Super User

Super User

Milli Qurtuluş Günü ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Gəncə şəhərində qastrol səfərindədir.

 

Bu gün kollektiv Gəncə Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Sən elə bir zirvəsən!" adlı musiqili-tarixi esse ilə çıxış edəcək. 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır. 

Tamaşada teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

BU GÜN XALQ ARTİSTİ BƏSTİ CƏFƏROVANIN DOĞUM GÜNÜDÜR

 

“Ədəbiyyat və incəsənət” portalı Elman Eldaroğlunun növbəti doğum günü təbriki mətnini təqdim edir. 

 

 

Uzun illərdir ki, Akademik Milli Dram Teatrında çalışır. Eyni zamanda 2013-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 1998-ci ildə isə “Azərbaycanın xalq artisti” fəxri adına layiq görülüb...

 

Sovet dövründə “Pionerlər evi” adlandırılan uşaq yaradıcılıq mərkəzləri var idi. Həmin mərkəzlərdən dərnək rəhbərləri məktəblərə gəlib istedadlı uşaqlar seçirdilər. O vaxt onu və 10-15 məktəblini rəhmətlik Əfsər Cavanşirovun "Bənövşə" Uşaq Xoruna seçirlər. Əvvəlcə xorda oxuyur, üç ay sonra rəqs dərnəyinə keçir. Həmin dərnəyə 6 il gedir. 1974-cü ildə "Nəsimi" filmi ekranlara çıxanda 8-ci sinifdə oxuyurdu. Bu filmə o dövrdə böyük maraq vardı, bir gün uşaqlarla yığışıb həmin filmə baxmağa gedir və o filmdə epizodik rolda çəkilən Telman Adıgözəlova vurulur. Sonradan ona görə, o filmə azı 7-8 dəfə baxır. Etiraf edir ki, onda aktyorluğa həvəsi məhz Telman Adıgözəlova vurulması yaradıb...

 

Deyir ki,- “İnsan taleyi, qisməti ilə birgə doğulur. Güzgüyə baxanda görməsək də, xırda detallarına qədər həyatımız alnımıza yazılıb. Hər bir insanın öz missiyası var. Qadın var, həyatda çoxuşaqlı ana olmaq üçün, qadın da var, dünyanı idarə etmək üçün doğulub. İstər şüurlu, istərsə də şüuraltı öz missiyalarımızı həyata keçirmək üçün addımlayırıq. Mənə gəlincəsə, uşaq yaşlarımda aktrisa olacağımı müəyyənləşdirməmişdim. O dövrdə bakılıların ailəsində qız uşaqlarının belə bir fikrə düşməsi yolverilməz idi. Bu arzunu qızların böyük əksəriyyəti uşaqkən öz içlərində öldürürdülər. Mən evin üçüncü övladıyam, 8 il sonbeşik olduğum üçün çox ərköyün olmuşam. Bu ərköyünlük mənə çılğınlıq, davakarlıq xüsusiyyətləri aşılayıb. Və mən öz arzuma çatdım...”

 

Cazibədar və gözəldir. Çox iradəli, döyüşkən xanımdır. Heç vaxt ruhdan düşmür. Həyatda bir əsas devizi var: olur yaxşısı olsun, olmursa da heç olmasın. Onun üçün orta hədd yoxdur. Özünü heç vaxt zəif qadın hesab etməyib. Bəlkə də bundan irəli gəlir ki, həyatda olduğu kimi, səhnədə də güclü qadın obrazlarını yaradıb...

 

“Həyatda çox şeylər olur. Gənclik illərində bir nəfərlə ailə qursam da bu icdivac, sevgi uzun çəkmədi. İndi yalnız qızımı sevirəm. Ondan əvvəl rəhmətlik anamı çox sevirdim. Mən çox yaxşı övlad olmuşam. Bunu tam əminliklə deyə bilərəm. Mən ideal anayam. Amma mən ideal sevgili olmamışam. Əslində mən çox mərd insanam, sevəndə varlığımla sevirəm. Lakin mən bu dünyada arzularımdakı obraza rast gəlmədim. Sevdiyim insan buna layiq olmadı. Seçimim düzgün idi, hər şey qarşılıqlı məhəbbət əsasında baş verib. Bu sevginin uzunmüddətli olmamasının səbəbkarı mən olmadım. Həmin adam illər keçəndən sonra öz səhvini etiraf etdi, dedi ki, anasının sözünə qulaq asıb. Lakin qatar artıq getmişdi. Bu məhəbbətim alınmayandan sonra mən şüurlu surətdə yenidən sevməkdən imtina etdim. Çünki dünyada ən böyük dərd sevgi iztirablarıdır. Ondan sonra mənə rast gələnlərdən, hətta övladımın atasını diqqətlə "görmək"dən qorxdum...”- söyləyir.

