Super User

Super User

Wednesday, 21 December 2022 08:00

Yasəvinin “Divani-hikmət”i

 

“Yasəvidən başlayan kamillik yolu” - Beynəlxalq Muğam Mərkəzində düzənlənən növbəti tədbiri belə adlanırdı. Tədbirdə Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə Əhməd Yəsəvinin Azərbaycan dilinə tərcümə edilmiş "Divani-hikmət" kitabının təqdimat mərasimi baş tutdu. 

Təqdimat mərasimində ölkənin mədəni-ictimai xadimləri, ədəbiyyatşünaslar, yazıçı və şairlər iştirak edirdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin aparıcısı, şair, Milli Məclisin eksperti Əkbər Qoşalı Əhməd Yasəvi şəxsiyyəti barədə qısa məlumat verdikdən sonra sözü Milli Məclisin deputatı Qənirə Paşayevaya verib. Qənirə xanım Əhməd Yəsəvinin dini görüşləri barədə söz açıb: 

"İslamın əsl dəyərlərini dərindən öyrənmədikcə, İslam adından hansısa başqa məqsədlər üçün istifadə edənlərin təsirləri genişlənəcək və nəticədə gənclərimiz, eləcə də əksər adamlar bu təsirə düşə bilər. Biz bilməliyik ki, dədələrimizin İslam anlayışı necə olub. Əhməd Yəsəvinin İslam anlayışında məzhəb ayrılığı, düşmənçiliyi yoxdur".

Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli kitabın Azərbaycan dilində nəşrinin vacibliyini diqqətə çatdırıb: 

“Əhməd Yəsəvinin kitabının nəşri ilə bağlı Nazirliyə müraciət edildikdə dərhal razılaşdıq. Çünki Əhməd Yəsəvi dünyası mütləq Azərbaycan dilində, Azərbaycan oxucusuna çatdırılmalı idi. Yanvarın ilk ongünlüyündə artıq oxucular kitabı kitabxanalardan əldə edə biləcəklər".

Daha sonra digər qonaqlar da kitab haqqında fikirlərini bölüşüblər.

Çıxışlar bitdikdən sonra tədbir bədii hissə ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət” 

(21.12.2022)

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük türk şairi Nazim Hikmətin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı APA-ya istinadla xəbər verir ki, konfransda ölkənin tanınmış ədəbiyyatşünas alimləri, universitet müəllimləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib.

 

Konfransı giriş sözü ilə açan muzeyin baş direktoru akademik Rafael Hüseynov "Azərbaycanın, Türkiyənin və dünyanın Nazim Hikməti" mövzusunda geniş məruzə ilə çıxış edib. Akademik böyük şairin Azərbaycana olan sevgi və bağlarına xüsusi diqqət çəkib.

Daha sonra konfrans plenar iclasla öz işinə davam edib.

İclasda professor Şəfəq Əlibəyli, professor Tofiq Məlikli, elmlər doktoru Tahirə Həsənzadə, filologiya üzdə fəlsəfə doktoru Əsmətxanım Məmmədova və Gəncə Dövlət Universitetinin baş müəllimi Cahan Ağamirov məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, türk inqilabi şeirinin banisi Nazim Hikmət 1902-ci ildə zadəgan ailəsində anadan olub. Onun "835 sətir", "Baron-3", "1+1=1", "Səsini itirmiş şəhər" kimi kitablarında xalqın ağır həyatı və inqilabi mübarizəyə çağırışlar öz əksini tapıb. Nazim Hikmət 1963-cü ilin 3 iyununda, 61 yaşında Moskvada vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Dekabrın 20-də Azərbaycan Turizm Bürosu (ATB) ilə Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb. 

 

“Ədəbiyyat və incəsənət”portalı AzərTAC-a istinadən bildirilir ki, memorandum sənədini ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və “Flynas” aviaşirkətinin beynəlxalq satış üzrə vitse-prezidenti Abdulilah Aleidi imzalayıb.

Sənəd özündə qarşılıqlı təcrübə mübadiləsi, hər iki ölkə arasında turizmin inkişafı üçün potensial fəaliyyətlərin təşviqi, eləcə də turist axınına təkan verəcək birgə layihələrin işlənib hazırlanmasını ehtiva edir. 

