
Super User
Bizimkilər Romada keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadasının qalibi olublar
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzinin şagirdləri İtaliyanın paytaxtı Roma şəhərində keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadasının qalibi olublar.
“Ədəbiyyat və incəsənət” portalına agentlikdən verilən məlumata görə, 320-dən çox komandanın yarışdığı olimpiadada “DENEYAP” texnologiya laboratoriyasının “Creators” komandası “Sağlamlıq elmləri və texnologiyaları” üzrə "Ali Məktəb Səviyyəsi" kateqoriyasında birinci yerin qalibi olub. Həmçinin “Turantech” komandası “Lego xəttinin təqibi” kateqoriyası üzrə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Hər il noyabr ayında İtaliyada keçirilən "Fibonacci" beynəlxalq robot olimpiadası ən böyük robototexnika tədbiridir. Dünyanın hər yerindən robototexnika həvəskarlarını bir araya gətirən bu tədbir yalnız yarışma deyil, həm də sərgi və təhsil seminarları ilə robototexnikada ən son nailiyyətləri nümayiş etdirir. İştirakçılar yaradıcılıqlarını sərgiləyərək texnoloji bacarıqlarını nümayiş etdirməklə yanaşı, yeni əməkdaşlıq və layihələr üçün də imkanlar tapırlar.
Bu il olimpiadada 13 ölkədən 93 müxtəlif məktəb və universiteti təmsil edən 1123 iştirakçı 18 kateqoriya üzrə mübarizə aparıb. “Bilim Bakı” mərkəzi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Bu gün Qadın zorakılığına qarşı mübarizə günüdür – GƏNCLƏR KİTABXANASININ TƏQVİM GÜNÜNƏ TÖHFƏSİ
Könül, “Ədəbiyyat və incəsənət”
Qadın şiddəti! Zərif cinsə qarşı zorakılıq! Feminizm! – Günümüzdə bu sözlər tez-tez işlənir və onları eşitməyə, bir növ, adətkar olmuşuq. Dünyanın az qala hər bir guşəsində - sivilizasiyanın mərkəzində də, cəhalətin tüğyan etdiyi üçüncü sort ölkələrdə də qadınlar zorakılığa məruz qalmaqdadırlar.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, hər il noyabr ayının 25-i bütün dünyada “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” elan edilmişdir.
Biz Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasını bütün əlamətdar hadisələrə və təqvim günlərinə reaksiya verən bir qurum kimi tanıyırıq. Bu dəfə də “Kitabxana 25 noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizəgününə nə kimi töhfə verib?” sualıyla kitabxanaya müraciət etdik.
Öyrəndik ki, bu günlə əlaqədar olaraq kitabxanada məlumat bülleteni hazırlanıb. Materialda bu günün təsis edilməsi tarixi, məqsədi, ölkəmizdə qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılmasına, gender bərabərliyinin təminatına, qadın siyasətinin həyata keçirilməsinə, Azərbaycanda qadınların rolunun artırılmasına dair qəbul edilən rəsmi sənədlərin tam mətni təqdim edilir.
Məlumat bülletenində ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummili Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktı, bu gün qadın hüquqlarının müdafiəsinin, onlar üçün yaradılan imkanların genişləndirilməsinin dövlət siyasətinin əsas prioritet istiqamətlərdən biri olması haqda məlumat verilir, cəmiyyətimizdə qadınların rolu, şərəfli missiyası mövzusunda görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər də yer alır.
Kitabxananın rəsmi saytında yerləşdirilən materialda https://ryl.az/funds/melumat-b%C3%BClleteni “Milli ideologiya və Azərbaycanda qadına münasibətin fəlsəfi problemləri”, “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)”, “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər”, “Qadın haqları tarix və Qurani Kərim işığında”, “Azərbaycanda qadın hüquqları və azadlıqları”, “Qadın hüquqları üzrə bələdçi”, “The international migration of women”, “Woman's rights in Islam” kimi Azərbaycan və ingilis dilində 30-dan çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası ilə yanaşı dövrü mətbuat nümunələri sərgilənir.
Yeri gəlmişkən, məhz dünyada Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü qeyd edilərkən ölkəmizin teleekranlarında qadın hüquqsuzluğu ilə mübarizəyə səslənən “ Vətəndaş A” teleserialının nümayişi lap yerinə düşür.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Veteranlar təşkilatı Prezidentə müraciət edib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə müraciət edib.
“Ədəbiyyat və incəsənət” portalı müraciətin mətnini təqdim edir.
Azərbaycan Respublikası müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
MÜRACİƏTİ
Möhtərəm cənab Prezident!
Azərbaycanın ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda yüksək səviyyədə baş tutması Azərbaycan dövlətinin, onun Prezidentinin növbəti böyük uğurudur. Azərbaycanın dinamik inkişafını, müstəqil siyasətini qısqanclıqla qarşılayan, Cənubi Qafqazın lider dövlətinə çevrilməsindən təşvişə düşən bəzi dövlətlərin və dairələrin bu dünyamiqyaslı beynəlxalq tədbirə mane olmaq cəhdlərinə baxmayaraq, COP29-a 196 ölkədən 72 min iştirakçının qatılması, onların arasında 80 nəfər yüksək səviyyəli qonağın – prezident, vitse-prezident, Baş nazir və nazirlərin olması məhz Sizin yüksək beynəlxalq nüfuzunuzun, ardıcıl səylərinizin nəticəsidir. Biz veteranlar Azərbaycanın bəşəriyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm bir məsələdə dünyanın sözü eşidilən ölkələrindən biri kimi qəbul edilməsindən, mühüm qlobal səylərə öz töhfəsini vermək əzmindən qurur duyur, bizə bu iftixarı yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu genişmiqyaslı tədbirin mühüm nəticələrindən biri də Azərbaycanın dünyada, xüsusən enerji sahəsində “yaşıl keçid”in ardıcıl və qətiyyətli tərəfdarı kimi tanınması oldu.
Möhtərəm cənab Prezident!
COP29-un böyük uğuru bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq arenada fəal rol oynamağa, insanlığın və ümumən dünyanın xilasına yönəlmiş təşəbbüslərə mühüm töhfələr verməyə qadir, sözünü əməli ilə təsdiqləməyi bacaran dövlətdir. Bütün bunlar belə bir həqiqəti uca səslə deməyə əsas verir ki, ölkəmizin xeyirxah səylərinin düzgün dəyərləndirilməsi həm regional, həm də beynəlxalq miqyasda mövcud problemlərin həllinə yardımçı ola, “yaşıl” və təhlükəsiz dünya naminə təşəbbüslərin gerçəkləşməsinə daha münbit şərait yarada bilər. Məhz Azərbaycanın səyləri ilə COP29-un bəşəriyyətin gələcəyi və firavanlığı üçün başlıca diqqəti Dayanıqlı İnkişaf Məqsədlərinə, iqlim maliyyələşməsinin məcburi məsələyə çevrilməsi istiqamətində addımlar atılmasına yönəltməsi xüsusi əhəmiyyətə malik olmaqla, bu qənaətimizi bir daha təsdiq edir.
