Super User

Super User

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. 

 

 

SÜLEYMAN ƏLƏSGƏROV 

(1915-1998)

 

***

Bizim dövrün adamları çox həssas, səmimi, hətta bəzən lap çox səmimi idilər.

“Bizim Cəbiş müəllim” filmi ekranlara çıxandan bir müddət sonra həyat yoldaşım məni qapıya çağırdı. 

– Qonşu səninlə görüşmək istəyir. 

Qapıya getdim. Tanıyırdım, qonşuluqda yaşayan 55-60 yaşlı kişi idi. Qapının ağzında bir yeşik, içində də şüşə qablarda nəsə vardı.

Salamlaşdıq. 

– Qapıda nəyə dayanmısan, ay qonşu, evə keç də, – mehribanlıqla dedim. 

– Yox qonşu, çox sağ ol. Səndən bir xahişim var.

– Buyur, amma qapıda danışmayaq, – bir də israrla təklif etdim. Yenə evə keçməyə razı olmadı.

– Qonşu, mən tindəki dükanın müdiriyəm. Bir-iki alıcım var, söz vermişəm ki, onlara sənin kinoda bişirdiyin sabundan verəcəyəm. Narahat olma, burda hər şey var, nədir o, kaustik soda, əlif, ətir… hər şey… Nə olar, sözümü yerə salma. Mənimçün də o sabundan bişir.

Ürəyimdə məni gülmək tutdu, tam ciddi bir görkəm alıb eynən filmdəki kimi dedim:

– Mən sabun bişirməyəcəyəm. 

Sonra qonşunu zorla evə salıb bir stəkan çaya qonaq elədim, başa saldım ki, Cəbiş müəllim kimi filmdə sabun bişirə bilsəm də, həyatda sabunla ancaq əllərimi yuyuram…

 

 

 “Ədəbiyyat və incəsənət” 

(23.12.2022) 

 

 

 

Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

İsmayılova Nərgiz Rəfail qızı (Nargis)

 

Tanrılogiya

 

Acınacaqlı çığırtı səsləri ilə dolub daşan kabusları Qaianı yuxu üzünə həsrət qoymuşdu. Yuxularındakı çığırtının haradan gəldiyini anlaya bilmirdi. Altı gün idi ki, vəziyyət belə idi. Altı gün idi ki, mərhələ-mərhələ bir anlayış yaranırdı beynində. 6 gün idi ki, yuxularında yasəmən meşələrində gəzişirdi.

Meşənin dərinliklərinə doğru irəlilədikcə çığırtı səsləri getdikcə çoxalırdı. Yıxılırdı, diz çökürdü Qaia. Ruhunu sarmaşıqvari burulğanlar sıxırdı... Bütün beyin hüceyrələrini uşaqkən kəndlərindəki ala kərdilərdə gördüyü sarı alaq otları basırdı sanki... Həmin alaq otları getdikcə sıxırdı təfəkkürünü... Düşüncələrinin bütün şirəsini sorurdu... Düşüncələri inkişafsız qalırdı. Nə isə çatmırdı. Tamamlanmayan qırıq-qırıq həyat kadrlarından ibarət idi, bir anda içinə dığırlandığı bu tanış olmayan dünya.

O gün də belə oldu. Azərlə danışanda yenə özünü bu yeni dünyanın ağuşunda hiss etdi.  Qarmaşıq, rabitəsiz fikir yağmurunu dolaşıq cümlələrlə ona da çatdırmağa çalışdı. Danışmağı sevmirdi. Əslində hər kəslə ünsiyyət qurmaq və uzun-uzun söhbətləşmək, müzakirələr aparmaq doğrudan da çox çətin idi...

Ancaq bəzi insanlarla ünsiyyət nəfəs almaq kimi önəmli idi. Bu zaman insanın ciyərlərinə, düşüncələrinə, ruhuna oksigen dolur... Həmin gün də tələsik şəkildə düşüncələrini yönləndirirdi ona. Azər onun da eynilə buna bənzər hislər yaşadığını və bunu mütləq yazmalı olduqlarının vacibliyini vurğulayaraq dəstəyi tələsik asmışdı. Niyə yazmalı idi? Çünki bəlkə də, elə tək çarə yazmaqdı.... Daha nəhəng çoxluğa, multi qatlara, bəlkə də elə meta yoxluğa meydan oxumaqdı yazmaq... Qaia bir zamanlar tramvalarını yazan əsgərləri xatırladı. Yazmaq insanı rahatladırdı. Bir növ, terapiya idi yazmaq... Bununla bağlı bir neçə elmi araşdırma oxumuşdu zamanında...

Yazmağa elə bu zərif tramvasından başlayacaqdı.

İlk öncə onu son 5-6 ayda narahat edib, təşvişə salan yuxularını yazmaq istəyirdi... Yasəmənli meşədən başlayacaq idi yazmağa... Nə idi onu meşəyə sürükləyən? Bu, kabus idimi? Halusinasiyamı? O çığırtı nə idi bəs? Gerçək idi elə bil. Oyananda qulaq pərdələrinə 180 desibel səslə bağırırmışlar kimi hiss edirdi... Bilirdi ki, araşdırmalar 180 desibelin raket atılarkən raketin verdiyi səs gücündə olmasını müəyyən edib. Buna məruz qalmaq isə sadəcə dəhşətdir...

Bu, yasəmənlərin çığırtısı idi? Yasəmən ağaclarını kəsirdilər?

Qaia bunun səbəbini soruşurdu ordan-bura, burdan-ora qaçaraq. Qan, tər içində qalırdı yuxularında. Ağlayırdı. “Kəsməyin, yasəmən ağaclarını!” deyərək yalvarırdı... Yasəmənlər kəsilirdi... Hun çayının suları bənövşəyi rəngə boyanırdı... Qaia  gah çaya, gah da meşəyə çırpırdı özünü. Heç kim əl saxlamırdı. Torpağın ürəyi səksəkədə idi, az qalırdı köksü çıxsın yerindən. İy və dad bilməsini itirirdi Qaia. Günəşin yanıq qoxusunu, yasəmənlərin qanının iyini  hiss etmirdi. Hun çayından heç bir dad ala bilmirdi artıq. Nə isə dəyişirdi. Paralel dünyayamı sıçramışdı ruhu?

Hun çayı getdikcə özünə deltalar yaradırdı... Bu yeni dünya daha Hakslinin dediyi kimi cəsur deyildi... Bu dünya başını itirmişdi, qudurmuşdu.

Yasəmənlər kəsilirdi...

Hun çayının rəngi artıq hər zaman yasəmən rəngində olacaq – deyirdi gümüş saçlı adam. Gözlərimi qamaşdıran bir nur qüzehli qişa əzələlərimi yığaraq bəbəyimi daraldırdı.

