Super User

Super User

İyunun 23-də Portlenddəki (ABŞ) Oreqon Müasir İncəsənət Mərkəzində Azərbaycanın Əməkdar mədəniyyət işçisi və rəssam Sürəyya Muğanlının "İlkinliyin itməyən işığı” adlı fərdi sərgisi açılacaq. 

 

AzərTAC xəbər verir ki, sərginin kuratorları Ta(r)dino 6 art-platformasının həmtəsisçiləri Əsli Səmədova və Azad Asifoviçdir.

Ə.Səmədovanın sözlərinə görə, rəssamın xaricdə ilk fərdi sərgisini keçirmək ideyası ötən ilin payızında ABŞ-da CEC ArtsLink International Fellowships rezidenturasında olarkən yaranıb.

“Mən Portlend, Los-Anceles, Vaşinqton və Nyu-Yorkda bir çox müasir incəsənət institutlarında olmuşam və həmyerlilərimin əsərlərini amerikalı həmkarlarıma təqdim etmişəm. ABŞ-da əsasən Portlenddə qalmışam və burada Müasir İncəsənət İnstitutunda (PICA) təcrübə keçmişəm. Bundan əlavə, 2022-ci ilin oktyabr ayında Oreqon Müasir İncəsənət Mərkəzindən olan amerikalı həmkarlarım mənim mühazirəmi və “The Success Story of Remaining Invisible: Two Truths and One Lie” adlı Azərbaycan rəssamlarının üç nəslin nümayəndələrinin iştirakı ilə eksperimental sənədli filmin nümayişini təşkil ediblər. Film məşhur “team building” oyununa əsaslanır. O, dərhal cavablar vermir və real, uydurma hekayələr arasındakı sərhədi silir. Bu filmin qəhrəmanlarından biri də Sürəyya Muğanlı olub”, - deyə kurator vurğulayıb.

Bildirilib ki, sənətkarın özünəməxsus həyat hekayəsi və səmimiliyi dərhal yerli tamaşaçıların diqqətini cəlb edib: "Sürəyya Muğanlının hekayəsi doğrudan da heç kəsi biganə qoya bilməz. O, Azərbaycanın Saatlı rayonunda doğulub yaşayan, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əsasını qoyan və idarə edən, psixodelik aspektli introspektiv qrafika əsərləri yaradan rəssamdır. Sürəyyanın əsərlərində Cənubi Qafqaz mifologiyasına istinadlar, Asiya və Cənubi Amerikanın bütpərəst inanclarından ilhamlanan vizual sitatlar var. Ta(r)dino 6 2024-cü ildə İçərişəhərdəki məkanında Sürəyya Muğanlının fərdi retrospektiv sərgisini açmağı planlaşdırır. İndi biz fəal şəkildə maliyyə axtarışındayıq və ümid edirik ki, Sürəyya Muğanlının yaradıcılığına olan böyük kütlənin marağı və xaricdə ilk fərdi sərgisi kimi əlamətdar hadisə Azərbaycandakı layihəmizə diqqəti cəlb edəcək".

Qeyd edək ki, 2019-cu il fevralın 1-də yaradılmış Ta(r)dino 6 art-platforması beynəlxalq əhatəli Bakı təşəbbüsüdür. 2021-ci ildə platforma QHT statusu alıb. Fəaliyyət göstərdiyi dörd il ərzində platforma İtaliya, Türkiyə, Fransa, Almaniya, Gürcüstan, Ukrayna və ABŞ-da uğurla tədbirlər keçirib. Müstəqil platformanın əsas məqsədi təkcə Azərbaycandan deyil, həm də Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyadan olan rəssamlara dəstək olmaqdır. Beləliklə, 2022-ci ildə Ta(r)dino 6 art-platforması “IZOLYATSIA. Platform for Cultural Initiatives” ilə ortaq səyləri sayəsində Ukraynada yeddi mədəni təşəbbüsü maliyyələşdirib. Bundan əlavə, tərəfdaşlar "Arles Contemporaines" fotofestivalı çərçivəsində Arlesdə fotoqraf Aleksandr Çekmenevin “Citizens of Kyiv” adlı sərgisini təşkil ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

