Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Bozbaş
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Bozbaşın hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Yağlı qoyun əti – 117 qr
§ Soğan – 25 qr
§ Noxud – 30 qr
§ Kartof – 75 qr
§ Albuxara – 15 qr
§ Zəfəran (sarı kök) – 0,1 qr
§ Duz – 5 qr
HAZIRLANMASI:
Yağlı sümüklü ət, soğan və əv- vəlcədən isladılmış noxud bişirilir. Kartofun qabığı soyulur, dörd yerə bölünərək (balaca olsa, bütöv) qatılır. Albuxara, sonda isə zəfəran və ya sarıkök əlavə edilir. Yayda isə içərisinə təzə alça, pomidor, bibər də əlavə olu- na bilər.
§ İstiot – 0,05 qr
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(16.04.2024)
POETİK QİRAƏTdə Təranə Turan Rəhimlinin “Allah, məni gec böyütdün” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə Təranə Turan Rəhimli “Allah, məni gec böyütdün” şeiri ilə görüşəcək. Ənənəvi “şikayətnamə” ruhunda yazılan şeir zamanla arzuların uzlaşmamasına bir rekviyemdir sanki.
Xoş mütaliələr!
ALLAH, MƏNİ GEC BÖYÜTDÜN
Allah, məni gec böyütdün,
Nəyə əl atdım gec oldu.
Gecikdiyim hər qapıda
Neçə ümidim heç oldu.
Gec tanıdım səhvi, düzü,
Bu dünyanın dönük üzün,
Qoynuna qısıldım sözün,
Sözdə isinib güc aldım.
Yürüdüm işığa, səsə,
Zülmətlə nəfəs-nəfəsə,
Uzun yolu gəldim kəsə,
Yenə həyata gec qaldım.
Daldım bir şirin nağıla,
Qıymadım sehri dağıla,
Ayıldım yana-yaxıla,
Divlər içində puç oldum.
Fələk namərd oyununda,
Düzün kəndiri boynunda.
Haqq deyib əli qoynunda
Gözləməkdən ağac oldum.
Ədəbiyyat və incəsənət”
(16.04.2024)
BİR SUAL, BİR CAVAB Əlizadə Nuri ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Şeytan qoşa- qoşadı,
Mən hansına daş atım?!
... Səhra ömrü yaşadım-
Qoy, indi qum-qum ölüm...
(Əlizadə Nuri)
Əziz Şairimiz, " Şeytana" qalib gəlməyin birinci şərti nədir?
CAVAB
Adamlar çox vaxt ona görə yıxılırlar ki, ayağlarına etibar etmirlər.
Birinci şərt, yəqin ki, o şeytanı içində öldürmək, Allaha hər gün daha yaxın olmaq, necə deyərlər, Allahın qonşuluğunda yaşamaq, sonda onun "Böyük Evi"nə köçməkdir.
Qalan bütün şərtlər sadəcə, təfərrüatdır. Hətta ona daş atmaq belə...
“Ədəbiyyat və incəsənət”
(16.04.2024)
Niyə sərv və niyə şam, ay adam?
Sadıq Qarayev, yazıçı, Biologiya üzrə fəlsəfə doktoru, dosent - “Ədəbiyyat və incəsənət” üçün
Nədənsə həmişə sərv, xüsusilə şam ağaclarından xoşum gəlməyib, onlara yad və süni kimi baxmışam. Bəzən onlar olan yerləri də elə bilmişəm…
Düzdür, məntiqcə qəbul edirəm ki, pis, lazımsız bitki yoxdur, hətta zəhərli, görünüşcə xoşumuza gəlməyə bilən növlər də ən qiymətlidir. Amma yenə də bu cupresus simperviensis- həmişəyaşıl sərvdən, pinus- şamlardan xoşum gəlmir ki, gəlmir.
Elə onları əkib, guya yaşıllıq salmaq işlərinə də bu ağacların özü kimi sünilik, plan yerinə yetirmək, can qurtarmaq mənasıyla baxıram.
Hara baxırsan sərv əkirlər, kimə baxırsan sərv əkir. Bəzən elə bilirəm ki, bunlar ting yox, şimaldan gəlmiş adamlardı, torpağımızı işğal edirlər...
