Super User

Super User

 

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk/

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.

 

GÖZLƏNİLMƏZLİYİN TƏNTƏNƏSİ BARƏDƏ

Nassimin gətirdiyi başqa bir fakt – qeyri-adiliyin, gözlənilməzliyin, yeniliyin təntənəsi barədədir. O, öz qəhrəmanını – Yevgeniya Nikolayevna Krasnovanı təqdim edir. Beş il öncə heç kimin tanımadığı bu xanım - fəlsəfəyə böyük marağı olan nevroloq öz düşüncələrini müxtəlif avtobioqrafik şərhlərlə zənginləşdirib vərəqə köçürməyə başladı. Bunları çap etdirmək istəyəndə heç bir nəşriyyat onu ciddiliyə almadı, hətta bəziləri belə cızma-qaralar yazdığına görə onu təhqir də etdilər. Nəhayət, Yevgeniya «Rekursiyanın tarixi» adlandırdığı kitabını internet şəbəkəsində yerləşdirdi. Orada bu xanımın kiçik bir oxucu auditoriyası peyda oldu. Aralarında olduqca kiçik bir nəşriyyatın sahibinə də rast gəlindi ki, həmin nəşriyyat sahibi də Yevgeniyaya kitabını çap etdirmək təklifini verdi. Beş il ərzində öz məqsədyönlülüyü, əməksevərliyi ilə silahlanan Yevgeniyanin kitabı populyarlıq qazandı, ədəbiyyat tarixinin ən gözlənilməz müvəffəqiyyəti hesab olundu, milyon tirajlarla satıldı, ədəbi tənqid tərəfindən vəsf edildi. Kitab 40 dilə tərcümə olundu, Yevgeniyanın şəkilləri küçələri bəzədi. Həmin o kiçik nəşriyyat isə böyüyüb nəhəng korporasiyaya çevrildi. Və həmin nəşriyyatın belə bir devizi də yarandı: «Kitab oxumağı sevən uzun məsafələrə iri yük maşını sürənlər (dalneboyşiki) heç vaxt məhz yük maşını sürənlər üçün yazılan kitabları oxumurlar».

 

 “Ədəbiyyat və incəsənət”

(13.06.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində növbə essenindir, gənc şair Fərid Hüseyn Məhəmməd Füzuli poeziyasına rakurs edəcək.

 

 

ESSE

 

 

Fərid HÜSEYN

 

TƏBİƏT AYNASI...

(Məhəmməd Füzulinin oğluna yazdığı “Fəzliyə nəsihət” qəsidəsi haqqında)

 

 

Qızıl çağ

 

Orta əsrlər, bəlkə də, bəşəriyyətin tarixində ən maraqlı dövrdür. Çünki həmin əsrlərdə insan şüuru nə lap qədimlərdəki kimi primitiv idi,  nə də indiki qədər ultra-müasir. Sanki orta əsrlər həm də bəşəriyyətin qızıl ortası idi. O çağlarda insan nə təbiəti ram etmək barədə çox əlləşib-vuruşurdu, nə də günümüzdəki qədər təbiəti ram edib ona qarşı marağını itirmişdi. Ona görə də insanlar çox zaman özünü təbiətlə eyniləşdirməyə can atırdı – bir sözlə, Adəm oğlu özünü daha çox təbiətdən sayırdı. Bundan başqa orta əsrlər həm də dinlərin insan həyatında, dünyagörüşündə oturuşması baxımından olduqca əlverişli dövr idi. Dinlərin cəmiyyətdə mövqeyi gücləndikcə insanın təbiətə ehtiramı da artırdı. Əgər qədim insan bir sıra hallarda təbiəti önəmsəmirdisə, yaxud müasir insan təbiəti dağıdıb onun mini modellərini yaratmağa üstünlük verirsə, orta əsrlərdə bunların heç biri, demək olar ki, yox idi. Ona görə də təbiət “müqəddəsləşdirən” orta əsrlərdə ədəbiyyatın və incəsənətin başlıca qəhrəmanlarından sayılırdı.Həmin çağlarda, demək olar ki, insan öz mahiyyətini təbiət vasitəsi ilə anlayırdı.

Daniel Chamovitzin “Bitkilərin bildikləri” kitabında bitkilərin rəng tanıması, hərarəti hifz etməsi, bir-birləri ilə mübarizə aparması və sair kimi faktları oxuduqca dünya içində başqa bir dünya olduğunu düşünürsən. Müasir insanın cahilliyi ondadır ki,  indi çox zaman adamlar təbiətin gözəlliklərini kənardan seyr edərək duya bilmir.  Əfsus ki, bu gün bir sıra məqamlarda meşə ağaclarını həyətlərə, ov quşlarını qəfəslərə, çəmənləri asfaltların yanına gətirməklə gözəllik yaratdığımızı düşünürük. Halbuki təbiətin dekorasiyasından aldığımız həzzlərdən qat-qat daha artığı təbiətin özündə var. İnsanın ən böyük səhvlərindən biri yaradılışlar arasında ancaq özünün şüurlu olmasına inanmasıdır. Əgər bu qənaət əsrlər əvvəl aradan qalxsaydı, onda insan indikindən qat-qat daha qabil varlıq olardı, nəinki günümüzdəki qədər aciz və təkəbbürlü.

