İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Bu günlərdə Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Namiq Əliyevlə həmsöhbət olduq. Rəhbərlik etdiyi mədəniyyət ocağı barədə bizə müfəssəl məlumat verməsini xahiş etdik. Namiq müəllimin dedikləri:
-Böyük mütəfəkkir A. Bakıxanov söyləmişdir: “Keçmişi bilmədən yaşamaq, yol tanımadan, məqsəd anlamadan səhrada dolaşıb azmağa bənzər”.
Maddi və mənəvi dəyərlər fonunda tarix yaşadan muzeylərin yaş etibarı ilə ən qədimi eradan əvvəl XVII-XVI əsrlərdə yaradılmış Misirin “Arseneum” muzeyidir. Azərbaycanda bu tarixin səhifələrini vərəqləsək, 1896-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kənd (hal-hazırda qəsəbə) məktəbində yaradılmış tarix-diyarşünaslıq muzeyinin təşəbbüskarı, təəssübkeşi, böyük ədibimiz Cəlil Məmmədquluzadənin adına rast gələcəyik. “Azərbaycan” qəzeti 23 sentyabr 1919-cu il tarixli sayında yazırdı: “...Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da Vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını “Milli muzey” qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə “İstiqlal muzesi” olmasını əhəmiyyətli görürüz.” Söhbət ilk dövlət muzeyi olan Azərbaycan İstiqlal Muzeyindən gedir ki, yaranma tarixi məqalədən bəlli oldu.
Azərbaycanda mövcud olan muzeylər sırasında tarixi 1967-ci ilin noyabrın 2-dən hesablı Sumqayıtın Tarixi Muzeyi peşəkar muzey müəssisəsi kimi tanınır. Azərbaycan SSR Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli, 130 №-li qərarı ilə yaradılmış muzey 1113 sayda eksponatla qapılarını ziyarətçilərin üzünə açmışdır. Muzey ekspozisiyası ilə tanışlıq sanki Xalq şairi Nəbi Xəzrinin bir vaxtlar “Sumqayıt səhifələri”-nə şəhərimizin dilindən yazdığı “Bir əsrin özünü görmək istəyən, gəlib bircə dəfə qoy mənə baxsın” misrasına köklənmişdi... Burada nümayiş olunan eksponatların sayəsində Sumqayıt şəhəri göz önündə doğulur, böyüyür, inkişaf edirdi: inşaat, quruculuq işlərinin aparıldığı boş ərazi, burada özülü qoyulan ilk müəssisələr və qurub-yaratmaq eşqi ilə yaşayan onlarla, yüzlərlə insan...
Tarixi eksponatların dili ilə ictimaiyyətə xatırladan, xatırladaraq yaşadan Sumqayıtın Tarixi Muzeyi 1972-ci ildə elmi-kütləvi, maarifləndirici işlərdə fəal iştirakına görə diplom, medal və pul mükafatı ilə ilk qiymətini SSRİ Mədəniyyət Nazirliyi tərəfindən almışdır. 1974-cü ildə şəhərin 25 illik yubileyi ilə əlaqədar Sumqayıt Şəhər Mədəniyyət Şöbəsi, 1978-ci ildə isə Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Könüllü Mühafizə Cəmiyyəti tərəfindən səmərəli fəaliyyətinə görə Fəxri fərmanlarla təltif edilmişdir. Kollektivin gərgin əməyindən xəbər verən müxtəlif sərgilərin tərtibatı, şəhər əhəmiyyətli muzeydaxili, muzeydənkənar tədbirlərin təşkilinin nəticəsi kimi 1985-1986-cı illərdə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən diplomlara layiq görülməsini də xatırlatmaq olar.
