Super User

Super User

“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.

 

 

6-Cİ PROSES.

MƏNİMSƏMƏ.

 

Bugünkü proses əvvəlkilərdən ilk öncə kulisdən gələn məlum anonsda ad-soyad çəkilməməsi ilə fərqləndi. Belə ki, bu səs özündə mücərrəd bir informasiya daşıyırdı: ”Bu gün Divan qurulan erməni mədəniyyətidir. Simvolik olaraq müttəhimlər kürsüsündə əyləşmək üçün Ermənistanın hazırkı təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan dəvət olunur.”

Ağ örpək növbəti portretin üzərindən götürüldü, üstündə dəfnə yarpağı qoyulmuş arfa aləti həkk olunmuşdu.

Üzü yüngül tüklü, qara kostyum və bənövşəyi qalstuk taxmış şəxs – erməni naziri mühafizəçilərin müdaxiləsi olmadan gəlib müttəhimlər kürsüsündə əyləşdi, əyləşərkən “Gördüyünüz kimi mən burda əyləşirəm, amma burda əyləşməyim tam absurddur” sözlərini də söylədi.

Daha bir fərq Hakimlər kürsüsündə Baş Hakimin və yaşlı hakimin olmaması idi, orada cəmi bir hakim – yaşca cavanı əyləşmişdi.

Gənc hakim auditoriyanı salamlayıb sözə başladı:

-Əziz tamaşaçılar, mənə etimad göstərib bugünkü prosesi aparmağıma icazə vermiş Divanın işlər vəkilinə, Baş Hakimə minnətdarlıq bildirərək, uzun və ağır prosesdə Baş Hakimin və qocaman hakim kolleqamın bir günlük fasilə götürmək zərurətlərlərini anlayışla qarşılamağınızı sizdən xahiş edirəm!

Məsələ belə idi: Qarşıda olduqca ağır proselər olduğundan, xüsusən ertəsi gün ən qatı erməni qulduru Andronik Ozanyanın Divanı qurulaçağından, bu prosesin simvolik proses olması fürsətindən istifadə edib əsas hakimlər bir günlük fasilə götürmüşdülər, həm də, gənclərə yol açmaq, onların təcrübə toplamasına dəstək vermək baxımından da bu addım yerinə düşürdü.

Gənc hakim sözünə davam etdi:

-Hakim kolleqalarımın və sizlərin etimadınızı doğruldacağıma inamımı ifadə edir və dərhal mətləbə keçirəm. Bu gün biz ermənilərin işğal etdikləri azərbaycanlıların əqli mülkiyyətləri barədə yarımproses keçirəcəyik. Divan qurulan erməni mədəniyyətidir, simvolik olaraq ermənilərin mədəniyyət naziri cənab Araik Arutyunyan müttəhim kürsüsündə əyləşib.

Arutyunyan gənc hakimdən “Siz milliyyətcə kimsiniz?” soruşdu, “Norveçlı” cavabını aldıqda dərhal “Mən sizin proses aparmağınıza etiraz edirəm, siz maraqlı tərəfsiniz, erməni xalqına əks danışacağınız aşkardır” deyə dirəniş göstərdi, düzü, gənc hakim duruxub qaldı, nə edəcəyini bilmədi, belədə Divan heyətinin inzibati rəhbəri Arutyunyana belə bir sual verdi:

-Cənab Arutyunyan, siz norveç xalqının erməni xalqı ilə mübahisəli bir məsələsinin, problem doğuracaq bir anlaşılmazlığının adını çəkin, biz norveçli hakimi prosesdən uzaqlaşdıraq.

Təbii ki Arutyunyan tutarlı bir arqumenti gətirə bilmədi, yenidən “Bu absurddur” deyə səsləndi, amma gənc hakim daha ona əhəmiyyət verməyərək simasına təbəssüm qondurub sözünə davam etdi:

-Mən filmlərə baxmağı çox sevirəm. Zövq palitramda ən müxtəlif səpkili filmlər var. Bir yandan intellektual və psixoloji filmlər, bir yandan dram və trillerlər, bir yandan ekşn və müharibə filmləri, bir yandan tarixi filmlər və fentezilər, yaxud detektiv və kriminallar, yaxud eşq filmləri və melodramlar... Çox yüklənmək istəyəndə Fellinidən tutmuş Kirosmaniyə qədər dühaların işlərinə, yorğun anlarımda Çaplinin lal-kar filmlərindən tutmuş müasir 4D komediyalaracan hər şeyə baxıram. Lap gənc vaxtlarım idi, tələbə yataqxanasında qalanda “Mimino” adlı bir sovet komediyasına baxmışdım, erməni və gürcü şəxslərin Moskvadakı macərasından bəhs edirdi, çox bəyənmişdim həmin filmi. Erməni rolunu olduqca komik aktyor Mkrtçyan canlandırmışdı, gürcü rolunu isə müğənni Kikabidze. Bax o filmdə Mkrtçyan Kikabidzedən dolma adlı yeməyi sevib sevmədiyini soruşur, ardınca da ermənilərin dolmasının çox dadlı olmasını izhar edir. Filmin həmin yerində, bir Bakı ermənisi tələbə yoldaşım vardı,  o qayıdıb dedi ki, bizim ermənilər lap ağını çıxarıblar, axı dolma necə erməni yeməyi ola bilər ki, dolma sözü erməni sözü deyil? Ardınca mərdliklə etiraf etmişdi ki, dolma – azərbaycanlıların mətbəxinə aid yeməkdir, tənək yarpağının içinə ət qiyməsi qoymaqla hazırlanır. Dolma – doldurmaq sözündəndir. Bax ilk dəfə mən o zaman mənimsəmək üzrə erməni fantaziyasının şahidi oldum.

Auditoriya gənc hakimi uğurlu mövzu girişi münasibətilə alqışladı, Arutyunyan yerindən “Xeyir, dolma ermənilərindir” söylədisə də, onun sözü heç kim üçün bir əhəmiyyət kəsb etmədi, gənc hakimsə simasına ciddi ifadə verib sözünü davam etdirdi:

-Sirr deyil ki, bəşər tarixində ermənilər ən çox Azərbaycan xalqına zərər toxundurmuşlar. Hazırda Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamaqla yanaşı bu xalqın mədəni irsini mənimsəməklə də ad çıxarıblar. Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir, artıq özgə ənənələrinin qarət edilməsi və mənimsənilməsi bir erməni ənənəsinə çevrilmişdir.

Ermənilər əyləşən cərgənin növbəti etiraz dalğası eşidildi, Divan heyəti onlara prosesin qaydasını anlatdı, başa saldılar ki, konkret olaraq hansı fakta etrazları olarsa bildirərlər, sübut edilməsə prosesdə üstünlük əldə edən tərəfə çevrilərlər.

Gənc hakim çıxışına davam etdi:

-Məsələnin ciddiliyi Azərbaycanın qanunverici orqanı olan Milli Məclisinin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasına «Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması» sənədi şəklində təqdim də edilib, Milli Məclisin «Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar» adlı Bəyanatında da öz əksini tapıb. Qeyd olunub ki, «Böyük Ermənistan» xülyası ilə yaşayanlar tərəfindən oğurlanmış Azərbaycan xalqına məxsus təzahürlər də «böyük erməni mədəniyyətinin» dəlilləri kimi göstərilir. Konkret olaraq, Azərbaycanın Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi xalqın folklor nümunələrinin bir neçə mənimsənilmə və oğurluq mərhələsini sistemləşdirmişdir ki, mən diktorlardan xahiş edərdim, həmin sənədi Divan üzvləri və auditoriya üçün oxusunlar.

Bir xanım diktor tribunaya keçib sənədi oxumağa başladı:

-Salam, dəyərli Divan heyəti, salam, dəyərli tamaşaçılar. Sizə paylanan materiallarda çoxlu təkzibedilməz faktlar var ki, qədim dövrlərdən gələn Azərbaycanın Daş-balıq, Daş-qoç, Daş-at abidələrini özününküləşdirən, qədim Alban torpaqlarını və abidələrini «Şərqi Ermənistan» ərazisinə çevirmək istəyən erməni saxtakarları Azərbaycan tarixinin xristianlıq dövrünün kilsələrini, stella və xaçdaşlarını, nişan-daşları və başdaşlarını və bunlarda həkk olunmuş milli dekoru, habelə digər maddi abıdələri də mənimsəmişlər. Bunlarla yanaşı, qədim dövr tarixçiləri Musa Kalanqatlının «Alban tarixi»ni, Karakos Gəncəlinin «Tarix»ini, Muxtar Kosanın «Alban xronikası»nı və «Adət hüququ»na aid Qaydalarını da erməniləşdirmişlər. Hətta qədim türk kökündən gələn, Gəmiqaya yazıları ilə səsləşən alban əlifbası və yazısını belə alban dilini bilməyən erməni Mesrop Maştosun adına bağlamışlar.

