Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün –Tofiq Kərimova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

TOFİQ DADAŞ OĞLU KƏRİMOV

(07.07.1973.-08.11.2020.)

 

Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuş, Xüsusi Təyinatlı  Qüvvələrin   mayoru, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.

 

 

 

     ƏBƏDİ  YAŞAYIR QƏHRƏMAN TOFİQ

 

Qarabağ uğrunda canından keçən,

Üçrəngli bayrağı öpüb, and içən,

Düşməni milçəktək məhv edən, biçən,

Əbədi yaşayır qəhrəman Tofiq.

 

Məsləki ədalət, haqq yolçusuydu,

Qarabağ qayıtsın, saf arzusuydu,

Şuşa azad olsun, pak  duyğusuydu,

Əbədi yaşayır qəhrəman Tofiq.

 

Qorxmaz komandirdi, peşəkar zabit,

Necə də cəsurdu, döyüşkən, igid,

Dostlar hünərinə olmuşdu şahid,

Əbədi yaşayır qəhrəman Tofiq.

 

Xidmətə başladı lap gənc yaşında,

Ayaq izləri var vətən daşında,

Qalib tək seçildi haqq savaşında,

Əbədi yaşayır qəhrəman Tofiq.

 

Şəhidlik zirvədir, uca yox ondan,

Qorxmayıb ölümdən, qorxmayıb qandan,

Torpaq-namus üçün keçibdi candan,

Əbədi yaşayır qəhrəman Tofiq.

 

Tofiqgil düşmənin növrağın pozdu,

İndi Şuşamızda əbədi yazdı,

Şəhidsiz torpaqlar Vətən olmazdı,

Əbədi yaşayır qəhrəman Tofiq.

 

Tofiq nümunəydi, şücaətiylə,

Dərs verdi çoxuna ləyaqəiylə

Yadigar üç oğul əmanətiylə

Əbədi yaşayır qəhrəman Tofiq.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün görkəmli ictimai-siyasi xadim, həkim, yazıçı Nəriman Nərimanovun anadan olmasından 154 il ötdü. Təbii ki, qırmızı imperiya olan SSRİ-nin dövlət xadimi olan bu şəxs müstəqillik tariximiz baxımından müstəqilliyimizi öz qanlı caynağı ilə boğan rusların və onların bolşevik hakimiyyətinin yerli havadarı və sıra xadimidir. 

 

Amma gəlin unutmayaq ki, başdan ayağa rus və erməni kadrlara güvənən ruslar onun yerinə bir erməni qoysaydılar görün bir nələr olardı. Nərimanov xalqının dilini, milliyyətini, mənafeyini qorumaq üçün çox risklər edib, çox çarpışıb. Buna görə də, onun abidəsi, adına olan rayon, metrostansiya, prospekt - hamısı qorunub saxlanılıb. 

Nəriman Nərimanov Azərbaycan xalqının görkəmli dövlət xadimi, yazıçısı, həkimi idi.

O, 1870-ci ildə aprelin 14-də Tiflis şəhərində anadan olub. Müəllimlər Seminariyasını bitirən və Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tibb təhsili alan gənc Nərimanın qəlbindəki xeyirxah və maarifpərvər duyğular ona dinclik vermirdi. O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarırdı. Hələ gənc yaşlarında Bakıda kitabxana açmışdı. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov bu istiqamətdə geniş fəaliyyət göstərirdi.

1920-ci ildə Azərbaycanda sovet hökuməti quruldu. Bu hökumətin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi.

Nəriman Nərimanov həm də gözəl yazıçı idi. O, “Nadir şah” və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edir, həm də dərsliklər yazırdı. Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlmirdi. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışırdılar. Millətini çox sevən Nəriman Nərimanovu “millətçi” adlandırdılar və onu Azərbaycandan uzaqlaşdırdılar.

Getdikcə Nəriman Nərimanov sovet hökumətinin çar Rusiyasının varisi olduğunu aydın dərk edirdi.

