
Super User
Oğurlanan şamdanlar, “dirilən” adamlar...
“Ədəbiyyat və incəsənət” portalı Pərvanə Bayramqızının “Oğurlanan şamdanlar, “dirilən” adamlar...” adlı yazısını təqdim edir.
Oğurlanan şamdanlar, “dirilən” adamlar...
Mətnə başqa bir ad da vermək olar – ““Mumu”dan dərs almayanlar...”
Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” əsərinin “Karokep” hissəsində adamı riqqətə gətirən epizod var. Həmin hissəni oxuyanda oxumağa fasilə verir, düşünürsən: “İlahi, vicdan hissini oyatmağın necə gözəl yolları varmış. Vicdanlısansa, oxuduğun qəlbini təzədən gözəlləşdirəcək, düşüncənin dərin qatlarına enəcəksən”.
Finlandiyada quldurluğu ilə insanları həyəcanlandıran Karokep adlı şəxs cinayətkarlıqda ad çıxarır. Onu ruhi xəsətəxanaya salsalar da, oradan qurtula bilir. Uşaqlıqda olduqca məsum, həssas olan qulduru cinayətlər törətməyə təhrik edən cəmiyyətin çirkabı olur. Yanında işlədiyi tacirin malını kəndlilərə paylayıb özünü də kötəkləməyinə səbəb tacirin tərəzidə fırıldaq edib insanları aldatmasıdır. O, insanların tamahkarlığını, ədalətsizliyini, yalan danışmaqlarını qəbul edə bilmir. Qəzəb, nifrət hissi onu qatilə çevirir. Sonda isə keşişin təsiri ilə cinayətdən çəkinib doğru yola qayıdır. L.Tolstoyun təbirincə desək, dirilmə bir gecənin içində baş verir.
Quldur ruhi xəstəxanadan qaçıb yaraladığı keşişin yanına gəlir. Keşiş onu içəri buraxanda ona sual verir ki, sizi yenə öldürə biləcəyimdən qorxmursunuzmu? “Qorxmuram”, – deyir keşiş. Quldur səbəbini soruşanda verdiyi cavab oxucunu təsirləndirir: “Gözləri belə olan insanlar heç vaxt kimisə öldürməzlər”.
Quldur:
– Mənim gözlərim necədir?
Keşiş:
– Hüznlü. Dərin kədər var içində.
Keşiş rəftarı ilə quldurun içində közərən işığı üzə çıxarır, üfürüb alovlandırır. Quldur ağlayır, diz çöküb üzr istəyir. Keşişin təsiri ilə yenidən uşaqlıqdakı kimi saflaşmağa can atır. Nəticə həssas oxucuların ürəyincədir. Cinayətkar üç övladına mükəmməl təhsil verən ataya çevrilir.
Toyuğun cücələrini qanadı altına yığıb saxladığını görəndə qatilin qolları boşalıb silahı əlindən düşərsə, dünyanın düzələcəyinə inamımız artar. Onda müharibə də olmaz. Necə ki, bu mənzərə laqeyd qarşılanıb, sadəcə ev quşunun adi günlərindən biri kimi dəyərləndiriləcək, bəşəriyyət çox bəla çəkəcək.
Kədərin hikməti var. Həddən çox eyforiya vecsizliyə aparır. Kefcillik milləti özünüdərkdən uzaqlaşdırır. Kədər insanı özünü dərk etməyə sövq edir.
Mahiyyəti eyni olan başqa bir əsərdən göstərəcəyim nümunə də hissiyyatsız insanlarda bayılmış vicdan üçün naşatır spirti effekti verəcək.
Oğurluğa düşən kişi ilə ev sahibi qadının dialoqu:
Qadın:
– Bir az da qalın, söhbət edək. Elə maraqlıdır ki, istəyirəm, izah edəsiniz nə üçün oğurlamaq – sizə çatası şeyi götürməkdir?
Oğru səmimiyyətlə həyatını danışır. Oxucuya məlum olur ki, o, əslində, öz haqqı olanı istəyir. (Əhatəli yazmayacağam, əsəri tapıb oxuyun. Aşağıda adını qeyd edəcəyəm). Qadın dinləyir. Qəfildən xidmətçilər otağa daxil olurlar. Oğru Lyük qadından nə vaxt zəng etdiyini soruşur. O, zəngin düyməsinin stolun altında olduğunu deyir. Özünün səmimiyyəti, qadının hiyləgərliyi onu təəssüfləndirir. Əslində, yardım istəmək zərərçəkənin haqqıdır, amma oğrunun izahına və rəftarına görə bu hərəkəti tədbir yox, hiyləgərlik saymaq olar. Qadın tapançanı onun əlindən almağa nail olsa da, öldürə bilmir. Oğrunun sözlərinin təsirindən cəsarətini itirir. İnsanı mənən öldürmək cismən məhv etməkdən asandır. Qadının hiyləsi artıq oğrunu mənən öldürür, səmimiyyətə inamını itirir. Yazıçı cismani ölümü ona qıymır. Bəlkə də, qadını qatil etmək istəmir. Cek London “Martin İden”də qadının bir kişini mənən öldürdüyünün əvəzini burada – “İnsan öldürmək” hekayəsində çıxmağa çalışır. Ruf Martini mənəvi boşluğa itələmişdi. Oradan xilas ola bilməyən Martinin intiharı seçməsində əsl günahkar Ruf idi, amma ona cinayət işi açmaq mümkün deyil. Mənəviyyat qatilləri məsuliyyətdən azaddırlar, ona görə istədikləri şəraitdə qurbanlarını istədikləri rəftarla, sözlə məhv edə bilirlər. Yazıçı hekayədə qadına cəsarətsizlik verib oğrunun səmimiyyətinə təslim edir. İnsanı mənən diriltmək, yenidən həyata qaytarmaq onu öldürməkdən çətindir. Lev Tolstoyun “Dirilmə”si də mövzuya gözəl nümunədir. O qədər böyük əsərdir ki, özünü ayrıca təhlil etməyə ehtiyac var. Orada kişi keçmişdə buraxdığı səhvi düzəltməklə özü özünü dirildir, qadını da xilas edir. Jan Valjanı xatırlamaq da təbiidir. Yepiskopun gümüş şamdanını oğurlasa da, şamdan sahibi onu bağışlayır. Bundan sonra Valjan tövbə edib ləyaqətli adam olur.
Xatırlamağa çalışaq: neçə gözə kədər, neçə qəlbə ümid, inam vermişik? Hesabatını aparıb, xəcalət çəkib, yaxud məmnun olmuşuqmu? Neçə qulduru bağışlayıb vicdan hissini oyatmışıq? Neçə səhv sahibini cəmiyyətə qaytarmışıq? Bir insanı doğru yola qaytarmaqla müqayisədə nəinki gümüş, heç qızıl şamdanın da dəyəri yoxdur. Sağlam mənəviyyata zərbə vuranların sayının azalması üçün ən gözəl əsərlərin oxunması, yazılması vacibdir. Ədəbiyyatın tərbiyəedici funksiyasına inanıram. Şamdanımız oğurlansa da, təki kimisə mənən dirildək. Onda bütün əşyalarımız özümüzdə qalacaq.