Bir də nədənsə bu torpaqları şamla, sərvlə doldurmağı vəzifələrə xarici dil bilənləri əkməyə bənzəndirəm. Öz floramız və öz dilimizə niyə yabanıcasına göz bərəldirik?
Elə, bir xarici görəndə də üzündən gedirik...
Aşağıda yerli, "doğma" ağac növlərindən yazacam, onların çoxu nadir, relikt növlərdir.
Bunlardan əkin yaşıllıqlar, parklar salanda, yalandan özünüzü ağac əkən kimi göstərmək istəyəndə. Bu həm də həmin bitkiləri artırmaq, genefondunu qorumaq deməkdir.
" Yaşıl dünya naminə həmrəylik" ilində ürəklə ağac əkin, yenə sərvləməyin, şamlamayın.
Bir də bu növləri aprel, may aylarında təzə yarpaqlayanda, çiçəkləyəndə xəyalən onların necə gözəl, xınalı gəlinə bənzər, nazlı, doğma olması ilə, şimallıların qartımış, quru qarılarına oxşar sərv, şam yarpaqları ilə müqayisə edin.
"Yaşıl dünya naminə həmrəylik ilində" əkilməsi tövsiyyə edilən Azərbaycan florasının relikt və nadir növləri:
Acer velutinum Boiss- nəhəng və ya məxməri ağcaqayın, A.pseudoplatanus L.-yalançı çinaryarpaq ağcaqayın, Alnus barbata C.A.Mey- saqqallı qızılağac, Betula raddeana Trautv.-radde tozağacı, Carpinus orientalis Mill.-şərq vələsi, Corylus avellana L.- adi fındıq, Fagus orientalis Lipisky.-şərq fıstığı, Castanea sativa Mill.-adi şabalıd, Quercus castaneifolia C.A.Mey- şabalıdyarpaq palıd, Q.iberica Stev. Ex Bieb.–gürcü palıdı, Cornus mas L.– adi zoğal, Fraxinus coriariifolia Scheele.- sumaqyarpaq göyrüş, F.excelsior L.- adi göyrüş, Juglans regia L.-adi qoz, yunan qozu, Philadelphus caucasicus Koehne- qafqaz leyləkotu, Pterocarya pterocarpa (Michx) Kunth.-qanadmeyvəli yalanqoz, Tilia begoniifolia Stev.(T.caucasica Rupr.)- qafqaz cökəsi, Zelkova carpinifolia (Pall) C.Koch- vələsyarpaq azat ağacı, Vitis silvestris C.C.Gmel.-meşə üzümü.
“Ədəbiyyat və incəsənət”
(16.04.2024)
TRİBUNAda İradə Tuncay “Təkrar biliyin anasıdır”la
“Ədəbiyyat və incəsənət” portalının TRİBUNA rubrikasında bu gün dəyərli publisist və jurnalist, “Ədalət” qəzetinin Baş redaktoru, Məmməd Araz yadigarı İradə Tuncaydır. O, “Təkrar biliyin anasıdır” deyir.
Bir vaxtlar sərhədlər yenicə açılanda məşhur, qeyri -məşhur müğənnilərimiz üz tutdular Türkiyə Cumhuriyyətinə. Buralar dar gəlirdi həmin vaxtlar onlara. Getdilər, gəldilər, bir xeyri olmadı. Sadəcə pul tökdülər. Bazarın axı öz qanunları var. Onu idarə edənlər bilir - nə vaxt kim daxil ola bilər, nə vaxt kim çıxa bilər... Yəni hər sahə belədir. Futbolu da, kinosu da, meyvə satışı da... Bir ara ədəbiyyatda Nobel qızdırması yaşandı. Eyforik. Eyforiyaya yer yoxdu burda. Qızıl qaydalar var.
Sovetin içində kiçik xalqlara diqqət oyun-siyasəti vardı. Məsələn, Dağıstanda Rəsul Həmzətovun çiyninə qonmuşdu şahlıq quşu. Seçmişdilər onu. Atası avarların aşıqlarından idi, qardaşı müharibəyə gedib qayıtmamışdı. Uyğun görmüşdülər ki, kiçik dağ xalqlarını o təmsil edə bilər. Nə yazdığının, necə yazdığının əhəmiyyəti yox idi. Tərcüməçilər hər şeyi yerinə qoyacaqdılar. Bəstəkarlar və müğənnilər də öz işlərini görəcəkdilər - şeiri mahnılar çox populyar edir axı. Beləcə, Həmzətov dahi olmuşdu. ...
