
Super User
Sənin küçənin ortasında öldürdüyün… - AKTUAL
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Tanrının kitablarında sənə əmanət etdiyi, sənin küçə ortasında öldürdüyün…
Gəlin yenə "FEMİNİST" olaraq öz pafoslu çıxışımı edim.
Qınamaq, tənqid etmək, qarşı gəlmək, hətta, nifrət etmək də sizin seçminizdir, oxuduqlarınızı düzgün qəbul edib düşüncələrinizdə, ifadə və davranışlarınızda lazımi dəyişiklik etmək də həmçinin.
Mən yoruldum artıq eyni sözləri dəfələrlə fərqli formalarda yazmaqdan, düşüncələrimi ifadə etməkdən, cəmiyyətdə düzəlməyəcək olan bu problemlərdən.
Bir qadın, övladının gözü önündə həyat yoldaşı tərəfindən öldürülür.
Hə, həyat yoldaşı tərəfindən~pis və ya yaxşı hər gün bir-birlərinin yanında olacağına söz verdiyi, yeməyini, çayını, təmiz geyimini belə özü təmin edə biıməyən, qarşısına 15 dəqiqə çay gec gələndə deyinən, onun spermasına həyat verib üstəlik doqquz ay qarnında daşıyıb, nə zülümlə dünyaya gətirib sonra yenə min bir əziyyətlə yetişdirdiyi övladının gözü qarşısında öldürüldü.
Bir vərəqdə bir ömür yola çıxacağına imza atarkən hardan bilə-bilərdi ki, imzaladığı ölüm fərmanıdır?
Yox, əslində mən səhv düşünürəm. Mən hələ uşağam, mənim belə şeylərdən danışacaq yaşım deyil axı.
Yəqin kişi haqlıdır.
Yəqin qadın fahişə idi.
Yəqin o içki içəndə ərini döyürdü.
Yəqin o siqaretdən bezib nəşə çəkirdi.
Yəqin o evdə ərini bəyənməyib başqası ilə gəzirdi.
Yəqin o, uşaqlar xəstələnəndə,dərsləri zəif olanda ərini günahlandırırdı.
Həə, elə məhz bunlara görə haqlı idi əri.
Yaşamaq yaraşmaz ona.
Ölüm hökmü verilməli, edam fərmanı imzalanmalıdır..
Bizə isə söz demək düşməz, axı bizlər mental kodları beynimizə çip olaraq taxmış, millətin ailə işinə qarışmayan, öz halında, əsli müsəlman dini İslam olan, eyni zamanda məhəllədə semiçka çırtlayıb Firəngiz xalanın qızını oğlanla görəndə, Adil kişinin nəvəsini gödək deyinmiş görəndə indiki cavanların pozulduğunu şiddətlə qınayıb, şiddəti qınaya bilməyən aciz bəndələr idik.
Nə deyim, vallah.
"Öldürülməyə layiq idiee, qaqa"
"Məsləhətdi qız deyil demişdim dəə, sizə"
"Allah bilir nə yuvanın quşu olub"
Özünüz bilirsiz də, yaxşı at özünə qamçı vurdurmaz"…
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)
“Ən dibdən zirvəyə, zirvədən uçuruma..." - KİTAB BƏLƏDÇİSİNDƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Uzun müddət idi ki, oxumaq istədiyim əsərlərdən biri olan "Martin İden" əsərini nəhayət ki, bitirdim və istədim təəssüratlarımı sizlərlə də bölüşüm.
Onu deyim ki, başlanğıcda Martinin əlyazmalarımın bu qədər rədd edilməsinə, dəfələrlə təkrar-təkrar göndərməyinə baxmayaraq o qədər əlyazmanın içərisindən birinin belə qəbul olunmamasına rəğmən onun bezib ümidsizliyə qapılmaması, vazkeçməməsi, bir an belə əsərlərindən şübhəyə düşməməsi, ümidini heç bir vəcdlə itirməməsi, əksinə hər zaman ümid dolu yaşaması, hətta bütün bunlara baxmayaraq bacaracağına əmin olması, polad iradəsi doğrudan da heyrətamiz və təqdirəlayiq idi. Amma irəliləyən zamanlarda Martinin günlərlə ac qalmaq və əşyalarını girov qoymaq bahasna vazkeçməməsi... Bu yerdə artıq mən də deyəsən düşüncələrimdə bəzən onu qınayırdım.
(Ruf haqqında isə nəsə deməyə və ya onu qınamğa ehtiyac görmürəm, çünki nəticədə o, bir mənalı olaraq öz dünyasının, öz cəmiyyətinin, öz valideynlərinin qızı-yetirməsi idi.)
Lakin hər şeyə rəğmən Martin obrazında insana bir doğmalıq var. Bəlkə də bu onun yorulmadan, vaz keçmədən daim öz üzərində işləməsi, özünü inkişaf etdirməyə çalışması, mütaliəni-kitabları, öyrənməyi, yazmağı sevməsi, iradəsi, hər zaman bir axtarış içərisində olması, həyatın mənasını, həyatdakı yerini, mövqeyini tapmağa çalışmasından, həyatı bihudə yaşamaq istəməməsindən irəli gəlir.
Daha sonra artıq əsərin davamında biz həyatın günümüzdədə rastlaşdığımız acı reallıqlarınınmı deyim, ironiyasınınmı deyim, paradoksununmu deyim, şahidi oluruq.
Məsələn, əvvəllər Martinin yaxşı-pis bütün əlyazmalarını rədd edən redaksiyalar indi onun bəsit belə olsa bir yazısını dərc edə bilmək üçün ədəta ona yalvarırdılar.
Martinin simasında rastlaşdığımız günümüzün başqa bir reallığı isə bu idi ki, Martin özünün dili ilə desək günlərlə, həftələrlə ac qalıb özü üçün, qarşısına qoyduğu məqsəd üçün çalışıb-çabaladığı bir zamanda heç kim hətta uğrunda bu qədər zəhmətə qatlaşdığı Ruf belə onun əlindən tutmadı, onu anlamadı. Heç kim bu məşəqqətli yolda ona dəstək olmadı, əksinə hətta onu tanımaq belə istəmədilər, ona pis baxdılar, qovdular, tərk etdilər.
Martin aclıq və hər gün artıb masanın altında qalaqlanan rədd edilmiş əlyazmaları ilə tənha qaldı.
Lakin, Martin şöhrət pillələrini 10 -10 qalxmağa başladığı gündən etibarən vaxtilə ona dəstək olmayan, hətta tanımaq belə istəməyən insanlar indi sırf Martin mənim qohumumdur, dostumdur, tanışımdır deyə öyünmək istəyirdilər və riyakarcasıma öyünürdülər də.
Əvvəllər Martinin ac qaldığı günlərdə onu yadına salmayanlar indi onu nahara dəvət edə bilməkdən ötrü əldən-ayaqdan gedirdilər.
Fəqət irəlidəki günlərdə Martini ətrafındakı insanların bu riyakarlığından daha böyük bir əzab gözləyirdi.
İnsan bəzən həddindən artıq çox sevdiyi bütün həyatını, məqsədlərini, xəyallarını bağladığı birini itirəndə həyat bütün gözəliyi ilə onun gözündə öz mənasını itirir. Onunla birlikdə çatmaq xəyılını qurduğu məqsəd və arzular bir heç olur. İnsanın yaşamaq, yaratmaq eşqi sönür.
Və yaxud da insan bəzən bir məqsəd uğrunda bütün gücü ilə vazkeçmədən mübarizə aparır, çalışıb-çabalayır, çatmaq istədiyi bu arzunun onu xoşbəxt edəcəyini düşünür. Lakin hərdən elə olur ki, insan o məqsədə çatdığı zaman bu heç də onu düşündüyü kimi xoşbəxtlikdən havalara uçurmur.
