Super User
Ömrü şeir yazmağa bəhanə olan şair - VAQİF SƏMƏDOĞLUNUN 85 İLLİYİNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bakıya duman gəlib,
Heç kəsə demə.
Deyəsən yaman gəlib,
Heç kəsə demə.
Çıraq yanıb bu axşam,
Yanıb, sönüb bu axşam,
heç kəsə demə.
Bu dumana qapımdan
Çıxan kimi azmışam,
Yenə şeir yazmışam,
Heç kəsə demə.
Daş evlər arasında
Neyləyər duman mənə?
Gülüm, diriyəm yenə
Heç kəsə demə...
Bu gün Azərbaycan ədəbiyyatında tənhalıq poeziyası yaradan, qəlibsiz şeirlər yazıb, Allah üçün darıxan, ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.
Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya gəlmişdir.
O, 1956-cı ildə Bakıdakı Bülbül adına Musiqi məktəbini bitirib, Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb.
Daha sonra isə Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib.
Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim olaraq başlayan Vaqif Səmədoğlu, 1968-1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında “İncəsənət” şöbəsinin müdiri, 1973-1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə isə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır.
O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur.
Şairin "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Və bundan sonra onun əsərləri dövri mətbuatda vaxtaşırı dərc olunmuşdur.
4 kitabın, 8 dram əsərinin, saysız-hesabsız şeirlərin, 23 filmin ssenari müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
“Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
O, 2015-ci il yanvarın 28-də, 76 yaşında vəfat etmiş və Fəxri Xiyabanda, atasının yanında dəfn olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD - Fayaz Hüseynov və Əlizadə Əziz
Manşet
Reytinq
“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 189-190 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Mən, Fayaz Hüseynov 1967-ci ilin iyun ayının 3-də Bakı şəhərində anadan olmuşam.
1974-84-cü illərdə 70 nömrəli məktəb liseydə oxumuşam. Ordu sıralarında xidmət etdikdən sonra 1988-ci ildə BDU-nun tarix fakültəsinə qəbul oldum və 1994-cü ildə buradan məzun oldum. Pedoqoji fəaliyyətimə 2000-ci ildən təhsil aldığım 70 nömrəli məktəbdə başlamışam. Tez bir zamanda 2003-cü ildə təşkilatçı təyin olundum. 2006-cı ildən Beynəlxalq qiymətləndirilmədə ( PİŞA ) fəal iştirak etmişəm və Azərbaycanda keçirilən Beynəlxalq qiymətləndirmənin fəal üzvlərindən olmuşam.
2009-cu ildə keçirilən əhalinin siyahıyaalınmasında məntəqə sədri olmuşam. 2015 -ci ildə direktorların işə qəbulu müsabiqəsində uğurla iştirak etmişəm və kursu müvəffəqiyyətlə başa vurmuşam: belə ki, keçirilən imtahanlarda yüksək nəticə topladım və Müsahibə mərhələsindən uğurla keçərək kursu bitirdiyim ildə - 2016-cı ildə 60 N li tam orta məktəbə direktor vəzifəsinə təyin olundum. Qarşıma bir məqsəd qoymuşdum- Öz işini sevərək icra edən bir kollektivi olan, demokratik əsaslarla idarə olunan məktəb yaratmaq. Burada İdarə etdiyim 5 il ərzində məktəbimiz bir çox uğura imza atdı. Fənn müsabiqəsində qələbə, sabahın alimləri layihəsində 4 şagirdimin uğuru, şahmat üzrə II-IV siniflər arasında keçirilən respublika çempionatında 1-ci yer (6 şagirdimin əzmi nəticəsində Respublika çempionu olduq), Heydər Əliyev Təqdimatında 2-ci yer, qrant layihələrdə qalibiyyətlər və s. Bu illər ərzində 2 müəllim əməkdar müəllim adına, 2 müəllim qabaqcıl təhsil işçisi adına layiq görüldü, 2 müəllim isə fəxri fərman aldı. 6 şagirdim bu 5 il ərzində məktəbi xüsusi naliyyətlərlə bitirərək 3 qızıl və 3 gümüş nişanla təltif olundu. Məktəb E twinning, OCEP beyxəlxalq layihələrinə qoşuldu. Özüm də layihələrdə uğurla iştirak edərək keçirilən pedaqoji mühazirələrdə final mərhələsinə vəsiqə qazandım və Tərifnamə ilə təltif olundum.
