
Super User
Atabəy yadigarı, qadın ucalığı və şərəf simvolu Möminə xatın
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi
Sən, ey zərif qızıl telli, iffətli qadın. Sən, ey ustadının sənətkarlığı ilə qarşında aciz qaldığı məğrur qadın. Sən ey daşlara hopub, kövrəkliyini qapı başında gizlədən naxışlar səltənəti. Mahiyyətin necə dərin və məzmunlu, əzəmətin necə də əsrarəngiz və ecazkardır.
Sən əsrlər əvvəl hamarlaşıb daşlara gömülmüş, bənzərsiz naxışlarla ehtiva olunmuş Atabəy yadigarı Möminə xatınsan artıq. Sən gözləri oxşadığın kimi könüllərə də sevinc və firavanlıq gətirirsən. Ziyarətinə gələnlərə məsudluq və məmnunluq bəxş edirsən. Əzəmətli görünüşünlə səni seyrə dalanların qəlbinə sirayət edir, gözlərində ucaldıqca ucalır, gözəlliyinlə hər kəsi heyran edirsən. Sən təkcə abidə deyil, həm də dövrün alimlərinin riyazi biliklərini əks etdirən qiymətli sənət əsərisən. Sən bizə öyrətdin sənətkarın alim, alimin isə eyni səviyyədə sənətkar olduğunu. Elmlə sənət arasında körpü sənsən, Möminə ana. Sənsən Nizaminin Fərhadına Evklid həndəsəsinin sirlərini açan alim, daşlarla çin nəqşi çəkən zərif duyğulu memar.
Nə zaman ki bu əsrarəngiz seyrəngaha üz tuturam, ovsununa düşürəm Möminə ananın. 11 ildən artıq müddətdə kərpic-kərpic ucalan bu şərəf simvolu 800 ildən artıqdır ki, qadın ucalığına xidmət edir. Əlimi uzatsam əlim çatacaq, səsimi ucaltsam ünümün yetəcəyini düşünürəm sanki bu daş heykəlli evin sahibinə. Duyuram ayaq səslərini, duyuram ucalardan uca bu əzəmətli qadının isti nəfəsini. Savaşlarda əzizlərini itirmiş bu qadının baxışlarında ucalıq baş tacı olub. Humanizm timsalına çevrilən bu məqbərə əsrlərdir, öz məğrur duruşuyla gələni-gedəni özünə valeh edib. Qədim Şərqin, əsasən də, Qahirənin və Bağdadın memarlıq nümunəsi bizə nə qədər vahiməli və qorxunc görünsə də, Möminə ananın məqbərəsi bizə bir o qədər zərif və incə görünür. Atabəy Eldənizin arxasındakı ən böyük güc övladlarının məsləhətçisi, sarayda və dövlət idarəçiliyində yüksək məqam sahibi, ən əsası isə qadın sultan hesab edilən Möminə xatın məqbərəsinin qarşısında dil susur, ürək danışır, ürək susur, göz danışır. Ayaq sözə baxmır, bir güc nədənsə bizi sürükləyir bu tarix qoxan məkana.
Möminə ana! Sən bilirsən, zaman-zaman üzünə qalxan yağı əllərin sanki xilqətindən yaranmış zinət qarşısında kəsilərək torpağa düşdüyünü. Sən bilirsən, səni qoruyanın əliaçıqlığın, mehribanlığın və xeyirxahlığının olduğunu. Möminə ana, alqış sənə ki qüdrətin və zərifliyin qarşısında düşməni ovsunlayaraq özünü qorumusan. Möminə ana, alqış sənə ki qadının qul kimi rəftar olunduğu dövrdə Atabəyin şəninə tayı-bərabəri olmayan məqbərə ucaltdı. Möminə ana, alqış sənə ki dünyaya Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan kimi igid sərkərdə bəxş etdin. Möminə Ana! Alqış memarın Əcəmi Əbubəkr oğluna ki səni əlçatmaz, ünyetməz göylərə dayaq edərək bu gözəl günlərə çatdırıb. Etdiyin bütün xeyirxahlıqların nəticəsidir ki, bu gün uğurlu taleyinlə fəxr edir, ucaldıqca ucalırsan. Sən artıq qədirbilən xalqın qayğılı əllərində isti ocaq, həzin musiqi, milli kimlik, milli qürur, and yeri, şərəf simvolusan.
