Super User
“Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür” – İntiqam Yaşar
Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
İntiqam Yaşar oğlu Cavanşir (İntiqam Yaşar)
Bu sərçələr yem dalınca
Tanrının yanından eniblər yanıma.
Son ümid, son güman kimi
Qonublar eyvanıma.
Hamı bir vaxt sərçə olur,
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.
Düşür özündən xəbərsiz,
Lələk-lələk qanadları.
Yolur yağış qanadları,
Yolur külək qanadları.
Ürəyimə daman kimi,
Nə yaxşı ki, dən səpmişəm.
Məni görüb uçardılar,
Dəni dünəndən səpmişəm.
Hamı bir vaxt sərçə olur.
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.
Torpaqların vətən olan tərəfi
Torpaqların vətən olan tərəfi,
qan azlığından əziyyət çəkir həmişə.
Qanını torpağa verir övladlar,
son cümləsinəcən...
Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür.
Taqətsiz vətənin üstünü örtməksə,
buluda düşür, ağaca düşür, yarpağa düşür...
Yoxsa...
Şəkil
Sən ey başdaşından boylanan şəkil,
Dünyaya baxmaqdan yorulmadınmı?
Burdan gəlib-keçən haqqa çatmaza,
Dişini sıxmaqdan yorulmadınmı?
Bir gəlib tozunu silənin də, yox.
Sən kimdin, nəçiydin - bundan kimə nə?
Bəlkə, bir istəyin, bəlkə, arzun var,
Utanma, çəkinmə, buyur, de mənə.
Əvvəllər bir qadın görərdim hərdən,
Gəlib dayanardı sənlə üzbəüz.
Deyəsən, heç o da baş çəkmir daha,
Nə dedin, xətrinə dəydi hansı söz?
Bəlkə, o qadın da köçüb dünyadan,
Köçübsə, görəsən, hardan boylanır?
Yəqin, başqa yerdə dəfn eləyiblər,
Yəqin, bir şəkil də ordan boylanır.
***
Yenə yağış yağır bu boş şəhərə,
Yenə ağacların duası çindir.
Adamsız şəhərdə bir ağac olmaq
Susuz səhralardan daha çətindir.
Meyvəsi kölgədir, kölgəsi meyvə,
Uduzur ömrünü gündə bir yoxa.
Bu ağac bəxtindən haçan yarıya?
Öyrənib ümidi hey boşa çıxa.
Göylər... ümid yeri... son güman yeri,
Göylər əl uzadar yerdəkilərə...
Yarı yolda qalmaz göydən gələnlər,
Gec də olsa çatar yerdəkilərə.
Üşüyən heykəl
Üşüyən heykələm yağışın altda,
Sinəmdə ürək yox, isinə canım.
Kim ayaq saxlayar, kim hal soruşar,
Adamsız şəhərdə adam dörd yanım.
Gözümdən min sual tuşlanıb göyə,
Sual yağışıyla cavab verirəm.
Yağış altda qalmaq bilirəm nədir,
Tanrı, mən sənə çox əzab verirəm.
Mənim bağışlanmaq istəyim yoxdur.
Son nöqtə torpaqdı, daşdı uzağı.
Bir gün biri çıxıb soruşacaq ki,
Niyə yağış altda qoydun uşağı?
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Şuşanın Mamayı məhəlləsi vəsf olunub
Şuşanın əsas ünvanlarından sayılan, Mir Mövsün Nəvvabın doğulub, boya-başa çatdığı Mamayı məhəlləsi haqqında videoçarx hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin yaydığı məlumatda bildirilir ki, videoçarxı hazırlamaqda əsas məqsədlərdən biri Şuşa ilə bağlı tarixi, mədəni abidələr, şəxsiyyətlər və məhəllələr haqqında bilgi verməkdir.
Bizsə onu əlavə edək ki, sözügedən məhəllə
şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid bulaq, kiçik meydan və hamam olmuşdur. Məhəllə Mamay bəyin adı ilə bağlıdır. Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamaqabağı məhəllələri yaşayış və inzibati binalar, küçələr biri-birini tamamlayır.