İş ondadır ki, Azərbaycan xalqından mənimsəmə və oğurluqlar zaman – zaman ermənilərin öz dili ilə də etiraf olunub. Məsələn, məşhur erməni yazıçısı Xaçatur Abovyan “Ermənistan yaraları” adlı əsərində yazıb: «Türkü lənətə gəlsin, amma onun dili Tanrı xeyir-duası görmüşdür», «Bizim dilimiz ən azı 50 faiz türk və fars sözlərindən ibarətdir», «Hər hansı bir təntənəli toplantı və ya toy olarsa, biz türkcə oxuyuruq», «Bızım dilə Azərbaycan dili o qədər daxil olub ki, nəğmələr, şerlər, atalar sözləri türk dilində səslənirdi».

Ermənilərin türkdən mədəniyyət işğal etməsi faktını hətta xarici şəxsiyyətlər də etiraf etmişlər. Rus Bestujev-Marlinski və alman Haksthauzen yazıblar: «Ermənilər erməni dilində yox, tatar (türk) dilində mahnı qoşurlar», «Ən məhşur erməni şairləri öz əsərlərini yaymaq üçün həmişə türk dilində yazırlar”, «Bu dil ilə bütün Asiyanı başdan-başa dolaşmaq olar” və s.

 Haqverdiyanlar, Ağayanlar və digər erməni mədəniyyət xadimləri 19-cu əsrin ikinci yarısında «Əsli və Kərəm», «Şah İsmayıl», «Aşıq Qərib», «Koroğlu» kimi olduqca məşhur Azərbaycan dastanlarını da erməniləşdirməyə çalışmış, onların mənəvi rəhbərliyi və yalan təqdimatları nəticəsində Fridrix fon Bodenştedt kimi əcnəbi tədqiqatçılar Azərbaycan folklorunun atalar sözlərini, nağıllarını Avropaya erməni nümunələri kimi tanıtmışlar. Həmin Abovyan və Aqayan kimi erməni ədibləri “ermənilərin mahnılarla qarışıq dastanları yoxdur, bunlar ancaq türkcədir», deyə-deyə, Azərbaycanın aşıq musiqisini erməni «aşıqların - «hüsanların» (türkün “ozan” sözündən gəlir) ifasında özlərinin musiqi nümunələrinə çevirmişlər. Halbuki, bəllidir ki, ermənilərin baş aşığı sayılan Sayat Nova başda olmaqla 400-dən artıq erməni aşığı şerlərini Azərbaycan dilində yaradaraq, Azərbaycan dastanlarını Azərbaycan musiqisinin müşahidəsi ilə Ermənistan ərazisində yayırdılar.

Gənc hakim diktor mətninə ara verdirib özü düşündüyü bir improvizasiyanı elan etdi. Erməni aşığı Sayat Novanın qiyafəsində bir aktyor səhnəyə çıxıb əlindəki kamançanı sınəsinə sıxıb ifa elədi, sonra azərbaycanca söylədi:

-Məclisimizdə nəinki türkçə yazıb-yaradan, həm də islam dininə sitayiş edən erməni aşıqlarımız çıxış edəcəklər. Ələvi-bektaşilik cərəyanının mahir söz ustalarından biri olan erməni aşığı Yeksani Türkiyə irfani ədəbiyyatının bir sıra gözəl nümunələrinin müəllifidir. Buyurub bir neçə kəlmə səsləndirsin.

Əlində saz, başında şiş papaq bir aktyor aşıq Yeksani obrazında çıxıb saz çala-çala bu bəndi söylədi:

İstəməm aləmdə qeyri-meyvəni

Dadına doyulmaz balımdır Əli.

İstəməm dünyayı versələr dahi

Qoxlasam sünbülü gülümdür Əli.

Yeksaniyəm, necə düşdüm dərdinə

Qərq oldu vücudum çilə bəndinə

Solmaz oldu könül kəndi-kəndinə

Söylər dəhanımda dilimdir Əli.

        Ardınca Sayat Nova obrazı səhnəyə başqa bir erməni aşığı obrazını dəvət etdi:

       -Əsl adı «Movses» olan, ələvilik dini cərəyanına qoşulduqdan sonra isə «Haqqı» təxəllüsünü götürən digər erməni saz və söz ustası da irfani şeirləri ilə təriqət içərisində böyük populyarlıq qazanmış, türk-islam düşüncəsinə uyğun sufi həyat tərzi sürmüşdür. İndi də onu dinləyək.

      Digər aşıq obrazı da saz çala-çala şeir söyləməyə başladı:

Haqqa çağırır yaradan Qəni,

Dərdlərin, dərdlilərin dərmanı,

Bundan sonra çox sürərik dövranı

Yetiş Allah, ya Məhəmməd, ya Əli!

Tamaşaçılar səhnəni çox bəyəndilər, alqışladılar, diktor mətni davam etdirildi:

-Uzun illər Azərbaycan xalqının iradəsindən asılı olmayaraq bu oğurluq faktlarının üstündən sükutla keçilmiş, istər Çar Rusiyası zamanında, istərsə də sovet dövründə folklor nümunələrinin və müəllif əsərlərinin oxşarlığını, hətta eyniyyət təşkil etməsini yaxın coğrafi məkanda yaşamaqla, iqtisadi, sosial-siyası münasibətlərlə izah etmişlər. XX əsrin 80-cı illərində erməni tədqiqatçıları Təhməzyan, Sigsiyan və başqalarının «çalışmaları» nəticəsində saxtakarlıqla dolu «böyük erməni» mədəniyyəti röyası yaradılmışdır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasında Şirinin milliyətcə erməni şəhzadəsi olması, Xosrov Pərvizin saray musiqiçilərinin rəhbəri Sərkeşin Sarkis olması barədə, hətta dünyaşöhrətli tədqiqatçı olan Bertelsi təhrif etməklə «araşdırmalar» aparılmışdır və ümumiyyətlə Ermənistanı mədəniyyət beşiyinə çevirmək üçün erməni mədəniyyətinin bütün Şərq xalqlarına təsiri barədə nağıllar belə uydurulmuşdur. Qəribədir ki, kəskin etirazlarına baxmayaraq, ermənilərin öz musiqilərində istifadə etdikləri musiqi alətlərinın belə adları türkcədir: saz, səntur, kaman, bağlama və s. Onlar utanıb çəkinmədən bu musiqi alətlərini də öz adlarına yazırlar. Erməni tədqiqatçısı Brutyanın «Erməni muğam ifaçıları Bakı və Şuşadan çıxmışlar» etirafına baxmayaraq, hazırkı dövrün bir sıra erməni musiqişünasları, o cümlədən Brutyan özü “ermənilərin orta əsrlərdə muğamın inkişafındakı rolun”dan danışır, avantüraya əl ataraq muğamın kökünü erməni monodiya musiqisınə bağlamağa cəhd göstərirlər.

Xanım diktoru əvəz edən digər xanım diktor oxunuşu davam etdirdi:

-Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun məşhur «Arşın mal alan» operasını oğurlayan ermənilər əsl müəllif dünya ictimaiyyətinə sübut olunandan sonra, 80-ci illərdə radio və TV vasitəsilə SSRİ hüdudlarında tanınmış  erməni bəstəkarı A.Babacanyanın vasitəsi ilə yenidən Üzeyir Hacıbəyova basqı etmiş, bu dəfə onun iki komediyasını Qarabağın hansısa erməni kəndinin melodiyaları kimi təqdim etmişdilər.

Tarixlərini iki min il yarımdan çox hesab edən ermənilər, ən qədim mədəniyyətə, o cümlədən folklorun mühüm bir hissəsi olan atalar sözlərinə malik olmaları ilə qürurlanırlar. Onlar 1967-ci ildə SSRİ EA-sının «Elm» nəşriyyatı vasitəsilə oğurlanmış Azərbaycan atalar sözlərini «Armyanskiy folklor» adı altında təqdim etmişlər. Halbuki, dərhal nəzərə çarpırdı ki, bu məsəllərin erməni dili ilə bağlılığı yoxdur. Çünki məsəl yarandığı xalqın dilində poetik forması, anonim və antonim sözlərin dərin məna çalarlığının müqayisəsi ilə seçilir, tərcümə olunduğu dildə isə informasiya yüklü adi cümlə formasında olur. Fikir verin, kitabda verilmiş rusca «Senu zolota znaet tolko yuvelir» məsəli erməni dilində də adi tərcümə xarakteri daşıyır, amma azərbaycanca «Zər qədrini zərgər bilər» şəklində - zər və zərgər sözlərinin poetik rədifliyi ilə zövq oxşayır.

