
Super User
Komitə sədri Milli Məclisdə növbəti vətəndaş qəbulunu keçirib
Milli Məclisin üzvü, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa növbəti vətəndaş qəbulu günündə bir qrup vətəndaşla, o cümlədən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Məclisdə keçirilən qəbulda qeyri-hökumət təşkilatlarının rəhbərləri – Vüqar Tofiqli, Tofiq Əlizadə, Muhammet Kıldizə, Elməddin Məmmədzadə, ictimaiyyət nümayəndələri – Anna Alekseyevna, Sevinc Rüstəmova, Sevda Eyyubova, dövlət qulluğu imtahanında yüksək nəticə göstərmiş gənc ictimai fəal Nərmin Məmmədzadə, pedaqoq Həbib Hacıyev və digərləri iştirak edib.
QHT rəhbərləri fəaliyyətləri, həyata keçirdikləri layihələr, qarşılaşdıqları çətinliklər və gələcək planları barədə komitə sədrinə məlumat verib. Onların çıxışlarında sektorun inkişafı yönündə təkliflər də səsləndirilib.
İctimaiyyət nümayəndələri isə daha çox sosial məsələlər – işsizlik, güzəştli proqramlara çıxış imkanları, əfv və sosial müdafiə ilə bağlı çətinliklərə dair müraciətlərlə çıxış edib.
Komitə sədri Fazil Mustafa vətəndaşları maraqlandıran məsələlərə münasibət bildirib, bir sıra müraciətlərin aidiyyəti dövlət orqanlarına göndəriləcəyini və icrasının nəzarətdə saxlanılacağını vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Respublika Uşaq Kitabxanasına növbəti ekskursiya təşkil edilib
Mina Rəşid, “Ədəbiyyat və incəsənət”
18 aprel 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasına Suraxanı rayonu 89 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı şagirdlər Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabı haqqında məlumat əldə ediblər və onlara kitabxananın yaranma tarixi, müxtəlif yaş kateqoriyalarına uyğun kitablar və mütaliənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərə “Yer kürəsi”, Mürşüd İsmayılzadənin “Hər günə bir sual”, Erik Mativenin “Bəs niyə səma mavidir?” adlı kitablarının icmalı təqdim edilib.
Məktəblilər həm klassik, həm də müasir uşaq ədəbiyyatından seçilmiş kitablarla tanış olub, onların məzmunu barədə qısa annotasiyalar, həmçinin elektron resurslar və onlardan istifadə qaydaları haqqında məlumatlar əldə ediblər.
Sonda kitabxana əməkdaşları şagirdlərin suallarını cavablandırıb, onlara kitabxanadan daha çox istifadə etməyi və mütaliəni gündəlik vərdişə çevirməyi tövsiyə ediblər.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Musa Ələkbərlidən İlham Pirməmmədova ithaf
“Ədəbiyyat və incəsənət” portalı tanınmış alim İlham Pirməmmədovun 70 illik yubileyi ilə bağlı ustad şair Musa Ələkbərlinin yazdığı şeiri sizlərə təqdim edir.
GƏLİR
Bu gün mənə çox-çox əziz olan, dostum professor İlham Pirməmmədovun 70 yaşı tamam oldu. Professorun bu günə qədər şərəflə addımladığı ömür yolunun bundan sonra da işıqlı, sağlam, bərəkətli olmasını arzu edirəm. İllər öncə ona həsr etdiyim bu şeirlə ("Ürəyimin qapısından keçənlər" kitabında dərc edilib) yubilyarı bir daha təbrik etmək istəyirəm.
İlham Pirməmmədov sən pir oğlusan,
Yerlərin göylərlə əlbir oğlusan.
Övliyya ruhuyla dilbir oğlusan
İnsanlara sevgi canından gəlir,
İliyindən axır, qanından gəlir.
Qəlbində çağlayan yaxşılıq eşqi
Ulu babaların şanından gəlir.
Tanrı yaxşılıqla yaşadır ərzi,
Bu sözün sehrinə dalmaq istədim.
Yaxşılıq etməklə aldığın həzzi
Mən şeir yazmaqla almaq istədim.
Duyarsan nə dedim, arif adamsan,
Ən incə duyğuya vaqif adamsan.
Pərvanə yanmasa şam gəlməz cana,
Yanmayan kimsələr nəyə uyublar?
Sən dəyər verənsən sözə, ilhama,
Yaxşı ki, adını İlham qoyublar.
İlham şairlərin sevdiyi kəlmə,
İlham yazarların könül sirdaşı.
Şair şairdirsə anadangəlmə,
Tapacaq sənin tək dostu, qardaşı.
