Super User

Super User

Həftəsonu Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera Orkestri çıxış etdi. 

 

Konsertin solisti fleyta ifaçısı, müxtəlif ölkələrdə keçirilən konsert və festivallarda Azərbaycanı uğurla təmsil Nicat Məmmədov idi. 

1946-cı ildə yaradılan Vyana Kamera Orkestri dünyanın ən yaxşı musiqi kollektivləri siyahısında qərarlaşır. Kollektiv tanınmış dirijorlar, solist və müğənnilərlə əməkdaşlıq edir. 

Vyana Kamera Orkestri konsertlərini əsasən öz daimi yaradıcı meydanı olan “Vienna Musikverein” konsert zalında təqdim edir. Bu baxımdan Bakı konserti musiqisevərlər üçün əsl hədiyyə oldu.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu gün Əli Qayibin həftəsi yekunlaşır. 

 

Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney  Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

 

VƏTƏN

 

Gəldiyim yollardır şahdim mənim,

Səni sevə sevə gəlmişəm, Vətən.

Sənin qəm günündə kövrək olmuşam,

Güldüyün zamanlar gülmüşəm, Vətən,

Səni sevə_sevə gəlmişəm, Vətən.  

 

Adımı tarixdə yazsalarda pan,

Sevgin urəyimdə qiymətlı mərcan.

Duymuşam səsini səslənən zaman,

Səni öz canımdan bilmişəm, Vətən,

Səni sevə_sevə gəlmişəm, Vətən.

 

Sevdim ocağını sevdim odunu,

Yaşadım sevginin şirin dadını,

İkiyə böləndən tarix adını,

Mən də ürəyimi bölmüşəm, Vətən,

Səni sevə_sevə gəlmişəm, Vətən.

 

Bakın ya Təbrizin birdirlər mənə,

Ömürlük hayatda bağlıyam sənə,

Xocalı dərdindən neçə min dönə,

Donmuşam, yanmışam, ölmüşəm, Vətən,

Səni sevə_sevə gəlmişəm, Vətən.

 

Qoy aləm eşitsin Qayıb'ın hayın,

Üsyanlı ruhunda susan harayın.

Şeir xəritəmdən Araz tək çayın,

Adını çoxdandır silmişəm, Vətən,  

Səni sevə-sevə gəlmişəm, Vətən!

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

BU GÜN ŞAİR TALEH HƏMİDİN DOĞUM GÜNÜDÜR

 

 

Bu gün şair Taleh Həmidin doğum günüdür. 3 gün öncə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon şöbəsinin binasında onun kitablarının təqdimatı oldu. Təqdimat şairin doğum gününə ailəsi tərəfindən bir ərməğan idi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Taleh Həmid (Taleh Həmid oğlu Babayev) 1952-ci ilin 19 iyununda Şəmkir rayonunun Dəllər Çəyir kəndində dünyaya gəlib. 

Tanınmış Azərbaycan şairi, publisisti və jurnalistidir; SSRİ Yazıçılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatıdır.

"Qapımı bahar döyür", "Dünya yaxşıdır hələ", "Mən gözləyən olsa", "Təltifsiz bulud" (Moskva), "Bu gündən sabaha", "Mənə ürəyində yaz yeri saxla", "Günəşdən gizlənir yay çiçəkləri", "Ömrün payız sovqatı", "Qarlı axşamların işığı", "Sənə məktublar yazıram" şeir və publisistik kitabları nəşr olunubdur. 2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülüb.

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür. 2012-ci ilin noyabrında "VI Uluslararası Canakkala Seir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil edib. 

2015-ci ildə "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub. 

Taleh Həmid 2016-cı ilin 1 noyabrında - 64 yaşında vəfat edib. 

Biz unudulmaz şairimizə Allahdan rəhmət diləyir, onun ömrünün son dönəmində yazdığı bir neçə şeirini təqdim edirik:

 

 

Mən bir çinaram

 

Mən bir çinaram – uca bir çinar,

Torpaqdan su içir qolum, budağım.

Dostlarım solmayan yarpağımdılar,

Qoynum quşlar üçün – yaşıl otağım.

 

Mən bir çəmənəm – gülüm, çiçəyim

Nə xəzan tanıyır, nə payız bilir.

Çiçəklər gözümdür, otlar köynəyim,

Başımdan dumanlar, çənlər çəkilir.

 

Mən bir bulağam – dumduru suyum

Sonsuz arzulartək çağlayıb axır.

Gecələr güzgüyəm ay işığına,

Ulduzlar şəklinə gözümdə baxır.

 

Mən bir axar çayam – şıltaq dağ çayı,

Daşlardan-daşlara dəyib axıram.

Uca zirvələrdən enib aşağı,

Başımı torpağa əyib axıram.

 

Mən bir cığıram dağ yamacında,

Dərəni zirvəyə çatmaq istərəm,

Bütün cığırları yığıb dövrəmə,

Hüdudsuz yollara qatmaq istərəm.

 

Mən bir insanam – eşqim, diləyim,

Şeirlə, nəğməylə açılıb dilim.

İnsandan aldığım yaxşılıqları

Vaxt verin, insana qaytara bilim.

 

 

Anamın nə kövrək

məzar daşı var...

 

Yanına gələndə həsrətim sönür,

Ocağa çevrilir, alova dönür,

İçim pöyşələnir, əlim isinir,

Anamın nə isti məzar daşı var!

 

Dinir, xəbər alır hər əhvalımı,

Kim daş çağırıbdı, bu daş zalımı?

İsladır quruyan yanaqlarımı,

Ay Allah, daşın da öz göz yaşı var!

 

Önündə varlığım çəkilir dara,

Bələnir yağışa, üz sürtür qara,

Ünvan göstərirəm qəlbidaşlara,

Anamın nə kövrək məzar daşı var!

 

 

Bir gün də var…

Elşən Əliyevə

 

Göz yaşına seldi demə,

Sellər dənizə axar.

Ağlamağı dərd eləmə,

Ağlar günlər arasında

Güləcək bir gün də var.

 

Demə keçən keçib getdi,

Ömrümüzü biçib getdi,

Ümid sonuncu ölür,

Keçmiş günlər arasında

Üstümüzə qayıdacaq –

Gələcək bir gün də var.

 

Biz nə vaxtsa təkəm-tənha,

Təklənib yalqız qalırıq.

Günləri doğmatək qarşılasaq da,

Sonda yad adamtək yola salırıq.

Gəl öpək ötən günləri,

O günlərin arasında

Biz öləcək bir gün də var...

 

 

Qoşa keçdilər

 

Gənclik durnalartək uçub gedəndən,

Ağrılar-acılar başa keçdilər.

Bilmirəm, nə gördü nazlı gözəllər,

Adımı sormamış, yaşa keçdilər.

 

Üstümdən tufanlar, yellər əsdilər,

Kəklik qanad çaldı, tellər əsdilər,

Ayağım titrədi, əllər əsdilər,

Atdığım güllələr boşa keçdilər.

 

Yorğunu düşdüyüm yaşıl otlaqlar,

Tamarzı qaldığım barlı budaqlar,

İçə bilmədiyim bumbuz bulaqlar

Qayadan qaynayıb daşa keçdilər.

 

Talehin halını sormayan dilbər,

Soruşub qaydına qalmayan dilbər,

Yolunu bir bizə salmayan dilbər,

Dünən acığıma qoşa keçdilər.

