Super User
Gülgəz, Gülbəniz və digərləri
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Aşpaz gənc həvəskara öyrədir:
-Qazanın üçdə ikisinə su doldurun, üçdə birinə süd, üçdə birinə isə…
Həvəskar deyir:
-Bu artıq üçdə dörd oldu axı.
Aşpaz təhərini pozmur:
-Sən onda yekə qazan götür.
2.
-Əhməd, sinoptiklər sabaha yağış vəd edirlər.
-Gülgəz, ondansa pul vəd edəydilər.
3.
Depressiya vaxtı insanları suisid, diktatorları genosid fikri cəlb edir.
4.
Qonşu səhər ertə uşağının üstünə nətəri bağırdısa Bəhram da yatğını yığışdırdı və isti geyindi.
5.
Gülbəniz 30 il xoşbəxt ailə həyatı sürdü. Bu müddətdə 6 ər dəyişdi.
6.
Xəstə sayının azalması üçün ölüm hallarının artması vasitəçi ola bilər.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
POETİK QİRAƏTdə Musa Ələkbərlinin “İncəyurd” şeiri
Poetik Qiraətdə bu gün təkrarən sevilən şairimiz, ustad şairimiz Musa Ələkbərlidir. Şair bu dəfə “İncəyurd“ deyir. Şair Rafail İncəyurdun 70 illik yubileyinə bir sığal çəkir.
Xoş mütaliələr!
İNCƏYURD
(Dostum Rafail Inceyurd Ismayilov İncəyurdun 70 yaşına...)
Sən bahara kökləmisən özünü
Saya salma qışı, qarı, İncəyurd!
Könüllərə çiləyirsən sözünü,
İncə-incə, narın-narın, İncəyurd!
Söz söz olsa, qafiyəsi tapılır,
Kündə təndir közərəndə yapılır,
Daş külçəli qayalardan çapılır
Zər mayalı misraların, İncəyurd!
Yaş 70-dir, sən babasan, sən ata,
Arzulusan neçə toya, büsata.
Elə vurul, elə bağlan həyata
Dil-dil ötsün könül tarın, İncəyurd!
Küyə gedib, yerli-yersiz dinməyək,
Şax dayanaq, zirvəmizdən enməyək,
Nə şairik, yağmuruna dönməyək,
Doluxsunan ruzigarın, İncəyurd!
Dostun Musa günü-ayı ov sanır,
Əsil ovçu ovdan çətin ovsanır,
Ətəkləsin qoy səksəni, doxsanı,
Tükənməyən arzuların, İncəyurd.
Ədəbiyyat və incəsənət”
(06.06.2024)
Öyrənməli çox şey var - Türkiyə Yayınçılar Birliyinin 11-ci Qurultayı açıldı
Türkiyə Yayınçılar Birliyinin 11-ci Qurultayının ötən gün açılış mərasimi oldu. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı qurultayda iştirak edən həmyerlimiz, ANAİB sədri Şəmil Sadiqdən təəssüratlarını aldı. Tanış olun.
Türkiyə Yayınçılar Birliyinin 11-ci Qurultayının açılışında iştirak etdim. Başqan Kənan Qocatürkün apardığı paneldə Türkiyə Mədəniyyət Nazirliyinin və Təhsil Nazirliyinin yetkili şəxsləri hesabat verdi. Bu illərdə nə ediblər, nələr etməlidirlər. Düzdür, türkiyəli yayınçılar da öz durumlarından o qədər razı deyil, amma bizə baxanda adamın onlara böyük paxıllığı tutur. Çünki kitabla bağlı vizionları böyükdür, amalları genişdir. Çünki kitab mədəniyyət nazirliklərinin prioritetlərindəndir və türk ədəbiyyatının tanıtımı, kitabxanaların inkişafı üçün ciddi addımları var və bunlar stimulvericidir. Sovet kitabçılığından çox-çox zəif olsa da, son illər bu sahədə ciddi şəkildə həm dövlət, həm də özəl sektor önəmli girişimlər edir, türk ədəbiyyatını dünyaya tanıdır.
Nazirlik nümayəndəsi dedi ki:
1. Bu il 1018000 minlik kitab alıblar kitabxanalara.
2. Kitab alışı kitabxanalardan gələn tələb əsasında formalaşır.
3. İl ərzində 89 ölkədən 3867 müraciət olub, onlardan 368 kitaba xaricdə çap edilməsi üçün maliyyə dəstəyi ayrılıb.
