Super User

Super User

Saturday, 24 December 2022 10:30

Rəhmətlik Rafiq Babayevin adına layiq

“Cəngi” estrada folklor ansamblının 30 illiyi qeyd olunub

 

Yola saldığımız günün daha bir musiqi hadisəsi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında izlənilib. Burada Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” estrada folklor ansamblının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Cəngi” estrada folklor ansamblı 1992-ci ildə musiqiçi və bəstəkar, cazmen, Xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb. Kollektiv bu illər ərzində bir çox dünya ölkələrində konsert və festivallarda iştirak edib, tamaşaçı rəğbəti qazanıb. 

Tədbiri evaahibi olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev açıb. O, “Cəngi” ansamblının 30 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayaraq deyib: “Ansambl həm Azərbaycanda, həm də xaricdə ölkəmizi uğurla təmsil edib. Bugünkü tədbirdə ansamblın 30 illiyi münasibətilə konsert təqdim ediləcək. Konsertdə xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri və muğam üstündə caz kompozisiyaları ifa olunacaq. Əminəm ki, gecədə iştirak edən qonaqlar konsertdən zövq alacaqlar”.

Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, jurnalist Rahib Azəri vurğulayıb ki, 2002-ci ildə Xalq artisti Mircavad Cəfərovun “Cəngi” estrada folklor ansamblına rəhbər təyin edilməsi nəticəsində ansambla ikinci nəfəs gəlib: "Rafiq Babayev irsini qoruyan, onun ənənələrinə sadiq qalan Mircavad Cəfərov ansamblın nəzdində muğam üçlüyü, folklor və modern üslubunda rəqs ansamblı, caz triosu (piano, bas gitara, zərb alətləri) və təbii ki, uzun illərin zəhməti nəticəsində 15 nəfərlik musiqi qrupu yaradıb".

Çıxışlardan sonra ansambl təqdim edilib:

Xalq artisti Mircavad Cəfərov – ud, 

Əməkdar artist Ruslan Hüseynov – bas-gitara, 

Əməkdar artist Kamran Kərimov – nağara, Mircavid Cəfərov – tar, 

Vasif Hüseyn – piano, 

Lütfiyar Əliyev – saksofon, 

Nicat Bayramov – zərb alətləri, 

Ramin Hüseynov – akkordeon, 

Tərlan Məmmədhüseynov – piano, 

solistlər – Ramil Xələfov, 

Gülbəniz Məmmədova, 

Əminə Kaykun, 

Mahir Zeynalov.

Ansamblın ifasında tamaşaçılar “Çahargah" muğam kompozisiyası, "Bura Vətəndir", "Ətrin qalıb güllərdə", "Rəhm elə, ilahi", "Əziz şəhər", "Leyla", "Dağlar", "Məhəbbət çırağı", "Ya sənindir, ya mənim" və digər mahnıları dinləyiblər. Ansamblın çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

Saturday, 24 December 2022 09:00

Bakıda qeyri-adi sərgi keçirilib

 

Söhbət ipək üzərində kölgə effekti yaradan portretlərin sərgisindən gedir

 

Ənənəvi rəssamlıqdan başqa rəngkarlıq sənətinin bir çox növləri var, hətta bizə əsla tanış olmayanlar da. Elə dünən təqdimatına qatıldığımız rəssam Elmar Məmmədzadənin sərgisi kimi.

 

 “Zəfərin Kölgəsi" layihəsinin yekunu olaraq Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş ipək üzərində kölgə effektli portretlərin sərgisi və təqdimat mərasimində öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycanın Dövlət Himni səsləndirildi. 

Sonra tədbir iştirakçıları üçün “Zəfər Kölgəsi” adlı videoçarx nümayiş olundu.

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bu layihənin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanlarımıza həsr olunduğunu bildirdi, İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərin ölkəmizin şanlı tarixinin ən vacib hadisələrindən biri olduğunu qeyd etdi. Diqqətə çatdırdı ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar, Ordumuzun döyüş qabiliyyəti, Azərbaycan xalqının dövlətimizin başçısının ətrafında "Dəmir yumruq" kimi sıx birləşməsi İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbənin ən vacib elementləridir. Bu da incəsənətdə, p cümlədən rəngkarlıqda əks etdirilməkdədir. 