Bir dəfə boy verir insanın səsi,
İkinci dəfəyə fürsət olmayır.
Yaxşılıq eləmək eşqi, həvəsi
Dünyada hər kəsə qismət olmayır.
Gərəkli adamsan hər kəsə vallah,
İnsan gedərgidir, insan qəribdir.
Səni bu dünyaya gətirən allah
Sənə dünya boyda ürək veribdir.
Nə çoxdu gözlərə tuşlanan barmaq,
Yaxşı adamlara güvənir ölkə.
Böyük insanlığın dərkinə varmaq
Yaxşı bir şeirimə əvəzdi bəlkə.
Yaxşılıq dad verir ağızda, dildə,
Bu canından gəlir, ancaq canından.
Orda işlədiyin bu otuz ildə
Məyus qayıtmayıb kimsə yanından.
Gərək kəlmə seçim, söz tapım fərli,
Qəlbinlə, ruhunla şeirə bağlısan.
Sən bizim Qazağın Vurğun təpərli,
Vaqif tək duyğusal huşyar oğlusan.
Ruhumdan, qanımdan axıb bu şeir,
Qəlbimi atmışam hey atım-atım.
Bizi görüşdürən tale nə deyir:
Mən bu yaxşılığın vəsfinə çatım,
Böyük insanlığın dərkinə çatım!!!
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Hansı halda həyəcan abituriyentə ziyan vurmaz?
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam əziz izləyicilərimiz,
Fyodr Dostoyevski: "Həyat bir imtahandır. Lakin digər imtahanlara oxşamır. Bəzən etdiyin bir səhv bütün doğrularını apara bilir."- söyləmişdir. Amma biz bu gün abituriyentlərin imtahan həyəcanından söz açacağıq.
Məlumdur ki, abituriyentlər buraxılış imtahanlarından sonra blok imtahanlarına hazırlaşırlar. Əlbəttə, həyəcanları qaçılmazdır. Bəzən bu həyəcan onlara öz bilik və bacarıqlarını göstərməkdə mane olur. Bəziləri bilik və potensialını göstərə bilmir, əlbəttə, onlara təsir edən psixoloji faktorlar var.
Bəs necə etmək lazımdır ki, bu həyəcan abituriyentlərə ziyan vurmasın?
Sualımıza cavab tapmaq üçün elə bu sualı psixoloq- psixoterapevt Fazil Cəfərova ünvanladıq.
-Necə etmək lazımdır ki, bu həyəcan abituriyentlərə ziyan vurmasın?
-İmtahan zamanı həyəcanlanmamaq üçün aşağıdakı psixoloji və fiziki üsullar Sizə çox kömək edə bilər:
1. Düşüncə nəzarəti. Özünə təkrarla: “Bu sadəcə bir imtahandır, həyatın sonu deyil.”
Mənfi düşüncələri ("mən bacarmaram") real və müsbət fikirlərlə əvəz et: “Hazırlaşmışam və bacaracam.”
2. Dərin nəfəs texnikası:
4-4-4 metodu: 4 saniyə burundan nəfəs al, 4 saniyə saxla, 4 saniyəyə ağızdan nəfəsi burax.
Bu, beynə "təhlükə yoxdur" siqnalı verir və bədən rahatlaşır.
3. İmtahandan əvvəl məşq et və vizuallaşdır:
Özünü imtahan zalında sakit və rahat təsəvvür et.
Bu təkrar beyinə təhlükəsizlik siqnalı verir.
4. Yüngül qidalan və su iç:
Mədənin boş və ya çox dolu olması həyəcanı artırır.
Bananvə ya bir parça tünd şokolad əhvalı stabilləşdirə bilər.
5. Zamanı idarə et:
Sual-sual get — çətin sualda ilişmə.
Vaxtın idarəsi nəzarət hissini artırır, həyəcanı azaldır.
6. Daxili dialoqun sakitləşdirici olsun:
Özünə demə: “Həyəcanlı olmaq normaldır, amma bu məni dayandıra bilməz.”
Əlbəttə ki, bütün bunlara riayət olunsa, həyəcan abituriyentlərə ziyan vura bilməz.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Allah Adamı – ESSE
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Professor İlham Pirməmmədovu 70 illik yubileyi münasibətilə!
