Super User

Super User

 

Vyananın “Ehrbar” konsert salonunda gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə konsert proqramı ilə çıxış edib.

“Ədbəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının dəstəyi ilə baş tutan konsertdə gənc pianoçu bəstəkarlar Fridrix Şopen, Modest Musorqski, Mauris Ravel, Erik Sati və özünün bəstələdiyi əsərləri ifa edib. A.Manafzadə hər ifadan öncə tamaşaçılara bəstəkar və əsər, eləcə də əsərin xarakterik xüsusiyyətləri barədə məlumat verib. Konsertdə M.Musoqskinin “Bir sərginin rəsmləri” əsəri və A.Manafzadənin “Xocalıya” kompozisiyası böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, “Culture Meeting Point” təşkilatının keçirdiyi “Xalis klassika” adlı silsilə konsertlər gənc istedadlı musiqiçiləri üzə çıxarmaq və geniş auditoriyaya tanıtmaq məqsədi daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Thursday, 22 December 2022 13:24

Xalq artisti Fikrət Verdiyev vəfat edib

 

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Xalq artisti Fikrət Verdiyev vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib. 

 

Fikrət Verdiyev 1947-ci ildə Gəncədə anadan olub. Hələ tələbə ikən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayıb. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub.

O, 1969-cu ildə “Göygöl” xalq çalğı alətləri ansamblını yaradıb. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər.

Qeyd edək ki, Fikrət Verdiyev dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Bu gün saat 14-də “Azərkitab” kitab təbliğatı mərkəzində maraqlı bir tədbir olacaq. Heydər Əliyevin qarşıdan gələn 100 illik yubileyinə həsr olunmuş “Doğma diyar Naxçıvan” adlı sərgi təşkil ediləcək.

 

“Ədəbiyyat və incəsənət” portalına layihə rəhbəri Elnurə İsgəndərovanın verdiyi məlumata görə, Naxçıvanda yaşayıb-yaradan istedadlı rəssam Tamerlan Məmmədovun ilk fərdi yaradıcılıq sərgisində onun ən yaxşı rəsm əsərləri sərgilənəcək. Burada qədim diyarın gözəllikləri, natürmortlar, portretlər göz oxşayacaq.

Sərginin təşkilatçısı Aygün Əzizova isə portalımıza məlumat verib ki, üzümüzə gələn Heydər Əliyev ilində “Azərkitab”ın zallarında rəsm sərgilərinin keçirilməsi mütəmadi hal alacaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Yapon pianoçu Yusey İnuinin “Xudayar təsnifi”ni aranjiman etməsi çox təsiredicidir

 

Yapon pianoçu Yusey İnuinin “Xudayar təsnifi” kimi məşhurluq qazanmış “Vətən yaxşıdır” mahnısını aranjiman etməsi və yapon musiqisevərlərinə çatdırması barədə yapon mediasında gedən xəbər, düzü, bizləri çox duyğulandırdı. Bu, həm şəhidlərimizə, apardığımız haqq savaşına ehtiramdır, həm də misilsiz incəsənətimizə. 

Bu günlərdə Yusey İniui gördüyü işin mahiyyəti barədə yapon mediasına  müsahibə verərkən səmimi hisslərini bir görün necə izhar edib: “Azərbaycan musiqisinin gözəlliyini qəhrəmanlıqla birləşdirərək, yaşadığım hissləri dinləyicilərə çatdırmağa çalışdım.

İlk dəfə həmin mahnı üzərində işləmək təklifi alanda Azərbaycan haqda heç nə bilmədiyimi düşünüb bunu sifarişçilərə söyləməyə utandım. Təcili internetdə araşdıraraq ölkə haqda daha çox məlumat toplamağa çalışdım. Mahnının orijinalı ilə yanaşı, digər Azərbaycan musiqisi nümunələri ilə tanış oldum. Yutub vasitəsilə Azərbaycanı öyrənməyə, necə deyərlər, bu ölkənin ab-havasını, qoxusunu təsəvvüründə canlandırmağa çalışdım. İlk təəssüratlarım heyrətamiz idi. Sizin musiqiniz öz gözəlliyi ilə məni heyran etdi. Bu xalqı, onun qədim və zəngin mədəniyyətini indiyədək tanımadığıma görə özümdən utandım. O ki qaldı mahnınln tarixççəsinə. Bu, həqiqətən heyrət doğuracaq bir hekayə idi. Xudayarın ifasında mahnını dinlədikcə bu azərbaycanlı gəncin ürəyindən axıb dilinə gələn Vətən sevgisini daha çox anladım və bu hissləri aranjiman etdiyim musiqidə canlandırmağa çalışdım. Bu hisslər mənim ilham mənbəyimə çevrildi.

Mahnı üzərində işləyərkən onun dinamizmini və gücünü ritmlərlə, hüznünü və kədərini isə melodiya və akkordlarla ifadə etməyə çalışdım. Yaponiya dinləyicilərinin bu musiqini daha yaxşı anlaması üçün isə mahnının quruluşuna və akkordlarına müəyyən əlavələr etdim. Onun kədərini təqdim etmək üçün intro və intermediyadan yararlandım. Nəticə etibarı ilə həm yaponların, həm də Azərbaycan xalqının bəyənəcəyi bir aranjiman yarada bilmişəmsə, bu məni çox sevindirir. Həmçinin düşünürəm ki, bu musiqini dinləyən hər bir insan yalnız münaqişələrə deyil, həm də onun gətirdiyi ağrılı duyğulara və gərgin anlara baxmayaraq, irəliləmək üçün özündə güc hiss edir. Bu ağrı-acını dəf edərək gələcəyə daha böyük ümidlə baxmağa başlayır. “Xudayar təsnifi” üzərində çalışarkən insanlara bu inamı aşılayacaq bir musiqi nümunəsi yaratmağa çalışdım və düşünürəm ki, buna nail ola bildim. Mahnını məhz bu hissləri qəlbimdə yaşayaraq ifa etdim.