Azərbaycanın COP29 vasitəsi ilə yaşıl texnologiyalar, davamlı enerji həlləri, bərpaolunan enerji layihələri, ekoloji turizmin genişləndirilməsi və ekoloji maarifləndirmə təşəbbüslərini təşviq etməsi də xüsusi qeyd olunmalıdır. O da qürur doğurur ki, COP29-a qatılan çoxsaylı ekspertlər və iştirakçılar onun uzunmüddətli təsirlərinə dair müzakirələrdə Azərbaycan təcrübəsinin nəticələrinin ölkə və dünya üçün strateji əhəmiyyətini, gələcək beynəlxalq tədbirlər üçün nümunə ola biləcəyini xüsusi vurğulamışlar.
Qlobal iqlim dəyişikliyi ilə mübarizədə dünya səviyyəsində ən əhəmiyyətli və genişmiqyaslı proseslərdən olan COP29-da yalnız hökumət rəsmiləri deyil, həmçinin qeyri-hökumət təşkilatları, elmi dairələr, vətəndaş cəmiyyəti, özəl sektor nümayəndələri və media təmsilçilərinin iştirakı, hər kəsin eyni mövzu ətrafında və vahid məqsədlə bir araya gəlməsi, iqlim məsələlərini daha ətraflı və hərtərəfli şəkildə müzakirə olunmasına imkan yaratmaqla, insanlağın gələcəyinə taleyüklü mesajlar ünvalamışdır.
Möhtərəm cənab Prezident!
Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə bütün cəmiyyətlərin səfərbər olunmasında, iqlim diplomatiyasının güclənməsində qlobal miqyaslı iştirakçıya çevrildiyi bu tədbirin Azərbaycana geniş investisiyalar və beynəlxalq əməkdaşlıq sahəsində yeni imkanlar gətirəcəyinə, onun beynəlxalq nüfuzunu daha da yüksəldəcəyinə inanır və bu uğurların əldə olunmasına görə Sizə çoxsaylı veteranlar adından bir daha minnətdarlığımızı bildiririk.
Dərin hörmət və ehtiramla:
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri
polkovnik Cəlil Xəlilov
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edilib
Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" rubrikası çərçivəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti, simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub.
«Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlyumata görə,görkəmli bəstəkarın doğum gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq Bülbül və Fikrət Əmirovun dostluq, yaradıcılıq əlaqələrindən danışıb.
Tədbirdə Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri "Gülərəm gülsən" romansını, "Muğam poema", "Baharımsan", "Marşsayağı", "Sevilin rəqsi", "Vals", "Rəqs", "Ballada", "Ekspromt", "Sevgi rəqsi", "Min bir gecə" baletindən Oxatanların rəqsi, Azərbaycan xalq mahnısı "Evləri var xana-xana"nı ifa ediblər.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Hitler “Barbarossa” planına Sumqayıtın Sintetik Kauçuk zavodunun da ələ keçirilməsini daxil etmişdi - TARİX MUZEYİNDƏN REPORTAJ
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Bu günlərdə Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Namiq Əliyevlə həmsöhbət olduq. Rəhbərlik etdiyi mədəniyyət ocağı barədə bizə müfəssəl məlumat verməsini xahiş etdik. Namiq müəllimin dedikləri:
-Böyük mütəfəkkir A. Bakıxanov söyləmişdir: “Keçmişi bilmədən yaşamaq, yol tanımadan, məqsəd anlamadan səhrada dolaşıb azmağa bənzər”.
Maddi və mənəvi dəyərlər fonunda tarix yaşadan muzeylərin yaş etibarı ilə ən qədimi eradan əvvəl XVII-XVI əsrlərdə yaradılmış Misirin “Arseneum” muzeyidir. Azərbaycanda bu tarixin səhifələrini vərəqləsək, 1896-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kənd (hal-hazırda qəsəbə) məktəbində yaradılmış tarix-diyarşünaslıq muzeyinin təşəbbüskarı, təəssübkeşi, böyük ədibimiz Cəlil Məmmədquluzadənin adına rast gələcəyik. “Azərbaycan” qəzeti 23 sentyabr 1919-cu il tarixli sayında yazırdı: “...Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da Vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını “Milli muzey” qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə “İstiqlal muzesi” olmasını əhəmiyyətli görürüz.” Söhbət ilk dövlət muzeyi olan Azərbaycan İstiqlal Muzeyindən gedir ki, yaranma tarixi məqalədən bəlli oldu.
Azərbaycanda mövcud olan muzeylər sırasında tarixi 1967-ci ilin noyabrın 2-dən hesablı Sumqayıtın Tarixi Muzeyi peşəkar muzey müəssisəsi kimi tanınır. Azərbaycan SSR Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli, 130 №-li qərarı ilə yaradılmış muzey 1113 sayda eksponatla qapılarını ziyarətçilərin üzünə açmışdır. Muzey ekspozisiyası ilə tanışlıq sanki Xalq şairi Nəbi Xəzrinin bir vaxtlar “Sumqayıt səhifələri”-nə şəhərimizin dilindən yazdığı “Bir əsrin özünü görmək istəyən, gəlib bircə dəfə qoy mənə baxsın” misrasına köklənmişdi... Burada nümayiş olunan eksponatların sayəsində Sumqayıt şəhəri göz önündə doğulur, böyüyür, inkişaf edirdi: inşaat, quruculuq işlərinin aparıldığı boş ərazi, burada özülü qoyulan ilk müəssisələr və qurub-yaratmaq eşqi ilə yaşayan onlarla, yüzlərlə insan...
Tarixi eksponatların dili ilə ictimaiyyətə xatırladan, xatırladaraq yaşadan Sumqayıtın Tarixi Muzeyi 1972-ci ildə elmi-kütləvi, maarifləndirici işlərdə fəal iştirakına görə diplom, medal və pul mükafatı ilə ilk qiymətini SSRİ Mədəniyyət Nazirliyi tərəfindən almışdır. 1974-cü ildə şəhərin 25 illik yubileyi ilə əlaqədar Sumqayıt Şəhər Mədəniyyət Şöbəsi, 1978-ci ildə isə Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Könüllü Mühafizə Cəmiyyəti tərəfindən səmərəli fəaliyyətinə görə Fəxri fərmanlarla təltif edilmişdir. Kollektivin gərgin əməyindən xəbər verən müxtəlif sərgilərin tərtibatı, şəhər əhəmiyyətli muzeydaxili, muzeydənkənar tədbirlərin təşkilinin nəticəsi kimi 1985-1986-cı illərdə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən diplomlara layiq görülməsini də xatırlatmaq olar.
