
Super User
İBRƏTAMİZ - Həyat niyə bu qədər çətinləşdi?
Könül, “Ədəbiyyat və incəsənət”
Bu dəfə İBRƏTAMİZdə sizlər üçün həyati əhəmiyyətli bir məsələyə toxunacam. Əminəm ki, həmişəki kimi sizlər üçün çox faydalı olacaq.
...Arifə sual verdilər ki, həyat niyə bu qədər çətinləşdi?
Buyurdu:
Çünki günə "Bismilləh" ilə başlayanlar azaldı...
İbadət və itaətləriniz dərəceyi-qəbul olsun inşəAllah...
Kimilərinə görə insanlar tanıdıqca dəyişir...
Mənsə bu mövzuda tam tərsini düşünürəm...
Bilirsiz niye..?
Çünki insan tanıdıqca dəyişməz,
tanıdıqca özü olar...
Aktyorluq etməkdən imtina edər
və həqiqi xarakterini ortaya çıxarar...
Buna məcbur qalar...
Çünki heç bir ömür saxta xarakterlə,
aktyorluq edərək tükənməz...
Allah bizi saxta düşüncə riyakarlıqdan qorusun .
Ədəbiyyat və incəsənət”
(18.09.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Ağaclar diksinər yarpaq düşəndə...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenidən sizlərlə daimi müəllifimiz Əlizadə Nuridir. Bu dəfə şair “Ağaclar diksinər yarpaq düşəndə“ söyləyir.
Sizi bilmirəm, mən dərhal bu mənzərəni hiss etdim. Payızdır, qocaman bir çinarın saralmış yarpağı yerə düşür və çinar səksənir…
Xoş mütaliələr.
Elə bil bir qədər kiçilirəm mən,
Bu dağlar qoynundan bir dağ düşəndə.
Ana sevgisinə bürünüb düşür
Hər uşaq bətndən çılpaq düşəndə.
Bu sünbül sevgimiz indi dən tutur...
Səni hər gözələ necə tən tutum?!
Sənin ayrılığın əlimdən tutur
Haçan ki könlümə yanmaq düşəndə.
Quru budaqlarda gülümsəyər nar,
Payız yağış dolu boxçanı açar...
Gecə səhərəcən yuxusu qaçar-
Ağaclar diksinər yarpaq düşəndə...
Ədəbiyyat və incəsənət”
(18.09.2024)
Bir fotonun ardınca - İçərişəhərdə çirkab
Ələviyyə İbadlı, “Ədəbiyyat və incəsənət”
Sosial medianı dolaşan bu foto diqqətimi çəkdi. Kişi adı daşıyan nakişiləri görüb də inanın ki dəhşətə gəldim.
Biz hara gedirik? Razrezli bığlı-saqqallı kişiciklər - bu murdarlar İçərişəhərimizin küçələri ilə gəzərək gənclərə, uşaqlara nə nümunəsi göstərirlər?
Biz mənəvi deqradasiyanın son həddindəyik.
İctimaiyyət ayağa durmalıdır, Azərbaycanı Hollandiyaya çevirmək istəyənlərə yox demək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
Bu gün Sofi dö Kue Bakıda konsert verəcək
İsveçrəli müğənni Sofi dö Kue sentyabrın 18-i Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, sentyabrın 19-da isə “Events Hall”da konsert proqramı ilə çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması – dünya turu” çərçivəsində reallaşacaq tədbirdə müğənni maraqlı ifalar səsləndirəcək.
Sofi dö Kue eyni səhnəni multiinstrumental ifaçı kimi istedadına görə “ahtapot adam” ləqəbi ilə tanınan Simon Jaccard ilə bölüşəcək.
Müğənni, həmçinin sentyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında seminar keçirəcək.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
Bu gün Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı başlayır
Könül, “Ədəbiyyat və incəsənət”
Bu ilin mədəniyyət təqviminin ən önəmli səhifələrindən biri - bu gün Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı başlayır.
Bəri başdan deyim ki, festival qonaqlı-qaralı olacaq, festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.
Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunacaq.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi reallaşacaq.
Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq.
Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor: Xalq artisti Gülbacı İmanova) çıxış edəcək. Solistlər Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) ifalarını təqdim edəcəklər.
Həmçinin bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kinoteatrlarda Üzeyir Hacıbəylinin əsərləri əsasında lentə alınmış bədii filmlərin nümayişi, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.