 

"Qurani-Kərim"in hikməti...

 

 Əgər "Qurani-Kərim"ə – orta əsrlərin əsas dini kitabına fikir versəniz, günəşin göydəki hərəkəti, gecə ilə gündüzün əvəzlənməsi, habelə heyvanların və ağacların yaradılmasının hikməti barədə bu müqəddəs kitabda insanı heyrətlənməyə “dəvət edən” çoxsaylı ayələr var. İnsan orta əsrlərdə təbiəti Yaradan tərəfindən insanlara bağışlanmış bir hədiyyə kimi dərk edirdi. Ona görə də insan ona bağışlanmış təbiətin üstünlüklərini dərk etməyə, lazım gələndə özünü onunla eyniləşdirməyə –bir sözlə, təbiətin aynasında güzgülənməyə çalışırdı. Məsələn, “Yer üzünü döşədik və orada möhkəm dağlar yerləşdirdik. Orada hər şeydən müəyyən ölçüdə (hər cür bitkidən) bitirdik”. "Ər hicr" surəsi, 19-cu ayə. Yaxud Ər-Rəhman" surəsində Allah buyurur: “O, göyü ucaltdı və mizanı (tərəzini) qoydu ki, tərəzidə həddi aşmayasınız”. "Qurani-Kərim"in bu cür ayələrində insanlardan tələb olunur ki, Allahın yaratdığı möcüzələrə sadə nəzərlərlə yox, minnətdarlıqla baxsınlar. Bu halda insan təbiəti daha dürüst anlayar və onda, həqiqətən də, bəşərin əşrəfi olar.

 

Onun zamanında

 

Füzuli də orta əsrlərin dini inanc sisteminə, islam dininə bağlı bir şair idi deyə, onun üçün təbiət Tanrının yaratdığı hikmət ünvanlarından, ibrət dalğaları ilə coşub çağlayan ümmanlarından idi. Təsadüfü deyil ki, “Fəzliyə nəsihət” əsərində şair,sadəcə, öz başına gələnlər əsasında, yaxud bildikləri xüsusunda oğluna nəsihət vermir. O, təbiətdən aldığı dərsi övladı ilə bölüşür: beləcə, həm Füzuli, həm də Fəzli təbiətin ibrət dərsindən pay götürmüş olurlar. Təbiətə ibrətli olmağı, insanlara lazım gələndə yol göstərməyi Allah məqbul görüb, təbiətdən isə Füzuli ibrət alıb və aldığı öyüdü, nəsihəti, nəticəni oğlu ilə bölüşür. Dolayısı ilə bu ibrət təkcə təbiətə deyil, dərin qatda Allahın yaradılış hikmətinin xəzinəsinə aiddir. Yəni məsələnin kökü Allahın doğru bildiyi məsələyə gedib çıxır.

 

Bağın ibrəti

 

Füzuli oğlu Fəzliyə nəsihətində yazır ki, bir gün bir bağa getdim, orada bir ağaca baxdım və onun meyvəsinin necə böyüməsini izlədim. Bu tamaşadan, müşahidədən sonra valideyn-övlad münasibətləri, mənim səninlə haçansa ayrılacağımızın labüdlüyü mənim üçün aydınlaşdı. Necə ki meyvə ağacdan ayrılır, elə  gün gəlirki, o sayaq da övlad valideyndən ayrılmalı olur. Bu mənzərədən belə bir nəticə hasil olur ki, deməli, insan ən böyük təsəllini bizdən qat-qat daha çox bəhrə verən təbiətdən almalıdır.

 

Təbiətin aynası...

 