4. İlk kitab dəstəyi layihəsi ilə 489 kitab çap edilib və bu dəstəyin verilməsi üçün nəşriyyatlar müraciət edir!
5. Ən maraqlısı odur ki, nəşriyyatlardan elektron kitab alışı da var və nazirlik buna təşviq edir. Amma naşirlərin ürəyincə deyil bu proses.
6. Türk naşirləri üçün beynəlxalq kitab sərgilərində yer alınır, gediş-gəlişlər təşkil edilir.
Bütün bu və bu kimi təklifləri isə biz üç dəfə (nazirlər dəyişdikcə) təqdim etmişik. Amma və lakin kitabın müzakirəsi də “Anamın kitabı”ındakı Acların durumu kimi hələ də gözləmədədir, hər hansı bir hərəkət görmürük! Biz isə özəl sektor olaraq Azərbaycan kitabçılığı üçün əlimizdən gələni edirik, amma əlimizdən tutan yoxdur.
30 nəşriyyat əl-ələ vermiş, 4 günlük məhz uşaqlara özəl festival keçiririk!
Gəlin, nələrə qadiri olduğumuzu görün, 100 minlərə başa gələn sərgiyə belə rəqibdir artıq bizim festivak! Halbuki biz bunu 15-20 min manata edə bilirik!
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
Mükafatlandırma mərasimi iyunun 10-da olacaq
İyun ayının 10- da saat 14:00-da "Natəvan" klubunda "Ulduz" aylıq ədəbiyyat dərgisi və AYB Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdiyi poeziya müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalının müsabiqənin Təşkilat Komitəsindən aldığı məlumata görə, tənqidçi Seyfəddin Hüseynli, filoloq Günay Səma Şirvan, şair Taleh Mansur, yazıçı Varisin üzvü olduğu münsiflər heyətinə AYB katibi, şair Səlim Babullaoğlu rəhbərlik etmişdir.
Qaliblər pul mükafatı və diplomla qiymətləndiriləcəklər.
Təşkilat komitəsi müsabiqə iştirakçılarını, ədəbiyyatsevərləri, bütün Vaqif Səmədoğlu poeziyasının vurğunlarını mərasimə dəvət edir.
Xatırladırıq ki, müsabiqənin qalibləri onlarla müəllif arasından münsiflərin rəyi ilə aşağıdakı şairlər seçilmişlər: Cavid Qasımov (1-ci yer), Rəşad Nağı Mustafa və Allahşükür Ağa (2-ci yer), Eminquey,
Seyidəli Sübhi və El Roman (3-cü yer).
Müsabiqənin təşkikati dəstəkçisi: "Kəpəz hospital"; İnformasiya dəstəkçisi: "Ədəbiyyat və İncəsənət" portalıdır.
“Ədəbiyyat və incəsənət”
(06.06.2024)
“Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyi layihəsinin icrasına başladı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “ Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirəcəyi “ AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİ” layihəsinə start verildi.
“Ədəbiyyat və incəsənət” portalına İB-dən verilən məlumata görə, 3 ay (01.06.2024 – 01.09.2024) müddətinə icra olunacaq layihə çərçivəsində Bakıda və bölgələrimizdə milli mənəvi dəyərlərimizə, kəlağayımıza həsr olunmuş konsert proqramları keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
“Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində tədbirlər davam edir
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün üç böyük ədibin – Mikayıl Müşfiqin, Vaqif Səmədoğlunun və Natiq Rəsulzadənin doğum günləridir. Səhərdən bu barədə bir çox paylaşımlar etmişik. Amma təqvimdə 5 iyun gününün bir ayrı statusu da var. Bu gün dünyanın bir çox ölkələrində 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd edilir.
Bu günün təsis edilməsinin əsas məqsədi əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldirilməsidir. Və nəzərə alaq ki, bu il yaşıl dünya naminə ən böyük fəaliiyətlərlə yadda qalacaq bir olacaq.
Gənclərin üz tutduğu gözəl məkan – insanları maarifləndirən, informasiya ilə silahlandıran, eləcə də karyera inkişafına təkan verən, motivəedən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası belə bir gündə təbii ki, hərəkətsiz qala bilməz. Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə kitabxanada “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər davam edir.
