Super User

Super User

Monday, 14 October 2024 15:15

GÜLÜŞ KLUBUnda futbol millimiz

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Azərbaycan xalqının çox xeyirxah, təəssübkeş xalq olması barədə çox deyilib, çox eşidilib. Bu dəfə isə futbol üzrə milli komandamız sözügedən fikri isbatladı. 

Belə ki, Azərbaycan millisi səfərdə estonlardan 3 top yeyərək məğlub oldu. Bu, estonların tarixində ilk dəfə idi, 3 qol vurub qalib gəlmək! 

Millimiz eston xalqına müdhiş bir bayram yaşatdı! Afərin millimizə, onun 70 yaşlı, ayda da 70 min qazanana əcnəbi baş məşqçisinə! 

 

2

Dayısı və regionu hesabına yükəsk karyera əldə etmiş nazir Mazanov barədə  “Mazanovun nailiyyətləri” adlı kitab çapdan çıxıb. Kitab ağ vərəqlərdən ibarətdir.

 

3.

Güclü külək evlərin damlarını qoparır, ağacları aşırırdı. Sovet kəşfiyyatçısı Ştirlis düşündü ki, deyəsən külək başlayacaq. 

 

4.

“Neftçi” rəhbərliyi yerli məşqçiləri bəyənmir, əcnəbilər də gəlib klubu lap bərbad vəziyyətə salır. Roman Qriqorçuk da belə getdi. 

Bəlkə rəhbərlik “Neftçi” yə məşqçilik etməyə yadplanetli gətirsin?

 

5.

İcra başçısı müavininə:

-Bu camaat hardan bilir ki, bizim şəhərdə korrupsiya var? 

-Necə hardan, cənab başçı? Mətbuatdan.

-Dərhal məsələyə son qoyulsun!

-Oldu, cənab başçı. Demək, sabahdan korrupsiaya ilə mübarizəyə başlayırıq, eləmi?

-Korrusiyaya qarşı niyə? Mətbuata qarşı! 

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

Monday, 14 October 2024 16:39

“Ov” - Fazil Sənanın hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Fazil Sənanın hekayəsi təqdim edilir. 

 

Bəhram qapını açıb hər tərəfin ağ örpəyə büründüyünü görcək öz-özünə: "Bəh, bəh! Nə gözəl havadı", - deyib uzunboğaz çəkmələrini geyinib darvazadan çölə çıxdı və ətrafı nəzərdən keçirib küçə yuxarı getməyə başladı. Küçənin sonundakı darvazanın ağzında dayanıb qapını döydü və bir az keçmiş, qapı açıldı.

- Sabahın xeyir, Cico.

- Aqibətin xeyir.

- Görürsən, nə gözəl havadı. Belə havada nə lazımdı? - Bəhram ətrafı nəzərdən keçirib Cicoya baxdı.

- Nə lazımdı? - Cico sual dolu baxışlarla Bəhrama baxdı.

- Nə lazım olacağını bilmirsən? Həmişə demirdin, məni də ova apar. Əsl ov havasıdı. Hazırlaş, bir azdan gedək.

- Belə qarda?

- Bəs nə? Əsl yeyib-içməli, ov havasıdı.

- İndi mən neyləməliyəm?

- Çörəyini ye, əynini geyin. Bir az da çörək, pendir götür. "Başı xamırlı" da yaddan çıxmasın, çöl soyuqdu. Gedim Zülüyə də deyim, o da hazırlaşsın, qayıdıram. Sən də bir saata kimi hazır ol.

- Oldu, - deyən Cico qapını örtüb evə getdi.

Aradan xeyli keçmiş Bəhram Cico da yanında Zülünün darvazasının yanına çatanda gördülər ki, Zülü qapının ağzında onları gözləyir.

- Bəhram, bəs bunun tüfəngi hanı? - deyən Zülü əli ilə Ciconu göstərdi və güldü.

- Bu, tüfəngsiz ovçudu.

- Zarafatsız, Ciconun tüfəngi hanı? Ovu nə ilə vuracaq?

- Ona tüfəng lazım deyil. Əgər sənin üçün çox maraqlıdırsa, məsələyə aydınlıq gətirim.

- Doğrudan, mənim üçün maraqlıdır. Bu soyuqda, qara bata-bata hara gedir?

- Zülü, mən elə bilirdim ki, sən əməlli-başlı ovçusan. Sənin heç ovçuluqdan anlayışın yox imiş.

- Sən elə danışırsan ki, elə bil ovçu təkcə sənsən. Mən tüfəng götürüb ov edəndə, sən hələ aşırmalı şalvar geyinirdin.

Sözündən, səsinin ahəngindən Zülünün incidiyini hiss edən Bəhram üzünü Zülüyə tutaraq dedi:

- Zülü, incimə, əzizim. Sualıma düzgün cavab versən, bilərəm ki, doğurdan da, sən ov edəndə mən aşırma şalvar geyinmişəm.

- Buyur, Boriq. - Zülünün sözünə hər üçü güldü.

- De görüm, ovçunun ova getməsi üçün nə lazımdı, Zülü?

- Tüfəng, bıçaq.

- Elə bu?

- Qalın pal-paltar, ov çantası, içində də yemək-içməyi, durbin, belində qatardan əlavə, ehtiyat patron.

- Qurtardın?

- Hə, qurtardım. Məncə, daha heç nə qalmadı. Ovçu üçün lazım olan hər şeyi sadaladım.

- Yaxşı, Zülü, sən sadaladıqlarının hamısını biz götürmüşük?

Bir az fikirləşən Zülü, yanlarında onların söhbətinə qulaq kəsilən Ciconun üzünə baxaraq güldü və dedi:

- Cico, sən bilərsən, mən sadaladıqlarımdan əlavə, ovçu üçün daha nə lazımdı? Görürəm, sən bizim ikimizdən də ağıllı adamsan. Çünki biz ova tüfənglə, sən tüfəngsiz gedirsən, - deyən Zülünün sözünə gülüşdülər.

- Yox, Zülü, ovçu üçün lazım olanların hamısını sadaladın. Mənim fikrimcə, əlavə olunası bir şey yoxdur.

- Ovçu üçün əsas lazım olanın adını çəkmədiniz. Bəhram yoldaşlarına baxdı.

Zülü ilə Cico maraqla "Boriq, o nədi ki, biz bilmədik, amma sən bilirsən?" - deyə soruşdular.

- Mən deyəndə ki, siz ovçu deyilsiniz, xətrinizə dəyir. İndi görürsən, Zülü, səni yanımda hərliyə-hərliyə ovçu eləmişəm. Ciconu da sənin kimi öyrədib ovçu eliyəcəm.

- Yaxşı, bildik ki, sən yaxşı, təcrübəli ovçusan. De görək, ovçu üçün daha nə lazımdı ki, biz bilmirik, amma sən bilirsən?

- Əsl ovçu üçün sizin sadaladıqlarınızla bərabər, ov tulası da olmalıdır. Kinolarda görməmisiniz ki, ovun yaraşığı tuladı? Ovu ürküdən, vurulan ovu gətirən ov tulasıdı. Ov tulasının əziyyəti ovçunun əziyyətindən heç də az deyil, bəlkə də çoxdur.

- Sənin sözünnən, bizim tulamız yoxdur, onda biz ovçu deyilik? - Zülü ilə Cico hər ikisi Bəhrama baxdı.

- Niyə, var. Heç tulasız da ova gedərlər?!

Zülü ilə Cico təəccüb qarışıq maraqla: - Tulamız varsa, bəs hanı? Biz görmürük, sən görürsən?" - dedilər.

- Siz görə bilməzsiniz. Onu ancaq mənim kimi ovçular görə bilər, - deyən Bəhram yanınca addımlayan yoldaşlarına baxıb gülümsündü.

- Göstər, biz də görək.

Zülü ilə Cico ayaq saxlayıb maraqla Bəhrama baxdılar.

Bəhram yoldaşlarına baxaraq güldü və dedi:

- Bəs, Cico nədi?