Müxtəlif sahələrə aid eləmək olar bunu. Türkmənistanda rus rejissorlar film çəkib türkmən birinin familiyasını yazırdılar titrlərdə. Türkmənlər heç kinoya baxmaq nədir, bilmirlər, nəinki kino çəkmək...
Bu gün həmin işi Amerika edir. Məsələn, hansısa yetim bir ölkədən Xalid Hüseyn tapılır və PR, reklam kampaniyası başlanır. Başqa cür mümkün deyil .
Lap Şekspir tərcümə eləsə də mümkün deyil.
Amma bir gün siyasətin çarxı dönsə, ona bir söz deyə bilmərəm.
Təkrar biliyin anasıdır!
“Ədəbiyyat və incəsənət”
(15.04.2024)
Faiq Hüseynbəylinin sevdiyi şeir Salam Sarvandandır
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı dəyərli şairimiz Faiq Hüseynbəylidir.
-Xoş gördük, Faiq bəy.
"Şair həqiqəti sübut etmir, onu göstərir." (V. Belinski)
Biz Faiq Hüseynbəylinin "qələmindən süzülüb sıraya düzülən sözlərində" duyğular dənizini, küləyin gücü ilə səmaya can atan dalğaları, sevginin əzablı yollarını aşkar görə bilirik.
Faiq bəyin poeziyaya sevgisini elə şeirlərinin gözəlliyindən də duymaq olar.
Bəs elə bu an üçün Faiq bəyə söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə."
O bizə hansı şeiri söyləyər?
-Sevdiyim şeirlər və şairlər çoxdur. Sualınızı şərti hesab edirəm və mənə görə ümumiləşdirilmiş xarakter daşıyır. Bədii mətn canlı orqanizm olduğu üçün, ayrılıqda fərdi şəkildə təqdim etmək çətin olduğu qədər məsuliyyətdir. İnsan təbiətin bir parçasıdır. Ədəbiyyat sözünün kökü rus, ingilis dillərindən tərcümədə təbiət anlamına gəlir. Ədəbiyyatın işi təkcə vəsf etmək, maarifləndirmək deyil. Ədəbiyyatın missiyası həm də milli düşüncəni, dili qorumaq, inkişafına təkan vermək, altşüurda yaşayan kodları nəsildən-nəslə ötürməkdir. Qayəsi, məramı eşqlə yoğrulan misralar bizi dünənimizdən sabahımıza götürür. Şeir haqqında konkret teorem yoxdur. Şeir bir enerjidir. Hansı ki, yaradılışdan bu günə kimi biz bu enerjinin ətrafında şəkillənirik. Eşqi göylərin uca mehrabı sayan Nizamidən tutmuş, "bir zərrənin işığına milyonlar şərik" deyən Məmməd Araza kimi TƏBİƏT-İNSAN-SÖZ üçbucağının fəlsəfi enerjisi sərgilənir. İnsan təbiətinin təlatümü Musa Yaqub şeirlərini ağuşuna alır. Əslində, duyduğumuz, gördüyümüz, hiss etdiyimiz, xatırladığımız, arzuladığımız nə varsa, ruh halımızda olan boşluğu doldurmaq üçündür. Bu ümumiləşdirilmiş obraz Cəfər Cabbarlıdan Bəxtiyar Vahabzadəyə qədər ANA xətt təşkil edir. Dədə Qorquq boylarından qəhramanlıq dastanlarımıza yön alan SÖZ hər zaman birlik, dirilik rəmzi kimi vətən sevgisini tərənnüm edib. Mütləq ən yaxşı şeiri mövzular üzrə dəyərləndirməyi daha doğru hesab edirəm. Ana haqqında ən yaxşı şeir kimi Cəfər Cabbarlı, satirik mövzuda M.Ə.Sabir, uşaq ədəbiyyatı mövzusunda Abdulla Şaiq, Abbas Səhhət, sərbəst mövzuda Rəsul Rza, vətən haqqında Səməd Vurğun, Ramiz Qusarçaylı, sevgi mövzusunda Zəlimxan Yaqub, Musa Yaqub, Məmməd İsmayıl, Ayaz Arabaçı, Əjdər Ol, Nüsrət Kəsəmənli, İlqar Fəhmi və başqalarının yaradıcılığından nümunələr göstərmək olar. Gənclərdən Anar Aminin, Elşad Baratın, Vasif Zöhraboğlunun və bir çox gənc ədiblərin yadda qalan ədəbi nümunələri var. Əslində, bu layihəniz ayrı-ayrılıqda hər bir şairin oxucu kimi zövqünü təqdim edir. Bu layihəniz üçün öz fəlsəfəsi ilə çağdaş ədəbiyyatın öncüllərindən olan, poeziyası ilə heyrətləndirən, özündən sonra ədəbi yola çevrilən Salam Sarvandan bir poetik nümunə təqdim edirəm.
MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA
Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.
Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.
İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.
“Ədəbiyyat və incəsənət”
(16.04.2024)
“MƏN KOR OLMAQ İSTƏYİRDİM!” -Güney Azərbaycan şairi Mehdi Səhəndinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizə güneyli soydaşımız Mehdi Səhəndinin şeirlərini təqdim edir.
QAN Gözlüklərə arxalandıq Qarşımızdakı hər nəyi aydın görmək üçün. Nə yazıq bizlərə! Sanırdıq mat baxır bizə hər nə, Ancaq mat kimi baxırdıq biz hər nəyə. Çaşmış kimdir? Biz? Yoxsa qarşımızdakı hər nə? Mən Kor olmaq istəyirdim Gördüyüm bütün şeylərə. Bu ana, anlara və hətta analara Burada analar hər gün qan udub, Qan əmişdirdilər körpələrinə. Onunçün hər gün, səhər kimi düşünə bilirəm dostum: "Bizlər burada bir-birimizin yaralarını yalamaqla təsəlli tapırıq Yara demişkən hələ də ağzımda qan dadı var." Hələ də bizdə yalamağa tamarzı dil, Hələ yalanmamış yaralar. Hələ əmilməmiş qanlı döşlər Hələ başlanmamış döyüşlər var Və "igid qanı coşğun olar" - dedilər bizə İgid, canını əlinə alıb Qanını tavamıza tökdü. Buyurun lütfən, qan aydınlıqdır Dodaqlarınıza qırmızı yaxın xanım Bir istəkan da siz için, ana özgə qanı deyil ki Öz oğlunuzundur. Siqaretimi söndürümmü yaralarınızda? Biz Üzgün, Qırğın, Darğın, Bilmədən intiharlı şəhərin siqaret kimi bizi qanlı Dodaqlarında alışdırmasını hiss edə bilmədik Ancaq külünü yaralarımızda söndürdükcə çığırdıq. Daha bizə mat kimi baxan yox Və qarşımızda heç nə mat olmadan "İgid qanı coşğun olar" - dedilər. Olsun, qan aydınlıqdır deyə Biz qorxaqların da Gözlüklərinə qan səpdilər.
TİKANLI GÜL Bu boyda dağ içində, Təki mənəm bitən gül. Bəlkə elə o mənəm, Çiçəklikdən itən gül. Dağ allahın gücüdür, Mən allahın əsiri. Heç bilmirəm olmuşam, Nə günahın əsiri? Üzdü bu həsrət məni, Biri məni dərmədi. Kiçik məktub içində, Birinə göndərmədi. Bəlkə acı çiçəyəm, Bunu bu dağ demədi. Məni nədən burada, Bir ac quzu yemədi? Yadam bu dağ içində, Bura necə ev deyim? Çevrəmdə bir bülbül yox, Ona, məni sev deyim. Qayğı necə çəkməyim? Mənəm vaxtsız yetən gül. Bu boyda dağ içində, Təki mənəm bitən gül.