- Ana, bilirsən ki, işləyirəm deyə, elə olur, dərsdə qeyri-ixtiyari məni yuxu tutur. Ofisiant işi belədir. Gərək gecə 12-dən tez restoranı tərk etməyəsən. Hələ 12 tezdir. Toydan sonra gecə qalıb növbəti gün üçün sarayı səliqəyə salmaq da var. Müəllim də məni hər dəfə danlayır. Axı müəllim, nə bilsin ki, mən evin həm atası, həm də oğluyam. Sabahdan mənim dərsimə gəlmə, deyir. Oxuyuram, dərsə cavab da verirəm. Ancaq yorğunluqdan özüm də istəmədən yuxu tutur məni. Mən nə edim? Dərsə getməsəm imtahanı necə verəcəm? Bir qohum, yaxın adam da yoxdur ki, məni həmin müəllimə tapşıra.
- Səbrli ol, bala. Sabah İlham Pirməmmədovun telefon nömrəsini tapım. Kömək etsə, bizə ancaq o kömək edər. Ay oğul, indi hər adam kasıba kömək olmur. Daha o vaxtlar keçib. İndi varlı-varlıya kömək edir, sözünü deyir, işini düzəldir. Tək-tək adamlar dinləyər, bizi kimi kasıbları.
- Ana, bəs yaxşı, İlham Pirməmmədov kimdir? Nə bilirsən bizə kömək edər?
- Qazaxlıdır, oğul. Hamı ona dua edir. Hamı onun xeyirxah işlərindən ağız dolusu danışır. O gün Asya xalan bizə gəlmişdi. Deyir, oğlumun təhsil haqqını ödəyə bilmirdik. Uşağı imtahana buraxmırdılar. Bir yaxın adam dedi, kömək etsə, ancaq İlham Pirməmmədov kömək edər. Nömrəsini verdilər. Zəng etdim. Vəziyyəti danışdım. Bilmirəm nə etdi, necə etdi. Uşağı dərsə buraxdılar. Hələ üstəlik, dedilər ki, bundan sonra oxuyacağı sonuncu kursun da təhsil haqqı ödənib. Mən də sabah Asya xalandan İlham Pirməmmədovun nömrəsini öyrənib, zəng edəcəm.
Natiq səhər dərsdən sevinə-sevinə gəldi:
- Anacan, bu gün qorxa-qorxa dərsə getdim. Dedim indicə müəllim məni qovacaq. Hər şey düşündüyümün tərsinə oldu. Müəllim dərs başlamadan öncə məni yanına çağırdı. Dedi ki, "bəs niyə indiyə kimi deməmisən ki, İlham Pirməmmədov mənim qohumumdur. Mənim bu gün burada dərs deməyimə, işə düzəlməyimə İlham Pirməmmədov kömək edib. İlham müəllimin yaxşılığını heç unudarammı? Sən də hər zamankı kimi dərslərinə hazır ol. Daha mənim səninlə işim yoxdur". Ana, İlham müəllim doğrudan qohumundur?
- Ay bala, heç üzünü görməmişəm. Səhər Asya xalandan öyrəndim nömrəsini. Zəng etdim, vəziyyəti danışdım. Dedi, bacı narahat olma. Uşaq evə gələndə deyərsən, həftənin şənbə günü, saat 10-da vaxtı olsa, qəbuluma gələr. Ömrü uzun olmuş, necə mərhəmətli insandır ki, səni müəllimə öz qohumu kimi tapşırıb. Bala, deməli bu dünyada hələ də yaxşı adamlar var.
Natiq şənbə gününü səbrsizliklə gözləyirdi. Axı üzünü görmədən, yaxşılığını gördüyü bir müəllimin görüşünə gedəcəkdi.
- Ana, elə həyacanlıyam ki. Görəsən, İlham müəllim məni niyə çağırır?
- Ürəyimə damıb, sabah, xeyir xəbərlə gələcəksən, bala.
Ülkər xanım Natiqin yolunu səbirsizliklə gözləyirdi.
Qapı açıldı. Natiq yenə sevinclə içəri daxil oldu.
- Ana, elə bil yuxudayam.
- Nə olub, ay bala?
- İlham müəllim məni qəbul etdi. Mənə suallar verdi. İşimiz, evimiz, bacı-qardaşım. Hamısını öyrəndi. Sonra bir az fikrə getdi. Əlini stolun üstündəki telefona atıb nömrə yığdı. Danışdığı adama dedi: “Bu gün sənin yanına dayım nəvəsini göndərirəm. Tələbədir. Yaxşı oxuyur. Kompüteri, ingilis dilini əla bilir. Axşamlar restoranda ofisiant işləyir. Dərsdən sonra sən ona şərait yarat. Sənin şirkətində kompüterlə bağlı işlərini Natiq görsün. Maaşını da yaxşı verərsən. Ailənin yükü onun çiynindədir”. Danışdığı adam da İlham müəllimə "baş üstə, siz necə desəniz elə edəcəm" dedi. İlham müəllim danışığı bitirib mənə dedi, indi tez mən dediyim ünvana get, səni gözləyirlər.
