Super User

Super User

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bədii şurası 115-ci mövsümün ilk dörd ayı üçün nəzərdə tutulan repertuar və iş planını təsdiqləyib. 

 

Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova AzərTAC-a bildirib ki, cari ilin sonuna qədər sənət ocağında təqribən əlli tamaşanın yetmiş dəfədən çox nümayiş etdirilməsi nəzərdə tutulub.

“Mövsüm 18 Sentyabr – Milli Musiqi Günündə “Üzeyir Hacıbəyli Həftəsi” çərçivəsində göstəriləcək “O olmasın, bu olsun” tamaşası ilə açılacaq. Beş gün davam edəcək layihədə bir-birinin ardınca dahi bəstəkarın ölməz əsərləri – “Leyli və Məcnun”, “Arşın mal alan”, “Ər və arvad” oynanılacaq. Dörd ay ərzində tamaşaçılar teatrın sevilən aktyorlarının ifasında “Adamın adamı”, “Qadınım”, “Paris Notr-Dama ithaf”, “Bəxtiyar”, “Sevənlərindir dünya”, "Toya bir gün qalmış”, "Qızıl toy”, "Kimdir müqəssir?”, “Beş manatlıq gəlin”, “Molla Nəsrəddinin beş arvadı”, “Bir nəfəs qədər”, “Mən dəyərəm min cavana”, “Baladadaşın toy hamamı”, “Amerikalı kürəkən”, “Utancaq qız” və digər tamaşalara baxa biləcəklər. Bundan əlavə, teatrsevərlərə rus dilində “Lara Martin’s Jazz Club”, “Aysedora”, “Nəğməmə inan”, “Qafqazlı qardaşqızı”, “Fransız sayağı qarnir”, “Silva”, ingilis dilində isə “Anamın kitabı” tamaşaları təqdim olunacaq. Yaradıcı kollektiv, həmçinin balaca tamaşaçıların görüşünə ana dilimizdə “Meşə çaqqalsız olmaz”, “Dəcəl çəpişlər”, “Düyməcik”, rus dilində “Qoğalın macərası”, “Yağış göbələyinin macərası”, “Bir dayan, canavar!”, eləcə də hər iki dildə hazırlanan “Qırmızı papaq” və “İki küpəgirən qarı” nağıl-tamaşaları ilə gələcək”, - deyə o əlavə edib.

Fəridə Aslanova cari ilin sonuna kimi bir çox səhnə əsərlərinin premyerasının reallaşacağını qeyd edib: “Oktyabrın 3-də dünyaşöhrətli yazıçı Anton Pavloviç Çexovun “6 №-li palata” əsəri əsasında rejissor Ər-Toğrulun quruluş verdiyi “Palata” tamaşasının premyerası olacaq. Yazıçı-dramaturq Sabit Rəhmanın “Əliqulu evlənir” pyesi əsasında “Şöhrət” ordenli Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda “Əliqulu bu gün evlənir” komediyası növbəti aylarda tamaşaçıların ixtiyarına veriləcək”. 

Onun sözlərinə görə, teatrın yaradıcı heyəti ilboyu həm ölkədaxili, həm də xarici ölkələrə qastrol səfərlərinə getməyi, müxtəlif beynəlxalq festivallarda iştirak etməyi planlaşdırıb. Belə ki, sentyabrın 21-də vokal ifaçısı Rauf Babayev Qazaxıstanın Qaraqanda şəhərində keçiriləcək “DosStar” XIII Acıq Operetta və Müzıkl Festivalında həm məşhur macar bəstəkarı Emre Kalmanın “Sirk Şahzadəsi” operettasında Toni obrazını canlandıracaq, həm də festivalın qala konsertində iştirak edəcək.

F.Aslanova diqqətə çatdırıb ki, Yeni il bayramı münasibətilə azyaşlı tamaşaçıları maraqlı şənlik-tamaşalar gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Gəncə Dövlət Milli Dram Teatrı yeni mövsümdə geniş qastrol proqramı planlaşdırır.

 

AzərTAC xəbər verir ki, yaradıcı heyət oktyabrın 30-da Bakıda səfərdə olacaq.

 

Kollektiv paytaxt teatrsevərləri qarşısına Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində “Toros canavarı” tamaşası ilə çıxacaq. Teatrın son premyeralarından olan tamaşa Türkiyə yazıçısı Əziz Nesinin “Toros canavarı” əsəri əsasında ərsəyə gəlib.

 

Məişət mövzulu “qara komediya”nın quruluşçu rejissoru İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin (ATB) baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

 

Rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Wednesday, 18 September 2024 13:40

TÜRKLƏR və HİNDULAR: paralellər nə deyir?!

AŞKÖZ - YEMƏK, TAMAZKAL -HAMAM, KÖK - GÖY, YAŞEL - YAŞIL və s. 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Keçən əsrin 60-80-ci illərində - uşaqlıq və ilkin gənclik dövrümüzdə hər gün kənd klubunda filmlər göstərilirdi. Biz ən çox hindulardan bəhs edən filmlərə maraq göstərirdik. Onların geyimləri, dağlarda və meşələrdəki çılğın hərəkətləri, iplərlə ağacdan-ağaca sıçramaları, döyüş alətlərindən – oxdan, nizədən və baltalardan ustalıqla istifadə etmələri, döyüş vaxtı çıxardıqları qəribə səslər bizi çox cəlb edirdi. Onlara məftun olurduq. Döyüş səhnələri olan digər filmlərə də baxardıq, amma onlar hindulardan bəhs edən filmlər qədər xoşumuza gəlməzdi.

Hələ C.Kuperin və başqalarının hindulardan bəhs edən kitablarını oxumaq üçün kənd kitabxanasının qabağında günlərlə növbə gözləməyi, kitabxanaçı Gülmayəni bezdirməyi demirəm. 

Hətta uşaqlarla oynayarkən hinduların filmlərdə gördüyümüz, kitablarda oxuduğumuz hərəkətlərini yamsılayardıq. Üz-gözümüzü rənglərlə boyayıb, özümüzü qaz lələkləri ilə bəzəyər, köhnə pal-paltarları cıraraq hindular kimi geyinər, onların rəqslərini ifa etməyə çalışardıq. Çinqaçuk, Şahingöz, Unkas kimi bağıraraq tut bağındakı ağaclardan özümüz asdığımız kəndirlərlə bu budaqdan o budağa atlanar, bir-birimizə yeşik taxtalarından “düzəldilmiş” yalançı nizələr, oxlar və baltalar atar, üzbəüz “döyüşə” başlayardıq. Gah da “Ləpirçi” olub, gizlənmiş uşaqların (guya düşmənlərin) izini axtarardıq. Və bu oyunları oynamaqdan heç yorulmazdıq.

Böyüdükcə, yaşlandıqca, oxuduqca, öyrəndikcə başa düşdüm ki, bunlar sadəcə bir uşaq marağı deyilmiş. Onları bizə doğmalaşdıran həm də gen qohumluğu imiş. 

Sizə gülməli gəlir, eləmi? Düşündüklərim mənə də əvvəl elə gəlirdi. Amma olub-bitənləri daha dərindən öyrəndikcə özüm-özümü qınamağa başladım. Çünki faktlar da mən düşündüyümü təsdiq edirdi. 

İcazənizlə, sizə bir az hinduların rəvayətlərə dönmüş tarixi barədə bildiklərimdən danışım. Zənn edirəm ki ,bezməyəcək, axıra kimi oxuyacaqsınız. Amma bəri başdan deyim ki, mən özümdən yeni bir Amerika açmayacam. Fikirlərim və mülahizələrim ancaq oxuyub bildiklərimə, eşitdiklərimə və apardığım həvəskar tədqiqatlarımın nəticələrinə əsaslanacaq. 

Deməli, Amerikan alimlərinin Miçiqan Universitetində apardığı tədqiqatlara görə, müasir hindular bu qitəyə 20-25 min əvvəl “Berinq körpüsü” vasitəsilə gəliblər. Adıçəkilən ərazi vaxtilə Amerika və Asiya arasında geniş bir dəhliz imiş. 12 min il əvvəl bu dəhliz yox olmuşdur. Hazırda həmin ərazidə Berinq körfəzi yerləşir. Bu miqrasiya isə uzun bir zaman ərzində davam edib. Miqrasiya edənlərin ən sonuncusu da XIII əsrdə Çingiz xanın zülmündən Alyaskaya qaçan türk uyğur tayfaları olmuşlar. Eramızdan əvvəl 1500-cü illərə aid və Göytürk əlifbası ilə yazılmış Saka Bəyinin hekayəsindən bəhs edən daş lövhə də həmin köçləri sübut edir. Türk soylu tayfaların gedib Amerikaya yayılması barədə orada yaşayan hinduların folkloru da aşkar məlumatlar təqdim edir.

