Super User

Super User

Rəsm qalereyası: Oqtay Sadıqzadə, “Səməd Vurğunun portreti”

 

Geniş icmal

 

Bakı şəhərində Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclası təşkil olunub. Xatırladaq ki, bu komissiyanın birinci iclası 2021-ci il martın 1-də Ankarada keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın həmsədrliyi ilə keçirilən iclasda mədəni irs, kitabxana, musiqi, teatr, muzey və mədəni sərvətlər, kino və digər sahələr üzrə müzakirələr aparılıb.

 

Vaqif Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan qədim tarixə, ortaq dil, din və mədəni köklərə malikdirlər. Buna görə də ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edib və rəngarəngliyi ilə fərqlənir: “İşğal altında olan torpaqlarımızın azad olunmasında Türkiyənin əvəzolunmaz rolu var. Azərbaycanın tarixi Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin ilk günlərdən mənəvi və siyasi dəstək verməsi ölkələrimiz arasındakı sarsılmaz birliyin və qardaşlığın təzahürüdür. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı quruculuq işləri aparılır, həmin ərazilərə mədəni həyatında da qaytarılması prosesi gedir. Bu prosesin də həyata keçirilməsində, ilk növbədə, qardaş Türkiyədən misilsiz dəstək göstərilməkdədir. Azad edilmiş ərazilərdə mədəni irsimizin bərpasında, mədəniyyətimizin bu torpaqlarda yenidən bərqərar olmasında Türkiyənin yardımı xüsusi əhəmiyyət daşıyır”.

Vaqif Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının rəhbərliyi və iradəsi ilə iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir: “Bizim vəzifəmiz bu münasibətlərin daha da möhkəmlənməsinə nail olmaq, əməkdaşlıq əlaqələrini daha yuxarı mərhələlərə çatdırmağa töhfə verməkdir. Bu gün burada bir araya gəlməyimizin əsas səbəbi ötən il martın 1-də Ankarada keçirilən Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ilk iclasının nəticələrini müzakirə etmək və bu istiqamətdə davamlılığa nail olmaqdır. Hər iki ölkənin müvafiq nazirliklərinin təmsil olunduğu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ilk iclasından ötən müddət ərzində mədəni əməkdaşlıq daha da güclənib, müvafiq qurumlar arasında əlaqələr dərinləşib. Birinci iclasın yekununda imzalanmış hesabatda yer alan məsələlərin bir çoxu öz həllini tapıb, bəziləri üzərində isə işlər davam etdirilir”.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan hər iki qardaş ölkə arasında olan dostluğun kökündən bəhs edib və bildirib ki, son iki il Azərbaycan və Türkiyə arasındakı bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişafında mühüm mərhələ olub. İki ölkənin iştirakı ilə kino, teatr, muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri üzrə əhəmiyyətli addımlar atılıb, müxtəlif layihələr həyata keçirilib. Kinofestivallar, kitab sərgiləri, Azərbaycanda “Şuşa İli” çərçivəsində təşkil edilən tədbirlər, “Türk dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində keçirilən silsilə tədbirlər yaddaqalan olub.

Türkiyəli nazir müavini deyib ki, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şuşa şəhərində Azərbaycan və Türkiyənin iştirakı ilə birgə böyük tədbirlər, layihələr həyata keçiriləcək.

Hazırda Türkiyədə tikilməkdə olan kitabxanalardan danışan A.M.Demircan yeni tipli kitabxanaların tikilməsi ilə bağlı Azərbaycana təkliflər təqdim edə biləcəyini söyləyib. O cümlədən maddi və qeyr-maddi mədəni irs sahəsində Türkiyənin təcrübəsini bölüşməyə hazır olduqlarını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, bu gün aparılan müzakirələr iki ölkə arasında mədəni əlaqələrin böyük gələcəyindən xəbər verir.

Sonda nazirin birinci müavini Vaqif Əliyev Azərbaycanla Türkiyə arasındakı mədəni münasibətlərin çoxşaxəliliyini və əhatə dairəsini nəzərə alaraq, yeni protokoldakı maddələri özündə ehtiva edən konkret təkliflərdən ibarət yeni Fəaliyyət Planı üzərində işlərin aparılmasını təklif edib.

