Super User

Super User

Tuesday, 13 June 2023 10:00

Tarix heç zaman dahiləri unutmur...

Dünən dahi yazıçı İsa Muğannanın doğum günü idi. “Ədəbiyyat və incəsənət” portalı bu münasibətlə yazılar dərc etdi. Təbii ki, portalımızın daimi müəllifi Elman Eldaroğlunun da İsa Muğanna barədə öz fikirləri var. Buyurun, tanış olun. 

 

Bu dəfə sizə Azərbaycan xalqının dahi oğullarından biri- İsa Muğanna haqqında söhbət etmək istəyirəm. Yenilik gətirmək, yeni cığır açmaq onun ömür payına düşən taley yazısı idi. Yaşasaydı bu gün 95 yaşı tamam olacaqdı. Azərbaycan ədəbiyyatında magik realizmin yaradıcısı, filosof yazar kimi yəqin ki, isasevərlər başına yığışıb, bu günü qeyd edəcəkdilər...  

 

Gənc alim, yazıçı Şəmil Sadiq onun haqqında yazır: “Etiraf edək ki, 86 il ömür sürmək hər kişininin işi deyil. Buna baxmayaraq, bu cür insanların ölümü həmişə kədər və təəssüf hissi yaşadır insanlara. Çünki İsa Muğanna kimi dahilər bir ailənin yox, mühitinin sevimlisinə və dəyərlisinə çevrilməyi bacaranlardır. İsa Muğannanın “Məhşər” romanından sonra  yaradıcılığında başlayan yeni era “Türfə” romanı kimi böyük bir əsəri ilə yekunlaşmışdı. Ədəbiyyatşünaslar İsa Hüseynov yaradıcılığında Cəlil Məmmədquluzadə təsirini qeyd edirdilər və bununla Muğannanın özü də razı idi. Amma İsa Muğannanın yazdığı əsərləri bütün ədəbi-bədii tərəfləri ilə Cəlil realizmindən uzaqlaşmış, Nəsimi, Cavid romantikasını qucaqlamışdı. Yəqin Ustad sənətkarın gəldiyi qərar da belə idi ki, bəşəriyyəti realizm yox, romantika qurtara bilər. Böyük ustad sənətkar İsa Muğanna “Türfə” romanının əlyazma variantının sonunda romanın yazılma tarixini 20.02.2009 kimi qeyd etmişdi, amma 2015-ci ilə qədər çap olunmayan bu mistik romanı - Əsəri - “Türfə”ni çapa hazırlayıb oxuculara təqdim etmək mənim qismətimə düşməsinin misilsiz sevincini yaşamışam. Bir zamanlar  müsahibələrinin birində ömür-gün yoldaşı Firuzə xanımın “bəlkə də, bu romanın çapını görməyə İsa Hüseynovun ömrü çatmayacaq” fikrinə yazıçının “Mənim sağlığımda çap olunmalıdır”,- deməsi ilk baxışda baş tutmamış arzu kimi görünə bilər, lakin söhbətlərimizin birində Firuzə xanımın “kaş Allah mənə o qədər ömür verə idi ki, İsa ölənə qədər ona özüm qulluq edərdim” fikrinə “o, mümkün deyil, çünki mən əbədi yaşayacağam”,- deyib gülümsəməsi onu ifadə edir ki, bəli, Muğanna ölməyib, əbədi yaşayır və bu gün də əsərinin çapını görüb sevinir...”

 

Haqqında söhbət açdığım İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra tibb instituna daxil olsa da 4 ay sonra kəndə qayıdıb. Sonradan ADU-nun filologiya fakultəsinə daxil olub. 1952-ci ildə isə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. İki il “Azərnəşr”-də Ədəbiyyat şöbəsinin redaktoru işləyib. 1960-1964-cü illərdə isə “Literatunıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri olub. Daha sonra dörd il “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, altı il redaktor vəzifələrində çalışıb, beş il də “Ssenari şurası”nın üzvü olub. Bir neçə il də Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor vəzifəsində işləyib. Sağlığında Əməkdar incəsənət xadimi, xalq yazıçısı fəxri adlarına layiq görülüb və “Şərəf nişanı”, “İstiqlal” ordenləri ilə təltif olunub. 1 aprel 2014-cü ildə vəfat edib...