 

Haqqında söhbət açdığım Bəsti Əli qızı Cəfərova 1959-cu ildə Bakıda dünyaya gəlib. 1976-cı ildə 82 nömrəli orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1980-cı ildə həmin ali elm ocağını bitirdikdən sonra təyinatla Akademik Milli Dram Teatrına göndərilib. 2016-cı ildən Prezidentin Fərdi Təqaüdünü alır...

 

Deyir ki,- “Mən teatra gələndə kollektivə Əli İsmayılov rəhbərlik edirdi. Hərçənd ki, sonradan teatra rəhbərlik edən adamlar- Həsənağa Turabov, Əliabbas Qədirov, Maqbet Bünyadov, İsrafil İsrafilov və Azərpaşa Nemətovla da münasibətim çox yaxşı olub, amma etiraf edim ki, Əli İsmayılovun zamanı üçün çox darıxıram. Çünki o dövrdə çox gözəl yaradıcı atmosfer, nəhəng sənətkarlar vardı, mən onlardan öyrənirdim. Bunun üçün heç vaxt səhlənkarlıq etməmişəm, nizam-intizamlı olmuşam, işimə cidd yanaşmışam...”

  

Teatrın yeni rəhbərliyindən razılıqla danışır. “Mehriban Ələkbərzadə işgüzar xanımdır, gəlişi ilə teatra yeni nəfəs gətirib, gözəl ab-hava yaradıb. İnanıram ki, onunla işləmək bütün kollektivə xoş olacaq.”- deyə münasibət bildirir...

 

Ümumiyyətlə xalq artisti Bəsti Cəfərova səhnəmizin unikal aktrissalarından biridir. Bunu teatrda, eyni zamanda filmlərdə yaratdığı obrazlar da dil açıb söyləyirlər. Onu bu ölkədə tanımayan çətin tapılar. Sevənləri, o cümlədən heyranları çoxdur. 

Bu gün 64 yaşı tamam olur. Ona möhkəm cansağlığı, uzun ömür, səhnə və pedaqoji fəaliyyətində uğurlar arzulayıram.

Yeni yaşınız mübarək, Bəsti xanım!

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

MİNİ REPORTAJ

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunub.

 

Konsertin əvvəlində musiqişünas Sara Timurova çıxış edərək əsərləri səslənən bəstəkarlar haqqında məlumat verib. Onların yaradıcılıqlarını müqayisəli təhlil edərək, hər iki əsərin yazılma tarixi barədə maraqlı faktları tamaşaçılarla bölüşüb.

Daha sonra dirijor Orxan Həşimovun rəhbərliyi ilə solist - respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabala Manafzadə (piano) öz ifasını dinləyicilərə təqdim edib.

Proqramda İqor Stravinskinin “Simurq Quşu” baletindən süita, həmçinin Ayaz Qəmbərlinin Piano və orkestr üçün konserti səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.İnsanın səsinin tonundan tutduğu vəzifəni müəy­yənləş­dirmək olar. 

 

2.Başqalarının fərqli fikrinin ola biləcəyini rahat qəbul edə bilsək, yaşamaq asanlaşar. 

 

3.İnsan öz yaddaşı qarşısında acizdir.

 

4.Sizə yalan danışanı siz də aldadın, özünüzü elə aparın ki, guya inanırsınız.

 

5.Özünü ağıllı saymaq özünü ağıllı göstərməkdən təhlükəsizdir.

 

6.“Problem” sözü dilimizdə olmadığı dövrlərdə babalarımız necə çətin problemlərlə üzləşdiklərindən belə xəbərsiz olublar. 

 

7.Çox yaşamaqla bağlı 80 yaşlı insanın arqumentləri 70 yaşlı insanın arqumentlərindən üstün sayılmalıdır.

 

8.Xoşbəxt adam heç kimə maraqlı deyil, bədbəxt insan həmişə gündəmdə olacaq.

 

9.Hər şeyi Allahın üzərinə qoymaq öz həyat məsuliyyə­tindən qaçmaqdan savayı bir şey deyil.

 

10.Yalnız başqasının məsuliyyətini öz üzərinə götürən andan oğlan kişi sayılır.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Kukla Teatrı silsilə tədbirlər həyata keçirir. Bunlardan birinə də bu gün start verilir. 