 

 

Oldu

 

Bu qoca aləmin dağı, çayı var,

Fəsillər bölünüb – qışı, yayı var.

Çox da ki, hərənin ayrı payı var,

Biri çox, biri az olanlar oldu.

 

Əzəldən dünyada haqq var, nahaq var,

Belə yaranıbdı – baş var, ayaq var.

İnsan var, adam var, adamsayaq var,

Doğrunu tərsinə qananlar oldu.

 

Yarandıq, bölündük doğmaya, yada,

Pərvanələr gördüm – çaxıldı oda.

Gör neçə aşiqlər getdilər bada,

Məhəbbət bağında talanlar oldu.

 

Mənə əzab verən – mənə döz deyir,

Mətləb qanmayanlar indi söz deyir.

Yalan ayaq tutar, yeriməz deyir,

Həqiqəti əyən yalanlar oldu.

 

Gəzdim dərələrdə, dolaşdım yalda,

Gözüm ormanlarda, könlüm xəyalda,

Xoşbəxtlik deyilən o sonsuz yolda

Qismətim azacıq xoş anlar oldu.

 

Ömür dediklərin keçir beləmi,

Ay Taleh, yoruldun, bezdin, eləmi?

Çiyninə yük olan o qəm şələni

Nə görən, nə də ki, alanlar oldu.

 

 

Görərsən yoxam

 

Özüm də bilmirəm, axı nədəndi,

Küsəyən olmuşam, kövrək olmuşam,

Xəyallar başımda dumandı, çəndi,

Dönüb bədən boyda ürək olmuşam.

 

Sənsiz il bilirəm hər dəqiqəni,

Gözümdən yaşı da silə bilmirəm.

Daha həsrətinə yandırma məni,

Gəlmirsən, sakitcə ölə bilmirəm.

 

Mən bir günəbaxan – günə sarıyam,

Qaytar o bahara – çağıma məni.

Deyirdin çinartək çox vüqarlıyam,

Qoymaynan içimdən sınmağa məni.

 

Çox da ki, nəğmələr düşmür dilimdən,

Qarşıda nələr var, axı nə bilim,

Elə əl gəzirəm tutsun əlimdən,

Elə dağ gəzirəm söykənə bilim.

 

Zaman ötüşübdü, vaxt o vaxt deyil,

Daşlardan-daşlara gəl çaxma məni.

Adım aldatmasın, baxt o baxt deyil,

Tale ümidinə buraxma məni.

 

Qoyma nəzərindən, gözündən məni,

Səbir də qalmayıb dalınca baxam.

Apar gözlərində, apar, sən məni,

Gedərsən, gələrsən, görərsən yoxam...

 

 

Ana yaşıyar

 

Ömrü pərvanəyə eyni yaşıyar,

Övladla ürəyi, beyni yaşıyar,

Yerin çəkisini öz oxundan çox

Bəlkə bir həsrətli ana daşıyar.

 

Sinirməz haqqını bir kimsə dansa,

Dünya od tutmazmı bir ana yansa?!

Könlü parçalansa, ürəyi sınsa,

Sağalmaz yarası, onu qaşıyar.

 

Bizi bu dünyaya gətirən ana,

Ucaldıb, böyüdüb, yetirən ana,

Mən gördüm övladın itirən ana –

Ömrü necə yana-yana yaşıyar!

 

Taleh, analardı əbədi ilqar,

Öldü deməynən, sən varsan, o var.

Köksünün altında sonsuz məhəbbət,

Dilinin ucunda ana yaşıyar.

 

 

Biz kimi öldürürük

 

Nələrdən keçməyir

deyin, bu bəşər?

yaxşılığın gözünə

yamanlıqlar qatılır.

Yazırlar yer üzündə

hər il –

əlli beş milyon körpə

Anaların köksündən

sıyrılaraq atılır...

Xeyirxahlıq, mərhəmət

insanlığa yad olur.

ağ xalatlı həkimlər

dönüb bir cəllad olur.

Müharibələr bir yana,

qəsd-qərəzlər bir yana,

terrorları demirəm,

Nədən kəsilir axı

ana övlada qənim?!

Niyə verir bu qədər

İnsan insana sitəm?

 

Nədən sabahlarına

əl uzadır, zor edir?

Zor edənlər bilirmi

Sabahları kor edir?

Ana qəlbi ağrımır,

Ata qəlbi göynəmir,

niyə ipək ürəklər

Dönüb oldu daş-dəmir?

neçə ana narkozdan

Uyuyaraq məst olur.

Müharibəsiz, terrorsuz

Dilaçmaz körpələrə

Hücum olur, qəsd olur.

Günəşə göz açmamış,

Yüyürməmiş, qaçmamış

Neçə körpə – neçə insan

Ovxarlı neştərlərin

Hədəfinə tuş gəlir.

Bahar görməyənlərin

Qismətinə qış gəlir...

 

Ölür gələcək alim,

Ölür gələcək həkim,

Görün kimlər məhv olur!

Gələcək neçə ata,

Gələcək neçə ana

Anaların bətnindən

Tumurcuqtək dərilir.

Görən biz bilirikmi

Kimləri öldürmürük?!

Onların arasında

İnsanlığın bəlası

Xərçəngə dərman tapan

Bir alim öldürmürük?!

Bir həkim öldürmürük?!

Şairi, bəstəkarı,

Kimləri öldürmürük?!

Ölənlərin gözündə

Dünyanı öldürmürük?!

Özümüz bilə-bilə,

Kor edirik  sabahı.

Əl saxlayın, insanlar,

Axı hara gedirik?

Çiynimizdə dilaçmaz

Körpələrin günahı?!.

 

 

Ümidlərim ölməsin…

Vüqar Tapdıqlıya

 

Bir bağa ki xəzan düşmür, nə bağdı?

Niyə bizə sevinmək də yasaqdı.

Öldü neçə sevinclərim nə vaxtdı –

Təki bircə ümidlərim ölməsin.

 

Dərd çəkmişəm, dərd də mənə xoş olub,

Könlüm şirin həsrətlərə boş olub,

Doğmalara, əzizlərə qoşulub –

Təki bircə ümidlərim ölməsin.

 

Gəlmədim ki, bu dünyaya gülməyə,

Heç qorxmadım yox olmağa, ölməyə,

Diri gedəm ölənləri görməyə –

Kaş onadək ümidlərim ölməsin.

 

Çox çalışdım könülləri güldürəm,

Öz-özümə həm ocağam, həm pirəm,

Cəllad deyiləm ümidləri öldürəm –

Təki bircə ümidlərim ölməsin.

 

Yaxşıların əzabına qatlanım,

Arzularla, diləklərlə atlanım,

El yolunda alovlanım, odlanım –

Mən kül olum, ümidlərim yanmasın.

 

 

Zirvədə bitən tək ağaca

 

Ey uca zirvədə bitən tək ağac,

Yaşıl budağına əllər çatmayır.

Zərif budaqların sevgiyə möhtac,

Kölgəndə obalar, ellər yatmayır.

 

Xırdaca tum idin, quruca bir dən,

Səni gör, haraya əkdi küləklər?

Qolundan yapışıb uşaqlar kimi,

Uca zirvələrə çəkdi küləklər.

 

Buludlar halayla gəzir dövrənə,

Yoxdur budağını doğrayıb, kəsən,

Meşələr həsədlə boylanır sənə,

Sən də meşələrin həsrətindəsən.