Sumqayıtın Tarixi Muzeyi artıq 57 ildir ki, gənc nəslin maarifləndirilməsi naminə yorulmadan çalışır. Hal-hazırda burada 15 000-dən artıq muzey əşyası gələcək nəsillər üçün qorunur. Keçmişi bu günümüzə yaxın edən muzeyimizin ilk ünvanı 5-ci mkr-n, Səməd Vurğun küçəsi, 16/132 saylı yaşayış binasının I mərtəbəsində idi. Öz işinə məsuliyyətlə yanaşan kollektivin gərgin əməyi sayəsində muzey fondunda qorunan eksponatların sayı aybaay, ilbəil artmış, nəticədə muzeyin nisbətən daha böyük sahəni əhatə edəcək yeni bir ünvanda məskən salması labüd sayılmışdır. 1988-ci ildən köç etdiyi, 4-cü mkr-n, Heydər Əliyev prospektində yerləşən ikimərtəbəli binada fəaliyyətini davam etdirən mədəniyyət ocağının təmsil olunduğu məkan əvvəlki ünvandan yeddi dəfə artıq hesablanmaqla 2680 kv.m. sahəni əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 6 mart 2007-ci il, “Azərbaycan regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planının təsdiq edilməsi haqqında” 22 may 2009-cu il tarixli sərəncamlara müvafiq olaraq əsaslı təmir olunmaqla yenidən qurulan muzey 2010-cu ildən yeni simada, daha müasir görkəmdə şəhər sakinlərini, qonaqları qəbul edir. Muzeyin birinci mərtəbəsindəki ekspozisiya zalında “Səhra da ucsuz-bucaqsız, küləklər də şiddətli, günəş də amansız idi, lap tale kimi. Sahil boyu qumsallıqda iz qoya-qoya karvan gedirdi...” kəlmələri ilə xüsusi qurğunun köməyi sayəsində səslənən əfsanə burada nəfis tərtibatda hazırlanmış XVI-XVII əsrlər Sumqayıtını əks etdirən maketin bir növ izahını verir. Əfsanəni gerçəkliklə uzlaşdıran bələdçi qumsal Sumqayıt ərazisinin eradan əvvəl II əsrdən etibarən, Çinin Sian şəhərindən başlayaraq Şərq ölkələrindən keçən Böyük İpək Yolunun bir zamanlar keçid nöqtələrindən biri olduğunu vurğulayır, maketə yaxın xüsusi vitrinlərdə yerləşdirilmiş etnoqrafik məişət əşyaları arasında XII əsr nişanəli şirlənmiş şərab dolçasını bu ərazidən keçmiş tacirlərdən birinə məxsus olduğunu deyilənlərə sübut kimi ziyarətçilərə təqdim edir. İkinci mərtəbənin ekspozisiya zalında diqqəti-nəzəri cəlb edən muzey əşyalarının dili ilə Sumqayıtçayın adını daşıyan şəhərlə bağlı məlumat davam etdirilir. Sovet Azərbaycanının səhralıqda salınmış sosialist şəhəri kimya, metallurgiya mərkəzi, elm, təhsil, səhiyyə, mədəniyyət ocağı, dostluq ünvanı olaraq göz önündə doğulur, böyüyür, inkişaf edir, sarsılmaz Azərbaycanın ayrılmaz bir hissəsi kimi müstəqillik yollarında inamla addımlayır.
Ziyarətçilərimizi tərtib və təsdiq olunmuş mövzu ekspozisiyasında, müxtəlif mövzuları özündə ehtiva edən sərgilərdə muzey fondunun zənginliyinə arxalanaraq ayrı-ayrı şöbələr üzrə yerləşdirilmiş eksponatlarla tanışlıq gözləyir.