Şərəf simvolu
Bu əzəmətli abidənin, qadına verilən sultan və ər dəyərinin, bu ülvi sənətin önündə insan istər-istəməz baş əyir. İllərin bu əvəzsiz yadigarına insan qəlbən nəvaziş dolu səcdələr bəxş edir. Duruşundakı naxışlar sanki həzin musiqinin harmoniyası ilə vəhdət təşkil edir. Məğrurluğunla həmahəng olan bu harmoniya, bəlkə də, illərin yığılıb qalmış muğamı, şuru, zəfər cəngidir. Əslində, sən elə musiqinin özüsən. Daşa dönmüş, heykəlləşmiş, lallaşmış, firuzəyi kaşıya tutulmuş səmt qatarında uyuyan həzin, kövrək musiqi. Bəlkə, sən musiqidən də ehtişamlısan, Möminə xatın. Duruşunla, baxışınla, təvazökarlığınla. Axı musiqi bir an da olsa, susur, uyuyur, itir, batır, paslanır. Sənsə əsrlərin əbədi sükutuna dalsan da, Günəş ziyasından qidalanıb gözəlləşdikcə, Ayı seyr etdikcə gecə və gündüzümüzə bərq vurursan. Aylı gecələrdə, günəşli günlərdə ətrafa səpələdiyin bu təvazökarlıq ənginliklərdə közərən qövsi-qüzeh kimi cilvələnərək tarixin dolanbac yollarına nur çiləyir. Seyrinə gələnlərə sirli-sehrli dünyanın möcüzəsi, gözyaşını ovcuna tökənlərə bitib-tükənməyən eşq hekayəsi, sənə sirrini verənlərə sirdaş oldun. Bəlkə də, bu heyranedici duruşla bütün hüznlərə inam və vəfa ilə tab gətirib, vüqarını az da olsun əyməmisən.
İnsan bu qızıl tarixə dönüb baxdıqca yenidən və yenidən qürur duyur öz keçmişi ilə. Əcəmi Naxçıvaninin sənət sevgisindən yaranmış bu məqbərə artıq dünya memarlıq mədəniyyətinin zərif nümunəsi kimi tanınaraq Azərbaycanın, eləcə də Naxçıvanın ölməz memarlıq məktəbinin unudulmaz sənət əsərinə çevrilib. Naxışlarının ecazkar quruluşu Odlar yurdu mədəniyyətinin yüksək səviyyədə olduğundan xəbər verir. Taxçalarını örtən naxışlar divarlarını həmin yerdə necə də muma döndərib yüngülləşdirərək kütlə və həcmlərin ifadəli uyğunluğunu yaradıb. İlahi, memar sənətə üstünlük verərək ucaltdığı abidədə daşı, torpağı adilikdən, donuqluqdan çıxarıb ona yeni ruh, yeni nəfəs verərək necə də canlı varlığın bir parçasına çevirib.
Ötən hər əsr Möminə xatınla yaşıd olan karvansarayları, məscid və minarələri, darvaza və müxtəlif tikililəri səmum küləkləri ilə uçurub, qoparıb, silib aparsa da, incə, zərif və gözoxşayan naxışlarla bəzədilmiş Möminə xatın məqbərəsi tarixin bütün üzünə qarşı çıxaraq günümüzədək ayaqda durmağı bacarıb. Dünən də, bu gün də, sabah da yolu Naxçıvandan düşən və düşəcək hər bir qonaq, onu dəfələrlə görən yerli sakin də məqbərə önündə ayaq saxlayıb dayanır, ölməz sənətkarın duyğu və hisslərinin timsalına çevrilmiş abidənin naxış və ehtişamına qürur və heyranlıqla baxır. Keçmişə sevgi və ehtiramla yanaşdığımızda görürük ki, memorial abidələrin daxili və xarici bəzəyində hüzn rəmzi olan mavi-firuzəyi rəng üstünlük təşkil edib. Bu rəng Möminə xatın abidəsində də özünü qabarıq şəkildə göstərib. O bizə əzəmətli sultanlardan qalan zərif əmanətdir. Gəlin qoymayaq heç bir naşı əl onun hüsnünü korlasın. Heç bir yad göz ona kəm baxsın. Qoy o daim bizim səmtimiz, yönümüz olsun.