Martin də məhz belə bir halla üz-üzə idi. O, hər şeyi Ruf üçün edirdi. Şöhrəti də pulu da sırf Rufla eyni səviyyə qalxmaqdan, onunla evlənə bilməkdən ötrü edirdi. İndi məqsədinə çatdığı bir vaxtda isə artıq Ruf yox idi. Ruf yox idisə bəs bu şanın şöhrətin, bankdakı dollarların nə önəmi var idi? O, hətta indi bu pulları nəyə-necə xərcləcəyini belə bilmirdi.
Və təəssüfki Martinin xəyal qırıqlığı bununlada bitmirdi.
Bəzən əlinin çatmayacağı qədər yüksəkdə sandıqlarının əyilməyəcəyin qədər aşağı səviyyədə olduğunu görmək misalı Martin də artıq əslində bir zamanlar bütün fərdlərinin oxumuş, ağıllı, mədəni, şərəfli, doğruçu, incəsənətdən, ədəbiyyatdan anladığını zənn etdiyi və sıralarına qoşulmaq istədiyi cəmiyyətdən üstün olduğunu anladı.
Əvvəllər qipdə etdiyi o insanların əslində öz şəxsi düşüncəsi olmayan sadəcə müəyyən bir qəlib içində yaşayan insanlar olduğunu gördü.
Bu əlində diplomu olan hər bir insanın həmişə heç də gözəl bir mənəviyyat və inkişaf etmiş bir dünya görüşünə sahib olmaması demək idi bir növ.
Və ən nəhayətində bütün bu riyakarlıq və xəyal qırıqlığı, həyatdan artıq zövq almayan, yaşamında bir məna görməyən, artıq insanlara dözə bilməyən polad İradəli Martini məhv etdi.
Əsərdən çıxara biləcəyimiz ən böyük dərslərdən biri də həyatımızı bacardığımız qədər maddi, fani və keçici məqsədlərə və ya tək bir insana bağlamamalı olduğumuzdur.
Necə ki, quş üzərinə qonduğu budağa deyil öz qanadına güvənər hər zaman.
Məqsədimiz nə qədər ali və mənəvi olsa həyatımız da bir o qədər mənalı olar.
Özümüzə daim elə məqsədlər seçməliyik ki, onlar fani və keçici olmasın. Ondan ötrü ki, bir gün onları itirəndə uçuruma sürüklənib məhv olmayaq.
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)
GÜLÜŞ KLUBUnda Santuşun dəyəri
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Skleroz barmağına plyus çəkir ki unutmasın. Amma plyusu da görəndə xatırlaya bilmir ki, nəyi unutmamalıdır.
2.
AYNA - yəni yerüstü nəqliyyat agentliyi üç zolaqlı yolun solunu velosipedlərə, sağını avtobuslara verib avtomobillərə yalnız ortasını saxladı. Və avtomobil sürücülərinə də xəbərdarlıq etdi ki, ola bilsin, motosikl sürənlərə daha rahat şərait yaratmaq üçün orta zolaqda həftənin tək günləri avtomobillərin, cüt günlərində də motosikllərin hərəkət etməsi qanuniləşdirilsin.
3.
Bir dəfə Dərdayıl avtobuslar biletlə işləyın vaxtlarda avtobusla gedirmiş. Nəzarətçi yaxınlaşıb ondan bilet tələb edındə o yavaş-yavaş ciblərini eşərək “harada isə var idi, harada isə var idi” deyir.
Onun ləngliyini görən nəzarətçi “Vətəndaş, bir az tez ol” deyəndə Dərdayıl tez-tez haradaisəvaridi, haradaisəvaridi” deyə təkrarlamağa başlayır.
4.
Futbol üzrə Azərbaycan yığmasının əcnəbi məşqçilərlə uduzmasını AFFA başbilənləri yerli məşqçilərlə uduzmasından daha üstün saymaqlarını bu cür əsaslandırırlar:
-Biri var, Karloşa ayda 70 min verib uduzasan, biri var, Diniyevə 700 verib uduzasan. 70 min daha sanballıdır axı!
5.
Səni heç kim başa düşmürsə, bu o demək deyil ki sən dahisən. Sın debil də ola bilərsən.
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)
“Gördüklərimdən yalnız yağışı sevdim” - ARƏŞ SAİ
Əli Çağla, “Ədəbiyyat və incəsənət” (Güney Azərbaycan bölməsi)
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Arəş Sainin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
YAĞIŞI SEVDİM
Təkcə trenlər, avtobuslar qapılarını açdılar üzümə
Təkcə xiyabanlar izin verdilər keçməyimə.
Nə anam oldu dərdlərimi söyləyəm bağrına
Nə atam oldu söykənəm qayalığına,
Gördüklərimdən yalnız yağışı sevdim
Nə səsindən qorxdum
Nə də gəlməsindən!
İlk toxunduğunda mənə
İllər öncəydi
Unudulan, bürgələnmiş bir küçədəydim
Təbriz küçəsindəydim
İki divar arasında
Uca
Və pəncərələri az qala qanad tuta
Bir divar, yaşasın deyə sərt dayanmışdı
Bir divar, ölüm olsun deyə!
Keçənmədim, heç birindən
Sındım qum saatı kimi
Sovruldum zamanın kor döngəsində!
Bu üzdən
Nə yumruğumu toplaya bildim
Nə də dodaqlarımda gülüşü
Bir siqaret odladım
Və sərçələrin uçuşuna baxdım
Meydan oxuyarkən azadlığa
Yalnız yağış toxundu
Bir də yarpaqlardan enən payız.
Yalnız yağışı sevdim
Bir də yarpaqlardan enən payızı...
OTUZ İLDƏN SONRA ƏLLƏR
İnanıram bu şeiri bir gün qızım sən yazacaqsan mənə!
Bu şeiri bölüşün öz aranızda ey işçilər
Bu şeiri biraz yeyin, biraz da için, ey təmiz işçilər!
Uşaqlığımdan bir ulduz oğurladılar
Düşdü
Bir yüzbaşının çiyninə
Uşaqlığımdan babamın əllərini oğurladılar
(Kimə deyim axı
Kim düşünə bilər ki)
Atdılar bir varlının evinə
Babamın əlləri qalıb, qalıb öldü bir varlının evində
Sonralar o par-par parıldayan kişinini
Adını söylədilər mənə:
- Kapital baba
(Kaaaaaapiiiiiitaaaaaaaaaaal b a b a
Kaaaaaaaaaaaaapitalllllllll babaaaaaaaaaaaaaaaaaa)
Sanki güllələnmişdi
Soyuq idi ayaqları
Tükənirdi nəfəsi
Sanki bir kamyon beton qurumuşdu üstündə
Dəmir-dirəklər belə ayaqda saxlayanmazdı onu!
Sanki bütün öldürülənlərin suçlusuymuş
Və bütün aksiyaların yumruğu buymuş
İqtisadi düşüşlərin nədəni hətta... Mənim babam.
Otuz ildən sonra
(Babamı deyirəm)
Bateriyasının tükənməsi üzündən
Kapital baba hirslənmişdi əllərindən
Vaxtı ötmüş konserv kimi, şişik
Həm də qoxumuşdu o əllər daha
Və daş dırnaqları otuz ilin yox!
Otuz min ilin oxunmayan kətibəsi idi artıq!
Haydi kapitalizm!
Haydi eşşəyini satan, babamı alan varlı!
Gəlin... oxuyalım bu əlləri
O əllər!