TƏBƏSSÜMÜN QAÇIB SƏNİN Baxışların ögey baxır, Təbəssümün qaçıb sənin. Bədbəxtini dindirmisən, Bəxti qapın açıb sənin? Sevgimizi qıydın sına, Çöp uzaltdın arasına, Bəlkə deyim başqasına, Boş ürəyin uçub sənin. Xırda-iri ölü də var, Duri-diri ölü də var, Cismin bəlkə diri yaşar, Ruhun bəlkə köçüb sənin. Bizdə ayrılar birisi, Gerçəyin yoxdur gerisi, Daş ürəksən, daş gülləsi, Ürəyinə keçib sənin.
İÇİMDƏ İNTİHAR EDƏN CANAVAR
Çevrəmi buz tutmuş qar çiçəyiydim, Günəşə boylandım qarlar içində. Mən hələ özümlə heç-heçə idim, Kor kimi gülürdüm karlar içində. İçimdə bir sümük ağzına alıb, İçimi tökürdü canavar biri. Cəmdəyi deyəsən dişinə çalıb, Leşimi sökürdü canavar biri. Özüm, öz içimdən yıxılmaqdaydı, Qanımı tökdülər fışqıranmadı. Xırxıram əlində sıxılmaqdaydı, Nə qədər can atdım qışqıranmadı. Sonra yorğun idim, dizə çökürdüm, Yanımdan bir tanış kölgə ötüşdü. Və səsimə geri döndü, öskürdüm, Gözüm ovcundakı gülləyə düşdü. İçimdə gözləri sürünür hələ, Baxışlar altında ayaqlanırdım. Sınırdı arada körpülər belə, Bir tanış ürəkdən uzaqlanırdım. Gözləri hələ də baxırdı mənə, Canavar donunu biçib boyuna. Canavar içimdə intihar etdi, Sonuncu köynəyim yırtıldı, ana!..
“Ədəbiyyat və incəsənət”
(16.04.2024)
Qış yuxusu
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Zaman su kimi axır və bu axıntı səni də özü ilə bərabər fərqli diyarlara səpələyir. Yalnız səyahətin sonunda gözlərini açıb ətrafa baxırsan ki, gəldiyin yol eyni olaraq qalıb, lakin sən eyni deyilsən. Həyat səni bir döyüşçüdən bir izləyiciyə çevirəcək qədər böyüdür.
Artıq əsas məqsədin kiməsə nəyisə isbat etmək deyil, doğru cavabı elə özün bil bəsindir. Artıq əldə etdiklərindən artığını istəmirsən, sadəcə olduğun mövqenin ən idealı olmaq üçün can atırsan. Və... bunun səs-küylü, şiddətli qışqırıqlarla da həll edilməyəcəyinin fərqindəsən. Artıq düşmən qazanacaq qədər axmaq deyilsən, çünki bir dəfəlik silməyi bacaracaq qədər böyümüsən. Danışaraq bir çox şeyi həll edə biləcəyinin fərqində olsan da, susaraq meydandan çəkilməyi hədəfləyirsən. Güvənərək yeni təməl nöqtə inşa edəcəyinin fərqindəsən, fəqət ömrünün bəlli periodlarını dərindən süzgəcdən keçirib bir çox hallarda özünə belə güvənmədiyini xatırlayırsan. İndi insanlar həyatından bir-bir getsə belə, bunu dərd edəcək qədər yazıq deyilsən. Ona görə ki, gedənlərin yoxluğuna var olduqları andan etibarən alışmısan. Sevginin yaşından çox çaları və yaxud xisləti ilə qarşılaşsan da, gələcək ailə prizmasında elə özünün də həmin sıradan ailələrdən biri olacağından qorxursan. Bəlkə də, əsas məsələdə elə budur ki, sıradan olmaqdan qorxursan. Lakin günlər ötdükcə sıradan biri olmaqdan boyun qaçıra bilmirsən. Hər kəs kimi, onlar kimi, bir qaya parçası, palçıq topası, buz xəncərləri kimi...
Şübhə yoxdur ki, indi bir çoxu üçün idealsan, amma özün özün üçün ideal biri olmağı çoxdan unutmusan.İndi sadəcə işıqları söndürüb, bacarsan ayıdan qış yuxusunu sənə verməsini xahiş edib uzun bir yuxu yatmağa ehtiyacın var.
“Ədəbiyyat və incəsənət”
(16.04.2024)
O Şəmil Sadiqdir!