Ağac böyüyür, qol-budaq atır, çiçəkləyir, sonra isə yarpaqlayır. Ancaq ağacın məqsədi nə böyümək, nə qol-budaq atmaq, nə də çiçəklənməkdir. Heç yarpaqlamaq, kölgə salmaq da ağacın məqsədləri sırasına daxil deyil. Ağacın məqsədi meyvə yetişdirmək, bar verməkdir. Çünki Tanrı meyvəni ağacın missiyası – dəyəri təyin edib. Allahın müəyyənləşdirdiyi missiyasından kənarda isə təbiət öz mənasını itirir. Əgər meyvə ağacı meyvə gətirmirsə, onun varlığının ciddi mənada anlamı qalmır. Amma söyüd ağacı bar gətirməsə də, dəyərli sayılır, çünki Allah söyüd ağacına bar vermək kimi bir missiyahəvalə etməyib. Biz insanlar ya şüurlu, ya da təbiətən bu cür missiyaların mahiyyətyini duyduğumuza görə söyüd ağacından bar gözləmirik, onun qol-budaqlarının şaxələnib, kölgəliyinin böyük olması bizə bəs edir. Yəni Yaradanın varlıqlar üçün müəyyənləşdirdiyi öhdəliklər həm də insanların təlabatlına uyğun nizamlanıb.Eyni zamanda unutmayaq ki, insanlar ağaca həm də ona görə qulluq edirlər ki, onun meyvəsi, bəhrəsi yetişsin, yəni bu missiya təbiət-insan vəhdəti ilə tamamlanır. Su, gübrə, münbit torpaq ağacın ruziləridir. Necə ki, ağaca meyvəsi olsun deyə, Tanrı ruzi yetirir, eləcə də valideynlərin övladlarına görə Yaradan nemət paylarını artırır. Qayıdaq əvvəlki məsələyə, ağacın mahiyyətinin meyvədə olmasına və meyvə yetişəndən sonra ağacdan ayrılmasının labüdlüyü məsələsinə.

 

Ziddiyyət çələngləri

 

 Ağac ətirsizdir, amma elə ki onun meyvəsi olur, bu məqamda ağacla onun meyvəsi arasında ziddiyyət yaranır. Ətirsiz varlıq olan ağac, ətirli varlıq olan meyvəni yetişdirir. Eyni zamanda hər ağacın meyvəsinin rəngi də o ağacın gövdəsinin, budaqlarının rənginə bənzəmir. Bu da bir başqa ziddiyyəti meydana çıxarır. Deməli, ağac həm rəng, həm də ətir baxımından fərqli bir varlıq yaradır.Füzuli bu ziddiyyəti belə təsvir edir:

 

Həddi-kəmalə çatmadan o, meyvə daima.[1]

Üstündə idi, ol ağacın, şad, kamiran.[2]

        

Dəydi, ağacla bir-birinə zidd oldular.

Rəng ilə ətri verdi bu ziddiyyəti nişan.

 

Meyvə tam yetişdikcə bu ziddiyyətlər daha daartır və sonda ayrılıqtamamilə qaçılmaz olur. Əgər meyvə ağacdan dərilməsə,bu halda insanlar ona ya daş atıb yerə salacaqlar, ya da hava onları çürüdüb heçə döndərəcək. Yəni meyvənin ağacdan ayrılmamaq kimi bir yolu yoxdur. Ayrılıq dünyanın mahiyyətində var: ona görə ayrılıq ya təbiətin əli ilə olmalıdır, ya da insanın.Bir sözlə, ziddiyyətli qütblərin haçansa ayrılması labüddür.

 

Yükün ağırlığı

 

Eyni zamanda meyvə ağacda qaldıqca ona yük olur, sanki ağacın təbiətə baxan gözlərinin qarşısını kəsir. Övlad da əgər gecə-gündüz valideynin yanında olsa, valideyn onun böyüdüyünün fərqində olmaz, beləcə, ata-ananın dünyaya, həqiqətə baxan gözləri  baş verənləri bütün mahiyyəti ilə görməz. Övladın valideyndən müəyyən qədər uzaqlaşması valideynin dünyanı, təbiəti daha yaxşı görməsinə, anlamasına səbəb olur.Bu da bir hikmətdir ki, həsrət insanın gözlərini dünyaya daha geniş açır.

 

Həqiqət aləmi

 

Füzulitəbiət-insan eyniləşdirilməsi fonunda oğluna deyir ki, mən ağacam, sən meyvəsən, dünya bağdır, fələk isə qoca bağbandır. Yarpaq, budaq,  ağacın çiçəkləri isə arvadımla mənim mal-mülkümdür. O mal-mülk isə meyvənin böyüməsinə, yəni sənin həddi-büluğa çatmağına sərf olunur. Necə ki ağacın çiçəkləri meyvənin yetişməsi üçün bir vəsilədir.

 

Salsan həqiqət aləminə yaxşı bir nəzər,

Sən meyvəsən, mən isə ağac, dəhr,[3] busitan.[4]

 

Dünya bağında hər ağacı bəsləmək üçün

Qəddibükük fələk özüdür piri-bağiban[5].

 

Yarpaq, şükufə, [6]şaxə[7] əgər bilməsən nədir,

Arvadla mal-mülküm idi, ey əzizi-can.

 

Meyvələrin sümükləri...