Kim idi bunlar? Adlarını xəbər almaq üçün ağzımı güclə açdım... Hamısının adı eyni idi... Onları sadəcə rəqəmlər fərqləndirirdi...

Gümüş 1, Gümüş 2, Gümüş 3...

Robotlaşmış təxəyyülün məhsulu bu sistem məni ürküdürdü...

Gümüş 1 içlərində ən zəhmli olanı idi... Ağacları eyni sürətdə kəssələr də, o sanki fərqli bir kin bəsləyirdi yasəmənlərə.

-Çiçəklər insanlığın düşmənidir - dedi Gümüş 1...Gözlərində zəhmqarışıq biclik bərq vurdu.

-Gümüş 2: Bəli, ilk olaraq  gözəl qoxu anlayışı deyiləndə çiçəklər, bitkilər yada düşür...

-Gümüş 3: Gözəl olan hər şey insanı tənbəl edir... İnsanlıq tənbəlliyin daşını atmalıdır... Günəş yanır... Vaxta az qalır. Birazdan tamamilə yanıb kül olacaq... Yeni günəşlər tapmalıyıq...

-Gümüş 1: Ulduzları yandırmağın zamanı çatıb... Bunun üçün bütün dünyadakı şəffaflıq yox edilməlidir... İlk olaraq sular boyanmalıdır... Bütün yasəmən ağacları kəsilməlidir.

Qışqırmağa başladım...

-Bunları kəssəniz tamlıq və vəhdət itəcək...

-Gümüş 1: Hahahaha...Sentimental, melanxolik düşüncə yağışı...Yasəmənlər və vəhdət anlayışı? Gözəllik nə vaxtdan tamlığı qidalandırıb, onun mərkəzinə çevrilib?

-"Gözəllik ayrı -ayrı elementlərdə deyil, birinin digərinə, yəni ələ görə bütün barmaqlarının, biləyə görə əlin, bütün qola görə ön qolun və sonda bütün hissələrin digərlərin görə ahəngdar nisbətində olmalıdır"- deyib Eko...

-Hər deyilən doğrudurmu? Hər doğru insanlar və bizlər –Bubululular üçün doğrudurmu?

-Bu nə soyuqqanlılıqdır? Gözəllik nə vaxtdan təhlükə hesab olunur? Dünyanı gözəllik xilas edəcək... Gözəl qoxular, rahiyələr, dadlar...Qadınlar...

Gözəllik tanrıçası Afroditaya əsaslanan Hesiod, o kəs ki, eramızdan əvvəl VIII əsrdə yaşayıb, gözəlliyin mənbəyinin qadınlar olduğu qənaətindədir.Hesiodun fikrincə, başlanğıcda sonsuz və kompleks bir Xaos var idi. Xaosun qızı Nyks və oğlu Erebosdan (yəni Yeraltı) və Eros (yəni Eşq) dünyaya gəldilər və xaosu gözəllik  əvəz etdi. Buna görə kainat gözəlliyin təcəssümüdür.

-Gümüş 3: Yas və Minin faciəsini unutmusunuz deyəsən?

-Elə  bir faciə yoxdu... Kim yazıb onu? Esxil? Sofokl? Evripid? Jan Rasin?

-Gəl sənə bunu danışım... Sonrasına özün qərar ver... Emosiyalarla yox, analiz qabiliyyəti ilə şərh et...

 

Mifologiyaya görə Küknar meşəsinin ən gözəl xanımları Yas və Minin şöhrəti bütün Bibl və Ya ellərində dillərdə dastan imiş. Bir gün Ya elinin kralı Qrenyun Küknar meşəsində ova çıxır. Nağıl edilir ki, Qrenyun bütün heyvanların dilini bilirmiş və ovda ikən dincəlmək üçün söykəndiyi xarabalıqda bayquşlardan iki gözəlin hekayətini eşidir.  Kral ovdan qayıdar-qayıtmaz, tələsik bu iki gözəlin sorağına çıxacağına and içir.

Bəşəriyyətin tarix boyu axtardığı şey həmişə gözəlliyi tapmaq və onun arxasınca qaçmaq olub. Ancaq gözəlliyi, gözəli tapmaq təəssüf ki, heç kim üçün kifayət etməyib və hər zaman ən gözəlinə çatmaq hədəflənib.

Bu səbəbdən də, ovdan qayıdan Qrenyun qiyafəsini dəyişib Bibl elinə tacir kimi daxil olur. Ya elinin xəzinəsinin ən nadir almazlarını da Hermes markalı çantasında özü ilə götürür. “Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur”.

Bibl elinə varid olduqda, günəşlə yarışacaq parlaqlıqdakı almazları satmağa başlayır. Öncədən öyrətdiyi adamlar şaiyə yayırlar ki, bəs Bibl kralının sarayında heç belə almazlar yoxdur. Bu almazlar Bibl kralının bütün  xəzinəsinə bərabərdir. Almazların şöhrəti və söz-söhbət krala çatır. Əyan-əşrəfə söz verir ki, o almazları günü bu gün xəzinəsinə daxil edəcək. Bibl Kralı İsgəndər, Qrenyunu hüzuruna dəvət edir. Nə and-aman edirsə, tacir almazları satmır ki, satmır. Nəhayət kral kor-peşman soruşur ki, almazlara qarşılıq nə istəyir? Nə istəsə, söz verir ki, verəcək.

Çünki artıq Bibl kralının sözü yerə düşürdü. Əyan-əşrəf kralın sözünə etimad göstərməyib, fısın-fısın danışır, onu lağa qoyub, xısın-xısın gülürdülər. Kral hər şeyi görürdü... Verdiyi sözdən peşman olsa da, “Sonrakı peşmançılıq fayda vermir”...

Ya Kralı Qrenyun da belə fürsəti əldən verməzdi. Tez krala Bibl elinin iki gözəlini, Yas və Mini istədiyini  deyir. Bu, kralı qəhərləndirir. Ancaq kral yenə tuta bilməyəcəyi sözlərindən birini vermişdi... Bu dəfə isə bu sözü Ağ saraydakı böyük məclisdə əyan-əşrəfə vermişdi...

