
Super User
“Ənvər Məmmədxanlı barədə xatirələr” - ANAR
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:
ANAR. “HƏYATIM AĞRIYIR”
“Həyatım ağrıyır”... Ənvər Məmmədxanlının ifadəsidir.
Uşaqlıq illərimdən xatırlayıram, bəzən xoş məclisdə, ya şirin bir söhbət əsnasında Ənvər (atamla anamı öz adlarıyla çağırdığım kimi, mən Ənvərə də sadəcə Ənvər deyirdim) birdən-birə öz iç dünyasına qapılar, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: “Nə olub sənə, nə var?”, dalğın-dalğın cavab verərdi: “Həyatım ağrıyır”.
Bu abzas 1993-cü ilin yanvar ayında Ənvər Məmmədxanlıya həsr etdiyim essemdəndir. Cəmisi iki-üç dəfə Ənvərin dilindən eşitdiyim, Ə.Məmmədxanın heç bir nəşr olunmuş yazısında olmayan bu ifadə mənim essemdən sonra ədəbi dövriyyəyə daxil oldu. Xalq yazıçısı Elçin bu ifadəni öz “Baş” romanına epiqraf qoydu.
Bəzi Ənvər Məmmədxanlıya o qədər də yaxın olmayan adamlar mənim yazımdan sonra deməyə başladılar ki, bu ifadəni guya yazıçının öz dilindən eşidiblər. Ənvər yetərincə qapalı, yetərincə qürurlu və məğrur insan idi, hər rastına çıxan adamın şablon: “necəsən?” sualına “həyatım ağrıyır” deyə cavab verməzdi...
Rəsul Rza və Ənvər Məmmədxanlı həm əmioğlu, həm də xalaoğludurlar.
Rəsulun atası İbrahim Məhəmməd oğlu Məmmədxanlı və Ənvərin atası Qaffar Məhəmməd oğlu Məmmədxanlı doğma qardaş, Rəsulun anası Məryəm Abbas qızı Rzayeva və Ənvərin anası İmmihanı Abbas qızı Rzayeva doğma bacıdırlar.
Beş yaşındaykən atasını itirmiş Rəsul dayısı Məhəmmədhüseyn Abbas oğlu Rzayevin himayəsiylə böyümüş və sonralar onun familini qəbul etmişdir.
“İKİ ÖMRÜN İŞIĞI” xatirələr kitabına yazdığı Ön sözdə Ənvər Məmmədxanlı deyir: “Rəsul Rza bir ömür boyu mənim üçün nəinki bir dost, bir yoldaş və böyük qardaş idi, o, eyni zamanda, uşaqlıq illərindən mənə müəllimlik etmişdi və həmişə mənim üçün örnək idi”.
Mən də uşaqlıqdan Ənvəri əmim kimi tanımışdım və bəlkə də o, atamın atabir-anabir qardaşı olsaydı belə, mən onu sevdiyimdən artıq sevə bilməzdim, ona qəlbən bağlandığımdan artıq bağlana bilməzdim. Mənə bağışladığı kitabının üstündə “Əzizim Anara, ürək dostuma” sözləri mənimçün ən təmtəraqlı “izhari məhəbbətdən” daha qiymətlidir.
“Ayrıldılar” hekayəsinin qəhrəmanı İlyas ömrü boyu həsrətində olduğu atı – dayısının atını çapıb məhv eləməsi, “Babək” romanında da eyni çılğın ehtirasla köhlənin belinə sıçrayıb uçuruma atılan gəncin aqibəti Ənvərin gənclik xatirələri ilə bağlıdır. Dayıları Məhəmmədhüseyn Rzayevin Qaragöz və Ceyran adlı atlarını çapmaq istəyən yeniyetmə Ənvərin arzularının əksidir.
“Uşaqlıq illərimizin ən böyük arzusunu yada salmaq istəyəndə hafizəmdə iz salan budur ki, bizim ən böyük arzumuz səyahət idi. Və bir dəfə Göyçayın üstündəki Boz dağa yemlik, turşəng, quşəppəyi yığmağa gedəndə hansı bir təpə başındasa uzaqlara baxarkən Rəsul mənə dedi ki, heç kəsə demə, bu yaxınlarda evdən qaçarıq, baş alıb gedərik, bütün dünyanı gəzərik”.
