Super User

Super User

18 Aprel 2025-ci il tarixində “Tarixi Abidələrin Mühafizəsi Günü” münasibətilə 2 nömrəli xüsusi internat məktəbinin eşitmə və nitq qüsurlu uşaqları üçün Qobustan Tarix-Mədəniyyət Qoruğuna  ekskursiya təşkil olunub. Tədbir F.Köçərli adına Respublka Uşaq Kitabxanası  və “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin birgə əməkdaşlıqı çərçivəsində həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, ekskursiyanın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəni irsimizlə yaxından tanış olmalarını təmin etmək, onlarda tarixi abidələrə və milli dəyərlərə maraq yaratmaq, həmçinin inklüziv təhsil və mədəni maarifləndirməni təşviq etməkdir.

Ekskursiya zamanı uşaqlar Qobustan Qoruğunun ərazisində yerləşən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qayaüstü rəsmlərlə, qədim yaşayış məskənləri, daş kitabələr və muzeydə nümayiş etdirilən eksponatlarla yaxından tanış olublar. Onlara bu unikal abidələrin tarixi əhəmiyyəti, tədqiqat prosesi və qorunması barədə ətraflı məlumat verilib.

Ekskursiya boyunca bələdçinin təqdimatlarını işarə dili üzrə tərcüməçitəlimçilər Şamil Sabirzadə, Könül Quliyeva tərcümə ediblər. Bu da uşaqlara təqdim olunan məlumatları daha rahat və əhatəli şəkildə qavramalarına şərait yaradıb.

Tədbir həm maarifləndirici, həm də əyləncəli formatda keçib. Uşaqlar interaktiv təqdimatlarda iştirak edib, suallar verərək tarixi faktlarla yaxından tanış olublar.

Belə layihələr xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyası, maarifləndirilməsi və mədəni irslə tanışlığı baxımından olduqca mühüm əhəmiyyət daşıyır.

Hər uşağın tarixlə tanış olmağa və mədəni irsi yaşamağa haqqı var!

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu daha çox televiziya proqramlarından, keçirdiyi publik mühazirələrdən tanıyırıq. Sanki Bakının tarixini onun qədər dərindən bilən yoxdur. Bakı tarixi və memarlığı üzrə tədqiqatçı Fuad Axundovdan gedir söhbət.

 

Fuad Axundov 1968-ci il aprelin 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1985–1992 illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub, bakalavr dərəcəsi alıb.

O, 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. 2000–2001-ci illərdə ABŞ-ın Harvard Universitetinin Dövlət idarəetmə məktəbində oxuyub, magistr dərəcəsinə yiyələnib. 2008–2016-cı illərdə Kanadada, Toronto Universitetinin Ontario təhsil araşdırmaları institutunda oxuyub, magistr dərəcəsi alıb.

 

Fəaliyyəti

 

  • - 1989–1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb.
  • - 1992–1993-cü illərdə Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı, və ingilis dilini tədris edib. Bakı şəhərinin tarixi haqqında fakultativ dərslər aparıb.
  • - 2006–2011-ci illərdə İctimai Televiziya kanalında "Бакинские тайны" (Bakının sirləri) tarixi verilişlər proqramın müəllifi və aparıcısı olub.
  • - 2020-ci ildən  AzTV-də "Əsrlər, Nəsillər" proqramın müəllifi və aparıcısıdır.
  • - AZƏRTAC İnformasiya Agentliyində, "Бакинский рабочий" (Bakinski raboçi), "Вышка" (Vışka), "525-ci qəzet" qəzetlərində, o cümlədən "Ваш дом" (Sizin ev), "Баку" (Bakı), "Azerbaijan International" jurnallarında vaxtaşırı çap olunur, bir sıra müxtəlif nəşrlərin müəllifidir.
  • - 2023-cü ilin dekabr ayından etibarən vaxtaşırı "Qafqaz Xəbərləri" YouTube layihəsinin verilişlərinə dəvət olunur.

