Super User

Super User

 Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Bu dünyadan Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı deyən bir Məmməd Araz keçsə də o, qəlbimizin eşq adasında daim yaşayır, hər fəsil dəyişdikcə, Günəş batdıqca, Ay çıxdıqca ədəbiyyatımızdan boylanır, anır, yenidən anılır. Ömrü boyu nə şöhrət, nə də şan axtardı. Dünyanın mənliyini, sənliyini və heç kimliyini öz misraları ilə əbədi susdurdu. Bu həqiqət gecə susdurulsa, gündüz, gündüz susdurulsa, gecə oldu.

Ədəbiyyatımızı vərəqlədikcə şairin əsərlərinin bizə boylanmasını görməmək mümkün deyil.  Çünki o, təkcə ədəbiyyat səhifələrinə yazılan şeir deyil, başdan-ayağa ədəbiyyatdır, ədəbiyyatın oxudur, məhvəridir, çevrəsidir. Təkcə tarixin səhifələrinə hopan iz deyil, yaddaşın özüdür, özülüdür.

        

           Görüm bir necədir yerlərə hopub,

         Vətən torpağının şehinə dönmək.

         Kiçik bir qayanın döşündən qopub

         Böyük bir dünyanın mehinə dönmək.

 

O, vəznlərin yox, mənaların şairi idi. O, qiymətdə vəznsiz, vəzndə qiymətsiz idi. Özü kimi oxucularıda kasıb olan şair, təmənnasız insanların, sadə insanların şairi idi. Onun poeziyasında təkcə Vətən, təbiət, millət anlayışı yox, oxucu ürəyinin ən dərin qatına enib onları bədbinlikdən qoruyan müqəddəs bir nəsihət, hərarət artıran ümman vardı. O, bir nağıl idi, bir dərəyə söykənən həyətin divarında. O, bir ümman idi, bir çaya qonşu kəsilən gözlərinin çırağında. O, nəhəng zülmət qalağı tək qaranlıqda seçilən zirvə idi.

Ötüb keçən zaman bir göz qırpımında bizdən uzaqlaşdıqca Məmməd Araz dünyasının dərinliyi, həlimliyi və qəlb oxşarlığı daha aydın və nəzif görünür. Böyük filosof Lüdviq Vitgenşteyinin dediyi kimi, üstünə işıq düşməyən bir fikri yazmağa dəyərdimi? Onun şeirləri aydınlıqdan, nurdan yoğrulmuşdu və nur qədər yaşayacaqdı. Bir gün Məmməd gedəcək, amma ürəklərə axan Araz daim yaşayacaq, nur saçacaqdı. Məmməd Araz xalqın ruhunu itməyə qoymayan sənətkardır. Yaşadığı hər gün üçün can əritdi, ömür əritdi. Xatirələr küləyində xəbirləşən şairin ürək çırpıntılarını küləklər, yazda yaylağa, qışda qışlağa daşıdı.

İstəyirəm yatım qalım yazılarımın arasında deyən şair onu sevən, onu hiss edən oxucularına əsərlərini həlim dildə çatdıraraq yeni yanaşmalara vəsilə olurdu. Bu yol Məmməd Araz yolu idi. Bu yolda nə təkrarçılıq, nə də cümləpərdazlıq vardı. Onun şeirləri salvartının dağlarından, şişli qayının mamırından yoğrulmuş mamır qədər yaşayacaqdı. O, şeirin, şeir onun özü idi. Yol gedəndə deyərdin ki, Günəşəcən gedəcəkdi. Öz qəlbinin tufanında təkbaşına avar çəkdi. Bu yurda, bu elə, bu torpağa şirin nəğmə, həzin səz  olub səpələndi.

 

         Keçək dərələrin boğanağından,

         Keçək dolayların doğanağından,

         Günəşin zirvədə doğan anından

         Nur olub bu yurda səpələnməsək,

         Sən kimə gərəksən,

         Mən kimə gərək?!

 

Ey daşlaşan, torpaqlaşan, qayalara öz daşınla, öz duzunla dibək olan, Azərbaycan torpağında Araz boyda şırım olan, sinələri qayasına yamaq edən, haqq yolunu ayağına dolaq edən, bayrağını Xəzər boyda bayraq edən Şəhriyar haraylı, Bəxtiyar haraylı Məmməd Araz! Oyan ey süsənbər! Səpil quma, göyər yerdə, bit qayada. Xətainin ayağına at yolladın, Səttarxana heykəl yondun, Xudafərin həsrətinə bir dağ çəkdin. Şəhidlərin qəbri üstə yanan səsini, yanan qandı, duyan duydu, bilən bidi, sənin vətən daşının hər zərrəsində “vətəndaş” olduğunu.

         Ömrünün son çağlarında Murov dağın zirvəsinə qalxmaq Xəlil Rzaya qismət olmasa da, xəstəliyin, azar-bezarın acığına, elə lap əcəlin acağına Məmməd Araza nəsib oldu. “Qayalara yazılan səs” kitabını sinəsinə, ömür-gün yoldaşı Gülxanım xanımı qoluna keçirib sərt çovğunla, qar-boranla üz-üzə dayanan, Məmməd Araz sözünə, Məmməd Araz şeirinə ehtiyacı olan Vətən əsgərlərinin görüşünə yuvanmadı. O Vətəndən yazmadı Vətən oldu.

 

Heç bir mükafatın yetmədi mənə,

Bircə “sağ olun” da bəsimdi, Vətən!

Bəsimdi hər səhər təltif yerinə

Qapımda küləyin əsibdi, Vətən!

 

Ünvanına yarpaq-yarpaq şeirlər yağan, hər alqışda qələminə söykənən Murov döyüşçülərindən ayrılmaq istəməyən şair üçün göyün gözləri dolur, buludlar ayrılığa tab gətirmirdi. Son payız yağışları başlayanda “dağ ürəkli” şair ürəyini Murovda qoyub, səsi hıçqırıq, hər ahı bir duman olub onu uğurlayan enişli Murov yoluna səpələndi.

 

Ey dəvə yal, düşdüm daha belindən,

Ovsar cığır, çıxdın daha əlimdən.

Balam çiçək, bir də öpüm telindən.

Salamat qal, bu dağlarda ürəyim,

Salamat qal,

Salamat!

 

Bir vaxtlar şairin sinəsində həsrətə, qubara dönmüş Qarabağ yanğısı artıq onun ruhunu əsarətdən qurtarıb cəsarət rəmzinə çevirib. El-oba qeyrətinin Vətənin dar günündə sınağa çəkildiyi bir zamanda “Yer üzünün Qarabağ düzü”, “Qarabağ simfoniyası” adlı yazılarında bu gözəl diyarın taleyinə öz münasibətini bildirmişdi. Şuşanın füsunkar təbiətinin vurğun olan şair yazırdı...

 

Gecənin qoynunda yanır dağ şəhər,

Fəzadan asılı, çilçıraq şəhər.

Dağlar öz ovcunda yandırıb onu,

Ulduzlar qoynuna qaldırıb onu

Bu dağlar vüqarı, bu dağlar gücü.

Bu gecə kəşf etdim bir Şuşa bürcü

Bir Şuşa bürcü, tamaşa bürcü...

 

Xalq şairi ömrünün ən mənalı günlərinə ürəyinin bir parçası adlandırdığı, yayda Günəşi, qışda qarı çox olan, düşmənə aman verməyən sərt qayalar qoynunda Haçadağa, Nəhəcirə, ilmə-ilmə tarix yazmış Gəmiqayaya qucaq açmış Naxçıvandan baxaraq Məmməd Araz sənət zirvəsini “Dünya sənin, dünya mənim, dünya heç kimin” imzasıyla Nuh qayaların daş yaddaşına yazdırdı. Şairin yaradıcılığında daş obrazı daha rəngarəng olduğundan onun yaradıcılıq dünyası bizə “Daş qayalar”ı xatırladır. Məmməd Araz yaradıcılığında Nursu kəndinin təbiətindən başlayan poetik təəssüratlar, kövrək notlar, həzin laylalar, sətiraltı misralarla Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq ideyaları ilə tamamlanır. Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələrinə çevrilərək Məmməd Araz dünyasından baxır dünyaya:

 

Mənim ürəyimin bir parçasıdır,

Doğma Şahbuzum da, Naxçıvanım da

 

Məmməd Araz indi ana torpağı Naxçıvanda yazdığı misralar ilə heykəlləşib, dillərdə sözə çevrilib. Naxçıvanın ilhamlı suyundan içən şairin şeirləri aşır, daşır, sərhəd tanımır, hüdud bilmir. Araz qədər təmkinli, Araz qədər coşqun, Araz qədər susqun şeirdir Məmməd Araz. O, təmkininə sığınan, coşqunluğa bürünən, susqun görünən misralardan ibarətdir. Söz sənətimizdə ağır çəkisi olan ədib hər zaman el gücündən güc alaraq, ədəbiyyatın ən uca dağlarını yıxaraq hər yerə səs saldı. Naxçıvanın təbiəti yetişdirdi şairi. Naxçıvanın ilhamlı təbiəti, sakit ruhu şairə yol açdı. Hərdən kəlmələrinin başını duman aldı, çən aldı, hərdən yağış aldı, qar aldı, fəqət sonda eşq adlı şeir yolu aldı. Eşq adlı şeir yolunda sevda yolçusu olan şair sevgiylə yaşadı, sevgiylə yaratdı, ona görə indi məhz onu sevgi ilə dilə gətirir, dərin hisslər ilə anırıq. Gur çayları səsinə qataraq dərəni keçdi, düzdə dayandı təbiəti, beləcə, şeirə gətirdi. Sevdiyi elindən-obasından ilham alıb, məhəbbəti şeirə gətirdi, qəlbindəki çırpıntını, hərarəti şeirə gətirdi.

 

Ey ilham pərisi, varsansa əgər,

Bu axşam üstümə qanadını gər,

Qoyma bir anlıq da küsüm dünyadan,

Sevgi ümidimi üzüm dünyadan,

Mənə məhəbbət ver sevim bir kəsi,

Sevim, elə sevim özü bilməsin.

 

O, Araz qələmi ilə şeiriyyatı şeirə gətirdi. Araz ona “göz yaşından düzülmüş boyunbağı, bir qızın hörüyü, bir ananın yuxusu, Qıratın yalmanı, Bozatın tərliyi, lal çöllərin nəğməkar bülbülü, Musa Yaqubun harayı, Mirzə Cəlilin naləsi oldu. O nə qədər sevilsə də, şeirlərinə  güvənib dünəni, bu günü, sabahı bilsə də, narahatlıq çəkdi.