Çıxışlardan sonra Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ikinci iclasının protokolu imzalanıb.

Protokolda iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Mədəni irs, kino, muzeyşünaslıq, kitabxanaçılıq, yaradıcı sənayelər, ifaçılıq sənətləri, Beynəlxalq və regional təşkilatlarla əlaqələr çərçivəsində mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə görüləcək birgə işlərlə bağlı maddələr yer alıb.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Bu gün müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Oqtay Sadıqzadənin vəfatından 8 il ötür.

 

Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.

1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə oranı qrafika ixtisası üzrə bitirib.

Təhsilini başa vurduqdan sonra Bakıda “Azərnəşr”də bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzakın, Viktor Hüqonun, İvan Turgenevin, Maksim Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.

Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutub.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnib.

Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.

Sənətkarın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilib, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Azərbaycanda müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr edib.

Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Dekabrın 19-da Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və “Şuşa İli“ münasibətilə tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbir Azərbaycan Akademik Birliyinin təşkilatçılığı və Azərbaycanın Avstriyadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, xalqımız hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük təntənə və qürur hissi ilə qeyd edir.

Səfir bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2001-ci ildən bu günə kimi Dünya Azərbaycanlılarının 5 qurultayı keçirilib və bu qurultayların keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verib. “Şuşa İli“ çərçivəsində bu il Şuşada keçirilən Beşinci Qurultayda Avstriyadakı Azərbaycan diasporunun üzvləri də fəal şəkildə iştirak ediblər.

Daha sonra səfir Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri, regionda mühüm əhəmiyyət kəsb edən hadisə və layihələr barədə, xüsusilə də son günlərdə Xankəndi-Gorus yolu ətrafında erməni tərəfinin mediada yaratdığı əsassız səs-küy barədə məlumat verib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində şanlı Zəfər əldə edənədək Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini işğal faktı və ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyinə yönəldirdisə, artıq müharibədən sonra bölgədə yeni reallıqlar yaradan Azərbaycan sülh gündəliyini həyata keçirir, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparır. Xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları yerli ictimaiyyəti Azərbaycanın dinc qonşuluq və birgəyaşayışa hədəflənmiş fəaliyyəti barədə məlumatlandırılmasında fəal iştirak etməlidirlər.

Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov çıxışında rəhbərlik etdiyi qurumun sona çatmaqda olan il ərzində göstərdiyi fəaliyyət barədə danışıb, qarşıdakı dövrdə nəzərdə tutulan layihələrdən bəhs edib. O, soydaşlarımızı diaspor quruculuğunda fəal iştiraka dəvət edərək, bu kimi tədbirlərə göstərilən dəstəyə görə minnətdarlıq edib.

Sonra Avstriyada yaşayan gənc azərbaycanlı musiqiçilər – Ayan Məmmədli (fortepiano), Abuzər Manafzadə (fortepiano) və Orxan Cəlilov (vokal) Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarından ibarət bayram konserti ilə çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 11 ayında sahibkarların 2343 layihəsinin maliyyələşdirilməsi üçün 119,6 milyon manat güzəştli kredit verilib. 

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, verilmiş kreditlər hesabına 2500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Cari ilin sonuna kimi dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında çəkilmiş “Sevgi hekayəsi” adlı bədii filmin təqdimatı olacaq.

Bunu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

O bildirib ki, ekran əsərinin təqdimatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq. Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Mədəniyyət Nazirliyi tərəfindən muzeylərdə hazırkı bilet qiymətləri və satış sisteminin monitorinqi aparılıb.

