“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Məmməd İsmayılın şeirləri təqdim edilir.
Bu qədər şəhidi
olan ölkənin
Qocası ölümdən
qorxan deyil ki...
Titrək əllərində əsa umudu
Yaşamaq öyrənir ömür ağrıdan.
Yəni doğrudanmı yaşamaq budu,
Yəni doğrudanmı?
Yəni doğrudan!
Sona nə yazıbmış kor olası baxt
Uzaq yaxın olmur, yaxın uzaqmı?
Taleyin sözünə baxmırdı bir vaxt
İndi də ayağın sözünə baxmır.
Gəlib gəlmədiyin bəlli deyil ki
Nə torpaq sevinər, nə ayaqların.
Burdan başlamışdı hər şeyin ilki
Və... uşaq çağların - uzaq çağların.
Yüz il yaşasa da ömrün gözü ac;
Yəqin, gəncliyimi gətirib yada.
Halıma nəfəsi təngiyən yamac
Dərədən təpəyə ayaq açmada...
Batır qocalığın çıxardığı səs
Ürəyin yamacda mələyən quzu
Neyləsin yerinə utanan həvəs,
İçində qönçəsi qan olan arzu?
İstəsən haqqını istə ki, haqdan
Güc verən tək olan Allahdır, təkə.
Axsaq ayağına baxıb uzaqdan
Çıxdığın zirvələr xəcalət çəkər.
Qocalan gözlərin düşüb çuxura
Ay batır, gün doğub gününü sayır.
Özünü bənzətmə axsaq Teymura
Tək sən axsamırsan dövran axsayır.
Kim yola qaytarsın yoldan sapanı
Canından keçmədə ruhun ağrıdan.
Yəni doğrudanmı çevrə qapanır
Yəni doğrudanmı?
Yəni doğrudan!
Heyrətə salmaz ki halın bir kəsi
Arı da çiçəkdən bal tapmır bəzən
Ey gücü tükənən çəkim mərkəzi,
Ən yaxın dostların ən uzaq gəzən.
Amma qocalığa çatmaz hövsələn
Cismin üşürgənər bu son çağrıdan.
Yəni doğrudanmı ölümdü gələn
Yəni doğrudanmı?
Yəni doğrudan!
Bəlkəmi? Bir sonu varmı bəlkənin,
Borc desək, borcumuz bir can deyil ki?!
Bu qədər şəhidi olan ölkənin
Qocası ölümdən qorxan deyil ki?!
Tovuz-Əsrik,
6-7 avqust 2022
Bir adam yol gedir
bizdən qabaqda
Hərdən üz çevirib taleyə, baxta,
Çıxdığı səfərdən qorxub qaçan var.
Bir adam yol gedir bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.
Bizi səsləyirdi verdiyi vaxtda,
Biz hələ dünyaya gələnə kimi.
Bir adam yol gedir bizdən qabaqda,
Anadan olandan ölənə kimi.
İnanma, qəm qəmə yovuşar çətin,
Düzlüyün eləsi, beləsi yoxdu.
Kərəm sevgisinə qovuşar çətin,
Kimin ki, qarşıda Lələsi yoxdu.
Talanar sevdalar, bulanar sular
Yağanda hicranın kəpənək qarı.
Ürəklər qırılar, yollar ayrılar,
Olmasa qabaqda bir İpək qarı.
Yaz da Yer üzünə boşuna gəlmir,
Boşuna sovuşmur ağır xatalar.
Qabaqda gedənin xoşuna gəlmir
Qabağa düşəndə harın atalar.
Gedir qədəmindən nur yağa-yağa,
Yolları ölümdü-itimdi, bilmir.
Qəlbinə yatanı çəkir qabağa,
Arxalı, arxasız, yetimdi, bilmir.
Yolundan döndərməz duman da, çən də,
Kiminsə sözünü deməyə gedir.
Yerin bu üzündən duyuq düşəndə
Yerin o üzünə köməyə gedir.
Kələfin ucunu axtar özündə,
Hazır ol qəfildən gələn qəmə də.
Ağ atlı oğlan var bu yer üzündə,
Çıxar qabağına hər məhkəmədə.