Sumqayıtın Tarixi Muzeyi artıq 57 ildir ki, gənc nəslin maarifləndirilməsi naminə yorulmadan çalışır. Hal-hazırda burada 15 000-dən artıq muzey əşyası gələcək nəsillər üçün qorunur. Keçmişi bu günümüzə yaxın edən muzeyimizin ilk ünvanı 5-ci mkr-n, Səməd Vurğun küçəsi, 16/132 saylı yaşayış binasının I mərtəbəsində idi. Öz işinə məsuliyyətlə yanaşan kollektivin gərgin əməyi sayəsində muzey fondunda qorunan eksponatların sayı aybaay, ilbəil artmış, nəticədə muzeyin nisbətən daha böyük sahəni əhatə edəcək yeni bir ünvanda məskən salması labüd sayılmışdır. 1988-ci ildən köç etdiyi, 4-cü mkr-n, Heydər Əliyev prospektində yerləşən ikimərtəbəli binada fəaliyyətini davam etdirən mədəniyyət ocağının təmsil olunduğu məkan əvvəlki ünvandan yeddi dəfə artıq hesablanmaqla 2680 kv.m. sahəni əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il, “Azərbaycan regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında” 22 may 2009-cu il tarixli sərəncamlara müvafiq olaraq əsaslı təmir olunmaqla yenidən qurulan muzey 2010-cu ildən yeni simada, daha müasir görkəmdə şəhər sakinlərini, qonaqları qəbul edir. Muzeyin birinci mərtəbəsindəki ekspozisiya zalında “Səhra da ucsuz-bucaqsız, küləklər də şiddətli, günəş də amansız idi, lap tale kimi. Sahil boyu qumsallıqda iz qoya-qoya karvan gedirdi...” kəlmələri ilə xüsusi qurğunun köməyi sayəsində səslənən əfsanə burada nəfis tərtibatda hazırlanmış XVI-XVII əsrlər Sumqayıtını əks etdirən maketin bir növ izahını verir. Əfsanəni gerçəkliklə uzlaşdıran bələdçi qumsal Sumqayıt ərazisinin eradan əvvəl II əsrdən etibarən, Çinin Sian şəhərindən başlayaraq Şərq ölkələrindən keçən Böyük İpək Yolunun bir zamanlar keçid nöqtələrindən biri olduğunu vurğulayır, maketə yaxın xüsusi vitrinlərdə yerləşdirilmiş etnoqrafik məişət əşyaları arasında XII əsr nişanəli şirlənmiş şərab dolçasını bu ərazidən keçmiş tacirlərdən birinə məxsus olduğunu deyilənlərə sübut kimi ziyarətçilərə təqdim edir. İkinci mərtəbənin ekspozisiya zalında diqqəti-nəzəri cəlb edən muzey əşyalarının dili ilə Sumqayıtçayın adını daşıyan şəhərlə bağlı məlumat davam etdirilir. Sovet Azərbaycanının səhralıqda salınmış sosialist şəhəri kimya, metallurgiya mərkəzi, elm, təhsil, səhiyyə, mədəniyyət ocağı, dostluq ünvanı olaraq göz önündə doğulur, böyüyür, inkişaf edir, sarsılmaz Azərbaycanın ayrılmaz bir hissəsi kimi müstəqillik yollarında inamla addımlayır.
Ziyarətçilərimizi tərtib və təsdiq olunmuş mövzu ekspozisiyasında, müxtəlif mövzuları özündə ehtiva edən sərgilərdə muzey fondunun zənginliyinə arxalanaraq ayrı-ayrı şöbələr üzrə yerləşdirilmiş eksponatlarla tanışlıq gözləyir.
“Arxeologiya” şöbəsi ilə tanışlıq bizi orta əsrlərə aparır. Məlumdur ki, arxeologiya elmi maddi mənbələr-qədim insan məskənləri, əmək alətləri, qəbirlər, qaya təsvirləri, silahlar və s. əsasında bəşəriyyətin tarixi keçmişini öyrənir. Bu bölmə üzrə toplanmış saxsı qab fraqmentlərinin bir qisminin nümayişi qədim İpək Yolunun bir qolu - Sumqayıtın ərazisi haqqında məlumatımızı dəqiqləşdirir. Bu ərazidə yeganə su mənbəyi olmuş Sumqayıtçayın hər iki sahilində salınmış karvansaraların 1938-1939-cu illərdə akademiklər-N.Mel, E.Paxomov tərəfindən tədqiqatı zamanı aşkar olunmuş saxsı qab fraqmentləri, həmin karvansaraların divarlarından qopmuş suvaq parçaları tikanlıq, kol-kos basmış bu ərazidə həqiqətən də müvəqqəti yaşayışın mövcud olduğunu bizə sübut edir.
Hələ XVI əsrdə ingilis səyyahı Xristofor Berrou Sumqayıtçay və çayın üzərində salınmış taxta körpü haqqında məlumat vermişdir. Həmin körpüdən qalığın burada nümayişi verdiyimiz məlumata aydınlıq gətirir.
“Paleontologiya” şöbəsi üzrə təqdim etdiyimiz “daş üzərində balıq izləri”, “daşlaşmış ağac” nümunələri Sumqayıtın ərazisi, tarixi keçmişi haqqında müəyyən mülahizələr yürütmək imkanı yaradır. Qeyd edim ki, Paleontologiya qazıntı halında tapılan, daşa dönmüş bitki və heyvanat aləmindən bəhs edən elmdir.
1960-cı illərin sonlarına doğru muzeyimizin nəzdində fəaliyyət göstərmiş “Tarix-diyarşünaslıq” dərnəyi üzvlərinin muzey fonduna təhvil verdikləri “daş üzərində balıq izləri” nümunələri Bakı-Rostov-Moskva dəmiryol xəttinin yaxınlığındakı ərazidən aşkara çıxarılmışdır. Bununla da bu ərazinin əvvəllər Xəzər suları altında qalması və tədricən suyun geri çəkilməsi haqqındakı fikirlər öz təsdiqini tapmış olur. “Paleontologiya” şöbəsi üzrə nümayiş olunan “daşlaşmış ağac” nümunələri də maraq doğurmaya bilmir. Mehdi Hüseynzadə adına şəhər stadionunun ərazisindən tapılmış bu nümunələr təbiətin tarixini əks etdirərək bizdə müəyyən fikirlərin yaranmasına səbəb olur.
“Etnoqrafiya və məişət əşyaları” şöbəsində yer almış bəzək əşyaları, miniatür xurcun, tənbəki kisəsi və s. yerli sakinlər tərəfindən muzeyimizə hədiyyə olaraq verilmişdir. Məişətimizin zənginliyindən xəbər verən bəzək əşyaları-şüşə qolbaqlar, gümüş kəmər fraqmentləri, düymələr, muncuqlar orta əsr sənətkarlığının parlaq nümunələridir. Tarixdən məlumdur ki, tikmələr hazırlanarkən onların qızılı saplarla bəzədilməsi əl işlərinə xüsusi gözəllik verirdi. Nümayiş etdirdiyimiz ipək parçadan tikilmiş tənbəki kisəsinin üzərindəki müxtəlif formalı yarpaq təsvirləri, ona bənd edilmiş parlaq muncuqlar əl işinə xüsusi diqqət yetirildiyindən xəbər verir. Cib saatlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş məişət əşyası “sırıma” tikmə növü ilə bəzədilmişdir. Qeyd edim ki, rəngbərəng kətan saplarla toxunmuş cecimlər də məişətimizdə geniş istifadə olunurdu. Nümayiş olunan cecim parçası onunhaqqında bir neçə kəlmə məlumat vermək imkanı qazandırır. Cecimlərdən pərdə, örtük, yorğan-döşək üzlüyü kimi, hətta xalça - palaz, kilim əvəzi evin döşənməsi üçün də istifadə olunmuşdur.