Elə buradaca özümün fikrini təkzib edən ötənilki paylaşımımı xatırladım: ““Mumu” Putinin ölkəsində yazılıb”.
Pessimistlik olmadı ki?
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
“Qırmızı zolaq” - Adəmin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Adəmin hekayəsi təqdim edilir.
Bu qədər gərgin, narahat, damarları şişkin olmasının səbəbi gördüyü yuxu idi. Yenicə gözünü yumsa da, real aləmdən qopmuşdu.
Yuxusunda yenə də son günlərdə dəfələrlə təkrarlanan həmin üçlük idi. 6 yaşlı özü, 44 yaşlı atası və qara inək. Bu üçlüyün arxasında başqa 10-15 inək və buzov, həmçinin qardaşları da var idi.
Onları aydın seçə bilmirdi. Nə üzləri dəqiq xatirində idi, nə də heyvanların rəngini ayıra bilirdi. Sanki qarşıdakı üçlüyə şəffaf, arxadakılara isə buzlu şüşədən baxırdı. Nəsə olduğunu bilirdi, görürdü, amma detallar aydın deyildi. Yəqin detallar heç özünə də maraqlı gəlmirdi.
Atası əlində iri ağacla heyvanları sağdan-soldan hürküdür, onları tövləyə tərəf gətirirdi. Özü də ən qabağa qaçır, tövlənin qapısını içəridən açır və yenidən heyvanların arxasına keçirdi.
Heyvanlar tövləyə girir, əsas qapı bağlanır, atası su istəyir, çomağını əlinə alıb tövləyə girir...
Özünü yuxudan oyatmaq üçün çalışdı və buna nail oldu. Son illərdə özünü yaxşı tərbiyələndirmişdi. Qorxulu yuxu görəndə, yaxud sıradan bir yuxu birdən-birə korlananda tez özünü oyadırdı. Yenə də işə yaramışdı. Sağa-sola baxdı, heç kimi narahat etməmək üçün yenidən başını yastığa qoydu. Həm maykasının, həm yatdığı hissədəki döşəkağının, həm də yastıqüzünün tərdən islandığını gördü. "Həll yolu axtarmağın vaxtı deyil" düşünüb, ayağına dəyən ağ əsgini dartdı, kürəyinə qoydu.
Yuxuda gördüklərinin gerçəyini xatırladı. "30 il əvvəlki hadisələri niyə hər gün görür?" deyə düşündü.
*
Biçinə bir aydan az vaxt qalmışdı. Hər gün səhərdən-axşama kimi üç qardaş əkinin yanında keşik çəkirdilər. Buna manqurt əməyi də demək olardı. Çünki hər üçünün başı keçəl, papaqsız, susuz, dörd-beş saat qırx-qırx iki dərəcə günün altında qalmaq elə manqurtun dözə biləcəyi bir iş idi. Səhər yeddidən on ikinin yarısına kimi böyük qardaş, on ikinin yarısından dördə kimi ortancıl qardaş, dörddən səkkizə kimi o dayanırdı. Səkkizdən sonra üçü də əkin sahəsinə gəlirdi. Çünki işin ən vacib hissəsi burada idi. Kənddə inək, mal-qara sahibi olanlar heyvanları naxıra göndərirdilər. Axşam dönüş vaxtı bu heyvanların bir hissəsi sahibi tərəfindən evə aparılır, sahibi gəlməyənlər isə əkinə, bağa, bostana hücum çəkirdilər.
Bu dəfə atası da gəlmişdi. Son günlər olduqca əsəbi idi. Demək olar ki, hər gün eyni adamların eyni mal-qarası onun əkin sahəsində qarnını doyurmağa çalışırdı.
Bu gün əlinə aldığı yekə çomağını görəndə qonşuluqdakı yaşlı kişi:
- O ağac nədi? Yoxsa, Qaraca Çobanlığa başlamısan? - soruşdu.
- Arvaddöyən ağacımdı, - deyib şaqqanaq çəkərək güldü, sanki bir az əvvəl əsəbdən qıpqırmızı qızaran adam deyildi.
Və oğlanların heç biri bu sözə nə daxildən, nə də səsli reaksiya vermədilər. Əlbəttə, bu ağacla heç vaxt anaları döyülməmişdi, amma zarafat o qədər iyrənc idi ki, 30 il sonra belə onun ürəyini bulandırırdı.
Sonra bağa tərəf yaxınlaşan mal-qaranı qarşılarına qatdılar. Sürə-sürə həyətə kimi gətirdilər. Tövləyə saldılar. Yarım saatdan sonra bir-bir heyvanların sahibləri gəldi. Kimisi boynubükük, kimisi aqressiv, kimisi də vecsiz. Hamısı öz heyvanını götürüb getdi. Onun atası nə vəzifə sahibi idi, nə də güc. Sadəcə, 3-4 hektarlıq torpağını qoruyan bir kəndli idi. Camaat da ona bir söz demirdi, evdəkilər də. Asırdı-kəsirdi, qışqırırdı, sakitləşirdi, yatırdı-dururdu. Beləcə günü-günə calayıb əkinin biçiləcəyi günü gözləyirdi.
*
Neçə gün idi yuxuları düzəlmişdi. "Düzəlmişdi" dediyim başqa şeylər görürdü. Başını (və yuxularını) qatmaq üçün hər gün ən azı iki filmə baxırdı, səsli kitaba qulaq asırdı. Faydası da olurdu.
Axırıncı dəfə Okan Bayülgenin səsi ilə "Satranç"a - Zvayqın "Şahmat"ına qulaq asmışdı. Elə həmin gecəni də özü ilə şahmat oynamışdı. Amma elə ki, bütün günü yollarda qaldı, həmin gecədəcə qara inək gəldi.
Qara inək bu dəfə çox böyük idi. Qeyri-adi nəhənglik deyildi bu, sadəcə, qarnı şişmişdi, boğaz idi. Boğaz, yəni hamilə, yəni qarnında balası var idi.
Qardaşları ən arxada görünürdülər. Bir az irəlidə 6 inək, atası - əlində çomağı və ən öndə qara inək. İnəyin dərisindəki tükləri alnından quyruğuna qədər qapqara idi və parıldayırdı. Gözləri də, burun dəlikləri də qara idi. Əgər bu inək inəklərin gözəllik müsabiqəsinə qatılsa, dəqiq birinci yer olardı. Hamiləlik də ona çox yaraşmışdı. Bel sümüyünün altındakı boşluq dolmuşdu, bədənində bütün keçidlər ideal idi. Sanki peşəkar dizayner hazırlamışdı onun fiqurasını.
6 yaşında uşaq yenə qabağa qaçdı. Tövlənin qapısının açılması onun məsul vəzifəsi idi, heyvanlar içəri girdilər. Atası su istədi. Çomağını götürüb tövləyə girdi. Əlini və əlindəki ağacı yuxarı qaldırdı, endirmədən yuxudan oyandı. Nəfəsinin az qala kəsildiyini gördü, yerindən qalxdı, eyvana çıxdı. Havanı acgözlüklə ciyərlərinə çəkdi. "Kaş siqaret çəkən olaydım", - deyə düşündü. "Bax, əsil onun havasıdır. Görəsən, doğrudan da, siqaret belə şeyləri unutmağa kömək edir?" - özünə sual verib bir saatdan çox çöldə qaldı.