N.Nərimanov bir ata kimi oğlu Nəcəfi çox sevirdi və onun işıqlı gələcəyinə inanırdı. 2 dekabr 1919-cu ildə doğulan Nəcəf atasını itirəndə 5 yaşında idi. Alman, ingilis, fars, ərəb, türk və rus dillərini sərbəst bilən Nəcəf 1938-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) tank-texniki məktəbinə daxil olur. 1939-cu ildə onu Kiyevdəki məktəbə dəyişirlər. 1940-cı ilin oktyabrında o, məktəbi qurtarır və 15-ci tank diviziyasının 29-cu tank polkunda texnik kimi işə başlayır. Sonralar İkinci Dünya müharibəsində qəhrəmancasına döyüşən Nəcəf 10 sentyabr 1943-cü ildə, 23 yaşında həlak olur. Onun məzarı Ukraynanın Donetsk Vilayətinin Volnovaxa şəhərinin mərkəzindədir.

Nərimanov 19 mart 1925–ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişdi və Qızıl Meydanda Kreml divarları yanında dəfn olundu. O, ölümünə bir az qalmış oğlu Nəcəfə yazırdı: "Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən”.

Ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtançılıq kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail oldu.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Tuesday, 16 April 2024 10:00

Mədəniyyət Nazirliyinin yeni layihəsi

Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyası (AzTV) tərəfindən “Səslənən irsimiz” adlı yeni layihə həyata keçirilir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

 

Layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqımızın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsimizin tanıdılmasıdır.

Layihə çərçivəsində müxtəlif tarixi abidələrin qarşısında muğam, klassik, rok, estrada və digər janrlarda musiqi ifaları, eləcə də ayrı-ayrı rəqs nömrələri təşkil edilərək lentə alınacaq. Həmin videomateriallar mediada və sosial şəbəkələrdə yayımlanacaq.

Layihə üzrə ilk çəkiliş “Qarabağ” muğam triosunun iştirakı ilə Kiçik Mərdəkan qəsrində aparılıb. Xalq artisti Mənsum İbrahimov XIII-XIV əsrin yadigarı olan qəsrin qarşısında muğam və təsniflərimizi səsləndirib.

Həmin ifanın lent yazısı aprelin 18-də – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə AzTV-də yayımlanacaq.

Qeyd edək ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Layihənin ilk buraxılışının musiqili qonağı xanəndə, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru və Muğam kafedrasının müdiri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mənsum İbrahimov Azərbaycan muğam sənətinin tanınmış nümayəndəsidir. M.İbrahimovu tar ifaçısı, Xalq artisti Elçin Həşimov və kamança ifaçısı, Əməkdar artist Elnur Əhmədov müşayiət edir.

Kiçik Mərdəkan qəsri Xəzər dənizi sahilində yerləşən müdafiə tikililərindən biridir. Abşeron qəsr memarlığına xas xüsusiyyətləri özündə təcəssüm etdirən abidənin XIII-XIV əsrlərdə inşa olunduğu məlumdur. Strateji baxımdan əlverişli yerdə ucaldılan tarixi tikili düşmən təhlükəsi haqqında məlumatı qısa zamanda lazımi ünvanlara çatdıra bilirdi.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri üçün “Məlumat lövhələrinin dizaynının hazırlanması müsabiqəsi”ni elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları dizayn layihələrini aprelin 15-dən mayın 15-dək təqdim edə bilərlər.

 

Layihənin təşkil edilməsində məqsəd tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, təbliği və gələcək nəsillərə çatdırılmağı üçün məlumat lövhələrinin yeni dizaynının hazırlanmasıdır. Müsabiqə dizayn layihələrinin qəbulu və təqdim edilən materialların qiymətləndirilməsi olmaqla iki mərhələdən ibarətdir.

 

Müsabiqə qaliblərinin adları mayın 30-da elan olunacaq.

 

Ətraflı məlumat üçün https://culture.gov.az/medias/media/other/978/reqlament.pdf linkinə keçid etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə “Naxçıvan fotolarda” adlı fotosərgi açılıb.

Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində təşkil olunan sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, mədəniyyət naziri Adil Kərimli, ölkənin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən sərginin açılış mərasimi barədə geniş təfsilatı diqqətinizə çatdırır:

Tədbirdə Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən əlamətdar tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndə vurğulayıb ki, yubiley tədbirləri Naxçıvan şəhəri ilə yanaşı, başqa şəhərlərdə, ölkələrdə də geniş şəkildə qeyd olunur. “Naxçıvan fotolarda” sərgisi mart ayında Türkiyə Cümhuriyyətinin İğdır şəhərində də açılıb. Aprel ayının əvvəllərində isə Türkiyənin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivinin iştirakı ilə muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İl ərzində muxtar respublikanın yubileyi ilə bağlı bu kimi tədbirlərin keçirilməsi davam etdiriləcək.

Bu gün Naxçıvanın artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu qeyd edən Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı bu mərhələnin əsas hərəkətverici qüvvəsidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Naxçıvanı yaxın gələcəkdə tamamilə yenilənmiş, iqtisadi cəhətdən kifayət qədər inkişaf edən, cəlbedici bir regiona çevirəcək. Dövlət Proqramı Naxçıvanın bütün istiqamətlərdə kompleks inkişafını nəzərdə tutur.

Onun sözlərinə görə, bugünkü fotosərgi, həmçinin Naxçıvanın turizm potensialının üzə çıxarılması, daha geniş arenada tanıdılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Səlahiyyətli nümayəndə bu qiyabi tanışlığın hər kəsdə xoş əhvali-ruhiyyə yaradacağına inamını ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli çıxışında dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü ilə bağlı tarixi Sərəncamını Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının təzahürü kimi qiymətləndirib. Naxçıvanın taleyində Ulu Öndərin müstəsna roluna diqqət çəkən akademik qeyd edib ki, bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Bu baxımdan sözügedən Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova bildirib ki, qəzetin “Naxçıvan fotolarda” sərgisi muxtar respublikanın 100 illik yubileyinə töhfədir. Sərgidə təqdim olunan fotolar “Şərq qapısı” qəzetinin fotoqrafları tərəfindən çəkilib.

Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.

62 fotonun nümayiş olunduğu sərgi böyük maraqla qarşılanıb.

Tədbirin bədii hissəsindən əvvəl Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndələr Arzu Əliyeva və Sərxan Bünyadzadənin ifasında konsert proqramı təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2024)

 

Bu gün Beynəlxalq Mədəniyyət Günüdür və bu gün münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi paylaşım edib. Paylaşımın mətnini "Ədəbiyyat və incəsənət" portalı nəzərinizə çatdırır. 

 

Beynəlxalq Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda filosof-rəssam, mədəniyyətşünas-pedaqoq Nikolay Rerix (09.10.1874, Sankt-Peterburq, Rusiya – 13.12.1947, Naqqar, Hindistan) təklif edib. Bundan 4 il sonra  - 15 aprel 1935-ci ildə Vaşinqtonda (ABŞ) “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” anlaşma - “Rerix Paktı" (və ya “Vaşinqton Paktı”) imzalanıb. Sənədə ABŞ Prezidenti Franklin Ruzveltin iştirakı ilə 21 ölkənin nümayəndəsi imza atıb.

 

Anlaşma imzalanarkən Ruzvelt deyib: “Bütün dünya xalqlarına bu Paktı imzalamasını təklif edərkən biz sivilizasiyamızın qorunub saxlanılmasının ən önəmli prinsiplərindən birini tətbiq etməyə çalışırıq. Bu anlaşmanın daşıdığı mənəvi önəm mətndə ifadə olunduğundan daha dərindir”.

 

“RerixPaktı” silahlı qarşıdurmalar vaxtı (və eləcə də dinc dönəmdə) mədəni irsin qorunmasına dair ilk beynəlxalq anlaşma sayılır. 

Sonradan bu paktın müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində öz əksini taparaq inkişaf etdirilib. 

O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel - Beynəlxalq Mədəniyyət Günü kimi vurğulanır. 

2008-ci ilin dekabr ayında Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Beynəlxalq Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb. 

O ki qaldı ölkəmizə, 2020-ci ilin fevralında Bakı və Sumqayıt şəhərlərində mədəni irsin qorunması üzrə tarixi sənədin 85 illiyinə həsr olunan Beynəlxalq Rerix Mərkəzinin (“Rerix Paktı. Tarix və çağdaşlıq” layihəsinin bir bölümü olan) “Rerix Paktı – Mədəniyyət vasitəsilə sülh” sərgisi təşkil edilib.