(O vaxtı ötmüş konserv kimi şişik əlləri deyirəm)
Kapital babaya ihanəy kimi idi indi.
Bağışlayanmırdı onu
Bağışlayanmırdı o! İşçinin əllərini
Nə olsa
Babamın babasıydı... Kapiiiiiiiital baba
Dışlasaydı
Başını kəssəydisə belə!
Otuz il
Ortaq dil idi əllərin ağrısı, işçilər arası!
Otuz ildən sonra
Daha qalmamışdı ağrını ifadə etməyən
Əllərə rastlanmayan bir ağrı kəlməsi belə...
Nə yazıq!
Əllər yorulanda
Deşilər yaşam bir çox vaxt
Neçə kişi
Neçə əl
Geri dönməyər albumlardan
Sadəcə bir ulduz daşınar
Bəzən bir uşağın arzusundan
Yüzbaşının çiyninə...
Sadəcə bir əl qayıtmaz bir evə
İlk gün
Ölər bir karxanada.
QÜRBƏT
Qürbətə gedərsən
Bir ömürlük yoldur hər gedişin
Qayıdışınsa
Yozumlanmayan bir yuxu
Kor bir arzu.
Mən getdim gözəlim!
Sən gəlmə
Yolları sürən gecədir
Sən qaranlıqdan anlamazsan
Sən saatın yorğunluğundan anlamazsan
Sən torpağın xəstəliyindən nə anlarsan ki!
Burda günəş ərəb qılıncıdır
Dəvə kinidir
Can atmağa dəyməz!
Mən hər axşam səni xatırlayaram
Hər səhər unudaram
Bu, gündəki işimdir...
Dünən sahildə
Söylədi bir ərəb kapitan mənə:
“Enə bilməz iskələyə ömürlük
Heç kapitan bu dünyada.”
Sonra düşündüm:
İskələ kapitandan ötrü ola bilməz
Gəmi yorğunları endirər yalnız
Və dənizdən qorxanlar sahili sevərlər!
BİR ŞƏKİL ARZUSU
Biz bir ailəyik
Amma
Birgə çəkilən bir şəklimiz olmadı.
50-də anamla atam
Dörd bacı-qardaşımla şəkil çəkmişdilər
Mən 10 il sonra gələcəkdim
Birgə şəklimiz olmadı ki!
60-da mən gəldim
Anamla atam
3 bacım
Toplanmışdılar bir yerə
Qardaşımı aparmışdılar yuxularından desin onlara
Birgə şəkilimiz olmadı ki!
65-də geri qayıtdı qardaşım
Həm də yuxusuz idi bətər
Anamla atam
Bir mən
İki bacı, bir də qardaşım
Gözləyirdik böyük bacını
63-də getmişdi Sovetdən qırmızı ayaqqabı gətirsin mənə
Birgə şəkilimiz olamdı ki!
*
96-ci il
Biz bir ailəyik
Tarla böyümək peşində
Zöhrə Təbrizin dəmiryolunda
Mən şəkillərini seyr edirəm Əsəluyədə!
GEDƏNLƏRİN HƏZYANI
Bir ibhamdır sənə
Atan nə üçün gedir, ardıcıl!
Bilirsənmi qızım?
Getmək, ikinci papirusa oxşayar məndə
Birincinin ardından.
Necə deyim
Belə bir şeyə oxşayır məndə yaşam
Yoxuşla enişin arasında
Kilometr-kilometr züyüş
Santim-santim yüksəliş
Nədəndir bilmirəm!
Hey bizim başımızı geri çevirməyə çalışır bu yaşam!
Arxada nə var ki, görən!
Yoxluğa bir addım qalan, məkan
Yoxluğa bir addım qalan, zaman.
Və indiliyimlə baş-başaykən
Bir dodağın pomidasına yazılan min şeirəm
Min dodağın cənnət sözünə qandırılan bir leş.
Bilirsənmi qızım?
Hər günəş çıxdığında
Bir çox səs ötür bu dünyadan,
Bunun üçün
Nağılları bir ulduz daşıyar həmişə
Nağıllar aya yazılar
Və uşaqlığı basıb torbaya aparan xoxan
Bir günorta çağı gələr
Və səni aparıb bir qadın yetişdirər!..
Ooof qızım!
Getmək gör haralara çəkir gətirir bizi.
Getmək
Tablolardakı yazılan məsafələrin ədədləri olmayıb mənə!
Getmək
Ürəyində oturar bir an
Bir insandan
Bir məkandan
Hətta ürəyində sönməyən bir arzudan
Şəkib gedərsən.
Və olarsan
Gedənlərin kraliçəsi!
Yalnızlığın zirvəsini qoyarsan başına
Dönüşsən dağa.
Bunların hamısı bir anda olar:
“Gedirəm” deyəndə!
Və deyəndə gedirm, süstləşər ayaqların
O lənət olası an!
Addımlarını götürməyə çalış sadəcə
Faciədən uzaqlaşdırar ayaqların səni!
Qızım
Getmək çarəsiz edər adamı!
“Ədəbiyyat və incəsənət”
(16.08.2024)
Xəyal idi, gerçək oldu– ORTAQ TÜRK ƏLİFBASI
“Ədəbiyyat və incəsənət” portalı yanınmış publisist, hazırda Türkiyədə yaşayan İbrahim Nəbioğlunun günümüzün əsas hadisələrindən biri olan ortaq türk əlifbasının qəbul edilməsi mnasibətilə yazdığı məqaləsini təqdim edir.
Beynəlxalq Türk Akademiyası ilə Türk Dil Qurumunun 9-11 sentyabr 2024 tarixlərində Bakıda keçirilən “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın iclası bitməmiş kimi yer yerindən oynadı.
İşin məğzini, tarixi önəmini anlamayan bəzi insanlar “Yeni əlifbaya keçirirk” deyə postlar paylaşmağa başladılar. Bu paylaşımları oxuyanlar isə “Axı niyə?” deyə suallar yönəldəndə “hərşeyşünaslar” bu səfər tutarlı cavab verə bilmədilər.
Bir çoxumuz isə həyəcanla tablodakı 34 hərfi incələməyə başladıq.
Kimi əlifbada “Gg” hərfini axtarır, kimi də çaşqınlıq içində “Üü” hərfinin nə üçün iki şəkildə – üstü iki nöqtəli və üstü “papaqlı” olduğunu sorur, bəziləri də içi mən qarışıq “Ww” hərfinə etiraz edirdilər…
*
İclasın ikinci günündə monitordan çəkilən fotonu icazəsiz sosial şəbəkədə paylaşanlar həm Türk, həm də Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratdılar. İclasın Qazax, Qırğız və Özbək iştirakçıları üçün hazırlanmış o cədvəldə hərflərin önünə mötərizə içində onların Kirildəki qarşılığı qoyulmuşdu. Bu cədvəl nə mətbuat üçündü, nə də yekun sənəd idi.
Sensasiya naminə paylaşılan o cədvəl sadəcə olaraq bir işçi variantı, “qaralama” idi.
İclas zalından onu yayanlar öz “professionallıqlarını” göstərmiş oldular.
Bu yazını yazmağa da məni onların bu qeyri-peşəkarlığı vadar etdi…
Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Shahin Mustafayevə yazdım, bu böyük hadisə ilə bağlı təbrik etdim.
Bu gün isə telefonda danışdıq əziz dostumla, may ayında İstanbuldakı görüşümüzü, 1926-da Bakıda saçılan qığılcımdan 1991-dəki Ortaq Əlifba simpoziumuna, oradan da günümüzə qədər olan dolanbaclı yollar haqdakı söhbətimizi xatırladıq.