Atabəy yadigarı
Çox güclü xarakterə və qərarlı kimliyə sahib olan Möminə xatın həyat yoldaşı Eldənizin həm siyasi, həm mənəvi dəstəkçisi, eyni zamanda ən yaxın məsləhətçisi idi. Atabəyin Azərbaycan hakimiyyəti illərində etdiyi bəzi siyasi yanlışlıqları Möminə xatının özünün diplomatik səyləri ilə yoluna qoyduğunu hər zaman qürurla xatırlayırıq. Bu səhvlər arasında ən mühümü Eldənizin Aran Atabəyi Xasbəyin öldürülməsi zamanı sultan Məhəmmədə qarşı üsyankar fəaliyyəti idi. Məhz Möminə xatının səyləri sayəsində Atabəyin sultan Məhəmmədlə barışığı tarixin saralmış səhifələrində arxivləşərək günümüzə qədər gəlib çatıb. Eldənizin sultana yazdığı məktubun üslubunda da həyat yoldaşının diplomatik dəst-xəti aydın hiss edilirdi. Atabəy bütün ömrü boyu məsləhətçisinə çevrilən Möminə xatının məsləhətlərini qulaqardı etmir, saray münaqişələrinə qarışmır, bir-birləri ilə ədavət aparan əmirlərin tərəfini saxlamırdı. Şərəf simvolu bu qadın həyatını sarayda keçirməyərək bir çox hərbi səfərlərdə iştirak edib. At minməkdə, qılınc çalmaqda kifayət qədər mahir olan bu qadının ömür yoluna tarix özü şahidlik edib. Tarix onu yüksək dəyər sahibi olaraq təqdim edib. Oxuyub mütaliə etdiyimiz kitablar bizə bu qadının güclü diplomatik bacarığa sahib olduğunu, siyasi hadisələrə istiqamət verdiyini, siyasi ixtilafları, xüsusilə də əri ilə sultan olan oğlu arasında intriqalara vasitəçi kimi anında müdaxilə etdiyini deməyə imkan verir. Bununla belə o heç zaman hadisələrin mərkəzində olmağa can atmayıb. Möminə xatının ən böyük missiyası isə xeyriyyəçilik fəaliyyəti idi. O, çox sayda mədrəsə, ibadətgah, bina inşa etdirərək xalqın və alimlərin xidmətinə verib. Möminə xatının qadın sultan kimi başqa bir xüsusiyyəti isə hərbi səfərlər ərəfəsində bütün hazırlıqlara şəxsən nəzarət etməsi idi. Ordunun keçdiyi yolda qərargahların qurulmasına, döyüş sursatlarının çatdırılması, çadırların qurulması, ərzağın təşkil edilməsi ilə bilavasitə özü maraqlanırdı. O, vaxtının çoxunu Naxçıvanda, bəzən isə Həmədan və Təbrizdə keçirib. Naxçıvanda xatirəsinə ucaldılan Möminə xatın məqbərəsinin tikintisi Atabəy Eldənizin vəfatından sonra oğlu Cahan Pəhləvan tərəfindən davam etdirilib. Bu məqbərə Səlcuqlu dövrünün ən gözəl memarlıq abidəsi sayılır.
Möminə xatın
Ey sərvboylu Möminə xatın, bu torpaqda ürək döyüntülərin hələ də eşidilir. Bu döyüntülər sevincindən, iffətindən, eşqindənmi söz açır? Amma əminəm ki, sənin əsrlərə sinə gərən köksün əsrlər ötdükcə sənətkarın Əcəminin, vəfalı yoldaşın Atabəyin, sevgili oğlun Cahan Pəhləvanın adına əbədi şöhrət çələngi hörür. Bu çələngin hər bir kərpici təkcə qədim Naxçıvanın deyil, qoca Şərqin gözəllik duyumundan söz açır, sevgisini, eşqini dünyaya tərənnüm edir. Möhtəşəm abidənə həkk olunan bu məhəbbət təəssüratı boşuna deyil. Azərbaycan qadınının, el anasının xatirəsini əbədiləşdirmək naminə, pak məhəbbət naminə ucaldılıb bu zərif abidə. Bu ucalıqdan baxdıqda Leylinin eşqinin, Şirinin sələfinin fövqündə duran Möminə ana görünür. Necə görünməyə bilərdi? O, eşq ilə yoğrulub eşq ilə yaşamışdı. Bəlkə də, türbənin üzərindəki küfi xətt qatarları, ümumi məhzunluq halının, nakam eşqin nisgilinin qəm karvanı məhz Əcəmi sənətinin qanadında pərvazlanaraq bütün Şərq aləminə sirayət edib. Zaman ötdükcə kədər deyil, sevinc, nəşə və iftixar mərkəzinə çevrilmiş bu əzəmətli türbə artıq neçə-neçə nəsillərin zövqünü əks etdirən canlı heykələ dönüb. Bu heykəl Əcəmi dühasından, Atabəy yadigarından gətirdiyi xoş müjdələri gələcək nəsillər üçün əbədi ərməğana çevirəcək, hələ bir çox nəsilləri özünə heyran qoyacaq.
Vaxtilə bu seyrəngaha üz tutub hüznlü baxışlarla türbəni ziyarət edənlərin, matəm saxlayan əcdadlarımızın nəvələri bu gün bu seyrəngahda toy-bayram quraraq Novruzu qarşılayır. Bahar artıq sənin ətəyində qurulan toy-büsatla gəlir Naxçıvana. Ağaclar şəninə çiçək açır, uşaqlar dizin-dizin qoynunda ayaq açır, sevənlər xısın-xısın bir-birinə səni pıçıldayır. Bayramda alınan güllər sənin xeyir-duanla sevənlərə hədiyyə edilir. Sən bəyənirsən deyə, o güllərin ətri bütün evləri bürüyür, iyi mavi səmanda qanad açıb zərif kəlağayı kimi başına qonur. Sən, ey məğrur qadın, sən, ey Atabəy yadigarı, qadın ucalığı, şərəf simvolu, Möminə xatın, günün mübarək!!!