Festival sentyabrın 28-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
BİR DİREKTOR, BİR ŞAGİRD - 261 nömrəli məktəb-liseydən Könül Məmmədli və Zeynəb Quluzadə
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 261 nömrəli məktəb-liseydir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
Məmmədli Könül Yusif qızı 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə 241 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə universiteti "Azərbaycan dili və ədəbiyyat" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2006-2009-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura pilləsində təhsil almış, magistraturanı "Ədəbi tənqidin nəzəriyyəsi və tarixi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 15 sentyabr 2005-ci il tarixindən Xəzər rayonundakı 185 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayında Xəzər Universitetində təşkil olunmuş "Potensial Məktəb Direktorları" təlim kursunu uğurla bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2018-ci il tarixli əmri ilə Bakı şəhəri E.Əliyev adına 234 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində “Mənim peşəm” layihəsi ilə ümumi təhsil kateqoriyası üzrə qalib olmuşdur. Müxtəlif təlimlərdə iştirak etmiş, yerli və beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 17 oktyabr 2022-ci il tarixli əmri ilə Bakı şəhəri İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin direktoru vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02 oktyabr 2023-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.
ŞAGİRD:
Mən, Quluzadə Zeynəb Anar qızı 2008-ci ildə Bakı şəhərində doğulmuşam. 2014-cü ildə Xətai rayonunda 254 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşam. 2022-ci ildən isə təhsilimi 261 nömrəli məktəb-liseydə davam etdirirəm. Hazırda 11-ci sinif şagirdiyəm. 8 yaşımdan rəsmlə məşğulam. 2022-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimlərinin təşkilatçılığı ilə “ArtAccent” tərəfindən keçirilən “Yay məktəbi”ni müvəffəqiyyətlə bitirmiş, 2024-cü ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən İ.Repin adına İncəsənət Akademiyasının “Yay məktəbi”nə qəbul almış və məktəbi müvəffəqiyyətlə bitirmişəm. Müxtəlif qurumlar tərəfindən keçirilən müsabiqələrdə sertifikat və diplomlar almış, o cümlədən 261 nömrəli məktəb- liseyin 2023-cü ildə keçirdiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisində I yerə layiq görülmüşəm. Bundan əlavə, Hindistan, Qazaxıstan kimi ölkələrin, Meksika, Mərakeş və Rusiyanın Azərbaycandakı səfirliklərinin təşkil etdiyi rəsm müsabiqələrində müxtəlif yerlər qazanmış və sertifikatlarla təltif olunmuşam. İlk sərgim 2023-cü ildə 261 nömrəli məktəb-liseydə təşkil olunmuşdur. Həmçinin 2022-ci ildə “Ustad” jurnalında köməkçi rəssam kimi fəaliyyət göstərmişəm. 2023-cü ildə “Balabilgə” nəşrlərində çapdan çıxmış Sevinc Elsevərin “Döyüş iti” və Həmid Piriyevin “Balaca delfinin macəraları – Xərçəngin xəzinəsi” uşaq hekayələrinin illüstrasiyalarını çəkmişəm.
ESSE:
Müasir dövrdə kosmopolit olmağa çalışan, özünü “dünya vətəndaşı” elan edən və öz köklərindən qopduğunu zənn edən insanların sayı bütün dünyada artır. Lakin onların əksəriyyəti müəyyən məqamda necə bir qəflətə qapıldığını anlayır. Çünki əngin səhrada bircə qum dənəsi kimi itib yox olmamaq üçün insanın köməyinə onun kökləri, milli kimliyi, qanı və canı ilə bağlı olduğu Vətəni gəlir.
Düz 33 ildir ki, hər bir azərbaycanlı müstəqil Azərbaycanın vətəndaşı olduğunu bütün dünyada rahatlıqla dilə gətirir və düz 4 ildir ki, hər bir azərbaycanlı əzəli torpaqlarının qaytarılması ilə yaşadığı sevinc və fərəh hisslərini bütün dünyaya hayqırır. 4 ildir ki, hər bir vətəndaşımız 44 rəqəminin sehrinə qapılıb. Çünki 4 il əvvəl məhz cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin tarixində əhəmiyyətli bir addım atdı – Azərbaycan son 200 il ərzində ilk dəfə öz torpaqlarını qaytarmağa müvəffəq oldu. I Qarabağ müharibəsində itirdiyimiz torpaqlar II Qarabağ müharibəsində onun əzəli sakinlərinin – azərbaycanlıların qələbə qazanması ilə qaytarıldı, milyonlarla insan bu tarixi anın şahidi oldu, viran edilmiş o torpaqlarda quruculuq-bərpa işləri aparıldı, neçə-neçə hava limanı, məktəb, bağça, yaşayış evi, hotel, idarə açıldı, yollar salındı, məscidlər bərpa olundu, tarixi abidələrin qorunub saxlanılması üçün müvafiq addımlar atıldı. Ən əsası, gəncliyimizin təhsili yönündə əhəmiyyətli bir iş görüldü, belə ki, Qarabağ Universiteti açıldı və fəaliyyətə başladı.