Bu izah publikanın çox xoşuna gəldi, onlar bunu alqışlarla büruzə verdilər. Diktor alqışların bitməsini gözləyib mətn oxunuşunu davam etdirdi:

-Azərbaycan tərəfi ermənilərin məntiqə sığışmayan aşağıdakı uydurmalarından da Divana şikayətçı düşüb ki, bunlar da erməni oğurluğunun və plagiatının ana xəttini təşkil edir: Azıx, Qobustan, Gəmiqaya - bu adlar Azərbaycanın müxtəlif regionlarına: Qarabağ, Şirvan və Naxçıvana aid qədim mədəniyyətin parlaq nümunələridir. Məsələn, Gəmiqayadakı daş təsvirləri qədim Naxçıvanda e.ə. IV-I minilliklərdə yaşayan azərbaycanlıların, onların türk köklü ulu babalarının həyat tərzini, məşğuliyyətini, məişətini, dini və kosmoloji görüşlərini, totemlərini, mənəvi mədəniyyətini əks edən təsvirlərdir. Bunlar Qobustan təsvirlərinə (15-10 minilliklər e.ə.), habelə hazırda erməni işğalı altında olan Kəlbəcər qaya rəsmlərinə uyğundur. Bütün bunlar Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin inciləridir. Lakin, erməni Ayvazyan Rusiya mətbu orqanlarında bunların ermənilərə məxsus olmasını çox canfəşanlıqla isbat eləməyə çalışıb. Yeganə «sübutu» isə ondan ibarət olub ki, erməni xalqı qədim xalqdır və yalnız hayklar bu gözəllikləri yaratmağa qadirdirlər. “Gəmiqaya Nuh gəmisinin təsviri kimi yalnız ermənilərin ola bilər” deyən ermənilərin “Noyev kovçaq” sərsəmləməsini kim eşitməyib ki?

Xanım diktorlar yenidən yerdəyişmə etdilər:

-Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazisində yerləşən Azıx mağarasında ibtidai insan - «azıxantrop»un kəşf edilməsi, qədim mədəniyyətin bəşəriyyətə çatdırılması erməniləri sakit qoymur. Mkrtıçyan soyadlı başqa bir erməni tədqiqatçı bütün bunları erməni mədəniyyətinin kökləri elan edir, onun «sübutu» isə bundan ibarətdir ki, erməni dilində «turş üzüm» «azox» kimi səslənir və bu səbəbdən də mağaranın və ibtidai insanın adları Azox və azoxantropdan təhrif edilərək Azıx və azıxantrop olmuşlar..

Başqa bir mənimsəmə faktı: «Kitabı Dədə Qorqud» abidəsi Azərbaycanın, ümumən türkçülüyün nadir eposudur. Yunanlar Homer poemalarını yunan eposunun inciləri kimi, almanlar «Nibelunqlar haqqında mahnı»nı, fransızlar «Roland haqqında mahnı»nı, ruslar «Bılinaları»nı qoruduğu kimi, türklər də «Dədə Qorqud»u türk xalqının qəhrəmanlıq abidəsi kimi əsrlərdən – əsrlərə keçirib bugünki nəsillərə çatdırıblar. Lakin ermənilər heç bir sübut və dəlil gətirmədən bu eposun erməni təəssüratı altında yazılması kimi fitnəkar mülahizələrini dərc etdirirlər və eposun bir hissəsinə öz müəlliflik möhürlərini vurmaq istəyirlər.

Növbəti mənimsəməyə cəhd faktı: ermənilər Azərbaycanın Eldəniz hökmdarlarının sifarişi ilə məşhur memar Əcəmi Naxçıvaninin yaratdığı «Möminə Xatun» abidəsini də erməniləşdirməyə cəhdlər göstəriblər. Xaçaturyan soyadlı erməni memar bu xatirə kompleksində «erməni memarlıq üslubu» hiss olunduğunu bəyan edib. Ümumən, ermənilər tarixən Azərbaycan mədəniyyətinin saxtalaşdırılması, kontafaksiyası və mənimsəməsı niyyətləri güdərək erməniləşdirmə xəttini götürüblər.

Diktorlar mətnləri oxuyub qurtardıqdan sonra gənc hakim onlara minnətdarlıq bildirib sözü ekspertlərə vermək istədi, amma cənab Arutyunyan söz demək istədiyini bildirəndə Divan üzvləri ilə məsləhətləşib ona söz verdi.

Bahalı odekalonunun qoxusu hətta ön sırada əyləşmiş tamaşaçıların belə burunlarını qıdıqladığının fərqinə varan, Müttəhimlər sırasında əyləşmiş Kim Qardaşyanın “hansı ətirdir?” sualına “Şeyxdir” deyə cavab verən Arutyunyan sözə başladı:

-Qədim Ermənistan dövlətinə və qədimdən qədim erməni xalqına aid qədim erməni mədəniyyətinə həm müasir Ermənistan ərazisi, həm də tarixi Ermənistanda erməni xalqının yaratdığı maddi və qeyri-maddi mədəni irs nümunələri daxildir. Erməni xalqının mədəniyyət tarixi eramızdan əvvəl VI-V əsrlərdən başlayır və bu, daha da qədim Urartu mədəniyyətinin davamıdır. Britannica ensiklopediyasında qeyd olunduğu kimi, Ermənistan dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir.

 Yerdən fit səsləri, etiraz sədaları ucalsa da natiq özünü o yerə qoymadan davam etdi:

-Xristianlığın IV əsrin ilk illərində Ermənistanın dövlət dini olaraq qəbul edilməsi erməni xalqının tarixinin və mədəniyyətinin inkişafında böyük rol oynamışdır. IV əsrdən etibarən erməni mədəniyyəti tarixində yeni bir mərhələ - orta əsrlər dövrü başlayır. Erməni mədəniyyətinin ümumi yüksəlişi VII əsrə qədər olan dövrü əhatə edir. Sonrakı nəzərəçarpan inkişaf dövrü X əsrin sonlarında başlayır və 885-ci ildə Ermənistan tarixində yeni bir qızıl dövrün başlanğıcı olan müstəqil Ani krallığının bərpası ilə əlaqələndirilir. Mədəni yüksəliş dövrü XIII əsrə qədər davam edir və bəzi müəlliflər tərəfindən "Erməni İntibahı" kimi xarakterizə olunur...

Yerdən kiminsə “Belədirsə, bəs sizin Nizami Gəncəviniz niyə yetişməyib?” replikasını qulaqardına vuraraq natiq çıxışını davam etdirdi:

 - XV-XVI əsrlərdə təxminən iki əsr böhrandan sonra XVII əsrdən etibarən Ermənistanda mədəni həyat canlanır. 1918-ci ildə müstəqil Ermənistan dövlətinin yaradılması ilə...

Bu yerdə gənc hakim natiqin mikrofonunu söndürməli oldu, söylədi ki, bu danışılan mətləbin prosesə heç bir aidiyyatı olmadığından Divanın bu cəfəngiyyatı dinləməsinə lüzum yoxdur, odur ki, cənab Araik Arutyunyanın özünü yormadan yerinə keçməsi məqbul olar. Araik Arutyunyan “Bu absurddur” söyləyib yerinə keçdi. Gənc hakim sözü ekspertlərə verdi, ekspertlər bir arayış təqdim etdilər:

-Ermənilərin dəqiq dəst-xətləri duyulan bir siyasətlərini müəyyənləşdirmişik: onlar ilkin mərhələdə Azərbaycan torpaqlarında məskunlaşır, sonrakı mərhələdə bu torpaqları özününkü elan etmək üçün mədəniyyətlərinə göz dikir, imkan daxilində onu öyrənir və geniş istifadə edirlər, daha sonrakı mərhələdə isə Azərbaycan mədəniyyətini mənimsəyir və nəhayət, onu öz milli mədəniyyət nümunələri elan edirlər.

Erməni sırasından “Sübut edin!” deyə çığırtılar eşidildi, çıxışçı ekspert “Sübutlar mətnin içərisindədir” deyə cavab verib mətn oxunuşunu davam etdirdi:

-Ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün bir sıra ənənəvi üsullar və prosedurlar işlədirlər: - Intellektual fırıldaqçılıq və plagiatlıq bir coğrafi ərazidə yaşayan qonşu xalqların mədəni ənənələrinin yaxınlığı ilə izah edilir; - birbaşa intellektual piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus nümunələr erməni mədəni mülkiyyəti adı altında tirajlanır və yayılır; - Azərbaycanın ədəbi folklor nümunələri və digər əsərlər erməni transkripsiyasına çevrilir, maddi daşıyıcılara köçürülür və saxlanmaq üçün fond və arxivlərə veriləndən sonra, oradan «qədim erməni əsərləri» kimi çıxarılır və daha çox xarici dillərə tərcümə edilərək yayılır. Bir sözlə əqli oğurluq, erməniləşdirmə və süni surətdə erməni qədimləşdirməsi prosesi gedir. - Azərbaycan folkloru əsərlərindəki süni surətdə erməniləşdirilmiş personajlara həsr olunmuş «tədqiqat əsərləri» nəşr olunur və «elmi işlərdə» erməni şəklinə salınmış bu və ya digər Azərbaycan mədəniyyət nümunəsinin erməni mənşəyinin və ya ona ən azı erməni təsirinin sübut olunması üçün saxta dəlillər yapışdırılır. Nəticədə Azərbaycanın folklor nümunələri və müəllif əsərlərinin qeyri – qanuni istifadəsi, saxtalaşdırılması və qarət edilməsi halları geniş vüsət alaraq nəşr olunur, fonoqram və videoyazılarda istehsal olunur, media şəbəkəsində, o cümlədən internetdə geniş yayılır. Beləliklə, bu «informasiya mübarizəsində» ermənilər beynəlxalq ictimaiyyətin rəyini çirkin niyyətlərinə istiqamətləndirməyə çalışırlar.