Ötən gün Hədəf steam liseyinin  “Heydər Əliyev - 100. Hədəf məzunları Saturnda” adlı məzuniyyət törəni keçirildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Akademik İsa Həbibbəylinin, Elm və Təhsil Nazirinin müavini İdris İsayevin, Dövlət Gömrük Akademiyasının rektoru Qulu Novruzovun, Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun, millət vəkilləri Musa Quliyevin, Vüqar İskəndərovun, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varisin qatıldığı törəndə ev sahibi, “Hədəf” Şirkətlər qrupunun başqanı Şəmil Sadiq bütün iştirak edənlərə dərin minnətdarlığını bildirdi, Gənc Tamaşaçılar Teatrının səhnəsində biri-birindən gözəl performanslar və çıxışlar yer aldı. 17 məzunun - balabilgənin səhnəyə gəlişi, təqdimatları, ən yaxşı balabilgənin mükafatlandırılması isə törənin kulminasiyası oldu. 

“Hədəf” liseyinin hədəfi 3-cü minilliyin milli köklərə söykənən İKT mütəxəssisi, süni intellekt bilicisi, savadlı proqramçı - ümumən nömrə bir mütəxəsslər yetişdirməkdir. Buna doğru da inamla gedir.

İndisə mövzudan mövzuya keçid alaq.

Qeyd etdiyimiz kimi, lisey məzunları Saturna getmələri barədə olduqca maraqlı bir səhnəcik təqdim etdilər. Liseydə 2038-ci ildə lisey fəallarının kosmik fəzaya yüksələcəyi barədə bir söhbət dolaşmaqdadır. Bu gözəldir, böyük hədəflər qoymalısan ki, ən azı kiçikləri vura biləsən. 

Növbəti mövzu kosmos turizmi ilə bağlıdır. 

Turizm Strateji və Araşdırma Mərkəzi son illərdə gündəmə gələn kosmos turizmi haqqında hesabat hazırlayıb. Bu hesabatda kosmosa birgünlük uçuşun qiymətinin 200 min dollar, kosmik fəzada qalmanın isə 9,5 milyon dollar olduğu qeyd edilib. 

Kosmos turizminin macəra və əyləncə məqsədi daşıdığı diqqətə çatdırılan hesabatda bildirilir ki, nəhəng şirkətlər hər il bu sahədə texnoloji yeniliklər təqdim edir. Lüks bir turizm növü olan kosmosa səyahət çox yüksək gəliri olan şəxslər xitab edir və onun iki növü var. Birincisi, planetimizin aşağı orbitinə olan uçuşlardır. Bu səyahət zamanı kosmos turistləri Yer kürəsinin mənzərəsini seyr edirlər. İkinci turizm növü isə Yerin atmosferinə həyata keçirilən birgünlük uçuşlardır. 

1990-cı illərin ortalarında meydana çıxan və XXI əsrdə rəsmi olaraq başlayan kosmik səyahət müxtəlif ölkələr və şirkətlər tərəfindən fərqli qiymətlərə təklif olunur. Hazırda atmosferin aşağı hissəsinə turist daşıyan kosmik gəmi olmasa da, kompaniyalar bu istiqamətdə fəaliyyətini davam etdirir. Artıq bir uçuş zamanı 6 nəfəri kosmosa çatdıra biləcək “SpaceShipTwo” kosmik gəmisi hazırdır. Turistlər uçuş zamanı pilotun yanında otura biləcəklər. Adambaşına 200 min dollar qiymətə turistləri kosmosa daşıyacaq bu gəmidə səyahət etmək üçün 200-dən çox potensial turistin müraciət etdiyi bildirilir. 

Hesabatda qeyd olunub ki, 2029-cu ilədək kosmos turizmi bazarının 26 faiz artması, bu sahədə şirkətlərin gəlirlərinin isə 4 milyard dollara çatması proqnozlaşdırılır. Komik gəmiləri təkrar istifadə etmək üçün istehsal edən şirkətlər isə sifarişləri daha ucuz qiymətlərlə qəbul edir ki, bu da kosmos turizminin sürətli inkişafına şərait yaradır. ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) sifarişlərini əldə edən və kosmik gəmiləri daha az maliyyətlə istehsal edən İlon Maskın “SpaceX” şirkəti 2008-ci ildən 2022-ci ilədək kosmik fəzaya 200 raket buraxıb. Bu şirkət cari ildə daha 88 raket buraxmağı planlaşdırır. 

