Super User

Super User

Rəsm qalereyası: Aida Mahmudova, “Mənzərə”

AİDA MAHMUDOVANIN ÇOX GÖZLƏNİLƏN SƏRGİSİ AXIR Kİ AÇILDI

 

İyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisi, həmçinin rəssamların “Yeddinci tənhalıq” adlı qrup sərgisi açılıb. Təbii ki, biz daha çox zaman və məkan kontekstləri çərçivəsini qıtıb keçərək fövqəlzaman və fövqəlməkanlarda fövqəlinsan portreti yaratmağı ustalıqla bacaran Aida Mahmudova barədə danışacağıq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə akademik Nərgiz Paşayeva, bir çox siyasi xadimlər, elm və incəsənət nümayəndələri iştirak ediblər.

Əvvəlcə YARAT Müasir İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova rəssam Aida Mahmudovanın fərdi sərgisindən söz açıb və ümumi ekspozisiyalar haqqında danışıb.

O deyib ki, rəssamın “Cənnət gözləyə bilər” sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də, “mən”in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə qarşımızda dayanır, bəzi hallarda isə həyat adi mənzərədən daha çox məna kəsb edir. Ancaq həyatı mənzərədən ayırmağa cəhd etmək də bizi bir növ yadlaşmaya aparacaq. Bütün həyat, şəxsi və ya ictimai tarix bir mənzərədə və coğrafiyada baş verir və yaddaşımızı hər zaman canlandıran bir məkan var. Varlığımızın bütün imkanlarını kəşf etmək üçün incəsənətə və sosial elmlərə müraciət etməliyik. İncəsənətin ümumbəşəri dəyərləri olsa da, unutmamalıyıq ki, bizim ədəbi-vizual kontekstimiz sırf lokal xarakter daşıyır. Növbəti məqam önəmlidir: İnsanın özünü ən dərindən hiss etdiyi həqiqət bizi ümumbəşəri bir reallığa aparan bədii reallıqdır.

Bildirilib ki, burada rəssam Aida Mahmudova bizi “mənlik klaustrofobiyasından” xilas etmək üçün bir növ mənzərəyə, bu mənzərənin reallığına aparır. Rəssam coğrafiyanın sivilizasiyanın mühüm ölçüsü olduğunu və bu coğrafiya daxilində insanlarla əlaqə saxlamağın mümkünlüyünü bildirir. Sərginin mərkəzində yerləşən iki böyük rəsm bizə coğrafiyadan, onun müxtəlifliyindən və əhəmiyyətindən xəbər verir, həmçinin onun gözəlliyinə və dəhşətinə diqqəti cəlb edir. Başlanğıc və sonun simvolu olan bu rəsmlərdə keçmiş və gələcəyə dair ip ucları da var. Əsrimizin fraqmentar strukturu ilə ahəngdə olan rəsmlər orqanizmin bütün təbii dövründən (doğum, həyat, ölüm) sonra ilkin nöqtəsinə qayıtmasını qeyd edir. A.Mahmudova dünyanı bəşəriyyətə baxaraq təsvir edərkən, özü vasitəsilə bizim ortaq təcrübəmizi də təsdiqləyir. Bu, rəssamın çağırışıdır. İncəsənətin gücü ağlımıza, əsəblərimizə, xatirələrimizə, duyğularımıza, nəhayət, ruhumuza xitab və təsir edir. O, dünyadakı varlığımızı, öz vücudundan götürdüyü tərsinə (neqativ) formalar və onların boşluqda tutduqları həcmlər vasitəsilə ifadə edir, həmçinin tavandan asdığı kətan və səth əsərləri ilə ümidi çatdırır. Bu mənzərələrdə biz həm xatirələrimizi, həm də gələcəyimizin ip uclarını görə bilərik. Rəssam əsərlərində incəsənətin köməyi ilə maddi və mənəvi şərə qarşı mübarizəmizi, keçmişin, bu günün və gələcəyin ideallarını çatdıra biləcəyimizi bəyan edir. A.Mahmudova bizə sənətin ümumbəşəri əhəmiyyətini və qüdrətini göstərir, belə ki, o, öz əsərləri ilə insanlara onların həyatını, tarixini xatırladır. Rəssam hesab edir ki, coğrafiya və yaddaş naturalist şəkildə təqdim oluna bilməyəcək qədər mücərrəddir. Aida Mahmudovanın əsərləri incəsənətin dünyanın yenilənməsinə töhfə verdiyini ifadə etsə də, o, müasir zaman və məkanın etibarsız, introvert olduğunu qeyd edir. Buna görə də dünya kətanların kənarlarında açıq bir kompozisiya kimi təsvir edilib. Onun əsərləri tamaşaçılar üçün kəşf və özünüifadə vasitəsi ola bilər; o, daha çox səmimiyyətə və yaradıcılığa çağırır. Özünün cəsarətli və yenilikçi hərəkəti ilə A.Mahmudova bizə bəşəriyyətin lazımi bacarıq və alətlərlə sərhədləri aşa biləcəyini göstərir. Nəticədə sərgi fiziki və konseptual sərhədləri keçməyə çalışır. Bu sərhədləri aşmayınca humanist coğrafiyamız olmayacaq. Əsərlərə yaxından nəzər salsaq və cəsarət etsək, bunun necə baş verə biləcəyini anlamaq üçün bizə əhəmiyyətli ip ucları verəcək.

