ikiqat gücdür, sərhədi olsa da bir vətəndir, düşmənə gözdağıdır, yağı canına düşən qorxudur.  

 

Eheeyy, şərə uzanan əl,

Eşit, bədxah, xəbis əməl,

Sarsılmazdır bu tunc təməl –

Azərbaycan, Türk bayrağı!

 

Bu şeir o vaxt yaranmışdı ki, bədhaxların şərə uzanan əlləri Azərbaycanın bir hissəsini işğal etmiş, torpağının bağrı şəhidli, uşaqları qaçqın, qocaları həsrətli, cavanları azadlıq eşqli, toyları şənliksiz, şeirləri ağrı-acılı, küləyi hüzün səsli, dənizi solğun rəngli, keçmişi də, bugünü də əsirlikdə otuz il boynubükük qalan, eyni zamanda əzab-əziyyətləri ilə böyüyən, güclənən, inkişaf edən ölkə olaraq itirdiklərini geri almaq üçün ayağa qalxmışdı. Gediləcək yer çətin, addımlar qısa idi və ona bir qardaş əli gərəkdi. O əl uzandı, öz qardaşının əlindən tutdu, bir əsr əvvəl yenə Türkiyədən - Qarsdan gələn qardaş əli kimi. Qafqaz İslam Ordusu himnində deyildiyi kimi: “Nuri Paşa at belinde Türkiye’den, Kars’tan gelir, Azerbaycan diye-diye yenilmeyen aslan gelir”.

Nuri paşanın nəvələri yenə gəldilər. Azərbaycan türkləri gələnləri bir daha qucaqladı. Zəfərimizdə güvənc yerimiz oldular. Eynən şairin dediyi kimi:

 

Atlaz zəmin üstdə qumaş,

Qoşa namus, qoşa ardaş,

Qoşa sirdaş, qoşa qardaş –

Azərbaycan, Türk bayrağı!

 

Varlığınız güvəncimiz,

Yarlığınız – yar incimiz,

Zəfər donlu sevincimiz –

Azərbaycan, Türk bayrağı!

 

Azərbaycan xalqı keçmişinin təntənəsi ilə evlərinin eyvanlarına, iş yerlərinə, avtomobillərinə, küçə və prospektlərinə göz yaşları ilə Azərbaycan və Türkiyə bayraqlarını qoşa asdı, çünki “nazlı hilal” “üçrəngli bayraq”la birgə zəfər donlu sevincimizin göstəricisi idi. Sinələrə asılan iki bayrağın qoşa rəmzi nişanlar iki qardaşın qovuşması idi, iki bədənin bir yumruq olması idi ki, zülm qalasını vurub dağıtmışdı. Bu coşqu Yusif Nəğməkar qələmində eynilə də əks olunur:

Biz Türkləriz – mərdlər dəsi,

“Çadırımız – göy qübbəsi”;

Bilgə Kağan təntənəsi –

Azərbaycan, Türk bayrağı!

 

37 bənddən ibarət olan bu şeirdə hər iki dövlətin tarixi köklərinin bir olması ilə əlaqəli bilgilər verilir, qədim türk torpaqlarında mövcud olmuş dövlətlərdən, xanlıqlardan, İmperiyalardan bəhs edilir. Tarixi, milliliyi, dili, dini inancı ilə daima yaxın olan iki dövlətin birliyi əks olunur. Və şeirin son iki misrasındakı bənzətmə oxucunun ruhunu titrədir: “Gözümün qarası, ağı, Azərbaycan, Türk bayrağı!”.

Şairin yaradıcılığına ümumi nəzər yetirsək görərik ki, türkçülük ideyasını müdafiə edən şeirləri çoxdur. Bu şeirlər müəllifin qəlb inancıdır, könül səsidir, qələm sadəcə vasitədir.

Sonda bu nəticəyə gəlmək olar ki, Yusif Nəğməkarın yaradıcılığında inkişafa aparan mütərəqqi düşüncə, millət və dil birliyi ideyası müasir ədəbi prosesdə özünü göstərir. Onun milli vətənpərvərlik hisslərinin aşılanması, milli oyanışın yenidən formalaşması və möhkəmlənməsi üçün zəmin yaradan şeirləri Azərbaycan ədəbi mühitinin digər nümayəndələrini də bu sahədə yazmağa ruhlandırır. Şairin şeirlərində əsasən türkdilli xalqları bir-birinə bağlayan faktorların əsasını təşkil edən dil birliyi milli birliyin əsası kimi götürülür və milli vəhdət fəlsəfəsinə yeni çalar verir. Dilindən, dinindən, bütün mənəvi dəyərlərindən xəbərdar olan, ictimai şüuru aktivləşdirən bu addım həm də türk millətinin tarixini yeni qələmlə yazma prosesidir.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Daxilən saf olan insanın çöhrəsində ilahi bir nur olur. Bu nur onunla həmsöhbət olan hər kəsin ruhuna şəfəq saçır, içinə məsum bir rəğbət gətirir, ətrafında gözəl aura yaradır. Belə insanlarla ünsiyyətdə olmaq, fikir bölüşmək adama zövq verir. Haqqında söhbət açdığım İradə xanım Dəlili də nurlu insanlardandır... 

