Super User
“Gələcəyin böyüklərinə çatmağın ən yaxşı yolu uşaq ədəbiyyatıdır” - BAHAR URHAN SEZER
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibim uşaq kitablarının yazarı Bahar URHAN SEZER xanımdır.
-Xoş gördük, Bahar URHAN SEZER! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.
-Xoş gördük. Adım Bahar, soyadım isə SEZERdir. Marmara Universitetinin xüsusi təhsil müəllimliyi və Anadolu Universitetinin əlillərə qulluq və reabilitasiya məzunuyam. Hazırda Yıldız Texniki Universitetində sinif müəllimliyi üzrə magistr təhsili alıram. Evliyəm. Salonikidən mühacirəm. Hal-hazırda doğma şəhərim İstanbul/Çatalcada xüsusi təhsil müəllimi işləyirəm.
-Ədəbiyyata gəlişiniz və əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-Ədəbiyyata marağım oxumaqla başladı. Oxumağa marağımın Atatürkə olan sevgimdən qaynaqlandığını deyə bilərəm. Həmişə onun kimi çox oxuyan biri olmaq istəmişəm. Ahmet Naçın TEDX çıxışında Atatürkün 2 lirəsinin 1 lirəsini kitablara xərclədiyini həmişə xatırlayıram. Bundan başqa 5-ci sinifdə oxuyanda sinif müəllimimiz ayın kitab qurdunu seçərdi. O vaxt bizim çox kitab almaq lüksümüz yox idi, amma kitab qurdu olmaq istəyirdik. Əmimin kitabxanası var idi. Orada “Ağ diş” romanını tapdım. Oxumağa o qədər aşiq oldum ki... Sonra “Şeker Portakalı” seriyasının sehrli dünyası ilə tanış olduğum zaman o vaxtdan oxuyuram. Yazmaq mənim üçün sonradan gerçəkləşdi. Uşaq kitabı yazmaq istəyimlə onu yazmağım arasında keçən illər kifayət qədər uzun idi, çünki mənim fikrimcə məhsul yaratmaq tort hazırlamaq kimi bir şeydir. İstedad krem, təhsil isə tortdur. Tort yoxdursa, tək kremin mənası olmur. Təhsil alaraq irəlilədim. Kitabımın mövzusunu bildiyim ən yaxşı yerlərdən məlumatlandırmaq üçün peşəmdən, xüsusi təhsilimdən və tələbələrimdən təsirlənərək yazmağı seçdim.
-Uşaq kitabları yazmaq fikriniz necə yarandı?
-Uşaq ədəbiyyatı təhsilimizin başladığı ilk addımdır. Mən uşaq ədəbiyyatını uşaqların şüurunu artırmağın ən əsas yolu kitablar və onları həvəsləndirəcək macəralardır hesab edərək seçdim. Böyüklərin qərarlarını dəyişdirmək çox çətindir. Gələcəyin böyüklərinə çatmağın ən yaxşı yolu uşaq ədəbiyyatıdır. Agahlıq, xüsusi təhsil, empatiya... Bunları öyrətmək üçün uşaq kitablarını seçdim.
-Türkiyədə oxuma sizi qane edirmi?
-Açığı, ətrafımdakı insanlar çox oxuduğundan və oxumağı sevdiklərindən mütaliədən razıyam. Üstəlik, kitabım da böyük marağa səbəb oldu. Uşaqlar tərəfindən bu qədər seviləcəyini və oxunacağını ağlıma belə gətirməzdim.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Azərbaycan ədəbiyyatında daha çox şeirləri izləyirəm. Nəsimi sevdiyim şairlərdəndir. Nəsiminin və bir çox Azərbaycan şairlərinin mahnılara çevrilmiş şeirləri ən çox dinlədiklərim sırasındadır.
-Bir gənc yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Əminəm ki, onların hamısı qayğıkeş, istedadlı gənclərdir. Mənim üçün istedaddan daha vacib olan məsələ təhsildir. Yazı təlimində mütləq iştirak etməlidirlər. Qalanları gələcək. Təhsil prosesində özlərini kəşf edəcəklər.
Kitabıma maraq göstərdiyiniz üçün çox sağ olun.
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)
KİTAB BƏLƏDÇİSİndə Varisin "Qırmızı ləçəklər" i
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"İnsanın sevməsi - ağ vərəqə yazı yazılması kimidir. Bəzən yazı karandaşla yazılır. İstədiyin vaxt onu poza bilirsən. Bu, ötəri, səthi sevgidir. Bəzənsə yazı diyircəkli qələmlə, yaxud avtoqələmlə yazılır. Bu zaman hər şey mürəkkəbin tərkibindən aslıdır. Elə olur, yazılanları iz qoymaqla olsa belə birtəhər poza bilirsən. Eynən yaralayan sevgi kimi. Elə də olur, yazı vərəqə necə pərçimlənir, hopursa, nə illah edirsən, pozulmur. Axırda vərəqi cırıq-cırıq edir."
Hər dəfə içimdə dünyada əsl sevginin, gerçəkdən sevənlərin varlığına azca şübhə yarananda və ya hər dəfə həyat bəlkələrlə, kaşkilərlə, niyələrlə, nə üçünlərlə silahlanıb üstümə gələndə əlimdən kitablar tutur.
Səhifələrində gerçək bir sevginin ülvi xatirələrinə qucaq açmış kitablar.
Taleyin ən çətin, ən ağrılı sınaqlarından üzü ağ, başı dik çıxan, özündən sonrakı nəsillərə görk olan sevgiləri anladan kitablar.
Uzun bir inamsızlıq burulğanından, tərəddüd var-gəlindən sonra bu dəfə də "Qırmızı ləçəklər" romanı tutdu əlimdən.
Tarixi roman oxumağı bir ayrı sevən və tarixi romanları əhəmiyyətli hesab edən biri kimi mən "Qırmızı ləçəklər"i sadəcə bir sevgi romanı deyil, həm də bir tarixi roman kimi qiymətləndirmək istəyirəm. Çünki həm hər şeydən öncə Əlif Hacıyev tariximizə öz adını qızıl hərflərlə həkk etmiş real bir qəhrəman obrazıdır və həm də burada müəllif də Əliflə Qalinanın sevgi hekayəsinin fonunda həmçinin Əlif Hacıyevin keçdiyi şərəfli ömür yoluna, hadisələrin cərəyan etdiyi dövrə işıq tutur.
Əsərin qayələrindən biri də elə məhz sözü gedən dövrdə 90-cı illərdə Qarabağda baş verən siyasi hadisələri, erməni millətçiliyinin acınacaqlı nəticələrini, erməni nankorluğunu, ermənilərə münasibətdə öz halalca dədə-baba torpaqlarında xalqımıza qarşı dövlət səviyyəsində haqsızlığı, milli ayrı-seçkiliyi, həmçinin ermənilərin xalqımızın başına gətirdikləri ağır müsibətləri, Xocalı faciəsini, real tarixi faktları, Qarabağ həqiqətlərini işıqlandırıb təkcə yerli oxuculara deyil, eyni zamanda “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya oxucusuna bədii motivlər fonunda çatdırmaqdır.
"Xocalı əldən gedəndən sonra mən yaşaya bilməyəcəyəm. Elə biləcəyəm ki, namusumu satmışam, kişiliyimi satmışam. Elə burda ölmək mənimçün daha şərəflidir"
Əlif Hacıyev təklikdə bir qəhrəmanlıq dastanıdırsa, Qalinayla birlikdə o həm də gerçək bir sevgi salnaməsidir. Öz təravətini heç vaxt itirməyəcək, daim qoruyub saxlayacaq, dünya durduqca yaşayacaq və irq, din, dil, milliyyət sərhəddini aşa bilməyənlərə görk olacaq, güc verəcək bir sevgi salnaməsi.
"Yalnız sevgi əkslikləri, zidd olanları qovuşdura bilmək gücündədir."
İrq, din, dil, milliyyət kimi sərhədləri sadəcə sevgi aşa bilər. Elə Qalinanı da Əlifin arxasınca vətənindən özgə din, dil, milliyyət fərqi olan bir diyara gəlməyə şövqləndirib, burada yaşamağa güc verən sevgidən başqa bir qüvvə ola bilməzdi.
"Nə sərt qanunları varmış müharibənin. Səni öz yuvanı öz əllərinlə dağıtmağa vadar edəcək qədər sərt."
Əslinə qalsa Əliflə Qalinaya nə din, nə dil, nə milliyyət, nə də ailələr mane olmamışdı. Onlara xoşbəxt yaşamağa imkan verməyən müharibə və müharibənin odunu fitilləyən erməni xisləti olmuşdu.