Sərginin kuratoru Fərəh Ələkbərli eyni gündə açılan digər ekspozisiya - “Yeddinci tənhalıq” adlı qrup sərgisi haqqında danışıb. O bildirib: "Ekspozisiya YARAT-ın sifarişi ilə hazırlanan, həmçinin son illərdə yaradılmış Hüseyn Haqverdiyev, Tərlan Qorçu, Orxan Hüseynov, Ramal Kazım, Novruz Məmmədov, Fərəc Rəhmanov, Eltac Zeynalov, İsmayıl Səfərəli və Nadir Eminovun əsərlərini bir araya gətirir. Qrup sərgisi alman filosofu F.Nitşenin fəlsəfə əsərlərində irəli sürdüyü “Yeddinci tənhalıq” sirli anlayışına əsaslanaraq, sosial kontekstdə müasir uzaqlaşma, yadlaşma, varlıq və əbədi qayıdış kimi fundamental dəyərləri əlaqələndirməyə çalışır. Tempi yüksək olan çağdaş həyatımızda insanların çoxluğuna baxmayaraq, onların arasında olan sıx təmaslar ünsiyyət imkanlarını genişləndirmir. Sosial-psixoloji stereotiplərin, zövqlərin, qiymətləndirmənin, davranış və qavrayış formalarının “konveyer istehsalı” individual fərqliliklərin xüsusiyyətlərini məhv edərək, faktiki olaraq şəxsiyyətin parçalanmasına gətirib çıxarır. Aydın məsələdir ki, müasir cəmiyyətdə “Yeddinci tənhalığ”a çatmaq üçün tərki-dünya olmaq müəyyən sosial kontekstə də bağlıdır. Bu anlamda tənhalıq fiziki deyil, cəmiyyətdən mücərrədləşərək mənəvi olmasını da nəzərdə tutur.