 

Olduqca təvazökar, özü haqqında danışmağı sevməyən bir xanımdır. Kübarlığı, yüksək mədəniyyəti davranışından hiss olunur. Şübhəsiz ki, bu keyfiyyətlərə yiyələnməsində doğulub, boya-başa çatdığı ailənin də böyük rolu olub. Atası Hüseyn Dəlili tarix elmləri namizədi olub, AMEA-nın Tarix İnstitutunda baş elmi işçi işləyib. Anası Zinyət Rəhimova isə 25 il 111 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb…

İradə Dəlili Bakıda dünyaya gəlib. 16 yaşında orta məktəbi başa vurduqdan sonra Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1978-ci ildə oranın müalicə profilaktika fakultəsini bitirib…

Deyir ki,- "Anam mənim həkim olmağımı daha çox arzulayırdı. Hətta adımı da İslam Səfərlinin "Göz həkimi" əsərindəki İradə obrazından götürüb..."

İndiki Tibb Universitetini bitirdikdən sonra, Bakıdakı 27 saylı poliklinikada sahə həkimi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. Daha sonra Kardiologiya İnstitutunda işləyib və elmi iş müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Dörd il İranda olub, orada klinikalardan birində kardioloq-həkim kimi çalışıb. 1996-cı ildən ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində yaşayır…

"Bu ölkəyə təzə gələndə çox çətinliyim oldu. Tanımadığım ölkə, tanımadığım insanlar. Mən öz peşəmlə məşğul olmaq istəyirdim, amma bu fikrimi kimə deyirdimsə, hamı bunu heç ağlımdan da keçirməməyi tövsiyyə edirdi. Səbəblər aydın idi- birincisi dili yaxşı bilmirdim, ikincisi də bu arzumu reallaşdırmaqdan ötrü olduqca çətin olan imtahanlardan keçməliydim. Təbii ki, bu fikirlər mənə təsir edirdi, amma çox düşünüb-daşındıqdan sonra qərara aldım ki, nə olursa-olsun həkim kimi işləməliyəm. Çünki bilirdim ki, öz peşəmi davam etdirməsəm, həyatımın mənası olmayacaq.”- söyləyir.

Bir müddət keçəndən sonra İradə xanım "US Medical License Exam" adlanan üç ixtisas və ingilis dili imtahanlarını müvəfəqiyyətlə verərək, ABŞ-da çox məşhur olan Atlanta şəhərində fəaliyyət göstərən Emory Universitetində üç il rezedentura keçir və ailə həkimi işləməyə rəsmi icazə alır, nəticədə ailə həkimi kimi fəaliyyətə başlayır. Hazırda altı klinikanı özündə birləşdirən "Beaver Medical Group"da çalışır. Təxminən 4000 xəstənin sağlamlığına baxır…

Ömür-gün yoldaşı Azər Eminzadə fizika elmləri namizədidir. Nigar adlı bir qızı var, İrvin Universitetinin məzunudur. Nigar xanım Bakıdakı Oxford məktəbində bir neçə dəfə könüllü olaraq ingilis dilindən dərs də deyib. Eləcə də ingilis dili kurslarından birində müəllimlik edib…

Deyir ki,- "Çox istərdim ki, insanlarımız xoşbəxt yaşasınlar. Bütün soydaşlarımıza dünyanın ən qiymətli neməti olan can sağlığı diləyirəm. Allah Azərbaycanımızı qorusun!”

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Tuesday, 02 April 2024 15:00

Bizə qoyulan qadağalar - AKTUAL

Əli Çağla, “Ədəbiyyat və incəsənət”in Güney təmsilçisi

 

Yazılarımın o qədər dəyəri, gücü olmadığını bilsəm də, özümə bunlar ilə birtəhər toxtaxlıq verib həyatla mübarizə aparıram. Yazanda rahatlaşıram. 

Yazanda sevdiyim kimi yaşadığımı hiss edirəm. 

Yazanda qürurum daha çoxalır. 

Yazanda hələ gənc olduğumu təsdiqləyirəm. Yazanda Azərbaycan ədəbiyatının gələcəyini düşünürəm. Bir dəfə babam  "Gəncliyimdə Türkcə, Azərbaycanca kitablar alıb oxuyardım, bir dəfə kitablarımın birini Pəhləvi rejiminin adamları xiyabanda əlimdən alıb zibil qutusuna atdılar. Gənc idim, ürəyim tutuldu, evə qədər gözümün yaşını saxlaya bilmədim. Sonra dedim ki, biz Təbrizdə, Azərbaycan dilini qoruyub-yaşadan son nəsilik. İndi isə səni görürəm, gənc dostlarını görüb daha çox fərəhlənirəm." - dedi.  

Bir gəncin zövqünü necə ayaqlaya bilərlər? Pəhləvi dövründə babamın kitabını zibil qutusuna atmışdılar, indi isə mənim və mənim kimi gənclərin kitabına çap izini vermirlər.

Böyük təəssüflə yenə də "Balıqsız dəniz" romanıma çap izini vermədilər.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Rəsm qalereyası: Alfons Muxa, “Bahar”

Tatarıstanın tanınmış şair-tərcüməçisi Lenar Şeyxin “Qələmli dünya” adlı yeni - tərcümələr (və uyğunlaşdırmalar) kitabı işıq üzü görüb. Yeni nəsil tatar ədəbiyyatında özünəxas yeri olan Lenar Şeyxin kitabı Azərbaycan şairi Əkbər Qoşalının şeirləri ilə başlayır. 

 

Əkbər Qoşalının “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, tərcüməçi  yeni kitabında ən geniş yeri məhz Əkbər Qoşalı yaradıcılığına ayırıb.

