Super User
BİR SUAL, BİR CAVAB Musa Ələkbərli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
”Göründükləri kimi olmalıdır insanlar.
Əgər deyillərsə, heç görünməsələr, daha yaxşıdır.” (Uilyam Şekspir)
Musa bəy, bu tip insanlara nə tövsiyə edərdiniz?
CAVAB
Dahi Şekspir gözəl deyib. Üzünə üz çəkməklə insan təzələnə bilməz. Saxta sevginin, yalan sözün, süni rəftarın ömrü çox qısa olur. O cür insanlara sadəlik, səmimiyyət, saflıq, təmizlik, ləyaqət, böyük insanlıq tövsiyə edərdim. Onlar təbiətə üz tutsalar, fəsillərin ahəngdarlıqla bir-birini əvəz etməsini, axşamın-sabahın vaxtlı-vaxtında bərqərar olmasını izləsələr və bu haqda dərin-dərin düşünsələr, öz naqisliklərini daha yaxşı dərk edərdilər. Təəssüflər olsun ki, bu gün cəmiyyətdə belə insanlar çoxdur, lap çoxdur. Bu da vaxtilə belə insanlara yazdığın şeirdən yadımda qalan sətirlərdir:
Az çək özünü,
Çəkiyə gələsi nəyin var axı?
Uca-uca zirvələrin yanında.
Qəlbi-qəlbi çinarların yanında.
Uzun-uzun ağ yolların yanında...
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Yaxşı ki, qanadı tək deyil quşun...“ şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Şair bu dəfə “Yaxşı ki, qanadı tək deyil quşun...” deyərək şükür edir.
Xoş mütaliələr.
Yaxşı ki, qanadı tək deyil quşun...
Deyirlər allahdan gözəli yoxdu,
Onun da boyunu görə bilmədim.
Bir sevgi böyütdüm canımda, ancaq
Heyif ki, toyunu görə bilmədim.
Bəlkə son güllədi sonuncu yarpaq?-
Payız da beləcə tərksilah olur.
Hərdən ürəyiylə döyüşür adam-
Ürəyi üstündə tək silah olur...
Yağış gətirmişəm o göy üzündən,
Kövrək buludları ağlatmışam mən.
Mən də yalançıyam- özüm özümü
Yüz dəfə ümidlə aldatmışam mən.
...Yaxşı ki, qanadı bir cütdü quşun-
Yaxşı o tüfəngin tək lüləsi var.
Kibrit çöplərindən ev tikənlərin
Evinin alışmaq təhlükəsi var..
Ədəbiyyat və incəsənət”
(15.10.2024)
“Həyat səninlə gözəldir” - Xuraman Hüseynin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xuraman Hüseynin şeirləri təqdim edilir.
Vətən sevgisi
Vətəni elə sevdiniz,
Vətənə sevginiz qaldı.
Hər küçədə, hər cığırda
Bu sevgidən bir iz qaldı.
Sizlər bizim yolumuzda
Canınızdan keçmisiniz.
Torpağı yaşatmaq üçün
Qanınızdan keçmisiniz.
Məğlub etdiniz düşməni,
Bizdən gen qaçır qəm, kədər.
Vətəni necə sevməyi
Qanıyla yazan şəhidlər!
Köç karvanı
Həsrət yoluyla insanın
Arzusu, gümanı gedir.
O yolla keçən günlərin
Yaxşısı, yamanı gedir.
Bu da gözlədiyimiz gün,
Avazı gəldi bülbülün.
Bir xoş anı görmək üçün
İnsanın zamanı gedir.
Gözümüz yaş içən yerdən,
Günlərimiz keçən yerdən,
Nisgilimiz köçən yerdən
İndi köç karvanı gedir.
Böyük Qayıdış
Qoynundan
didərgin düşdüyümüz anamız
Vətənə dönürük,
geri qayıdırıq
həsrətimizi bağrımıza basaraq.
Ayaq izlərimizin
xiffətini çox çəkib
gəldiyimiz yollar.
