Super User
Bu gün Akademik Musiqili Teatrda premyera olacaq
Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında hazırlanan ikihissəli məzhəkənin premyerası olacaq.
Süjet xəttində sevgi hekayəsi dayanan məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdur. Tamaşanın baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet truppasının üzvləri iştirak edəcəklər.
Tamaşa sabah da təkrarlanacaq.
Biletləri şəhərdəki kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Milanda Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar rəsm sərgisi açılıb
İtaliyanın Milan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Sənətin hamisi” adlı rəsm sərgisi açılıb.
AzərTAC xəbər verir ki, İtaliyanın ən qədim kitab mağazalarından olan “Libreria Bocca” qalereyasında keçirilən mərasimdə Milanın tanınmış sənət adamları, elmi akademik dairələrin və diplomatik korpusun nümayəndələri iştirak ediblər. Nümayiş olunan əsərlər Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov tərəfindən işlənib hazırlanıb. Sərgidə Ulu Öndər Heydər Əliyevin portretləri, eləcə də Azərbaycanın sənət və mədəniyyət paytaxtı Şuşa şəhərindən rəsm təqdim edilir.
Açılış mərasimində “La Scala” Akademiyasının fransalı məzunu Celin Mişelin piano ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sərgi “Heydər Əliyev İli” çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə keçirilir və 10 gün davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Abituriyentlər üçün uğur düsturu – 1-ci məşğələ
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Yaydır, demək, ali məktəblərə qəbul imtahanları zamanıdır. Abituriyentlər cidi-cəhdlə qəbul imtahanlarına hazırlaşırlar. Uğur sirləri bu yazılardadır.
Qeyd etdik ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.
Əksər xalqlar kimi bizim azərbaycanlılar da mental xüsusiyyətlərdən irəli gələrək oxumağa, təhsilə həmişə önəm veriblər. Tarix boyu təhsillilərin, savadlıların statistikası bizim ölkədə yüksək olub. Məktəbə getməyən, təhsil almayan insanlardan hər eldə-obada birini taparsan, ya tapmazsan. Bizdə hətta belə bir adət də var: valideynlər gəlin köçürdükləri qızlarının cehizləri arasında ali məktəb diplomunun olmasının da qeydinə qalırlar. Düzdür, Azərbaycan BMT-nin təhsil səviyyəsinin indeksi reytinqinə (education index) görə ilk onluğa düşmür (1. Avstraliya; 2. Danimarka; 3. Yeni Zelandiya; 4. İrlandiya; 5. Norveç; 6. Niderland; 7. Almaniya; 8. ABŞ; 9. Böyük Britaniya; 10. Kanada), amma YUNESKO-nun nisbi savadlılıq statistikası cədvəlində bizim ölkəmiz SSRİ dönəmində təməli qoyulan məcburi təhsil qaydaları hesabına 99.5% savadlılıq göstəricisi ilə dünya üzrə 13-cü pillədə qərarlaşıb (Maraqlıdır ki, ilk pillələrdə yalnız postsovet və postsosialist ölkələri qərarlaşan bu siyahıda education index onluğunu təşkil edən Avstraliya yalnız 23-cü, Kanada 26-cı, Danimarka 29-cu, Almaniya 32-ci, ABŞ isə hətta 44-cü yerdədir).
Orta məktəbi bitirib ali məktəbə daxil ola bilməmək bizim ölkədə bir gənc üçün böyük faciə, onun valideynləri üçünsə böyük bədbəxtçilik hesab olunur. Əgər biz uğurdan danışırıqsa, statistik insan üçün ilk böyük həyat uğuru, təbii ki, orta məktəbi müvəffəqiyyətlə bitirib ali məktəbə daxil ola bilmək sayıla bilər. Və minlərlə gənc də bu uğura qovuşa bilməyəndə həyatdan küsür, depressiyaya uğrayır.
Gəlin çox sadə olan «abituriyent müvəffəqiyyətləri» şərtlərinə diqqət yetirək. Bu şərtlərin düzgünlüyünə mən zaman-zaman iki ali məktəbə daxil olub onları müvəffəqiyyətlə bitirərək öz üzərimdə apardığım çalışmalar hesabına əmin olmuşam.
Ali məktəbə qəbul olmaq istəyirsən? Gecə və gündüz oxumalısan, hazırlaşmalısan, repetitor yanına getməlisən, sınaq imtahanları verib gücünü sınamalısan. Bu hazırlıq müddətində gündəlik həyat rejimini dəyişib fərqli rejim qurmalısan. Hətta ən xırda detal belə sənin özünü yolunda fəda etdiyin uğuruna xidmət etməlidir. Hafizəni və şüuru gücləndirən qidalardan, təbii otlardan, vitamin və preparatlardan istifadə etməlisən, oxuduğun materialı daha yaxşı qavramaq üçün məlum üsullardan, sınaqlardan çıxmış psixoloji testlərdən, təmrinlərdən bəhrələnmisən.
Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək:
A. Diqqət və yaddaş
Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.
Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.
Sabah da sizlərə B bəndini təqdim edəcəm.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
“Bizim Şuşa” adlı albom təqdim edilib
Diasporla İş üzrə Dövlət Komitəsində Almaniyanın Koblents şəhərində yaşayan Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Milli Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri” Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomunun təqdimat mərasimi keçirilib. “Bizim Şuşa” albomu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub.
Dövlət Komitəsindən verilən məlumata görə, yerli ictimaiyyətin tanınmış simalarının, Komitənin əməkdaşlarının və diasporumuzun Bakıda səfərdə olan fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Əşrəf Heybətovun yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçılarını salamlayan Komitə sədrinin birinci müavini Valeh Hacıyev Xalq rəssamının həyat və fəaliyyətindən danışıb. Onun Almaniyadakı diaspor quruculuğunda fəal iştirakından, Komitə ilə əməkdaşlığından və həyata keçirilən birgə layihələrdən söz açıb.
Tədbirdə kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun direktor müavini dosent Tofiq Nəcəfli, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycanın Əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan və başqaları çıxış ediblər.
Qonaqlar Azərbaycan ziyalılarının dəyərli təmsilçilərindən biri olan rəssamı “Bizim Şuşa” albomunun nəşr olunması münasibətilə təbrik ediblər. Qeyd olunub ki, tarixi vətənindən kənarda yaşamasına baxmayaraq, dünyaşöhrətli rəssamın ürəyi hər zaman Azərbaycanla döyünür, o, ölkəmizin həqiqətlərini, zəngin mədəniyyətini fırçası vasitəsilə təbliğ edir. Onun yaradıcılığını, xalqımıza, vətənimizə, işğaldan azad edilmiş Qarabağa, Şuşaya vurğunluğunu, vətənpərvərliyini və şəxsi insani keyfiyyətlərini yüksək qiymətləndirən natiqlər bütün bu amillərin “Bizim Şuşa” albomunda da əks edildiyini vurğulayıblar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qarabağı işğaldan azad etməsinin bütün xalqımızı, o cümlədən yaradıcı insanları ürəkdən sevindirdiyi yada salınıb. Hazırda Qarabağda və mədəniyyət paytaxtımız Şuşada irimiqyaslı bərpa-quruculuq işlərinin aparılmasının, “Böyük Qayıdış” proqramının icrasına başlanılması qürurunun yaşandığının və bu məqamların böyük əsərlərlə ifadə olunacağına əminlik bildirilib. “Bizim Şuşa” albomu buna bariz nümunə kimi göstərilib.
Əşrəf Heybətov təqdimat mərasiminin təşkilinə və xoş sözlərə görə Komitəyə və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. “Bizim Şuşa” albomunun yaranması ideyası və albom üzərində işi barədə ətraflı məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Mingəçevir Dövlət Dram Teatrı Bakıda çıxış edib
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən "Qonaq teatr" layihəsi davam edir.
Layihə çərçivəsində Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi Əli Əmirlinin "Varlı qadın" səhnə əsəri ilə Bakıda çıxış edib.
Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən tamaşa teatr mütəxəssisləri, media nümayəndələri və sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, quruluşçu rəssamı Əməkdar rəssam Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur.
Sonda Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan və tamaşanın rejissoru, Xalq artisti Valeh Kərimov milli teatr sənətinin inkişafındakı xidmətlərinə və Mingəçevir Teatrındakı səmərəli fəaliyyətinə görə, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli isə ölkə teatrlarının repertuarını orijinal sənət nümunələri ilə zənginləşdirdiyinə görə Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olundular.
“Ədəbiyyat və incəsənət”
(21.06.2013)
Sağlam yaşamağın bir sirri də bu yazıdadır
QARA ZİRƏ YAĞI - MİN DƏRDİN BİR DƏRMANI
Mədəni, elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir.
“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq.
Ölkəmizin qida əlavələri və kosmetik məhsullar bazarında son vaxtlar sensasiyalı xəbərlər dolaşır. Millət vəkili Rüfət Quliyev bir neçə dəfə bitki yağı adı altında insanlara tərkibi məlum olmayan qatqılar sırıyan, bununla da insanlarımızın sağlamlıqlarına zərbə vuran işbazları sosial qınaq müstəvisinə çıxarıb.