Florian Zenqstşmid müxtəlif turist təcrübələri, sadələşdirilmiş elektron viza prosesi və birbaşa uçuşlarla daha çox Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycana cəlb edilməsinin hədəfləndiyini qeyd edib.

O bildirib ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 93 min 611 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 dəfə artım deməkdir. Həmçinin bu rəqəm pandemiyadan sonrakı dövrdə bərpanın 91 faizini təşkil edir. 

“Flynas” rəsmisi Abdulilah Aleidi təmsil etdiyi şirkətin 2018-ci ildən etibarən Səudiyyə Ərəbistanından Azərbaycana uçuşlar həyata keçirən ilk hava yolları şirkəti olduğunu və imzalanan memorandumun Azərbaycana ediləcək səfərlərə öz müsbət töhfələrini verəcəyini qeyd edib.

 

(21.12.2022)

 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Gəlmə Turizm Komissiyasının üzvləri ilin yekunlarına dair iclas keçirib.

 

ATAA-dan mediaya yayılan məlumata görə, görüşdə 2022-ci il üzrə ATAA tərəfindən qaldırılan bir sıra məsələlər, problemlər və onların həllinə dair görülən işlərin nəticələri müzakirə edilib, bu istiqamətdə dövlət qurumları və təşkilatlarla aparılan ikitərəfli görüşlərə və səsləndirilən təkliflərə dair fikir mübadiləsi aparılıb.

Toplantı çərçivəsində komissiya üzvləri tərəfindən qaldırılan əsas məsələlərdən biri hotellərlə turizm şirkətləri arasında əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsinə həsr olunub.

Görüşdə qarşılıqlı biznes əlaqələrinin sağlamlaşdırılması və rəqabət mühitinin yaxşılaşdırılması məqsədi ilə 2023-cü ildə qiymət siyasətinin tənzimlənməsi, birgə iş birliyinin yaradılması və gəlmə turizmin stimullaşdırılması üçün dövlət qurumları, təşkilatlar və assosiasiyalarla, eləcə də hotellərlə yeni görüşlərin keçirilməsi imkanları müzakirə olunub. 

İclasda həmçinin beynəlxalq sərgilərdə ölkə turizminin təşviqi, xarici tərəfdaşlarla kommunikasiya əlaqələrinin və B2B (biznesdən-biznesə) formatlı görüşlərin genişləndirilməsi və qarşılıqlı infoturların təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Dekabrın 23-25-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş uşaqlar üçün "Sirli sandıq" adlı konsert proqramı təqdim ediləcək.

Uşaq Filarmoniyasının mətbuat xidmətinin yaydığı məlumata görə, konsertdə filarmoniyanın nəzdində fəaliyyət göstərən "Yuvam" musiqili uşaq teatrı, "Sədəf" xalq çalğı alətləri ansamblı, "Şəms" uşaq xoru, vokal sinfi və müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqili nömrələri ilə çıxış edəcəklər.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Azərbaycan İstiqlal Muzeyi tərəfindən Şuşa İli çərçivəsində həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində növbəti təqdimat olmuşdur. 

Muzeyin açıqlamasında bildirilir ki, növbəti təqdimat Şuşa təbiətinə gözəllik, zənginlik verən Topxana meşəsinə həsr olunub.

 

Topxana meşəsi həmin meşədir ki, 1988-ci ildə ermənilərin orda ağac kəsməsi nəticəsində ümumxalq hərəkatı başlamışdı. Bu meşə Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşədə yaşı bilinməyən palıd, qarağac, fıstıq ağacları, zəngin heyvanat aləmi, gözəl çəmənləri, şirin bulaqları vardı. Bir sözlə, əsl təbiət möcüzəsi idi. Lakin ermənilər işğal zamanı təbii sərvətlərimizi, meşələrimizi, bağlarımızı da viran qoyublar. 

30 ilə yaxın işğal müddətində Topxanadan minlərlə palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib. Bu müddət ərzində meşə, demək olar ki, dağıdılıb, bitki örtüyü, heyvanat aləmi məhv edilib. Bu terrorun başlandığı tarix isə 1988-ci ilin noyabr ayına təsadüf edir. 