Vüsalla bitir
İllərin ayrılığı.
Sağalan yaralar
unudur ağrılarını,
gülür ağlayan gözlərimiz.
Vətənimiz xoşbəxt günlərini yaşayır.
Həsrətimizi, nisgilimizi
düşmənin ayaq izləri kimi
tapdalayaraq
gəldiyimiz yerə qayıdırıq.
Məğlub olan, uduzan
kiçik adamları
tarixin zibil yeşiyinə atır
Böyük Qayıdış.
Qayıdırıq sənə,
Vətən!
Həsrət bizi bir az da
böyüdüb,
Qayıdışımız da böyükdür.
Əsrlərlə, illərlə deyil,
44 günə qazanılan
böyük Zəfər və geri dönüş!
Qoparıb həsrətdən
qübar bağlayan
ürəyimizin qaysağını, xoş gəlirik,
Vətən, sənə xoş gəlirik!
Bayraq adam
Milli Qəhrəman Natiq Qasımova
Alban kilsəsində beş gün ac-susuz
Döyüşdün, vuruşdun vətənin üçün.
Bayrağı vermədin namərd düşmənə,
Bayraq sevgin ilə dastana döndün.
Qoruyub Xocalı əsirlərini,
Özün təslim oldun o yağılara.
Sənintək qəhrəman oğlu olan xalq
Heç məğlub olarmı, düşərmi dara?
İgidlər qoruyar ana torpağı,
Bir evi yaşadan sönməz ocaqdır.
Sən də vətən üçün şəhid olmusan,
Şəhidlər əbədi yaşayacaqdır.
Qönçələr solmayacaq
Didərgin düşdünüz yurdunuzdan,
Məcburi köçkün oldunuz vətəndə.
Birləşib bir olduq,
"İtiqovan"la qovduq
sizi didərgin edənləri.
Qönçələr solmayacaq,
göz oxşayacaq güllər, çiçəklər.
Vətəndə didərgin olmayacaq,
hamı öz yurduna, evinə köçəcək.
Gözlər sevincdən ağlayacaq,
Yanaqlarda izi qalmayacaq
dərddən axan göz yaşlarının.
Həyat səninlə gözəldir
Düşmən işğal etdi səni,
uçdu, dağıldı
şəhərlərin, kəndlərin.
Nə qədər ömür yarıda qaldı,
sındı həyatların pəncərələri.
Bizim də ürəyimiz sındı
İllər öncə xəyanətini
bağışladığımız qonşunun
yenə xəyanət etdiyini
görüncə.
Qırıldı sülh göyərçininin
qanadları da.
Gec tanıdıq düşməni.
Saf ürəyimiz
daşqəlbli düşmənin
qarşısında
sınmayacaq bir də.
O ürəyi qoruyan
igid oğullar var.
Onlar əyilməyə, sınmağa
qoymayacaqlar səni.
Həyat səninlə gözəldir
Vətənimizin
gözünün qarası - Qarabağ!
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Mal kəlləsindən xaşlama
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal kəlləsindən xaşlamanın
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Mal kəlləsi – 234 qr
§ Soğan – 40 qr
§ Kök – 40 qr
§ Dəfnə yarpağı – 3 qr
§ Duz – 6 qr
§ İstiot (dənəvər) – 0,05 qr
Xörək əlavəsi:
§ tərəvəz turşusu – 20 qr, meyvə turşusu (məti) – 20 qr, sirkə
– 10 qr, sarımsaq – 2 qr, nar dənəsi – 15 qr, göyərti – 8 qr
HAZIRLANMASI:
Malın kəllə hissəsinin dərisi so- yulur, alt çənəsi dili ilə birgə oynaq yerindən iti bıçaqla çıxarılır. Dil alt çənədən ayrılır. Əti üstündə olan alt çənə bir neçə yerə bölünərək yuyulur, xırda sümüklərdən təmizlənir. Qazana yığılır və üzərinə su əlavə olunur. Qaynayana yaxın suyu atılır və yenidən 1:2,5 nisbətində su əlavə edilir. Qaynadıqca kəfi alınır. Həll bişməyi üçün 2-2,5 saat vaxt tələb olunur. Ət yarıbişmiş vəziyyətdə olduqda qazana bütöv halda baş soğan, dənəvər qara istiot, kök, duz, tam bişənə yaxın dəfnə yarpağı vurulur. Tam bişdikdə, suyu azaldıqda ocaqdan götürülür. Sümükdən ayrılır, xırdagözlü ələkdən tənzif qoyulub süzülür. Ət və işgənə qazana əlavə olunur. Süfrəyə yanında tərəvəz turşusu, meyvə turşusu (məti), sirkə-sarımsaq, nar dənə- si, göyərti ilə verilir.