Qeyd edilib ki, bunların fonunda, şüurlu şəkildə tənhalığa üz tutan individlərin sirli “Yeddinci tənhalıq” axtarışında olması sərginin əsas leytmotivini təşkil edir. Sərgi “tənhalıq” məfhumunun ilkin təzahüründən “Yeddinci tənhalıq” deyilən daha yetkin və çoxsaylı metamorfozlara uğramış durumdan bəhs edir. Bu durum, dərkedilmiş seçim olaraq azadlıq, “mənə” aparan yol, varlıq kimi anlayışlarla bağlıdır. Tənhalığı özünə əsas istiqamət kimi işarələyərək, həmçinin fövqəlinsana aparan fərdi, şəxsi təcrübə və müşahidələri işıqlandıran sərgi, həm də bu yolun tərkib hissəsinə çevrilmiş məqamları da vurğulayır. Azadlıq, dəyərlər sistemi, məqsəd və ümidlər, haqq və güc, itaət, instinktlər və s. Bu tənhalıq şəxsi mənsubiyyəti araşdıraraq, onun digər sosial mühitlərdən üstünlüyünü diqqətə çatdırır".

Sonra sərgilərə baxış keçirilib.

Qeyd edək ki, sərgilər oktyabrın 22-dək davam edəcək.

 

Qeyd: Məqaləni hazırlayarkən AzərTAC-ın matetiallarından və fotomateriallarından istifadə olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək. Konsertdə ölkəmizin tanınmış Xalq və Əməkdar artistləri Qarabağ üçün oxuyacaqlar.

 

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşacaq konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək. 

Qeyd olunmalıdır ki, konsertin baş sponsoru Veysəloğlu Şirkətlər Qrupu, informasiya dəstəkçisi isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir.

Siz də bilet əldə edərək “Qarabağ gecəsi”nin iştirakçılarından biri ola bilərsiniz.

 

(Bilet əldə etmək üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert23)

 

Həmrəy olaq, Qarabağı birlikdə bərpa edək!

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının növbəti Açıq portfel xəbəri Mərkəzi Banka istinadəndir. 

Cari ilin birinci rübü üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənib.

 

Hesabat dövründə Azərbaycanın tədiyə balansının ümumi qalığı 3 milyard 453,8 milyon ABŞ dolları təşkil edib. Cari əməliyyatlar balansında 3.4 milyard dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 1.3 milyard dollar profisit yaranıb, ehtiyat aktivləri 3.5 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 85 dollar/barel olub, qeyri-neft-qaz ixracı isə 27 faiz artaraq 900 milyon dollar səviyyəsində formalaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi II Fəxri xiyabanda Xalq artisti, görkəmli sənətkar Siyavuş Aslanın, Yasamal qəbiristanlığında isə onun oğlu Çingiz Aslanın məzarlarını ziyarət edib, ruhları üçün dualar ediblər. 

 

Tetarın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı və Əli Nur çıxış edərək Siyavuş Aslanın həyatı, səhnə fəaliyyəti, Azərbaycan teatrının inkişafındakı rolu haqqında danışıblar.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

Friday, 09 June 2023 12:00

Bu səhər möcüzəli səhər oldu

“Ədəbiyyat və incəsənət” portalı Almaz Ərgünəş Bəyazidin yazısını təqdim edir. Günümüzdə kim deyir ki, möcüzə olmur? Olur, özü də necə. 

 

Bu səhər çantamı çiynimə atıb yeniyetməlik və gənclik illərimin xatirələrini yaşadan yerləri dolaşdım.

Hər yan yaşıllıq, isti günəş, tərtəmiz küçələr, gözəl, sakit, mehriban Sumqayıt.

Arada səbr gətirdim, yanımdan ötən yaşlı kişi  - Sağlam olun - dedi.

Gulə-gülə minnətdarlığımı bildirdim.

Tanış simalar gördüm. Amma görmək istədiklərimin çoxusu vəfat etmişdi. Bununla belə, bir-birinə bənzər insanlar mənə çoxlarını xatırlatdı. Sandim ki, cooox uzun bir ömür yaşadım.

İki quruluş… Yəqin bundandır bu düşüncələr. İki əsr. Amma daha önəmlisi, iki minillik!!!

Keçmiş çox kövrəkdir...

Ən çox  konyaklı şokaladı sevirdim. Evə gələndə Sahilə qızım mənə konyakli şokalad aldığını dedi.