ADA-da keçirilən Data əsaslı idarəetmə kursunu müvəffəqiyyətlə bitirdim. BŞTİ-nin bir çox layihələrinin qalibi oldum( Fibonaççi intellektual yarışları), İcra Hakimiyyəti tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşam. Fransanın Strasburq şəhərində keçirilən Beynəlxalq “demokratik məktəb”konfransında Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak etmişəm. 2016-2021 -ci ildə 60 nömrəli məktəbdə fəaliyyətim çox produktiv oldu. Daha sonra 2 N THL-yə direktor vəzifəsinə təyin oldum. Düzdür, burada çox az müddət çalışdım, 1 ildən biraz artıq, amma burada da naliyyətlərim az olmadı. Beynəlxalq Olimpiadalarda qələbələr, RFO-da 2 qələbə, RFM-də qızıl medal qazandıq. Məktəbdə Steam və Rəqəmsal layihələri tətbiq olunmağa başladı. 1 müəllim tərəqqi nişanı ilə, 1 müəllim isə fəxri fərmanla təltif olundu. 2022-ci ildə 189-190 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olundum. Çox gözəl tədris mühiti var burada. Bu məktəbin özünəməxsus xüsusiyyəti tanınmış şəxslərin, məşhurların buradan məzun olmasıdır. Çox qısa müddətdə burada da artıq naliyyət və uğurumuz var. İlk olaraq məqsədə doğru inamla çalışaraq gedən kollektivimiz var. Heydər Əliyev -100 təqdimatında Respublika üzrə II yerin qalibiyik. Həmçinin 1 şagirdim bu il Riyaziyyat fənni üzrə RFO qalibi olmuşdur. Məktəb qrant layihənin qalibidir. Bir müəllimim Yaradıcı müəllim müsabiqəsinin qalibi oldu. SAF- da ( Steam Azərbaycan Festivalı) uğurla çıxış edərək müxtəlif nominasiyalarda I, Il, III yerləri qazanmışıq. Gələcəkdə daha çox uğura bu kollektivlə imza atacağımdan əminəm. Yüksək keyfiyyətli bacarıqlarını sevərək icra edən müəllimlərlə çalışmaq, işini sevərək həyata keçirən insanlarla bir arada olmaq çox xoşdur. Uşaqları çox sevirəm. Məktəbimi, kollektivimi və işimi çox sevirəm.
ŞAGİRD
Mən, Əlizadə Əziz 2006-cı ildə Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə 189-190 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. Hal-hazırda həmin məktəbin 11-ci sinfində oxuyuram.
ESSE
“Uğur hekayəsi”
Hər kəsin bir uğur hekayəsi var. Mənim uğur hekayəm Bakının Səbail rayonunda yerləşən 189-190 №-li tam orta məktəbdən başladı.
Müəllim ailəsində doğulduğum üçün uşaqlıqdan kitablara xüsusi marağım var idi. Daha çox öyrənmək, bizi əhatə edən aləm haqqında daha çox məlumat almaq istəyirdim. Bu maraq məni elmin sirli dünyasına doğru çəkirdi. Bu dünyaya doğru addımladıqca qaranlıq yolları Günəş kimi aydınladan müəllimlərim mənə doğru yolu göstərirdilər. Müxtəlif bilik yarışmalarında , fənn olimpiadalarında iştirak edir, özümü doğrultmağa çalışırdım. Əldə etdiyim nəticələrlə kifayətlənmir , uğursuzluqlardan məyus olmur , əksinə daha çox çalışırdım. Nəhayət, çəkdiyim zəhmət öz bəhrəsini verdi. 2024-cü il Respublika Fənn Olimpiadalarının riyaziyyat fənni üzrə III yerə layiq görüldüm. Həmin gün keçirdiyim hissləri sözlərlə ifadə etmək çətindir. Yuxusuz gecələr, yorğunluq , həyəcan sevinc və qürur hissi ilə əvəz olunmuşdu.
Təbii ki, heç bir uğur təkbaşına qazanılmır. Bu yolda mənə dəstək olan ailəm, mənə məndən çox inanan müəllimlərim uğur hekayəmi yazmaqda mənə kömək oldular. Ancaq əminəm ki, bu hekayə tamamlanmayıb. Əldə etdiyim bu uğur hekayəmizin başlanğıcıdır, davamını yazmaq üçün daha qətiyyətlə çalışmalı, çətinliklərdən qorxmamalı, ən əsası, özümüzə inanmalıyıq. Onda uğur da daim bizimlə olacaq.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
Bir saatdan sonra Xəzərə çiçək səpiləcək
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün böyük şair, nakam şair Mikayıl Müşfiqin doğum günüdür. Müşfiqi xalq olaraq çox sevirik. Qəbri olmayan, ruhu sərkərdan şairdir Mikayıl Müşfiq. Elə Şairlər Gününün də bu gün keçirilməsi rəmzi xarakter daşıyır.