 

Demək, bu gün - iyunun 13-də Azərbaycan Dövlət Kukla Teatrında “Kukla teatrları həftəsi” təşkil olunacaq.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.

Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “Açıq qapı” formatında baş tutacaq. Burada məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır. 

Teatrsevərlər tamaşa nümayişləri ilə yanaşı müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələrdə iştirak edəcəklər.

İyunun 13-də təntənəli açılış mərasimi ilə öz işinə başlayacaq tamaşa həftəsində hər gün müəyyən olunmuş qrafikə əsasən ev sahibi sənət ocağı ilə yanaşı Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər.

Tamaşalar iyunun 13-də dəvətnamə ilə, 14-17-də isə ödənişsiz nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Xalq artisti Oqtay Mirqasımovun təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

 

Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “İstiqlal” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün kinorejissor, Xalq artisti Oqtay Mirqasımovun 80 yaşı tamam olur. O, 1943-cı il iyun 12-də Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil aldıqdan sonra Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. 1993-2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 2018-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Tuesday, 13 June 2023 11:00

Cavan qalmağın sirrləri

BUNLARA ƏMƏL ETSƏNİZ PLASTİK ƏMƏLİYYATA EHTİYACINIZ QALMAYACAQ

 

Hansı qadın istəməz ki, yaşından cavan görünsün? Amma bunun üçün çox məhrumiyyətlərdən keçmək lazımdır. Pəhriz, idman, bahalı kosmetika, yeri gələndə plastik əməliyyat… Amma sadə qaydalar da var. Söhbətimiz də bu barədədir. 

 

Yaşından cavan görünmək istəyənlər bir neçə sadə qaydaya əməl etməlidir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, həkim terapevt Tomi Mitçell gənc qalmaq istəyənlərə sınanmış tövsiyələr verib.

Mitçell tövsiyə edir ki, istər kişi, istər qadın dərisini mütəmadi nəmləndirməli, epidermisi ölmüş hüceyrələrdən təmizləməlidir.

"Dərinin ölü qatının soyulması dərini canlandırır, yeniləyir.

Yaşlanmaq istəməyənlər günəş şüası, solyari-yəni ultranəbövşəyi şüaların təsirindən uzaq durmalıdır. UVÇ dərini sürətlə qocaldır.

Eləcə də uzun müddət bu şüalar dəri xərçənginə səbəb olur, bədəndə digər ciddi problemlər yaradır.

Yaz- yay aylarında mütləq qaralma əleyhinə günəş kremləri çəkilməlidir.

Eləcə də insan gün ərzində 8 saat gecə yuxusu almalıdır.

İşdən sonra istirahət, yatmaq kollagen sintezi üçün vacibdir. Kollagen isə dərini gənc, möhkəm saxlayır.

Antioksidant təsirli, yəni yaşıl və qırmızı rəngli meyvə-tərəvəzi bol edin. Onlar sərbəst radikalları təmizləyir, dərini qoruyur.

Əgər istəyirsiz ki, dəriniz yaxşı, gənc görünsün, hər gün bunlardan birini yeyin: avokado, qaragilə, sarıkök, ispanaq, balıq yağı.

Gəncliyin düşməni yuxusuzluq, siqaret çəkmək və içkidir.

Onlar dəriyə qan dövranını pozur, kollagen və vitaminləri dağıdır, qırışları tezləşdirir.

Bu asan qaydalara riayət edin, cərrah bıçağına da daha düşməyin.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının həmtəsisiçisi Vasif Eyvazzadə ilə BMT Sivilizasiyalar Alyansının direktoru Nihal Saad arasında Nyu-York şəhərində görüş keçirilib.

 

Federasiyadan AzərTAC-a bildirilib ki, görüşdə qarşılıqlı əməkdaşlıq və beynəlxalq layihələrin icrasında səmərəli tərəfdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidentinin himayəsi və beynəlxalq təşkilatların tərəfdaşlığı ilə 2024-cü ildə Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı müzakirə zamanı V.Eyvazzadə Forumun Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun dəstəyi və ənənəvi olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil ediləcəyini, bu çərçivədə yaxın zamanda beynəlxalq tərəfdaşlarla birgə “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli görüşünün keçiriləcəyini, həmin görüşdə təşkilatçılar tərəfindən tədbirin proqram və konseptual məsələlərinin təqdim ediləcəyini diqqətə çatdırıb.