Milyarder Ceff Bezosun 2000-ci ildə təsis etdiyi “Blue Origin” şirkəti 2011-ci ildə Yerin aşağı orbitinə 3 nəfəri daşıyan kosmik gəmi ilə sınaq uçuşu həyata keçirib. Başlanğıc mərhələdə bir biletin qiyməti 2,8 milyon dollar olsa da, şirkət kosmos turistlərinə daha ucuz başa gələcək səyahətlər həyata keçirməyi planlaşdırır. 

“Orion Span” şirkəti isə Yer kürəsindən 322 kilometr yüksəklikdə lüks kosmos oteli tikməyi nəzərdə tutur. İki nəfər ekipaj üzvü və 4 turistin qalacağı bu otelin adambaşına qiyməti 9,5 milyon dollardan başlayacaq.

Sonda yenə Hədəfçilərə qayıdaq. Ümidvarıq ki, onların içindən öz Ceff Bezosumuz, İlon Maskımız çıxacaq.

Və niyə də ki, “Hədəf” steam liseyi balabilgələrinin ayaqları Saturna dəyməsin? 

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

Daim Azərbaycan tarixinin əlamətdar günlərinin təbliğatı ilə məşğul olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar videomateriallar, ənənəvi kitab sərgisi və daycest hazırlamaqla fərqlənib. 

 

Kitabxanadan verilən məlumata görə, hazırlanan videomateriallarda bu tarixin bütün hadisələri ardıcıllıqla əks etdirilir. 

Videoçarxda o günlərin xronikası, xalq içərisində yaşanan gərginlik, xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi tarixi faktlar və görüntülərlə əks olunub. Hazırlanan materialda ölkəmizin bu gününü, sabahını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan bir dövlətə çevrildiyi, qazandığı möhtəşəm iqtisadi uğurları videogörüntülərlə təqdim olunub. 

Kitabxana əməkdaşları "Heydər Əliyev İli" çərçivəsində "Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” silsiləsindən növbəti videomaterial hazırlayıb. Videomaterialda Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan dövlətinin daxili və xarici siyasətinin güclənməsindən, qardaş qırğınının qarşısının alınmasından, atəşkəs elan olunmasından, uğurlu neft strategiyasından bəhs olunur. Qeyd edilir ki, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının müstəsna əhəmiyyəti olmuşdur.

“15 iyun - Milli Qurtuluş Günüdür!” adlı daycestdə tariximizə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü - Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə öz imzasını atmış Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı haqqında dövrü mətbuat səhifələrində dərc edilmiş “Qurtuluş Heydər Əliyevin qayıdışı ilə gəldi...”, “Zəfərlərə təməl olmuş Qurtuluş yolu”, “Tarixi Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün əzəmətini zirvələrə qaldırıb”, “Ölkəmizin taleyində dönüş günü”, “Müasir Azərbaycan Heydər Əliyevin arzuladığı Azərbaycandır” kimi 20-dən çox məqalənin biblioqrafik təsviri, həmçinin qısa xülasəsi təqdim edilib.

Gənclər Kitabxanasında təşkil olunan “15 İyun – Milli Qurtuluş günü” adlı ənənəvi kitab sərgisində Milli Qurtuluş Gününün tarixini, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən kitablar, dövrü mətbuat materialları sərgilənməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ötən gün dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub. 

 

Ali qonağın İçərişəhərə gəzintisi Qız qalası ilə tanışlıqdan başlayıb. Pakistanın Baş nazirinə Qız qalasının tarixi barədə məlumat verilib. 

Elektromobillə gəzinti zamanı ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinə də baş çəkən qonağa hədiyyələr təqdim olunub. 

İçərişəhərlə tanışlıq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifdə xoş təəssürat yaradıb. Və o, bu barədə onu dövrələyən media mənsublarına fikir bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

“Ədəbiyyat və incəsənət” üçün Güllü Eldar Tomarlı yazır

 

Dünən Xalq şairi Hüseyn Arifin doğum günü idi. Ruhu şad olsun.

...Hüseyn Arif adlı bir xalq şairinin böyüklüyünü və əlçatmazlığını bütün Azərbaycan bilir. Və ondan hər kəs danışır. Təkcə danışmaq yox, onun yaradıcılıq yolunu poeziya aləmindəki məqamını bilməyən və sevməyən, məncə, tapılmaz.