Qeyd edək ki, ötən il Əkbər Qoşalının “Dərviş sözü” kitabı Tatarıstan Dövlət Kitab Nəşriyyatı tərəfindən yayımlanıb. Həmin kitaba “Ön söz”ü Tatarıstanın Xalq şairi, Dövlət mükafatı laureatı, deputat, Tatarıstan Yazıçılar Birliyinin başçısı Rkail Zəydulla yazıb. Azərbaycan şairinin şeirlərini tatarcaya Lenar Şeyx, Rüzəl Muxəmmətşin, Rifat Saleh uyğunlaşdırıb.

 

Əkbər Qoşalı portalımıza deyib: “Biz də öz növbəmizdə tatar şair, yazıçı və tərcüməçilərinə, bütün Tatarıstana sevgi-sayğılarımızı, ən xoş diləklərimi ismarlayırıq!

Tatarıstanın bayrağı uca olsun!”

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Adəm İsmayıl Bakuvi yazır

 

“Ədəbiyyat və incəsənət” portalı siyasi şərhçi Adəm İsmayıl Bakuvinin Azərbaycan - Ermənistan münaqişəsindən, Azərbaycan Prezidenti İlham Əliyevin bu münaqişədə Azərbaycanı zəfərə daşıması qanunauyğunluqlarından bəhs edən məqaləsini təqdim edir. 

 

Dünyanın bütün xalqları kimi, Azərbaycanın da tarixi onun məğlubiyyət və zəfərləri, siyasi-iqtisadi tənəzzül və tərəqqisini əks etdirən sinusoidal konfiqurasiyadan ibarətdir. Amma bütün bu yüksəliş və enişlərin əsasında heç vaxt dəyişməyən bir amil dayanır - minilliklər boyu əcdadlarımızın qanı, atalarımızın alın təri, analarımızın göz yaşlarıyla suvarılmış doğma torpaqlarımız! Öz qoynunda şanlı oğul və qızlar yetirən, qəhrəmanları tərənnüm edən, qorxaqlar və satqınlara rüsvayçılıq damğası vuran, halal zəhməti mükafatlandıran, qayğısını ondan əsirgəyən və onu ləkələyənləri cəzalandıran ana torpaq! Bəşər tarixində hələ elə bir hal olmayıb ki, xalq öz torpaqlarını təcavüzkar düşmənə könüllü təslim eləsin. Və o hətta zorən özündən güclülərə tabe olsa belə, torpaqlarını düşmən tapdağından qurtarmağa və azadlığını əldə eləməyə can atmasın. Bəzi xalqlar bunu bacarıb, bəziləri isə doğma torpaqların azadlığı uğrunda mübarizədə ölümü köləlikdən üstün tutublar. Minillik tarixi boyu dəfələrlə xarici müdaxiləçilərlə üz-üzə gələn Azərbaycan xalqının uğuru bundadır ki, onun 1988-1994-cü illərdə Ermənistanın işğalına məruz qalan ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmancasına, dönməz, ardıcıl mübarizəsinə dünya miqyaslı görkəmli dövlət xadimi - İlham Əliyev başçılıq edir.