Beləliklə Yas və Min Ya elinin tacirinə (əslində kralına) hədiyyə olunur. Qrenyun bic-bic gülür. Artıq bu iki gözəl xanım sayəsində Ya elinin gözəlliyi analarına, igidliyi atalarına bənzəyən dillərə dastan oğul və qızları doğulacaq idi. Qrenyun  Yas və Mini karetasına əyləşdirib Ya elinə doğru getməkdə olsun. İndi sizə xəbər verim Yas və Mindən. Ata-analarından, sevimli oylaqlarından, yurd-yuvalarından bu şəkildə zorla qopardılan qızlar xiffət çəkirdilər. Yol boyu gözlərindən damlayan yaşlar hər yeri bənövşəyi rəngə boyayırdı. Keçdikləri yerdə bütün gül-çiçək solurdu. Bu bənövşəyi göz yaşları bütün sevgini, gözəlliyi, xoş rahiyələri yuyub yer üzündən silirdi. Keçdikləri hər oylağı quru çölə çevirən göz yaşları yavaş-yavaş bütün insanların mənəvi keyfiyyətlərini də özü ilə qeybə doğru çəkib aparırdı...

Qrenyun keçdiyi ellərin zümrüd yaşılı oylaqlarını boş, çöllərini quraq görürdü. İnsanların üzündən xoşbəxtlik yerinə narazılıq yağırdı. Hər kəs qaçışır, dayanmadan çalışırdı. Mal-mülk toplamaq həvəsi, hərislik yağırdı bütün insanlardan. Bu yaxşıdırmı? - Düşündü Qrenyun... Bibl ellərinin torpaqları Qrenyuna cəhənnəmi xatırlatmağa başlamışdı. Qrenyun necə olmuşdu ki, bu elə gələndə bunları görməmişdi? Bunun səbəbini öncəliklə hədəfinə çatmağa konsantre olmasında görürdü. Artıq hər şeyi əldə etmişdi. Bəlkə də ona görə, Bibl elləri ona belə sıxıcı gəlirdi. Bəlkə bu iki gözələ görə gözünə gözəl gəlmişdi, ya da diqqətindən yayınmışdı buralar, bilmirdi. Bildiyi və əmin olduğu tək gerçək o idi ki, bu qızlar artıq Ya elinin idi. Ya elinə çatanda kral qızları hərəm ağasına tapşıracaq, özü isə qalibiyyətini qutlayacaqdı. Onun göstərişi ilə qızlar kralaməxsus hazırlanmalı idilər. Ya elinə çatan kimi kral düşündüklərini icra etdi...

Hərəm ağası gözlərindən bənövşəyi rəngdə incilər tökülən Yas və Mini görəndə, öncə bu gözəlliklər qarşısında bihuş oldu, dizləri titrədi, sonra bütün mənəvi keyfiyyətlərini itirdi, qəlbi Böyük səhraya döndü. Yas və Minin ayaq qoyduğu hər torpaq, könül səhralaşırdı. Adətə görə Yas və Min kralla görüşdən öncə 7 gün paklanmalı, Ya ellərinin adət-ənənəsinə uyğun təlimləndirilməli idilər. Bu 7 gün içində vaxtını eyş-işrətdə keçirən kral  fərqində deyildi ki, bütün Ya elləri və könülləri səhralaşmağa başlayıb. Artıq söz-söhbət hər yeri bürümüşdü. Bibl elinin iki gözəli gecə-gündüz inci kimi göz yaşları tökürdü. Bütün güllər solurdu, quşlar bala çıxarmır, bülbüllər cəh-cəh vurmurdu. Xalq ayağa qalxmışdı. Qrenyundan onları geri göndərməyi, ya da öldürməyi tələb edirdilər. Bibl elində də vəziyyət eyni idi. İnsanlıq getdikcə məhv olurdu. Qrenyun bütün bunlara o qızların səbəb olduğuna inanmırdı. Xalq qızları cadugər adlandırırdı.

Qrenyun gecə olanda hərəm ağasını yanına çağırdı:

-Mənə qızları gətir - dedi.

Hərəm ağasının sir-sifəti eybəcər hal almışdı. İlk dəfə idi ki, Qrenyun bundan narahat olmağa başladı. Bəlkə də bu qızlar həqiqətən də cadugər idilər?

Sonra bu düşüncəsini özündən uzaqlaşdırmağa çalışdı. Dəqiqələr sonra, yenidən hərəm ağasının qapını taqqıldatması Qrenyunu gerçək dünyaya qaytardı.

Yas və Min kralın çəhrayı yaqutlarla bəzədilmiş otağına daxil olanda Qrenyunun gözləri qamaşdı. Bir müddət göz bəbəkləri ağrıdan sızıldadı. Yavaş-yavaş gözlərini açdı. Qarşısında elə bil iki pəri qızı dayanmışdı. Bunlar, nadir gözəlliyə məxsus Bibl gözəlləri idilər. Qrenyun hiss etdi ki, axtardığını tapıb. Yas və Minin xoş rahiyəsi bütün qoxuları əsir edirdi. Gözəllikləri bütün gözəllikləri  qurudurdu. Qrenyun tez boynundakı ametist daşını sığalladı. Bunu ona atası hədiyyə etmişdi. Bu daş onu hər şeydən qoruyacaqdı. Qrenyun yavaş-yavaş sehrləndiyini düşünməyə başlayırdı. Bir könüldən min könülə bu iki gözələ aşiq olmuşdu. Qızlar da ilk dəfə idi ki, belə yaraşıqlı kişi görürdülər. Qul və kəniz kimi gətirildiklərini düşünən gözəllər kralın sevimlisi olacaqlarını gördükdə, bütün qadınlarda olduğu kimi, onların da kralla birgə olduqda üzlərində güllər açmağa başladı.Təklikdə isə yenə qan-yaş tökməyə davam etdilər.

Qrenyun qızlarla yeddi il keçirdi. Yeddi il saraydan çıxmadı. Bu yeddi ildə 14 övladı oldu. Hər biri elə bil bir ay parçası idi. Qrenyun 7 ilin sonunda saraydan çıxanda Ya elini viran qalmış gördü. Elə bil şəhəri qurdlar yemişdi. Hər yer deşik-deşik idi. İnsanlar xəstəliklərdən əziyyət çəkirdilər. Bir-birlərinə gülmür, danışmır, xeyirxahlıq etmirdilər. Qrenyun hiss etdi ki, artıq kral olmağın belə elə bir əhəmiyyəti qalmayıb. Xarabalıqlar içində qalan Ya elinin xalqı Qrenyunu söyüb, daş-qalaq edirdi. Atılan bozumturaq kasıb daşlarının təsirindən, bahalı Ametist ovulub yerə tökülmüşdü...