*
Kombaynlar kəndi 2 ay idi ki, tərk etmişdilər. Artıq hər kəsin buğdası, arpası evində, anbarında idi. Gələn ilin toxumluğu ayrılmış, dəyirmana göndəriləcəklər işarələnmiş, qalanı da müştərisini gözləyirdi. Bu qədər əziyyətin qarşılığında 6666 kq buğda əldə etmişdilər. Hətta son 6 kq düzəlsin deyə yerdəki tozu, zibili də son kisəyə doldurmuşdular.
Amma nə buğdanın çəkisi onların vecinə idi, nə də zəhmətləri. Heç gələn il əkin əkmək barədə fikirləri də qəti deyildi.
Səbəbini bilirdilər. Özləri bilirdilər. 3 qardaş da bilirdi, digər ailə üzvləri də bilirdi. Bilirdilər ki, sahibi qara inəyin balasını götürüb. Doğa bilməyib, baytar gəlib balanı inəyin qarnından dartıb çıxarıb - ölü balanı.
Balanın niyə öldüyünü də yalnız onlar bilirdilər.
*
Neçə gün idi ki, nəinki yuxularında, heç oyaq vaxtında belə qara inəyi düşünmədən dayana bilmirdi. Gözünü yuman kimi qara inəyin qara gözləri parıldayırdı. Əvvəl psixoloq yanına getməyi bildirdilər, getdi, dərdini danışdı. Psixoloq 3 seansdan sonra yaxşı tövsiyə verdi: kəndə get, atanın qəbri üstündə "Quran" oxutdur. Keçib gedəcək.
Ertəsi gün yola çıxdı.
3 saatdan sonra gəlib qəbiristanlığın qarşısında dayandı.
Qapını açmaq üçün 5-6 dəqiqə əlləşdi. İçəridən bir, çöldən başqa cəftə ilə bağlamışdılar.
Qapıdan 100-120 addım qabaqda idi atasının məzarı. Məzarlığın ən hündür başdaşılarından birini də atası üçün düzəltdirmişdilər.
Qapını içəridən bağladı, geri dönüb addımlamağa başladı. Atasının məzar daşının tərpəndiyini gördü. Məzar daşı yavaş-yavaş irəli-geri gəlirdi, sanki kimsə onu aşırmağa çalışırdı. Qaçmağa başladı.
Məzar daşının betonunun qırılma səsini eşitdi. Var gücü ilə qaçıb özünü daşın yanına yetirdi. Daş düz ayağının dibinə aşdı.
Daşı aşıranı da o an gördü, gördü və tanıdı. İki parıldayan göz, qapqara tüklər.
Və bel sümüyündən sola doğru qırmızı bir zolaq. Çomaqla vurulan neçəncisə zərbəsinin yeri.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
Adamı ağladan “Ayrılıq”…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Altmış səkkiz il bundan qabaq dünya bambaşqa idi. O vaxtlar sovet ittifaqı kommunist partiyası mərkəzi komitəsinin baş katibi Nikita Xruşşov dünyaya meydan oxuyurdu. Dünya isə, iranlıların sözü olmasın, ŞURƏVİDƏN qorxurdu. Yeri gəlmişkən, o vaxtlar İranda feodalizmin tüğyan etdiyi dövrlər idi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvi İranda at oynadırdı...
Ölkənin Təbriz şəhərinin Çərandab məhəlləsində Qulu adlı bir kişi isə zövcəsi Xədicəsultan xanımla birlikdə zəmanənin çətinliklərinə sinə gərərək övladlarını böyüdürdü. Ailədə yeddi uşaq- üç qız, dörd oğlan vardı. Bu gün sizə həmin oğlanlardan biri- Yaqubdan söhbət açmaq istəyirəm...
Necə deyərlər, Yaqub çox fərasətli uşaq idi. Təhsilə maraq göstərər, zirəklikdə tay-tuşlarından geri qalmazdı. Gözəl avazı, məlahətli səsi onu məhəllənin sevimlisi etmişdi. Yeddi yaşı olanda Qulu kişi onu Fərvərdin Mədrəsəsinə aparıb adını şagirdlər siyahısına yazdırdı. Tezliklə təhsil almağa başlayan Yaqubun sevincinin həddi-hüdudu bilinmirdi. Qarşıda onu gözləyən uğurlardan hələ xəbərsizdi...
İllər ötdü. Bir gün onu Təbriz televiziyasının uşaqlar üçün proqramına dəvət etdilər. Oxuduğu "Cücələrim" mahnısı ilə Azərbaycan, eləcə də İranda dillər əzbəri olanda özünü kəşf etməyə başladı. Çox keçmədən xalq və bəstəkar mahnılarıyla tanış olan və məharətlə ifa edən Yaqub on beş yaşında Təbrizin Milli Televiziyasında "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə" və "Dilbər" mahnılarını oxudu. Sonra Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi...
1979-cu ildə İranda baş verən xalq inqilabından bir il sonra Almaniyaya köçən Yaqub Zurufçu öz musiqi təhsilinə Hamburq şəhərindəki universitetlərdən birində başlayıb. Oranı vokal sənəti üzrə bakalavr kimi bitirərək, daha sonra ABŞ-ın Florida ştatının Mayami Universitetində magistr dərəcəsinə yiyələnib...
1989-cu ildə mərhum xalq artisti Gülağa Məmmədov Almaniyda səfərdə olarkən Yaqub Zurufçunun “Ayrılıq” mahnısını əks etdirən, həvəskar kamera ilə çəkilən klipi görüb heyrətlənir və həmin klipin videosurətini Azərbaycana gətirib televiziyada yayınlanmasına nail olur. Çox keçmir ki, Gülağa Məmmədovun dəvəti, “Vətən Cəmiyyəti”nin dəstəyi ilə Yaqub Zurufçu ilk dəfə Azərbaycana gəlir...
O, ABŞ vətəndaşı olmaqla bərabər, 2009-cu ildən həm də Azərbaycan Respublikasının vətəndaşı idi. "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülmüşdü...
Deyirdi ki,- “Bir müğənni gün ərzində neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir, amma o müğənni düşünməlidir ki, bu insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və gözəl mahnılarla dinləyicinin zövqünü oxşamalıdır”...
Heyf, 2021-ci il sentyabrın 14-də, 65 yaşında ikən amansız ölüm onu bizdən ayırdı…
“Fikrindən gecələr yata bilmirəm,
Bu fikiri başımdan ata bilmirəm.
Neyləyim ki, sənə çata bilmirəm?
Ayrılıq, ayrılıq - aman ayrılıq,
Hər bir dərddən olar, yaman ayrılıq.”