Elə bil öz gözümlə görürəm bu səhnəni – Göyçayın quru, boz təpələrinin birinin başında iki uşaq dayanıb – biri qıvrımsaçlı, o biri ondan üç yaş böyük, göygözlü – harasa uzaqlara baxırlar və içəri aləmlərində uzaq ölkələri – böyük-böyük şəhərləri, dənizləri, okeanları, gəmiləri görürlər. Bu romantik xəyalpərvərlik onların hər ikisinin xislətində idi. Hər ikisi dünyanı gəzmək, çeşidli ölkələri görmək, aləmi dolaşmaq eşqiylə yaşayırdılar. Hər ikisi mühitlərində darıxırdılar və hər ikisini yaşadıqları dar məkan çərçivəsi sıxırdı. Atamın “Darısqallıq” şeiri elə bu barədədir. Bu narahatlıq, çəpərlər, hüdudlar içində darılmaq hissi Ənvərin də bir çox hekayələrində əks olunub – onun qəhrəmanları karvanlara qoşulur, baş götürüb uzaqlara getmək istəyi ilə çırpınırlar. Gəncliyində yazdığı “Karvan dayandı” hekayəsində də, qocalıqda tamamlamadığı “Babək” romanında da.
“Ayrıldılar” hekayəsində insanı sıxan, bıkdıran adiliklər mühitinə qarşı etiraz sevginin zahiri səbəbsiz, izahsız pozulmasıyla, ilk baxışda məntiqsiz görünən ayrılmaqla nəticələnir.
Sonralar Ənvər “Ayrıldılar” hekayəsini yenidən işlədi, əsaslı dəyişdi və bəlkə bu son variantda “Axı niyə ayrıldılar” sualına daha məntiqli cavab tapmaq olar, amma məncə, hekayənin birinci variantına xas olan yarımtonlar, kövrək və incə aura itirilib. Ənvər Məmmədxanlının sağlığında çap olunmuş ikicildliyini oxuyanda təəssüf hissi ilə gördüm ki, uşaqlığımdan, demək olar ki, hafizəmdə başdan-ayağadək diri yaşayan bir çox süjetlər, o cümlədən, “Bakı gecələri”, “Ay işığında” hekayələrini də yazıçı yenidən işləyib və yeni variantlar, zənnimcə, əvvəlki mətnlərdən bədii cəhətdən üstün deyillər. Amma onu da deyim ki, “Bakı gecələri”ni yenidən oxuyanda bir yerdə diksindim. Axı eyni epizod – küləkli havada dam üstündə paltar sərən qara paltarlı qızın rüzgarla, ağlarla rəqsi mənim “Gürcü familiyası” hekayəmdə və onun əsasında çəkilmiş “Gün keçdi” filmində də var. İstəyirsiz inanın, istəyirsiz yox. Bu hekayəni yazanda mən ondan azı 20-25 il qabaq oxuduğum “Bakı gecələri”ndəki bu səhnə əsla yadımda deyildi. Bəlkə özümün belə dərk etmədiyim şüuraltı yaddaşımda yaşayırmış. Qəribədir ki, Ənvərin köhnə hekayalərini yenidən oxuyanda mənim nəslimdən olan başqa yazıçıların – Elçinin, Əkrəm Əylislinin bəzi əsərlərində də “Ənvər motivləri”nə yaxın parçalar tapdım.
“Ayrıldılar” hekayəsində kənd qırağında görüşüb soyuq daş üstündə söhbətləşən gənc oğlanla gənc qızın münasibətləri, bu səhnənin ümumi aurası Yusif Səmədoğlunun eyni ruhda köklənmiş “Soyuq daş” hekayəsini xatırladır. Bütün bu bənzəyişlər, əlbəttə, təsadüfi də ola bilər, gənclik mütaliəmizin şüurlarımızda ilişib qalmış qəlpələriylə də izah edilə bilər.
Məhz bu mənəvi və üslub yaxınlığına diqqət çəkmək üçün Ənvər Məmmədxanlının “Ayrıldılar” və Yusif Səmədoğlunun “Soyuq daş” hekayələri bu kitaba daxil edilir.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
Unudulan İlahə - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bütün dövrlərinn dumanlı səhifələrində səni axtarıram. Qədim məbədlərin qırılmış sütunlarında, daşların üzərində vaxtın pozduğu yazılarda, unudulmuş hekayələrin kölgəsində, qaranlıq keçmişin içində səni axtarıram. Səni məhv edilmiş sivilizasiyaların küllərində, susdurulmuş dillərin unudulan kəlmələrində, məzarlardan boylanan qəmli baxışlarda, uzaq ulduzlara yönəlmiş dualarda axtarıram.