Canını zorla xilas edən kral atasına, elinə xəyanət etdiyini anlayıb sarsıldı. Bütün günahı onu bu qəflətə sürükləyən gözəlliklərdə gördü. Yas və Mini öldürməyi qərara aldı. Bütün Ya eli kimi kral da getdikcə vəhşiləşirdi. Kralın əmri ilə, “cadugərlərə ölüm!” deyə-deyə küçədə böyük tonqal qurmağa başladılar. Elə tonqal ki, hələ yer üzü yer üzü olandan belə şey görməmişdi. Yas və Min anladı ki, bundan qurtuluş yoxdur. Kral onları məhv edəcək... Gözlərindən qan, yaş tökməyə başladılar. Göz yaşları sel, su olub, tonqalı söndürdü. Bütün Ya eli su altında qaldı. Qrenyun daxil, bütün Ya əhalisi tələf oldu. Övladlarını və Qrenyunu itirən Yas və Min özlərini selə buraxdılar.

Ya elinin məhv xəbəri Bibl elinə çatdıqda, özlərini tələsik kömək üçün ora çatdıran xalq təəccübdən yerindəcə donub qaldı. Ya elinin yerində xoş rahiyəli bənövşəyi güllərlə dolu ağaclar ucalmışdı. Bu güllər elə gözəl idilər ki, qoxuları elə möhtəşəm idi ki, Bibl eli bir də yurd-yuvasına qayıtmadı. Ömürlərini bu ağaclara qulluq etməyə həsr etdilər. Bu çiçəklərə yasəmən deməyə başladılar. Bütün gün o ağacların altında oturub, uzaqlara zillədilər gözlərini. Əkin-biçin olmadı. Evlərdə yemək bişmədi. Kotanlar işləmədi, mal-qara sağılmadı... Nəhayət, Bibl və Ya yox oldu...

 

"Ey ölü - Osiris, keşişin açdığı gözünə,

Horusun gözünün nurunu qoyuram. Ey ölü - Osiris, saçlarına Horusun gözünün işığını qoyuram...»

 

-Yasəmən lənətli çiçəkdir. O deyir ki, ya sən, ya da mən!

-Bu nə cəhalətdir belə? Necə yəni, ya sən, ya mən? Bu inancdır axı, özü də batil... Bunun heç bir elmi sübutu yoxdur.

-Gümüş 1: Bəli, elə düşünürsən. Ona görə ki, o, sənə mifologiyadan danışdı. Əslində Bubu planetinin sakinləri gözəlliyin faciələrə, tənbəlliyə, ətalətə səbəb olduğunu elmi-nəzəri cəhətdən sübut ediblər. Hər gün ortalama  neçə qadın öz gözəlliyinə vaxt ayırır, bilirsənmi? Buna həm vaxt, həm də maliyyə gedir. Gözəllik sadəcə hiss edilir. O, insanı yaşatmır, qidalandırmır.

-Belə düşünmürəm, gözəllik ruhu qidalandırır. Auranı kamilləşdirir...

-Gümüş 1: Harada yazılıb bu?

-“Misirin ölülər kitabında”...

-Gümüş 1: Ölülər, ehhh... ölülər? Kimə lazımdır axı ölülər...Yox olmuş əzgin ruhlar...

-Gümüş 2: Bəs bunu kim deyib sənə? Gözəlliyin ruhu qidalandırdığını? Yasəmən ağacının seksuallığı nəhəngləşdirən ətrinin zəhərindən xəbərdarsan bəlkə də...

-Müqəddəs kitablar... Hansı seksuallıq?

--Gümüş 2: Sizin yaradllışınızın qaranlıq səbəbi. Acınacaqlı... Və sizin zəifliyiniz, hahaha....

-Gümüş 1: Bax insan, biz artıq öz kitablarımızı yaratmışıq.

-Hansı kitablardır onlar?

-Gümüş 1: “Transhumanologiya”, “Tanrılogiya”...

-Anlayıram... Tanrı da yasəməni yaradıb...

-Gümüş 3: Hansı Tanrı? Sən hər şeyi qarışdırırsan ey dost!

-Mən sizin dostunuz deyiləm... Siz qəddarsınız...

--Gümüş 3: Əslində siz insanlar daha da qəddarsınız! Bizdən qat-qat daha çox...

-Gümüş 1: Anlaya bilmərsən bizi və kitablarımızı. Bunu bilmək üçün gizli Gümüş əlifbasını öyrənməli, kitabı xüsusi kodlarla beyninə ötürməlisən. Bu isə sizin kimi insanlara açıqlanmayıb.

-Bizim kimi? İnsanları məncə çox aşağı görürsünüz...

-Gümüş 1: Görmürük. Sadəcə, artıq kainat dəyişib...

-Bəs Tanrılogiya nədir?

-Gümüş 1: Bunu mən izah edə bilmərəm... Bu, Tanrının əlindən tanrılığını almaq elmidir. Bir növü öz planetlərimizin tanrısına çevrilmək amalıdır. Nəyə görə öz evimizin ağalığını başqasının əlinə verək? Niyə başqasının qanunları ilə idarə olunaq? Onun verdiyi qədərlə kifayətlənək? Tanrının yaratdığı ilğımlarda sürüklənək?

-Tanrıya qarşı gəlməyin nəticəsi ağır olar. Bu, müqəddəs kitablarda açıqca bəyan olunub.

-Gümüş 1: Öz müqəddəs kitablarımızın varlığından danışdım axı... Görürsənmi, gözəllik vaxt itkisidir? Bayaqdan sənə nələrisə izah etməyə saatlar ayırmışam. Sənsə heç nə anlamamısan... Beynini məşğul edən bircə məsələ var, o da yasəmənlərdir...

-Saatlar? Biz cəmi 10 dəqiqədir ki, söhbət edirik...

-Gümüş 1: Yox, 10 dəqiqə deyil, artıq 10 saatdan artıqdır. Siz köhnə nizamın insanları zaman anlayışının əks olunmalarını duyursunuz. Biz isə zamanın özünü idarə edirik.

Tələsik saata baxdım. Doğurdan da, 10 saata yaxın idi ki, söhbət edirdik. Hiss edirdim ki, halsızlaşıram... Yüz faiz aclıqdan təzyiqim düşmüşdü...

 

***

 

“...Ancaq Paraklet gələndə səni bütün həqiqətə yönəldəcək. Çünki öz-özünə danışmayacaq. O, nə eşitsə, deyəcək və gələcəkdən xəbər verəcəkdir”. (Yuhanna, Bab16, ayə: 13)

 

Günəşin şüaları gözlərimi qızdırırdı... Nədənsə oyanmaq istəmirdim. Yuxularıma qayıtmağı arzulayırdım. Dünyada yaşadıqlarım ürəyimə, beynimə, ruhuma ağır təsir etmişdi. Ağzıma qədər dolmuşdum. Hər an daşacaqdım. Bəzən intihar ən doğru seçimdir deyirdim. Nəsə olsa intihar edərəm deyirdim öz-özümə. Bunu belə unudulmamaq  üçün etmək istəyirdim bəlkə də. Bəzən “Alacaqaranlıq”dakı kimi adrenalinli şeylər etmək keçirdi könlümdən, bəlkə də itmiş məni, görərərəm deyə düşünürdüm. İtirmək... itirə-itirə yüksəlmək, böyümək, ölmək... İtirmənin ağrısı, uzaqlaşana doğru böyüyən istəmə daha çox arzulama ehtirası... Bir vaxtlar sənin olana qarşı duyulan darıxmaq hissi...