"Niyə aşkar qətllər cəzalandırılır, gizli qətllər isə cəzasız qalır?"
Ermənilər Əlif Əskəranda sahə müvəkkili işləyərkən sadəcə onun günahsız yerə həbsdə yatmasına deyil, həm də dolayı yolla anasının da ölümünə səbəb olmuşdular. Qadının ürəyi övladının günahsız həbsinə tab gətirə bilməmişdi.
Əliflə Qalina arasında dəfələrlə ayrılıq və həsrət uçurum yaratmaq istəmişdi, lakin bunların heç biri onların bir-birinə olan sevgiləri, bağlılıqları qarşısında duruş gətirə bilməmişdi.
Hər dəfə sevgisi Qalinanı Əlifin arxasınca aparmış, anasının ölümündə özünü günahkar bildiyi dönəmlərdə də Əlifə məhz Qalina dəstək olmuşdu.
"Sevginin birinci sınağı məhz ayrılıqlardır."
Yaxşı, özü bəs nə idi bu sevginin? Kitabda sevgilər xarakterizə edilib bir neçə tiplə bir-birindən fərqləndirilir.
Burada isə mənim ən çox diqqətimi çəkən "Filya" və Əliflə Qalinanın da aid edildiyi "Storqe" adlı iki növü oldu.
"Sevgi - sonu sənin iradəndən aslı olmadan, sonunu sənin təyin etmədiyin bir mövcudiyyətdir."
"Bilirsən, bəzən sevgi hissi bütün məsafələrin fövqündə dayanır, ən uzaq yolu belə bir anda qət edə bilir, ilik dondurucu şaxtada sənə ilıqlıq, nəfəskəsici istidə sərinlik gətirir".
“Sevgi - qatarlarçün vağzal, təyyarələrçün liman, gəmilərçün sahildir. Hara gedirsən get, uzandıqca uzanan dəmir yolu, nəhayətsiz səma, bitib-tükənməyən dəniz səni nə qədər uzaqlara çəkib aparsa belə, yenə də son dayanacağına qayıdacaqsan.
Sevgi - dayanacaqdır.
Necə ki, onlar üçün də son dayanacaq oldu.”
Əlif həbs olunandan sonra isə hamının Qalinanın çıxıb gedəcəyini düşündüyü bir zamanda Qalinanın nəinki çıxıb getməməsi, əksinə Əlifin azadlığa buraxılması yolunda əlindən gələn hər şeyi etməsi bir daha həm Əlifin həyat yoldaşı seçimində nə qədər düzgün qərar verdiyinin, həm də bu mövzuda məsələnin milliyyətdə deyil insanlıqda, xarakterdə olduğunun nişanəsi idi.
"İnsan yeniliklərə çox böyük itkilər verə-verə öyrəşir"
Əlif Xocalıda mərdliklə şəhid olandan sonra Qalinaya yaşamaq, Əlifsiz yaşamaq, üstəlik öz elindən, obasından uzaq, dilini bilmədiyi özgə bir vətəndə yaşamaq güman ki, çox dözülməz, çox çətin oldu. Lakin o, Əlifdən sonra belə yenə də Əlifin vətənini tərk etmədi, övladlarını da ona və onun vətəninə layiqli şəxsiyyətlər şəklində tərbiyə edib boya-başa çatdırdı. Və sonda elə özü də Əlifin yarımçıq qalmış yolunu davam etdirdi. Əsl sevgi və bağlılıq, həmçinin o sevgi və bağlılığa sadiqlik bax budur.
"Qəribə xisləti var insanın. Ömrü boyu axtarışda, soraqda olur. Xoşbəxtlik, səadət gəzir. Amma heç bilmir də o nədir, nə ölçüdə, nə biçimdədir. Böyükdürmü, kiçikdirmi? Qalındırmı, nazikdirmi? Rəngi nədir, dadı necədir?
Bugünündən, adi qayğılarla yüklənmiş real yaşantılarından qopub fikrən, ruhən gələcəyə, ilğımlara, illüziyalara köklənir.
Və bir gün də həyat yolunun son döngəsini dönəndə əliboş halda, axtardığını tapmadığını duyaraq qəflət yuxusundan ayılır. Başa düşür ki, xoşbəxtlik deyə axtardığı o nəsnə elə o adi bilib, dəyər vermədiyi ağrı-acısız günləri imiş.
Bədbəxt olmayan nə varsa, bax elə onlar imiş xoşbəxtlik."
Hə, belə əziz oxucu daim əlindəki xoşbəxtliklərin fərqində olmağını diləyirəm və elə bu yazını da Əlifin nəsihəti ilə nöqtələyirəm.
"Heç vaxt sevdiklərinizdən ayrılmayın. Hətta ən kritik məqamda, beyinlə ürək "incimək", "küsmək", "hirslənmək", "hiddətlənmək" kimi işarələrlə düşüncə və hisslər burulğanında qeyb olaraq "ayrıl" desələr belə, hətta ətrafınızdakı bütün canlılar səfərbər olsa, insanlar səs-səsə verib "o belə dedi", "sən belə dedin" dedi-qodularıyla "ayrılın" çığırsalar belə, quşlar, böcəklər qarşınıza düşüb uça-uça yol göstərərək sizi ayrı-ayrı səmtlərə çəkmək istəsələr belə, hətta cansızlar - vərəqlərdəki sevgi məktubları, dəftər arasındakı qurumuş gül ləçəkləri, sonra nə deyim, hətta görüş yeriniz olan tənha skamya, ay işıqlı tala, nəhəng ağacın kölgəsi - hamısı, hamısı ayrılığınıza "o gecikdi", "ürəksiz gəldi" kimi bəhanələr tapıb baş-başa verərək "mütləq ayrılın" işarələri versələr belə, yenə də ayrılmayın! Gec-tez müvəqqəti ayrılıqlar əbədi ayrılığı gətirəcək.”
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)
Qəyyur Yunusun “Sağ əlin sərvəti” adlı yubiley sərgisi açıldı
Könül, “Ədəbiyyat və incəsənət”
Həftəsonu Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəngkarı, Xalq rəssamı Qǝyyur Yunusun “Sağ əlin sərvəti” adlı yubiley sərgisinin açılışı oldu.
Qeyd edim ki, aprelin 30-dək davam edəcək sərgidə rəssamın son 5 ildə yaratdığı 72 rəngkarlıq və qrafik əsərləri nümayiş etdirilir. Bu əsərlərdə Azərbaycanın və İslam dünyasının zəngin mədəniyyətini əks etdirən simvolik elementlər göz oxşayır, bu da Qəyyur Yunusun özünəməxsus üslubunu vurğulayır.
Sərgi Qəyyur Yunusun 75 illik yubileyinə həsr olunub və ekspozisiyada çox dəyərli rəsmlər yer alıb. Onların həm mənəvi, həm də özünə uyğun maliyyə dəyəri vardır. Həmçinin sərgidə satışa çıxarılmayan əsərlər də var.
Bu həftə sərginin müzakirəsi də planlaşdırılır. Müzakirədə hər bir əsərin ayrı ayrılıqda izahı veriləcək, həmçinin rəsmlərin necə ərsəyə gəlməsindən bəhs olunacaq.
Sərginin kuratoru Rəsul Həsənovdur.
Qeyd edək ki, Qayyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. O, 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar "Humay" mükafatına layiq görülüb. Hazırda rəssamın əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Xüsusən vurğulayım ki, Əmircan kəndi dahi rəssam Səttar Bəhlulzadənin də doğulduğu kənddir və Qayyur Yunus məhz Səttar Bəhlulzadədən ilhamlanıb, özünü onun davamçısı hesab edir.
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)
Klaudio Maqrisin İtaliya postmodernizminin inkişafında rolu – NƏRGİZ İSMAYILOVA
“Ədəbiyyat və incəsənət” portalı Filologiya üzrə fəlsəfə doktoru, dosentNərgiz İsmayılovanın “Klaudio Maqrisin İtaliya postmodernizminin inkişafında rolu” məqaləsini təqdim edir.