Düzdür, bu yolda verdiyimiz qurbanlar da oldu. 3000-ə yaxın şəhid Qarabağda Vətən uğrunda gedən döyüşlərdə öz canını itirdi, lakin onların öz qarşısına qoyduğu hədəfə nail olundu. Şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımızın qaytarılması onların ruhuna ən gözəl müjdə oldu.
Az qala, bütün dəyərlərin itirildiyi, əxlaq kodekslərinin pozulduğu və çoxunun yalnız öz rifahı üçün çalışdığı bu dünyada yox olmamağın, milyardlarla insanın içində itib-getməməyin tək yolu milli kimliyini dərk etmək və Vətənin naminə əlindən gələn hər şeyi etməkdir. Bir azərbaycanlı olaraq, hamımızın borcu o 44 gündə göstərdiyimiz şücaəti ömrümüz boyunca göstərməkdir.
Biz məktəblilərin göstərə biləcəyi şücaət isə oxumaq, layiqli vətəndaş kimi yetişmək, öz ölkəmizin inkişafı üçün çalışmaq və dünyanın harasında olmağımızdan asılı olmayaraq, Vətən sevgisinə sadiq qalmaqdır.
“Ədəbiyyat və incəsənət”
(18.09.2024)
Qafqaz İslam Ordusunun şücaəti Ankarada anılıb
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Türkiyə Azərbaycan Dostluq və Həmrəylik Fondu və Türk Dünyası Parlamentarilər Fondu Azərbaycan səfirliyi ilə birgə “Bakü’nün İşgalden Kurtuluşu; Kafkas İslam Ordusu ve Enver Paşa” adlı anım toplantısı keçirib.
Toplantıda Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baran iştirak edib və çıxış eləyib.
Toplantıda bir çox rəsmilər də iştirak ediblər.
İclasın açılışında Milli Müdafiə Nazirinin müavini Şuay Alpay, AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım, MHP sədrinin baş müşaviri Prof. Dr. Ruhi Ersoy, Azərbaycan Ankara səfirliyinin müşaviri Yaşlı Əliyev, TADİV prezidenti Prof. Dr. Aygün Attar, TDPV prezidenti Dr. Abdullah Çalışkan, Yıldırım Beyazıt Universitetinin müəllimi Prof. Dr. Zakir Avşar, yazıçı Ali Yurtseven və digərləri iştirak etmişlər.
Bakını erməni-rus-ingilis işğalçılarından xilas edən türk qardaşlarımızın qəhrəmanlığı vəsf olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
“27 yaşımda öləcəm...“ - Məmməd Məmmədlinin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının REDAKSİYANIN POÇTUNDAN rubrikasında bu gün sizlərə Məmməd Məmmədlinin retrospektiv tərzdə yazdığı “27 yaşımda öləcəm...“ adlı hekayəsini təqdim edirik.
Xəstəxanaya çataçatda şəhərə qaranlıq çökdü, günün gündüzündə günəş qeybə çəkildi, ətrafda səs kəsildi. Dünyanın sonu gəldiyini düşündülər. Nə baş verdiyini anlamırdılar, bir anlıq nitqləri tutuldu. Emin canındakı xofu qovub bərkdən qışqırdı:
-Hə, təbrik edirəm, Allahın qəzəbinə gəldin! Cəhənnəmə getmək istəyirsən, mənsiz get! Həyatından bezmisən, mənim nə günahım var...
Coşqun mızıldandı, lakin heç nə demədi. Allahın günahkar bəndəsi başındakı qarma-qarışıqlığı sahmana salmağa çalışdı. Beynini ha çalışdırmaq istədi, heç nə alınmadı. Yazıq-yazıq onun üzünə baxdı, susdu.
