Super User
Milli Məclisin Mədəniyyət Komitəsi şəhid hərbi jurnalistlə bağlı paylaşım edib
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günü ilə bağlı “Məhərrəm İbrahimovun doğum günüdür” adlı paylaşım edib.
“Ədəbiyyat və incəsənət” mətni diqqətinizə çatdırır:
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri, şəhid jurnalist Məhərrəm Əli oğlu İbrahimovun doğum günüdür (16.04.1982, Ardanış, Çəmbərək, Göyçə – 04.06.2021, Susuzluq, Kəlbəcər).
Uzun müddət cəbhəboyu bölgələrdə ezamiyyətlərdə olan, təmas xəttində mətbuat nümayəndələri üçün təşkil edilən təlimlərdə iştirak edən, Aprel döyüşlərində, Tovuz döyüşlərində, II Qarabağ müharibəsində ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimov hərbi jurnalist kimi zəngin təcrübəyə yiyələnmişdi.
O, öz təcrübəsini digərləri ilə həvəslə bölüşürdü.
Peşəkar hərbi jurnalist Məhərrəm İbrahimov mötəbər auditoriyalarda silahlı münaqişələrdə medianın rolu, hərbi əməliyyatların informasiya təminatı, döyüş əməliyyatları zamanı hərbi qulluqçularla #media nümayəndələri arasında qarşılıqlı bağlar və birgə çalışmaların təşkili, o cümlədən dezinformasiya və saxta xəbərlərin psixoloji təsiri ilə bağlı mühazirələr oxuyub.
Jurnalist "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif edilib.
İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirərkən Ermənistan silahlı qüvvələri mənsublarının basdırdığı minaya düşərək həlak olan Məhərrəm Əli oğlu İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin 14.06.2021-ci ildə imzaladığı Sərəncam əsasında "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Sayğılarla anırıq.
Ruhu şad olsun!
Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi
“Ədəbiyyat və incəsənət”
(17.04.2024)
Eyni kök, eyni göyüzü… -FAZİL MUSTAFA YAZIR
“Ədəbiyyat və incəsənət” portalı millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın Azərbaycan - Qazaxıstan dostluğundan bəhs edən “Eyni kök, eyni göyüzü” məqaləsini təqdim edir.
Azərbaycanın 44 günlük (II Qarabağ) müharibəsində qələbəsi bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlar yalnız 2020-ci ildə, yalnız Qarabağda, Azərbaycanda və hətta Qafqazda qalmadı, daha geniş coğrafiyaya, o cümlədən Türk dünyasına sirayət etdi. Ortaq əcdadımızın Yer üzündə barışın, əmin-amanlığın qurulması sahəsindəki irsini, mənəvi-mədəni təcrübəsini günümüzə daşıyan türk dövlətləri Azərbaycanın uğurunu da, öncəki illərdə kədərini bölüşdüyü kimi bölüşdü. Bu bir qardaşlıq düsturudur: kədəri bölüş - azalsın, sevinci (uğuru) bölüş – çoxalsın!
Azərbaycan alimlərinin ünlü sözü ilə desək, “Ortaq keçmişdən ortaq gələcəyə!” gedirik. Bu yolda bizim əsas istinadgahımız, əsas dayağımız Türk Dövlətləri Təşkilatdır (TDT). TDT-yə üzv dövlətlərlə, ümumən türk ölkə və topluluqları ilə işbirliyi Azərbaycanın çox önəm verdiyi əməli fəaliyyət sahəsidir. İlham Əliyev bu il fevralın 14-d Milli Məclisdə Azərbaycan Prezideni olaraq and içərkən Türk dünyasının birlik-bərabərliyinə xidmət edən önəmli ismarıclar verdi. Prezidentin “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləri artıq bir aforizmə çevrilib, siyasi-diplomatik formul kimi qəbul görməkdədir. TDT üzvləri ilə, ümumən Türk dünyası ilə mövcud bağları daha da gücləndirmək, işbirliyini bütün əməli fəaliyyət sahələri üzrə genişləndirmək Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətidir.
Xəzərin o tayındakı qardaş ölkəmiz Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana növbəti dövlət səfərinin mənəvi əsaslarını gözardı etmədən, bu səfərin ciddi siyasi, iqtisadi, mədəni önəm daşıdığını vurğulamalıyıq.
Azərbaycan və Qazaxıstan Prezidentlərinin Bakıda birgə mətbuat konfransında vurğulandığı kimi, son ilyarım içində Prezident İlham Əliyevin Qazaxıstana dörd dəfə, Qazaxıstan Prezidentininsə bu müddət içində üç dəfə ölkəmizə səfəri olub, il içində daha iki səfər də planlaşdırılır.
Üstəlik, Azərbaycanla Qazaxıstan arasında son ilyarım içində 40 önəmli sənəd imzalanıb. Bax, bu qədər yüksək səviyyəli bağlar, son illərdəki intensiv səfərlər, sıx fikir mübadilələri Prezident İlham Əliyevlə Prezident Kasım-Jomart Tokayevin yüksək səviyyəli dostluq, səmimi qardaşlıq münasibətlərinin təntənəsidir. Bu isə öz növbəsində, xalqlarımızın eyni kökdən gəlib eyni göyüzünə budaqlanmasının rəhnidir. - Yəni, arxalandığımız irsin, gələcək nəsillərə göstərdiyimiz yolun yüksək ifadəsidir.
“Mən həmkarımı Qazaxıstanın sosial-iqtisadi inkişafda, iqtisadiyyatın davamlı artmasında, beynəlxalq məsələlərdə nüfuzunun daim yüksəlməsində əldə olunan nailiyyətlərə görə təbrik etdim. Bu, bizim üçün çox mühümdür, qardaş xalqla qürur duyuruq. Çünki bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir. Biz buna ürəkdən sevinirik”. - Bu sözləri Prezident İlham Əliyev Qazaxıstanlı həmkarı ilə birgə mətbuat konfransında (11.03.2024, Bakı) dedi. Bəli, doğrudan da, Qazaxıstana hər səfərdə dəyişikliklərin şahidi oluruq. Astana xəritədə Avrasiyanın coğrafi mərkəz şəhəri kimi görünməklə qalmayıb, qardaş qazax xalqının qurub-yaratmaq eşqinin, şəhərsalma mədəniyyətinin də təntənəsidir. Astana böyük Qazaxıstanın zəngin mədəni irsinin, üfüqügenişliyinin, xeyirxahlığının parlaq ifadəsidir. Çünki bu şəhərdən beynəlxalq aləmə barış, beynəlxalq hüquqa hörmət, özünəgüvən ismarıcları dalğalanır, yayılır. Çünki bu şəhər Türk dünyasının ən cavan paytaxt şəhəri olsa sa, böyük düşüncəkidir, ümidverən, inamaşılayandır. Beynəlxalq Türk Akademiyası Astanada yerləşir; Astanada alınan qərarlar Türküstan şəhərinin (bölgəsinin) inkişafına yeni fəsil açıb. - Türküstan Türk dünyasının ruhani mərkəzidir.
Ortaq türk qurumlarından ikisisə Bakıda yerləşir: TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu.
Biz də Milli Məclisin Mədəniyyət Komitəsi olaraq, qardaş ölkələrimizlə, o cümlədən Qazaxıstanla mədəniyyət, sənət, mədəni irs, müvafiq kateqoriyalar üzrə qanunvericilik təcrübəsinin mübadiləsində maraqlıyıq, belə imkanlarına görə şadıq.