Ekspert ermənilər əyləşən sıraya bir qovluq kağız yolladı, söylədi ki, buyurun, bütün mənbələrin bir nüsxəsi də qoy sizdə olsun.

Sonra davam etdi:

-Nəzərə alaq ki, BMT-nin mədəniyyət komissiyası - YUNESKO «Qeyri-maddi mədəni irsin qorunub saxlanması haqqında» Konvensiya qəbul edib və burada folklor nümunələrinin beynəlxalq qeydiyyat sistemi tezliklə fəaliyyətə başlayacaq. Beynəlxalq ictimaiyyətin folklor nümunələrinin qorunması və saxlanılması məqsədlərinə diqqətinin artdığı bir şəraitdə və bununla birlikdə bu sahədə məsələləri tənzimləyən beynəlxalq hüquqi qorunma alətinin olmadığından istifadə edərək, erməni tərəfi bütün mümkün üsullarla Azərbaycan mədəni irsinin nümunələrini, o cümlədən folklor janrına məxsus əsərləri özününkü kimi qeydə almağa və yaymağa çalışmaqla misilsiz saxtakarlığa imza atır. Azərbaycan folkloru nümunələrinin qarət edilməsində və mənimsənilməsində «əvəzsiz» xidmətləri olan «Ani-rekords» adlı erməni studiyasının qeyri-qanuni hərəkətləri barədə müvafiq qaydada Azərbaycan tərəfinin şikayəti öz bəhrəsini vermişdir. Artıq «Ani-rekords»un fəaliyyətinin dayandırılması haqqında Rusiyanın «Mətbuat və televiziya verilişləri üzrə Nazirliyinin» qərarı KİV-də yayılmışdır. «Ani-rekords»un intellektual oğurluqları haqqında, o cümlədən «Vağzalı», «Tərəkəmə», «Yallı», «Uzundərə», «Qazağı», «Mirzəyi» kimi Azərbaycan xalq rəqslərinin, «Xanbacı», «Dəli-Ceyran» və digər xalq mahnılarının, müəllif əsərlərinin oğurlanması haqqında etiraz məktubları müvafiq Rusiya strukturlarına çatdırılmışdır. Eyni mövzuda məsələ Azərbaycan xalq musiqiləri əsasında yaradılmış «Vokaliz» əsəri ilə bağlı da baş vermişdir. Ermənilərin bu mahnıdan qeyri-qanuni istifadəsi nəticəsində «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Qanunun tələblərinin, həm də Bern Konvensiyasının müəllifi məlum olmayan, o cümlədən folklor əsərlərinin qorunmasını nəzərdə tutan müvafiq maddəsinin, həmçinin aranjemanın və şəxsi qeyri-əmlak hüquqlarının qorunmasını nəzərdə tutan müvafiq maddələrinin tələbləri pozulmuşdur. Məlum olduğu kimi, Azərbaycan BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Pakta qoşulmuşdur və öz mədəni irsinin qorunmasında maraqlı tərəfdir.

Arayış oxunduqdan sonra ekspertə minnətdarlıq bildirib gənc hakim növbəti improvizasiyasını təqdim etdi, özlüyündə fikirləşdi ki, yəqin Baş Hakim bu barədə eşidəndə onu çox dəstəkləyəcək.

Səhnəyə erməni təcavüzünə məruz qalan Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirmək üçün muğam triosu və xanəndə dəvət olundu. Möhtəşəm muğam səsləndi, tamaşaçılar ayaq üstündə bu ecazkar musiqini alqışladılar.

      Paralel olaraq muğam barədə bilgi də verildi:

     -Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrıdır.  Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir.Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir.Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır

Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir. Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir. 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

       Nəhayət, gənc hakim yekun sözünü söylədi:

-Beləliklə, burada təkzibedilməz faktlarla ermənilərin azərbaycanlıların mədəniyyətini mənimsəmə faktları sübuta yetirildi. Bütün bu deyilənlərə onu da əlavə etsək ki,  1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb, bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb, məsələ tam aydın olar. Bir xalqın digər xalqa yönəli bu qeyri-etik davranışı şiddətli qınağa məruz qalmalıdır. Bu davranış yolverilməzdir, bir xalqa qarşı istila cinayəti, digər xalqlara qarşı isə yalansırıma cinayətidir. Ona görə də cənab Araik Arutyunyan üçün xoşagəlməz xəbər olsa da,  Divan bu işdə əli olan simvolik məhkuma – erməni mədəniyyətinə qeybedilmə cəzası təyin edir. Bugünkü proses bitmiş hesab edilir.

Araik Arutyunyanın “Bu absurddur” sədaları altında səhnə və Baş meydan boşalmağa başladı.

Gənc hakim “afərin”, “halaldır”, “əla proses apardın” nidaları altında şad-xürrəm evinə yol aldı.

 

 

DAVAMI VAR

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Qıs turizminin də öz gözəllikləri var, deyilmi? 

“Bu turizm növü bu günədək mövsümlük anlayışdır ki, onu aradan qaldırmaq üçün tədbirlər görülür. Azərbaycan isti qurşaqda yerləşsə də, təbiəti ona qışda da turistləri qəbul etmək imkanı verir.”

 

Bu sözləri Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova “Şahdağ” Turizm Mərkəzinə təşkil olunan mediatur zamanı  mediaya açıqlamasında deyib.

Büro təmsilçisi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, həmçinin “Şahdağ” Turizm Mərkəzinin, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Naxçıvandakı Ağbulaq Xizək Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər barədə danışıb. Bildirib ki, bütün komplekslərdə kvadrosikllar, kanatlar, xizək yolları, xizək sürməyi öyrənmək üçün təlim kursları fəaliyyət göstərir. 

O, həmçinin bildirib: “Quba bölgəsi qış turizmi baxımından maraqlı istiqamətlərdən biridir. Turistlər burada Xınalıq kəndinə və dağ yahudilərin yaşadıqları Qırmızı qəsəbəyə baş çəkə bilərlər. Qış mövsümü dedikdə yalnız xizək sürmək deyil, həm də haykinq marşrutları yada düşür. Bir neçə şəlalə var ki, qış mövsümündə donur və bu zaman gözəl mənzərə yaranır. Qusardakı Ləzə şəlaləsinə qalxmaq üçün yolsuzluq maşınlarından istifadə etmək, qalan məsafəni isə buzlu daş-qayalarla dırmaşmaq mümkündür. Qaranohur gölü üzərində də vaxtı əyləncəli keçirmək olar. Şirvan Milli Parkı, Talış dağları və Beşbarmaq dağında nadir quşları müşahidə etmək üçün turlar təşkil olunur. Naftalanda müalicə mərkəzləri ilin bütün aylarında turist qəbul edir. Turistlər müalicəvi neftdən yararlanmaq üçün min kilometrlərlə məsafə qət edirlər”, - deyə Günel Bədəlova söyləyib.

Yeri gəlmişkən qış turizmi üçün Qubanı seçənlər ultramüasir “Şahdağ” otelini seçə bilərlər. Burada “Şahdağ, Quba-Truskavets” sanatoriyası da fəaliyyət göstərir. 

 

Şəkildə: Günel Bədəlova

Qapaq şəklində: “Şahdağ, Quba-Truskavets” sanatoriyası. 

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında təbrizli şair, portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla oxucularımızı güneyli yazarımızla hər həftə tanış edir. Bu arada il ərzində portalımızda ən çox oxucu sayı qazanan güneyli yazarlarımızı sizlərə tanıtmaq istərdik: sırada şairə Mərcan Mənafzadədir.

 

Mərcan Mənafzadə 1970-ci ildə Üskü şəhərində doğulmuşdur. O, fars ədəbiyyatı üzrə Təbriz dövlət universitetində təhsilini bitirmişdir. Mərcanın şeirləri daima Təbriz və Bakının qəzet və jurnallarında yayımlanmaqdadır.