Görüş zamanı eyni zamanda Azərbaycan tərəfindən 2021-ci ildə irəli sürülmüş Mədəniyyət naminə Sülh Qlobal Çağırışı çərçivəsində BMTSA ilə əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salınmış və V.Eyvazzadə gündəlikdə olan məsələlər barədə Mədəniyyət Nazirliyinin rəhbərliyini məlumatlandıracağını, habelə layihənin sürətli icra edilməsi üçün qısa müddətdə lazımi addımların atılacağına əmin olduğunu ifadə edib.

Qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansı, UNESCO, Ümumdünya Turizm Təşkilatı, ICESCO və Avropa Şurasının tərəfdaşlığı ilə 2011-ci ildən etibarən Bakı şəhərində beş dəfə yüksək səviyyədə təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

BOZ RƏNGİN TƏNTƏNƏSİ

 

 

“Ədəbiyyat və incəsənət” portalı Ay Danın essesini oxucularına təqdim edir

 

 

Kimin ki, gözlərində gül bağçası var, onlar qəfil düşən leysana da öyrəncəli olurlar... Yəni bütün fəsilləri içinə çəkmiş gözləri ilə öz bağçalarını ovudurlar. 

 

Düşünürsən ki, bir əlçim nəfəsin var, sən bir topa buludsan o bağçada. Yağmasan torpağın quruyacaq, yağsan, gözlərində bir gül ləçəyi keçmişin qoxusu kimi, izi kimi üşüyəcək sənin üçün... Sən də onun üçün.

 

Keçmişin izi... 

Bütün fəsilləri içinə çəkmiş gözlərinə düşsə indi nələr dəyişər, əzizim... 

 

Məsələn, qapın döyülər, açarsan, görərsən,  hələ bağrında həsrət yox ikən sənə can atan əli çörəkli, üzü qürublu, gözləri təlaşlı atan...  

 

Keçmişin izi düşmüşkən gözlərinə, görürsən ki, qocaman adamlar alnının qırışıyla belə körpədi hələ.

 

Görürsən ki, məharət pencərəndən ta təpədə duran günəşi görməkdə deyil, qəlpə -qəlpə bir ürəyin içində günəşi tapıb qucub öpməkdədi... 

 

Görürsən ki, ömrün içindəki ən incə cizgilər sənin içinlə, sənin köçünlə həmahəngdi...

 

Və beləcə bütün doğma yuxuların, bütün doğma qoxuların keçmiş.

 

Sənsə keçmişdən iz... 

Öz kölgəsini rəngləyən, yad kölgədə görünməyən izlər kimi şəffaf, təmiz.

 

Keçmişin izi bir adamın gözlərindəki hürr qəhqəhələr kimi, arzulanan elə hey arzulanan səhərlər kimi... 

 

Sən bu izi toz basmış şəkillərin üzərindən, güzgülərdən köçürərsən gözlərinə...  

 

Dinər, deyər ki, daha gəncliyi yansıtmır güzgülər... Çünki indi bütün güzgülər çılpaqdı. Soyunub əynindən səni... 

 

Ha axtarsan tapmazsan saçlarının gəncliyini... 

 

O iz birdən elə itər ki, dilə tutsan açammazsan gözlərinin dilini... 

 

O iz birdən elə itər ki, kimsə bilməz vaxtı ilə gözlərinin təbiətcə min çalarda dindiyini, içində böyüyən yuxuların nəğmələrini... 

 

Və bütün səsləri, toxunuşları, addımları boz rəng əlindən tutub aparan zaman bilə-bilə, istəyərək öz səsini unudursan.

 

Əvvəl-axır boz qələbə çalırsa, indən belə bütün rənglərə keçmiş olsun!..

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

MİNİ REPORTAJ

Beynəlxalq Muğam Mərkəzində “Musiqili səyahət” ("Musical journey") adlı konsert proqramı təqdim edilib. 

 

Klassik musiqi gecəsində pianoçu və bəstəkarlar Ülviyyə Kazımova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleyta ifaçısı Nərgiz Əliyeva və violin ifaçısı Renata Abubəkirova səhnədə solo, duet, eyni zamanda triolar ifa ediblər. 

Tamaşaçılara İ.Bax, D.Skarlattinin əsərləri ilə yanaşı, müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin əsərləri də təqdim olunub. Proqrama həmçinin Zərif Kərimova və Ülviyyə Kazımovanın əsərləri daxil edilib. 

Konsert proqramında yeni və ilk dəfə səslənən əsərlər maraqla qarşılanıb. Müxtəlif dövrlər və müxtəlif nəsillərin yaradıcılıq nümunələrinə müraciət olunan musiqili səyahət tamaşaçılarda xoş ovqat yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.