Çox şadıq ki, Qazaxıstan Prezidenti də Bakıdakı mətbuat konfransında mədəniyyətə xüsusi vurğu etdi:
“Strateji tərəfdaşlığımızın mədəni-humanitar tərkibi üzrə əməkdaşlığımızı da xüsusi qeyd etmək istəyirəm. Bu, xalqlarımızın yaxınlaşması baxımından çox mühümdür. Biz Azərbaycan tərəfinə Qazaxıstan mədəniyyəti günlərinin yüksək səviyyədə keçirilməsinə yaradılan lazımi şəraitə və səmimi qəbula görə minnətdarıq. Biz də Azərbaycan mədəniyyət xadimlərini ölkəmizdə səbirsizliklə gözləyirik və bu tədbirin uğurla keçəcəyi heç bir şübhə doğurmur, çünki Azərbaycan mədəniyyətinə maraq hər zaman vardır. Düzünü söyləmək lazımdır ki, Qazaxıstan xalqı sizin mədəniyyətinizdən ötrü darıxıb və Azərbaycan mədəniyyət xadimlərini böyük məmnunluqla qarşılayacaq”.
İnsanın və cəmiyyətin inkişafının çağdaş səviyyəsi, insanın yaratdığı, nəsildən-nəsilə ötürdüyü maddi -mənəvi dəyərləri, bir sözlə, insan əli, ağlı və ruhi gücü ilə yaradılmış bütün pozitivlər mədəniyyət adlandırılır. Əgər qardaşların dostluğundan, qardaşlıq mədəniyyətindən, işbirliyindən danışırıqsa, mədəniyyət özünəxas mövqe qazanmağı haqq edir. Bu, artıq mədəniyyətlərin qardaşlığından ötə hadisədir. Bakı və Astana, Şuşa və Türküstan, Gəncə və Almatı… sivilizasiyalar, mədəniyyətlərarası dialoqun ocağı, mədəniyyət bayrağı ucaltmış şəhərlər kimi çıxış edirsə, bizim sözümüzə sübut axtarmağa ehtiyacımız yoxdur.
Bəli, biz “ortaq keçmişdən ortaq gələcəyə” gedirik.
Yolumuz açıq, qardaşlıq bayrağımız uca olsun!
“Ədəbiyyat və incəsənət”
(17.04.2024)
ÖTƏN İL BU GÜN: Diqqət! Su böhranı dövrünə keçirik!
“Ədəbiyyat və incəsənət” portalı ÖTƏN İL BU GÜN “Aktual mövzular” rubrikasında Aygün Əzizin Abşeronun ən iri yaşayış massivləri olan Bakı və Sumqayıtın içməli su ilə təchizatı problemindən bəhs edən yazısını təqdim etmişdi. Və oxucularını da xəbərdar etmişdi ki, üzümüzə gələn yay mövsümündə daim özlərinə içməli su ehtiyatı görsünlər.
İndi biz xatırlayırıq, yayda su qıtlığı elə də hiss edilmədi. Amma mövzu bu il üçün də aktualdır.
Bakının və Sumqayıtın su dərdi
Məlumdur ki, Bakının, eləcə də Sumqayıtın bəzi ərazilərində içməli su qrafiklə verilir. Rəsmi qurumlar bunu mənbələrdə suyun azalması ilə əsaslandırır. Mütəxəssislər isə çıxış yolu olaraq su təminatı sistemində innovativ yanaşmaların tətbiqini zəruri hesab edirlər.
Azərbaycanda su qıtlığı ilə bağlı həyəcan təbili çalınır. Artıq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Bakıətrafı ərazilərə suyu qrafiklə verir.
Qeyd edək ki, bir neçə il əvvəl əsas hədəflərdən biri Bakının fasiləsiz su təminatı ilə bağlı maksimum nəticə əldə etmək idi. 8 il öncə Bakının 60, 2021-ci ildə isə 80 faizi fasiləsiz su ilə təmin edilirdi. Hətta yaxın illərdə bu göstəricinin 100 faizə çatacağı proqnozlaşdırılırdı. Fasiləsiz su təminatı ilə bağlı paytaxtda yaşayış binalarının damlarında sakinlərə məxsus su çənləri də yığışdırılmışdı.
Çox yox, 2 il sonra yenidən Bakı və Bakıətrafı ərazilərə suyun qrafiklə verilməsinin səbəbi nədir? Su problemi nə qədər davam edəcək?
Bizi nə gözləyir?
Ənənəvi mənbələrdə su azalıb
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyir ki, qurum, su az olduğu üçün Su Komissiyasının qərarına əsasən, bəzi ərazilərdə qrafik rejimlər tətbiq etməyə məcbur qalıb: "Abşeron yarımadasının mənbələrindən götürdüyümüz suyu ötən ilin eyni günü ilə müqayisədə təxminən saniyədə 1 kubmetr azaltmışıq. Azalma nəticəsində bəzi ərazilərdə su tənzimlənir, qrafiklə verilir. Bunun səbəbi isə Taxtakörpü su anbarında, Samur çayında suyun azalmasıdır".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyir ki, son illərdə Kürün hövzəsinə düşən yağıntının azalması nəticəsində su problemi müşahidə edilir. Onun sözlərinə görə, son 10 ildə bu azalma özünü daha çox büruzə verir: "Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə 5 istiqamətdə ekspedisiya təşkil edilib. Dağlıq ərazilərdə qar ehtiyatları müəyyən ediləcək. Eyni zamanda "Azərkosmos"dan peyk təsvirlərini də əldə edib ümumi təhlillər aparacağıq. Martın sonunda qarşıdakı dövrdə sululuq səviyyəsi ilə bağlı proqnoz veriləcək".
Vətəndaş məsuliyyəti də olmalıdır
Nazirlik rəsmisi vurğulayır ki, su qıtlığı ilə mübarizədə istifadəçilərin də üzərinə məsuliyyət düşür: "Hər kəs sudan səmərəli istifadə etməlidir. Hər hansı bir yerdə su axarkən buna biganə qalmamalı, hər birimiz bunun qarşısını almağa çalışmalıyıq. Vətəndaş məsuliyyəti olmalıdır".
Kürün suyu quruyur
Ekoloq Rövşən Abbasov su çatışmazlığının kökündə bir neçə amilin dayandığını deyir. Buraya həm təbii, insan amilləri, həm də idarəetmə amilləri daxildir: "Ölkənin 70 faizdən çox su ehtiyatları Kür və Araz çayları hesabına formalaşır. Bu çaylar xarici ölkələrin ərazisindən Azərbaycana gəlir. Türkiyədə, Gürcüstanda, Ermənistanda çoxlu su bəndləri tikilir. Azərbaycan ərazisinə gələn çaylar su bəndləri vasitəsilə saxlanılır və öz ərazilərində istifadə olunur. Bundan əlavə, iri şirkətlərə məxsus minlərlə hektar ərazi bu çaylar vasitəsi ilə sulanır. Nəticədə Kürün suyu qurumaq həddindədir".