 

 

MƏN QUZEY ŞAİRİYƏM

 

Mən quzeydən gəlirəm

Bir şair baxışının darıxmalı kədərin

Ruhumun ağırlığı üstümdə,

Mən quzeydən gəlirəm.

Quzey dağlarının sal qayalarından

Bənövşə zəmilərindən

Mərcan mahnılarından gəlirəm.

 

Mən alıram şeirimin ruhunu sulu qərənfillərdən

Mən quzey şairiyəm.

Yasaqdır şeirlərim, saçlarım kimi

Mən gəlirəm

Əllərimi torpağa bağışlayam...

 

 

EY MAVİLİYİM

 

Səndən gəlir ağrılarım

Günəş damlalanır səsindən

İşıqlar çələngi

Ağacların

İsti gülüşüdür səsin

Polislərin qalabalığı

Yaşıl sətirlərin sözcüyüdür səsin.

 

Ah... Səni hardan alım?!

Şirin yuxu kimisən

Əmlik quzu kimisən.

 

Söylə...

Neçə göz yaşı bitir gözlərində

Neçə?

Neçə?

Neçə?

Əllərin məhşər saatımdı

Qiyamətimdi... Ey maviliyim...

 

 

ADIM

 

Gülüşlərimi sağ qoltuğunda saxla

Sol qoltuğum didərgindi özümdən

Dodaqlarımın şifrəsini saxla

Ürəyində

Ürəyinin çapılmışında

Mən yaralar mərcanıyam.

 

Sən olmayanda...

Mutlu yellərin ətəyində köçür adımı

Adım kölgələrin işıq çibanıdı

Boylu buludlar kölgələnir beynimə

Səni günəşə tapşırsaydım

İtkinləməzdin kəndini.

Səni

Tanrıya tapşırdığım gün itirdim

Sən itən gün

Mən vəhşət namazı qıldım

Əlhəmdi çeynədim sınıq dışlərimlə,

Tanrı yoxa çıxdı

Və ulduzlar

Yağışlı buludların arxasında batdılar...

 

Kefli gözlərim

Həsrətini sağır mənə.

 

Qara hörümcəklər

Saçlarımda addımlayır

Necə ki izini mən

Necə ki, izin məni

Mən şeirimin mərcanıyam heeeey...

Baxışım,

Kül göyərir

Göyərir kül, kül, kül...

Çicəklərim bir şəhid alma

Və tellərim küləklər yuvası

Mən mor şəfəqlər mərcanıyam.

 

 

YAŞIL YANLIŞIM

 

Sən sevimli yanlışımsan

Ən sevdalı və bilimli

Dişlənmiş almanın sağ üzü

Sən, şaftalının gəlin gedən alay dodağı

Yanlışımın başbaxanısan,

Bakirəsi

Kələmələr səsimi geyinib

At üstə gedir indi...

 

...Sən sevimli yanlışımsan

Arxanca səpdiyim suda boğulur incəliyim

Suda can verir şeirim

Kələmələrin gözləri dolur suda

Suda

        Suda

Yarpızların göz yaşı bilinmir suda...

Necəki mənim

Necəki əllərimdə fatihə olur söyüd ağacı

Və necəki sən

Mənim yaşıl yanlışımsan!

 

Sən sevimli yanlışımsan

Sənə görə tərsinə oxuyuram Quranı

Adımı da yanlış yazıram

Sigara tüstüsündə quylanmış adımı, səsimi də...

 

Sən sevimli yanlışımsan

Almalar da quşların dimdiyin sevir

Quşlar uçmurlar burda

Yelpənəklərin uçuşuna həsrətlə baxırlar

Almaların qoxusu gəlmir

Almalar

Bu bağın ağaclarının ağzında dartılır

Dəhşətli bir olayda!

Almalar

Ancaq almalar dartılır

Qoxusu damarlarda dolaşır

Arvinin burnundan qan açıldı

Laxta-laxta göy alma

Mən doğuluram.

 

 

MƏNİ TANIYIRSINIZMI?

 

Mən qadınam

Neçə yol ayrımına çatarkən

Çizilmiş, incə, buruq

Sevgi ilə yoğrulmuş bir yola vardım.

 

Mən bir türk qadınam

Min bir yerə parçalanmış gövdəm var

Bir yarı həsrət

Bir yarı sevgi

Bir yarı nisgil

Bir yarı dilək

Və... Bir yarı vətən.

 

Bir yarımı səbir çəni bürümüş

Bir yarıma həsrət buludları yağır

Bu mənəm...

Mən bir azərbaycanlı qız

Körpəcik sevgimi

Nə ayaqlar altında əzib keçməklərinə izin verə bilirəm

Nə qoruyub, əmişdirə bilirəm

Minnətlərində boğulanlara

Bağıra bilmirəm, lal gəlir sözüm

Dilimə qıfıl rəsmi salır beynim

Dodaqlarımı kimin barmağı barmaqlıqlarda dustaqlayıb?

Ürəyimdə devrim havası

Xəyalımda intihar qoxusu

Bu mənəm...

Mən bir qadınam

Ürəyim parça-parça iki vətən

Bir parçası sevgidən yaralı

Bir parçası yoxluğundan qabarlı

Bir parçası keşgələr tapdağında qançıl

Bir parçası ölən arzulara yaslı

Bir parçası mərcan daşıdır, al geyinib.

Bir parçası buğdalıqlardan, səmadan iz almış...

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

 

Tuesday, 20 December 2022 13:30

Günün fotosu: Argentina bayram içində

Günün fotosu: Argentina bayram içində

 

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında finalda penalti seriyasında Fransanı yenən Argentina yığması dünya çempionu olduqdan sonra Argentina bayram libasına bürünüb. Bütün ölkədə toy-bayramdır.

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

Tuesday, 20 December 2022 11:15

Əmzik sözünə qafiyə

 

Yunus Oğuzun felyetonu

 

Oturmuşdum redaksiyada, özüm üçün cızma-qara edirdim. Yox, yox, elə başa düşməyin ki, kiminsə başına corab toxumaq üçün bu işlə məşğul oluram.

Bunun üçün bəzi saytlar, redaktorlar var ki, bu  işi  "sənətkar"casına görürlər. Həm də elə edirlər ki, adamın heç ruhu da incimir. Yəni corabı elə toxuyurlar ki, bir də görürsən torun içindəsən.

Körpə əmziyi necə sorursa, onlar da "kliyentin" olan-qalanını elə sorur. Belə südün mayasında təhdid, şantaj, qorxutmaq, qorxmaq varsa, day heç zad. Adam mayanı batırmır, e.., ömrünü batıra-batıra gedir.

 

Nə isə, telefon zəng çaldı.

Ekranda köhnə dostumun nömrəsi göründü. Yaradıcı adamdır, hərdən şeirdən, sənətdən mırt vururuq. Açdım telefonu. Səsindən qayğılı olduğunu hiss etdim. Salamlaşdıqdan sonra soruşdum:

-Nə var, nə yox? Səsindən hiss etdim ki, qayğılısan. Bir şey olmayıb?

Dostumun elə bil dərdi açıldı:

-Demə, mirzə, demə. İki gündür bir sözə qafiyə tapmıram deyə gözümə yuxu getmir.

Ürəyimdə fikirləşdim ki, bu da sənə ikinci Moşu, qafiyə axtarışındadır. Gülmək istəsəm də özümü yığışdırdım. Axı, kişinin son ümid yeri mən idim, telefon açıb kömək istəyirdi.

-O nə sözdür ki, sənin kimi sənətkar, təbi gələndə ruhu ala buludlarda dolaşan ustad  girinc olub?

Düşünmədən cavab verdi:

-Əmzik.

-Nə, nə.., əmzik? - Dəqiqləşdirmək istədim. - Əmzik dedin?

-Hə də, əmzik dedim, Mirzə. Qəşəng uşaq şeiri yazıram. İlişmişəm bu sözün qafiyəsində.

Gülmək məni tutdu. Bir qədər güləndən sonra dedim:

-Sən bu əmziyə aid şeiri böyüklərə həsr etsəydin qafiyəsin tez tapardın. Məsələn, Nazik-əmzik. Bu sözün sinonimin işlətsən, daha güclü bir şey ortalığa çıxarda bilərdin.  Vaxtın varsa keşmişdən bir əhvalat danışım.

-Buyur, Mirzə! Sənin danışdığın əhvalatlar duzlu və mənalı olur.

-Deməli, bir nəfər səfərə getməyə hazırlaşır. Bunun bir qədər parası varmış. Pulunu evdə saxlamağa qorxur. Fikirləşir ki, neçə gün evdə heç kim olmayacaq, oğrular gəlib əlində-ovcunda olanı apararlar. Nə isə, onu basır cibinə, durub gəlir vəzifədə işləyən dostunun yanına. Hal-əhvalatı danışır, cibindən amanatı çıxardıb vermək istəyəndə, dostu etiraz edir. Deyir ki, gərək bu işi şahidlərin yanında edəsən. Dərhal işçilərindən üç-dörd nəfəri yanına çağırıb deyir:

-Bu adam bu qədər pulu  əmanət edir. Hamınız şahidsiniz?