 

Deyirdi ki,- “Mən ədəbiyyata gələn dövrdə mənim kimi yazıçılar yox idi. Mən Mirzə Cəlildən öyrənirdim. Çar dövründə zülm altında olan yazıçılar həqiqəti qələmə alırdılar və millətə xidmət edirdilər. Mirzə Cəlil tənqidi əsərlər yazsa da onun qələmə aldıqları bizim xalqın həyatında proqressiv rol oynayıb. "Poçt qutusu” mənim bir çox mövzuları işləməyimə təkan verib. Beləliklə mənim ətrafımda yeni bir nəsil yetişdi. Anar, Elçin, Mövlud da o yolla getdilər. Ədəbiyyatda proqressiv yol bunlara aiddir. Onlar dünya ədəbiyyatına çıxmağa layiqliyə doğru gedirlər. Anarın "Ağ qoç, qara qoç” əsərini qiymətləndirirəm, bu barədə məqalə də yazmışam, bu əsəri şedevr adlandırmışam. Güman edirəm ki, səhv etməmişəm. Çox qiymətli əsərdir. Mövludun povestlərini az-çox qəbul edirəm. Elçinin "Ölüm hökmü” romanı və pyeslərindən bəziləri çox xoşuma gəlir...”

 

1948-ci ildən ədəbi fəaliyyətə başlayan İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür", "Tütək səsi" və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə “Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film” mükafatını alıb. İyirmi iki kitabın müəllifidir...

 

Sağlığında bir sıra dahilərimiz kimi ona da qarşı ədalətsizliklər çox olub. Qərəzli hücumlara məruz qalıb, amma ruhdan düşməyib, Tanrı qarşısında öz missiyasını ləyaqətlə icra edib...

 

Söyləyirdi ki:- “Yazıçılar İttifaqında partiya iclası idi. 43 nəfərin 41-i canıma döşəndi. Bibim oğlu Vidadi Babanlı və Mehdi Hüseyndən başqa hamısı əleyhimə danışdılar. Axırda iclası aparan Zeynal Xəlil qalxdı ki, məsələ aydındır, İsa Hüseynovun Yazıçılar İttifaqında, partiyada qalmağı mümkün deyil. Bu vaxt mənə qeybdən kömək elədilər. Dedilər ki, Zeynal Xəlil müzakirə edilən əsəri oxumayıb. Qalxdım, dedim ki, müzakirəyə qoyulan əsərim necə başlayır, necə qurtarır, əsərin qəhrəmanı kimdir, iclası aparan bunları desin. Zeynal Xəlil kəkələyə-kəkələyə dedi ki, mən oxumamışam, amma mənim kommunist yoldaşlarım oxuyublar. Dedim, mən belə iclasda oturmaram, qapını açdım, çıxdım. Çölə çıxandan sonra hiss etdim ki, kimsə arxamda siqaret çəkir. Mehdi Hüseyn idi, dedi ki, mən səni həmişə belə görmək istəyirəm, sənin sözündən sonra iclas dayandı. Bir dəfə də məni Mirzə İbrahimov xilas edib. Bütün yazıçılar Mərkəzi Komitəyə məktub yazmışdılar ki, Mehdi Hüseyn öz qohumu İsa Hüseynovu bizə qarşı qoyur. Halbuki, o, antisovet əsərlər yazan adamdır. Biz onu Yazıçılar İttifaqından, partiyadan qovuruq, Mehdi Hüseyn bərpa edir. Siyasi şöbənin müdirini bu məsələni araşdırmaq üçün Bakıya ezam elədilər. O, gəldi, Mərkəzi Komitədə Yazıçılar İttifaqının plenumunu çağırdı. Mirzə İbrahimov da Ali Sovetin sədri idi. Hamı mənim əleyhimə danışdı. Sonda söz Mirzə İbrahimova verildi. Mirzə İbrahimov balaca adam idi, o, tribunaya çıxanda isə elə bildim ki, nəhəng bir adam kürsüyə qalxıb. Dedi, nə istəyirsiniz, öldürmək fikriniz var onu? İsa ürəyinin qanı ilə yazır. Çıxın gedin hamınız, Mehdi Hüseynin də, İsa Hüseynovun da günahı yoxdur. İclas da bununla qurtardı...”