Yasəmən ağaclarının çığırtıları ilə dolub daşan yuxularım, ağrılı röyalarım məni özünə tərəf amansızca dartırdı. Ağlar antidepresantlar, sedativ tərkibli dərmanlar qəbul edib yatmaq istəyirdim. Dünyanın, dünyamın dəyişən nizamını dərk etmirdim. Məişət qayığlarım, sosial rifahımı təmin edəcək uydurmalarımla keçən saatlarım... Hər dəfə qarşıma qoyduğum məqsədlərim, aşdığım dağlarım... Hər çatdığım məqsədin, reallaşan arzumun ardında gizlənən daxili sızıltılarım. Xoşbəxt ola bilməmələrim. Bilirdim, artıq hər şey dəyişəcəkdi. Bundan sonrası bundàn əvvələ qətiyyən bənzəməyəcəkdi. Yuxularımdan dünyaya uzanan körpünün üzərində dolaşan başıpozuq ruhumun rahatlığa qovuşması lazım idi. Ya o tərəflik, ya da bu tərəflik olmalı idim. Bilirdim ki, hər gün dəyişirəm. Texnologiyanın hər zərrəmə hakim olduğu dünyada mən sentimental abdal kimi dolanırdım. Tutmuşdum yuxularımın gümüşü kəndirindən, sürünürdüm daxilimdəki boşluğu dolduracaq ümidin arxasına.

İnsan kimdi? Mən kiməm? Bir gün insan dərk edəcəkdi əslində nə üçün dünyaya göndərildiyini... Dünya ilğımvari ekzotikası ilə ruhumuzu əsirlərdir əsir özünə əsir edir. Keçici gözəlliklərə alüdə ruhumuz xəstələnib. Süstləşib ruhumuz. Gözlərimiz çuxurunda böyüyüb. Rəngimiz avazıyıb. Dizlərimiz taqətdən düşüb. Qulaqlarımızın biri durmadan cingildəyir. Biri bizi çağırır... Tanrımı? Bubulularmı? Şeytanmı? Xaronmu?

Xaronu da bezdirmişdi bəlkə də Tanrı...

Tanrı kifayət qədər hakimiyyət sürməyibmi? Sıra bizdə idi bəlkə də.. Boşunamı yaradılmışıq? Doğulub, yetkinləşib, yeyib, sekslə məşğul olub, çoxalmaq və ölmək üçünmü?

Tanrı ilə yeni bir oyun başladılmışdı. Bunu insanlar yox Bubulular həyata keçirirdilər. İnsanın sevdiyi hər şeyi, bütün gözəllikləri yavaş-yavaş yox edərək həm də. Tanrılogiya elə bu idimi? Tanrı da yaratdığı ən gözəl, ən məsum şeyləri bu cür məhv etmirdimi? Bir körpənin canına susamırmı? Ya da  körpəni əfv etdikdə anasını ağuşuna dartmırmı?

“Nə bəxtiyardır sülh carçıları!

Çünki onlar Tanrının  oğulları adlanacaqlar”.

Maqdalalı Məryəmlə tər içində sevişdikdən sonramı söyləmişdi bunu İsa?....Niyə katoliklər sevilməyə layiqlik nəzəriyyəsini fahişə və həyat yoldaşı kimi iki kateqoriyaya bölürdülər? Biri xəyanət, digəri sədaqət, biri zəfər digəri məğlubiyyətmi?

Yuxuma girirdi hər gün İsa... Elə hey Çobanla danışırdılar...Ortaq yol yox idi... Mən idimmi meraca gedən, yoxsa İsa idimi mənə gələn?

“İsa: “Tanrı təkdir”!

Çoban: “Ah, bəli, əgər tanrı varsa, bəlkə də təkdir. Amma iki dənə olsa, daha yaxşı olardı. Biri canavar, digəri quzu üçün, biri öldürən, digəri ölənlər üçün, biri məhkum üçün, digəri cəllad üçün”.

Yuxularımla beynimə bir nəqqaş ustalığı ilə işlənən kodlar məni zəhərləyirdimi?

Bubulularla keçirdiyim ekzotik dəqiqələr (yaxud saatlar) məni tanımadığım, iyini, dadını, əhval-ruhiyyəsini bilmədiyim bir boyutamı aparırdı?

Kim idi bu Bubulular?

Bubu planetin sakinləri idilərmi?

Yoxsa bir yığın mutantmı? Yoxsa bir beyin ilğımı, halüsünasıyamı… Çox gerçək idi yaşadıqlarım. Bunu hiss edirdim.

"Paskalın qumarı”ı nəzəriyyəsini  tətbiq edəcəyəm yuxularıma… Nəzəriyyəyə görə Allaha inanmaq inanmamaqdan daha sərfəlidir. Allah həqiqətən var olsa, sonsuz mükafatlar qazanacaq, mövcud olmadığı təqdirdə isə heç bir itkimiz olmayacaq. Real dünyadan qopuşlar yaşayırdım. Daxilən mənəviyyata, gözəlliyə olan meylim və həm də Tanrıya içimdəki qırğınlığım, qəzəbim… Yeni Tanrımı yaradılacaqdı? Tanrını insanmı yaradacaqdır? Bu dəfə oyun tərsinəmi olacaqdı?

Tanrımı insanı yaratdı, insanmı Tanrını?

Bubulular hansı idi? Tanrımı, insanmı, mutantmı?

Mən kim idim? Niyə mən? Mən də Xaron idimmi? Ruhların keçidində dayanan bədbəxt Xaronmu?

Yox mən icra edə bilməzdim bu amansız vəzifəni… Xəyallarım var mənim…Doğrudan, hardadı indi onlar? Niyə artıq xəyal qura bilmirəm. Xəyal qurduğum hər şeyə axtarış çubuğu ilə asanca çatmırammı? Nəyə lazımdı artıq xəyallar? İnsan da, Tanrı da, Bubulular da gülmürdümü xəyallara? İnsan olmaq həm də xəyal qurmaq, darıxmaq, sevmək də deyildimi? Niyə getdikcə utanırdıq hislərimizdən?