 

Sahilində küləklər,

Gəzməyib mənim kimi.

Sularında ördəklər

Üzməyib mənim kimi.

... O mənim mürəkkəbim,

Mən onun qələmiyəm.

...Yox, Araz deyəndə mən,

Təkcə çay düşünmürəm.

...Mən Arazın səsiyəm,

Mən onun yatağıyam.

Mən onun sahiliyəm,

Mən onun ləpəsiyəm.  

 

Məmməd Araz şeiri fikir donu hesab edirdi. Onun ədəbi sözləri, misraları, hər dövrünün son modası olaraq dilimizin, ürəyimizin əzbərinə çevrildi. Müharibələri qəbul edə bilməyən şair hər bir şair kimi yurdunun generalı, şeir kimi isə yurdunun əsgəri oldu. Məmməd Araz öz yaradıcılığı ilə  ürəksiz başlardan, başsız ürəklərdən uzaq olub, ən gözəl əsərləri yaratdı. Mövzusu tükənməyən hər zaman bir mövzu olan  Məmməd Araz dağları, daşları, çəmənləri yığıb ədəbiyyatımızda  Araz təbiəti yaratdı. Artıq biz o təbiətin axarından çıxa bilmirik, bu dünya, təbiət var olduqca şair təbiətin hər parçasında bizimlə yaşayıb, nəfəs alaraq, ruhumuzu dindirəcək.

 

Çox tozanaq atlını təmkin atıınla keçdin,

Sel boğan dərələri bir mərd qadınla keçdin.

Bütün keçilməzliyi, Vətən, adınla keçdim...

Haqqın var, Məmməd Araz,

Haqqın var yaşamağa!

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

 

 

 

Düzdür, şeirlər bədbin, kədər ruhludurlar, amma çox gözəldirlər, əsl ustalıqla yazılıblar. Çox bəyəndik və düşündük ki, yubatmadan sizlərə təqdim edək.

 

BABAM DA ŞAİR OLUB...

Salam! Mən Nail Zeyniyev Niyaz oğlu 2006-cı il Bakı şəhərində anadan olmuşam. İbtidai təhsilimi S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında alıb daha sonra orta təhsilimi 8 saylı tam orta məktəbdə başa vurmuşam.

2024-cü ildə Bakı Dövlət Universitetinin İnformasiya və Sənəd Menecmenti fakültəsində Kitabxanaçılıq və informasiya ixtisasına qəbul olmuşam, hal hazırda təhsilimi 1-ci kurs tələbəsi olaraq burada davam etdirirəm.

7 yaşımdan bəri şeir yazıram, kiçik yaşlarımdan ədəbiyyata, şeirlərə xüsusi marağım olub.

Şeirlər mənimçün ayrı bir dünyadır, mənim babam Kamal Zeyniyevdə şair olub, düşünürəm ki, bir tərəfdən onun düşüncələri məndə özünü göstərir, mənə yeni həvəs verir. Düzdür, kiçik yaşlarımdan onu itirsəmdə, çox tanımaq imkanım olmasada, həmişə onun yoxluğunu hiss etmişəm və şeirlərimdə bir tərəfdən bu həsrəti bəzən üstüörtülü, bəzən açıq şəkildə bildirmişəm.

Bu yolda müəyyən tənqidlərlə qarşılaşsamda, şeirlərimin bəzən uğursuz olduğu zamanlar olsada bu, məndə şeir yazmaq həvəsini azaltmadı, əksinə,həvəsim günü-gündən artdı, hətta deyərdim ki, baş verən bütün mənfi hadisələr məni dahada gücləndirdi, özümü şeir yazmaq üzrə inkişaf etdirdim.

2019-cu ildə Nərimanov rayonu məktəbliləri arasında 9 Noyabr gününə həsr olunmuş "Mənim Bayrağım" adlı şeir müsabiqəsində öz şeirimlə 2-ci yeri qazanmışam.

Hal hazırda istər universitet daxilində, istərsə digər yerlərdə fəaliyyət göstərməyə davam edirəm, şeirlər yazmaqla yanaşı qiraətlə məşğul oluram.

Şeirlərimdə bir tərəfdən dərin kədər hissi duyulsada, digər tərəfdən oxuculara hər zaman mütləq şəkildə yeni bir fikir çatdırmağa çalışıram.

Nə qədər ömrüm olacaqsa o qədərdə çox şeir yazmağa davam edəcəm.

 

 

 

ÖZÜMÜN GÜNAHIM

 

Bir çiçək də böyümür divarlar arasında,

Bir bənövşə yaşamır heç ömrünü sonacan.

Hamı məndən inciyib, hamı mənə qırılıb,

Nə olsa da özümün günahıdır, anacan.

 

Köksümdə qucaq-qucaq illərlə dərd böyütdüm,

Çinar kimi adamın qəddin büküb, əyiltdim.

Dostla getdiyim yolu yenə də tək qayıtdım,

Dünya cəhənnəm olsa mən içində yanacam.

 

Bağışla, ağlayıram, uşağam da, neyləyim?!

Sən də yoxsan, dərdimi axı kimə söyləyim?

Elə bil and içmişəm, cana zülüm eyləyim?

Gözlərimi bağlayım, sayım birdən onacan.

 

Yaşamaqdan saymıram, bəlkə doğulmamışam,

Uçuq-sökük görünüb hələ dağılmamışam.

Mən insanam, əzizim, daşdan yoğrulmamışam,

Yenə Bakı küləyi soyuğundan donacam.

 

Açmıram daha bir gün sabahı xeyir ilə,

Kimlər yola salmışam yazılan şeir ilə.

Külək qapı-bacanı durmadan döyür elə,

Gələnim olmayacaq, yenə tənha qalacam,

Nə etsəm də özümün günahıdır, anacan.

 

 

BU GECƏ DƏ PARILDAMAZ ULDUZUM

 

Yenə dağınıq otaq,

Qulağımda telefonun dəstəyi,

Yorur məni bu şəhərin

Küləyinin əsməyi.

Elə bil ki, gözlərim də

Havalardan nəm çəkir.

İstəmirəm, deməsinlər:

“Şairə bax,

Səhər-axşam qəm çəkir.”

 

Bilirəm ki, bu gecə də

Parıldamaz ulduzum.

Öyrəşmişəm, bütün belə

Savaşlara uduzum.

Düşünürəm kainatın

Sehrini də pozublar.

Ömrümün ağ yerinə

Ancaq qara yazıblar.

 

Gözyaşlarım şərab kimi

Badələrə süzülür.

Ömrü boyu

Bədbəxtlikdən

Ürəyimiz üzülür.

Kim itirdi varlığını,

Bu yolların sonunda?

Körpə kimi ağlamaq var,

Niyə həyat yolunda?

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

“SMS”

(hekayə)

 

“Kitab evim” mağazasından Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” kitabını alıb pilləkənlərlə aşağı düşərkən telefonuma SMS gəldi. Öncə nömrənin Azərbaycana məxsus olmadığını dəqiqləşdirəndən sonra “Google”da həmin nömrənin - “+19825467123659871” kodunun hansı ölkəyə aid olduğunu aydınlaşdırmağa çalışdım. Dəhşətli dərəcədə qəribə olan o idi ki, kod heç bir ölkəyə məxsus olmamaqla yanaşı, həmçinin heç bir adiyyatı orqanlara da aid deyildi. Bir anlıq özümü fantastik filmlərin içərisindəki kimi hiss elədim. Daha sonra ismarıcı oxumağa başladım və daha bir müdhiş qəribəliyə şahid oldum.

 

 “Hörmətli Ayxan bəy, sizi 23 noyabr, saat 20:00-da Nizami küçəsi, 83 ünvanında yerləşən “KoloritKafe” restoranına dəvət edirəm.

                                                                     Hörmətlə Nizami Gəncəvi”

 

Bir neçə saniyə yerimdə donmuş vəziyyətdə qaldığımdan, ətrafımdakıların gəliş-gedişinə maneçilik törətdiyimdən xəbərsizdim. Bir ağsaqqalın “Zəhmət olmasa, bir az kənara çəkilə bilərsinizmi?” sualı ilə ayıldım. “Buyurun” dedikdən sonra özüm də fikirli-fikirli addımlayaraq yoluma davam etməyə başladım. SMS-i isə sübut olaraq screen edərək saxladım.

“Sirlər Xəzinəsi” kitabını oğluma hədiyyə etdikdən sonra “KoloritKafe” restoranına getmək üçün evdən çıxaraq yola düzəldim. Bu müəmmalı SMS qarşısında düşüncələrimin olduqca dağınıq olduğunu nəzərə alaraq şəxsi avtomobilimlə deyil taksi ilə gedəsi oldum. Hər nə qədər özümü təmkinli göstərməyə çalışsam da evdə də bunu hiss etmiş, “sənə nə olub?” sualı qarşısında guya yolda baş vermiş hansısa avtomobil qəzasından sarsıldığımı bəhanə etmişdim.

Yol boyu ancaq və ancaq bu ismarıcın nə məna kəsb edə biləcəyini, kimin və hansı məqsədlə yaza biləcəyini araşdırdım. Hətta bunun dostlarım tərəfindən zarafaytana edilə biləcəyini düşünsəm də naməlum nömrə bu fikrimi tamamilə alt-üst edirdi. Ürəyimə bir çox variantlar gəlsə də heç biri məni razı sala bilmədi. İstənilən məntiqi düşüncələr sirli SMS qarşısında öz acizliyini etiraf etməyə məruz qalırdı.

Nəinki qohumlara, hətta ən yaxın sirdaşıma belə bu barədə məlumat vermədim. Çünki, onların da mənim kimi məəttəl qalacaqlarını bilirdim. Eyni zamanda, ən son ehtimal olaraq mənə qarşı edilə biləcək hər hansı bir sui-qəsddə kimsənin başının ağrımasını istəmədim (əslində, kim və nə üçün mənə sui-qəsd eləsin ki?).

Saatlar 19:30 göstərərkən “KoloritKafe” restoranına yaxınlaşaraq orada Nizami Gəncəvini gözləməyə başladım. Keçən hər saniyə sanki ömrümdən bir il aparırdı. Çünki olduqca həyəcanlı idim. Axı necə ola bilərdi? Necə ola bilərdi ki, Nizami Gəncəvi dünyaya yenidən zühur etmiş, nəinki ruhən, həmçinin cismən varlığını nümayiş etdirmişdi?