Klaudio Maqris (10 aprel 1939-cu il, Triest) italiyan yazıçısı, tərcüməçisi, akademikidir. Turin Universitetinin alman dili və ədəbiyyatı fakültəsini bitirib. 1994-96-cı illərdə İtaliya Senatında çalışıb. 1986-cı ildə nəşr olunan "Danubio" ("Dunay boyunca") kitabı ilə o, ən böyük çağdaş italyan yazıçılarından biri kimi tanınır və Baqutta Mükafatını qazanır. O, 1997-ci ildə “Mikrokosmoslar” kitabı ilə İtaliyanın ən mühüm ədəbi mükafatı sayılan Streqana, 2016-cı ildə yazar Frans Kafka adına Ədəbiyyat Mükafatına layiq görülür. 2007-ci ildə isə o, Nobel mükafatına namizəd göstərilir. 2015-ci ildə nəşr olunan “Non luogo a procedure” ("İşin rədd edilməsi") romanı cəmiyyətə böyük təsir bağışlayır və “Corriere della Sera” qəzetinin ədəbi əlavəsi tərəfindən ilin ən yaxşı romanı seçilir, Maqris bu münasibətlə ilin ən yaxşı yazıçısı elan edilir.
Mərkəzi Avropanın postmodern quruluşunun mənzərəsini göstərmək aspektindən Klaudio Maqrisin 1986-cı ildə nəşr olunan “Dunay boyunca” (“Danubio”) kitabı son dərəcə əhəmiyyətlidir.
Alman ədəbiyyatında yaranan əsas əsərlərdən biri kimi “Dunay boyunca”da Maqris Orta Avropanı bir çox ideoloji inancın və böyük inqilabi ümidlərin süqutunun şahidi olduğumuz dünya teatrı kimi təsvir edir.
1990-cı illərin əvvəllərində, yəni Mərkəzi Avropada kommunizmin dağılmasından, Berlin Divarının sökülməsindən və Sovet İttifaqının süqutundan dərhal sonra Mərkəzi Avropa Qərb tərəfindən kəşf edilmişdir. Məqalədə Maqrisin əsərlərində yer alan postmodern elementlər tədqiq olunmuşdur. Qeyd edək ki, əsasən bioqrafik, real, tarixi faktlar və hadisələr fonunda yazılan əsərlərində Maqris müxtəlif zamanlarda yazılan əsərlərə işarələr edərək, həmin yazarların əsərləri ilə intertekstual əlaqədə dövrü təsvir etmişdir.
1990-cı ildə yazdığı "Mərkəzi Avropanın yenidən kəşf edilməsi" adlı məqaləsində Tony Judth bu inkişaf üçün vacib hesab etdiyi siyasi amilləri dərindən təhlil edir. Ən mühümlərindən biri kimi o, Qərbdə marksizmə inamın itirilməsini göstərir. Hansı ki, o vaxtlar Qərbin böyük bir hissəsi olan ziyalılar (1945-1980-ci illər) sadiq marksist idilər. Yalnız marksizmin süqutu ilə Qərb ziyalıları Mərkəzi avropalıların ortaq demokratik ənənələr, siyasi hüquqlar, ortaq etik dəyərlərlə bağlı diskursuna diqqət yetirməyə başladılar.
Bu kontekstdə, xüsusilə mərkəzi Avropa ölkələrinin taleyi baxımından “Dunay boyunca” əsəri son dərəcə əhəmiyyətlidir. Əsər yazıçının 1980-ci illərin əvvəllərində Dunay çayı boyunca etdiyi səyahətin bir növ ədəbi qeydi kimi görünə bilər. Kitab bütün Avropada böyük diqqət görmüş və bir sıra dillərə, o cümlədən İsveç dilinə tərcümə edilmişdir. Kitabdakı əsas təzadlardan biri Mərkəzi Avropa Habsburq İmperiyası və Almaniya ilə Prussiya arasında olan ziddiyyətdir. Bu kontekstdən problemin birincisi Dunay, ikincisi Reyn tərəfindən simvollaşdırılır. Postmodernizmin əsas problemi olan şəxsiyyət, kimlik anlayışı bu əsərdə özünəməxsus şəkildə nəzəriləşdirilir. Postmodern dövr olaraq təyin olunan kommunikasiya və texnologiya dövrünə fərdlərin azadlıq və asılılıq təcrübələri kontekstindən baxılanda insanların məkan və zamanla, başqaları ilə və özləri ilə qurduğu əlaqələrin problemli olduğunu söyləmək lazımdır.
Əsərdə Dunayın mənbəyi məsələsi əsas xətdir. Suyun fəlsəfədə, mifologiyada və dinlərdə həmişə xüsusi yeri olub. Bir çox dinlərdə və rəvayətlərdə su mənbəyi - mənbə bolluq və bərəkət gətirdiyi üçün müqəddəs yer kimi qəbul edilmiş və hörmət edilmişdir.Bu kontekstdə əsərdə bu məsələyə xüsusi diqqət göstərilir.
“Dunay – çoxluğu, xalqların və mədəniyyətin əriyib qarışmaq mənbəyinin, özünə ironiya və hər şeyə qarşı şübhə ilə səciyyələnir, Reyn isə ayırmaq və təmizləmək iradəsini (və hər yerdə etibarlı olmalı olan nizama və ümumbəşəri dəyərlərə inanan bir mədəniyyət üçün) müdafiə edir” (Plewa2014, 302 s).
Postmodern mədəniyyət ruhun dialektikası, sinfi mübarizə və proletariat diktaturası, daimi tərəqqiyə inam və ya sosial mühəndislik qaydalarına uyğun qurulmuş rifah dövləti arzusu kimi modernizmin böyük nəzəriyyələrini utopikləşdirir, dekonstruksiya edir. Maqrisin bu romanında Mərkəzi Avropa mədəniyyəti postmodern ziyalıya ilham verir. Maqris romanda Mərkəzi Avropadakı postmodernizmin elementlərini vurğulayarkən xüsusilə bunlara diqqət çəkir: buranın marginallığı, çoxluğu, şəxsiyyətlərin üst-üstə olması və həlli, güclü bir etibarsızlıq, şübhə hissi, hakimiyyətin dağılması, bütün utopiyaların məhv edilməsi, tarixdəki rasionallığın rədd edilməsi, ekzistensial istehza və görüntü ilə görünüş arasındakı oyun. “Dunay boyunca” əsərində biz bir çox tarixi məqamların və şəxsiyyət probleminin açılmasında müxtəlif mənbələrə işarə edilməsinin, klassik mətnlərdən montaj olunmasının və intertekstual əlaqələrin şahidi oluruq. Bütün bunlara baxmayaraq, "Postmodern həyat strategiyasının mahiyyəti şəxsiyyətin qurulması deyil, fiksasiyadan qaçmaqdır" -deyən Bauman, bu prosesdə bir insanı tanımaq və ya müəyyən etmək səyinin qeyri-mümkün olduğunu vurğulayır, çünki postmodern kimliklər axıcı vəziyyətdədir. Maqrisin romanında biz bu effekti hiss edirik.
Burada o, bir çox əsərlərə göndərmə edir: yunan mifologiyasından tutmuş, Faustadək...
“Odiseyya” əsərinə bir neçə dəfə göndərmələr edən Maqris əsər boyu bir çox yazarları və əsərlərini xatırlayır. Dövrün mənzərəsini əsərlərin və tarixin gözü ilə işıqlandırır.
Heydigger ilə bağlı Maqris “Dunay boyunca” əsərində yazır ki, Əziz Martin kilisəsinin qarşısındakı 3 nömrəli evin üstündəki lövhədə Heydiggerin burada yaşadığı yazılıb. Mis dekorasiyalı, krem rəngli alçaq evin köhnə taxta pəncərələrinin önündə yöndəmsiz, yaşlı bir ağac var.Ağaca kimsə mismarlar vurub, səbəbi bilmirəm, nədir. 23 nömrəli evdə indi Kaufmann ailəsi yaşayır və qapını açan qadından Heydiggeri soruşanda mənə zəngçalanın oğlunu, yoxsa qardaşı oğlunumu xəbər aldığımı soruşdu.Məşhur bir filosof olaraq deyil, zəng çalanın oğlu kimi xatırlanmaq (zanqoç) nüfuzunu atasının göstərişsiz məsləyindən almaq, bəlkə də, Heydiggerin xoşuna gələrdi” (Magris, 2022, 416 s).
Maqris müsahibəsində deyirdi ki, mən İtaliyanın sərhəd bölgəsində doğulmuşam. Ona görə də mən həmişə Avropanın bütün ölkələrinin tarixini və sərhədlərini bilmək həvəsini qorumuşam. Dunay təkcə bir ölkədən və ya bir ölkədən digərinə axan çay deyil. Bu çayın ictimai və siyasi ölçüləri çox böyükdür. Mən həmişə Dunay çayını müasir Babilin təmsilçisi hesab etmişəm.