XX əsrin son onilliyi xalqımızın yaddaşına nələrlə həkk olmadı, hansı ağlasığmaz müsibətlərlə üzləşmədik?! Dədə-baba torpaqlarımızı işğal etmiş qaniçən, həyasız erməni təcavüzkarları ilə qarşıdurmada tökülən on minlərlə soydaşımızın qanı! Bir milyon qaçqınımızın ağlasığmaz iztirabları! Qadınlar, qocalar, uşaqları milli mənsubiyyəti və ata-baba yurdunu tərk etmək istəmədikləri üçün əjdəha kimi udan Xocalı soyqırımı!!! 1991-ci ildə milli müstəqillik və suverenitet yolunu tutmuş Azərbaycanın özündə də daxili siyasi vəziyyət mürəkkəbləşmiş, buna prinsipsiz, marionet siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi, qondarma “Dağlıq Qarabağ”ın ayrılma iddiasından istifadə edib, respublikanı etnik-ərazi prinsipləri üzrə parçalamağa cəhd edən separatçı qüvvələr səbəb olmuşdu. Hakimiyyəti zorla ələ keçirən “AXCP-Müsavat” ittifaqı tərəfindən uçuruma sürüklənən Azərbaycan dövlətçiliyinin gələcəyi apokalipsisi xatırladır, ölkə qan gölü, ehtiyac məngənəsində boğulurdu! Bıçaq sümüyə dayanmışdı! Belə ağır durumda xalq öz böyük oğlu, Ümummilli Öndər, bütün həyatını soydaşlarımızın arzu və ümidlərinin gerçəkləşməsinə həsr eləmiş insanı – Heydər Əliyevi rəhbərliyə çağırdı! Heydər Əliyev əvvəlcə bir sıra əks-hücum əməliyyatları keçirməklə Ermənistanın ölkəmizə qarşı təcavüzünün daha da dərinləşməsinin qarşısını aldı, sonra isə titanik səylər bahasına 1994-cü ilin mayında Bişkek Atəşkəs razılaşmasına nail oldu.
Belə mürəkkəb şəraitdə dövlətimizin düşmən tərəfindən pozulmuş ərazi bütövlüyünün bərpası üçün xüsusi konsepsiya tələb olunurdu. Ümummilli Öndər Heydər Əliyev tərəfindən hazırlanmış bu gələcək mübarizə konsepsiyası öz əksini hərbi-siyasi, diplomatik və sosial-iqtisadi fəaliyyət üçbucağında tapdı. Bütün istiqamətlər üzrə bu konsepsiyanı hazırda Heydər Əliyevin dövlət başçısı postunda layiqli davamçısı, Azərbaycan xalqının azadlıq mübarizəsini öz zirvəsinə çatdıran, Siseronun sözləri ilə desək, Vətən üçün əziz olan hər nə varsa, özünə əziz bilən bir şəxsiyyət – İlham Əliyev uğurla həyata keçirir. “Dağlıq Qarabağ” separatizminin aradan qaldırılması, düşmən tapdağında olan torpaqlarımızın qaytarılması prosesini zəfərlə başa çatdıran Prezidentimizin böyük tarixi önəm daşıyan fəaliyyəti hər birimizə yaxşı məlumdur. Necə deyərlər, görünən dağa nə bələdçi? Bununla belə, Prezident İlham Əliyevin xarici siyasəti, eləcə də, Azərbaycan-Ermənistan qarşıdurmasının yekun həlli, dövlətlərarası sərhədlərin delimitasiyası və demarkasiyası haqqında müqavilə əsasında sülhün bərqərar olunması ilə bağlı bəzi əsassız və qeyri-elmi təsnifatlara fikrimi bildirmədən keçmək istəmirəm.
Bu təsnifatların əsas müəllifləri Fransa və ABŞ-ın hakim dairələridir və Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın davranış motivlərini bu gün məhz onlar müəyyən edirlər. Onun 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Sazişin əsas müddəalarını, özəlliklə də, “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini Ermənistanın” təmin etməsinə dair müddəaları gözlənilmədən yerinə yetirməmək cəhdi məhz bu iki dövlətin istəklərinə əsaslanır.
Üçtərəfli Sazişin altıncı maddəsində nəzərdə tutulmuş öhdəlikləri, özəlliklə də, hazırkı Qarabağ iqtisadi rayonu və Ermənistan arasında əlaqəni təmin edən “Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı müddəaları Azərbaycan Sazişlə müəyyən edilmiş müddətdə ardıcıl yerinə yetirdiyi halda, Ermənistan müvafiq Saziş üzrə öz öhdəliklərinə məhəl qoymur.
Fransa Senatı tərəfindən 2024-cü il yanvarın 17-də son iki ildə Azərbaycan əleyhinə qəbul edilmiş üçüncü qətnamə təkcə Fransa deyil, bütün dünya birliyi ölkələri parlamentlərinin qanunvericilik fəaliyyəti təcrübəsində görünməmiş bir təzahürdür. Çünki bu absurd qətnamə Azərbaycanı öz ərazilərini bütünlüklə işğaldan azad etmək və eksklav ərazisi - Naxçıvanla əlaqələr üçün şərtləri təmin etmək istiqamətində hərbi addımlar atmasına görə ədalətsizcəsinə qınayır. 
2023-cü il noyabrın 15-də ABŞ Senatının qəbul etdiyi “S.3000” Aktı və ya qısaca olaraq “2023-cü il Ermənistanın Müdafiəsi Aktı” adlı digər, əgər belə demək olarsa, qanunverici sənəd də təəccüb doğurur - onun hər sətri paradoksallıqla doludur. Bu sənəd Ermənistanın xarici hərbi maliyyə vəsaiti ilə təmin olunmasına imkan verməsi və hətta bunda israrlı olması ilə yanaşı, həm də “Dağlıq Qarabağ” əhalisinin “təhlükəsizliyinin” təmin edilməsi strategiyasının işlənib hazırlanması və “Əliyev rejiminin ermənilərə qarşı hərəkətlərinə görə” Bakıya sanksiyaların tətbiqini nəzərdə tutur. Görəsən, Amerika Femidasını bu cür sanksiyalar verməyə vadar edən Azərbaycan dövləti və onun başçısının hansı hərəkətlərdir? Axı, bu hərəkətlər Respublikanın Ermənistan tərəfindən 30 ilə yaxındır işğal edilmiş əraziləri üzərində öz suverenliyini qəti şəkildə bərqərar etməyə yönəldilib.