- Getdinmi, bala?
- Ana, əlbəttə. Dərhal həmin ünvana getdim. Məni hörmətlə qarşıladılar. Dərs saatımı öyrəndilər. Şirkətin kompüterlə bağlı nə işi varsa, mənə tapşırdılar. Ana, təsəvvür edirsən, mən dərsdən sonra normal iş saatına uyğun işləyəcəm. Yüksək maaş da alacam. Bax ana, həmin şirkətin sahibi də mənə dedi ki, vaxtilə İlham müəllim ona da çox köməkliklər edib. Ona görə də İlham müəllimin bir sözünü iki edə bilməz. Ana, Asya xaladan öyrənmədin? Bu insan hamıya yaxşılıq edir. Qazaxda kimlərdəndir İlham müəllim?
- Bala, öyrənməyə nə ehtiyac var? İlham müəllim əməli ilə kimlərdən olduğunu dedi.
- Kimlərdəndi, ana?
- İlham müəllim Allah adamıdır, oğul.
Bu gün əfsanə kimi, dastan kimi bir insanın ad günüdür. Bu gün Allah Adamının ad günü - 70 illik yubileyidir. Onun etdiyi yaxşılıqlardan cild-cild kitablar yazılsa, çoxseriyalı film çəkilsə, onu olduğu kimi təsvir etməyə yetərmi? Əlbəttə yetməz! O, hər kəsin əzizidir. O, Qazax mahalının sayılıb-seçilən, xeyriyyəçi oğludur. Xeyirxah əməllərinin işığı tək Qazaxlıları deyil, Vətənimiz Azərbaycanda onu tanıyıb, adını anan hər kəsin yolunu aydınladıb.
Bu gün Yolumuzu Aydınladan Allah Adamının, Könül dostunun, Qazax mahalının ağsaqqalı, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun ad günüdür.
Hörmətli, qədirbilən, dəyərli İlham müəllim, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, bütün Qazax və Ağstafalılar Sizi səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, bütün işlərinizdə uğurlar arzulayırlar.
Xeyirxah İlham müəllim, biz Sizinlə fəxr edirik.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
REDAKSİYANIN POÇTUNDAN – Özünü zədədən necə qorumalısan?
Salam, hörmətli “Ədəbiyyat və incəsənət”.
Bu yazıları bəyənib dərc etsəniz, minnətdar olaram.
Hörmətlə: İmarət Cəlilqızı.
BARYER
Əşyalar catlayanda, qopulanda, sıyrılanda deyirlər, zədələnib.
İnsanlar da çatlayır, qopulur, sıyrılır, amma onlar haqqinda zədələnib demirlər, yaralanıb deyirlər. Həm də insanın digər varlıqlardan fərqli olaraq, təkcə vücudu deyil, ruhu da yaralanır.
Ruh yaralarının sağalması daha uzun çəkir, bəzən heç sağalmır da. Bu yaraların sağalması üçün təkcə təbib deyil, insan özü də çarə araya gərək. Təsirli çarələrdən biri özünə söz verməkdir. Gərək özunə söz verəsən -- söz verəsən ki, heç kimin (hətta o sənə yaxın, əziz, dogma şəxslərdən olmuş olsa belə) sənə qarşı
yanlış,
kobud,
laqeyd,
ədəbsiz,
istehzalı,
aqressiv,
saxta,
vicdansız,
qədirsiz,
unutqan,
bədxah,
təşəxxüslü,
təmənnalı,
hiyləgər,
sərt,
ədalətsiz
münasibətindən inciməyəcəksən. Və gərək özünə verdiyin bu sözü hər yaralandığin ilk saniyələrdə dərhal xatırlayıb yaralarının üstünə məlhəm kimi cəkəsən.
Özünə verdiyin həmin sözü heç vaxt yadindan çıxarmasan, daha yaxşı: o zaman o söz artiq məlhəm deyil, zireh olar və sənin ruhunu yaralanmaqdan qoruyar.
Çətindir, əlbəttə. Amma mümkündür.
Vücud və ruhlarınıza sağlıq diləyilə.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
PORTAL AKADEMİYASINDA - Kent Blanşar, «Bir dəqiqəyə menecer olmaq»
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.