Kitabxananın rəsmi saytında (https://ryl.az/activity/yashil_dunya) “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron resurslar bazası yaradılıb. Bazada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar internet məkanında dərc edilən materiallar toplanılır. Elektron resurslar bazasında “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “525-ci qəzet” kimi internet portallarında yer alan “Təmiz gələcəyə doğru inamlı addımlar”, “Azərbaycan yaşıl dünya uğrunda öncüllərdəndir”, “Azərbaycanın "yaşıl enerji" hədəfləri: dünya ekologiyası üçün yeni fürsətlər”, “Qlobal çağırışlar, etibarlı tərəfdaşlıq” kimi 100-ə yaxın məqalənin tam mətni yer alır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik” adlı ənənəvi sərgi də təşkil edilib. Sərgidə mövzu ilə əlaqəli kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Yaşıl dünya naminə həmrəylik ili” adlı biblioqrafiq icmal sərgilənməkdədir.
Hər bir niyyət xoş olduqda barlı-bəhrəli olur. Əminik ki, kitabxananın bu maarifləndirmə kampaniyası çoxları üçün həqiqətən əsl dərs verir. Bu tərəfdə biri ağac qırır, biri otu taptalayır, o yanda biri çiçək yolur, biri suya çirkab axıdır. Bir başqası havaya zəhərli maddələr buraxır... Və kütləvi olaraq hamı küçələri zibilləyir.
Olmaz!!!
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
Respublika Gənclər Kitabxanasının əməkdaşları görkəmli şair Mikayıl Müşfiqin abidəsini ziyarət ediblər
Xəbər verdiyimiz kimi, bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.
Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, klassik ədəbi ənənələrdən layiqincə bəhrələnərək bənzərsiz poetik nümunələr yaradan nadir istedadlı şairlərdəndir. Onun milyonlarla insan tərəfindən sevilərək oxunan “Yenə o bağ olaydı”, “Oxu, tar” və digər şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.
Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da repressiya dövründə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl İsmayılzadə bəraət qazanıb. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbə, məktəb, küçə və meydanlardan birinə onun adı verilib.
“Ədəbiyyat və incəsənət” portalına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasından verilən məlumata görə, kitabxana əməkdaşları görkəmli şair Mikayıl Müşfiqinanadan olmasının 116-cı ildönümü münasibətilə ədibin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
Kitabxananın sosial şəbəkə hesablarında görkəmli şairin kitabxananın fondunda olan kitablarından ibarət paylaşımlar edilib.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
“Mən də sizinləyəm..." - VAQİF SƏMƏDOĞLU
Bu gün 85 illiyini qeyd etdiyimiz Vaqif Səmədoğlunun "Mənim altmışıncı illərim" yazısını təqdim edirik. “Ədəbiyyat və incəsənət” portalı olaraq əminliklə deyirik ki, Vaqif Səmədoğlu poeziyamız kəhkəşanındakı bir ulduzdur, sönmək bilməyəcək.
Bu yazı isə onu daha yaxından tanımağa kömək edəcək.
İyirminci əsrin 60-cı illəri şəxsən mənimçün nə idi?
Mən altmışıncı illəri 1961-ci ildən başlanıb, 1970-ci ildə qurtaran bu vaxt axarı, zaman yolu kimi qəbul etmirəm. Bu öz yerində. Təbii ki, illər göydən düşməyib. "Göydən düşməyib" deyəndə, əlbəttə ki, həm İlahi, həm də fiziki mənada hər şey göydən düşüb, həm də elə həmin göyün içindədir. Günəşdən tutmuş, qum dənəsinə qədər hər şey bu kainat dediyimiz sonsuz göyün içində fırlanır, o cümlədən, biz də, bizim yaşadığımız illər də, bu illərin altmışıncıları da. Mənim mənsub olduğum nəsil, dünyaya otuzuncu illərdə gəlsək də, altmışıncılar deyirlər. Nədir axı bu altmışıncılar və altmışıncı illər? İlk növbədə, ədəbiyyat və incəsənət baxımından. Bir əsrin içində yaşanmış İntibah dövrüdürmü? Əlbəttə. Bu intibahı ədəbiyyata, incəsənətə, humanitar və dəqiq elmlərə altmışıncı illərdə gəlmiş, fəaliyyətə başlamış insanlarmı yaradıblar? Əlbəttə ki, yox. Yalnız onlar yox.