Saatlar 19:59:59 göstərərkən o, qarşımda dayanaraq mülayim bir səslə “Salam, Ayxan bəy” deyə müraciət elədi. Eyni tərzdə mən də ona xitab elədim. Hər ikisi, nə şəkillərdəki, nə də təsəvvürümdəki Nizaminin heç biri real həyatdakı Nizami qədər nurani, gözəl, yaraşıqlı, eyni zamanda əzəmətli deyildi. Nə dünyanın hər hansı bir lideri, nə də hər hansı bir məşhur Hollivud aktyoru xarizmatiklikdə onunla rəqabətə girə bilməzdi. Digər yanıldığım məqam isə onun rəsmlərdəki kimi yox, XXI əsrin dəbi ilə geyinməsi idi. Yəni, başı əmmaməli, atlas xalatda, ayağı çarıqda deyildi o, adi kostyumdaydı, ayağında da adi tufli.

Bəli, o mükəmməl deyilə biləcək qədər cazibədar, eyni zamanda, son dərəcə müasir idi. Asta addımlarla restorana daxil olduqdan sonra o məni masalardan birinə əyləşməyə dəvət elədi, həmçinin təklifini qəbul etdiyim üçün dərin minnətdarlığını bildirdi (bu arada mənim də istəyimi soruşduqdan sonra ofisianta sifariş verdi). Hər nə qədər təəccübümü gizlətməyə çalışsam da o hər şeyi hiss edərək həddən artıq yumşaq tərzdə dedi:

-Bu qədər həyəcanlanmağınıza ehtiyac yoxdur, Ayxan bəy. 

Daha sonra: “Son dərəcə təəccüblənməyinizi də normal qəbul edirəm. Bəli, mən Nizami Gəncəviyəm”, -deyə əlavə elədi.

 Bu an hər nə qədər yuxudaymış kimi olsam da kəkələdim:

 -XII əsrdə yaşayan, nəinki Azərbaycanın, eyni zamanda bütün bəşəriyyətin tanıdığı o, Şeyx Nizami Gəncəvi sizsiniz?

 O, da cavabında “Bəli, özüdür ki, var. Mən oyam. Başdan-ayağa kimi, bütün cisminmə, ruhumla Nizami Gəncəviyəm” söylədi.

 Onun etirafından sonra mən cəsarətlənərək, həm də kəkələməyimi azacıq düzəldərək yeni bir sual ünvanladım:

 -Bəs necə olur ki, siz yenidən bu dünyaya qayıtmısız,  zühur etmisiz?

 O, tamamilə soyuqqanlı şəkildə cavab verdi:

-Şairlərin ölməz olduğunu bilmirsinizmi? Onlar hər iki dünyada sağ və salamatdırlar. Digər insanlar onları görmək və hiss etmək qabiliyyətinə malik deyillər.

Mən məyus şəkildə “Əlbəttə, əlbəttə, şairlər ölməzdir” deyib udqundum. Və daha sonra məni maraqlandıran növbəti sualı verdim:

-Bəs siz necə olub ki, Yer üzərində heç bir dövlətə və ya adiyyatı qurumlara məxsus olmayan nömrə və kod vasitəsi ilə mənə ismarıc göndərmisiz?

O, bir daha təəccübsüz-filansız:

-Allah şairlərə nəinki xəyal gücünün bütün dərinliklərindən istifadə etməyə imkan yaratmış, həmçinin xəyallarını reallaşdırmaq üçün qabiliyyət də vermişdir. Və mən də Allahın sonsuz lütflərindən yararlanaraq sizlə əlaqə yaratmağa çalışdım, - cavabını verdi.

Elə bu məqamda sonda verəcəyim sualın müəyyən qədərini özü açıqlamışdı ki, məni ən çox təəccübləndirən mətləbi tamamilə öyrənmək üçün  Nizamiyə müraciətlə dedim:

-Azərbaycanda 10 milyon, Yer üzərində isə 8 milyarda yaxın insan olduğu halda nədən məhz məni seçdiniz? Mən bu şərəfə nail ola bilmək üçün həddən artıq sıradan biri deyiləmmi? Axı mən sizin tərəfinizdən seçilə biləcəyimi xəyallarımda belə təsəvvür edə bilməzdim.

Azacıq sükutdan sonra o, böyük ehtiramla, sadəcə üç sözdən ibarət “Siz buna layiqsiniz” deməklə kifayətləndi.

Bu sözləri eşidərkən hiss etdiklərimi hansı sözlərlə ifadə edəcəyimi yazmaqda acizəm. Sadəcə onu deyə bilərəm ki, sanki, damarlarımda qanım donmuşdu, ruhumun ən dərin qatlarında isə yazıb-yaratmaq eşqimin alovlandığını duyurdum. Əllərim titrəyirdi, ürək döyüntülərimin səsinin onun tərəfindən də eşidilə biləcəyini güman edirdim.

Bu məqamda o, “yeməyini ye” deyib özü də yeməyə başladı. Biz sakitcə yenəyimizi yeyib qurtardıqdan sonra o, “artıq mənim getmək zamanım gəlmişdir” söylədi, sonra da əlavə etdi:

-Oğlum, bu dünya zamanı ilə mənim 880 yaşım tamam olur. Gün o gün olsun ki, sizin də 880 yaşınız qeyd edilsin və bunun belə olacağını da zənn edirəm. Başqa bir aləmdə yenidən görüşmək ümidi ilə Allaha əmanət olasınız, Ayxan bəy.

Gedişindən bir neçə saniyə keçməsinə baxmayaraq yerimdə donub qalmış, baxışlarımı o gedən istiqamətə zilləmişdim. Cismən yeriməsinə baxmayaraq yolun sonuna yaxın heç kəsin olmadığı  bir yerdə anidən buxarlanaraq qeybə çəkildi.

Nə qəribədir ki, SMS və screen şəkil də silinmişdi.

Nizami alicənablığının, ululuğunun qarşısında heyrətimi gizlədə bilməyərək göz yaşlarıma sahib olmağı bacarmayaraq ağladım.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

 

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

NƏSR                                                            

 

 

KAMAL ABDULLA,

Xalq yazıçısı

 

 

PLATON, DEYƏSƏN, XƏSTƏLƏNİB...

("Səhvlərimizin qrammatikası" silsiləsindən hekayə)

 

Şahlar, sultanlar, imperatorlar və onların bənzərləri haqqında tarixi, fəlsəfi, külturoloji tədqiqləri kifayət qədər oxuyandan sonra o, nəhayət, belə bir nəticəyə gəldi ki, bu mövzu onun mövzusu deyil. Milli Akademiyanın Dil və Təfəkkür institutunun elmi işçisi Zahid Fərzəli, beləliklə, heç də "bənzər" mövzusundan əlini birdəfəlik çəkmirdi. O bununla, sadəcə, "hökmdarlar" xəttini bu mövzunun içindən uzaqlaşdırırdı. "Bənzər" probleminə marağını isə qətiyyən qeyb etməmişdi. Cavanlığına baxmayaraq tanınmış alim olan Zahid Fərzəli bundan sonra "bənzərlər"in qədim və orta əsr Azərbaycan klassik şair və yazıçılarının həyatındakı rolunu tədqiq etməyi qarşısına məqsəd qoyacaqdı.

O əmin idi ki, qədim şairlər yaşadıqları müxtəlif dövrlərdə, ta ki fotoqrafiyanın icadına qədər, öz bənzərlərilə sirli və maraqlı münasibətlər yaşayıblar. O da təbiidir ki, söhbət ancaq tanınmış və məşhur şairlərdən gedir.

Bu fikrini və məqsədini işlədiyi institutun Elmi Şurasında bir qədər təmtəraqlı şəkildə bəyan etdikdən sonra Zahid Fərzəli qaliblər ədası ilə iş yerinin dəhlizlərində gəzən zaman rəqibini elə indicə fəndə salıb məğlub etmiş pəhləvana oxşayırdı. Rəqib dediyimiz mövzu idi -- bənzərlər qalereyası mövzusu. O isə, nəhayət, bu mövzunun sərhədlərini dəqiqləşdirib başının üstünü alan, fənd işlədib nəfəsini kəsməyə hazır olan pəhləvan.

Bizə məlum olan bu səbəbdən Zahid Fərzəli özünü xeyli xoşbəxt hiss edirdi.

İlk olaraq Zahid Fərzəlinin yadına, əlbəttə ki, ədəbiyyatımızın sönməz günəşi Füzuli düşməliydi, o da düşdü.

Füzulinin bənzəri varmıydı, yoxmuydu, o bunu bilmirdi. Yəqin ki, şah bənzəri kimi bənzəri olmazdı – buna ehtiyac yox idi. Amma Füzulidə ikiləşmə var idi. Bu ikiləşmə bənzərin bir başqa forması, təcəssümü deyilmiydi, idi. Bu düşüncələr onu müəllimi Kamran Abbaslının təhrikiylə Füzuli qəzəlinin sonuncu beytinə gətirdi. "Füzulinin qəzəl sonunda öz-özünə müraciəti digər şairlərin qəzəl sonundakı özlərinə müraciətdən fərqlənir." Müəllimi - Füzulini və daha kimləri ona ürəkdən sevdirmiş, indi artıq özünə danılmaz ustad saydığı mərhum Kamran Abbaslı belə deyirdi.

Digərlərində bu, nə qədər formal, qəzəl janrının tələblərinə riayət xətrinə və adicə janra yarınmaq kimi səslənirdisə, - Kamran Abbaslı israrla davam edirdi, - Füzuli özünün sonda səslənən "ey Füzuli!" müraciətilə bir o qədər canlı və oynaq idi, elə bil, şair öz-özünə deyil, bir başqasına üz tutub dediyini deyir. Bu başqası da qəribə bir başqası idi. Onda uşaq məsumluğu vardı. Amma eyni zamanda bu bir başqası həm də Füzulinin özü idi. Həm özü idi, həm də özü deyildi.

Bu cür müzakirələr zamanı Müəllim Zahid Fərzəlinin yadına Heraklitin məşhur "Bir çaya iki dəfə girmək olar, yoxsa yox?" sualını salırdı. Sonra da Bertran Rasselin bu suala cavabını xatırlayırdı: "Həm olar, həm də olmaz." Di gəl, ay Zahid Fərzəli, bunu adam kimi başa düş, görüm, necə düşürsən?! Necə yəni, həm olar, həm də olmaz?!