Müşfiqin doğum gününü Sumqayıtda ənənəvi bir tərzdə qeyd edirlər.
Bu gün də Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Sumqayıt Dövlət Rəsm Qalereyası saat 16.00-da Şairlər Gününə həsr olunmuş tədbir keçirəcək.
Tədbirdə hər il olduğu kimi Xəzər dənizinə gül səpməklə nakam taleli şairimiz MİKAYIL MÜŞFİQ yad ediləcək, onun şeirləri dinləniləcəkdir.
Ünvan dəyişməzdir: Sumqayıt bulvarı, "Damba" adlanan ərazi.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin bütün poeziyasevərləri sözügedən tədbirə dəvət edir.
Bilməm, məni nеçin atmış, unutmuş, Cövrü-cəfasına qurban olduğum. Yoхsa özgəsinə üzünü tutmuş, Yеni sеvdasına qurban olduğum? Mən Dilbəri sordum gəlib-gеdəndən; Dеdilər, barışmaz, küsmüşdür səndən. Mən iltifat еtdim, o qaçdı məndən, Qaçqın ədasına qurban olduğum. O mənim sеvgilim, o mənim anam. Onsuz üzüm gülməz, açılmaz aynam. Bilməm, harda qaldı o nazlı durnam, O хoş sədasına qurban olduğum. Ayrılıq oduna könül dayanmaz. Еşq oduna yanan bir daha yanmaz. Çəkdiyim nalədən nеçin oyanmaz, Şirin röyasına qurban olduğum?
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
“Kətənin yumşaq hissəsi” - Adəm İsmayıl Bakuvi
"Yaradılanı sev
Yaradandan ötəri"
Yunus Əmrə
Bu yaxınlarda Ermənistanda yaşayan, ömrünün böyük qismini Bakıda keçirən 92 yaşlı erməni qadının BBC TV-yə verdiyi müsahibəni diqqətlə izlədim.
Müsahibədə Bakıda yaşadığı illəri xatırlayan qadın maraqlı bir hadisə danışdı. Onun bildirdiyinə görə, azərbaycanlılarla ermənilər arasında mehriban münasibətlərin hökm sürdüyü sovet hakimiyyəti illərində xəstələnmiş, Bakı xəstəxanalarının birində müalicə alırmış. Palata yoldaşlarından olan bir azərbaycanlı qadın yaxınlarının gətirdiyi kətənin bərk hissəsini - qırağını özü yeyir, yumşaq hissəsini - ortasını erməniyə verirmiş. Erməni qadını izah etdi ki, onun vəziyyətinin daha ağır olduğu və kətənin bərk hissəsini dişinin kəsməyəcəyini nəzərə alan azərbaycanlı xanım belə edirmiş...
Həcmcə kiçik, mənaca böyük bir həqiqəti əks etdirən bu xatirə Azərbaycan xalqının nəcib xüsusiyyətlərindən, ən ağır anlarında belə, son tikəsini bir neçə günlük yol yoldaşı ilə paylaşmaq qabiliyyətindən, özgə-öz ayırımı etməməsindən, insanı milli mənsubiyyətinə görə yox, sadəcə, şəxs olduğu üçün sevmək üstünlüyündən xəbər verirdi. Tarixə nəzər salsaq, məhz bu bəşəri duyğular bütün türk xalqları kimi, Azərbaycan insanının da ən böyük məziyyəti olmuş, yüksəlişinə, dünyada böyük imperatorluqlar qura bilməsinə yol açmışdır. Faktlar sübut edir ki, insanlığa bu cür yüksək əxlaqi dəyərlərlə yanaşmayan, hər kəsə sevgi qucağı açmayan xalqlar böyük dövlətlər qura bilməzlər. Bir zamanlar bilinən dünyanın az qala, yarısını fəth edən babalarımız məhz bu keyfiyyətləri ilə zəmanələrinə yeni düzən gətirmiş, böyük mədəniyyətlərin yaranmasında, sülhün bərqərar olmasında mühüm rol oynamışdır. Çindən Avropaya qədər uzanan İpək yolu vasitəsilə müasir Qərbə indiki mədəniyyətinin ilk rüşeymlərini daşıyan türkün bu genişürəkliliyi, son tikəsini başqaları ilə paylaşması, özgələrin yüksək keyfiyyətini yaşatmaq və yaymaq qabiliyyəti olmuşdur.