Zülünün qəhqəhəsindən tutulan Cico "Tüpürüm sizə də, sizin ovunuza da" deyib geri qayıtmaq istədikdə, Bəhram tez Ciconun qoluna girərək, "Ə, axmaqlama, hara qayıdırsan? Zarafat edirəm", - deyib minnət eləməyə başladı. Zülü də Ciconun bir qoluna girərək, "Boriqdi də, zarafat eləyir. Burda inciməli nə var?" - deyib Bəhrama dəstək oldu. Birtəhər Ciconun könlünü alaraq, qayıtmaq fikrindən daşındırıb yollarına davam etdilər.

- Zülü, kolluqlara fikir ver. Buralarda dovşan çox olur. Rast gəlsə, bir-ikisini vurardıq, günorta kabablayıb yeyərdik.

Bəhram sözünü tamamlamışdı ki, kolun dibindən dovşan tullana-tullana qaçmağa başladı. Zülünün tüfənginin açılmağı ilə dovşanın havaya qalxıb qarda eşələnməyi bir göz qırpımında baş verdi. Dostlar sevincək özlərini dovşana çatdırdılar. Bəhram dovşanın qulaqlarından tutub havaya qaldırdı və dedi:

- Halaldı sənə, Zülü, tulalıqdan çıxıb əməlli-başlı ovçu olmusan, - sözləri ilə Bəhram həm də Ciconun könlünü oxşamağa başladı.

Bəhram dovşanı Cicoya uzadaraq, - "Al, qoy çantaya, birini də vursaq, günorta yeməyimiz olacaq", - dedi.

- Yolumuz hayanadı, Boriq? - Zülü soruşdu.

- Qamışlı gölünə. Göldə yaxşı quş olur. Günorta yeməyini də gölün kənarında yeyərik. Elə yaxşı deyil?

- Yaxşı fikirdi. - Zülü dostunun fikrinə dəstək oldu.

- Zülü, sən o tərəfdən hərlən, tək yulğunun yanına gəl, biz də bu tərəfdən gedək. Bəlkə, dovşannan-zaddan bir şeyə rast gəldik. Bəhram əli ilə Zülünün gedəcəyi yerin istiqamətini göstərdi.

Vədələşdikləri yulğunun yanına çatanda Zülünün çantasında iki dovşan vardı.

- Birini də mən vurmuşam, -  dedi Bəhram.

Gölün yanına çatan kimi Bəhram dedi:

- Zülü, sən dovşanların adama birini soy, təmizlə, biz də çır-çırpı topalıyaq.

Bir azdan süfrə açıldı. Hərə çantasında götürdüyü çörəyi, pendiri, arağı süfrəyə qoydu. Sağlıqlar bir-birini əvəz etdikcə, şüşələr də bir-bir boşalmağa başlayırdı. Bəhram butulkanı götürdü ki, araq süzsün, baxdı ki, butulka boşdu. Əlini uzadıb o biri butulkanı götürdü. Gördü ki, əlindəki butulka da boşdu. Üzünü yoldaşlarına tutaraq: "Neçə şüşə arağımız var idi?" - dedi.

- Adama bir şüşə gətirmişdik. Cəmi üç butulka idi. - Zülü cavab verdi.

- Bəs burda dörd butulka var.

- Sənin gözünə elə görünür. Bilmirsən, başı xamırlını üç içəndə dörd saydırır adama? - deyən Ciconun sözünə, "Hə... Onu bilmirdim", - dedi Bəhram.

- Qalxın, görək göldə nə var, nə yox? - Zülü üzünü yoldaşlarına tutdu.

- Siz gölün kənarında qamışlığı ürküdün, quşlar havaya qalxsın. Mən vuracam, siz daşıyın. - Bəhram tüfəngini hazırlamağa başladı.

Zülü: "Cico hürkütsün, mən də atım", - dedi.

- Hə, Cico, sən qamışlığa gir, quşları ürküt, Zülü ilə mən də vurum.

Cico qamışlığa girib səs-küy saldı. Bu zaman bir dəstə quş havaya qalxdı. Bəhramla Zülü havaya qalxan quşlara atəş açdılar. Bir quş havada bir-iki dəfə qanad çalıb sahilə yaxın yerdə suya düşdü.

Bəhram sevincək çığırdı: "Cico, tez cum suya, quş suya düşdü".

- Boriq, su dərin olar, bataram, - deyən Cico qamışlıqdan cavab verdi.

- Ə, qorxma, qamışlığa yaxın düşdü. Sahilə yaxındı, ora dayazdı, tez ol, - Bəhram Ciconu tələsdirdi.

Arağın təsirindən çox şeyi fikirləşmək qabiliyyəti korşalmış Cico özünü verdi gölə. Bir az keçmiş göldən çıxan Cico titrəyə-titrəyə əlində tutduğu quşu Bəhrama uzadaraq: "al", - dedi və özü yaş paltarda sönmüş ocağın kənarında bürüşdü.

Bəhram quşu alıb o tərəf-bu tərəfinə baxaraq, "Bu nədi, ə?" - dedi.

Dişi-dişinə dəyən Cico güclə "bilmirəm" deyə bildi.

Zülü yaxınlaşıb quşu Bəhramın əlindən alıb o tərəf-bu tərəfinə baxaraq: "Boriq, nətər ovçusan, görmürsən, nədi? Qarğadı də", - dedi.

- Qarğa nədi? Nə axmaq-axmaq danışırsan? Bu qarda, soyuqda bir belə yolu gəlib elə bir qarğa vurmuşam? - deyən Bəhram acıqlı-acıqlı Zülünün üzünə baxdı.

- Yox, Boriq, iki qarğa vurmusan.

- İki qarğa vurmuşamsa, bəs, biri hanı?

- Boriq, vurduğun qarğanın biri budu, əlimdə ölüb. Biri də odu bax, sönmüş ocağın kənarında can verir. Narahat olma, uzağı, bir-iki saata o da öləcək. - deyən Zülü donmuş Ciconu Bəhrama göstərdi.

- Hə... Yenə yaxşıdı. Gülləm boşa getməyib. Bir gülləyə iki qarğa pis deyil, - deyən Bəhram baş verənləri dərk etmədən özündən razı halda gülümsündü.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Nə gəlirsə, əlimdən qapıb alır misralar,

Nə deyirəm qurtarmır, sözlərim yenə qalır.

Mənə qalır ağrını çəkib üstümə salmaq,

Məni qəmdən qurtarmaq yenə də sənə qalır. (Rəbiqə Nazimqızı)

 

Rəbiqə xanım, dərdləri misralarla bölmək qəlb ağrılarını ovudurmu?

 

 CAVAB

Əlbəttə. Yaradıcılıq istedad, intellekt, ruh hadisəsi olmaqla yanaşı həm də sublimasiya hadisəsidir. Sənətkar çox zaman neqativ hadisə və ya hisslərdən doğan mətni gözəlliyə çevirir. Ağrı sözə çevrilir və maddiləşərək içindən kənara yol tapır. Oxucu o ağrını duyur, anlayır, amma iliklərində hiss eləmir. Çünki sözə bürünüb, çılpaq deyil, həm də gözəl, mütənasib biçim alır. Bəzi mətnlər var ki, ən ağır anlarda yazılıb, bəlkə, onlar mətnə çevrilməsəydi, adamın ürəyi partlaya bilərdi. Bütün insanlarda belədi, məsələn, ağrıyanda qışqırırsan, ağlayırsansa, prosesi daha rahat keçirirsən, nəinki susanda. Ümumiyyətlə, mən sükutu sevmirəm. Təbii, əgər o sükut rahatlıqdan xəbər vermirsə...

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Urmiyadan Əli Rəştbərdir.

 

 

Əli Rəştbər

Urmiya

 

 

AĞLAMAZDIM

 

Bilsəydim kədərim incidir səni,

Ürəyim dolanda heç ağlamazdım.

Vədəsiz küləklər ömür bağımın_

Yarpağın yolanda heç ağlamazdım.

 

Bilsəydim payıza bir isti sözsən,

Şaxtaya sazağa alovlu közsən,

Bilsəydim qışımda yoluma gözsən,

Baharım solanda heç ağlamazdım.

 

Nə varsa azadlıq, bütün dustaqlar,

Sənin əllərində olsa ıxtıyar.

