Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Yunus Oğuz, “Cığır”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
YUNUS OĞUZ
CIĞIR
(tarixi romandan bir parça)
Müharibə isə davam edirdi.
...Neçə gündür gözünə yuxu getmirdi. Ermənilər elə bil Murovdağda onların koordinatlarını əzbər bilir, başlarını qaldıran kimi atəşə tutur, mərmilər atırdılar. Murov zirvəsində onların tutduğu mövqe çox vacib idi. Buradan Kəlbəcərə yol açılırdı. İndi bu yüksəklikdə ilişib qalmışdılar. Buludlar yol göstərənləri, daş-qayalar səngərləri olmuşdu. Başqa yerlərdən, hətta uzaqdakı qaya arxasından da hücuma keçmək istəyəndə də üstlərinə mərmilər yağırdı.
Ara bir qədər sakitləşəndə, o, qayanın dibində oturdu. Buranı nə külək tuturdu, nə güllə. Elə o dəqiqə də göz qapaqları örtüldü. Hardasa general Polad Həşimovun qəbri göründü. General həmişəki kimi gülümsəyirdi. Onun məzarının yanında üstü qara mərmərdən hörülmüş bir qəbir də vardı, amma üstündə şəhid olanın nə adı vardı, nə də şəkli. Öz-özünə sual verdi: “Bu kimin qəbridir?” Cavab tapa bilmir, gözlərini də ünvansız mərmərdən çəkə bilmirdi. Bu zaman Poladın şəkli danışmağa başladı:
-Bu qəbrin sahibinin kimliyini bilmək istəyirsən? - Onu təəccüb bürüdü. Şəkil dil açıb danışa bilərmi, bu olası iş deyil? - Əsgər, hələ tezdir.
İstər-istəməz dodaqlarının arasından sual çıxdı:
-Nə hələ tezdir, generalım?
General yenə gülərüzlə cavab verdi:
-Bu qəbrin sahibinin kim olduğunu bilmək tezdir.
-Niyə?
-Onu özün lap yaxında biləcəksən. Bilirəm Vətən müharibəsi başlayıb. Qarabağ işğaldan azad edilir. Torpaq uğrunda şəhid olanlardan birinin yeri ola bilər, bu qəbir. Ayaqyalın qaçqın düşən körpələr, bu gün Qarabağa tank üstündə, əsgər çəkmələrilə qayıdır...
Cəbrayıl güllə səsinə gözlərini açdı, ancaq generalın gülümsər sifəti gəlib durmuşdu qarşısında, çəkilib getmirdi. “Bu nə sirri-xudadır?”-öz-özünə sual verdi.
O da qaçqın idi, əslən Zəngilandan idilər, ancaq özü Sumqayıtın Corat qəsəbəsində doğulmuşdu.
Birdən elə bil beynində şimşək çaxdı.
- “Dur, dayan! -Ürəyində danışmağa başladı. - General necə dedi? Torpaq uğrunda şəhid olanlardan birinin yeri ola bilər, bu qəbir. Dayan, dayan! O qəbir niyə mənim olmasın, niyə mən şəhid olmayım?”
Ürəyinə elə bil təpər gəldi. Qərarını qəti vermək istəyəndə anasının haradansa səsini eşitdi:
-Cəbrayıl, oğlum!!!
O, istəyini qətiləşdirmişdi. İstəmədən ağzından çıxdı:
-Vətənə canım fəda olsun, məndən nigaran qalmayın!
Xüsusi təyinatlıların yüngül silahları karına gələ bilərdi. Süngü, kiçik avtomat, tapança, əl qumbaraları qəfil hücum üçün ən yaxşı vasitələr idi.
O, dostu Amili əl işarəsilə yanına çağırdı. Amil çox çətinliklə onun yanına gələ bildi. Qaya təbii səngər olduğundan Cəbrayıl uzaqdakı keçidi göstərib dedi:
-Amil, o keçidi görürsən?
Əsgər əlini qaşlarının üstünə aparıb cavab verdi:
-Hə, görürəm, nə olsun?
Cəbrayıl söhbəti uzaqdan başladı.
-Bax, qardaşım! Burada yüz əlli əsgərimiz şəhid olub. Daha heç kimin ölməsini istəmirəm. Mən o dar keçiddən düşmənin arxasına keçəcəm. Onların atəş nöqtəsini susdurmaq lazımdır və mən bunu edəcəm.
Amil:
-Bəlkə bölməni də götürəsən, - deyə soruşdu.
O, qəti etiraz etdi:
-Yox, olmaz! Əgər ermənilər buradan kiminsə atəş açmadığını görsələr, şübhələnəcəklər. Odur ki, siz burada qalın. Bir saatdan sonra atəş səsləri eşitməsəniz, bilin axırlarına çıxmışam. Hə, di gəl vidalaşaq.
Onlar qucaqlaşdılar, ancaq heç birinin ağlına gəlmirdi ki, bu, vida görüşüdür; bu, son qucaqlaşmadır. Onu sonuncu qucaqlayan isə cənazəsinə bürünəcək üç rəngli bayraq olacaq.