Bu arada sözügedən bazara qısa müddətdə ildırım surəti ilə daxil olan, üstün keyfiyyəti və nəfis tərtibatı ilə seçilən, apteklərdə böyük təlabat duyulan “Ataşah” yağ məhsulları diqqətimizi çəkməkdədir. Hazırda bu yağlar 6 çeşiddə alıcıya təqdim olunur.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı şirkət rəsmiləri Paşa Məcidova və Fuad Nəsrullayevə müraciət edərək “Ataşah” yağları barədə ayrı-ayrılıqda oxucularımıza məlumat verməyi xahiş etmişdir. Və bir də, öyrənmək istəmişdir ki, niyə məhz bu yağlara alıcılar üstünlük verirlər.
Həmsöhbətlərimiz bildirmişlər ki, “Ataşah” yağları ənənəvi soyuq sıxım üsulundan da irəli gedərək kriogen üsulla sıxımı həyata keçirir, bu da yağın sıxım zamanı faydalı xüsusiyyətləri tam qorumasına dəlalət edir. Bundan başqa, ölkə bazarındakı yağlarda əsas məhsula az qala yarıbayarı digər - daha ucuz başa gələn, aşağı keyfiyyətli bitki yağları (bəzən hətta pambıq yağı) əlavə edildiyi halda, “Ataşah” yağlarına üçdə bir nisbətdə keyfiyyətli zeytun yağı əlavə edilir. Və bu da yağın mükəmməlliyini təmin edir.
Paşa Məcidov və Fuad Nəsrullayev bildirmişlər ki, hazırda bazara çıxarılan 6 bitki yağı çeşidi aşağıdakılardır:
Nar çəyirdəyi yağı;
Qara zirə yağı;
Üzüm çəyirdəyi yağı;
Balqabaq tumu yağı;
Çaytikanı yağı;
Kətan yağı.
Hər gün bu yağlardan biri barədə sizlərə məlumat verəcəyik. İlk olaraq mövzumuz Nar çəyirdəyi yağı barədə idi.
Nar çəyirdəyi yağı
Sağlamlığın əvəzsiz eliksiri!
Orqanizm hüceyrələrini zərərli təsirlərdən qoruyan, ürəyin sağlamlığına kömək edən, bir çox xəstəliklərin yaranması riskini azaldan, dərinin keyfiyyətini yüksəldən, yaşlanma əlamətlərinə maneə törədən nar çəyirdəyi yağını ölkədə ilk dəfə “Ataşah” şirkəti ən son texnologiya ilə, heç bir qatqısız, 500 kiloqram xammaldan vur-tut 1 litr məhsul almaqla sizlərə çatdırır.
Bu məhsuldan necə imtina etmək olar?
Bugünsə sizlərə Qara zirə yağı barədə danışacağıq. Nar çəyirdəyindən fərqli olaraq qara zirədən yağ almaq asan prosesdir. Amma burada da işbazlar maya dəyəri uciz olsun deyə istehlakçıya təmiz zirə yağı vermirlər.
Qara zirə yağı
Günümüzün trendi
Ümumi tonusu və iş qabiliyyətini yüksəldən, allergik reaksiyaları azaldan, çəkini normallaşdıran, qanda qlükozanın səviyyəsini salan, bakteriyalara, viruslara, parazitlərə, göbələklərə təsir göstərə bilən, qaraciyərin keşikçisi sayılan qara zirə yağı immun sistemini də möhkəmləndirən çox qiymətli bir vasitədir.
Stressli, viruslu dövrümüzdə bu yağ əvəzsizdir.
Təsəvvür edin ki, hətta müqəddəs “Quran” kitabında da bu yağın hədsiz faydalarından bəhs edilib.
Növbədə üzüm çəyirdəyi yağıdır.
Növbəti buraxılışımızı qaçırmayın!
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
“Məni tərifləyib Nostradamus kimi öydülər…” - Sadiq Qarayev yazır
“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin yazısını təqdim edir.
İnsan gələcəyə can atsa da, keçmişi daha çox xatırlayır. Arzular əlindən tutub, gələcəyə qaçırsa da, gözü arxada, keçən günlərdə qalır.
Sanki ömür geriyə baxa-baxa irəli qaçmaqdır. Bəlkə də ona görə hərdən “yıxılırıq”… Niyə belədir? Sözün düzü niyəsi bir az qəliz söhbətdir. Bu sualı bir dəfə mənə yaxın dostum da vermişdi. Təxminən belə cavab vermişdim:
İnsanın anadan olmasından ölümünə doğru istiqamətlənmiş bir düz xətt götürək. Bu xətt üzərindikə hər irəlidəki nöqtə sıfıra-yoxluğa, geridəki hər nöqtə isə var olmaq, dünyaya gəlmək anına yaxınlaşır. İnsan fitrən, şüuraltı olaraq birdəfəlik getmək, yox olmaq istəmir, dərindən fikirləşəndə, yoxluğun sonsuluğu, mücərrədliyindən dəhşətə gəlir.