Bu anlamlı günlə bağlı olaraq bütün mədəniyyət işçilərimizi təbrik edir, onlara uğurlar diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Monday, 15 April 2024 11:00

Bakirə dünyanin günahkar qulları

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

İnsan itirdikləri və qazandıqları, xatırladıqları və unutduqları, sevdikləri və nifrət etdikləri, can atdığı və tərk etdikləri arasında burulğanlı bir yol inşa edir. Əgər belə olmasa idi, zənnimcə insan olmazdı. 

 

Ondan gedənlər və ona qalanlar öz həyat şüarı üzərində geniş bir debat mühiti yaradır. Təsdiq edən doğru mövqedə olsa belə,  oyunu özünü ən yaxşı müdafiə edən qazanır. Bu, debatı sevməyənlər üçün dərin bir işgəncə halına gəlir. Sevgi və yaxud laqeydlik bir-birindən doğan hadisələr olmasına rəğmən, birinə olan sonsuz məhəbbətimiz digərini gözardı edəcək qədər şiddətlidir. Ya çalarlar hər zaman doğru tablonu görməyimizə kifayət etmir, ya da öz həyatımızın rəssamı olaraq fırçanı doğru istifadə edə bilmirik. Hər şeyin bir gün bitəcəyini düşünərək yaradıcı olmaqmı, içində olduğu anların onun üçün bir sonluqdan daha dəyərli olduğunu düşünənlərmi qazanır?

Ya da hansımız daha çox itiririk? Bizi doğru yoldan yayındıran tələblərimizdirmi, yoxsa imkanlarımızmı? Zənnimcə tələblərimizə yetişə bilməyən imkanımızdır. İnsan yetimliyi çevrəsindən heç istəmədiyi anlarda qazanır. Və unutma ki, öz baxışların və gülüşlərinlə belə olsa, sən də kimlərisə heç istəmədən də olsa yetim qoyursan. Bumeranq deyilən ox elə bir anda yaydan çıxır və elə bir anda alnımıza ilişir ki, insanın hər iki dizi quru torpağı öz qanı ilə gübrələndirir. Hər tərk edildiyimizdə, hər itirdiyimizdə, ya da hər unudulduğumuzda dizlərimiz savaba biz isə günaha batırıq. 

Ötgün, yaxud ölmüş ruhun müfəssəl əməllərini bəşərin qucağına təslim edərək bildiyin doğru adının altında gizlənən bütün yanlışların adına küçədəki narkoman dayının cibindəki son pula lazımsız siqareti yandırmasını gözləyək. Gözləyək ki, qırışından göz bəbəkləri itmiş üzü o siqaret tüstüsündən görünməz hala gəlsin. Sonra dərinliklərdən boğaza verilən şiddətli ultimatum və bir-birini dəfələrlə təkrarlayan öskürük sədaları... Və ...bəli, bizim gəmimiz limana yetişmədən dayının dalğalı bəlğəmlərində dərinliklərə gömülür. Bu vaxt  yolun digər tərəfindəki çayxanada başqa bir dayı limonlu çayını içə-içə üz-gözünü büzüşdürür... 

İnsanlıq və avamlıq həmişə var idi.

Əvvəllər bu iki termini bir-birindən fayton karvanları, indi isə boylu-boyunca düzülmüş avtomobil tıxacı ayırır. Ölkəmin boz qurd işarəsini hər fotoşəkilə poz edən övladları tülkü kimi qonşunun toyuğunu altındakı yumurtaları ilə bərabər ovlayır. Sonra o toyuğun yumurtalarından sayı-hesabı məlum olmayan daşlar çıxır və bir-bir başına düşür. Elə hey oturub göydən düşən üç almanı gözləsin, nə faydası var?! Bəşərə günəş nə vaxt doğdu deyə bilmərəm, lakin indi batışını seyr etdiyimizin fərqindəyəm. Axı hansı sevgi, hansı güvən, hansı məhəbbət, ya da hansı mübarizə qaranlığa tab gətirə bilər ki? Axı hansı ləkə, çirkab qaranlıq bu mühitdə gün üzünə çıxa bilər ki?!