Heydiggeri ilə bağlı informasiyalarda Maqrisin oxucu mərkəzçi rolu, məşhur filasofun həyatını dekanstruksiya etməsi, skeptizm, ironiya var olan mətnin yenidən yazılması prinsipi kimi məsələlər postmodernizmin elementidir. Heydiggerin həyatını, onun "inkişafı meşədəki gizlin cığırlarda (Qara meşə) yerimədən əldə etmək olmaz" konsepsiyasına baxışbucağını Maqris öncə İsanın anasını sorğulamasına dair “İncil”dəki o qəddar səhifə ilə, daha sonra Kafkanın müqəddəs torpaqlardan uzaqlaşıb çöldə axtarışa itələyən həqiqət qavramına yaxınlaşdırır.
Digər tərəfdən, biz Maqrisin səyahət hekayəsini digər janrlara qarşı açıq və çevikliyinə görə “hibrid janr” və ya “liminal” kimi dəyərləndiririk, burada postmodernizmlə qazanılan inter və metatekstual xarakter mövcuddur.
Maqris yazır: “Postmodernizmin saxtalığını ilk öncə xəbər verən də, onu bir sarsaqlıq olaraq bir qırağa tullayıb tale olaraq qəbul edən də Dunay torpaqlarında doğulan Avstriya mədəniyyətidir. Son və daha sirli çağda Gete də o şübhəni görməzdən gəlmişdi, “Faust”un ikinci hissəsində, bir laboratoriya nümunəsi olan Hommunculusun hekayəsini danışmaqla kifayətlənmir, natural olmayanın həqiqi qalibiyyətini və Təbiət ananın modanın, süni ləvazimatların və saxta görüntülərin qarşısında məğlubiyyətini və ya gizlənməsini andırır.Modernliyə və postmodernliyə keçidi təmsil edən “Faust”un ikinci hissəsində krantlar çaylardan daha canlı və aydındır” (Magris, 2022, 416 s).
Maqris özünün post-milenyum nəsrində mifi özününküləşdirir. O bir növ deyir ki, burada əsas nəzəriyyə miflərin yaradılması deyil, onların təkrar istifadəsidir. YəniCon C. Uaytin (White, 1971, 11) “mifoloji” mətnlər kimi təsvir etdiyi post-mileniyum mətnlərdə Maqris mifi yenidən ələ alır və yazır. "La mostra" (2001-ci il), "Alla cieca" (2005-ci il) və "Lei dunque capirà" (2006-cı il) kimi əsərləri haqda yazan Sandra Parmegianio (Parmegiani, 2011, 32(1):111-134) Maqrisin bunları Alkestis mifi, Yason və Arqonavtlar mifi, Orfey və Evridika mifləri üzərində qurulmuş bir-biri ilə sıx əlaqəli mifoloji mətnlər silsiləsi kimi qiymətləndirir.
Maqrisin əksər əsərlərində mif ön plandadır. Ümumi İtaliya postmodern ədəbiyyatında mifin yenidən işlənməsi məsələsi ön plandadır. Düzdür “Mikrokosmoslar”da mifin üzə çıxması, ümumiyyətlə, təsadüfidir və kitabı mifoloji roman hesab etmək olmaz. Ancaq əsərdəki bəzi hissələrdə bu kimi məqamlar gözə çarpır. Səyahət motivi Klaudio Maqrisin “Mikrokosmoslar” (1997-ci il) əsərinin də mətn strukturunu müəyyən edir – səyahətnamə, ədəbi esse və avtobioqrafiya kimi oxuna bilən polifonik mətndə postmodern elementlər özünəməxsus şəkildə işlədilib. Mətndə indiki zamanla keçmiş bir-birinə qarışıb, ayrılmaz şəkildə iç-içədir.
“Mikrokosmoslar” “San Marko kafesi” adlanan giriş mətni ilə başlayır: “San Marko kafesi konkret olaraq Nuhun gəmisi kimidir, burda istinasız və imtiyazsız olaraq – bir sözlə, hamıya, çöldə şiddətli yağış yağdığı zaman yer axtaran cütlüklərə də, tək gələnlərə də yer var” (Magris, 2017, 237 s.).
Mətnin davamında Maqris sinaqoqun vəzifəlisi, əlindən hər iş gələn Cənab Shönhutdan bəhs edir, yazır ki, onun "bu tufan məsələsini heç vaxt başa düşmədim” dediyini xatırlayanlar var. “Əgər məsələ dünyanın günahları idisə, o vaxt O niyə bu işi kökündən həll etməyib, nə üçün hər şeyi dağıdıb sonra yenidən düzəltdi? İşlər ondan sonra düzəlmədi ki, əksinə, qətliamların, zalımlıqların ardı-arası kəsilmədi, ancaq bir də tufan olmadı. Hətta bir də "həyatı yox etməmə" sözü verildi” (Magris, 2017, 237 s.).
Burada Maqris Nuhun tufanına işarə edərək Tanrını sorğulayır, skeptizm açıq-aydın sezilir. “Hətta bir də "həyatı yox etməmə" sözü verildi” – deyərək müqəddəs mətnlərdəki qiyamət anlayışını dekonstruksiya edir, dağıdır.
“Mikrokosmoslar” da Əyyub peyğəmbər ilə bağlı bir çox məqamlara işarə edilir. Maqris Voqhera və Əyyübla bağlı məqamları anidən əsərə montajlayır: “Voqera bir mənada “Əyyubun kitabı”nı yeni başdan yazır, amma Əyyubun ilk oğlanlarının və qızlarınn tərəfini tutaraq; Əyyubun məruz qaldığı imtahanları zamanı, çöl küləklərinin təsiri ilə yıxılan evinin dağıntıları altında qalan uşaqlarının yerinə, xoşbəxt son olaraq sanki bir sürü və dəvə kimi yeni uşaqların gəlməsini təsvir edir.Beləliklə, ölən uşaqların xatirəsi qoca vaxtında Əyyubu narahat etmir” (Magris, 2017, 237 s.).
“Əyyub peyğəmbərin yoxsulluq və xəstəlik qarşısında səbrinin zirvəsinə çatması ilə Allah qatında etibarı artmışdır” (Arkalı, .2012, 191 s.).
“Mikrokosmoslar”da hekayə içində müxtəlif hekayələr danışılır. Bəzən Maqris oxucunu mətnin içinə çəkir. Oxucu ilə danışır. Bəhs etdiyi hadisəni təhlil etməyə başlayır.
Nəticə olaraq qeyd edə bilərik ki, Maqris dünya ədəbiyyatşünaslıq tarixində hələ də tam şəkildə təhlil olunmayıb, mövzu və təlim baxımından müasir italyan yazıçılarının, bəlkə də, ən multikultural, ən komparatist və ən çox disiplinlerarası olduğunu nəzərə alsaq, bu vəziyyət daha da paradoksaldır. Onun tarixi-fəlsəfi perspektivi, özünün də qeyd etdiyi kimi, alman mədəniyyətindən qaynaqlanır, lakin onun nəsri, xüsusən də sintaksisi ciddi şəkildə italyancadır, bioqrafik və ədəbi hadisələri isə onu çoxsaylı sərhədləri aşmağa aparan sensasiya və hadisələrə əsaslanır.
“Dunay boyunca” romanı səyahətnamədir. “Mikrokozmoslar” isə eyni zamanda nəzəri materialları özündə cəmləyir. Burada yazar bir çox bədii əsərlərin təhlilini verir.
İtaliyan yazıçısı Klaudio Maqrisin ən son romanları, "Blindly" (2005-ci il) və "Blameless" (2015-ci il) postpostmodernist tarixi romanlar hesab oluna bilər.
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)
“Yaşamaq eşqi” - Qafar Cəfərlinin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə Lənkəranda yaşayıb yaradan yazıçı Qafar Cəfərlinin “Yaşamaq eşqi” hekayəsi təqdim ediləcək.
Düz gözümün içinə baxırdı. Gözlərindəki istəyi dipdiri, qayğılı, bir az da məyus halda gördüm. Bu istəklə çoxdanın tanışları olduğumuz üçün məhrəm adamlar kimi baxışırdıq. Halımdan anidən tutuldum və qeyri-ixtiyari başımı aşağı dikdim. Ürəyim sudan çıxmış balıq kimi çırpınırdı. "Görəsən, nəsə hiss edib? Yox, hiss edə bilməz, xəbər tutmağı mümkünsüzdür. Münasibətdə də heç bir qəribəliyə, şübhəyə yol verməmişəm. Yox, bilmir... Bəs, bilmirsə, gözlərindəki bu qayğı, narahatçılıq nədəndir? Nəsə ürəyim narahatdır. Axı, qadınlar bu məsələdə çox həssas olurlar." Tez baxışlarımı tavanda, sonra qarşımdakı armudu stəkandakı çayda, gilas mürəbbəsində gəzdirib ona, mənimlə masa ətrafında üzbəüz oturan Cəmiləyə zillədim.