Nazirlikdən AzərTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, növbəti mərhələdə monitorinq nəticələrinə əsasən vahid bilet satışı sistemi ilə bağlı təkliflər hazırlanacaq və yaxın vaxtlarda tətbiqinə başlanılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Elman Eldaroğlu yazır

 

Həzrəti Süleymandan sonra yer kürəsində bütün canlıların dilini bilən hələ ki, ikinci bir kimsə doğulmayıb. Doğrudur, biz həyatda çox dil bilən poliqlotlarla rastlaşmışıq, dünyada 24 dil bilən 100 nəfərdən biri elə bizim soydaşımız Yaqub Abbasovu nümunə gətirmək olar. Amma sirli, qədim dilləri bilən adamlar bu gün dünyada çox azdır. Onları dinləmək, onları anlamaq hər kəsin işi deyil. Haqqında söhbət açmaq istədiyim alimin də sehirli dillərdən məlumatı var…

 

O, 1942-ci ilin dekabr ayının 19-da Zəngəzurun Meğri rayonunun Nüvədi kəndində dünyaya gəlib. 1950-1957-ci illərdə Nüvədi 7-ilik məktəbini, 1957-1960-cı illərdə qonşu Aldərə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1961-1966-cı illərdə indiki Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakultəsində ali təhsil alıb. 1966-1967-ci illərdə Elmlər Akademiyasının Fiziologiya institutunda, 1967-1968-ci illərdə 1 nömrəli Bakı Tibb texnikumunda Latın dili və Farmakologiya müəllimi kimi çalışıb və eyni zamanda Azərbaycan Tibb universitetində Latın dili kafedrasında müəllim işləyib. 1968-1971-ci illərdə Elmlər Akademiyasının Fiziologiya institutunda biokimya üzrə aspiranturada oxuyub. Dissertasiya üzrə işlərini 1969-1971-ci illərdə Ukrayna Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika institunda başa çatdırıb. 1974-də biokimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Sonra Fiziologiya institutunda kiçik elmi, baş elmi işçi və qrup rəhbəri olub. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Univeritetinin Biologiya fakultəsi nəzdindəki elmi laboratoriyaya rəhbərlik edib... 

 

1990-cı ildə Alaska Ətraf mühitin analizi laboratoriyasının dəvəti ilə ABŞ-ın Alaska ştatına köçüb. Əvvəlcə Ankoric şəhərində Ətraf mühitin analizi laboratoriyasında, sonra isə Narkotik maddələrin qanda və sidikdə anlizi laboratoriyasında çalışıb. Bir ildən sonra Sietlə köçüb. Elə o vaxtdan da Sietl şəhərində yaşayır…

 

Sietlin Vaşinqton Universitetində və eləcə də müqaviləylə Merilend Univeristetində çalışıb. Sonra on ilə yaxın əczaşılıq sahəsində, bir neçə il Edmonds məktəblər idarəsində instruktor olub. 2014-cü ildən təqaüddədir...

 

 Amerikada Azərbaycanın bilinməyən yazılı tarixi barədə 30-a yaxın kitab yazıb nəşr etdirib. Gil yazılı mətnlərin dilinin türk dili olduğu ideyası bir an onu rahat buraxmayıb. Bir neçə illik çox gərgin axtarışların nəticəsində 1994-cü ildə nəhayət müəyyən edib ki, mütəxəsislər mixi işarələrini düzgün oxusalar da, lakin mixi yazı sistemi hecalı sistem olduğundan bu əlifbada durğu və sözayırıcı işarələr işlənmədiyindən, mətnlərin orijinal dilini bilməyənlər, sətirləri istədikləri kimi modelləşdirib hər şeyi alt-üst edirlər. Nəticədə, ortalığa söz yığını, mənasız tərcümələr çıxıb və yalançı şumer, akkad, urartu və digər uydurma ölü dillər adlandırılan dillər peyda olub...

 

 O, 20-dən çox azman gil yazılı mətnlərin tükcə açılışını həyata keçirərək, qısa zaman ərzində 1997-ci ildə 472 səhifəlik azərbaycanca "Əcdad" kitabını ərsəyə gətirib. Sonrakı tədqiqatlar ona imkan verib ki, sirrlərini türkcə açdığı mətnlər əsasında 250 səhifəlik "Azərbaycan dilinin mixi yazılı qrammatikası" əsərini ortaya qoysun. Həmin kitab 2004-cü ildə Bakıdakı "Nurlan" nəşriyyatında azərbaycan dilində nəşr edilib. 