Layihə haqda çoxlu suallar verdim.
Öyrənmək istəyirdim hər detalı.
Şahin Mustafayev da təsdiq etdi ki, paylaşılan Əlifba işçi variantdır və Ortaq Türk Əlifbasının son halı deyil.
Maneələr, əngəllər, qazanılan uğurun sadəcə elmi tərəfinin deyil, diplomatik qanadından danışdıq.
Bildiklərim haqda ətraflı yazma zamanının hələ gəlmədiyini düşünürəm.
Ortaq Əlifbanın hazırlanmasında üzərində israrla durulan üç başlıca prinsipi xatırlatmaq istəyirəm:
1.Bir fonem (səs) bir hərflə ifadə edilməlidir;
2.Eyni fonemlər eyni hərflə ifadə edilməlidir;
3.Müxtəlif türk dillərindəki səs zənginliyi mümkün olduğu qədər qorunmalı və əlifbada öz əksini tapmalıdır.
Şahin Mustafayev xeyli əvvəl qəbul edilmiş Özbək əlifbasının bəzi natamamlığına işarə edərək 1-ci prinsiplə bağlı “ç”, “ş” kimi səslərin ancaq bir hərflə ifadəsinin vacibliyində israr etdiyini deyir. Bu problem haqda o, hələ keçən may ayında İstanbula səfəri zamanı mənə necə çətinliklə qarşılaşdıqlarını demişdi. Türklərlə birgə bizim alimlər “ç” səsinin “ch”, “ş”nin isə “sh” kimi ifadə edilməsinə kəskin şəkildə etiraz ediblər;
“Ä” hərfi ətrafındakı müzakirələr də qazaxlar köhnə əlifbalarında (Kiril) “Ə” hərfinin olmasına baxmayaraq üstü iki nöqtəli “Ä” hərfini istəyiblər;
“V” hərfinin olmasına baxmayaraq “W” də təklif olunsa da bu “qanadlı dabl yu” da əlifbadan çıxarılır;
“Ü” hərfi olmasına rəğmən qazaxların istəyi ilə üstündə tilda işarəsi (~) olan “u” hərfi əlifbada yer alıb…
Göründüyü kimi hər ölkə öz səs zənginliyini, kaloritini qorumaq, müdafiə etmək üçün ciddi müzakirələr aparıb. Ancaq ortaq məxrəcə də gəlmək asan olmayıb.
Biz türklərdə isə bu ‘’ortaq məxrəc’’ necə çətin məsələdir, bilirsiz.
Bu da Ortaq Əlifbanın ərsəyə gəlməsinin qiymətini, önəmini qat-qat artırır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan və Türk əlifbaları olduğu kimi qalacaq;
Ortaq Türk Əlifbası Kiril əlifbasından Latın əlifbasına keçəcək Qazaxıstan, Özbəkistan, Qırğızısatan, habelə tatarlar, başqırdlar, qaraqalpaklar, balkarlar və onlarla digər türk xalqları üçün əsas olacaqdır…
*
Beləliklə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyəni təmsil edən alim və mütəxəssislərdən ibarət Komissiya üzvləri ümumi razılığa gələrək 34 hərfdən ibarət Ortaq Əlifba layihəsini Bakıda yekdilliklə təsdiq etdilər. Növbəti mərhələdə layihənin qəbul olunması üçün Türk Dövlətlər Təşkilatı vasitəsi ilə Dövlət Başçılarına və üzv dövlətlərin əlaqədar qurumlarına göndəriləcək.
Bütün daxili və xarici təzyiqlərə, maneələrə rəğmən tarixi bir uğurdur bu Əlifba.
Əsası 33 il əvvəl – 18-20 noyabr 1991-də İstanbulda keçirilən “Çağdaş Türk Alfabesi Sempozyumunda” hazırlanan layihə son şəkli ilə Türk Dünyası tarixində cahanşümul bir hadisəyə çevrildi.
*
Bu gün məşhur türk televizyoncusu Ali Doğana zəng vurdum Ankaraya.
Türklük sevdalısı əziz dostumla 33 il əvvəl o layihə üzərində çalışan görkəmli alimləri andıq.
O heyətdən şəxsən tanıdığım 2 görkəmli alimin adını – görkəmli türkoloq, Türk Dil Qurumu əski Başqanı, Azərbaycanın böyük dostu professor Ahmet Bican Ercilasun və həmyerlimiz, türkoloq, şərqşünas, poliqlot, mərhum professor Vaqif Aslanovun adını çəkmək istəyirəm.
Əminəm ki, 81 yaşında olan Ahmet Bican Ercilasun Hocanı gələcək nəsillər bu gün bizim İsmayıl Bəy Qaspıralını, Əhməd Bəy Ağaoğlunu, Əli Bəy Hüseynzadəni ehtiramla andığımız kimi anacaqlar. O böyük babalarımızın yaydıqları milli birlik ideyası, “Dilde, Fikirde ve İştə birlik” fəlsəfəsi indi daha gur alovlarla yanmağa başlamışdır.
"Əgər biz belə getsək, Rusiyadakı türklərin gələcəyi qaranlıqdır" demişdi İsmayıl Bəy Qaspıralı 19-cu əsrin sonlarında. Başda Mirzə Fətəli Axundzadə, İsmayıl Bəy Qaspıralı olmaqla Türk Dünyasının bütün nəhəng düşüncə adamlarının, aydın və bu yolda qirban getmiş, Sibirdə çürüdülmüş millətimizin qaymaqlarının ruhları şad olsun!
Türk Dünyasının Gözü Aydın!
Türklərin Ortaq Əlifbası Qutlu Olsun!
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)
Köçəri mədəniyyətinin yaratdığı bayram... - ASTANA TƏƏSSÜRATLARI
Aida Eyvazlı Göytürk, “Ədəbiyyat və incəsənət”
Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunları böyük uğurla başa çatdı.
Tədbirdə 89 ölkədən gəlmiş 2800 nümayəndə iştirak edirdi. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimqulova öz təəssüratlarını bizimlə belə bölüşdü:
- Türk Mədəniyyəti və İrsi Fondu öz adına sadiq qalaraq, bu dəfə də türklərin qədim adət-ənənə və mədəniyyətini nümayoiş etdirmək məqsədi ilə paytaxt Astanada V Dünya Köçəri Oyunlarına qatılmaqdan məmnunluq duyur. Bizim Fond bu genişmiqyaslı tədbirdə iki böyük türk çadırı- qazaxların dediyi kimi iki jurta qurmuşdu. Bu çadırlarda Azərbayacn, Türkiyə, Qırğızıstana aid mədəni və tətbiqi sənət, əl işləri nümayiş olunurdu. Azərbaycandan dəvətli olan İçərişəhər Ənənəvi İncənət ustaları, Qırğızıstandan saçaq, çadır divarlarını bəzəyən xalçı-xalça toxuyanlar, rəssamlar, heyvanların buynuzundan, sümüklərindən gözəl sənət əsəri yaradan ustalar, Türkiyədən isə qədim ebru, kalliqrafiya və xəttatlıq, nəqşibəndilik sənətini yaşadan istedadlı və peşəkar sənətkarlar dəvət olunmuşdular.
Özünüz də gördünüz ki, bizim çadırlara gələn qonaqlar adını saydığım sənət növlərinə necə maraq göstərirdilər.