Mənbələrdən götürülən suyun 40-50 faizi itkiyə gedir
Mütəxəssis deyir ki, problemin həlli üçün ilk növbədə Kürdə suyun azalmasının qarşısı alınmalıdır: "Kürdən su götürülməsinin səviyyəsi azaldılmalıdır. Digər mənbələr daha effektiv istifadə olunmalıdır. Bizim mənbələrdən götürdüyümüz suyun 40-50 faizi itkiyə gedir. Bu göstəricinin azaldılmasına nail olmalıyıq. İtkilər əsasən kənd təsərrüfatında baş verir. Köhnə suvarma metodlarından hələ də istifadə edilir. Torpaq kanallar beton və boru kanallarla əvəzlənməlidir. Bundan əlavə, Kürdən götürülən suyu azaltmaqla bağlı Azərbaycan qonşu ölkələrlə razılığa getməlidir. Bu razılaşmalar üçün hökumət hərəkətə keçib. Tədricən müəyyən həllərə nail olunacaq".
Niyə yeni üsullardan istifadə edilmir?
Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Aqşin Kərimov isə içməli su probleminin həllini yağış sularından istifadədə görür. Mütəxəssis deyir ki, Bakı ərazisində su xətləri, borular təmirsiz, baxımsızdır: "İstanbulda yağış sularından istifadə olunur, lakin bu üsul Azərbaycanda tətbiq edilmir. Bundan əlavə, Bakıda yeni binalar tikilir. Müasir mühəndislik təklifi ilə yeni binalarda məişətdə yağış sularından istifadə etmək olar. Bizdə isə hər yerdə içməli su sərf edilir. Təsəvvür edin, "moykalar"da nə qədər içməli su israf olunur. Bu istifadəyə su dayanmaz. Bundan əlavə, gəlin baxaq, bizim su boruları nə vəziyyətdədir? Əgər bu borular təzə olsa, su itkisi çox azalar".
Sutəmizləmə məntəqələrimiz lazımı səviyyədə istifadə olunmur
Mütəxəssis deyir ki, çirkli suların təmizlənərək suvarmada, sənaye müəssisələrində istifadə olunması Azərbaycanda da var, lakin istənilən səviyyədə deyil: "Taxtakörpü su anbarında suyun səviyyəsinin qaldırılması ilə bağlı fikirlər səsləndirilir. Qaldırılsa da, bu, müəyyən müddət olacaq. Yenə həmin problemlə qarşılaşacağıq. Ən müasir sutəmizləmə məntəqələrimiz var, amma lazımı səviyyədə istifadə olunmur. Yollarda su xətlərinin "partlaması" ilə çox rastlaşırıq. Verilən suyun 40 faizi itkiyə gedir. Həll yolu respublikada yağış sularından istifadə etmək və su borularını yeniləməkdir".
“Ədəbiyyat və incəsənət”
(17.04.2024)
“Turan” (3-cü paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNOSSENARİSİ
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“TURAN” bədii film ssenarisini təqdim edirik.
Titr yazı. Bakı. 14 noyabr. 1918-ci il.
Nuru paşanın qərargahı qarşısında dayanmış Qafqaz İslam Ordusunun əsgərinə yaxınlaşan ingilis nümayəndə heyəti...
Arxa fonda binanın qarşısında dayanmış ingilis hərbi maşını görünür...
Maşının üstündə ingilis bayrağı dalğalanır.
Qafqaz İslam Ordusunun əsgəri küləyin dalğalandırdığı bayrağa baxır...
Heyətin başçısı keşik çəkən əsgərə hərbi təzim edir.
Sonra əlindəki məktubdan ona müraciəti oxuyur.
İngilis zabiti:
– Mən ingilis zabiti Alan Constonam. Ənzəlidə yerləşən ingilis hissələri komandanı general Tomsonun adından Nuru paşaya xəbərdarlıq etməyə gəlmişəm. Biz yeni qurulmuş Azərbaycan hökumətini tanımırıq. Osmanlı ordusunun Bakıdakı komandanı kimi sizə rəsmi müraciət edirik. Bakıda olmağınız müqavilələrə ziddir. Osmanlı dövlətinin özündə də bunu anlayanlar var. Bu gün Bakını tərk etməsəniz, noyabr ayının on yeddisində şəhəri işğal edəcəyik. Osmanlı dövlətinin iştirak etdiyi döyüş cəbhələrində yaranmış son vəziyyət bizə bu addımı atmağa imkan verir. Bunu bilməmiş deyilsiniz...
Bayaqdan bəri başını aşağı salmış Conston qərargah qapılarının açıq olduğunu görür...
Alan Conston binaya daxil olub pillələrlə yuxarı qalxır.
İkinci mərtəbədə onu gözləyən Qafqaz İslam Ordusunun daha bir əsgəri Constonu hərbi salamla salamlayır.
Conston Nuru paşanın otağına daxil olur.
Nuru paşa iri masanın arxasında oturub.
Masanın üstündə əsgəri sxemlər, müxtəlif sənədlər görünür...
Nuru paşa Alan Constona yer göstərir.
Alan Conston ayaq üstə dayanıb əlindəki məktubu Nuru paşaya uzadır.
Nuru paşa məktubu alıb oxuyur...
Araya sükut çökür... Sükutu Nuru paşa pozur:
– Mən Osmanlı ordusundan istefa vermişəm. Azərbaycan dövlətinin müdafiə naziriyəm. Bakıdakı Osmanlı qoşunlarının komandanı indi Mürsəl paşadır. Bu məktubu ona verin, mənə yox.
Alan Conston: – Cənab komandan, Azərbaycan hökuməti oyuncaq hökumətdir.
Bu sözləri eşidən Nuru paşa hirslənib ayağa qalxır.
Nuru paşa: – Oyuncaq hökumət bu qədər itki verib qələbə əldə edə bilməzdi. Azərbaycan xalqı qanıyla dövlət qurub və sizlər bu dövləti tanımağa borclusunuz. Bura onların ölkəsidir, bunu birdəfəlik anlayın.
Alan Conston: – General Tomsonun adından sizi xəbərdar edirəm: noyabr ayının on yeddisinə qədər Bakını tərk etməsəniz, şəhəri işğal edəcəyik.
Nuru paşa: – Bunu Azərbaycan hökuməti ilə həll edin. Mən hökumətə tabe olan əsgərəm. Əmr etsələr, Bakını müdafiə edəcəm. Desələr, sizə hücum edəcəm. Mən siyasətçi deyiləm.
Alan Conston: – Siz çox böyük siyasətçisiniz, cənab Nuru paşa. Başa düşürəm, Azərbaycan hökumətini İngiltərəyə tanıtmaq istəyirsiniz. Amma bir həqiqəti unutmayın: Bakı heç vaxt sizin olmayacaq. Buna icazə verməyəcəyik. Türk ağalığı bu əsrdə bitdi.
Alan Conston hirslə çevrilib otaqdan çıxır...
Nuru paşa fikirli-fikirli pəncərəyə yaxınlaşır...
Pəncərədən eşiyə baxan Nuru paşa...
Pəncərədən dolanbac Bakı küçələri görünür... Küləkli bir gündür... Möhkəm xəzri əsir... Orta yaşlı çarşablı qadın azyaşlı uşağının əlindən tutub üzü küləyə gedir. Külək uşağı qadının əlindən zorla almaq istəsə də, qadın uşağının əlindən bərk-bərk tutub buraxmır...
Nuru paşa küləklə mübarizə aparan qadına bir qədər baxandan sonra masanın üstündəki telefona yaxınlaşır...