 

Meyvə töküləndən, ağacdan ayrılandan sonra ağacların budaqları sür-sümük kimi görünür. Sanki sümük ətdən ayrılır. Uşaqlardan – öz meyvələrini yetirəndən, onlar dəriləndən sonra valideynlərin də canları əriyir, ömürləri gedir.Övladları dəymiş meyvə həddinə gətirən, tam böyüdən valideynlər az qala bir ovuc sümüyə dönürlər. İnsanın sümükləri öləndən sonra, ağacın sümükləri, yəni budaqları meyvələr ondan qopandan sonra tam görünür. Füzuli bu misaldan sonra oğluna deyir ki, biz ayrı yaşamalıyıq, çünki həyatdaməqsədlərimiz başqadır. Hər insanın dili – təbiətlə danışması, həm də onun arzusudur. Şair oğluna deyir ki, biz “həmzəban,” yəni eyni dildə danışan  insanlar deyilik. Hər insan dünya ilə öz arzusunun dili ilə dil tapmağa çalışır. Arzuları fərqli olan insanların dilləri də bir ola bilməz.

 

Ziddiyyətin ziddiyyəti

 

Meyvənin də məqsədi yetişməkdir, ağacına məqsədimeyvəni yetişdirməkdir. Bəs burada ziddiyyət nədədir? Ziddiyyət ondadır ki, ağacın məqsədi meyvəsini böyütməkdir, meyvənin məqsədi isə budaqlardan şirə, yarpaqlardan nəfəs çəkərək özünü böyütməkdir. Həyatın gedişatı budur ki, valideyn övlad üçün nələrsə edir, övlad isə özü üçün nələrsə edir, amma çox zaman övlad elə bilir ki, valideyn onun üçün etdiklərini, əslində, özü üçün edir.

 

Təbiətin təsəllisi

 

Füzuli təbiətdən misal gətirməklə, əslində, insanlığa bir təsəlli vermiş olur. Əgər ağaclar bu labüd ayrılığı həyat tərzinə çeviribsə, deməli, insan da bu aqibətdən pəjmürdə, narahat olmamalıdır. İnsan təbiətə baxaraq yaşayarsa, özünü daha yaxşı anlayar. Əgər biz özümüzə “bəşərin əşrəfi” deyərək digər canlılardan əlahiddə üstünlük sayırıqsa, bu halda biz təbiətin bir hissəsi olmaqdan çıxır, ən pisi isə özümüzü yaradılışdan ayırmış oluruq. FrensisBekon deyir ki, təbiəti ram etməyin ən yaxşı yolu ona tabe olmaqdır. İnsan təbiəti anlayaraq, ondan əks olunanları öz həyatına yansıdaraq dünyanın mahiyyətini daha yaxşı anlaya bilər.

 

Zəmanəyə susmaq

 

Hər meyvə ağacının qoxusunu daşımadığı, rəngini öz üzərində əks etdirmədiyi kimi hər valideynin özəlliklərinə də onun övladı sahiblənmir. Maraqlıdır ki, əsərlərində dünyanı tez-tez qınayan, yaşadığı dövrü günahlandıran dahi Füzuli bu ziddiyyətlərdən danışarkən zəmanənin adını çəkmir. Bu əsərdə zəmanə ümumi mənada sanki təbiəti simvolizə edir.

 

 

Yaradılışın dili

 

Əgər Füzulinin alleqorik əsərlərinə fikir versək, görərik ki, müəllif bu tipli əsərlərində  həm cansızları  – tiryək və şərabı (“Bəngü Badə” – “Tiryək və şərab”), həm canlıları, – bədən üzvlərini, (“Səhhət və Mərəz” – “Sağlamlıq və Xəstəlik”),meyvələri (“Söhbətül-əsmar” – “Meyvələrin söhbəti”)danışdırır, onların surətlərini canlandırırdı. Necə ki canlıları Allah öz nəfəsini verərək yaradıb, eləcə də cansızları insan öz nəfəsini verərək“yaradır”. Bu mənada, əslində, dünyadakı çox şey canlıdır. Sadəcə, insan ətrafındakı yaradılışlarla dil tapmağı öyrənməldir. İnsanın yaratdığı cansız təbiətin “dilini tapanda” onu diriltmiş olur, Allahın yaratdıqlarının dilini tapanda isə insan özündən başqa varlıqların da canlı olduğunu qəbul və idrak edir.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

 



[1]Məhəmməd Füzulinin “Fəzliyə nəsihət” qəsidəsini Məmməd Mübariz Əlizadə tərcümə etmişdir.

[2]Xoşbəxt, sevincli

[3]Dünya, aləm

[4]Gülllük, çiçəklik

[5]Qoca, müdrik bağban

[6]Çiçək

[7]Budaq

 

İordaniyada Kral İslam Strateji Araşdırmalar Mərkəzinin elan etdiyi dünyanın ən nüfuzlu 500 MÜSƏLMANINDAN BİRİDİR O

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Kiminsə iqtidara meyilli, kiminsə müxalifətyönlü olması əsas deyil. Fikir ayrılığına görə insanları müxtəlif cinahlara bölmək yanlışdı. Bu bölgü xalqı parçalamağa bir cəhddir. Bəli, hansı cinahda təmsil olunduğundan asılı olmayaraq, hər bir insanın mahiyyəti onun əməllərində, düşüncələrində gizlənir...