QEYD: Tərəvəzlər sonradan istifadə olunmur, onlar
yalnız xörəyin dad, tam və görünüşünü dəyişmək üçündür. Ümumiyyətlə, hər bir xörəyin incəliyi olduğu kimi, bu xörəyin də öz incəliyi var. Soyuq xaş kimi də süfrəyə vermək olar.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
REPLİKA - Şarlatan xəbərçilər
Varis, “Ədəbiyyat və incəsənət” üçün
“Son dəqiqə!
Avtomobillərin texniki baxışı ləğv olundu.
Ətraflı şərhdə”
Feysbukda bu statusu görüb yüzlərlə istifadəçi kimi mən də sevinc içində şərhdəki linki tıkladım, xəbərə daxil oldum. Və dərhal da məni məyusluq hissi bürüdü.
Azərbaycanın xəbər saytı bu cəlbedici reklamla Nikaraquanın Blumbe əyalətində avtomobillərin texniki baxışının ləğv edilməsi xəbərini paylaşmışdı.
Təbiidir ki, 5000-dən yuxarı oxunma sayı qazanan bu xəbər heç bir azərbaycanlı üçün lazımlı deyil, onu statusda adam balası kimi “Nikaraquanın Blumbe əyalətində avtomobillərin texniki baxışı ləğv edildi” başlığı ilə reklam etsəydilər bircə nəfər belə girib oxumayacaqdı.
Deyəsəksiniz, kreativlikdir, oxucu cəlb etməyin yeni texnikasıdır. Amma yox, şarlatanlıqdır, 5000-dən yuxarı insanı aldatmaq, onların zamanını əlindən almaq, hissləri ilə oynamaqdır.
“Siyavuş Novruzov marketdən oğurluq etdi” başlıqlı xəbər qoyurlar manşetə. Yenə də minlərlə insan bu ad və soyadla tanınan məşhur şəxsi - millət vəkili Siyavuş Novruzovu nəzərdə tutub maraqla xəbəri oxuyur. Amma məlum olur ki, söhbət hansısa Padar kəndində yaşayan 16 yaşlı yeniyetmədən gedir.
Bu da növbəti xəbər sırıma manipulyasiyası növüdür. Padar kəndində yaşayan 16 yaşlı yeniyetməni kəndçilərindən başqa 10 milyonluq ölkədə bir kimsə tanımaz. Odur ki, onun xəbəri elə məhz bu adla da getməlidir: “16 yaşlı yeniyetmə marketdən oğurluq etdi”.
Yox, sən ad və soyadı çəkirsənsə, demək aksenti məşhur millət vəkilinə vurub xəbəri oxuyan oxucuları aldadırsan.
Öz zay məhsulunu yaxşıca reklam edib satan şirkətlərə cəza verilir, amma çox təəssüf ki, öz yüzüncü dərəcəli zay xəbərini nömrə bir xəbər kimi sırıyıb oxucu sayı qazanan rəsmi xəbərçilərə heç kəs gözün üstündə qaşın var demir.
Heyif!
Yazını yazıb bitirəndə gözüm növbəti “şok xəbər” reklamına sataşdı:
“Ağadadaş Ağayevin ölüm xəbəri yayıldı. Ətraflı şərhdə”.