Böyük Səməd Vurğunun qidalandığı və ilham aldığı, daha sonra bütöv bir millətin gözündə dağlar qədər ucaldığı dövrün arxasınca gələn və qüdrətli ədəbiyyat nəhənglərindən biridi Hüseyn Arif. O, yetişdirdiyi ədəbi nəslin gələcək nəsillərə ən layiqli işıq tutanı kimi də barmaqla göstərilir həmişə. Sözlərinə bəslənən mahnılar dillər əzbəridi yarandığı gündən. Aşıq şeiri üslubunda yazdıgı qoşmaları, gəraylıları öz saflığı və büllurluğu ilə seçilib həmişə. Elə ona görə də hər kəsin yaddaşında həmişəlik həkk olub onlar. Ən adlı ustadlar ağır məclislərini Hüseyn Arifin seirləri ilə gözəlləşdirib hər zaman.

Dövrünün ən böyük ustad aşıqları məclisin istəyi ilə onun sözlərini gətirib sazın dilinə. Azaflı Mikayıl, Hüseyn Xaloğlu, aşıq Qədir, Murad Niyazlı, aşıq İmran, aşıq Əmrah, aşıq Kamandar, aşıq Ədalət və saymaqla bitməyən bütün el sənətkarları Hüseyn Arif şerlərindən qidalanıb həmişə. İndiki nəsil gənc aşıqlarda ustadlarının getdiyi yolu seçir və seçəcək.

Hüeyn Arif Azərbaycanın ən böyük təbiət şairidir. Bunu ən böyük qələm sahibləri söyləyir. Onun təbiət şeirləri Azərbaycanın gözəlliyini dünyaya poeziyanın dilii ilə daha çox sevdirir və innən sonra da sevdirəcək hər zaman.

Sözləri, fikirləri, deyimləri atalar sözü kimi, zərb məsəl kimi, hikmət boxçası kimi yayılıb el arasında. Onun elə beytləri, misraları, bəndləri var ki, hər biri böyük əsər gücündədi. ”Torpaqda anasız qalmasın deyə, torpağın qoynuna köçür insanlar". "Bir gün bu dünyadan köçəsi olsam, Tək onda demərəm sən mənimlə get ". "Qoşqarı çiynində gətirər ellər, Ona dərman ücün qar gərək olsa" və bu kimi onlarla, yüzlərlə fikir süzgəcinnən keçərək bəşəriləşən düşüncə məhsulları innən sonrakı bütün zamanlarda insanların mənəvi düşüncələrinə bir örnək olaraq həkk olacaq və onların təfəkkür nurunu aydınlığa qovuşduracaqdır. 

Hüseyn Arif poeziya aləmində etnik şeirin-poema janrınıda cox kəhkəşanınıda daha da genişləndirmişdir. Bunlara nümunə "Yolda" poemasinı və "Dilqəm" poema dastanını misal gətirsək kifayət edər.

Bunlardan əlavə Hüseyn Arif elmi axtarışlara imza atmış bir böyük sənət xiridarıdı. Aşıq Alı və Dilqəm sorağıyla hec kəsin demədiklərini tapıb yazıya alıb.

Bütün Azərbaycanı, Göyçə mahalını, Borçalını, Türkiyəni qarış-qarış gəzib dolaşan ustad şair çox-çox yaddaşlarda mürgüləyən söz incilərini üzərə çıxarıb. Azərbaycan Aşıqlar Birliyinin ilk yaradıcısı və rəhbəri kimi də nə qədər yaddan çıxmış saz-söz ustalarının izinə düşüb, onlara yiyəlik edib.

Qələm tutan barmaqları gözəl saz havaları da çalıb Hüseyn Arifin. Yaradıcılığı hələ də lazımınca təhlil olunmayıb. Vaxtaşırı adının hallanması qədirbilən insanlarımızın ona böyük sayğısının nəticəsidir. 

2014-cü ilin payızında Bakıda və Qazaxda anadan olmasının 90-illiyini böyük təntənə ilə qeyd olundu. Orda elm adamları, sairlər, aşıqlar, incəsənət nümayəndələri ustadı ürək odolusu yad elədilər.

O gözəl anları ürəknən yaşayanlar arasında mən də vardım. Əlbəttə ki, böyük sairin dəyərləri bununla bitmir. O, həmişə anılır, həmişə xatırlanır. Hüseyn Arifin adının vaxtaşırı anılması indi də var və bundan sonra da olacaq. Hüseyn Arifin adı innən belə neçə-neçə yüzillərdə anılacaq.

Allah rəhmət eləsin.