İndi bir səbəb də əlavə edim: Ömür keçdikcə yaxınların da dünyadan köçür, geridə qalan nöqtələr kimi sən onlardan uzaqlaşırsan. Onlarla bağlı ülvi hisslər, xatirələr keçmiş nöqtələrdə qalır. Ata-ananı, bacı-qardaşı nəvələr, gəlinlər, kürəkənlər əvəz edir… Sağlamlğın gedir, gəncliyin, möhtəşəmliyin geri günlərdə ilişib qalır. Dünyanı, insanları daha çox tanıyırsan, marağın itib gedir keçmişə. Bir sözlə, yoxluğa elə yoxluq olub qarşırsan…
Ona görə də uşaqlıq və gənclik dövrləri hər bir insan üçün ülvi bir aləmdir…
*
Hər il bu vaxtlar kəndimizdən Zor bulaq yaylagina köç edərdik. Məktəb acılana qədər orada qalardıq.
3 ay biz nəinki televizor, elektrik işığı heç aftomobil də görməzdik. Bir texnika görərdik- süddən yağ ayıran "Sud maşını". Bir yarış izləyərdik, "At yarışı"..
Bir xəbəri gözləyərdik- kənddən adam gəlir, şaqqulu badam gəlir- deyərdik. Qra, qarpızı elə eşşəyin üstündə, meşoqun üstündən iyləyərdik.
Məkələri axşamçağı təzək közündə kabab edərdik.
Ayağımızı təndirə sallayıb ulduzlara baxardıq, arzuların əl çatmazını seçərdik.
Əsas bir işimiz vardı- quzu otarmaq. Bir problemi düşünərdik: quzuları Bədəl Yurduna, İbo Pironun arxacına, Göy təpənin döşünə, Ağ qaya ətarfına- hansı istiqamətə aparsaq, cox otlayarlar?
Quzalar otlayar, uzanardıq gül, çiçək içinə, onların xırpıltılı səsinə qulaq asardıq. Adam görməzdik ki, düşüncələrimiz və biz olardıq. Bir də quzular, pələy, boğar. Təsadüfən insan görəndə sevinərdik.
Bir cür su icərdik-bulaq suyu..
Bizim obada yanaşı iki bulaq var idi, Qurdlu bulaq deyirdilər. Qurdulu filan deyildilər. Bir az aralıda sal qayaların dibindən təkrarsız, özünə məxsus səslə, gur çıxan bir bulaq da var idi, ona möhtəşəmliyinə görə Zor bulaq deyirdilər. O biri bulaqlar guya ki, bunun paxıllığını çəkirmiş kimi adlarını " qurdlu" qoymuşlar.
Zor bulağın əhatəsində sıra ilə daha yeddi bulaq var idi. Hər birinin suyu bir-birindən sərin, özlərindən dərin...
Ancaq Zor bulaq doğurdan da zor idi, səsinə , buzluğuna, gurluğuna görə. Elə bil qayalar içindən həyat çıxırdı dünyaya, özü də zor çıxırdı.
Günorta. Quzalar mələşə - mələşə analarından süd içirlər, eşşək anqırır, haradasa at kişnəyir, itlər qonşu obadan gələn atlı qonaqlara hücum çəkir... Babam qonaq qarşılayır, keçiləri mən tuturam, nənəm, anam süd sağır…
Bir gün anama dedim, tez sağ, yağış yağacaq. Digər qadınlar güldü ki, bu cür günəşli havada yağış yağar? Doğurdan da günəşli və isti idi, günorta çağıydı. Anam elə yenicə çadıra girib, südü süzgəcdən digər vedirəyə süzürdü ki, göy guruldadı, leysan tökdü.. İslanmış qadınlar buna məətəl qaldı, xeyli bu haqda danışdılar. Bir neçə gün sonra anamla söhbətdə biri dedi: ərzaq qurtarıb, bu kişi də kənddən gəlmək bilmir. Eşitdim, dedim ki, birisigün gələcək. Doğurdan da həmən adam birisi gün gəldi. Bu dəfə daha çox danışdılar ki, sən bunları hardan bilirsən?? Məni tərifləyib Nastradamus kimi öydülər))) Daha sonralar 2104-cü ildə,qələbədən 6 il öncə yazdığım Sahilsiz Təzadlar romanında Şuşanı azad etdiyimizi, Vaqifin məqbərəsninin təmir olunduğunu, orada tez-tez konfranslar keçirildiyini, mədəniyyət mərkəzinə çevrildiyini yazdım. Sonralar doğurdan da belə oldu. Bu dəfə də dedilər: sən bunları haradan bilirdin? Hətta 60-a yaxın alim, yazıçı, ziyalı AYB-yə, AMEA-nın humanitar bölməsinə, Mədəniyyət nazirliyinə müraciət etdilər ki, bu kitabın Şuşada təqdimatını edək, onun haqqıdır. Amma alınmadı, “ZOR” oldu.