Orta əsrlərə, lap uzaq, qədim dövrlərə getməyəcəyəm. 60-cı illər Azərbaycan ədəbiyyatı, şeiri və nəsri, bayaq dediyim kimi, göydən düşməmişdi, bizdən əvvəlki nəsillərin əməyi, fəaliyyəti, uğurları və səhvləri sayəsində hazırlanmışdı. Mən əlimə ilk dəfə şair kimi qələm alanda ana dilimdə artıq "Şair, nə tez qocaldın sən", "Mən tələsmirəm", "Qızılgül olmayaydı..." kimi misraların musiqisi səslənirdi, "Nöqtə, nöqtə və nöqtə..." yazılmışdı və bu nöqtələrdən də yeni poeziya başlanırdı. "Xəzər suyu duzlu adi dənizdir" misrası ritorikaya müharibə elan edirdi, yeni nəsil "parka gedən tramvay"la altmışıncı illərə gedirdi. Yəni mənimçün altmışıncı illərin əsas qiyməti kimlərinsə o dövrdə yaratdığı romanlar, povestlər, şeirlər, simfoniyalar, rəsmi əsərləri deyil, bunlar öz yerində, mənimçün o dövr əsas mahiyyətilə Yeni Zövq yaranan bir zəmin kimi dəyərlidir. Və bu fenomen yalnız Azərbaycanda və o zamanki SSRİ-də yox, bütün dünyada baş verdi. 60-cı illər keçmişə, bu günə və gələcəyə yeni rakursdan baxış nöqtəsi idi. Baxıb, qiymət vermək dövrü idi. Və mən deməzdim ki, Yeni Zövq ədəbiyyat və incəsənətə, tarixə və siyasətə verdiyi qiymətlərdə həmişə haqlı olub, həqiqət söyləyib. Qətiyyən, yox. Ancaq altmışıncı illər bir çox unudulmaz həqiqətləri, bəzən də yalanları üzə çıxarıb, yaddaşları silkələyib, həm gerçəkliyə, həm də xatirələrə qiymət verməyə çalışıb, buna səy göstərib. Bu baxımdan, altmışıncı illər dünya tarixinin unikal onilliklərindən biri idi. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin böyüklüyünü bizdən qabaq da biliblər, onların ünvanına haqlı olaraq alqışlar deyiblər. Ancaq məhz altmışıncılar kütləvi şəkildə özlərini onların varisləri elan etdilər. Təsviri sənətimiz məhz o dövrdə üzünü qədim miniatürlərimizə tutdu, xalı, kilim və palazlarımızın ornamentlərini tablolara gətirdi. Qobustandakı qaya rəsmlərindən bəhrələnməyə başladı.
Qəribədir, əhali və ərazi baxımından çox da böyük olmayan Azərbaycan 60-cı illər intibahının dünyada baş verən bədii hadisələrinin əksəriyyətindən gen düşmədi, bir çox sahələrdə öz sözünü dedi. Bir çox özündən böyük ölkələri geridə qoydu. Hətta Avropa və Amerika qitələrində yerləşən ölkələri, dövlətləri belə. O zaman SSRİ-də ad-san qazanmış sənətkarlar arasında, forma və üslub baxımından ən çağdaş, modernist bəstəkar və şair bizim torpağın oğulları idi. Musiqidə Qara Qarayev, poeziyada Rəsul Rza. Və təbii ki, bu iki adamın ətrafına, başına gənclər yığılmış, onların adları ilə bağlı mənəvi məktəblər yaranmışdı. Rəsmi sovet ideologiyasının rədd etdiyi seriya (dodekfoniya) sistemində yazılmış musiqi əsərlərini SSRİ-də ilk dəfə konsert salonlarında səsləndirən Qara Qarayev oldu. İyirminci əsrin əvvəllərində Avropada Arnold Şenberqin yaratdığı bu musiqi sistemi SSRİ-nin biz yaşadığımız guşəsindən baş qaldırdı altmışıncı illərdə.