Azərbaycanda sənətkarlığın ağacişləmə və metalişləmə növləri də geniş yayılmışdır ki, nümayiş etdirdiyimiz qəlyanlar bu sənətin bariz nümunələridir.
Mövzu ekspozisiyasında nümayiş olunan fotoşəkillər arasında “Corat kəndlilərinin bağ tikililəri” fotoşəkli şəhərimizin Corat kənd camaatının min-bir əziyyətlə becərdikləri bağ-bostan, əkin-biçin sahələrinin yerində salınması ilə bağlı mənbələrin verdiyi xəbəri bir daha təsdiqləyir. Coratda tarixi abidə kimi mühafizə olunan Cümə (X əsr), Gülxatın (XVIII əsr) məscidləri əhalinin dindarlığından xəbər verir. Bu xüsusda Corat kənd əhlinin yaşam tərzini əks etdirən otaq-maketdə yer almış etnoqrafik - məişət əşyaları arasında nümayiş olunan canamazı, möhürü, dəstəmaz almaq üçün aftafa - ləyəni nişan vermək yerinə düşür.
1930-cu illərdən etibarən, Corat, Saray, Pirəkəşkül kəndlərinin əhatəsində yarımsəhra, düzənlik kimi səciyyələndirilən Sumqayıt ərazisinin öyrənilməsi üçün ilk ekspedisiyalar təşkil olunur. Mövzu ekspozisiyasında nümayiş olunan “Sumqayıtın planlaşdırılmasının baş layihəsinə dair izahedici qeydlər” kitabçasından da məlum olur ki, əsas məqsəd Azərbaycanda, eləcə də İttifaq miqyasında kimya, metallurgiya sənayesini inkişaf etdirmək idi. 1939-cu ildən etibarən, yeni işlənmiş plan əsasında Sumqayıtın sənaye müəssisələrinin tikintisi başlandı... İlk quruculardan Aslan Osmanovun, Məzahir Abdullayevin, İdris Dadaşovun, Gülbahar Vəliyevanın şəxsi arxivlərindən seçmələri ziyarətçilərimizə təqdim edirik.
Sumqayıtın ilk müəssisəsi - İES-in I generatoru 1941-ci il fevral ayının 13-də işə düşmüşdü. Qabaqcıllardan Əli Mustafayevin, Yusif Rzaquliyevin, Məşədi Əliyevin adlarını nümayiş etdirdiyimiz şəxsi arxivlərdən nümunələrin hesabına hallandırırıq. Ekspozisiyada yer alan İES--in 1943 - cü il hesabatından məlum olur ki, stansiya müharibə illərində potensialına görə fərqlənmişdir. Bu fərqliliyi nümayiş etdirdiyimiz sənəddən - SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalinin imzası ilə (kollektivin hərbi texnika almaq məqsədilə topladığı 150 000 rubl üçün) təşəkkür teleqramından da aydın sezmək olur. Maraqlı bir faktı qeyd edim. Dünyaya sahib olmaq arzusu ilə yaşamış Adolf Hitler özünün məşhur “Barbarossa” planına Bakı müəssisələri ilə yanaşı, Sumqayıtın Sintetik Kauçuk zavodunun da ələ keçirilməsini daxil etmişdi. Səbəb dünyada ilk dəfə olaraq burada sintetik kauçuk alınmasının planlaşdırılması idi. Rezin məmulatların hazırlanması üçün sintetik kauçuk vacib xammal sayılırdı. Adolf Hitler hətta uzaqgörənlik nümayiş etdirərək Xayo Eylers adlı bir şəxsi müəssisəyə rəhbər vəzifəyə də təyin etmişdi. İttifaq miqyasında ilk dəfə olaraq sintetik etil spirtinin bu müəssisədə alınması ilə Sumqayıt daha bir ilkə imza atmışdı... Keçmiş İttifaqın baş katibi Nikita Xruşşov 1960-cı ildə Sumqayıta rəsmi səfəri zamanı Sintetik Kauçuk zavodunda olmuş, sexləri gəzərək iş prosesi ilə yaxından tanış olmuşdu. Ekspozisiyada ziyarətçilərimizə təqdim olunan fotoalbom vasitəsi ilə səfər haqqında dəqiq məlumat almaq mümkündür.
Sənaye mərkəzi kimi doğulan Sumqayıt illər ötdükcə həm də mədəniyyət özəyi kimi tanınmağa başladı. Hələ 1946-1947-ci illərdə Sumqayıtın tikintisində iştirak etmiş alman əsirləri İES-in saldığı qəsəbədə yerləşən klubda (taxta barakın bir hissəsi o illərdə klub müəssisəsi kimi istifadə olunurdu) hazırladıqları səhnəciklərlə çıxışedirdilər. Taxta baraklarda həmin səhnəciklərə tamaşa edən, filmləri izləyən inşaatçılar üçün ilk mədəniyyət müəssisəsi - Energetik 1949-cu ildə inşa olunmuşdur. Asudə vaxtın səmərəliliyinin təminatçısı ikinci məkan Cəlil Məmmədquluzadə adına ilk kütləvi kitabxana oldu. 1954-cü ildən isə şəhərimizin ilk musiqi beşiyi-1№-li musiqi məktəbi öz ətrafına yüzlərlə uşaq və yeniyetməni topladı. İllər bir-birini əvəzlədikcə klubların, mədəniyyət evlərinin, kitabxanaların, kinoteatrların sayı da çoxaldı. Sumqayıtın fəxri vətəndaşı Nəbi Xəzri hələ 1960-cı illərdə qələmə aldığı “Sumqayıt səhifələri” - nə bu misranı da yazmışdı: “Bir əsrin özünü görməkistəyən, gəlib bircə dəfə qoy mənə baxsın.” Sadalanan faktlar mövzu ekspozisiyasında yer almış tarixi sənədlər, fotoşəkillər hesabına ziyarətçilərimizdə maraq doğurmaya bilmir.
