Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Çiçək Mahmudqızının  şeirləri təqdim edilir. 

 

 

Sonuncu dərvişə...

 

Yenə nə oxursan, havalı dərviş,

Oynaya-oynaya közlərin üstə.

İlahi sevdalar qoxur nəfəsin,

Bəzəkli-düzəkli sözlərin üstə.

 

Eşqin xirqəsini geyib əyninə,

Bu nə sevda ola, dolub beyninə?!

Yerləri-göyləri alıb çiyninə,

Hara uçunursan dizlərin üstə?!

 

Behin-bazarın yox dünya heçində,

Baş alıb gedirsən durna köçündə,

O nədir oynayır ovcun içində,

Öpüb oxşayırsan gözlərin üstə?..

 

Doğrumu gəlmişəm bu səsə, Ya Hu?

Mən sevən qumrular oxumur, axı...

İtən itiyimin sonuncu ahı

Yoxsa, Cicək açıb izlərin üstə?!.

 

Gözün aydın...

 

Bu sevda havalı dəli ozandı,

Nəyi itirmişdi, nəyi qazandı?

Çölüm çiçək açdı, içim xəzandı,

Düşdü aramıza qış, gözün aydın.

 

Daha könlüm - çiçək, ürəyim - arı,

Neyləyəcək mənə bu dağın qarı?!

Süzüb badələrə ayrılıqları

Mey bilib eylədim nuş, gözün aydın.

 

Bir ömür yaşadım dünya heçində,

Bihudə dolandım səhra köçündə,

Xəyallarım gedir durna köçündə,

Olub bir köçəri quş, gözün aydın...

 

Leyli pərvanələr oduma gəlmir,

Küskün xatirələr dadıma gəlmir,

Adın, rəngin, ətrin yadıma gəlmir,

Qalmayıb başımda huş, gözün aydın...

 

Görməmişdin axı, məni...

 

Görməmişdin axı, məni,

Necə sevdin, ahu, məni?

Bu dünyanın ahı məni -

Demədinmi tutar sənsiz?!

 

Demədinmi diləklərin,

Qanadında mələklərin,

Enib görər çiçəklərin,

Daşlar altda yatar sənsiz?!

 

Ac ruhuma balıydınmı,

Lalə bağra xalıydınmı?!

Heç halımdan halıydınmı,

Halım necə betər sənsiz?!

 

Qönçə üzüm gün görməmiş,

Şeh-şeh öpdün, gün görməmiş,

Heç demədin güngörməmiş,

Başın nəynən qatar sənsiz?!

 

Sevməkdisə, günahlarım

Gül könlümdə - gül ahlarım,

Harda olsan bil, ahlarım

Səni bir gün tutar, mənsiz.

 

Bənövşə yaşlar

 

Kipriklər altında büküb boynunu,

Quzey gözlərimdə bənövşə yaşlar.

Qönçə yanağımdan şeh-şeh süzülür

Bu payız könlümə yağan yağışlar.

 

Küləklər vidamdı son yarpaqlara,

Deyəsən, düşəcək son ümidim də...

Tumurcuq içində bükülü qaldı

Sevdalı çiçəyim - yaz ümidində...

 

Yarıb qayaları, çapıb daşları

Bir dərdim yol gəlir dəvə belində.

Mənim nisgilimin dilimi var ki?

Oxudur daşları kəklik dilində...

 

Son ümid, son yarpaq - bənövşə yaşlar,

Quzey gözlərimdən süzüləcəkdir.

Mənim həsrətimin bənövşə dərdi

Qayalar dibində düzüləcəkdir.

 

Xəzana dönməsə, sonuncu yarpaq,

Bənövşə ümidlər göyərəcəkdir.

Yenə çiçəklərin sevda qoxusu

Quzey könülləri bürüyəcəkdir...

 

Hardasan, könül yiyəsi?!

 

Ulduzlar sökülüb gəlir,

Buludlar bükülüb gəlir,

Ah olub, tökülüb gəlir,

Lələk-lələk durna səsi,

Hardasan, könül yiyəsi?!

 

Dan yerində can sıxılır,

Nar ürəkdə qan sıxılır,

Hər saat, hər an yıxılır

Tacı-taxtı, bünövrəsi,

Hardasan, könül yiyəsi?!

 

Sevgiyə dön, eşqə boyan,

Məcnun olmaz eşqə doyan.

Bağrımın başını oyan -

Ayrılıq - neştər tiyəsi,

Hardasan, könül yiyəsi?!

 

Ay baharım, çiçək nazım,

Zimistana döndü yazım.

Sinəmin üstündə sazım,

Kərəmin ağlar Lələsi -

Hardasan, könül yiyəsi?!

 

Könlüm nədi - dağ lalası,

Ləçəyində şeh nalası.

Yetim qalan quş balası,

Yurd-yuvasın kim tikəsi?

Hardasan, könül yiyəsi?!

 

Gülüm ləçəklərdə qaldı,

Şirəm pətəklərdə qaldı,

Əlim ətəklərdə qaldı,

İsmarıcım var, deyəsi -

Hardasan, könül yiyəsi?!

 

Darıxdım

 

Dərdlərimdən can qurtara bilmirəm,

Şirin-şirin gülmək üçün darıxdım.

Sənsiz keçən bu günü də ölmədim,

Ay üzünü görmək üçün darıxdım.

 

Dağa qalsın  öz çiskini, öz çəni,

Aya verdim bu nisgilli gecəni.

Könüldaşım, hər könlümdən keçəni

Sənin ilə bölmək üçün darıxdım.

 

Ruhum kimi Ay qərq olub qəhərə,

Ülkər arzum axıb-çıxmır səhərə.

Pıçıltıyla "can-can" deyib min kərə,

Sinən üstə ölmək üçün darıxdım.

 

Könlümün

 

Bəndi, bərəsimi vardı könlümün?!

Amanat  yuvaydı, dağıldı getdi.

Neynirsən, axtarıb gidi dünyanı?!

Bu qız da bir yuxu, nağıldı, getdi.

 

Səhranın ortası kimsiz-kimsəsiz,

Küləklər külümü sovurasıydı.

Bilirdim, bu sevda məni nə vaxtsa,

Tapıb diri-diri qovurasıydı.

 

Mənim də kəbinim dərdnən kəsilib,

Şükür ki, getməyə dərdim-sərim var.

Bağlama üzümə könül qapını,

Mənim o könüldə məzar  yerim var...

 

Allah eşqinə...

 

Tər qönçədə çiçək idim,

Açıldım sabah eşqinə,

Nə biləydim ətrim-rəngim,

Yazılır günah eşqinə.

 

Gəzdin məni yerdə, göydə,

Nə neydəydim, nə də meydə,

Könül adlı qəmli neydə

Oxurdum, bir ah eşqinə.

 

Sükutundan keçirmədin,

Bal sevdanı içirmədin,

Sən könlünə köçürmədin,

Mən öldüm, Allah eşqinə...

 

Getdi...

 

Xəbərin oldumu, ey dili-qafil,

Başına pərvanən dolandı, getdi?

Gecəni sübhəcən sənin qapında

Yandı şam ömrünə, qalandı, getdi.

 

Döndü ağ yolların qara daşına,

Bir sultan mülkünün qaravaşına

Min ümid qırıldı qəm savaşına,

Bir ürək qanına bulandı, getdi.

 

Dərdimin dərmanı - dəvalı sevda,

Deyirdin sev, sevil - səfalı sevda,

Bir perikmiş ruhla, havalı sevda,

Gördülər köç yolu talandı, getdi.

 

Deyirlər, yaz gəlir - həyat olacaq,

Qoxla Çiçəyini,  bir gün solacaq,

Onsuz da, bu sevda boyat olacaq,

Gördü nimdaş dünya yalandı, getdi...   

 

İçimdə çiçək bitir...

 

İçimdə ağlayan var

Gecənin lal səsində.

Allah, kimdi hönkürən-

Ruhumun kölgəsində?

 

Əlim əlinə yetmir,

Uçuram, çatammıram,

Hər yerdən səsi gəlir,

Heç yerdə tapammıram.

 

Beləmi olur görən,

Aşiqlərin eşq səsi?