Azərbaycan Respublikası rəhbərliyi milli mənsubiyyətindən asılı olmayaraq keçmiş “Dağlıq Qarabağ”ın bütün sakinlərini Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırır. Əgər belədirsə, Qarabağ iqtisadi rayonu erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsinə səbəb olan hansı olaydan danışmaq olar?! Burda ancaq bir məsələdən söz gedə bilər ki, regionun erməni əhalisi arasında qəzəbli azərbaycanofob erməni təbliğatı aparılır, Azərbaycan Respublikası tərkibində ermənilərin hipotetik yaşayışı barədə məkrli təsəvvəürlər yaradılır və onlar psixoloji təsirə məruz qalaraq bu ərazini təşviş içində tərk etməyə təhrik edilir. Maraqlıdır, Prezident İlham Əliyevin azadlıq missiyasını tənqid edənlər Janna Darkın fransız torpaqlarının ingilis işğalından azad edilməsi uğrunda mübarizəsinə necə yanaşırlar? Onlar bu mübarizəni İngiltərəyə qarşı təcavüz kimi qiymətləndirirlərmi? Bəs, 1774-1776-cı illərdə Corc Vaşinqtonun ABŞ-ın müstəmləkə statusunu hərbi yolla dəyişdirmək və dövlət müstəqilliyi əldə etmək uğrunda hərəkatı Böyük Britaniyaya qarşı qanunsuz hərəkətlər kimi təsnif edilsə, yaxud o dövrdə hər hansı bir dövlət koloniyanın milli-azadlıq hərəkatından metropoloyanın qorunması üçün qanun qəbul etsəydi, amerikalılar buna nə ad verərlər? Və ya əgər XIX yüzilliyin ortalarında Cüzeppe Qaribaldinin başçılığı ilə milli-azadlıq mübarizəsi Avstriya imperiyasına qarşı təcavüz kimi qiymətləndirilsəydi, italyanlar buna hiddətlənməzdilərmi? Axı, fransızların özləri 1920-ci ildə Janna Darkı müqəddəslər siyahısına daxil ediblər. Amerikalılar artıq üçüncü əsrdir ki, Vaşinqtonun xatirəsini ABŞ-nin əsas qurucu-atası kimi ehtiramla anır, onun portretini dollar əskinasında çap etdirir, paytaxtlarını onun şərəfinə adlandırırlar. İtalyanlar Qaribaldinin adını kreyserlər, şəhər meydanları və küçələrə verərək, onu böyük xilaskar kimi xatırlayırlar…
Bəli, İlham Əliyevin siyasətini tənqid edənlərin məntiqində, şübhəsiz ki, bir
ziddiyyət var. Onlar vaxtilə qonşu ölkə ərazisinin iyirmi faizini işğal etmiş terrorçu dövlətə utanmadan himayədarlıq edirlər. Onlar sanki fərqində deyilər ki, bu terrorçu dövlətin silahlı quldur qruplaşmalarına beynəlxalq təşkilatlar işğalçı və təcavüzkar statusu veriblər. Onlar heç cür qəbul eləmək istəmirlər ki, bu silahlı quldur dəstələrinin son nəticədəki məğlubiyyəti törətdikəri azğın əməllərin bədəlini ödəməkdir və Allahın ədalət qanunudan doğur! Onlar Azərbaycan torpaqlarında törətdikləri talan, ölkəyə vurduqları böyük maddi və mənəvi ziyan qarşılığında təzminat ödəməli olan məğlub tərəfin durumu və öhdəliklərini görməzdən gələn platforma ilə çıxış edirlər. Və bütün bunlar Ermənistanın ayağının altına daş qoyur, onun başçısı Paşinyana Azərbaycanla bağlanacaq sülh müqaviləsində öz əsassız iddilarında israr etmək imkanı verir.
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh müqaviləsinin
bağlanması ilə bağlı mövqeyi dəyişməzdir. Təəssüf ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan eksklavı arasında Ermənistan ərazisindən nəqliyyat dəhlizinin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində Ermənistan tərəfindən addımlar atılmaması, Ermənistan Konstitusiyasının preambulasında “Dağlıq Qarabağ”a birləşmənin məqsədlərini əks etdirən deklarasiyaya istinadın mövcudluğu – hələ erməni işğalçıları tərəfindən Azərbaycan ərazisində binalar, mühəndislik qurğuları, körpülər, onlarla şəhər və kəndin dağıdılması, dinc sakinlərin qətlə yetirilməsi nəticəsində dəymiş zərərin ödənilməsini demirəm - iki dövlət arasında uzunmüddətli ədalətli sülh müqaviləsinin bağlanmasına imkan vermir.
Yeri gəlmişkən, erməni hərbi-siyasi çirkinliyinin fransız himayədarları Ermənistanın guya ki, 150 kv. km. ərazisini “işğal etdiyinə” görə Azərbaycanı haqsız yerə qınayır, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində zəbt edilmiş, yeddisi respublikanın Qazax rayonu ərazisində yerləşən, Kərki adlanan digəri isə Naxçıvan Muxtar Respublikasına aid səkkiz Azərbaycan kəndinin işğal altında saxlanılması barədə isə bilərəkdən susurlar. Və əgər uzun illərdir Ermənistan tərəfindən Azərbaycan ərazisinin iyirmi faizinin işğalına Fransa, Amerika və ümumilikdə Avropanın susduğunu nəzərə alsaq, onda artıq ikiqat deyil, üçqat standartlardan danışa bilərik. Xüsusilə də, Prezident İlham Əliyevin ən yüksək beynəlxalq səviyyəli
sammitlərdə 1918-1921-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı bütün bəyanatları kor quyuya atılan daş təsiri bağışlayır. Axı, tarixdən azacıq xəbəri olan hər kəs bilir ki, indiki Ermənistanın paytaxtı – XX əsrin əvvəllərində əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən, əsl adı İrəvan olan “Yerivan” şəhəri Azərbaycan Milli Şurasının qərarı ilə 1918-ci il mayın 29-da yeni elan edilmiş Ermənistan Respublikasına hədiyyə edilib. Üstəlik, mərkəzi bolşevik hakimiyyətinin hərbi-siyasi təzyiqi altında AKP(b) MK-nın Siyasi Bürosu və Təşkilat Bürosu 1920-ci il noyabrın 30-da daha bir regionun – əzəli Azərbaycan torpağı olan Zəngəzur qəzasının sovet Ermənistanına verilməsi haqqında qərar qəbul edib, Bakı Soveti isə həmin il dekabrın 1-də bu qərarı təsdiq edən deklarasiya verib. 
Şübhəsiz ki, tarixi ədalət azərbaycanlıların bütün dədə-baba torpaqlarına
qayıtmasını tələb edir və bir neçə nəsil azərbaycanlıların bu qayıdışla bağlı arzularının gerçəkləşməsinin əsas göstəricisi xilaskar lider, müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə tarixə yazılan azadlıq epopeyasidir. Ermənistanın xarici hamiləri - Azərbaycan dövlətçiliyinin tərəqqi və çiçəklənməsinin düşmənləri onu nə qədər günahlandırsalar da, hələ XIII əsrdə rus torpaqlarının Tevton Qərbinin müdaxiləsindən xilaskarı Aleksandr Nevskinin dediyi kimi, “Allah qüvvədə deyil, həqiqətdədir!” Həqiqət isə cəsur, iradəli, ağıllı və uzaqgörən lideri Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqının tərəfindədir!