Çivi yazılara əsaslanan tədqiqatçı, tariximizdə ilk dəfə Azərbaycan türk dili üçün qadın cinsinin şəxs əvəzliyini işləyib hazırlamış və onu həyatda tətbiq etmək fikirndədir. Onun fikrincə, mixi yazılı dövrdə dilimizdə "O" səsi  olmadığından, əvəzində əcdadlar "A" və "U" səslərindən geniş istifadə ediblər. 

Özünün dediyi kimi, hələ tələbəlik illərindən Azərbaycan türkcəsində qadın cinsi üçün ayrıca əvəzlik axtaran müəllif, gil yazıların bu xüsusiyyətindən istifadə edərək, kişi cinsini qadın cinsindən ayırmaq üçün, qadına təkdə "A", cəmdə "Anlar" deyilməsi ideyasını işləyib hazırlayıb. Kişi cinsi təkdə "O", qadın cinsi "A", cəmdə müvafiq olaraq, "Onlar" və "Anlar"...                        

     

2017-ci ildə həmyerlimiz, Qırğızıstanda yaşayan iş adamı Nüsrət Məmmədovun maddi dəstəyi ilə onun 1300 səhifəlik "Генезис Тюрка и Тюркского Языка (на основе клинописи)" kitabı 2 cilddə Bişkekdə nəşr edilib. Həmən kitab bir az sonra Nyu York-Sietl-Sankt-Peterburq nəşriyyatlarında yenidən çapa gedib. Kitab rus dilindədir. Fundamental araşdırma olan və müəllif tərəfindən "Türkün Qızıl Kitabı" adlandırılan bu unikal əsər, 33 fəsildən ibarətdir. Bu kitab ulu, şanlı, ancaq unudulmuş keçmişimizin aynası rolunu oynayır. Orada toplanılan əsərlər öz unikallığı ilə müasir insanı heyrətləndirməyə qadirdir.

Əsərdə mixi yazılı poeziya, riyaziyyat, baytarlıq, iqtisadiyyat - mal dövriyyəsi, rübailər, vulkanologiya, mineralogiya, kalium sianidin, civənin alınma üsulları, onların köməkliyi ilə filizdən qızılın ekstraksiya olunmasına aid çoxlu materiallar verilib.

 Gil yazılardan topladığı dəlillər əsasında  2017-ci ildə, yenə də Sankt Peterburq şəhərində həm azərbaycan, həm rus dillərində onun Azərbaycan muğamına aid digər bir unikal əsəri nəşr olunub.

"Где, когда и как родился Мугам? - Harda, nə vaxt və necə doğulub Muğam?" adlı 127 səhifəlik kitabı da Azərbaycan və bütün dünya muğamsevərlərinə, tədqiqatçılarına ərməğandır...

 

Onun 1200 səhifəlik "Genesis of Turk and Turkish Lanquage (on the basis of cuneiform inscriptions)" ingilis dilindəki kitabi da hazırdır və öz redaktəsini, nəşrini gözləyir. Həmin kitabın azərbaycanca tərcüməsi belə səslənir- "Türk və Türk dilinin yaranması (Çivi yazısı əsasında)"…

 

Deyir ki,- “Bakı üçün çox darıxıram. Bu doğma şəhər, onun prospektləri, geniş küçələri, tarixi abidələri tez-tez yuxularıma girir. Doğma Azərbaycanımı, onun gözəl insanlarını çox sevirəm. Və nə yaxşı ki, dünyaya Azərbaycan türkü kimi gəlmişəm…”

 

Haqqında söhbət açdığım sehirli dillərin bilicisi, nadir alimlərdən biri, öz sahəsinin USTADı- Tariyel Azərtürkün 80 yaşı tamam olur. Bu münasibətlə Onu təbrik edir, firəvan həyat, can sağlığı, ağrı-acısız günlər arzulayıram.