Bu aralar sanki keçmişim mənimlə görüşə gəlib. Çox romantik adamam.

Möcüzə elə bu deyilmi?

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Elman Eldaroğlu bu dəfə çox məşhur telejurnalist, professor barədə fikirlərini bölüşür. Qulu Məhərrəmli barədə. Buyurun. 

 

 

Amerikalıların gözəl bir deyimi var:- “Adamın haqqında xoş sözlər demək üçün onun ad gününü gözləməyə dəyməz.” Aşıq Ələsgər isə “Eylər” adlı məşhur qoşmasında söyləyir;

 

"“Can” dеməklə candan can əskik olmaz,

Məhəbbət artırar, mеhriban еylər...”

 

Axı ömür elə də uzun deyil, bir-birimizə xoş söz deməyə niyə də tələsməməliyik? Necə deyərlər, qılıncımızın qaşı düşməyəcək ki...

 

Nə isə, bu gün sizə bildiklərini təkcə tələbələrinə yox və həm də ictimaiyyətə çatdırmağa çalışan Azərbaycanın bir televiziya tənqidçisi, publisisti, filologiya elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i haqqında söhbət açmaq istəyirəm.

 

Deyir ki:- “Mənə elə gəlir, insan öz yaşını hiss eləmir. İnsan yaşını hiss eləsə, ona uyğunlaşsa, onun üçün çox çətin olar. Yəqin bu, həyat enerjisiylə, ətraf mühitlə bağlı bir məsələdir. Bunu bioloji baxımdan izah etmək çətindir, çünki insanın yaşlanmağı, qan damarlarının vəziyyəti, beynin iş qabiliyyəti, insanın özünün fiziki göstəriciləri yaşda əks olunur. Amma insanı cavan saxlayan və gənc göstərən onun ruhu, düşüncəsidir. Stalinə sual verirlər ki, insan nə vaxt yaşlanır, deyir zamanı hiss eləməyəndə. Mənim də işim elə gətirib ki, televiziya həyatı, pedaqoji fəaliyyətim, jurnalistika mühiti, istər-istəməz onun özünün dinamizmi həyatıma təsir eləyir. Görünür, xarakter də burda rol oynayır. Amma ən əsası ruhun vəziyyəti ilə bağlıdır. İnsan içində ölübsə, istəyir 30 yaşı olsun, istəyir 50, əlbəttə ki, ölüvay görünəcək...”

 

Altmış doqquz yaşın içindədir, fəqət çevikliyini hələ də itirməyib. Oturaq həyat keçirmək, süstlük, hərəkətsiz yaşamaq ruhuna zidd əlamətlərdəndir. Necə deyərlər, burdan vurub, ordan çıxır. Pedaqoji fəaliyyəti ilə yanaşı, dostların xeyir-şərində, mədəni kütləvi tədbirlərdə, televiziya ekranlarında onu tez-tez görmək olur. Nəvələrinin əksəriyyəti xarici ölkələrdə təhsil alır. Bir də görürsən ki, onların diplomalma mərasimlərində iştirak edib, sosial şəbəkələrdə şəkil paylaşır. Sevincini dostları ilə bölüşməyə tələsir. Bütün bu hərəkətlərin hamısı adamdan böyük enerji tələb edir. Enerjinin mənbəyi isə təkcə düzgün qidalanmaqda deyil, gərək niyətin saf, qəlbin təmiz, ruhun sağlam olsun...