O, çığırla dar keçidə doğru irəlilədi. Bir saatdan sonra düşmənin atəş nöqtələrini susdurmaq, iri çaplı silahları zərərsizləşdirmək lazım idi. “F-5” iki əl qumbarasını hazır vəziyyətə gətirib bir az da yaxınlaşdı. Sonra qumbaraları növbə ilə, birini iki minamyot, birini də iki top duran tərəfə atdı. Qəfil partlayışdan ölən öldü, dağılan dağıldı. Sağ qalanlar isə həyəcanla qışqırdılar:
-Türklər gəldi, türklər gəldi!
Ermənilər hara gəldi güllə atmağa başladılar, amma hədəf kimi heç kimi görə bilmədilər. Güllələr daşa, qayaya dəyib vıyıltı səsləri çıxardırdılar. Və birdən sükut yarandı. Cəbrayıl bundan istifadə edib iki güllə darağını onların üstünə boşaltdı. Daha sonra tapançasını çıxardıb sağ olanların axırına çıxmaq istədi. Amma deyəsən düşmənin sayı çox idi. Onların da gülləsi qurtarmışdı. Qorxularından hara gəldi atıb sərf etmişdilər. Süngüsünü çıxardıb “Ya Allah!” hayqıraraq ermənilərin içinə atıldı. Elə bil dinc vaxtı sakit gəzən, özünə iş axtaran gənc bu deyildi. Ayaqları, qolları, xüsusən də süngünü tutduğu əli avtomat kimi işləyirdi. Düşməni ot kimi biçirdi. Bir də baxdı ki, istehkamın içindədir. Qarşısında iki zabit dayanıb. Deyəsən, yüksək çinli zabitlərə oxşayırdılar, amma gözləri qan çanağına dönmüş Cəbrayıl üçün fərq etməzdi. Zabitlərdən biri əlini qoburuna atıb tapançasını çıxartmaq istədi. Doğrusu, onun əliyalın görünməsi hər iki zabiti təəccübləndirdi. “Bu qədər əsgərin içindən o, necə sıyrılıb bura gəlib?” Cəbrayıl bu sualı hər ikisinin üzündən oxudu. Sərrast bıcaq atışı ilə bir zabiti elə əlini tapança qoburunun üstündə saxladı. Bıçaq düz ürəyinə girmişdi. İndi o, lap əliyalın idi. Qolunu qaldırıb o biri zabitə şapalaq vurdu. Zabit yıxılan kimi onun üstünə tullanaraq iki əlini kəlbətin kimi boğazına yapışdırdı. Çox çəkmədi zabitin ayaqlarının titrəməsi də kəsdi. Ayağa durmaq istəyəndə arxadan güllə açıldı. Cəbrayıl dönüb güllə atana baxdı. Yaralı düşmən əsgəri idi. Sən demə onlardan biri yaralı halda bura gəlib çıxa bilmişdi. Cəbrayılın köksündən dəyən güllə onu yerə çökdürdü, amma son anda hayqıra bildi.
-Ehey... generalım, gəlirəm!
Amilgilin bölməsi düşmən mövqeyinə girəndə artıq orada heç kim qalmamışdı. Hər yer erməni cəsədlərilə dolu idi. Sonradan bilinəcəkdi ki, Cəbrayıl Dövlətzadənin bıçaqla öldürdüyü zabit polkovnik, əlilə boğduğu isə general imiş...
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 10.Mütaliə növləri;11.Mütaliə mədəniyyətinin tərkibi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
10.
MÜTALİƏ NÖVLƏRİ
Mütaliənin dörd əsas növü var.
-Axtarış
-Tanışlıq
-Öyrədici
-Nəzəryetirici
Bu növlərin hər biri barədə digər bölmələrdə sizlərə məlumat verəcəyik.
11.
MÜTALİƏ MƏDƏNİYYƏTİNƏ NƏ DAXİLDİR?
Təbii ki, qarşımızda dayanan ilk sual budur: Oxucunun mütaliə mədəniyyətinə nə daxildir? Ümumiləşdirilmiş bir cavab verməyə çalışsaq, onda cavabımız belə olacaq: Mütaliə mədəniyyəti anlayışı özlüyündə mütaliənin mövzu etibarı ilə hərtərəfl, geniş və məqsədəyönəldilmiş olmasını, kitaba həm ictimai-siyasi hadisələrlə, həm peşə seçmək, karyera qurmaq məsələləri ilə, həm də mənəvi təlabatı ödəmək məqsədiylə müraciət etməyi, əsərin ideya və məzmununu ayırd edə bilmək bacarığını, kitablardan səciyyəvi cəhətləri seçməyi, oxucunun mütaliədən aldığı biliyi sistemləşdirib təcrübi işdə tətbiq etməsini ehtiva edir.
Oxucuların mütaliə mədəniyyətinə yiyələnməsi üçün onlarla aparılan işin əsasını aşağıdakı məsələlər təşkil etməlidir:
1.Kitaba bir bilik mənbəyi kimi həmişə önəm vermək;
2.Mətbu əsərlə işləmək vərdişi, şüurlu və diqqətli mütaliə etmək hissi tərbiyə etmək;
3.Nitq mədəniyyətini tərbiyə etmək üçün bədii sözün həyat həqiqətlərini əks etdirən vasitə olduğunu dərk etmək.