Yoxsa texnologiyanın belə sürətli inkişafı dünyanı, mənəviyyatı mədəniyyəti çıxmaz girdaba sürükləyir?

Yoxsa xilas doğrudan da yüksək elmi naliyyətlərdə, nanotexnologiya, metatexnalogiyalarla gələcəkdi?

Tanrının taxtını fəth etmək istəyənlərə ağuşunu açacaqdımı o? Qəbul edəcəkdimi məğlubiyyəti?

Yoxsa onları yenəmi cəzalandıracaqdı?

Bircə qiyamətdəmi görünəcəkdi gözlərə? Onda da ən nəhəng dağıntı üçünmü? İnsanın qiyaməti nə zaman başlayır? Bütün bunlar əslində domino təsiri deyilmi?

 

“Yaxın Şərqdə İslam ölkələrində ərəb baharı adlanan siyasi-ictimai hərəkatlar buna gözəl nümunədir. 2010-cu ildə Tunisdə xalq üsyanı şəklində başlayan ərəb baharı bir çox ölkədə xalqın hökumətlərə qarşı üsyanı ilə inkişaf edərək Misir, Liviya, Yəmən, Suriya kimi ölkələrə də sirayət edib”.

 

Bubuluarın yaratdığı yeni sistem Tanrının milyonlarca əsrdir qurduğu nizamı pozacaq, dəyişdirəcək, metanəzəriyyəyə çevirib, idarə olunan edəcəkdi.

...Daxilimdəki böyük qaranlığı oyadırdı bu yuxular və mən hər gün bir az daha sürüklənirdim ona doğru. Yatmaq istəyirdim… Onları görmək onlarla dolaşmaq, onlardan öyrənmək…Amma bircə yasəmənlərə dəyməyəydilər kaş…

Yasəmənlər mənim uşaqlığım idi…İlk şilləsini  it laləsi deyilən, yanağında iri qara xal daşıyan o çöl çiçəyini dərdiyi üçün yemişdi Şəbnəm. Mən ilk dəfə onda qorxmuşdum. Gücsüz tək hiss etmişdim. Evdə danışmamışdıq bu məsələni… Zəif görünəcəkdik. Mən idim ən böyükləri. “Balıq başdan qoxar” deyəcəkdi yenidən  “atalar”…

Lənətləmişdim o kişini… Həmin il ağır əzabla ölmüşdü. Sevinmişdim. Ölümə sevinmişdim. Hələ də ona nifrət edirəm bir yabani çiçək üçün körpəyə qalxan əllərinə…Bəlkə də elə it laləsi lənətləmişdi onu… Mən inanırdım lənətlərə…

Qabil Habilin qardaşı olduğu kimi Osirisin də düşməni və qardaşıdır.  Ra ilk dəfə Misir torpağını işıqlandırandan bəri Xeyir və Şər bir-birinə meydan oxuyur.

Bir gül üçün nifaq, müharibə, nifrət yaranırdı…

Bəlkə də bütün gözəlliklərin məhvinə dair düşünclərində haqlı idi Bubulular… Tanrı da belə etmirdimi? Mələklərin ən gözəlini lənətləmədimi? Bəs Liliti?

 

“Səndə heç bir  təqsir yoxdu, allahlardır bunu edən.

Fəlakətli hərbə onlar göndərmişlər axeyləri”.

 

 

 “Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

 

 

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-jurnalist, "Sport Time" jurnalının baş redaktoru Jalə Rzabəylinin qələmə aldığı “40 yaşdan sonrakı qadın” kitabının təqdimatı keçirilib.

 

Kitabda qadınlar üçün faydalı məsləhətlər və nikbin düşüncə gücü, eyni zamanda, Mövlana Cəlaləddin Rumi, Hüseyn Cavid, Cemal Süreya kimi söz ustalarının qısa fikirləri də yer alıb: "Kitab qadınların sağlam həyat və düşüncə tərzindən, sosial-psixoloji durumundan, sağlam qidalanma, idman, eyni zamanda, uğur psixologiyasından bəhs edən motivasiya xarakteri daşıyır. Bu kitab, həmçinin ömrünün ikinci baharını yaşayan 40 yaşlı qadınlar üçün lazımlı informasiyalar verir". 

Kitabın təkcə qadınlar üçün deyil, eyni zamanda, kişi oxucular üçün də nəzərdə tutulduğunu bildirən Jalə Rzabəyli belə nəşrlərin qadınların maarifləndirilməsi, özünə olan güvən hissinin yaradılması baxımından lazımlı olduğunu vurğulayıb: "Ümid edirəm ki, "40 yaşdan sonrakı qadın" kitabı həm xanımların, həm də xanımlara dəyər verən kişilərin sevimli kitabına çevriləcək".

Təqdimatda çıxış edənlər kitabın məziyyətlərindən söz açıb, motivasiya xarakteri daşıyan kitabın əhəmiyyətindən və müəllifin yazı üslubundan danışıblar. 

Vurğulanıb ki, həyatının ikinci mərhələsini yaşayan qadınlar üçün belə kitablar dəyərli mənbədir.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Türkiyənin Rusiya Federasiyasındakı səfirliyi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonuna tanınmış türkiyəli müəlliflərin kitablarını hədiyyə edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, nəşrlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat və Kitabxanalar Departamentinin həyata keçirdiyi “TEDA” layihəsi çərçivəsində Azərbaycan dilinə tərcümə olunub. 

Türkiyənin RF-dəki səfirliyinin mədəniyyət və turizm üzrə attaşesi İlker Özkan kitabları pavilyona təqdim edərək vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. O deyib: “Biz böyük heyranlıqla pavilyonla tanış olduq. Fəxr edirik ki, türkiyəli müəlliflərin məşhur kitablarını “Azərbaycan” pavilyonuna təqdim etmək fürsətimiz var”. 

Pavilyonun direktoru Səadət Qədirova Azərbaycan və Türkiyə arasında qarşılıqlı münasibətlərdən danışaraq deyib: “Türk qardaşlarımızın belə səfərləri bizim dostluq münasibətlərimizi möhkəmləndirir. Bu gün Türkiyə səfirliyi tanınmış türkiyəli yazıçıların Azərbaycan dilinə tərcümə olunmuş kitablarını bizə hədiyyə etdi. Belə aksiya sözsüz ki, faydalıdır. Qonaqlarımızın “Azərbaycan” pavilyonuna necə valeh olmalarını görmək çox xoş idi. Pavilyonun XTNS-nin əsl incisinə çevrilməsindən ötrü əlindən gələni edən Heydər Əliyev Fonduna bir daha təşəkkürümü bildirirəm. Türkiyə Azərbaycanın əsas müttəfiqidir və biz qardaş ölkənin dəstəyini yüksək dəyərləndiririk”. 