Qarşıda yalnız beşmərtəbəli bir bina görünürdü. Aləm zülmətə dönsə də bulanıq, sarımtıl rəngdə bərq vuran xəstəxananı seçə bildilər. Gördüyü mənzərənin sehrinə düşən Coşqun “biz ora getməliyik!” – deyib, dostunun qolundan dartdı.
Xəstəxananın qapıları bağlı idi, ancaq hansısa qüvvə onları maqnit kimi içəri dartırdı. İzaholunmaz bir gücün qarşısında sanki hipnoz olurdular. Coşqun öz-özünə danışırmış kimi divardan yapışdı:
-Yuxarı çıxmaq lazımdı! – deyib, kərtənkələ təki dırmaşmağa başladı.
Coşqunun inadkarlığına etiraz edə bilməyən Emin də kərtənkələ yerişini aldı. Sanki fövqəltəbii bir varlıq ona görünməmiş güc verdi.
Xəstəxananın damında ürəkləri bulanır, canlarında yüksək hərarət hiss edirdilər. Coşqunun spontan hərəkətləri Emini özündən çıxarırdı. Həyatı elə bura qədər imiş... nə etdiyini anlamır, beynində pozuntular baş qaldırırdı. Düşüncələr içində kənara çəkilib, çarəsiz-çarəsiz hadisələrin gedişatını gözlədi. Bir dost kimi əlindən gələni etmişdi, bundan sonra artıq özü bilər...
Başlarının üstünü yadplanetli obyekt alanda qorxu canlarına elə sarmaşdı ki, yerlərində donub qaldılar. Nə gizlənə, nə də qaça bilirdilər. Təslim oldular...
Arada yaranan çəkisizlik ayaqlarını binanın damından üzdü.Onlar burula-burula naməlum obyektin içinə sovruldular...
***
Cimi Hendriksə qulaq asırdı. Payız günəşinin isitdiyi yarıqaranlıq otaqda boynunu büküb oturmuşdu.“Woodstock” festivalındakı konsertlərini dəfələrlə izləmişdi. Ən çox da 1969-cu ilin videoyazılarını dinləməyi sevirdi. Ağ stratokasterdə “FoxeyLady”mahnısını qıvrıla-qıvrıla ifa edən Hendriksi özü dəfələrlə dostlarının arasında təkrarlamışdı. Həmişə də Cimi Hendriks kimi şan-şöhrətli ifaçı olmağı arzulamışdı. Amma Coşqunu Bakının “Dejavu” rok-klubundan o yana tanımırdılar. Pis ifa etmirdi, musiqiyə ürəyini qoymuşdu, səhnədə özünü unudur, Hendriks kimi tamaşaçıların gözlərini qamaşdırırdı. Daha o qaradərilinin taleyini yaşamaq istəmirdi! Bu vaxt qapı döyüldü. Qalxmağa halı olmadığından elə oturduğu yerdən səsləndi:
-Gəl!
Emin içəri keçəndə gözlərinə inanmadı. Dostu onunla zarafat etmirdi. Coşqunun oturduğu divanın bir tərəfi al-qana boyanmışdı.
-Sən... Niyə özünü bu günə qoymusan?
-Emin, məni xəstəxanaya çatdır...
-Məsləhət görərdim, əvvəlcə başını yoxladasan. Heç utanırsan? Bir qaradərilinin üstündə özünü öldürmək ancaq sənin kimi axmağın ağlına gələrdi, - deyinə-deyinə ağıldan zayın qolundan tutub, ehmalca onu dikəltdi.
Xoşbəxtlikdən, xəstəxana yaxında idi. Yol boyu Emin ona həyatın astar üzünü başa salırdı.
-Sən bilirsənmi, insanın özünü öldürməsi Allah qarşısında işlətdiyi ən böyük günahıdır?
Coşqunun canından üşütmə keçdi.
-Sən bu hərəkəti eliyəndə heç ata-ananı düşündün? – Emin davam etdi. –Məlumun olsun ki, səndən fərqli, Cimi Hendriks özünü öldürməyib. Sən yaxşı ifaçısan, amma başqasının yolunu gedirsən. Bu, səni məşhur etməyəcək... bunu birdəfəlik qulağında sırğa elə...
Coşqun ağzına su alıbmış kimi yazıq-yazıq dostunun üzünə baxırdı. Susmağı ilə sanki Eminin fikirləri ilə razılaşırdı.