Kent Blanşar. «Bir dəqiqəyə menecer olmaq»
Bu kitabı oxuyan milyonlarla insan qarşılarına çıxan ən mürəkkəb sualları və məsələləri həll etməyi öyrənir. Onlar həyatlarındakı streslərdən qaçmağı bacarır, daha az vaxt sərf etməklə daha çox iş görürlər.
Amerikalı motivasiya spikerinin bu əsəri 13 milyon nüsxədə satılıb, 3 dilə tərcümə edilib. Ümumilikdə 30 (!) motivasiya bestselleri müəllifi olan Kennet Blanşar həyat yoldaşı ilə birgə «Ken Blanchard Companies»i təsis edib, O, burada həm konsaltinq xidmətləri göstərir, həm də beynəlxalq səviyyəli idarəetmə kadrları hazırlayır.
Qeyd dəftərimə Kennet Blanşardan da olduqca gözəl kəlamlar seçib yazmışam:
- Rəqibin sizdən ala bilməyəcəyi yeganə şey sizin işçilərlə sizin müştərilərin münasibətidir.
- Problem yalnız o zaman mövcud olur ki, faktiki olaraq baş verənlərlə sizin baş verməsini arzuladığınız şey fərqli olur.
- Məqsədlərdən davranış doğur. Nəticələr davranışı dəstəkləyirlər.
- Hər bir insan potensial qalibdir.
- Səhv buraxarkən özünə gülə bilmək bacarığı çox qiymətli xüsusiyyətdir. O, sənə heç nə olmayıbmış kimi işinə davam etməyə kömək edir.
- Özlərini yaxşı hiss edən insanlar yüksək nəticələr əldə edirlər.
- İçimizdə heç kəs təklikdə bizim cəmimizdən ağıllı ola bilməz.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
“Nə ağır kəlmədir- qəfəs! Nə gözəl sözdür- yuva!”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki:- “Ərkim çatan dostlara tez-tez deyirəm; bacardığımız qədər çalışıb ətrafımızdakı insanlara qəfəs deyil, yuva olmalıyıq. Bu çox vacibdir. Özüm də belə olmağa çalışıram. Nə ağır kəlmədir- qəfəs! Nə gözəl sözdür- yuva!..”
Bu kəlmələr, haqqında söhbət açmaq istədiyim şair, yazıçı, psixoloq İlqar Kamilə məxsusdur. O, 7 iyul 1981–ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. Orta məktəbdə təhsil alarkən, eyni zamanda mədrəsədə də oxuyub. Sonra Bakıya üz tutub. Beynəlxalq İlahiyyat İnstitutunda bakalavr və magistr dərəcələrinə yüksəlib. Daha sonra Rusiyaya köçüb və on beş il orada yaşayıb. Rusiyada olarkən Moskva Psixo–Sosiologiya Universitetində (MPSU) ikinci ali təhsilə yiyələnib. Vətənə dönəndən sonra, əvvəl KOD psixologiya Akademiyasında işləyib, bir ilə yaxındır ki, QAPI Psixologiya Mərkəzini yaradaraq rəhbərlik edir. Bir neçə kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin və Amerika Psixoloqlar Asossiasiyasının üzvüdür...
“Bir dəfə bir oxucum;- “siz sevgidən yazırsınız, mən isə onu yaşayıram, siz qəhrəmanlıq haqqında gözəl cümlələr qurursunuz, amma kimsə qəhrəman kimi ömür sürür...”- deyə müraciət etdi. Yadıma Hessenin "Yalquzaq"ı düşdü. Orada klarnetçi Pablo alim, intellektual birinə;- “sən Bethovenin, Motzartın əsərlərini saatlarla təhlil edə bilərsən, musiqi haqqında ton-ton yazılar da yaza bilərsən, lakin əsas, çalmaq-ifa etməkdir. Harri, sən bunu bacarmırsan!”- deyib susdurmuşdu.”- söyləyir.
Emosional, həssas adamdır. Heç vaxt hislərini gizlətmir. Onları olduğu kimi dilə gətirməyi xoşlayır. Qayğıkeş, mülayim, anlayışlı və uzaqgörəndir. Romantik, yardımsevər və səbirlidir. Necə deyərlər, özündən çox başqalarının xeyir tapması haqqında düşünür. İdealist, sentimental və xəyalpərəstdir. Əhval-ruhiyyəsi tez-tez dəyişə bilir. Hazırcavab adamlardan xoşu gəlir...