 

Bilmirəm pallıdsan, bilmirəm vələs,

Orda – uzaqlarda kölgə kimisən.

Sənə yetişməyir nə hənir, nə səs,

Doğmalar içində özgə kimisən.

 

Ömür var şirindir, ömür var – acı,

Ömür var hər günü bir ulduz olur.

Hədsiz ucalıq da darıxdırıcı,

Hədsiz ucalıq da mənasız olur...

 

 

İllər itmir – illər itir

 

İllər çinar kimi göyərmir, bitmir,

İllər ömrümüzdən yox olmur, itmir.

Bütün bu sözlərə inanmadım mən,

Sadəlövh uşaqlartək

Təkcə xoşbəxtlik umuruq

Niyə axı illərdən?

 

Ağlımıza gəlməyir,

Bədbəxtlik də boylanır

İllərin o başından.

Dünən dəlicəsinə axtardım

Ömrümdən itən 2012-ni.

Bir də gördüm mənə baxır

Neçə doğmaların məzar daşından...

 

 

Gəncliyimi yada saldım

 

Bu gün yenə gəncliyimi yada saldım,

Qaranquştək uçub gedən

O günləri, o illəri xatırladım.

Uzaqlara uçub gedən

Durnaların karvanında

Xəyal məni necə çəkdi

Buludlardan-buludlara.

Üz qoymadım, baş vurmadım

Haralara?

Dağlar aşdım, yollar keçdim,

Yağış kimi səpələndim

Çöl-çəmənin sinəsinə.

Durub heyran kəsildim mən

Torağaylar nəğməsinə.

Arıların öpüşündən

Çiçəkləri xumar gördüm,

Bulaqları coşar gördüm,

Qaynar gördüm,

Buludları göy üzündə

Oynar gördüm.

Zirvələrdə çəkildikcə

Şimşəklərin çaxmağı,

Taya-taya buludlara od düşürdü.

Dağda təkə, çayda

Balıq hürküşürdü.

Nə vardısa, özünə

Bir sevgili seçirdi.

Təbiətin canından

Cavanlığı keçirdi...

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

"Güfte Edebiyat" Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl Şeir Yarışmasının mükafatları elan edilib.

1. Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir yarışması ildə bir dəfə elan edilən tarixlərdə "Güfte edebiyat" mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət və incəsənət bağlarının gücləndirilməsi məqsədi ilə təşkil olunur.

2. Yarışmaya tərdim ediləcək əsərlərin dili türkcədir.

3. Şeirlər vəznli və ya vəznsiz ola bilər.

4. Hər bir iştirakçı ancaq bir şeirlə təmsil oluna bilər.

5. Mövzu sərbəstdir.

6. Əsərlər ən çox 2 A4 həcmində olmalıdır.

7. Təqdim olunan əsər əvvəllər heç yerdə dərc olunmamalıdır. Əks halda, yer tutsa da, nəticəsi ləğv ediləcək.

8. Əsərlər sağ üst küncündə ləqəb yazılmış halda təqdim olunmalıdır.

9. İstirakçılar adının, soyadının, tərcümeyi-halının, ünvanının, ləqəbinin, telefon nömrəsinin və fotosunun olduğu sənədi təqdim etməlidir.

10. Əsərlər kompüterdə, Times New Roman, 12 ölçüsündə və 1.0 sətir aralığında yazılmış olmalıdır.

11. Yarışmaya təqdim olunan əsərlər dala qaytarılmayacaq və müəllif hüquqları "Güfte edebiyyat" da olacaq.

12. Şərtnamədə qeyd olunmamış məqamlarla əlaqədar yaranan fikir ayrılıqlarında təşkilat komitəsinin qərarları əsasdır.

Münsiflər heyəti

Seçim:

1. Fikret Yazıcıoğlu
2. İdris Gürdal
3. Mehmet Özcan Yasdıbaş
4. Rabie Ruşid
5. Ülviyye Ebulfezqızı

Final:

1. Prof. Dr. Abdullah Şengül
2. Talat Ülker
3. Celalettin Kurt
4. Ali Saçıkara
5. Sündüs Arslan Akça
6. Mahmut Hasgül
7. Aysel Xanlarqızı Seferli

Yarışma təqvimi:

Elan: 24 aprel 2023

Son qəbul: 15 oktyabr 2023

Seçim: 15 oktyabr-5 noyabr 2023

Final: 5 noyabr-5 dekabr 2023

Nəticələrin açıqlanması: 10 dekabr 2023

Mükafatlandırma mərasimi: 24 dekabr 2023

Mükafat:

1-ci yer: 5000 TL

2-ci yer: 3000 TL

3-cü yer: 2000 TL

Həvəsləndirici mükafat: 1000 TL

Müraciət:

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Naibə Allahverdiyeva ilə müsahibə 02.05.1998 tarixində götürülüb.

 

HƏM GÜLDÜRƏN, HƏM AĞLADAN AKTRİSA

Neçə illərdir ki, səhnədə olmasına baxmayaraq, Naibə Allahverdiyevanın özünəməxsus istedadı rejissor Şərif Qurbanəliyevin quruluş verdiyi “Yarımştat” tamaşasında açıldı. Naibə xanım bu tamaşadakı Tomka obrazına istər səhnə, istərsə də həyatda böyük mənəvi ağrılar, iztirablardan keçib gəlmişdi. Azərbaycan aktyor sənətinə yeni bir nəfəs gətirməyə qadir olan Naibənin həyatı sənət aləmindəki ədalətsizlik və etinasızlığa, sosial mühitdəki əxlaqi-mənəvi eybəcərliklərə qarşı bir ittihamnamədir.

 

-         Naibə xanım, uşaqlıq illərinizi necə xatırlayırsınız?

-         Tiflisdə doğulmuşam. Anam həddindən artıq gözəl qadın idi. Hətta bir dəfə həyətdə su götürəndə bir oğlan təəccüblə deyib ki, Leyla Bədirbəyli burada nə edir? Gözəlliyinə görə bir gürcü rejissoru onu filmə çəkmək istəyirmiş, babam razı olmayıb. Heç bilmirəm necə olub ki, belə gözəlin bəxti gətirməyib. Atam anamı qoyub bir tatar, özü də şikəst qadına uydu. Amma o indiyə qədər də atamı sevir. Lakin Allah da gözəl Allahdır. O tatar qadının oğlu öldü, onun da iki nəvəsi yetim böyüməli oldu. Gərək həyatda heç kəsə pislik eləməyəsən.

-         Sizə çoxmu pislik ediblər?

-         Ən böyük pisliyi sənətə gələndən sonra görmüşəm. Gənc tamaşaçılar Teatrına təzə gəlmişdim. “Veçer” idi. Paltarımı dəyişib səhnəyə çıxmaq istəyirdim. Amma heç kəs məni öz qrim otağına buraxmaq istəmirdi. Lətifə Əliyeva koridorda durduğumu görüb, öz qrim otağına dəvət etdi. Paltarımı onun otağında dəyişdim. Lətifə xanımla bir otaqda qrimlənən aktrisalardan biri əvvəlcə mənim ayaqqabı və paltarlarımı bayıra atdı, sonra isə bu nəcib xanımın üstünə qışqıraraq “Sən özünə hörmət qoymursan, qoyma, amma biz özümüzə hörmət edirik! Hər yoldan ötənin bizim otaqda nə ölümü var?!” dedi. Gözlərim dolmuşdu. Hönkürüb ağlamaq istəyirdim.