İtiyini axtaran -

Anadilin nəğməsi?!

 

Azıb qalmışam, Allah,

Məni bu səsdən ötür.

Göz yaşını gül eylə -

İçimdə Çiçək bitir...

 

Mən sevən dünya

 

Daha mən sevən dünya

İlmə-ilmə sökülür.

Gül açdığım budaqlar

Yarpaq-yarpaq tökülür.

 

Daha doğmur ulduzlar

Gecələrin ahından.

Oxumur qumru quşlar

Ahların günahından.

 

Gümanların əlində

Sönürəm ağ şam kimi.

Səhər nəyə doğulum

Ölməyə axşam kimi?

Ölməyə axşam kimi...

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət"

 

1948-dən 1991-ci ilə kimi Azərbaycanlı idik , sonra adımızı erməni qoydular. Axı yurdumuzu əlimizdən aldılar. Xalq yurdunun dağına, çayına, torpağına, daş-qayasına həsrət qaldı. Mənim də ata-babam bu xalqın nümayəndəsiydi . Biz 1988-ci ildə yurdumuzla məcbur sağollaşdıq. Babam dərs dediyi məktəbi geridə qoydu, nənəm qurduğu yuvasını, atam da göz açdığı evini . Ev qurmaq çətin olur, evi qoyub getmək əzab olur, hələ bu məcbur olursa.. 

Mən ata yurdumu görməmişəm. Amma nənəm-atam təsəvvürümdə doğma yurdu gəzdirib. Hətta bəzən xəritədə də evimizə baxıram. Bu yandan sevinirəm ki, evimiz dağılmayıb. Bir yandan bağımızın quruduğunu görürəm ... 

Elə bu yerdə atamın danışdığı uşaqlıq xatirələrini yada salıram: 

“Eh bala, eh, bir məhsuldar torpağımız var idi ki, gəl görəsən. Nə meyvə desən bağımızda var idi. Bir ətirli armud ağacımız var idi, o ətri bilmərsən. Amma yemək də çətin məsələ idi, baban yeməyə qoymurdu . Biz də yağış-külək yolu gözləyirdik, lap dua da edirdik ki, Ya Allah, yağış-tufan qopar, o dadlı meyvələrdən yeyək. Allah da duamızı eşidirdi. Bir dəfə yaman külək əsdi meyvələri budağından qopardı. Sevincimizdən o tufanda qaçıb yerdəki armudları yedik. Baban da dedi ki, o sizin ruzunuzdu, adam da buna sevinər? "

Biz yurdumuzun həsrətindən Bakıya gələndə “ermənisiz" damğasına tuş gəldik. Tarix bilmək bu yerdə dada çatır. Əvvəl Qərbi Azərbaycanlıyıq deməyə çəkinirdik, heç dostumuz da olmurdu buna görə. Korona virus dövründə sanki insanlar dəyişdi. Geniş pəncərədən görməyə başladılar. Elə bilirsiz hərkəs tarixi bilir? Yox, elə deyil heç. Onlar tarixi bilmirsə, bizim günahımız nədir ki? 

O yurdun tarixini bilən ancaq hörmət və xoş niyyətlə rəftar edir. Bəzi cahillər də “ay daa erməni imişsən ki sən" deyir. Mən artıq baxıb keçirəm. Onlara tarix öyrətmək, daşa ağıl vermək kimidir.

Biz türk əsilli  Azərbaycanlılarıq. Bizim torpağımız düşmən əlindədir deyə bizi ayırmaq nə qədər düzdü? Bəziləri də  “ Parçala, hökmranlıq et" fikrindədir deyəsən. Bizi Azərbaycandan ayırıb nə əldə edirlər görəsən. Hələ yurd insanlarının uğurlarına paxıllıq edənlər də var . Yurdumuzun tanınmış sənətkarları həkimləri, yazarları, müəllimləri, professorları, vəkilləri və daha nələri, nələri var.

Onlar yurdun savadlılarıdır. Öz əziyyəti ilə savadı ilə mövqe qazanmışlarıdır.

Bir də “ Yeraz" sözü arada dolanır. Ay millət, Yeraz yox, Qərbi Azərbaycanlı. Kimsə bizə ad qoyub deyə biz qəbul etməliyik ki? 

Bir mənada da, “yerini azmış" deyirlər, bəyəm tək işğalda bizim yurdumuzdur? Kim özünü belə adlandırmaq istəyər ki? Biz bir gün o torpağa İNŞALLAH ki dönəcəyik. Onda da, deyərlər yerin azmışlar yerin tapdı. 

Bir versiyada da, bizlərə

“Yerli Azərbaycanlı" deyirlər. Bu, paxıllara lap od qoyur. Amma belə də demək olmaz. Onda belə çıxır, qalan xalq yerli deyil. Bu da gülməli çıxır. Bəlkə bizə  “gəlmələr" deyəndə biz yerliyik, siz yersiz deyək? Əşi yox, biz onlar kimi cahil deyilik. Biz kiməsə ad qoyan deyilik. 

Bir versiya da “Yerəvan Azərbaycanlısı" var. Birincisi onu deyim ki, Yerəvan yox İrəvan. Bax Azərbaycan tarixində keçdiyiniz  xanlıqlar dövründə “ İrəvan xanlığı" var ha , onu deyirəm. 

Bu vaxtı belə nəticəyə gələk, Əziz Qərbi Azərbaycanlılar, sizdən o populyar sual soruşulanda ki, “bəs sən haralısan", ürəkdolusu de ki, Vedibasarlıyam, Göyçəliyəm, Ağbabalıyam, Şörəyelliyəm,  Abaranlıyam, Dərələyəzliyəm , Dərəçiçəkliyəm, Zəngəzurluyam, Gərnibasarlıyam, Qırxbulaqlıyam, Zəngibasarlıyam. 

Ay camaat, mən Qərbi Azərbaycanlıyam! 

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Wednesday, 04 September 2024 16:26