Digər imperiyalardan fərqli olaraq, türk xalqlarının qurduğu dövlətlər yalnız başqalarını özününküləşdirməmiş, əksinə, onların mütərəqqi dəyərlərini mənimsəyərək özünü və insanlığı böyütmüşdür. Təsadüfi deyil ki, Elxanilər dövlətinin ən güclü hökmdarı Qazan xan idarə etdiyi coğrafiyaya mənsub olduğu xalqın mənəvi dəyərlərini zorla qəbul etdirmək yoluyla getməmiş, əksinə, o dövrün mütərəqqi ideyası olan İslam dinini - müsəlman sivilizasiyasını qəbul etmişdir. Halbuki onun öz dəyərlərini özgələrinə zorla qəbul etdirmək şansı vardı. Yaxud uzun illər indiki Hindistana, Pakistana, Əfqanıstana və Banqladeşə rəhbərlik edən Babur Şahın mədəniyyətlərin sinerjisini yaratmaq üçün induizmlə müsəlmanlığı birləşdirmək səyləri tarixin yaddaşına həkk olunub. Bu gün belə, bir çox dünya dövlətlərinin "mədəniyyətlərin çarpışması" ideyasını yaymaq istəməsinə, fərqli düşüncələr arasında müharibələr çıxarmağa çalışmasına baxmayaraq, türk xalqlarının hələ orta əsrlərdə mədəniyyətlərin dialoqunu qurmaq təşəbbüsləri böyük məziyyətin göstəricisidir.
Babur Şahın, Qazan xanın bu geniş təfəkkürü ilə Bakı xəstəxanasındakı azərbaycanlı qadının öz kətəsini erməni ilə bölüşməsi eyni duyğulardan nəşət tapmışdır. Atalar demişkən, kəramət gücə bağlı olduğu kimi, hər kəsin gücü çatdığı qədər ali dəyərləri yaymaq imkanının olduğunu nəzərə alsaq, Bakı xəstəxanasındakı qadının erməni ilə bölüşdüyü kətənin dəyəri Qazan xanın özgə dinini qəbul etməsi arasında heç bir fərq olmadığını anlaya bilərik. Şəxsən, mənim nəzərimcə, bu iki hadisə İlahi Ədalət tərəzisində eyni çəkiyə malikdir. Ən azı, o səbəbdən ki, hər iki əməl böyük türk şairi Yunus Əmrənin dediyi: "Yaradılanı sev Yaradandan ötəri" prinsipindən irəli gəlir.
Nə yazıq ki, bu genişürəkliliyimiz qonşularımızın xəbis liderləri tərəfindən düzgün qiymətləndirilməmiş, xalqımız böyük xəyanətlərə uğramış, nəticədə, yüzillər boyu ərsəyə gətirdiyimiz millətlərarası əmin-amanlıq pozulmuş, böyük qanların tökülməsinə, mədəni və iqtisadi tənəzzüllərə yol açılmışdır.
Sirr deyil ki, ötən əsrdə planetimizi qana bələyən iki dünya müharibəsi türk hegemoniyasının zəifləməsinin və sənaye inqilabından sonra güclənən müasir imperializmin dünyanı yenidən bölüşdürmək istəyinin nəticəsidir. Halbuki türk xaqanlıqlarının uzun əsrlər boyu dünyaya bəxş etdiyi əmin-amanlıq, sülh şəraiti Qərblə Şərq arasında mədəni-iqtisadi inteqrasiyanı təşviq etmiş, mədəniyyətlər arasında yaranan qarşılıqlı əlaqələr bəşəriyyətə, xüsusilə də, Avropaya böyük intibah gətirmişdir. Qərb alimləri də etiraf edirlər ki, indiki uğurlarının böyük qisminə görə türk xalqlarının Çindən Avropaya daşıdığı barıt, kağız, mətbəə texnologiyası və kompas kimi 4 mühüm ünsürə borcludur. Bu 4 ünsür Avropa elminin inkişafına, Amerika, Afrika, Avstraliya, Asiya kimi yeni coğrafiyaların fəthinə gətirib çıxarmış və Qərb ölkələrini dünyanın aparıcı gücünə çevirmişdir. Əvəzində, bizim qazandığımız əsarət, qanlı işğallar, əzəli torpaqlarımızdan tamamilə sürgün edilmək və s. kimi fəlakətlərlə üzləşmək olmuşdur.