 

*Hərbi karyerası*

 

  • 1986–1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində, Moskva vilayətinin Reutov şəhərində hərbi tikinti qruplarında xidmət göstərmişdir. 1993-cü ildən 2007-ci ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polis polkovnik-leytenantıdır.

 

*Təltif və mükafatları*

 

- "Humay" Milli mükafatı laureatı — 2. may 2006

- Dövlətlərarası "Mir"("Мир") teleradio şirkətinin "Бриллиантсодружества" (Birlik Brilyantı) müsabiqəsinin "Ən yaxşı mədəni və təhsil proqramı" nominasiyasının laureatı — 2006-cı il dekabr

- "Tərəqqi" medalı — 2 oktyabr 2023

 

Bələdçi, teleaparıcı Fuad Axundova Allahdan xeyirli ömür, karyerasında uğurlar arzu edirik!

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Əməkdar mədəniyyət işçisi, yazıçı, dramaturq, nüfuzlu dövlət və ictimai xadim Xalidə Hasilovanın 105 illik yubileyi tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçının həyat və yaradıcılığına həsr edilən geniş material hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə,  videomaterialda Xalidə Hasilovanın bədii, publisistik fəaliyyəti, uzun illər “Azərbaycan qadını” və “Göyərçin” jurnallarında baş redaktor vəzifəsində çalışması, Azərbaycan uşaq ədəbiyyatına biri-birindən gözəl yaradıcılıq nümunələri bəxş etməsi haqqında məlumat verilir.  

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Xalidə Hasilovanın  tərcüməçilik fəaliyyəti haqqında da məlumat verilir, onun  türk və rus dillərindən V.Q.Korelenko, N.Tixonov, İ.P.Soto, Ə.Nesin kimi müəlliflərin əsərlərini doğma dilimizə tərcümə etməsindən, yazıçının “Həsrət”, “Həyat özü bir nəğmədir”, “Bir sahilin adamları”, “Hamı doğmadır mənə”, “Nəğməli könül” kimi pyeslərinin müxtəlif teatrların səhnəsində tamaşaya qoyulmasından bəhs edilir.

Yazıçı, dramaturq Xalidə Hasilovanın 105 illik yubileyi münasibətilə hazırlanan material kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/yazici-xalide-hasilovanin-anadan-olmasinin-105-illiyi-munasibetileyerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

Nümayəndə heyəti Mahaçqala şəhərində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət edib

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfər edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Təşkilatdan verilən məlumata görə, səfər çərçivəsindəaprelin 18-də nümayəndə heyəti mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini  ziyarət edib, xatirə kompleksinin önünə gül dəstələri qoyub.

Şəhər veteranları, ictimai-siyasi fəallar, məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstanın ictimai-siyasi və iqtisadi-sosial inkişafına verdiyi töhfədən danışıb. Polkovnik qeyd edib ki, Əziz Əliyev Azərbaycanla Dağıstan xalqları arasındakı tarixi dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb:

“Böyük dövlət xadimi Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərlik etsə də, onun fəaliyyətinin miqyas və önəmi Dağıstanın hüdudlarından kənarda da aydın hiss olunub, bütün regionda milli-mədəni münasibətlərin, xalqlararası dostluq əlaqələrinin inkişafına təkan verib. Məhz Əziz Əliyevin hakimiyyəti dönəmində Dağıstan müharibə dövrünün özü ilə gətirdiyi çoxsaylı çətinliklərə rəğmən, iqtisadi-sosial baxımdan inkişaf edib, Dağıstan xalqının Azərbaycan xalqı ilə münasibətləri, dostluq-qardaşlıq əlaqələri daha da güclənib.

Sonralar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən bu siyasət müvəffəqiyyətlə davam etdirilib, Azərbaycan-Dağıstan münasibətləri yüksək səviyyəyə çatdırılıb. 

