Super User

Super User

Ən çox oxunan xəbər: Türkiyə pop musiqisinin ulduzlarından ən parlaqları sırasında dayanan Sibel Canın başının qovğaları nəhayət ki bitdi. 

Müğənni Alihanın 5 il öncə Sibel Cana qarşı açdığı məhkəmə işi yekunlaşdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən xəbər verir ki, 5 il öncə Alihan Sibelin oxuduğu "Kış masalı" mahnısının ona məxsus olduğu iddiası ilə xanım sənətçidən şikayət etmişdi.

Məhkəmə ifanın Alihana aid olmadığına qərar verərək, işi rədd etdi. Və hamıda sual yarandı: Alihan nəyə nail olmaq istəyirdi?

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

“TV 8"də yayımlanan "O səs Türkiyə" yarışmasında Yeni il gecəsi münsif kürsüsündə Ebru Gündeş, Murat Boz, Yıldız Tilbe və Seda Sayan yer alacaq.

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, müsabiqədə Talat Bulut, Kerem Alışık, Ebru Şahin, Onur Buldu, Alina Boz, Melis Sezen, Cemre Baysel, Selin Şekerci, Nilsu Berfin Aktaş, Büşra Pekin və Aslıhan Malbora yarışacaq. Gecədə sosial media fenomenləri Cemal Can və Danla Biliç də mahnı oxuyacaq.

Aparıcılığını və prodüserliyini Acun Ilıcalının etdiyi yarışma dekabrın 31-də yayımlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Pakistanın Lahor şəhərində Pəncab qubernatorunun iqamətgahında urdu dilində “Kitabi-Dədə Qorqud” eposunun təqdimat mərasimi keçirilib. Kitab AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Ön söz”ü və ideya müəllifliyi, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşkun yaxından dəstəyi ilə işıq üzü görüb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verilir. Təqdimat mərasimində eposun ədəbi-bədii xüsusiyyətlərindən, bu ədəbi abidənin əhəmiyyətindən və müasirliyindən söz açılıb. 

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Yusuf Kuşk xalqımızın qəhrəmanlıq eposunun urdu dilində nəşr olunmasını Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin inkişafında mühüm hadisə kimi qiymətləndirib. Rəhbərlik etdiyi qurumla Azərbaycan Milli Elmlər Akademiyası arasında qarşılıqlı səmərəli əlaqələrin yaradıldığını bildirən pakistanlı professor birgə tədbirlərin, müştərək layihələr üzrə aparılan elmi araşdırmaların yüksək səviyyədə təmin edilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.

Lahor Dövlət Kollec Universitetinin rektoru professor Əsgər Zahidi “Kitabi-Dədə Qorqud” eposunun urdu dilində nəşr olunmasını və Pakistanda təqdimatının keçirilməsini ölkələrarası əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Daha sonra çıxış edənlər “Kitabi-Dədə Qorqud”un urdu dilində nəşrini yüksək qiymətləndirməklə bərabər, iki ölkənin alimlərinin əməkdaşlığının böyük perspektivlərə malik olduğunu diqqətə çatdırıblar. 

Tədbirdə, həmçinin tarix elmləri doktoru Eynulla Mədətlinin Pakistan tarixi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın görkəmli Pakistan mütəfəkkiri Məhəmməd İqbal haqqında monoqrafiyası təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Thursday, 22 December 2022 08:30

Əhməd Cavad: “Əzilsəm də susmaram!”

 

Ölkə başçısının istiqlal şairi Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncamından irəli gələn tədbirlər planı çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və Y.Kovalyov adına 229 nömrəli tam orta məktəbin tərəfdaşlığı ilə “Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində “Əzilsəm də susmaram!” adlı tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, qonaqlar Yuri Kovalyov adına 229 nömrəli orta məktəbin həyətində şəhidlərin xatirə lövhəsinin qarşısına gül dəstələri qoyub və onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir 33 nömrəli musiqi məktəbinin xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra şagirdlərin təqdimatında Əhməd Cavadın həyat və yaradıcılığını özündə ehtiva edən kompozisiyalar təqdim olunub, bilik yarışması keçirilib.

Tədbirdə ədibin nəvəsi Almaz Axundzadə, nəticəsi Cavad Axundzadə, Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun professorları və digər qonaqlar iştirak ediblər.