Həmin Cəmilə idi, mənə əziz, doğma olan, ömrün otuz beş ilini bir canda yaşadığımız Cəmilə. Saçındakı hənanın rəngi solduğundan alın və qulaqətrafı yerlərdə ağ tüklər diqqəti özünə çəkirdi. Xəyallar məni keçmişə sarı dartıb apardı.
Cəmiləni sevib evlənməmişdim. İndiki cavanlar bunu bilməz. Keçmiş illərdə valideynin bəyəndiyi qızla evlənmək məcburiyyətində idin. Başqalarından fərqli olaraq evlənəcəyim qızla heç olmasa, bir-iki dəfə görüşmək istəyim qız evində rəğbətlə qarşılanmasa da, sonda qəbul edildi. Bu səbəbdən Cəmilə ilə iki dəfə şəhərin müxtəlif yerlərində görüşdük, hər dəfəsində görüş dənizkənarı parkda gəzintidən sonra sona çatdı. Elə oradan da taksiyə minib Cəmiləni evlərinə kimi ötürdüm. Allahın insana bəxş etdiyi gözəlliyin hər üçünü: səsi, görkəmi və əxlaqı xoşuma gəldi. Və budur, ömrümüzün dördüncü on ilinə yaxınlaşırıq".
- Ay Qərib, uşaqlardan nə xəbər?
Cəmilənin qəfil səsi məni xəyallardan ayırdı. Çay dolu stəkanı əlimə götürüb astaca bir-iki qurtum vurdum. "- Uşaqlar, uşaqlar... Bunun dərdi yalnız uşaqlardır. Uşaqlar olandan sonra mən yaddan çıxdım, mən yox oldum bu evdən. İki oğlu, iki qızı böyüdüb ev-eşik sahibi etsək də, dərdin-sərin yalnız onlar olub, son bir neçə ildə də nəvələrin. Unutdun məni, Cəmilə. Necə yaşadığımı bilmədin".
- Salamatlıqdır, - könülsüz cavab verdim.
Sevincək səsi eşidildi:
- Dördü ilə də, hətta nəvələrlə də danışmışam. Yaxşıdılar.
Stəkanı nəlbəkiyə qoydum. Üzünə baxmadan sağ əlimlə sol əlimin biləngini tumarlamağa başladım. Son bir ayda ordakı ağrının məni çox narahat etdiyini Cəmilə də bilirdi. "- Nəsildə bir adam saxlamayıb danışmasın. Bütün günü beynində uşaqları, nəvələridir. Mən başıdaşlı qalmışam ortalıqda. Artıq altmışa yaxınlaşıram. Ömrümə nə qalıb ki? Yetmiş yaşayanı barmaqla göstərirlər. Allah məni təzədən bu dünyaya qaytaracaq ki, yenə yaşayım? Eh... Bax, bir azdan onların istəklərini deyəcək: filan uşağa bu lazımdır, filan nəvəyə o."
- Lap yaxşı, - dedim.
-Yaxşıdılar, hə, narahat olma, - gülə-gülə sözünə davam etdi. - Aydan qızımız yenə hamilədir, bir-iki günə yeddinci aya keçəcək. Turşudan, duza qoyulmuş meyvədən istədi. Yenə baba olacaqsan, ay Qərib. - Durub çaydandan özünə çay süzüb oturdu və dərhal da sözünə davam etdi.
- Gülərin yoldaşı hələ ezamiyyətdən qayıtmayıb. Gərək yağdan, baldan, meyvədən alıb uşaqlar üçün aparaq.
"Doğrudan düz deyiblər ki, evliliyə qədəri şeirlə yazılır, toydan sonra isə nəsrlə. Yəqin ki, nəsr yazmağın daha ağır, daha məşəqqətli olduğunu düşünüblər. Bax, gör necə yana-yana danışır. Bircə kəlmə öz həyatımız, öz istəyimiz barədə söz açmır. Heç elə bil biz mövcud deyilik."
- Aslan dedi ki, altı-bazar uşaqları götürüb bizə gələcək. Gərək yaxşı bazarlıq edəsən.
"İnanmıram, Aslan istəsin, yəqin ki, özü çağırıb. Bu insan rahatlığı bunda görür. Niyə, niyə bizim xanımlar belə olur? Sevgi, məhəbbət uşaq olana, ən yaxşı halda isə nəvə dünyaya gələnəcəndir. Bundan sonra, kişi sən sağ, mən salamat. Özü bu cür yaşamaq istəyir, bəs bəlkə mən bu cür yaşaya bilmirəm. Axı, mən insanam, mən kişiyəm, mənim də düşüncələrim, hisslərim, arzu-istəklərim var. Niyə də olmasın? Axı, mən də öz həyatımı yaşamaq istəyirəm. Bunu niyə anlamırsan, Cəmilə?"
Fikirlərim içim-içalatımı kəsib doğrayırdı. Cəmilənin səsi yenə qulaqlarıma doldu.
- Hünərlə danışanda qızı Cəmilə telefonu güclə atasından aldı. - Sevincdən səsi işıq saçırdı. - Bilirsən, nə dedi? Dedi ki, iki günə on yaşım tamam olacaq. Sən də, baba da mənim hədiyyəmi gətirməlisiz. Dedim ki, bizim canımız da sənə qurbandır.
"Bax, bunu düz demisən. Onsuz da biz valideynlər övladlara qurban gedirik. Biri mən, bu ayın proqramı artıq hazır və bu illərlə davam edir. Gərək maşınla ev-ev gəzək ki, uşaqların, nəvələrin könlü şad olsun. Məgər mən elə bunun üçünmü lazımam? Eh, ay Cəmilə, nə özün yaşayırsan, nə də məni yaşamağa qoyursan."
Cəmilənin şaqraq gülüşündən otaqdakı termonun şüşələri cingildədi:
- Gərək o şeytan üçün yaxşı hədiyyə alaq. Gələn ayın əvvəlində də böyük nəvəmiz Muradın ad günüdür. Atası da burda yoxdur. Onun üçün də babat hədiyyə almalıyıq, - deyib gözlərimə zilləndi. Başıaşağı halda mızıldandım:
- İnşəAllah.
Saata baxdım, altıya beş dəqiqə qalırdı. Payızin üçüncü ayı başladığından günlər tamam qısalmışdı. Bir tərəfdən bu mənim işimə yarayırdı. Səbəbi isə mənə çox əziz, çox doğma idi. Son iki ildə tanış olduğum, son iki ayda isə daha çox yaxın olduğum, həyatı mənim üçün zinətləndirən, mənə sevdirən Ülkərimlə bağlı idi. Bir həftə əvvəl ilk dəfə onu öpdüm. İlahi, mən necə xoşbəxt idim. Bu yaşda kişiyəm, öpüş vaxtı bütün bədənimi əsməcə tutmuşdu. Tir-tir əsirdim. Yaxşı ki, utanmağıma imkan vermədi. Aramızda müəyyən yaş fərqi olsa da, onu sezdirməməyə çalışıb, hətta bunun təbii bir hiss olduğunu deməklə dünyanın sevincini mənə yaşatdığının fərqinə, yəqin ki, özü də varmadı.
Qeyri-iradi əlim pencəyimin döş cibinə girdi, mobil telefonu çıxardıb votsap yazışmalarına baxdım. Ülkəri axtardım. "Əzizim, saat 7-də həmin yerə gələrəm".
Cəmilənin: "- Ay Qərib" - səsinə əməlli diksindim. Baxışlarımız anidən toqquşdu. Hiss etdim ki, gözlərimdəki nigarançılığı gizlədə bilmədim, istəsəm də, bacarmadım. Qadın həssaslığı dərhal göründü.
- Nə olub sənə, niyə bikefsən?
- Heç.
Diqqətlə məni süzdü. Yenə başımı aşağı dikdim. "- Nə deyim, ay Cəmilə? Deyim ki, bu hala düşməyimdə günahkar sənsən? Deyim ki, mən bu cür yaşaya bilmirəm, mən də qadın nəvazişi, qadın sığalı istəyirəm. Mən də qadını sinəmə sıxıb doyunca öpmək, onu sevmək, onu oxşamaq, onu əzizləmək istəyirəm? Axı, sevgi hissi yaşa deyil, ruha bağlıdır?!"