Mən bunları haradan bilirdim? Öncə görmə, təb gəldi, ilham getdi, qulağıma səs gəldi, gözümə nəsə göründü filan söhbətləri həmişə əfsanə hesab etmişəm. Dədəm məni belə öyrədib. O özü yeniyetmə olanda çiynində, alnında “işıq”, “nur” görüb nənəmgil. Səs-küy salıblar, heyrətləniblər, moll zad gətiriblər… Mollalar belə qənatə gəlib ki, bu oğlan ya seyyid, ya pəhləvan olacaq. Sonralar Qarayevdən soruşanda ki, ay dədə bu nə məsələdir, gülüb deyirdi ki, gecə yatağa girəndə nənənin öz toxuduğu yun köynəyi sürətlə dartıb, başımdan çıxarırdım, elektiriklənib işıq saçırdı, bunlar da təhsilsiz admlardı, elə bilirdilər nurlanıram..)). Və mən həmişə Qarayevdən ALLAHA , elmə və Qurana inanmağı öyrəndim. O deyir ki, elmdən başqa heç bir həqiqət yoxdur.
Yaylaqdakı iki hadisəni mən təsadüfən demişdim. Amma Şuşanı azad edəcəyimizi çox düşündükdən sonra, məntiqlə hesablamışdım. Çox sadə: Bizim xalqımızın, dövlət və ordunun ali məqsədi idi bu. Və bütün hazırlaşmalar, hadisələr qələbə müharibəsinə aparırdı. ALLAH şəhidlərimizə rəhmət eyləsin.
Qayıdaq yaylağa…
Aydın səmada buludlar öz- özündən qəm çəkir, nəm çəkir...
Ocaq üstə, köz üstə çiçək yemiş çəpiş ətindən bözpört, kabab bişir,
Tüstüsündən, qoxsundan adam "şişir".
Gözün baxır Zor bulaqdan gələn nazlı qıza, yanağında lalələr, dodağında çiçəklər, gülümsəyən gözlərində şəfəqlər...
Belə göz olar? Ürəyini aparır, rəngin saralır.. Bilmirsən ki bulud çəkib, meh gətirib, ya Zor bulaq damcı- damcı öz ətrafına çiləyib bu qızı...
Yay ayları idi, Zor bulaq obası beləydi...
*
Yenə o dağ olaydı, qarğı atın üstündə,
Bir konfetin, bir almanın üstündə,
"Vuruşardı", dalaşardı uşaqlar,
Keçmişdən, bu gündən xəbərsiz,
Gələcəyə uçan, qaçan uşaqlar,
Öz- özündən şişən, şoşan uşaqlar...
*
Yenə o dağ olaydı,
zirvələrdən baxıb sənə,
Hey yığardım çiçək sənə, gül sənə.
Buludların kölgəsində, mən at üstdə,
Sənsə bitib tükənməyən xəyyaların təşnəsində,
Sanki göydə, yerdə, indidə, həm gələcəkdə,
Yarışardıq, baxışardıq,
Zülmətlərin yoxluğuna qarışardıq.
*
Yenə o dağ olaydı,
Darıyardın saçlarını.
Hirslənərdin, bulaq güzgüsündə,
Görəndə sən qıçlarını.
Mən də bundan zövq alardım, gülərdim,
Əlimdəki gərməşov ağacımla,
Sındıraraq aynasını bulağın,
Damcıları tellərinə,
Muncuq kimi düzəydim.
Zor bulaq “zor” idi, elə uşaqlıq gənclik də “zor” idi.
Nə edə bilərik?
Dönüb geridəki nöqtələrə, Zor bulağa, bulaqdakı əksinə baxan, tellərinə damcılar düzdüyümüz qıza baxa-baxa əlimizdən tutub bizi gələcəyə aparan arzulara yoxluğa doğru qaçırıq...
P.S. Bu Batabatdakı Zor bulaq deyil. 25 il olar ki, ora gedə bilmirəm. ALLAH Qoysa, bu il gedəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
“Əllərinin yadına düşdümü saçlarım?” - Təranə Dəmirin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı şair Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Bir qədər kədər, bir qədər küskünlük, keşməkeşli dünyanı dərk etmək istəyi… Amma kədərə, dərdə əsla əyilməyən lirik ovqat…
Bu da bir gün olmadı,
Sazaqdan gəldi keçdi.
Xatirələr ağladı,
Yanaqdan gəldi keçdi.