Çıxış nöqtələri qədim türklərin məskəni – Sibirin Altay bölgəsi olub. N.Vitsen adlı bir alim hələ XVIII əsrdə Niderlandda çap olunmuş kitabında hinduları birbaşa Sibir və ya Altaydan gələn tatarlar adlandırmışdı. Amerikalı və rus antropoloqların araşdırmaları da Amerika qitəsinin ilk sakinlərinin genetik beşiyinin Sibirin cənubundakı Altay bölgəsi olduğunu üzə çıxarıb.

İndiki hinduların ulu babaları Altaydan köç edərək Amerikada məskunlaşanda avropalıların bu qitə barədə məlumatları belə yox idi. X.Kolumb isə heç anadan olmamışdı. Yeri gəlmişkən yada salım ki, Amerika qitəsinə köç etmiş türk tayfalarının “hindu” adlanması elə bu yolunu azmış Xristoforun əməli olub. Hindistana var-dövlət dalı ilə gedən bu adam səhvən gəlib Amerikaya çıxmışdı (XVI əsrdə). Buranı Hindistan bilmiş və yerli əhalini də “hindli” adlandırmışdı. Biz isə onları hindlilərdən ayırmaq, fərqləndirmək üçün “hindu” deyirik.

Bəli, hindular türk əsillidirlər!  

Bəlkə də, inanmayacaqsınız, bu fikri absurd hesab edəcəksiniz. Bilirəm, hər bir qəti hökm təkzib olunmaz sübutlara əsaslanmalıdır. Narahat olmayın, belə sübutlar var! Həm də çoxdur.

Belə ki, ortada DNA testlərinin nəticələri var, bu gün dünyanın əksər alimləri müasir hinduların türk kökənli olduğunu irəli sürür. Dil və dini inançlarda oxşarlıq mövcuddur. Türklər ilə Amerika qitəsində yaşayan keçmiş Maya-Astek-Olmek sivilizasiyaları arasında simvollarla başlayan bənzərlik aydın görünür. Türklərlə hindular arasında əfsanələrin bənzərliyi, mifologiyalarda, totemlərdə oxşarlıq qeydə alınıb. Şaman inancı ilə hindu inancı, demək olar ki, eynidir. Geyim ornamentlərində, xalça, kilim, oyma kimi əl işlərindəki naxışlarda eynilik, adət-ənənələrdə də bir çox bənzərlik var. Sübutların sayını daha da artırmaq olar. Amma bizcə, bəsdir.

Bu göstərilənləri isbat etmək üçün o qədər konkret faktlar var ki. Onların hamısı barədə söz açmaq çox yorucu olar. Ona görə də bəziləri haqqında qısaca yazmaq istərdim. 

Başlayaq elə DNA testlərindən. Genetik tədqiqatlar uzaq keçmişdə hinduların və Altay xalqlarının ümumi əcdadının olmasını inkaredilməz dəlillərlə sübut edib.

Amerika hindularının əksəriyyəti Y xromosomlu Q haploqrupunun daşıyıcısıdır. Hindu qəbiləsinin rəisi və “Amerika Yerli Sakinləri Sosial İşlər” idarəsinin müdiri M. Franklin Kil hindular ilə türklərin DNA testlərinin eyni olduğunu, bundan başqa “Y” xromosomunun sadəcə türklərlə hindularda olduğunu söyləyir.

Rusiya Elmlər Akademiyasının genetika institutu və ABŞ-ın Pensilvaniya universitetinin genetiklərinin elmi tədqiqatına əsasən, Şimali Amerika hinduları ilə Altay və Qafqaz türkləri qohumdur. Onların ümumi əcdadları 15-20 min il əvvəl yaşayıb. Məşhur Maya mədəniyyətinin nümayəndələrinin geninin analizi də sübut edib ki, hindular Sibir etnosu ilə qohumdur. Hinduların əslən haradan gəldiyini 40 ildir araşdıran Ethel Stuart da sənədlərlə onların türk soyundan olduğunu sübut edib.Yəqin siz də qəbul edərsiniz ki, bunlar gen qohumluğunu təsdiq edən və təkzibi mümkün olmayan ən mühüm faktlardır.

Hindu və türk dilllərinin kök və mənşə yaxınlığınıisə ikinci ən mühüm faktor hesab edirik. Əlbəttə, 15-20 min il bundan qabaq dil ailəsi, vahid türk dili mövcud deyildi. Hər tayfanın öz dili vardı. Vahid hindu dili də olmayıb. Amerika qitəsində yüzlərlə hindu tayfaları(qəbilələri) olub, hamısı da öz dillərində danışıb. Amma bir çox söz və ifadələr əksər tayfalar üçün səciyyəvi idi. Bunlar da hindu və türk dillərinin kök və mənşə yaxınlığına sübutdur. Məsələn, vakan-xan, kan-qan, ike-iki, yaşel-yaşıl, kuç-güc, çab-çap(maq), çalan-ilan, akk-ağ, bilim-elm, yaklel-yandırmaq, kok-göy, misi-pişik, tata-ata, ina-ana, caqla-saqqal, akan-ağa, mi-mən, ooş-aş, kapsun-dişləmək,  yu-su, aşköz-yemək, uçarsu-şəlalə, yatki-yataq otağı, musssigi-qarğıdalı, hu-salam, çak-şimşək, tamazkal-hamam, kün-gün, tup-dib və s. Bu gün ən mühüm Amerika hindu tayfalarından biri olan Sioux (Su) tayfasının  dilində hələ də yaşayan İna (Ana) və Ate (Ata) sözləri mövcuddur. İndi də hindu dini toplantılarında, Baş Şaman dua edərkən “Ey Yer Ana…” və “…Ey Göy Ata…” kimi İna və Ate sözlərini açıq-saçıq dediyinin şahidi olmaq mümkündür. Arizona ştatındakı “Havasu” məskəninin mənası da türk dilində olduğu kimi hava və su deməkdir. Miçiqan Universitetinin professoru T.Kocaoğlu da yerli amerikalılarla türklər arasında böyük oxşarlıqlar olduğunu, bunun xüsusilə qrammatikada və bir çox sözlərin oxşar olmasında özünü göstərdiyini deyir. Həm də bunların hər ikisinin dili iltisaqidir.  

H.Məmmədli “Əli bəy Hüseynzadənin tədqiqatlarında türk mənşəli Amerika hinduları” məqaləsində yazır: “Amerika qitəsində yaşayan və dilinin lüğət tərkibində çoxlu türk sözləri olan yerli qızıldərili qəbilələr haqqında məlumat türk oxucusuna və türk cəmiyyətinə demək olar ki, ilk dəfə məhz Əli bəy Hüseynzadə tərəfindən çatdırılıb. O, “Kristofor Kolumbmu, yoxsa türklərmi?!” məqaləsində yazır ki, Meksikanın dil alimləri bu ölkənin ərazisində yaşayan bəzi hindu qəbilələrinin türkcə danışdıqlarını aşkara çıxarıblar. Şübhələrinin nə dərəcədə əsaslı olduğunu aydınlaşdırmaq üçün həmin alimlər ticarət məqəsdilə Meksika şəhərində yaşayan istanbullu bir tacirə özləri ilə bərabər türkcə danışan qəbilələrin yanına getməsini təklif ediblər: “Rus taciri dəxi təklifi qəbul edib oraları üləmanın rəfaqətində ixtiyari-səfər etmiş və qəbilə əfradı tərəfindən söylənən sözlərin tamamilə türkcəyə müşabeh olduğunu müşahidə eyləmiş və bir az qəbilənin şivəsilə kəsbi-ülfət etdikdən sonra Meksikanın bədəvi ilə türkcə təkəllümə başlayıb kəmali-sühulətlə təatiyi-əfkar eyləmişdir”.