O illərdə ekzistensializm fəlsəfəsi bütün dünyanı bürüdü. Sartnın, Kamyunun, Yaspersin bəzi əsərləri makinada çap olunub, "Samizdat" adıyla əldən-ələ gəzdi. Min illər tarixi olan dzenbuddizm fəlsəfəsi də elə bil yenidən dirildi. 60-cı illərdə dünyanın elə bil gözlərinə təzə işıq gəlmişdi, hamı nəsə yeni bir şey görmək, başqalarına bir yenilik göstərmək ehtirası ilə yaşayırdı. İnsan təfəkkürünün elə bir fəaliyyət sahəsi yoxdur ki, orada həmin dövr öz sözünü deməsin, ya da deməyə cəhd göstərməsin. Dindən tutmuş, caz musiqisinə qədər, fəlsəfədən başlamış, paltar modalarına kimi, azadlıq ideyalarından rok, pop musiqisinəcən. Dizayn sənətində demək olar ki, inqilab baş verdi. Həmin illərdə Amerika və Avropada hippi-bitnik hərəkatı yarandı. Şəhərləri aylarla saçlarına qayçı, bədənlərinə su dəyməyən pinti adamlar bürüdü. İngiltərənin Liverpul şəhərindən bu illərin musiqi fonu "Bitlz" vokal qrupunun səsi ucaldı. Onların və Elvis Preslinin oxuduqları artıq yalnız musiqi yox, o illərin ideologiyasına çevrilmişdi. Mini yubkalar küçələrdə, bikini geyimləri çimərliklərdə göründü. Bizdə Vaqif Mustafazadə, "Qaya" caz kvarteti, Rusiyada Vladimir Vısotski fenomeni yarandı. Polşada incə zövq və yumorla çəkilmiş plakatlar, Gürcüstanda qısametrajlı filmlər, İtaliyada Fellini və Antonioni, İsveçdə dahi Berqman, Fransada "Yeni dalğa" kinosunun ustaları, Azərbaycanda Ruslan Şahmalıyev və Oqtay Mirqasımovun sənədli filmləri...
Ancaq 60-cı illər mənim hafizəmdə yalnız yaxşı tərəfləri ilə qalmayıb... Dini fundamentalizmlər də məhz bu illərdə, orta əsrlərdən sonra yenidən baş qaldırıb, siyasətə, fəlsəfəyə, insan münasibətlərinə soxulmağa başladı. Fundamentalizmi nədənsə yalnız islam dininin böyrünə qoşurlar. Məgər televiziya ekranlarında namaz qılan adamları ən gülünc rakursda göstərən, sirk arenalarında "əzan" deyən klounlarla tamaşaçı gülüşü doğuran, "o Allax!" sözlərini belə kinayə ilə deyən xristian yekəxanalığı fundamentalizm deyil?
Altmışıncı illərdən başlayaraq narkomaniya da kütləvi, qlobal xarakter almağa başladı. LSD kimi "intellektual" narkotik çıxdı 60-cı illərin kimya laboratoriyalarından.
Və nəhayət, o illərin bir bəlası haqda da mütləq deməliyəm.
60-cı illər həm də könüllü və kütləvi şəkildə yaranmış Quldarlıq dövrü kimi qalıb mənim yadımda. Və əsl quldarlıq dövründə əl-ayaqları zəncirlənmiş qullardan fərqli olaraq, könüllü qullar qul olduqlarından xəbərsiz idilər. Əsl qul həmişə azadlığa can atır, könüllü qul isə öz köləliyini azadlıq sanır. İndinin özündə də belədir. Bəşəriyyətin ən ağır bəlası, bəlkə də ən əsas bəlası həmişə könüllü qulların yaratdığı mənəvi quldarlıq hökmranlığı olub. İlahi, altmışıncı illərdə bu müsibət necə aydın və aşkar nəzərə çarpırdı! İdeya, Fəlsəfə, Fikir, Din, Əxlaq və sairə qulları... Özü də quldarı olan, özünə düşmən kəsilən insanlar, bir ideya və ya fəlsəfə ilə öz əl-ayaqlarını zəncirləyən və bu şəkildə Ədalətdən, Azadlıqdan dəm vuran fanatizm məhbusları. Allah üzərində belə monopoliya iddiası! Kimlər idi bunlar? "Yeganə həqiqi din mənimdir!" deyənlər. "İnsanın kim olduğunu yalnız ekzistensializm deyib söyləyənlər". "Yalandır, həqiqət yalnız dzenbuddizmdədir!" qışqıranlar, "heca vəznində yazanlar şair deyil, aşıqdılar" deyənlər idi bunlar. "Sərbəst də şeir