Bildim ki, bu da növbəti blefdir. Xəbəri oxuyanda buna əmin oldum:
“Səhhətimin pisləşməsi və ölkədən getməyimlə bağlı yayılan xəbərlər əsassızdır”.
Bu sözləri Xalq artisti Ağadadaş Ağayev son günlər haqqında yayılan şayiələr haqda danışarkən deyib…”
Bu dəfə də “Ağadadaş Ağayev vəfatı barədə şayiələrə cavab verdi” başlığı əvəzinə “Ağadadaş Ağayevin ölüm xəbəri yayıldı” başlığı ilə manipulyasiyaya əl atılıb. Bu da xəbər oxutmaq şarlatanlığının növbəti dozası.
Bax belə!
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
Tovuzun Köhnəqala kəndinin ədalətsizliyə düşmən olan şair övladı
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki:- “Mən həyatı kifayət qədər rəngarəng yaşamış adamam. Yazmaq istədiklərim çoxdu. Bir dəfə feysbukda yazmışdım ki, şeir ədəbiyyatın uşaqlıq dövrüdü. Mən o dövrü çoxdan keçmişəm. Ancaq adam var ki, ömrünün axırına qədər uşaq qalır, yəni şeir yazır. Amma dediyimiz maddi problemlər həll olunsaydı geniş nəsr əsərləri yazardım. Təbii ki, roman yazmaq üçün insanda zaman arxayınçılığı olmalıdı. Ümumiyyətlə, mürəkkəbliyinə görə, roman janrına bir dövlət kimi baxıram. Roman yazan yazıçıda arxayınçılıqla bərabər mütəfəkkir hökmdar beyni olmalıdı. Əsər müəllif tərəfindən dövlət kimi idarə edilməlidi.”
Deyilənlərə görə, qədim Sparta (Lakemedon) dövlətində döyüşçülərə savaşdan əvvəl ucuz başa gələn və zəngin kalorili xaş yeizdirirdilər. Xaş onlarda döyüş ruhu, tükənməz enerji, çeviklik yaradırdı. Verdiyi müsahibələrə göz gəzdirdim. Adamı məst edən gözəl, tanış bir qoxunu duydum...
“Mən ultra yeniliyə meyilli adamam. Ona görə ən müasir dünya yazarlarını oxuyuram. Daha doğrusu, audio-kitablara qulaq asıram. Müasir dünya yazarlarının əsərləri rusca səsləndirilir, qulaqcığı taxıb dinləyirəm. Mütaliə üçün çox gözəl metoddu. Nolaydı, həmin kitablar öz dilimizə də tərcümə ediləydi. Bir də daimi olaraq “Çto? Qde? Koqda?” intellektual kazino verilişlərini izləyirəm. İnternetdə axtarıb bütün proqramlarına baxıram. Həmin proqramın Rusiya, Azərbaycan, Ukrayna və Belarus verilişlərini qaçırmıram. Ümumiyyətlə, texnoloji sahədə süni intellekt inkişaf etdikcə, ədəbiyyatda da insani mövzular tükənməyə doğru gedir. Bu, qlobal prosesdi, bəlkə də bizdə bunu o qədər hiss etmirlər. Gələcək ağıllı maşınlarındı. Oxuduğum kitablar və baxdığım filmlərdən bu qənaətə gəlmişəm ki, tezliklə robotlar insanları sıxışdırıb, Yer kürəsində şahlıq edəcəklər. Bax belə bir kədərli sonluq!”- söyləyir.
Qərar verəndə bir az ləngiyir. Amma məntiqli qərar verməyi və düşdüyü mühitdə hörmət qazanmağı bacarır. Bununla yanaşı o, çox sosial insandır və əylənməyi sevir. Sevməyi və sevilməyi xoşlayır. Qayğıkeş birisidir, son tikəsini bölüşməyə hazırdır. Emosional olsa da, fəqət yaxşı həmsöhbətdir. Ədalətsizliyin düşmənidir, haqsızlığa göz yuma bilmir. Yumoru əla başa düşür. Nəzakətli və diplomatikdir...