Bir mən oldum, bir divar,
Hərənin öz dərdi var,
Məni tutan sevdalar
Uzaqdan gəldi keçdi.
Gah susdum, gah danışdım,
"Sənsizliyə alışdım",
Bu da bir aldanışdı,
Dodaqdan gəldi keçdi.
Savaş açdım, kiridim,
Buza döndüm, əridim,
Qələm dedi, mən dedim,
Varaqdan gəldi keçdi.
Ümidlərim qanadı,
Qırıldı qol-qanadım,
Bu gün də gün olmadı,
Sabahdan gəldi keçdi.
***
Vətən ana, vətən torpaq, vətən eşq,
Vətən qaya, vətən çiçək, vətən daş.
Vətən, Vətən bağırmaqla olmur e,
Heç bilirsən nə üstədi bu savaş?
Vətən söz yox, vətən anddı, vətəndaş.
Hər naləsi ürəyindən keçməli,
Hər ağrısı kürəyindən keçməli,
Məhəbbəti bələyindən keçməli,
Sevgi zorla alınmır e, a "qardaş",
Vətən söz yox, vətən anddı, vətəndaş.
Çəpərindən yolunacan vətəndi,
Tikanından kolunacan vətəndi,
Təpə-dırnaq bu ruh, bu can vətəndi,
Məndən keçir ayağına dəyən daş,
Vətən söz yox, vətən anddı, vətəndaş.
Damarından kafir qanı axdısa,
Taxtın-tacın axırına çıxdısa,
Ürəyində el qeyrəti yoxdusa
Elə get ki, dalınca da qara daş,
Vətən söz yox, vətən anddı, vətəndaş.
Vətən qaya, vətən çiçək, vətən daş!
***
Min düyündən, dağdan keçib,
Min dərdi adlayıb gəlib.
Min nalədən, ahdan keçib,
Min qəmi odlayıb gəlib.
Keçib duadan, qarğışdan,
Küləkdən, seldən, yağışdan,
Buz kimi soyuq baxışdan,
Nəfəsi çatlayıb gəlib.
Dərindən, dayazdan keçib,
İstidən, ayazdan keçib,
Bahardan, payızdan keçib,
İlləri çırtlayıb gəlib.
Sarıyıblar, qanadıblar,
Güldürüblər, ağladıblar,
Dağa-dərəyə atıblar,
Yolları qatlayıb gəlib.
Neçə yol ölüb, dirilib,
Daşa-divara hörülüb,
Min dəfə solub, dərilib,
Çiçəyi çırtlayıb gəlib.
Odunda bişib bu sevgi,
Adında bişib bu sevgi,
Gözümdən düşüb bu sevgi,
Təzədən atlayıb gəlib.
***
Dərdin ən yekəsi unudulmaqdı,
Yadından çıxmaqdı dünyanın, atam.
Sən demə əcəlin adı var elə,
Sən demə təklikdən ölürmüş adam.
Gözün divarları-daşları gəzir,
Hər şey marağından, dadından düşür.
Fəsillər yerini dəyişir bir-bir,
Sevdiyin adamlar atından düşür.
Yadından çıxırsan qohumun, yadın,
Evinin qapısın döyən tapılmır.
Qahmar çıxdıqların yoxa çəkilir,
Sənə bir "günaydın"deyən tapılmır.
Yiyə durduqların yiyəsiz qoyur,
Qalırsan kimsəsiz bu göyün altda.
Özünü min yerdən tənələyirsən,
Ürəyin əzilir gileyin altda.
Yığırsan ağlına gələn nömrəni,
Telefon əlində susub durursan.
Gecənin yarısı tənhalığını
Bir yadın səsiylə ovundurursan.
Bu səssiz otaqda, bu qaranlıqda
Necə şirin gəlir bu səs, İlahi.
Elə asta-asta yalan deyirsən
Heç kimin ağlına gəlməz, İlahi.
Bax onda bilirsən unudulmusan,
Unudub sopsoyuq adamlar səni.
Unudub sevginə qonaq olanlar,
Unudub könlündə yatanlar səni.
Dərdin ən yekəsi unudulmaqdı,
Yadından çıxmaqdı dünyanın, atam.
Sən demə əcəlin adı var elə,
Sən demə təklikdən ölürmüş adam.
***
Bu gün də dolaşdım ayrılığı otaq-otaq,
Qapı-qapı, pəncərə-pəncərə.
Bir az yuxulu, bir az oyaq xatirələr
Asıldı boğazımdan,
Yanaqlarıma hopdu min ilin ağrısı,
Dodaqlarım içdi həsrətini dəniz suyu kimi,
İçdikcə susadım sənsizliyə, adam.
Sənə gedib çatdımı tənhalığın havası?
Əllərinin yadına düşdümü saçlarım?