Amerikaya gələn ingilis C.Cosselin  Londonadöndükdən sonra 1672-ci ildə çap etdirdiyi “Yeni İngiltərənin nadir yönləri” adlı kitabında yazır ki, hindular türk dilində danışan “tatar”ları xatırladırlar. Tədqiqatçı Y.İ.Tsarenko keçua (mayya qrupuna daxildir)tayfasının dilinin altay dil ailəsinə xas qrammatik qaydaları olduğunu etiraf edib. B.Ferrario adlı uruqvaylı professor da keçua dilinin türk, altay dillərilə qohumluğunun mümkünlüyünü qeyd edir.  

1967-ci ildə İsveçin “Ethnos” dərgisində Upsal universitetinin şərqşünası vaxtilə Türkiyədə də olmuş Stiq Vikavder “Mayya dil qrupunun Altay dil ailəsi ilə əlaqəsi varmı?” adlı yazısında qeyd edir ki, “birinci dəfə mayyalıların danışığını eşidəndə, onların dilinin türk diliilə oxşarlığı, bundan əvvəl İstanbulda eşitdiyim ahəngin eyniliyi məni heyrətə saldı. S.Vikanderinin gəldiyi nəticə maraqlı idi: “Mayya və Altay dilləri həm fonetik, həm də leksik mənada çox yaxındırlar. Bu da onların keçmişdə ümumi mənşəyinin olmasından xəbər verir”. Tanınmış alimlər O.Reriqin, B.Ferrario və Y.Knorozov, alim-orientalistlərdən G.Dümezel və başqaları da müqayisələr əsasında dillər arasındaki oxşarlıqları etiraf edirlər.

Dini inançlar arasında da yaxınlıq hiss edilməkdədir. Məsələn, Asiya qitəsində Hitit Günəşi olaraq bilinən simvoldakı Tenqri ilə Maya və Aztek tanrısı Quetzalxoatlsimvolu arasındakı oxşarlıq təsadüfi ola bilməz. Tanrı Quetzalxoatlın  adı “müqəddəs mərtəbəli” kimi tərcümə edilir ki, bu da, demək olar ki, Tenqri ilə eyni mənaya gəlir.

Qohumluq əlaqəsini göstərən bir başqa sübut da hər iki tərəfdə folklor nümunələrinin oxşarlığı, Günəş kultu, İlan kultu kimi kultların və bir sıra totemlərin olmasıdır. Tarixçi professor Denis Sinorun araşdırmalarına görə də, mədəniyyət, simvollar və adət-ənənələr arasında çox ciddi oxşarlıqlar var. 

(Düzdür, bir çox simvollar, kultlar, totemlər, folklor nümunələri, adətlər və s. digər xalqlarda da movcuddur. Amma bizim araşdırmalarımızda onlar ancaq ad oxşarlığına, zahiri bənzərliyə görə deyil, mahiyyətcə eyni məna və ya eyni funksiya daşıdıqlarına, həm də dil, inanc yaxınlığına görə müqayisə olunur.)

Türklərlə hindular arasında nağıl, dastan,əfsanə və rəvayətlərin bənzərliyi də qan qohumluğunu sübut edir. Həm də bu bənzərlik çox heyrətamizdir. Məsələn, suyun həyatverici gücü və təmizləməsi inancı hər iki millət mifologiyasında eynidir. Kaliforniyadakı Maidular və Vinton hindularının mifologiyasına görə, ölüm yoxdur. İnsanlar həyat suyunda üzərək yenidən gəncliklərinə qovuşurlar. Türk mifologiyasında da “həyat suyu” ölüləri dirildir, xəstələri sağaldır.

Dədə Qorqud dastanında yer alan Dəli Domrul obrazı hindulardakı “Dəli At” qəhrəmanı ilə demək olar ki, eynidir. Hər iki tərəfdə “dəli” ləqəbi cəsur, mərd qorxmaz mənasındadır. Burdan belə aydın olur ki, türklər və hinduların qəhrəmanlıq anlayışları eynidir. Ötən əsrin 90-cı illərinin sonunda ABŞ-da yaşayan türk alimi doktorA.A.Arslan Türkiyə və Azərbaycandan topladığı “Göyçək Fatma”, “Qızıl inək” və qırmızıdərili Zuni qəbiləsinə məxsus «Matsakili yoxsul qız» nağıllarını müqayisəli şəkildə təhlil edərək bir sıra oxşarlıqlar aşkar etmişdir.

Əfsanə və dastanlar arasındaki oxşarlıq isə, yuxarıda da qeyd etdiyimiz kimi, daha heyrətamizdir. Bircə nümunə deyəcəm. Inkalarda “Kapaktokon” adlı bir əfsanə var. Qısa məzmunu təxminən belədir: Manço Kahanın atası tək başına bir fəlakətdən xilas olur, qayalarla örtülmüş bir mağaraya sığınır. Bir qurd ona parlaq bir daş verir. O, bununla qayaları əridir və qəbiləsinin başçısı olur. Böyük bir dövlət qurur. Baxın, əfsanə az qala məşhur  Ergenekon dastanı ilə sözbəsöz eynidir. İnkaların adı çəkilən əfsanəsi həm də uyğurların məşhur “Yəsmə daşı”, Altay və türk mifologiyasındakı “Yada daşı”, türklərdəki “Ay daşı”, Azərbaycandakı “Daş qız”, “Gəlin daşları” və “Daş üzük” əfsanələri ilə də yaxından səsləşir. Məhəmməd bin Hüseyn Al-Tusidə belə deyirdi: "Türklər arasında, müxtəlif rəng və cinsləri olan Yat Daşı (Yada Daşı) vardır ki …onlar bu daşı yanlarında daşıyarlar və bu daş sayəsində düşmənlərinə üstünlük təmin edərlər. Türkistanda bir təpədən çıxan bu daşları şəhərlərə apararlar, suya asır və yağış yağdırırlar."

Bu cür bənzərlikləri türklərlə hindular arasında dolaşan qurd  motivli əfsanələr haqqında söyləmək də mümkündür. Qədim türklərin də özlərini təbiətdən ayırmadığı, ətraf mühiti anlayıb dərk etdiyi mifoloji zamanda yaratdıqları çox əski dastanların bəzilərində  qurd türk nəslinin yoxolma təhlükəsi yarananda ortaya çıxır və nəslin davam etməsini saxlayır. Tarix sübut edir ki, qurda ən çox önəm verən türklər olub. Onlar qurd kultuna xüsusi bir ehtiramla bağlıdırlar. Təsadüfi deyil ki, türklərdə qurd həmişə müqəddəs tutulmuşdur. Amerika Hinduları da qurdu döyüşə aparan sərkərdə, yəni bir növ qurtarıcı, xilaskar kimi qəbul edirlər. Hətta elmi məqalələrdə türk əsilli xalqların şamanları, Amerika hinduları, Yaxın Şərqdəki türk tayfalarının bəzi şəxslərinin yaman ruhlarla döyüşmək üçün qurda dönmələri də təsdiq olunur .

Geyim ornamentlərində, bəzək əşyalarında, xalça, kilim  kimi əl işlərində olan naxışlardakı eynilik də "qohumluq" ideyasını gücləndirir. Türkiyədə olarkən Sunay Akının "Qız qülləsindəki Hindu" kitabından oxumuşdum ki, bir zamanlar Hyu-Yorkda televiziyada diktor çıxış edəcək türkləri hindu motivli dekorları ilə çıxış edəsi meksikalılar kimi təqdim edir. Lakin köməkçisi ona bunların meksikalılar yox, türkiyə türkləri olduğunu bildirir. Diktor səhvini düzəldərək deyir ki, naxışlar o qədər oxşardır ki, mən çaşdım. Bizcə, əslində diktor çaşmamışdı, Tanrı ona hindularla türklərin geyim ornamentlərinin və motivlərinin eyni və ya bənzər olması ilə bərabər, eyni kökdən- qohum olmaları faktını etiraf etdirmişdi.

Türklərlə hinduların zahiri  gökəmlərinin bənzərlikləri də maraq doğurur. Bir çox səyyahlar, tədqiqatçılar da hindularla Sibir xalqlarının xarici oxşarlıqlarını qeyd edirdilər. Yuxarıdada qeyd etdiyimiz kimi, ingilis C.Cosselin öz kitabında hinduların görkəmlərinə, hərəkət və adətlərinə görə türk dilində danışan tatarlara oxşadığını yazırdı. Onlar bəzi monqoloid cizgiləri daşısalar da, iri gözlərə, burunlara və avropoidlər üçün səciyyəvi olan bir sıra fiziki əlamətlərə malikdirlər.  