Bəli, söhbət şair, publisist Murad Köhnəqaladan gedir. O, 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləyib. Bir il sonra isə sovet ordusunda əsgəri xidmətə çağrılıb. Ordudan tərxis olunduqdan sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olub. İki il Tovuz şəhər təmir-tikinti sahəsində, beş il də Bakı şəhər metro tikintisində fəhlə işləyib. 1980-ci illərdən şerləri ilə mətbuatda çıxış etməyə başlayıb. 1985-1990-cı illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsilə yiyələnib. 1991-1992-ci illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləyib. Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olub. Sonra üç il Sibirdə, Uzaq Şərqdə yaşayıb. Vətənə dönəndən sonra isə Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısıdır. Müstəqil media orqanlarında bədii və publisistik yazıları ilə çıxış edir. Ona yaxın kitabın müəllifidir...
Deyir ki:- “Ədəbiyyat, yazıçılıq, şairlik o yana dursun, mən müstəqillik dövrü Azərbaycan publisistikasının yaradıcılarındanam. Otuz ildən artıqdır, işləmədiyim qəzet, jurnal, sayt qalmayıb. Ömrüm boyu da heç bir partiyanın üzvü olmamışam, heç kəsin də qarşısında öhdəlik götürməmişəm. Həmişə bir ziyalı, bir vətəndaş mövqeyində olmuşam və hər zaman da olacağam. Mən azad düşüncəli adamam. Nə hakimiyyətin, nə də müxalifətin tapşırığı ilə oturub-dururam. Müxalifət qəzetlərində yazdığım vaxtlarda belə müxalifət rəhbərlərinin sözü ilə bir cümlə də yazmamışam.”
Dəyişkən əhval-ruhiyyəyə malikdir. Necə deyərlər, kimlərlə olmasından asılı olmayaraq hər an kefi dəyişə bilər. Bəzən münasibətlərində problemlər yaranır. Narahat və stresli mühitlərdə işləməyi sevmir. Qəribə mülahizə qabiliyyəti var. Hadisələrə özünəməxsus yanaşmağı bacarır. Qadınları müdafiə etməkdən çəkinmir.
“Adətən, cəmiyyətimizdə məişət işləri qadın və kişi arasında bölünür. Şəxsən mən, ev işlərinin cinslərə ayrılmasının əleyhinəyəm. Fikrimcə, işin növündən asılı olmayaraq, fiziki gücünə görə ağır işi kişi, yüngül işləri isə qadın görməlidi. Məsələn, paltaryuyan maşını olmayan ailələrdə bir qayda olaraq, paltarı qadın yuyur. Bunun tam əleyhinəyəm. Paltar yumaq, sıxmaq ağır işdi. Paltarı kişinin yuması daha ədalətlidi. Yaxud yemək bişirmək. Bu fikirdəyəm ki, hər bir kişi istənilən yeməyi hazırlamağı bacarmalıdı. Əslində, yemək bişirmək elə kişi işidi. Qadını ağır işlə yüklədikdən sonra ondan zəriflik ummaq artıq əbləhlikdi.”
Yox, yox! Birdən elə bilərsiniz ki, yaşının bu vaxtında AQP-yə üzv olub, əsla yox. Onun Arvaddan Qorxanlar Partiyasından (A.Q.P.) xəbəri yoxdur...
Nə isə, bu gün - oktyabrın 15-i Murad Köhnəqalanın 65 yaşı tamam olur. Qoy qələmə aldığım bu yazı, onun yubileyinə yazılacaq yazılar sırasında birinci olsun!
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
Bu gün İzmirdə “Azərbaycan mədəniyyət və sənət günləri” başlayacaq
Türkiyədəki Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi türk birliyi, eləcə də mədəniyyətimizin təbliği sahəsində növbəti layihəni icra edəcək.
“Ədəbiyyat və incəsənət” portalına mərkəzdən verilən məlumata görə, mərkəzin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə qardaş ölkənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək.