Qəribsədinmi gecənin zülmətində?
Adımı qaranlığa pıçıldadınmı?
Burnuna yovşan ətri doldumu,
Barmaqların ağladımı varaqların arasında?
Ayrılığı ölçdümü ayaqların?
Sətir-sətir, misra-misra oxşadınmı təkliyini?
Qolların mənsizliyi qucaqladımı?
Gecənin səssizliyinə düşdümü qulaqların,
Gözlərin qaranlığı yordumu?
Ulduz-ulduz gözlədinmi səhəri və
Səhərin alatoranında bir yuxunun qanadında qondummu kirpiklərinə ?...
...Bu gün də sənsizliyə açıldı gözlərim,
Bu gün də adını pıçıldadım rəsminə:
– Sabahın xeyir…
Bu gün də günəşi öpdüm ikimizin yerinə...
***
Olum da bir yük imiş,
Çör çəkən nə çəkirmiş,
Yaxşı ki, O tək imiş,
Çoxun da çox dərdi var.
Göy tökür, Yer dənləyir,
Vurur, çıxır, cəmləyir,
Zaman ölüm dəmləyir,
Sağın da sağ dərdi var.
Min sual bir cavabdı,
Gəl də, get də hesabdı,
Könül vermək savabdı,
Yoxun da yox dərdi var.
Şeytanlar oyundadı,
Hərəsi bir dondadı,
Dağlar dağ hayındadı,
Bağın da bağ dərdi var.
Həqiqət çox uzaqdı,
Hardan tapaq bu vaxtı?
Gecələr qarabaxtdı,
Ağın da ağ dərdi var.
***
Elə bil ki, dəniz daşır səmadan,
Bu haçanın yağışıdı, İlahi?
Biz bilmirik, bəlkə elə bu yağış
Yazla-qışın barışıdı, İlahi?
Sazaqlardan diri çıxan bu torpaq
Gedib gəlib göy üzünə əl açır.
Orda bulud ürəyini boşaldır,
Burda dağlar, burda daşlar dil açır.
Yağış yuyur ağaçların saçını,
Meyvələrin üzü gülür budaqda.
Su içdikcə tumurcuqlar dirçəlir,
Bahar söz-söz şeirləşir varaqda.
Yağış deyil, buludlardan nur yağır,
Sehrlənir şeh altında göy otlar.
Göz yaşıyla öz eşqini torpağa
Damcı-damcı pıçıldayır buludlar.
Elə bil ki, dəniz daşır səmadan,
Bu haçanın yağışıdı, İlahi?
Biz bilmirik, bəlkə elə bu yağış
Yazla qışın barışıdı, İlahi?
***
Gör necə nur tökülür
Göylərin bənizindən.
Gəl dönək ulduzlara
Asılaq göy üzündən.
Burda bizi duyan yox,
Buralar bizlik deyil.
Bizim məhəbbətimiz
Dağlıq, dənizlik deyil.
Bu küçə, bu adamlar,
Bu şəhər bizə yaddı.
Bu qaranlıq gecələr,
Bu səhər bizə yaddı.
Burda sevgilər yalan,
Burda sözlər saxtadı.
Hardasa bir işıq var,
O da çox uzaqdadı.
Buralar bizlik deyil,
Burda bizi kim anlar?
Bizi duymaz sahillər,
Bu dənizlər, limanlar.
Bütün təmiz arzular
Göy üzünə dağılmış.
Yerdə sevgi nə gəzir,
Hamısı bir nağılmış.
Gör necə nur tökülür
Göylərin bənizindən.
Gəl dönək ulduzlara
Asılaq göy üzündən.
***
Bu ömrü kim yaşadı,
Kim ölür indi, Allah?
Bu od, bu ocaq iyi
Hayandan gəlir, Allah?
Bu necə alovdu ki
Tüstüsü göyə çıxmır.
Yanır ocağın altda,
Bəs səsi niyə çıxmır?
Kim qorxudub bu canı,
Ruhundan ayrı salıb.
Səsindən, harayından,
Ahından ayrı salıb.
Kim yazıb bu yazını,
Kim pozur görüm indi?
Gəlsin də yaxına O,
Gəlsin də Kərim indi.
Tutmur bu ağrıları
Ocaq da, od da, Allah.
Tök yükünü aşağı,
Üstündən adda, Allah.
***
Asılmışam gözündən,
Gecə, keç günahımdan.
Bu qaranlıq, bu zülmət
Küçə, keç günahımdan.
Bu dünya bir sınaqdı,
Gəl günah, get günahdı,
Qoşulmuşam nə vaxtdı
Köçə, keç günahımdan.
Yaşadım neçə ömrü,
Daş ömrü,çiçək ömrü,
Verdim bir qoca ömrü
Heçə, keç günahımdan.