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində İspanaqli can əti qızartması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə İspanaqli can əti qızartmasının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Can əti – 159 qr
§ İspanaq – 100 qr
§ Quzuqulağı – 50 qr
§ Soğan – 30 qr
§ Keçi pendiri – 50 qr
§ Kərə yağı – 30 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ qatıq – 50 qr, sarımsaq – 2 qr, meyvə turşusu – 50 qr
HAZIRLANMASI:
Can əti 30-35 qramlıq kvadrat şəklində doğranır. Yağda qızardılır, sonra soğanlar kvadrat şəklində doğranır, ətlə birlikdə tovlanır. Göyərtilər ayrıca tavada qızardılır. Bütün ərzaqlar bir tavaya yığılır, duz, istiot, ədviyyat vurulur və qarışdırılır (tovlanır). Son- ra keçi pendiri sürtkəcdən keçirilir, xörəyin üzərinə əlavə olunur. 200°C- də 10-25 dəqiqə müddətinə bişirilir. Yanında sarımsaqlı qatıq, meyvə turşusu (məti) verilir.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
Gənclər Kitabxanası təklif edir: Frensis Skott Fitscerald, “Cənnətin bu tərəfində”
26 mart 1920-ci ildə bu roman “Cənnətin bu tərəfində” adı ilə işıq üzü görərək ona şöhrət qazandırır. Frensis Skott Fitscerald bir çox əsərlərin “Böyük Getsbi” (1922-1924), “Gözəllər və lənətlənmişlər”, avtobioqrafik səciyyəli “Gecə zərifdir” və s. romanların, “Caz əsrinin hekayələri” adlı hekayələr toplusunun müəllifidir.
Kitaba müəllifin “Ağır sınaq”, “Bencamin Battonun qəribə əhvalatı”, “Buz sarayı”, “Dəvənin arxası”, “Ədabaz Martin-Cons və “Uels şahzadəsi”, “İsti və soyuq qan”, “Küləyə düşmüş ailə”, “Dəniz qulduru” və “Saxsı və çəhrayı” əsərləri daxil edilib.
Bu kitabı oxumaq üçün Cəfər Cabbarlı adına Gənclər kitabxanasına yaxınlaşa bilərsiz.
Kitablar 10 gün müddətinə oxuculara verilir.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
“Elm və sənət cəmiyyətin ruhunu formalaşdıran ən güclü vasitələrdən biridir” Derya Berrak
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfə Derya Berrak xanımla tanış olacaqsınız…
-Salam Derya Berrak xanım! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.
- Mənim bir tərəfim elmə, digər tərəfim isə sənətə həvəslə doludur. Elm zaman və məkanın davamında həqiqəti axtararkən, sənət öz rəngləri ilə səssiz divarları danışdırır. Bu iki sahənin notları arasında dolaşan melodiyaları ədəbiyyat vasitəsilə təsvir edirəm. Qazıntılar vasitəsilə keçmişin izlərini axtaran bir arxeoloq və sosioloq olaraq həyatda məhsuldar olmağın, yeni baxış bucağı qazanmağın və bir pərdə açmağın həyəcanını yaşayıram.
Bir pedaqoq kimi istər qələmin gücündən istifadə edərək, istərsə də keçmişin dərinliklərindən gələn məlumatlarla insanların hüquq və ümidlərinin səsi olmaq istəyirəm. Elm və sənət cəmiyyətin ruhunu formalaşdıran ən güclü vasitələrdən biridir və mən bu alətlə daha ədalətli və azad dünya üçün çalışmaq istəyirəm. Akademik biliklərimi küçə təcrübələri ilə birləşdirərək daha yaxşıya və daha gözələ nail ola bilmək üçün istehsal etməyi sevirəm.
Nəşr edilmiş 13 kitabım var. “Yazşader” Yayınları tərəfindən bu il nəşr olunan “Türk Kadının Temsili” adlı kitabımda qadınların gücündən, onların təmsilçiliyindən və müdafiə mübarizəsindən bəhs etdim və bu kitabı vətəndaş cəmiyyətində bərabərlik və ədalət uğrunda cəsarətlə mübarizə aparan bütün qadınlara həsr etdim. Əlavə olaraq, “Cinius” Nəşrləri tərəfindən nəşr olunan “Güç ve Kimlik”: “İktidar Karşısında Benlik” kitabım yenicə nəşr olundu. Bu kitabı gücün kölgəsində kimliyini itirməyən, öz işığını tapmaq üçün hər zaman cəsarətli bütün ruhlara həsr etdim. İnanıram ki, güc qarşısında kim olduğumuzu sorğulamaq əslində bizi daha güclü edə bilər. Ümid edirəm ki, bu kitab oxuculara öz güc və şəxsiyyət səyahətlərində bələdçilik edərkən, eyni zamanda bəşəriyyətin ümumi mübarizəsinə işıq salacaq. Təbii ki, bura həm də populizm və demokratiya anlayışlarının araşdırılması daxildir.
Digər tərəfdən, müxtəlif qəzetlərdə köşə yazarı kimi çalışıram. Redaktorluq etdiyim kitabların sayı da yüzə yaxındır.
Bir akademik olaraq da yazı və nəşriyyata böyük önəm verirəm. 50-dən çox beynəlxalq resenziyalı jurnalda dərc olunmuş məqalələrim var və St. Klements Universitetində Sosiologiya kafedrasının müdiri vəzifəsində çalışıram.
- Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-Düşünürəm ki, kitablarım mənim şəxsi və peşəkar inkişaf səyahətimin əksidir. İlk kitabım 22 yaşımda işıq üzü görüb. “Bir Hostesin Anıları”, “Beni Sevdiğini Kendine Söyle”, “Sağanak”, “Zincirli Prenses”, “Kelebek Kayalığı”, “Göçün Beyin ile Yolculuğu” bu da mənim Sosiologiya üzrə doktorluq dissertasiya mövzumdur: “Uluslararası Göç ve beyin Göçü Üzerine”, “Narsisim” ilə əlaqəli esselər ve əruz vəznini sınadığım yazılardan ibarət “Dalgakıran Çığlıkları”, Milli Kitabxanamızda yer alan ve bir tələbəm ilə qələmə aldığımız “Genç Yetişkinlerde Alkol Kullanımının Psikososyal Belirleyicileri”, “Tür Kadınının Temsili”, “Güç ve Kimlik” adlı kitablarım, hekayələr, şeirlər, esselər ve akademik kitablar kimi fərqli janrlarda əsərlərim var.
Bu şəkildə nəşr etdim, çünki esselər intellektual təhlil və düşüncə dərinliyi təklif edə bilərkən, hekayələr və şeirlər isə emosional və estetik ifadə verirdi. Düşünürəm ki, akademik kitablar mənim elmi araşdırmalara və tədqiqatlara verdiyim töhfələri əks etdirə bilər.
-Yazarkən nələrdən ilham alırsınız? Hər hansı bir yazı rutininiz varmı?
-Yazarkən ilham bəzən kiçik bir anda gizlənən detallardan, bəzən də susmağımın dərinliyindən gəlir. Yazı səyahətində sözlər bəzən fırtına kimi beynimdən keçir, bəzən də yavaş-yavaş formalaşır. Bəzən bir cümlə beynimdə bir gün fırlanır və yetişir; Bəzən bütün hekayənin yaddaşını azad edir. Hər məqalənin öz tempi var. Düşünürəm ki, yazı qaydası yaratmaq intizamlı bir münasibət olsa da, həm də azadlıq tələb edir. Bəzən səhər tezdən zehni sakitləşdirmək, bəzən də gecə gec saatlarda sözləri sərbəst buraxmaq lazımdır. Məncə, yazının ritmini zorlamaq olmaz, söz gələndə qapı açılmalıdır;
-Zaman haqqında fikirlərinizi bilmək istərdik? Zaman maşını kəşf olunarsa gələcəyə yoxsa keçmişə getmək istərdiniz?