Növbəti:12. Mütaliə mədəniyyətinin ünsürləri
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Azərbaycan filmi Antalya Beynəlxalq Film Festivalında müsabiqə proqramına daxil edilib
Azərbaycanın Əməkdar incəsənət xadimi Elçin Musaoğlunun “Məryəm” bədii filmi bu il oktyabrın 5-dən 15-dək Antalyada keçiriləcək “Altın Portakal” Beynəlxalq Film Festivalının müsabiqə proqramında təqdim olunacaq.
Bu barədə AzərTAC nüfuzlu festivalının rəsmi saytına istinadla xəbər verir.
Film uzun illər vəfat etmiş hesab etdiyi atası ilə görüşmək məqsədilə Azərbaycana gələn qızın təsirli hekayəsindən bəhs edir. Qəhrəman həyatını kökündən dəyişdirən və həmin ana qədər bildiyi hər şeyi yenidən düşünməyə vadar edən bir həqiqətlə qarşılaşır.
Filmin istehsalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasının, Türkiyənin TRT telekanalının və “Sinema evi” studiyasının birgə əməkdaşlığı ilə həyata keçirilib.
Türkiyənin ən əhəmiyyətli və ən böyük film festivallarından biri olan “Altın Portakal” festivalı dünyanın hər yerindən kino sənətinin ən yaxşı əsərlərinə diqqət çəkir. “Məryəm” filminin bu festivalda iştirakı Azərbaycan kinosunun beynəlxalq aləmdə tanınmasını vurğulayır və ölkələr arasında mədəni mübadiləni təşviq edir.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
Sumqayıtın məşhur incəsənət xadimlərindən kimləri tanıyırsınız?
Malik Məmmədov, “Ədəbiyyat və incəsənət”
Noyabrda 75 illiyini qeyd edəcək Sumqayıt əhali sayına görə Bakıdan sonra Azərbaycanın ən böyük ikinci şəhəridir. Burada yarım milyona yaxın əhali yaşayır. Gənclik şəhəri kimi tanınan Sumqayıtdan bir çox tanınmış, məşhur simalar da çıxıb. Onların arasında bir çox incəsənət xadimləri də var.
Azərbaycanın Xalq artisti, tetarımızın və kinomuzun parlaq siması Sabir Məmmədov Sumqayıt sakinidir.
Əməkdar artist, sevilən müğənni Ədalət Şükürov Sumqayıt şəhərində anadan olub.
1-ci məhəllədə, yaşadığı mənzildə məşhur “Ay qız keçmə bizim məhlədən” mahnısına qranit lövhə də qoyulub.
Müğənni, muğamın gözəl ifaçısı Mənzurə Musayeva da şəhərimizdə yaşayan tanınmışlardandır.
Əməkdar artist Nüşabə Ələsgərli də Sumqayıt sakinidir, Sumqayıt Musiqi Kollecinin yetirməsidir.
Populyar müğənni Damla Sumqayıtda yaşayır. Elə məktəbi də orada bitirib. İşləri ilə bağlı Bakıda köçmək istəsə də fikrindən daşınıb.
“Maestro” ləqəbi ilə tanınan, virtuoz ifaçı, skripkaçı Ceyhun da illərdir Sumqayıtdadır.
Əməkdar artist, "Bu şəhərdə"nin qəhrəmanı Coşqun Rəhimov da bu şəhərin yetirməsidir.
Əməkdar artist, qocaman xanəndə Təhmiraz Şirinov illərdir Sumqayıtın musiqi dünyasının əsas simasıdır.
Əməkdar artist Ruhəngiz Musəvi də Sumqayıt şəhərinin yetişdirdməsidir.
"Davay, do svidaniya" adlı meyxanaları ilə məşhurlaşan meyxanaçı qardaşlar İntiqam və Ehtiram da Sumqayıtın yetirmələridir.
Əməkdar artist Dilarə Əliyeva da Sumqayıtda böyüyüb-başa çatıb, Bakıya gəlin gedib.
Məşhur meyxanaçı Namiq Məna da Sumqayıt sakinidir.
Müğənni Sevda Kazımova da sumqayıtlıdır.
Və hətta ekstravaqant müğənni, həmişə adı ən müxtəlif qəribəliklərlə qoşa çəkilən Elza Seyidcahan da Sumqayıt yetirməsidir.
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
.
Onun acı taleyi... - BU GÜN SƏYAVUŞ ASLANIN DOĞUM GÜNÜDÜR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yaxın gəlin dostlar, bu dəfə sizə nağıl danışmaq istəyirəm. Elə bir nağıl ki, sizə Səyavuş Aslanı xatırladacaq, yadınıza o düşəcək, amma göydən alma düşməyəcək…
Hə, nağıllar necə başlayırdı? “Biri var idi, biri yox”-la. Bəli, bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi.