Bilsəydim Qayıbın sən kimisi var,

Anamdan olanda heç ağlamazdım.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

 

Monday, 14 October 2024 18:02

Zəmanəmizin Mirzə Cəlili barədə

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onun haqqında fikir yürüdənlər heç də birmənalı danışmırlar. Necə deyərlər, topa tutanlar da var, tərifləyənlər də. Təbii haldır, belə aydınlar zəmanəsində birmənalı qarşılanmasalar da, tarix onları gələcək nəsillərə örnək kimi ötürə bilir. Bəzən mənə elə gəlir ki, Fazil Mustafa ötən əsrin əvvəlində yaşamış Mirzə Cəlilin müasir taleyini yaşayır…

 

Doğrudur, rəsmiyyətdə müxalifəti təmsil etsə də, müxalifətdə iqtidarı təmsil edir. O, xalqın arasında hakimiyyətin yox, hakimiyyətin içində xalq adamlarından biridir…

Təsadüfən "Anews Tv" yutub kanalına verdiyi müsahibəyə rast gəldim. O qədər gözəl fikirlər söylədi ki, illərlə ifadə etməyə səy göstərdiyim, çalışıb sözə çevirmək istədiyim fikirləri dilə gətirdi. Səmimiyyətimə inanın, bu gün o, hansı siyasi platformada təmsil olunduğundan, kimi dəstəklədiyindən asılı olmayaraq, zəmanəmizin Mirzə Cəlilidir...

Gözümü açandan bu cəmiyyət "ZİYALI" anlayışını hələ də müzakirə edir. Nəhayət ki, ZİYALI kimdir sualına ən dolğun cavabı Fazil bəydən eşitdim.

Deyir ki:- "Tarixlə yaşayan xalqlar faciəvi xalqlardır. Onları tarixdən ayırıb müasir dövrə gətirməyi bacarmaq lazımdır. Xalqını özünə güvənən, öz qəhrəmanını yeni dövrün insanları arasından seçə bilən bir xalqa çevirə bilməlisən. Təəssüf ki, bu baş verməyəndə Dədə Qorqud eposunda deyildiyi kimi, insan- baş kəsib, qan töküb ad qazanmağa üstünlük verir və zəkayla ad qazanmaqdan vaz keçir."

Bəli, əsl ZİYALI xalqını özünə güvənən, öz qəhrəmanını yeni dövrün insanları arasından seçə bilən bir xalqa çevirə biləndir...

Çox yox, hər dəfə Azərbaycan parlamentində təmsil olunan 125 deputatın 110-u Fazil Mustafa təfəkkürlü, Fazil Mustafa düşüncəli və nəhayət Fazil Mustafa məzmunlu insan olsaydı, xalq öz millət vəkilləri ilə fəxr edərdi...

Fazil Mustafa mövcud sistemin yaratdığı bəsit şərait daxilində xalqın problemlərinin həllinə yarımağa can atan tək-tək vicdanlı ziyalılardandır. O, deputatlığın imkan və imtiyazlarını özünə həsr edən adamlardan yox, xalq üçün xərcləməyi bacaran insanlardandır...

Bu günlərdə onun 59 yaşı tamam olur. Müxalifətin iqtidar yönlü, hakimiyyətin müxalif yönlü deputat kimi tanıdığı Fazil bəyi yeni yaşı münasibətilə təbrik edirəm. 

Kim necə tanıyır tanısın, mən onu xalqımın qənimət övladlarından biri hesab edirəm.

Yolu açıq olsun!

Ad günü mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

Sabirabadda Bayraq Muzeyində Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılıgı ilə ''Sazlı, sözlu kəlagayı günləri'' layihəsi çərçivəsində oktyabrın 11-də ''Kəlagayı yasıl dünyaya töhfədir'' adlı tədbir  keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumat görə, tədbirdə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özundə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədimi kəlağayıları sərgiləndi.

Tədbiri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov açaraq qonaqları və tədbir iştirakçılarını salamladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan himni səsləndirildi.

Həsən Həsənov tədbirin mahiyyətindən,  milli dəyərlırimiz olan kəlağayının gələcək nəsillərə ötürülməsinin vacibliyndən danışdı. 

Sonra söz Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, Kəlağayı Muzeyinin direktoru, '' Sazlı, sözlü kəlağ ayı günləri'' layihəsinin rəhbəri Güllü Eldar Tomarlıya verildi. O, layihə nin 2024-cü ilin yanvar ayından  həyata keçirdiyini və ilin sonuna qədər davam edəcəyini, bu layihənin hər bölgədə sevgilərlə qarşılan dığını  bildirdi . O, qeyd etdi ki, ana təbiət və minillərin yadigarı kəlağayımız gündəlik həyat tərzimizlə bir harmoniya təşkil edir. Kəlağayı mənəviyyatımızın, adət- ənənəmizin, mədəniyyətimizin, milli geyimlərimizin  bir hssəsini təşkil edir. Kəlağayı yaşıl dünyaya töhfədir. Kəlağayının ipək parçası, rəngləri, naxışları buna əyani sübutdur.

Cənab Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixi sərəncamına əsasən 2024-cü il  ''Yaşıl dünya naminə həmrəylik ili'' elan olub. Mirvarid Dilbazi Poeziya Məclisi ilboyu yaşıl dünyanı özündə əks etdirən tədbirlər, sərgilər təşkil edir.

Tədbirdə  Sabirabad Rayon İcra hakimiyyətinin müavini, ictimaii, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova öz çıxışında milli mənəvi dyərlərimiz olan kəlağayının bütün 

zamanlarda  xanımlarımızın  milli qeyrət ölçüsü, urvat ölçüsü kimi önəmli olduğunu bildirdu. 

Əməkdar Mədəniyyət İşçisi, aşıq  Solmaz Kosayevanın rəngarəng musiqi nömrələri alqışlarla qarşılandı.

Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü Tərxanım Museyibqızı, məclisin üzvü Səyalı Dadaşova, şairlərdən məclisin üzvü Rəqibə Qəvvas, şair Xanoğlan Xan kəlağayı haqqında fikirlərini söylədilər, şeirlər səsləndirdilər.

Sonda Güllü Eldar Tomarlı təşkilati dəstək üçün  Sabirabad Rayon İcra Hakimiyyətinə, aidiyyatı olan dövlət  qurumlarına və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə Narıngül Nadirdir. Şair, yazıçı, publisist Narıngül Nadir bu dəfə insanların vəfasızlıqlarından gileylənir:

 

Arxamca daş atdılar, 

Üz tutduğum adamlar, - deyir.

Xoş mütaliələr.

 

 

Bir topa buluddular,

Göyləri ovutdular,

Arxamca daş atdılar, 

Üz tutduğum adamlar

 

Kiçilib xal oldular,

Susdular lal oldular,

Hey qeylü-qal oldular,

Ovutduğum adamlar.

 

Görən hara getdilər,

Hansı düzdə bitdilər,

Gözlərimdən itdilər, 

Unutduğum adamlar.

 

Əvvələ gəlmədilər,

Dərdimi bölmədilər,

Tam ola bilmədilər,

Qayıtdığım adamlar.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

“Ədəbiyyat və incəsənət” portalı Moskva şəhərində yaşayıb yaradan tanınmış şair, tərcüməçi,  AYB Moskva bölməsinin katibi Afaq Şıxlının  Vyetnam şairi və nasiri May Van Fanın yaradı­cı­lı­ğı­na həsr etdiyi məlumatı və şeirlərinin tərcüməsini təqdim edir.

 

 

 

Şöhrətilə öz ölkəsinin hü­dudlarını aşıb keçmiş çağ­daş Vyetnam şairi və nasiri May Van Fan yaradı­cı­lı­ğı­na müraciət etmək mənim üçün, bir tərcüməçi kimi, çox maraqlı oldu.

Yalnız şair və nasir deyil, həm də fəal ictimai xadim olan May Van Fan hələ II Qarabağ savaşı zamanı bizi dəstəkləyənlər sırasında ol­ması ilə diqqətimi çək­mişdi. Azərbaycan Prezi­denti cənab İlham Əliyevə müraciətlə yazılan mək­tub­da onun da imzası vardı:

“...Biz – şairlər və yazıçılar müharibələrə qarşı olsaq da, sizin fərqli durumunuz hər birimizi düşünməyə va­dar edir. Siz kiminsə torpaqlarını zəbt etmirsiniz. Siz öz ölkənizdə, öz torpaq­larınızı azad etmək üçün döyüşürsünüz.