  Valideynlərinin hər ikisi də müəllim olduğundan ailədə təhsilə xüsusi diqqət olub. Necə deyərlər, atasının müəllim tələbkarlığı onun və qardaşlarının həyatında mühüm rol oynayıb. Doğrudur, atası dünyasını tez dəyişib, amma ailədəki təhsil mühiti həmişə hökm sürüb. Oxuduqca hiss edib ki, doğulduğu Aşağı Güzdək kəndindəki məktəbdən fərqli məktəbə getməlidir. Beləliklə, Füzulidəki Bünyad Sərdarov adına orta məktəbi seçib. 2 il sonra yenə də hiss etdib ki, texniki fənlərlə bağlı ixtisaslaşmış məktəbə getməlidir və bu dəfə Bakı Şəhəri Fizika-riyaziyyat təmayüllü məktəbə üz tutub, imtahan verərək həmin məktəbin şagirdi olub. Orta təhsilini başa vurduqdan sonra, qəbul imtahanlarında yüksək bal toplayaraq iqtisad universitetinə qəbul olunub. 1997-ci ildə isə həmin universitetin aspiranturasında təhsilini davam etdirmək qərarına gəlib və 2002-ci ildə iqtisadiyyat elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2003–2004-cü illərdə ABŞ-nin Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb. 

Deyir ki,- “Məncə, dünyada ən güclü təhsil məhz ABŞ-dadır. Mən qohumlara da orada oxumağı məsləhət görürəm. Bilirsiniz, Böyük Britaniyanın ən güclü univeristetləri Oksford və Kembricdir. Amerikada isə Yeni İngiltərə adlanan ərazidə, Massaçusest ştatına yaxın ştatlarda MİT, Harvard, Boston Kollec kimi təhsil müəssisələri əslində bir “Kembric school”dur. Həmin məktəblər arasında rəqabət olub. Ötən əsrin 80-ci illərində qədər İngiltərə öndə idisə, indi ABŞ təhsili önə keçib. Ona görə, beyin axını da ABŞ-a istiqamətlənir. Amerikada təhsil almaq həyatımda həlledici məqamlardan oldu. ABŞ-da təhsil aldığım müddətdə müşahidə edirdim ki, insanlar daim axtarışdadır.”

 

Bəli, ABŞ çox fərqli bir ölkədir. Hətta orada bir il yaşamaq insan təfəkküründə dərin izlər buraxır, dünyaya, həyata baxışlarını dəyişir...

 

“Mənim xaricdə qalmaq imkanlarım daim olub. Kanadada təhsil alanda getdiyim proqram vasitəsilə hər il yalnız bir nəfər Azərbaycandan qəbul olunurdu. Məndən öncəki il və məndən sonrakı il qəbul olunan azərbaycanlıların hər ikisi orada yaşamağa qərar verdi. Orada vətəndaşlıq alıb, qaldılar. Mən isə həmişə  çalışmışam ki, Azərbaycana qayıdım. Torpağa bağlılığım öz yerində, həm də beyin mərkəzi istiqamətində, ya da hansısa dövlət qurumunda çalışaraq ölkəmə fayda verməyi üstün tuturdum. Azərbaycanda o zaman beyin mərkəzləri praktikası yox idi, ona görə bu sahəni ölkəyə gətirmək istəyim artırdı.”- söyləyir.

 

Haqqında söhbət açdığım Vüqar Bayramov Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun ilk azərbaycanlı həmsədri olub. Eyni zamanda Aİ-nin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi və Aİ Şərq Tərəfdaşlığı Proqramının Rəhbər Komitəsinin üzvü və Şərqi Tərəfdaşlıq Vətəndaş Cəmiyyəti Forumunda qrup əlaqələndiricisi seçilib. O, həmçinin "Avstriya Liderlik Proqramları"nın ilk azərbaycanlı məzunudur. 2010-cu ildə İordaniyada Kral İslam Strateji Araşdırmalar Mərkəzi (RISSC) onu dünyanın ən nüfuzlu 500 müsəlmanından biri elan edib. ABŞ-da təhsil alan zaman yeni instutsional iqtisadiyyat üzrə tədqiqatlarda fərqləndiyinə görə Nobel mükafatı laureatı, iqtisadçı Ronald Kosun imzaladığı xüsusi diploma da layiq görülüb. Eyni zamanda İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təsisçisi və sədridir. Bu təşkilat, 2018-ci ildə ABŞ-nin Pennsilvaniya Universiteti tərəfindən yayımlanan "The 2018 Global Go To Think Tank Index (GGTTI)" məruzəsinə görə, qlobal miqyasda 177 təşkilat arasında 153-cü yerdə qərarlaşıb, Mərkəzi Asiyanın 10 ölkəsi üzrə isə ən güclü beyin mərkəzi elan edilib. 

 

Deyir ki,- “Mən hər hansı bir siyasi partiyada heç vaxt təmsil olunmamışam. Düşünürəm ki, müstəqil olmaq problemlərə daha yaxından töhfə verməyə şərait yaradır. İngiliscə ifadə etsək, mən daha çox “policy” tərəfdarıyam...”