-Universitetdə arxeologiya fakültəsi üzrə təhsil aldığım müddətdə çox dəyərli müəllimim, eyni zamanda məzun məsləhətçim olan Prof. Dr. Mehmet Özdoğan bizə zaman laboratoriyasından danışırdı. İllər sonra kitablarımın birində mühüm miniatür və çini ustası haqqında yazarkən bunu xatırlayıb və “Sirri tökülən bir güzgüdürsə zaman, gizlədə bilməyəcək əksini” yazmışdım. Buradan müəllimimizə hörmət və salamlarımı bildirirəm. Arxeologiya üçün zaman yerin altında gizlənmiş bir kitab kimidir. Hər təbəqə keçmişin hekayəsini izah edir, hər tapıntı öz tarixində bir günün mənzərəsini ortaya qoyur. Zaman maşını kəşf edilsəydi, keçmişin dərinliklərinə getmək və tarix kitablarında yazılmamış anların şahidi olmaq valehedici olardı. Bununla belə, gələcəyin bilinməyən hissələrinin qazılması həyəcanı da sözlə ifadə edilə bilməz. Düşünürəm ki, hər iki variant zamanın fərqli üzlərini görmək üçün unikaldır.
-Türkiyədə kitab oxuma sizi qane edirmi?
-Türkiyədə kitab oxumaq vərdişi populyar mədəniyyətin kölgəsində qalıb. Ədəbi əsərlər, tənqidi düşüncə və mədəni şüuru qidalandıran fundamental resurslardır, lakin onlara kifayət qədər diqqət yetirilmir. Təhsil sistemindəki sosial-iqtisadi bərabərsizliklər və qeyri-adekvatlıq kitab oxumaq vərdişinin geniş vüsət almasına mane olur. Bununla belə, biz bilirik ki, mütaliə mədəniyyətinin gücləndirilməsi sosial təbəqələr arasında daha geniş anlaşmaya və ünsiyyətə şərait yaradır, eyni zamanda intellektual zəngin şəxsiyyətlərin yetişməsinə şərait yaradır. Cəmiyyətlərin mədəni və sosial kapitalının artırılması yalnız kitab oxumaq vərdişinin geniş vüsət alması ilə mümkün olacaq. Bu səbəbdən ailələrə çox mühüm vəzifələr düşür. Uşaq eşitdiyini deyil, gördüyünü edir. Ailələrə tövsiyəm odur ki, övladlarına kitab oxumağı tövsiyə etməkdənsə, ilk növbədə özləri oxumaq vərdişinə yiyələnsinlər və övladlarına nümunə olsunlar.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Azərbaycan ədəbiyyatı həm dərinliyi, həm də mədəni zənginliyi ilə diqqət çəkən bir irsdir. Bu səbəbdən də Azərbaycan ədəbiyyatını izləmək təkcə ədəbi maraq deyil, həm də türk ədəbi dünyasının ortaq dil, tarix və mədəniyyət hissələrini dərk etmək deməkdir. Füzuli, Nəsimi kimi böyük şairlər təkcə Azərbaycanın deyil, dünya ədəbiyyatının önəmli adlarıdır. Orta məktəbdə ədəbiyyat dərslərimiz onların əsərlərini oxumaqla keçirdi və mən Füzuliyə olan heyranlığımdan heç vaxt əruz vəznindən əl çəkmədim. Azərbaycan ədəbiyyatı da tarix boyu verdiyi töhfələrə görə önəmlidir. Müasir dövrdə Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i dünya ədəbi cərəyanlarına, Azərbaycanın ictimai təcrübələrinə hakim kəsilmiş və çağdaş ədəbiyyatın əsaslarını qoymuşdur və bu tarixi dərk etmək öz kimliyimizi dərk etmək deməkdir. Bu gün Elçin Əfəndiyev, Anar, Çingiz Abdullayev kimi yazıçılar həm Azərbaycanda, həm də dünyada mühüm əsərlər yaradırlar. Ona görə də bu ədəbiyyatı izləmək onun həm keçmişinin dərinliyini kəşf etmək, həm də müasirləşmə prosesinin inkişafı baxımından mənim üçün faydalıdır. Məsələn, deyə bilərəm ki, Cəlil Məmmədquluzadənin ictimai tənqidləri və Anarın çağdaş əsərləri mənə ədəbiyyatın sosial-mədəni transformasiyasına mühüm bir perspektiv verdi.
-Gələcək planlarınızdan bəhs edə bilərsinizmi?
-Bu il üç mühüm tədqiqat kitabı nəşr etdim. Akademik təhsilimi davam etdirirəm. Layihələr hazırlayır və imkan daxilində onları həyata keçirməyə çalışıram. Yaratmaq həyatımın vacib hissəsidir. Bütün bunları davam etdirəcəyəm və bir sənədli film çəkmək arzum var. Halbuki gördüyüm və görəcəyim bütün işlər insanların həyatına toxunmaq, akademik bilikləri küçələrə çıxarmaq, bəlkə də təkamülümü yaxşı başa çatdırmaq, yaxşı sevmək, layiq olmaq, yerimi bilmək məqsədi daşıyır.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
“İSTİSU”NUN HƏDSİZ FAYDALARI - işğaldan əvvəl “İstisu” sanatoriyasında işləmiş Şahin Cəfərov danışır
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
Son günlər mətbuatda və ictimaiyyətdə hər kəsin 30 ildir ki, həsrətlə gözlədiyi bir məlumat sürətlə yayılır və müzakirə olunur.
Belə ki artıq Kəlbəcərin "İstisu"su qablaşdırılaraq bölgələrimizdə satışa çıxarılıb, hər kəs çox həvəslə alıb içir, bir-birinə hədiyyə edir. Hətta insanlar arasında xoş zarafat da yaranıb.
Müştəri marketdə daxil olub deyir ki, sizdə "İstisu" var?
Satıcı: Xeyr, bizdəki sular hamısı soyuducudadır.
Bu suyun tərkibi minerallarla o qədər zəngindir ki, müvafiq olaraq onun faydaları da çoxdur. Gəlin bunlara diqqət eləyək və mütəxəssislərin fikirləri ilə tanış olaq.
Faydaları və istifadə qaydaları:
İstisu mineral suyu onun unikal tərkibi və faydalı xüsusiyyətləri ilə tanınan bir təbii mineral sudur. Bu suyun istifadə sahələri genişdir və sağlamlıq üçün müxtəlif üstünlükləri mövcuddur.
İstisu dəridəki qabıqlanmalar, qızartılar və allergik reaksiyalar zamanı faydalıdır. Eyni zamanda, səpkilərin quruyub daha tez sağalmasına kömək edir. Bu suyun tərkibindəki minerallar, qan dövranını yaxşılaşdırır və yaşlılıqdan qaynaqlanan əzələ və oynaq ağrılarının azaldılmasına kömək edir.
İstisu mineral suyu tərkibindəki mineralların miqdarına görə gündəlik istifadədə istifadə qaydalarına əməl edilməklə qəbul edilməlidir.