 

Bəli, ötən gün İsa Muğannanın 95 illiyi tamam olur. Tarix heç zaman dahiləri unutmur. Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, Quzey Kıprıs Turizm, Gənclik və Ətraf Mühit Nazirliyi Mədəniyyət Departamentinin İdarə Heyətinin üzvü, tanınmış yazıçı Ceyhan Özyıldız, tanınmış şair-yazıçı Serkan Soyalan Dövlət Tərcümə Mərkəzinin qonağı olublar.

 

Tərcümə Mərkəzinin yaydığı məlumata görə, görüş zamanı Azərbaycan–Şimali Kipr ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Quzey Kıprısda, Quzey Kıprıs ədəbiyyatının Azərbaycanda, eləcə də beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçiriləcək layihələr müzakirə edilib. 

Nəzərdə tutulan tədbirlərin təşkili ilə bağlı Dövlət Tərcümə Mərkəzi ilə Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması qərara alınıb.

Görüşün sonunda qonaqlara Mərkəzin Aygün Attarın “Qarabağ zəfəri – 44 günün pərdəarxası” kitabı, “Dünya ədəbiyyatı inciləri” seriyasından kitablar və “Xəzər” dünya ədəbiyyatı jurnalı, nümayəndə heyəti tərəfindən Mərkəzə Şimali Kiprin tarix və mədəniyyətindən bəhs edən kitab və suvenirlər hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Mədəniyyət naziri Adil Kərimli Gəncə şəhərində vətəndaşlarla görüşdən sonra Gəncə və Göygöldə yerləşən bir sıra tarixi abidələrə baş çəkib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, A.Kərimli əvvəlcə Gəncə şəhərinin Cavadxan küçəsində yerləşən tarixi abidələrə, o cümlədən memarlıq abidələri kimi dövlət mühafizəsində olan yaşayış evlərinə baxıb. Abidələrin mühafizəsinin gücləndirilməsi, tarixi tikililərin bədii-estetik görkəmini korlayan reklam lövhələrinin, məişət qurğularının aradan qaldırılması, təmir-bərpa işləri zamanı qanunvericiliyin tələblərinin qorunmasının vacibliyini diqqətə çatdırıb.

Gəncə Dövlət Dram Teatrının keçmiş binası, Gəncə Dövlət Kukla Teatrının binası və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən dünyaşöhrətli Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə də baxış keçirilib.

Daha sonra Göygöl rayonuna gələn nazir vaxtilə Göygöl (keçmiş Helenendorf) şəhərində yaşamış alman icmasının son nümayəndəsi Viktor Klaynın evi və Alman lüteran kilsəsi ilə tanış olub. Məlumat verilib ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Viktor Klaynın evi muzeyə çevrilib. V.Klayn 1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə burada vəfat edib. 

1854-cü ildə alman icması tərəfindən inşa edilən Helenendorf (Göygöl) lüteran kilsəsində (kirxa) uzun müddət dini mərasimlər icra edilib. II Dünya müharibəsi zamanı almanların bu yerlərdən köçürülməsindən sonra bina uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu kirxada fəaliyyət göstərir.

Nazir mehmanxana binası, inzibati bina və yeni aşkar edilmiş katakomba adlanan yeraltı qurğularla (zirzəmi) tanış olub. Katakombaların turizm əhəmiyyəti, təmir-bərpa edilərək istifadəsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tarixi abidələrə baxış zamanı mədəni irsin mühafizəsinin günün tələbləri səviyyəsində qurulması, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya icarəsində olan abidlərdən istifadə zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

 

Elə yazıçılar var ki, onlar həqiqətən də ədəbiyyatda yeni cığır, yol açıblar, taptanmış yollardan keçməkdən, ənənəvi taftalogiyadan vaz keçiblər. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün onlardan birinin - böyük İsa Muğannanın ad günüdür. Bol mütaliəlilər, ədəbiyyatsevənlər üçün o, “İdeal”ın, “Məhşər”in müəllifidir. Digərləri üçünsə “Tütək səsi”, “Nəsimi” filmlərinin ssenari müəllifi. Hər iki tərəfdən baxanda o, dahidir. 