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Tuesday, 02 April 2024 14:00

Erməni gülməcəsi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Xoşbətliyi axtarmağa ehtiyac yoxdur. Əgər pulun varsa, o özü gəlib səni tapacaq.

2

Dünən saytlar səhər-səhər yazdılar: Benzinin, işığın, qazın və suyun qiymətləri 50 faiz ucuzlaşıb. Sevincindən ürəyi gedən, təzyiqi və şəkəri qalxan yüzlərlə şəxsin evinə təcili tibbi yardım gəldi. 

Az keçmiş saytlar yazdılar: Bu gün aldatma günüdür. 

İndi də əsəbindən ürəyi gedən, təzyiqi və şəkəri qalxan yüzlərlə şəxsin evinə təcili tibbi yardım gəldi. 

1 aprel dönüb oldu Milli Təcili Tibbi Yardım Günü! 

3.

100 manat verib kouç təliminə girdi. Yadında yalnız bir neçə məsləhət qaldı:

-Əgər bahalı divanının xarab olmasını istəmirsənsə, onda heç vaxt üstündə oturma. 

-Sağ qulağını sağ əllə, sol qulağını sol əllə qaşı. 

-Qışda əynini qalın etdiyin qədər də yayda yüngül elə. 

4.

İyirmi ildən sonra optimist diaqnozlu şəxsləri dəlixanaya aparacaqlar.

5.

İncəsənət Maleviçin kvadratın deyil, bu kvadratı incəsənət kimi sırımaqdadır.

6.

Əvvəl valideyinlərimiz bizə gəzməyi və danışmağı öyrədirlər. Amma sonra evdə oturmağı və susmağı tələb edirlər. 

7.

Erməni gülməcəsi

-Ana, mən böyüyəndə mənim də ərim olacaq?

-Hə, Haykanuş, sən yaxşı qız olsan olacaq.

-Bəs pis qız olsam?

-Onda ərin çox olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Təxminən üç il bundan qabaq "Azərbaycan" jurnalına bir neçə şeir göndərdim. Xeyli vaxt  gözlədim , amma şeirlərdən səs-soraq  çıxmadı. Sonra dözməyib Qəşəm Nəcəfzadəyə zəng etdim ki, görüm şeirlərin aqibəti necə oldu. Allahtərəfi çox səmimi  söhbətimiz oldu. Yaradıcılığımı ürəkdən təqdir etdi, uğur dilədi və söz verdi ki, tezliklə şeirlərim dərc olunacaq. Sakitləşib oturdum. 

 

Bir il beləcə keçdi. Amma nəticə olmadı. Hərdən xatırladırdım özünə, o da  söz  verirdi. Sonra Sumqayıt Poeziya Evində kitablarımın təqdimatı keçirildi və işinin, gücünün aşıb daşdığı vaxtda Qəşəm Nəcəfzadə imkan tapıb tədbirə gəldi. Elə bildim şeirlərim dərc oldu. Sevindim ( Özünə bildirməsəm də). Orda da odlu-alovlu çıxışından sonra bir də söz verdi ki, şeirlərin tezliklə işıq üzü görəcək. Artıq xeyli sakit idim. Qəşəm Nəcəfzadə sözünü götürüb gəlmişdi sözümün görüşünə. Bundan böyük uğur var idimi?  Elə "Azərbaycan" jurnalında dərc olunmuş kimi vardım.

Tədbirdə  kiitabları vərəqlədikcə kəşf edirdi məni Qəşəm Nəcəfzadə sanki və kəşf etdikcə qəribə bir peşmanlıq da hiss edirdim səsində. Elə baxışlarında da. Hətta araya salıb üzr də istədi iştirakçıların içində. Məndən yox ha, sözümdən. Özümdə qəribə bir əminlik yarandı. Necə olmasa ədəbiyyatda sözünü deyən, dəst-xəttiylə seçilən şair mənə dəyər verib tədbirə gəlmişdi. Müəyyən yaşım olsa da, uşaqlıqdan ədəbiyyata gəlsəm də sən demə mənim də sözə ehtiyacım varmış. Hər halda məndən neçə bayram böyük şairin bu gəlişi  böyük dəyəriydi sözə, poeziyaya.  

Tədbirdən sonra yenə gözlədim. Yenə söz verildi, dərc olunmadım. Sonra bir də, bir də ..

Bu dəfəki  telefon danışığımız əvvəlkilərə bənzəmədi. Araya küskünlük düşdü. Çəkilib  oturdu hərə öz sözündə. Nə o sözündən usandı, nə mən.  Amma bütün bunlarla yanaşı billrdim ki, Qəşəm Nəcəfzadə küs adamı deyil. Nəyi var dilindədi. Ürəyi başqadı. Bir az qüruruna sığınandı. Amma içindəki təlatümü də ona dinclik verməz. Özü demiş, şairi şairdən gözəl kim tanıyar? Qəşəmi də sözü ələ verir həmişə. Yazdıqlarından bilirəm, tanıyıram onu. 