 

Göründüyü kimi Vüqar Bayramov öz sahəsində xeyli uğurlara imza atıb. 2020-ci il 9 fevral taixində keçirilən növbədənkənar parlament seçkilərində 84 saylı Füzuli seçki dairəsindən seçicilərin 71% səsini qazanaraq VI çağırış Milli Məclisin deputatı seçilib. Hazırda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvüdür.

 

Bu gün- iyunun 13-ü Vüqar bəyin ad günüdür, 48 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Növbəti Açıq portfel xəbəri: Cari ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına kredit qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz artıb.

 

İqtisadiyyat Nazirliyi xəbər verir ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın regionlarına kredit qoyuluşları 4,7 milyard manat təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda əsas kapitala investisiyaların həcmi 18 milyard 272 milyon manatdan çox olub. Real ifadədə artım 2021-ci illə müqayisədə 5,5 faiz təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Sosial mediada bir neçə gündür ki, Milli Parkda kaktusların kəsildiyini göstərən fotogörüntülər yayımlanır. Sözlə ifadə edilə bilinməyəcək dərəcədə nanəciblikdir, vandalizmdir. “Ədəbiyyat və incəsənət” portalı olaraq bu hadisəni şiddətlə qınayırıq. 

 

Dənizkənarı Bulvar İdarəsi bu xoşagəlməz hadisə barədə açıqlama verib. Açıqlamada deyilir ki, Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə idarə məlumatlıdır. Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq. 

 

Dənizkənarı Bulvar İdarəsi bildirir ki, Bulvarın mühafizəsi üçün lazım olan bütün addımlar atılıb. Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-sahmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür. 

Bəzi şəxslər vətəndaş məsuliyyətini dərk etmir. Hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Amma təəssüf hissi ilə qeyd edirik ki, bəzi insanlar yaradılan bu gözəlliklərə zərər vurur. 

Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır.

Və gəlin etiraf edək ki, tək qadağalarla, mühafizəçilərlə, polis qorxusu ilə iş aşmır, əgər insanın içində vicdan, məsuliyyət, vətəndaşlıq duyğusu yoxdursa, onda cəmiyyət daim ziyan görəcək. 

Necə ki, digər ağacların, skamyaların üzərinə cızılaraq adlar yazılır, Milli Parkdakı kaktusların üzərinə də cızılaraq baş hərflər və ürək işarəsindən ibarət sevgi məlumatı yazılırdı, amma kaktusu kəsmək nədirsə yeni əyləncədir.

Və ən dəhşətlisi odur ki, bəlkə də həmin nanəcib bu alçaq hərəkəti digər insanların gözü önündə edib. Amma “nəyimə gərək” deyib yanından düz keçiblər kimlərsə.

Gəlin hamılıqla gözəllikləri qoruyaq. 

Yoxsa çirkinlikliyə qərq olacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

İyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. 

 

AzərTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə 36 məsələnin daxil edildiyini söyləyib. 

Əvvəlcə, iclasda ikinci oxunuşda təqdim olunan 27 məsələ - Mülki Məcəllədə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda, “Banklar haqqında” Qanunda, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda, “Kredit ittifaqları haqqında” Qanunda, “Poçt haqqında” Qanunda, “Əmanətlərin sığortalanması haqqında” Qanunda, “Kredit büroları haqqında” Qanunda, “Valyuta tənzimi haqqında” Qanunda, “İnvestisiya fondları haqqında” Qanunda, “Qiymətli kağızlar bazarı haqqında” Qanunda, “Sığorta fəaliyyəti haqqında” Qanunda, “İcbari sığortalar haqqında” Qanunda, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda, “Tibbi sığorta haqqında” Qanunda, “Publik hüquqi şəxslər haqqında” Qanunda, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda, “Hesablama Palatası haqqında” Qanunda, “Mühasibat uçotu haqqında” Qanunda, “Dövlət satınalmaları haqqında” Qanunda, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, “Auditor xidməti haqqında” Qanunda, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda və “İcra haqqında” Qanunda dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.

Tahir Mirkişili bildirib ki, bu qanun layihələrində bank sahəsində tənzimləmə sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, Mərkəzi Bankın funksiyalarının genişləndirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub.

İclasda iştirak edən Mərkəzi Bankın sədri Taleh Kazımov qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı verilən sualları ətraflı cavablandırıb. O, inflyasiya ilə bağlı proqnozlar, uçot dərəcəsinin effektivliyinin artırılması, kredit faizlərinə dair vəziyyət və bir sıra digər məqamlar barədə açıqlamalarını diqqətə çatdırıb. 