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat və Kitabxanalar Departamenti uzun illərdir “TEDA” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində yaşadıqları ölkənin ana dilinə Türkiyə ədəbiyyatının tərcüməsi işində əcnəbi mütəxəssislərə maliyyə dəstəyi göstərilir.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Dauren Abayev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna istinadən xəbər verir ki, görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının maddi-mədəni dəyərlərinin öyrənilməsi, qorunması və beynəlxalq miqyasda təbliği istiqamətində fəaliyyətindən, müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdən söz açılıb. Fond tərəfindən təşkilatın qurucu üzv dövləti Qazaxıstanın mədəniyyətinin Avropada tanıdılması, qazax ədəbiyyatının görkəmli siması - şair, ictimai xadim, bəstəkar Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş poçt markalarının İspaniyada çap edilərək dövriyyəyə buraxılması və həyata keçirilən digər layihələr yüksək qiymətləndirilib. Tərəflər Fond ilə Qazaxıstan arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadilələri aparıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

“Şuşa İli” çərçivəsində İtaliyanın paytaxtı Roma şəhərindəki “Sala Umberto” teatrında “Xarıbülbül” adlı konsert keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, ölkəmizin İtaliyadakı səfirliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi konsertdə İtaliya Parlamentinin deputatları, Xarici İşlər Nazirliyinin nümayəndələri, diplomatik korpus təmsilçiləri, ictimai-siyasi xadimlər, aparıcı media qurumları əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov cari ildə ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinin qeyd olunduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub.

Səfir Azərbaycan xalqı üçün xüsusi tarixi və mədəni önəmə sahib Şuşa şəhərinin 30 ilə yaxın erməni işğalı nəticəsində dağıdılmış tarixi-mədəni abidələrinin bu gün dövlətimiz tərəfindən yenidən bərpa olunduğunu və bu işdə İtaliya şirkətlərinin də fəaliyyət göstərdiyini qeyd edib.

Sonra Əməkdar artistlər tarzən Sahib Paşazadə, xanəndə İlkin Əhmədov, kamança ustası Xəyyam Məmmədov, gənc xanəndə Kamilə Nəbiyevanın ifasında “Mənim Azərbaycanım”, “Qarabağ”, “Sarı gəlin”, “Şuşanın dağları”, “Reyhan”, “Küçələrə su səpmişəm” kimi bəstəkar mahnıları və muğamlarımız təqdim olunub. Musiqi nömrələri tədbirə xüsusi rəng qatıb, salonda alqışla qarşılanıb.

Tarzən Sahib Paşazadə və pianoçu Səidə Tağızadə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları Fikrət Əmirov, Vasif Adıgözəlov, Həsən Rzayevin, məşhur italyan bəstəkarlar Coakkino Rossini, Antonio Vivaldi, Nino Rotanın əsərlərini səsləndirib, musiqi axşamını rəngləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

Friday, 23 December 2022 09:31

Bu gün Sumqayıtda Kitab Sərgisi açılır

 

Ünvan: Sumqayıt, “Kimyaçılar” sarayı. Azərbaycan Nəşriyyatları Assosiasiyası ilin son möhtəşəm sərgisi ilə Sumqayıta gedib. Sumqayıt Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalına sərginin Təşkilat Komitəsindən daxil olan məlumata görə, ötən il birincisi keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanmışdı, ikinci sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq. Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək .

Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, sadəcə uşaqlar üçün nəzərdə tutulmuş "kids zone"da mütəmadi və əyləncəli fəaliyyətlərlə bu sərgi daha möhtəşəm olacaq.

Bir sözlə, sumqayıtlılara ilin son kitab bayramından zövq almaq qalır.

Bu gün saat 14-də sumqayıtlı yazıçı Varislə “Şirvan” təqdimat zonasında oxucuların görüşü təşkil olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Keşmiş mədəniyyət naziri Anar Kərimov vəzifəsinin sonuncu günündə nazirliyin mətbuat orqanları “Mədəniyyət/Culture” jurnalı və “Mədəniyyət” qəzetinin kollektivləri ilə görüş keçirib. Və elə həmin anlarda Prezident onun işdən çıxması barədə Sərəncam imzalayırmış. 

 

Statistiklər üçün: Eks nazirin son görüşündə nələrdən danışılıb? Müasir dövrdə mətbuat və medianın qarşısında mühüm vəzifələrin dayandığını bildirən Anar Kərimov informasiyanın dəqiq və operativ şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.

Nazir ənənəvi çap mətbuatının əhəmiyyətini qeyd edib, mədəniyyət salnaməmizin, müasir mədəni proseslərin gələcək nəsillərə çatdırılmasında onun bir mənbə rolunu oynayacağını deyib. Bildirilib ki, müasir oxucu informasiyanın maksimum qısa və lakonik olmasını istəyir. Buna görə də hər iki nəşr çap variantlarını qoruyub saxlamaqla yanaşı, elektron versiyalarını təkmilləşdirməli və məlumatların çatdırılmasının daha optimal yollarını tapmalıdırlar.

Mədəniyyət Nazirliyində həyata keçirilən islahatlar haqqında söz açan Anar Kərimov bu prosesin ümumi mədəni inkişafa xidmət etdiyini deyib. Bildirib ki, nazirliyin mətbuat orqanları bu islahatların öz məqsədinə çatmasına, eləcə də mədəniyyət sahəsində yeniliklərin vaxtında oxuculara çatdırılmasına çalışmalı, uğurlarla bərabər, problemləri də diqqətdə saxlamalıdırlar.
Hazırda dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mədəni quruculuq barədə danışan nazir bu prosesin hər iki mətbuat orqanında mütəmadi işıqlandırılmasının zəruriliyini vurğulayıb.

Qəzet və jurnalın yayımı, hədəf auditoriyası barədə danışan Anar Kərimov deyib ki, ölkəmizin mədəniyyət ictimaiyyəti ilə yanaşı, elm, təhsil və digər sahələrdə çalışanların, xüsusilə də tələbə və gənclərin bu nəşrlərə əlçatanlığının təmin edilməsi faydalı olar. Nazir bu məqsədlə hər iki nəşrin yayım siyasətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

“Mədəniyyət/Culture” jurnalının baş redaktoru Əməkdar jurnalist Zöhrə Əliyeva, “Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev nəşrlərin fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat veriblər. Gələcək planlar, yayım işi barədə söz açılıb, təkliflər səsləndirilib.