Deyirdi ki;- “Mən teatr aləminin ən xoşbəxt aktyoru olmuşam. Gülüş ustası Lütfəli Abdullayevi həmişə özümə müəllim bilmişəm. Doğrudur, o, mənə heç zaman dərs keçməyib, amma mənəvi ustadım olub. Bu yaşıma kimi çox sayda rol oynamışam. Artıq qocaldığımı etiraf edirəm. Bu yaşdan sonra özümə ancaq cansağlığı arzulayıram. Amma görürəm ki, Türkiyəlilər qocaman sənət adamlarının sənətlərini də yüksək qiymətləndirir, onlara müəyyən rollar verirlər. Bizdə isə aktyoru çərlədib yorğan-döşəyə salırlar.”
Bir az müdrik, bir az çılğın, bir az da əhlikeyf idi. Onun teatr və kino sənətimizin ayaqda qalmasında xidmətləri, tamaşa və bədii filmlərə verdiyi öz töhfələri olub. Yaratdığı obrazlarla diqqət mərkəzində olan unudulmaz sənətkar dövrünün eybəcərliklərini ustalıqla ifşa edərək, tamaşaçının yaddaşına həkk etdirə bilib...
Bir vaxtlar onunla eyni kollektivdə çalışan Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov deyirdi: “Səyavuş Aslanla münasibətlərimiz çox gözəl olub, mən onu kifayət qədər çox istəyirəm. Səyavuş müəllim çox yaxın adamım olub. Sadəcə olaraq, son bir-iki ildə aramızda anlaşılmazlıq oldu. Mən həmişə onun nazı ilə oynamışam. Gördüm ki, onun nazı ilə həddindən artıq çox oynamağım artıq digər aktyorlara pis təsir edir. O da bundan çox ərköyünlük edir. Məcbur olub, Səyavuş Aslanı “Arılar arasında” tamaşasından çıxartdım. Bildiyimə görə, ondan sonra kifayət qədər çıxıb mənim haqqımda danışdı. Bu, onun öz fikirləridir. Səyavuş Aslan Azərbaycan teatrının çox mötəbər aktyorlarından biridir, amma daha böyük aktyor ola bilərdi...”
Səyavuş Aslan insan kimi kəskin təzadlı xarakterə malik olub. O, özü qədər sevdiyi qadın üçün göz yaşları tökməyi də, onu dəlixanaya saldırmağı da bacarırdı. Hətta bəzi brend mağazalardan bir kostyum istəməkdən belə utanmırdı, həm də cəsarət göstərib ölkə rəhbərindən özü üçün deyil, gənc aktyorlar üçün təqaüd xahiş edə də bilirdi. Şan-şöhrət, uğur, ailə xoşbəxtliyi eyni vaxtda gəldiyi kimi, bir-bir əldən çıxa da bilərmiş. Və bir gün Səyavuş Aslanın da başına bu olaylar gəldi. O, heç bir qadının fitnəsinə uymazdı, Ofeliya Aslan onun üçün bütün başqa qadınlardan üstün idi. Amma onun şöhrətinə heyran olan qadınlar vardı ki, ona rahatlıq vermirdilər. Bəlkə də onun xoşbəxtliyinə elə haqqında yayılan şayiələr son qoydu. Bu şayiələrdən usanan həyat yoldaşında psixoloji problemlər baş qaldırdı. Elədir, o da ailəsini sevirdi, amma qayğı göstərmək, bu sevgini onlara yaşatmağı bacarmırdı...
Bəli, biri var idi, biri yox. Bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi. Taleyinə yazılan ömrü son saniyəsinədək yaşayıb sonda Bərzəxə köçdü. Bu dünyada çox mükafatlar almışdı- Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. Sinəsini "Şöhrət" və "Şərəf" ordenləri bəzəyirdi. Amma Allahın ona o dünyada mükafatı olacaqmı, deyə bilmərəm. Köməçkçisi olan Sədaqət xanım aktyorun ömrünün finalını bir vaxtlar belə təsvir edirdi: “İnanın, 5 aydan çoxdur ki, xalqın sevimli sənətkarı olan Siyavuş Aslanın evində çalışıram. Otaqları yığıram, yeməyini hazırlayıram, yorğan-döşəyini, paltarlarını yuyuram, iynələrini vururam, dava-dərmanlarını verirəm. Lakin bu müddət ərzində bircə dəfə də görmədim ki, hər hansı bir aktyor zəng vurub və ya gəlib Siyavuş müəllimin səhhəti ilə maraqlansın. Sənətkara qarşı bu qədər biganəlik olmaz axı. Xəstənin gözləri həmişə qapıda olur. Mən bilirəm ki, o bu saat diqqət istəyir. Adam görəndə çox sevinir. Bütün günü evdə qalır, darıxır. Heç kəs nə zəng vurub halını soruşur, nə də əllərində 1 kilo alma tutub qapısını açıb onu yoluxmağa gəlir. Heç nə lazım deyil, elə maraqlanmaqları Siyavuş müəllim üçün böyük şeydir.
Oğlu Çingiz Siyavuş müəllimə demişdi ki, yanına jurnalist gələcək, səninlə bağlı yazı hazırlayacaq. Tez ayağa qalxıb oğluna dedi ki, üzümü taraş elə. Mənə də dedi ki, saçımı dara. O, xəstə anında da insanların gözünə xəstə kimi görünmək istəmir. İstəmir ki, kiminsə ona yazığı gəlsin. Çox vaxt isə xəstəliyini tamam unudur. Elə bilir, əvvəlki kimi, yenidən teatra üz tutacaq, inanın, teatr üçün çox darıxır. Əyləşib televizor qarşısında tamaşalara baxmaq istəyir”.