İşçilər bir ağızdan dillənirlər:

-Hə, şahidik...

Adam arın-arxayın gedir səfərə. Qayıdan kimi gəlir dostunun yanına ki, bəs amanatı qaytar, mən gəlmişəm. Dostu cavab verir ki, nə amanat? Məndə heç bir amanatın  yoxdur.

Adam pərt halda deyir:

-Ay, müəllim! Necə yəni amanatım səndə deyil? Mən sənə, bax burada, şahidlərin yanında filan qədər pul vermişəm. Çağır onları.

Müəllim "yaxşı" deyib həmin işçiləri çağırır. Onlara xitabən soruşur:

-Bu adam iddia edir ki, sizlərin yanında mənə bir  miqdar pul verib. Siz də şahidsiniz.

Hamısı bir ağızdan deyir:

-Xeyr, biz elə bir işə şahidlik etməmişik.

Adam görür ki, dostuna verdiyi pul  batıb, əli ətəyindən uzun geri qayıtmaq istəyəndə müəllim onu saxlayır, seyfindən  pulu  çıxarıb ona qaytarır.

Adam təəccüblə soruşur:

-Müəllim, bəs niyə bayaqdan məzhəkə çıxardırdın? O nə idi, bu nə idi?

Dostu tövrünü pozmadan deyir:

-Havayı mal, pul süd verən əmzik kimidir. Əmdikcə əmmək istəyirsən. Tamahını saxlamasan, elə hey sormaq istəyəcəksən. Bununla sənə göstərmək istədim ki, əclaf məmurların içində gör necə işləyirəm?

Telefonun o biri başından dostumun qəhqəhə dolu gülüşünü eşitdim. Sakitləşəndən sonra soruşdu:

-Mirzə, danışdığının alt qatını anlamadım, bir izahat ver. Mən söhbəti əmzikdən başladım, sən əclaf məmurlarda qurtardın.

-Elə mən də gəlirəm sənin məsələnin üstünə.

Soruşdum:

-De görüm, əclaf məmurların abreveturası necə olacaq?

O düşünmədən cavab verdi:

-"ƏM"

-Ay sağ ol! Özü də, bu hərəkətdə olan aktiv feldir. İndi gör bu feldən neçə isim yaranır; "əmzik, əmcək, əmən və s". İndi qışqırmayana nə məmə var, nə də pəpə (pəpə uşaq dilində çörək mənasını verir), yəni böyüyə də əmzik lazımdır, kiçiyə də. İllah da, Allah məmurlarımıza insaf verməsin, hərə əlində bir əmziklə düşüblər dövlətin büdcə adlı borusunun üstünə. Bu boruda hərə bir deşik açıb əmziyini yapışdırıb ora. Sorhasordur. Qara maskalılar birini qapazlayıb basır içəri, əmziyini

əlindən alır. Nə qədər əmibsə burnundan gətirir. Onun yerinə təyin olunan məmur gələndə özü ilə əvvəlkindən də böyük əmzik gətirir. Şövqlə yapışdırır büdcə borusunun üstünə. Büdcə də vakuumla işləyir deyə dərhal yapışır. Qaz, su, neft borularını açırsan, vakuumda olduqlarına görə əvvəlcə təzyiqlə hava gəlir.., sonrası isə əmziklərin işidir. İndi hərə əlində bir, bərkgedənlər isə iki-üç əmzik gəzdirir. Harda tutursa, orada sormağa başlayırlar. Lap o meyxanada deyildiyi kim:

Sorhasordur, əmib sorub durdular

Əcəb deyib əmziyimizi qırdılar.

Amma qafiyə yaxşı gəldi ha.

Dostum razılaşdı, həm də elə bil dərdi açıldı:

-Düz deyirsən, Mirzə, - dedi- bu məmurlar əmziklərin bir neçəsini ötürüblər qida sahəsinə. Qiymətlərin üstünə elə bil əmziyin də qiymətini qoyublar. Sən canın Mirzə, belə şey olar?

Hələ aptekləri demirəm. Məmləkətdə sanki hərrac keçirilir, qiymət davası gedir. Bu gün bu qiyməti qoyuram, sabah qaldırıram. Alan varmı?

Əlbəttə var, ehtiyac varsa, deməli qiyməti qaldırmaq lazımdır. Əmziklər işləyir. -Bir anlığa susdu, nə düşündüsə sual verdi. -  Yaxşı, Mirzə, bəs mən neyləyim?

Mən də gülərək cavab verdim:

-Sən bu əmziyə qafiyə axtarmağı tərgit, amma əmziyini yanından əksik eləmə. Bəlkə sənin də bəxtin gətirdi, qabağına yekə boru çıxdı, o zaman onu ora yapışdırarsan. Necə deyirlər: "Süd verən inək yelindən bəllidir". Dostum mənimlə razılaşıb sağollaşdı. Deyəsən ağlına nəsə batmışdı.

İndi bu şair dostum cibində əmziklə aralarda dolaşır. Hələ ki, cəhdləri alınmayıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

Aida Eyvazlı təqdim edir

 

Dünyada bir çox mədəniyyəti yaradan türklər, həm də dünyaya mətbəx mədəniyyətini gətiriblər. Dünyanın harasında yaşadıqlarından asılı olmayaraq, məskən saldıqları yerlərdə əcdadlarından qalan uruf-adətləri unutmayıblar. Mədəniyyətləri eyni, musiqiləri oxşar, mətbəxləri də eyni..

 Sizi bu gün Saxa yakutlarının- şimal türklərinin ləzzətli mətbəxlərinin bir çox türk xalqlarının menyusunda olan , lakin fərqli adla təqdim olunan məzəli bir yeməyini təqdim edirik. Əvvəlcədən qeyd edim ki, təqdim etdiyimiz Salamat desertini şimalda yaşayan türkdilli xalqların əksəriyyəti hazırlayır. Bu yeməyin 40-dan artıq növü məlumdur.

Yakutların bayram süfrələrinin, qonaqlar üçün açdıqları süfrələrinin ən gözəl təamlarından biri də Salamatdır. Salamat elə bizim analarımızın bişirdiyi quymağa bənzəyir.

 

Bu ləzzətli təamı hazırlamaq üçün :

600 qram kərə yağı ,

100 və ya 120 qram un,

400 millilitr qaynar su

duz zövqə görə götürülür.

 

Kərə yağını çuğun tavada əridirik və əriyən yağı qarışdıra-qarışdıra, içərisinə ələnmiş unu yavaş-yavaş tökməyə başlayırıq. Dayanmadan yağ və unu nisbətən güclü odun üstündə qarışdırırıq. Unun yağda qovrulmuş ətri gəldikdən sonra, qaynamış suyu asta-asta tavanın içərisinə əlavə edirik. Bundan sonra ocağın istisini azaldırıq. Kütləni dayanmadan tez-tez qarışdırmaq lazımdır ki, içərisində düyünlər əmələ gəlməsin. Yenə də tavadakı və ya dərin qazandakı qarışığı qarışdırmaqda davam edirik. Bu proses yeməyin üzünə ərinmiş yağ çıxana qədər davam edir. Yağ yeməyin üstünə çıxdımı, Saxa yakutlarının şah deserti sayılan Salamat hazırdır. Onun içərisinə zövqə görə şam ağacının qozasının tumlarını, qızardılmış qoyun və ya mal dilinin dilimlərini, eləcə də şüyüd qata bilərsiniz. Bu inqridentlərin hamısını birdən bir Salamatın içərisinə qatmaq olmaz. Onlar ayrı-ayrı salamatların içərisinə zövqə görə əlavə edilə bilər. Sonra isə çömçə ilə kasalara və ya piyalələrə əlavə edib, qonaqlarınızı yeməyə dəvət edin. Bu desert süfrəyə isti- isti verilir.

Elə isə, xoşunuza gəldisə, bizim quymağa oxşayan, lakin ondan daha da incə və ləziz dada malik Salamat desertini hazırlayıb, dadına baxın. 

Nuş olsun!

 

P:S. Kərə yağını yağlılığı yüksək olan, südün üzərindən yığılan qaymaq və ya xamayla da əvəz etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Türkiyənin məşhur müğənnisi Soner Sarıkabadayı möhtəşəm konsert proqramı ilə Bakıya gəlib. Ötən gün məşhur “Buz”, “Pas” və “Sadem” musiqi albomlarının müəllifi Azərbaycandakı pərəstişkarlarını hitləri ilə sevindirrib. 

 

Konsert öncəsi Oxu.az əməkdaşı Soner Sarıkabadayı ilə həmsöhbət olub, sevilən mahnılarının sirrini öyrənib. Daycest bölümündə həmin müsahibəni oxucularımıza təqdim edirik.