Sovetlər dönəmində olduğu kimi, müstəqillik dövründə də Azərbaycanın ikinci nəfəsi, dostluğun ünvanı olan Sumqayıt şəhəri qonaqlarını tarixini yaşadan muzeydə qarşılayır. Bu ünvanı ilk tanıyan Gürcüstanın Rustavi, Rumıniyanın Piteşti, Ukraynanın Çerkassı, Almaniyanın Lüdviqshafen şəhərləri oldu. Sumqayıt ad günlərində ilk təbrikləri onlardan eşidər, ilk hədiyyələri onlardan qəbul edərdi. Hal-hazırda Sumqayıtın dostları daha çoxdur. Çinin Çyu Cou, Sian, İtaliyanın Bari, Genuya, Türkiyənin Ceyhan, Samsun, Avstriyanın Linz, Belorusun Mogilyov, Qazaxıstanın Aktau, Rusiyanın Novosibirsk, Nevinnomıssk, Estoniyanın Paldiski şəhərləri Sumqayıta dost kimi üz tuturlar. Muzeyin Türkiyənin Samsun şəhəri ilə dostluq tellərinin bağlanmasına ev sahibi kimi şahidlik etməsi təqdirəlayiqdir. Adları sadalanan şəhərlərin dost hədiyyələri muzey ziyarətçilərinin maraqla baxdıqları, tanış olduqları eksponatlardandır.
Sücaət və qəhrəmanlıq dastanı - Dağlıq Qarabağ savaşı və sumqayıtlılar... Muzeyin “Vətən uğrunda ölüm - həyatın davamıdır” devizli kiçik ekspozisiya zalında nümayiş olunan eksponatlar sumqayıtlı oğul və qızlarımızın keçdiyi şərəfli yolu işıqlandırır. Bir faktı da qeyd edim. Sumqayıtın Tarixi Muzeyi respublikada ilk dəfə olaraq daimi fəaliyyət göstərən “Şəhidlər qalereyası”na öz qoynunda yer verib. Şəhərimizin tarixini yaşadan muzeyimiz Azərbaycanın 32 illik heç vaxt qaysaq tutmamış Qarabağ yarasının yaddaşlardan silinməməsi üçün sumqayıtlı şəhidlərin şəxsi arxivlərini toplayır, onların ziyarətçilərə təqdim olunmasını təmin etməklə tarixi unutqanlığımıza sipər olmaq istəyir.
Ekspozisiyamızda 38 sayda I Qarabağ, 53 sayda II Qarabağ müharibələri şəhidlərinin şəxsi arxivləri nümayiş olunur. Burada “Şəhidlər xiyabanı” nın ilk “sakin” i Rəhman Qəhrəmanovdan tutmuş “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş Mətləb Quliyevin, Bəhruz Mansurovun, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adını almış Sübhan Cəbrayılovun, Camal İsmayılovun və başqalarının şəxsi arxivlərindən seçmələrə geniş yer verilmişdir. Mövzu ilə səsləşən “Ulduz axını” abidəsi azəri yurdunun bir parçası Sumqayıtın mətinliyini bir növ sübut etmiş olur.
Ümumiyyətlə, Sumqayıtın “kiçik Azərbaycan” adlandırılması kimsəyə sirr deyil. Şəhərin tarixi ilə yanaşı, Azərbaycanın uzaq-yaxın keçmişini, mədəniyyətini əks etdirən muzey vaxtı ilə məlum səbəblərdən Qərbi Azərbaycanın Qafan rayonu Müsəlləm kənd tarix-diyarşünaslıq muzeyindən “qaçqın” düşmüş, Cəbrayıl, Qubadlı, Zəngilan ellərinin, Zəngəzur-Göyçə mahalının yadigarı etnoqrafiya və məişət əşyalarını illər öncə “Bir elin harayı”, erməni vəhşiliklərini rənglərin şahidliyi ilə ağ kətana “gömən” sumqayıtlı rəssamların -- Maqsud Cəfərovun, Nizami Dadaşovun fərdi sərgilərini “Azadlığa doğru” sərlövhələri altında ilk olaraq şəhər ictimaiyyətinə təqdim etmiş, İntiqam Ağayevin rəssam təxəyyülündən doğan fikirlər fonunda yağlı boya ilə işlədiyi əsərləri mövzunun davamı kimi illər sonra ziyarətçilərin ixtiyarına vermişdir.
Ümummilli lider Heydər Əliyevin Sumqayıt səfərlərinə həsr olunmuş ekspozisiya zalı ilə tanışlıqda Azərbaycana həsr olunmuş bir ömrün Sumqayıt səhifələrini vərəqləməli oluruq. Bu səfərlər ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar toplusu səbəbkarın təbirincə desək: “Sumqayıt bütün Azərbaycanın özəl təcəssümüdür” fikrinə aydınlıq gətirir. 34 illik hakimiyyəti dövründə şəhərimizin sosial - iqtisadi, mədəni həyatının inkişafında Ulu Öndərin müstəsna rolu danılmazdır. Bu inkişafı Sumqayıtın Tarixi Muzeyinin ekspozisiya zalında “Heydər Əliyev və Sumqayıt” mövzusu ilə tanışlıqda aydın görmək mümkündür. Qeyd edim ki, mövzu ilə bağlı ekspozisiya zalı (ilk illər sərgi) 1993-cü ildən etibarən, fəaliyyət göstərir. Muzey fondunda Heydər Əliyevin Sumqayıt səfərlərini əks etdirən sənədlər, qəzet nüsxələri ilə yanaşı, bu səfərlərdən çəkilmiş 150-ə yaxın fotoşəkillərin əsli qorunur.
Mövzunun davamı olaraq “İlham Əliyev və yeniləşən Sumqayıt”, eləcə də, “Sumqayıt şəhər rəhbərləri. 1949 - cu ildən bugünədək” sərgilərinin də nümayişi diqqətəlayiqdir. Ekspozisiya zalının tən ortasında sanki Xəzərin qumsallığında cücərib qol-budaq atmış Sumqayıtın yaranmasını, inkişafını əks etdirən rəmzi-ağac zalımızın ümumi görünüşü ilə uyğunlaşır.
Mövzu ekspozisiyası böyük və kiçik zallarda tərtib olunan muzeyin əşyaları ayrı-ayrı bölmələr - “Etnoqrafiya və məişət əşyaları”, “Tətbiqi incəsənət məmulatları”, “Nəqqaşlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Arxeoloji əşyalar”, “Fotoşəkillər”, “Sənədlər” və s. üzrə əsas və elmi-köməkçi fondlarda yerləşdirilib. İş planına uyğun fəaliyyət göstərən muzey toplama, elmi-tədqiqat, elmi-maarifləndirici işlər əsasında hər il nəzərdə tutulmuş mövzular üzrə əhəmiyyətli əşyaları toplayır, onların mühafizəsini təlimata uyğun olaraq həyata keçirir. Muzey materialları əsasında ərsəyə gəlmiş “Sumqayıt...danışan tariximizdir”, “Mədəniyyətin tərəqqi ünvanı - Sumqayıt” nəşrləri bu mədəni-maarif ocağının daxili potensialının hansı çərçivəyə sığdığını sübut edə bilib. Kollektiv şəhər sakinləri ilə isti münasibət quraraq öz öhdəliklərini -- ekskursiya normalarını, stasionar, səyyar sərgilərin tərtibatını, yerlərdə mühazirələrin dinlənilməsinin təşkilini, dövri mətbuat, televiziya vasitəsilə fəaliyyətinin işıqlandırılmasının təminatını lazımi səviyyədə yerinə yetirməyə çalışır.