Bir dəfə isə Müəllim lap ağ elədi, ona dedi ki, əgər sən bu iki məqamı eyni vaxtda təsəvvür edə bilmirsənsə, səndən nəinki dilçi, ümumiyyətlə, alim çıxmayacaq. O vaxt Zahid Fərzəli bərk təəccüblənmişdi. Bu axı necə ola bilər?! Aristotelin sözü olmasın, insan ya diridir, ya da ölüdür. Çaya ya girirsən, ya da girmirsən. Bu boyda əksliklər bir yerdə ola bilməzlər axı…

Təkəbbürlü Müəllim isə onun bu təəccübünə, sadəcə, saymazyana bir istehza ilə gülümsünmüş və dediklərini bir daha təkrar etmişdi. Bu zaman o, Rasselin cavabını hətta bir qədər dəyişdirmişdi:

- Həm həmən çaydır, həm də həmən çay deyil. Bax, bunu lazımdır təsəvvür eləmək!

"Bu adam məni ələ salır!" - o zaman belə düşünən Zahid Fərzəlinin daxilində tufanlar oynamış, əlacsızlıqdan dili-dodağı əsmişdi. Necə nifrət eləmişdi Kamran Abbaslıya, bunu bir Allah bilir. Həm ona nifrət eləmişdi, həm də ona dərin pərəstişdən özünü xilas edə bilmədiyinə görə özünə nifrət eləmişdi. Bax, budur, ikisi bir yerdə, bu dəfə alındı! Həm sevgi, həm nifrət. Çay isə… Çay isə qəliz məsələdi. Bir çaya iki dəfə həm girmək olar, həm də olmaz – o bu iki məqamı bir yerdə təsəvvür edə bilmir və heç zaman da təsəvvür edə bilməyəcək. Deməli, ondan alim çıxmayacaq. Təəssüf, çox təəssüf.

İndi isə… o bunların ikisini eyni vaxtda təsəvvür edə bilir. Amma kinayəsi dilinin ucunda həmişə hazır olan Müəllim artıq həyatda yoxdur. Kamran Abbaslı ilə onun tələbəsinin indiki qabiliyyətini eyni məqamın, Avqustinin o böyük anının içinə salmaq mümkün olmadı. Yenə də təəssüf…

İlk dəfə məhz Müəllim onun diqqətini "Platon, deyəsən, xəstələnib" cümləsinə yönəltdi. Sonralar müəllifin özü haqda danışmasına, özü də bir cümlə ilə böyük bir mətləbi ehtiva etməsinə o, Platonun "Kratil" adlı dialoqunda olan kimi daha heç yerdə rast gəlmədi. Müəllim bu cümlənin vurğunu idi. Yox, belə deyək: o, bu cümləni sevirdi. Bu cümlənin əfsunundan çıxa bilmirdi. Yavaş-yavaş, nəhayət, öz sevgisini sevimli tələbəsinə də "yoluxdura" bilmişdi. Zahid Fərzəli Platonun bu zəif, naçar, məzlum cümləsindən müəllimi qədər təsirlənmişdi. Kamran Abbaslı rahat nəfəs ala bilərdi. Estafet sədaqətli və qaynar bir ürəyə ötürülmüşdü. Qadının gücü onun zəifliyindədi, deyirlər. Bu cümlənin də gücü zəifliyindəydi.

Sevgi estafetini sevimli tələbəsinə ötürəndən sonra Kamran Abbaslı rahat nəfəs aldı və onun bu cümləyə marağı qat-qat azaldı. Məsələn, belə bir məqamı yada salmaq olar.

Zahid Fərzəliyə elə gəlirdi ki, müəlliminin və sonralar özünün də çox sevdiyi Borxesin hətta özü haqda yazdığı "Borxes və Borxes" hekayəsində belə "Platon, deyəsən, xəstələnib" cümləsinin dramasına yaxınlaşan ehtiras yoxdur. Müəllimi isə onunla razılaşmırdı. Kamran Abbaslı bu barədə başqa cür düşünürdü. Bir dəfə aralarında hətta çox ciddi fikir ayrılığına gətirən mübahisə də oldu. Kamran Abbaslı deyirdi ki, sən Platonu Borxes qədər tanımırsansa, bu isə belədir, o zaman sənin qiymətverməndə ən adi "dostluq" prinsipi işləməlidir. Borxesinki daha tutumludu, vəssəlam. Zahid Fərzəli, müəlliminin Borxesə qarşı bu "sədaqətsizlik" nümayişini anlamır, mübahisə edir, dirənirdi. Allah, Allah, necə də gülməli idi onun tərsliyi?! İndi, əlbəttə ki, razılaşardı. İndi bu cümlə onun gözündə təkcə zəif deyildi, həm də miskin idi. Amma indi Borxes vurğunu Kamran Abbaslı yox idi. Bu yoxluq Ziyad Fərzəlinin ürəyini üzürdü.

Ona aydın idi ki, özünə müraciətlə özü haqda danışmağı hökmən bir-birindən ayırmaq lazımdır. Özü haqda çəkinmədən əsərin içində danışan ən maraqlı müəllif isə, heç şübhəsiz, Platon idi. "Kratil"də təsvir olandan daha gözəl, daha mükəmməl bu, özünü harda göstərə bilərdi?!

Platon "Kratil" adlı dialoqunda ölümə məhkum edilmiş ustadı Sokratın zindandakı son saatlarını təsvir edir. Ölüm ayağında təsəlli vermək üçün onun yanında olan dostların bir-bir adını çəkir. Özünün bu ağır məqamda müəlliminin yanında olmamasını isə belə izah edir: Platon, deyəsən, xəstələnib…

Məhbəsdə ölüm hökmü ilə yatan bir adamın görüşünə gəlmək, görünür, o uzaq zamanlarda da qorxulu imiş. Kimsə deyə bilər ki, belə deyil, mətndə buna işarə yoxdur. Əlahəzrət Fakt isə başqa şey deyir və o deyilən bundan ibarətdir: Platon zindana öz müəllimi ilə vidalaşmağa gəlməyib!

Platon, əslində, bu əsərində özü öz barəsində yazır. Qəribə olan isə budur ki, özü özü haqda yazanda o, "deyəsən" sözünü işlədir. Belə çıxır ki, sən demə, Platon tam əmin deyilmiş, nəsə bu məsələdə şübhəli bir məqam varmış… guya!!! Əslində isə, bu mətndəki "deyəsən" sözü Platonun vicdanı ilə qorxusu arasındakı məsafədir. Əzabı, tərəddüdü, şübhəsi, iztirabıdır.

"Deyəsən" sözü bədii cəhətdən bu cümlənin "faragat" duruşuna bir plastika gətirir, onun quluncunu yumşaldır. Nəticədə, cümlədəki hökmü, informasiyanın ağırlığını yumşaldır, mətnin gərginliyini azaldır. Platon bir insan kimi səhvini açıq-aşkar hiss edir, hadisənin üstündən xeyli zaman keçsə də, o özünü bağışlamır. Onun əzabı bu dərin qatları olan, ikiüzlü "deyəsən" sözünün içinə sığışıb. Özü haqda yazdığı gizli peşmançılıq etirafı həmən məzlum cümlənin dərinliyindən bu günəcən boylanır.

Kamran Abbaslı istedadına həmişə inandığı tələbəsinin Platonu belə ciddi-cəhdlə müdafiə etməsinə ürəyində haqq qazandıraraq o zaman demişdi:

- Dirənməyin xoşuma gəldi. Buradan Füzuliyə və onun öz-özünə müraciətinə bir addımlıq yol qalır. Düşünürsən, nə deyirəm?!

Bu ilhamverici sözlərdən sonra Zahid Fərzəli əməlli-başlı dirçəlmişdi. O "bir addımlıq yol"u bu günəcən min bir əzabla gedirdi və aylar, illər keçməsinə baxmayaraq, gedə-gedə dişini-dişinə sıxıb sürətini nə qədər artırırdısa da, Axilles heç zaman tısbağanı ötüb keçə bilmədiyi kimi o da öz imkanlarını ötüb keçə bilmirdi və ancaq indi ləhləyə-ləhləyə gəlib Müəllimin dediyi o sirli, amma sadədən sadə məqama yetişə bilmişdi.

O məqam isə bundan ibarət idi. Füzulinin özünün-özünə müraciəti o biri şairlərin öz-özlərinə etdikləri müraciətə bənzəmir. Bu müraciət çox-çox gizli xətlərlə Platonun "deyəsən" sözünə gedib bağlanır. Amma necə?!

Müəllimi ona öyrətmişdi ki, Şərq ədəbiyyatında qəzəlin sonunda müəllif öz adını çəkən zaman bunu, adətən, ənənəyə sədaqətini nümayiş etdirmək üçün, bir növ "xala, xətrin qalmasın" edir. Füzuli isə, xeyir. O burda özü-özü ilə mübahisə etmədən ötüşə bilmir. Füzuli, elə bil, arzu-kamla, ciddi-cəhdlə, tələsə-tələsə qəzəlin sonuna can atır ki, özünü həmən qəzəli yazdığı o son gecə son dəfə neştərləsin. Sanki bütün qəzəl bir yana, sonluq isə o biri yanadır. Qəzəlin sonundakı Füzuli qəzəli yazan Füzulinin həmsöhbəti, övladı, atası, dostu, hətta düşmənidi. Eynən Məcnun ona köməyə gedən Nofəlin qoşununu daşladığı kimi Füzuli də öz-özünü daşlayır. Elə bil, o qəzəl boyu sözlərin arxasında gizlənib, biz onu görmürük. Qəzəlin sonunda isə dəniz səthində, sözlərin sakit boy sırasında əvvəlcədən görünməyən nəhəng bir dalğa qəfildən hündür və qorxunc dağ kimi peyda olur və hər şeyi öz ənginliyinin içinə alır. Bu sözləri deyərkən Kamran Abbaslının gözləri süzülür, səsi ahəstiyir, elə bil, o öz-özüylə danışırdı.

Kamran Abbaslı bir səhər işə gələrkən elə otağın ağzındaca üzünü Zahid Fərzəliyə tutub şux səslə dedi:

- Danışmışam, sən elə indi get Əlyazmalar fonduna, qədim nüsxələr şöbəsinə. Mənim adımdan yaxınlaş Səlvinaz xanım var, ona. Ən göyçək qadın odu orda, baxan kimi tanıyassan. O sənə bir əlyazma verəcək. Gətirib gəl mənə, gözləyirəm. Tez ol, ləngimə.