Adından gördüyünüz kimi, Bizim Fond Türk Mədəniyyəti və İrsi Fondu adlanır. Biz türk ölkələri qədim türk irsinin və mədəniyyətinin qorunması üçün çalışırıq. Və qoruduqlarımızı, aşkara çıxardıqlarımızı dünyanın 89 ölkəsindən və 5 qitəsindən gələn qonaqlara layiqincə göstərə bildik. Etnoaulda qurulan yüzlərlə çadırın içərisində çadırlarımızı ziyarət edənlərin heyranlığını görmək məndə qürur hissi yaradırdı. Əslində o çadırlarda nümayiş olunan əl işləri, toxunan tikmələr, şanırakdan asılıb- yəni bacasından asılıb, çadırların divarına qədər uzadılan tikmələr, bəzəklər türk xanımlarının gözünün nuru, ürəklərinin istisi ilə toxunan əl işləridir. Hər bir elementin öz simvolu, mənası vardır. Xanımlar bu işləmələrlə hər bir elementin insan həyatında, məşətində nə qədər əhəmiyyətli olduğunu göstərməyə çalışıblar. Məsələn, kerekələr—baskurlar, bəzəkli lentlər... şaçaqların hamısını əllə toxunar və bu bəzəklər çadırlardan asılırdı. Elə elementlər var idi ki, evin sahibi uzaq yerə gedəndə, ova gedəndə şanırakın ortasından həmin bəzəkli işləmələr, zıncirlər asılırdı ki, ova gedən, səfərə gedən evin sahibi, kişisi sağ-salamat qayıtsın. Boz çöllərin sirri və məişətinin uzunömürlü və toxunulmaz olması bu elementlərdən çox asılı idi.
- Aktotı xanım, mənim diqqətimi çəkən Qazaxıstanın Milli Muzeyində keçirilən “Köçərilər: tarix, bilgi , dərslər” adlı elmi praktik konfrans oldu.
-Doğru deyirsiniz. Bu konfransda dünyanın 89 ölkəsindən dəvətli olan alimlər elmi məriuzə ilə çıxış edirdi. Məruzələrin hamısında köçərilərin, Böyük çöldə yaşayan türklərin həyat və məişəti, şahlanma dövrü, heyvanları əhilləşdirmə bacarıqları, silah düzəltmələri, incə-zərif zərgərlik məmulatları, geyimləri, kosmopolit ənənələri, inancları, intəhasız çöllərdə ulduz işığına qət etdiklləri yollar və yaratdıqları xəritələr haqqında, hətta nə yeyib-içdikləri, isti və soyuq səhralarda, çöllərdə ərzaqlarını necə əldə etmələri, saxlamaları haqqında çox maraqlı məruzələr dinlənildi. 3 gün davam edən konfransda 1200 dinləyici iştirak etdi. Bu konfransda ən çox diqqətə və müzakirəyə səbəb olan isə Azərbaycandan dəvət olunmuş tarix elmləri doktoru Həsən Həsənovun türk sivilizasiyası, qədim köklərimiz haqqında elmi məruzəsi oldu. Böyük adamlar, böyük auditoriyaları mat qoya bilirlər.
- Köçəri Oyunları çərçivəsində Qazaxıstan dövləti proqrama 21 oyun növü salmışdı. Hər bir oyunun da kökü və ənənsi qədim dövrlərə gedib çıxır.
- V Dünya Köçəri Oyunlarının açılış mərasimində qonaqalrı Qazaxıstan Prezidenti Kasım Comərd Tokayev salamladı. Onun çıxışında maraqlı bir məqam var idi. Dedi ki, biz əvvəllər xalqalrımıza məxsus olan bu oyunları Olimpiada adlandırırdıq. Necə deyərlər, köçərilərin Olimpiadası. İndi isə bu oyunları dünyaya nümayiş etməklə, köçərilərin sivilizasiyasıını göstərir, eyni zamanda , idmanın birgə hörmət və həmrəylik rəmzi olduğunu qlobal səviyyədə göstərmək istəyirik. Qazaxıstan Prezidentinin dediyi kimi, idman həm də sülhə çağırışdır. Yadınızdadırsa, Olimpiada keçirilən ölkələrin bir devizi olardı: “Dünyaya sülh!”. Qazaxıstan da, bütün türk dövlətləri də hər zaman bu arzu ilə yaşayıb və bəşəriyyətə gərəkli olan bu arzunu həyata alnıaçıq, üzüağ keçiriblər. Köçəri Oyunlarında ali qonaq kimi iştirak edən Dünya Etnospor Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan da öz çıxışında qeyd etdi ki, Astanada böyük möhtəşəmlik və qələbəliklə keçirilən Dünya Köçərilərinin Oyunları milli idman növlərinin birləşdirilməsini ideya kimi bir araya gətirən çox mühüm hadisəsir. Biz bununla ümumi mədəniyyətimizi qoruyur və gələcək nəsilə ötürürük.
Belə möhtəşəm tədbirlərin keçirilməsi, 5 qitədən gələn qonaqların türk çadırlarında bir araya gəlməsi, türk torpaqlarında yarışan atların ayaq səslərinin səslənməsinin özü türk sivilizasiyasının və mədəniyyətinin harmoniyasıdır. Bu oyunlarda at üstündə təkcə batırlarımız deyil, eyni zamanda boylu-buxunlu gözəl xanımlarımız, qızlarımız da yarışırdılar. Təsadüfi deyil ki, 21 növ çölçü və köçəri oyunlarında 100 medal dəsti qazanıldı. Əslində burada iştirak edən ölkələrin hamısı qalib idi. Amerikadan, Kanadadan, Yaponiyadan, Argentinadan, Avropadan gələn qonaqları həm də “Püt”, “Jambı” “Qalxan” oyunlarında atı çaparaq hədəfə ox, nizə atan türk qızları heyran etdilər. Onların hər birinin at belində şahhanə oturuşu, hədəfə atdığı ox və nizələrin yan keçməməsi də bir başqa sevinc və heyranlıq yaradırdı.
-Elmi konfransda həm də Köçəri Oyunlarının fəlsəfəsindən danışıldı. Bu fəlsəfəninin nədən ibarət olduğu da maraqlıdır.
-Aida xanım, Türk dünyasının və Böyük Çölün fəlsəfi fikir adamı, tanınmış və unudulmayan şairimiz Abay Kunanbayevin 7 Xəzinə fəlsəfəsi həqiqətən də Köçəri Oyunlarının mayasını təşkil edirdi. Yeddi Xəzinə ənənəvi qazax dünyagörüşündə fəlsəfi anlayışlardan biridir. Qazax xalqı Yeddi Xəzinəni insanın həyatı ilə əlaqələndirir və onun konsepsiyasına aşağıdakıları aid edir:
1. batır- yəni igid ər;
2. gözəl və ağıllı qadın;
3. ov tazısı ;
4. Beren tapançası—qədim dövrdəki tapançanın adı idi. Yəni silah.
5. köhlən at;
6. ağıl və bilik;
7.bir də berkut- yəni qartal.
Qazax xalqının Yeddi Xəzinəsi həm də “Yeddiəməl ”ə deməkdir.
Siz özünüz gördünüz ki, hər çadırın qarşısında oturan milli geyimdəki, boylu-buxunlu, iri cüssəli oğlanlar, gözəl bayan-qızlar belə qollarında qartal tutmuşdular. Yanlarındakı tazı iti tumarlayırdılar. Atın da alınından öpürdülər. Bu heyvanlar hər zaman türkün və Böyük çöl oğlunun yol yoldaşı olublar. Təsadüfi deyil ki, bu günlərdə qazax xalqının istəyiilə Tazı cinsli it qazaxların və türk xalqlarının mədəni-məişətinin iti kimi dünyanın qeyri-maddi irs siyahısına daxil edildi.