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əhməd Purhəsənin “Bəzəkli manikən” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Əhərdə yaşayıb yaradan Əhməd Purhəsənin şeirlərini təqdim edir.
Əbasət Purhəsən
Əhər
BƏZƏKLİ MANKƏN
Bazar qabağında bəzəkli mankən,
Hər gələn əl atır donuna sənin.
Yaşamağın üçün açılmır donu,
Soyuq şəhrimizdə geydiyin donun.
Əllərin əlimdə, əlin əlimi,
Əlinin içində saxlaya bilmir,
Nə çəpik çalırlar qabağımızda?!
Nə üçün görənlər ağlayır, gülmür?
Mən səni sevdiyim qıza oxşatdım,
Ya şəhər ağılsız, ya da mən dəli!
Bir dəyqə özümü sevindirməyə,
Sənin də abrına toxundum, bəli.
Səndən ayrılıram, bilirəm ancaq,
Əynindəki donu götürəcaqlar.
Bilmirəm bəlkə də oğlan paltarın,
Geydirib əyninə, toy tutacaqlar.
Bəlkə də bazardan, bazara köçüb,
Gözdən düşəcəksən, gic qalacaqsan.
Bilmirəm, sabahın heç kimsə bilmir,
Bəlkə də sevdiyim qız olacaqsan!..
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
Şnobel mükafatı laureatları elan ediləcək. Nobel yox a, Şnobel!
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Şnobel mükafatı “əvvəlcə gülməyə, sonra isə düşünməyə vadar edən nailiyyətlərə görə” təqdim olunur. Düzdür, bəzən Nobelin ən yaxşılara, Şnobelinsə ən pislərə verildiyi də təşviq olunur. Halbuki, bu, heç də belə deyil.
Shnobel-in rəsmi saytı xəbər verir ki, bir neçə günə növbəti laureatlar elan ediləcək.
Bizsə oxucuda bu mükafat barədə təsəvvür yaratmaq üçün əvvəlki ilin laureatları barədə bilgi vermək istəyirik.
Bu arada bir lətifə yadıma düşdü. Deyir, bir alim olur, 97 illik ömrünün 80 ilini ağcaqanadlarda qan təzyiqini necə aşağı salmaq üçün tədqiqatlara həsr edir.
Bax Şnobel təqribən bu cür alimlərə qismət olur. Elə Braziliya və Kolumbiyadan olan alimlərin tədqiqatları bu lətifənin qəhrəmanından guya çox fərqlənirlər ki? Onlar biıirsiniz nəyi tıdqiq ediblər? Əqrəb qəbizliyini!
Beləliklə, son laureatlar:
Sosiologiya üzrə:
İtaliyalı alimlər Alessandro Pluçino və Andrea Rapisarda Alessio E. Biondo ilə birgə "İstedad uğura qarşı: uğurlarda və uğursuzluqlarda təsadüfün rolu" adlı tədqiqata görə ikinci dəfə Şnobel mükafatını almışlar. Onlar əksərən uğurların ən istedadlılara deyil, ən şanslı olanları nəyə görə çatdığını riyazi şəkildə sübut etməyə müvəffəq olublar. On dörd il əvvəl Plucino və Rapisard birinci dəfə Şnobeli alanda da ortaya çox maraqlı bir tədqiqat qoymuşdular: İdarə və müəssisə rəhbərləri vəzifə pilləsinə əməkdaşları gördükləri xidmətə görə deyil, təsadüfi seçimlə, tutalım, püşkatma ilə seçərlərsə, bu daha effektiv olar.
Texniki təhlükəsizlik üzrə:
Bəli,Nobeldən fərqli olaraq Şnobel mükafatının belə bir nominasiyası da var, bu nominasiyada mükafat İsveç tədqiqatçılarına verilib. Onlar avtomobil qəzaları testləri üçün sığının manikenini hazırlayıblar. Sual edərsiniz ki, niyə bəs bu zavallı heyvanın? İş ondadır ki, bu Skandinaviya ölkəsində sığınların böyük populyasiyası qeydə alınmaqdadır və onlarla avtomobillərin toqquşması ciddi problemlər yaradır
Fizika üzrə:
Elmin ən vacib sahələrindən olan fizika üzrə laureatlar da fauna nümayəndələrini öyrənənlər olmuşdur. Çin, Böyük Britaniya, Türkiyə və ABŞ-dan olan iki qrup alim "ördəklərin sıra ilə, dəqiq sinxronluqla necə üzdüklərini" anlamağa çalışmışlar.