- Əzizim, özünü darıxdırma. Uşaqlara bir az dəstək lazımdır, sonra hər şey yaxşı olacaq. Bu dəqiqə sənin üçün yemək hazırlayıb gətirirəm. Bilirəm ki, acsan, - deyib cəld ayağa durdu, mətbəxə tərəf addımladı.
"- Dəstək qurtaran deyil, Cəmilə. Bir azdan nəvələrə, yaşayası olsaq, nəticələrə lazım olacaq. Və bir də son nəfəsimizdə, bu dünya ilə vidalaşanda olub-keçənlərə peşman olarıq. Onda da çox gec olacaq. Bəlkə də qismətim belədir, bilmirəm. Amma onu bilirəm ki, kimsə məni gözləyir, məndən də çox darıxır, məndən də çox intizar çəkir. Onun da bəxti bəd gətirib, bir qız uşağı ilə taleyin ümidinə qalıb. Onu yaşatmaqla bəlkə də Allah günahlarımdan keçər. Bu qadın, sanki həyatımın boş qalmış xanalarını doldurdu. Hər gün, hər saat məni sonsuz sevgi ilə gözləyir, lap elə "qara paltarlı qadın" olsa da. Bağışla məni, Cəmilə, mən getməliyəm. Ülkərimlə öz dünyamızda bir-iki saat da olsa, yaşamaq üçün getməliyəm."
- Gör, sənin üçün nə ləzzətli yemək gətirmişəm. Ye, çayını da verim, bir az rahatlan.
- İştaham yoxdur.
Özümdən asılı olmayaraq bu iki kəlmə söz içimi-içalatımı yandırdı, hətta kövrəldim də. Bacarıb tez üzümü kənara çəkdim. Əslində son iki ayda bunaoxşar halımı Cəmilə bir-iki dəfə görmüşdü. Düzdü, dirəşib səbəbini soruşmamışdı, amma qadınlarda olan güclü hissiyyata əsaslansam, mənimlə nəsə baş verdiyini duymuş olardı. Üzümə vurmamışdı. Qərarım bu idi ki, əgər soruşsa, hər şeyi danışım. İstər kişilərin, istərsə də qadınların evdən uzaqlaşmalarının səbəbkarı əks tərəfin olduğunu deyərdim. Heç kim bunu dana bilməz. Bu olmadı və mən bu sözləri Cəmiləyə demədim. Desəydim, nə olacaqdı, bilmirəm, hər halda qanıqaraçılıq sözsüz idi. Bəlkə elə bu cür davam etməyi yaxşıdı. Bilmirəm... Tamam gicəlib qalmışam.
Cəmilə stulu yanıma çəkdi. Sol əlimin ağrıyan yerini sığallamağa başladı. Həmin vaxtı ürəyimin ağrısı qat-qat çox idi. Cəmilənin kövrək səsi başımdan girib, ayaqlarımdan çıxırdı.
- Qərib, əzizim, niyə darıxırsan? Şükür Allaha, hər işimiz qaydasındadır. Doğrudur, uşaqlara, nəvələrə görə bir az narahatçılığımız var, o da düzələcək. Mən yazıq neyləyim?
Cəmilənin son cümləsindən elə qəhərləndim ki, sanki bu dəqiqə ürəyim ağzımdan çıxacaqdı. Gözlərimin yaşardığını açıq-aşkar gördü, özü də doluxsunmuşdu.
- Əzizim, bilirəm ki, səhhətində xırda-para problemlərin var, darıxma, keçib gedər. Sənin üçün hər şeyin yaxşı olmasını istəyirəm. Nə dərdin var, mənə de, bir çarə qılaq.
"- Nə deyim, necə deyim, Cəmilə? Ürəyi yerindən çıxarıb sənə göstərə bilmirəm axı? Mən miras qalmış adətləri, ənənələri qəbul edə bilmirəm. Mən insan kimi öz həyatımı yaşamaq istəyirəm. Niyə Allahın bəxş etdiyi o müqəddəs hisslərimi gizlədim, onları yaşaya bilməyim? Niyə axı, niyə? İnan mənə, Ülkərdən sonra bu həyatı daha çox sevməyə başladım. Bunu axı sənə necə deyim? Halımı görmürsənmi? Görmürsən ki, içimdə yanıb kül oluram?"
Beynimdən püskürən bu fikirlərdən hövlnak ayağa durub pəncərə önünə keçdim. Cəmilənin səsindən bütün bədənim gizildədi.
- Əzizim, bəlkə çölə çıxıb havanı dəyişəsən? Bir az gəz, dolan, dostlarınla görüş, özünə gəl, qayıt evə.
Cəmiləyə sarı döndüm. Gözlərindəki iztirab, kədər bir anlıq qanımı dondurdu. Amma mən getməli idim.
- Yaxşı, gedirəm. Bir azdan qayıdaram.
Ülkərimlə görüşə dəqiqələr qalırdı.
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)
Şəhidlər barədə şeirlər – Teymur Zeynalov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Teymur Zeynalova həsr edilmiş şeirlə tanış olacaqsınız.
TEYMUR TAĞI OĞLU ZEYNALOV
(28.03.1993.-24.10.2020.)
Əslən Kürdəmir rayonunun Axtaçı kəndindən olan, Bakı şəhərində doğullmuş, “SOCAR-AQŞ”-nin əməkdaşı olmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
YAŞAYIRLAR ƏBƏDİ
“-Ata, məqam çatıbdır, getməliyəm döyüşə,
Yolumuzu gözləyir intizarla, dağ, meşə.
Şərəfsiz yağıları Vətəndən qovmalıyıq,
Onları məhv eyləyib, gözlərin ovmalıyıq.
Həyatdır, hər şey olur, mən də elin oğluyam,
Vətən mənim canımdır, mən yurduma bağlıyam.
Heç nə əvəz eyləməz Vətən məhəbbətini,
Borcumdur, çəkməliyəm, torpağın qeyrətini.”
Evdən gülərək çıxdı, vidalaşaraq Teymur,
Ata oğluna baxdı, qəlbində duydu qürur...
Atıldı döyüşlərə, cəsur imiş nə qədər,
Biri də boşa getmir Teymur atan güllələr.
İrəliləyir ordumuz, hücumdadır igidlər,
Azad olur yurdumuz, çiçəkləyir ümidlər.
Füzulimiz uğrunda ağır döyüş zamanı,
Teymur şücaətiylə, yazdı hünər dastanı.
Elə mərdlik göstərdi, dostları qaldı heyran,
Şəhid olarkən dedi: -Yaşa, can Azərbaycan!
Mühəndis-neftçi idi, arzuları tükənməz,
Vətən şamına döndü, əbədi, yanar-sönməz.
Hər qaranlıq gecənin günəşli gündüzü var.
Şəhidim görmədiyi, əmanət Oğuzu var.
Teymur kimi oğullar, yaşayırlar əbədi,
Onlar qaytarıb bizə, Şuşa adlı məbədi.
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)
“Göygöl” Özbəkistanda ölkəmizi təmsil edib
Özbəkistanın qədim Səmərqənd şəhəri "MDB-nin mədəniyyət paytaxtı" statusunu qəbul edib. Özbəkistanın Səmərqənd şəhərinə statusun verilməsi ilə əlaqədar keçirilən açılış mərasimində Azərbaycanı təmsil edən musiqi kollektivi də olub.
“Ədəbiyyat və incəsənət” portalına Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, filarmoniyanın "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı açılış mərasimində çıxış edib.
Ölkəmizi Səmərqənd şəhərində təmsil edən kollektivin çıxışı böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)
“Mifdə və tarixdə Türkün Koroğlusu” kitabı Təbrizdə çap olunubdur
Əli Çağla, “Ədəbiyyat və incəsənət”in Güney Azərbaycan təmsilçisi
“Mifologiya - real, təbii və sosial hadisələrin insan təxəyyülündəki əksindən başqa bir şey deyildir” (Mirzə Kazım Bəy).
Mifdə və tarixdə Türkün kitabı, 380 səhifədə “Nurlan0 nəşriyyatı vasitəsi ilə işıq üzü görmüşdür. “Koroğlu” dastanı, Türk xalqlarının mif dövründən, dəyərli bir abidə kimi bizə yadigar qalmış folklor nümunələrindən biridir. Bu mifdə humanist məzmununa, şamanizm düşüncəsinə görə, ardı kəsilməyən qarşılıqlı mədəni münasibətlər nəticəsində, dünya xalqlarının əksəriyyətinin rəğbətini qazanmışdır.