Artıq 200 ildən çoxdur ki, müasir imperializminin bizlərə qarşı istifadə etdiyi əsas silahlardan biri də erməni etnik separatizmidir. Erməni kartından təkcə Azərbaycana qarşı yox, eyni şəkildə indiki Gürcüstan, Cənub-Qərbi Rusiya, Suriya kimi ölkələrlə yanaşı, bu coğrafiyalarda hökm sürən tarixi dövlətlər, o cümlədən, Qacar və Osmanlı imperiyaları əleyhinə də istifadə olunmuşdur.
Əslində bu gün üzləşdiyimiz erməni probleminin kökü də məhz İran və Türkiyə coğrafiyalarında yürüdülən etnik separatizm siyasətindən qaynaqlanmaqdadır. Müasir imperializm müstəqil dövlətçilik ənənələrinə sahib həmin ərazilərdə separatizm siyasətlərini həyata keçirə bilmək üçün əsarət altına aldıqları türk torpaqlarına erməniləri köçürmüş və İrəvan xanlığından tutmuş, Bakı, Şamaxı, Qarabağ, Naxçıvan, Lənkəran və başqa tarixi ərazilərimizə qədər bütün Azərbaycan torpaqlarına yaymağa çalışmışlar. Ermənilər öz havadarlarının yardımıyla uydurduqları yalançı "Böyük Ermənistan" ideologiyası sayəsində XIX əsrdən indiyədək bu coğrafiyalarda böyük qanlar axıdılmış, insanlar yerindən-yurdundan didərgin salınmışdır. Təkcə 20-ci yüzillikdə Azərbaycan xalqı dörd böyük köç hadisəsi - ellikcə sürgün faciəsi ilə üzləşmişdir:
1905-1907-ci illər;
1918-1920-ci illər;
1948-1953-cü illər;
1988-1992-ci illər deportasiyaları...
Kiçik aralıqlarla, 100 il boyu davam edən bu sürgün siyasətləri nəticəsində əzəli torpaqlarımız tamamilə boşaldılmış, erməniləşdirilmişdir.
Müasir imperializmin əlində silaha çevrilən qonşularımız (əslində qonaqlarımız) himayədarlarından aldıqları dəstəklə özgə torpaqlarında məskunlaşmaqla qalmamış, tarixdə nadir görülən vəhşiliklərə də imza atmışlar. Bu vəhşiliklər sayəsində bir zamanlar mədəniyyətlərin sintezini qurduğumuz və adına "milləti-sadiqə" deyərək süfrəmizin başında oturtduğumuz ermənilərin əlinə keçən coğrafiyalarda müxtəlif imperialist qüvvələrin dəstəyi ilə monoetnik dövlət quruculuğuna start verilmişdir.
Bunun ən bariz örnəyi Bakıda xəstə azərbaycanlı qadının kətəsinin yumşaq yerini yeyən bir şəxsin mənsub olduğu xalqın qədim İrəvan xanlığı ərazilərində qurduğu Ermənistan adlanan dövlətdir; təbii ki, indi əgər adına dövlət deyə biliriksə.
Sirr deyil ki, erməni vandalizmi təkcə o coğrafiyanın əsl sahibi olan Azərbaycan insanına qarşı yönəlməmiş, digər etnik qrupları və xalqları da hədəfə almışdır. Ermənistan dövlətinin əsl qurucusu olan ruslar belə, bu vəhşiliyin nəticəsində həmin əraziləri tərk etməyə məcbur olmuşlar. Nəticədə, on milyonlarla insanın şad-xürrəm yaşayacağı geniş coğrafiya bir şəhərin kiçik məhəlləsinə yetəcək qədər azsaylı əhalinin əlində iqtisadi və mədəni inkişafa tamarzı hala düşmüşdür.
Beləliklə, son hadisələri də nəzərə almaqla, deyə bilərik ki, ermənilər bölgənin iqtisadi-coğrafi potensialından yetərincə faydalanılmadığı kimi, qonşu dövlətlərin beynəlxalq layihələrindən belə yararlanmaq imkanı itirilmiş, obrazlı ifadə etsək, "tünd sirkənin öz qabını çatlatmaq" effekti baş vermişdir.