“Arxeologiya” şöbəsi ilə tanışlıq bizi orta əsrlərə aparır. Məlumdur ki, arxeologiya elmi maddi mənbələr-qədim insan məskənləri, əmək alətləri, qəbirlər, qaya təsvirləri, silahlar və s. əsasında bəşəriyyətin tarixi keçmişini öyrənir. Bu bölmə üzrə toplanmış saxsı qab fraqmentlərinin bir qisminin nümayişi qədim İpək Yolunun bir qolu - Sumqayıtın ərazisi haqqında məlumatımızı dəqiqləşdirir. Bu ərazidə yeganə su mənbəyi olmuş Sumqayıtçayın hər iki sahilində salınmış karvansaraların 1938-1939-cu illərdə akademiklər-N.Mel, E.Paxomov tərəfindən tədqiqatı zamanı aşkar olunmuş saxsı qab fraqmentləri, həmin karvansaraların divarlarından qopmuş suvaq parçaları tikanlıq, kol-kos basmış bu ərazidə həqiqətən də müvəqqəti yaşayışın mövcud olduğunu bizə sübut edir.
Hələ XVI əsrdə ingilis səyyahı Xristofor Berrou Sumqayıtçay və çayın üzərində salınmış taxta körpü haqqında məlumat vermişdir. Həmin körpüdən qalığın burada nümayişi verdiyimiz məlumata aydınlıq gətirir.
“Paleontologiya” şöbəsi üzrə təqdim etdiyimiz “daş üzərində balıq izləri”, “daşlaşmış ağac” nümunələri Sumqayıtın ərazisi, tarixi keçmişi haqqında müəyyən mülahizələr yürütmək imkanı yaradır. Qeyd edim ki, Paleontologiya qazıntı halında tapılan, daşa dönmüş bitki və heyvanat aləmindən bəhs edən elmdir.
1960-cı illərin sonlarına doğru muzeyimizin nəzdində fəaliyyət göstərmiş “Tarix-diyarşünaslıq” dərnəyi üzvlərinin muzey fonduna təhvil verdikləri “daş üzərində balıq izləri” nümunələri Bakı-Rostov-Moskva dəmiryol xəttinin yaxınlığındakı ərazidən aşkara çıxarılmışdır. Bununla da bu ərazinin əvvəllər Xəzər suları altında qalması və tədricən suyun geri çəkilməsi haqqındakı fikirlər öz təsdiqini tapmış olur. “Paleontologiya” şöbəsi üzrə nümayiş olunan “daşlaşmış ağac” nümunələri də maraq doğurmaya bilmir. Mehdi Hüseynzadə adına şəhər stadionunun ərazisindən tapılmış bu nümunələr təbiətin tarixini əks etdirərək bizdə müəyyən fikirlərin yaranmasına səbəb olur.
“Etnoqrafiya və məişət əşyaları” şöbəsində yer almış bəzək əşyaları, miniatür xurcun, tənbəki kisəsi və s. yerli sakinlər tərəfindən muzeyimizə hədiyyə olaraq verilmişdir. Məişətimizin zənginliyindən xəbər verən bəzək əşyaları-şüşə qolbaqlar, gümüş kəmər fraqmentləri, düymələr, muncuqlar orta əsr sənətkarlığının parlaq nümunələridir. Tarixdən məlumdur ki, tikmələr hazırlanarkən onların qızılı saplarla bəzədilməsi əl işlərinə xüsusi gözəllik verirdi. Nümayiş etdirdiyimiz ipək parçadan tikilmiş tənbəki kisəsinin üzərindəki müxtəlif formalı yarpaq təsvirləri, ona bənd edilmiş parlaq muncuqlar əl işinə xüsusi diqqət yetirildiyindən xəbər verir. Cib saatlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş məişət əşyası “sırıma” tikmə növü ilə bəzədilmişdir. Qeyd edim ki, rəngbərəng kətan saplarla toxunmuş cecimlər də məişətimizdə geniş istifadə olunurdu. Nümayiş olunan cecim parçası onunhaqqında bir neçə kəlmə məlumat vermək imkanı qazandırır. Cecimlərdən pərdə, örtük, yorğan-döşək üzlüyü kimi, hətta xalça - palaz, kilim əvəzi evin döşənməsi üçün də istifadə olunmuşdur.
Azərbaycanda sənətkarlığın ağacişləmə və metalişləmə növləri də geniş yayılmışdır ki, nümayiş etdirdiyimiz qəlyanlar bu sənətin bariz nümunələridir.