Sonra bu sənədlər ətrafında müzakirələr ikinci oxunuşda davam etdirilib. Komitə sədrinin müavini Əli Məsimli, deputatlar Məzahir Əfəndiyev, Vüqar Bayramov, Vahid Əhmədov, Rüfət Quliyev, Aydın Hüseynov, Razi Nurullayev bank sektorunda vəziyyətlə bağlı öz fikirlərini, bəzi qeyd və təkliflərini bildiriblər. Mərkəzi Bankın sədri Taleh Kazımov qaldırılan məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda təqdim olunan 27 qanun layihəsi ikinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.

Daha sonra tədbirdə gündəliyin digər 6 məsələsinə - birinci oxunuşda təqdim edilən “Avtomobil nəqliyyatı haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” Qanunda, “Lisenziyalar və icazələr haqqında” Qanunda və “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklərin edilməsi barədə qanun layihələrinə baxılıb.

Komitə sədri Tahir Mirkişili son zamanlar ölkədə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsi, sərnişin və yükdaşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. O, bununla yanaşı, bu sahədə xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı tədbirlərin görülməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımların atılmasının vacibliyindən bəhs edib. 

Sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev avtomobil nəqliyyatı sahəsinin tənzimlənməsi üçün təklif olunan yeni mexanizmlər barədə məlumat verib. O, bu sektorun beş fəaliyyət istiqaməti, o cümlədən taksi sifarişi operatorları, taksi daşımaları, müntəzəm marşrut üzrə sərnişin daşınması, beynəlxalq daşımalar, ölkədaxili sifarişli daşımalar üzrə bölündüyü və hər fəaliyyət növünə görə icazələrin nəzərdə tutulduğunu bildirib. Qeyd edilib ki, yeni mexanizmlərdə daşıyıcıya buraxılış vəsiqəsinin, onun istifadəsində olan nəqliyyat vasitəsinə buraxılış kartının verilməsi nəzərdə tutulub. Həmçinin icazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar, icazələrin qüvvədə olma müddəti, icazənin verilməsi üçün dövlət rüsumu müəyyən edilir, icazə olmadan fəaliyyət göstərmək qadağan olunur. Bununla yanaşı, taksilərin və avtobusların daxili və xarici tərtibatının uyğunluğuna nəzarət mexanizmi yaradılır, “Fərqlənmə nişanı” isə yalnız fiskal alət rolunu yerinə yetirəcək.

Təqdimatda taksi daşımalarında taksometrlə bərabər onu əvəz edən proqram təminatından istifadə edilməsi, yaşayış məntəqələrində avtovağzalların sayı ilə bağlı meyarlar, “İcazə” blanklarının bölgüsünün aparılması üçün meyarlar, sifarişli qeyri-müntəzəm sərnişin daşımalarında formulyarın, yük daşımalarında əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib olunması tələbi və digər dəqiqləşdirici normalardan da bəhs edilib.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı məlumat verib. Sənədə əsasən, Məcəllənin 322-ci maddəsinə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması ilə bağlı yeni istiqamətlər üzrə cərimələr müəyyən edilir. 324-cü maddə yeni redaksiyada verilir və icazə olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması ilə bağlı cərimələr müəyyən edilir. Eyni zamanda, Məcəlləyə beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından istifadə qaydalarının pozulması, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ölkədaxili sərnişin və yük daşımalarının yerinə yetirilməsi, taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddələrin əlavə edilməsi nəzərdə tutulub.

Müzakirələrdə komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev, Vüqar Bayramov, İqbal Məmmədov, Rüfət Quliyev, Aydın Hüseynov, Ziyad Səmədzadə, Razi Nurullayev, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Elvin Hüseynzadə çıxış ediblər. Çıxışlarda ölkənin nəqliyyat sektorunda hazırki vəziyyət, bu sahənin işinin səmərəliliyinin artırılması ilə bağlı fikirlər bildirilib, qanunlarda nəzərdə tutulan dəyişikliklər müsbət qiymətləndirilib, bəzi qeyd və təkliflər səsləndirilib.

Komitə iclasında iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, nazir müavini Rəhman Hümmətov verilən sualları ətraflı cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonda təqdim olunan bu 6 qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

Sonra deputatlar “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alinması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adindan imzanmış “Yalançı əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun ləğv edilməsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini nəzərdən keçirərək, bu sənədləri də Milli Məclisə tövsiyə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Bu axşam Bakıdakı Rus Evində “Bir ömür uzunluğunda səyahət” adlı bədii sərgi açılacaq. Sərgidə istedadlı rəssam Kristina Sultanovanın rəsm əsərləri nümayiş olunacaq. 

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumata görə, Kristina Sultanova Sankt-Peterburq şəhəri bədii rəssamlıq məktəbinin “Rəssamlıq magistraturası” kursunun məzunudur. O, “yağlı boya” texnikası üzrə holland natürmortlarının yaradılması, eləcə də “İtalyan rəssamlıq texnikası” və “Flamand rəssamlıq texnikası” kurslarını bitirib. Rəssamın əsərləri beynəlxalq sərgilərdə nümayiş olunub. O, həmçinin Böyük Britaniyada keçirilmiş “Golden Time Talant” müsabiqəsinin “Peyzaj” janrının qalibidir. 