Nuru paşa telefon dəstəyini qaldırır.
Nuru paşa:
– Məmməd Əmin bəylə calaşdır... Gün aydın... İngilislər mənimlə danışmağın mənasız olduğunu anlayıb, Azərbaycan hökumətini tanıyacaqlar. Onlar bunu edən kimi Azərbaycan ordusu ilə Osmanlı hissələrini Güzdəkə çəkəcəm. İngilislər Bakıya tək girməyəcək. Ayın on yeddisində Biçeraxovun atlı kazakları ilə iki yüzə yaxın erməni əsgəri də şəhərə daxil olacaq. Sizi ingilislərin əliylə qoruyacam. Ölkəni bütöv edib sizə təhvil verəcəm. Lənkəranı, Muğanı da ingilislərə milli hökumətin əraziləri kimi tanıdacam. Sizi ruslardan qorumağı da onlardan tələb edəcəm. Osmanlı cəbhədə güclənib sözünü deməsə, işlər ağır olacaq. Yeddi cəbhədə döyüşürük. Tökdüyümüz qanların, verdiyimiz şəhidlərin hədər olmadığına inanıram. Bakını tərk etməyə məcbur olsam da, döyüş davam edir, bəy.
Nuru paşa dəstəyi asıb ayağa qalxır...
Nuru paşa yenə pəncərəyə yaxınlaşıb eşiyə baxır...
Xəzri əsməyindədir...
Bir qədər əvvəl pəncərədən görünən çarşablı qadın ilə uşağı hələ də küləklə əlləşir...
Külək uşağın əlini anasının əlindən ayırıb...
Uşaq güclü xəzri küləyi ilə təkbaşına mübarizə aparır...
Külək onu irəliləməyə qoymur...
Çarşablı qadın külək altında irəliyə deyil, uşağına tərəf addım atmağa çalışır...
Küləyin qaldırdığı tozanaqdan onlar bir-birinin üzünü görə bilmirlər...
Külək vurub çarşablı qadını yerə yıxır...
Uşaq küləyin səngiməsini gözləyib anasına doğru qaçır.
Uşaq çətinliklə ayağa qalxmağa çalışan anasının qolundan tutub kömək etməyə çalışır.
Pəncərədən bu səhnəni izləyən Nuru paşanın üzü sərtləşir.
Nuru paşa hirsindən pəncərə şüşəsini yumruqları ilə qırır...
“Ədəbiyyat və incəsənət”
(17.04.2024)
Diqqət və yaddaş – ABİTURİYENTİN UĞUR FORMULU
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Sizlərə abituriyentin uğur formulunu təqdim edirik. Bu formul var və özünü həqiqətən də doğruldur.
Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.
Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.
“Ədəbiyyat və incəsənət”
(17.04.2024)
Nə qədər ki, milli burjuaziyamız formalaşmayıb…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Orta məktəbdə oxuyanda riyaziyyatla maraqlansa da, günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini oxuyur. Və bu əsər onu özünə valeh edir. Çox düşünüb daşınandan sonra qərara gəlir ki, yazmağa başlasın. Yazır, amma hiss edir ki, onda nəsə çatmır. Anlayır ki, mütaliəsi zəifdir, çox əsər oxumalıdır, dünya yazarlarını dərindən mütaliə etməlidir...
Haqqında söhbət açmaq istədiyim yazıçı İlham Əziz 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd məktəbində orta təhsilə yiyələnib. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbində oxuyub. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. Bir müddət Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə isə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bir il sonra öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq" şirkətinin direktorudur. Eyni zamanda 2017-ci ildə ''İlham Əziz'' imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir. Bir neçə kitabın müəllifidir...
Deyir ki,- “Cavan yaşından Maliyyə Nazirliyində mühüm vəzifə tuturdum, istefa verib şəxsi biznesimi qurmağa başladım. Çünki dövr, zaman dəyişmişdi, kapitalizm münasibətləri formalaşırdı. Kapitalizmin isə məlumdur ki, sərt qayda-qanunları var, sovet dövrünə öyrəşmiş insanlar üçün yeni qaydalara uyğunlaşmaq çətindir. Bəziləri hələ də düşünür ki, şair və yazıçıları dövlət dolandırmalıdır. Sovet hökuməti yazı-pozu adamlarından, ümumiyyətlə yaradıcı insanlardan təbliğat aparatının ruporu kimi istifadə edirdi və təbii ki, onların dolanışığı üçün də ciddi addımlar atırdı, diqqət göstərirdi. Kapitalizmdə münasibətlər sözsüz ki, fərqlidir, rupora ehtiyac qalmır. Təbii ki, bugünkü mövqeyimdən razıyam, hekayələrim oxunur, ədəbi aləmdə müzakirə və tənqid edilir. Bu gün ədəbiyyat aləmində seçilmək, Saday Budaqlı, Mahir N.Qarayev, Etimad Başkeçid, Salam Sarvan, Fəxri Uğurlu, Şərif Ağayar, Varis, Mübariz Örən kimi ciddi imzaların çiynindən boylanmaq, onların ədəbiyyat süfrəsində yer tutmaq asan məsələ deyil, çünki orda çox sıxlıqdır. Ədəbi prosesi yaxından izləyənlər yəqin ki, dediklərimi təsdiqləyər. Bir məsələni də deyim ki, bizim ədəbi mühit çox ədalətlidir, 45 yaşında yazmağa başlayan İlham Əzizi qəbul edibsə, deməli, istənilən istedad qəbul oluna bilər. Yetər ki, ortada gözəl mətn olsun...”
Çox sadə adamdır. Heç vaxt yekaxanalıq edib özünü təkəbbürlü göstərmir. Ünsiyyətdə mehriban, davranışında mədənidir. Hansı sözü harada işlətməyi yaxşı bilir. Dəqiqliyi xoşlayır, bəlkə də bu onun riyazi vərdişlərindən irəli gəlir…
“Hesab edirəm ki, dövlət quruculuğunun əsas elementlərindən biri sayılan milli burjuaziya formalaşmalıdır. Gəlin açıq danışaq, bu gün Azərbaycanda necədir? Biznes mühitində ayrı-ayrı siyasi adamlar ciddi şəkildə iştirak edirlər. Adətən belə hallar yeni qurulan dövlətlərdə olur, zaman keçdikcə inanıram ki, Azərbaycan da oturuşmuş ölkələr kimi siyasi adamlar biznes mühitindən çəkiləcək, həmin yeri milli burjuaziya nümayəndələri, orta təbəqəni təmsil edən iş adamları tutacaq. Düşüncə sahiblərinin pul qazanmaq vaxtı gəlib çatacaq. Adi bir misalla fikrimi izah etməyə çalışım, bütün Qafqazda ən böyük ticarət mərkəzi sayılan “Binə” ticarət mərkəzində elə bir dövr olub ki, adını düz-əməlli yazmağı bacarmayan, vurma cədvəlini bilməyən adamlar Çindən, İrandan mal gətirərək yaxşı pullar qazanıblar, çünki o vaxt nə gətirirdinsə satılırdı. Amma indi bazarı öyrənmədən, marketinq işlərini bilmədən, gömrük, vergi ilə bağlı qanunvericiliyindən xəbərdar olmadan pul qazana bilməzsən...”- söyləyir.