Onun Səmhari ilə tanışlığı belə başladı.

Füzuli haqqında yazan və həyatda onu görən yeganə təzkirəçi Səmhari idi. Təəssüf ki, o, müasirləri tərəfindən layiqincə qiymətləndirilməmişdi. Bəzilərinin fikrinə görə, bunu anlamaq olardı. O, elə dərin bir mütəfəkkir, elmdə öz dəst-xətti olan ustad söz və zehin sahibi deyildi. Bu adamın ən əsas məziyyəti Füzulini həyatda görməsi və gördüyü adamı canlı olaraq təsvir edən ilk və son şəxs olmasıdır. Biz indi əgər Füzuli haqqında, onun həyatı, yaşayışı, görünüşü ilə bağlı azacıq da olsa təsəvvürümüz varsa, bunu Səmharinin yazdığı "Əsrari-kəvakib" əsərindən öyrənmişik. Sonra şairin həyatından kim yazıbsa, bu əsərin təsiri ilə yazıb. Bir başqaları isə düşünürdülər ki, elə bircə buna görə Səmharinin adı ədəbiyyat tarixində ədalətsiz olaraq qiymətini almayanların siyahısına cəsarətlə daxil edilə bilər.

O bir başqa sualdır ki, bəs nə üçün bu təzkirəçilər, əlyazma sahibləri, mirzələr Füzuli ilə bağlı Səmharinin adını bir dəfə də olsun çəkməyiblər, onu, bir növ, unudublar. Belə bir müəllifin varlığı və yazdıqları haqda nə ədəbiyyat tarixində, nə də orta əsrlər fəlsəfi tədqiqtlarda heç bir məlumata rast gəlmirik?! Bu sualın öz cavabı vardır. Cavab isə sadədir. Onu ciddiyə almayıblar.

Səmhari yazır ki, Füzulini ilk dəfə gördüyü zaman onun özünün, Səmharinin on iki-on üç yaşı olub. Amma belə kiçik olmasına baxmayaraq bu uşaq artıq yaşlanmış bir şairi elə qüdrətlə yadında saxlayıb və çox sonralar öz kitabını yazarkən onu elə canlı şəkildə təsvir edib ki, oxucu sanki Füzulini öz yanındaymış kimi yaxından görür, bu azmış, hələ nağıllarda olan kimi onun keşiyini çəkən təbiətin hənirtisini də hiss edir.

Səmharinin şair haqqında yazdığı hissə budur. O öz əlyazmasının əvvəlində, 58-ci səhifədə bunları yazır:

"Füzuli ləqəbi ilə şeirlər yazan əməli-saleh Məhəmməd ibn Xülus, ibn Əhməd, ibn Hamid mənim rəhmətlik atamın Kərbəlanın şəhər bazarı altındakı Yetimlər məhəlləsi adlanan səmtində yerləşən mülkünün üzbəüzündə bir kiçik, palçıqdan tikilmiş evdə yaşayırdı. Bizim evlərin arasından bazar yolu keçirdi, yolun da qırağı ilə o biri tərəfə yaxın yerdən bir kiçik arx axırdı.

Mən balaca uşaq idim, olardı on iki, on üç yaşım. Evimizin hasarına dırmaşıb küçə ilə bazara gəlib-gedən adamlara, tacirlərin malını bazara daşıyan səsli-küylü arabalara, atlı cəngavərlərə, piyada zəvvarlara, Kərbəla ziyarətçilərinə tamaşa etməkdən doymazdım. Hər üstü yük dolu dəvə başını yırğalaya-yırğalaya evimizin qabağından keçib gedəndə mən elə biliridm ki, o mənə salam verir. Mən də onun salamını alırdım.

Axşamın həzin zamanında arxın o biri tərəfində bir kişi görünərdi. Əynindəki uzun bəmbəyaz köynəyi kəfənə oxşayan bu orta yaşlı kişinin başında adətən qara rəngli dəsmalı olardı. O, arxın o biri tərəfindəki həyətin palçıq hasarına dirənmiş taxta oturacağa oturar və başlardı əlindəki uzun xurma çubuğunu torpaq üstündə ora-bura gəzdirib qəribə işarələr cızmağa. Fikri-zikri bu işarələrdə olardı. Hərdən başını onlardan ayırıb arxın lil sularına gözünü dikər, bir müddət qımıldanmadan baxardı, uzaqdan mənə elə gələrdi ki, bu adam arxla danışır, nəsə deyir, arxın suları da ona cavab verir. Hərdən də, bir axşam ərzində bir, ya iki dəfə, başını qaldırıb arxın bu biri tərəfinə, bizim ev tərəfə, hasarın üstündə oturan bu balaca oğlana, yəni, diqqətlə onun tərəfə baxıb gözlərini torpaqda işarələr cızan çubuqdan çəkməyən mənə nəzər salardı." Bunu Səmhari belə yazır.

"Mən bu zaman cəhd edirdm, başımı bağçamızda bitmiş xurma ağacının hasara dırmaşan quru budaqlarının arxasında birtəhər gizlətməyə çalışırdım. Bir dəfə hətta arxın o biri tərəfindəki adam mənim ona göz ayırmadan baxmağımdan bəlkə də rəncidə olub əlindəki çubuğunu mənə tərəf silkələdi. Amma bəlkə də rəncidə olmamışdı, bir məqam mənə elə gəldi ki, o hətta gülümsəyir, çubuğunu silkələyib bu şəkildə mənə, elə bil, nə isə bir işarə göndərir. O zaman mən hasarın üstündən sürüşüb-düşüb oğurluq üstə yaxalanan adam kimi ürəyim titrəyə-titrəyə evimizə qaçmışdım. Evdə mənə demişdilər ki, qorxma, nəfəsin gəlsin yerinə, o adam Məhəməd Füzuli adında bir fəzilət sahibidir. Ondan qorxmağa ehtiyac yoxdur. Şairdir.

Mən atamdan soruşdum:

- Ey mənim mehriban atam, şair nədir?

Atam mənə cavab verdi:

- Şair bizim hiss etmədiyimizi hiss edir, deyə bilmədiyimizi deyir, başa düşmədiyimizi başa düşür. O, Allah-təalanın sevimli bəndəsidir.

…Mən Füzuli adlanan o məşhur insanı ilk dəfə bu cür görmüşdüm. Bir dəfə isə qəribə bir iş oldu.

Mən heç cür marağıma güc gələ bilmirdim. Onun əlindəki çubuqla torpaqda nə şəkillər çəkdiyini bilməkdən ötrü hər axşam hasar üstdə od içində qovrulur, yanıb yaxılırdım. Hasar üstündə ta ki gecədən xeyli keçənə qədər oturduqdan sonra ayağa qalxıb aram-aram evinin qapısından balaca həyətinə girib yox olanacan, gözdən itənəcən mən bu adamı izləməkdən yorulmurdum. Amma bir faidəsi yox idi. Hər dəfə ayağa qalxmazdan öncə bütün yazdığı işarələri çubuqla ora-bura üstündən əyri-üyrü xətlər çəkib pozurdu.

Bir gecə isə belə olmadı. Onu həyətdən çağırdılar. Ev tərəfdən, deyəsən, zəif bir səs gəldi. O, əlindəki çubuğu havada saxladı, hasarın o biri tərəfinə qulaq verdi, nədənsə səsi eşidəndən xeyli sonra diksindi, sonra qalxıb çubuq əlində gedib tələsik həyətə girdi. Bu dəfə çubuğu torpaq üstündə gəzdirib bayaqdan bəri çəkdiyi işarələri pozmağı unutdu.

Mənim ürəyim şiddətlə vururdu. Əsl zamanı gəlmişdi. Nəhayət, mən qonşumuzun torpaq üzərində çubuqla nə çəkdiyini gedib öz gözlərimlə görəcəkdim. Bir az da hasar üstə gözləmək qərarını verdim.

Hava tamam qaraldı, ulduzlar göy üzündə öz yerlərini tutdular. Ay o qədər uzaqda idi ki, işığı güclə gəlib bizim evimizin həyətinə çatırdı. Küçədən adamların ayağı büsbütün kəsildi. Nə gələn qaldı, nə gedən. Mən ehtiyatla hasardan sürüşüb küçəyə düşdüm.

Əyilə-əyilə gəlib arxın qarşısında dayandım. Elə ayağımı atıb bu bir addımlıq arxın o biri tərəfinə keçmək istəyirdim ki, qəfildən qulağıma bir səs gəldi. O səs mənə dedi: "Tələsmə və ayağının altına diqqət elə." Mən başımı aşağı əyib ayağımın altına diqqət elədim. Bİr şey görmədim. Sonra üstündən "hop" eləyib keçmək istədiyim arxa diqqətlə baxdım. Bu zaman isə, bəli, qorxudan gözlərim dörd oldu. Bəs mən nə gördüm?!

Ya imam Hüseyn, mən hələ belə şey həyatımda görməmişdim. Arx deyildi bu. Bu bir enli və dərin, itiaxan, dalğalı və qapqara sularının şaqqıltı saldığı qorxunc bir çay idi. Bu qorxunc çayı, mən özümü öldürsəydim də, nə üzüb o biri sahilinə keçə bilərdim, nə də gəmi olsaydı, gəmiylə keçə bilərdim. Bu çayı heç Sindbadın özü də üzüb keçə bilməzdi. Mən qorxmuşdum. "Bismillah" deyə-deyə kor-peşman, suyum süzülə-süzülə geri qayıtdım. Evimizin hasarı, şükr olsun, yerində idi. Hasarın üstünə dırmaşdım. Həyətə tullanmazdan əvvəl döyüşdə məğlub olmuş əsgər kimi son dəfə başımı çevirib arx tərəfə baxdım. Arx həmənki kiçik arx idi, lilli suyu yenə də həvəssiz, zorla axıb gedirdi."

"Əsrari – kəvakib" əsərində böyük şair Füzuli haqda olan hissə Səmharinin dedikləri bu sözlər ilə beləcənə bitir. Kitabda isə Səmhari Füzuliyə aid yazdığı bu hissədən sonra mağara şairi Müşriqə keçir. Kitabın bu yerində dağlara çəkilib yalnız bundan sonra rahatlıq tapan və müdriklik zirvəsinə qalxıb insanlarla hər cür əlaqəsini kəsən, ancaq yazdıqlarını bir oğlan uşağı ilə aşağı, adamların arasına göndərən (bu oğlan uşağı yenə də haman Səmhari özü idi) və müqabilində yer-yeyəcək, pal-paltar alan Müşriq Sübhanverdi barədə Səmhari özünün fəlsəfi izahlarına keçir. Füzuli ilə bağlı məqamlara isə Səmhari bir daha qayıtmır.