olar?" deyib, gülənlər idi bu könüllü qullar. "Təsviri sənətin kökləri yalnız Afrika totemlərindədi", "Xeyr, Yaponiya qravürlərində"... Yüzlərlə, minlərlə bu sayaq şüarlar yazılmışdı könüllü quldarlığın bayraqları üzərində. Doğrudan da, böyük alim, psixiatr olmuş Ziqmund Freydin adı ətrafında guya "intellektual" mübarizə, əslində isə ən iyrənc al-ver gedirdi altmışıncı illərdə. Həqiqi freydizmə əsaslanan gözəl, dərin əsərlərlə yanaşı, əldən-ələ "psixoanaliz" adıyla iyrənc qrafoman yazıları da gəzirdi. Bu könüllü qul və quldarlıqdan neçin bu qədər danışıram? Ona görə ki, özüm də o illərdə bu sayaq könüllü qullardan biri idim. Əruzda, heca vəznində yazmırdım, özümü inandırmışdım ki, 20-ci əsrin poeziyası vəznsiz - qafiyəsiz olmalıdır... Yaxşıdr ki, hələ altmışıncı illərdə özümü öz quldar pəncəmdən qurtara bilib, poeziyanın min rəngli azadlığına çıxa bildim. Odur ki, altmışıncı illərdən söhbət gedərkən, o dövrün qiymətini azaltmaq da lazım deyil, idealizə etmək də. Bəşər tarixinin bütün dövrlərinin problemləri o zaman da var idi. İntəhası, daha qabarıq şəkildə üzə çıxmışdı. Həm müsbət, həm də mənfi tərəfləri ilə. Təkrar edirəm, mənimçün altmışıncı illər Yeni Zövq dövrü, altmışıncılar isə bu zövqün daşıyıcılarıdırlar. Yəni mənim mənsub olduğum nəsil göydən düşməyib, bizdən qabaq yaşayan nəsillərin çiynində gəlib çıxıb 60-cı illərə...
...60-cı illər... Artıq tarixə dönmüş, keçmiş olmuşdu. İndi mən XXI əsrin altmışıncı illərinə üz tutub deyirəm:
- Mən də sizinləyəm...
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
5 İYUNUN HİKMƏTİ - Bu gün ədəbiyyatımızın 3 şəxsiyyətinin doğum günüdür
Öncəki yazılarda Mikayıl Müşfiqin və Vaqif Səmədoğlunun 5 iyunda doğulmalarından bəhs etmişdik. Amma bu, hamısı deyil. Bu gün daha bir böyük ədibimizin doğum günüdür.
Bu gün görkəmli Azərbaycan ədibi, kinodramaturq, Azərbaycanın xalq yazıçısı Natiq Rəsulzadənin 75 yaşı tamam olur.
Natiq Rəsul oğlu Rəsulzadə 1949-cu ildə Bakıda anadan olub, 1975-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. O, 55 ildən artıqdır ki, yaradıcılıqla məşğul olur.
1999-cu ildə Ümummilli Lider Heydər Əliyev ədəbiyyat və kino sahəsində qazandığı uğurlara görə Natiq Rəsulzadəyə “Əməkdar incəsənət xadimi” fəxri adını verib. Yazıçının 2019-cu ildə keçirilən 70 illik yubileyində isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ona “Xalq yazıçısı” fəxri adı verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülən yazıçı, həm də PEN-klub Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan şöbəsinin vitse-prezidentidir.
Natiq Rəsulzadə bizim haqlı olaraq fəxr edə biləcəyimiz müasirimizdir. Yazıçılıq yaradıcılığının təlatümlü cəhətləri, yaradıcı insanın cəmiyyət həyatındakı rolundan danışan Natiq Rəsulzadə həmişə bel bir fikri təkrarlayır ki, “qələmi ürəyə batırıb, qanla yazmaq lazımdır”. O, yaradıcılığının ilk günlərindən bəri bu sözləri rəhbər tutur və yazdığı hər sətirdə həmin fikirlərin əksini görmək olar. Yazıçı gənclik illərində formalaşan üslubuna sadiqdir. Təsadüfi deyil ki, onun kitabları keçmiş SSRİ-dövründə olduğu kimi, bu gün də maraqla qarşılanır, məşhur rus ədiblərindən yüksək rəylər alır, bir sıra Avropa dillərinə tərcümə olunur, yazıçı ilə oxucuların hər bir yaradıcılıq görüşü isə anşlaqla keçir.