Mövzu ekspozisiyasında nümayiş olunan fotoşəkillər arasında “Corat kəndlilərinin bağ tikililəri” fotoşəkli şəhərimizin Corat kənd camaatının min-bir əziyyətlə becərdikləri bağ-bostan, əkin-biçin sahələrinin yerində salınması ilə bağlı mənbələrin verdiyi xəbəri bir daha təsdiqləyir. Coratda tarixi abidə kimi mühafizə olunan Cümə (X əsr), Gülxatın (XVIII əsr) məscidləri əhalinin dindarlığından xəbər verir. Bu xüsusda Corat kənd əhlinin yaşam tərzini əks etdirən otaq-maketdə yer almış etnoqrafik - məişət əşyaları arasında nümayiş olunan canamazı, möhürü, dəstəmaz almaq üçün aftafa - ləyəni nişan vermək yerinə düşür.
1930-cu illərdən etibarən, Corat, Saray, Pirəkəşkül kəndlərinin əhatəsində yarımsəhra, düzənlik kimi səciyyələndirilən Sumqayıt ərazisinin öyrənilməsi üçün ilk ekspedisiyalar təşkil olunur. Mövzu ekspozisiyasında nümayiş olunan “Sumqayıtın planlaşdırılmasının baş layihəsinə dair izahedici qeydlər” kitabçasından da məlum olur ki, əsas məqsəd Azərbaycanda, eləcə də İttifaq miqyasında kimya, metallurgiya sənayesini inkişaf etdirmək idi. 1939-cu ildən etibarən, yeni işlənmiş plan əsasında Sumqayıtın sənaye müəssisələrinin tikintisi başlandı... İlk quruculardan Aslan Osmanovun, Məzahir Abdullayevin, İdris Dadaşovun, Gülbahar Vəliyevanın şəxsi arxivlərindən seçmələri ziyarətçilərimizə təqdim edirik.
Sumqayıtın ilk müəssisəsi - İES-in I generatoru 1941-ci il fevral ayının 13-də işə düşmüşdü. Qabaqcıllardan Əli Mustafayevin, Yusif Rzaquliyevin, Məşədi Əliyevin adlarını nümayiş etdirdiyimiz şəxsi arxivlərdən nümunələrin hesabına hallandırırıq. Ekspozisiyada yer alan İES--in 1943 - cü il hesabatından məlum olur ki, stansiya müharibə illərində potensialına görə fərqlənmişdir. Bu fərqliliyi nümayiş etdirdiyimiz sənəddən - SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalinin imzası ilə (kollektivin hərbi texnika almaq məqsədilə topladığı 150 000 rubl üçün) təşəkkür teleqramından da aydın sezmək olur. Maraqlı bir faktı qeyd edim. Dünyaya sahib olmaq arzusu ilə yaşamış Adolf Hitler özünün məşhur “Barbarossa” planına Bakı müəssisələri ilə yanaşı, Sumqayıtın Sintetik Kauçuk zavodunun da ələ keçirilməsini daxil etmişdi. Səbəb dünyada ilk dəfə olaraq burada sintetik kauçuk alınmasının planlaşdırılması idi. Rezin məmulatların hazırlanması üçün sintetik kauçuk vacib xammal sayılırdı. Adolf Hitler hətta uzaqgörənlik nümayiş etdirərək Xayo Eylers adlı bir şəxsi müəssisəyə rəhbər vəzifəyə də təyin etmişdi. İttifaq miqyasında ilk dəfə olaraq sintetik etil spirtinin bu müəssisədə alınması ilə Sumqayıt daha bir ilkə imza atmışdı... Keçmiş İttifaqın baş katibi Nikita Xruşşov 1960-cı ildə Sumqayıta rəsmi səfəri zamanı Sintetik Kauçuk zavodunda olmuş, sexləri gəzərək iş prosesi ilə yaxından tanış olmuşdu. Ekspozisiyada ziyarətçilərimizə təqdim olunan fotoalbom vasitəsi ilə səfər haqqında dəqiq məlumat almaq mümkündür.