Könül, “Ədəbiyyat və incəsənət”
Şəmil Sadiq adi kimə tanış deyil ki? “Hədəf” liseyi və “Hədəf” hazırlıq qrupunun yaradıcısı və rəhbəri, “XAN” və “Hədəf” nəşriyyatlarının qurucusu və rəhbəri, ANAİB - nəşriyyatlar birliyinin ideya müəllifi və rəhbəri, “Odərlər” kimi gözəl bir romanın müəllifi… Tək bunlarmı? Yenicə xəbər tutmuşam ki, Şəmil Sadiqin şairliyi də var. Və bu gün onun lap yeni yazdığı bir şeirini sizlərə təqdim edirəm.
Yer yox ikən,
Göy yox ikən,
bir idik,
Yer yarandı, göy yarandı bölündük!
Paraçalandı, genişləndi dünyamız!
Bir can ikən cinsdən sinsə bölündük,
Ruhu ayrı, cismi ayrı oldu can!
Tək olmadı, iki oldu dünyamız!
Cəhənməmə, cənnətələrə bölündük!
Bölündükcə böyüdük,
böyüdükcə bölündük!
Tayfa idik, millət olduq böyüdük,
Millət-millət ümmət olduq böyüdük,
Dinlərimiz parçalandı məzhəbə
Dindən dinə inanc-inanc bölündük!
Bölündükcə kiçildik,
kiçildikcə bölündük!
Zərrə olub Ümmanlara yığıldıq,
Zərrələrdən ümman qurub sıxıldıq,
Çox allahdan, tək allaha,
Tək allahdan çox allaha,
Çarəsizcə sığındıq,
Elçi-elçi, tanrı-tanrı bölündük!
İçimizdə hökm sürdü xeyir-şər,
Məndəki mən öz mənimdən bixəbər,
İçə başqa, dışa başqa göründü,
Özümüzdən özümüzə bölündük!
Bölündükcə kiçildik,
kiçildikcə bölündük!
Bəlkə, elə….
Birlik deyil, ikilikdir kutsalım,
Biz təkliyi uyduraraq yaşadıq,
Tək olmadı, xislətimiz, ruhumuz,
İkiliyi bir edərək yaşadıq!
Həqiqəti yalanlara caladıq!
İkiləri bir-bir edib bölündük,
İkimizi bir edərək göründük!
“Ədəbiyyat və incəsənət”
(16.04.2024)
Ədəbiyyat azadlığı sevir
Təranə Dəmir, “Ədəbiyyat və incəsənət”
Ədəbiyyat bütün ədəbi, dünyəvi, tarixi, ictimai prosesləri özündə ehtiva edən elmdi. Sözə söykənən bu elm bütün emosional yükü özündə birləşdirmək iqtidarındadı həm də. Şablonçuluqdan söhbət getmir ha, əsl ədəbiyyatdan gedir söhbət. Ütüsüz, bəzəksiz, vüqarlı, özün güvənən azad ədəbiyyatdan.
Boğazdan yuxarı, diktə ilə, sıxıla-sıxıla, əzilə-əzilə yazılan ədəbi nümunələrin yolu çox uzun ola bilməz. Hardasa itəcək, batacaq, yox olacaq. Bu gün ağızdolusu dünya ədəbiyyatından nümunələr gətiririk. Dostoyevskini, Hüqonu, Çexovu, Tolstoyu əlimizdə bayraq etmişik. Kitaba biganə olan indiki nəsil də yenə bu yazıçılardan nəsə oxuya bilir. Demək biz özümüz də azad ədəbiyyata meylliyik gənclər kimi. Anlayırıq ki, dünya ədəbiyyatı bizimkindən qat-qat azaddı. Demək ona görə oxunur, sevilir, yaşayır. Ruhu, canı varsa toxunacaq bu yazılar ürəyinə. İrqindən, milli mənsubiyyətindən, kimliyindən asılı olmayaraq əsər sənlə danışa bilirsə, demək əsl ədəbiyyatdı. Ədəbiyyat eyni zamanda cəmiyyətin aynası olmalıdı. İnsan özünü, cəmiyyəti, eybəcərlikləri, həqiqətləri bu aynada görə bilmədikcə, əmin olun ki, bu kitabları rəflərdə toz basacaq. Buxovlanmış ədəbiyyat nə qədər ki, zəncirləri qırıb tökməyib, bu belə də davam edəcək.