Nədir anaların dilində muraz,
Görən gələcəyi gözündən öncə?..
Maşın işığına bənzəyir bir az
İnsanın əməli özündən öncə.
Bir nurlu sahil var hələ sabahda
Qaranlıq sulara yol açar avar.
Bir adam yol gedir bizdən qabaqda,
Amma bir adam da bizdən sonra var!
Hələ yaşamağa
dəyər bir az da
Meşə cığırları dönüb bir çaya,
Torpaq yağışlardan bəhrələnibdir,
Necə gözəl olub təbiət, Allah -
Quru kötüklər də pöhrələnibdir!
Gəzmək istəyirəm dünyanı yazda
Hardasa, hardasa məni duyan var,
Hələ yaşamağa dəyər bir az da.
Təkliyi keçmişə ötürməliydim,
Ömrümə bir yoldaş götürməliydim.
Bacım arzudaydı,
anam murazda
Hardasa, hardasa məni sevən var,
Hələ yaşamağa dəyər bir az da.
Yollar eniş-yoxuş,
bələn-bələndi.
Yollar
min ildir ki, gedib gələndi.
Təzəydi,
köhnəydi,
nəydi, bilmədim,
Talada cığırlar qafiyələndi...
Dünən Bethoveni çaldılar sazda,
Hardasa, hardasa bizi duyan var,
Hələ yaşamağa dəyər bir az da.
Mənim bir gecikmiş məhəbbətim var,
Dönüb nağıllaşan həqiqətim var.
Səni səsləyirəm, ay ev yiyəsi,
Səsimə səs versin o tayda kim var.
Dodaqlarda donan bir busə kimi
Harda görünüb ki, sönə arzular.
Qıvrıla-qıvrıla bir gürzə kimi
Əsrin ovsununa yatıb Araz da.
Dünyanın işini nə bilmək olar
Hələ yaşamağa dəyər bir az da,
Hələ yaşamağa dəyər bir az da.
Təzədən mən sənə
qayıdacağam
Düşüb aralığa həftələr, aylar,
Qalmısan ömrümün ötən ilində.
Bir həsrət sinəmdən səni haraylar,
Məhəbbət, sədaqət, sevgi dilində.
Bir eşqin uğursuz qədəmi kimi
Demə, aramızı soyudacağam.
Limana qayıdan bir gəmi kimi -
Təzədən mən sənə qayıdacağam.
Şöhrətdən gözümə gur işıq düşüb,
Elə bilmişəm ki, yenilməz dağam.
Bircə xəyalına gətir sən məni,
Fikrim də, yolum da dolaşıq düşüb, -
Həmişə narahat edirsən məni.
Kimi oyatmamış de, həsrət, kimi -
Anadan olduğum doğma kənd kimi,
Təzədən mən sənə qayıdacağam.
Yolundan, qəlbindən, yadından çıxıb,
Haçansa mən səndən buxarlanmışam.
Eşqin alovundan, odundan çıxıb,
Dolan bulud kimi qübarlanmışam.
Bir çılğın şimşəyə bəndəm ki, yağam, -
Quraqlıqda yağan yağışlar kimi,
Nifrəti soyumuş baxışlar kimi,
Təzədən mən sənə qayıdacağam.
Demə ki, ay aydan, il ildən keçib;
Hicranın görüşlə bağrını yarıb,
Döyüb könülləri, ünvan axtarıb,
Neçə gözdən keçib, könüldən keçib,
Hələ xoş duyğular oyadacağam.
Duyub gileyini, duyub ərkini,
Ünvanı səhv düşən bir məktub kimi
Təzədən mən sənə qayıdacağam.
Surətin - gözümdən çəkilən yuxu,
Bulud kirpiklərin yağışla dolu.
Mənim bu gecikmiş peşimanlığım
Həyat yollarımda bələdçim olub.
Bu yeni fərəhlə, fikirlə, hisslə
Elə bilirəm ki, körpə uşağam.
Ayların, illərin uzaqlığından
Sinəmə saldığın cığırla, izlə
Təzədən mən sənə qayıdacağam.
Təzədən mən sənə qayıdacağam!