Mütəxəssis Məhsəti Hüseynova qeyd edir ki, gün ərzində çox miqdarda, yəni bir və ya iki fincandan artıq İstisu içmək tövsiyə edilmir. Çünki, bu suyun həddindən artıq istifadəsi böyrək problemlərinə, mədə turşuluğunun artmasına və mədə yanmasına səbəb ola bilər. Xüsusilə xroniki xəstəlikləri, öd və böyrək daşları olan şəxslərin daha ehtiyatlı olması vacibdir.
İşğaldan öncə Kəlbəcərdə “İstisu” sanatoriyasında həkim işləmiş Şahin Cəfərov deyir ki, bu müalicəvi suyu əsasən mədə, öd, qaraciyər, mədəaltı vəz, bağırsaq, böyrək problemlərində içirlər. Xəstəlikdən asılı olaraq su 15,21, bəzən isə 30 günədək içilə bilər. Onu daimi hər gün uzun müddət içmək məsləhət deyil.
Mədə turşuluğu yüksəkdirsə, yeməkdən 30 dəqiqə əvvəl 200-250 qr. içmək məsləhətdir. Əgər insanda mədə turşuluğu aşağıdırsa, bu zaman yeməkdən 10 dəqiqə əvvəl içilməsi kifayətdir. Mədədə qıcqırma, yanma halları olarsa yeməkdən 40-45 dəqiqə sonra da yarım stəkan içmək olar. Əgər insandakı problem qaraciyər, öd, mədəaltı vəz, bağırsaqlarla bağlıdırsa, yeməkdən yarım saat öncə içmək məsləhətdir. Böyrək problemlərində də həmçinin 30-40 dəq. yeməkdən öncə içilsə yaxşı olar.
Şahin doktor deyir ki, “İstisu” içilən kimi fayda verməyə bilər. Onun orqanizmə təsiri 20 gün, bəzən bir ay sonra müşahidə edilir. Yəni, içərkən dərhal dəyişiklik görməsəniz, narahat olmayın, müalicəvi sxemlə içməyə davam edin, faydasını sonra mütləq görəcəksiniz.
Doktor izah edir ki, qaydaya görə “İstisu”nun qazı emal zamanı xüsusi qaydada çıxarılır və qablaşdırılarkən onun içinə vurulur. Biz mağazadan onu alıb içəndə öncə qazının çıxmasını gözləsək yaxşı olar. Və xüsusi bir məqam da budur ki, “İstisu” ilıq halda içilməlidir.
Şüşənin üstünə yazılıb ki, ağzı açıldıqdan sonra 0+6 dərəcədə saxlanmalıdır. Deməli soyuducuya qoysaq, öncədən çıxarıb ilıqlanmasını gözləməliyik, sonra içməliyik.
Şahin doktor məsləhət görür ki, müalicəvi sxemlə (15,21,30 gün) “İstisu”yu içdikdən sonra bir qədər ara verin. Uzun müddət davamlı içməyin. Amma arada bir qonaqlıqda, məclislərdə süfrədə qoyulubsa içə bilərsiniz. Hər gün 3 dəfə rejimini uzun müddət etmək olmaz.
Təbii istisu və qazlı suların müqayisəsi:
İstisu təbii qaz tərkibinə görə orqanizm tərəfindən yaxşı qəbul olunur. Bununla yanaşı, o, sənaye üsulu ilə hazırlanan qazlı sularla qarışdırılmamalıdır. Sənaye üsulu ilə hazırlanan qazlı suların qazı daha sərt və ağızda xoşagəlməz dad yarada bilər. İstisu isə yumşaq bir dad və rahatlıq təmin edir.
Son olaraq, "İstisu" mineral suyu təbii və müalicəvi xüsusiyyətləri ilə sağlamlığınızı dəstəkləyir, lakin istifadə qaydalarına riayət edərək, müsbət təsirlərindən maksimum yararlanmaq, həkim tövsiyələrinə qulaq asmaq lazımdır.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
Neçə şəhid övladı dünən ilk dəfə məktəbə getdi…
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
16 sentyabr - Bu gün neçə körpə birinci sinifə başladı, ilk dərs zəngi çalındı, uşaqların səs-küyü zəng səsi qarışıq məktəblərə doldu. Neçə tələbə universtitetə ilk qədəmlərini qoydu. Min bir əzablarla övlad böyüdən analar sevincdən dolan gözlərlə fəxrlə övladlarını təhsil ocaqlarına ötürdülər.
Mən də dünən qardaşımı gətirdim məktəbə..
İçimdə həyəcan qarışıq duyğular qaynayırdı.
Milli qəhrəmanımız Polad Həşimovun adını daşıyan Sumqayıt şəhər 28 saylı tam orta məktəb öz birincilərini də, on birincilərini də donuq təbəssümlə qəbul edirdi.
Bu gün bu məktəbdə neçə şəhid övladı var saya bilmədim.
Neçə məzun şəhid var, bilmədim.
Hələ neçə son sinif şagirdi dərsdən qaçıb səngərə atılacaq, bilmirəm, bilmirik.
Məktəblə təzə salamlaşan birincilərə onu öyrətdi müəllimləri - onu - Polad Həşimovu!
O qəhrəman idi dedilər.
O general olmuşdu.
Orduya yön verir, əsgərlərlə çiyin-çiyinə vuruşub elə səngərdəcə çörək kəsirdi.
Elə orda da şəhadətə ucaldı.
O, qızının univetstitetə daxil olmağını görə bilmədi.
Neçə-neçə ata qızlarının əlindən tutub məktəbə apara bilmədi.
Bəlkə bu il ali məktəbə daxil olan neçə gənc qaçıb atasının məzarına sarıldı, hönkürüb "ata sənin arzunu reallaşdırdım, amma o universtitet qapısından sənsiz girdim" deyə için-için ağlayıb.
Sözlər hissləri ifadə etməyə aciz.
Ürəklər yaralı, gözlər yaşlı.
Başın sağ olsun Vətən.
Bizlər bir ölüb min dirilərik, amma gedənlər geri gəlməz.
Əlimizdən gələn dualara sığınmaq, dayanmadan maariflənmək, tariximizi, soy-kökükmüzü unutmamaq və unutdurmamaqdır..
Ümid edirəm, bu ilin birincilərinə “Tutu topu tut" yerinə yaşadığımız torpaqlarda kimlərin Vətən yolunda candan keçdiklərini, təhsilin milləti bu bataqlıqdan çıxaran yeganə çıxış yolu olduğunu başa salıb, məktəbi zindan kimi yox, onların bizə əmanəti kimi tanıdarlar.
Ümid edirəm ki…
Çingiz, Polad, Albert, Mehdi, Xudayar, Mübariz gənclərin necə milli ruhda böyüdüyünü, Vətənə sahib çıxıb onların yollarıyla getdiklərini görüb cənnətdə qürurlanacaqlar!
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
İrreal Ermənistan
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Ötən gün Şuşada orta məktəbdə,
Xankəndidə ali məktəbdə - Qarabağ Universitetində ilk zəng çalındı!
Artıq qərinələrdir, hər il bu ay Azərbaycanda Yeni Dərs İli başlayır.
Doqquzuncu ayın kəramətinə baxın!