Həqiqətsevər siyasətçilə­rin də dediyi kimi, Sizin başqa çıxış yolunuz yoxdur. Bilirik ki, Azərbaycanın və Azərbaycan xalqının gələ­cəyi naminə bu addımı atmalı idiniz.

Biz Sizi və Sizin xeyirxah xalqınızı ürəkdən dəstəklə­yirik!”

 

May Van Fan 1955-ci ildə Vyetnamın quzey bölgəsində,  Nin­bin əyalətinin Kimşon mahalında dünyaya gəlib.

Xanoyedəki Xarici dillər kollecinin Dilçilik və rus mədəniyyəti kafedrasının məzunu olmuş, sonra isə təhsilini Belorusiyada (1983) Qorki adına Pedaqoji institutda davam etdirmişdir.

Hazırda Xayfon şəhərində yaşayıb yaradır.

Əsərləri dünyanın 40-a yaxın dilinə rus, ingilis, fransız, belorus, italyan, ispan və s.) tərcümə edilib.

 

Varlıqda həqiqəti, adilik­də mənanı, sadədə gözəlliyi görmək, təbiətin və hadisə­lərin fitrətinə varmaq May Van Fan poeziyasının əsas özəl­liklərindəndir.

Canlı təbiət rəsmlərinin li­rikası, sevgi, dostluq, həyat, ümid, nigaranlıq, günü­mü­zün gerçəklikləri – bütün bunlar müəllifin şeirlərində sadə fəlsəfi fikirlər kimi təqdim olunub. Doğrudur, sadə və fəlsəfi kimi məf­humlar, ilk baxışdabir-birilə uzlaşmır, lakin May Van Fan xüsusi bir ustalıqla buna da nail olmuşdur.

         Onun şeirlərində həm Vyetnam xalqına, həm də bütün insanlığa ünvan­lan­mış ismarışlar vardır.

Uzaqlarda yaşasa da, xal­qımızın yaxın dostla­rından olan May Van Fanın şeir­lərini oxuduqca gözümüzün önündə qəribə, maraqlı po­etik su­rətlər canlanır. Onun düşüncə tərzində Kafkaya bənzərlikvardır.

Müəllifin yaradıcılığında  daosizm, zen-buddizm, eləcə də ekzistensializm xətləri bir-birilə kəsişir. Bəzən insana elə gəlir ki, Van Fan Yeri bir quş uçuşu zirvəsindən seyr edir, çox­larının görə bilmədiyini gö­rür, duya bilmədiyini du­yur...

“Qəflətən bəlli olur ki, bizim hamımızın qan qrupu birdir. Biz bu isti qırmızı çayın damarlarımızda ax­masına mane ola bilmirik. Mən elə həmin adamam, lakin bir qədər fərqli. Bir böcək və ya yırtıcı kimi müstəqil və azad... Sudakı balıq, göy üzündəki quş kimi xoşbəxt...”

 

Əzabkeş Vyetnam torpa­ğında belə bir fenomenin yetişməsi bir Tanrı lütfüdürdesək, yanıl­ma­rıq.

Düşünürəm ki, artıq bir çox dillərə tərcümə olu­naraq sevilmiş May Van Fan şeirlərinə müraciət edən Azərbaycan oxucusu da boşuna vaxt itirmiş ol­mayacaq. Əksinə, mənən da­ha da zənginləşəcək.

 

Bu şeirlərin əsl dəyəri, bəlkə, bu gün, bəlkə də, qərinələr sonra veriləcək. Bil­mirəm. Amma onu bi­lirəm ki, bir şair haqqında geniş təsəvvürə malik ol­maq üçün ilk növbədə onu oxumaq gərəkdir.

Gəlin birlikdə oxuyaq, bilək və tanıyaq! İnanıram ki, tanı­dıqca sevəcək, sevdikcə da­ha yaxından ta­nıya­caq­sınız.

 

                  

Çay yatağındakı daşlar

 

Suların rahat axmasına izn verin!

Nə zamandır üşüyür bu daşlar...

Çağlayan suların yuyub buza döndərdiyi

hərəkətsiz, sakit daşlar...

 

Baharmı gəlmiş?

Çiçəklər cığırların boynuna dolanmış.

Quşlar cəh-cəh vurur...

Çaya sarı əyilmiş ağaclar yırğalandıqca

qayalar da silkələnir sanki.

Yabanı çiçəklərin gözəlliyi əbədi hüzur kimidir...

Gurultuyla axan sulara göz yumur daşlar.

 

Boz pəncəli lanqurlar[1]

ağacların kölgəsini silkələyir.

Narın-narın yağış yağır,

süzülür torpağın ən mübhəm guşələrinə...

Buludlar səmadan asılı qalmış...

Quava[2] ətri bürümüş meşəni...

Kirpi iynələrini qabardıb durmuş …

 

Önəmli olan –

hər kəs

və hər şey

öz yerindədir bu an... 

 

 

Külək əsir...

 

Biz dar dalanlarda,

yaşıl otların üstündə, qaranlıq köşələrdə,

ağacların altında öpüşürdük.

 

Topuğa kimi suya batmışdı ayaqlarımız...

Sərt külək əsmişdi,

təzə-tər yarpaqlarla qidalanan tırtıl da

sənin çiynindən mənimkinə düşmüşdü.

 

Hələ də uçmağa davam edir arılar.

Şəlalələr eyni ahənglə axır,

yağış da aram-aram damcılayır...

Başlarını eyni tərəfə əymiş ağaclar... 

 

Yenta[3] dağındakı çiçəklər

 

Dağın zirvəsində bitən çiçəklər

nə dəli rüzgarlardan qorxmuş,

nə başı üstdən ötən buludlardan.

 

Yeddi yüz il bundan öncə

İmperator

Xoanq Tran Nxan Tonq 

bu çiçəklərin yanından ötərkən

onlara təzim etmiş.

 

Sən də, mən də,

övladlarımız da – 

onları görərkən baş əyib keçək!

 

...Dağın ətəyində

bambuk dəyənəklərə dirənərək 

irəliləyən ziyarətçilər

gözlərini yuxarı dikmişdilər;

alışıb-yanan çiçəklərin tüstüsü göyə qalxırdı.

 

 

Gün doğarkən

 

Yamaclarda

selə dönən su...

Bir qaya başında

hüzur içində yatan daş...

Keçən gecə yağan yağış...

Yağışdan öncə və sonra burada oturan biri...

 

Sənsiz çox darıxıram... 

Tərpənməyə belə qorxuram;

mavi səmanı içimə çəkirəm,

canıma hopsun deyə...

Bitmək bilməyən leysan yağışlar

çınqıl daşları yuyub təmizləmək üçünmüş sanki...

 

Bu əsrarəngiz təbiət rəsmi

həyatı

dəlicəsinə sevməyə vadar edir məni:

Günəş doğarkən

nur çilənir dağların zirvəsinə.

Torpaq

bir ana bətnidir sanki...  

 

 

Səni ağzımda dilim kimi qoruyacağam

 

Səni ağzımda dilim kimiqoruya bilsəm...

Müharibələrdən, xəstəliklərdən...

Gözlə görülməyən

zəhərli oxlardan.

Dedi-qodudan, qeybətdən,

yalanlardan və təhlükələrdən...

 

Yolunda tikanlar olmasa daha.

Divarlar hörsəm –

səni çovğunlardan qorumaq üçün...

 

Yanaqlarıma toxun barmaqlarınla,

qolunu yüngülcə tərpədərək

zümzümə et

asta-asta,

səni öpməyə izn ver...

 

Sən

ağzında Ay işığı tutmuş balıqsan,

üzürsən

nigaran dənizə doğru...

 

 

Telefonda səni dinləmək

 

Telefonda necə təmiz,

necə xəfifdir səsin...

 

Bir içim su kimi...

Yenicə boy vermiş incə fidan,

Yetişmiş şirin bəhər,

Bulağın zümzüməsi kimi...

 

Xəttin o başınadək olan məsafə –

tarlalar, düzlər, kəndlər.

Dərin köklər...

Qapılar açılır aramızda.

Səni eşidə bilirəm:

ilıq torpaqda müqəddəs izlər açan dərin köklər,

dərələrdən keçən çaylar,

tikilən və çiçəklənən kəndlər,

geniş düzlər, yamyaşıl tarlalar sayəsində.