Azərbaycan günləri Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas istiqaməti olan milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız və Azərbaycan dilinin Türkiyənin bölgələrində geniş təbliği, habelə mədəni əlaqələrimizin daha da möhkəmləndirilməsinə dəstək məqsədilə təşkil olunan silsilə tədbirlər çərçivəsində baş tutacaq.
Oktyabrın 15-də İzmirdə keçiriləcək “Azərbaycan mədəniyyəti və sənəti günü” çərçivəsində Mötbe Mədəniyyət Mərkəzinin sərgi zalında milli mədəniyyətimizə, eləcə də suvenirlər, əl işləri və milli geyimlərə dair sərgi təqdim olunacaq.
Bununla yanaşı, Bakı Milli Geyim Evinin kolleksiyasına aid tarixi Azərbaycan geyimlərinin moda sərgisi olacaq. Milli geyimlərimiz türkiyəli gənclər tərəfindən təqdim edəcək.
Mötbe Mədəniyyət Mərkəzinin konsertlər sarayında konsert proqramı təqdim ediləcək.
“Azərbaycan mədəniyyət və sənət günləri” oktyabrın 17-də İstanbulda davam edəcək. İstanbulun Atatürk Mədəniyyət Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına aid, muzeyin mütəxəssisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın əl işi olan xalçaların sərgisi açılacaq və bir həftə davam edəcək.
Bununla yanaşı, Atatürk Mədəniyyət Mərkəzinin sərgi zalında Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinin müdiri dosent Gülzadə Abdulovanın kolleksiyasına aid geyimlər sərgilənəcək, Azərbaycan xanımlarının tarixi paltarları, onların özünəməxsus naxışları podiumda təqdim olunacaq.
Tədbir çərçivəsində azərbaycanlı sənətçilərinin iştirakı ilə konsert proqramı nəzərdə tutulur.
Hər iki şəhərdə təşkil olunacaq konsert proqramlarında həm Azərbaycandan gedən, həm də Türkiyədə yaşayan azərbaycanlı incəsənət ustaları, milli musiqi alətlərinin ifaçıları, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Xalq Rəqsləri Ansamblı”nın iştirakı ilə hazırlanan bədii gecədə milli musiqilərimiz və rəqslərimiz ifa olunacaq.
Əminik ki, çox faydalı bir layihə icra ediləcək.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
Bədii zövqü tərbiyə etmək gərəkliyi
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Musiqi nədir? Bu sual əsrlər boyu insanları düşündürmüşdür və indi də düşündürür. Cavablar da müxtəlifdir. Qədim yunanlar musiqini ALLAHIN töhfəsi kimi qiymətləndirir, ona insanın qəlbini fəth edən, qeyri-adi qüvvə kimi yanaşırdılar. Beləliklə, ən qədim zamanlardan bu günə kimi musiqinin bir möcüzə olduğunu, onun insan əhval-ruhiyyəsinə, ümumiyyətlə, daxili aləminə böyük təsir göstərdiyini hamı etiraf etmişdir.
Dünyada elə bir xalq yoxdur ki, onun özünəməxsus musiqi mədəniyyəti olmasın. Musiqi millətləri birləşdirən, onların qarşılıqlı anlaşmasını təmin edən universal bir dildir.
Musiqidən, hətta təbiətdə də istifadə edilir. Hesab olunur ki, musiqi insan orqanizminə, xüsusilə də əsəb sisteminə olduqca müsbət təsir edir. Ona görə də bəzi xəstəliklərin müalicəsi zamanı dərmanlarla yanaşı musiqinin bəzi növlərindən də istifadə olunur.
Musiqi aləmi sanki ucsuz-bucaqsız bir dəryadır. Həyatımızın müxtəlif məqamlarında biz musiqinin müxtəlif növləri ilə rastlaşırıq: filarmoniyada daha çox klassik musiqini, şən məclisdə-populyar və yaxud xalq musiqisini, dostlarımızla-caz, rok, pop musiqilərini dinləyirik. Bəs görəsən bu sənətin sadaladığımız növləri barədə nə bilirik? Bax, bu barədə dərin fikirləşməyə dəyər. Belə bir fikir var ki, hər yaşın öz musiqisi var. Məsələn: orta nəsil klassik növü, eləcə də xalq musiqisini, gənc nəsil pop musiqisini, yeniyetmələr isə rok musiqisini sevirlər.