AYB-yə üzv olmaq onun uşaqlıq istəyi olub. Ordakı simaları Azərbaycan ədəbiyyatının lokomotivləri hesab etdiyindən, AYB-ni bir qurum kimi dəyərləndirir. Düşünür ki, bu gün dövlət ədəbiyyat siyasətini bu təşkilat üzərindən aparır. Və nəvaxsa bu sahədə də islahat olacağına inanır...
Deyir ki,- “Mənim haqqımda bəzən deyirlər, mətnləri poetikdir, şeirə də oxşayır. Mətn üzərində bütün tənqidləri qəbul edə bilirəm, təki münasibətlər şəxsi müstəviyə keçməsin. Dostoyevskini yazıçı kimi qəbul etməyən o qədər yazıçı adı çəkə bilərəm ki... Amma düşünürəm, yazıçını peşəkar tənqidçi təhlil etməlidir. Yazıçıya “bunu belə yox, elə yaz”, -demək əxlaqsızlıqdı. Yazıçı haqqında onun həmkarı yox, peşəkar ədəbi tənqidçi irad bildirsə daha yaxşı olar. Cavanşir Yusifli, Elnarə Akimova, Maral Yaqubova kimi peşəkarlar heç bir maddi gəlir güdmədən ədəbi prosesi yaxından izləyir, fikir bildirir, gənclərin yaradıcılığını təhlil edirlər. Mən öz mətnlərimə, Azərbaycan dilinə, hər bir cümləyə qarşı çox həssas və tələbkaram. Təsəvvür edək ki, ev tikirik və biz hökmən daşdan, qumdan, sementdən istifadə etməliyik. Sudan ev tikəsi deyilik ki? Bədii mətni də tikilən binaya bənzətsək söz, cümlə, ümumiyyətlə, dil ona lazım olan vacib materiallardır...”
Hekayələrinin bəzilərinin qəhrəmanları Rusiyyada yaşayan soydaşlarımızdır. Bir müddət Rusiyada yaşadığı üçün, görünür oradakı soydaşlarımızın üzləşdikləri problemləri yaxından izləmək imkanı olub. Və orada yaşayan azərbaycanlıların taleyi onu həddindən çox narahat edir. “Rusiyada yaşayan, vətənə gəlib ev tikən, qardaşına toy edən, bacısını gəlin köçürənlər göz qabağındadır. Lakin orda səfil həyatı yaşayan, ömrü məhv olan, faciələr içində çırpınan soydaşlarımız da var. Dolanışıq üçün, çörək qazanmaq ardınca Rusiyaya üz tutan nə qədər insanın sevgisi yarımçıq qalıb. Biz onların taleyini hələ ədəbiyyata doğru-düzgün gətirə bilməmişik.”- söyləyir.
Hazırda növbəti roman üzərində işləyir, başa çatdırası bir neçə hekayəsi də var. Düşünür ki, hər gün neçə saat yazmaqla, planlı şəkildə işləməklə deyil, əsas odur ki, ortaya roman qoyursansa həmin əsər hadisəyə çevrilsin. Hekayələrdən sonra roman yazmağı da yaradıcılığın növbəti mərhələsi hesab etmir. Onun fikrincə, hekayə çox ciddi janrdır. Azərbaycan ədəbiyyatının gələcəyinə ümidlidir. Deyir ki;- “Qələbə qazanmış xalq yenə də Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahiləri yetirəcəyinə inanıram...”
Bəli, çağdaş Azərbaycan nəsrinin sıralarında bu gün çox sıxlıqdır. Yazıçı İlham Əziz bu sıxlıqda özü kimi görünən ən yaxşılardan biridir.
İlham Əzizin növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(17.04.2024)
Zavallı ovçarka
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Day-day hesabına Gömrükdə işə düzələn bir qaqaşa rəis 30 arı pətəyi aparan tır maşınını göstərib, arıların qanuni, yoxsa qanunsuz aparıldığının öyrənilməsi üçün tapşırıq verir:
-Yoxla, gör arıların sənədi varmı.
Qaqaş “baş üstə” deyib sürücüyə yaxınlaşır və soruşur:
-Neçə korobka arı aparırsan?
-Otuz.
-Hərəsində neçə arı var?
-2 mindən 5 minədək.
-Nə? Daha deynən, pensiyaya kimi arı sənədi yoxlayaram ki.
2.
Tərəvəz salatının üstünə restoran müdiriyyəti 2024-cü “Yaşıl dünya naminə” ilinin şərəfinə yazıb vurub: “Salat hazırlanarkən heç bir tərəvəzə zərər dəyməyib”.
3.
“Real” televiziyasının müxbiri Şəkidə 96 yaşlı Əbdülsalam kişiyə sual edir:
-Ağsaqqal, siz bu 96 yaşa necə gəlib çıxdınız?
Kişi ötkəm cavab verir:
-Naviqatorla.
4.
Süni intellekt yarandısa, demək o, təbii kütlüyün əleyhinə yaranıb.
5.
Həqiqətən də bir dəfə Key Kələntər bulvarda gəzirmiş. Görür ki, bir nəfər suda çabalayaraq qışqırır:
-Kömək edin, kömək edin!
Key Kələntər ona səslənir:
-Ay qardaş, niyə qışqırırsan?
-Mən üzə bilmirəm!
Key Kələntər təəccüblənir:
-Nə olsun ki? Heç mən də üzə bilmirəm. Amma heç gör qışqırıram?
6.
-Canım, sən mənim ömrümün günəşi olmaq istəyirsən?
-Hə, həyatım.
-Onda zəhmət çək, məndən 149 milyon kilometr aralan!
7.
Odessa lətifəsi.
Starokon bazarında bir qoca yəhudi tutuquşu və hindtoyuğu satır. Bir erməni gəlib soruşur:
-Ara, tutuquşunu neçəyə verirsən?
-Min qrivenə.
-Ara, niyə belə baha?
-Çünki o, “sən axmaqsan” deyə bilir.
-Bəs hindtoyuğunu?
-Onu da.
-Onu niyə? O da danışır ki?
-Yox, o danışmır, amma ürəyində deyir ki, sən axmaqsan.
8.
Ovçarka bağ həyətini qazır. Çəpərin o üzündəki barbos ona təəccüblə baxanda ovçarka köks ötürüb deyir:
-Eh, hər şey ondan başladı ki, ev sahibi çəkələyi atırdı, mən axmaq da götürüb gətirirdim.
