Super User

Super User

İyunun 19-dan iyulun 1-dək Moskvada və Sankt-Peterburqda P.İ.Çaykovski adına XVII beynəlxalq müsabiqə keçirilir. 

Beynəlxalq müsabiqənin saytı xəbər verir ki, iştirakçılar arasında hazırda Sankt-Peterburq Mariinski Teatrının dəvətli solisti olan soydaşımız Həmid Abdulov (tenor) da var. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sankt-Peterburq Konservatoriyasının, Yelena Obraztsovanın Beynəlxalq Musiqi Akademiyasının məzunudur.

Dörd ildən bir keçirilən müsabiqənin əsas məqsədi yeni istedadların üzə çıxarılmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində iyun ayı üçün regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.

 

Nazirlikdən bildirilib ki, bu çərçivədə Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi iyunun 20-də Salyan Dövlət Kukla Teatrında “Hekayəti-xırs quldurbasan” tamaşasını nümayiş etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Tuesday, 20 June 2023 10:15

“Gedin deyin İsaya…”

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:

 

 

Gedin deyin İsaya…

 

      Əziz dostum Qulu Ağsəsə

 

Yaman yorulmuşam mən,

Bəlkə də iş qırxdadı?

Günah köhnə bazarda

Yoxsa təzə nırxdadı?

 

Gəldik sözü qazmağa…

Misra- misra azmağa…

Papaq yoxdu asmağa-

Divar özü mıxdadı.

 

Əl də çatmır əsaya,

Nəyim var ki, nə sayam?

Gedin deyin İsaya

Dünya da çarmıxdadı…

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Fransa Milli Kitabxanasının ev sahibliyi etdiyi 37-ci CENL illik iclasında iştirak edir. CENL Avropanın 45 ölkəsindən milli kitabxanaların üzv olduğu bir kitabxana təşkilatıdır. Hər il fərqli bir ölkədə keçirilən iclasa bu il Fransa ev sahibliyi edir. 

 

Milli Kitabxananın məlumatına görə, konfransı CENL sədri Frank Scholze açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə öz təşəkkürünü bildirib.

Fransa Milli Kitabxanasının direktoru Laurence Engel bütün iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. 

Daha sonra 2022-ci ildə Türkiyənin paytaxtı Ankarada keçirilən 36-cı CENL illik iclasının protokolu və CENL illik hesabatı müzakirə edilib. Ardınca CENL maliyyə hesabatı və növbəti il üçün CENL büdcəsi müzakirə edilib, səsverməyə qoyulub və yekdilliklə qəbul olunub.

İclasın davamı olaraq İFLA ENSULİB-in sədri Harri Sahavirta kitabxana çərçivəsində davamlılıq meyilləri haqqında çıxış edib.

Sonra CENL üzvlərindən Fransa, Azərbaycan, Portuqaliya, Ukrayna, Moldova, Latviya Milli kitabxanalarının rəhbərləri davamlılıq aspektləri haqqında təqdimat ediblər. 

Professor Kərim Tahirov təqdimatla çıxış edərək qeyd edib ki, Azərbaycan Milli Kitabxanasında istifadəçilərə xidmət prosesində ən yeni texniki həllərin, metod və üsulların tətbiqi istiqamətində son illər ərzində çox böyük işlər görülüb, mühüm nailiyyətlər qazanılıb. Direktor vurğulayıb ki, elektronlaşdırma prosesinin vacib istiqamətlərindən biri istifadəçilərə sənədlərin, informasiyanın elektron formatda təqdim edilməsidir. Kərim Tahirov dünyanı cənginə alan koronavirus pandemiyası şəraitində Azərbaycan Milli Kitabxanasının bir dəqiqə də olsun öz fəaliyyətini dayandırmadığını, ölkəmizdə və dünyada evlərində qapanıb qalmaq məcburiyyətinə düçar olan oxuculara – tədqiqatçılara, bütün istifadəçilərə fasiləsiz onlayn xidmət göstərdiyini söyləyib. Direktor 2020-2021-ci illərdə Milli Kitabxananın “Sənədlərin sifarişi və elektron çatdırılması” onlayn xidməti vasitəsilə istifadəçilərə 246 098 resurs göndərildiyini, həmin illərdə Milli Kitabxananın virtual oxucularının sayının 7 500 523 nəfər olduğunu qeyd edib: “Pandemiya şəraitində Milli Kitabxanada tammətnli elektron resursların yaradılması işi də qənaətbəxş olub. Yaranan maneələrə baxmayaraq Milli Kitabxanada robot skanerlər, portativ skanerlər vasitəsilə 88 048 tammətnli (kitab, dissertasiya, dövri mətbuat olmaqla) elektron resurs yaradılıb. Pandemiya təhlükəsi Milli Kitabxanamızın son illərdə həyata keçirilən avtomatlaşdırma və elektronlaşdırma tədbirləri sayəsində uğurlarının nəticələrini ortaya qoyub”. 