Qoy səsini duyum.

Cəfəng və mənasız sözlər söyləməyə davam et.

Onsuz da

bir neçə dəqiqə sonra adiləşəcək hər şey.

Getdikcə uzaqlaşan yosunlu dalğalar,

zərifliyin şirin dadı

və çınqıllı sahil qalacaq yalnız...

 

 

Göylərin nəhayətsiz olduğu yer

 

İsti yay mövsümü bitmək üzrə...

Ağaclar

çağlayan bulaqların yaxınlığındaca

susuzluqdan yanır...

 

Torunu cırmış balıqlar pozar zamanın düzənini.

Sonsuzluğa atlamadan öncə sıxılar insan.

Uca qüllələr

fəzanı zəbt etmiş sanki.

 

Göy muncuqlarla süslənmiş tac qoy başına,

parlasın saçların.

Şimşək, ildırım, fırtına – 

qorxmaz heç nədən.

Sən də qorxma.

 

Üzün Ayın görünməyən tərəfi kimidir...

Şirin meyvə kimi,

qızıl rəngli düyü kimi...

Nədənsə

düyü buxarına bürünmüş ixtiyar qadın

və kişi surətləri kövrəldir məni..

 

Buxar canıma hopur,

bir-birinə hörür buludları,

hər nəfəsdə bir ümid doğurur.

Soyuq yağış üşüdür sinəmi.

Hər şeyi, ləziz bir yeməyin dadı kimi,

yaddaşıma həkk etmək üçün...

Həqiqət – kəlmələri azad edər,

qurtuluş yox!

 

Özümə əmin olduqca

atəşin ağzındakı damğanı

bir o qədər aydın görürəm...

 

 

İlbaşı arınması

 

Nə qədər yuyunsam da,

hələ təmiz deyiləm.

Çırağın işığında

arınmaq üçün

geri dönürəm.

 

Çiyinlərimə düşsün işıq,

sonra əllərimə, çənəmə,

ayaqlarıma, dizlərimə,

gözlərimə...

Hər küncə-bucağa işıq yayılsın –

bütün gizli köşələrə...

Qızmar dəmiri suya cəzb edən qüvvə kimi,

qol-budaq atan ağac kimi

nəhayətsizdir onun gücü.

 

Baharın xətrinə arınıram.

Səssizcə ata-babalarımı yada salıram.

İşığa dalıram, sadəcə,

İşıq selinin altında adını anıram.

Beşik kimi yırğalanır işıq,

Uzaqda olanları düşünürəm...

Qoy çırağımız

getdikcə daha gur yansın!

 

 

Acı dərman

       (Cho Ngoca ithaf olunur)

 

Atəş yandırıb, yaxır səni, mənim balam.

Mən isə, sənin atan,

yanıb külə dönürəm.

Dərman acıdır, amma gözləyə bilmərik.

Əlimdən tut.

Bax, necə də şehə bənzəyir bu damcılar.

Bardaq da dolu deyil.

 

Gecə yaman soyuqdur!

Bilirsən,

incə ləçəklər

məhz acı köklərinin sayəsində gözəl ətir saçır.

Tər damcıları

əlimdə döyənəyə dönür sanki,

bahar süzülür bardaqlara...

 

Atanın

göz yaşı dövrü başlar,

acı-acı ağlar həqiqət.

Yuxuda nə görürsən, körpəm?

 

Dərmanı pəncərənin qarşısına qoyuram.

Böyüyüb mənim yaşıma çatanda

tufan qopacaq

bu bardağın dibində.

 

 

Qonaqla vidalaşarkən

 

Çayı dəmləyib gəldim,

Sən demə, qonaq getmiş.

Zəng etdim,

 “Dünyasını dəyişəli

yeddi ildir” – dedi ailəsi.

Bir yanlışlıq var.

 

Evimdə

alt-üst olmuş hər şey.

Divardakı şəkli kim çıxarmış?

Qurma saat haradadır?

Bu ucuz çay dəstini kim gətirmiş?

 

Qonşulara baş çəkdim,

Ərzaqların dəyərini soruşdum:

bəzi qiymətli növlər var,

bəzi növlərin qiyməti var.

 

Evdəyəm.

Çay hələ istidir.

Qonağın piyaləsini qarşıma çəkdim.

Ölüm təklükəsi saçan buxar

önümdə

bir adam boyu yüksəldi.

Və bir göz qırpımında yox oldu.

              

 

Fleyta…

 

Fleytaya nəfəs verirəm... Budur

cənnətə gedən yeddi yol:

do, re, mi, fa, sol, lya, si.

 

Havada qanad çalan

yeddi kəpənək.

Səmada bərq vuran

yeddi əsrarəngiz rəng.

Yerə düşən kölgədə

zərif bir fleyta silueti...

 

Dodaqlarımı ona toxundurmağa

və dönə-dönə öpməyə

vadar edir məni.

Bəmdən zilə keçərək

saysız-hesabsız səslərlə

oyadır gecəni.

Düymələrin üzəri ilə addımlayan gecənin

ayaq səsləri duyulur.

Kainat qulaq kəsilir bu ahəngə.

 

Yumşaq, incə notlar

mənim hələ də var olduğumu

xəbər verir uğursuz sahilə.

Və sabah oyananda

uğur limanının məni qarşılayacağına

inandırır.

 

İçimdəki boşluqların

bu doğma səslərə ehtiyacı var,

bir körpənin

ana südünə ehtiyacı olduğu kimi.

Fleytanın səsi nurtək

süzülür vücuduma

və ona daha da sıx sarılmaq keçir könlümdən.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

 

 



[1]Primatların bir növü

[2] Meyvə növü

[3]Yent dağı Vyetnamın paytaxtı Xanoya çəhərindən 130 km məsafədə yerləşir. Hündürlüyü 1068 metrdir. Burada buddistlərin Çuk Lam sektasına məxsus, 11 məbəddən ibarət böyük bir kompleks vardır. Sektanın rəhbəri Vyetnam kralı Çan Nyan Tonq olmuşdur.

 

Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin “Anarın hekayə sənəti” məqaləsini təqdim edir.

                             

 

Hər bir yazıçının şüurundan cəmiyyətə, cəmiyyətin yaddaşından da yazıçının yaradıcılıq prosesinə qədər insanı mərkəzdə saxlayan ədəbiyyat, sözü boşluqdan götürüb lazım olan yerə qoyan ən güclü iksirdir. Bu kontekstdə çoxqatlı ədəbiyyatda ədəbi tənqidin xüsusi yeri var. Tənqidi məqalə, haqqında yazılacaq müəllifə subyektiv baxışa görə dəyişməməlidir, yalnız bədii əsərləri üzərində aparılan ədəbi tənqid bir yazıçının olduğu qədər tənqidçinin də ədəbiyyatdakı rolunun göstəricisidir. Məlumdur ki, istər xalqların, istərsə də dünya ədəbiyyatının sayılıb-seçilən əsərləri öz gücünü tənqidin davamlılığından alıb. Bu həqiqətdən yola çıxaraq, mənim də baxışımın Xalq yazıçısı Anarın hekayələrinin daha çox “diri qalmağına” kömək edəcəyini düşündüm.

Ssenariləri, romanları, povestləri, hekayələri və şeirləri ilə Azərbaycan ədəbiyyatında xüsusi yeri olan Anar müəllimin yaradıcılığı bir çox sahələr üzrə  araşdırma obyekti ola bilər.

Tarix bizə cəmiyyətdə yaşanan ziddiyyətləri göstərir və yaddaşa yazır. Anar müəllim bir yazısında belə demişdi: “Sevginin yaşı olmur. Nə həyatda, nə ədəbiyyatda”. Bu, bəzilərinin “qürurlu sükut” adlandırdığı reallıqdan qaçış yox, konkret həyata işarə etmək reallığını və etikanı ehtiva edir. Bu, həm də azadlığı və ədəbiyyatı “mərsiyə”ləşməkdən uzaq tutmaqdır. İnsani dəyərləri doğru zamanda dəyərləndirmənin adı saflaşmaq-saflaşdırmaq, nurlanmaq-nurlandırmaqdır. 

Anarın hekayələrinə təsir edən bir çox faktorlar – dastanlar, nağıllar, miflər, ekzotizimlər, mənəvi dəyərlərin itməsi, təkləşmə-təcridolma psixoloji problemi və s. nəzərə alınmaqla qurulub.