Mamayı məhəlləsinin kiçik düzbucaqlı sahəsi qonşu küçənin şimal tərəfindəki kurdener tərəfindən formalaşaraq, bulağın yerləşdiyi qovşağın bir az yuxarısında yerləşir. Meydanın içəri tərəflərində əsas fasadı meydana baxan və cənuba istiqamətlənmiş məhəllə məscid var.
Şuşa qalasının aşağı məhəlləri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqli idi. Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənir. Qalanın aşağı ərazisində su quyuları,çarhovuzlar,çeşmələr, kəhrizlər çoxluq təşkil edir. Küçələrin və məhəllə meydanlarının genişliyi, yaşayış binalarının, xana və xanın övladlarına, tacirlərə, din xadimlərinə məxsus olan binalar məhəllənin əzəmətini daha da artırır.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Prezident Ömər Eldarovu təltif edib
Prezident İlham Əliyev tanınmış heykəltaraş Ömər Həsən oğlu Eldarovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, Ö.Eldarov Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Türkiyə səfirliyi “VDNX”-nın “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edəcək
Moskvadakı VDNX adı ilə tanınan bir ünvan hələ də MDB məkanında mədəniyyətin cazibə nöqtəsi olmaqda qalır. Baxmayaraq ki, Rusiya Ukraynaya təcavüzkar müharibəyə başlamaqla mədəniyyət sözünü kölgəyə salıb. Növbəti xəbərimiz həmin o məkan barədədir.
Belə ki, Türkiyənin Rusiyadakı səfirliyi VDNX-kı (Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisindəki) “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edəcək.
“Ədəbiyyat və incəsənət” portalı Lenta.ru-ya istinadən xəbər verir ki, Türkiyənin Rusiyadakı səfirliyinin əməkdaşları mədəniyyət və turizm attaşesi İlker Özkanın başçılığı ilə sərgidəki “Azərbaycan” pavilyonunu ziyarət edəcəklər. Səfər çərçivəsində qonaqlar TEDA layihəsinin dəstəyi ilə türkiyəli müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş kitablarını səfirliyin arxivindən pavilyona hədiyyə etməyi planlaşdırırlar.
“Bunun sayəsində Moskvadakı türk ədəbiyyatı həvəskarları məşhur yazarların əsərləri ilə yaxından tanış ola, onları ana dillərində oxuya biləcəklər. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Poliqrafiya və Kitabxanalar Departamenti uzun illərdir ki, TEDA layihəsini həyata keçirir. Bu layihə çərçivəsində əcnəbi mütəxəssislərə türk ədəbiyyatının yaşadıqları ölkələrdə ana dilinə tərcüməsinə görə maliyyə dəstəyi göstərilir”, - pavilyonun mətbuat xidmətindən bildirilib.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Elza Seyidcahanın şairliklə yanaşı boksçuluğu da varmış
Əməkdar artist Elza Seyidcahan dodaqqaçıran çıxışları ilə daim diqqət mərkəzində olmurmu, olur. Səhər-səhər ekstravaqant müğənninin nöbvəti “Gülüş klubu” zəfəri.
Fəlakət kimi tanınan və "Fəlidən doğru xəbər" verilişini aparan komik aktyor Elşən Orucovun proqramında qonaq olarkən Elza xanım məktəbdə oğlanları döydüyünü etiraf edib.
"4 bacıyıq, qardaşımız yoxdur. Acığım gəlirdi, oğlanlar nəsə deyəndə döyürdüm onları. Uşaq idim, istəyirdim oğlan kimi bacılarımı müdafiə edim. Mənə məktəbdə boksçu deyirdilər", - deyə, E. Seyidcahan qeyd edib.
Müğənni, bəstəkar, şair - Elza xanımın bu məşğuliyyətləri anlaşılandır, eynicinslidir. Siyasət, millət vəkilliyinə namizədlik - bu tam əks istiqamətdir. İdman isə bu dəfə tamamdan betər əks istiqamətdir.