Sözü bişirməmiş çıxarar ağzından bəzən. Amma sonra... Sonrasını bir özü bilir, bir də Tanrısı. Bir az tör-töküntü, bir az köntöv fikirlərinin içində bir aydınlıq, işıq var. Qaranlığı yoxdu. Necə görünürsə, elədi. Bəzən sonda deyiləcək sözü əvvəldə desə də özüdü. 

Bir gün Qəşəm Nəcəgzadə Fəxrəddin  Teyyubdan xəbər göndərdi ki, yeni şeirlərindən göndərim. Göndərmədim və əvəzində onun çox sevdiyim şeirlərindən birini səsləndirdim. Göndərdim özünə. Bilirəm axı sözə aldanan şairdi. Üsyankardı, bircə anda əsib coşandı. Amma bir sözə bənddi. Ürəyini bilirəm. Söz də söz olsun gərək amma. Çox sevindi. Səs atdı. Ürəyi sakit olmadı. Zəng etdi. Təşəkküründə də  tayı bərabəri olmayan şairdi axı. Telefonun o tayında onun sevincini görə bildim. Səsindən. 

Artıq  "Azərbaycan" jurnalını da, ora göndərdiyim yazıları da yadıma salmırdım. Xasiyyətimə bələdəm axı. Güclə barışmışdıq.

Sonra AYB-nin Natavan klubunda yeni kitablarımın təqdimatı oldu. Dəvət elədim. Dedi ki, cənub bölgəsindıyəm və çalışacam ki, tədbirdə iştirak edim. Bildim ki, gələcək. Az-çox tanıyıram axı. Gəldi də. Yorğun idi. Üstü, başı, saçları, gözləri, səsi - təpə-dırnaq yorğun görünürdü. Uzaq yoldan gəlmişdi. Həm də neçə günün narahatlığı çökmüşdü üstünə. Düzü narahat oldum onun bu pəjmürdə halına. Amma peşman  da olmadım dəvət etdiyimçün. Danışdı.

Bir qədər sakit, yuxulu, yorğun.  Burda da söz verdi ki, dərc edəcək şeirlərimi. Doğrusu, dərc olunmaq həvəsim qalmamışdı daha. Bu sözü də dostlar aldılar  onun ağzından bu dəfə. İkimizin ortaq  dostlarımız. Daha heç yadına da salmırdım onun. Özü gəlmişdi. Bəs idi. 

Sonra? Sonra dərc oldu şeirlərim. Xəbəri də özü verdi mənə. Qəribədi. Bu dəfə nə mən sevindim, nə də şeirlərim. Heç jurnalı axtarmaq həvəsinə də düşmədim. Sadəcə təşəkkür etdim. Vəssalam. Bu dəfə Qəşəm  Nəcəfzadə  sevinirdi mənim əvəzimə.  Çiynindən dağ götürülmüşdü sanki. Onun sevincinə mən də sevindim .

Dünən onun dünyaya gəldiyi gün idi. Bu ağrılı, acılı, qanlı, qadalı dünyaya. Adamlıq, oğulluq, atalıq, dostluq, şairlik yükünü çəkə-çəkə bir ili də yola verdi. Şükür.  Bilirəm ki, həyatı qova-tuta yaşayan bu yorğun şairin hələ həyata keçməyən çox arzusu var. Yazıb yaratmaq eşqi isə öz yerində. Təki sağlıq olsun. Köhnə yaş tarixdə qaldı. 

Yeni yaşın mübarək, Qəşəm Nəcəfzadə.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin yeni hekayələrinin təqdimatını davam etdirir. Bu gün sizlərin ixtiyarına   “Alfons” hekayəsi verilir. 

 

Bu gün klinikaya bir qadın gəldi. Əlliyə yaxın yaşı olsa da, hələ də məsumluğunu itirməyən gözləri ilə mənə baxırdı.

-Baxmayaraq ki, onun məni bir cavan qızla  aldatdıqdan sonra evləndiyini eşidib ağır xəstəlik keçirdim, fikirdən su belə içə bilmirdim, amma yenə də onun üçün darıxırdım. Sonradan mənimlə heç kəlmə də kəsmədi. Lakin bir müddətdən sonra birdən yenə peyda oldu. Halbuki, mən onu qaytarmağa çalışanda o mənə cavab vermirdi, telefonu belə götürmürdü.

Bütün bunları danışdıqca ağlayır, üzündə qəribə anlaşılmaz ifadələr peyda olurdu. Xatirələr onu məhv edirdi.

-Siz bilirsiz ki, keçmiş insanı məhv edə bilər? Olub keçənləri yenidən yaşayırmış kimi ifadə etməyin. Sadəlöv və zərif ürəyinizdən istifadə ediblər. Bu oğurluq kimi bir şeydir. İnsan aldanıla bilər. Sizi aldadiblar, bu hamının başına gələ bilər, heç kim bundan sığortalanmayıb, -dedim. 

Gözləri bunu inkar edirdi.

-Sizdən maddi heç bir istəyi olmayıb ki?, - soruşdum.

O susdu.

-İnanıram ki, bu cür tiplər manipulyasiya edib, elə məcbur edirlər ki, qadın özü onlara pul versin, yaxud hansısa köməklik etsin. Sonra isə hər söhbətin sonunda qadının  özünü günahkar çıxarırlar. 