Füzulinin həyatı ilə əlaqədar başqa bir qiymətli məlumat naməlum bir müəllifin "Günahların aqibəti" əsərində əksini tapıbdır. Bu əsər Səmharinin əsərindən xeyli sonra yazılıb və ondan daha məşhurdur. İlk dəfə bu naməlum müəllif diqqəti ona çəkir ki, Füzulinin qəzəl sonunda özünə müraciət etməsi bütün digər müəlliflərdən fərqlənir. Nə üçün belədir -- bunun öz sirri var. Naməlum müəllif bizim marağımıza səbəb olan bunları deyir:

"Füzuli özü boynuna almışdır ki, o, qəzəl sonunda özünə müraciət etmir. Füzuli artıq əlyazması itmiş bir müxəmməsində keçmiş şeirlərini nəzərdə tutub belə deyirmiş: Mən qəzəl sonunda çox zaman özüm özümə müraciət etmirdim. Evimin qabağından axıb gedən balaca lilli arxın o biri tərəfində hasar üstdən mənə saatlarla usanmadan və diqqətlə baxan bir balaca oğlan uşağına deyirdim son sözlərimi. Əsl Füzuli qəzəlin sonunda mən yox, o olurdu. O oğlan hasar üstündə olmayanda belə mən yenə də onun təəccübdən iri açılmış gözlərini xatırlayıb onunla danışmağıma davam edirdim."

Əlbəttə ki, Füzuli oğlan uşağı deyərkən Səmharini nəzərdə tuturdu.

…Zahid Fərzəli gecəli-gündüzlü ömrünü sərf edib öyrəndiyi "İkiləşmə və öz-özünə müraciət" adlı mövzu zaman keçdikcə onun özünü gerçək həyatda təqib etməyə başladı. Hər şey Müəllimin ölümü ilə başladı. Bakıdan Lvova uçarkən göydə naməlum bir səbəbdən qəzaya uğrayan təyyarənin bəxtsiz sərnişinləri arasında Kamran Abbaslı da var idi. Bu xəbər bütün elm və ədəbiyyat aləmini silkələmişdi.

Bir müddət keçdi və günlərin bir günü institutda belə bir xəbər ayaq tutub yeriməyə başladı ki, bəs guya Kamran Abbaslını Truskavetsdə parkda mineral su içən yerdə görən olub. O, guya Truskovetsə təyyarə ilə yox, qatarla gedibmiş. Adamlar əməlli-başlı sevinməyə macal tapmamış, "yox, oxşadıblar" deyə başqa bir xəbər gəldi. Sonrakı xəbəri isə artıq Müəllim özü göndərmişdi. O, həyatının sonuna qədər bu balaca, amma sevimli şəhərdə qalmağı barədə dostlarına, uzaq qohumlarına bildiriş göndərirdi. Deyəsən, Kamran Abbaslı həm var idi, həm də yox idi. Zahid Fərzəli öz-özünə möhkəm söz verdi ki, vaxt tapıb hökmən özü təyyarəyə minib Lvova, ordan da Truskovetsə gedəcək və bu şübhəli məqamın üstünə, əlbəttə ki, birdəfəlik işıq salacaq.

Bir müddət sakitlik oldu. Kamran Abbaslının varlığı, yoxluğu ilə bağlı anlaşılmaz və gərgin bir tərəddüd, ümidsiz bir şübhə təkcə adamların ürəyində deyil, institutun dəhliz və divarlarında da gizildəyə-gizildəyə qalmışdı. Hamı, elə bil, ən son xəbərin müntəzirində idi. Və, nəhayət, bu son xəbər də gəlib çıxdı. Xəbər belə idi. Müəllim, nəhayət, bu günlərdə Bakıya qayıdıb. Daha sonra bu xəbərə kiçik bir əlavə edildi. Bakıya dönəndən sonra o, bir dəfə də olsun evdən bayıra çıxmayıb, bir həftədir evində xəstə yatır. "Allah-Allah, bu nə qarabasmadır?!" deyə düşünən Zahid Fərzəli "bu gün yanına gedərəm, sabah yanına gedərəm", bu cürə günü günə satdı və bir gün artıq özünün də inandığı, bəlkə inanmaq istədiyi sonuncu ağır xəbəri eşitdi. Müəllim vəfat etmişdi. Çox üzülsə də dəfnə gedə bilmədi. Bunun üzürlü səbəbi oldu. Sadəcə o, dəfn zamanı Bakıda deyildi. Türkmənistana "Maxtımqulu" günlərinə dəvətliydi. Ora isə getməyi Zahid Fərzəli çoxdan arzu edirdi.

Vətənə qayıtdıqdan sonra İnstitutda səhər tezdən əvvəl-əvvəl iş yoldaşları ilə Müəllimin macəralı ölümünü müzakirə etdilər. Sözləşdilər ki, elə axşama yaxın qəbir üstünə getsinlər. Elə bil, adamların üstündən yük götürülmüşdü. Müəllimin bu macəralı həyatı, nəhayət, özünün rahat sonluğuna qovuşmuşdu. Hər kəs iş otağına dağılırdı ki, İnstitutun katibəsi əlində bir parça kağız parçasını yelləyə-yelləyə şux addımlarla onlara yaxınlaşdı. Yenə də Truskavetsdən xəbər gəlmişdi. Kamran Abbaslı onların hamısına, Zahid Fərzəliyə isə xüsusi olaraq, salam göndərirdi və ondan Türkmənistandakı konfransın necə keçməsini maraq edirdi. Ətrafda hamı çaşıb qalmamışdımı, çaşıb qalmışdı.

…"Platon, deyəsən, xəstələnib" cümləsindən daha məzlum, daha zərif və daha gözəl cümlə, görəsən, yer üzündə varmı?!

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

Qardaş Türkiyənin İzmir şəhərində yerləşən YAZŞADER - Yazarlar və Şairlər Dayanışma Derneği tərəfindən  keçirilən  I Beynəlxalq Yazşader Hekayə və Şeir Müsabiqəsi (Uluslararası Yazşader 1. Öykü ve Şiir Yarışması) yekunlaşdı.

 

“Ədəbiyyat və incəsənət”  portalı xəbər verir ki, oktyabrın 13-ü İzmirdə Karşıyaka Çarşı Kültür Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması baş tutdu. Qaliblərə plaket və  müsabiqəyə göndərilən əsərlərin çap olunduğu antologiya hədiyyə edildi. 

Müsabiqənin qalib hekayələrindən ikisinin müəllifi Azərbaycan yazıçılarıdır. AYB və DGTYB üzvü, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi  Şəfa Vəli real hadisələr əsasında yazdığı  “Qonağın qəndi” hekayəsi ilə I yerə, Pərvanə Məmmədova-Kəlağay Türkiyədəki zəlzələ zamanı insanları uçuqlar altından çıxaran köpəklərin ümumi obraznı yaratdığı “Xilaskar Köpək” hekayəsi ilə III yerə layiq görülüb. II yeri isə qardaş ölkənin Bursa şəhərindən olan yazıçı Ceyda Kurt Sarı “Alqışlar Filfin üçün” hekayəsi ilə qazanıb.

Sizə Şəfa Vəlinin ödül qazaqnmış hekayəsini təqdim edirik.

 

                                                        Şəfa Vəli

                                                  "Qonağın qəndi"

                                                        (hekayə)

 

         Qırx beş yaşlı bir kişi üçün həyatının bu günə qədərki düzənini pozmaq elə də asan deyildi. Qohum-qonşuların, hətta, yaşı yetmişi çoxdan keçmiş anamın belə evlilik haqda danışıqları bu səbəbdən beynimin bir küncündə hər gün eşidəcəyim avtomobil siqnalı kimi adiləşmişdi. Mən bu yaşa qədər özümə qəhvə dəmləməyə,  pencəyimin düymələrini bərkitməyə, köynəyimin boynunu sulu dəsmal qoyaraq ütüləməyə elə alışmışdım ki, bütün bunları kiminsə edəcəyini ağlıma da gətirmək istəmirdim. Aradabir güzgüdə saçlarımın arasında süd rəngi gözümə dəysə də gülümsəyirdim. Xəyalə Sevilin kitabındakı kimi özümü təsəlli edirdim: “Saçlarıma ay qonub”. Özün-özünü təsəlli edib gülümsəyincə içindəki hisslərin adı olmur. Bəzən düşünürəm də, elə yaxşı ki, bu hisslərin adı olmur. Yoxsa, öz gözümdən bir çılğın yalançı kimi düşərdim.

         Hə, deyirdim axı, evlilik mənimçün çoxdan getmişdi. Bu gediş bileti əlimdə yanan qatarın gedişi qədər təəssüf doğurucu deyildi, durnaların payız yaxınlaşınca isti ölkələrə qayıtması kimi adi idi. Çox adi. Lakin, adiliyi yox etmək üçün həyat mənimlə şərt kəsmişdi. Bu şərtin nə vaxtsa qarşıma qoyulacağı, məni sehr dükanına göndərəcəyini bilirdim. Qəsdən gecikirdim. Sevmədiyin bir qadının sevdiyin rəngdə manto geyinməsini görüb ona görüş təyin etmək kimi idi evliliklə üzləşməyə hazırlaşmağım. Lakin, bir gün ikicə kəlmə söz məni masaya oturmağa və bütün kartlarımı açaraq sonuncu  inadımdan da keçməyə vadar elədi. 

         Onda qış gəlmişdi. Dovşan ovu barədə sənədli filmə baxandan sonra həvəslənib uzaq kənddə yaşayan qohumlarımızgilə gedib çıxmışdım. Kəndə axşamüstü çatmışdım. Qonaq getdiyim ailə yaşı otuzu təzəcə keçmiş olan gənc bir ata, saçlarını çəhrayı kəlağayıda gizləyən gənc ana və üç yaşlı bir oğlan uşağındn ibarət idi. Şəhərin dolanbac küçələrinin riyakarlığından uzaq bu kənd məsumluğu məndə kövrəklik də yaratmışdı. Arada düşünmüşdüm ki, bəlkə yaşım əlliyə az qalıb deyə belə ürəyiyuxa olmuşam?!