-Aktotı xanım, “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri kimi sizin dəvətinizlə gəldiyim bu möhtəşəm tədbirdən böyük zövq aldım. Burada görüb, müşahidə etdiklərim birliyin gələcəkdə İpək Yolu üzərində yerləşən ölkələrdəki mədəniyyət tariximizi incələməyə, araşdırmağa çox yardım edəcək. Ata Yurdum Qazaxıstandan isə Azərbaycana dombrada çalınan çöl musiqilərini, at dırnaqlarından qopan səsləri, qartalların burada keçirilən ov yarışlarında göy səmada göstərdikləri uçuşlarının yaratdığı mənzərələrin təəssüratını aparıram. Türk yurduna dünyanın hər yerindən gələn adlı-sanlı , şöhrətli qonaqlar Qazaxıstanda türk elllərinin çadırlarında çaldıqları toydan, şadyanalıq və sevincdən evlərinə pay aparacaqlar. Qoy dünyada sülh olsun. Biz də əl-ələ verərək bu sülh nəğmələrinə, çağırışlarına öz töhfələrimizi verək!
-Çox sağ olun, Aida xanım, Yaşasın sarsılmaz birliyimiz! Yaşasın Türk Elləri!
-Qazaxlar demiş, Birgə bolaq, xanım Aktotı Raimqulova.
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)
Bəli, mən Azər Turanı deyirəm... - DOĞUM GÜNÜNƏ İTHAF
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Təmənnasız adamdır, imkanı, gücü daxilində başqalarına kömək etməyə hazırdır. Çalışqan, işgüzar və əzmkardır. Səiqə-səhmanı xoşlayır, çoxuna nisbətən daha sağlam həyat tərzi keçirir, çox səbirlidir. Necə deyərlər, iti gözləri var- ən xırda təfərrüatları görür.
Dərin zəka və ağlı sayəsində gözəl müşahidəçidir. Ətrafa nüfuz etmək qabiliyyəti fitrətindən gəlir. Əşyaların quruluşuna, insanların rəftarına çox diqqətlidir. Öz üzərində işləməyi bacarır- bir işi ən yaxşı tərzdə görmək üçün zəruri olan vərdişlərə yiyələnməyə can atır. Bunun üçün kifayət qədər səbri və dözümü var...
Deyir ki,- “Vəzifə yüksəlişinə can atmaq heç vaxt ağlımdan keçməyib. Çünki hər bir tərəqqinin nə vaxtsa tənəzzülə uğrayacağına əminəm. “Ədəbiyyat qəzeti”ndəki baş redaktorluq görəvim məndən heç nə almadı. Əksinə, ədəbi ideallarımı gerçəkləşdirmək baxımından geniş imkanlar açdı. Müasir Avropa ədəbiyyatına doğru yola çıxdıq. Ədəbiyyatımızı dünya ədəbiyyatı ilə paralel təqdim etdik. Burda həm Apoliner var, həm də Çingiz Əlioğlu, həm Musa Yaqub, həm də Bodler var. Həm Rembo var, həm də Məmməd İsmayıl. Həm Sabir Rüstəmxanlı, həm də Adonis. Həm Nəriman Həsənzadə, həm də Andre Morua. Həm Anar, Elçin, Kamal Abdulla, həm də Rolan Bart var. Həm Nizami Cəfərov, həm də İvan Qoll. Həm Vaqif Səmədoğlu var, həm də Van Qoq. Həm Mircavad var, həm də Pirosmani. Həm Vaqif Mustafazadə var, həm də Bayron. Həm klassika, həm sürrealizm, həm də postmodernizm. Ən əsası, bütün yersiz qarşıdurmaları, mənasız qovğaları görməzdən gəlib ədəbiyyatı önə çəkirik...”
Bir işi öyrənməmişdən əvvəl onu yaxşı başa düşməyə çalışır. Səmimiyyətinə söhbət ola bilməz. Məntiqi hər zaman hisslərindən yüksək tutur. Bəzən dostları arasında və şəxsi həyatında ciddi çətinlikləri olur. Hərdəmxəyal adamlardan uzaq olmağa çalışır...
1963-cü ildə Neftçalada anadan olub. Orta təhsilini doğma yurdda alıb. Sonra Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Neftçala İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. "Yeni Azərbaycan" qəzetində humanitar şöbənin müdiri, "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olub. "Ədəbiyyat qəzeti"ndə baş redaktorun müavini, baş redaktor əvəzi vəzifələrində çalışıb. Hazırda "Ədəbiyyat qəzeti"nin baş redaktorudur. "Hüseyn Cavid yaradıcılığının ədəbi-fəlsəfi qaynaqları" mövzusunda dissertasiya müdafiə edib. Filologiya üzrə fəlsəfə doktorudur...
Əlbəttə ki, söhbət Azər Turandan gedir. Bir sıra mükafatların laureatıdır. Prezident Təqaüdünə layiq görülüb. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı və TÜRKSOY tərəfindən “Vamberi” medalı ilə təltif olunub..
O, həm də yüksək təşkilatçılıq bacarığı ilə tanınır. Nizam-intizamı sevir və hər şeyi müəyyən bir qayda ilə etməyi xoşlayır. Onu əhatə edən kiçik detalların belə fərqinə varır və onları diqqətlə nəzərdən keçirir, bu da ona həm işdə, həm də şəxsi həyatda çox vaxt uğur gətirir...
Bəli, mən Azər Turanı belə tanıyıram. bu gün onun həyatında əlamətdar günlərdən biridir. Çünki 61 il bundan öncə həmin gün dünyaya gəlib. Gəlin, Azərbaycanın bu dəyərli oğlunun sevincinə sevinc qatıb, onu ad günü münasibətilə ürəkdən təbrik edək.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Dana ətindən şam közləməsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Dana ətindən şam közləməsinin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Dana əti – 117 qr
§ Kərə yağı – 40 qr
§ Bitki yağı – 10 qr
§ Pomidor – 45 qr
§ Bibər – 30 qr
§ Badımcan – 45 qr
§ Soğan – 50 qr
§ Göyərti (keşniş, şüyüd,
reyhan, mərzə) – 12 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
QEYD: Bir də onu qeyd edək ki, tərəvəzlər bu xörəyin üzərinə bütöv, təmizlənmiş halda qoyulur və qarışdırılmır.
HAZIRLANMASI:
Dana ətinin yumşaq hissəsi lay yarpaq şəklində doğranır. Duz, istiot, ədviyyat (istəyə və ağız dadına görə), mərzə qurusu, bitki yağı vurulur, qarışdırılır, 1-2 saat saxlanılır. Ocaq qalanır, köz düşəndən ocağın üzərinə dəmir, metal tor, yaxud bütöv qalın lay dəmir parçası qoyulur. Dəmir qı- zandan sonra tərəvəzlər dəmirin üstünə düzülür, ocaq gur olmalıdır. Hazır olduqca tez-tez çevrilir, çıxarılır, qabıqlardan təmizlənir. Sonra ətin hər iki tərəfi qızardılıb çıxarılır. Soğan fal-fal doğranır. Tas, ləyən və ya enli, çox da dərin olmayan çölmək götürülür. Ocağa dəmirin üzərinə qoyulur, yağ əridilir. Doğranmış soğanlar düzülür, üzərinə ət, tərəvəzlər, duz, istiot (ədviyyat), xırda doğranmış göyərtilər əlavə edilir, ağzı örtülür və vam odda bişirilir. Təxminən bir saat ərzində xörək hazır olur və süfrəyə verilir.