Qoy yazıb-yaratmaq eşqi heç zaman tükənməsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

İngiltərənin IMDb Top 250 reytinqi dünya kinosunun ən nüfuzlu reytinqlərindən hesab olunur. Burada tarixin ən yaxşı filmləri səsvermə nəticəsində müəyyənləşir və hər il reytinq yenilənir.

“Ədəbiyyat və incəsənət” portalı IMDb saytına istinadən reytinqin ən son versiyasının ilk 50 filmini oxucularına təqdim edir. Mötərizədə filmin çəkildiyi il, janrı və rejissoru qeyd edilib).

Öncə isə Top 250-də təmsil olunsalar da ilk 50-liyə düşməyən, halbuki bir çox nüfuzlu reytinqlərdə yer alan, müxtəlif seçimlərdə ilk beşlikləri bəzəyən məşhur filmlərin, o cümlədən də iki türk filminin  tutduqları yerləri qeyd edirik. Və onu da nəzərinizə çatdırırıq ki, “Titanik” filmi, eləcə də dahi rejissor Frederiko Fellininin filmləri Top 250-də yoxdurlar.

 

72. “Bir dəfə Amerikada” (1984. Dram. Serdjo Leone)

89. “Qudurmuş köpəklər” (1992. Triller. Kventin Tarantino)

90. “Kosmik Odisseya” (1968. Elmi fantastika. Stenli Kubrik)

103. “Get və bax” (1985. Dram. Elem Klimov)

110. “Taksisürən” (1976. Dram. Martin Skorzese)

112. “Nadera və Siminin boşanması” (2011. Dram. Əsgər Fərhadi)

116.”Ameli” (2001. Komediya. Jan Pyer Jene)

123. “İndiana Cons və son səlib yürüşü” (1989. Macəra. Stiven Spilberq)

131. “Rasemön” (1950. Dram. Akira Kurosava)

136. “Cazda yalnız qızlardır” (1959. Komediya. Billi Uaydler)

139. “Kazino” (1995. Bioqrafiya. Martin Skorzese)

156. “Mənim atam və mənim oğlum” (2005. Dram. Çaqan Ipmak)

165. “Yura dövrünün parkı” (1993. Macəra. Stiven Spilberq)

174. “Billi öldürməli” (2003. Triller. Kventin Tarantino)

204. “Quldur” (1996. Detektiv. Yavuz Turqul)

 

 

 

50. “Yeni kinoteatr Paradizo” (1988. Komediya. Cüzeppe Tornatore)

49. “Kasablanka” (1942. Melodrama. Maykl Kyortis)

48. “Bir dəfə vəhşi qərbdə” (1968. Vestern. Serdjo Leone)

47. “Nüfuz” (2006. Fenyezi. Kristofer Nolan)

46. “Svetlyaçokların qəbiri” (1988. Cizgi filmi. İsao Takaxata)

45. “Oderjimost” (2014. Dram. Damyen Şazel)

44. “1+1” (2011. Tragikomediya. Olivye Nakaş)

43. “Böyük şəhərin işıqları” (1931. Komediya. Çarli Çaplin)

42. “Otstupniki” (2006. Detektiv. Martin Skorzese)

41. “Psixo” (1960. Dəhşət filmi. Alfred Hiçkok)

40. ”Qladiator” (2000. Savaş. Ridli Skott)

39. “Yeni zamanlar” (1936. Komediya. Çarli Çaplin)

38. “Amerika əhvalatı İks” (1998. Dram. Toni Key)

37. “Geriyə gələcəyə” (1985. Elmi fantastika. Robert Zemekis)

36. “Terminator 2:Məhşər günü” (1991. Ceyms Kemeron)

35. “Pianoçu” (2002. Hərb. Roman Polanski)

34. “Kral Şir” (1994. Cizgi filmi. Rodcer Alles)

33. “Şübhəli şəxslər” (1995. Mistika. Brayan Singer)

32. “Xarakiri” (1962. Savaş. Masaki Kobayasi)

31. “Leon” (1994. Triller. Lük Besson)

30. “Parazitlər” (2019. Komediya. Pon Çjun Xo)