 

-Konsertiniz sentyabrda baş tutmalı idi, lakin ləğv olundu, çünki Qarabağda növbəti erməni təxribatı nəticəsində Azərbaycan hərbçiləri həlak olmuşdu...

- Təbii ki, şəhidlərə ehtiram əlaməti olaraq konserti təxirə salmaq qərarına gəldik.

Amma burada çıxış etmək, öz ifamı yaradıcılığımın pərəstişkarları ilə bölüşmək mənim üçün böyük xoşbəxtlikdir. Bu axşama özəl ciddi konsert proqramı hazırladığım üçün Bakıdakı çıxışı səbirsizliklə gözləyirdim. Dünən Bursada konsertdə idim, amma Bakı haqqında düşünürdüm. Ümumiyyətlə, son bir həftədir bütün fikirlərim yalnız paytaxt musiqisevərləri qarşısında çıxış etməkdən ibarət olub, çünki bilirəm ki, bu şəhərdə musiqiyə, istedada, əməyə yüksək qiymət verilir. Ona görə də həyəcanım təbiidir.

- Sosial şəbəkədəki səhifənizdən oxudum ki, bilet satışından əldə olunan gəlirin bir hissəsi şəhid ailələrinə yardıma gedəcək...

- Bəli, elədir. Bu, bizim ümumi təşəbbüsümüz idi. Mən isə konsertin təşkilatçılarına – “S.ES Organisation”a təşəkkürümü bildirmək istəyirəm ki, onlar düzgün reaksiya verdilər, konsertin vaxtını dəyişdirdilər, bununla bağlı yaranan bütün çətinliklərin öhdəsindən gəldilər.

 

- İlk mahnılarınızı eşidən kimi anladım ki, siz başqa pop-ulduzlar kimi deyilsiniz. Camaatı əyləndirmirsiniz, öz dünyanız var və onu başqalarına çatdırmaq istəyirsiniz. Bir neçə ay öncə də işıq üzü görən mahnılarınız 10 ildən çox əvvəl eşitdiyim Soner olduğunuzu göstərir. Mənə çox maraqlıdır ki, illər ərzində bu özəlliyinizi necə qoruyub saxlaya bilmisiniz?

- Çox sağ olun, çox həssassınız... Bu, ağlımla anlaya biləcəyim, təhlil edəcəyim bir şey deyil. Mahnılarımı yazanda bunu necə edəcəyimi düşünmürəm. Xoşbəxtəm ki, Allah mənə bəxş etdiyi şeyi yaradıcılığımla ifadə edə bilirəm. Təbii ki, çalışmalı idim, amma xoşbəxtəm ki, mücadilə etmişəm, çalışmışam, və bu şansa görə şükr edirəm. Düşünürəm ki, özümü eşidə bilməyim - sadəcə şansdır. Mənim daxili dünyamı başqalarına çatdıra bilməyim - daha böyük uğurdur. Bunlar fərqli şeylərdir. Bəli, mən özümü belə düşünə bilərdim və təbii ki, edirəm. Amma insanların mənim haqqımda belə düşünməsi çox dəyərlidir. Kimsə deyirsə ki, mən içimdəkini, ya da dinləyicinin içindəkiləri ifadə etmişəm, bu, həmişə təqdir etdiyim bir şansdır. Və bütün bunlar məni ruhlandırır.

 

- Təkcə özünüzə deyil, başqa ifaçılara da - Sibel Can, Demet Akalın, Murat Boz, Murat Dalkılıç, Berkay üçün mahnılar yazdığınızı biləndə təəccübləndim... Yazdığınız mahnıları başqasının ifasında qısqanmırsınız?

- Yox, ümumiyyətlə, qısqanclığım yoxdur, çünki qısqanacaq bir şey yoxdur. Mənə elə gəlir ki, indi kiməsə paxıllıq etsəm, bu Allaha, hətta qismətə “xoş gəlməyə” də bilər. Kimin daha istedadlı olduğunu bilmirəm, mühakimə etmək mənlik deyil. Məndən çox işgüzara paxıllıq edə bilərəm və bunu gizlətmərəm, dərhal adamın özünə deyərəm (gülür).

Mahnıları ifaçılarla bölüşmək mənim üçün çox önəmlidir. Çünki onların qəlbinə toxuna, hər konsertində səslənəcək mahnını onlarla paylaşa bilirəmsə, o zaman hər yerdə varam. Mən səhnədə olmaq məcburiyyətində deyiləm, mahnım məni təmsil edəcək. Mahnıların uğurlu olmasını istəyirəm. Onlar mənim övladlarımdır, onları sevgi ilə və dünyaya yaxşı bir şey vermək ümidi ilə bölüşürəm.

- Sizcə əla mahnının sirri nədədir?

- Bilmirəm, sizə deyəcəyim şey sirrdirmi... Uzun illərdən sonra mahnı hələ də dinləyicinin qəlbinə toxunursa, deməli, əladır.

Firəngiz Ağalarova

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

 

Nəcib təşəbbüslərdən biri: Vətən müharibəsi nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 1990-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası işinə dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən “Qarabağa kitabla gedək!” aksiyası təşkil edilib. 

 

2020-ci ildən həyata keçirilən aksiyası çərçivəsində mədəniyyət sahəsi üzrə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar, türkdilli dövlətlər, tanınmış xarici və yerli yazarlar, ölkəmizin nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən Qarabağ Kitab Fondu üçün böyük sayda kitab hədiyyə olunub.

Mədəniyyət Nazirliyindən media sorğusuna  cavab olaraq bildirir ki, 2022-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, AMEA-nın Mexanika və Riyaziyyat İnstitutu, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan və Türkiyə nəşriyyatları, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi və digər təşkilatlar, həmçinin fiziki şəxslər tərəfindən Qarabağ Kitab Fonduna müxtəlif sayda kitablar bağışlanıb. Hazırda fondda 112 min 91 nüsxə kitab mövcuddur.

 

Şəkildə: Ağdam mədəniyyətinə qarşı erməni barbarlığı. 

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

Tuesday, 20 December 2022 13:00

Proloqdan epiloqa kimi

Yusif Alıyev yazır

 

Məşhur Amerika yazıçısı Kristofer Morli demişdir: Həyatda, sadəcə, bir uğur vardır: öz yolunda addımlaya bilmək. Gerçəkdən, bu bir cümlənin önündə də, arxasında da, yanında da, içərisində də böyük bir həqiqət payı vardır. 

1985-ci ildə Yuxarı Salahlı kənd orta məktəbinə qədəm basarkən hamı kimi məndən də gələcəkdə kim olacağımı soruşmuşdular. Lakin sualı dərk etsəm də, cavabı idrak edə bilmədiyimdən gələcəkdə hansı peşədə olmaq istəyimə cavab verə bilməmişdim. Bəlkə də qarşıda qasırğa kimi əsərək dövranı dəyişəcək tale rüzgarının sınaqlarını hansısa fövqəl qüvvələr vasitəsilə duyub hiss etmişəmmiş. Həyat müəllimim, mərhum atam İmrayıl Alıyevin təsiri ilə özümü dərk etdikdən sonra öncə insan olmağı qarşıma məqsəd qoymuşam. Atamın insanlıq kriteriyaları həm ciddi, həm ağır, həm də şərəfli idi. O bizə deyirdi ki, kim olursansa ol, insan kimi işinin peşəkarı ol. Xoşbəxtlik və təmtəraq ardınca qaçmağın tamamilə əleyhinə olaraq bildirirdi ki, əgər getdiyiniz yolda büdrəməsəz, yoldan sapmasaz xoşbəxtlik özü gəlib sizi tapacaq. Ona görə də həyatın ən ağır və çətin dönəmlərində əkində, biçində, naxırda, çaylaqda hər zaman əlimdə kitab, cibimdə qələm və qeyd vərəqləri olardı. Hansı iş dalınca getmişəmsə o işi yüksək səviyyədə yerinə yetirmək qeyd-şərtsiz olmalı, axşam evə dönüncə, dam-daş rahatlandıqdan sonra isə əlavə tapşırılmış tapşırıqların sorğusu başlayardı. Hansısa bir şairin şeiri əzbərlənməli, oradakı məzmun təhlil edilməli, şeirin bədii təsvirlərinə uyğun inşa yazmalı idim. Yorulduqda, kiçicik etiraz edib başqa işlər görməklə bu tələb edilənlərə vaxt çatdıra bilmirəm dediyimdə: “Yusif, oğlum, bütün bunları sənin üçün edirəm, zaman gələcək bunun xeyrini görəcəksən. İndi dövlətimiz çətin dönəmdən keçir. Hər şey zamanla ələnib ələkdən keçəcək və bu millət üçün gələcəkdə savadlı, bilikli, milli kimliyini bilən insanlara ehtiyac olacaq. İndi öyrənməlisən ki, o zaman ehtiyac duyulanda əl yetən yerdə olasan”. Odur ki, orta məktəbdə bütün fənləri eyni bərabərlikdə öyrənməyi tələb edir, əlavə olaraq riyaziyyat, ana dili və tarix fənlərinə ciddi hazırlaşmağımızı tapşırırdı. 