Sevgi… Nifrət… Xəyanət..! - HEKAYƏ

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi


Ərhun dərsdən gəldi. Anası nə qədər xahiş etsə də, O, yeməyini otağında yeyəcəyini bildirdi. Kağız kimi ağarmış üzündə, qütbdə batan günəş kimi sönməkdə olan yaşıl gözlərində nəinki yeməyə, heç yaşamağa da həvəs yox idi. Artıq onun 13 yaşı vardı. Atasının üzünü 2-ci sinifdə oxuyanda görmüşdü. Atası ilə anası böyük sevgi yaşamış, hər cür çətinlik və maneələrə baxmayaraq öz məqsədlərinə çatıb ailə qurmuşdular. Atası dolanışığın çətinliyini görüb xarici ölkəyə işləməyə getmişdi. İlk vaxtlar yaxşı da qazanırdı: hər ay evə pul yollayır, 5-6 aydan bir isə evə gələrdi. Lakin artıq neçə il idi ki, atası evlərinə qayıtmır, ildə bir neçə dəfə zəng edərdi: İşlərinin pis getdiyini, gəlməyə imkan olmadığın söyləyirdi Ərhungilə. Atasının yoxluğunda - bu illər ərzində çox şeylər dəyişmişdi, çox  sıxıntılar çəkmişdilər. Nəhayət, son zamanlar anasının işləri düzəlmişdi. Ofisdə çalışırdı Ərhunun anası. Əvəllər isə qohumların, yaxınların hesabına dolanırdılar, çətin də olsa. 
Anası işə gedəndə Ərhunu dərsə qoyurdu, onu evə gətirməsi üçün isə məktəbdə çalışan qonşularındakı müəllimdən xahiş etmişdi. İşə girəndən sonra anasının Ərhuna diqqəti, qayğısı istər- istəməz azalmışdı. 
Dərsdən gələn Ərhun otağına keçər, öz pəncərəsindən Xəzəri, parkdakı yaşıl ağacları seyr edər, bir gözü isə anasının gəldiyi yola dikilərdi. Onu həyata bağlayan isə hər gün səhər tezdən Xəzərdən günəşin doğmasını seyr etmək və yemlədiyi sərçələr idi. Küçənin o başından anasını görən kimi tez gəlib qapını açar, anası qapıdan girən kimi boynuna sarılar, onu çoxlu öpərdi.
Anasının işə düzəldiyi bir neçə ay olardı. Bu gün də Ərhun anasını gözləyirdi. Binalarının qarşısında xarici maşın saxladı. Anası maşından düşüb, gülər üzlə içəridəkilərə nəsə deyib evə doğru gəldi...
Ərhunun nədənsə gözləri bərəldi, ürəyi əsdi, qılçları qurudu sanki. Hərgünkü kimi qapını açmaq yadından çıxdı. Qapı bir neçə dəfə döyüldükdən sonra birtəhər gəlib qapını açdı. Anasının boynunu qucaqlamaq əvəzinə sual dolu baxışla anasının gözlərinə baxırdı: 
   -Nə olub balam, niyə qapını açmamısan, nə baş verib?
  -Ana o maşın kimin idi, hə? 
  -Hər şey aydındır. Ay mənim qısqanc balam. O bizim şirkətin maşınıdır. Müdirin tapşırığı ilə indən belə məni evə gətirəcək, narahat olma, balam.
Anasına bu cür sual verdiyi üçün, ondan şübhələndiyi üçün həmin gün çox utanmışdı Ərhun.
Ancaq Ərhun yanılmamışdı. Anasını gətirən bu maşının sürücüsü bir müddətdən sonra onların evinə ayaq açdı, onun gəlişi ilə evlərindən hüzur, səmimiyyət, mehribanlıq yoxa çıxdı. Növbəti sualında anası “Məndən nə istəyirsən? Sənin yaxşı geyimin, yeməyin, yaxşı yaşamağın üçün bu qədər zəhmət çəkirəm, söz götürürəm. Sağ olsunlar məni işə götürüblər, minnətdarlığımı bildirmək üçün evə dəvət edirəm, burda nə var ki?
 Atan evdən çıxdığı neçə ildi, nə düz-əməlli zəngi var, nə də ki, evə bir şey göndərməyi, hər dəfə zəng edirəm, telefonu bir rus qadın götürür. Harada olduğunu soruşanda onun evdə olmadığını söyləyir, hər dəfə məni bir bəhanə ilə yola verir. Özü zəng eləyəndə isə qısa olaraq bizim halımızı xəbər alır, vəziyyətin hələ yaxşı olmadığını deyir, bütün suallarımı cavabsız qoyur, hələ utanmadan bizi çox sevdiyini deyir, bütün bunlar boş yalandı. Özü rus qadınlarla kef eləyir, gün keçirir, bizi çox sevsə, yanımızda olardı, qayğımıza qalardı, gedib ora yan verib yıxılmazdı” cavabını verdi. 

Bundan sonra Ərhun danışmağın mənasız olduğunu anladı, daha heç nə ilə maraqlanmadı. Onun üçün heç nəyin əhəmiyyəi yox idi. 
Ən dəhşətli anlar isə anasının işdən qayıtması, yanında açıq-saçıq geyimli rəfiqəsi və bir neçə kişi ilə evə gəlməsi idi. Evdəki sərxoş və mənasız danışıb gülüşmələr, çarpayı cırıltısı, ehtirasın və xəyanətin qatışığı olan qadın səsləri Ərhun üçün əsl cəhənnəm əzabı idi. Onlar evə gələn kimi, o, başını yastığın altında gizlədər, qulaqlarına pambıq tıxayardı, artıq onun qəlbində sabaha olan uşaq ümidləri də ölmüşdü. Bu ev, bu yaşam, bu həyat tərzi ona heç nə kəsb etmirdi. Artıq neçə vaxtdı anasına “Ana”  dediyi, onunla bir stol arxasında oturduğu yadından çıxmışdı, çəkdiyi əzablar, onun ətdən çıxmış arıq sifətində, solmuş gözlərində, susmuş dilində əks olunurdu, dərsdən gələn kimi çəkilər otağına, dərslə başını qatmağa çalışar, anasını otağa gətirdiyi çörəyin çoxunu isə pəncərəsinə qonan sərçələrəə yedizdirərdi, qalan vaxtını isə Xəzəri seyr etməklə keçirərdi.

Bir dəfə yenə anası ilə üz-üzə gəldi, bunun səbəbi isə müəlliməsinin anasına zəngi olmuşdu: Müəllimə ədəbiyyat dərsində şagirdlərə “xəyanət nədir? ” mövzusunda esse yazmağı tapşırmışdı. Ərhunun inşa dəftərində bu sözləri oxumuşdu müəllimə : “Xəyanət böyük sevgidən yaranır. Zamanla nifrətə çevrilr. Bunun nəticəsi isə mənəm. Mən ən böyük xəyanətin meyvəsiyəm...”
   -Bu nə sözdür yazmısan Ərhun? Sən məni öldürmək istəyirsən?
   - Sən niyə atama xəyanət edirsən?
   - Mən xəyanət edirəm təkcə? O mənə artıq neçə ildir xəyanət edir. Bizi burda atıb gedib, halımızdan xəbəri belə yoxdur. Gündə bir qadınla yaşayır. Axı mən də insanam. Ən əsası qadınam, hisslərim var.
    -Onun sənə xəyanət etdiyi dəqiq deyil, fakt budur ki, sən ona da, mənə də xəyanət edirsən! 
    -Dəqiq deyil? Bəs hər dəfə danışdığım o qadınlar kimdir? Bəli hamınız bir bezin qırağısız- kişisiniz.
    -Dözərdin də, səbəbini öyrənərdin, gedərdin dalınca, bəlkə, nəsə problemi var, başı dərddədir.
   -Elə bilirsən getmək istəmədim? Hər dəfə zəng edəndə “dalınca gələcəm” dedim. Nəsə problemin varsa, de, səni and verirəm, öz canıma – soruşdum. Mənə tapşırdı ki, birdən dalınca gələrsən, ondan sonra məndən incimə. Mən onu həyatımın sonuna qədər gözləyərdim. Necə ki, Qarabağ savaşında 5 il yolunu gözlədim. Valideynlərimin bütün təzyiqlərinə qarşı çıxdım. Doğmalarımla düşmən oldum ondan ötrü. Adamın üstə Allah var, o da sözündə düz çıxdı. Gəldi ailə qurduq. Ona həmişə deyirdim. Mənə yalan danışma, xəyanət etmə, sənin üçün hər şey edərəm.”
   -O sənə xəyanət etmişdi? Özünü bu qədər alçaltmayaydın, dərsdə, həyətdə uşaqların mənə “Anan pozğun, fahişədir, sən bizim yanımıza gəlmə, bizimlə oynama” deməyinə şərait yaratmayaydın. Başqa qadınlar kimi başqasıyla ailə quraydın.
  Anası Ərhuna bir şillə vurub “Yetər, yetər! Qarşımda durub başından böyük danışma, mənim üçün hər şey və hər kəs ölüb, mən nə edirəmsə, sənin üçün edirəm. Hətta özümü də səninçün satıram, eşitdin?!”, -dedi. 
  Göz yaşına boğulmuş Ərhun: “Mənim üçün hər şeyi başqa yolla da etmək olardı, əsl ana odur ki, atanın yoxluğunda övlad üçün həm ata, həm ana olsun. Ancaq sən bunu bacarmadın, səndən qəlbim o qədər sınıb ki, sənə nifrət belə edə bilmirəm, başa düşürsən?”
 Bunları deyərək otağına keçdi və bir gün çölə çıxmadı Ərhun. 