-         Əlinizə bir güllə verib sizə pislik edən adamlardan birini o dünyaya göndərmək səlahiyyəti versələr, ən əvvəl kim yadınıza düşər?

-         Mənə bir adam pislik etməyib, çox olublar. Amma mən yenə bağışlayardım, əlimi qana batırmazdım. Mənə bütün pislik edənlərin cəzasını Allaha tapşırıram.

-         Səhnədəki ilk uğurunuz yəqin ki bu ağrı-acıları yuyub aparar.

-         Bu uğuru qazanmaq üçün mən illərlə gözləməli olmuşam.  Ömrümün ən yaxşı illəri bu üzüntü içində keçib. Bir dəfə rejissorlardan birindən xahiş etdim ki, mənə bir rol ver. Dedi ki, mən risk edib sənə rol verə bilmərəm. Bir dəfə də teatrın işçilərindən biri üzümə qayıtdı ki, nə vaxta qədər ac pişik ətə baxan kimi səhnəyə baxacaqsan? Düz iki il rolsuz gəzdim.

-         Nəhayət, ilk rolu sizə verməyə kim cəsarət etdi?

-         Ağaxan Salmanov. “O da mənəm, bu da mənəm” tamaşasında o məni Kübra Dadaşovaya dublyor verdi, məni premyeraya saldı. Dublyorum Kübra xanımdan mən heç bir pislik görməmişəm. Tamaşadan sonra gəldi məni təbrik etdi.

-         Rolunuzun adı nə idi?

-         Yadımda deyil, adlar yadımda qalmır.

-         Təkcə pislikləri yadda saxlayırsınız?

-         Arada Naxçıvan teatrında işləyəndə oranın kollektivindən çox böyük yaxşılıqlar gördüm. Mən orada qərib idim, köməksiz idim. Rafael Dadaşovun anası Sofa xanım da orada işləyir. Mən oradan qayıdanda Sofa xanım ağladı. Məni buraxmaq istəmirdilər, deyirdilər ki, sənin kimi aktrisaya bizim ehtiyacımız var.

-         “Yarımştat” tamaşasında televizora çıxana qədər nə işlə məşğul oldunuz?

-         Heç nəylə... İstəyirdim evim olsun, onu bəzəyim.

-         “Yarımştat”a dəvət almağınız necə oldu?

-         “Yarımştat”ın rejissoru Şərif Qurbanəliyev mənim tələbə yoldaşım olub. Həmişə deyirdi ki, o vaxtdan yadımdasan, səninlə bir tamaşa hazırlamaq istəyirəm. Afaq Bəşirqızı, Yaşar Nuri, Arif Quliyev kimi gülüş ustaları ilə bir tamaşada oynamaq həm çox çətin idi, həm də şərəfli.

-         “Xoş gəlmisiniz” proqramına dəvət almağınızda bu tamaşanın rolu olubmu?

-         Məni Tomka rolunda görən televiziya rejissoru Solmaz Həmzəyeva çox bəyənmişdi. Dedi ki, səni “Xoş gəlmisiniz” proqramına dəvət etmək istəyirəm və dəvət etdi. Sağ olsun Solmaz xanımı, bu veriliş məni bütün xalqa tanıtdırdı. On il idi ki, teatrda çalışırdım, heç kəs bilmirdi ki, belə bir aktrisa var.

-         Hazırda nə üzərində işləyirsiniz?

-         Artıq neçə ildir ki, türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyyə” romanı əsasında eyniadlı filmə baş rola çəkilmişəm. Amma çəkiliş o qədər uzandı ki, axırda əsəblərim korlandı, hətta xəstəxanaya da düşdüm. Məndə hər şeyə qarşı qəribə bir qorxu yaranmışdı. İki dəfə intihar etmək istədim. Hiss edirdim ki, ürəyimdə kin, nifrət yığılıb. Çünki ömrüm boyu mənə edilən pislikləri içimdə boğmuşdum. Sonra bir hind ekstarensinin yanına getdim. Dedi ki, İlahi, sən həyatda nə qədər əzab çəkmisən! Amma pisliyə pisliklə cavab verməmisən. Kini, nifrəti özündən çıxarmaq üçün pisliklə cavab verməyi bacar.

-         Bunu bacardınız?

-         Yox, əksinə, bu sözlərdən sonra daxilimdəki iblislə döyüşdüm və ona qalib gəldim.

-         Cevriyyə obrazı ilə tamaşaçılara nə demək istəyirsiniz?

-         Mən Suat Dərvişin romanını hələ tələbəlik illərindən oxumuşdum. O vaxt bu əsəri yaxşı başa düşməmişdim. Uşaqlıqdan yetimçiliklə böyüsəm də, hələ həyatın insanı necə çirkablara sala biləəcyini dərk etmirdim. Sonra həyatın dəhşətli üzünü  gördüm, dost xəyanəti gördüm, Cevriyyəni başa düşdüm və sevdim. Küçədə böyüsə də, cismən pozulsa da, Cevriyyə mənən safdır. Bu rolumla mən insanlara, xüsusən də, kişilərə demək istəmişəm ki, qadınları sevin, qadın anadır, bacıdır, sevgilidir, övladdır. Onları çirkaba salmayın, mərdi qova-qova namərd etməyin. Ən pozğun küçə qızı belə, əsil kişi olan yerdə bir ocağa hərarət gətirər. Amma bu filmin də taleyi Cevriyyənin taleyinə bənzəyir. Üç ildir ki, çəkilib qurtarsa da, hələ də ekrana çıxmayıb.

-         Oynadığı obrazın taleyini həyatda yaşamaq aktrisa üçün vacidbirmi?

-         Aktrisa səhnədə, ekranda yaşamalıdır. Obrazı həyatda yaşamaq vacib deyil.

-         Ailə həyatınız barədə nə deyə bilərsiniz?

-         Ailəni institutu qurtaranda qurmuşdum. Həyat yoldaşım yaxın qohumum idi. O, səhnəni atıb, Gürcüstana qayıtmağımı istədi. Razı olmadım. Ayrılmalı olduq. Ailə həyatımdan mənə yadıgar qalan qızım Məryəm oldu.

-         Kişilərin acığına kişi rolu oynamaq istərdinizmi?

-         Mən komik bir kişi obrazı yaradardım. Qəzetlər yazır ki, guya mənim kişilərdən zəhləm gedir. Mən əsil kişini Babək kimi təsəvvür edirəm. Qadınlara hörmət edən kişiləri xoşlayıram. Axı, bütün bəşəriyyət ana bətnindən başlayır. İndi əsil kişilər azaldığından qadınlar kişiləşib. Əgər qadın özü çirkab içində olsa, onun böyütdüyü övlad da çirkaba düşəcək. Beləliklə, cəmiyyət çirkaba bulaşacaq.

-         Arzuladığınız adama rast gəlmisinizmi?

-         O mənim xəyallarımda olan ağ atlı şahzadədir.

-         Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

-         Qızım Məryəmi

 

 “Ədəbiyyat və incəsənət”

(19.06.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı Səhər Manafovanın şair Yusif Nəğməkarın doğum gününə həsr etdiyi yazısını təqdim edir. 

 

 

“Dünyanın ən uzaq yolu... 

Ürəklə dil arasında..."