Ədəbiyyat və incəsənət”
(16.09.2024)
Sınama və inanclar - MİN İLLƏRİN SINAĞINDA
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
El arasında bugün də tez-tez rastlaşdığımız sınama və inanclar illər uzunu neçə-neçə nəslin müşahidəsindən keçdikdən sonra ağızlardan ağızlara düşərək arıtlanmış, damcı-damcı yaddaşlara süzülə-süzülə şüurlarda özünə möhkəm yer edərək durulmuş, məxsus olduğu xalqın öz həyat tərzini, məişət şəraitini qurmasına xidmət göstərmişdir.
Bu sınama və inanclar həm hikmətamiz kəlamlar vasitsilə, həm də əmək və mərasim nəğmələrində, əfsanələrdə, rəvayətlərdə və dastanlarda xüsusilə geniş yayılıb bugünkü nəsillərə ötürülmüşdür. Bu proses həyat durduqca insanı beşikdən qəbrədək müşayiət etməkdədir.
Neçə min illərdir ki, insan doğulur, nəsil artırır, nəhayət, həyatdan köçür. Bu üç mərhələnin özü də folklorda doğum, toy, yas mərasimləri şəklində, onlarda oxunan nəğmələrin tərkibində nəsillərin yaddaşında əbədiləşdirilmişdir. İnsanların həmdəmi olan bir qism mərasim nəğmələri müşahidələr zamanı qəm, qüssə, kədər, hüznlə bağlı yaranıb. Başqa bir qism nəğmələr məqamına görə adamların arzu-diləklərini, rastlaşıb aciz qaldıqları problemləri dəf etmək üçün çarələr arayıb axtarmaq, şadlıq, sevinc əhval-ruhiyyəsini yaxşılaşdırmaqdan ötrü dini və dünyəvi inanclara tapınmaqla əks etdirmək, həyat düzəmini müəyyənləşdirmək ehtiyacından meydana gəlmişdir.
Bu kimi xüsusiyyətlər onların istifadə və tətbiq imkanlarını artırmaqla geniş yayılmasının başlıca səbəblərindən biri kimi qiymətləndirilməlidir. El arasında yayılmış inanc və sınamalar da əmək və mərasim nəğmələri kimi zəruri ehtiyacdan yaranmışdır. Bu şifahi xalq nümunələri hər bir xalqın qədim milli adət və ənənələrini, məişət şəraitini, genofondunu, məşğuliyyətini, dini baxışlarını özündə qoruyub saxlamaqdadır. Bunu aşağıda qeyd olunan sitatlarda da görmək olar:
“Hind inancına görə, hər fərd öldükdən sonra başqa biçimdə dünyaya gəlmiş olur. Daha öncəki həyatının nitəliyinə görə yaxşı ya da kötü surət qazanmış olur. Bu həyat təkrarlanması ruhun kamala ulaşıb Tanrıya varışına qədər davam edər. Ruh öz bütün evrimini gerçəkləşdirdikdən sonra artıq yer üzündə həyat bulma sona çatar.”
Yaxud:
“Əşrama— Hind inancına görə hər kəsin ruhu dörd evrədən keçər. Bu dörd evrənin hər biri bir “əşrama” adlanır. Bu dörd mərhələ bunlardır:
1. Mütaliə və şəxsi disiplin.
2. Ailə qurma və dünya işləri ilə uğraşma.
3. Düşünmə, dalğınlıq və dünya təmayüllərindən qopma.
4. İmtina və dünyadan tam qopuş.”
(Mahatma Qandi, “Bütün insanlar qardaşdır” fəlsəfi əsərindən)
Məlumdur ki, qədim insanların yaratdığı söykənclər - əfsanələr, əsatirlər, nəğmələr, inanclar və sınamalar bütün xalqlarda mədəniyyətin, təhsilin, siyasətin, fəlsəfə, incəsənət və elmin dilində nəzarə çarpacaq iz buraxıb. Adamlar hələ də min illər bundan əvvəl deyilmiş kəlamlara arxalanmaqla neçə-neçə əfsanə və rəvayətin kökünə varmış, araşdırmalar sayəsində bir sıra etimoloji nəticələr əldə edərək bəzi faydalı vərdişlərə yiyələnmişlər. Dəfələrlə zamanın sınaqlarından çıxmış, bugün inanc adlandırdığımız sınanclar dövrlərinin neçə-neçə insanına həyat vermiş, dərdlərinə əlac olmuş, yaşamağa ümidləndirmişdir. Günümüzdə də bir bölüm insanlar arasında təsadüf etdiyimiz inanclardan sayılan səbrə (asqırmağa) münasibətin olduğu belə hallardandır. Bizə görə, aşağıda göstərildiyi kimi, bunun müqəddəs sayılma səbəblərindən biri dini rəvayətlərdə Allah-taala tərəfindən palçıqdan yapılmış Adəmin ruh üfürüldükdən sonra asqırıb ayılmasıdır.
“İslamaqədərki cəmiyyətdə en çox sınamalara məruz qalan cəhətlər insan və heyvanların asqırma və əsnəmələri olmuşdur. Onlar həm asqırığı, həm də əsnəməni şeytandan gəlmə bir hal sayıb hər ikisini pis yozurdular. İmruul Qeys şerlərindən birində göstərir ki, səhərlər camaat yatarkən tezdən ova çıxır ki, heç kəs qarşısına çıxıb asqırmasın. Bəzən asqırıq müqabilində “Mənə yox, özünə qayıtsın!” və s. kimi sözlər işlədib, onun şərindən qurtarmaq istəmişlər. Heyvanların asqırması da pis yozulurdu. Sonra İslamda asqırıq bəyənilmiş, ancaq əsnəmək bəyənilməmişdir. Belə ki, asqırığın mələkdən, əsnəməyin şeytandan gəlməsi düşünülmüşdür.” (A.Qasımova “Quran qissələri”)
Bu cür ziddiyyətli təsəvvürlərə sınama və inanclarda sıx-sıx rast gəlmək olur. Yaranma tarixi qədim olan inam və sınamaların əksəriyyətininə ikili yanaşmanın bu kimi məsələlərlə bağlı olması da yuxarıda qeyd etdiyimiz səbəblə bağlıdır.
Deyilənə görə, səfərə çıxarkən qarşından qara pişik keçməsi uğursuzluq əlaməti sayılır. Bu sayaq inanclardan bəzilərinin mənşəyi hələ də qaranlıq olmasıyla araşdırılmasını gözləməkdə olsa da,. bəzilərinin mənşəyi bu gün bəllidir. Bu inanc və sınamaların elələri var ki, tarixi yükü baxımdan çox qədimdir. Bunlar qədimliyi ilə yanaşı özlərini gerçək həyatda doğrultduğundan bu gün də yaşam tərzində türkəçarələri şəklində yaşayır. Bu inam və sınamaların içərisində elələri var ki, bu gün onların faydalı olmaları elmi cəhətdən əsaslı surətdə sübut edilmişdir. Zeytun və xurma ağacları müsəlman aləmində bəlkə də elə buna görə qədimdən müqəddəs sayılır. Bu meyvələrin zəngin kalorili olması insanlara ta qədimdən məlum imiş. Xurmanın vitaminlərlə zəngin olması səbəbindən qədim ərəblər uşaq anadan olanda xurmanı çeynəyib onun ağzına qoyurdular ki, körpə güclü olsun.
Bugün də tibbi baxımdan faydalı bitkilərdən olan reyhanı ərəblər ziddiyyətli olsa da, aşağıdakı kimi dəyərləndirirdilər:
A.Qasımova “Quran qissələri” əsərində göstərir ki: “ərəblər reyhan barədə yozumlar edirdilər. Reyhan gözəl ətir sözündən olduğundan, onu uğurlu bitki sayırdılar. Ancaq gözəl görsənib, yaxşı ətir verməsinə baxmayaraq, tamı acı olduğundan bəzən onun bədbəxtlik gətirəcəyini düşünürdülər.”