 

*

Bu cür yaşamağa davam edirdilər, buna yaşamaq demək olardısa.     
... Çantasını yerə qoyub paltarını soyuna- soyuna pəncərənin qarşısına gəldi, gözlərinə inanmadı, çox dəhşətli bir şey olmuşdu:
 Axşamdan çörəyi xırdalayıb pəncərənin ağzına qoymuşdu. O, həmişə belə edərdi, pəncərəni açıq qoyardı ki, bəslədiyi sərçə gəlib çörək qırıntılarını balalarına daşısın. Ancaq axşam hava soyuq olduğu ücün pəncərəni bağlamışdı. Çörəyi görən sərçə elə bilmişdi ki, yenə pəncərə açıqdır və özünü pəncərəyə çırparaq bərk zədələnmişdi...
Ərhun sərçəni əlinə götürdü, çox pis əzilmişdi. Ərhun ağlayır, nə edəcəyini bilmirdi. Axı onun səhvi ucbatından bir dostu məhv olacaq, bala sərçələr anasız qalacaqdı…
Sərçə son dəfə Ərhunun gözlərinə mehriban və nigaran bir baxışla baxıb canını tapşırdı...
Sanki mehribanca baxışlar Ərhuna minnətdarlıq və bu pislik dolu dünyadan canını qurtarmağın sevinci, nigarancılığı isə bu ədalətsiz dünyada yetim balalarının qalması idi.
Ölmüş sərçəni bağrına basıb, gözləri tavana tikilmiş halda səhərə kimi yatmadı Ərhun.
Tezdən evdən çıxdı...
Səhər yeməyini hazırlayan anası Ərhunu oyatmaq üçün otağa getdi, lakin Ərhun yox idi. Dəli oldu sanki..
Nə edəcəkdi? Hara gedə bilərdi? Yaxınlıqda nə yaxın qohumları, nə də tanışları var idi.
Məhlədə, məktəbdə və küçələrdə Ərhunu çox axtardı, amma gördüm deyən yox idi...
Nəhayət, Ərhunun gündəliyinin arasından tapılan məktub hər şeyə bir az da olsa, aydınlıq gətirdi: “Mənim səhvim ucbatından sevdiyim varlığın birini itirdim. Bu səhvimi heç bir bəhanəylə yoluna qoya bilməzdim. Tək çarəm onunla birgə ikinci dostumun – sirdaşımın yanına getmək idi. Səndən fərqli olaraq mən sevdiyimin ardınca getməyi bacarıram. Etdiyim səhvlərə görə səndən nə qədər niftər etsəm də, sən mənim anamsan və səni çox sevirəm...Məni axtarma.”
Bir müddət sonra Xəzər dənizindən bir uşaq meyiti tapılması xəbəri yayıldı. 
Sxılmış əlində bir sərçə, döş cibində isə valideynlərinin toy şəkli...

 

*

Küçələrdə dəli qadının kimi görürsə, yaxasından tutub “balamı görməmisən? Böyük sevgi, nifrət və xəyanət” -deməsi şəhərdə hamının təəccübünə səbəb olmuşdu...
…Bu hadisədən bir neçə il sonra Moskvada mübahisə nəticəsində bir ermənini öldürərək 14 il həbs cəzası alan bir kişi 8 il sonra   amnistiyaya düşüb vətənə qayıdırdı. Qatardan düşəndə doğma vətəninə qayıtdığı üçün, neçə vaxtdır, telefonla da olsa, səsini eşitmədiyi doğmalarına qovuşacağı üçün çox xoşbəxt idi...

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Sadə buğlamanın hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR:

§ Qoyun əti – 159 qr

§ Soğan – 32 qr

§ Duz – 2 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Yağlı qoyun əti doğranır. Duz, istiot vurulub, fal-fal doğranmış soğanla qarışdırılır. Üzərinə su tökülərək, qazanın ağzı bağlanır və vam odda bişirilir.

 

Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Wednesday, 04 September 2024 15:43

BİR SUAL, BİR CAVAB İbrahim İlyaslı ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Gör mən nə saymışam, fələk nə sayıb,

 Dönüb sənə baxmaq sayılır ayıb...

 Aradan qırx igid ömrü adlayıb,

 Mən həmən dəliyəm, sən həmən gözəl! (İbrahim İlyaslı)

 

Qəlblərin odunu duyan şairimiz, o obrazların məbəbbətindən qalanan ocağı zaman kül edə bilməmişdir. Əksinə, ayrılıq zamana meydan oxuduqca sevgi alovu daha da güclənmişdir. Bəzən söyləyirlər ki, artıq sevgi yoxdur. Bu fikrə İbrahim İlyaslının münasibəti necədir? 

 

 CAVAB

Necə yəni sevgi yoxdur? Sevgi yoxdursa, bəs bunu söyləyən adam necə yarandığının fərqində deyilmi? Mövcud olan bütün canlı varlıqlar sevginin ifadəsi deyilmi? Sevgi yoxdursa aşağıdakı hissləri bizə yaşadan və bu şeiri yazdıran hansı qüvvədir?

 

Gözəllik bəşərə görk olsun deyə,

Qıydı Yer üzünə fələklər səni.

Dayandı səcdənə ulduzlu Göylər,

Qısqandı Allaha mələklər səni.

 

Billah, belə sevda gəlməz hər başa–

Od suya calandı, alğış qarğışa.

Yanıb kül olunca qıldı tamaşa

Şövqündən əriyən bəbəklər səni.

 

Şimşəklər teyləndi qəfil üstümə,–

Döndü qəflətxanam altı-üstünə.

Susadı qanıma, durdu qəsdimə

Öpüb oxşadıqca küləklər səni.

 

Qüdrətim çatmadı vəsfi-halına,

Pir deyib, əyildim gül camalına.

Belə çoxmu gördü qul misalına,

İblis yuvalanmış ürəklər səni?

 

VARsansa – varımsan, YOXsansa yoxum,

Ən halal zülmümsən, ən haram yuxum.

Sağ qalınca cismim, ölüncə ruhum

Müdam ayağına iməklər sənin.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Wednesday, 04 September 2024 15:12

GÜLÜŞ KLUBUnda qayğıkeş ata məsləhəti

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Yay da əməkhaqqı kimidir, tez qurtarır. 

 

2.

Arvad ərinə:

-Sən heç uşaqla məşğul olmursan, ona heç nə öyrətmirsən.

Bunu eşidən ər cəld yan otağa səslənir:

-Afiq, bala, elə ki səkkizinci mövqeyə çıxdın, orda dərhal qapının dalında üç keçi dayanıb.  Ona görə də qapı açılan kimi atəş aç ki can qazana biləsən. 

 

3.

Cahangir BEK günümüzdə kəş BEK hayındadır. 

 

4.

Varlı dostlara zəng eləmirsən ki, elə biləcəklər pul istəyirsən.

Kasıb dostlara da zəng eləmirsən ki, pul istəyəcəklər.

Beləcə də dostluq ölür.

 

5.

Xüsisi karantin rejimi ən çox saxlanan ölkə kimi Azərbaycan tarixə düşüb. Dünya koronavirusu unudubsa da biz unutqan xalq deyilik, sədaqətlə xüsusi karantin rejimimizi davam etdirib bu sahədə lider ölkəyə çevrilmişik. Hər bir birincilik gözəldir, deyilmi? 

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Wednesday, 04 September 2024 11:21

Azərbaycandan Dubaya turist axını xeyli artıb

Ötən ilin yayında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında viza rejiminin ləğv edilməsi iki ölkə arasında turizmin inkişafına faydalı təsir göstərib. 

 

Xüsusilə, təkcə 2023-cü ildə Azərbaycandan Dubaya turist axını 2022-ci il ilə müqayisədə 69 faiz artıb. Bu barədə Dubay İqtisadiyyat və Turizm Departamentinin Bakıda təşkil etdiyi tədbirdə deyilib.

Dubayın İqtisadiyyat və Turizm Departamentinin Asiya-Sakit Okean regionunda beynəlxalq əməliyyatlar üzrə regional direktoru Şahab Şayan AzərTAC-a  bildirib ki, bu tendensiya 2024-cü ildə də davam edəcək: bu ilin ilk altı ayında Azərbaycandan gələn turistlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62 faiz artıb, bu da Dubayın artan cəlbediciliyindən xəbər verir. Dubay və Bakı arasında birbaşa uçuşların mövcud olması şəhərlər arasında əlaqələri daha da gücləndirir. 

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığı gücləndirir və bu, turizm seqmentində də baş verir: “Azərbaycan Dubay üçün getdikcə perspektivli bazara çevrilir və biz bu prosesin şahidi olmaqdan şadıq. Bu irəliləyiş regionlar arasında əlaqələrin güclənməsini və Dubayın aparıcı turizm istiqaməti kimi statusunu təsdiqləyir. Biz turizm infrastrukturunu daim təkmilləşdirir və Azərbaycandan olan səyahətçilər üçün istirahəti unudulmaz, rahat və təhlükəsiz etmək üçün unikal təəssüratlar təklif edirik”.