“Ədəbiyyat və incəsənət”
(17.04.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Qoyun ətindən parçabozbaş
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Qoyun ətindən parçabozbaşın hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Qoyun əti – 117 qr
§ Kartof – 113 qr
§ Pomidor (və ya tomat) – 42 qr
§ Soğan – 25 qr
§ Noxud – 25 qr
§ Quru və ya təzə alça – 10 qr
§ Sarıçiçək – 0,1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ quru reyhan – 10 qr, sumaq – 10 qr, meyvə turşusu (məti) – 30 qr, qırmızı soğan – 50 qr
HAZIRLANMASI:
Sümüklü qoyun əti 40-50 qramlıq tikələrə doğranır. Xırda sümüklərdən təmizlənir, yuyulur, saxsı küp, qazan və ya çölməyə yığılır. Üzərinə su və ya işgənə əlavə olunaraq, bişməyə qoyulur. Qaynadıqca kəfi yığılır. Kartof təmizlənir, yuyulur. Noxud əvvəlcədən isladılır və ətin kəfi alındıqdan sonra əlavə edilir. Ət və noxud bişənə yaxın qalan ərzaqlar: xırda doğranmış və ya xırda bütöv soğanlar, alça, dilimlərə doğranmış pomidor əlavə olunur və bişirilir. Sonda duz, istiot, ədviyyatlar vurulur. Süfrəyə verərkən yanında quru reyhan (və ya xırda doğranmış təzə), sumaq, meyvə turşusu (məti), əllə əzilmiş qırmızı baş soğan qoyulur.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(17.04.2024)
55 illik dostuma - QULU AĞSƏSƏ İTHAF
Təranə Dəmir, “Ədəbiyyat və incəsənət”
Quludan öncə eynəyi salamlayır adamı, sonra baxışları, sonra ütüsü, sonra ayaqqabıları, sonra əlləri, ən sonda dili. Dili açılanacan artıq çoxdan salamlaşmış oluruq. Elə təpə-dırnaq salamdı Qulu. Özü də Allahın ən sevimli quludu. Adı üstündə. Qəribə rahatlığı var. İçindəki təlatümünü kimsə görməz. Göstərməz axı. Qınına çəkilən adamdı. Amma tanıyan tanıyır. Baxışlarından və səsindən tutursan yorğunluğunu, gərginliyini, küskünlüyünü, sevincini. Bapbalaca uğura uşaq kimi sevinəndi. Sevinəndə şeir deyir. Harda olur olsun, ancaq adama ehtiyyacı var. Özünün dediyinə görə, şeiri ayaqlarıyla yazır. Elə yuxusu da ayaq üstədi. Ayaq üstə yeyir, ayaq üstə düşünür, ayaq üstə sevir, ayaq üstə unudur.
Nifrəti də ayaq üstədi. Bunu da mən deyirəm. Sirrini kimsəyə açmaz. Guya. Amma hamı duyar. Ağsəs Quludan danışıram. Soyadına söykənən şairdən. Nə fərqi var axı. Qulu Ağsəs və ya Ağsəs Qulu. İkisi də bir adamdı onsuz. Bir -birindən tuta -tuta yeriyirlər Allaha sarı.
Qara rəngi sevmir. İşıqlı rəngləri seçir harda olur olsun. Gözündən sual baxır adama. Qalırsan məətəl. Susa-susa danışanlardandı. Şeirinin dilini bir özü bilir, bir də onu anlayanlar. Palaza bürünüb elnən sürünməyi sevmir. Təkliyə can atandı. Tənhalığı ilə sözə meydan oxuyur. Yükü çoxdu. "Ulduz" yükü, söz yükü, adam yükü, ata yükü, sevda yükü, Vətən, yurd yükü... Öz yüküsə çəkilməzdi. Əvvəlcə eynəyiylə baxır adama, sonra gözüylə. Gör neçə qat işıqdan keçirir adamı. Ağdam həsrəti var qəribliyində. Heç kimə deməz ürəyindəki ağrıları. Tanrısına açar ürəyini hərdən. Heç ona da qıymaz. Nisgilində od var, yanğı var. Danışanda elə bilərsən ki, ondan bəxtəvəri yoxdu. Amma gözləri ələ verər sahibini. Yalanı da özünə görə deməz. Qarşı tərəfi ovudar bu yalanla. Qayıdıb özünü incidər amma. Darıxanda gen qaçar hamıdan. Yandırmaqdan qorxar. Göz yaşları içinə axar. Saflığında gizlədər uşaqlığını. Vaxtı qova-qova 55 -ə çatsa da hələ böyüməyib axı. Uşaq qoğala, Qulu sözə allanar. Kimsəyə əyilməz sözündən başqa. Hərdən mənə elə gəlir ki, Qulu havadan, sudan dolanır. Yeməyi də bir qaşıqdı. Hər süfrəyə əl uzatmaz. Yiyəsini tanıya gərək. Gözütoxdu. Bircə sözdən başqa. Ağ -qara musiqiləri sevir. Rəngli xəyallar onluq deyil. Keçmişə bağlıdı. Bu gündən sabaha körpü atmağı sevmir. Anı yaşayır. Pisiylə, yaxşısıyla yaşadıqlarını sevir. Hərdən küsüb qınına çəkilər. Səbəbini heç özü də bilməz. Güvənər yuxarı başa çəkdiklərinə. Hər dəfə də aldanar və hər dəfə də güvənər. Hər əli sıxmaz. "Görsən üşüyürsən, yandır özünü "deyən şairin ruhunda kimsəsizlik var. Ruhuna sahib çıxa bilmir. Bu sarıdan da xoşbəxtdi. Bu gün yazdığını sabah tanımaz. Sözünə göz dikənlər çoxdu. Sözdəki yerinə də. Amma cürət edib yaxın gələ bilməzlər. Eqolu yox, qürurludu. Ədalətin yüz formulunu çıxarar. Yüz yol üzünü astarına çevirər. Çoxunda da allanar. Safdı. Nəfəsi Alsudu, bir də Söz. İkisi də balasıdı. Ona görə də nəfəsini qorxa-qorxa çəkər. Umduqları çox deyil. Sağ əlinin barmaqlarının sayı qədər bəlkə.
Özünə kölgə gəzməz. Kölgəsindəsə hər kəsə yer verər. Vaxtı gecəyə, gündüzə bölməz. Onsuz da dincliyi yoxdu. Sakitliyində təlatüm var. Bu təlatümdə doğular ilahi Şeir. Tərtəmiz, bakirə, mələk kimi Şeir dil açıb danışar adamla. Yuyunarsan bu aydınlıqda, paklanarsan. Düşərsən bu işığın dalınca. Tanrıyacan aparar səni.
Hərdən şairlər sözümü qəribliyə salır. Zənnimcə gözəl şeirlər Tanrının ən xoş , sakit, sevgili zamanında doğulanlardı. O qədər şikəst doğulan şeirlər var ki... Qulu Ağsəsin şeirləri bütövdü, eyibsizdi. Əli, qolu, gözü, qaşı, ağzı, burnu- hər şeyi yerindədi. Nəfəsi üstündədi. Çünki bu şeirlər şairin içinin aydınlığında doğulub, var olub. Aydınlıqda yol getməyin özü bəxtəvərlikdi. . İki beşin arasında nə qazandı, nə itirdi, bir özü bilir, bir də çox sevdiyi Tanrısı. Biz seyrçiyik. Boynumuza bir əl çalmaq düşür. O da qalır pərdə arxasında. Haqqını yetərincə verə bilirikmi? Bəlkə də… Bu balaca yazı da biz müəlliflərçün, eyni zamanda oxucularçun çəkdiyi əziyyətin balaca bir qarşılığıdı. Ürəyimdən gəldi. 55 illik həyatında cəmi 3 illik dostluğumuz var. Amma mənə elə gəlir ki, onu elə 55 ildi tanıyıram.
Qoşa rəqəmlərin özündə qəribə sirr var. Bir az da mistika. Qarmaqarışıq duyğularla doğuldu bu yazı da. Özü də vaxtından əvvəl. Tələsdi dünyaya gəlməkçün. Təsadüfmü, ya zərurət? Bütün təsadüflər zərurətdən doğurmu?
Onsuz da göydən üç alma gözləyən vaxtımız çoxdan keçib.