Bizim üçün qürurvericidir ki, mərhum dövlət xadimlərimizin bu siysəti hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün bizim Dağıstana səfər etməyimiz, bu səfər əsnasında buradakı veteranlar, ictimai-siyasi fəallar, məktəblilərlə göğrüşməyimiz məhz bu siyasətin nəticəsidir. Unutmamalıyıq ki, Azəbaycan və Dağıstan xalqı İkinci dünya müharibəsində faşizmə qarşı da bir yerdə - çiyin-çiyinə mübarizə aparmış, “qəhvəyi taun” üzərində zəfərə birgə imza atmışdır. Bu faktın özü tarixi-mədəni baxımdan oxşar yol keçən xalqlarımızın tarixi dostluğuna nümunədir”.

 

Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa da diqqət çəkib:

 

“2020-ci ildə 30 ilik işğalın ardınca Azərbaycan Silahlı Qüvvələr Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini darmadağın etmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bu gün Prezident İlham Əliyev liderlik etdiyi Azərbaycan Respublikası bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin ən böyük, ən etibarlı təminatçısıdır.

Əminəm ki, Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirən Azərbaycan dövləti yaxın gələcəkdə daha da çiçəklənəcək, Dağıstan xalqı ilə Azərbaycan xalqı arasındakı tarixi dostluq, qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək”.

 

Polkovnik Cəlil Xəlilov çıxışında Dağıstan və Azərbaycan veteranları ilə sıx əlaqə saxlayan, xalqlararası dostluq münasibətlərinin inkişafına töhfə verən Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi general-mayor Əliyar Abdullayevə də öz təşəkkürünü bildirib.

Tədbirdə Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviç və Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımuradov Yacımurad İbramoviç də iştirak edib.  

Çıxışında polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Alicanov Maharam Ramaldanoviç Azərbaycan-Dağıstan dostluq münasibətlərinin digər xalqlar üçün də örnək olduğunu bildirib, dostluq münasibətlərinin bundan sonra da qorunub saxlanılmasının zəruriliyini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə həyata keçirdikləri layihələrdən növbətisindəyik – Qədim türklər layihəsində.

 

Türk toplumlarının ən qədim ictimai-siyasi təşkilatlanma formalarından biri qəbilə və boy sistemidir. Bu sistem Türk xalqlarının həm köçəri, həm də yarımköçəri həyat tərzində mühüm yer tutmuş və onların ictimai, hərbi və siyasi quruluşlarını müəyyən etmişdir.

 

 1. Qəbilə və boy nədir?
Türklərdə "boy" (tayfa) bir nəslə mənsub insanların təşkil etdiyi sosial birlik idi. Birdən çox boy birləşərək "el" və ya "urug" adlanan daha böyük birlikləri əmələ gətirirdi. "Qəbilə" anlayışı da bəzən "boy" və "el" anlayışlarına paralel işlənmişdir.

 

 2. Boy sisteminin əsas xüsusiyyətləri:
- Hər boyun öz tam hüquqlu başçısı olurdu – bu şəxs "bəy", "ağsaqqal" və ya "elbəyi" adlanırdı.
- Boylar qan qohumluğu və ortaq əcdad inancı əsasında formalaşırdı.
- Hər boyun öz damğası (simvolu), özünəməxsus ənənələri və bəzi hallarda dialekt fərqləri olurdu.
- Boylar arasında həm əməkdaşlıq, həm də rəqabət mövcud idi.

 

 

3. Türk boylarının adları və təşkilatı:
Qədim türklərdə 24 Oğuz boyu, 9 Uyğur boyu, 92 Qıpçaq boyu kimi müxtəlif sistemləşdirmələr mövcuddur.

Oğuzların 24 boyu Mahmud Kaşğari və Rəşidəddin tərəfindən qeyd olunmuşdur. Məsələn:
- Qayı
- Bayat
- Afşar
- Kınık
- Bayındır
və s.

Bu boylar sonradan Anadolu, İran, Qafqaz və Orta Asiyada müxtəlif dövlətlərin əsasını qoymuşlar.

 

4. Boyların dövlətdəki rolu:
- Boylar dövlətin hərbi və inzibati əsaslarını təşkil edirdi.
- Xaqan və ya xan seçkilərində boy başçıları mühüm rol oynayırdı.
- Dövlət daxilində boyların ittifaqları və ya qarşıdurmaları zaman-zaman parçalanmalara və yeni dövlətlərin yaranmasına səbəb olmuşdur.