Yaşasaydı bu gün - sentyabrın 5-də 89 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!
…Gözləməyinə dəyməz, axı demişdim ki, göydən alma düşməyəcək...
“Ədəbiyyat və incəsənət”
(05.09.2024)
“YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
“YAŞAT” Fondunun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə gerçəkləşən şəhid ailə üzvlərinin Ankara səfəri başa çatıb.
“Ədəbiyyat və incəsənət” Fonda istinadən xəbər verir ki, 30 Avqust - Zəfər Bayramı ərəfəsində və “Tək millət, tək ürək” şüarı ilə reallaşdırılan layihə çərçivəsində Cebeci Hərbi Şəhidliyi və Hacı Bayram Vəli məscidi ziyarət olunub.
İştirakçılar Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbiri ziyarət ediblər. Anıtqəbir məqbərəsi inşa olunana kimi Atatürkün nəşinin qorunduğu Ankara Etnoqrafiya Muzeyi də ziyarət olunub.
Ekskursiya çərçivəsində Batıkənd rayonu və Ankaranın Heydər Əliyev parkı ziyarət olunub.
Qonaqlar TÜİB-in Ankara ofisinə baş çəkib, ardınca rəsmi şam yeməyinə qatılıblar. Şəhid ailələri ilə görüşdə Ədalət və İnkişaf Partiyasının sədr müavini Mustafa Şen, əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın, kənd təsərrüfatı və meşə nazirinin müavini Abubekir Gizligider, Türkiyə Respublikasının Ombudsmanı Şeref Malkoç da yer alıblar.
Layihə iştirakçıları səfər çərçivəsində “Türkiye Harp Malulü Gaziler Şehit Dul ve Yetimleri Derneği” və Türkiye Muharip Gaziler Derneyi"nin sədri və nümayəndələri ilə də görüşüblər.
Layihə Azərbaycan - Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunub.
Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
Polad Bülbüloğlu ikinci Ermitaj Mükafatının laureatı olub
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən təsis edilən ikinci Ermitaj Mükafatının laureatı olub.
AzərTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Tatyana Qolikova məlumat verib.
Rusiya rəsmisi mətbuat konfransında deyib: “Xarici mədəniyyət xadimi kimi sizlərin də yaxşı tanıdığı, Sovet İttifaqının qızıl səsi, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiya tərəfdən isə tanınmış ad Boris Yakovleviç Eyfman ikinci Ermitaj Mükafatının laureatlarıdır”.
Mükafatlandırma mərasimi sentyabrın 14-də Dövlət Ermitaj Muzeyində keçiriləcək.
Rusiya Federasiyası Hökuməti sədrinin müavini əlavə edib: “Bu, adıçəkilən insanların həm Rusiya, həm də dünya mədəniyyətinin inkişafına verdiyi töhfələri vurğulamağa imkan verən çox əlamətdar mükafatdır”.
Ermitaj Mükafatı Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib. O, hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə verilir.
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
Məlahət Abbasova Türkiyənin “Ən yaxşı qadın köməkçi aktrisa” mükafatına namizəddir
Türkiyənin Film-San Vəqfi 2023-2024-cü il mövsümündə kino və serial sektorunun uğurlu simalarını mükafatlandıracaq. Sənətçilər vəqf tərəfindən 49 il aradan sonra ilk dəfə təntənəli mükafatlandırma mərasimində təltif ediləcəklər. Mükafata layiq görüləcək namizədlər arasında Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da var.
Bununla bağlı AzərTAC-a müsahibə verən Məlahət Abbasova bu cür mükafata layiq görüləcək sənətçilər arasında adının çəkilməsinin onun üçün olduqca qürurverici və sevincli olduğunu bildirib.
“Xəbəri eşidəndə inanılmaz dərəcədə sevindim. Bu cür mərasimdə Azərbaycanı qardaş ölkədə təmsil edən sənətçi kimi adımın hallanması mənim üçün sənətimə verilən çox gözəl qiymətdir. Namizədlər siyahısında Türkiyənin olduqca tanınmış sənət adamları var və belə bir mükafata namizəd olmaq çox qürurvericidir. Burada seçilib-seçilməmək o qədər də mühüm deyil. Əsas odur ki, Türkiyədə efirə çıxan o qədər serial arasında ən yaxşı qadın aktrisalardan biri kimi diqqəti cəlb edə bilmişəm və bu rola görə məni namizəd seçiblər. Bu hadisə həm oynadığım serialı hazırlayan şirkət, həm də yayımlandığı kanal tərəfindən də böyük sevinclə qarşılandı”.
İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İdarəsi və Beyoğlu Bələdiyyəsinin təşkilati dəstəyi ilə sentyabrın 9-da keçiriləcək Film-San mükafatlandırma mərasimi Türkiyənin sənət dünyasını bir araya gətirəcək. Tədbirdə ötən bir il ərzində Türkiyənin kino və serial sektorunda adları önə çıxan isimlər ümumilikdə 32 kateqoriya üzrə mükafata layiq görüləcək. Mərasim üçün xüsusi yaradılan münsiflər heyəti tərəfindən hər kateqoriya üzrə beş namizəd elan edilib. Məlahət Abbasova “Kanal7”də yayımlanan “Əsarət” serialında yaratdığı Afife Demirhanlı (Ana) obrazına görə mükafatçılar arasında namizəd olaraq göstərilib.
Qeyd edək ki, mərasimdə Türkiyənin iki ustad sənətçisi Serdar Gökhan və 1975-ci ildə qurulan Film-San Vəqfinin ilk rəhbəri olmuş Hülya Koçyiğitə "Şərəf mükafatı" təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(04.08.2024)
Qərbi Azərbaycan aşıqları
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Aşıq ədəbiyyatı və Qərbi Azərbaycan aşıqları Azərbaycan mədəniyyətinin dərin köklərinə malik olan zəngin irsinə söykənir. Aşıq sənəti həm şifahi xalq ədəbiyyatının, həm də musiqi irsinin ayrılmaz hissəsi olaraq, xüsusilə, Qərbi Azərbaycan bölgəsində özünəməxsus bir forma almışdır.
Aşıq Ədəbiyyatının Tərifi
Aşıq ədəbiyyatı xalqın duyğularını, düşüncələrini, sosial və mənəvi dünyasını əks etdirən şeir və musiqi ilə zəngin bir sənət növüdür. Aşıqlar saz alətinin müşayiəti ilə dastanlar, qəzəllər, qoşmalar və başqa şeir növləri ifa edərək eyni zamanda xalqın həyat tərzini, adət-ənənələrini yaşadan söz ustalarıdır. Bu sənət növü həm sevgi və qəhrəmanlıq mövzularını, həm də sosial ədalət, azadlıq və insanlıq məsələlərini özündə əks etdirir.
Qərbi Azərbaycan aşıqları
Qərbi Azərbaycan, xüsusilə də İrəvan, Göyçə və Zəngəzur bölgələri Azərbaycan aşıq sənətinin inkişafında xüsusi yer tutmuşdur. Bu bölgədə yetişən aşıqlar öz unikal ifa üslubları və dərin mənalı şeirləri ilə seçilmişlər. Onların əsərləri həm yerli xalq arasında geniş yayılmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatının ümumi xəzinəsinə böyük töhfələr vermişdir.
Məşhur Qərbi Azərbaycanlı aşıqlar
1. Aşıq Ələsgər
Göyçə mahalında doğulmuş və Azərbaycan aşıq sənətinin ən böyük nümayəndələrindən biri sayılır. Onun əsərlərində sevgi, vətənpərvərlik və insanlığa dair dərin mənalı düşüncələr yer alır.
Aşıq olub, diyar-diyar gəzənin,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqla ədəbin bilə,
Mərifət еlmində dolu gərəkdi.
Xalqa həqiqətdən mətləb qandıra,
Şеytanı öldürə, nəfsin yandıra,
Еl içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
2. Aşıq Hüseyn Bozalqanlı
İrəvan bölgəsində doğulmuş olan Aşıq Hüseyn öz təsirli ifaları və yaradıcı şeirləri ilə tanınır. Onun əsərləri dövrün sosial və siyasi məsələlərinə işıq tutur və insan hüquqları, azadlıq kimi mövzuları ön plana çəkir.
Səhər-səhər çıx qarşıma,
Dur, başına dolandığım!
Oğrun gözlə, qıyqaçı bax,
Gör, başına dolandığım!
Tellərin dönüb kəməndə,
Gözəllər olub sərməndə,
Qara saçı dal gərdəndə,
Hör başına dolandığım!
Hüseyndən aldın canını,
Apardın din, imanını.
Əsirgəmə müjganını,
Vur, başına dolandığım!
3. Aşıq Kamandar
Zəngəzur mahalının məşhur aşığı olan Kamandar özündə həm klassik, həm də müasir aşıq sənətinin elementlərini birləşdirən yaradıcılığı ilə seçilir. Onun əsərləri dərin romantizm və ictimai-siyasi tənqidlə doludur.
Aşıq Sənətinin Mühafizəsi
Qərbi Azərbaycan aşıqlarının əsərləri və sənəti, həm Azərbaycan ədəbiyyatında, həm də ümumilikdə Türk dünyasında dərin izlər buraxmışdır. Bu sənətin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün müxtəlif tədbirlər və layihələr həyata keçirilir. Aşıq sənəti yalnız keçmişin deyil, həm də bugünkü Azərbaycan mədəniyyətinin bir parçası olaraq, daim inkişaf edir və dəyişir.
Aşıq ədəbiyyatı və Qərbi Azərbaycanlı aşıqların yaradıcılığı Azərbaycan xalqının ruhunu, tarixi yaddaşını və mənəvi dünyasını yaşadan möhtəşəm bir irsdir. Bu sənət növü xalqımızın keçmişindən gələcəyə uzanan bir körpü kimi daim yenilənən və təzələnən bir sənət olaraq qalacaq.