Mən bu melodiyanı ifa edərkən, Azərbaycan xalqının yaşadığı hissləri öz xalqıma  çatdırmaqla yanaşı, mübariz Azərbaycan xalqıyla həmişə birlikdə olduğumuzu da  göstərməyə çalışmışam.”

Qürurvericidir, deyilmi? 

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun yubileyi ilə əlaqədar paylaşım edib.

Paylaşımda deyilir: “Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə, Mehriban.”

 

“Ədəbiyyat və incəsənət”
(22.12.2022)

 

Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə o, mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Bununla yanaşı, yeni mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

2023-cü il martın 12-də keçiriləcək 95-ci Oskar mükafatlandırma mərasiminin nominantlarının adları açıqlanıb. Amerikanın Kino Sənəti Akademiyası mükafata iddiaçıların 10 kateqoriya üzrə siyahısını təqdim edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən nominantlardan əsas iddiaçıların adlarını açıqlayır:

1.

Ən yaxşı film nominasiyasında Ceyms Kameronun “Avatar: Suyun yolu” filmi dominantlıq edir. Martin Makdonaxın “Banşi İnişira”, Baz Lurmanın “Elvis”, Sem Mendesin “İşıq imperiyası”, Florian Zellerin “Oğul” kimi filmləri də bu nominasiyada yer alırlar. Stiven Spilberqin “Fabelman”ını isə ayrıca qeyd etməliyik. Çünki bütün proqnozlar onun xeyrinədir.

2.

“Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında mükafata mümkün namizədlərin siyahısına rejissor Daniel Roerin “Navalnı” filmi də daxildir. Ümumilikdə, 144 sənədli filmdən bu kateqoriyada 15 film seçilib və onlardan yalnız beşi mükafata namizəd olacaq. Müraciət edənlər arasında Şaunak Senin “Nəfəs alan hər şey”, Marqaret Braunun “Nəsil”, Laura Poytrasın “Bütün gözəllik və qan tökülməsi” və digər filmlər yer alıb. 

3.

“Oskar” mükafatına “Ən yaxşı xarici film” kateqoriyasında da 15 film iddialıdır. Bundan başqa, ən yaxşı qısametrajlı sənədli film, qrim və saç düzümü, musiqi, mahnı, qısametrajlı animasiya filmi, qısametrajlı bədii film, səs, vizual effektlər kateqoriyaları üzrə də filmlərin namizədliyi irəli sürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

BARAT ŞƏKİNSKAYA

(1914-1999)

***

Yetmişinci illərin ortaları idi. Bir gün teatrda yeni tamaşanın məşqi gedirdi. Bir də hiss etdim ki, yuxu mənə güc gəlir. Qəfildən əsnədim. Oğrun-oğrun sağıma soluma baxdım. Məşqin bitməyini səbirlə gözlədim. Məşqdən sonra öz otağıma çəkilib güzgü qarşısına keçdim. Bir qədər fikirləşdim. Öz-özümə dedim: “Barat, səninki bura qədərmiş”. Nə qədər ağır da olsa səhnəyə, teatra olan sevgimə xəyanət etməmək üçün qələm kağız götürüb ərizə yazdım.

Ərizəni teatrın rəhbərliyinə təqdim edəndə, hamı çaşıb qaldı. Səbəbini soruşdular. Konkret cavab verdim:

– Əgər bir aktrisa məşqdə əsnəyirsə, demək, onun teatra olan hissləri də mürgüləməyə başlayıb. Bura mənim üçün müqəddəs yerdir, mən bura həmişə işləməyə gəlmişəm, yuxulamağa yox.

Müdir məni dilə tutmağa çalışdı:

– Barat xanım, hamı yorulur, yaş da öz işini görür, bu teatrın sizə hələ çox ehtiyacı var, – dedi.

– Teatrda istedadlı gənclər var, öz işlərini bilən aktyorlardır hamısı. Qoy onlara da dərs olsun, əgər bir aktyor məşqdə, tamaşada mürgüləyirsə, demək, bu sənətdə bitib…

 “Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Rəsm qalereyası: Arif Əziz, “Mənzərə”

 

Azərbaycan Respublikasının Xalq rəssamı, “Şöhrət” ordenli rəssam, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş “Beyaz” adlı sərginin açılış mərasimi baş tutacaq.  

 

Müasir İncəsənət Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Media FM”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə mərasim 24 dekabr 2022-ci il saat 19:00-da Müasir İncəsənət Muzeyində keçiriləcək.

Arif Möhübəli oğlu Əzizov 3 yanvar 1943-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1966-1971-ci illərdə Moskva Ali Bədii-Sənaye Məktəbində təhsil alıb. Rəssam 1971-ci ildə Polşa Universitetində “Qrafik dizayn” ixtisası üzrə təcrübə keçib. Arif Əziz 1970-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. O, 1971-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) pedaqoji fəaliyyətə başlayıb.

O, yaradıcılığının əvvəllərində plakatlar, ekslibrislər, loqolar, dizayn eskizləri, uşaq kitabları üçün illüstrasiyalar çəkib.

Rəssamın müxtəlif illərdə Azərbaycanda və xarici ölkələrdə fərdi yaradıcılıq sərgiləri təşkil olunub. Arif Əziz 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Azərbaycan Dizaynerlər İttifaqının, 1997-ci ildən Vaşinqtonda yerləşən Beynəlxalq Reklam Assosiasiyasının üzvlüdür. Rəssam 1985-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunub, 1992-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Arif Əziz 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmiş və Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.