 

5. Damğa sistemi:
Hər boyun özünəməxsus "damğası" – yəni simvolu olurdu. Bu damğalar at, mal-qara, silah, çadır kimi əşyalara həkk olunurdu və həmin boyun kimliyini göstərirdi.

 

6. Müasir dövrdə boy kimliyi:
Bu gün də bir çox türk xalqları arasında boy mənsubiyyəti mühüm mədəni identiklik göstəricisi kimi qalmaqdadır. Xüsusilə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycanın bəzi bölgələrində insanlar hansı boya mənsub olduqlarını bilirlər və bu, onların ictimai münasibətlərində mühüm rol oynayır.

 

 

Nəticə:
Türklərdə qəbilə quruluşu və boy sistemi, onların dövlətçilik ənənəsinin, mədəniyyətinin və ictimai nizamının formalaşmasında əsas rol oynamışdır. Bu sistem türk xalqlarının tarixində həm birlik yaradan, həm də fərqlilikləri tanıdan bir struktur olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)                                              

 

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan nəsrinin son illərdəki ən görkəmli nümayəndələrindən biri idi Çingiz Hüseynov. Başlığa da çıxarmışam, dünya ədəbiyyatı dahiləri sırasına yüksəlməyə layiq olan bir yazıçı idi. Zira, yüksələ bilmədi, sırf azərbaycanlı olduğu üçün. Qərb bizləri sevmir nədənsə.

 

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakı şəhərində doğulub. Bu gündə, sadəcə bir doğum deyil, bir ədəbiyyatçının həyatının, fikir dünyasının və yaradıcılığının başlanğıcı vardı. O, öz zamanının böyük alim və yazıçılarından biri kimi Azərbaycan ədəbiyyatına əvəzsiz töhfələr verib.

Hüseynov, təhsilini Bakı və Moskva universitetlərində almış, 1950-ci illərdə özünün ədəbi fəaliyyətinə başlamışdır. Onun təhsili və ədəbiyyat dünyasına olan marağı, onu yalnız yazıçı kimi deyil, həm də tərcüməçi və tədqiqatçı kimi də tanıtdı. 1979-cu ildə filologiya elmləri doktoru unvanını qazandı və 1980-ci ildə professor oldu.

O, yazdığı tənqidi əsərlərlə Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərdi, xüsusilə mifologiya və folklor sahələrinə dair işləri ilə tanındı. Çingiz Hüseynov həm də ədəbiyyat tarixçisidir və öz əsərlərində dünya xalqlarının miflərini və folklorunu geniş şəkildə araşdırıb.

Çingiz Hüseynovun əsərləri və fikirləri, hər zaman ədəbiyyat dünyasında önəmli bir yer tutdu. “Məhəmməd, Məmməd, Məmişı” və “Fətəli fəthi” romanları isə qızıl romançılıq listəsində yer aldı.

Çingiz Hüseynov ömrünün son dönəmini mühacirətdə keçirdi, Rusiyada, İsraildə yaşadı. 2024-cü ilin yanvarında, 94 yaşında Qüdsdə vəfat etdi. Amma onun əsərləri və fikirləri, Azərbaycanın ədəbiyyat tarixində öz yerini alacaq və gələcək nəsillər üçün bir ilham qaynağı olacaqdır.

Dünən - aprelin 20-si Çingiz Hüseynovun doğum günü idi, bu gün təkcə bir insanın həyatının başlanğıcı deyil, eyni zamanda Azərbaycan ədəbiyyatının yeni bir dövrünün başlandığı bir gündür. Onun mirası, ədəbiyyat tarixində əbədi qalacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Xaləddin Tağıyev, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsin şöbə müdiri, tarixçi. “Ədəbiyyat və incəsənət” üçün

 

Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun Başlıbel kəndində törədilib. Bu faciədən artıq 32 il ötür. Həmin il aprelin əvvəllərində rayonun ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 62 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilmişdi...