(Y. Nəğməkar)

   

Bəlkə də sonu görünməyən və olmayan yol... Hisslərində, duyğu və düşüncələrində yaşanılan taleyi olan kəslər bir ömür boyu çoxlarına uzaq, amma onlara yaxın olan bu yolda var-gəl edir, duyğuları sözə daşıyır...

İyun ayının 15-i  bu uzaq yolda var-gəl edən tanınmış və sevilən  şair Yusif Nəğməkarın ad günüydü. Şairin təbirindən özünə baxsaq:  Söz  dənizi kimi yarandığı gün.

Başlandığı gün.

Dalğalanıb çırpıldığı  gün. 

Sözün sahilinə sətir-sətir şeirləşərək cıxdığı günlər saysız hesabsız... Yusuf Nəğəməkar dənizinin sahilində gəzişən oxucunu müşaət edən “bu mənəmmi?” sualı, ya da “ bu mənəm “ cavabı olur. Sətirləri doğma , tanış... Etiraf etmiş kimi  oxucunun yükünü azaldır. Hisslər, düşüncələr doğma olsa da Yusif Nəğməkar yaradıcılığının yol alıb getdiyi üslub aləmi tam başqa, fərqli,  cəlbedici...

Yağışa dönübdür göyün qolları...

Min dastan bəs etməz belə çağlara;

Şimşək qələmiylə yazıb yalları,

Bulud avtoqraf verir dağlara. 

 

Hisslərin düz üstünə gəldiyi rahat, hamar bir yoldu Yusif Nəğməkar yolu. Şeirlərində yaşanmış hislərə, munis duyğulara oxucu özünü müəllif hesab edir.

Arzularımıza baxanda hələ körpəyik...

Oxucunu həyata bağlamaq üçün bundan təsirli ədəbi tilsim təsəvvür etmirəm. Qarşıda əlimizdən tutub bizi gələcəyə aparan qos-qoca arzularımız varkən niyə həyatı sevə-sevə yaşamayaq? Yusif Nəğməkar şeriyyətinin ən böyük təlqini insanı sevgiyə inanca, dünyaya, həyata mükafat kimi baxmağa sövq edir. 

Şairliyi qədər insanlığı, böyüklüyü, dostluğu və müəllimliyi də özünəməxsus, təkrarsızdı Yusif müəllimin. 

Söz aləmində fikir və düşüncələrimi müzakirə etdiyim, dəyərli qərarlar aldığım əvəszis ustadım Yusif müəllimi  yeni yaşın astanasında   səmimi qəlbdən təbrik edir, can saglığı arzulayır və hər zaman söz sahilində oxucularla baş-başa qalmağı arzu edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası Gülcahan Salamova teatr sahəsində səmərəli fəaliyyətinə, eyni zamanda, 60 illik yubileyi münasibətilə Teatr Xadimləri İttifaqının mükafatına layiq görülüb.

 

Teatrın yaydığı məlumata görə, aktrisanın iştirak etdiyi “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) musiqili komediyasının nümayişindən sonra sənət ocağının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova onun səhnə fəaliyyətindən danışıb.

Sonra Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova Gülcahan Salamovaya fəxri fərman təqdim edib.

Vaxtı ilə bu tamaşanın Naznazı, hazırda Səlbi (Naznazın anası) obrazının ifaçısı olan Gülcahan xanım ona göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlığını bildirib. 

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun rejissorluğu ilə yeni quruluşda hazırlanan səhnə əsərinin nümayişində Gülcahan Salamova ilə yanaşı, Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, İbrahim Əlizadə, Elnarə Nağdəliyeva, Nigar Qarayeva və başqaları da iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

 

İntihar yolunu seçənlər, dayanın!

 

Bir müddət öncə bir intihar hadisəsi hamımızı dəhşətə gətirmişdi. 18 yaşlı kollec tələbəsi sinfin yazı lövhəsinə «Bu da son!» yazıb, sosial mediada yerləşdirərək, sevdiyi qıza da «Mənim sevgimi cavablandırmadığın, hisslərimi tapdaladığın üçün bundan sonra ölümümün səbəbkarı kimi bütün həyatın boyunca peşimançılıq hissləri keçirəcəksən» mesajını ünvanlayaraq damarını kəsib intihar etmişdi.

Və yaxud, gözəl ailəsi, yaxşı işi olan gənc, yaraşıqlı bir oğlan, iki uşaq atası, futbol totalizatorunda nisyə mərcə girib olduqca böyük bir məbləği uduzduğuna görə bağ evində özünü asmışdı.

Bunlardan biri cavabsız sevgiyə görə, ikincisi isə çıxılmaz vəziyyət səbəbindən intihar hadisələri idi.

Bakıda 1990-cı il 20 yanvar tarixində Sovet imperiyasının muzdlu əsgərləri tərəfindən müstəqillik qazanmaqçun ayağa qalxmış dinc əhali gülləbaran olunanda bütün dünyaya səs salmış bir intihar hadisəsi də baş vermişdi. Muzdluların güllələdiyi 28 yaşlı Bakı Gəmi Təmiri Zavodunun fəhləsi İlham Allahverdiyevin həyat yoldaşı – 20 yaşlı Fərizə sevdiyi insanın ölümünə dözə bilməyərək bətnində 2 aylıq körpəsi ola-ola sirkə turşusu içərək intihar etmişdi.

İnsan orqanizminin imkanları sonsuzdur. Bu imkanlar, xüsusən, stress hallarında özlərini qabarıq büruzə verir. İntihar cəhdi də həmin stress hallarının bir nəticəsidir.

İntihar sosial səbəblər ucbatından insanın öz mövcudiyyatını dayandırmasından ibarət sosial fenomenə deyilir.

3 intihar növü mövcuddur: eqoistlik, altruistik və anomik.

Eqoistlik intiharı hədəfləri cəmiyyət tərəfindən məhv edilən, sevimlilərini itirən insanlar eləyir. Daha çox eqoistik intiharı apatiyaya düşən insanlar həyata keçirirlər. Arzuları puç olduqca, sonda bu şəxsləri yaşamaq arzuları da tərk etmiş olur.

Alturistik intiharda artıq individlər yox, qruplarda, kütlələrdə təmsil olunanlar təmsil etdikləri toplumun müqəddəratını düşünənlər intihar edirlər.

Nəhayət, anomik intiharda daha çox fərdlər tərəfindən aldanılan, istismar edilən, hüquqları pozulan, taptanan, içində həyəcan, qorxu və nifrət çuğlayan şəxslər həyatlarıyla vidalaşırlar.

Get-gedə dünyada daha çox uğursuz insanın intihar yolunu seçməsi tendensiyası müşahidə edilməkdədir. Bu isə, razılaşın ki, çox qorxulu tendensiyadır.

İntihar – say hesabına görə insanı dünyadan aparan bəlalar arasında 8-ci yerdə dayanır.

Son yarım əsrdə dünyada intihar edənlərin sayı 65-70% artıb. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 2000-ci ildə bütün dünyada təxminən 1 milyon insan intihar nəticəsində həyatını itirmişdi. Bu, hər 40 saniyədə 1 insanın intiharını bəyan edən çox həyəcanlı bir faktdır. Ancaq 10 il sonra – 2010-cu ildə bu rəqəm daha da həyəcanlı oldu, intihar halları 13 (!) dəfə artdı. İndi artıq, dünyada hər 3 saniyəyə bir intihar baş verir.