 

“Adam ictimailəşibsə, müəyyən çərçivəni qəbul etməlidir. Hardasa şüuraltı yaşın ölçüləriylə hesablaşmalısan. Qadağalar olmalıdır, bu, təbiidir. Önəmli olan özün üçün belə sərhədlər qoymamağındır. Mən etik məsələləri nəzərdə tutmuram. Əlbəttə, bu yaşda şortik geyinib hər hansı bir məclisdə görünsən sənə başqa cür baxacaqlar. Təbii ki, yaşadığın cəmiyyətin qaydalarını nəzərə almalısan. Eyni zamanda onu əsas gətirib bütün hərəkətlərinə məhdudiyyət qoymaq olmaz. Deməlisən də, gülməlisən də, məclislərdə də olmalısan. Özünə uyğun çevrən olmalıdır. Xoşbəxtlikdən məndə həmişə belə bir çevrə olub. İkincisi, çox vaxt gənclərin əhatəsindəyəm. Onlarla çox vaxt ruhi vəziyyətimiz uyğun gəlir. Dərsdə tələbələrləyəm, onların ritmiylə müzakirələr aparıram. Mentaliteti də, yaşı da, qadağaları da nəzərə almalısan. Amma əsas odur ki, bütün bu qadağaların içində həm də ruhunu diri saxlayasan. Bu, çətindir, amma mən nə dediyimi yaxşı bilirəm...”- söyləyir.

 

Ailəsi çox da böyük deyi. İki qızı var, onlar da ailə qurublar. Ömür-gün dostu Zemfira xanım Məhərrəmli ilə tələbə yoldaşı olublar. O da media adamıdır. Bədii yaradıcılıqla aktiv məşğul olur. Bir sıra kitabların müəllifidir...

 

Zəngin və parlaq uşaqlığı olub. Zəngilanda doğulsa da 5 yaşında atası rəhmətə getdiyindən onu Şuşada internat məktəbinə qoyublar. İnternat məktəbdə oxumağı xarakterinə, həyatına çox ciddi təsir edib. Kollektiv mənafeni, sözün yerini, yaxşılığı, şərə qarşı dayanmağı, zəifin tərəfini saxlamağı, zalıma qarşı çıxmağı orada öyrənib. Hətta bəzi yazılmamış qanun və qaydaları da burada mənimsəyib. Məsələn, hər gördüyün şeyi demək olmaz, oğurluq eləmək kişilikdən deyil, döyülənə kömək etməlisən və s..

 

Deyir ki,- “Bir dəfə başqa rayonlardan bizim oxuduğumuz məktəbdəki pioner düşərgəsinə uşaqlar gəlmişdi. Özləriylə ərzaq gətirmişdilər, biz tər tökə-tökə o ərzağı boşaltdıq. Beş nəfəriydik, bizi sıraya düzüb üstümüzü axtardılar. Yəni birdən biz ordan konfet, peçenye götürmüş olarıq. Sarsılmışdıq bu hərəkətdən. Gedib müəllimimizə dedik ki, biz bu anbarı dağıtmalıyıq, çünki təhqir olunmuşuq. Heysiyyətimizi tapdalayanları cəzalandırmalıyıq. Müəllim nəsihət verdi, sonra dedi ki, necə istəyirsiniz eləyin. Orda elə həngamə qopardıq ki, bizdən üzr istədilər. Anladılar ki, heç bir uşağın heysiyyətini tapdalamaq olmaz. İnsan özünün ləyaqətini qorumursa, o, çox yararsız adamdır. Haqsızlığa qarşı çıxmaq lazımdır...”

 

Müstəqil yaşamağı uşaqlıq illərindən öyrənib. Qoçaq və dalaşqan olub. Təsəvvür edin ki, 5-ci, 6-cı siniflərdə oxuyanda İsa bulağına gedib pul qazanırdı. Çör-çöp yığaraq orada kabab bişirmək istəyən adamlara satırdı. Tələbəliyi də pis keçməyib. Yaşadığı yataqxanada müxtəlif ziyafətlərdə içib də, dava da salıb, şənlənib də. Döyüldüyü də az olmayıb, amma heç vaxt kimlərinsə təsiri altına düşməyib, sarsılmaz iradəsi var...