Bu dünyada görəsən
Nə var ölümdən asan?
Canım da yox alasan
Əcəl, keç günahımdan.
***
Buludlar göy üzündən,
Ağaclar yerdən tutur.
Dalğalar dənizindən,
Zirvələr yeldən tutur.
Günəş səhərə aşiq,
Ulduzlar gecələrə.
Arzular xəyallara,
Xəyallar küçələrə.
Quşlar çöp yuvasına,
Arı pətəyə qaçır.
Göz yaşı kirpiklərə,
Sevgi ürəyə qaçır.
Payız xəzana vurğun,
Bahar çiçəyə möhtac.
Səhralar buludlara,
Çöllər küləyə möhtac.
Ləpələr qayalardan,
Dənizlər dağdan tutur.
Şairlər qələmindən,
Qələm varaqdan tutur.
***
Nə yaxşı bu şəhərlər,
Nə yaxşı küçələr var.
Nə yaxşı xatirələr,
Nə yaxşı gecələr var.
Darıxanda başını
Qatmağa yerin olur.
Təkliyin arasında
Ölüm də şirin olur.
Gəzirsən tənhalığı
O küçə-bu küçə sən.
Gülürsən, ağlayırsan?
Kimin nə vecinəsən.
Yanından gəlib keçir
Dərd alıb, dərd satanlar.
Baxırsan ki, heç yerdə
Xoşbəxt deyil adamlar.
Hamı nədənsə qaçır,
Ya harasa tələsir.
Özünü aldatmağa
Hərə bir küçə gəzir.
Hamı öz azarında,
Hamı öz qəmindədi.
Ürək dərd bazarında,
Dünya öz dəmindədi.
Nə yaxşı bu şəhərlər,
Nə yaxşı küçələr var.
Nə yaxşı xatirələr,
Nə yaxşı gecələr var.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Elçin Əzizov beynəlxalq müsabiqənin münsiflər heyətinin tərkibinə daxil olub
Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov P.İ. Çaykovski adına XVII Beynəlxalq müsabiqənin münsiflər heyətinin tərkibinə daxil olub.
AzərTAC xəbər verir ki, P.İ. Çaykovski adına XVII Beynəlxalq müsabiqənin təntənəli açılış mərasimi Moskva Konservatoriyasının Böyük zalında olub.
Müsabiqə iyunun 19-dan iyulun 1-dək Moskva və Sankt-Peterburqda keçiriləcək. Tədbirdə ümumilikdə 236 gənc musiqiçi iştirak edəcək. Müsabiqənin münsiflər heyətinə 18 ölkədən olan görkəmli musiqiçi və müəllimlər daxildir.
Elçin Əzizov “Solo oxuma” ixtisası üzrə münsiflər heyəti qrupuna daxil olub.
P.İ. Çaykovski adına Birinci Beynəlxalq müsabiqə 1958-ci ildə keçirilib. Müsabiqə dörd ildə bir dəfə “fortepiano”, “skripka”, “violonçel” və “solo oxuma” ixtisasları üzrə keçirilir.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Qənirə Paşayeva Qazaxıstan Milli Konservatoriyasının fəxri professoru adına layiq görülüb
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Kurmanqazı adına Qazax Milli Konservatoriyasının fəxri professoru seçilib. Q.Paşayevaya fəxri professor diplomunu konservatoriyanın rektoru əvəzi, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Gülnar Əbdrəhman təqdim edib.
Rektor əvəzi Qənirə Paşayevanın Azərbaycan-Qazaxıstan mədəni, elmi əlaqələrinə verdiyi töhfələrdən danışıb.
Təltif üçün təşəkkürünü bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Azərbaycan və Qazaxıstan arasında möhkəm əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb. Şuşa şəhərinin 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən qürurla söz açan Q.Paşayeva Şuşanın Qafqazın konservatoriyası olduğunu bildirib. Vurğulayıb ki, Şuşa 2021-ci ildən rəsmən Azərbaycanın, bu il isə Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyır. Qazaxıstanlı həmkarlarını Şuşaya dəvət edən komitə sədri şəhərin Ermənistanın işğalından azad olunduğu qısa vaxt içində öz görkəmini dəyişdiyini qeyd edib.
O, Azərbaycan klassik musiqisinə aid albomları, “Qardaş ölkəm Qazaxıstan”, həmmüəllifi olduğu və qazax dilində çap olunan “Qarabağdan doğan Günəş - Xurşidbanu Natəvan” və “Qarabağ hekayələri” kitablarını Şuşa şəhərinə həsr olunmuş xüsusi dekorativ tətbiqi sənət əsərini Kurmanqazı adına Qazax Milli Konservatoriyasına bağışlayıb.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)