Əlavə etdim:

-Elə insanlar yalandan Allaha da and içirlər, səni dəlicəsinə sevdiyinə inandirmaq üçün böyuk səy göstərirlər. Onlar ağlaya bilər, özlərinə qəsd edə bildiyini söyləyər, buna səni inandırmağa çalışar, şantaj edə bilər, sənə görə güya böyük addımlar atmağa hazır olduğunu bildirər, bir sözlə hər  pisliyə qadir ola bilirlər. Anlayırsız?

Mən danışdıqca qadının üzündə solğun bir ifadə əmələ gəldi.

-Bu ola bilməz. Axı o, bu qədər əziz və doğma olduğu halda bunu mənə edə bilməz. Bu mümkün deyil. Mən siz dediklərinizə inanmaq istəmirəm. Siz yalan danışırsız. Yox bu mənim başıma gələ bilməz - deyə fəryad etdi.

Az sonra da sual verdi:

-Bəs sizin dilinizdə onlara nə ad qoyurlar, psixopat?

-Yox, əzizim. Bu  alfons tipidir. Bildiyimiz klassik  alfons tipi.

Aydınlıq gətirdim:

-Alfons, yəni qadın hesabına yaşayan, bunu qəbul edən kişi. Əvvəla onu qeyd edək ki, alfons qadının hesabına yaşamaqla yanaşı, onun pulundan istifadə edən kişi tipidir. Bu cür tiplər sevə bilmir. Yalnız öz işinə gəldiyi vaxta qədər adamdan istifadə edirlər. Sonra başqa obyekt axtarırlar. Evlənmirlər. Evlənsələr özlərinə bənzər tiplərlə evlənə bilərlər. Yəni kişilərdən istifadə edən qadın tipiləri ilə. Yəni burda anlamayacaq nə var axı? Qəbul edə bilmirsiz başa düşürəm. Ancaq faktdır ki, sizi aldadıblar.

Qadın çökmüş bir görkəmdə ayağa qalxdı. Mən ayağa durub onu sakit etməyə çalışdım. O isə mənə nifrət və inamsız dolu baxışlarla baxıb, otaqdan çıxdı.

 O məndən nəisə gizlədirdi. Ürəyimə damırdı ki, onun məndən gizlədiyi məqam bu qadının öz sevgisi idi. Öz sevgisi, halbuki bu sevgnin ünvanı ən son alçaq bir insan olmuşdu.

 

Alaqaranlıq otaq. Kişi göz yaşlarıyla qadının ayaqlarına sarılıb hönkürtüylə ağlayır, qadın onun saclarını sığallayır.

-Axı niyə başa düşmək istəmirsən ki, mən səni sevirəm. Axı mən nə etməliydim? Sən özün də mənə dəfələrlə öz həyatını, təhsilini, gələcəyini düşün demişdin.

Qadın susurdu.

Hər tərəf gül çiçəklərlə dolu olan bir otaq. Qadın əllərini kişinin saçlarından çəkib güllərə toxundu.

Kişi: "Səni çox sevirəm."

Qadın göz yaşlarını silib pəncərəyə yaxınlaşdı.

O, bu dünyadan nəsə gözləyirdi. Gözlədiyi öz sevgisi idi. Qadının sevgisi çox gözəl idi. Özü kimi gözəl. Qadının sevgisinin də gözləri onun öz gözləri kimi ala idi. Günəşə, dənizə baxanda dəyişirdi. Üzü, çizgiləri də sevgisi kimi gözəl idi.

O, pəncərədən uzağa baxırdı. O, anlayırdı ki, indi bu içəridə ona yalan satan adamın yox, öz sevgisinin əsiridir.

 

Qapı açılır. Kişi üçün qapını bir qadın açır. Kişi içəri girib onu opür. 

-Nə bişirmisən? Nə gözəl ətir gəlir?

İçəri keçib, uşağının beşiyinə əyilib, oğlunu qucağına götürür.

-Gözəlçəni görə bildin?

-Hə gördüm.

-Yaxşı, bəs niyə qanın qaradı?

-Yox qanım qara deyil. Sən nə istəmişdin, hamısı olacaq. Təkcə bir az indi çox vaxt keçib, boyük məbləğdən başlaya bilmədim.

-Qoca kaftar bu dəfə az pul verdi?- deyə, qadın istehzayla gülümsündü.

-Bəs toyumuzu etdiyini dedin ona? Bir çox sağ olumu da çatdırardın. 

Saqqanaq çəkib gülür.

-Yox əşşi, deyə bilərəm? Sənə Şüba alacam. Amma o biri məsələ bir az vaxt aparacaq. Gərək bir az da inam qazanım.

-Yaxşı, başa düşdük, - deyib arvadı böyük ağ mələfəni onun üstünə atdı - Rədd ol get çim.

Kişi suyun altında hec cürə təmiz ola bilmirdi. Onun bədənindən sevgi-qadının göz yaşları, naləsi yuyulub getmirdi. Heç bir məbləğ bu sevginin ahını onun ruhundan yuya bilməzdi. Yalnız onun ruhu belə satılmış şeytan kimi gizlənmişdi. Bütün bunlardan xəbərsiz kimi yuyunurdu. Çünki bir qadının göz yaşını, sevgisini xərcləyib özünə həyat qurmağın necə böyük ........ olduğundan xəbərsiz idi. 

Böyük günahına nələr üçünsə haqq qazandırıb, gündəlik həyatına davam edirdi. Küt ağlının içində zərrə qədər də müqəddəs heç nə yox idi. Yalnız dünyanın ən müqəddəs insanının ahını almışdı bəlkə. Bəlkə sevən qadın bunu gec-tez anladı. Miskin olan özü isə bundan ömürlük xəbərsiz idi.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.