Əlamətdar günləri, tarixləri tədbirlər, sərgilər fonunda tarixə köçürən Sumqayıtın Tarixi Muzeyinin əhdə sadiq ənənələrindən biri də burada yerli qələm sahiblərinin kitablarının təqdimat mərasimlərini təşkil etməsidir. Nəfis tərtibatda işıq üzü görmüş “İlham Əliyev 8 il hakimiyyətdə”, “İlham Əliyev 10 il hakimiyyətdə”, İlqar Eminovun “Şəhidin sözləri”, Vahid Həsənovun “Yanar ürəkli şair” və s. kitabların yüksək səviyyədə təqdimatını qeyd etmək olar. Öz bayramını da xoş əhval-ruhiyyədə qarşılamağı unutmayan muzeyimiz “Muzeylər baharı” aksiyasını “Açıq Qapı” günü kimi qarşılamaqla dünya muzeylərinin qatıldığı ənənədən özünü kənarda saxlamır.
İctimaiyyətin köməyi sayəsində ərsəyə gələn, elmi-kütləvi, maarifləndirici işlərdə fəal iştirakına görə dəfələrlə təltif olunan, mükafatlandırılan Sumqayıtın Tarixi Muzeyi şəhərdə baş verən ictimai-siyasi hadisələri, iqtisadi-sosial, mədəni-maarif sahələrində əldə olunan uğurları tərtib və təsdiq olunmuş ekspozisiyalarında əks etdirməklə bu gün də özünü respublikanın muzey müəssisələri arasında peşəkar elm, mədəniyyət ocağı kimi tanıdır. Bu il Sumqayıt 75 illik tarixindən doğan tədbirləri ilə mədəniyyət tariximizə yeni-yeni səhifələr yazır. Sənaye şəhəri, elm, təhsil, mədəniyyət mərkəzi kimi respublikanın şəhərləri arasında özünəməxsusluğu ilə seçilən Sumqayıt 75 il ərzində əsrləri yola salmış şəhərlər arasında özünəlayiq yer tutub, tarixinə salnamələr yazılıb, şəninə nəğmələr qoşulmaqla keşməkeşli həyat yolu tablolara köçürülərək məhəbbət, gözəllik rəmzinə çevrilib. Şəhərin tarixini addımbaaddım izləyən muzey eksponatları bu əhval-ruhiyyənin danışan cansız şahidləridir.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
BMT Baş Assambleyası 1999- cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib.
BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün hər il noyabrın 25-də hökumətlər, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edir.
Bütün dünyada olduğu kimi ölkəmizdə də Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günündə müxtəlif tədbirlər həyata keçirilir.
Oğuz Rayon Mərkəzi Kitabxanasında keçirilən 25 noyabr Qadın Zorakılığına Qarşı Mübarizə Günü ilə əlaqədar "Qadın gülərsə kainat gülər" başlıqlı konfrans da belə tədbirlərdən oldu.
Tədbirdə Şəki-Zaqatala Regional Gənclər və idman idarəsinin sektor müdürü Şaiq Rüstəmov, baş məsləhətçi Aytən Daşdəmirova, Şəki-Zaqatala Regional Təhsil idarəsi Oğuz rayonu üzrə Təhsil şöbəsinin metodisti Həqiqət Rəsulova, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllimləri və fəal oxucular iştirak edib.
Tədbirdə çıxış edənlər məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasından, qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsi və bu qlobal məsələnin daha çox qurbanı olan qadınların öz potensiallarını göstərmək üçün göstərə biləcəyimiz dəstəkdən danışaraq, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Kollec tələbələrinin hekayələri - “Ulduzlar arasında qalan sevgi"
Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələrinin müsabiqə hekayələrinin dərcini davam edirik. Növbədə Toğrul Məmişzadədir. Hekayəsini “Ulduzlar arasında qalan sevgi" adlandırıbdır.
Mən Tuğra.
Adım bəlkə adi səslənir, amma ürəyimdə fırtınalar qopar. Sevginin verdiyi gücü də, aldığı nəfəsi də eyni anda hiss edən bir adamam. Həyatımdakı ən böyük fırtına isə Ayla ilə başladı. Onun adı belə bir şeir kimi səslənir, sanki səma öz işığını yalnız onun adında toplamışdı. Amma bu hekayədə şeir sonluq deyil, yalnız ağrının başqa bir adı oldu.
Ayla ilə ilk dəfə qızılgül bağına bənzər bir parkda qarşılaşmışdıq. Yazın əvvəlində ağaclar çiçək açırdı, amma o gün bütün gözəlliklərin şahı yalnız Ayla idi. Gözləri dərin mavi dəniz, saçları isə sanki gün batımının son şüaları idi. O anda başa düşdüm ki, bu qız yalnız mənim deyil, bütün aləmin ürəyini oğurlaya bilərdi. Amma mənim ona baxışım yalnız heyranlıq deyildi. Bu, hələ bilmədiyim, amma məni dəyişdirəcək bir sevginin toxumu idi.
Hər dəfə onunla rastlaşanda dünya bir anlıq dayanırdı. Mənim isə sözlərim dilimdən yox, gözlərimdən tökülürdü. Onun hər gülüşü qəlbimdə bir səs qoyurdu – “Sən sevgi üçün yaranmısan, Tuğra.” Amma bu sevgini dilə gətirmək mənim üçün ən böyük çətinlik idi. Çünki aramızda yalnız məsafə yox, iki ailənin, iki dünyanın sərt divarları vardı. Onun ailəsi bizim kimi sadə, adi insanlarla eyni cərgədə olmaqdan qürur duymayan zəngin bir sülalədən idi. Mənim ailəm isə gündəlik çörəyini zəhmətlə qazanan, sadə insanlardan ibarət idi.
Axır ki, bir gün cəsarətimi toplayıb ona hisslərimi demək istədim. Gün batımı vaxtı sahildə görüşdük. Günəşin son şüaları onun üzünə vurmuşdu, mən isə gözümü ondan çəkə bilmirdim. Elə bilirdim ki, indi hər şey dəyişəcək, həyatımız yeni bir yol alacaq. Amma mən danışmağa başlamadan, o sözə başladı.
“Tuğra...” deyib susdu. Səsi titrəyirdi, amma gözləri qərarlı idi. “Bilirəm ki, mənimlə bağlı ürəyində çox şey var. Mən də sənin hisslərini duyuram. Amma bil ki, bu dünya bizə yer ayırmayıb. Ailəm mənim seçimlərimə heç vaxt hörmət etməz. Onların gözündə mənim sevgi üçün yox, soyadı üçün yaşamağım daha önəmlidir. Amma bu, mənim sevgimə kölgə sala bilməz. Bil ki, səni hər şeydən çox sevdim.”
Sözləri məni elə bir qaranlığa qərq etdi ki, o anda dünyanın bütün səsləri batdı. Nəfəsim daraldı, amma heç nə deyə bilmədim. O, geri çevrildi və getdi. Mən isə yalnız arxasınca baxa bildim. Onun addımları dəniz qumu üzərində iz buraxırdı, amma o izlər sanki mənim ürəyimdən keçir, qəlbimi hər addımda əzirdi.