Mənim qələmə aldığım "Məşhər divanı. Yalanın 17 anı" əsəri də əslində dünyada və coğrafiyamızda yaşanan insanlığazidd əməllərin kiçik epizodlarına ani bir nəzər salmaq məqsədi daşıyır.
Kitabı kətəsinin yumşaq hissəsini bir neçə günlük xəstəxana yoldaşı ilə bölüşən böyükürəkli azərbaycanlı xanımın və erməni separatizminin zülmünə məruz qalan, yurdundan-yuvasından didərgin salınmış, milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanların əziz xatirəsinə ithaf edirəm.
Sayğılarla...
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
Mükafatçıların müsabiqəyə təqdim etdikləri poeziya nümunələri - III.EMİNQUEY
Bildiyiniz kimi, “Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsinin qalibləri artıq bəllidir.
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa,
Allahşükür Ağa;
III yer:
Eminquey,
Seyyidəli Sübhi,
El Roman
“Ədəbiyyat və incəsənə” portalı mükafatçıların poeziya nümunələrini təqdim edir:
III YER
EMİNQUEY
*
səhər yuxularımızdan çin çıxmır ölən adamlar...
yuxumuza elə-belə gəlmir ki gələn adamlar,
ey siz, yuxusunu suya danışıb bölən adamlar,
o sular axıb gedir,
qayıtmır.
yuxuya qoşa düşdüyün adamla qoşa düşmürsən,
kiməsə sirrini versən, yuxuda işə düşmürsən,
bir də görürsən, bir adam danışır, başa düşmürsən,
əlini sıxıb gedir,
qayıtmır.
yuxuda dirilər adam, adam yuxuda ölər də!
yuxusunu çin istəyir yuxu görən ölülər də,
hamı ölmür bu dünyada...
bilirsənmi,
ölmür,
hərdən çin çıxıb gedir,
qayıtmır.
*
həyat taleyimizi qəfil keçirtdi çarmıxdan,
sonra atamızın şəklini,
gödəkcəsini, papağını asdı
əllərimizdəki, ayaqlarımızdakı o mıxdan
sonrası,
qəfildən uşaq kimi yox,
kişi kimi oyandığın sabah olur...
atasız uşaqları incitməyin,
Allahın xətrinə dəyir,
günah olur!
əslində,
İsanın yox,
bütün atasız uşaqların atası – Allah imiş,
biz xoşbəxt olanda
Allah – baba olur...
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
“Qələmsiz yazılanlar “ - RƏŞAD MƏCİD
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Hər gün 5 yarpaq.
1.
Bu tempə dözmək çətindir. Nəfəs kəsir.
2.
Qocaların gözü qapıda qalır
3.
11-ci dəfə azad Şuşada...
4.
Zeynəb Xanlarova əfsanədir. Bunu dəfələrlə demişəm, bilməyənlər də bilməlidir.
VII Xarıbülbül Beynəlxalq Musiqi festivalının açılışında Cıdır düzündə böyük sənətkarımızla görüşmək çox xoş oldu. Azad Şuşaya ilk dəfə gəlirdi. Konsertdə də gənclik ruhu və şövqlə elə çıxış etdi ki, heç deməzdin yaşı 90-a yaxınlaşır.
5
Ustadlar - Xalq artistləri Ramiz Quliyev və Ağaverdi Paşayev Şuşada, Güllü bağda ağcabədili yeniyetmə, tar həvəskarı Məcid Məmmədova ustad dərsi keçdilər. VII Xarıbülbül musiqi festivalının açılışına gələn mədəniyyət xadimləri mayın 11-də səhər "Qarabağ" otelinin qarşısında Məcidin ifa etdiyi məşhur "Şuşanın dağları" mahnısını dinləyib, ustad tövsiyələrini verdilər. Hadisə həm də Şuşanın musiqi ənənələrinin əbədiyaşarılığına bir işarə idi.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
BİR SUAL, BİR CAVAB Elvin İntiqamoğlu ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL:
-Zəhər şirinləşib, ilan dəyişib,
saat soldan gedir, zaman dəyişib.
Aman Allah, dünya yaman dəyişib,
söyüd ağacından bəhər asılıb...
(Elvin İntiqamoğlu)
Elvin bəy, gözləriniz “istəmədiyi səhnələri görəndə" dodağınız nə pıçıldayır?
CAVAB:
-Həyatdı da, yaşayırıq...