Hekayələrin bədii dili qəhrəmanın vəziyyət və situasiya ilə üzvi şəkildə bağlılığını göstərir, bu təsvirlərlə müəllif qəhrəmanın psixoloji durumunu da incələyir: “Qırmızı limuzin” hekayəsindəO, ay ziyasının kəməndinə bağlanıb gecələr gözüaçıq gəzən lunatik deyildi. Yuxuda da deyildi. Ayıqdı. Vaxtı, saatı dəqiq müəyyənləşdirə, hərəkətlərinə nəzarət edə bilirdi. Bəzən yuxuda çəkisizlik aləmindəymiş kimi ayaqlarının yüngülcə bir təkanıyla yerdən aralanıb uzun bir məsafəni tullantıyla qət etdiyini də xatırladı, yenə də yuxuda qıçlarının qıc olub bircə addım ata bilmədiyini də. Amma indi nə ayaqları qıc olmuşdu, nə də çəkisizliyin yüngüllüyünü duyurdu. Yuxu deyildi bu cümlələri oxucunu fərdin psixoloji problemləri üzərində düşünməyə vadar edir. Və ya, “…son iki-üç ildə O. da bu şəhərin başqa köhnə sakinləri kimi öz şəhərlərini elə bil tanımırdılar, elə bil yadırğamışdılar, elə bil şəhəri tamam başqa bir əhali doldurmuşdu. Nəinki sifətlər, adamlar – rəftar, özünü tutmaq, özünü aparmaq vərdişləri də dəyişmişdi. Sanki şəhərin binaları, küçələri, meydanları da başqalaşmışdı, özgələşmişdi, yabançılaşmışdı” təhkiyəsi ilə çoxqatlı dəyərlərə yelkən açır, hekayəni ağırlaşdırmadan ictimai və siyasi problemlərə toxunur, bu problemlərin arasında təklənən insanın, ağrının və kədərin xəritəsini çəkir.

Yazıçı “Nisbət nəzəriyyəsi” hekayəsindəadi insanların həyat ümidlərini bütün məsamələri ilə təqdim etməklə yanaşı, ölkənin kasıb təbəqəsini və varlı coğrafiyasını pərdəarxası görüntüləyir: “Küçədə milis təpikləyə-təpikləyə bir dilənçini qovurdu. Milis haqlı idi. Çünki cındırından cin ürkən dilənçi küçənin yaraşığını pozurdu. Dilənçi də haqlı idi. Bu küçədə gedib-gələn, qazanc nisbətən çox olurdu. O biri küçələr adamsız idi”. Hekayənin davamında “Gecə Hikmət özünü asdı. Arvadı, uşaqları, dost-aşna, qohum-qardaş yasa batdı. Hamı təəccüblənirdi. – Axı nəyi çatmırdı. Xoşbəxt ailə. Ev-eşik. Cəmiyyətdə yüksək mövqe. Sağlamlıq. Şöhrət. Pul. Onlar haqlı idilər. Amma Hikmət də haqlı idi.” cümlələriylə seçdiyi personajların bir-birindən fərqli olmasına baxmayaraq, yaşadıqları dövrün və həyatın fərqlənməyən tərəflərinin cəmiyyətdə üstünlük təşkil etməsinə diqqət çəkir. 

 Anarın böyük əsərlərindəki baş qəhrəman obrazlarının klassik ədəbiyyatda (nağıllarda, dastanlarda) və ya kinoda mövcud olan güclülüyü, zəifliyi onun hekayələrində də hiss olunur. Hekayələrdə aşkarlanmağı gözləyən sirlər müəllifin güclü müşahidə qabiliyyətindən, yaratdığı təsvir və obraz zənginliyinin isə insanın yaşadığı mühitdən qaynaqlandığını göstərir. Yazdığı ən kiçik mətnlərdə də görünməyən tərəflər vardır.

Anarın hekayələrində beş mühüm element seçilir. Bu elementlər müəllifin təbiətlə insan arasındakı bağı möhkəm saxlamaq istəyindən irəli gəlir. Hekayələrdə təbiət-insan bağı dörd başlıq altında intensiv şəkildə açıqlanır: “Rəng, Qoxu, Səs, Say, Qorxu”.

“Rəng”də təbiətdən insana, insandan dövlətə, dövlətdən zülmə, zülmdən ölümə doğru bir davamlılıq var. Məsələn, qara rəng mənfi, ağ və qırmızı rənglər müsbət məna daşıyır,  mavi rəng səmanın rəngi olduğu üçün müqəddəs sayılır, qırmızı isə qan və ölüm mövzusunun ən güclü obrazı kimi şərh olunur – “Qırmızı limuzin” hekayəsindəki kimi.Bəlkə, ay işığı idi onu eyməndirən. Müxtəlif biçimli, yarıuçuq xərabələri andıran bu köhnə binaların, düyün düşmüş kələf kimi bir-birinə dolaşmış ensiz küçələrin adamsızlığında, "qu" deyib qulaq tutulan səssizliyində ay işığı ətrafı gümüşü-boz bir rəngə – kül rənginə boymışdı və O.-ya elə gəlirdi ki, bu ölü rəngi hansısa başqa bir dünyadan sızıb-süzülür”.

"Qoxu" mövzusu fərqli qiymətləndirmələrə imkan verir. “Hekayə” hekayəsi “Səhər oyanışlarını acılaşdıran əbədi itirilmiş şirin bir yuxu, keçmişin get-gedə dumanlanan, unudulmağa başlanan və heç bir vaxt büsbütün unudulmayacaq bir səhifəsi… Bir qoxu… Qırıq bir səs. Heç vədə yaddaşa qayıtmayacaq, amma onun harasındasa dolaşan bir melodiya… Solub pozulmayacaq, əriyib itməyəcək təəssüratlar…” bədii təsviri oxucunugözə görünməyən və hərəkəti olmayan bir şeyin – qoxunun izinə düşməsinə şərait yaradır və bu halın onun yaddaşına hopmasını təmin edir. Müəllif qəhrəmanının dililə “Yaxşı, mən təqsirkarammı ki ömrümün baharı, ən gözəl dəqiqələri Dənizəylə keçirdiklərimdir. Bəli, mən unuda bilmərəm ki, arvadım var, qızım var. Lakin axı mən o anları da unuda bilmərəm. Dənizə… Göz işlədikcə işləyən əngin sahilin yumşaq qumları, sahili oxşayan qıvırcıq dalğalar. Dənizənin ipək saçları. Dənizin dən düşmüş köpüklənən qıvrım dalğaları… əlbəttə, bu mənzərələr heç kəsin ürəyində heç bir teli tərpətməz… Lakin onlar mənim qəlbimin ən incə musiqisidir. Axı siz yalnız sözləri görürsünüz. Mən rəngləri, işığı, kölgələri, balıqqulaqlarını, dənizin köynəyində ağ düymə kimi ağaran yelkənli qayıqları… Dənizin, sahilin, Dənizənin saçlarının qarışıq qoxusunu duyuram”. deyərək, həyatın rənginin, sayıların və digər elementlərinin az-çox kosmoloji anlayışlarla da əlaqəsi olduğuna işarə edir.  Bu hekayədə yazıçının özünəməxsus yazı texnikası da oxucuya özünü hiss etdirir. “– İş radionun verdiyi musiqidə deyil. Radionu söndürmək olar. Çətini qəlbdə oyanan, könüldə çalınan musiqiylə bacarmaqdır... – Sonra? Sonra üç şahılıq çıxarıb avtomatın yarığından atdı… Dəstəyi götürdü. 3 çəkdi. Sonra, məsələn, 2 … Sonra 5. Yenidən araya sükut çökdü” müəllif bu və bu kimi digər məna dolu fikirləri güclü təsvirlərlə qısa cümlələrə sıxlaşdıraraq oxucunu intellektual səyahətə çıxarır, həm də rəngin, qoxunun, səsin və sayın maraqlı, unudulmaz bir xatirə və hətta təxribatçı olduğunu önə çəkir.  