Deyir ki:- “Rəbbimə də olsa, dərdimi danışıb zarımağı sevmirəm; elə bir uğurum-zadım da yoxdur ki, hesabat verim. Bəs Ona səcdələrimdə nə deyim, nədən danışım? Deyim ki, bağışla, İlahi, əmanətinə sahib dura bilmədik, dünyanı cəhənnəmə çevirdik? Deyim ki, qardaş-bacılarımızın ağrı-acısını görməzdən gəlib özümüzçün yeni xoşbəxtlik fəlsəfəsi düzəltmişik? Deyim ki, hamılıqla "idiot" olmuşuq? Bəlkə, bağışla, görüşünə əliboş gəlmişəm, deyim? Odur, ən abırlısı susmaqdır, susmaq və demək ki, susmağa gəldim! Susmaq ayıbını bilməkdirsə, gəlmək hələ də ümidliyəm, deməkdir. Gəlmişəm, yəni düzəlmək istəyirəm, dəyişmək istəyirəm; olsun, səhlənkaram, yarıtmazam, danışmağa üzüm yoxdur, lakin əsas odur ki, gəlmişəm, mən də gəlmişəm, Sənin qapındayam...”
Keçmişə çox bağlıdır. Ötən günləri tez-tez xatırlamağı xoşlayır. Mühafizəkar, milli adət və ənənələrə sadiq adamdır. Kəskin analitik düşüncəsi var. Ağlı, səbiri, iti zəkası ilə ən dolaşıq problemi həll etməyi bacarır. Risk etməyi xoşlamır. Nacə deyərlər, haram tikəyə əl uzatmır, ruzisini ənənəvi halal yolla qazanmağa üstünlük verir...
“Pislərin tənqidinə ayırdığımız vaxtı yaxşıların təbliğinə ayırmış olsaydıq, yaxşılar pislərə çoxdan qalib gəlmişdi. Və yaxşıların sayı da artardı.”- söyləyir.
Rəhbərlik etdiyi QAPI Psixologiya Mərkəzində mühazirələr oxumaqla, oraya gələn gənclərin düzgün tərbiyələnməsində, maariflənməsində əhəmiyyətli işlər görür. Onun mühazirələrində iştirak edən bir gənc yazır:- “Bu gün İlqar Kamilin "Qapı" sında elə möhtəşəm, elə mənəvi bir tədbirdə olduq ki, hələ də təsirindəyəm. Dəyərli şəxsiyyətlərin, dostların mənəvi fikirləri sanki bir sübh mehi kimi ruhuma toxundu. Bu mənəvi meh qulağıma pıçıldadı ki, xoşbəxt olmaq üçün elə də çox şeyə ehtiyac yoxdur, sadəcə qazandıqlarınla kifayətlənsən yetər.”
Etiraf edim ki, İlqar Kamilin ərsəyə gətirdiyi kitabların heç birini oxumamışam, amma araşdırmalarımdan məlum oldu ki, bu kitablar haqqında mütəxəsis yazıları kifayət qədər mətbuatda yer alıb. Əslində, onun haqqında danışmağıma səbəb “Facebook” sosial platformasında paylaşdığı maraqlı fəlsəfi, psixoloji statusları oldu. Və onun qələmə aldığı bir şeirlə söhbətimi yekunlaşdırmaq istəyirəm:
“Mənə şikayət yaraşmaz, Allahım,
ayıb olar ki, deyim,
sevmirəm mənə verdiyin bu həyatı;
niyə sevməyim ki?
Suallarım var sadəcə,
nə edim,
dərk etmirəm bu qəliz kainatı.
Sənə deməyəcəm ki, məsələn,
niyə ölür insanlar?
Sənə qovuşmaq üçün
niyə illah ki, ayrılmalıdır bədənlərdən canlar?
Niyə var axı hər başlanğıcın bir sonu...?!
Şikayət etməyəcəm, yox!
Deməyəcəm ki, İlahi,
çox çətindi bizim üçün qurduğun bu həyat oyunu.
Məni anlamazlığıma bağışla, Rəbbim,
dünyanla müqayisədə nə yaşım var ki mənim?
Nə olar, uşağlığımın əlindən tut
həftə-həftə, ay-ay,
şübhə-şübhə, inam-inam böyüt məni;
mən dərdlərimi yerin dibinə pıçıldayıram
Sən göyün üzündə eşit məni.
Allah haqqı, düz sözümdü
sənə deməyəcəm ki, niyə axı,
belə-helə, filan, və sayir və ilaxır...
ağlayacam sadəcə
için–için susacam;
Sən onsuz da halımdan anlayacaqsan məni;
Mənsə qərar vermişəm:
bu gecə sabahacan özümü səcdəndən asacam!
İlahi, şikayət etməyəcəm şeytandan sənə;
deməyəcəm ki,
indi səni sevmək çətin olub, yasaq olub.