Adət-ənənələr arasındaki oxşarlıqlar xüsusi maraq doğurur. Gəlin bəzilərini nəzərdən keçirək. Belə ki, hindu tayfalarının (və ya qəbilələrinin) bəzilərində türklər kimi ulduzu ayparanın mərkəzinə qoyulmuş ay ulduzlu aypara boyunbağı taxırlar (nobajo, shaan, osibya), 12 Anadolu oyununun 11-ni bilirlər, güləş, demək olar ki, bütün hindu tayfalarında dua ilə başlayan ən vacib əcdad idman növü sayılır. Anadolu türkləri kimi sicim rəqsi (oyunu) edir, Bektaşi semahlarına bənzər ayinlər ifa edirlər. Qəhrəmanlıq göstərməyincə övladlarına ad vermirlər (inkalar), qadını, xüsusən anaları (“Kitabi Dədə Qorquddakı kimi: “Ana haqqı Tanrı haqqıdır”) və hamilə qadınları müqəddəs sayırlar, beşik laylaları mərasimləri eynidir. Bütün Altay xalqları kimi ölənləri silahları və atları ilə birgə basdırırlar, onların 40-nı və ildönümünü qeyd edir və ehsan aşı verirlər. Onlarda da cənnət və sırat körpüsü anlayışı vardır.

Bir neçə kəlmə də totemlərdəki (bu söz özü hindu qəbilələrindən birinin dilindən götürülüb) oxşarlıqlar barədə. Türk və hindularda şaman inancına görə, heyvanlar son dərəcə önəmlidir. Qədim hinduların həyatında heyvan totemləri aparıcı həyat vasitəsi hesab edilirdi. Bu totemlərdən biri də ilan idi. E.B.Taylor mifologiya və dində geniş yayılmış ilan kultunun özünə xüsusi diqqət tələb etdiyini qeyd edərək yazır: “…hindularda möhtəşəm bir ilana pərəstiş edilirdi. Bu ilan bütün ilanların ulu babası və padşahı, ilahiləşdirilmiş hamisi idi. O, qəfləti külək və tufan göndərə bilirdi”.Dövrümüzə gəlib çatmış bir sıra nağıl, əfsanə və rəvayətlər (“İlan oğlan əfsanəsi”, “Fatma gəldi, ilan, qaç”, “İlan əfsanəsi”, “Ovçu Prim” nağılı və s.) göstərir ki, qədim türklərdə, o cümlədən azərbaycanlılarda da ilan totem hesab olunmuşdur. Bu dəfə oxşarlığı nənəmdən gətirəcəyim bir nümunə ilə də əsaslandırmağa çalışacam. Nənəm həyət-bacada ilan görəndə vurmağa və ya öldürməyə qoymazdı. Tez-tələsik onun göründüyü yerə ya su, ya da süd qoyardı. Deyərdi ki, ev ilanıdır, evin bərəkətidir, öldürmək olmaz. Öldürsəniz, ya da çıxıb getsə, evin bərəkəti qaçar. Bu fikirlər ilana olan sitayişin izlərini yaşatmırmı!? Maraq üçün qeyd edim ki, C.F.Kuperin “Dəri Corab” romanlar silsiləsinə daxil olan romanların dördündə yer alan  ədəbi qəhrəman Çinqaçqukun (Çinqaçuk) adının mənası da amerikanınyerli xalqlarının dilində "böyük ilan" mənasına gəlir. 

İndi isə bir neçə hindu atalar sözlərini nəzərinizə çatdırıram. Amma onları ümumtürk, o cümlədən Azərbaycan atalar sözləri ilə müqayisə etməyi sizlərin ixtiyarına buraxıram: “Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə, bəyaz adam pulun yeməli bir şey olmadığını anlayacaq”, “Bildiklərini danış, amma ağıl vermə”, “Danışılanları yaxşı dinlə, amma hamısını doğru bilmə”, “Çox danışmaq çox şey bildiyini göstərmir”, “Cəsarət ağıldan gəlirsə, cəsarətdir, biliksizlikdən gəlirsə,cahillik” və s. Məna, söz və ifadə bənzərliyi və gözəlliyigöz qabağındadır.

Sonda gen, dil və dini inançlardakı oxşarlıqları,türklər ilə Amerika qitəsində yaşayan keçmiş Maya-Astek-Olmek sivilizasiyaları arasında simvollarla başlayan bənzərliyi, türklərlə hindular arasında nağıl, dastan, rəvayət və əfsanələrin bənzərliyi, mifologiyalarda, totemlərdə oxşarlıqları, Şaman inancı ilə hindu inancının, demək olar ki, eyni olmasını, geyim ornamentlərində, xalça, kilim, oyma  kimi əl işlərində olan naxışlardakıeyniliyi və demək olar ki, hər şeyi “təsadüfi” hesab edənlər barədə bir neçə söz. 

Görünür, hunduların Amerikanın yerli sakinləri olması, türk əsilli olduqları kimlərinsə, “xoşuna gəlmir”, ox olub, gözlərinə batır. Hər vasitə ilə qitənin ilk sakinləri kimi ancaq özlərini gözə soxmaq istəyirlər. Ona görə də hər oxşarlığı, hər bənzərliyi, hətta gen qohumluğunu belətəsadüfi hesab edirlər. Təsadüf bir olar, iki olar, beş olar, on beş olar. Yüzlərlə oxşarlıq təsadüfi ola bilərmi? Bir də ki, siz bunların təsadüfi olduğunu hardan bildiniz? “Təsadüfi surətdə baş vermiş şeyləri Allahın özü də bilməz” (M.T.Siseron). Boş və ümumi sözlərdən başqa, əlinizdə əks arqument də yoxdur. Göstərilən nümunələrin çoxluğu isə nəticənin dəqiq olduğunu sübut edir.

Ona görə könlü türk mənşəli xalqların Amerikanın ilk sakinləri sayıldığını, türklərlə induların gen qohumluğunu qəbul etməyənlər zəhmət çəkib heç nə uydurmasınlar, nənəmin dediyi kimi, yerlərini ayrı salsınlar.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirlərindən növbəti təqdim edəcəyim sevilən şair Baba Vəziroğludandlr. Sevgi ayrılıqdan güclüdür, vallah... - deyir şair və buna inandırır. 

Xoş mütaliələr! 

 

Mən uzaq səfərə yol alan gəmi,

Səni tərk edirəm bir liman kimi.

Qorxma ayrılıqdan, burax əlimi,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Dünyada nə qədər sevgi var, bil ki,

Sən mənim dilimin əzəli, ilki.

Qorxma ayrılıqdan, ölüm deyil ki,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Sən hələ bilmirsən ayrılıq nədir,

Hər səfər könlünü sıxır, inlədir.

Ayrılan cisimdir, ruh səninlədir,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Sənsiz həyat deyil ömür, gün mənə,

Tək sənsən ürəkdən yanan, sən mənə.

Qorxma ayrılıqdan, inan sən mənə,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Qorxu, intizar var ağlar gözündə,

Neçə yalvarış var bircə sözündə.

Bir gün biləcəksən elə özün də

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Çağır, qanad taxıb uçub gələrəm,

Neçə ayrılıqdan keçib gələrəm,

Ölümün əlindən qaçıb gələrəm,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Nə fərqi yaxınam, ya da uzağam,

Hələ ki səninəm, nə qədər sağam,

Ölsəm, o dünyadan qayıdacağam,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

Göz yaşı əbəsdir, çıxıb gedəcəm,

Könlümü odlara yaxıb gedəcəm,

Mən sənə, hamıya sübüt edəcəm,

Sevgi ayrılıqdan güclüdür, vallah...

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Mehdiyev Allahverdi Şahmar oğlu (Allahverdi Qiyaslı) 5 iyul 1952-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olubdur. İlk təhsilinə doğma kəndi Qiyaslıda başlan şair 8-ci sinfi bitirdikdən sonra rayon mərkəzindəki 1 nömrəli məktəbdə orta təhsili əla qiymətlərlə başa vurubdur. Hərbi xidmətdən sonra əmək fəaliyyətinə başlayıbdır. Hələ məktəb illərindən poeziyaya maraq göstərmiş, məktəbdə keçirilən ədəbi-bədii gecələrdə həm klassiklərin əsərlərindən, həm də öz yazdığı şeirlərdən söyləmişdir Poeziyaya olan maraq onu bir an da olsun tərk etməmiş, əksinə, mənəvi qidaya çevrilərək ruhuna hopmuşdur. Şeirləri müxtəlif antologiyalarda və dövri mətbuatda çap olunmuşdur. Oxucuları onu əsasən, sosial şəbəkələrdən və el şənliklərindən tanıyır, yaradıcılığına maraq göstərirlər. "Qarabağ nəğmələri" onun  oxucularına təqdim olunan ilk kitabıdır.