“Ədəbiyyat və incəsənət”
(17.04.2024)
“Və mən öz Ağcamı çox sevdim…” - MÜSAHİBƏ
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Əziz oxucularımız, bugünkü müsahibim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universetinin Aktyorluq şöbəsinin "Dram teatrı və Kino aktyorluğu" fakültəsinin(2003-2007) və eyni ixtisas üzrə magistratura məzunu(2007-2009), 2007-ci ildən xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərən, hazırda teatrın gənc aparıcı aktrisalarından olan Zülfiyyə Qurbanovadır. Qeyd edim ki, aktrisamız Azərbaycandan Kann film festivalında iştirak edən ilk aktrisadır.
-Salam. Zülfiyyə xanım. Öncə sizə təşəkkür edirəm ki, heç bir zaman şöhrətin donunu əyninizə geyinməmisiniz, sadəliyinizi qorumağı bacarmısınız. Və bu gün uşaqlıqda izlədiyim bir filmin məndə maraq oyatdığı qəhrəmanından müsahibə götürürəmsə, nə xoş mənə.
Zülfiyyə xanım, mən sizi çox gözəl tanıyıram. Əminəm ki, müsahibəmizi oxuyanların bir çox qismi məlumatlıdır. Amma məlumatı az olanlar da vardır təbii ki. Onlara Zülfiyyə xanımı, digər adla mənim "Ağcamı" necə tanıdarsınız?
-Salam, Nigar xanım. Çox təşəkkür edirəm xoş sözlərə görə. Sualınıza gələndə isə
Zülfiyyə xanım sənətini sevən, sənəti üçün yanan, ona enerji, sevgi sərf edən bir aktrisadır. Ən əsası peşəmi sevirəm və peşəmdə var olmağı sevirəm. Mən özümü belə tanıdardım. Düşünürəm ki, başqa xüsusi tanıtıma ehtiyac yoxdur. İşimə verdiyim enerji və sevgini düşünürəm ki, işim də mənə vəfasız çıxmayıb zamanla geri qaytarır.
-Sizin peşənizə olan sevginizi bir mənfi obrazı belə müsbət qədər izləyicilərinizə sevginizlə bəlli etmisiniz. Adətən mən özünüzü tanıdın deyəndə çoxu rəsmi cəhətdən yanaşır, bədii cəhətdən yanaşdığınız üçün şad oldum.
“Mənim Ağcam dedim". O zaman elə mənə maraqlı suallardan birini verim. "
Ağca obrazının yeri sizin üçün fərqlidirmi? Sizin özünüz bu obrazı, bu rolu sevirdinizmi?
-Ağca obrazının yeri mənim üçün əlbəttə fərqlidir. "Həyat sən nə qəribəsən" serialı çəkildiyi dövrə görə ən gözəl seriallardan biri idi. Və mənim Ağca obrazım da serialın əsas qəhrəmanlarından biri idi. Mənfi rol olmağına baxmayaraq mən onu sevərək oynayırdım. Rolun mənfi, yaxud müsbət olmağının aktyor üçün önəmi yoxdur. Əsas odur ki, aktyor rolunu sevsin. Sevərək ifa etdiyimiz, peşəkarlıqla yanaşdığmız hər bir rol ekrana, tamaşaçıya yansıyır. Və onu da qeyd edim ki, bu önəmli deyil ki, bu rol mənfidir, yaxud müsbətdir. Əsas odur ki, sən onu bir aktyor, aktrisa kimi haqlı çıxarasan. Çünki inanmadığın bir rolu ifa edəndə ekran önündən tamaşaçı o inamsızlığı hiss edir. Məni geniş tamaşaçı auditoriyasına tanıdan ilk rollarımdan biri məhz Ağca olub. Ona görə də rolumu həmişə sevərək xatırlayıram. Yaradıcılığımda önəmli yeri var bu rolun. Ümumiyyətlə, mən oynadığım bütün rollarımı çox sevmişəm. Tam səmimiyəm.
-Ağca obrazı bir izləyici gözü ilə desəm, məncə də sizi bir aktrisa olaraq geniş kütləyə tanıdan rollardandır. Mən də sizi ordan sevmişəm. Amma indi bu zamandakı işinizlə bağlı sualım gələcək. “Bu şəhərdə kimsə yoxdur" bitəcək dediniz, 25-ci bölümdə. Mən sizi bu serialda da bir başqa kəşf etdim. Bəs siz, Zülfiyyə xanım? Bu serial sizin çəkildiyiniz özəl işlər içərisinə qatıla bildimi?
-“Bu şəhərdə kimsə yoxdur" serialı əslində 25 deyil 40 bölüm davam edəcək. Bu serial bu mövsümlük 25 bölüm çəkilib. Və bu 25 bölümdə mən varam, yəni "Hicran" var. Amma qalan o 15 bölümdə mən olacam, ya olmayacam bu sual altındadır. Çünki zaman dəyişəcək və s... əslində çox spoiler vermək istəmirəm... Yerdə qalan 15 bölümdə olub olmayacağımı zaman göstərəcək. Sualın davamı olaraq qeyd edim ki, bu rol mənim yaradıcılığımdakı özəl işlər arasına qatıla bildi. Həm "Hicran" obrazını bir aktrisa olaraq qeyd edim ki, xarakterinin çətinliyi baxımından sevdim. Mən Hicranı bir xanım olaraq analiz eləmirəm, bir aktrisa olaraq analiz edirəm. Onu deyə bilərəm ki, çox yüklüaktyor işi tələb edən bir rol idi. Xarakterik xüsusiyyətlərinə görə çoxşaxəli, çox maraqlı bir qadın obrazı idi. Buna görə bu iş də mənim xüsusi və sevdiyim işlərim içinə qatıldı. Əslində bayaq qeyd etdiyim kimi bütün işlərimi sevirəm. Bu iş də ən gözəl, sevdiyim işlərim içinə qatıldı. Bəli, düz qeyd elədiniz, "Hicran" deyingən, çox danışan, dinləməyi bacarmayan, eyni zamanda əlində olan xoşbəxtliklərin qədrini bilməyən, xoşbəxtliklərin, həyatın dadını çıxara bilməyən bir qadın xarakterdir. Və müsbət xarakter deyil. Aktyor üçün bu çox önəmlidir. Standart rollardan olmadığı üçün mənim üçün çox maraqlıdır. Onu Zülfiyyə Qurbanova olaraq oynayanda ona haqq vermirəm, amma aktrisa Zülfiyyə Qurbanova olaraq onu ifa edəndə mütləq haqq verirəm. Çünki tərəddüdlu oynadığın hər bir rol ekrana yansıyır. Əgər mənfi rolu oynayırsansa, bir aktrisa olaraq onu utana- utana, tamaşaçı mənə nə deyər, tamaşaçı məni qınayar və s. fikirləri ilə düşünərək oynayırsansa, bu rolu tamaşaçı bəyənmir və bu rol cəmiyyətdə səs küyə səbəb olmur. Ona görə mən bütün rollarıma haqlı, haqsız onlara bir aktrisa olaraq haqq verərək oynayıram. Hicran da mənim sevərək və haqq verərək ifa etdiyim roldur.
-Bəli, bayaq qeyd etdiyim kimi, biz izləyicilər mənfi rollara nə qədər çox nifrət etsək, aktrisa işini o qədər mükəmməl bacarmışdır deməkdir. Siz də mənfi obrazlarında haqqını verməklə obraza öz möhürünüzü vurursunuz. Bəs bu serialdakı rolunuzda sizi daha çox deyinən, dinləməyi bacarmayan, çox danışan obraz kimi təqdim ediblər.