 

Onlar kahalarda cəmi 17 gün gizlənə bilmişdilər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçərək 18 nəfəri qətlə yetirdilər, 14 nəfəri girov götürdülər. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini tez-tez dəyişərək, yalnız gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa bildi.

Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər.

Sağ qalan həmin 30 şəxsdən 29-u dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən bu şəxslər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər- II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

Başlıbel faciəsi ermənilərin Xocalı, Ağdaban, Qaradağlı və Ballıqayada törətdikləri qətliamlarla bərabər tutulur.

Faciə ilə bağlı dəyərli ziyalılarımızdan olan, Qarabağ müharibəsinin iştirakçısı, tanınmış araşdırmaçı-jurnalist Elxan Salahov baş vermiş faciə haqqında yazdığı “Qanlı kaha” kitabını 2019-cu ildə çap etdirib. Kitabda Başlıbel kəndində mühasirədə qalan sakinlərin 4 aya yaxın çəkdikləri əzab-əziyyətdən və mühasirədən necə çıxdıqlarından bəhs edilir. 2022-ci ildə Azərbaycan Televiziyası “Başlıbel – Bir kəndin mühasirə gündəliyi” adlı sənədli film də çəkib. Filmin ssenari müəlliflərindən biri də Elxan Salahovdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 sentyabr 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edərkən  Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqlarının 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapıldığını xüsusilə diqqətə çatdırıb.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dəlil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanarkən Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda, qeyd etdiyim kimi, Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib. Başlıbel faciəsinin 32-ci ildönümü ilə əlaqədar 2 aprel 2025-ci il tarixdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış ziyalılarımızdan olan Arif Süleymanovun “Başlıbel qətliamı-Üç yüz illik “Qarabağ problemi”nin qanlı səhifələri” adlı kitabının təqdimatı keçirildi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində xalqımız böyük Zəfər qazandı. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı məhz 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin 19-20  sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında verildi. Soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını Azərbaycan Ordusu döyüş meydanında alaraq düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə, 2020-ci il 25 noyabr tarixində Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid vermədən düşmən tapdağından azad edildi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Bütün dövrlərdə ölkəmizə hər bir sahə üzrə  vətənpərvər ziyalılar  bəxş  edən  Başlıbelin yenidən Cənnətə çevriməsi uzaqda deyil!

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

Bazar ertəsi, 21 Aprel 2025 09:01

Səməd Vurğun Rəsul Rza haqqında

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

Qeyd edək ki, kitab “Qazax” xeyriyyə-ictimai birliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb.

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN RƏSUL RZA HAQQINDA

 

Mən qələm yoldaşımRəsul Rzanın Lenin haqqında yazdığı qüvvətli, təsirli poemasından parçalar oxumuşam. Bu əsərin çap olunan və mənə məlum olan ayrı-ayrı parçalarına əsaslanaraq cəsarətlə deyə bilərəm ki, Mayakovskinin Lenin haqqında poemasından sonra bütün sovet poeziyasında belə vüsətli əsər oxumamışam.

 Şair Lenin haqqında öz ideyalarını, öz fikirlərini, öz böyük hisslərini sadə, savadsız bir qoca qarının dili ilə ifadə edir (Səməd Vurğun poemaya daxil olan “Qarının dastanı” hissəsini nəzərdə tutur – A.).

 Mən bir yazıçı və şair kimi bu ədəbi üsulun nə qədər çətin olduğunu hiss edirəm. Rəsul Rza poemanın bir hissəsini oxuyarkən mən dedim ki, bu təsvir üsulu şairin ixtirası sayılmalıdır. Bu, hünərdir.

 Şair zəmanəmizin ən böyük insanı olan Leninin əzəmətli, həmişə canlı, həqiqi obrazını, dərin humanizmini parlaq bədii lövhələrlə əks etdirmişdir.

 Rəsul Rzanın “Lenin” poeması bütün dünyanı gəzəcək.

 

***

Rəsul Rza romantik bir tərzdə yazdığı “İntiqam” şeiriylə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı.