Ədəbiyyatçılarımızın böyük qismi məddahlıqla məşğuldu. Bu bütün dönəmlərdə belə olub. Saray ədəbiyyatı anlayışı da burdan yaranıb. Bu ədəbiyyatın ömrü nə qədər uzun ola bilər ki? Həmin əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayırmı? Sevilirmi? Deyəcəksiz ki, o dövr bunu tələb edirdi. Axı bizə hər dövrün eybəcərliklərini açıb tökən əsərlər lazımdı. Hər dövrün öz qadağaları, çətinlikləri, əzabları, qanunsuzluqları, mübarizələri olub. Bütün bunlar ədəbiyyatda da öz əksini tapıb. Bəs tarix harda yaşamalıdı? Təkcə tarix kitablarındamı?
Mütləqdimi ki, tarixi ört-basdır edəsən? Həqiqətlərin üstündən keçəsən, özünün də inanmadığın yalançı, qondarma tarix yaradasan? Alqışlayasan, bər-bəzək vurasan, malalayasan? Təhrif olunmuş, qondarma ədəbiyyat kimə lazımdı axı?
Qələm həqiqətə söykənə bilmirsə bir gün mütləq yıxılacaq. Nəticədə ədəbi nümunə şikəst qalacaq. Əlsiz, qolsuz, ayaqsız, kor. Olmazmı ki, duyğularını azadlığa öyrəşdirəsən? C. Məmmədquluzadə kimi, Sabir kimi, Haqverdiyev, Çəmənzəminli, Axundov kimi. Görün bu yazarlar necə köklü əsərlər yazıb qoyub gələcək nəsillərçün. Həmişə aktuallığında, nəfəsi yerində, diri. Axı ölü, qorxaq ədəbiyyat kimə lazımdı? Bonumuza alaq ki, bizdə ədəbiyyat tam anlamı ilə azad deyil. Sözü boğa-boğa, nəfəsi kəsilə -kəsilə qoyublar. Poeziya qafiyədən kənara çıxa bilmir. Qəlibdədi. Fikir qıraqda qalır, qafiyələr gözə girir. Köhnəlmiş, didilmiş, əzik-üzük qafiyələr adamı uzaqdan dondurur. Ruh yoxdu. Boğazdan yuxarı "şeir" ləri oxuduqca peşman olursan. Vaxtına yazığın gəlir.
Hər sahədə yenilik olduğu kimi ədəbiyyatda da sıçrayış, yenilik olmalıdı. Bir də təkrar edirəm ki, söhbət əsl ədəbiyyatdan gedir. Köksüz, havadan asılı, məzmunsuz, mənasız söz yığınından yox. Əsas odu fikir olsun, məna, məzmun olsun. Oxucunu düşündürməyi bacarsın. Qoy sənin oxucun az olsun. Amma ortalığa gözəl ədəbiyyat nümunəsi qoy. Uğur budu. Yenilik gətir. Sələflərin kimi.
Dediklərim nəsrdə də keçərlidi. Uzun, sicilləmə, saqqız kimi uzanan yazılardan uzaq durmaq lazımdı. Qələmi konkretliyə, yığcamlığa, həm də mücərrədliyə öyrətmək gərəkdi. Axı əsrimiz sürət əsridi. Bir də düşündürməyi bacarmalısan. Oxucunu məcbur etməlisən ki, yazdığını təkrar-təkrar oxusun. Hər oxuyanda yeni nəsə kəşf etsin. Oxucunu yormaq lazım deyil. Onsuz da oxucu yetərincə yorğundu. Gündəlik qayğı, problemlər gündəmi əməllicə zəbt edib. Fikirləri dağda, daşda azdırmaq nəyə lazım? Birbaşa da yazmaq olar ürəyindən, ağlından keçənləri.
Bir sözlə, ədəbiyyatı bir az azadığa, bir az həqiqətə, bir az da müxtəsərliyə öyrətmənin əsl vaxtıdı.
“Ədəbiyyat və incəsənət”
(16.04.2024)