Digər natiqlər diqqətə çatdırdılar ki, müəllifi Elmar Məmmədzadə olan ipək üzərində kölgə effektli portretlər incəsənətdə yeni tərzdir. Bu günədək Elmar Məmmədzadə tərəfindən bir çox tarixi şəxsiyyətlərin portretləri hazırlanaraq müxtəlif ölkələrdə sərgilənib, maraq və hətta heyrət doğurub. 

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

Fikrət Əmirovun 100 illiyi Milli Kitabxanada qeyd edilib və bu, dahi bəstəkarın sonuncu 100 illik yubiley tədbiri olub

 

Ötən gün Milli Kitabxanada Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Fikrət Əmirov. Biblioqrafiya” kitabının və “Qoboy və fortepiano üçün altı pyes” not məcmuəsinin təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Vurğulayıb ki, “Bugün gözəl bir insanın işığına toplaşmışıq, nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var Fikrət Əmirovun adı daima yaşayacaq, “1001 gecə” baletini yaradan insan heç vaxt ölməyəcək, elə bir əsəri yaradan insan heç vaxt unudula bilməz”.

O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fikrət Əmirovun yubileylərini daima diqqətdə saxlayıb. Natiq həmçinin Ulu Öndərin Fikrət Əmirova olan münasibətindən bəhs edib. Bildirib ki, ölkə rəhbərliyi daim Fikrət Əmirovun fəaliyyətinə yüksək qiymət verib. Qeyd edib ki, “Milli Kitabxana olaraq bu gün Fikrət Əmirovun 100 illik yubileyini ona görə sonda qeyd edirik ki, nəşr olunan biblioqrafiyada bütün materiallar əhatə olunsun”. Həmçinin, dərc edilən “Qoboy və fortepiano üçün altı pyes” not məcmuəsinin nəşrindən də bəhs edərək vurğulayıb ki, bu, artıq nəşr olunan dördüncü məcmuədir. Direktor bildirib ki, “Biz hamımız Fikrət Əmirovun yaradıcılığı ilə fəxr edirik və bu irsi gələcək nəsillərə çatdıracağıq”.

Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurov çıxış edərək söyləyib ki, “Fikrət Əmirov haqqında çox danışmaq olar. Onu çox xoşbəxt bəstəkar hesab etmək olar, çünki əsərləri nəinki Azərbaycanda, bütün dünyada tanınır, bütün konsertlərdə onun əsərləri səslənir. Dahi bəstəkar Azərbaycan baletini bir addım daha irəliyə aparmışdır. “1001 Gecə” nağıllarını dünyaya tanıtmışdır”. O, daha sonra çıxışının davamında Fikrət Əmirov haqqında xatirələrindən bəhs edərək bildirib ki, bəstəkar dünyasını dəyişsə də, daim yaddaşlarda yaşayan insanlardandır.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək diqqətə çatdırıb ki, “Fikrət Əmirov adı təkcə Azərbaycan üçün yox, bütün dünya üçün vacib bir addır. 22 noyabr tarixi Fikrət Əmirovun anadan olduğu tarixdir. Dahi Üzeyir Hacıbəyovdan sonra Fikrət Əmirov, Qara Qarayev kimi bəstəkarlar öz üslublarını yaradan bəstəkarlardır”. O, qeyd edib ki, Fikrət Əmirov yeganə bəstəkardır ki, onun yaradıcılığında zəif janr yoxdur.

 

Sonra kitab təqdimatı hissəsinə keçid olunub. K.Tahirov qeyd edib ki, Milli Kitabxana daim Azərbaycan bəstəkarlarının əsərlərini araşdırıb çap etdirir və bu iş davamlı olacaq. O, vurğulayıb ki, Fikrət Əmirov haqqında dərc edilən bu kitablar bütün Bakı şəhərinin musiqi məktəblərinə göndərilir. Direktor 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Milli Kitabxananın Musiqi şöbəsində olduğunu və buranı Qızıl Fond adlandırdığını söyləyib. 