Şərh etdiyimiz musiqi növlərinin arasında fərq qoymaq, hansınısa o birindən üstün tutmaq düzgün olmazdı. Çünki musiqi vahid bütöv bir aləmdir. Mövcud vəziyyətdə belə fikirləşmək olar ki, musiqi iki cür olur, yaxşı və yaxud pis musiqi. Yəni hər sahədə - istər klassik musiqidə, istərsə də rok, caz, pop musiqilərinin içində də həm yüksək səviyyəli, incəzövqlü əsərlər, həm də bəsit, məzmunsuz nümunələrə rast gəlmək mümkündür.
Bədii zövqü tərbiyə etmək, yaxşını pisdən ayırmaq bəzən çətin olsa da, səy göstərmək, çalışmaq lazımdır. Çünki, bu qabiliyyət insanın mənəviyyatını ucaldır, onun daxili aləmini zənginləşdirir.
"Ədəbiyyat və İncəsənət"
(15.10.2024)
Ekspress-sorğu - “Payız sənin üçün nədir? "
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət"
Payız fəsli mənim üçün fəsillərin fəslidir. Ən sevdiyim hava elə məhz bu aylarda olur. Qalın-incə ortası qalınlığda geyimlər üstünlük təşkil edir. Bəzən elə olur ki, biri nəzik geyinir, biri qalın. Bax adam bilmir nə geyinsin.
Hava sərin, küləksiz və buludlu olur ha, deməli, o hava mənim havamdı. O günüm gözəl keçəcək. Hələ bəlkə də, o qədər rahat olacam ki, yerə düşmüş qızılı yarpaqların şəkilini çəkəcəm.
Payız ayının mənası çox dərindi məncə. Ümidin var olduğunu bildirir. Necə?
Payızın gəlişini ağac yarpaqlarının rəngini əlli tona dəyişməsindən, yerlərə göz yaşı kimi xəzan yarpaqlar tökməsindən və unutmadan yağan yağışdan. Desəniz ki , bəs ümid bunun harasındadır?
Deməli belə, yarpaqların inkişafı və rəngini dəyişib, qurumasını insan həyatına bənzədirəm. İnsan övladı doğulur ömrünə bahar gəlir. Sonra böyüyür başa çatır, hətta ağac kimi bəhrə də verir. O bəhrələr də elə övladlarıdır. Vaxt ötür, il dolanır, əcəl qapını döyür və həyatdan köçüb gedir elə xəzan yarpaqların yerə düşməsi kimi.
Ümid də ki, bir gün yenə baharın gəlişidir. Düzdür, o yarpağı yerinə yapışdırmaq olmaz, amma baharın yenidən gəlişiylə budaqlar yeni yarpaqların cücərdə bilər. İnsanlar bir gün ölüb gedir, heç kimin yerini dolduran tapılmır. Amma yarpaq saralıb düşdü deyə, ağac küsmür. Hər dəfə yenidən yarpaq açır. Həyat da belədir. Hər şeyin bir sonu var, amma yeni sabahları salamlamaq lazımdır.
Puşkin demiş: “Hər payızda mən yenidən çiçək açıram".
Siz siz olun, heç vaxt icazə verməyin ki, qəlbinizə və gözlərinizə payız gəlsin.
Fofo müəllifindir.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)
“Bir şair sevdi səni, duyğuları bakirə...” - Şəlalə Adilqızının şeirləri
Redaksiyamızın poçtuna Sumqayıtda yaşayıb yaradan Şəlalə Adilqızının şeirləri daxil olub. Onların bir qismini ötən gün sizlərin ixtiyarınıza vermişdik. İndi isə digər qismini təqdim edirik.
Gəl, otur yanıma,
Cənab yeməkpaylayan...
Gəl, ikimiz bir yerdə
Xatirəni haylayaq...