1 il öncə - 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağın dağlıq bölümündə yığcam antiterror tədbirləri olmuşdu;
4 il öncə - 2020-ci ilin 9-cu ayının 27-də bütün cəbhə boyu əks-hücumla Vətən müharibəsi başlamışdı;
106 il öncənin sentyabrının 15-də isə Bakı Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusunun Zəfər yürüyüşü ilə daşnak-bolşevik və başqa tör-töküntülərdən arındırlmışdı...
Əlbəttə, bu aya təvafüq edən digər hadisələr də olub. Örnəyi, 2 il öncənin – 2022-ci ilin 12–14 sentyabr döyüşlərini – Azərbaycan–Ermənistan sərhəd toqquşmasını, başqa sözlə, İkigünlük müharibəni də unutmamışıq.
Ermənistan-Azərbaycan sərhədində, eləcə də, Qarabağın dağlıq bölümlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş çoxsaylı digər silahlı toqquşmalar da olub; sentyabra odaklanmağımızın əsas səbəbi məhz bu aya təvafüq etmiş döyüşlərin bitirici, çözücü olması – Zəfər gətirməsi ilə bağlıdır.
Biz onu da bilirik ki,
“Dərvişlik xirqədə, tacda deyildir,
İstiliklik oddadır, sacda deyildir.
Haqqı istər isən, adəmdə istə,
İraqda, Məkkədə, Hacda deyildir” (Qayğusuz Abdal)...
Yəni “sentyabrın kəraməti” yazarkən, kəramətin təqvim ilinin hər hansı bir ayında olmadığını bilməmiş deyilik; sadəcə, məhz o aya təvafüq edən hadisələri qabartmaqçün o sözü vurğulayırıq. Yoxsa, əlbəttə, kəraməti dövlətdə, dövlətçilikdə, sentyabr döyüşlərini hazırlayan iradədə, idarəedən gücdə, qazanan qüdrətdə, bir sözlə, incəlsə də, üzülməyən haqda aramalıyıq.
Bəli, sentyabrda dərslər başlayır.
Şuşada, Xankəndidə ilk zənglər çalındı!
Şuşada, Xankəndidə bundan öncəki sentyabrlarda çalınan zənglər işğalın zülmət zəngləriydi, cəhənnəm zəngləriydi. Bu gün isə zənglər Tanrıya agah olur, haqqa səsləyir, Xeyrə çağırır, böyük sabahlara, inkişafa, insanlığa aparır... Bu gün qutsal gündür, əziz gündür, doğma gündür! Mən bu sətirləri paytaxt Bakıda yazıram, ürəyim Şuşada birinci sinfə gedən uşaqlarla, Xankəndidə birinci kursa gedən cavanlarla bir vurur! Dəmir Yumruğun kimi, nəyi, necə və nə üçün vurduğu məhz bu ayda, bu günlərdə bir daha bir daha aydın olur; bir daha aydın olur ki, Yer üzünün ən humanist yumruğu Azərbaycan Dəmir Yumruğudur! Onun sayəsində Qarabağa, hələ-hələ onun dağlıq bölümlərinə insanlıq, mədəniyyət, təhsil, kitab-dəftər, humanitar təfəkkür qayıtdı! Tarixi Zəfərədək torpaq, su, ağac, göy üzü... – hər şey, hər şey, hətta, daş-divar belə özündən küskün, hamıdan incik idi... Çünki kainatın ruhu, Yer üzünün nizamı, insanlığın düsturu pozulmuşdu oralarda... Ona görə Azərbaycan yaralıydı, yarası qaysaq bağlayırdı, bağlayırdı amma sağalmırdı, sağalmırdı... Yaxınlarımız uzaq olmuşdu...
İndi, budur, uzaqlarda yaxın arayan haylar idrak etməkdədir ki, yaxınlar uzaq olmamalıdır. Gəlin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın öz sosial şəbəkə hesabında yazdığına diqqət edək. – Ölkəsində müzakirə olunan konseptual dilemmanı qabardan Paşinyan, Ermənistan Respublikasının nə üçün mövcud olduğunu sual edir və bu ritorik suala özü cavab verir ki, bir forpost, dayaq nöqtəsi, ərazisində daha böyük dövlətin olması üçünsə - bu, “Tarixi Ermənistan konsepsiyası”dır;
yoxsa, “beynəlxalq səviyyədə tanınmış ərazisində öz vətəndaşlarının rifahını təmin edən, rifahın ayrılmaz elementlərinin yaxşı yaşayış, azadlıq, ədalət, təhlükəsizlik olduğunu dərk edən ölkə”dirsə - bu, “Real Ermənistan konsepsiyası”na uyğun gəlir. – “İnanıram ki, xalqımız öz seçimini çoxdan “Real Ermənistan”ın xeyrinə edib. Amma müxtəlif dövrlərdə hakimiyyətlər ona qulaq asmamışdır; mahiyyətcə xalqımızı “tarixi dönəm”də yaşamağa məcbur etmişik. Məhz bu səbəbdən xalqımızdan üzr istəməliyik və mən də üzr istəyirəm”. Paşinyanın sözləri bizimçün yetərli istinadgah deyil, bununla belə, Ermənistanın nəbzini tutmaqçün gərəklidir. Biz Ermənistanın qondarma tarixini qəbul etmirik, Real Ermənistanın da xirtdəyəcən qüsurlar, suçlar, günahlar içində olduğunu bilirik. Mina xəritələrini verməyən, azərbaycanlı əsir-girovların taleyinə aydınlıq gətirməyən, öz konstitusiyasında, digər dövlət sənədlərində, dövlət rəmzlərində Azərbaycana, Türkiyəyə ərazi iddiasını “sürdürən” Ermənistan İrreal Ermənistandır, hətta ErMİNAstandır. Qarabağa, oradan zorla, işgəncə (və erməniyanlıların hərtərəfli dəstəyi) ilə qovduqları azərbaycanlıların sayından daha artıq mina basdıran Ermənistanın indiki hökuməti əgər real düşüncəyə gəlibsə, nədən özündən öncəki hökumətlərin suçunu, müharibə cinayətlərini də etiraf etmir, gərəkli addımlar atmır? Yəni Ermənistan siyasi-hərbi rəhbərliyinin idrakı alayarımçıqdır. Alayarımçıqlıq isə ən buraxma xüsusiyyətdir...
Bəli,
hər il bu ay – payızın ilk ayında Azərbaycanda Yeni Dərs İli başlayır. Payız – sayım fəslidir, hesab-kitab fəslidir, qışa – sazağa-soyuğa hazırlıq fəslidir. Artıq bir gələnəkdir, payızın ilk, ilin 9-cu ayına kəramət yaraşdırırıq, uğurlu başlanğıclar yaraşdırırıq. Və olur! Zəngəzur haqqı! Göyçə haqqı!..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və insan”
(17.09.2024)
“Kür sahilində” zamanın üç halı - “Bir rəsmin hekayəsi” rubrikasından ilk yazı...
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi
Yurd olmaq gözəldir. Bir sevgiyə, bir inama yurd olmaq xoşbəxt edir bizi. Lap elə, bir heyranlıq dolu baxışa yurd olmaq! İllər əvvəl “Şeirin yurdu” adlı layihəyə başlayanda Sədnik Paşanın bir sözündən yola çıxmışdım: “Şeirin özündən yurdu şirindir!” Min şükür, nəhayət, bu ilin əvvəlində “Şeirin yurdu” kitab oldu...