         Kasıbyana süfrədə şəhərdə birini bəyənib  yediyim, o birinə mız qoyduğum şirniyyatlardan heç biri yox idi. Şüşə qənd qabının qapağının bir tərəfi çatlamışdı. İçindəki bir ovuc qənd şüşə qabın içərisində üst-üstə yığılmış oyuncaq kublara bənzəyirdi. Bilmirəm, niyə onda bu qəndqabına belə çox fikir vermişdim. Yəqin, bu da Tanrı  tərəfindən verilən bir işarət idi. Biz insanların hər birini sevgiylə yaradan Tanrı bizə hər şeyi anladır. Lakin, biz bunu görməzdən gəliriksə, bir şanssızlıqla üzləşincə, niyə özümüzü yox da, Tanrını günahlandırırıq?!

         Gecəni bu fikirlərlə yatmışdım. Tanrı və onun bizə göndərdiyi işarətlərin həyatımıza təsiri, əslində, həyatın nədən ibarət olduğu barədə o  qədər düşünmüşdüm ki, saat neçədə yatdığım yadımda deyildi. Oyananda ilk baxdığım saat oldu. Günortaya yaxınlaşırdı. Axşamın qaranlığında o qədər fikir verməsəm də, indi  qış günəşinin gözqamaşdırıcı parıltısını mənə  ötürən pəncərənin o üzündə kiçik  bir aynabəndin olduğunu gördüm.  Başımı qaldırıb eşiyə baxmaq istəyirdim ki,  eşitdiyim sözlər məni çarəsizcə  yerimdə donmağa məcbur etdi. Uşaq anasına deyirdi:

-Ana, qonağın qəndinin biyi yeyə düsüb.

         Donmuşdum... Çarəsizdim... Necə yəni, qonağın qəndi? Axı, bu evdə başqa şirniyyat yoxdur? Üç yaşlı uşaqlar isə qəndi xart-xartla yeməyi sevirlər. Bəs, bu eşitdiyim? Düşündüyümü  özümə təsdiqləmək istəməsəm də yavaşca pəncərədən aynabəndə boylandım. Ananın əlinə şüşə qəndqabı vardı. Uşaq kiçik ovcundakı bir dənə qəndi qaldırıb anasına uzatmışdı. Ananın gözlərində qürurqarışıq  təəssüf vardı. Və ikisi birdən;  qürur və təəssüf iki gilə göz yaşına da qalib gəlmiş, onları ananın dumduru bəbəklərindən yanağına qovmağı  bacarmışdılar.

         Dovşan ovu həvəsimi  öz tariximin bir səhifəsinə yazıb həmin gün o kənddən ayrılmış, evlənməyə qərar vermişdim. Mən də üç  yaşlı oğlumun həyatın yoxluq və varlıq işvəsini anlamasını istəyirdim.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

3.

PRİORİTET SAHƏ

 

Təbii ki, mütaliə mədəniyyətinin yüksəlməsi, yeniyetmə və gənclərin kitaba cəlb edilməsi, yüksək dərəcədə mədəni, bilikli insanların formalaşdırılması Azərbaycan Respublikasının prioritet məsələsidir.

İlk yazılı ədəbi nümunələrin toplusu kimi kitab əvəzsiz sərvətlərimizdən biridir. Bu qiymətli sərvətimizi qoruyan ilk kitabxana eramızdan əvvəl yaradılmışdır. Uzun müddət ərzində onun sosial funksiyaları xeyli dəyişmişdir. İlk kitabxananın məqsədi yalnız sənədlərin saxlanılması idi. Yarandığı gündən indiyə qədər kitabxana bir neçə mərhələdən keçmiş və hazırda informasiya və mədəni komponentləri özündə birləşdirən müasir tipli kitabxana olmuşdur. Müasir kitabxananın əsas məqsədi cəmiyyətin intellektual mədəni inkişafına kömək etmək, onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir.

Müasir dövrümüzü internetsiz təsəvvür etmək qeyri mümkündür. Azərbaycanda və onun hüdudlarından kənar olan ölkələrdə yaşayan insanlar, o cümlədən yeniyetmələr, gənclər arasında asan, əlverişli ünsiyyət vasitəsi kimi internet geniş imkanlar açmaqdadır. Artıq adi kitabları elektron vəsaitlər əvəz etməkdədir. Belə kitabları əlçatan etmək üçün kitabxanalar kompüter və internet ilə təchiz olunub. Uşaqlar və yeniyetmələrin mütaliəsi, dünyagörüşünün formalaşması, qlobal informasiya mühiti ilə səmərəli təması proseslərinin uğurla nəticələnməsi Azərbaycan dövlətinin kitabxana-informasiya sahəsində gələcəyə yönəlmiş inkişaf konsepsiyasının tərkib hissələrindən biridir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008- 2013-cü illərdə inkişafı üzrə dövlət proqramı”nın təsdiq edilməsi barədə sərəncam vermiş və bu proqramda kitabxana-informasiya sahəsində geniş plan hazırlanmışdır.

16 Oktyabr gününü dünya Mütaliə Bayramı kimi qeyd edir. Bu münasibətlə Azərbaycanda da hər il silsilə tədbirlər keçirilir. Bu işdə xüsusən Mədəniyyət Nazirliyinin tabeçiliyində olan Cəfər Cabbarlı adına Gənclər Kitabxanası, F. Köçərli adına Uşaq Kitabxanası, eləcə də M.F.Axundov adına Milli Kitabxana öz fəallıqları ilə seçilirlər. Kitabxanalarda bir sıra tədbirlər:  kitab müzakirəsi, oxucu konfransı, icmal, dəyirmi masa, rəsm müsabiqəsi, oxucularla söhbət, səhnəciklər, icmal və s. təşkil olunur. Mütaliə Bayramı məqsədilə kitabxanalarda ənənəvi kitab sərgiləri də təşkil olunur. Bu mövzuyla bağlı fotostendlər, dünya mətbuatı, eləcə də Azərbaycanın ilk qəzet nümunələri, məqalə və kitablar sərgidə öz yerini alır.
Kitab dünya mədəniyyətinin güclü silahıdır. Mütaliə insanı kamilləşdirir, onun nitq və qabiliyyətini inkişaf etdirir. Con Lokun dediyi kimi: “Mütaliə zehni sadəcə bilgi ehtiyatı ilə doldurur, mütaliəni qazanclı edən - düşünməkdir.” 

 

Növbəti: 4.Ümummilli liderin mütaliəyə münasibəti

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Torpaqlarımızın azad olduğu qələbə günlərimizdə bir çox mədəni abidələrimiz kimi Ağdam Çörək Muzeyinin bərpası da nəzərdə tutulub. 

 

Ağdamda ilk bərpa olunacaq yerlərdən biri məhz Çörək Muzeyi və digər mədəni abidlərimiz olacaqdır. Bərpa işləri görülərkən də Çörək Muzeyinin hazırkı dağıdılmış vəziyyəti də nümayiş edilməli, Ermənistanın vandallığı Muzeyə gələcək hər kəs tərəfindən görülməlidir.

Ağdam Çörək Muzeyinə aid şəkilləri sizə təqdim etməkdən məmnunluq duyur.

 

Qısa xatırlatma verək ki, 1983-cü ildə yaradılan, dünyada 4-cü, SSRİ-də ilk olan, unikal gözəllik və zəngin eksponatlara malik Ağdam Çörək Muzeyi Ermənistan silahlı qüvvələrinin hücumları zamanı iki dəfə mərmi zərbəsindən ziyan çəkib. 1992-ci il  avqustun 12-də Ağdam şəhəri keçmiş Əsgəran rayonunun Xanabad və Naxçivanik kəndləri tərəfindən güclü raket və artilleriya atəşinə tutulub. Nəticədə raketlərdən biri Çörək Muzeyinə düşüb. Məhz bu mərmi muzeyin mövcudluğuna son qoyub. Yanğını söndürmək cəhdləri səmərəsiz olub. Nəticədə  muzeydə 1500-ə qədər eksponat yanıb külə dönüb.

Bəli, düşmən nə qədər insanımızı, mədəni irsimizi, elm və təhsil ocağımızı, iqtisadi rifah mənbələrimizi məhv edib. 

Zaman keçdikcə bu yaralar daha dərindən duyulur. 

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

Malayziyanın Kuala Lumpur şəhərində Cənub-Şərqi Asiya regionunda yaşayan Azərbaycan icması ilə görüş keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diaspora ilə iş üzrə Dövlət Komitəsindən məlumat verib.

 

Görüşə Malayziya, İndoneziya, Tailand, Filippin, Vyetnam, Kamboca və Cənubi Koreyadan olan diaspor nümayəndələri qatılıblar.

Azərbaycan və Malayziyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü açıq elan edən Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov diaspor tarixində ilk dəfə olaraq reallaşan bu toplantı münasibətilə soydaşlarımızı təbrik edib, diaspor fəaliyyətinin səfirliklərin gücünə güc qatdığını bildirib.

Səfir Elçin Bəşirov Tailandda Azərbaycan səfirliyinin yeni fəaliyyətə başladığını, diaspor fəallarına hər zaman dəstək verməyə hazır olduğunu söyləyib.

Tədbirdə ölkəmizin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə reallaşan irihəcmli layihələr, o cümlədən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri, komitənin xarici ölkələrdə təşkil etdiyi ixtisaslaşmış forumlar və s. haqqında müfəssəl məlumat verilib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan Komitə sədri Fuad Muradov dünya azərbaycanlılarının, o cümlədən Cənub-Şərqi Asiyadakı icmalarımızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, həqiqətlərimizin təbliğində fəal iştirak etdiklərini qeyd edib.

Qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları hərtərəfli cavablandırıldıqdan sonra  diaspor nümayəndələrinin təklifi ilə Cənub-Şərqi Asiya regionunda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis olunub. Elçin Hüseynov Malayziya, Əli Hüseynli İndoneziya, Gündüz Qasımlı və Elşən Bənnayev Tailand, Təranə Babayeva Filippin, Əli Əlizadə Vyetnam, Fuad İmamquliyev Kamboca, Cəmil Vəliyev Cənubi Koreya üzrə AKŞ-nin koordinatorları seçiliblər. bununla da dünya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya şuralarının sayı 16-ya çatıb.