Vəssalam.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Bu gün yazıçı Elçin Hüseynbəyli ömrünün 61-ci qışına qədəm qoyur

 

 

Elman Eldaroğlu yazır

 

 

Deyilənlərə görə, dünya şöhrətli yazıçı Heminquey gündə mütləq bir səhifə yazırmış. O isə yazmamışdan öncə uzun müddət düşünür və deyir ki,- “mənim üçün birinci cümləni başlamaq çətin olduğundan, keçirəm ikinci cümləyə”...

 

Heç vaxt yaradıcılığında qrafik tutmur, daha doğrusu yazacaqlarını proqramlaşdırmır. Ona mövzu bir model kimi, hazır gəlir. Hekayə hekayə kimi, roman da roman kimi. Bəli, yazıçı sözdən qorxmamalıdır, yəni sözə yuxarıdan aşağı baxmağı bacarmalıdır. Əslində, o, sözlə məzələnir, oxucunu oyuna salmağa çlışır, gözləmədiyi halda onu dolanbac yollarla aparır və odur ki, hekayələrinin çoxu da novellavari qurtarır...

 

“Mən modernist yazıçıyam. Heç kim deyə bilməz ki, mənim ortaya qoyduğum romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu əsərlərin müəllifi yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi…”- söyləyir.

  

Haqqında söhbət açdığım Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabr ayının 23-də Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda hərbi xidmət keçib. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, 1989-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə Varşavada "İnsan haqları yay məktəbi"nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən "Azadlıq" radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir. Bir sözlə, uzun müddət "Ulduz" jurnalı, "Ədəbiyyat qəzeti" kimi nüfuzlu mətbu orqanlarına rəhbərlik edib. Sonradan Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri olub. 2021-ci ildən Azərbaycan Yazıçılar Biriyinin katiblərindən biridir. "Rəqs edən oğlan", "Balıq adam", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Yovşan qağayılar", "Tut ağacı boyunca", "On üçüncü həvari, 141-ci Don Juan", "Şah Abbas", "Metro vadisi", "Yolayrıcında qaçış", "Azıx", "Şimallı gəlin", "Kopelhausda bir axşam", "Yenə iki Od arasında", "Gözünə gün düşür", "Ağ və qara", "Vida", "Dənizin nağılları" kitablarının, on bir romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir. Bir sıra mükafatlara layiq görülüb və 2019-cu ildən Əməkdar incəsənət xadimidir...

 

Deyir ki,- “Çox mütaliə etmişəm. Sartr, Kamyu, Prust, Platonov, Selincer və s.. Xeyli ad çəkə bilərəm, amma Platonov mənim sevdiyim yazıçıdır. Adamların əksəriyyəti heç onların adlarını eşitməyəndə, mən onları oxumuşdum. İnsan ona görə mütaliə etməlidir ki, haradan gəlib, hara getdiyini, nəyin ədəbiyyatda olub-olmadığını bilsin. Buna görə də fərqli nələrisə yaratmağa cəhd etməlisən. Yazıçı fərqli yazan, fərqli düşüncəyə malik olmalıdır. Hadisələrə fərqli rakurslardan yanaşmağı bacarmalıdır. Hamının baxdığı rakursdan baxacaqsansa, bu, bezikdirici olacaq. Fərqli çarpazlardan baxsan, fərqli bir şey edə biləcəksən. Amma etiraf edim ki, bu gün ədəbiyyatımızda maraqlı imzalar var, onlar dayanmamalı, yazmalıdırlar. Təəssüflə deyirəm ki, ədəbiyyat arxa plana keçib. Müsahibələrimdən birində də demişdim ki, dünyada kataklizmlər baş verərsə, ədəbiyyata qayıdış ola bilər. Çünki insanlar humanizm, mərhəmət hislərini itirməyə başlayıblar...”

 

Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: "Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir.”

 

“Əlində qələm olmaq hələ ziyalı olmaq demək deyil. Özümü də o biri qələm adamlarından ayırmıram. Əslində, mühit və şərait imkan vermədi ki, bizim nəsil yazarların ziyalı potensialı ortaya çıxsın. O demək deyil ki, biz az yazdıq. Sadəcə, Anar müəllimgilin taleyinə elə bir zaman, elə bir mühit düşdü, onlar elə bir cəmiyyətdə böyüdülər ki, bir ziyalı kimi təqdim oluna bildilər. Ona görə də bu məsələdə kimisə qınamaq olmaz ki, filan nəslin bəxti gətirmədi, filankəsin bəxti gətirdi və s. Bu, bizim taleyimizdir. Və o taleyi yaşamaq lazımdır. Mənim üçün ziyalı cəmiyyətə böyük mesajlar verən adamdır. Və həm də o adamdır ki, doğrudan da, cəmiyyət onu eşidir və həmin sözü ondan gözləyir. Mən düşünmürəm cəmiyyət Elçin Hüseynbəylidən bir ziyalı kimi nəsə gözləsin. Çünki mən hələ cəmiyyətə o böyüklükdə ziyalı kimi təqdim olunmamışam...”- söyləyir.

 

Kimin dediyini unutmuşam- aqillər ideyaları, ariflər problemləri, adi adamlar isə adamları müzakirə edirlər. Onunla heç vaxt yoldaşlıq, dostluq etməsəm də, bilirəm ki, bu sırada birincilərdəndir...

 

Dekabrın 23-ü haqqında söhbət açdığım nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin növbəti ad günüdür, 61 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

 “Ay gecikən məhəbbətim” mahnısı ilə bir vaxtlar minlərlə gənc pərəstişkarının ruhunu oxşayan müğənni 70 yaşında da həmin mahnını şövqlə oxudu…

 

3 illik fasilədən sonra Xalq artisti, klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri olan Sərxan Sərxan Beynəlxalq Muğam Mərkəzində (BMM) konsert proqramı ilə çıxış edib.

Konsertdən öncə BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov çıxış edərək Sərxan Sərxanı klassik estrada sənətimizin canlı korifeyi adlandırıb və ona yeni uğurlar arzulayıb. 

Gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnıları ilə tamaşaçıların qarşısına çıxıb.

Böyük alqışlarla qarşılanan müğənni tamaşaçıları “Salam, Bakı şəhərim” ifası ilə salamlayıb. Xalq şairləri Nəbi Xəzrinin şeirinə “Nə dedim”, Nəriman Həsənzadənin sözlərinə “Kinoda” və Əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın sözlərinə bəstələdiyi “Ay gecikən məhəbbətim” mahnıları isə zala xüsusi ovqat bəxş edib. Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran Xalq artisti hər bir mahnısı haqqında məlumat verərək həm də öz təəssüratlarını bölüşüb. 

Anşlaqla keçən konsert tamaşaçıların gur alqışları ilə yekunlaşıb. 

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.