Bilik yarışmasından sonra çıxış edən qonaqlar Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verməklə yanaşı, layihə haqqında da öz müsbət fikirlərini bildiriblər. Sonda müsabiqə qalibləri diplom və kitablarla mükafatlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Gözəl bir ənənənin təməli qoyulub. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gündüz konsertləri keçirir və bu konsertlər əsasən tələbələr üçün nəzərdə tutulur.

Konsertlər gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında, milli dəyərlərimizin qorunmasında böyük rol oynayır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsi növbəti belə konsertə qucaq açmışdı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Bakı Kamera Orkestrinin konserti keçirilirdi. 

Filarmoniyanın gündüz konsertləri çərçivəsində təşkil olunan bu tədbirdə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə tərəfindən İ.S.Baxın, Y.Haydnın, S.Raxmaninovun əsərləri tamaşaçılara təqdim edildi. 

Azərbaycan fortepiano məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Fərhad Bədəlbəylinin, eyni zamanda Xalq artisti Murad Adıgözəlzadənin birgə çıxış etməsi tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Tələbələr çox şeylər öyrəndilər, ustad dərsləri aldılar.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Wednesday, 21 December 2022 20:30

Yaxınlarda Şuşa turizm marşrutu olacaq

 

Gözəlimiz Şuşanın gözəlliklərini dünya insanlna təqdim etmək - bundan gözəl nə ola bilər? 

 

“Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır. Hazırda işğaldan azad olunan ərazilərimizin turizm potensialının qiymətləndirilməsi üçün işlər davam etdirilir".

Xatırlayırsınızsa bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı söyləmişdi. 

Konkret planlar və görüləcək işlər barədə növbəti buraxəlışlarımızda xəbər verəcəyik. 

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Azərbaycanda dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft məhsullarının ixracında müsbət dinamika ilə nəticələnir. 

Statistika komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 2 milyard 688 milyon dollar təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.

 

Musiqi axşamında Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. 

Gənc istedadlar – Respublika və beynəlxalq müsabiqələr laureatları Aişə Əmrahova (qanun) və Hüseyn Quliyev (tar) Fikrət Əmirovun Azərbaycan kapriççiosu və Kürd-Ovşarı simfonik muğamından fraqmentlər səsləndiriblər. 

Solistlər Hacı Xanməmmədovun tar və orkestr üçün 2 nömrəli konserti və kamança və orkestr üçün konserti dinləyicilərə təqdim ediblər. 

Qeyd edək ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Bu barədə Mədəniyyət Nazirliyi mediaya açıqlama verib.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Türk dünyasının daha sıx inteqrasiyası üçün əmək qoyan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu növbəti addımı atıb. Fondun  prezidenti Günay xanım Əfəndiyeva Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” Fondun açıqlamasına istinadən xəbər verir ki,  görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın ortaq türk irsinin qorunması, bərpası və təbliği istiqamətində çoxşaxəli tədbirlər həyata keçirdiyini bildirib.

Öz növbəsində, Kanıbek Osmonaliyev ölkədə dil siyasətinin təkmilləşdirilməsi, o cümlədən qırğız xalqının mənəvi dəyərlərinin dirçəlişi və inkişafında dövlət dilinin rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər qədim türk xalqlarının mədəni kodu və irsi olan türk dillərinə hərtərəfli dəstəyin vacibliyi barədə yekdil fikir bildirib, həmçinin əməkdaşlıq üçün perspektiv imkanları müzakirə ediblər.

Görüşdə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonəliyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, “Qırğıztest” Dövlət Qurumunun direktoru Batma Topoeva-Stavinskaya iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

 

Onun özünəməxsus üslubda oxuduğu "Qatar”, "Xaric segah”, "Şahnaz”, "Kürdün gözəli”, "Yeri, dam üstə yeri”, "Qarabağ şikəstəsi” və s. muğam və mahnılar milli musiqi xəzinəmizi xeyli zənginləşdirib. Azərbaycan bəstəkarlarının mahnıları onun repertuarında əsas yer tutub. Bir çox muğam, mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb. T.İsmayılovanın repertuarı hər nəsildən olan dinləyicinin zövqünü oxşamağı bacarırdı. Müğənninin ifaları arasında Ələkbər Tağıyev, Tamella Məmmədzadə kimi bəstəkarların da müxtəlif üslublu əsərləri vardı. "Sənin vüqarın mənəm”, "Sənsən”, "Ceyran”, "Qonşu qız”, "Sən mənimlə get”, "Çiçək” kimi bəstələr 60-70-ci illərin dinləyicilərinin ən çox sevdiyi mahnılar idi. Bu gün onun - Xalq artisti Tükəzban İsmayılovanın doğum günüdür. Milli musiqimizin inkişafında özünəməxsus yer tutan Tükəzban İsmayılovanın anadan olmasından 99 il ötür.