Tətbiqi Kardiologiya:
Bu sahə üzrə mükafat bir neçə ölkənin alimlərinin birgə tədqiqatları qazanmışdır. Mövzu bilirsiniz nə olmuşdur? İlk dəfə görüşən və bir-birinə ilk baxışdan aşiq olan cütlüklərin ürək döyüntüləri hansı səbəbdən sinxronlaşır.
Biologiya üzrə:
Bu nominasiyada Şnobel Braziliya və Kolumbiyadan olan alimlərə qismət olub, hansılar ki, quyruqlarının itkisinin və bunun nəticəsində baş verən qəbizliyin əqrəblərin hərəkət fəaliyyətinə təsir edib-etmədiyini öyrəniblər.
Ən nəhayət, ədəbiyyat üzrə:
Bu mükafatı hansısa bir yazıçıya deyil, bir qrup ədəbiyyatşünasa təqdim ediblər. Bu ədəbiyyatşünaslar hüquqi sənədlərin dilini çətinləşdirən nəsnələri tədqiq ediblər, həmin nəsnələr də “qeyri-ixtisaslaşdırılmış konsepsiyalar və pis məktublardır”.
Bəs sual oluna bilər ki, Nobel mükatafçıları 1 milyon dollar qazanırsa Şnobel mükafatçıları nə qazanırlar? 10 trilyon dollar! Şoka düşməyin. Söhbət Zimbabve dollarından gedir. Bütün qaliblərə "Özlərində olan bütün biliklərin saxlanması üçün zibil konteynerləri" və dünyanın ən dəyərsiz pul vahidi olan və dövriyyədən çıxardılmış 10 trilyon Zimbabve dollarını simvollaşdıran kağız silindrlər təqdim edilir.
Qeyd edək ki, Şnobel mükafatı və ya Ig Nobel mükafatı 1991-ci ildən Air elmi-yumoristik jurnalının redaksiyası (Annals of Improbable Research, "İnanılmaz tədqiqat salnamələri") tərəfindən təqdim edilir.
Yeri gəlmişkən, Şnobel başbilənlərinə bir ideya da biz verək. Bakı – Şamaxı yolunun Şamaxının vur-tut 10-15 evdən ibarət ucqar kəndlərindən birindən keçən hissəsinə qoyulmuş və milyonlara başa gəlmiş yolüstü piyada keçidinin ideya müəllifi də bu mükafata layiqdir. Deyilənə görə, son üç ildə bu keçiddən cəmi bir nəfər keçib. O da piyada yox, sürücü olub. Avtomobilini saxlayaraq keçidə qalxıb ki, orada selfi çəkdirsin.
Şəkildə: Şnobel mükafatı təsisçisi Mark Abrams 10 trilyon Zimbabve dolları və "məlumatların saxlanması üçün zibil konteyneri" ilə.
Fotonun müəllif hüquqları: Michael Dyer / AP
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
Şəhidlər barədə şeirlər - Mirzağa Əliyev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Mirzağa Əliyev
Mirzağa Əliyev 1996-cı il iyunun 15-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2002-2011-ci illərdə Xıllı qəsəbəsində R. Gözəlov adına 1 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Subay idi.
Mirzağa Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində leytenant hərbi rütbəsində taqım komandiri vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Mirzağa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzağa Əliyev oktyabrın 7-də Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan Ordusunun canlı qüvvəsini məhv edib, geri qayıdan zaman isə onun və döyüş yoldaşlarının olduğu Piyadanın Döyüş Maşını (PDM) ermənilər tərəfindən vurulub. Mirzağa Əliyev digər 2 döyüş yoldaşını maşından çıxarsa da, özü şəhid olub. Neftçala rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzağa Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Öncə bala, sonra şagird,
Daha sonra kursant oldun.
Min xəyalla, min arzuyla,
Oxuyub leytenant oldun.
Geyindin hərb paltarını,
Dəyər səndə dəyərləndi.
Anan sarıldı boynuna,
Atan baxıb fərəhləndi.
İkicə il keçdi belə,
Payız bitdi, qış başladı.
Dedilər müharibədir,
Dedilər savaş başladı.
Sən də qatıldın savaşa,
Qisas ilə alışırdın,
Mərmi yağış yağan yerdə,
Ön cəbhədə vuruşurdun.
Hər gün xəbərlər gəlirdi,
Biz tarixə iz salmışıq,
Hansı kəndlərə girmişik,
Hansı rayonu almışıq.
Sən savaşda dostlarını,
Tək qoymadın bircə an da.
İki dostu xilas etdin,
Şəhid olduğun zaman da.