Ermənistan SSR-in Alminium zavodlarından birinin filialının tikintisinə başlamaq məqsədilə Topxana meşəsi yandırılıb, nadir ağaclar buldozerlərlə məhv edilib, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edilərək, ekoloji soyqırımı həyata keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlər davam etdirilir. İşğalçı Ermənistan tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpası istiqamətində lazımi tədbirlər görülməkdədir. Topxana meşəsi də istisna deyil.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Şuşa 270 il” mövzusunda 21 adda markadan ibarət kolleksiyanı təqdim edib. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. 

 

Şuşanın tarixi, memarlığı, ədəbi mühiti, musiqi və etnik mədəniyyəti, eləcə də flora və faunasını əks etdirən markaların hər biri yüksək tirajla dövriyyəyə buraxılıb. 

Markaların “söndürülməsi” proseduru “Azərpoçt”da keçirilib. 

MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov Qarabağın, o cümlədən Şuşa şəhərinin tarixi kimliyinin təqdimatı və təbliğatı istiqamətində atılan hər bir addımın miqyasından asılı olmayaraq görülən işlərə, xüsusilə informasiya müharibəsinə mühüm dəstək olduğunu vurğulayıb.

Azərbaycan Filatelistlər İttifaqının sədri Namiq Əliyev həyata keçirilən layihəyə görə “Azərpoçt” kollektivinə öz təşəkkürünü bildirib, həmçinin son dövrlərdə Azərbaycan markasevərlər cəmiyyəti ilə digər ölkələrin filatelistləri arasında münasibətlərin inkişafının Azərbaycan həqiqətlərinin təbliğatı baxımından vacibliyini qeyd edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib ki, bu gün ərsəyə gələn markalar əslində bir il boyu, onlarla adamın birgə işlədiyi çətin prosesin nəticəsidir. Bu markalar öz növbəsində təbliğat daşıyıcıları kimi “getdikləri” hər yerə ölkəmizin məlumatlarını çatdırırlar.

Xatırladaq ki, “Azərpoçt” 2022-ci il ərzində “Şuşa – şəhid övladlarının gözü ilə” mövzusunda 9 markadan ibarət poçt bloku da dövriyyəyə buraxıb. Həmin markalarda istedadlı şəhid övladlarının Şuşanı tərənnüm edən rəsm əsərləri əksini tapıb.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncam imzalayıb. Nazirlər Kabinetinin Sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq etdiyi Tədbirlər Planına əsasən “Şuşa 270 il” mövzusunda marka və zərflərin dövriyyəyə buraxılması nəzərdə tutulurdu.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Poetik qiraət rubrikasında bu dəfə oxucularımıza istedadlı şairimiz Musa Ələkbərlinin “Ölüm, ölmək istəmirəm” şeirini təqdim edirik. Lirik ovqat daha çox bədbinlik ruhuna bürünsə belə gözəl şeirdir. 

 

 

Mən daha belə yaşamaq,

Belə ölmək istəmirəm.

Dünya səndən elə getdim

Bir də gəlmək istəmirəm.

 

Payızın gözüm yaşıdı,

Qışın başımın daşıdı.

Yayında üzüldü canım,

Olum yazının yaşıdı.

 

Çöl-çəmən nə yaman batıb

Nərgizlərin qoxusuna.

Adəm yəqin bu yaz girib

Həvvanın bal yuxusuna.

 

İçimdə bir hönkürtü var,

Başımda bir şimşək çaxa.

Ürəyimdən oxlanam mən

Elə gözüm baxa-baxa...

 

Bir ömrün ağrı-acısı,

Bir yaşamın cövrü gəlir.

Sözü bitən bir şairin

Sayıqlama dövrü gəlir.

 

Mən daha belə ağlamaq,

Belə gülmək istəmirəm.

Bir səda var qulağımda

“Ölüm, ölmək istəmirəm”.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında qurumun nizamnaməsinə uyğun olaraq növbəti ümumi yığıncaq keçirilib. Və yığıncaqda İttifaqın sədri Şəfiqə Məmmədova geniş hesabat məruzəsi ilə çıxış edib.