Sənaye mərkəzi kimi doğulan Sumqayıt illər ötdükcə həm də mədəniyyət özəyi kimi tanınmağa başladı. Hələ 1946-1947-ci illərdə Sumqayıtın tikintisində iştirak etmiş alman əsirləri İES-in saldığı qəsəbədə yerləşən klubda (taxta barakın bir hissəsi o illərdə klub müəssisəsi kimi istifadə olunurdu) hazırladıqları səhnəciklərlə çıxışedirdilər. Taxta baraklarda həmin səhnəciklərə tamaşa edən, filmləri izləyən inşaatçılar üçün ilk mədəniyyət müəssisəsi - Energetik 1949-cu ildə inşa olunmuşdur. Asudə vaxtın səmərəliliyinin təminatçısı ikinci məkan Cəlil Məmmədquluzadə adına ilk kütləvi kitabxana oldu. 1954-cü ildən isə şəhərimizin ilk musiqi beşiyi-1№-li musiqi məktəbi öz ətrafına yüzlərlə uşaq və yeniyetməni topladı. İllər bir-birini əvəzlədikcə klubların, mədəniyyət evlərinin, kitabxanaların, kinoteatrların sayı da çoxaldı. Sumqayıtın fəxri vətəndaşı Nəbi Xəzri hələ 1960-cı illərdə qələmə aldığı “Sumqayıt səhifələri” - nə bu misranı da yazmışdı: “Bir əsrin özünü görməkistəyən, gəlib bircə dəfə qoy mənə baxsın.” Sadalanan faktlar mövzu ekspozisiyasında yer almış tarixi sənədlər, fotoşəkillər hesabına ziyarətçilərimizdə maraq doğurmaya bilmir.
Sovetlər dönəmində olduğu kimi, müstəqillik dövründə də Azərbaycanın ikinci nəfəsi, dostluğun ünvanı olan Sumqayıt şəhəri qonaqlarını tarixini yaşadan muzeydə qarşılayır. Bu ünvanı ilk tanıyan Gürcüstanın Rustavi, Rumıniyanın Piteşti, Ukraynanın Çerkassı, Almaniyanın Lüdviqshafen şəhərləri oldu. Sumqayıt ad günlərində ilk təbrikləri onlardan eşidər, ilk hədiyyələri onlardan qəbul edərdi. Hal-hazırda Sumqayıtın dostları daha çoxdur. Çinin Çyu Cou, Sian, İtaliyanın Bari, Genuya, Türkiyənin Ceyhan, Samsun, Avstriyanın Linz, Belorusun Mogilyov, Qazaxıstanın Aktau, Rusiyanın Novosibirsk, Nevinnomıssk, Estoniyanın Paldiski şəhərləri Sumqayıta dost kimi üz tuturlar. Muzeyin Türkiyənin Samsun şəhəri ilə dostluq tellərinin bağlanmasına ev sahibi kimi şahidlik etməsi təqdirəlayiqdir. Adları sadalanan şəhərlərin dost hədiyyələri muzey ziyarətçilərinin maraqla baxdıqları, tanış olduqları eksponatlardandır.
Sücaət və qəhrəmanlıq dastanı - Dağlıq Qarabağ savaşı və sumqayıtlılar... Muzeyin “Vətən uğrunda ölüm - həyatın davamıdır” devizli kiçik ekspozisiya zalında nümayiş olunan eksponatlar sumqayıtlı oğul və qızlarımızın keçdiyi şərəfli yolu işıqlandırır. Bir faktı da qeyd edim. Sumqayıtın Tarixi Muzeyi respublikada ilk dəfə olaraq daimi fəaliyyət göstərən “Şəhidlər qalereyası”na öz qoynunda yer verib. Şəhərimizin tarixini yaşadan muzeyimiz Azərbaycanın 32 illik heç vaxt qaysaq tutmamış Qarabağ yarasının yaddaşlardan silinməməsi üçün sumqayıtlı şəhidlərin şəxsi arxivlərini toplayır, onların ziyarətçilərə təqdim olunmasını təmin etməklə tarixi unutqanlığımıza sipər olmaq istəyir.