Həyat müəllimim olan atama və orta məktəbdə mənə dərs demiş bütün müəllimlərimə təşəkkür edir, önlərində baş əyirəm. Dünyasını dəyişənlərə rəhmət, qalanlara can sağlığı arzu edirəm.

1996-cı ildə orta məktəbi bitirəndə Türkiyə universitetlərinə imtahan vermək istədim. Məlumatsızlıq və qohumlarımın laqeydliyindən imtahanın vaxtını bilmədən ötürdüm. Mənə riyaziyyat və fizikadan hazırlıq keçmiş, hər zaman dəyərli olan müəllimim Məmmədhəsən Vəkilovun son anda Qazaxda sənəd qəbulu komissiyasının önündə avtomobilin motorxanasının qapağı üzərindəcə yazdığı kağızı götürüb içəri girdim və o yazdığı ardıcıllıqla da rəsmi blankda qeyd apardım. Çox şükürlər olsun ki, yüksək hazırlıq görmədən yüksək nəticə göstərə bildim və Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil oldum. İlk olaraq çətin görünən, ciddi müəllimlərdən qiymət almağın mümkünsüz olduğunu eşidəndə bir qədər tərəddüd edib pessimist düşüncələrə yuvarlanmaq istəyərkən keçmiş illərdə çəkdiyim ağır günlər gözlərim önünə gəldi və bu fakültəni mütləq ən yüksək şəkildə oxuyan tələbələrdən olacağıma qərar verdim. 2000-ci ildə fizika fakültəsini fərqlənmə diplomu ilə bitirdim. O vaxtkı rektorumuz professor Abel Məhərrəmovun atama göndərdiyi “Valideynə təşəkkür” məktubunu az qala kəndimizdə hamı oxumuşdu. Elə həmin il də mən BDU-nun fizika fakültəsinin magistratura səviyyəsi üzrə “Optoelektronika” ixtisasına daxil oldum. Buranı da 2002-ci ildə fərqlənmə diplomu ilə bitirdim. 

BDU-da mənə dərs demiş bütün müəllimlərimin qarşısında baş əyirəm. Dünyadan köçənlərə rəhmət, qalanlara can sağlığı arzu edirəm. 

2002-ci ildə elmi rəhbərim professor Əhməd Abdinovun məsləhəti, akademik Bəhram Əsgərovun göndərişi, müəllimim Maarif Cəfərovun tövsiyəsi ilə AMEA-nın Fizika İnstitutuna gəldim. Məni 15 noyabr 2002-ci il tarixindən “Quruluş və quruluş çevrilmələri” laboratoriyasına kiçik elmi işçi vəzifəsinə götürdülər. Professor Yusif Əsədovun rəhbərlik etdiyi kimya elmləri namizədi Qəhrəman Hüseynov, f.-r.e.n. Fəridə Məhərrəmovanın çalışdığı bu laboratoriya həyatımda qarşıma çıxan ən gözəl insanların bir yerdə olduğu xoşbəxtlik adası kimi gəldi mənə. Hər üç həyat müəllimimə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm.

Qısa müddət sonra, aspiranturaya qəbul imtahanları verilən ərəfədə - 10 dekabr 2002-ci ildə hərbi xidmətə çağırıldım. BDU-da oxuyarkən hərbi kafedra mövcud idi, orada oğlanlara 2 il hərbi dəsrsləri keçilir və sonunda imtahandan müvəffəqiyyətlə keçənlərə leytenant hərbi rütbəsi verildiyindən məni də zabit qismində hərbi xidmətə çağırdılar. Hərbi xidmətə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə artilleriya dvizionunda tağım komandiri vəzifəsində başladım. 2004-cü ilin 10 avqust tarixində ordudan tərxis olundum və doğma məkana, Fizika İnstitutuna qayıtdım. 

2004-cü ildə doktoranturaya daxil oldum, 2009-cu ildə professor Yusif Əsədovun və kimyaçı alim Qəhrəman Hüseynovun rəhbərliyi ilə işləyib, yazıb tamamladığım dissertasiya işini müdafiə etdim və 2010-cu ildə AAKın qərarı ilə fizika üzrə fəlsəfəd doktoru elmi dərəcəsi aldım. Elmi-tədqiqat işləri apardığım zaman Fizika İnstitutunda hər zaman sağlam mühitin, maddi, fiziki, mənəvi dəstəyin hökm sürdüyünü gördüm. Burada alimlər sadəliyi ilə seçilir, savadı ilə parlayır, ziyalılıqları ilə öndə idilər. Fizika İnstitutunda mənə hər zaman dəstək olmuş, kiçik xahişdən, böyük istəyə kimi səbrlə yanaşmış hər bir alim, mütəxəssisə təşəkkürümü bildirir, qarşılarında baş əyirəm. Dünyadan köçənlərə Allahdan rəhmət, qalanlara isə can sağlığı arzu edirəm.

Sonrakı əmək faəliyyətim təhsil sahəsində davam etsə də, həmçinin elmi-tədqiqat işləri apardığıma görə doğma Fizika İnstitutunda da çalışırdım. Reytinqli jurnallarda çap olunan elmi məqalələrimlə yanaşı 5 dərs vəsaiti, 4 metodik vəsaitimiz də çap olundu və 2014-cü ildə AAKın qərarı ilə dosent elmi adına layiq görüldüm. 

2018-ci ildə AMEA-nın Fizika İnstitutunun elmlər doktoru proqramı üzrə doktoranturasına qəbul olundum. Professor Yusif Əsədovun elmi məsləhətçiliyi ilə “Ag, Cu əsaslı halkogenid sistemlərində fazaəmələgəlmə və quruluş faza çevrilmələri” mövzusunda dissertasiya işi üzərində işləməyə başladım. Almaniyada, Rusiyada, Türkiyədə, Ukraynada, Moldovada ezamiyyətlərdə, konfranslarda olduğum zamanlarda dissertasiya işimin məqsədləri ilə bağlı müasir cihaz və qurğularda ölçmələr aparır, alınmış nəticələri WoS və SCOPUS bazalarına daxil olan elmi jurnallarda çap etdirmişik. 

Müasir dövrdə hər bir alimdə olduğu kimi bizim elmi-tədqiqat işlərimizin də uğurlu nəticələrini görmək üçün dünya üzrə qəbul edilmiş elmmetrik bazalardakı statistik məlumatları böyük fəxr hissi ilə söyləyə bilərəm: H - indeksi 14, i10 – indeksi 16, ümumi istinad sayı 440 olan 85 məqalədən 28-i isə SCI siyahısında yer alıb.

29 mart 2022-ci il tarixində AMEA-nın Fizika İnstitutunda faəliyyət göstərən dissertasiya şurasında elmlər doktorluğu dissertasiya işimi müdafiə etdim. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28 oktyabr 2022-ci il tarixli qərarı ilə fizika elm sahəsinin “Kristalloqrafiya, kristallar fizikası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Təbii ki, hər bir uğurun əldə edilməsində böyük zəhmət, yüxusuz gecələr, gərgin çalışmalar durmaqla yanaşı mənəvi, maddi, və fiziki dəstəklər də önəmlidir. Bu yüksək məqama çatmağımda mənə dəstək göstərən, daim yanımda olan, işləmək üçün şərait yaradan rəhbərlərimə, müəllimlərimə, nəhəng alimlərə, həmkarlarıma, dostlarıma, iş yoldaşlarıma və ailəmə təşəkkür və minnətdarlığımı bildiriəm. 

37 il öncə 1-ci sinifdə məndən soruşulmuş “gələcəkdə kim olacaqsan?” sualına hələ də peşə olaraq cavab verə bilmərəm. Amma qürurla söyləyəcəyim bir şey vardır, xalqa, dövlətə xidmətin ünvanı, peşəsi olmadığı üçün daim bir ziyalı olaraq dövlətim üçün layiqli vətəndaş olmağa çalışmışam. Çünki dövlət baba tərbiyəsi bunu tələb edir.

Məşhur Amerika yazıçısı Kristofer Morli gözəl bir fikr söyləyib: Həyatda, sadəcə, bir uğur vardır: öz yolunda addımlaya bilmək...

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Qasım bəy Zakirə həsr olunub.

 

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.

Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır.

Onun müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur.

Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır.  "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "İlan, Dəvə, Tısbağa", "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında", "Tısbağa, Qarğa, Kəsəyən, Ahu" adları ilə təmsili çap olunub.

Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə edib.

O, 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.