 

    “Ədəbiyyat və incəsənət”

    (21.04.2025)

 

Bazar ertəsi, 21 Aprel 2025 08:32

Əlikram Hüseynov - musiqinin böyük adı

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Əlikram Hüseynov, 1926-cı il aprelin 20-də, Bakının musiqiyə ruhlanan havasında dünyaya gəldi. Onun musiqi ilə tanışlığı Asəf Zeynallı adına Musiqi Məktəbində başladı, burada Əhməd Bakıxanov və Adil Gəraydanın zəngin biliklərini mənimsədi. Və...

 

Və 1947-ci ildə Üzeyir Hacıbəyov və Cəfər Cəfərovun rəhbərliyi ilə keçirilən musiqi müsabiqəsində orta mahurla birinci yerə layiq görüldü və həmin ildə Praqada da böyük bir uğura imza atdı.

Opera dünyasında böyük bir usta olan Bülbülü müşayət etməyə başlayan Hüseynov, musiqisinin hər notasına ruhunu qataraq bir çox konsertlərdə onunla birgə səhnəyə çıxdı. 1957-ci ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətini davam etdirərək, sənətinin zirvələrinə çatdı.

Hüseynov, yalnız ifaçı kimi deyil, həm də sənətkar olaraq böyük opera və muğam ustalarıyla işləyərək, "Leyli və Məcnun", "Əsli və Kərəm" kimi əfsanəvi əsərlərdə ifa etdiyi muğamlarla musiqi aləminə dərin izlər buraxdı. 80 yaşına çatdığı 2006-cı ildə yubiley gecəsi keçirilsə də, o, həmin ilin avqust ayında Bakıda vəfat etdi və Köhnə Yasamal qəbiristanlığında son yuxusuna daldı.

Onun musiqisi və adının xatirəsi Azərbaycan musiqi tarixinin parlaq səhifələrində əbədi qalacaq.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Doğum günü dünənki bazar gününə təsadüf edən daha bir ədibdən söz açmaq istəyirəm – Məmməd Rahimdən. Azərbaycan sovet poeziyasının nümayəndəsi, sosializm realizminin parlaq ədəbi kadrı olub Məmməd Rahim.

 

Şair 1907-ci il aprelin 20-də Bakı şəhərində kiçik bir sahibkar ailəsində dünyaya gəldi. Atasının erkən itkisi ilə həyat ona ağır imtahanlar verdi, amma böyük qardaşının himayəsində böyüyən Məmmədin arzuları heç vaxt sönmədi. Bakı məktəblərində təhsil alaraq 1928-ci ildə APİ-nin Şərqşünaslıq fakültəsinə daxil oldu, eyni zamanda Azərnəşrdə tərcüməçilik edərək yazı dünyasına qədəm qoydu.

1930-cu ildə "Arzular" adlı ilk şeir kitabını nəşr etdirən Məmməd Rahim, ədəbiyyat aləmində öz yerini tapdı və dövri mətbuatda fəal çıxış etdi. Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışdı, 1941-1946-cı illərdə müdafiə bölməsinin rəhbəri oldu. Ədəbi fəaliyyəti ilə yanaşı, o, İranda xüsusi ezamiyyətdə oldu, Türkiyə və Aralıq dənizinə səyahətlər edərək dünyagörüşünü genişləndidirdi.

Məmməd Rahim, "Xaqani" (1955), "Sayat Nova" (1956) və "Natəvan" (1962) kimi əsərlərlə poeziyanın zirvələrinə yüksəldi. “Sayat Nova” əsəri təbii ki, məşhur erməni aşıq barədədir. Amma “qardaşdır ellərimiz” pafoslu bir cəmiyyətdə o sayaq əsərlərin çıxması adi hal idi.

Məmməd Rahim həmçinin böyük şairlərin əsərlərini tərcümə edərək dünya ədəbiyyatını Azərbaycan oxucusuna çatdırdı. Yaradıcılığına görə iki dəfə Lenin ordeni və digər yüksək mükafatlarla təltif olunan Məmməd Rahim 1977-ci il mayın 6-da Bakıda vəfat etdi və Fəxri Xiyabanda dəfn olundu.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2025)

 

23 -dən səhifə 2152

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.