Ekspozisiyamızda 38 sayda I Qarabağ, 53 sayda II Qarabağ müharibələri şəhidlərinin şəxsi arxivləri nümayiş olunur. Burada “Şəhidlər xiyabanı” nın ilk “sakin” i Rəhman Qəhrəmanovdan tutmuş “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş Mətləb Quliyevin, Bəhruz Mansurovun, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adını almış Sübhan Cəbrayılovun, Camal İsmayılovun və başqalarının şəxsi arxivlərindən seçmələrə geniş yer verilmişdir. Mövzu ilə səsləşən “Ulduz axını” abidəsi azəri yurdunun bir parçası Sumqayıtın mətinliyini bir növ sübut etmiş olur.
Ümumiyyətlə, Sumqayıtın “kiçik Azərbaycan” adlandırılması kimsəyə sirr deyil. Şəhərin tarixi ilə yanaşı, Azərbaycanın uzaq-yaxın keçmişini, mədəniyyətini əks etdirən muzey vaxtı ilə məlum səbəblərdən Qərbi Azərbaycanın Qafan rayonu Müsəlləm kənd tarix-diyarşünaslıq muzeyindən “qaçqın” düşmüş, Cəbrayıl, Qubadlı, Zəngilan ellərinin, Zəngəzur-Göyçə mahalının yadigarı etnoqrafiya və məişət əşyalarını illər öncə “Bir elin harayı”, erməni vəhşiliklərini rənglərin şahidliyi ilə ağ kətana “gömən” sumqayıtlı rəssamların -- Maqsud Cəfərovun, Nizami Dadaşovun fərdi sərgilərini “Azadlığa doğru” sərlövhələri altında ilk olaraq şəhər ictimaiyyətinə təqdim etmiş, İntiqam Ağayevin rəssam təxəyyülündən doğan fikirlər fonunda yağlı boya ilə işlədiyi əsərləri mövzunun davamı kimi illər sonra ziyarətçilərin ixtiyarına vermişdir.
Ümummilli lider Heydər Əliyevin Sumqayıt səfərlərinə həsr olunmuş ekspozisiya zalı ilə tanışlıqda Azərbaycana həsr olunmuş bir ömrün Sumqayıt səhifələrini vərəqləməli oluruq. Bu səfərlər ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar toplusu səbəbkarın təbirincə desək: “Sumqayıt bütün Azərbaycanın özəl təcəssümüdür” fikrinə aydınlıq gətirir. 34 illik hakimiyyəti dövründə şəhərimizin sosial - iqtisadi, mədəni həyatının inkişafında Ulu Öndərin müstəsna rolu danılmazdır. Bu inkişafı Sumqayıtın Tarixi Muzeyinin ekspozisiya zalında “Heydər Əliyev və Sumqayıt” mövzusu ilə tanışlıqda aydın görmək mümkündür. Qeyd edim ki, mövzu ilə bağlı ekspozisiya zalı (ilk illər sərgi) 1993-cü ildən etibarən, fəaliyyət göstərir. Muzey fondunda Heydər Əliyevin Sumqayıt səfərlərini əks etdirən sənədlər, qəzet nüsxələri ilə yanaşı, bu səfərlərdən çəkilmiş 150-ə yaxın fotoşəkillərin əsli qorunur.
Mövzunun davamı olaraq “İlham Əliyev və yeniləşən Sumqayıt”, eləcə də, “Sumqayıt şəhər rəhbərləri. 1949 - cu ildən bugünədək” sərgilərinin də nümayişi diqqətəlayiqdir. Ekspozisiya zalının tən ortasında sanki Xəzərin qumsallığında cücərib qol-budaq atmış Sumqayıtın yaranmasını, inkişafını əks etdirən rəmzi-ağac zalımızın ümumi görünüşü ilə uyğunlaşır.