Onun sözlərinə görə, Dubaya beynəlxalq turist axını da artmaqda davam edir. 2023-cü il rekord il oldu - əmirlik 17,15 milyon xarici turist qəbul edib. Turizm artımı 2024-cü ildə də davam edib: yanvar-iyun aylarında 9,31 milyon beynəlxalq turist Dubayı ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur. 

Azərbaycandan və dünyanın hər yerindən gələn turistləri Dubayda tarixi və mədəni yerləri ziyarət etmək imkanı cəlb edir. Dubayın şərq koloriti ilə zəngin bazarları da turistlərdə eyni dərəcədə maraq doğurur. 

BƏƏ-də kruiz turizmi sektoru da fəal inkişaf edir. Hazırda Dubaya 8 kruiz marşrutu təklif edən 8 kruiz layneri gəlir. Onlardan biri turistlər üçün çox cəlbedici olan BƏƏ ətrafında kruiz təklif edir.

Qeyd etmək lazımdır ki, Dubayın yüksək nailiyyətləri beynəlxalq səviyyədə tanınıb: 2024-cü ilin əvvəlində şəhər ardıcıl üçüncü dəfə “Tripadvisor Travellers’ Choice Awards” tərəfindən tərtib edilən ən yaxşı turizm istiqamətləri siyahısında birinci yerdə qərarlaşıb. 

Dubay dünyanın hər yerindən turistləri cəlb edən müxtəlif tədbirlərin keçirilməsi və yeni görməli yerlərinin aşılması sayəsində də qlobal istirahət və əyləncə məkanı kimi etibarını gücləndirməyə davam edir. 

Ən son əlamətdar hadisələrdən biri də “Dubai Parks and Resorts”da yerləşən və məşhur futbol klubunun himayəsi altında fəaliyyət göstərən bir növ ilk olan “Real Madrid World” əyləncə parkının açılışı olub. Bu, ötən ilin oktyabrında DET və Real Madrid arasında imzalanmış, hər iki təşkilatın inkişafı üçün yeni perspektivlər açan və 2033-cü ilə qədər ölkənin ÜDM-ni ikiqat artırmağı hədəfləyən Dubay İqtisadi Proqramını (D33) dəstəkləyən uzunmüddətli saziş sayəsində mümkün olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi

 

Əbdülməkarim Mücirəddin Beyləqaninin (1130-1194) Beyləqanda, 1130-cu ildə anadan olduğu bir çox mənbələrdə qeyd olunur. Bəzi mənbələr isə sadəcə XII əsrin nümayəndəsi olduğunu vurğulayır, doğum tarixinin tam bəlli olmadığını yazır. 

 

Atası oğuz türklərinin bayandurlar nəslindən, anası isə həbəş qızı olmuşdur. Atası Zəhra xanımı qul bazarından almış, sonra isə evlənərək özünə arvad etmişdir. Mücirəddindən soruşanda ki, haralısan o bu misralarla bildirərmiş:

 

Mənim atam türkdür, anam həbəşdir,

Təbimin alovu sanki günəşdir.

 

Elə bu misralar da deyilənləri təsdiq edir. Bəzən “türk” sözünün gözəl, “həbəş”in isə çirkin olması ilə bağlı mübahisəli məqamlar yaransa da, düşünürük ki, bu doğru təhlil deyildir. Məna etibarı ilə türkün gözəl, həbəşin çirkin olmasına bir söz deyə bilmərik. Lakin ədibin bu misralarda həmin mənaları ifadə etmədiyi doğrudur. Bəzən bu kimi fikirlərə əsasən ədibin əslən Beyləqanlı olmadığını da qeyd edənlər çoxdur. Sadəcə bu, həqiqəti əks etdirmir. 

Şair uşaq yaşından layla, oxşama və vətən nisgilli bayatılarla böyüyüb. Bayatıların vətən nisgilli olması da anasının keçdiyi həyat yolu, qul olaraq öz doğma torpaqlarından uzaq düşməsi ilə bağlıdır. Şair bədbəxt hadisə nəticəsində atasını itirmişdir. Bu dərdə dözməyən Zəhra xanım da qısa zamanda dünyasını dəyişmiş, Mücirəddin yetim qalmışdır. 

Beyləqani mədrəsə təhsili alıb. Şair 6 yaşından ərəb və fars dillərində artıq yazıb-oxumağı bilir. Müəllimlərinin məsləhəti ilə elm yolunda getmiş, şair olmuşdur. Yetim qaldıqdan sonra Şamaxı şəhərinə, Xaqaninin (1126–1199) yanına gedərək ondan şeir sənətinin dərinliklərini öyrənmiş, Fələkidən çox bəhrələnmişdir. Ustadı Xaqani onu “Mücir” deyə çağırıb. O, yazılarını bu təxəllüslə təqdim etmişdir. Şairin tanınmasında Əbul Ula Gəncəvinin (1096–1159) böyük rolu vardır. Şairi Şirvanşaha təqdim edərək, istedadı haqqında danışmış, saray şairi etmişdir. O, hökmdarlara mədhiyyələr yazmış, məliküşüarası olmuşdur. (Məliküşüara, yəni şairlər mələyi). Atabəy Şəmsəddin Eldəniz onu saraya dəvət etmiş, Mücirəddin isə Atabəyin qələbəsinin şərəfinə təşkil olunan ziyafətlərdə şəninə şeirlər söyləmişdir. Beyləqani haqqında araşdırmalar apararkən onun rübailəri, qəzəlləri, qəsidələri olmaqla yanaşı, eyni zamanda gözəl avaza sahib olması nəticəsinə gəldik. Buna misal olaraq Beyləqanda yazıb-yaratmış Asif Cəfərlinin “Mücirəddin” kitabından sitata nəzər salaq: 

 

“Mücirəddin baş əyib mərsiyyəyə başladı. Yas məclisində əyləşən əhali Mücirəddinin hər bir beytindən qüssələnib, göz yaşı axıdardılar. Yenə mərsiyyə deməsini istəyərdilər. Yas mərasimlərində, yaxından-uzaqdan yüzlərlə  insanlar iştirak edirdilər” . 

 

Bu, onun yanıqlı avaza sahib olmasının göstəricisidir. Mərsiyələrin birində kaman sözünə rast gəlsək də bu bildiyimiz alət mənasında deyildir. Həmin misraları təqdim edirik: “Möcüzə kim göstərər, atmış müəyyad aləmi, Ox necə uçun, kaman ayrıldı yaydan, getdi, at”.

 Bundan başqa qəzəllərinin birində ud ifadəsinə rast gəldik ki, bunu da bənzətmə olaraq təqdim edək: “Ud qoxulu saçların düyün-düyün görüncə mən, Dedim düyün-düyün olar daima ud gözəllikdən”. Bu misralardakı ud sözü isə xoş qoxulu ot adıdır ki, yandırarkən rayihəsi hər tərəfə yayılıb, gözəl əhval yaradır. Bu qənaətə gəlirik ki, ud çalğı aləti olaraq idiofonlu (özənsəsli) alət deyil, müqayisəli bənzətmə şəklində qeyd olunmuşdur. Ancaq Mücirəddin Beyləqaninin əsərlərində musiqili məqamlar da var ki, onlardan birində rud çalğı alətinin adı çəkilir. Bu misralar “Arzu atını çapma ki, ömür qaçağandır” adlı qəzəlindədir. Mübariz Əlizadənin tərcüməsi əsasında həmin misraları qeyd edək: 

 

Xoşhal kişi axtarma cahan içrə fələkdə- 

Şən varsa, qadındır, o da ki, rud çalandır.