Ağacdələn, döy qapımı
Yol azmısan bu payızın çənində
Ağacdələn, ağlın azıb sənin də,
Dən gəzirsən saçlarımın dənində
Atamoğlu, az qapımı döy görüm.
Bu cığırı bu qara kim bürüyüb?
Burda kimin yanan qəlbi kiriyib?
Həyətini qara yellər kürüyüb
Başımıza nələr gəlir qoy görüm.
Haçanacan gözləməyə gəlmisən?
Yoxsa mənə söz deməyə gəlmisən?
Ya borcunu istəməyə gəlmisən? -
Öz dilində ünvanımı söy görüm.
Mən dünyaya ata, ana borcluyam,
Ünvanım var, bu ünvana borcluyam.
Bir canım var, bircə cana borcluyam,
Özgə nəyə, taraq-taraq say görüm.
Bulaq kimi batan bəxti açılmaz,
Hər igidin atam, bəxti açılmaz...
Hələ yatır, yatan bəxtim açılmaz,
Yatmışların yuxusuna qıy görüm.
Eldən ayrı ömür olmaz, gün olmaz,
Eli sevən ürəklərdə kin olmaz.
Nədən Araz arzularım çin olmaz
Haçanacan yuxularda çay görüm?
Avand işim nəhsə düşüb, deyəsən,
Vaxt mənimlə bəhsə düşüb, deyəsən.
Qulaqlarım səsə düşüb, deyəsən,
Şimşək çaxsın, guruldasın göy görüm.
Yavaş-yavaş çürümədə taxda, bax.
O taxtada ovxam olan vaxda bax.
İnad olub nə döyürsən baxda-baxt, -
Açılmayan düyünləri duy görüm.
Elə yanır döyüşlərin yanğısı
Nə təsəlli söndürəcək, nə də su.
Mənim qapım Yer üzünün qapısı
Ağacdələn, döy qapımı, döy görüm,
Başımıza nələr gəlir goy görüm..
Qoymayın dünyanı adiləşməyə...
Elə, ürəklər də zirvələr kimi
Qalsın o əvvəlki parlaqlığında.
Böyük sevgilərin çəkin yükünü
Araya tikanlı sözlər girməsin.
İşıqlı arzular solmasın deyə
Evlənən günün sabahı günü -
Qoymayın dünyanı adiləşməyə!
İşıqda kölgə var, kölgədə işıq,
Dağ düzdən ucadır, sevinc kədərdən.
Ay günün nuruyla tapar yaraşıq,
Şafaqla ayrılar axşam səhərdən.
İki sevən qəlbin yaxınlığından,
Sevinc sıxlığından, işıqlığından
Qəm macal tapmasın yada düşməyə, -
Qoymayın dünyanı adiləşməyə!
Əriyər buzları məhəbbətin də
Tutaş kirpiklərin sıx ormanları
Dönər öpülməmiş bir cüt çeşməyə.
Yaşayın arzular səltənətində
Qaldırın məhəbbət həyəcanları
Qoymayın dünyanı adiləşməyə!
Çöldə barmağıma
tikan batanda...
Çöldə barmağıma tikan batanda
Üstünə qaçardım əlləri qanlı.
Bir çarpan ürəkdik biz iki canda -
Sən oğul canlıydın, mən ana canlı...
Yaş olub axardı yetim qürurum
Atam da yox idi fərqinə varsın.
Deyərdin ağlama gözümün nuru
Gətir barmağını öpüm qurtarsın.
İndi o ilahi sevgilər hanı
Bir candan keçəydi başqa bir cana.
Öpərdin, kəsərdi əlimin qanı,
Sənin nəfəsində nə varmış, ana?
Yerlərin göylərə diləyi səndin
Baxtına vaxtımın günəşi doğdu.
Dünyaya gəldiyim ana vətəndin
Sən yoxsan, bəlkə heç vətən də yoxdu...
Bəs niyə üstümdən kölgəni çəkdin
Döndərib könlümü neylərə, getdin.
Bəlkə də göylərdən enən məlkədin,
Qayıdıb yenidən göylərə getdin.