Mövzu ekspozisiyası böyük və kiçik zallarda tərtib olunan muzeyin əşyaları ayrı-ayrı bölmələr - “Etnoqrafiya və məişət əşyaları”, “Tətbiqi incəsənət məmulatları”, “Nəqqaşlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Arxeoloji əşyalar”, “Fotoşəkillər”, “Sənədlər” və s. üzrə əsas və elmi-köməkçi fondlarda yerləşdirilib. İş planına uyğun fəaliyyət göstərən muzey toplama, elmi-tədqiqat, elmi-maarifləndirici işlər əsasında hər il nəzərdə tutulmuş mövzular üzrə əhəmiyyətli əşyaları toplayır, onların mühafizəsini təlimata uyğun olaraq həyata keçirir. Muzey materialları əsasında ərsəyə gəlmiş “Sumqayıt...danışan tariximizdir”, “Mədəniyyətin tərəqqi ünvanı - Sumqayıt” nəşrləri bu mədəni-maarif ocağının daxili potensialının hansı çərçivəyə sığdığını sübut edə bilib. Kollektiv şəhər sakinləri ilə isti münasibət quraraq öz öhdəliklərini -- ekskursiya normalarını, stasionar, səyyar sərgilərin tərtibatını, yerlərdə mühazirələrin dinlənilməsinin təşkilini, dövri mətbuat, televiziya vasitəsilə fəaliyyətinin işıqlandırılmasının təminatını lazımi səviyyədə yerinə yetirməyə çalışır.
Əlamətdar günləri, tarixləri tədbirlər, sərgilər fonunda tarixə köçürən Sumqayıtın Tarixi Muzeyinin əhdə sadiq ənənələrindən biri də burada yerli qələm sahiblərinin kitablarının təqdimat mərasimlərini təşkil etməsidir. Nəfis tərtibatda işıq üzü görmüş “İlham Əliyev 8 il hakimiyyətdə”, “İlham Əliyev 10 il hakimiyyətdə”, İlqar Eminovun “Şəhidin sözləri”, Vahid Həsənovun “Yanar ürəkli şair” və s. kitabların yüksək səviyyədə təqdimatını qeyd etmək olar. Öz bayramını da xoş əhval-ruhiyyədə qarşılamağı unutmayan muzeyimiz “Muzeylər baharı” aksiyasını “Açıq Qapı” günü kimi qarşılamaqla dünya muzeylərinin qatıldığı ənənədən özünü kənarda saxlamır.
İctimaiyyətin köməyi sayəsində ərsəyə gələn, elmi-kütləvi, maarifləndirici işlərdə fəal iştirakına görə dəfələrlə təltif olunan, mükafatlandırılan Sumqayıtın Tarixi Muzeyi şəhərdə baş verən ictimai-siyasi hadisələri, iqtisadi-sosial, mədəni-maarif sahələrində əldə olunan uğurları tərtib və təsdiq olunmuş ekspozisiyalarında əks etdirməklə bu gün də özünü respublikanın muzey müəssisələri arasında peşəkar elm, mədəniyyət ocağı kimi tanıdır. Bu il Sumqayıt 75 illik tarixindən doğan tədbirləri ilə mədəniyyət tariximizə yeni-yeni səhifələr yazır. Sənaye şəhəri, elm, təhsil, mədəniyyət mərkəzi kimi respublikanın şəhərləri arasında özünəməxsusluğu ilə seçilən Sumqayıt 75 il ərzində əsrləri yola salmış şəhərlər arasında özünəlayiq yer tutub, tarixinə salnamələr yazılıb, şəninə nəğmələr qoşulmaqla keşməkeşli həyat yolu tablolara köçürülərək məhəbbət, gözəllik rəmzinə çevrilib. Şəhərin tarixini addımbaaddım izləyən muzey eksponatları bu əhval-ruhiyyənin danışan cansız şahidləridir.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)