Tədbir çərçivəsində malay dilində çap olunmuş Azərbaycan ədiblərinin əsərlərindən ibarət “Ürəkdə yazı” adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə Malayziya parlamentininQərbi Asiya regionu üzrəDostluq Qrupunun rəhbəri Zahir bin Hassan, Malayziyanın Turizm Nazirliyinin baş katibi Vira Roslan Tan Sri Abdul Rahman, Milli Birlik Nazirliyinin baş katibi Hasnol Zam Zam, Kuala Lumpur şəhərinin meri xanım Maimunah Mohd Şarif, xarici ölkələrin Malayziyada akkreditə olunmuş səfirləri, universitet rektorları və kitabxana direktorları iştirak edib.

Malayziya Tərcümə və Kitab İnstitutunun (Malaysian Institute of Translation & Books) rəhbəri Nur Amin Əhməd çıxışında bildirib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlığın səmərəli nəticəsi olaraq ortaya çıxıb.

Toplantı Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” musiqi qrupunun ifaları ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

“Türkistan’dan Anadolu’ya Türk Kültüründe Ferfene Toplantısı”

 

Muhammet Bekir Karacakaya

 

“Ferfene” kültürü Türkistan sahasından Anadolu’ya gelen Oğuz boyları tarafından nesilden-nesile gerçekleşmiş kültür aktarımıyla birlikte İç Anadolu Bölgemizde rast gelebildiğimiz, icra edilen bir gelenektir. Türk eğlence kültürünün bir unsuru olan ferfene Türk Dil Kurumu sözlüklerinde “Ortaklaşa yapılan yemekli-içkili toplantı”, “Düğün, ya da bayramlarda gençlerin birleşerek bir kuzu, ya da koyun kesip yemeleri”, “Çocukların ayrı-ayrı evlerden malzemelerini toplayıp, kırda yaptıkları pilav” maddeleri ile yer alır.

Geleneğin icrasını incelediğimizde bu konudaki asıl anlamın “Ortaklaşa yapılan yemekli, içkili toplantı” ifadesi olduğunu görebiliriz. İç Anadolu ağızlarında “ferfene” kelimesi “felfele”, “felfene”, “ferfana”, “ferfane”, “ferfere” gibi farklılıklar da göstermektedir. Ankara’da ise “ferfene” kelimesi yaygın olarak kullanılır, telaffuz edilir. Türk dünyasında ferfene geleneği, en doğudan-en batıya gittiğimizde Doğu Türkistan’da “Meşrep”, Kırgızistan’da “Coro-Bozo”, Özbekistan’da “Geşdek”, Bulgaristan sahasında “Muhabbet”, Kırım-Karay sahasında da “Konuşma” adlarıyla icra edilir. Ferfeneyi oluşturan temel unsurlar sohbet, toplu yemek, saz dinletisi ve oyun havalarıdır.

Ferfene’nin amacı bir arada yaşayan bölge halkının arasındaki iletişim bağının kuvvetlenmesi, tanışıklığın artması ve hatta bu tanışıklıkların dostluklara dönüşmesidir. Esas itibarıyla bu gelenek, sosyal dayanışmanın temellerini sağlamlaştırmaya yöneliktir.

Ferfene geleneğinin icrasına toplumun her kesimi katılabilir. Ferfene yaşlıyı, genci, çocuğu; fakiri, zengini, muhtarı ve onun gibi makam sahiplerini bir araya toplar. Ferfenede toplumsal sınıf ayrımı kabul edilmez. Ferfene toplantısında yenilen yemeği katılımcılar ortak olarak hazırlar. Yemeğin hazırlanışında önceden eli yatkın olduğu bilinen gençlere de görevler verilir. Buradaki amaç, sofra kültürünün gençlere aktarımıdır. Yapılacak yemeğin başında mutfak işlerinin nizamını sağlayacak bir ocakbaşı bulunur.

Ferfenede yapılan yemekler mevsimsel ve ekonomik şartlara göre seçilir. Yemeklerin yapımında kullanılacak malzemeler de yapımda olduğu gibi, yine ortaklaşa temin edilir. Her kes getirebildiği malzemeyi bir bohçaya koyar ve yemeğin yapıldığı alana gizlice bırakır. Ekonomik durumu daha az müsait olanlar kendi şartlarından dolayı, diğer katılımcılarla aynı katkıda bulunamayabilir. Katılımcıların temin ettiği malzemeler gizlice toplandığı için ekonomik sıkıntılarından dolayı, pek fazla katkıda bulunamayan katılımcıların da gururu incinmemiş olur.

Ferfene geleneği “köy odası”, “köy konağı” gibi kapalı bir mekânda icra edilir. Ferfeneyi bölge halkının hem yaş, hem de manevi olarak büyükleri, muhtar gibi yöneticileri ve ya seymen büyükleri düzenler. İç Anadolu Bölgesi ve Ankara sahasında ferfenenin genelde güz aylarında, 15 günde bir, haftada bir, ya da saya gezmesi, oturak âlemleri, yaren meclisleri, düğün toplantıları gibi özel zamanlarda gerçekleştirildiği görülür. Kadın ve erkeklerin ferfeneleri ayrı mekanlarda yapılır. Bazı bölgelerde ferfene köydeki hanelerden birinde de yapılabilir. Bu hanenin seçimi kura ile yapılır. Bir sonraki kurada aynı hane kuraya eklenmez. Ferfenenin yapılacağı mekânda katılımcılar, yaş sıralamasına göre, kendilerine uygun minderlerde otururlar. Baş köşeye de katılımcılar arasındaki en yaşlı kişi oturur. Mekâna giren her kes mekandakilerle kucaklaşır, selamlaşır. Geç kalan kişi ise icranın bozulmaması için her kesi ortak olarak selamlar.

Ferfenenin icrası başladığı andan itibaren icra bitene kadar kimse makul bir bahane olmadan mekânı terk edemez. Bu, bir edep konusu sayılır. Bu kuralın dışına çıkanlar ferfene alanındaki katılımcılara saygısızlıkta bulunmuş sayılır. Her kes yerini aldıktan sonra ferfenenin temeli olan sohbet faslı başlar. Sohbetlerde genel olarak gündelik hayat, şahsi yaşamda yaşanılan zorluklar, ya da güzellikler konuşulur. Büyükler küçüklere hayata dair tecrübelerini, yaşadıkları ve yaşatmaya çalıştıkları gelenek-görenekleri anlatır. Bu şekilde nesiller arası kültür aktarımı da gerçekleşmiş olur. Sohbet faslında kimse müsaadesiz konuşamaz. Ferfene kurallarına uymayan, kuralları ihlal eden katılımcılar önce söz ile uyarılır. Uyarılan katılımcı bir daha hatada bulunursa, mekânın girişindeki ayakkabıları ters çevrilerek onun bir daha ferfene toplantılarına alınmayacağı ifade edilir. Aynı yerleşim alanında müşterek bir hayat yaşayan bu insanlar ferfene ortamında ortak sıkıntılarını da dile getirirler. Bu sıkıntılara çözümler aranır. Hatta bir-birleriyle anlaşmazlığa, küslüğe düşenler de barıştırılmaya çalışılır. Aslında ferfenenin icrasındaki tüm bu ortaklık ve uyumluluk ferfenenin ne kadar önemli bir birleştirici unsur olduğunun da göstergesidir.

Selamlaşma ve sohbet faslından sonra yemekler yenmeye başlanır. Yemeğin dağıtımı ocakbaşının işaretiyle başlar. Yemek yine oturulan minderlerde, kurulan sinilerde yenir. Yemeğe katılımcılar arasındaki yaşça en büyük kişinin besmele çekip buyur etmesiyle başlanılır. Yemeğin bitiminde yine yaşça büyük olanlardan, ilim sahibi olan katılımcılardan biri şükür duası eder. Dua, duanın kabulü ve katılımcıların ölmüşlerine rahmet olması adına Fatiha okunarak sonlandırılır.

Yemeğin bitiminden sonra sofra kaldırılır ve ferfeneye ara verilir. Verilen arada şahsi ihtiyaçlar giderilir. Mevsime ve isteğe göre çay, şerbet, ayran gibi içecekler dağıtılır, içilir. Aranın bitiminden sonra ferfenenin son faslı olan oyunlara geçilir. Fasıla saz ekibinin Ankara havaları çalmaya başlamasıyla geçilir. Sazların konuşmaya başladığı anda söz kesilir. Konuşmaya kalkan olursa, yine sözlü şekilde uyarılır. Oyun faslı sazlar eşliğinde oynanan oyun havalarıyla, zeybeklerle icra edildiği gibi, Türk köy seyirlik oyunlarının oynanmasıyla da devam edilebilir. Oyun havaları oynandığı sırada oyuna katılanlar kaşık çalar. Saz ekibi oyun havası çalmayı kesip bir ağıt olan “Cezayir Havası” çalmaya başladığı anda her kes yerine oturur. Müziğin icrasının bitmesiyle beraber ferfene toplantısı son bulur ve katılımcılar dağılır.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

 

 

 

 

 

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Yaşamaq çox kədərli bir şeydir. Sağa baxıram, sola baxıram – darıxıram

2.

Anlaşılmaz qəribə nisgillə yaşamağa hazırlaşdığımız səhərlərdən biri başını yana əyərək yavaşca, utana-utana etiraf edir: “Mən səhər deyiləm, gecəyəm” deyir.

3.

Hər bir adam öz içində istədiyi mürəkkəb melodiyanı “çala bilir”. Öz içindəki harmoniyanı qoruyub saxlayır. Amma əgər o adam haman melodiyanı “içindən buraxıb” səsli halda təqdim etmək istərsə, buna nail ola bilməyəcək. İçindən çıxdısa, səni tərk etdisə, o zaman harmoniya dağılır.

4

“ -Günahlarım ürəyimdə dağ oldu,

Sap qırıldı, mirvarilər dağıldı.

Hamısı da təkcə sənə oxşadı – birindən başqa. Sonra gördüm, yox, o da sənə oxşayır.”.

5.

Biz “şair” xalq deyilik. Biz harmoniyaya - qafiyəyə, ritmə, ölçüyə can atan xalqıq.

6.

“Ədəbiyyat xalqa yaxın olmalıdır” ideyasına şübhə ilə yanaşmaq lazımdır. Ədəbiyyat ən azı bir addım irəlidə olmalıdı. Kimisə arxasınca apara bilmək üçün.

7.

“Arzuların dil açıb yalvarar ki,

 Əvvəl-axır bir oyuncaq ver mənə.

Olacağın olmağına nə var ki,

Bircə dənə olmayacaq ver mənə.”

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.