 

Tək Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Muğanna  (Hüseynov) haqqında dünyaşöhrətli yazıçı Çingiz Aytmatov “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik” deyib. Dəyər bax budur! 

Bu gün anadan olmasının 95-ci ildönümü tamam olan İsa Muğanna Azərbaycan ədəbiyyatının “altmışıncılar” adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur.

 

İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. O, Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra kəndə qayıdıb. Özünün dediyinə görə, bir müəllimin acı sözü onu bu fikrə düşməyə məcbur edib. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb. 

İ.Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

İ.Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucusunu heyrətləndirib.

Tarixi faktları, böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan ədibin özünəməxsus yanaşma və fərqli düşüncə tərzi olub. Bunun sayəsində ərsəyə gətirdiyi silsilə romanların, povestlərin ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malik rolu olub. Bu mənada ustad yazıçı öz əsərlərində ana dilinin potensial poetik imkanlarından yüksək bəhrələnərək şedevrlər yaradıb.

İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən görkəmli yazıçının yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.

Görkəmli yazıçı 2014-cü ilin aprelin 1-də 85 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2923)

 

Məşhur menecer və "Best Model Of Turkey"in yaradıcısı Erkan Özerman yarışmanın Azərbaycanda keçirilməsinə qadağa qoyub. 

 

Axşam.az xəbər verir ki, bu haqda o, "Elgizlə izlə" verilişinə telefonla zəng edərək deyib. O bildirib ki, Azərbaycanda yarışmanı keçirənlər ondan icazə almayıb:

"Azərbaycanda "Best model" yarışmaının ən gözəlini məşhur insanlarla etdim. Ona görə də, önəmlidir. Azərbaycandan böyük mükafatlar qazanan modellər çıxdı. 36 illik çalışmadan çox məmnun idim. İndi yarışmaya icazə vermədim, müqavilə imzalamadım. Amma ötən il edən şəxs heç bir icazə almadan yarışmasını elan edib. İşləri mən yox, vəkilim danışır. Bizim icazəmiz olmadan niyə etdiniz? Şərtlərə baxarıq, yaxşı keçiriləcəyinə inansaq icazə verə bilərik. Amma bizim icazəmiz olmadan yarışma etmək keçərli deyil. Mənə söz veribər ki, iyunun 15-də gəlib danışacaqlar. Əgər danışmasa, onların seçdiyi model heç bir yarışmaya qatıla bilməz. Bunun üçün əlimdən gələni də edərəm". 

Erkan hazırda müalicə aldığını deyərək "Hazırda Parisdəyəm, pis bir xəstəlikdən müalicə alıram. İstanbul-Fransa arasında gedib-gəlirəm" sözlərini əlavə edib. 

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)

Monday, 12 June 2023 14:15

İbrahim İlyaslı təltif edilib

 

İyulun 11-də Bakıda düzənlənmiş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının yekun tədbiri və ödül törəni keçirilib. Bütün Türk Cümhuriyyətlərindən gəlmiş ünlü yazarların, Türk ölkələrinin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirlərinin, Azərbaycanın millət vəkillərinin də qatıldığı törəndə ümumtürk ədəbiyyatının inkişafına verdiyi töhfələrə, ədəbi əlaqələrin qurulmasındakı xidmətlərinə görə bir çox tanınmış yazıçı və şairlər TÜRKSOYun (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının) ödülləri ilə təltif ediliblər.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi “Poeziya” seksiyasının rəhbəri, Türk Ədəbiyyatı Vakfının fəxri üzvü, Ə.Kərim adına Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı TÜRKSOYun “Molla Pənah Vaqif” medalı ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)

Monday, 12 June 2023 13:45

83 yaşlı Al Paçino ata olacaq

DAHA ÖNCƏ 79 YAŞLI ROBERT DE NİRO DA ATA OLMUŞDU

 

 

Qulaq gündə bir qəribə söz eşitməsə kar olar məsəli bilmirik hansı xalqa məxsusdur, bəlkə də Bumba-Yumba qəbiləsinindir, amma realdır. 