Biz bakirə dünyanın günahkar qullarıyıq, biz ədalət yazısını görəndə sinəsi şişənlərdənik. İşin inşa hissəsində isə palçığımız daşdandır. Daş daşa necə tab gətirsin axı?!Necə də qəribədir, bəzilərimiz xəyallarımızdan bəhs edərkən, bəzilərimizin xəyalları belə yoxdur. Bu, bizim həyatımızın tragediyasıdır. Hər şeyi əl birliyi ilə məhv etmişik. İndi isə öz əsərimizi böyük həyəcanla izləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Aprelin 13-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Kann Beynəlxalq Yaradıcılıq Festivalının gənc yaradıcılar üçün nəzərdə tutulan “Young Lions Azerbaijan 2024” müsabiqəsinin final mərhələsi keçirilib. 

 

Müsabiqəyə ümumilikdə 88 komanda müraciət edib. Bunlardan 38-i "çap”, 27-si “film”, 23-ü isə “dizayn” kateqoriyası üzrə yarışıblar.

Kann Beynəlxalq Yaradıcılıq Festivalının Azərbaycandakı təmsilçisi Orxan Kərimov AzərTAC-a müsahibəsində bildirib ki, marketinq sahəsində ən yüksək pillədə dayanan Kann Beynəlxalq Yaradıcılıq Festivalı artıq 70 ildən çoxdur fəaliyyət göstərir.

Təmsilçi deyib: "Bu proqram, yəni "Young Lions" 1995-ci ildən etibarən 30 yaşa qədər gənclər üçün təşkil olunub. Müxtəlif kateqoriyalar mövcuddur. 80-ə yaxın ölkə bu prosesdə iştirak edir və lokal festivallarını reallaşdırırlar. Bu tədbir 3-cü ildir ki, ölkəmizdə keçirilir. Bizim ən böyük dəstəkçimiz Mədəniyyət Nazirliyidir. Bu gün müəyyən olunan qaliblər iyunda “çap”, "film" və "dizayn" kateqoriyaları üzrə ölkəmizi təmsil edəcəklər”.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova nazirliyin daim gənclərin təşəbbüslərinə diqqət yetirdiyini bildirib. "Gənclər bizim gələcəyimizdir. Bu gün iqtisadiyyatımızın ən önəmli sahələrindən biri mədəni və yaradıcı sənayelərdir. Mən inanıram ki, bu müsabiqə maddi və qeyri-maddi mədəni irsimizin təbliği və təşviqində böyük rol oynayır",-deyə o əlavə edib.

Sonda “çap”, "film" və "dizayn" kateqoriyaları üzrə qalib komandaların iştirakçıları mükafatlandırılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

Günün fotosu: İran Portuqaliya gəmisini ələ keçirib

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında MSC Aries ticarət gəmisini ələ keçirib. Bu barədə İranın İRNA Dövlət Agentliyi məlumat yayıb.

 

Associated Press agentliyinin məlumatına görə, Portuqaliya bayrağı altında olan MSC Aries konteyner gəmisi, İsrail iş adamı Eyal Oferin Zodiac qrupunun bir hissəsi olan Londonun Zodiac Maritime şirkəti ilə əlaqələndirilir. 

Konteyner gəmisi Hörmüz boğazında helikopterlə aparılan əməliyyat zamanı "Sepah" bölməsinin (İİKK-nın bir hissəsi) xüsusi təyinatlıları tərəfindən ələ keçirilib. 25 dənizçi hazırda həbsdədir.

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2024)

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Sezai Qaraqoçun fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

 

Allaha inanan insanın azad olduğuna inanıram...

 

***

Gecəyə yenilməyən hər insanın mükafat olaraq bir sabahı, bir gündüzü və bir günəşi vardır.

 

***

İnkar – dustaqlıq, inanc – azadlıqdır.

 

***

İnancın yarısı utancdır. Hər şeyi tam olsa belə, utancını itirmiş bir mədəniyyət qeyri-sağlamdır.

 

 

“Ədəbiyyat və incəsənət”

  (15.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.