İnsanın mənzili ağrılarcadı
Uzanar vətəndən qürbətə acım.
Qan olan ürəyim paramparçadı
Sən yoxsan, mən kimin üstünə qaçım?
Bütün sualların
cavabı birdi
Ölümə gedərsən yol yora-yora,
Gedərsən, peşinə yüz fikir düşər.
Atsan, balıq düşməz atdığın tora,
Tutduğun zərə də iki-bir düşər...
Nə səbr gərəkmiş, nə də tək səbir,
Sən gedən yolları gedər ilan da...
Əlidolu da bir, əliboş da bir,
Aldadan da birdi, aldadılan da.
Bütün sualların cavabı birdi,
Yatmaq istəsən də yuxuna girməz.
Bəlkə söz sarıdan bəxtin gətirdi,
Varsan, var sarıdan əlin gətirməz...
Yoxsa bəxt verənin dəlikmiş cibi.
Sənə dərd verilib, filankəsə var?
Baxarsan, nə əl var, nə əl sahibi,
Amma ki, gözünü tutan nəsə var.
Tələsmə, təndirə düşər tələsən,
Qəlbi qaraların üzü ağ olmaz.
Başın açılmır ki, dərddən, biləsən
Dünyanın işindən baş açmaq olmaz.
Qazancı kül olar ocaq yerinin,
Könlü ocaqların gözü yaş olar.
Bəxti yüyrək olar niyə birinin,
Başqa birisinin bəxti daş olar?
Göylərin gözündə hansı şanslıdı, -
Tökülən yarpaqmı, qalan budaqmı?
Yaşayan hansıdı, ölən hansıdı, -
Yaşayan insanmı, yaşanan vaxtmı?
Ha dadın ağzında qalmadı dadı,
Çəkilməz dərdləri çəkən bədən - biz.
Bu dünya yerində qalan dünyadı,
Qoynundan əliboş keçib gedən - biz.
Doxsan yox, səksənə
çatmazdı bəlkə
Dünən bayatıymış, sabah tapmaca,
Bu gün tərəddüddən çaşıb deyinir.
Gününü gəzməklə keçirir qoca,
Heç özü də bilmir nə gəzdiyini.
Bu sirri soruşasan hansı alimdən
Durub deməzmi ki, açılan solar.
Yolunu gözləyən qəfil ölümdən
Qorxmasan nə olar, qorxsan nə olar?
Nə deyir ruhuna bu ögey bədən? -
Bacarsan səksəni doxsana yetir.
Dəyib budağından düşən meyvədən
Axtarsan yerin də zəhləsi gedir.
Demək ki, bu imiş əvvəlin sonu,
Kiminlə istəsən mərcə gir daha.
Bir vaxt göy çəkərdi təzə ruhunu
Köhnə ətəyindən yer çəkir daha.
Dünən bayatıymış, sabah tapmaca,
Bu gün tərəddüddən çaşıb deyinir.
Gününü gəzməklə keçirir qoca,
Heç özü də bilmir nə gəzdiyini.
Bu, mənəm...
Bu mənəm, a kəndim,
tanımadınmı?!
Bu həmin Məmməddi,
bir az sınıxıb,
bir az sıxıb onu şəhər havası,
Dərmanı dağların səhər havası.
Məni tanımayır təzə cavanlar,
Özümmü çıxmışım yaddan, adımmı?!
Sənin qucağında arzuladığım,
Günlərdən qayıdıb gəlmişəm sənə,
Bu mənəm, ay kəndim, tanımadınmı?!
Unutduğun yerdəyəm
- Bahar, hardan gəlirsən?
- Haqqı bulduğum yerdən.
- Yaz, hayandan gəlirsən?
- Yaşa dolduğum yerdən.
- Güz, hayandan gəlirsən?
- Xəzan olduğum yerdən.
- Qış, hayandan gəlirsən?
- Unudulduğum yerdən.
Ötən ömrün yasında,
Quzey yaxasında mən.
Gün bulud arxasında
Qürbət arxasında mən.
Varmı verən bir soraq
Nerdəyəm mən, nerdəyəm?
Yaddaşına yaxşı bax,
Unutduğun yerdəyəm.