Direktor Kitabxanada virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksləri – Elektron məlumat bazaları, virtual sərgilər, musiqi kitabxanası, Audiokitablar barədə də təqdimat edib.

Azərbaycan Milli Kitabxanasının fəaliyyəti CENL üzvləri tərəfindən yüksək qiymətləndirilib.

Konfransa növbəti il Polşa Milli Kitabxanası ev sahibliyi edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

BU GÜN 3-CÜ İŞ GÜNÜDÜR

 

 Ölkənin əsas musiqi hadisələri sırasında yer alan “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalına start verilib. 

İyunun 25-dək davam edəcək Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Biz festivalın gündəliyini və gözlənilən nümayişləri vaxtaşırı olaraq sizlərin diqqətinizə çatdırmaqdayıq. 

 

18 İYUN

 

Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.

Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.

“Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.

Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.

 

19 İYUN

Ötən gün festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edib.

İyunun 19-da, həmçinin festival çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi start götürüb. 

 

20 İYUN

“Muğam aləmi” festivalı çərçivəsində növbəti ifalar iyunun 20-də Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinləniləcək. Həmin məkanlarda Azərbaycandan Xalq artisti Səkinə İsmayılova, Beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli, Hindistandan Vasumathi Badrinathan və Jyotsna Srikanth, Malidən Kankou Kouyatenin çıxışları olacaq.

 

21 İYUN

Festivalın növbəti günü – iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları gözlənilir.

 

22 İYUN

Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı iyunun 22-də səhnəyə çıxacaq.

 

24 İYUN

İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.

 

25 İYUN

Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin mükaftlandırılmasından sonra konsert təqdim ediləcək.

 

Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları olacaq. Festival günlərində Beynəlxalq simpozium keçiriləcək, İçərişəhərdə instrumental muğamlar təqdim ediləcək, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.

Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə keçirilən “Kukla teatrları həftəsi” uğurla başa çatıb.

 

Sənət bayramının bağlanış mərasimində Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ideyanın reallaşmasına dəstək olan Mədəniyyət Nazirliyinə, iştirakçı teatrlara və tamaşaçılara təşəkkürünü bildirib.

O, yeni yaradıcılıq əlaqələrinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və bölgədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılığının diqqət mərkəzinə gətirilməsi məramlı bu ilk ideyanın qarşıdakı illərdə ənənə halını alacağına inamını da ifadə edib. Bildirib ki, növbəti mərhələdə layihənin beynəlxalq miqyasa çıxması üçün başqa ölkələrdən mütəxəssislərlə yanaşı, teatrlar da dəvət olunacaq.

Mərasimdə çıxış edən qonaq teatrların rəhbərləri – Salyan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, Qax Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov tədbirdə iştirakdan məmnunluqlarını ifadə ediblər, bu kimi görüşlərin teatrların yaradıcılıq potensialının nümayişi və müqayisələr üçün önəm kəsb etdiyini bildiriblər.

Tədbir proqrama uyğun olaraq ev sahibi Dövlət Kukla Teatrının təqdimatında “Qar kraliçası” tamaşası (A. Məmmədov) nümayiş etdirilib. Ardınca teatrın nəzdindəki “Oyuq” teatr-studiyası təmsilçilərinin ifasında rəngarəng mahnılar səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

 

Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli əvvəlcə Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyində keçirilən “Türk dünyası” adlı sərgisinin açılışında iştirak edib. 