İntiharın statistikası həmişə mənimçün maraq doğurub. Diqqət edin:

Dünyada ən çox intihar halı Çində baş verir. Dünyanın ən çox əhalisi yaşayan bu ölkədə il ərzində təqribən 300000 nəfər özünü öldürür. Ortalama, hər 2 dəqiqədən bir bir çinli öz həyatına son qoyur. İkinci yerdə Rusiya dayanır. Bu ölkədə hər il təqribən 60000 nəfər intihar edir. Ümumən, ən çox intihara məruz qalan 7 xalq isə bunlardır: Çin, hindus, amerikalı, rus, yapon, fransalı, ukraynalı. Təbii ki, bu belə də olmalıdır. Çünki bu, sayca ən böyük xalqlardır. Daha real mənzərəni isə digər statistika ortaya qoyur: İntihar edənlərin sayının əhalinin sayına nisbəti. Bu göstəricidə iki 4 yeri Koreya, Çin, Rusiya və Qazaxıstan tutur. Dünyada ən az intihara rast gəlinən 3 ölkə isə bunlardır: Misir, Haiti, Yamayka.

Əgər intihar halları sayını dinlər üzrə qruplaşdırsaq, onda görərik ki, ən çox intihar bütpərəstlikdə və sintoizmdə mövcuddur. Növbəti yerdə pravoslavlar, katoliklər, müsəlmanlar qərarlaşıblar. Ən az intihar halına isə yəhudi dininə sitayiş edənlər arasında rast gəlinir.

Elmi nöqteyi-nəzərdən intihara insanda əmələ gəlmiş qara fikirlər səbəb olur ki, bunlar da istəmədən insanın içinə həmlə edən şübhələrin, xatirələrin, arzuların, ideyaların, qorxunun əsasında yaranır. Onlar insanın bütün beynini işğal edir, depressiv emosiyalar, üzücü fikirlər, həyəcan hissləri yaradır. Hətta elmdə bəzi psixoloqlar bu cür fikirləri virus adlandırıblar.

Amma bu qara fikirlərə təslim olmamaq, sonadək vuruşmaq lazımdır. Dünyada heç nə insanı yarımçıq dünyadan getməyə məcbur etməməlidir. İntihar məğlubiyyətdir, döyüş meydanından qaçmaqdır, fərrarilikdir.

Biz kitabımızda uğura doğru gedən yoldan danışırıq, xoşbəxtliyə qovuşmaqdan danışırıq. Və mən əminəm ki, oxucularım arasında intihar fikrini beynindən keçirənlər var idisə də, bu kitabı oxuyandan sonra mütləq bu fikirdən çəkinəcəklər, öz işıqlı, nurlu arzularını qurub qaranlıq hücrədən çıxacaqlar.

Təkcə ona görə yox ki, intihara heç nə haqq qazandırmır. Təkcə ona görə yox ki, intihar edənlər qorxaq adlandırılır. Həm də gətirəcəyim bu dəhşətli faktlara görə: İş ondadır ki, mən bir qədər öncə sizə 2010-cu ildə 13 milyon insanın intihar etdiyini söylədim. Ancaq onu da deyim ki, hər il bu rəqəmdən düz 13 dəfə çox insan intihara cəhd edir. Yəni ki, təxminən 170 milyon insan özünü öldürmək istəyir. Demək, hər 13 intihar cəhdindən 12-si uğursuz alınır. İntihar edənlərin 63%-i kişilər, cəmi 37%-i isə qadınlar olduğu halda intihara cəhd edənlərin say hesabına görə qadınlar kişilərdən 4 dəfə çoxdurlar. Hər il 135 milyon qadın intihara cəhd edir, onların cəmi 5 milyonu intihar edə bilir. Kişilərin isə 35 milyonu cəhd edir, onlardan 8 milyonu istəyini yerinə yetirir. İstəyini yerinə yetirə bilməyənlərin bir çoxu isə ömürlük şikəst qalırlar. Şəxsən mən ömürlük əlil arabasına təhkim olunmuş uğursuz intihar cəhdi edən bir şəxsi tanıyıram. Bəs belə isə sivill yolla ağrınızı müalicə etmək əvəzinə niyə özünüzü eybəcər hala salmalı, ömürlük bədbəxt etməlisiniz?

Çox vacib bir faktı da qeyd etmək istəyirik: Özünü asmış insanların meyitlərinin əksəriyyətinin əl barmaqlarının kəndir tərəfindən didildiyi müşahidə olunur. Bu o deməkdir ki, yalnız son anda – artıq kəndirdən asılı qalarkən insan tutduğu işin dəhşətlərini bütün dərinliyi ilə duyub dırnaqları ilə kəndirdən xilas olmağa çalışır.

Demək, intihar edənlər son anda bunun peşmançılığını çəkirlər.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

 

Monday, 19 June 2023 12:00

Taleh Həmid anılıb

İyunun 16-da Binəqədi rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında tanınmış şair Taleh Həmidin anım mərasimi və yeni kitablarının təqdimatı keçirilib. Tədbir mərhum şairin ailəsinin onun ad gününə bir töhfəsi olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə mərhum şairin yazıçı dostları, iş yoldaşları, yaradıcılığının pərəstişkarları və ailə üzvləri iştirak ediblər.

Anım tədbiri şairin haqqında çəkilmiş filmin nümayişi ilə başlayıb.

Mərasimdə Binəqədi rayon Yeni Azərbaycan Partiyasının sədri Vüsar İsmayılov, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis, yazıçılar Seyran Səxavət, Səfər Alışarlı, şair Nazim Əhmədli, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov və başqaları çıxış edərək şairin poeziyası, qələmə aldığı poemalar və onların yaradıcılıq xüsusiyyətləri barədə danışıblar.

Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev, şairin yaxın dostu olmuş Anar Əliyev və başqaları Taleh Həmidin səmimiyyəti, xeyirxahlığı barədə bəhs edib, şairlə bağlı xatirələrini bölüşüblər.

Şairin həyat yoldaşı İradə Babayeva Taleh Həmidin xatirəsini əzizi tutduqları üçün mərasim iştirakçılarına təşəkkürünü bildirib.

Mərasimin bədii hissəsində isə İrəvan Dövlət Dram Teatrının aktrisaları Taleh Həmidin şeirlərini oxuyublar. 

Kitablara gəlincə, Taleh Həmidin hələ sağlığı dövründə “Çaşıoğlu” nəşriyyatında onun 4 cildliyi işıq üzü görmüşdü.  İradə xanımın təşəbbüsü ilə eynən həmin tərtibatda növbəti 3 kitab indi “Qanun” nəşriyyatında çap edilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Əkdim noxud,

Çıxdı söyüd.

Yarpağıdır

Şa-ba-lıd.

Anamın mən hələ uşaq ikən tez-tez dediyi bir cümlə var idi; “Xoşbəxtliyi mənə şaxtalı bir qış günü qaranquşlar öz qanadları arasında ərmağan gətirmişdilər”. Bu cümləni söyləyərkən gözlərindəki mülayim ifadə də elə bil soyuqdan qorunan adamın qat-qat yorğana bürünməsi kimi min cür təlatümə bürünür, ən sonda isə ruhunun istiliyi sırsıra bağlamış göz bəbəklərini nəmləndirirdi. Həmin vaxtlar yazıq qadını dinləmək və susmaq necə də asan idi, indi onu anlamağa çalışarkən sərf etdiyim bütün zaman özümü özümə yad edir.

