“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Əhərdə yaşayan Xan Sənəmdir.
Xan Sənəm
Əhər
I
Bu sevgi halımı çox dolandırır,
Bir öncül insana döndərir məni.
Vəhşicə maşının alır üstümə,
Yeni dünyalara göndərir məni.
Bu sevgi bitməyən bir həyəcandır,
Rəvamı içimdə sıxıb boğam mən?
Məryəm öz əsrində doğan İsaya,
Vaxtıdır indi bir bacı doğam mən.
Vaxtıdır dilimə silah bağlayam,
Qalxana çevirəm şeri, bitiyi.
Bütün tabloları düzüb yan-yana,
Gözümü qırpmadan çəkəm tətiyi.
Sarı saçlarımı sapand eyləyib,
Doğunun göbəyin atam batıya.
Köhnə düşüncəni qoşub tarixə,
Bütün muzeyləri qoyam xataya.
Bu sevgi halımı çox dolandırır,
Çəkir qanadsızca məni göylərə.
Səadət qoxuyur, azadlıq doğur,
Bu sevgi sığmayır, sığmayır yerə.
“Ədəbiyyat və incəsənət”
(11.12.2024)