Səni gizli-gizli
qaçaq kimi sevəcəm;
Bunu biləsən,
böyüməyəcəm sevgidə
Səni həmişə uşaqlıqda atamı sevdiyim kimi,
Mahmud əminin ağacı boyda,
Səni
uşaq kimi sevəcəm!
Əyrilərim çox olub,
elə bilirsən bilmirəm?
Bağışla, İlahi,
məni ömrümdə etdiyim bir-iki düzümə bağışla!
Nə vaxtdı ki,
necə, harda, kimdə olduğumu bilmirəm;
Bağışla, İlahi,
məni
özümə bağışla...”
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
Ən dərin duyğular ən çətin anlarda yaşanır - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Ən dərin duyğular ən çətin anlarda yaşanır, var olur. O an gördüyün, duyduğun, toxunduğun hər şey fərqli hiss etdirir. Halbuki hər zaman fərqlisən, özəlsən. Ancaq çətinlikdə bir başqa “sən” baş qaldırır içində. Bu, səni həm güclü, həm də zəif hiss etdirir. Həyatın axarında çox şeyi olduğu kimi hiss etmir, görmürük. Ancaq bir çətinlik gəldimi – bir sarsıntı, bir itki, bir məğlubiyyət – sanki hər şey dəyişir.
Gördüyün, duyduğun, toxunduğun heç nəyi hiss etmirsən. Bu, səndə bir az qorxu, sarsıntı, bir az da ümidsizlik yaradır. Dibə batmış bir qayıq kimi hiss edirsən. Sanki bir zamanlar səni üfüqlərə daşıyan o qayıq indi yükün ağırlığı altında yorulmuş və suya təslim olmuşdur. Duyğuların, düşüncələrin, xatirələrin bir-birinə qarışıb. Hər şey su altından baxılırmış kimi bulanıq görünür. Sən isə susub səssizliyə çəkilirsən. Sözlərin boğazında düyünlənir. Və anlayırsan ki, ən böyük fırtınalar xaricdə deyil, daxilində, içində baş verir. Amma bəlkə də bu səssizlik bir başlanğıcdır. Bəlkə də hər şeyin dibindən başlanır həqiqi yüksəliş?
Bəzən dibi görmədən üzdə qalmaq mümkün olmur. Qayıq dibə batmış ola bilər, ancaq sənin içində yenə də üfüqlərə doğru yol almaq istəyən bir “sən” var. Sadəcə o səsi dinləmək və o işığı taparaq yol almaq qalır.
Sən də özünü itirmədən özünü tapmağa çalış...
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)
FUTBOL MƏDƏNİYYƏTİ - Yeni güc səviyyələri və ispan yorğunluğu…
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
İngilis futbolu şahlanır,
alman və italyan futbolu dirənir,
fransız futbolu potensialını sistemə çevirə bilmir,
ispan futbolu isə…
Avropa futbolunun ən prestijli səhnəsi – UEFA Çempionlar Liqası – bu mövsüm də sadəcə turnir deyil, eyni zamanda futbol fəlsəfələrinin və yönətim modellərinin qarşıdurma meydanına çevrilib. Topun qapıya deyil, necə deyərlər, sistemə getdiyi bir dönəmdə artıq təkcə istedad deyil, struktur, motivasiya və sabitlik də həlledici rol oynayır. Bu kontekstdə baş verənləri bir qədər incələməyə çalışaq.
İngilis futbolu:
Pul puldur amma plan və praqmatika daha önə çıxır
Uzun illər “fiziki futbol” və “böyük pullar”la tanınan İngiltərə Premyer Liqası indi planlı çağdaşlaşmanın mərkəzinə çevrilib. “Manchester City” və “Arsenal” bu yeni fəlsəfənin qabaqcıl təmsilçiləridir. Qvardiolanın sistemi artıq sadəcə oyun yox, sanki ritm və qrafika/dizayn yaradır. Arteta isə gənc oyunçularla klub sistemini yenidən düzənləyir – yalnız taktiki yox, həm də psixoloji olaraq…
Ən önəmlisi, bu klublar indi transfer bazarında “ulduz” axtarmır – sistemə uyğun profil axtarırlar. Qazanılan uğurlar da məhz bu zehniyyətin nəticəsidir. İngilis futbolu hazırda Avropada təkcə sürətlə deyil, futbol texnologiyası ilə irəliləyir.