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
Filmin təsiri
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Xeyrəddin Qoca gəncliyində hind filmlərini sevirdi, şəhərə yeni film gələn kimi gedib baxırdı. Bir dəfə faciəli bir hind filminə tamaşa edib salondan çıxanda görür ki, maşınının arxadan alt tərəfi əzilib. Qanı bir az da qaralır. Əyilib əzilən yeri düzəldir ki, heç olmasa, şəhər küçələrində gözə çarpmasın. Üst-başı tamam batır. Başını qaldıranda maşının nömrəsi gözünə sataşır, heç demə, maşın onunku deyilmiş. O, maşınını bir az qarşıda saxlayıbmış. Hər iki maşın eyni rəngdə olduğundan düzəltdiyi maşını özününkü bilmişdir...
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
“Gözündə, könlündə sevda yolları…” - Zabil Pərvizin şeirləri
Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Zabil Pərvizin şeirləri təqdim edilir.
Gənclik
Nə vaxt gəncliyimiz tərk edər bizi?
Bəlkə saçlarımız ağaranda?
Yox.
Bəlkə də ağlımız ürəyimizi
Dəli sevdalardan çağıranda?
Yox.
Onda ki, məhəbbət məktublarımız
Sənədlər qovluğu altında qalar,
Yarımcan arzular, yarımçıq yollar
Taleyin tapdağı altında qalar, -
Onda gəncliyimiz tərk edər bizi.
Haçan ki, "ev bizim, sirr bizim" olar,
Baharın yolunu qışla bağlarıq.
Dostlarla qırılan əlaqəmizi
Bəhanə gətirib işlə bağlarıq, -
Onda gəncliyimiz tərk edər bizi.
Nə vaxt stolüstü kitablarımız
Stollar altına yıxılıb qalar,
Leylinin, Məcnunun, Çalıquşunun
Sevgisi bir küncə sıxılıb qalar, -
Günəşli, gurşadlı yaz səmasıtək
Boşala bilmərik, dola bilmərik,
Əbədi yamyaşıl qalan Müşfiqə
Daha qardaş olub qala bilmərik.
"Çahargah" çarparaq divardan-divara
Yolçunu yolundan eyləməz avara",
Onda gəncliyimiz tərk edər bizi.
Nə vaxt süfrəmizə şeirdən əvvəl
Yeməkdən, içməkdən, kefdən danışan
Qeybətlər, söhbətlər yığını gələr,
Şeirsə, üçüncü qədəhdən sonra
Sağlıq kölgəsinə sığınıb gələr, -
Onda gəncliyimiz tərk edər bizi.
Nə vaxt zərli-zorlu ayı görəndə
İşimiz xətrinə "dayı" deyərik.
Gözümüz öyrəşər qaranlıqlara,
Zülmətə "günəşin tayı" deyərik, -
Satıb gilə-gilə saflığımızı
Bunu özümüzə ləkə bilmərik.
Gərəkli məsləkin, gərəkli eşqin
Gərəkli dərdini çəkə bilmərik, -
Onda gəncliyimiz tərk edər bizi.
Onda ki, hardasa boğulan haqqın
Sonuncu fəryadı əriyər, batar.
Guya eşitmərik, guya görmərik,
Amma əl uzatsaq, əlimiz çatar.
Palaza bürünüb sürünənlərin
Ürəyi kəfənə bürünüb yatar, -
Onda gəncliyimiz tərk edər bizi.
Ardıyca nə gələr?
Ölüm yuxusu.
Bəs hanı həyatın şəhdi, şərbəti -
Bülbülün naləsi, gülün yuxusu?!
Bir gözəl şairin sözü, söhbəti...
Biz onun sərrafı sayılmadıqsa,
Onun nəfəsilə, onun səsilə,
Haqqın nəfəsilə, haqqın səsilə
Ölüm yuxusundan ayılmadıqsa,
Onda gəncliyimiz tərk edər bizi,
Onda itirərik Zabil Pərvizi...
Yollar
Sən "açaq" deyirsən bağlı yolları,
Açaq açılmayan qapıları biz.
Aranlı yolların, dağlı yolların
Qırsın sükutunu şərqilərimiz.
Arzular sel kimi keçir qəlbindən,
Keçir ikiləşən, ayrılan yollar.
Yolçusu qeyb olan, gözü yol çəkən,
Araz sahilində qırılan yollar.
Gözündə, könlündə sevda yolları,
Dənizə aparan məcra yolları.
Fəqət, unutmusan yolun üstədir
Fəlakət yolları, qovğa yolları.
Ölümdən, hədədən, qorxudan uzaq
"Barışıq" yolları, "sevgi" yolları.