29. “İnterstellar” (2014. Elmi fantastika. Kristofer Nolan)

28. “Əcinnələrlə aparılanlar” (2001. Anime. Xayao Miyadzaki)

27. “Yaşıl mil” (1999. Detektiv. Frenk Darabont)

26. “Sıravi Rayanı xilas etməli” (1998. Savaş. Stiven Spilberq)

25. “Ulduz müharibələri. 4-cü epizod” (1977. Elmi fantastika. Corc Lukas)

24.”Bu gözəl həyat” (1946. Dram-nağıl. Frenk Kapra)

23. “Həyat gözəldir” (1997. Dram. Roberto Beninyi)

22. “Tanrının şəhəri” (2002. Detektiv. Fernandu Meyrelliş)

21. “Quzuların susması” (1991. Mistika. Conatan Cemmi)

20. “Yeddi” (1995. Mistika. Devid Finçer)

19.”Yeddi samurai” (1954. Macəra. Akira Kurasava)

18. “Ququ yuvası üzərindən uçarkən” (1975. Dram. Miloş Forman)

17. “Şanlı oğlanlar” (1990. Detektiv. Martin Skorzese).

16.”Matritsa” (1999. Elmi fantastika. Endi və Larri Vaçovski)

15. “Ulduz müharibələri. 5-ci epizod” (1980. Elmi fantastika. İrvin Kerşner)

14. “Üzüklərin hökmdarı: İki qala” (2002. Fentezi. Piter Çekson)

13. “Başlanğıc” (2010. Elmi fantastika. Kristofer Nolan)

12.”Forrest Qamp” (1994. Melodrama. Robert Zemekis)

11.”Döyüş klubu” (1999. Triller. Devid Finçer)

10. “Üzüklərin hökmdarı: Üzük qardaşlığı” (2001. Fentezi. Piter Çekson)

9.”Yaxşı, pis, qəzəbli” (1966. Vestern. Serdjo Leone)

8.”Kriminal oxunuş” (1994. Qara komediya. Kventin Tarantino)

7. “Üzüklərin hökmdarı: Kralın qayıdışı” (2003. Fentezi. Piter Çekson)

6.”Şindlerin siyahısı” (1993. Dram. Stiven Spilberq)

5.”12 qəzəbli kişi” (1957. Dram. Sidni Lümet)

4.”Tünd cəngavər” (2008. Savaş. Kristofer Nolan)

3. “Xaç atası -2” (1974. Kriminal. Frensis Ford Koppola)

2.”Xaç atası” (1972. Kriminal. Frensis Ford Koppola)

1.“Şouşenkadan qaçış” (1994. Dram. Frenk Darabont)

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Tuesday, 20 December 2022 15:30

Detektiv janrının düstürü

Məşhur detektiv müəllifləri bu janr barədə

 

 20 aprel 1841-ci ildə Graham's Magazine jurnalında Edqar Allan Ponun "Meyitxana (Morq) küçəsində qətl" adlı hekayəsi dərc edildi. Həmin hekayə tarixdəki ilk detektiv əsər hesab olunur. Növbəti 180 il ərzində bu janr dəfələrlə dəyişdi, əsl ədəbiyyat kimi gah tanındı, gah tanınmadı, lakin sonda bu janr ədəbi janrlar arasında möhkəm yer tuta bildi.

“Ədəbiyyat və incəsənət” portalı detektiv janrının nə olduğu, detektivin arxasında nələrin dayandığı barədə bu janra laqeyd olmayan ədiblərin fikirlərini toplayaraq sizlərə təqdim edəcək.

 

Dünyaşöhrətli detektiv ustası, “Baskervillərin iti”nin müəllifi Artur Konan Doyl deyir ki, “Cinayət yayılmışdır. Amma onun məntiqi çox nadir halda anlaşılır. Ona görə də siz cinayət üzərində deyil, məntiq üzərində dayanmalısınız. Bu da detektiv janrının düsturudur”. Maraqlıdır, bəs Aqata Kristi, Çingiz Abdullayev və digərləri necə düşünür?

Sabah yazını portalımızda izləyə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.