Sən tarixsən, zəfər-zəfər,
Yazılmış kitab leytenant.
Yaşayırsan qəlbimizdə,
Əbədi, cənab leytenant.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Vahid Əzizin şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
VAHİD ƏZİZ,
Xalq şairi
ZƏFƏR MİLLƏTİMİN ALTUN TACIYMIŞ
Zəfər millətimin altun tacıymış,
özü yetməliymiş qisas zamanı,
həm savaş xəmiri çox acıyıbmış,
həm də müharibə acıymış hamı!
Görəndə şəhiddi nə cür igidlər,
qanları coşurdu mərd oğlanların,
hərbi hissələrə yeniyetmələr cumurdu –
“bizi də əsgər aparın!”
Yaralı tanıdım şirin qanıynan
udaraq söndürür qəlb acısını,
nişanın qaytarıb əsgər yollanan
sevdim neçə-neçə tibb bacısını.
Qaçqın nənələrin əli qaşında,
Yollara baxırdı – “nə oldu Şuşam?”,
Qonşuda bir ahıl – Doxsan yaşında,
döşünə döyürdü – “topçu olmuşam!”
Bu Zəfər millətin altun tacıymış,
Qələbə yetişdi Qırx dördcə gündə,
həm “savaş xəmiri” çox acıyıbmış,
millət müharibə “acıymış” həm də...
SƏN MƏNİM ƏBƏDİ QARABAĞIMSAN...
Yetişdin zirvənə, üçrəngli Bayraq!
Qarabağ – qəlblərdə atəşsən, odsan,
Dözdük hicranına alovlanaraq,
Düşmən elə bildi – “Unudulmusan”.
Qələbə gətirdi Bayraq özüylə,
Günü başlamaqda – “Vətən” sözüylə,
Yağı elə bildi “Cıdır düzüylə”,
Keflənib, hallanıb yerimək asan.
Dirçəldin – qəfəsdə quş olsan belə,
Həsrətli gözlərdə yaş olsan belə,
Bir şeyi bilirəm – daş olsam belə,
Qarabağ, köksündə ərimək asan!
Qurtardıq – Sərsəngi, əsir Tərtəri,
Ordunun dizində millət təpəri,
İndi “Xarıbülbül” adlı gülləri,
Doğma öpüşlərə bürümək asan.
Qarabağ, yenə də bəxtəvər görün,
Közərir kül tutmuş közün, kömürün,
Ötəri olsa da cahanda ömrüm,
Sən mənim əbədi Qarabağımsan...
MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN
Mənə yüz il ömür arzulamayın -
Xəzan yarpağıtək qovmasın külək,
Gözlərim görsə də, ayağım - əlim
Əsalı olanda dayansın ürək.
Mən yüz il ömür arzulamayın -
Bu qədər yaşayan hansı çiçəkdir?!
Mən yaşda qalmırsa taytuşum-tayım,
Qurdnan qiyamətə qalmaq deməkdir.
Mənə -" Yüz il yaşa" - deməyin, dostlar,
Yerişim, gülüşüm, səsim itməsin,
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin.
Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim,
Qapı - pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim.
Tanrıdan bir ömür diləyin mənə,
Taleyim sevgiylə baxsın üzümə,
Görsün yad payına şərik deyiləm
Gərək olmayanda özüm-özümə,
Deməli heç kəsə gərək deyiləm!
Sağlıqlar deyəndə hərdən şənimə,
Nə özüm kövrəlim, nə sizə gülüm,
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim.
Mənə yüz il ömür arzulamayın -
Ləyaqət, təmiz ad atıb getməsin
Dünyaya qalacaq malı dünyanın -
Karvanın lənətə batıb getməsin
Mənə yüz il ömür arzulamayın...
HƏKİMƏ MƏKTUB
Həzin bir nəğmədir ürəyimdəki,
elə hey çağlayar, elə hey daşar,
yarsan-ürəyimdə asta gəz, həkim,
birdən bıçağına arzum dolaşar.
Ovcuna çilənsə, qorxma, qan deyil-
billur bir sevdadır axar sinəmdən,
mənim ki ürəyim damardan deyil,
asılmış bir qızın hörüklərindən!
Çətin ki qəlbimi görərsən, həkim,
bürünmüş guman ki, dumana, çənə,
guman ki, yaram da köhnəldiyindən
köhnə bir tanıştək yad gələr sənə.
Bəlkə ağlayarsan, həkim, yenə də,
doğrayıb-qırarsan barmaqlarını,
həkimlər-hər dəfə insan oləndə,
itirər əlinə etibarını…
YADIMA DÜŞÜR
Payızın eyvana dəyir qədəmi.
Nəmli məhəccərdən əlim sürüşür.