Qəflətən hava qaraldı, günəş yoxa çıxdı. Küçələrdən insanlar, maşınlar qeybə çəkildi. Dostların canına vic-vicə düşdü...
***
Gitarasını səsgücləndiriciyə qoşub 70-ci illərin dəbdə olan rok mahnılarını çalırdı. Səsi o qədər qaldırmışdı ki, küçədəkilər səs gələn tərəfə baxır, narazı-narazı ötüb keçirdilər. Qonşularsa bu dəliqanlı gitaraçının musiqisinə çoxdan öyrəncəli idilər. Həftəsonu dostlarını başına yığan Coşqun 27 yaşını qeyd etmək üçün bu dəfə evində “parti” keçirirdi. Dostları da deyib-gülür, qızlı-oğlanlı oynayır, kresloda yayxanıb “Xırdalan” pivəsindən içə-içə Coşqunun ifasına qulaq asırdı. Kefləri saz idi... O qədər siqaret üfürmüşdülər ki, günəş işığı içəri düşməyə çətinlik çəkirdi. Coşqun da Hendriks kimi qıvrılır, gitaranı boyunun arxasında çalırdı, hərdən də simlərini dişi ilə tərpədirdi. Üç saatlıq “səs-küydən” sonra qonaqlar dağılışdı.
Coşqun günü “yaxşı” başa vurmağı planlamışdı. Görəsən həyatı bu gün bitsəydi, necə olardı? Odur ki, Cimi Hendriksin “Woodstock”dakı konsertlərini qoşub divanda özünə yer elədi. Damağında “Marlboro”, bir əlində də pivə şüşəsindən yapışan dəliqanlı gənc həyatını vərəqləməyə başladı. Öləndən sonra yaddaşlarda qalacağına inanırdı. “27-lər klubu”nun üzvü olmaq ümidi ilə cibindəki “lezvanı” çıxartdı. Kağızını cırıb qolun bükülən yerindən astaca sürtdü. Həmən dərisi açıldı... ağappaq damarı üzə çıxdı... İkinci cəhddən sonra içəridə axan tünd qırmızı mayeni azadlığa buraxdı. Qan fəvvarə təki elə fışqırdı ki, divanı, yeri, hətta tavanı belə qırmızı rəngə boyadı. Damağındakı siqareti buraxmadan qanı ilə çəkdiyi mənzərəyə tamaşa edirdi...
Qanın təzyiqi düşdü, fəvvarənin gücü azaldı, ancaq o, huşunu itirmədi...
“Qəribədir niyə ölmürəm bəs?” – deyə ağlından keçirdi. Bir anda ölmək fikrindən daşındı. Anladı ki, ömür insana verilən taledir və o, bu taleni yaşamalıdır. “Görünür vaxtım hələ çatmayıb...” – öz-özünə dedi.
Mobil telefonla dostuna zəng vurdu.
-Emin, damarımı kəsmişəm, tez məni həkimə apar, - deyib, telefonu bağladı.
Televizorda“FoxeyLady” mahnısını ifa edən Cimi Hendriks ağ gitarası ilə tamaşaçıları coşdururdu, ancaq Coşqun üçün indi bunun heç bir əhəmiyyəti yox idi...
***
Coşqun yuxudan ayılıb adəti üzrə səhərin siftəsinə siqaretini yandırdı. Tüstülədə-tüstülədə başını pəncərədən çıxarıb yoldan keçən maşınlara, işə tələsən adamlara baxdı. Günəş düz gözünə düşürdü. Kefi kökdür. Necədə olmasın, axı bu gün 27 yaşı tamam olurdu. Özəl günündə valideynlərini qohumlarıgilə yollayıb “parti” keçirmək üçün dostlarını evə çağırdı. Yeyib-içmək, siqaret, bir də gitara... necə deyərlər, budəfəki ad günü yaddaqalan olacaqdı. Emini də unutmadı. Telefonla zəng vurub dəvətinin məqsədini açıqladı:
-Şimal maralı, necəsən? – o, dostunu belə çağırırdı. – Sənə bir sualım var. Sən “27-lər klubu” haqqında nə bilirsən?
-Coşqun, sən elə bir vaxtda zəng vurdun ki...əlimdə işim var, sonra danışarıq.
-Yox e, sən bilirsən ki, Cimi Hendriks,Cennis Coplin, Emi Vaynhaus, Morrison, Kurt Kobeyn...