Hər cür məhkəmədən, sorğudan uzaq
"Dahi" bir cahilin zövqü, yolları...
Sahili sıldırım məhəbbət yolu,
Sökülüb-tökülmüş həqiqət yolu...
Babək ölüb getmiş...
Ancaq hardasa
Yaşayır Babəkə xəyanət yolu.
Çoxdan bağlansa da, yığışılsa da,
Uzaq Məkkə yolu, Kərbəla yolu,
Ancaq min ildir ki, açıq qalıbdır
Ərəb atlarının dırnaqlarında
Bu torpağa gələn hər bəla yolu.
Daha əsər yoxdur qaçaq-quldurdan,
Nə Ərəb Reyhanı, nə Həsəni var.
Bugünkü yolların "riya" adlanan,
"Satqınlıq" adlanan yolkəsəni var.
Uddu Koroğlunu dövran birtəhər,
Məzarı bu yurdun qucağındadır.
Əsrlər keçibdir...
Bu gün də hələ
Çənlibel yolunda yeni Həmzələr
Yeni Qıratların sorağındadır.
Sən bağlı yolları "açaq" deyirsən,
Sözüm yox.
Amma gəl, fikirləş bir an:
Bilmirəm, yan keçə biləcəkmisən
Rüşvət yolundakı gömrükxanadan?!
Sən bağlı yolları "açaq" deyirsən,
Tutubdur gözünü yerüstü yollar.
Tufandan qorxulu, seldən qorxulu
Hələ saman altdan su yolları var.
Açıqdır dar gündə mərdi çaşdıran,
Dəvəni "görməyən" yalan yolları.
İnsanı axırda ilanlaşdıran
Mənsəbin, şöhrətin ilan yolları.
Bu gündür gələcək günlərə təməl,
Bugünkü yollarda ayıq ol, ayıq.
Unutma:
Bir yolu açmazdan əvvəl
Nə qədər yolları bağlamalıyıq!
Sonuncu mühazirə
Qızlar yaman kövrəlib,
oğlanlar mütəəssir,
Müəllimin səsitək
hamının qəlbi əsir.
Ürəklərdə söz gəzir:
sonuncu mühazirə,
Otaq günəşlə dolu,
otaq qərq olub zərə.
Pəncərədə baharın
şüa-şüa saçağı,
Güllə, çiçəklə dolu
neçə qızın qucağı.
Hələ parta altında,
hələ dizlər üstündə
seyr elə qom-qom gülü,
Sevinc qəmə bükülü,
qəm sevincə bükülü...
Müəllim danışdıqca
sinəsindən elə bil,
şəlalələr tökülür.
Dilində qədim Gəncə,
zəka, qüdrət günəşi...
O danışır, gözündə
oğlanlar Fərhadlaşır,
qızlar Nüşabələşir.
Ürək çırpıntısında
boğulur zəngin səsi,
Neçə çaşqın təbəssüm -
bağlı gülüş qönçəsi.
Hamı heyrət içində,
otaq heyrət salonu,
Müəllim unutmuşdur
zəngin vurulduğunu:
- Siz Vətən övladları,
Nizami övladları...
Sözü yarımçıq kəsib
şüşələri titrədir
qopan alqış axarı.
Elə bil əsrləri
keçib gəlir Nizami, -
Onu dinləmək üçün
ayağa qalxır hamı!
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
Dövlət Akademik Filarmoniyasının iyun repertuarı
Azərbaycan Dövlət Akademik Filarmoniyasının iyun repertuarı açıqlanıb.
“Ədəbiyyat və incəsənət” portalı repertuarı təqdim edir:
10 iyun- Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert
12 iyun- Rusiya səfirliyi, Bakıda Rus Evinin “Musiqi dilində” tədbiri
13 iyun- T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin konserti
14 iyun- F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kamera orkestrinin müşayiəti ilə məşhur bəstəkar Yirumanın əsərlərinin ifası
18 iyun- Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli onbirillik Musiqi məktəbi şagirdlərini çıxışı
20 iyun- RED Events- konsert
21 iyun- Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin konserti
22 iyun- RED Events- konsert
24 iyun- “Yeni adlar” layihəsi çərçivəsində Bakı Kamera Orkestrinin konserti
25 iyun- Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbi (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
27 iyun- Xalq artisti, xoreoqraf Roza Cəlilovanın 95 illik yubileyinə həsr olunmuş konsert (F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı)
30 iyun- RED Events- konsert.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)