 

Bildiyimiz kimi, rud qədim alətlərimizdən biridir. Simli alət olub, ud tipli alətlərə aid olunur. Hətta bu alətin V əsrdən var olduğu da bildirilir.  Əsasən saray mədəniyyətinə xas olan alət, əvvəllər yalnız barmaqla dartılaraq istifadə olunduğu, daha sonra isə elastik mizrabla çalındığı yazılır. Bu alətin adı bir çox şairlərin yaradıcılında rast gəlinir. Bunlardan Nizami Gəncəvini misal göstərə bilərik ki, o da Mücirəddin Beyləqani ilə eyni əsrdə yaşayıb-yaratmışdır. Bundan başqa Əbdülqadir Marağalının (1353–1435) da yazılarında rud alətinin adına rast gəlmək mümkündür. Yalnız diqqət etdinizsə şair burada alətin ifasını qadında daha uyğun görərək misralarında da bu şəkildə qeyd etmişdir. Belə ki, rud çalanın kişi deyil, məhz qadın olması göstərilib. 

Şairin şeirlərində musiqili məqamları axtararkən daha bir neçə nümunəyə rast gəldik. Həmin məqamları təqdim edirik:

 

Ağıllı eyş-işrətdən sipər sazlar bu anlarda,

Xüsusən indi ki, möhnət oxu vardır kamanlarda.

Gərək cəngin sədası saf şərabdan, yar zülfündən,

Zireh hazırlayaq, ta qurtaraq dövran zülmündən.

 

Yüksəlsin doqquz gözlü yanıqlı neyin səsi,

On barmaqla çalınsın, eşidilsin naləsi...

 

Ölümü həyatdan xoş bil, qarğı ol,

Diriykən qənd verir, ölüykən nəva.

 

Bildiyimiz kimi, “Nəva” şur məqamına (lad) aid edilən bir muğamdır. Nəva fars sözü olub – avaz, ahəng, musiqi səsi mənasındadır. Burada da şair həmin avazı, musiqi ahəngini vurğulayır.

XII əsr saray şairi olmuş Mücirəddin Beyləqani bu diyarın dəyərli ədibi olmaqla tarixdə iz qoymuşdur. Şairin ədəbi irsindən dövrümüzə çatan ”Divanı”ı bu gün də Təbrizdə və Britaniya muzeylərində saxlanılır. Əsərləri Ermitajda, Vatikanda, Drezdendə, Parisdə muzeylərdə sərgilənir.

Mücirəddin Beyləqani Təbrizdə şairlər qəbristanlığında dəfn olunmuşdur. 1987-ci ildə Beyləqanda şairin adını daşıyan parkda İbrahim Zeynalova məxsus memarlıq abidəsi ucaldılmışdır. Bu, əhəmiyyətli memarlıq abidəsinin ölçüsü 3 metrdir.

Azərbaycan ədəbiyyatı qədimdir, nəhayətsizdir. Hələ ta qədimdən musiqi ilə söz yanaşı olub. Bu birgəlikdən istənilən qədər danışmaq mümkündür. Beləcə görkəmli şair, işığından güc- qüvvət aldığımız Mücirəddin Beyləqaninin Azərbaycan ədəbiyyatına və Beyləqan ədəbi, musiqi mühitinə bəxş etdiyi töhvələrlə tanış olduq.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

İmran Verdiyev, “Ədəbiyyat və incəsənət”, Oğuz təmsilçisi

 

 

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Nazim Hüseynli Oğuz bölgəsinin tanınmış yazarlarındandır. Həm də yaşadığı cəmiyyətə onəm verən, dünyanı və gələcəyi düşünən, öz sosial məsuliyyətini anlayan yazarlardandır. 

 

O, əsərlərində insanlara xoşbəxt anlar bəxş edə, onlarda sevgi oyandıra bilir, duyğuları dilə gətirməyi bacarır. İnsana məhəbbət, haqq-ədalət, ədalətin zəfər çalması, milli-mənəvi dəyərlərin müqəddəsliyi onun əsərlərinin pofosunu gücləndirən əsas amillərdəndir.

Yaradıcılığa orta məktəbdə oxuyarkən başlamış N.Hüseynlinin ilk mətbu əsəri 1971-ci ildə təhsil aldığı ali məktəbin (BDU) qəzetində dərc olunmuş “Səbayel... Heft daşları” şeiridir. Sonralar şeir və hekayələri “Ədəbiyyat qəzeti”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Zaman”, “Vətən”, “Mingəçevir işıqları”, “Ordu”, “Ədalət”, “Kredo”, “Türküstan”, “Qala”, “Oğuz yurdu” qəzetlərində; “Pioner”, “Göyərçin”, “Ulduz”, “Kənd həyatı”, “Kirpi” jurnallarında və digər mətbuat arqanlarına, “Bahar çiçəkləri”, “Yaşıl budaqlar”, “Yeni səslər” almanaxlarında dərc edilmişdir. 

Onun 1991-ci ildə “Şabalıdlı dərə”, 2000-ci ildə “Oğuz lətifələri”, 2001-ci ildə “Uzun hörüklü qız”, 2008-ci ildə “Oğuzdur elim mənim”, 2012-ci ildə “Yurdum, torpağım, əzəl ünvanım – Oğuz”, 2015-ci ildə “Qədim Oğuz yurdu – Xaçmaz kəndi”, 2018-ci ildə “Bütovlük həsrəti”, 2024-cü ildə ”Torpaq uğrunda şəhid varsa, Vətəndir” adlı kitabları nəşr olunmuşdur. N.Hüseynli həm də Oğuz bölgəsinin şeir və nəsr həvəskarlarının yaradıcılıq nümunələrindən ibarət “Kövrək addımlar” və “Oğuzun sözü” almanaxlarının tərtibçisi və redaktorudur.

 N.Hüseynli güclü müşahidə qabiliyyətinə və dərin ümumiləşdirmə bacarığına malikdir.   Onun əsərlərindən alınan təəssürat oxucunun ağlına təsir edir, onun həyatın müxtəlif sahələrinə münasibətinə təsir göstərir. “N.Hüseynli yaradıcılıq sferasında müxtəlif istiqamətlərdə uğurla yazıb yaradır. Həm mövzu əhatəsi baxımından, həm də janr müxtəlifliyi ilə zəngin yaradıcılıq örnəklərini ilkin müşahidədən sözə, sənətə çevirir.”

O, bütöv Vətən düşkünü və bir turan sevdalısıdir. Təsadüfi deyildir ki, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli onun “Bütövlük həsrəti” kitabına  ön sözdə yazmışdı: “Bütövlük həsrəti” kitabı N.Hüseynli yaradıcılığında yeni bir ədəbi hadisə olub, geniş mənada təzə ideya-bədii məzmun deməkdir. Burada verilmiş əsərlərin çoxu ideyasının aktuallığı və içtimai-siyası məzmunu ilə seçilir. Bu əsərlərdə əsasən məzmun formanı müəyyən etsə də, bəzən forma məzmuna bədii don geydirir, onun bədii-estetik təsirini gücləndirir. Məhəbbət mövzusunda olan əsərlər istisna olmaqla, digər əsərlərdəki “bütövlük”, “birlik” və “türkçülük” anlayışları N.Hüseynlinin “yaxınlıqda görünən uzaqlığı ifadə edən orjinal və ümumiləşdirilmiş bədii düşüncələridir.”

N.Hüseynlinin şeirlərinin çoxunda, o cümlədən “Bütövlük həsrəti” və “Turan” poemalarında parçalanmış xalqımızın birlik, bütövlük arzusu və türk xalqlarının dostluq, qardaşlıq və birliyi tərənüm olunur. AYB-nin Oğuz bölməsinin (Oğuz, Qəbələ və İsmayıllı rayonlarını əhatə edir) sədri V.Oğuz onun yaradıcılığından danışarkən belə deyir: “N.Hüseynlinin əsərlərində həmişə bir təbiilik, bütövlük həsrəti, torpaq sevgisi hiss edilir. Onun əsərlərində türkçülük ruhu, böyük Turan sevgisi dolaşmaqdadır. İstər gənclik illərində, istərsə də son dönəmlərdə yazdığı şeirlərin əsas qayəsini insana sevgi, Vətənin bütövlüyünün bərpasına çagırış, türk xalqlarının birliyinə inam təşkil edir.”

Əli Rza Xələflinin də yazdığı kimi, N.Hüseynlinin əsərlərindəki “...bütövlük həsrəti böyük Azərbaycan arzusundan, sağlam insan, mükəmməl cəmiyyət arzusundan yaranmış şeirlərin toplusudur.”