Hər bir xalq, özünün milli mənəviyyatına uyğun, mədəni səviyyəsinə görə ona milli don geydirmişdir. Bu səbəbə görə də, onu beynəlxalq epos saymaq olar.
Kitabın içində olan mövzuları titr olaraq gətiririk. Müəllif Koroğlu eposunun meydana gəlmə tarixi və sosial səbəbləri, onun hərəkətlərinin izləri, dəliləri, versiyaları, Osmanlı versiyası, mifologiya anlamlarını, Çənlibel qadınları və başqa mövzuları araşdırdıqdan əlavə, Türk mifologiyasında və tarixində də çox bilgilər hədiyyə etmişdir.
At mifologiyada, Türk mifologiyasında dirilik ağacı, Türk mifologiyasında rəqəm və ədəd, Türk mifologiyasında qılınc, Türk mifologiyasında keçi, Həmzə obrazı, ölən və dirilən tanrı (Koroğlu) və s.
Kitaba önsöz yazanlar İsrafil Abbaslı ilə Hüseyn İsrafildir. Professor Elməddin Əlibəyzadə isə “Dəyərli tədqiqat” adlı məqalə yazıbdır.
Kitabın müəllifi Bəhruz Təbrizlidir. Kitabı Farscadan Azərbaycancaya tərcümə edən Atila Maralanlı olmuşdur. Şahin Muradi isə kitabı Azərbaycan əski əlifbasına köçürüb redaktə eləyibdir.
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)
“Sevilib, alqışlanıb, amma onun bu uğurlarını həzm edə bilməyənlər də az deyil…” - SÖHBƏT MİR ŞAHİNDƏN GEDİR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
İki-üç gün öncə müsəlmanların iki müqəddəs bayramından biri- Ramazan bayramı idi. Səkkiz milyarda yaxın əhalisi olan Yer kürəsində bu bayramı təxminən iki milyard adam təntənə ilə qeyd etdi. Belə bir gündə və ondan sonrakı günlərdə xoş söz demək, ürəkləri şad etmək ən gözəl əməllərdən sayılır... Və mən də, nədənsə sizə hamının tanıdığı Mir Şahin Ağayevin heç kimin bilmədiyi əməllərindən söhbət açmaq istəyirəm.
Gəlin əvvəlcə onun ömür yoluna işıq tutaq. 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində sadə bir ailədə- el-obanın tanınmış ruhanilərindən biri- Hacı Mir Dilavər ağanın ocağında, çoxuşaqlı bir ailədə dünyaya gəlib. Mir Dilavər ağa bu gün yataqda xəstə yatsa da, onun ziyarətinə gələnlərin, xeyir-duasını almaq istəyənlərin sayı hələ də tükənməyib. Anası isə ağzı dualı, inanclı bir xanımdır...
Mir Şahin Ağayev Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) baş redaktoru, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti vəzifələrində çalışıb. Eyni zamanda 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti olub. 2018-ci ildə "Real Təhlil və İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb, MMC-nin, o cümlədən onun nəzdində olan Real Televiziyasının rəhbəridir...
Hər bir dövləti tərənnüm edən simvollar var- gerb, bayraq, himn və prezident. Bütün bunlar hər bir dövlətin vətəndaşları üçün toxunulmaz və müqəddəs sayılır.
Ondan ötəri də, dövlətə kimin rəhbərlik etdiyi yox, prezident postu digər simvollar kimi toxunulmaz və müqəddəsdir. O, öz ölkəsinin gerbini, bayrağını, himnini sevdiyi qədər prezidentini də sevir. Bir vətəndaş kimi dövlətinə qarşı çıxanların qabağında sipər olmağa həmişə hazırdır...
Deyir ki,- “Azərbaycan dövlətindən çörək yeyən hər kəs bu dövləti qorumağa borcludur. Dövləti qorumaq yalnız səngərdə dayanan əsgərin üzərinə düşmür. Mənim üçün təmas xəttində atəşkəsi pozaraq kiminsə ölümünə bais olan, erməni silahlı qüvvəsinə məxsus əsgərin gülləsi ilə xaricdə oturub Azərbaycan dövlətinə qarşı çıxan hansısa provokatorun, avantüristin, söz terrorçusunun hərəkəti eynidir. Mən onlarla mübarizə aparıram və aparmağa da davam edəcəyəm. Niyə? Bilirsiniz, riyakarlıq pis şeydir. Bu gün Azərbaycan vətəndaşlarının bir çoxu duz-çörəklə dövlət arasında ilişib qalıb. Guya özlərinə abır-həya aurası yaradıblar. Heç demə, bunlar abırlıdırlar. Bapbalaca ortaqlarında ana, bacı, ata, övlad, qız-gəlin əxlaqı qoruyurlar və bu adamların qoruduğu anklav qeyrət hüdudunda kişidirlər, əjdahadırlar. Bravo. Bu laqeyd mövqeyi tutan insanların heç biri kişi deyil. Dünyada ən ağır cinayət laqeydlikdir. Cəmiyyətimizdə mən bu laqeydliyi görəndə dəli oluram. Bunun üçün toplantı keçirmək, efirə çıxmaq lazım deyil, siz öz “Facebook” səhifənizdə mübarizə aparmalısınız. Bir nəfər çıxıb “Facebook”da o biri əbləhin boğazını üzməlidir. Bunlar olmadıqca bu adamlar hesab edəcəklər ki, Mirşahin təkdir.”
Çox uğurlu insandır. Əgər təyyarəçi olsaydı belə, inanın ki, kosmosa qalxan ilk azərbaycanlı kosmanavt da o olacaqdı. Allah ondan heç nəyi əsirgəməyib, bacarıq, əzmkarlıq, istedad, iradə, yorulmadan çalışmaq, kreativlik, inadkarlıq onun həyat tərzini nizamlayan xüsusiyyətlərdəndir. Heç də təsadüfi deyil ki, on milyonluq Azərbaycanda ən istedadlı telejurnalist kimi qəbul olunur...
“Bir vaxtlar deyirdilər ki, televiziyaya milyonlar baxır. Gəlin araşdıraq, televiziyaya bu gün milyonlarmı baxır? İndi hər kəs televizordan çox, əlindəki telefona baxır, hər şeyi oradan izləyir. Mən özümə əsgər demişəm. Döyüş üçün nə qədər açıq idimsə, söyüş üçün də bir o qədər açığam. Mən nəyin qurbanı olduğumu bilirəm. Bilirsiniz, mənə nə qədər zənglər olur? Deyirlər ki, çox sağ olun, Mirşahin müəllim, ürəyimdən keçən sözləri dediniz. Sənin ürəyindən keçəni mən niyə deməliyəm? Sənin ürəyindən keçəni deməyə dilin yoxdur? Niyə sən öz sözünü demirsən? Mən Azərbaycan dövlətini vətəndaş olaraq sevirəm. ANS olanda da sevirdim, bağlananda da sevirdim. Bizim kanalımız yenə var, yenə sevirəm. Sabah bağlanacaq, yenə sevəcəm. Mən bunu minnət üçün demirəm. Bu gün Azərbaycan dövlətinin üzərinə dil qaldıranlar sabah əl qaldıracaqlar. Mənim leksikonum 1991-ci ildə necə olubsa, bu gün də o cürdür. Bəli, mənim sərt ritorikam var, Azərbaycan dilini pis bilmirəm. Əgər mən bu gün xırda pula “sikkə” deyirəmsə, burda söyüş yoxdur. Əgər mən “ay kötük uşağı” deyirəmsə, bu o demək deyil ki, mən “köpək uşağı” deyirəm. Heç kəs də məni günahlandıra bilməz ki, söyüşlə, təhqirlə danışıram. Bu gün Mirşahini öyrətmək, Mirşahinə haradasa, nəyisə korrektə eləməyə məcbur etməyə ehtiyac yoxdur. Susan adamların üzərinə getmək lazımdır ki, sən dilini hara soxmusan? Bax, bu adamlar Azərbaycanda ziyalıvari bir obraz yaradıblar. Qalstukları var, qarın da buraxıblar. Tüpürmək belə istəmirəm onların görkəminə. O adamlar haqqında danışanda mənim ağlımda düşmən obrazı yaranır. O adamlar Azərbaycan dövlətinin düşmənidirlər və Azərbaycandan kənardakılardan qat-qat ağır düşməndirlər. Televiziyada belə şeyləri eləmək olmaz deyənlərin qabağına mən kontur arqument qoyuram ki, bu gün elə televiziyada belə şeyləri eləmək lazımdır. Ona görə eləmək lazımdır ki, bu televiziyanın işidir.”- söyləyir.