Xalq artisti Ramiz Quliyev çıxış edərək Kərim müəllimə təşəkkür edib. O, bildirib ki, Fikrət Əmirov əsərləri ilə dahiləşib, ilahiləşib. O, daima xalqla, xalq üçün yaşayıb yaratmışdır. Dahi bəstəkarın mahnılarına baxdıqda o əsərlərin gözəlliyini hiss etmək olar. O, qeyd etmişdir ki, Fikrət Əmirovun əsərlərini daima sevə-sevə ifa etmişdir.

Mədəniyyət Nazirliyinin əməkdaşı Kamran Musayev dərc olunan kitabların təqdimatında iştirak etməyin sevindirici hal olduğunu söyləyib, belə bir dahi bəstəkarın dünya mədəniyyət tarixi üçün böyük töhfə olduğunu vurğulayıb. 

İncəsənət və Qeyri-maddi Mədəni İrs Şöbəsinin baş məsləhətçisi Vüqar Hümbətov öz çıxışında bildirib ki, dahi bəstəkarın ata yurdu olan Gəncədə anadan olduğu üçün qürur hissi keçirir. O, bildirib ki, Fikrət Əmirovun yubileyi ilə bağlı UNESCO möhtəşəm konsert təşkil edib. Bu konsertdə çoxsaylı əcnəbi qonaqlar da iştirak ediblər.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev öz çıxışında not məcmuələrinin nəşrinə görə əməyi kəçən hər kəsə təşəkkür edərək, bunun çox əhəmiyyətli iş olduğunu vurğulayıb.

Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə nəşr olunan kitabı vərəqləyərək heyrətləndiyini və bu işin çox məsuliyyətli, çətin iş olduğunu bildirib. 

Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru, professor  Nazim Kazımov öz çıxışında kitabxana rəhbərliyinə təşəkkür edərək, bu işin çox fərəhli bir iş olduğunu bildirib. Qeyd edib ki, “biz hamımız onun əsərləri ilə böyümüşük.”

Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Sərdar Fərəcov bildirib ki, “biz dahi bəstəkarın musiqiləri ilə böyümüşük və onun müasirləri xoşbəxtdirlər ki, onun yaradıcılığından işıq alıblar”.

Sonda dahi bəstəkarın qızı Sevil Əmirova çıxış edərək yüksək səviyyəli tədbirin təşkilinə və faydalı nəşrlərə görə kitabxana rəhbərliyinə və qonaqlara  təşəkkür edib.

Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan və “Rəsmi sənədlər”, “Fikrət Əmirovun musiqi dünyası”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Fikrət Əmirov haqqında”, “Əsərləri”, “Fikrət Əmirovun fikirləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Mükafatları”, “Fotoqalereya” bölmələrindən ibarət olan “Fikrət Əmirov” adlı elektron məlumat bazası da iştirakçılara təqdim olunub.

Sonda tədbir iştirakçıları Fikrət Əmirovun əsərlərindən və haqqında yazılmış ədəbiyyatdan ibarət geniş kitab sərgisi ilə tanış olublar.

Beləcə, musiqisevərlərin Fikrət Əmirovun 100 illiyini özündə ehtiva edən 2022-ci ildə sonuncu yubiley tədbiri başa çatıb. 

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)

Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilir. Niyə?

 

 

Zülfiyyə Quluyeva yazır

 

 

Azərbaycanda nikah yaşına dəyişiklik edilməsi gözlənilir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin son iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib. B. Muradova bildirib ki, qanunvericilikdə nikah yaşı 18 qəbul edilməlidir: “Bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir, amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq”.

Komitə sədri bildirib ki, qanunvericilikdə nikah yaşı birmənalı 18 qəbul edilməli, heç bir istisna olmamalıdır: “Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna hallarını aradan qaldırsaq, erkən nikah ifadəsi dilimizdən çıxarılacaq”.