Bakıda keçiriləcək sərgidə Kristina Sultanovanın müxtəlif janrlarda çəkilən 26 rəsm əsəri təqdim olunacaq. Açılışda qonaqlara maraqlı musiqi proqramı təqdim ediləcək, Renata Əbubəkirova, Arif Aslanov, Nərgiz Manaflı və Azərbaycanın Əməkdar artisti Yuliya Motorinadan ibarət simli kvartetin ifasında populyar əsərlər ifa olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi Məktəb-studiyasının məzunu, hazırda N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov Sankt-Peterburqun Dövlət Tarix Muzeyində keçirilən “Dobrovidenye” VIII Beynəlxalq Xalq Mahnısı Festivalının açılışında iştirak edib. 

 

AzərTAC xəbər verir ki, tədbirdə Teymur Kazımovun ifasında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Azərbaycan elləri" kompozisiyası səslənib.

Builki festival çərçivəsində, həmçinin üç gün ərzində şəhərin müxtəlif məkanlarında Azərbaycan Çin, Hindistan, Moldova, Rusiya və Belarusdan yüzdən çox yaradıcı kollektivin və ifaçıların iştirak etdiyi konsertlər keçirilib. Sevindirici haldır ki, bu il festivalda həmyerlimiz Teymur Kazımov da uğurla çıxış edib. 

Qeyd edək ki, “Dobrovidenye” musiqi festivalı 2016-cı ildən Sankt-Peterburqda keçirilir. Burada Rusiyanın müxtəlif regionlarından, MDB və digər ölkələrdən yaradıcı kollektivlər toplanır. “Dobrovidenye” iştirakçıları mahnılar, rəqslər və rituallardan bəhs edir, xalq musiqisi və rəqs irsinin ən yaxşı nümunələrini nümayiş etdirirlər. Xalq mədəniyyətinin inkişafı, xalqlar arasında dostluğun möhkəmləndirilməsi festivalın əsas məqsədidir.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Dövlət Arxivinin Şirvan filialının təşkilatçılığı ilə Şirvan şəhərində tanınmış şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə görüş keçirilib. 

 

Sözügedən görüşdə şəhər ziyalıları, 18 nömrəli orta məktəbin müəllim və şagird kollektivi, Hacıqabul və Sabirabad rayonlarının arxiv işçiləri iştirak ediblər. 

Şairin yaradıcılığı haqqında Dövlət Arxivinin Şirvan filialının direktoru, şair Nəsibə Məmmədova (Nəsibə Nəsibqızı) məlumat verib. “Bədii yaradıcılıq da gələcək üçün bir arxivdir”,- deyən Nəsibə xanım şairin bir neçə şeirini səsləndirib. 

Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandırıb, yeni şeirlərini oxuyub, kitablarını hədiyyə edib. 

Sonra xatirə şəkilləri çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Mədəniyyət Nazirliyi tərəfindən regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, bədii təhsil ocaqlarının iş şəraiti, göstərilən xidmətlərin keyfiyyəti, eləcə də qurumların yerləşdiyi binaların cari vəziyyəti, maddi-texniki imkanları mütəmadi təhlil edilir, problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır.

 

Mədəniyyət naziri Adil Kərimli Gəncə bölgəsinə səfəri çərçivəsində Göygöl rayonunda da olub, bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir vaxtilə Göygöl (keçmiş Helenendorf) şəhərində yaşamış alman icmasının son nümayəndəsi Viktor Klaynın evi və Alman lüteran kilsəsi ilə tanış olub. 

Məlumat verilib ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Viktor Klaynın evi muzeyə çevrilib. V.Klayn 1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə burada vəfat edib. 

1854-cü ildə alman icması tərəfindən inşa edilən Helenendorf (Göygöl) lüteran kilsəsində (kirxa) uzun müddət dini mərasimlər icra edilib. II Dünya müharibəsi zamanı almanların bu yerlərdən köçürülməsindən sonra bina uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu kirxada fəaliyyət göstərir.

Adil Kərimli daha sonra Göygöl rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Göygöl rayon Mədəniyyət Mərkəzi, katakombalar (tarixi yeraltı şəhər), Aşıq Şəmşir adına Uşaq musiqi məktəbi və Göygöl Rayon Polis Şöbəsinin keçmiş binasına (hazırda Mədəniyyət Nazirliyinin balansındadır) baxış keçirib.

Abidə və müəssisələrə baxış zamanı fəaliyyətin canlandırılması, mövcud imkanlardan daha səmərəli istifadə olunması, tarixi tikililərin mühafizəsinin müasir tələblərə uyğun şəkildə təmin edilməsi ilə bağlı tapşırılar verilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.