Danış müharibədən...
Yollarına gül deyil,
Güllə səpən taledən...
Söylə, ən yaxın dostun
Qayıtdımı evinə?
Sağ-salamatmı döndü?
Yoxsa sənin çiynində?
...Cənab yeməkpaylayan,
Torpaqdan pay vermədin!
İndi gəlib
Döyüş vaxtı gizlənən,
Savaş nədi bilməyən
Həmyaşıdın üçün sini daşıyırsan...
O, gülür, əmr verir...
Qaşların düyünlənir...
Bilirəm, bu düyündə min kədər yaşayırsan...
Yarı toz, yarı qan əsgər paltarı
Olub xatirəsi ağ köynəyinin...
Küçədə bağrına basan insanlar
İçəridə adıdır dağ göynəyinin...
Şəhidlik asandır, yoxsa şahidlik
Savaşın ən qatı, ən tünd halına?
Söylə, qardaş...
Çəkinmə, dərd bilir səni yaradan!
Adın medallardan daha ucada:
QARABAĞI AZAD EDƏN QƏHRƏMAN!
***
Gəldin...
Sevdim...
Getdin...
Qırıldı ürəyim, çilikləri izlərinə səpildi...
Ağlım yüz dəfə ürəyimə:
“Unut!”-deyə təpindi...
Getdin...
Sevdim...
Sevdim yenə,
Həsrət əkdim ömür-günə...
Sevmədin...
“Sevdim!”-demədin bir kərə...
Barı, xatırla, unutma,
Bir şair sevdi səni;
Duyğuları bakirə...
***
Ayrıldıq...
Dərd tapıldı
Canımda sən adında...
Bax, sənsiz “bəxtiyar” oldum;
Dərmanlara “yar” oldum...
...”Xərçənglər gözəl sevir” –
çıxdı bu gün bürc falım...
Mən səni çox sevdim,
Xərçəng həzin halımı...
...Ovuc-ovuc içdiyim
Dərmanlar da utancaq
Ağrımı kəsmir deyə...
Ayrıldıq...
Adın yazılı qaldı
Cibimdəki “kimliyə”...
***
Ləçək-ləçək ayırdığım
Çobanyastığı sevindi;
Gəldiyin yollara səpdim...
Qolumun üstə düzdüyüm
Qərənfillər qəhərləndi;
Getdiyin yollara səpdim...
Unutduğun adım olsa,
Unut...
...Dərdinə dönməyim...
Bircə onu unutma ki,
Gözümün bəxtinə düşüb
Çiçəklərə su verməyim...
***
Təbiətin qırx qapısı açıldı,
Su başında əjdahalar gülüşdü...
Ay Günəşin vüsalına yetişdi,
Qaf dağına işıq düşdü...
Dünyanın ən gözəl çiçəyi
Kaktusun qoynunda açdı...
...Kimsə görmədi bunu,
Hamı həqiqətdən qaçdı...
***
Narıncı donlu günəş
Dənizlə sevişəndə gəl...
Küləklər ehtirasını
Yağışla söndürəndə gəl...
Dünyanın elə vaxtı,
Elə günündə gəl ki,
Kəpənəklər rəqs eləsin
Nəğməsiylə sevdanın...
...Elə gəl ki,
ortaq olsun inancımız:
mavi rəngli məhəbbətin
qucağında uyuyarkən
Ay olacaq balıncımız...
***
Oxuduğum bir kitabdaydı,
ya da baxdığım bir filmdə;
sənə baxmaq ibadət imiş eşqə...
...Çiyninə baş söykəmək dua,
Dərdindən gülməmək oruc tutmaqmış...
Bunları öyrəndim...
Ağlımın yetmədiyi,
əlimin çatmadığı bircə sirr var:
bu qədər mavi,
bu qədər azad,
bu qədər əngin olmağı
necə bacardın axı?
Bir də...
Niyə filmlər və kitablar
Sənə məndən danışmır?
Demirlər: bir dəli sənsiz darıxır?!
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)