 

Bəli, haqqında söhbət açdığım professor Qulu Məhərrəmlinin sərt, amansız qaydalar altında böyüməsi onun həyatında mühüm rol oynayıb. Ona görə də mərd, döyüşkən, cəsur, dinamik adamdır. Bəlkə də çoxunuz bu faktları bilmirdiniz. “Facebook” sosial platformasında Cenevrədən, “Dü Leman” kollecinin məzunu, nəvəsi Nihadla paylaşdığı şəkilə baxarkən dediklərim yadıma düşdü və bildiklərimi sizinlə bölüşmək istədim...

 

Çox yaşayın, Qulu müəllim! Nəvələrin uğurları şirin olur. Gözünüz aydın olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:

 

Bir sevda qoynunda dərya salmışıq…

 

Yaxşı ki, dünyanın künc-bucağında,

Bir az özümüzə yer saxlamışıq.

Bəlkə xatirələr ,,qara qutu”du-

İçində nə qədər sirr saxlamışıq…

 

Günəşin ovcundan  dağılır işıq…

Bu könül ev kimi… sevgi-sarmaşıq.

Bir sevda qoynunda dərya salmışıq-

Dəryanın dibində dürr saxlamışıq…

 

Qadağa beləymiş, yasaq da belə,

Ölənə şər atır bu sağ da belə.

Hər gün  canımızı yusaq da belə-

Hələ  içimizdə kir saxlamışıq…

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Əli Qayibin həftəsidir. 

 

Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney  Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

MƏN

 

Söz mülkündə nakam qalan,

Diləklərin dəmiyəm mən.

Haq sevdalı ürəklərin,

Sızıldayan simiyəm mən.

 

Qəmkeşəm qəmə qatlaşan,

Fərhadam, dağları aşan,

Köç etməyə hazırlaşan,

Qərib quşlar kimiyəm mən.

 

Olmasa da yaşım yetmiş,

Yetmişinə yolum yetmiş,

Hasılı talana getmiş,

Bir yiyəsiz zəmiyəm mən.

 

Bax ahına, amanına,

Dalğasına, tufanına,

Yanını son limanına,

Söykəyəcək gəmiyəm mən.

 

Dərd qəddini əyənlərin,

Ox bağrına dəyənlərin,

Araz-araz deyənlərin,

Gözlərinin nəmiyəm mən.

 

Mən Qayıbam, yaram dərin,

Dərdim qaynar, odum sərin,

Vətən dərdi çəkənlərin,

Dağa dönmüş qəmiyəm mən.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

"Üzüklərin hökmdarı" trilogiyasının motivləri əsasında hazırlanan hələ ki sonuncu  “Üzüklərin hökmdarı: Güc üzükləri” çoxseriyalı fantastik filminin ikinci sezonunun çəkilişləri nəhayət ki, başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə kinonews.ru saytı məlumat verib.  

“Amazon Film Studios” şirkətinin istehsal etdiyi, Con Tolkienin müəllifi olduğu sözügedən filmin birinci sezon nümayişi ötən ilin oktyabrından bu ilin mayınadək davam edib, 465 milyon dollarlıq büdcəyə malik bu ekran əsərində bəhs edilən hekayə qədim dövrdə dünyanın mənşəyini, eləcə də həmin zamanda yaşayan irqləri izah edən  uydurma Tolkien mifologiyası haqqındadır.

Qeyd edək ki, hazırda əksər film istehsal edən studiyalarda Amerika Ssenaristlər Gildiyasının davam edən tətili səbəbindən film və serialların buraxılışları sürətləndirilir. Güman edilir ki, “Üzüklərin hökmdarı: Güc üzükləri” vaxtında yayımlanan bir neçə layihədən biri olacaq. Serialın pərəstişkarları layihənin yeni sezonunun başlanmasını səbirsizliklə gözləyir.

İstehsalçılar böyük gəlir hədəfləyiblər.

Xatırladaq ki, kinotrilogiya indiyə qədər 2,92 milyard dollar kassa mədaxili ilə kino tarixinin rekorduna sahiblənmişdir. 

 

Şəkildə: Filmdən kadr

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.