 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir ki, nikah yaşının 18 yaş qəbul edilməsi qanunvericilikdə edilmiş mühüm doğru addımdır. Onun sözlərinə görə, qanunvericilikdə nikah yaşında istisnanın qeyd olunması erkən evliliklərə yol açır. Bununla belə K. Ağazadə nişanlanmaq üçün də yaş məhdudiyyətinin qoyulmasını təklif edir. Bildirir ki, valideynlər adətən nişan adı altında övladlarına toy edirlər: ” Qapısında toy çalınır, amma qızın anası deyir ki, nişandır. Ona görə də məktəb yaşlı qızların nişanlanmasının qarşısı alınmalıdır”.

K. Ağazadə bildirir ki, əksər valideynlər nikah yaşında istisnalardan sui-istifadə edirlər: “İndi nikah yaşı 18 olsa da 17 yaşda nikaha icazə verilir. Valideynlər isə uşağın anasının, atasının xəstə olduğunu bəhanə edib qanundakı istisnadan sui-istifadə edirlər. 18 yaşdan aşağı nikaha icazə vermək olmaz. Ana ağır xəstə olanda uşağın gələcəyini məhv etmək olar? Valideyn dünyasını dəyişdikdən sonra övladı daha ağır vəziyyətə düçar olacaqsa, valideyn o dünyada rahatlıq tapmayacaq. Bunu valideynlər arasında təbliğ etmək lazımdır”.

Birlik sədri deyir ki, valideyn məsuliyyəti də qanun çərçivəsində müəyyən edilməlidir. K. Ağazadə övladını erkən yaşda nişanlayan, evləndirən valideynlərə qarşı daha sərt tədbirlərin görülməli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, nikahdan kənar uşaqların doğulması, boşanmalar əksər hallarda erkən nikahlarda qeydə alınır.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Afət Məmmədova isə qeyd edir ki, erkən yaşda ərə gedən qızlarda bir sıra doğuş patologiyaları yaranır. Onun sözlərinə görə, anemiya uşağın inkişafına yaxşı təsir göstərmir. Erkən yaşda ailə həyatı quran qızlarda hansısa səbəbdən olduğu bilinməsə də qan təzyiqi qalxır: “Normal doğuş 14 saat çəkir. Ləng doğuş isə daha uzun çəkir. Bu zaman qadının uşaqlıq əzələləri yığılır və uşaq doğulandan sonraq qadında çox təhlükəli qanaxma baş verə bilər”.

Mütəxəssis vurğulayır ki, hazırda rayonlarda erkən nikahlarla bağlı vəziyyət qənaətbəxşdir: “Erkən yaşda nikahlara daha çox Mərkəzi Aran, Dağlıq Şirvan zonasında, hətta Bakı və Abşeron kəndlərində və cənub zonasında rast gəlinir”.

A. Məmmədova qeyd edir ki, beynəlxalq təhlillər göstərir ki, 15-19 yaşlı qızlar arasında əsas ölüm səbəbi hamiləlikdir: “Təhlillərə görə, 18 yaşına qədər qızlarda ana ölümü hallarına əsasən erkən doğuş səbəb olur. 15 yaşından kiçik yaşda hamilə olanlarda bir sıra fəsadlar özünü göstərə, vaxtından əvvəl doğuşlar meydana gələ bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qadın üçün dünyaya uşaq gətirmək yaşı 18-35 yaş arasındadır”.

Xatırladaq ki, Ailə Məcəlləsində 10-cu maddə “Nikahın yaşı” adlanır. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Onu da bildirək ki, Milli Məclisin ötən gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı” müzakirə edilib. Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

 

Belə bir qarğış da var: “Sənin görüm kreditin olsun”. Zamanımızda bu bank əməliyyatı növünə hamımız müraciət edirik. Bəs kreditlər artan xətləmi inkişaf edir, yoxsa azalırmı? 

 

Gəlin Mərkəzi Bankın çıxardığı rəqəmlərə nəzər salaq. Bankların kredit portfeli noyabr ayında 1 faiz (203,4 milyon manat) artaraq 19 milyard 674,2 milyon manat olub. 

Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55,8 faiz (10 milyard 975,8 milyon manat) təşkil edib. 44,2 faizsə istehlak kreditləri (o cümlədən ipoteka) təşkil edir. 

Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 18,1 faiz və ya 3 milyard 15,1 milyon manat artıb. Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 3,2 faiz təşkil edib. 

Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 1,5 faiz bəndi azalıb.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82,2 faizi və ya 32 milyard 860,9 milyon manat). Depozit portfeli noyabr ayında 2,1 faiz (668,8 milyon manat) artıb. Depozit portfelinin 65,5 faizini hüquqi şəxslərin depozitləri, 34,5 faizini fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.

Rəqəmlər onu deməyə əsas verir ki, kredit götürənlərin sayında artım var və hər ay bu artım tendensiyası müşayiət olunmaqdadır.

Pul pul gətirər deyiblər. Arzu edək ki, vətəndaşlar yalnız xeyirli işlərə kredit götürüb vaxtında da borcdan çıxa bilsinlər.

Kredit sonda qapıya ədliyyə polisini gətirməsin.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Bu gün  görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayevin 85 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında mötəbər bir yubiley tədbiri keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yubileydə elm və ədəbiyyat xadimləri iştirak ediblər, görkəmli ədib barədə xoş sözlər söyləyiblər. 

 

Şirindil Alışanov.

Tədbirin aparıcısı filologiya elmlər doktoru, professor Şirindil Alışanov kərkükşünaslıqda Qəzənfər Paşayevlə müqayisə edilə biləcək tədqiqatçıların çox az olduğunu söyləyib. Və sözü qonaqlara verib. 

 

Aslan Cəfərov.

İlk olaraq söz alan kitabxananın direktoru Aslan Cəfərov söyləyib: “Qəzənfər Paşayev tək Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da tanınan, sevilən, hörmətlə qarşılanan bir alim və ziyalı kimi tanınır. Xalqına, millətinə ruhən bağlı olan Q.Paşayev milli dəyərlərimizi və milli adət-ənənələrimizi dərindən bilən, qoruyan, öz elmi, bədii əsərləri və məqalələri ilə bizi-bizə tanıdan, gələcək nəsillərə milli ruhu aşılayan dəyərli alim, hörmətli ziyalıdır.”

 

İlqar Fəhmi. 

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi alimin “Altı il Dəclə - Fərat sahillərində”, “Nəsimi edamdan sonrakı həyat” kitablarından bəhs edərək, “Nostradamusun möcüzəli aləmi” kimi əsərlərin tərcüməsində də onun əvəzsiz xidmətlərini qeyd edib.

 

Əlövsət Ağalarov.

Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov Qəzənfər Paşayevin uzun, keşməkeşli illərə arxalanan zəhmətinin, fəaliyyətinin Azərbaycan və İraq xalqlarının daha da yaxınlaşmasında mühüm rol oynadığını vurğulayıb.

 

Fəxriyyə İsayeva. 

Bakı Dövlət Universitetinin müəlliməsi Fəxriyyə İsayeva Q.Paşayevi əsl müdrik, qayğıkeş, xeyirxah bir müəllim, səmimi bir insan kimi xarakterizə edib.

 

Aslan Salmansoy. 

Filologiya elmləri doktoru Aslan Salmansoy ensiklopedik zəkaya malik alimin türkman folklorundan, ayrı-ayrı yazıçılardan əsərlər yazdığını, öz vəsaiti hesabına daim xeyirxah işlər gördüyünü söyləyib.

 

Adil Cəmil.

Tanınmış şair Adil Cəmil ona həsr etdiyi şeirini səsləndirib.

 

Qəzənfər Paşayev.

Sonda yubilyar çıxış edib. O, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Kərkük sevdalısı Qəzənfər Paşayev 85” adlı videomateriala, elmi, bədii, publisistik yaradıcılığından, müəllifi olduğu kitablardan ibarət virtual və ənənəvi sərgiyə, biblioqrafik siyahıya görə Gənclər Kitabxanasının rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirib.

 

Sonda ailə fotoşəkli çəkilib. 