Bu şeirim də ruhuna töhfə olsun.

         

VARIYDI

Hüseyn Arif elə söz çəməniydi,

Qəlbinin yaşılı-alı varıydı.

O, haqdan bizlərə  ərmağanıydı,

Ruhumun nə gözəl halı varıydı.

 

Hərdən asta-asta saz da çalardı,

Gedib xəyallara, fikrə dalardı.

Gahdan boşalardı, gahdan dolardı,

Ələsgər varıydı, Alı varıydı.

 

Dərya - ümmanıydı, gahdan coşardı,

Eşqin səməndiylə daglar aşardı.

Hərdən gözəllərə söz də qoşardı,

Dilinin ucunda balı varıydı.

 

Bəzən hissin fitvasına uyardı,

Ceyranların səksəkəsin duyardı.

Sarp qayada kəkliklərə qıyardı,

Dag kəliylə cəng-cidalı varıydı.

 

Mənə şandı dərs aldığım hər sözü,

İmdadıma yetişsəydi kaş özü...

Düşüb cığırına bu Eldarqızı,

Güllünün də öz xəyalı varıydı.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın Türkmənistandakı səfirliyi silsilə tədbirlər keçirir. Bu tədbirlər sırasına Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemalar kitabının türkmən dilinə (Ebedilik dessany) tərcümə etdirilərək, nəfis şəkildə çap edilməsi də daxildir. 

 

İyunun 15-də səfirlikdə Azərbaycan xalqının Milli Qurtuluş Günündə kitabın türkmən dilində yeni nəşrinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən səfir Həsən Zeynalov açaraq böyük şəxsiyyətlər, onların xalq qarşısında xidmətləri haqqında geniş ictimaiyyətin məlumatlandırılmasının ən yaxşı üsullarının ədəbi, bədii və yaradıcı vasitələr olduğunu bildirib. 

Diplomat kitabda “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” poemalarının toplandığını, bu ədəbi nümunələrdə Azərbaycan ədəbiyyatına məxsus müxtəlif şer janrlarının yer aldığını qeyd edib. Kitab Heydər Əliyev haqqında unudulmaz xatirə, elegiyadır. Kitab tərcümə olunarkən xalqlarımızın eyni soykökə, dilə və mədəniyyətə sahib olduqları türkmən oxuculara bir daha əyani şəkildə çatdırılıb. 

Səfir, bu kitab vasitəsilə qardaş türkmən oxucularının Heydər Əliyevin həyatı, fəaliyyəti və şəxsiyyəti ilə daha yaxından tanış olacaqlarına əminliyini ifadə edib.

Qeyd olunub ki, həyatını ülvi və böyük məqsədlərə həsr etmiş Heydər Əliyevə həsr olunmuş bu kitab Azərbaycan-Türkmən qardaşlıq əlaqələrinin inkişafına özünəməxsus töhfə verəcək.

Türkmənistanlı şair Akmurad Rəcəbov və səfirliyin müşaviri Mikayıl Yusifov tərəfindən tərcümə edilmiş kitabda Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun illüstrativ əsərlərindən istifadə edilib.

Nəzərə çatdırılıb ki, kitabın nüsxələrinin geniş oxucu kütləsinə çatdırılması üçün Türkmənistanın Mərkəzi Kitabxanası vasitəsilə ölkənin bütün kitabxanalarına paylanacaq. İlk nüsxəsi isə Türkmənistanın xarici işlər nazirinə təqdim edilib.

Çıxışlardan sonra kitabın bir neçə nüsxəsi tədbir iştirakçılarına təqdim edilib, bəzi şer nümunələri qiraətçilər tərəfindən səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

Günün fotosu: Milan şəhəri Silvio Berluskoni ilə göz yaşları içində vidalaşdı

 

İtaliyaya ən böyük müddətə baş nazirlik etmiş, adı daim korrupsiyada, mafiya qayda-qanunları ilə idarəçilikdə, gənc qız modellərlə sevgi macəralarında hallanan, amma öz ölkəsinə, doğulduğu Milan şəhərinə həddindən ziyadə töhfələr verən Silvio Berluskoni vəfat etdi. Onunla bütün Milan əhalisi, milyonlar göz yaşları içində vidalaşdılar, “Səni unutmarıq, sən qəlbimizdəsən” dedilər. 