Bir dəfə
Bir dəfə toprağa toxum səpilir,
Bir dəfə saralır, zəmi, bir dəfə.
Bir dəfə dünyaya gələn nə bilir
Bir dəfə sevəcək, cəmi bir dəfə.
İkinci sevgidən etmə gileyi
Atılan ox kimi uçma hədəfə.
İnsana dünyanın ən əziz şeyi
Bir dəfə qismətdir, cəmi bir dəfə.
Sən ay iki başlı məna axtaran,
Günün günortası gül olma kefə.
Bir dəfə səhv edir minaaxtaran,
Ömründə bir dəfə, cəmi bir dəfə.
Çalış çaldığını çal sarı simdə
Bu kibrit günlər ki, düzülüb səfə;
Yüz dəfə can vermə, gələn ölüm də
Bir dəfə gələcək, cəmi bir dəfə.
Mən sənin yadına
düşən deyiləm...
Bulud var, əlində bir bəhanə var,
Bahar buxarlanar baxdığın yerdə...
Neynim, ürək adlı bir viranə var,
Sən mənim yadımdan çıxdığın yerdə...
Yağmura dönəcək buludlar yəqin,
Könlümün gözündən yağıb gedərsən.
Getməyə bir ayrı yerin var yəqin,
Sən mənim yadımdan çıxıb gedərsən...
Ərəfə yeriyimiş qərib ürəyin,
Gözləyə-gözləyə oldu gün axşam.
Mən sənin yadından çıxırdım yəqin,
Sən mənim yadıma düşdüyün axşam...
Çöküb dərələrin canına nisgil
Dağların başına duman olub qəm.
Onsuz da yaddaşın yurd yeri deyil,
Mən sənin yadına düşən deyiləm...
Gedərsən, məchula
yol gedər gedən
Gedərsən, məchula yol gedər gedən,
Qürbət, bir açılmaz sirdən başlıyar.
Burnunun ucunu göynədən vətən
Yadından çıxdığı yerdən başlıyar.
Gedərsən, vətənin qalar vətəndə,
İçinin içində köz vətən olar.
Dərdinə, sərinə vətənsən sən də,
Qürbətdə sənə də söz vətən olar.
Özü heç, sözünü unutma, vətən,
Hələlik könlünün bir yerinə yaz:
Onu sənin kimi atıb tərk edən,
Səni onun kimi sevən tapılmaz...
Gizli məhəbbət
Dağların başına düşən qardımı,
Dumandan xəbərsiz, çəndən xəbərsiz?!
Sinəmi göynədən intizardımı
Qəlbimdən xəbərsiz, məndən xəbərsiz.
Qırdım öz əhdimi mən bilə-bilə,
Haqqın var yanımdan keç gülə-gülə.
Əriyim oduna qoy gilə-gilə
Mən səni sevmişəm, səndən xəbərsiz.
Gör mənim qismətim nələr-nələrmiş,
Sən uzaq sandığın yaxın gələrmiş.
Sən demə, dağlara qar ələnərmiş
Dumandan xəbərsiz, çəndən xəbərsiz,
Mən səni sevmişəm səndən xəbərsiz...
Sən mənə dünyanı
bağışlamışdın
Bu yaşda günəşin qürub halıydım,
Kölgənin nə işi gün olan yerdə?!
Sən olan yerlərdə mən olmalıydım,
Necə ki, sən vardın mən olan yerdə...
Ayrıydıq, biz elə yazda da qışdıq,
Birləşdik... qoynunda qarın, yağışın.
Səninlə birlikdə hesablamışdıq
Bircə günü varmış üç aylıq qışın...
Sevgi sahilinə yanaşdı qayıq
Duyduq ürəklərin bəhsəbəhsini.
Bəlkə bir ömürlük yaşatmalıyıq
Cəmi bircə günün xatirəsini...
Sən idin qürbətin canatımları,
Yoluma dikilən bir cüt baxışdın.
Mənə gətirmişdin qışda baharı
Sən mənə dünyanı bağışlamışdın...
“Ədəbiyyat və incəsənət”
(11.12.2024)