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)
Mahiyyəti əsrarəngiz və ecazkar naxışlar səltənəti - NAXÇIVAN
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi
Bura dünyanın məhvəri, Nuhun qədəm basdığı, hər küçəsi, hər tini tarix qoxan şəhərdir.
Əsrlər boyunca keçilməz qala rolunu oynayan, təbii və memarlıq üslubu ilə gözoxşayan, bir çox fərqli mədəniyyətləri və ünsürləri birləşdirən məkandır. Bu şəhər daşlara hopub, kövrəkliyini qapı başında gizlədən naxışlar səltənətidir. Bu şəhər, şübhəsiz ki, Möminə xatına “qucaq”, Yusif Küseyr oğluna “əbədi beşik”, Nəimiyə “hüruf”, Mirzə Cəlilə “məktəb”, Ordubadiyə “qələm”, Cavidə “ev” olan qədim türk diyarı Naxçıvandır.
Mahiyyətin necə dərinməzmunlu, əzəmətin necə əsrarəngiz və ecazkardır. Sən könülləri oxşadığın kimi ziyarətinə gələnlərə də məsudluq və məmnunluq bəxş edirsən. Görüşünə gələnlərin qəlbinə sirayət edir, gözlərində ucaldıqca ucalır, gözəlliyinlə hər kəsi heyran edirsən. Sən təkcə şəhər deyil, alimlərinin biliklərini əks etdirən qiymətli sənət əsəri, elmlə sənət arasında körpüsən.
İnsanın yaşadığı yerlə bu güclü bağı qırmaq, demək olar ki, mümkünsüzdür. İlk dəfə dünyaya göz açdığımız ev, küçə, şəhər həmişə xəyallarımızda kiçik bir xatirədən asılaraq təsəvvürümüzdə qalıcı izlər buraxır. Şəxsiyyətimizin, xarakterimizin formalaşmasında aldığımız tərbiyə və təhsil qədər udduğumuz hava, qədəm basdığımız torpağın da dəyəri əvəzsizdir.
Naxçıvan bir dost, bir sevgili olduğunu hiss etdiyimiz, hər şeyin insanlarla gözəlləşəcəyini düşünüb insanları ilə sevilən şəhərdir. Bu məğlubedilməz qədim şəhərə ayna tutub, əzəmətini gələcək nəsillərin yaddaşına, qəlbinə və ruhuna əbədi köçürmək hər bir qələm əhlinin arzusudur. Sanki rəssam bahar fırçasını göy qurşağına batırıb, bu torpağın hər dağına, hər daşına sarı bülbüllər, qırmızı güllər çəkərək lalənin yanağına şəbnəm qondurub. Bu şəhərdə arılar ləçək üstə bal şehinə bənzəyir. Bura türkün diyarıdır.
Cənab Prezident demişkən: “Bizim qarşımızda üfüqlər açıqdır. Necə ki Naxçıvanın səması həmişə açıq-aydın olur, – burada heç vaxt nə tüstü, nə buludlar olur, Naxçıvanın səması həmişə çox təbii rəngdə, çox açıq olur, – eləcə də Azərbaycanın gələcəyi açıqdır, aydındır və biz bu gələcəyə doğru gedirik”.
Bir çox peyğəmbərin məskəninin Naxçıvan olduğunu deyən professor Marti Martincito Fillips “Allah yurdu Naxçıvan” məqaləsində qeyd edirdi ki, Böyük İpək Yolunun məhz Naxçıvandan keçməsi, Ordubadda ipəkçilik ənənəsinin formalaşması tarixin yaddaş salnaməsinə çevrilmiş, heç kimin və heç nəyin real tarixi gerçəkliyi inkar edə bilməyəcəyi bir məntiqi həqiqəti üzə çıxarıb. Yer kürəsinin bu balaca məkanını özünə vətən seçən Nuh Peyğəmbər bu seçimin Allah əmri olduğunu bildirmişdir. Bu torpağın hər qarışı, hər daşı Nuh əlamətlərini bu gün də qoruyub saxlayır. Çünki bu gerçəklik buranın qədim tarixində, dağlarında, gündəlik yaşam tərzində özünü dönə-dönə isbat edir. Başqa cür olsa idi, Nuh Peyğəmbər dünya mədəniyyətinə və dünyanın tarixinə Nuh möhürünü Naxçıvanda vurmazdı. Hər fəsil dəyişdikcə, duman gəldikcə, külək əsdikcə Naxçıvan daha da yeniləşir, həyat simfoniyasının çalarlılığı olan Haçadağla həzin yuxuya gedərək Gəmiqaya ilə şaxə qalxır. Nəhəcirlə zaman süzgəcindən keçərək Arpaçayla axıb Arazın göz yaşlarını yuyur. Bu şəhərə uzaqdan baxanda Allah tərəfindən çəkilən təbiət mənzərəsi hesab etdiyimiz dağlar bizə istehkamı xatırladır. Bu istehkamların qoynunda tarixin ən sirli-sehirli möcüzəsi olan Əshabi-kəhf kök salıb. Burada kəsilən qurbanlar Tanrıya sevgi, yaşadıqları torpağa əbədi məhəbbət və müqəddəslik rəmzi kimi başa düşülür. Dünyanın yaranışından, demək olar ki, Naxçıvanda təbii dağıdıcı hadisələrin olmamasıda bu şəhərin əsrarəngiz sehrindən xəbər verir. Buna görə də Naxçıvan tarixi dünya tarixinin müqəddəslik və paklıq rəmzidir ki, Naxçıvanı Allah qoruyur.