Qeyd edək ki, Qəzənfər Paşayevin 85 iılik yubiley tədbirləri davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Qazaxıstanda yayımlanan Türkistan TV-nin “Turan today” proqramının növbəti buraxılışı Azərbaycan xalqının milli-mədəni dəyərlərinə və adət-ənənələrinə həsr olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsin məlumat yayıb. 

 

Məlumatda deyilir ki, Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Etnomədəni Birliyi üzvlərinin qatıldığı proqram Azərbaycan haqqında məlumatın əks olunduğu videoçarxın nümayişi ilə başlayıb.

Sonra birliyin sədri Ramilə Mustafayeva “Qarabağ” adını daşıyan təşkilatın fəaliyyətindən, Qarabağın azadlıq rəmzinə çevrilmiş Xarıbülbül çiçəyindən danışıb, qonaqpərvər xalqımızın mətbəx və süfrə mədəniyyəti barədə ətraflı məlumat verib, milli mətbəx nümunələrini təqdim edib.

Proqramın gedişində milli geyimli icma üzvlərimizin iştirakı ilə “Xınayaxdı” mərasimi, musiqi alətlərimiz və milli rəqslərimiz nümayiş etdirilib.

Proqramın canlı yayımına qoşulan Türkiyədə yaşayan rəssam həmyerlimiz İlham Ənvəroğlu xalqımızın milli-mədəni dəyərlərindən, Azərbaycan və qazax xalqları arasında olan tarixi köklərdən və bağlılıqdan bəhs edib.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Məşhurların həyatı çox zaman qeyri-adi olur. Əməkdar artist Rafiq Həşimov “O üz" verilişinə qonaq olarkən mərhum Xalq artisti Fuad Poladovla bağlı xatirələrini bölüşəndə buna bir daha əmin olursan. Diktor bildirir ki, F. Poladov xəstəliyinin ölümcül olmasını bilirdi və sanki ölümə hazırlaşırdı.

 

"Axırıncı 10-11 ayı bir yerdə olmuşuq. O müddət ərzində vidalaşırdı. Qəbiristanlıqlara tez-tez gedərdik, qohum-əqrabası ilə vidalaşırdı. Bunu başqa cür adlandıra bilmirəm. O bilirdi ki, xəstəliyi müalicə olunan deyil. Artıq o mərhələdə idi ki, xərçəng müalicəyə tabe olmurdu, ölümcül həddə idi. Günlərin birində dedi ki, gedək "Qurd qapısı" qəbiristanlığına. Gördüm orada daşın üstündə "F.P." yazılıb. Sən demə yer götürüb. Dedi, yəqin burada dəfn olunaram.

Elə evə qayıdanda söylədi ki, birdən həmin gün külək olar, xahiş edirəm, oğlu da cavan idi, birdən özünü itirər, evlərin arxasında xeyir-şər yeri var, camaat da soyuqda qalmasın, orada keçirərsiniz. Bir il müddətində hər gün sanki ölüm məşqi edirdi. Bunu başqa cür adlandıra bilmirəm. Bəlkə də bu cür deməyim yersizdir, amma mənə belə bir təəssürat bağışlayırdı. Hər gün sanki ölməyi öyrənirdi".

 

Qeyd edək ki, Fuad Poladov 2018-ci ildə vəfat edib. Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

 

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Christmas Jazz Concert” adlı caz kompozisiyalardan ibarət konsert proqramı təşkil ediləcək.

 

Caz ifaçıları Rain Sultanov və Şahin Növrəslinin musiqi qrupunun müşayiəti ilə bayram konserti paytaxt sakinləri və qonaqlar üçün ən gözəl Yeni il hədiyyəsi olacaq. 

Konsertdə ifaçılar sevilən Milad musiqilərini yeni və özünəməxsus tərzdə təqdim edəcəklər.

 

(23.12.2022)

 

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Rauf Hacıyevin musiqi miniatürləri” adlı konsert təşkil olunacaq.

 

Gecədə Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Əməkdar artist Adilə Əliyeva, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və "Şəms-qəmər" kamera xoru (bədii rəhbər və dirijor Leyla Zalıyeva, konsertmeyster Əməkdar müəllim Naibə Şahməmmədova) çıxış edəcəklər.

Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.