-Vüqar, oğlum, aşağı enmək üçün məni gözlə. Keçən dəfəki kimi müvazinətini itirə bilərsən.

Kasıblığın üzü qara olsun, bizim evin damından 1-ci mərtəbəsinə enərkən istifadə etdiyimiz nərdivan üstdən aşağı baxanda adamın gözünü qaraldır, bu da yetmirmiş kimi, taxtası artıq çürümüşdü. Əslində, həddi-büluğa çatmış biri üçün bu nərdivanla enmək su içmək qədər asan idi, lakin mənim kimi 2 qolu olmayan biri üçün eyni fikirləri söyləmək çox çətindir. Bu halım ilə evin ən yüksək mərtəbəsində, damında qalmağım bir az qəribə səslənə bilər, fəqət öz evimdə gözlərdən uzaq bir həyat yaşamaq üçün daha mükəmməl bir seçim şansım yoxdur.

-Bu dəfə alındı, ana. Özüm enməyi bacardım.

-Ay bala, vallah sənə söz başa salmaq mümkünsüzdür. Nə qədər dil tökürəm xeyri yoxdur. Heç olması özünü düşünmürsən, barı məni düşün. Ya yıxılsa idin?!

-Narahat olmayın, Nazilə sultan, yıxılsam belə bu, ilk dəfə olmayacaqdı. Həm mən doqquz canlıyam, pisə bir şey olmaz. Uzaq başı geriyə dörd canım qalacaqdı.

- Əsəbləşdirmə məni! Sən yıxılmağınla deyil, indicə bu sözlərinlə mənim axırıma çıxacaqsan.

Bu evdə yalnız anam ilə bütün şıltaqlığımla danışarkən özümü sonsuz bir sevginin bəhrəsi kimi hiss edir, içimə kök salan dərin kədərin yerini sevincə kirayə verdiyinin şahidi olurdum. Amma kirayə.... Allah ona 2 qolu olmayan bir körpə nəsib etsə belə, ruhunda qopan səssiz çırpınışlar bir cümləni dillərinə əzbər etmişdilər; “ Eybi yox, onun qolları mən olaram ”.

 

Ataların günahını, anaların fəzilətini uşaqların simasından görmək olur.

P.Burje

Kiçik otağımın tavanında yerləşən pəncərədən buludları müşahidə edərkən özümü heç vaxt reallaşmayacaq xəyal dünyamın içində tapırdım. Gah lay-lay, gah da topa-topa hərəkət edən buludlar beş mövsümlük teleserialdan, hətta atamın gözlərini bir an belə olsun ayırmadan baxdığı iqtisadiyyat, siyasət, ölkə gündəmi xəbərlərindən qat-qat həyəcanlı və maraqlı idi. Əlbəttə, buludlar nə ölkənin bir yerlərində uğur qazanan gənc nəslin sərgüzəştlərindən, nə də bir-birini qətlə yetirən ailə faciələrindən bəhs edirdi, amma bütün bunlara baxmayaraq məni özünə valeh edirdi.

Nazim kişi yenə televizorun səsini sonuna qədər açmışdı. Xeyr, xeyr, atamın qulaqları yaxşı eşidir. Sadəcə bu hərəkətləri diqqət çəkmək üçün etdiyi bariz idi. Elə bu anda qonşuda Fərman dayının nəvələri arasında çizgi filmi üstündə dava idi. Yazıq Fərman dayı nəvələrinin əlindən heç xəbərlərə baxmağa fürsət tapa bilmirdi.

Bəzən atam ilə qürur duyurdum. Deyirdim ki, kişi əcəb edir. Camaat arvadlarının seriallarının, nəvələrinin çizgi filmlərinin əlindən heç gündəmimizi izləməyə fürsət tapmır. Bəs bu məlumatları biri izləyib hər kəsi xəbərdar etməlidir, ya yox?!

Özüm də bilirdim ki, sərf etdiyim bütün bu kinayəli ifadələr əsassızdır. Artıq bir nöqtədə dayanıb atama haqq verməyi bacarmalıyam. Axı onun da etinasız surətinin altında yaşamaq istəyib, yaşaya bilmədiyi xəyallarının yükü yatır. Əlbəttə, o da istəyərdi ki, sinif yoldaşı, qonşusu Fərrux dayı kimi nəvələrinin əhatəsində öz həyatını başa vursun.Təqaüdə çıxaraq işləyən, zəhmət çəkən oğluna baxıb hər an fəxr etsin. Fəqət bütün bunların qarşılığında arzu etdiklərini ona verəcək dağ kimi oğlu yox idi. Onun oğlu atasının nəzakətli baxışlarını ovuc açmadan dilənirdi... Onun oğlu atasını əli-qolu olmayan televizordan qısqanacaq qədər aciz biri idi, maraqlı baxışların bir gün ona doğru tuşlanacağı ümidi ilə yaşayan bir aciz...

Biz atamla həmişə gizlən qaç oynayardıq, amma o gözlərini yummaz, sadəcə mən gizlənərdim...

Həmin gün anamın həddindən artıq gərgin olduğunun fərqində idim. Sanki atama nəsə söyləmək istəyirdi. Nəhayət, gücünü topladı və vəziyyəti danışmağa başladı:

-Nazim kişi, xalam rəhmətə gedib. Özün də bilirsən ki, bizə çox köməyi dəyib, əl uzadıb. Əgər bu gün çox önəmli bir işin yoxdursa, birlikdə getməyimiz yaxşı olardı.

Yol bir az uzaq olduğu üçün orada gecələməliyik.

Atam həmişəki kimi gözlərini televizordan ayırmırdı.Anamın söylədiklərinə qarşılıq heç nə deməmişdi. Bir an düşündüm ki, bəlkə mənim yanımda rahat danışa bilməzlər, ona görə də otaqdan ayrılmağa qərar verdim. Mənim otaqdan çıxmağıma çox az qalmış atam dilləndi:

-Get Fərmana de, bu gün oğlunun yanında qalsın!

-Baş üstə, Nazim kişi.

 

Mən sayıram, sən gizlən!

O gün 25 illik həyatımda ikinci dəfə idi ki, tək qalırdım. Əslində, birincini saymıram, çünki uşaq idim. Həmin gün sadəcə düşünməklə məşğul idim. Beynimdə bir sual məni dayanmadan narahat edirdi: Görəsən, valideyn dəstəyini öz həyatımda sonuna qədər hiss etsə idim, həyata indi olduğu kimi bağlı qapılar arxasındanmı baxacaqdım, yoxsa öz gücümü toplayaraq bütün çətinliklərin öhtəsindən gəlib mübarizəmi aparacaqdım?

-Necəsən, yaraşıqlı oğlan? Kefindən, əhvalından danış görək.

-Şükür, Fərman dayı, həmişəki kimiyəm. Sənin kefin-əhvalın necədir?

- Yaxşı olasan, ay bala. Təki övladlarımız, sizlər yaxşı olun.

-Var ol, Fərman dayı!

-Mənə bax, qadan alım, mənə görə narahat olma. Əgər yatmaq istəsən yat, mən başımı bir təhər qataram.

-Hələ tezdir, Fərman dayı. Bir azdan yataram. Məni çox vaxt atamla birlikdə televizora baxarkən divanda yuxu tutur. Onun xəbər izahları çox möhtəşəmdir, adama lay-lay kimi təsir bağışlayır.