“Eyni rəndədən çıxmış” alman və italyan futbolu: dirəniş & dönüş
Almaniya: dəqiq, amma ruhsuz
Alman futbolunun struktur və intizamı tarixən örnək olub; lakin bu gün “Bayern Munich” kimi nəhənglər sabitlikdən uzaqdır. Tuçel başqanlığındakı sistem nə kollektivə, nə də fərdi oyunçulara uyğun gəlir. Bununla belə Alonso və “Bayer Leverkuzen” fenomeni Almaniyada yeni futbol nəslinin doğulmaqda olduğunu göstərir. Bu futbol texniki, sürətli və kreativdir – yəni alman futbolunun gələcəyidir.
İtaliya: keçmişin kodlarını yeniləyənlər
İtaliya, “qapı kilidi”ndən (catenaccio”dan) çıxıb strukturlaşmış hücumlara yönəlir. “İnter” və “Napoli”artıq yalnız müdafiə ilə deyil, oyunun yönətimi ilə də fərqlənir. Taktika yenilənir, amma riskalma vərdişi hələ tam oturuşmayıb. İtalyan futbolu ayılmaq üzrə olsa da, oyanışın hansı yöndə irəliləyəcəyi hələ tam bəlli deyil.
Fransız futbolu:
ilham var, sistem yoxdur…
Fransada istedad qıtlığı yoxdur – əksinə, bəlkə də Avropanın ən çox “xam” oyunçusu bu ölkədən çıxır. Ancaq sistem yoxdursa, bu ilhamlı oyunçular dərhal ixrac edilir və sonuc – içəridə sabitsizlik yaranır. “PSG” bu məsələdə həm istisna, həm də örnəkdir. Enrikenin “PSG”si artıq “superulduzlar sirki” deyil – o, komanda sisteminə keçid axtarışındadır. Mbappenin bu sistemdə qalmayıb da getməsi isə sadəcə transfer deyil – bir fəlsəfə seçimi sayılır.
İspan futbolu:
yorğunluq və nostalgiya
İspan futbolunun keçmiş “parıltısı” indi kölgə kimi uzanır. “Tiki-taka” öyrədici, bəlkə də poetik idi amma artıq zamansızdır. “La Liga”nın ümumi səviyyəsi enib. “Barcelona”hələ də borc bataqlığında çabalayır, “Atletico Madrid” isə transformasiya edə bilmir ki bilmir...
“Real Madrid”:
gedənlər hələ getməyib, gələnlər tam gəlməyib
Ən çox sual doğuran isə “Real Madrid”in bu mövsümdəki durumudur. Əslində kağız üzərində hər şey var – gənclik (Bellingham, Vinicius, Tchouaméni), təcrübə (Modrić), liderlik (Ançelotti), irs və motivasiya; amma praktiki səviyyədə bunlar bir sistem halına düşə bilmir...
Bu, sadəcə seleksiya problemi deyil. Bu, uğurdan doğan yorğunluq, təzələnmə ehtiyacının ertələnməsi və taktiki qarmaqarışıqlıqdır. Arda Güler kimi oyunçuların hələ də ehtiyatda saxlanması bu təzələnmənin nə qədər gecikməli aparıldığını göstərir.
“Real Madrid” gələcəkdə yenə zirvədə ola bilər - amma bu dəfə inersiya ilə - “avtomatik olaraq” yox, yalnız “özünü yenidən kəşf edərək”…
“Arsenal”a hər iki oyunu ümumi 1:5 hesabıyla uduzaraq Çempionlar Liqasını erkən tərk etmək isə hazırkı “Real”ın alın yazısı, müqəddaratıdır.
Sonuc
Avropa futbolunda “sabit güc” anlayışı dəyişir. Artıq taktika, texnologiya, psixologiya və planlama bir araya gəlməlidir. Bu mövsüm Çempionlar Liqası yalnız qalibi müəyyən etməyəcək. O, eyni zamanda gələcəyin futbol xəritəsini də çəkəcək.
Və bu xəritədə görünür ki:
⚽️İngilis futbolu yüksəlişdədir – idarə olunur;
⚽️Alman futbolu dirənir – yenilənir;
⚽️İtalyan futbolu döyüşür – keçidlə;
⚽️Fransız futbolu potensialdır – lakin dağınıq;
⚽️İspan futbolu isə – gözləyir… - bəlkə də tənəzzülü.
Bəs bu proseslərin sonunda kim qalib gələcək? - Cavab bəlkə də tək bir klubun adı deyil, tək bir sistemin gələcəyini ifadə etməli…
Gün olsun - çox gec olmadan
Avropada Azərbaycan, Qazaxıstan,
Dünyada Türkiyə,
Asiyada Özbəkistan futbolunun parlaq sonuclarından danışalım.
“Ədəbiyyat və incəsənət”
(18.04.2025)