İndi üstündən illər keçsə də, o gün hələ də mənim üçün dünən kimidir. Ayla mənim həyatımdan uzaqlaşdı, amma ruhumdan heç vaxt getmədi. Hər gecə göyə baxıram. Ayı izləyirəm, ulduzları sayıram. Çünki bilirəm ki, o da haradasa səmaya baxır. Qovuşa bilmədik, amma sevgimiz ulduzlar qədər əbədi qaldı.
Dünya bizi ayırdı, amma ruhumuzu qıra bilmədi. Sevgi qəfəsdə məhkum olsa da, ürək hələ də onun azadlığına inanar.
Mən hələ də səni gözləyirəm, Ayla. Bir gün sevginin sərhədsiz olduğu yerdə görüşəcəyimizə inanıram....
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Varsansa, demək hələ tükənməmisən... - AD GÜNÜ TƏBRİKİ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Əsli-kökü Cənubi Azərbaycanın Qaradağ mahalındandır. Ulu babası o vaxt Qarabağa gələrək, orada məskunlaşıb. Şuşada doğulub böyüyən maarifpərvər, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəliağa xan Qadağskinin nəticəsidir.
Atası məşhur diktor, əməkdar artist, səsi ilə ürəklərdə yuva quran Aydın Qaradağlı, anası isə ölkəmizdə peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olan, təmiz, cilalanmış, məlahətli səs sahibi Gültəkin xanım Cabbarlı olub.
Deyir ki:- “Biz cəmiyyətdə kitaba olan həvəsi, elmə olan marağı, intellekti qaldırmasaq, tamaşaçı zövqünü cilalaya bilmərik. Bu gün bütün telekanallar cəmiyyətin zövqünün əsirinə çevrilib. Axı verilişlər cəmiyyətin zövünə uyğun olmalıdır. Bu çox vacib məsələdir. Cəmiyyətin zövqünü formalaşdırmaq ümdə, ən böyük, ali bir məsələ olsa da, çox çətindir. Bildiyiniz kimi, ölkəmizdəki kanalların əksəriyyəti kommersiya kanalıdır.
Mən telekanala rəhbərlik edərkən məşhur “Ford Boyard”ın Azərbaycan versiyasını düz iki il keçirdik. Elə bilirsiniz o, çox reytinqli veriliş oldu? Zövqümüzə uyğun olmayan, baxmaq istəmədiyimiz verilişlərdən belə “Ford Boyard”ın reytinqi iki dəfə yarım aşağı oldu. İki dəfə yarım... Onun dəyəri isə, nə deyim sizə, bəlkə də yüz, yüz əlli dəfə artıq idi. Həmin o zövq məsələsini qabartmaq naminə buna getdik. “Aydın səs” layihəsi oldu. Heç bir kommersiya yükü yox idi, bu verilişin. Nə oldu reytinqi?..”
Haqqında söhbət açdığım Vüqar Qaradağlı 1966-cı ildə Bakıda anadan olub. 1983-cü ildə orta məktəbi, 1990-cı ildə Bakı Dövlət Universitetinin şərqşqnaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. 1985–1987-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə Bakı Dövlət Universitetindən başlayıb. 1990-1991-ci illərdə universitetin baş laborantı, 1991-1992-ci illərdə tədris hissəsinin böyük inspektoru, 1992-1994-cü illərdə ərəb filologiyası kafedrasının müəllimi, 1994-2006-cı illərdə baş müəllimi vəzifələrində çalışıb.
1994-cü ildən 1999-cu ilədək BDU-nun İlahiyyat fakültəsinin ilk dekan müavini işləyib. 2006-cı ilin dekabrından Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının dosentidir. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Tele Radio Kompaniyasının prezidenti olub. 2010-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülüb...
Artıq bir neçə ildir ki, televiziyadan uzaq düşsə də, elmi fəaliyyətlə məşğuldur. Siyasətdən çox uzaqdır. İnadkar, mərd, əqidəli adamdır. Ünsiyyətdə mehriban, şən olsa da, iradə göstərməyi, sözü üzə deməyi bacarır. Yarınmaq, yaltaqlıq etmək, kiminsə qarşısında qürurunu alçaltmaq onun ruhuna yaddır...
Bizdə belə bir məsəl var- “Yıxılana balta vuran çox olar.” Əslində vəzifədən azad olunmaq, uzaqlaşdırılmaq hələ “yıxılmaq”, “son” demək deyil. Çünki ömür davam edir, yaşayırsan. Yaşayırsansa demək, varsan, tükənməmisən...
Bəli, ötən gün - noyabrın 24-ü hamımızın adını ehtiramla çəkdiyimiz, məşhur diktor Aydın Qaradağlının yadigarı- Vüqar bəyin növbəti ad günüydü. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayırıq.
Yeni yaşı mübarək!
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
BİRİ İKİSİNDƏ – Xəyalə Sevilin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Xəyalə Sevilin şeirləri təqdim edilir.
SONRA SƏRİNLƏYİR ÜRƏYİN ODU
Sonra sərinləyir ürəyin odu,
Sonra ruhdan düşür adam hər şeyə.
Gözlərini bağlayırsan hamıya,
Bir də yaşanmasın yaşanan deyə.
Sonra birdən qəribsəyir əllərin,
...Tale yaman yerdə ayırdı bizi.
Heç bilmirsən yerin-yurdun hardadı,
Evin içidimi, ya çölün düzü?
Sonra səsin gəlir gecədən – həzin,
...Keçməyən nə var ki? – bu da keçəndi.
Amma ürəyimin dərin yerində
Bir həsrət var, o keçməyir haçandı.
AYRILAQ DA, SƏNƏ NECƏ XOŞDUSA
Öyrəndim ki, nə ilk, nə son kəs deyil,
Bu dünyada heç nə dözülməz deyil.
Ürəyimi sındırmağın bəs deyil?
Olan-qalan inamın da qaçdısa?..
Mən də səni dağ bilmişdim, eh, çətin,
İlk fürsətdə tükəndi cəsarətin.
Bu bədəni, boy-buxunu nə edim?
Əgər için cılızdısa, boşdusa.
Yarı yolda qırıldı ki ruh bağı,
Uzaq dayan, görünmə heç, ha baxım.
Əl altında saxladım ayrılığı,
Ayrılaq də, sənə necə xoşdusa.
ELƏ QƏRİBƏYDİ DUYĞULAR ONDA
Elə qəribəydi duyğular onda,
Nə heç nə yox idi, nə də var idi.
Məni birdəfəyə məğlub eyləmək
Tək sənə verilmiş ixtiyar idi.
Onda anlamadın, indi anlasan...
İndi anlasan da, nə fərqi var ki?
Nə qədər ki aramızda məsafə,
Anlaşmazlıq, uzaqlıq nə qədər ki...
Barı heç olmasa təsəlli üçün
Bir qırıq xoş söz de, könlünü yumma.