XVII əsrdə yaşamış Məhəmməd Mufid Mustafi Naxçıvandakı kəhrizlərdən bəhs edərək deyirdi ki, bu sular aydınlıqdır, safdır, müqəddəsdir.
Bu torpaq Möminə xatın kimi abidənin müəllifi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin, Anadoluda Mövlanaya həkimlik edən Əkmələddin Naxçıvaninin, görkəmli filosof Baba Nemətullah Naxçıvaninin, Naxçıvanda ilk məktəb açan Məhəmməd Tağı Sidqinin, dünyaca məşhur kimyaçı alim Yusif Məmmədəliyevin vətənidir. Bu torpaq “Molla Nəsrəddin”in yaradıcısı məşhur yazıçı Cəlil Məmmədquluzadənin, “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən dahi dramaturq Hüseyn Cavidin, tənqidçi alim Əziz Şərifin, ömrünün baharında həyata gözlərini əbədi yuman realist rəssam Bəhruz Kəngərlinin vətənidir. Bu torpaq qoynuna bomba bağlayan şəhid analarının, cəbhədən nişanlı yolu gözləyən xınalı qızların, saçı ömrünün gəncliyində ağarmış hərbçi xanımlarının və onların bir ömür sevə-sevə andığı həmin qəhrəmanların vətənidir. Və nəhayət, bu torpaq müstəqil Azərbaycan Respublikasının memarı, qurucusu, öndəri, görkəmli dövlət xadimi, dünya miqyasında tanınmış siyasətçi Ulu Öndər Heydər Əliyev kimi bir dahinin vətənidir. Ümummilli Lider Naxçıvanlılarla görüşdə deyirdi: “Mən istərdim ki, burada Sizinlə daim yaşayım. Ancaq həyat buna imkan vermədi. Mən getdim, amma ürəyim buradadır”. İllərin bu əvəzsiz yadigarı olan sözlərə insan qəlbən, nəvaziş dolu səcdələr bəxş edir.
Bu şəhərin məğrur duruşundakı naxışlar sanki həzin musiqinin harmoniyasını təşkil edir. Bəlkə də, bu duruş illərin yığılıb qalmış muğamı, şuru, zəfər cəngidir. Əslində, sən elə musiqinin özüsən. Səmt qatarında uyuyan həzin, kövrək musiqi. Bəlkə, musiqidən də ehtişamlısan. Musiqi bir an da olsa, susur, uyuyur, itir, batır. Sənsə Günəş ziyasından qidalanıb günü-gündən gözəlləşir, ayı seyr etdikcə gecəmizə gündüz olursan. Ətrafa səpələdiyin bu təvazökarlıq közərən qövsi-qüzeh kimi cilvələnərək tarixin dolanbac yollarına nur çiləyir. Sənə sığınanlara sirli-sehirli dünyanın möcüzəsi, gözyaşını ovcuna tökənlərə bitib-tükənməyən eşq hekayəsi, sirrini verənlərə sirdaş olmusan. Sevənlər xısın-xısın bir-birinə səni pıçıldayır.
Cavid əfəndi! Sən bir əsr əvvəl etdiyin duanın qəbul olmasının bəxtiyarlığını yaşatdın bizə. Türkiyə Cümhuriyyətinin Prezidenti, turançılıq sevdası ilə alışıb yanan Rəcəb Tayyib Ərdoğan tərəfindən uyuduğun Naxçıvan torpağında öz şeirinlə yad edildin. Bəlkə də, o şeiri sən hiss etdin deyə səsləndirdi:
Hər bəladan əsirgə yurdumuzu,
Kamran eylə şanlı ordumuzu.
Bu gün Azərbaycanın naxışlar səltənəti, əsrarəngsiz, valehedici şəhəri, şübhəsiz ki, Naxçıvandır. Eşqi, insanlığı, qonaqpərvərliyi, təvazökarlığı dadanlar barmaq uclarında bu şəhərə üz tutur, sevgini doya-doya yaşayırlar. Hər bir Naxçıvansevər bu şəhərə üz tutanda özünü Ya Möminə xatın türbəsinin, ya da bütün acılarını sarıb, həsrətlə bir-birini qucaqlayan Cavidlər ailəsinin uyuduğu məqbərənin qarşısında tapır. Gələnlər məmnunluq gedənlər bir daha gəlməyin arzusu ilə yanıb tutuşur bu şəhərə. Sən necə ehtişamlı, necə füsunkarsan mahiyyəti əsrarəngiz və ecazkar naxışlar səltənəti, Naxçıvan.
Möminə xatın türbəsini,
Haçadağın zirvəsini,
Arazı narazı görmək,
Dalğasında yazı görmək.
Ürəyindən keçsə əgər,
Naxçıvana eylə səfər.
“Ədəbiyyat və incəsənət”
(04.09.2024)