Şair məlum səbəblərdən 1993-cü ildən Bakı şəhərində yaşayır, evlidir, 3 övladı var. Şairin Allahdan ən böyük diləyi qalan ömrünün Ağdamda, doğma Qiyaslı da yaşamaqdır. Bunu bir şeirində Allahverdi Qiyaslı belə ifadə edib:

 

İllərdi yurduma qalmışam həsrət, 

O yurdsuz yaşadım yalan ömrümü. 

Uca Yaradandan bir diləyim var, 

Ağdamda yaşayım qalan ömrümü.

 

Şair "Dünya" şeirində insanın dünyadakı  ədalətsizliyə və qaçınılmaz sona dair fəlsəfi düşüncələri əks etdirir. Şair, dünyanı var-dövlətlə insanları aldatmaqda, onların həyatını çətinləşdirməkdə və qəlblərində sağalmaz yaralar açmaqda ittiham edir. Dünyada ədalətsizliyin hökm sürdüyünü və yaxşı insanların əziyyət çəkdiyini vurğulayır. Nəticədə, dünya bütün insanları – gənc, yaşlı fərq etmədən ölümə sürükləyir. Şeirin sonunda isə torpağın insanın həm həyat verən, həm də sonunda onu udan bir güc olduğunu ifadə edir.

 

Qoynunda göz açanları,

Aldadırsan vara dünya.

Sonumuzu biz bilirik ,

Sən gedirsən hara dünya?

 

Günümüzü qaraladın,

Xoş günlərdən araladın,

Qəlbimizi yaraladın,

Sağalmaz bu yara, dünya.

 

Ədalətin söylə hanı,

Zülmün tutub dörd bir yanı,

Öz bağında çox insanı ,

Qoydun həsrət bara dünya.

 

Yaxşıları aramırsan,

Yamanları qınamırsan, 

Qoca cavan tanımırsan,

Göndərirsən gora dünya.

 

Yaşıl donun geyir torpaq,

Ruzimizi verir torpaq,

Sonda bizi yeyir torpaq,

Üzün olsun qara dünya.

 

Əcəl verməz bircə anı,

Vaxt çatanda alar canı,

Bir gün yazıq Qiyaslını 

salacaqsan tora dünya.

 

Başqa bir şeiri şairin vətən sevgisi, şəhidlərin xatirəsi və namərdliyə qarşı dərin hisslər üzərində qurulmuşdur. Şair talan edilmiş doğma yurdunun həsrətini çəkən və minlərlə şəhid verən bir xalqın nümayəndəsi olduğunu bildirir. Şeirdə Azərbaycanın əzizliyini vurğulayaraq, vətənə olan sevgisi ilə yanaşı, Ermənistanın törətdiyi zülmləri nifrətlə xatırlayır. Şair həmçinin ömrün keçiciliyini və insanın həyatında düzlüyün, dürüstlüyün əhəmiyyətini qeyd edir. O həm mərd insanlara hörmət bəsləyir, həm də namərdliyi, mənəviyyatsızlığı tənqid edir. Şeirin sonunda ata-babalardan alınan mənəvi dəyərlərin vacibliyi vurğulanır.

 

Məndən soruşursan neçə yaşın var,

Əzizim köhnədən qalanlardanam,

Deyirsən hardasan, haralısan sən,

Doğma yurd yuvası talanlardanam.

 

Yoxdurmu? Qəlbində xoş arzuların,

Yaman qərəzlidir bu sualların,

Sənin tək xisləti pis insanların,

Keçmişin yadına salanlardanam.

 

Vətən bizim üçün anadır ana,

Canım qurban olsun Azərbaycana,

Allah zülm versin Ermənistana,

Minlərlə şəhidi olanlardanam.

 

İnsan qocaldıqca beli bükülür,

Gözlər nurdan düşür,dişi tökülür,

Qocada, cavanda öz ömrün sürür,

Ömrünün baharı solanlardanam.

 

Namərdlər mərdlərə ağıl verəndə,

Demişəm sözümü elə yerində,

İgid oğulları, şəhid görəndə,

Gözləri qan yaşla dolanlardanam.

 

İstər alim olsun, istərsə çoban,

Lazımdır olasan dürüst bir insan,

Deyiblər,qanmaza borcludur qanan,

Dərin xəyallara dalanlardanam.

 

Eşit Qiyaslını get düşün bir az,

Mənəvi cəhətdən dayazsan,  dayaz,

Ağılsız insanın əxlaqı olmaz,

Dərsi atalardan alanlardanam.

 

Şair "Gəzdirir" adlı şerində insanın mənəvi boşluğunu və yanlış davranışlarını tənqid edir, bəzi insanların boş düşüncələrlə hərəkət etdiyini, doğru ilə yanlışı ayırd edə bilmədiyini və maddi dəyərlərə aldanaraq həqiqi həyat məqsədini itirdiyini vurğulayır. Maddi zənginliyin dəyərsizliyi və pis niyyətli insanların daşlaşmış ürəkləri xüsusi olaraq qeyd edilir.

 

Çox insanlar elə bilir,

Bədənində baş gəzdirir.

Ancaq özü anlamır ki, 

Gəzdirdiyin boş gəzdirir.

 

İnsan varki kordur gözü,

Görə bilmir heç vaxt düzü,

Yeddi rəngə çalır  üzü,

Göz üstündə qaş gəzdirir.

 

Ehtibar yox pulda varda,  

Köməyinə gəlməz darda,

Taleyi kəm olanlarda ,

Gözlərində yaş gəzdirir.

 

Olsa pislik həvəsində,

Yalan var hər kəlməsində,

Bu insanın sinəsində,

Ürək yoxdur daş gəzdirir.

 

Şairin gənclik  şeirlərindən olan aşağıdakı bəndlərdə tənhalıq və dərd içində olan bir qızın xarakterini təsvir edilir. Şair onun gözəlliyini və ağır düşüncəli, qəmli halını vurğulayır. Qız heç kəsə qarışmır, susqun və tənhadır, sanki taleyi qaranlıqdır. İnsanlar onun xarici görünüşünə əsasən, zəngin və pullu olduğunu düşünə bilərlər, amma içində yaşadığı qəm və yaralı ürəyi gizlidir.Lirik qəhrəman dünyanın qəm və kədər dolu olduğunu qeyd edir və qızın da bu dərdli dünyada ürəyi yaralı şəkildə yoluna davam etdiyini vurğulayır.

 

İlahi, bu gedən qız nə gözəldir,

Elə bil dağların maralı gedir.

Yaman fikirlidir, qəmli görünür,

Tək-tənha hamıdan aralı gedir.

 

Bilən yox qəlbində nələr var nələr,

Yol gedir heç nəyə o salmır nəzər,

Kənardan baxanlar elə düşünər,

Ən zəngin bir pullu paralı gedir.

 

Heç kimə qaynayıb qarışmır o qız,

Kim nə soruşursa danışmır o qız,

Bəlkə bu həyatla barışmır o qız,

Deyəsən talehi qaralı gedir.

 

Bu fani dünyamız qəmdi, kədərdi, 

Yüz il yaşasaqda yenə hədərdi, 

Bəlkə sənin kimi ay Allahverdi, 

O  qızda ürəyi yaralı gedir.

 

Şair "Olmasın" rədifli şeirində tənhalığın ağır olduğunu və insanların yalnız olmamasını dilə gətirir. Dünyanın çətinliklərindən bəhs edir və insanlara başqalarına yük olmamaq, sağlam yaşamaq üçün dua edir. Ayrıca, Allahın varlığını və ona sevginin insanı xilas edəcəyini vurğulayır, bu səbəbdən belə bir sevginin əmin və şübhəsiz olduğunu bildirir.

 

Tənhalıq çox ağır olur,

Heç bir insan tək olmasın,

Bu dünya bir nərtaxdadı,

Atdığın zər yek olmasın.

 

Başdan-başa sirdi həyat,

Heç nə qalmır sağ salamat,

Ya Rəbb bizi elə yarat,

Baş bədənə yük olmasın.