 

Fotonun müəllif hüquqları: Rossella Papetti/LaPresse

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

BU GÜN ONUN KİTABLARININ TƏQDİMATI KEÇİRİLƏCƏK

 

Bu gün - 16 iyun 2023-cü il tarixdə, saat 15:00-da mərhum şair Taleh Həmidin kitablarının təqdimatı olacaq. Təqdimat şairin iyunun 19-na təsadüf edəcək növbəti doğum gününə ailəsinin bir ərməğanı hesab edilə bilər. 

Tədbir Yeni Azərbaycan Partiyası Binəqədi Rayon şöbəsinin binasında (Binəqədi rayonu, 8-ci mikrorayon) keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Taleh Həmid (Taleh Həmid oğlu Babayev) 1952-ci ilin 19 iyununda Şəmkir rayonunun Dəllər Çəyir kəndində dünyaya gəlib. 

Tanınmış Azərbaycan şairi, publisisti və jurnalistidir, SSRİ Yazıçılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatıdır.

"Qapımı bahar döyür", "Dünya yaxşıdır hələ", "Mən gözləyən olsa", "Təltifsiz bulud" (Moskva), "Bu gündən sabaha", "Mənə ürəyində yaz yeri saxla", "Günəşdən gizlənir yay çiçəkləri", "Ömrün payız sovqatı", "Qarlı axşamların işığı", "Sənə məktublar yazıram" şeir və publisistik kitabları nəşr olunubdur. 

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülüb.

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür. 2012-ci ilin noyabrında "VI Uluslararası Canakkala Seir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil edib. 

2015-ci ildə "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. 

Taleh Həmid 2016-cı ilin 1 noyabrında - 64 yaşında vəfat edib. 

Biz unudulmaz şairimizə Allahdan rəhmət diləyir, onun həm insanlığına, həm də şairliyinə bir sözardı olan “Mən bir çinaram” şeirini təqdim edirik:

 

Mən bir çinaram

 

Mən bir çinaram – uca bir çinar,

Torpaqdan su içir qolum, budağım.

Dostlarım solmayan yarpağımdılar,

Qoynum quşlar üçün – yaşıl otağım.

 

Mən bir çəmənəm – gülüm, çiçəyim

Nə xəzan tanıyır, nə payız bilir.

Çiçəklər gözümdür, otlar köynəyim,

Başımdan dumanlar, çənlər çəkilir.

 

Mən bir bulağam – dumduru suyum

Sonsuz arzulartək çağlayıb axır.

Gecələr güzgüyəm ay işığına,

Ulduzlar şəklinə gözümdə baxır.

 

Mən bir axar çayam – şıltaq dağ çayı,

Daşlardan-daşlara dəyib axıram.

Uca zirvələrdən enib aşağı,

Başımı torpağa əyib axıram.

 

Mən bir cığıram dağ yamacında,

Dərəni zirvəyə çatmaq istərəm,

Bütün cığırları yığıb dövrəmə,

Hüdudsuz yollara qatmaq istərəm.

 

Mən bir insanam – eşqim, diləyim,

Şeirlə, nəğməylə açılıb dilim.

İnsandan aldığım yaxşılıqları

Vaxt verin, insana qaytara bilim.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

Wednesday, 14 June 2023 17:30

Lampa abidələr

SABAH QURTULUŞ GÜNÜDÜR

 

Zahirə Dadaşova, “Ədəbiyyat və incəsənət”

 

 Hər il yay tətilində ailəlikcə Xaçmaz rayonuna istirahətə gedirik. Səhərlər “Çənlibel” parkını gəzir, oranı seyr etməkdən doymuruq. Altı hektar ərazisi olan bu gözəl istirahət mərkəzi 15 İyunda, yəni Azərbaycanın Qurtuluş Günü ərəfəsində istifadəyə verilmişdi. Parkda  süni çaylar, onların üzərində 20-yə yaxın körpü inşa olunub. Bundan əlavə, parkda Azərbaycanın xalq qəhrəmanı Koroğlunun abidəsi qoyulub. İlin bütün fəsillərində insanların istirahətləri üçün maraqlı məkan olan parkda qızmar yay günləri axşamçağı xüsusilə qələbəlik olur. Parkda olduğumuz müddətdə yaşlılar ağacların kölgəsində oturub istirahət edir, mən isə uşaqlarla birlikdə oynayırdım. Burada heykəllər və müxtəlif heyvan fiqurları biz uşaqların əyləncəsinə daha da rəng qatır, çox yüksək  hündürlükdən axan şəlalə isə istirahət mərkəzini daha da gözəlləşdirirdi. Parkda Koroğlu dastanının müxtəlif qəhrəmanlarının təsvir olunduğu mozaikalara da rast gəlmək olar. İstirahət mərkəzində qeyri-adi üslubda quraşdırılan su kranı Şollar su kəmərinin rəmzidir. Nəvələri ilə birgə istirahət edən nənə anamla söhbət edəndə bildirdi ki, park daha çox uşaqların istirahətinə yarayır: “Uşaqlar buradakı oyun meydançalarında istirahət etməyi çox sevirlər.” Mənim diqqətimi çəkən isə İstirahət Parkının girəcəyində hündürlüyü təxminən 10-12 metrə çatan lampa-abidər oldu. Yaxınlaşıb orada çalışan fəhlələrdədən soruşdum ki,  bu lampa-abidələr nəyin rəmzidir?