Hə, yurd olmaqdan ötə yaşananların yurdunu tanımaq da xoş duyğular şəlaləsinin səsini duymağımıza yetir. Oxuduğumuz bir şeirin, ətrindən bihuş olduğumuz bir gülün, baxdığımız bir rəsmin yurdunu tanımaq şansımız nə qədərdir həyatda? Razıyam, biz göyçəlilər demiş, “yarı-yarıyadır”. Bu yerdə müəllifini çoxdan itirmiş, ümumdünya motivasiya xəzinəsinin bir parçası olmuş o cümləni xatırlayaq: “Özünə imkanlar yarat!”
“Bir rəsmin hekayəsi” rubrikasını həmin kiçik imkan sayıram özümə. Yazıçı olmasaydım, mütləq ki, rəssam olardım” -demirəm, ən qıt imkanlarla çəkdiyim rəsmlərlə məktəbdə öndə olmuşam, dinlədiyim musiqilər müəllimim olub, tarda və pianinoda ifa etməyi öyrənmişəm... Amma bütün bunlar qələmin barmaqlarımda yaratdığı qabarın və kağız xışıltısının kölgəsində qalıb. “Yazmaq eşqdir!” şüarı ilə ömür yolunda gülümsəyərək atmışam hər addımı... Və burada belə,-bir rəsmin hekayəsini öyrənməyin astanasında belə, yazıram...
Hekayəsini öyrənəcəyimiz rəsmdən əvvəl rəssamı tanımalıyıq. Ruhumuza toxunan bir misranı eşidən/oxuyan kimi, “Müəllifi?” sualını veririk ha, o cür tələsərik yoxsa “Kür sahilində” adlı əsərə baxarkən.
Rəssam Sadıqov Raul Tofiq oğlu 1975-ci ildə Gəncə şəhərində anadan olub. 2000-ci ildən Gəncə şəhər Uşaq İncəsənət məktəbində, 2021-ci ildən Xəzər Universiteti Gəncə Dünya məktəbində Təsviri İncəsənət müəllimi vəzifəsində çalışır. 2008-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Təsviri Sənət üzrə Respublika müsabiqəsində “Rəngkarlıq” nominasiyasında I yerə, 2010-cu ildə isə II yerə layiq görülüb. 2012-ci ildən Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvüdür. Bir çox əsərləri ABŞ, Rusiya, Cənubi Afrika, Çində şəxsi kolleksiyalarda saxlanılır.
“Kür sahilində” əsərinin hekayəsindən əvvəl Raul bəy bizə sənətin onu necə seçdiyindən də danışdı:
“Rəssamlığa həvəsim uşaqlıqdan var. Yadımdadır ki,uşaq olarkən rəsmləri çəkirdim, özüm də çəkdiyim personajları səsləndirirdim. Tələbəlik illərində Əməkdar rəssam Cavanşir Məmmədovla tanış oldum, indiyədək Cavanşir müəllim ilə dostluq edib ondan təsviri incəsənətin sirrlərini öyrənməyə çalışıram. Onu da deməliyəm ki, Cavanşir müəllim nəinki böyük rəssam, həm də gözəl pedaqoq, mütəfəkkir, filosofdur və mən çox xoşbəxtəm ki, həyatımda bu cür insanla rastlaşmışam”.
“Kür sahilində” adlı əsərdə müəllif Kür çayına olan heyranlığını ifadə etməyə çalışıb. Seçdiyi rənglərin hər bir çalarını, rənglər arasındakı sərhədləri və sərhədsizliyi Kürün sahilindəki qeyri-adi və insana dərin duyğular bəxş edən təbiətdən aldığını deyən rəssam əlavə edir:
“Kür çayı Azərbaycan mədəniyyətində və tarixində də mühüm yer tutur. Sahildəki təbiət mənzərəsi və çayın sakit axını mənim yaradıcılığımda da ilham mənbəyi olmuşdur: Kür çayının füsunkarlığından və balıq ovundan ilhamlanaraq bu əsəri çəkdim. Ümumiyyətlə, Kür çayının əzəməti və balıq ovu kimi mövzular dərin harmoniya hissi yaradır. İnsan övladına rəngləri təbiət tanıdır... Biz rəssam olaraq, sadəcə, bu gözəllikləri zehnimizdə süzür, fırçamızla köçürürük. Təbiətin bizə təqdim etdiyi ilham sonsuzdur -hər bir mənzərə, hər bir fəsil və hər bir detaldan yeni bir incəsənət əsəri yaratmaq olar.
“Kür sahilində” yağlı boya ilə kətan üzərində, modern üslubda işlənilib, ölçüsü 70 x 50-dir. Burada 3 eyni balıqçı fiqurunu və günün 3 müxtəlif vaxtını müşahidə etmək olar-səhəri, günortanı va axşamı. Zamanın fərqli təsviri eyni obrazı və ya eyni etüdü müxtəlif cür təqdim edir: insan bir-biriylə əlaqəsi olmayan, amma bütövün bir hissəsi olan duyğuların əsirinə çevrilir. Səhərin təravəti, günortanın parlaq enerjisi, axşamın sakitliyi əsərdəki balıqçı və təbiət arasında dərin harmoniya yaradır. Eyni zamanda, burada milli naxışlarımızı və rənglərimizi görmək olar. Əslində, mən orada özümü təsvir etmişəm; mən də balıq ovu həvəskarıyam”.
2023-cü ildə çəkilən “Kür sahilində” hələ heç yerdə sərgilənməyib. Lakin onu görənlər əsərin qarışıq duyğular yaratdığını etiraf etməkdən çəkinmirlər. Həmsöhbət olduğumuz insanlardan bəziləri deyir ki, əsər onlara dejavu hissi bəxş edir: hər kəsin ömründə heç olmasa bir dəfə yolu Kür sahilinə düşür. Orada balıqçılara rast gəlmək isə, adi həyati hadisədir. Pozitiv emosiyaların dominantlığı əsəri bir ayrı yöndən cəzbedici edir.
Raul bəyin dediyinə görə, əsər, təxminən, 1 ay müddətində ərsəyə gəlib. Bizim dəqiqələrlə baxıb duyğularımızı ölçməyə cəhd etdiyimiz bir əsərin rəssamın zehnində etüd-etüd “böyüməsi”, “genişləməsi”, “canlanması” bəzən təsəvvürümüzə sığmır. Olur ki, illər əvvəl gördüyün bir rəsmi xatırlayarsan, sonra onun ardınca gördüyün qalereyaya, yaxud emalatxanaya yollanarsan... Görərsən ki, yoxdur...
Hər bir rəssam əsərlərinin onun yanında olmasını istəyər: əsər də övlad sayılır mənəvi baxımdan. Lakin rəssamlığın ədəbiyyatdan fərqi ondadır ki, rəsm əsərləri tərk etməyi bacarır. Hə, onlar müəlliflərini tərk edir, satılır, dünyanı gəzir, müxtəlif insanlara rast gəlirlər. Və hər yerdə, hər kəsə öz müəlliflərindən danışırlar.
İnsan ruhuna toxunmasıdır sənət əsərini ucaldan!
Qapaq şəklində:
“Kür sahilində” (2023) . Rəssam: Raul Sadıqov.
İç şəkildə Raul Sadıqov.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)