Şairin “Tikanlı məftillər sökülür daha”, “Azərbaycan”, “Nə vaxt” və digər bir çox  şeirlərində bütövlük – vahid Azərbaycan arzusu bərq vurur və öz parlaq əksini tapır:

 

 Su axmır, göz yaşı axır Arazdan,

 Bütövlük həsrəti baxır Arazdan...

                     (“Tikanlı məftillər sökülür daha”)

Və yaxud:

Xalqım Quzeyli, Güneyli ayağa qalxıb 

nə vaxt hayqıracaq:

Yağı, Vətənimdən əl çək!...

Bütün parçalanmış xalqlar,   

bütün dünya birləşir,

Azərbaycan nə vaxt birləşəcək ?!

                                                       (“Nə vaxt?”)

O, bütöv Azərbaycan ruhunun itməməsi üçün daxili bir inersiya ilə çalışır, yazıb yaradır. Nümunələr də göstərir ki, şair üçün “bütöv Azərbaycan ideyası obrazlı desək, bədənin canı, gülün bülbülü, ananın balanı axtarması, ona qovuşması kimi bir olaydır.”

Şairin birlik və bütövlük arzuları ustad M.Şəhriyarın əziz xatirəsinə həsr olunmuş ”Bütövlük həsrəti” poemasında daha aydın əks olunmuşdur. Bu poema M.Şəhriyarın “Heydərbabaya salam” poemasını xatırladır. Poemada N.Hüseynli bədiiliyin imkanlarından məharətlə faydalanmışdır. O, bədiiliyi təmin etmək üçün təsvir və ifadə vasitələrindən, obrazlı söz, ifadə və cümlələrdən uğurla istifadə etmiş, sözlərin seçilməsinə xüsusi qayğı ilə yanaşmışdır. Bu poemada müəllif Azərbaycanın parçalanmasını sağalmayan və zaman-zaman qan verən yara hesab edir:

 

Heydərbaba, xalqım param-paramdı,

Sağalmayan, o qan verən yaramdı,

Yediyimiz çörək bizə haramdı,

O tay, bu tay birdən qaxıb durmasaq,

Birləşməsək, bir məmləkət qurmasaq.

 

Poemada “param-param” olmuş Vətənin birləşməsi, bütövlüyü uğrunda mübarizə tarixindən də maraqlı səhifələr verilir, ancaq Cənubi Azərbaycanın deyil, Dərbəndin, Borçalının, İrəvanın və Qarabağın da davası edilir. Dəfələrlə şimşək kimi çaxan, müstəqillik savaşına qalxan, sel kimi meydanlara axan və bu yolda şəhid olanların unudulmaz xatirəsi ehtiramla yad olunur. Şair çıxış yolunu “azadlığın bayrağını əkənlərin, məftilləri, dirəkləri sökənlərin” qəhrəmanlıq ənənələrini davam etdirməkdə, birlikdə mübarizə aparmaqda görür:

 

Cənub, Şimal omuz-omuza verməli,

Birləşməli, bir məmləkət qurmalı,

Bütövlüyün keşiyində durmalı.

Qələbələr ağıl ilə çalınır,

Birlik sovqat verilməyir, alınır.

 

Ümumiyyətlə, N.Hüseynlinin əsərlərində bütövlük həsrəti – cənub həsrəti – bütöv Vətən arzusu nəsillər və dövrlər arasında qırılmaz varislik yaradan mənəvi tarixi amillərdən biri kimi qırmızı xətlə keçir. Onun üçün bütövlük haqqın bərpasıdır.

VII Üluslararası Türk dünyası Şeir və Musiqi Festivalı adına təsis olunmuş Atatürk medalı ilə təltif olunmuş N.Hüseynlinin bir çox əsərlərində (Məsələn, “Çaldıran döyüşü”, “Türk birliyi yaransın”, “Uyğurlar”, “Tatarlarsız qaldı Krım”, “Axıska türkləri yurd həsrətində”, “İlyaskaya, İlyaskaya, İlyaskaya, ağlama” şeirlərində və “Turan” poemasında və s.) isə türk xalqlarının birliyi təbliğ edilir. Türkçülük ideyaları bu əsərlərin ana xəttini təşkil edir. Həmin əsərlər N.Hüseynlinin türkçülüyə olan böyük məhəbbətini bir daha təsdiqləyir. Maraqlı məzmununa, parlaq ideyasına və bədii xüsusiyyətlərinə görə də bu əsərlər xüsusi diqqət çəkir. Lirik qəhrəmanın səmimiliyi, yüksək emosionallığı oxucunu düşündürür, onu qaldırılmış problemlərin mahiyyətini dərk etməyə sövq edir.

Şair türk dünyasının qəhrəmanlıq tarixindən fəxrlə söz açır. O, bu tarixin şanlı səhifələrini qürur hissi ilə vərəqləyir, “manqurtlaşmaq qorxusu” keçirir, qətiyyətlə türkü özünə dönməyə və öz böyüklüyünə inanmağa, yaddaşını oyatmağa və həmişə oyaq saxlamağa çağırır. “Turan” poemasında  oxuyuruq:

 

Yaranışın əvvəlidir, lap önüdür,

Hun-Türk köklü insanların məskənidir,

Yer üzündə kültürün ilk vətənidir

Keçmişimiz, sabahımız ulu Turan.

 

Atilladır boz kırlarda atın çapan,

Yüz minlərlədir atın qovub ona çatan,

Ürəklərdə Şərqdən Qərbə ucsuz Vətən,

Keçmişimiz, sabahımız ulu Turan.

 

Bu əsərlərdə türkün şanlı tarixindən şərəf duyan, lakin “Keçmişimiz zəfər dolu, son əsrlər kədər dolu”,- deyən şair türkün haqqını çeynəyənlərin hələ çox olduğunu, bəzi türk xalqlarının əsarətdə göynədiyini, türk dünyasının üzləşdiyi çətinlikləri xatırladır. Məsələn, “Uyğurlar” şeirində oxuyuruq:

 

On beş milyon bir milyardın içində,

Bir-birindən fərqli dildə və dində...

Təhqir, təzyiq, zindan, ölüm hər gündə,

Bezir, bezir uyğurlar!

 

“Dərdli Krım tatarları” şeirində isə doğma yurd-yuvasından didərgin salınmış Krım tatarlarının acı taleyi təsvir edilir:

 

Haqsızlığa ov oldular,

Hara gəldi qovuldular,

Bir toz kimi sovuldular,

Dərdli Krım tatarları.

 

 N.Hüseynli türk dünyasına qara əllərin uzandığı, istər daxildən, istərsə də xaricdən türk xalqlarının birliyinə əngəllərin törədildiyi bir vaxtda, baş verən faciələrin qarşısının alınması üçün “torpaqları uc-uca, tarixləri qos-qoca, kültürləri çox uca, qovmü – kökü bir, yolu bir, boz qurdu bir, Turan adlı yurdu bir olan” türklərin bir əsrdən artıq tarixi olan türk birliyi ideyasının gerçəkləşməsinin zəruriliyinə diqqəti cəlb edir:

 

Türkün haqqın çeynəyənlər hələ çox,

Əsarətdə göynəyənlər hələ çox,

Vulkan kimi qaynayanlar hələ çox,

Türk birliyi, türk birliyi yaransın !    

                            (“Türk birliyi yaransın!)

 

Yaxud:

Hər sözümüz bir olmalı,

Hər səsimiz bir olmalı,

Hər kəlməmiz bir olmalı,

Diləyimiz türk birliyi.     

                                    (“Diləyimiz türk birliyi”)

 

Türk birliyinin yaranması yolunda görülən işləri fəxrlə qeyd edən şair “mübarizlik, cəsarət, ağıl, məslək və ideal baxımından bədii təxəyyülünün ən gözəl ifadələrindən olan” “Turan” poemasında sevinclə deyir:

 

Çox tezliklə axan sular durulacaq,

Ulu tanrı rizasıyla görüləcək:

Turan adlı birliyimiz qurulacaq,-

Keçmişimiz, sabahımız ulu Turan.