Hansı sahə qaldı ki, Elza Seyidcahan orda olmasın?
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Mədəniyyət həm də pis vərdişlərin əleyhinə olmalıdır
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim keçirilib.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının 4.4.34-cü bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təlim təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəsislərinin iştirakı ilə keçirilən təlimdə ilk öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək narkomaniya, onun fəsadları, insanlara, xüsusən də gənclərə, cəmiyyətə vurduğu zərərlər barədə məlumat verib. Daha sonra Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş informasiya verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Bakı, Sumqayıt və Kürdəmirdə keçirilən Ustad dərsləri barədə təfərrüat
XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi çərçivəsində cari ilin dekabr ayında Bakı şəhərində Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Kürdəmir regional mədəniyyət idarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin kamança, nağara, violin, akademik və estrada vokal, fortepiano müəllimləri üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən ustad dərsləri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması, UMİM-də təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.
Ustad dərsləri kamança ixtisası üzrə (12 dekabr) Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Arif Əsədullayev, nağara ixtisası üzrə (13 dekabr) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Təhmasib Məmmədov, violin ixtisası üzrə (14 dekabr) Bakı şəhər Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva, akademik və estrada vokal ixtisası üzrə (15 dekabr) Bakı Musiqi Akademiyasının vokal kafedrasının baş müəllimi, Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi Dmitriy Babayev və fortepiano ixtisası üzrə (16 dekabr) isə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi, Əməkdar müəllim Kamilla Əmirova tərəfindən aparılıb. UMİM və UMM-nin kamança, nağara, violin, akademik və estrada vokal və fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərində müvafiq ixtisaslar üzrə tədris metodikası nümayiş etdirilib, ixtisasın spesifik xüsusiyyətləri peşəkar müəllimlər tərəfindən əyani şəkildə şagirdlərin üzərində göstərilib.
Qeyd edək ki, ustad dərslərdə kamança ixtisası üzrə 24 nəfər, nağara ixtisası üzrə 24, violin ixtisası üzrə 25, akademik və estrada vokal üzrə 15 nəfər, fortepiano ixtisası üzrə isə 108 nəfər müəllim iştirak edib. Bundan başqa aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri də ustad dərslərində çıxışlar ediblər.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Nazir Anar Kərimovun Türkiyə mədəniyyət və turizm nazirinin müavini ilə görüşünün geniş icmalı
Mədəniyyət naziri Anar Kərimov dekabrın 20-də ölkəmizdə səfərdə olan Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanla görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qonağı səmimi salamlayan Anar Kərimov Azərbaycanda keçirilən Türk kinosu günlərinin əhəmiyyətini qeyd edib, nümayiş olunan filmlərin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını bildirib. Nazir bu kimi layihələrin, festivalların ənənə halını almasının mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Nazir dekabrın 19-da Bakıda Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclasının keçirilməsi və mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıqla bağlı əhəmiyyətli müzakirələrin aparılmasından məmnunluğunu bildirib. Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasına iki ölkənin mədəni əməkdaşlığı kontekstində böyük önəm verdiklərini deyib. Türkiyəli qonaq komissiyanın iclaslarının il ərzində iki dəfə keçirilməsi təklifini səsləndirib. Bildirib ki, konkret sahələr üzrə sıx şəkildə fikir mübadiləsi aparılması əməkdaşlığın dinamik inkişafına daha yaxşı töhfə verə bilər.
Söhbət zamanı birgə komissiya çərçivəsində muzey, kitabxana, mədəni irs və onun qorunması, təbliği ilə bağlı əməkdaşlıq məsələlərinə də toxunulub. Anar Kərimov qeyd edib ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarix-mədəniyyət abidələrinin bərpası və yenidən qurulması sahəsində Türkiyənin təcrübəsinə ehtiyac var. Bu sahədə fəaliyyət göstərən insanlar üçün qardaş ölkənin mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi faydalı olardı. Nazir qeyd edib ki, muzey əşyalarının bərpa və konservasiyası, mədəni irsin ixracı və idxalı, bu prosesin tənzimlənməsi mexanizmi və digər məsələlərlə əlaqədar Türkiyə ilə əməkdaşlıqda maraqlıyıq.