Natiq Rəsulzadənin yaradıcılığı, ilk növbədə, həyat haqqında ciddi düşüncələri, mürəkkəb dövrümüzlə bağlı fəlsəfi-bədii ümumiləşdirmələri, pərdəarxası insan münasibətləri ilə diqqəti cəlb edir. Bu mənada onun ilk əsərlərindən birini - “Gecədə atlı” povestini göstərmək olar. Anarın “İtirilmiş şəxsiyyətin ağrısı ilə” resenziyasından: “Gecədə atlı” əsərini haqlı olaraq xəbərdaredici povest adlandırmaq olar ki, burada öz ideallarına, yaradıcılıq prinsiplərinə xəyanət edən bir şəxsiyyətin süqutu, insan ruhunun tədricən məhv olması göstərilir, lakin müəllifin səmimi-qəlbdən inandığı kimi, yenidən dirçəliş üçün hələ də gec deyil” (“Bakinski raboçi” qəzeti, 6 dekabr 1989-cu il).
“Gecədə atlı” povestindən sonra yazıçı çoxlu romanlar, povestlər, hekayələr, o cümlədən “Uzunqulaq”, “Ulduzların altında yol”, “İntihar edənin qeydləri”, “Dekabr”, “Ev”, “Üçgünlük hava”, “Cazibə”, “Duel”, “Payız”, Yeddinci gecə”, “Tramvay”, “Ruhlar arasında, “Kabuslar arasında” və başqa əsərləri qələmə alıb.
Ədəbiyyatın gənc nəslin dünyagörüşünün genişləndirilməsində, düzgün təfəkkürün və ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynadığına inanan Natiq Rəsulzadə mənəvi dəyərləri yaradıcılığının əsas kredosuna çevirib.
Bakıda, Rusiyada, Avropa ölkələrində və bir çox başqa ölkələrdə çap olunmuş əllidən çox kitabın müəllifi, ədəbiyyat sahəsində bir sıra yerli və xarici mükafatların laureatı Natiq Rəsulzadə “Hüqo” ədəbi mükafatına (ABŞ) ən yaxşı bədii əsər nominasiyası üzrə namizəd olub.
Yazıçının istedadlı, maraqlı ssenarilərlə zəngin olan yaradıcılığında kinematoqrafiya böyük yer tutur. Bu ssenarilər əsasında çəkilən filmlər tamaşaçıların sevgisini qazanıb. Onların arasında vətənpərvərlik mövzusunda “Girov” (rejissor Eldar Quliyev), “Biz qayıdacağıq” (rejissor Elxan Qasımov), “Qələbə” və bir çox başqa filmlər var.
Xalq yazıçısı Natiq Rəsulzadə bu gün də tam fədakarlıqla çalışır, Azərbaycan ədəbiyyatının, kinosunun təkcə öz vətənində deyil, onun hüdudlarından çox-çox kənarda da tamaşaçı və oxuculara tanıdılması istiqamətində səy göstərir.
Əsərlərinin birində qəhrəman kimisə deyil, məhz özünü axtarır. Günümüzdə bu, hamımızın başına gələn adi reallıqdır. Amma insan özünü necə tapmalı? Bax bu suala cavab tapmaq üçün Natiq Rəsulzadəni oxumaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(05.06.2024)
“GƏNCƏ VƏ GƏNCƏLİLƏR" LAYİHƏSİ - Qəmbər Hüseynlinin xatirəsinə
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Gəncə torpağının yetirməsi, Qəmbər Hüseynlinin əziz xatirəsinə həsr olunub.
“Ədəbiyyat və incəsənət” portallna filarmoniyadan verilən məlumata görə, bəstəkarın mahnılarından ibarət "Ay işığında" adlı konsert proqramında Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Tağıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Vüsal Namazov, Zəminə Nuriyeva, Azər Verdiyev, Samirə Hacıyevanın ifasinda Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə "Xəyali rəqs", "Ömrümün yazısan", "Tellər oynadı", "Gəlmədin", "İlk məhəbbət", "Söz olur", "Ay işığında" və digər mahnıları səsləndirilib.
“Ədəbiytat və incəsənət”
(05.06.2024)