Nur üzlü, çal saçlı bir kişi söylədi ki, Ulu Öndər 1990-cı illərin əvvəllərində Azərbaycanın, o cümlədən Naxçıvanın ağır günlərində lampa işığında işləyərək Azərbaycanı işıqlı gələcəyə qovuşdurmuşdur. İndi doğma Azərbaycanımızın bütün guşələri kimi Xaçmaz rayonu da həmin nura qərq olub. Bu lampa-abidələr də məhz o nurun rəmzi olaraq ucaldılıb.

Mən gözümü Lampa abidələrdən çəkmədən düşündüm: 15 iyun tarixini əbəs yerə milli qurtuluş günü, nicat günü, işıqlı gələcəyinin başlanğıc günü kimi bayram etmirik. Biz əsil həqiqətdə  bugünkü firavan həyat, işıqlı, nurlu günlərimiz üçün ulu öndər Heydər Əliyevə borcluyuq.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Azərbaycan Müalicə və Termal Turizmə Dəstək Assosiasiyası ölkəmizə turist axınını təmin etməkdə maraqlarını həmişə ortaya qoyur. Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Rusiyada fəaliyyət göstərən Səhiyyə Sahəsində Hüquqların Müdafiəsi Assosiasiyası Şurasının sədri Tamerlan Məmmədov Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) ilə memorandum imzalayıb. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət”ə məlumat verən AHTTSA sədri Ruslan Quliyev bildirib ki, belə əməkdaşlıq sayəsində zəngin təbii sərvətlərə malik olan Azərbaycan rusların əksəriyyətinin istirahət məkanına çevrilir. Onun sözlərinə görə, Naftalan, İstisu, Qalaaltı və Duzdağın məşhur müalicə-istirahət komplekslərində xarici qonaqların sayı günü-gündən artır. Azərbaycan sağlamlıq turizmində yeni, dəbli tendensiyalar yaranır. Məsələn, ənənəvi balneoloji sanatoriyalarla yanaşı, Qəbələdəki məşhur dietoloq Henri Chenot Chenot Palace Health Wellness Hotel-in mehmanxanasında sağlamlığınızı yaxşılaşdıra bilərsiniz. Şəkidə spa müalicələrini sevənlər üçün Marxal Resort & Spa açılıb, burada qonaqlar sağlamlıq otaqları ilə təmin olunub. Yaxud Pirşağının müalicəvi qumu, astma xəstələri üçün duz, həmçinin sağlamlıq üçün heç də az faydası olmayan palçıq və kəhrəba artıq bir müalicə vasitəsi kimi tanınır. 

R. Quliyev deyib ki, Naftalan dünyada insanların neftlə müalicə olunduğu yeganə yerdir, Duzdağın duz mağaraları astma xəstələri üçün sadəcə olaraq əvəzsizdir, Qalaaltının termal suları isə Avropa mütəxəssisləri tərəfindən çoxdan öz qiymətini alıb. 

Qeyd edək ki, Azərbaycan Müalicə və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev 2018-ci ildə Ümumdünya Sağlamlıq Turizm Təşkilatının prezidenti seçilib, bundan əvvəl bu quruma BƏƏ-nin nümayəndəsi rəhbərlik edirdi.

Azərbaycan 2014-cü ildən Rusiya, Türkiyə, Böyük Britaniya və Almaniya da daxil olmaqla, 60 ölkənin təmsil olunduğu bu beynəlxalq təşkilatın üzvüdür.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.