-Hansı Kurt Kobeyn, “Nirvana” qrupundakını deyirsən?
-Bəli dostum, özüdür ki, var. Onların hamısı 27 yaşda ölüb. Mənim də bu gün 27 yaşım tamam olur. Odur ki, səni “parti”mə dəvət edirəm.
-Nəsə mənə tam aydın olmadı. Əvvəla təbrik edirəm, 100 yaşa. Amma sənin “27-lər klubu” ilə nə əlaqən? Bəlkə, kluba üzv olmaq istəyirsən?
-Bəli dostum, düz başa düşdün. Mən bu gün dostlarımla vidalaşıram.
-Nəsə gözümə “yaxşı” dəyirsən. Amma mən bu gün məşğulam. Sabah bir yerdə oturarıq, – deyib telefonu bağladı.
Coşqunun kefi saz idi, Hendriksin gitarası kimi... Odur ki, küncə qoyduğu ağ stratokasterini götürüb divanda yerini rahatladı. Gitarasını kökləyib, “Mi” simini “Re”yə endirdi. Bu gün “ağır parti” olacaqdı, bütün dostları ilə yaxşı əylənəcəkdi...
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
GÜLÜŞ KLUBUnda Spilberqin seçimi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Qanını qaraldıblar?
Gözlərini yum. Özünü gözəl bir gölün sahilində təsəvvür elə. Və qanını qaraldanı itələ o gölün içinə.
2.
Ana:
-Uşaqlar, konservalara toxunmayın, onları dar gün üçün saxlamışam.
-Konfetlərə də əl vurmayın, onlar da dar gün üçündür.
-Vafliylə peçenyeyə yaxın getməyin, onlar da dar gün üçündür.
Uşaqlar:
-Kaş ki, bu dar gün tez gələydi.
3.
Sual:
Deputat seçiçiyə hansı halda yalan danışmaya bilər?
Cavab:
-Ünsiyyətləri olmadıqda.
4.
Lampadəyişmə işində korrupsiya.
İri yük maşını ilə sürücü və yeddi fəhlə - cəmi 8 nəfərlik briqada işıq dirəyinin altına gəlirlər.
İki fəhlə pilləkəni tutur.
Üçüncü çıxıb xarab lampanı çıxarır.
Dördüncü çıxıb təzə lampanı patrona salır. Beşinci çıxıb lampanı burub bərkidir.
Altıncı aşağıdan düyməni basıb işığı yandırır.
Yeddinci də akt tərtib edir ki, altı brak lampadan sonra yalnız yeddinci yandı.
5.
Rejissor Spilberq dəhşət filminə əcaib qadın çəkmək üçün kastinqi Ermənistanda, gözəllik müsabiqəsi iştirakçıları arasında keçirib.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
BİR SUAL, BİR CAVAB Təranə Turan Rəhimli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Məndən təzə şeir xəbər alan dost,
Bəs yazın gəlməsi şeir deyilmi?!
Gəzməyə çıxanda çölün, çəmənin,
Üzünə gülməsi şeir deyilmi?!
(Hüseyn Arif)
Təranə xanım, bilirik ki, Hüseyn Arifi Ustad saymısınız, bəs Təranə xanım üçün şeir nədir?
CAVAB
Xalq şairimiz Hüseyn Arifin mənim ədəbi inkişafımda çox önəmli rolu olub. Dəyərli ustad tövsiyələri ilə həmişə məni daha çox yazmağa həvəsləndirib. Yazdığım şeirləri telefondaca oxudub əsl ustad məsləhətlərini verərdi. Ana dilimizin incəliklərinə elə dərindən bələd idi ki, yerində olmayan ifadəni, sözü dərhal tutar, dəyişdirməyi məsləhət görərdi. Sözə zərgər dəqiqliyi ilə yanaşır, məndən də bunu gözləyirdi. Şeirdən təbiilik, şairdən səmimilik tələbi vardı. "Dərindən bələd olmadığın heç nə haqqında yazma" deyərdi. Bir də "yaxşı insan olmayandan yaxşı şair də olmaz" qənaətinə məni möhkəm inandırmışdı. Bu inam sonralar çox dadıma yetdi. Şeir mənim üçün ruhun özüdür. Yazsam da, yazmasam da, o mövcuddur. Amma yazanda o ruhu hamı görür.
Ədəbiyyat və incəsənət”
(17.09.2024)