Zülfiyyə xanım, siz öz ailənizdə də belə olardınızmı? Sizin üçün ailə anlayışı nə deməkdir?
-Mən ailəmdə belə olardımmı? Xeyr, mən ümumiyyətlə belə xarakterli insan deyiləm. Mən heçnəyə həyatda o qədər məna yükləmirəm ki, mən nəyəsə deyinmək məcburiyyətində qalım. Mən bumeranq kimi insanam biraz. Mənə nə atdınızsa, onu qaytaracam. Mənə göstərilən hər münasibəti geri göstərdiyimə görə mənə heç deyinməyə ehtiyac belə yoxdur. Çünki mən insanlara o qədər məna yükləmirəm. Mənim üçün ailə tamamilə başqa anlayışdır. Ailə sevgidir, qayğıdır, hörmətdir, bağdır. “Qol qırılar, içində qalar deməkdir". Mən öz ailəmdə bunu görmüşəm. Mən öz anam tərəfindən belə sevgi ilə böyüdülmüşəm. Gələcək ailəmdə də qismət olarsa, ailəmdən gördüklərimi, anamdan gördüklərimi tətbiq edəcəm.
-Sizcə, bu gün gücsüz görünən, davamı olaraq səhv addımlar atan uşaqların arxasında bir ailə amilinin təsiri nə qədərdir? Bu uşaqların ailəsində əsasən bir ana tərəfdən sınıqlıq varmı?
-Bu gün gücsüz görünən, səhv edən uşaqların arxasında bəli, valideyn amili var. Valideyn sevgisizliyi, valideyn diqqətsizliyi var. Mən niyə bu gün cəmiyyətdə özümü, ancaq işimlə var etməyə çalışmışam və eləmişəm də? Bu gün bu qədər özgüvənli, özünə inanan olmamın səbəbi məni və bacımı valideynimin- anamın belə yetişdirməsidir. Mən və bacım anamdan ancaq diqqət, dəstək görmüşük.
Söhbət maddi dəstəkdən getmir. Biz onsuz da ödənişsiz təhsil almışıq. Söhbət mənəvi dəstəkdən gedir. Uğurumda da, uğursuzluğumda da onun dəstəyini daima hiss etmişəm deyə mən bu gün cəmiyyətdə belə qətiyyətliyəm. Hər şey ailədən başlayır.
-Tamamilə sizinlə razıyam. Mənə görə də hər şeyin təməli ailədir.
Zülfiyyə xanım, bir az filmlərdən kənar sual vermək istəyirəm. Aktrisalıqdan əlavə incəsənətin hər hansı başqa növünə aid hobbiniz, bacarığınız varmı?
-Aktrisalıqdan başqa, bilənlər bilir, 16-yaşıma kimi rəssamlıqla məşğul olmuşam. Hobbi kimi yox, sənət kimi yanaşırdım. Düşünürdüm rəssam olacam. Amma aktrisa oldum. 17yaşından sonra məşğul olmadığım üçün o bacarığın nə qədər qalmasını indi bilmirəm.
-Zülfiyyə xanım, teatr yoxsa kino?
-Mən gözəl, dəyərli, xalq artistimiz, aktrisamız, rəhmətlik Amaliya xanım Pənahovanın yaratdığı Bakı Bələdiyyə teatrında 2007-ci ildən çalışıram. Teatrı da, filmləri də, serialları da eyni sevgi ilə sevirəm.
Amma reallıq budur ki, tamaşaya 300-500 adam gələrsə, ekran qarşısından bizi milyonlarla izləyici izləyir. Geniş tamaşaçı kütləsi tərəfindən tanınmağımda ekranın ən çox rolu var. Amma mənim peşəkarlığımda, bu sənətdə bu səviyyəyə çatmağımda teatrın və təbii ki, həmçinin filmlərin əvəzsiz rolu var.
-Allahdan mən də dəyərli aktrisamıza rəhmət diləyirəm. Sizin kimi işini layiqincə yetirən aktrisalarımız nə qədər varsa, onların ruhu şad olacaqdır. Növbəti sualımı vermək istəyirəm. Gələcəkdə böyük partlayış olacaq dediyiniz bir iş anonsu varmı? Gələcək işlər barədə öncədən az da olsa praqnoz verə bilirsənizmi? Razıyam ki, sizin işlərinizin hər birində yaratdığınız obrazlar özünəməxsusluğu ilə maraq doğurur. Amma yenə də bu suala olan cavabınız maraqlıdır deyə sualı ünvanladım.
-Böyük partlayış bir işin olacağını zaman göstərəcək. Mən özümə çox inanan insanam, hər mənada. İnşallah ki, irəlidə hansı iş olarsa olsun, mən o işlərin haqqını verərək işləyəcəyəm və roluma, işimə xəyanət etmədən çalışacağam. Mənim bu sevgim, bu enerji sərf etməyim mütləq ki hansı iş olursa olsun, özünü "partlayışla" göstərəcək. Necə ki, başqa işlərimdə də bu belə olub.
Çalışacağam ki, heç zaman işimə sevgimi, dəyərimi itirməyim. Bu sahə bumeranq kimidir, yaradıcılığına sevgi ilə yanaşsan, mütləq ki, sənə o sevgini qaytaracaq.
-Zülfiyyə xanım sizə həyatın ən ağır yollarında güc verən nədir?
- Həyatım ən ağır yollarında anam mənə mənəvi güc verib, arxamda durub, hər bir şeydə var oluşunu hiss elətdirib. Həyatda hər bir hadisə ola bilir. Çox təəssüf ki, bu gün anam həyatda yoxdur. Amma buna baxmayaraq bu gün fiziki olaraq yanımda olmasa da mən yenə də onun varlığını öz üstümdə hiss edirəm. Və mən özümdə çox güclü adamam. Özüm özümü motivasiya edib hər şeyin öhtəsindən gəlməyi bacarıram.
-Allahdan ananıza rəhmət diləyirəm. Bəli, həyat öz ağır notları ilə qəlbimizə ağrı salır. Amma "həyatdır" deyib təskinlik tapırıq. Son sualımı vermək istəyirəm, əziz Zülfiyyə xanım,
“Kaş ki”... olmasa idi “bəlkə”... olardı. “Kaş ki” və “bəlkə”ni əvəz edəcəyiniz iki ifadə nə olardı?
-Kaşkilərin içində xırda kaşkilərimiz, bəlkələrimiz çoxdur. Amma mənim üçün ən böyük məna ifa edən bir kaş ki var. Kaş ki, mənim anam sağ olaydı.
-Mən son olaraq bir daha müsahibəmizdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Və portalımızın oxucularına bildirmək istəyirəm ki, həqiqətən də Zülfiyyə xanım çox yaxşı müsahib kimi yaddaşımda qalacaq. Söhbət onunla nə qədər xoş gəldisə, bu müsahibədən kənar da biz onunla xeyli söhbət etdik. Hətta müsahibə üçün olan məlumatlardan belə azaltmalar etməli oldum ki, sizi çox yormayaq. Söhbətimiz çox şirin və mənalı oldu. Və mən öz "Ağcamı" çox sevdim.
“Ədəbiyyat və incəsənət”
(17.04.2024)