Elm və texnikanın inkişaf etməsinin insanların düşüncə və dünyagörüşünü bu qədər zənginləşdirməsinə baxmayaraq, bu sınama və inamlar öz dəyərini günümüzədək itirməmişdir. Qədim insanların öz həyatlarını bu türkə-çarələr və sınanclar əsasında qurmaları danılmazdır. Bunlar müxtəlif dövrlərdə insanların öz sağlamlıqlarını qorumağında, mövcud mühitlə davranmalarında və məişət şəraitlərini daim yaxşılaşdırmaqlarında əvəzsiz rol oynamışdır. Bütün bu sınamalar, yozumlar və çarələr yuxarıda qeyd olunduğu kimi illərin sınağından keçmiş praktik təcrübələrə əsaslanırdı. Elə buna görə də bir çox sınamalar daşlaşaraq aforizmlər və məsəllər şəklində dövrümüzə gəlib çatmışdır. Müxtəlif mənbələrdən götürülmüş aşağıdakı misallar fikrimizə söykək sayıla bilər:
*Parklarda görülən atlı heykəllərin ön iki ayağı havadadırsa, heykəldəki adam döyüşdə ölmüşdür. Əgər bir ayağı havadadırsa, döyüşdə yaralanmışdır. Əgər 4 ayağı da yerdədirsə, o insan normal səbəblərdən ölmüşdür. (X.Hüseyn “Çərpələng uçuranlar” romanından)
*Adətən, atlar ölülərdən qorxurlar. Onlar heç vaxt meyidi tapdalamazlar. (Svetlana Alekseyeviç “Müharibənin qadın üzü yoxdur” əsərindən)
*Məşğuliyyəti boyu əsasən çanaqlıbağa balığı tutan balıqçıların gözü tez zəifləyir. (Ernest Heminquyey “Qoca və dəniz” povestindən)
*İnsanlar və itlər digərlərinin gözündə ifadə oxuyan yeganə canlılardır. İtlər bu xüsusiyyətdən insanlarla ünsiyyət üçün istifadə edirlər.
*Mayalılar çəpgözlüyü cazibədarlıq simvolu hesab edirdilər. Bu səbəbdən onlar övladlarının çəpgöz olması üçün əllərindən gələni edirdilər. (Milli.Az saytından)
*Qədim Romada döyüşə getməzdən öncə hətta toyuq və xoruzlarla fal açır, bəzən xoruz döyüşdürürdülər. (A.Qasımova “Quran qissələri”)
*Mayalılara görə müntəzəm olaraq səhər yeməyi yeyən ailələr, qaydasında səhər yeməyi yeməyən ailələrə nisbətən daha xoşbəxt və anlayışlı olurdular. (Elif Şəfəq “Eşq” romanından)
*Deyirlər ki, Səfəvi şahı I Təhmasib qızını ərə verməyərək bir atı da daim yəhərli saxlayarmış ki, on ikinci imam Mehdi zühur edəndə qızını ona versin. (M.Çəmənli “Ölüm mələyi” romanından)
Göründüyü kimi, rastlaşdğımız mənbələrdən götürülmüş bu misallar içərisində müxtəlif xalqlara məxsus inanc və sınanclar əsas yer tutur. Bu da inam və sınamaların ortaqlığını araya gətirərək, onların ümumbəşəri olduğunu ortaya qoyur. Bundan əlavə, bu sınamalar, inanc və inamlar məxsus olduqları xalqın unudulmaqda olan qədim milli adət və ənənələrini, davranış qaydalarını özündə hifz etməklə günümüzə çatdırmaqda körpü rolu oynayır. Diqqəti çəkən önəmli bir cəhət də toplanmış nümunələrin dünəndən bugünümüzə xəbər ötürməsidir. Burada müxtəlif xarakterli məlumatlar əsasında ailə-məişət münasibətlərinin qurulması və insan sağlamlığının qorunması yolları öz əksini tapmışdır ki, indi də bu sınanılmış üsullardan xalq təbabətində, məişətdə hamı tərəfindən istifadə olunmaqdadır.
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)
Bu gün ilk dərs günüdür - BDU 105-Cİ DƏFƏ QAPISINI TƏLƏBƏLƏRİN ÜZÜNƏ AÇDI
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün -16 Sentyabr Bakı Dövlət Universiteti 105-ci ilində qapılarını tələbələrə açıq elan etdi. Mən də ilk dəfə bu təhsil ocağına ayağı dəyən tələbə kimi qürurluyam.
1919-cu il 1 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən yaradılan BDU 105 ildir ki, öz qocamanlığını, səviyyəsini və buna rəğmən yeniliyini də qorumuşdur. Yeniliyini qorumağı xüsusi qeyd edəcəyəm. Çünki təhsil ocağının bəzi korpusları təzə təmir olunub və insana xoş aura verir. Həmçinin, məhz ilk qədəmlərimi atdığım 2-saylı korpus həm kənardan görünüşü ilə, həm də daxili görünüşü ilə insanda xoş hislər yaradır.
Bakı Dövlət Universiteti və ya qısaca BDU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ilk ali təhsil müəssisəsidir. Avropa Universitetləri Assosiasiyasının üzvüdür.
1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ilk universitetin açılması haqqında qanun qəbul etdi. "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.
Qanunun onuncu maddəsində deyilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur.
İctimaiyyətin narahatlığını nəzərə alaraq qanunun II maddəsinin 2-ci bəndində qeyd edilirdi ki, bütün fakültələrdə türk dili məcburi fəndir.
Azərbaycan hökuməti universitet komissiyasının tövsiyəsini, Xalq Maarif Nazirliyinin təqdimatını nəzərə alaraq, 1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edir. Qərarda operativ cərrahiyyə kafedrasının əməkdar professoru V. İ. Razumovskinin rektor, patoloji anatomiya kafedrasının professoru İ. İ. Şirokoqorovun, o olmadığı dövrdə isə müvəqqəti olaraq professor A. M. Levinin tibb fakültəsinin, tarixçi, publisist, ümumi tarix kafedrasının dosenti N. A. Dubrovskinin tarix-filologiya fakültəsinin dekanı təyin olunduğu göstərilir. İlk tədris ilində universitetə ştat üzrə lazım olan 104 nəfər, o cümlədən 43 professor və privat dosent cəlb etmək mümkün olmuşdu.
Əlbəttə, bu yerdə oxucuda haqlı sual doğacaq: bəs niyə ruslar? Nəzərə alın ki, yüz illərdir Çar Rusiyasının işğalı altında olan Azərbaycanda hər sahədə yalnız ruslar ixtisaslaşmışdı, elm və təhsil də onların əlində idi. Yenicə qurulmuş müstəqil dövlətimizdə milli kadrlara kəskin ehtiyac var idi.
Adının tarixi:
1924-cü ildə - növbəti işğaldan sonra universitetə Vladimir İliç Leninin adı verilir. 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə vaxtilə Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Sergey Mironoviç Kirovun adı verilir. 1991-ci ildə isə Bakı Dövlət Universitetinə bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş Məhəmməd Əmin Rəsulzadənin adı verilmişdir. 2001-ci ildən isə adı Bakı Dövlət Universiteti adı ilə təsdiqlənmişdir.
1919 − 1920 — Bakı Universiteti
1920 − 1991 — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti
1991–2000 — M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti
2000 — indiyədək — Bakı Dövlət Universiteti
Azərbaycanın ilk Universetində təhsil almaq böyük qürur və fəxr hissidir. Bütün gənclərə bu tələbəlik illərində uğurlar arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)