 

Unutmayaq ey insanlar,

Yerin göyün sahibi var,

Onu sevən nicat tapar,

Buna şübhə şəkk olmasın.

 

Ustad şair başqa bir şeirində həyatda müxtəlif vəziyyətlərin və insanların təcrübələrinin fərqli olduğunu vurğulayır,dünyanın möcüzə olduğunu, hər şeyin bir-birinə zidd olduğunu və bunu dərk edənlərin olduğunu bildirir. İnsanlara həyatda şükür etməyi, hər günün dəyərini bilməyi tövsiyə edir. Eyni zamanda, həyatın həm yaxşı, həm də pis tərəfləri olduğunu qeyd edir və Allahın mərhəmətini, dərdləri bölüşənlərin mövcudluğuna şükür edir

 

Bilirik ki, bu dünyaya,

Milyardlarla gələnlər var,

Bu dünyaya gəlişinə,

Ağlayanlar ,gülənlər var.

 

Dünyamız bir möcüzədi,

Həm gündüzdü həm gecədi,

Var ilə yox üz-üzədi,

Bunu duyub bilənlər var.

 

Şükür eylə sən ey bəndə,

Keçir günün toy düyündə,

Anasının bədənində,

Doğulmamış ölənlər var.

 

Həyat xeyir həmdə şərdi,

Namərd sevməz heç vaxt mərdi,

Nə yaxşı ki Allahverdi, 

Dərdlərini bölənlər  var.

 

30 il Vətən həsrəti çəkən lirik qəhrəman

aşağıdakı şeirində doğma yurduna qayıtmaq arzusu və həsrətini ifadə edir. Allahdan yurduna qayıtmaq üçün möhlət verməsini, torpağına, ailəsinə və keçmişinə qovuşmağı diləyir. Həyatının çətinliklərini, ağrı-acılarını və özünün də talanmış olduğunu vurğulayır. Şair Allahın qüdrətinə, ədalətinə və səxavətinə and içərək, yurduna dönmək istəyini ardıcıl şəkildə dilə gətirir və bu arzunun həyata keçməsini ümid edir.

 

Səni and verirəm yaratdığına

Möhlət ver, ilahi, yurdumu görüm.

Səni and verirəm Allahlığına

Möhlət ver, ilahi ,yurdumu görüm.

 

Səni and verirəm öz qüdrətinə,

Səni and verirəm əzəmətinə,

Səni and verirəm səxavətinə,

Möhlət ver, ilahi,yurdumu görüm 

 

Nəyim var hamısı qalıbdı orda

Məni həsrət qoyma o doğma yurda.

Gedim göz yaşımı yuyum Qarqarda

Möhlət ver, ilahi,yurdumu görüm .

 

İçimi göynədir bu ağrı-acı

Qardaş məzarına həsrətdi bacı

Sənin əlindədi dərdin əlacı

Möhlət ver, ilahi, yurdumu görüm .

 

Yurdum kimi talanmışam özüm də

Yalvarış var hər kəlməmdə,sözümdə

Mənim bu arzumu qoyma gözümdə

Möhlət ver ilahi, yurdumu görüm .

 

Səni and verirəm verdiyin paya

Səni and verirəm günəşə,aya

Səni and verirəm torpağa, suya 

Möhlət ver, ilahi, yurdumu görüm .

 

Səni and verirəm aliliyinə

Səni and verirəm adilliyinə

Səni and verirəm vahidliyinə

Möhlət ver, ilahi, yurdumu görüm.

 

El talan, yurd viran, gör nə gündəyəm?

Yurda həsrət qalan nakam bəndəyəm.

Qarabağ oğluyam, Allahverdiyəm

Möhlət ver ilahi, yurdumu görüm.

 

Nəhayət, Vətən müharibəsində sonra doğma Ağdama, Qiyaslıya qovuşan şairin öz yurdunda gördüyü mənzərə ürəyini dağlayır. Bu şeir müharibə və talan nəticəsində dağılan doğma yurduna qayıdan  şairin dərdlərini və acılarını təsvir edir. Şair, Ağdamın əvvəlki gözəlliyini itirdiyini, şəhərin talanını və dağıntısını görəndə çox kədərləndiyini bildirir. Ağdamı və öz vəziyyətini müqayisə edərək, həm şəhərin, həm də özünün acınacaqlı vəziyyətdə olduğunu qey edir . Şair, Qiyaslını- kəndləri və ata yurdunun xatirələrini yad edərək, qəlbindəki dərdi və ürəyindəki ağrını ifadə edir. Dədə-baba məzarlığını  gedib dağıdılmış görən lirik qəhrəman Tanrıya yalvararaq, öz vətəninin və insanlarının vəziyyətini düzəltmək üçün kömək diləyir, acılarını və kədərini açıq şəkildə ifadə edir.

 

Getmişdim yurdumu ziyarət edim,

Ağdamda talana  baxıb qayıtdım.

Yurdumun halına dözə bilmədim,

Göz yaşım içimə axıb qayıtdım.

 

Girdim imarətə ürəyim yandı,

Sanki gözlərimdə zaman dayandı,

Dözmək çox çətindi, bu nə talandı,

Gördüm ağlım başdan çıxıb qayıtdım.

 

Gözəl şəhər idi mən görən Ağdam,

Mən belə Ağdama özgəyəm yadam,

Baxdım Ağdam kimi məndə bərbadam,

Könül sarayımı yıxıb qayıtdım.

 

Bu talan əbədi qaldı yadımda,

Kəndimin adı var mənim yadımda,

Qiyaslı kəndinində ata yurdumda,

Ah çəkib şimşək tək çaxıb qayıtdım.

 

Şahbulaqda çox boylandım qalaya,

Əl qaldırıb şükür etdim Xudaya,

Düşmənləri düşsün min bir bəlaya,

Qəlbimi yandırıb yaxıb qayıtdım.

 

Girdim  məzarstana qəbirlər bərbad,

Əl açıb Tanrıya, eylədim fəryad,

Ya Rəbb özün eylə bizlərə imdad,

Dişimi- dişimə sıxıb qayıtdım.

 

Ehtiyac yox idi söz deməyimə,

Çağırdım Tanrını gəl köməyimə,

Qiyslıyam özüm,Öz ürəyimə,

Sanki bir xəncəri taxıb qayıtdım.

 

Şair Allahverdi Qiyaslı poeziyasında həyatın müxtəlif aspektlərini və şəxsi hisslərini təsvir edir. Onun şeirləri insanın dünyadakı ədalətsizlik, vətən sevgisi, tənhalıq və həyatın mücərrədliyi kimi mövzulara dərin yanaşmasını nümayiş etdirir. Şair həm sosial ədalətsizliklərə, həm də şəxsi ağrılara qarşı öz narazılığını ifadə edir, eyni zamanda, həyatın mənasını və məqsədini axtarır. Vətən həsrəti və doğma torpağın talan edilməsi mövzuları isə onun şeirlərində xüsusi yer tutur, bu da onun milli kimliyini və doğma yurduna bağlılığını göstərir. Şairin yaradıcılığı, həmçinin mənəvi dəyərlərin və dürüstlüyün əhəmiyyətini vurğulayır, həyatda şükür etməyin və dərin düşüncələrin vacibliyini qeyd edir. Bu onun poeziyasında həyatın mübaliğəsiz və real portretini təqdim edir.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Wednesday, 18 September 2024 14:11

GÜLÜŞ KLUBUnda şəkildəki kişi

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

İstənilən əşya əgər sən onu yuxarı atsan, bumeranq olacaq.

 

2.

Cənnətdəki komanı komadakı cənnətə dəyişirəm.

 

3.

Alim o adamdır ki, milyard il bundan əvvəl baş verəni bilir, amma üç gün sonra havanın necə olacağını bilmir. 

 

4.

Pessimist qara günü üçün, optimist isə işıqlı gələcəyi üçün pul yığır.

 

5.

 

ŞƏKİLDƏKİ KİŞİ

 

Şəkildəki kişinin

Papağı yanakıdır.

Doğulduğu yer rayon,

Yaşadığı Bakıdır.

 

Aya sən çıxma deyir. 

Günə sən çıxma deyir. 

Zavtrakda buğlama

Obeddə yaxma yeyir. 

 

Dişləri tökülübdür,

Gülüşü də köntöydür. 

Meydana çıxdı bu gün,

Polis yazığı döydü. 

 

Yaşamağı çox sevir, 

Bu şəkildəki kişi.