 

Ötən müddətdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub, perspektiv plan müəyyənləşdirilib. Belə ki, 2023-cü ildə ilboyu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin, Azərbaycan Kinosunun 125, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 100, görkəmli kinorejissor Rasim Ocaqovun 90 illiyinin keçirilməsi, eləcə də tanınmış kino xadimləri ilə bağlı və digər önəmli tədbirlərin reallaşdırılması qərara alınıb.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən, yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri seçilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Sonra İdarə Heyəti üzvləri arasından 9 nəfərdən ibarət Katiblik seçilib. 

Sonda Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilməsi ilə bağlı göstərilən etimada görə təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Bu gün mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanla görüşüb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Anar Kərimov Azərbaycanda keçirilən Türk kinosu günlərinin əhəmiyyətini qeyd edib, nümayiş olunan filmlərin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını bildirib. 

 

Nazir bu kimi layihələrin, festivalların ənənə halını almasının mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Nazir Bakıda Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclasının keçirilməsi və mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıqla bağlı əhəmiyyətli müzakirələrin aparılmasından məmnunluğunu bildirib.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasına iki ölkənin mədəni əməkdaşlığı kontekstində böyük önəm verdiklərini deyib. Türkiyəli qonaq komissiyanın iclaslarının il ərzində iki dəfə keçirilməsi təklifini səsləndirib. Bildirib ki, konkret sahələr üzrə sıx şəkildə fikir mübadiləsi aparılması əməkdaşlığın dinamik inkişafına daha yaxşı töhfə verə bilər.

Söhbət zamanı birgə komissiya çərçivəsində muzey, kitabxana, mədəni irs və onun qorunması, təbliği ilə bağlı əməkdaşlıq məsələlərinə də toxunulub. 

Anar Kərimov qeyd edib ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarix-mədəniyyət abidələrinin bərpası və yenidən qurulması sahəsində Türkiyənin təcrübəsinə ehtiyac var. Bu sahədə fəaliyyət göstərən insanlar üçün qardaş ölkənin mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi faydalı olardı. Nazir qeyd edib ki, muzey əşyalarının bərpa və konservasiyası, mədəni irsin ixracı və idxalı, bu prosesin tənzimlənməsi mexanizmi və digər məsələlərlə əlaqədar Türkiyə ilə əməkdaşlıqda maraqlıyıq.

Görüşdə Azərbaycanda yaradıcı sənayelərin inkişafı, eləcə də Yaradıcı Sənayelər Assosiasiyasının fəaliyyəti barədə söz açılıb, mədəni turizm sahələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Anar Kərimov hazırda işğaldan azad olunan ərazilərdə, eləcə də digər regionlarımızda aparılan arxeoloji qazıntılara türkiyəli mütəxəssislərin də cəlb olunduğunu bildirib. Deyib ki, bu sahədə ölkəmizdə insan resursları yetərli olsa da, müvafiq laboratoriyaların azlığı müşahidə olunur. Türkiyədə isə bu sahədə 10 laboratoriya mövcuddur və ölkəmizdə aparılan araşdırmaların nəticələrinin müəyyənləşdirilməsində qardaş ölkənin imkanlarından istifadə edilir.

Dədə Qorqud Türk Dünyası Film Festivalından danışan Anar Kərimov festivala gənclərin daha çox maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib. Deyib ki, bu festival Türk dünyası kinosunun ölkələrimiz arasında daha yaxşı təbliği baxımından diqqətəlayiq layihədir.

Ahmet Misbah Demircan da sözügedən festivalı yüksək dəyərləndirib, gələcəkdə “Dədə Qorqud Kino Akademiyası”nın yaradılması ilə bağlı təşəbbüslə çıxış edib. Bildirib ki, türk dövlətlərində kino nümayişinin vahid bir platforma üzərindən həyata keçirilməsi əhəmiyyətli olar. Nazir müavini, həmçinin Türk dünyası ölkələrini və xalqlarını əhatə edən kino məktəbinin açılması məsələsini də gündəmə gətirib. O, Azərbaycan və Türkiyənin bu layihənin əsas təşəbbüskarı kimi çıxış etməsinin önəmini vurğulayıb.

Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.