-Səni çox yaşa, oğlum. Bəs niyə bayaqdan demirsən televizoru açaq, ölkə gündəmindən xəbər tutaq?!

-Buyur, Fərman dayı. O nə sözdür deyirsən?! Öz evin kimi, istədiyini edə bilərsən.

-Bilirsən , oğul, məni qınama. Bizimkilərin əlindən macal tapa bilmirəm, ona görə də bu gün şansımdan sona qədər istifadə edəcəyəm.

-Kef elə, Fərman dayı!

Mən sanki yağışdan çıxıb, yağmura tutulmuşdum. Deyəsən, problem atam da deyil, əsas problem televizorda imiş. Artıq əmin idim, bu televizorda nəsə şeytan tükü var idi. Fərman dayı atamdan betər idi. Kişi hər xəbərə ayrı cür coşurdu:

- Xəbərlər adamın qanını qaraldır. Yağış da vaxt tapmayıb, deyib ki, sabah yağım. Bilmir ki, Fərman kişi kərəntəsini biçin yerində qoyub gəlib. Hələ sən bir bu xəbərə fikir ver. Heç adam da qonşusunun evini qarət edər?! Eh, təmiz əsəbləşdim.

-Əsəbləşmə, Fərman dayı. Belə düşün: Bütün bunlar olmalı imiş ki, olub!

-Uzun ömrün olsun, mənim balam. Sən bütün bunlar haqqında düşünmə.Yorulmamısan ki?

-Bir az yorulmuşam, Fərman dayı. Əgər sən də yorulmusansa, yatsaq heç pis olmaz.

-Əlbəttə, mənim balam. Mən də biçindən gəlmişəm, çox yorğunam. Gəl elə hazırlaşıb yataq.

 

“Alma” desəm gəl, “Armud” desəm qal!

Günün yorğunluğuna əsasən rahat yatacağımı düşünsəm də, gecə mənim üçün elə də rahat keçmədi. Qəribə yuxular, bədənimə hökm edən qorxu hissi həmin gecə bir an belə olsun məni tərk etmədi. Elə bil, daxili bir qüvvə məni oyanmağa sövq edirdi.

Təbii ki, çox keçmədən bu qüvvə məqsədinə nail oldu. İlk öncə düşündüm ki, hər halda öz yerimdə yatmadığım üçün canım rahatlıq tapmır. Lakin hissləri qüvvətli biri olduğumu haradan bilə bilərdim ki?!

Deyəsən, o gecəni narahat keçirməyən sadəcə mən deyildim, Fərman dayı da yata bilməmişdi. Dolanıb dururdu. Evin içində hər yeri bir-bir qarışdıraraq böyük təşvişlə itmiş əşyasını axtarırdı. Hələ mənim oyanmağımın fərqində belə deyildi.

Baxmayaraq ki, bu vəziyyət getdikcə çox qəribə bir hal alırdı, amma mən hələ də onun haqqında bacardığım qədər yaxşı düşünməyə çalışırdım. Bu adam mətbəxin bütün siyirmələrini, anamın səliqə ilə topladığı yorğan-döşəyin arasını, xülasə, qonaq olan birinin əl atmayacağı hər yerə əl atırdı. Həmin an anladım ki, düşüncələrim yanılmaqda haqqlıdır. Bu adam göründüyü qədər səmimi deyil, ikiüzlüdür. Bütün bu axtarışlar nəticəsində əldə etdiyi qənimət anamın iki qızıl bilərziyi idi.

-Eh Nazim kişi, nə bəd xərc kişi imişsən.Qazandığın bütün pulları, görəsən, hara hara xərcləyirsən? Nəvən yoxdur şirinquş alasan, oğlun isə evlərdən iraq..., amma bu xarabada kor qəpiyin də yoxdur. Bir bu iki bilərzikdir, o da sənin deyil, arvadınındır. Baxmayaraq ki, mən belə xəyal etməmişdim, lakin Allah bərəkət versin deməkdən başqa bir çarəm yoxdur. Ən azından bu iki bilərziyi satsam, oğlumun dükana olan borcunu bağlaya biləcəyəm. Qalır bir Dəli Kamandara olan borcumuz, onu da həll etmək üçün bir çarə taparam.

-Kamandara olan borcunu ödəmək üçün bizim televizor bəs edər, Fərman dayı?

Fərman dayı öz nəfsi ilə söhbətindən mənim ona yaxınlaşmağımı belə hiss etməmişdi.

-Nə?!

-Deyirəm ki, bizim televizoru satsan, borcunu təmiz bağlaya bilirsən?

-Sən nələr söyləyirsən, oğlum? Mənim heç kimə borcum yoxdur. Ayrıca olsa belə, niyə sizin malınızla ödəyim?

-Mənə də elə o maraqlıdır, çox doğru mövqeyə toxundun. Məsələn, elə indi o bilərziklər niyə sənin əlindədir?

-Oğlum, bunları yerdən tapdım, hətta...

-Fərman dayı, xahiş edirəm, artıq yalan danışma. Çox güman, son çırpınışlarının faydasız olduğunun sən də fərqindəsən. Amma çox ağıllı biri olduğunu söyləmək istəyirəm. Həqiqətən də qarət üçün çox gözəl bir vaxt seçmisən.

-Məcbur qaldım, vallah məcbur qaldım!

-Özünü çox sıxma, olmalı imiş ki, oldu! Qəbul edirəm, bu saat evimi talan etsələr, onlara mane olacaq taqətim yoxdur, lakin çox yaxşı bilirəm ki, sənin nəfsinə mane olacaq qədər mənəviyyatın var.

Fərman dayının gözlərindəki peşimançılığı bariz görə bilirdim. Doğru fikirləşmişdim, əlindəki qənimətləri özü ilə aparacaq qədər mənəviyyatsız deyildi. Və...mənimlə qalmağa da artıq üzü yox idi.

-Səndən son bir xahiş edə bilərəm, Fərman dayı?

-......

-Gedərkən bizim televizoru da özün ilə apara bilərsən?

-Necə?

- Bu mənim sənə hədiyyəmdir. Ev əhlinin əlindən rahat televizora baxa bilmədiyini söyləmişdin. Əgər səndən nəsə soruşsalar, Nazim kişi özünə yeni televizor aldı, köhnəni isə məni hədiyyə etdi deyərsən. Bu, səndən son xahişimdir!

 

Alma!

Səhər saat 11:00.

Anamla, atam evə yenicə çatmışdı. Anam təbii ki, bir gün ayrı oğluna doğru həsrətlə qaçarkən, atam bir vaxtlar televizor olan həmin istiqamətdən gözlərini çəkmirdi. Lakin atam bir az sonra susqun oğlunun ona həyatının ilk zarafatını edəcəyini haradan bilə bilərdi ki?!

-SON XƏBƏR!

Hörmətli tamaşaçılar, gecə saatlarında Nazim kişinin evi qarət olunub. Naməlum şəxs və ya şəxslər evə daxil olaraq ev sahibinə məxsus televizoru oğurlayıblar. Zərərçəkənin həmin gecə evdə olmadığı və evdə sadəcə şikəst oğlunun olduğu qeydə alınmışdır. Təqsirkarın gəncə xəsarət yetirmədiyi müəyyən olunmuşdur.

Hadisə ilə bağlı araşdırma aparılır!

-Nazilə, get Fərmana de, gəlsin televizorun pultunu da götürsün. Artıq bizim ehtiyacımız yoxdur!

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.