Anarın hekayələrində “səs” mövzusu müxtəlif formalarda yer alır. “Yağışlı gecə” hekayəsində buna nümunə mətnlər. “Vaxt bizi məğlub edir. Biz vaxta qalib gəlirik. Vaxt müəyyən bir vaxtdan sonra bizi torpağa qatıb vətənimizin ərazisini bir adam cismi qədər böyüdəcəkdir. Əməlimiz, işimiz, yaradıcılığımız necə əhəmiyyətsiz olsa da, hər halda bir sözdür, bir qəlbin döyüntüsüdür, təkraredilməz bir səs, bir nəfəs, bir qorxudur. Hər kəs öz sözünü, öz fikrini deməli, öz səsini qoruyub getməlidir. Səslərimiz havada əriyib gedəcək. Yazıçı xoşbəxtdir; Onun səsi kağıza yapışır. Vaxt bizə neyləyəcək? Vaxta qalib gəlmək üçün nə isə bir iş görməlisən. …Heç bir iş qoyub getməmiş adam insanlığı bir addım geri çəkir”. Müəllifə görə, səs zaman, məkan və təbiətlə zənginləşir, məhz həmin səsin rəngarəng əks-səda baxımından uyğun bir kosmik çərçivəyə salına biləcəyi mümkün deyil. Yazıçı mövcud zamanın təsirliliyini davam etdirən fikirlərini “Gürcü familiyası” hekayəsində “29 aprel axşamını, illərin, ölkələrin, yad üzlərin, yad sözlərin içindən keçirib saxlamışdır. Lap mənim özüm təki. Axı mən də o axşamı dolaşıq ömrümün illəri, günləri içində itirib atmamışdım. İndi də o axşam – rəngləri, səsləri, qoxularıyla birlikdə içimdədir” – deyə davam etdirir. O, ədəbiyyatın, dolayısı yolla həyatın əsas mövzusunun ümidin, azadlığın və sevginin səsi olduğunu vurğulayır.

“Hekayə” hekayəsindəsevincin fərqli çalarlarını, kədərin matəm rəngini və beləcə həyat kimi bir-birini əvəz edən təzadlı hissləri həzin bir dillə təqdim edir: “Kimsə, bir qadın müğənni həzin səslə "Humayun" oxuyurdu… Pəsdən. Aramla. Bir qədər yorğun. “Tutuşdu qəm oduna şad gördüyün könlüm, Müqayyəd oldu ol azad gördüyün könlüm…” Qəmdən, qüssədən, ələmdən yoğrulmuş musiqi… Qərib payız axşamları kimi məhzun, qış gecələri kimi uzandıqca uzanan… Elə bil Şərqin bütün dərdləri bu musiqi, bu ölümsüz sözlərdə yavaş-yavaş, bəm səslə axıb gedirdi. Lakin birdən-birə hər şey dəyişdi. Rəng başladı. Muğamatın dahiyanə musiqi dramaturjisi: əzəmətli bir matəm, sonra qayğısız şənlik. Adamı əzən, incidən, qəlbini sıxıb-sıxıb ağrıdan kədər, həsrət gecələrindən sonra sevinc səhərləri, bahar oyanışı, şadlıq şəlaləsi…Könülləri kövrəldən ağıları əvəzləyən şux, şıltaq kef nəğmələri…” Təhkiyəçidən başqası yaşananların mənzərəsini oxucunun gözü önünə bu cür gətirə bilməzdi. Həmin səhnənin təqdimatının sonunda o,“Yenidən bu şənliyin, şuxluğun yerinə qayıdan möhtəşəm müsibət, qəmginlik, fəryad, zarıltı və yenə də şadlıq, sevinc – yeni rənglər, diringilər, oyun havaları…” cümləsiylə fərqliliyin ikinci mərhələsini təqdim edir.

“Sayların sərgüzəşti” hekayəsində müəllifin məqsədi Azərbaycan-türk mifologiyasının təməl daşlarından biri olan formulistik rəqəmlərin müasir hekayələrdə də istifadəsinə diqqət çəkməkdir. Bu hekayədə, əsasən, 1-dən 9-a qədər rəqəmlərin xarakterləri açılır, dini, ənənəvi və xalq inanclarında, kainatı anlamaq, fizika, maddiyyat, mənəviyyat və gündəlik həyatımızı anlamaq baxımından işlənilməsi ilə yanaşı, hekayənin quruluşunun axıcılığına da təsir göstərir.

9-dan sonra rəqəmlərin “təklikdən darıxması” başlayır. Bu bəhanənin birinin o birindən önə keçməsinə qısqanclığından, ya da “gücləri birləşdirmək” adına yaranmasını müəllif maraqlı hekayəciklərlə qurur: Üç çoxbilmiş idi, çox haqq-hesabdan çıxmışdı. Aşiq olanda, Vurulanda On İki də olurdu, lap İyirmi Bir də. Bildi ki, bu sövda baş tutan deyil. Amma Üçün könlündən ayrı şey keçirdi. O, çoxdan altı olmaq istəyirdi. İndi Biri və İkini görəndə fikirləşdi ki, əlimə əcəb fürsət düşüb. Bir ilə İki, ikisi bir olsa, onlarla bacarmaram, gücümüz tən gələr. Gərək ayrı-ayrılıqda ikisini də aldadıb özümə qatam. Üç əvvəl İkini xəlvətə çəkdi, aldadıb özünə qatdı, sonra da Biri. Oldu Altı.

Göründüyü kimi rəqəmlərin interpretasiyası hekayəyə zənginlik qatır.

“Yerin doqquz qatındakı 09 göyün doqquz qatındakı 90-a qışqırdı ki, məni burda qoyma, çək yanına. Axı vaxtilə sən də doqquz olmusan, mən də.
Amma Doxsan Sıfır Doqquza istehza ilə baxıb cavab verdi:
Düzdü, vaxtilə mən də Doqquz olmuşam, sən də. Amma indi sənin kimi "Doqquz"u mənim yanımda görsələr, mənə dəli deyərlər, Doxsan Doqquz deyərlər.
Sıfır Doqquz dinmədi. Nə desin? Dünyada qəribə işlər olurdu”.

Səmavi məsləhətçilərin fikrinə görə, 90 rəqəmi həyatımızda bəzi halların bitmək üzrə olduğunu göstərir. Lakin məsələnin mələklərin həm köməyi, həm də ilhamı ilə qənaətbəxş həllini istəyiriksə, bilməliyik ki, tərəfləri buna məhz 90-la cəlb etmək mümkündür. Bu hekayədə 09-la 90-ın “savaşı” da bu fikri təsdiqləyir.

Hekayənin sonunda yazıçının gəldiyi nəticə belədir:

“Bir, İki, Üç, Dörd, Beş, Altı, Yeddi, Səkkiz, Doqquz yan-yana düzüldülər.
Adamlar üzlərini saylara tutub dedilər: – Əziz dostlar, bunu bilin ki, hər sayın öz yeri var. Bir olmasa, on da olmaz, yüz də, min də, milyon da”.

Burada müəllif oxucuya bildiyi məşhur bir məsəli təkrar xatırlamağa imkan yaradır: Bir gün riyaziyyatın atası sayılan Harəzmidən “İnsan nədir?” deyə soruşublar. Deyib ki, “Əgər insanın gözəl əxlaqı varsa, 1-ə bərabərdir. Əgər o, yaraşıqlıdırsa, 1-in yanına sıfır əlavə edin, olsun 10. Zəngindirsə, daha bir sıfır əlavə edin, olsun 100. Əgər sağlam nəsli, soyu varsa, bir sıfır da əlavə edin, olsun 1000. Amma unutmayın ki, 1 olan “əxlaq” getsə, insanın dəyəri də yox olar, geriyə heç bir qiyməti olmayan sıfırlar qalar!”

Məlumdur ki, “qorxu” öyrənilən duyğudur, lakin bu duyğunun mətnlərdə əks olunması müəllifin ədəbi gücündən asılıdır. Hadisələr qarşısında duyğuların keyfiyyətini və intensivliyini təyin edən məzmun fərdin yaşadığı mühitdən və mühitin fərd üzərində təsirindən irəli gəlir. Müəllif göstərir ki, insanda qorxu yaşadığı bölgəyə görə dəyişir. Lakin qeyd etmək lazımdır ki, insan təkcə bilmədiklərindən deyil, öyrəndiklərindən də qorxan bir məxluqdur. Anarın hekayələri Şərqdə illərdir davam edən hər cür zülmü və bu zülmün dəhşət ölçüsünü açır. Qorxunun bizə məlum olan təriflərindən başqa bəzi vəzifə, peşə, sənət və digər səbəblərdən də yarandığına diqqət çəkir.