 

Mübahisəsiz, N.Hüseynlinin Vətənin bütövlüyünə, tükçülük ideyalarının tərənnümünə həcr olunmuş şeir və poemalarını ədəbiyyatımızda bu günə kimi yaradılmış və türkü bütöv Azərbaycan idealına və öz böyüklüyünə inandıran, dost-düşmənini tanıdan, birliyin yolunu göstərən dəyərli əsərlər sırasına daxil edə bilərik.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

“Aləmdə səsim var mənim" romanı ona məşhurluq gətirdi. Yazıb yaratdı, dərs dedi, ictimai işlərlə məşğul oldu, xeyriyyəçilik etdi. Həqiqətən də aləmdə səsini qoyub getdi! 

 

Bu gün xalq yazıçısı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, ictimai xadim, professor Əzizə Cəfərzadənin anım günüdür. 

Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur.

İbtidai təhsilini bitirdikdən sonra 1938-1940-cı illərdə Mirzə Ələkbər Sabir adına Pedaqoji Texnikumunda və paralel olaraq  Bakı Teatr texnikumunun tənqid şöbəsində təhsil almışdır.

1945-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1946-1947-ci illərdə ekstern yolu ilə imtahan verərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir.

Sonralar o, müxtəlif illərdə 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmiş, 1943-cü ildə Kürdəmir rayonunda Kəngərli kənd məktəbinə direktor və rus dili müəllimi vəzifəsinə təyin edilmişdir.

1944-1946-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1948-ci illərdə Bakı teatr texnikumunda direktor olmuşdur. 

1950-ci ildə Azərbaycan Dövlət Universitetində "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı gənc surətləri" mövzusunda disertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almış və univrrisitetdə "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında müəllim işləmişdir.

1950-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji institutunda dosent, sonralar isə kafedra müdiri olmuşdur.

1956-cı ildə Xobarovsk Pedaqoji institutunun Petropavlovsk-Kamçatka filialında Qədim dünya ədəbiyyatından dərs demiş və həmin institutun dosent olmuşdur.

1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışmışdır. 

1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında aşıq tərzi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.

1974-cü ildə Bakı Dövlət Universitetinin əvvəlcə Azərbaycan ədəbiyyatı tarixi, daha sonra isə Folklor kafedrasının professoru elmi adını almışdır. 

1981-1989-cu illərdə Respublika Qadınlar şurasının sədri olmuşdur. 

1990-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş XX əsrin 20-ci illərində vətəndən didərgin düşmüş, Azərbaycandan Türkiyəyə köç etmiş siyasi mühacirlər haqqında çəkilmiş "İstiqlal yollarında" adlı qısametrajlı sənədli filmin aparıcısı olmuşdur.

4 iyul 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" Sərəncamı ilə komissiyanın üzvü seçilmişdir.

Əzizə xanım ədəbi fəaliyyətə 1937-ci ildə 16 yaşındaykən "Ədəbiyyat” qəzetində çap edilən “Əzrayıl” adlı ilk hekayəsi ilə başlamışdır.

1948-ci ildə "Hekayələr" adlı ilk kitabı nəşr edilmiş, lakin yazıçı "Axmatovşinalıq”da günahlandırılaraq Moskvanın xüsusi qərarı ilə kitab sarışa buraxılmadan yandırılmışdır.

Sonralar Müasir Azərbaycan nəsr tarixində tarixi romanlar müəllifi kimi də tanınan Əzizə Cəfərzadənin 1963-cü ildə Xurşidbanu Natəvanın həyat və yaradıcılığna həsr etdiyi  “Natəvan haqqında hekayələr", 1964-cü ildə "Qızımın hekayələri" adlı kitabları çap olunmuşdur. 1965-1966-cı illdərdə həyat yoldaşının işi ilə əlaqədar Qanada səfərdə olmuş kitabxanalarda ərəb əlifbası ilə olan yazılar üzərində çalışmış və Qana haqqında hekayələr yazmışdır.

1966-cı ildə "Sahibsiz ev", 1968-ci ildə Qanada yaşadığı dövrün səfər təssüratını qələmə aldığı "Qızıl sahilə səyahət", 1970-ci ildə "Əllərini mənə ver" adlı kitabları nəşr olunmuşdur.

1972-1978-ci illərdə "Aləmdə səsim var mənim" adlı ilk tarixi romanının I və II hissələri, daha sonra tam kitab şəklində çapdan çıxmışdır.

1977-ci ildə "Vətənə qayıt", 1980-ci ildə "Yad et məni" romanları,

1981-ci ildə "Bakı 1905" romanı, "Azərbaycan poeziyasında xalq şeiri üslubu" adlı tədris vəsaiti (birinci hissə), 1982-ci ildə "Anamın nağılları", 1983-cü ildə "Cəlaliyyə", 1985-ci ildə "Sənsən ümidim"

adlı kitabları, 1986-cı ildə "Seçilmiş əsərləri" çapdan çıxmışdır.

1988-ci ildə "Çiçəklərim" adlı hekayələr kitabı və 1989-cu ildə "Sabir" adlı əsəri işıq üzü görmüşdür. 

1991-ci ildə tərtib etdiyi "Azərbaycanın aşıq və şair qadınları", 1992-ci ildə XIX əsr Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatı haqqında qələmə aldığı "Eldən elə", 1996-cı ildə "Gülüstan'dan öncə" və "Zərrintac Tahirə", 1997-ci ildə "Bir səsin faciəsi" adlı romanları, 1998-ci ildə "İşığa doğru" adlı povesti çap olunmuşdur.

1999-cu ildə "Azərbaycan poeziyasında xalq şeiri üslubu: XIX əsr materialları əsasında" adlı kitabının II hissəsi çap olunmuşdur.

2001-ci ildə "Bəla" tarixi povesti, "Pişik dili" uşaq hekayələri və qardaşları Məmməd və Əhməd Cəfərzadə ilə həmmüəllif olduğu "Biz Cəfərzadələr" kitabları nəşr edilmişdir. 2003-cü ildə "Xəzərin göz yaşları" povesti işıq üzü görmüşdür. 

Bundan başqa Əzizə xanım tərcüməçiliklədə məşğul olmuş və Sevinc Çokumun "Bizim diyar" və Əhməd Kabaklının "Əjdaha daşı" kitablarını türkcədən Azərbaycan dilinə tərcümə etmişdir. Həmçinin o, müxtəlif illərdə bir çox xarici ölkədə  yaradıcılıq ezamiyyərlərində, beynəlxalq simpoziumlarda olmuş, tədbirlərdə iştirak etmişdir. 

Müxtəlif zamanlarda onun "Gözlənilməyən gəliş", "Qorxulu həqiqət", "Ata haqqı" və "Analar" telepiyesləri Azərbaycan dövlət televiziyasında tamaşaya qoyulmuşdur.

Əzizə xanımın əsərləri türk, rus, qazax və s dillərə tərcümə edilmişdir.

O, 1990-cı ildə 20 yanvar hadisələrini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Türkiyə və Kiprdə olmuşdur.

Yazıçı 1979-cu ildə Hacıqabul rayonunun Udulu sovetliyinin Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmiş, 1989-1990-cı ildə Məhəmməd Füzulinin mənsub olduğu güman edilən Şamaxının keçmiş Bayat kəndi ərazisində xatirə lövhəsi qoydurmuşdur.

Əzizə xanım Azərbaycan xalqı qarşısındakı xidmətlərinə görə müxtəlif vaxtlarda "Xalqlar dostluğu" ordeni, "Məshəti xanım Gəncəvi" adına mükafatı və "Xan qızı Natəvan" mükfatına, "Sara Xatun" və "Azərbaycan anası" fəxri diplomlarına, eləcə də prezident mukafatına layiq görülmüşdür. 

Bundan başqa o, "Şöhrət ordeni" ilə təltif edilmiş, "Xalq yazıçısı" fəxri adı almışdır. 

Əzizə Cəfərzadə haqqında kitablar, monoqrafiyalar yazılmış, filmlər çəkilmişdir.

O, 2003 cü ildə sentyabr ayının 4-də 82 yaşında uzun sürən ağır xəstəlik səbəbi ilə Bakıda vəfat etmiş və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağlı kəndində dəfn edilmişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.