Dünyaşöhrətli Amerika rejissoru, ssenaristi və prodüsseri Al Paçino 4-cü dəfə ata olmağa hazırlaşır. Adi xəbərdir deyəcəksiniz. Amma iş ondadır ki, kişinin 83 yaşı var. 

 

“Ədəbiyyat və incəsənət” əməkdaşlarını təəccübləndirən bu xəbər TMZ nəşrindən iqtibasdır.

Al Paçinoya uşaq bəxş edən qadınsa 29 yaşlı ərəb qadınıdır, Nur Alfallahdır. Qadın hamiləliyin səkkizinci ayındadır. Al Paçino ilə 

2022-ci ilin aprelində tanış olub, ona kimi Mik Caqqer adlı birisiylə yaşayırmış. Mik Caqqerlə yaşıddır Nur. Siz indi Al Paçinodakı məharətə və kəramətə baxın ki, qoca yaşında dueldən qalib çıxıb. 

Onu da xatırladaq ki, Al Paçinonun 34 yaşında qızı Culiya Mariya, eləcə də 22 yaşlı ekizləri - Anton Ceyms və Oliviya Rouz vardır.

Və ən qəribəsi, ulduz heç vaxt evlənməyib, uşaqların hamısı nikahdankənardır. Nurun dünyaya gətirəcəyi uşaq da nikahdankənar olacaq. 

Sonda isə onu deyək ki, az öncə bu qəbildən daha bir xəbər eşitmişdik: 79 yaşlı Robert de Niro yeddinci dəfə ata olmuşdu. 

Bax belə! 

Öz aramızdır, Azərbaycanda da bu qəbildən hadisələrə az rast gəlinməyib. Yaşı çox olan tanınmış incəsənət xadimi gənc qadınla izdivaca çox girib. İntəhası, daha 79, daha 83 olmayıb da. 

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların qastrol səfərləri həyata keçirilir. 

Uzun illərdən sonra ilk dəfə belə geniş şəkildə təşkil olunan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda bu aksiya ilə ölkəmizdə ümumilikdə teatr proseslərinin canlandırılması nəzərdə tutulur.   

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qastrol səfərlərinə bu ilin mart ayında başlanılıb və növbəti aylarda da davam etdirilib. Qastrol aksiyasının iyun ayına nəzərdə tutulan proqramına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Qusar Dövlət Ləzgi Dram Teatrı Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində və Zəngilan (Ağalı kəndi), Salyan, Quba, Şabran rayonlarında tamaşa göstərəcək. 
Bundan əlavə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin tələbələri Mingəçevir və Şəki şəhərlərində diplom tamaşası ilə çıxış edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)

Monday, 12 June 2023 16:30

Günün lətifəsi

“Ədəbiyyat və incəsənət” portalı növbəti iyun lətifəsini təqdim edir. Lətifənin  qəhrəmanı xəyalpərvər bir məktəblidir. 


 

— Mən atam kimi ayda on min dollar qazanmaq istəyirəm!
— Məgər sənin atan ayda on min dollar qazanır? 
— Yox, o da elə istəyir! 

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)

Monday, 12 June 2023 09:45

"Əl-Cəzirə" AzTV-də

Müsəlman dünyasının ən böyük media nümayəndəsi olan Qətərin “Əl-Cəzirə” telekanalının sənədli filmlər üzrə direktoru Ahmed Mahfouz və Layihə planlama müdiri Adel Ksiksi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də olublar, sədr Rövşən Məmmədovla görüşüblər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qonaqlar Beynəlxalq Avrasiya Fondunun prezidenti Umud Mirzəyevin dəvəti ilə ölkəmizdədirlər.

Görüşdə birgə əməkdaşlıq yolları müzakirə edilib, bir neçə layihədə birgə fəaliyyət razılığı əldə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.