Sərginin açılışında Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək ölkəsinin Türk mədəniyyətinə verdiyi töhfələr, Özbəkistanın TÜRKSOY-un layihələrində iştirakı haqqında fikirlərini bölüşüb və təşkilatın əhəmiyyətindən danışıb. 

TÜRKSOY-un baş katibi Sultan Rayev Özbəkistanda keçirilən tədbirlər, təşkilatın 30 illik yubileyi, həyata keçirilən işlər və gələcəkdə Türk mədəniyyətinin təbliğinə dair reallaşdırılacaq layihələr haqqında məlumat verib.

Sonra qonaqlar Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyi, onun stendləri, müxtəlif guşələri ilə tanış olublar. 

Muzeyin həyətində açıq havada TÜRKSOY üzv dövlətləri ilə reallaşdırılan layihələrə dair fotosərgi təqdim edilib və hər bir ölkənin milli mətbəxinə dair stendə baxış keçirilib. 

Milli mətbəx sərgisində Özbəkistan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan və Türkmənistanın mətbəxinə aid yeməklər təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tatarıstan 1920-2020” yubiley medalı ilə təltif edilib. 

Qənirə Paşayevaya yubiley medalını Bakıda keçirilən Sabantuy – Tatar milli bayramında Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov təqdim edib.
Tatarıstan Respublikasının Rəisinə yüksək təltifə görə minnətdarlıq edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri bildirib ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində Azərbaycan və Tatarıstan liderlərinin yüksək xidmətləri bir nümunədir. “Biz sizin xidmətlərinizdən ilham alırıq. İnanırıq ki, qardaş xalqlarımız arasındakı mədəni əməkdaşlıq, ümumən bütün əməli fəaliyyətlər üzrə əlaqələr getdikcə daha da güclənəcəkdir”, - deyə Q.Paşayeva vurğulayıb. 
Xatırladaq ki, Qənirə Paşayeva Azərbaycanda Tatar ədəbiyyatı, mədəniyyəti ilə bağlı bir sıra uğurlu layihələrin məsləhətçisi və uyğun nəşrlərin “Ön söz” müəllifidir.
Mətn AzərTAC-ın xəbəri əsasında hazırlanıb. 

“Ədəbiyyat və incəsənət”
(19.06.2023)

 

“Azərbaycan Milli  Rəqsləri" adlı kitab həftəsonu kitabsevərlərə, rəqssevərlərə   təqdim olunub. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın redaktoru istedadlı gənc şair, publisit Ramil Əhməddir. 

 

Kitabda 150-dən çox milli rəqslərimizin yaranma tarixi, inkişafı, ifaçıları barədə məlumatlar yer alıb. Kitab həm sahənin mütəxəssisləri üçün, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. 

Kitab milli rəqslərimizin tarixi, quruluşu, ifa forması haqqında məlumat bazasıdır. Rəqslərimiz haqqında informasiya əldə etmək istəyənlər bu kitabdan istifadə edə bilərlər. Həmçinin rəqs tədrisi ilə məşğul olan, xoreoqrafiya sahəsində bilgilər əldə etmək istəyən peşə adamları da kitabdan faydalana bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Monday, 19 June 2023 19:00

ANONS: Bu dəfə Qəfur Xiyavlı

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” layihəsində portalın Güney Azərbaycan təmsilçisi Əli Çağla sizləri bu dəfə Qəfur Xiyavlının yaradıcılığı ilə tanış edəcək. 



Qəfur Xiyavlı 1978-ci ildə Xiyav şəhərində anadan olub. 2007-ci ildən “Yaşmaq” dərgisinin qurucusu və baş yazarı olaraq həmən dərgisə tənqidi məqalələri ilə özünəməxsus ədəbi baxışını ümum oxuculara tanıdıb. 2016-cı ildə 18 ölkə arasında qurulan Türk dünyasının Mahmud Kaşğarlı hekayə ödülünü qazanıb və həmən ildə "Qırmızım" adlı hekayələr kitabı yayımlanıb. 
Onun "Sümükləri qalmışdı" adlı hekayələr kitabı isə 2019-cu ildə yayımlanıb.

Sabah Qəfur Xiyavlı yaradıcılığı ilə tanışlıqdan, düşünürük ki, məmnun qalacaqsınız.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.