 

Milli musiqimizin görkəmli nümayəndələri sırasında onun məxsusi yeri var. Onun ifa etdiyi muğamlar və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub.

T.İsmayılova 85 illik ömrünün 65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, muğam sənətinə, onun inkişafı və təbliğinə həsr edib. Tükəzban xanımın şaqraq səsi insanların qəlbini ovsunlayıb, onlara muğamlarımızı, xalq mahnılarımızı sevdirib. Özünəməxsus ifası ilə oxuduğu muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirməyə xidmət edib. Bir çox mahnı və təsniflərimiz məhz onun təkrarsız ifası ilə yaddaşlara köçüb.

 

Tükəzban İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub. Musiqiyə uşaqlıq illərindən həvəs göstərib. Bu həvəs onun Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarıb. Səs və ifa üslubu qısa zamanda onu musiqiçilər sırasında fərqləndirib. Muğam ifaçıları arasında tezliklə seçilib, dinləyicilərin qəlbinə yol tapıb.

1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi çalışmağa başlayan Tükəzban İsmayılova sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1956-cı ildə filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra T.İsmayılova 1962-ci ilə qədər burada çalışıb. Muğam ifaçısı Azərbaycan Dövlət Filarmoniyasının, “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olub, sonralar İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Tükəzban xanım ifaçılığa başladığı illərdən ta səhnə ilə vidalaşdığı illərə qədər yetişdiyi Bakı muğam məktəbinin ənənələrini öz sənətində yaşadıb və davam etdirib. Sirlərini mənimsədiyi sənətkarlıq məktəbinə həmişə minnətdarlıq edib. Tükəzban xanım klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alıb. Dahi Üzeyir bəy müğənninin şaqraq səsini, gözəl vokal imkanlarına malik ifasını, dolğun zəngulələrini eşidib onun üçün məxsusi olaraq "Qaragöz”, "Şəfqət bacısı” və s. mahnıları yazıb. 

Tükəzban xanımın yaradıcılığının ilk illəri qanlı-qadalı müharibə illərinə təsadüf edib. ikinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitlərimizi vətənpərvərliyə ruhlandırıb. Cəbhənin qanlı-qadalı illərində o da bir əsgər olub.

Tükəzban İsmayılova, həmçinin dünyanın bir çox ölkələrinə - Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s. qastrol səfərlərinə çıxıb və hər yerdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Görkəmli ifaçının ölkəmizdə gənc xanəndələr nəslinin yetişdirilməsində də xidməti olub. 1994–2004-cü illərdə İncəsənət Gimnaziyasında dərs dediyi illərdə gənc musiqiçi nəslinin yetişməsində rol oynayıb. Böyük sənətin sirlərini onlardan əsirgəməyib, uğurlarına bir ustad kimi sevinib.

T.İsmayılovanın muğam və mahnılarının çoxu "Qızıl fond”da saxlanılır. "Kəsmə şikəstə”, "Yetim segah” kimi muğamların yanıqlı səslə ifasına görə o, əvəzolunmaz ifaçı sayılırdı. "Tükəzban İsmayılovanın "Kəsmə şikəstə”sinin də ayrı bir yanğısı, ayrı bir hekayəti vardı. Əksər qadın xanəndələrin repertuarında yer alan bu nisgilli şikəstənin onun səsindəki özəlliyi hissli, içdən oxumasında idi” deyə musiqişünaslar bildirirdilər. "O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan da məhz Tükəzban İsmayılovadır.

Tükəzban İsmayılova uzun səhnə fəaliyyətini öz həyat yoldaşı, onu tarda müşayiət edən Xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırıb.

İfaçının Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri istər xalq, istərsə də dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Sənətkarın təltifləri arasında "Şöhrət” ordeni vardı. Xalq onu sevirdi. "Ömrümü mənalı edən insanların mənə sevgisidir. Tamaşaçı sevgisi olmasa sənətkar heç vaxt şöhrət qazana bilməz. Bizi yaşadan budur…” deyirdi.

Muğamlarımızın mahir ifaçısı Tükəzban İsmayılova 2008-ci il martın 24-də Bakıda vəfat edib.

Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.