Görüşdə Azərbaycanda yaradıcı sənayelərin inkişafı, eləcə də Yaradıcı Sənayelər Assosiasiyasının fəaliyyəti barədə söz açılıb, mədəni turizm sahələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Anar Kərimov hazırda işğaldan azad olunan ərazilərdə, eləcə də digər regionlarımızda aparılan arxeoloji qazıntılara türkiyəli mütəxəssislərin də cəlb olunduğunu bildirib. Deyib ki, bu sahədə ölkəmizdə insan resursları yetərli olsa da, müvafiq laboratoriyaların azlığı müşahidə olunur. Türkiyədə isə bu sahədə 10 laboratoriya mövcuddur və ölkəmizdə aparılan araşdırmaların nəticələrinin müəyyənləşdirilməsində qardaş ölkənin imkanlarından istifadə edilir.
Dədə Qorqud Türk Dünyası Film Festivalından danışan Anar Kərimov festivala gənclərin daha çox maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib. Deyib ki, bu festival Türk dünyası kinosunun ölkələrimiz arasında daha yaxşı təbliği baxımından diqqətəlayiq layihədir.
Ahmet Misbah Demircan da sözügedən festivalı yüksək dəyərləndirib, gələcəkdə “Dədə Qorqud Kino Akademiyası”nın yaradılması ilə bağlı təşəbbüslə çıxış edib. Bildirib ki, türk dövlətlərində kino nümayişinin vahid bir platforma üzərindən həyata keçirilməsi əhəmiyyətli olar. Nazir müavini, həmçinin Türk dünyası ölkələrini və xalqlarını əhatə edən kino məktəbinin açılması məsələsini də gündəmə gətirib. O, Azərbaycan və Türkiyənin bu layihənin əsas təşəbbüskarı kimi çıxış etməsinin önəmini vurğulayıb.
Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Mədəniyyət naziri “Kod adı V.X.A” tamaşasının premyerasını izləyib
İzləyicilərini daim sevindirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki gün ardıcıl nümayiş olunan “Kod adı V.X.A” tamaşasının premyerası anşlaqla keçib.
Tamaşanı mədəniyyət naziri Anar Kərimov da izləyib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tanınmış maarifçi və ictimai xadim, istiqlalçı şair Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş yeni tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.
Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edib.
Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən yeni səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.
Premyeradan sonra nazir Anar Kərimov səhnəarxası görüş keçirərək, yaradıcı heyəti təbrik edib və onlarla xoş təəssüratlarını bölüşüb.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Xalq yazıçısı Elçin Əfəndiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Akademik Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, teatrşünas-tənqidçi, professorlar İlham Rəhimli, Aydın Talıbzadə, yazıçı-dramaturq Əli Əmirli, tarix elmləri doktoru, professor Solmaz Tohidi, Əhməd Cavad və Qayıbovlar nəslinin nümayəndələri, Dilbər Axundzadənin nəvəsi Leyla Axundzadə, eləcə də digər tanınmış teatr xadimləri və incəsənət adamları da premyeranı izləyiblər.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri - “Mifoloji lüğət”
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – klassik ədəbiyyatlarda, qədim yunan əsatirlərində yer alan söz və ifadələrin, məkan, tanrı və bədii əsər qəhrəmanı adlarının toplandığı irihəcmli “Mifoloji lüğət” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzinin məlumatına görə, kitabın tərtibçiləri Mərkəzin dil və tərcümə mütəxəssisləri Bəhlul Abbasov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, redaktorları Rəbiqə Nazimqızı və Şəfiqə Quliyeva, “Ön söz” müəllifi Etimad Başkeçiddir.
Qeyd edək ki, lüğət humanitar sahələrdə çalışan elm adamları, müəllimlər, bilavasitə əlaqədar ədəbiyyatların tədrisi və tədqiqatı ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)