O, sıravi pepartiyor olanda da, ANS-də, lap elə Real Tv-də işləyəndə də həmişə dövlətin maraqlarına xidmət edib, xüsusi istedadı ilə fərqlənib. Sevilib, alqışlanıb, amma onun bu uğurlarını həzm edə bilməyənlər də az deyil. Onu gözdən salmağa, işgüzarlığı ilə qazandığı nüfuzu heçə endirməyə çalışan bədxahları da var. Necə deyərlər, hər sözünə qulp qoyub ona qarşı söyüş kompaniyası təşkil edirlər. Amma unudurlar ki, illər ötəcək, bir gün onu söyən adamlar unudulanda, Mir Şahin Ağayev jurnalistika dərsliklərində tələbələrə nümunə göstəriləcək...
Deyir ki,- “Mən jurnalistəm, işim-gücüm ancaq xəbərlə işləməkdir. Biz aş dəmləmirik, yarpaq dolması hazırlamırıq, bizimki "fast fud"dur. Xəbər var, verəcəyik. Biz öz işimizi yalnız xəbərlə məhdudlaşdıracağıq. Qoy insanlarımız, tamaşaçılarımız bilsinlər ki, ən keyfiyyətli xəbəri haradan almaq olar. Gəlin, açıq danışaq. Bu gün Azərbaycanda dərman almağa gedən adamlara haranı tövsiyə edirlər? Filan yerdə “alman aptek”i var, gedin oradan alın deyirlər. Biz xəbərlərin “alman aptek”i olacağıq. Əsas məqsədimiz Azərbaycan vətəndaşlarının xəbər tələbatını ödəməkdir, bunu bacardığımız kimi edəcəyik...”
Yaxşı insandır, xeyirxah əməlləri az olmayıb. Bir neçə il bundan əvvəl, beynəlxalq yarışda iştirak etməkdən ötrü, bir neçə idmançı xaricə getməliydi. Təyyarəyə bilet almağa maddi vəsaitləri olmadığından məsləhət üçün yanıma gəlmişdilər. Mir Şahinə telefon açıb gənclərə kömək etməsini xahiş etdim. Həmin idmançılar qızıl medalla geri dönəndə Mir Şahinin sevincinin həddi-hüdudu yox idi. Ata-baba yurdu Perimbel kəndinə asfalt yolun çəkilməsində də onun müstəsna xidməti olub...
“Bir təşəbbüs nəticəsində cənab Prezidentin tapşırığı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin rəhbəri Saleh Məmmədovun işə qarışması, birbaşa nəzarəti altında Yardımlıdan Perinbelə fantastik addım atıldı, asfalt yol çəkildi”- söyləyir...
Bəli, müsəlmanlar müqəddəs Ramazan bayramını qeyd etdilər. Səkkiz milyarda yaxın əhalisi olan Yer kürəsində bu bayramı təxminən iki milyard adam təntənə ilə qeyd etdi. Belə bir gündən dərhal sonra xoş söz demək, ürəkləri şad etmək ən gözəl əməllərdən sayılır. Xülasə, obrazlı desək, Azərbaycan jurnalistikasının “generalları” var, amma Mir Şahin Ağayev telejurnalistikamızın “Generalissimusudur”.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)
“Fəzail İbrahimli tarixçidirsə, onun savadsız, məntiqsiz danışmaq ixtiyarı yoxdur”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yardımlı rayonu Dünya xəritəsində noxud boyda yer tutan Azərbaycan Respublikasının ərazisində nöqtə kimi görünür, bəlkə də heç görünmür. Onu təqdim edən, necə deyərlər, aləmə tanıtdıran ovladları olub və var. Onlardan biri- tarix elmləri doktoru, professor Fəzail İbrahimli haqqında söhbət açmaq istəyirəm...
“Vahid Əzizin yaradıcılığının zirvəsi hesab etdiyim bir şeiri var. Mənə 100 il ömür arzulamayın. Mənə arzulayın ki, qapını özün durub aça biləsən, əyilib ayaqqabılarını geyinməyi bacarasan və sairə. Nə qədər ki ayağı yer tutur, sərbəst yaşadığı günə qədər tanrı insana ömür versin. Yoxsa ki, insan özünü idarə edə bilmirsə, bu yaşamaq deyil, sürünməkdir. Allahdan arzu edirəm ki, nə qədər ömrüm varsa, o ömrü də yaşayım, sürünməyim. Düşünürəm ki, insan ömrünü sağlam yaşamalıdır. Elə yaşa ki, adın çəkiləndə övladların fəxr eləsin. Həmişə Allahdan razı olmuşam. Övladlarım, ailəm, məni əhatə edən qohumlarım var. Ən əsası isə millətimin xoşbəxtliyidir.”- söyləyir...
Fəzail İbrahimli kiminsə xoşuna gəlməyə bilər, amma özünəməxsus prinsipləri olan kişilərdəndir- qərar verdisə, demək fikri qətidir, hökmən əməl edəcək. Xarizmatik adamdır. Belə insanların qaydaları da mərdanə olur. Doğrudur, onlarla dostluq etmək çətindir, amma bilirsən ki, heç zaman arxadan zərbə vurmazlar. Necə deyərlər, kişi adamlardır, üz-üzə döyüşməyi bacarırlar...
Artıq beşinci dəfədir ki, Xalq şairi Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Patiyasından parlamentə deputat seçilib...
Deyir ki,- “Müqayisə edək. Sovet dövründə qonşu kənddən bir traktorçunu SSRİ Ali Sovetinə deputat seçdilər. Bu traktorçunu geyindirmək çətin problemə çevildi. Bunun boynuna qalstuku vururdular, bu çıxarıb atırdı. Buna qalstuk vurub Moskvaya aparmaq üçün xüsusi adamlar təyin etdilər ki, axıracan bu qalstuk boğazında olsun. Yaxud bir sürücünü. O dövrün ideologiyasına baxanda bu gün Azərbyacan parlamentinin hər bir üzvü kifayət qədər sözünü deyə bilən, danışa bilən insanlardı. Bunların cəmiyyətdə yeri, bunların məntiqi, seçicilərlə münasibəti, cəmiyyətin bunlara münasibətini eyniləşdirmək olmaz. Bir ailədə beş nəfər övlad varsa, bunun ikisi alim, ikisi də fəhlə, hələ içərisindən bir narkoman da çıxa bilir. Bu da bir cəmiyyətdir. Bunun yaxşısı, pisi də, savadlısı, savadsızı da var. Fəzail İbrahimli tarixçidirsə, onun savadsız, məntiqsiz danışmaq ixtiyarı yoxdur. Tarixçinin dili onun silahıdır. Riyaziyyatçının fikri, düşüncəsi onun silahıdır. Ona görə də hərə öz sahəsində. Bu məsələdə məni bir az qane etməyən məqamı deyim. Bəzən görürsən ki, parlamentdə deputatla bağlı məni qane etməyən cəhət odur ki, bəzi insanlar parlamentə seçiləndən sonra bunlar elə bilirlər ki, hər şeyi bilirlər. Bəzən görürsən ki, kənd təsərrüfatı mütəxəssisi daha çox ideologiyadan danışır. Kənd təsərrüfatı ilə bağlı məsələlər olanda bir də görürsən ki, çıxışa tarixçilər, jurnalistlər yazılıb, özü də birinci. Hüquq məsələləri ilə bağlı olan zaman digər peşə sahibləri danışmağa icazə istəyirlər. Bu məsələləri keçən çağrışda da, ilk Məclisə gələn deputatlara da şamil edirəm. Nə yaxşı ki, bir- iki il keçəndən sonra hər şey öz qaydasına düşür. Sonda mütəxəsislər öz sözlərini deyir və bu da müzakirə olunan məsələnin taleyinə təsir edir.”
Haqqında danışdığım Fəzail Feyruz oğlu İbrahimli 12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. Bir müddət doğulduğu kənddə müəllim işləyib. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. 1979–1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin (BDU) Kommunist partiyası tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda BDU-nun Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Deputat olduğu müddətdə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü olub. 2020-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. 2021-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib...
Bəli, Fəzail İbrahimli öz prinsipləri olan- məğrur, sözübütöv, mərd, verdiyi sözə əməl edən kişilərdən biri, varlığı ilə el-obasına başucalığı gətirən ziyalılardandır.
Onun 73 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)