Dibçəkdə soluxan qızıl gül kimi,
Səni gözlədiyim yadıma düşür.
İndi xatirələr qalxır eyvana
Soyuq varlığımı bürüyə bilmir.
Çiskindən, dumandan, qəmdən o yana
Sənli xatirələr yeriyə bilmir
Yerdən çox hündürdə keçdi illərim.
Qəlbinə gah uzaq, gah yaxın oldum.
Hələ də məhbusdur, xatirələrim.
Mən sənin bir eyvan dustağın oldum.
O, qədər giley var bu qapılarda.
Hər elçi bir təzə yar gətirərdi.
Bir çinar mən qədər dursaydı, burda.
Bəlkə də həsrətdən bar gətirərdi.
Payızın eyvana dəyir qədəmi.
Nəmli məhəccərdən əlim sürüşür
Dibçəkdən boylanan qızıl gül kimi.
Səni gözlədiyim yadıma düşür...
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 19. Kitabxana işi haqqında qanun
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
19.
KİTABXANA İŞİ HAQQINDA QANUN
Kitabxana işi haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə görə, kitabxanalar aşağıdakı vəzifələri həyata keçirməyə borcludurlar:
1.Cəmiyyətin hazırkı mənəvi təlabatını yaxşı bilmək, ona uyğun olaraq öz fondunu komplektləşdirmək.
2.Mövcud və yeni kitabxanaların varlığı haqqında əhaliyə müntəzəm məlumat vermək.
3.Bütün klassik və müasir təbliğat üsullarından istifadə etməklə kitab təbliğatını həyata keçirmək.
4.Əhalinin mütaliə səviyyəsini həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə tədqiq etmək və onun yüksəldilməsinə çalışmaq.
5.Kitabxanaya oxucu gəlişini, eləcə də kitabxanaların cəmiyyətin həyatında yaxından iştirakını artırmaq.
Növbəti: 20.Uşaq kitabxanalarına diqqət artır
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
“İspan xalq nağılları” kitabı məktəblilər üçündür
Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı nəfis tərtibatlı, rəngli illüstrasiyalı “İspan xalq nağılları” kitabını nəşr edib.
Mərkəzin yaydığı məlumata görə, məktəblilərin mütaliəsi üçün nəzərdə tutulan kitaba dostluq, sədaqət, mərhəmət kimi mövzuları əhatə edən “Qara quzu”, “Xəlifə və çoban”, “Xuan Arrada”, “Yaralı aslan”, “Xilaskar torağay”, “Şahzadə və dilənçi”, “Şair və xəlifə”, “Xəsis dəyirmançı” kimi ibrətamiz məzmunlu nağıllar daxil edilib.
Nağılların ispan dilindən tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, redaktoru Selcan Abasovadır.
Kitabı yaxın günlərdə kitab evləri və mağazalarından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
“Ədibin Evi” Bilik Gününü “üç əsrin şahidi” olan məktəbdə qeyd edib
Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın İçərişəhərdəki yaşadığı ünvanda yaradılan “Ədibin Evi”nin təşəbbüsü ilə Bilik Günü Bakının ən qədim məktəblərindən biri- Sabunçu rayonunda yerləşən “üç əsrin şahidi” kimi tanınan 67 nömrəli tam orta məktəbdə qeyd edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə “Balakhanı Operating Company LTD”nin dəstəyi ilə məktəblilərə Azərbaycan və dünya ədiblərinin klassik əsərlərindən ibarət kitab kolleksiyası ayrıca guşə şəklində hədiyyə olunub.
Guşənin açılış mərasimindən sonra yuxarı sinif şagirdləri ilə keçirilən açıq dərsdə bir sıra natiqlər biliyin gənclərimizə açacağı parlaq yollardan bəhs ediblər.
“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva deyib: “Kitab yeganə hədiyyədir ki, verdiyi bilikləri ömür boyu içimizdə daşıyır, təkrar-təkrar istifadə edir, tükətmirik. Məhz onların hesabına hər bir insan istənilən arzu və xəyallarını gerçək edir”.
“Balakhanı Operating Company LTD”nin prezidenti Rövşən Rzayev isə təhsilin Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi olduğunu vurğulayıb: “67 nömrəli orta məktəb bunun təcəssümüdür, çünki məktəb XIX əsrin sonunda keçirilən Neft Sənayeçiləri Qurultayında Balaxanı-Sabunçu-Ramana neft mədənlərində işləyən fəhlələrin uşaqlarına təhsil vermək üçün 1897-ci ildə açılıb”.
Abşeronun ən qədim qara neft mədəni olan Balaxanı ilə məktəb arasında müqayisə aparan Rövşən Rzayev əlavə edib ki, hər iki təsisatın divarları Vətənimizin tarixini yaşadır. Onun irsini yaşatmaq isə təhsilli gənclərimizin üzərinə düşür.