"Hər şey düzələcək, yaxşı olacaq", –
Desən, inanardım, demədin, amma.
İNNƏN BELƏ SƏN DƏ LAZIM DEYİLSƏN
İnnən belə sən də lazım deyilsən,
Qırılmışam, tökülmüşəm, qəmliyəm.
Sən ki mənim alın yazım deyilsən,
Vaxt lazımdı ki, özümü cəmliyəm.
Nəyin var ki? Sözünü tutmağın yox,
Məni yaxşı unutmağın var sənin.
Ürəyimin heç xeyrini görmədim,
Ürəyimdən topladığım bar sənin.
Bu gecə də özün yoxsan, sözün var,
Sən bilməzsən, susub danışmaq olur.
Salamımız, sağolumuz yerində,
Görürsənmi? Küsüb danışmaq olur.
MƏN İNDİ HƏR ŞEYİ UNUDUM GƏRƏK
Mən indi hər şeyi unudum gərək,
Geriyə qayıdım o boyda yolu.
Bu da taleyimin məndən aldığı,
Bu da taleyimin quru "sağ" olu.
Özümdən yüz dəfə üzr istəyim,
Özümü son dəfə bağışlayımmı?
Mən heç həyatımda bu qədər kinli,
Bu qədər amansız olmadım amma.
Mənim yerimdimi bu yer, İlahi?
Hər şeyə, hamıya naşı düşmüşəm.
Ah, mənim əvvəlki ağılsızlığım...
Hər şeyi sonradan başa düşmüşəm.
XƏYALIM XATİRƏNİ DOLANDI, GƏZDİ, KEÇDİ
Xəyalım xatirəni dolandı, gəzdi, keçdi,
Yenə gözü açıq görüldü yuxum.
Sevgimdən aldığın o həzz də keçdi,
Mənim hamıdan çox peşman olduğum.
Heç nə danışmıram sənin haqqında,
Amma susmağım da yaxşı hal deyil.
Saat geridədi, vaxt geridədi,
Bu da ömür deyil, eh, yığval deyil.
İçim üzümdədi, əlim dizimdə,
Hələ üstü açıq qalıbdı yaram.
Zamanla bitəcək, amma hələ ki
Ən pis hisslər ilə xatırlayıram.
GƏRƏK DARIXMAYAYDIM
Yaşadığım nə varsa,
Davam edən keçmişdi –
Təzəsi yox günlərin.
Elə bir yerdəyəm ki,
Nə dayazam, nə dərin.
Susub içimi çəkdim –
Ağırdı içimin yükü,
Tale məni nə saydı?
Mənim də səhvim az deyil,
Gərək darıxmayaydım.
Doğmayam, yadam özümə?
Bu ruh bədənin nəyidi?
Məni anlamadılar!
Hamıdan uzaq gəzmək də
Sevilmək istəyidi.
SƏNİ ÇOX XATIRLADIRDI
Səni çox xatırladırdı,
Yatıb öldürdüm gecəni.
Dağıtdım fikrimin səliqəsini
Ki, düşünməyim heç səni.
Nə yeridi,
Nə vaxtıdı həsrətin.
İndi səni düşünməyə
Bəs axı nə gərək var?
Fikirli gəzirəm,
Qəmgin gəzirəm
Görən deyir,
Bu işdə bir ürək var.
Ümid bitir,
Təsəllilər başlayır:
Qoy getsin gedənlər,
Nə olacaq ki?
Özümə də yer qalsın
Ömrümün sıxlığında.
Mən varam,
Həmişə öz yanımdayam
Hamının yoxluğunda...
TUT ƏLİNDƏN ÜRƏYİNİN
Tut əlindən ürəyinin,
Gözündən uzağa qoyma.
Bir az təkliyə düşsə,
Yadına düşəsiyəm.
Xatirəm əziz qonağın,
Keçib yuxarı başa
Nələr danışacaq sənə.
Gör necə?
Tanış gələcək
Bu od sənə, ocaq sənə?
Tut əlindən ürəyinin,
Gözündən uzağa qoyma.
Bilirəm unutmamısan.
Demişdin ki, unudacam,
Amma...
Hansı sözünü tutdun ki,
Heç bunu da tutmamısan.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Naməlumluq dalğalarıında qərq olan düşüncələr - ESSE
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Yenə düşüncələri dəniz kimi dalğalanır, fikirləri eyni ilə ləpələr kimi qeyzlənir, coşur, lal qayalara şığıyır və bu sərt qayalarda haçalanıb pərən-pərən olaraq ətrafa dağılırdı. O artıq yığıb-yığışdıra, araya-ərsəyə gətirə bilmədiyi bu dağınıq düşüncələrinin əlindən yorulub sərsəfil olmuşdu. Bəzən əks düşüncələrinin, bəzən ağlıyla qəlbinin mübarizəsi arasında qalmaqdan üzülüb tamam əldən düşmüşdü.
Fikirlər Napoleonun ordusu kimi silahlanıb onun üstünə gəlirdi. Kaş kitelefonlar kimi insan beynini də sıfırlaya bilsəydi, lakin nə mümkün. Qaçıb yaxasını qurtarmaq istədiyi düşüncələr vicdanın əli kimi boğazına dolanıb onu boğur, bir an belə olsun rahatlıq vermirdi. Usanmışlıq duyğusuyla təfəkkür içində təfəkkür edirdi. Gələcək təlaşından, keçmiş iztirabından bu günümüzü yaşaya bilməyəcək hala gəlmişik. Axı niyə? Axı niyə keçmişin kölgəsi daim başımızın üzərini kəsdirir, axı niyə gələcək bir uçurumu xatırladır? Axı keçmişin gölgəsində daha nə qədər yaşayacağıq, axı işığa hələ nə qədər qaranlıq zirzəmilərin əlboyda pəncərələrindən baxacağıq? Keçmişin kölgəsindən qaçmağın, gələcəyi unutmağın bir yolu olmalıdır ya yox?
Axı niyə xoşbəxtlik sanki kəpənək qanadına qonub bizdən qaçır, toxunanda məhv olur? Axı niyə sanki Sizif əməyinə məhkum olmuşuq? Şəhriyar demişkən "Axı niyə səmərsizdi sənalarımız, niyə qəbul olmur dualarımız?"
Biz çox istəyərkən azdanmı olmuşuq görəsən? Ya bəlkə heç nə istədiyimizi hələ də öyrənə bilməmişik?
Beyninə dinclik verməyən bu suallar dağa-daşa çırpılıb əks-səda verən səs kimi elə hey təkrarlanıb cavabsız qalırdı. Bir dalğa kimi şığıyıb beyninin sahillərinə çırpılaraq növbəti cəhd üçün geri qayıdırdı. O, isə laqeyd baxışlarıyla izlədiyi üfüqdə sanki bu gün kiçik dalğalar halında üstünə şığıyan sualların bir gün sunami olub onu boğacağı, hətta bəlkə də bütün varlığını yuyub aparacağı günün qaçınılmazlığını görürdü.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)