Deputat da olacaq

Sevir qara kişmişi.

 

Onu gözəl tanıyır

Bayden, Tramp, bir də Buş.

Yüksəkliyi çox sevir.

Onunçün gəlsin bir tuş

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Wednesday, 18 September 2024 10:43

BİR SUAL, BİR CAVAB Habil Yaşar ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Habil Yaşarın hansı şeirindən bir parça söyləyə bilərsiniz?

 

CAVAB

 Səni itirirəm nur, işıq kimi,

Yerinə qaranlıq doğur içimdə.

Yuxular o qədər qarışıq düşüb,

Hər kəs bir-birini boğur içimdə.

 

Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Sacda can əti qızartmasının 

hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR 

§ Can əti – 117 qr

§ Soğan – 50 qr

§ Badımcan – 50 qr

§ Pomidor – 50 qr

§ Yaşıl bibər – 45 qr

§ Acı bibər – 25 qr

§ Kartof – 50 qr

§ Kərə yağı – 50 qr

§ Nanə – 8 qr

§ Reyhan qurusu

(və ya təzəsi) – 3 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ lavaş – 30 qr

 

HAZIRLANMASI:

Can əti təmizlənir, halqa şəklində lay-lay doğranır. Yüngülcə döyülür, duz, istiot vurulur. Tərəvəzlər yuyulur, təmizlənir, dairəvi şəkildə doğranır. Sac odun üzərinə qoyulur, ərinmiş yağ əlavə olunur. Yağ dağ olanda tərəvəzlər ardıcıl olaraq qızardılır, sacın qırağına çəkilir. Pomidor lap sonda qızardılır. Sonra ətin iki tərəfi qızardılır, kənara çəkilir, pomidor qızardılır. Ət, pomidor, fal-fal doğranmış soğan bir yerdə sacın ortasına düzülür. Kənardan qalan tərəvəzlər və qızarmış lavaş düzülür. Üzərinə göyərti səpilir və sacda süfrəyə verilir.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Adilə Nəzərin şeirləri təqdim edilir. 

 

Sevdalanmaq

bir başqa şəhərə

 

Heç keçdimi qəlbindən

sevdalanmaq

bir başqa şəhərə,

bir başqa dənizə?

Xəzərdən başqa bir sevgilinin

ləpələrində uyumaq istədinmi?

Dalğalanmaq istədinmi

bir başqa tərəfin küləklərində?

 

Qarışdımı fikirlərin

İçərişəhərin dolanbac küçələri kimi?

Dayanan vaxtı oldumu ağlının

yollarındakı tıxaclar kimi?

Qaxaclar kimi...

quru və boş qaldımı əllərin

bu neft səltənətində

tindəki qocanın əlləri kimi?

 

O qədər rəvayət, hekayət danışdılar ki,

başından keçən...

Bəs sən?

başından keçdiklərini

xatırlaya bilirsənmi, Bakı?!

Yox, yox, bunlar ağır söhbətlərdir...

Danışma...

sənə sevdalananları mən tanıyıram...

sevdalandığın oldusa, ondan danış...

 

Heç keçdimi qəlbindən

sevdalanmaq

bir başqa şəhərə,

bir başqa dənizə?

Məsələn, İrəvana, Dərbəndə, Təbrizə?..

 

Durub hara gedəsən...

 

Həyat elə bil susub,

            nə "de" var, nə "danış" var,

Durub hara gedəsən?!

Dost deməklə alınmır,

            indi dost yox, tanış var,

Durub hara gedəsən?!

 

Yuvasından perikmiş quş kimi qəribsəyir,

qapalı qəfəsində budaq-budaq sınırsan.

Yarımçıqlar özünü bütövdən üstün sayır,

əlin Allaha çatmır, - içinə sığınırsan...

Durub hara gedəsən?!

 

Yaxınında olanlar doğma olsa da yaddır,

Dünən tanıdıqların bu gün ötüb, - boyatdır.

Həsəd aparılası müqəddəs heç nə yoxdur,

Biri qazanc düşünür, birinin dərdi addır...

Durub hara gedəsən?!

 

Hansı yana baxıram, hamı kükrəyir, əsir,

Biri o birisinin bərəkətini kəsir...

Alınıb əllərindən elə bil ki, hissləri...

Bitmir, bitmir niyə bəs

ölümlü insanların ölümsüz ümidləri?!..

Məgər bəlli deyilmi,

hər ürək döyüntüsü əcəlin ayaq səsi...

bilən də, bilməyən də ölümünə tələsir...

Durub hara gedəsən?!

 

Axşam yeli

 

Yenə də qəmli əsirsən,

Dərdin nədir, axşam yeli?!

Zalımca ümid kəsirsən,

Fərqin nədir, axşam yeli?!

 

Ruhumla verib səs-səsə,

Çılğınlaşdın əsə, əsə,

Körpülər namərdlərdəsə,

Mərdin nədir, axşam yeli?!

 

Hər şey təzad, təzad sirsə...

Qəlbən iblis üzdə pirsə...

Oyunu zər həll edirsə,

Nərdin nədir, axşam yeli?!

 

Sözdür Haqdan gələn buta,

Dartır əldən tuta-tuta...

O hay-küydə bu sükuta

Qərqin nədir, axşam yeli?!

 

Adilə, dur yığış, adla,

İslan, quru yağış altda.

Bu qədər yad baxış altda

Ərkin nədir, axşam yeli?!

 

Külək

 

Gətirdin günəşli günləri bizə,

Vidalaşdıq axır bu qışla, külək.

Bütün dərd-qəmimiz yuyuldu-getdi

O sağnaq, o leysan yağışla, külək.

 

İndi ruhumuz da çiçək ətirli,

Bəndimiz, misramız ətir sətirli,

Yaranır yasəmən, süsən xətirli -

Məhəbbət bir isti baxışla, külək.

 

Hərdənbir əs yenə, yenə də gurla,

Gələn hər günümü özün uğurla,

Tələs, yanağımdan öpüş oğurla,

Apar sevdiyimə bağışla, külək.

 

*

Yenə bu şəhərin qarmaşasından

Ayrılıb gedirəm fikrə dalmağa.

Ən şirin sözləri sənin səsindən,

Dinləyib sevgidən ilham almağa.

 

Xəyallar bəxtiyar, xəyallar məsud,

Açılıb göy üzü, boşalıb bulud.

Sarayım yoxsa da, verdiyin ümid

Bəs edər bir ömür tənha qalmağa.

 

Məhəbbət çarx deyil çəkəm əvvələ,

"Get" desəm, qayıda, "gəl" desəm, gələ.

Mənim bir baharım qalıbdır hələ,

Qismətsə səninlə xoşbəxt olmağa.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri - xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün 

 

75 yaşını qeyd etməyə hazırlaşan Sumqayıtda 75 il ərzində diqqət çəkən bir ədəbi mühit də formalaşıb. Və bu mühitdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, tanınmış şair Əşrəf Veysəlli xüsusi yer tutur.

Müsahibimiz odur. 

 

-Necəsiniz Əşrəf müəllim, səhhətiniz necədir?

 

- Çox sağolun, çox minnətdaram. Gözlərimdən başqa heçnədən şikayətim yoxdur. Siz kefimi soruşdunuz deyə, biraz da yaxşılaşdım.

 

-Bildiyiniz kimi bu il şəhərimizin 75 yaşı tamam olur. Keçmiş və indiki Sumqayıt. Hansı sizə daha doğma, daha əzizdir?

 

- Bəli, bu il hamımıza doğma olan Sumqayıtımızın 75 yaşı tamam olur. Bu şəhərin  70 illik yubileyini görmüş bir insan kimi onun 75 illiyinin necə olacağını təsəvvürümə belə gətirə bilmirəm. 70 illik yubiley o qədər yüksək səviyyədə keçirildi ki, bunu sözlə ifadə etmək mümkün deyil. Gərək görəsən, iştirak edəsən,yaşayasan. Bu il respublikamızda beynəlxalq və dünya əhəmiyyətli ,dövlət səviyyəli çoxsaylı tədbirlər keçirilsə də şəhərimizin 75 illik yubileyinin də möhtəşəm olacağına ürəyimdə bir əminlik hissi var. Mən Sumqayıtın həm keçmişini ,həm də indisini xatırlyanda hər ikisi mənə doğma gəlir. Birində gəncliyimin şaqraq illəri, o birində isə qocalığımın acılı - şirinli bəhrələri...