Şirkətin prezidenti fəaliyyətlərinin “sosial məsuliyyət” istiqaməti çərçivəsində yerli icmaya xidmət edən bu məktəbə daim dəstək göstərəcəklərini qeyd edib.
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova isə “üç əsrin şahidi” məktəbinə Təhsil Nazirinin salamlarını çatdıraraq icmada fəaliyyət göstərən şirkətlərlə məktəblər arasında əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib. O xatırladıb ki, şagirdlərimizin keyfiyyətli təhsil alması yalnız məktəbin üzərində düşməməli, icmanın da paylaşdığı öhdəlik olmalıdır.
Açıq dərs şagirdlərdən sual-cavab sessiyası ilə davam edib. Yuxarı sinif şagirdi Cəmil Şirinov ingilis dilində yazdığı “Old Chap Rudy” kitabını qonaqlara hədiyyə edib.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
Musiqili Teatr Brestdə uğurla çıxış edib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Aysedora” (Z.Saqalov) mono tamaşası Belarus Respublikasının Brest şəhərində keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. Belarus, Danimarka, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrinin iştirak etdiyi ənənəvi festivalda ölkəmizi Musiqili Teatrın aktrisası Olqa Georgiyeva təmsil edib.
Bu barədə AzərTAC-a Musiqili Teatrdan bildirilib.
Brest Akademik Dram Teatrının səhnəsində sürəkli alqışlarla qarşılanan “Aysedora” festivalın təşkilatçıları tərəfindən laureat diplomuna layiq görülüb və həmin mükafat tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyevə təqdim olunub.
Qeyd edək ki, bu beynəlxalq tədbirin ötənilki layihəsində Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev münsiflər heyətinin üzvü qismində iştirak edib, eyni zamanda, Əməkdar artist Şövqi Hüseynovun ifasında Musiqili Teatrın bir çox nüfuzlu beynəlxalq teatr layihələrində mükafatlara layiq görülmüş mono tamaşası – "Utancaq qız" (F.Dostoyevski, rejissor Cənnət Səlimova) oynanılıb.
“Ədəbiyyat və incəsəsnət”
(17.09.2024)
Mədəniyyət Nazirliyi əməkdaşları görkəmli pianoçu Elmira Səfərovanın məzarını ziyarət ediblər
Ötən gün görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın anadan olmasının 90-cı ildönümü tamam oldu.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu münasibətlə nazirliyinin rəsmiləri, mədəniyyət xadimləri, sənətkarın yaxınları II Fəxri xiyabana gələrək Elmira Səfərovanın xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov pianoçunun yaradıcılığından söz açıb, onu adının musiqi tariximizdə əbədi yaşayacağını deyib: “Elmira Səfərovanın yetirmələri bu gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər. Tələbələri dünyanın bir çox ölkələrində çıxış edərək Azərbaycan musiqisinin təbliğinə öz töhfələrini verirlər”.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Məmməd Quliyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kafedra müdiri Əməkdar artist, professor Samirə Aşumova və başqaları çıxış edərək Elmira Səfərova ilə bağlı xatirələrini bölüşüblər.
Sonda sənətkarın ailə üzvləri adından çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Elmira Səfərovanın xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Xatırladaq ki, Elmira Səfərova 1934-cü il sentyabrın 16-da məşhur mühəndis-neftçi, iki dəfə Dövlət mükafatı laureatı Yusif Səfərovun ailəsində doğulub. Elmira xanım uşaqlıq dövründən musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) nəzdindəki musiqi məktəbində alıb. K.Səfərəliyeva, T.Qruşko, L.Yeqorova kimi görkəmli pedaqoqlardan ifaçılığın sirlərinə yiyələnib. Məktəbi başa vurduqdan sonra, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (professor M.Brennerin sinfi) qəbul olunub. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında davam etdirib. Musiqi ifaçılarının I Zaqafqaziya müsabiqəsində (1960) laureat adını qazanıb.
1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayan E.Səfərova respublikamızda musiqi sənətinə və fortepiano ifaçılığı üzrə peşəkarların hazırlanmasına böyük töhfələr verib. O, sonralar məşhurlaşan və bu gün pianoçu kimi Azərbaycan musiqisini uğurla təmsil edən bir çox ifaçıların müəllimi olub.
E.Səfərova pedaqoji fəaliyyəti ilə yanaşı, konsertlərdə də solo və ansambl ifaçısı kimi çıxış edib. 1995-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil etdiyi klassik və müasir musiqi festivalı böyük maraqla qarşılanıb.
Görkəmli pianoçu 1997-ci ildə pedaqoji fəaliyyətinin və yaradıcılığının parlaq çağında dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)