 “İki dəniz” hekayəsində isə qorxunun tamamilə şüurun alt qatına təsirini üzə çıxarır. “Bir dəfə mən qayalara gəzməyə çıxmışdım. Mən əzilib parçalanmış, eybəcər və qorxunc hala düşmüş qayalara baxaraq, onları bu şəklə gətirən qüvvənin sirri haqqında düşünürdüm; gör dənizdə nə böyük qüvvə var ki, belə sərt daşları bu kökə sala bilmişdir. Bu qayalar dənizin sahilə yolunu kəsmişdilər, ona görə də dəniz bu qayaları əzişdirirdi. O, qayaları gah çeynəyir, gah da zalımcasına şillələyirdi. Dəniz bu qayaları aram, istirahət bilmədən təmkinlə və qüvvətlə döyürdü. O döyürdü, çünki döyə bilmirdi, onun döyməyə haqqı vardı: o, azad idi və öz azadlığına mane ola biləcək hər şeyi döyməyə, əzməyə, parçalamağa hazır idi. Dəniz ta məhv edənəcən döyür, yox edənəcən əzir, dağıdanacan parçalayırdı”.

Burada qorxu, xof, üşəndiricilik təkliyin özündən doğan təbii psixi halətlər kimi təsvir edilir. Dənizi canlı insan kimi görmək qeyri-real psixoloji vəziyyəti – isti cənub şəhərində həyatın üzücü imtahanları, tam aydın olmayan, qarma-qarışıq halı, gərginlikdən sonra boşluğa düşmə, boşluqdan sonrakı "fantastik vəziyyət"in mənalı şəkildə əlaqələndirilməsidir. Dənizin sahillə qovuşmasına mane olan qayalara qarşı “ruhi sapma”larını tədriclə və təmkinlə təsvir, bir-birinin ardınca baş verən "əcaib-qəraib" gözlənilməzliklər oxucuda maraq yaratmaqla, onun da oxşar ruhi sarsıntıları yaşamasına səbəb olur. Bu vəziyyət ayrılıq yaşayan birinin stress vəziyyətini, onun qeyri-müəyyənliklər içərisində boğulan narahat, əzabkeş ruhunun sarsıntılarını təsvir etmək üçün dəqiq seçilmiş təsvirlərdir. Hekayədə başdan-başa yalnız tənhalıqla qarşılaşırıq, elə bil insan cəmiyyət üçün, ünsiyyət üçün susayır, bu tənhalıq adamı o qədər usandırır, o qədər qorxudur ki, düşünürsən ki, bundan sonra ilk kütləvi həyat tərzi xoş təsir bağışlayar.

Müəllifin çatdırmaq istədiyi əsas məqam qorxunun bir obyektə, bir varlığa, bir şəxsə və ya vəziyyətə, ya da hadisəyə qarşı hiss edilə bilən bir duyğu olmasıdır. Qorxularımızın bir qismi real təhlükəyə qarşı olsa da, bəzi qorxularımız tamamilə əsassız və xəyali qorxulardır və biz bəzən bu qorxularla yaşasaq da, mütləq boş qorxularımıza qalib gələrək onların əsarətindən qurtarmalıyıq. 

Ayrı-ayrı əsərlərində bir çox yazardan nümunə mətnlərini təqdim edən yazıçı qorxu mövzusunda “Gürcü familiyası” hekayəsində baş qəhrəmanı Oqtayın Vaqif Vəkilovdan (Vaqif Səmədoğlu) Əsmərə oxuduğu şeiri təqdim edir:

 

Əyri-üyrü,

dar küçələrin,

gündüzlər otaqlarındakı bəyaz gecələrin,

damlarının yastısı, içinin astası,

küçələrini dolanan addımların həmişə tənha səsi,

gecələrinin dünyada itən tarix tikəsi,

içindən bayır şəhərə,

böyük şəhərə çıxan təəccübüm,

oğrularından qorxan cibim,

ölüm ayağındadır indi.

Biçarə şəhər,

İçəri şəhər...

 

Şeirin müəllifi başqası olsa da, bəllidir ki, bu, o məqamda yazıçının oxucuya oxşar duyğuları çatdırmaq istəyidir. Mövcud yerdəki dəyişiklik, şübhəsiz ki, psixoloji durumda təsirli, lakin mənfi bir çərçivə yaradır. Əsərin qəhrəmanı bu yerdə narahat atmosferin hökmranlığı və təsiri altındadır. Burada mühit və paralel olaraq insanları sıxışdıran məkan təsviri dünyada öz yerini tapmamış, rahatlığa öyrəşmiş insanların baxışlarını, getdikcə qorxaq baxışların aldığı zamanın insanların üzərindəki sıxıntısını ifadə edir. Müəllifin insanın məkanla olduğu qədər, zamanla da uzlaşa bilməməsi ilə bağlı yaratdığı təsvirlər əsərin ən həyəcanlı məqamını təşkil edir. Əslində, yazıçını dövrün realist “hekayəçi”lərindən fərqləndirən ən mühüm xüsusiyyət onun hekayələrində insan ölçüsünün uğur qazanmasıdır. 

Anarın əsərlərində başqa müəlliflərdən istifadə etdiyi mətnlərdə bütün yerli sözlər toxunulmaz olaraq qalır. O, bununla xalq dilinin səs ahəngini göstərmək istəyir. Qəhrəmanlarının danışıqlarında sünilik yaratmır. Onun “kəndliləri”nin danışıqlarında zərrə qədər şəhərli olma iddiaları olmur.

Yeri gəlmişkən, bir şeyi də qeyd edək ki, yazıçı Anar çox sayda gənc yazarı ürəkdən dəstəkləyib, ictimaiyyətə təqdim edib. Bir həqiqət də var ki, o, öz yaradıcılığı ilə həyatı – sənəti, ədəbiyyatı öyrənmək, canlı xalq dilinin – şifahi və yazılı ədəbiyyatının zənginliyinə ürəkdən yiyələnmək istəyənlərə də daim yol göstərib.

Həyatı böyük şövqlə və zövqlə yaşayıb yazan yazıçı yaradıcılığının bütün dövrlərində insani hisslərin sözçüsü olub və olmaqda davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

 

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

“Biləmmədim, harda itir izlərin,

Biləmmədim, hara gedir yolların.

Səni necə gizlədir gözlərin,

Səni necə qoruyur qolların...”

2.

Roman dili bu gün hamının yaralı yeridir. Bilən də danışır bu barədə, bilməyən də. Bilməyən daha ucadan danışır

3.

Azərbaycan ədəbiyyatının iki ən böyük ölməz surəti aferist surətidir. Bunların biri Hacı İbrahimxəlil kimyagər, o biri Şeyx Nəsrullahdır. Onların arxasından isə məzlum və nadanlar ordusu məlul-məlul boylanır.

4

Fransa kralı XIV Lüdovikə yazdığı növbəti zəif şeirindən sonra saraydakılar belə yarınırlar: - Həqiqətən, Əlahəzrət üçün imkansız heç nə yoxdur. Siz istəmisiniz ki, zəif bir sonet yazasınız, siz də onu yazmısınız.

5.

Ustad Azad Mirzəcanzadə söylədiyi dərin, müdrik bir fikrin müsahibinə çatıb-çatmamasını bu cür yoxlayırdı - gözlərini qıyıb “deyə bildim?!” soruşurdu. Onun bu ifadəsi bu gün belə çoxlarını sadəlik və təvazökarlıq rəmzi kimi “hayıl-mayıl” etməkdədir. Amma sadə görünüşlü “deyə bildim?” ifadəsində yuxarıdan aşağı baxmaq kimi gizli, bir qədər hiyləgər iddia da yox deyildi. O da var ki, Azad Mirzəcanzadənin buna haqqı çatırdı.

6.

“Bu gün də düzüldü təsbehə, nə birinci oldu, nə də sonuncu...”

7.

“Qadir Tanrı! Haqq adına

bağışla, bağışla bizi –

Bir içim suya bağışla.

Uzaqdadı, əlçatmazdı,

Ulduza, aya bağışla.”

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.