 

-Sumqayıtın sizin taleyinizdə yeri və rolu? Sizə ömrü geri çevirmək imkanı verilsəydi və ya zaman yolçuluğuna səyahət etmək fürsətiniz olsaydı yenə də tale şəhəri olaraq Sumqayıtı seçərdinizmi?

 

- Sumqayıt hamımızın tale şəhəridir. Yaxşı yadımdadır, mən ali təhsil ala-ala gecələr Sumqayıtda işə düzəldim. Gündüz fakultəsində oxuduğumdan dərslərimi elektrik qatarlarında hazırlamalı olurdum. Bununla belə ali məktəbi əla qiymətlərlə başa vurdum. Əbədi olaraq taleyimi Sumqayıta bağladım. Sumqayıt mənə xoşbəxt ailə həyatı bağışladı. Mən harda olsam da ürəyim bu şəhərlə döyünür. Çünki, bu şəhər həm də övladlaramın, nəvələrimin, nəticələrimin şəhəridir. Əlbəttə , dünyaya yenidən gəlmək fürsəti verilsəydi mən yenə də doğma şəhərimi seçərdim. 

 

-Sumqayıt ədəbi mühitinin yaranmasında və formalaşmasında əməyi olan qələm adamlarından biri və birincilərdənsiniz.  O illər necə qalıb yaddaşınızda, çətin olmadı ki?

 

- Fikirləşəndə o illər gözümün qarşısından kino lenti kimi keçir. Əli Kərimi, Vaqif İbrahimi, Feyzi Mustafayevi, Ağəddin Mansurzadəni, Xasay Cahangirovu və digərlərini heç cür unuda bilmirəm. Ancaq burada ədəbi mühitin formalaşmasında böyük əməkləri olan Qulam Feyzullayevi, Söhrab Abdullayevi, Vaqif İbrahimi, Xasay Cahangirovu, İbrahim İlyaslını xüsusi qeyd etmək istəyirəm. O zamanlar mən Sumqayıt qəzeti nəzdində bədii şuranın sədri və poeziya klubunun direktoru idim. Sumqayıtda gənclik qaynayırdı. Elə indiki kimi...

 

-Sumqayıtın bugünki ədəbi mühiti sizi qane edirmi?

 

-Mən bugünki ədəbi mühitimizdən çox razıyam. Əgər adlarını çəksəm çox böyük bir siyahı alınar. Həm də kiminsə adı yadımdan çıxsa məndən inciyə bilər. Onların arasında geniş miqyasda tanınan şairlər, yazıçılar və ədəbi mühitə təzəcə qədəm qoyan, hələ öz dəsti - xəttini tam tapa bilməyən gənclərimiz də var. Mən onlara yeni - yeni uğurlar arzu edirəm.

 

-Sumqayıt cameəsində güvəndiyiniz və bəyəndiyiniz imzalar?

 

- Güvəndiyim və bəyəndiyim imzalardan Rafiq Yusifoğlu, Məmməd İlqar,

Zirəddin Qafarlı, Varis, Eyruz Məmmədov, Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, İbrahim İlyaslı, Almaz Ərgünəş Bəyazid, Gülnarə Cəmaləddin, Məryəm Aslanqızı, Hümbət  Quliyev, Əli Ələmi, Rəfiqə Şəms, Nadir Azayoğlu, Hafiz Ataxanlı, Əli Nəcəfxanlı, Xatirə Fərəcli, Rafiq Oday, Nazilə Gültac, Süleyman Hüseynov, Lilpar Cəmşidqızı, Xəqani Abbasəli, Aygün Yaşar, Əyyub Qiyas, Ehtiram İlham, Mənsurə Xələfbəylinin adlarını xüsusi qeyd edə bilərəm.

 

-Sİz həm də AYB Sumqayıt bölməsində Məsləhət Məclisinin sədrisiniz. Bölmənin işindən razısınızmı?

 

- AYB Sumqayıt bölməsinin işindən  saatlarla danışmaq olar. Bölmə öz işini planlı şəkildə qurur. Respublika yazıçılarının qurultayında irəli sürülən və gənclərin yaradıcılıqlarını istiqamətləndirmək baxımından tələb olunan göstəriş və vəzifələri layiqincə yerinə yetirir.Qardaş ölkə Türkiyə ilə ədəbi əlaqələrin qurulmasında, Aərbaycanın qələm adamlarımnın,eləcə də Sumqayıtlı qələm adamlarının əsərlərinin və eyni zamanda Türkiyənin istedadlı qələm adamlarının Azərbaycanda tanıdılması baxımından da xeyli işlər görür. AYB- nin Sumqayıtda yaşayan üzvləri xalqımızın yüz illərlə davam edən mübarizəsinin parlaq nəticəsi olan Qarabağ döyüşlərinin haqqında  geniş, müfəssəl yazılar yazıb və yazmağa davam edirlər.  “Şəhidlər ölməz,Vətən bölünməz!” devizi altında  şəhidlərimiz və qazilərimiz haqqında, onların şəhadətləri və xarakterləri haqqında sanballı  əsərlər meydana gəlir. Qarabağ mövzusunda Aidə Eyvazlı və Aygün Hacıyevanın zəhmətlərini xüsusi qeyd etmək lazımdır. AYB Sumqayıt bölməsinin Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birlikdə Şəhidlərimizə həsr etdiyi maraqlı layihələr təqdirəlayiqdir. Bundan başqamütəmadi olaraq Sumqayıtda yaşayan AYB üzvlərinin yubileyləri, kitab təqdimatları, görüşləri keçirilir və bütün bu görülən işlər şəhət ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Bundan başqa bölmənin həyata keçirdiyi bir- birindən maraqlı tədbirləri və layihələri saysaq məncə bunun üçün bir müsahibə bəs eləməz.

 

-Sumqayıt ədəbi mühiti ilə Bakı ədəbi mühitinin fərqi?

 

-Mənə elə gəlir ki, Sumqayıt ədəbi mühiti Bakı ədəbimühitindən daha qaynar və coşqundur. Tez-tez keçirilən kitab müzakirələri, yeni kitabların təqdimatı, şair və yazıçılarla görüşləri misal gətirmək olar.

 

-Şəhər rəhbərliyinin ədəbiyyata göstərdiyi diqqətdən razısınızmı?

 

- Açıq deyək ki, Sumqayıt ədəbi mühiti şəhər rəhbərliyinin diqqətindən kənarda deyil. Ayrı-ayrı yazarlara mütəmadi olaraq köməklik ediliir, onların güzəranına diqqət yetirilir. Son vaxtlara qədər  möhtəşəm tədbirləri ilə çoxlarını heyrətdə qoyan poeziya klubu boynu bükük bənövşə kimi kol dibindən boylanır, zirzəmilərdə fəaliyyət göstərirdi. İndi isə Əli Kərim adına Poeziya evi keçmiş Heydər Əliyev mərkəzində əbədi məskunlaşmışdır. Elə təkcə buna görə şəhər rəhbərliyinə dəfələrlə minnətdar olmağa dəyər. 

 

-Sumqayıt sizə nə verdi və nəyi əlinizdən aldı?

 

- Mənim nəyim varsa mənə Sumqayıt verib. Mən isə xəsislik etmişəm, Sumqayıta heç nə verməmişəm.

 

-Şəhərimizin 75 illik yubileyi ilə bağlı arzu və təklifləriniz?

 

- Arzum budur ki, gəlin kimi bəzənən şəhərimizin mənzillərindən həmişə xoşbəxt insanların gülüş sədaları yayılsın. Heç kimin üzündən təbəssüm, gözlərindən işiq, ürəklərindən məhəbbət əksik olmasın.

 

-75 yaşlı gənc şəhərimizə nəyi tövsiyə edərdiniz?

 

- Gələcəyə doğru inamla addımlayan əziz və doğma şəhərimiz, sükanı həmişə belə saxla.

 

Yaranışdan o mənim könlümə ilham verib,

Qoyunu coşub daşmalı, çağlamalı şəhərdir.

Otuna sığal çəkib, gülünə salam verib,

Hər gün halını sorub, yoxlamalı şəhərdir.

 

Bütün dünya bir ola, bütün aləm yığıla,

Bu möcüzə, bu heyrət gəlməzdi hər ağıla.

Büküb sözə, nəğməyə, bayatıya, nağıla

Namus kimi qoruyub saxlamalı şəhərdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.