Sən tarixdə vardın, amma səni tarix yazmadı. Sən miflərdə vardın,amma sənə həmişə bir yan rol verildi. Sən güclü idin,amma sənin gücün ya məhv edildi, ya da fədakarlıq adı altında səssizliyə gömüldü.
Sən ilahələrin unudulan rəsmlərində vardın. Amma bir gün səni tarixdən sildilər. Əllərinə qan bulaşmış kişilər səni müqəddəs torpaq elan etdilər, sonra da o torpağı işğal etdilər. Sənə ibadət etdilər, sonra səni çarmıxa çəkdilər. Səni tərif etdilər, sonra səni yandırdılar. Sənə "həyat verən" dedilər, sonra səni yaşamaq haqqından məhrum etdilər.
Səni həmişə bir obraz kimi gördülər,amma heç vaxt tam olaraq sən olmadın. Onlar üçün sən ya mələk oldun, ya da günahkar. Ya səni sevdilər, ya da səndən qorxdular. Ya sənə sitayiş etdilər, ya da səni yandırdılar. Amma sən sadəcə qadın idin. Nə müqəddəs, nə də lənətlənmiş.. Sadəcə var olmaq istəyən bir ruh.
Onlar sənə həyat vermədilər, sən öz həyatını özün yaratdın. Onlar sənə azadlıq vermədilər, sən hər dəfə azadlığını dişlərinlə,dırnaqlarınla sökdün, qopartdın və aldın. Onlar sənə sevgi vermədilər, sən sevgini öz yaralı ürəyində böyütdün, onu bir çiçək kimi qanla suladın, göz yaşlarınla bəslədin, ağrının içində onu yaşatdın.
Sən şairlərin sevdiyi qadın idin,amma sənə yazılan şeirlərin heç birini sən yazmadın. Onlar səni tərənnüm etdilər, amma sənin öz səsini heç vaxt eşitmək istəmədilər. Onlar sənin gözəlliyini vəsf etdilər, amma sənin ruhunun dərinliyindən qorxdular. Onlar sənin qəlbinin yumşaqlığını sevdi, amma sənin qəzəbinin od kimi yandıra biləcəyini unutdular.
Səni səslərin boğulduğu gecələrdə axtardım. Qaranlıq küçələrdə qorxa-qorxa addımlayan qızların baxışlarında, öz taleyini qəbul etmiş, amma heç vaxt bağışlamayan qadınların susqunluğunda səni tapdım. Səni evinin içində həbs olunan anaların yorğun gülüşlərində, sevgidən çox məcburiyyətdən doğulmuş nəvazişlərdə, həyatını başqalarına həsr edərək özünü unudan qadınların unudulmuş adlarında tapdım.
Səni yalnız sevgi verməyə məhkum etdilər, amma sən də sevilmək istəyirdin. Səni yalnız bağışlamağa məcbur etdilər, amma sən də bağışlanmaq istəyirdin. Səni yalnız güclü görmək istədilər,amma sən bəzən zəif olmaq istəyirdin.
Qadın olmaq-həmişə iki atəş arasında qalmaqdır. Ya birinə itaət etməlisən, ya da üsyan etməlisən. Ya sevgi içində əriməlisən, ya da qəlbindəki boşluğu heç kimə bildirmədən yaşamalısan. Ya susmalısan, ya da səni susduracaqlar.
Amma sən nə susdun, nə də yox oldun. Sən hər dəfə kül içində yenidən doğuldun. Sən hər dəfə tarixin içində öz yerini tapdın. Sən hər dəfə səni məhv etməyə çalışanların arasında sağ qaldın.
Sən hələ də varsan. Hər dəfə bir qadın gecə küçədə qorxusuz addımladıqda, hər dəfə bir qız uşağı öz seçimini etdikdə, hər dəfə bir qadın sevgini qorxu ilə deyil, azadlıqla yaşadıqda-sən yenidən doğulursan. Hər dəfə bir qadın səsini ucaltdıqda, hər dəfə bir qadın göz yaşı tökmədən irəlilədikdə, hər dəfə bir qadın öz taleyinin sahibi olduqda, sən varsan.
Bu, sadəcə bir bayram deyil. Bu, bir xatırlatmadır. Unudulmuş adların, unudulmuş səs-küylərin, unudulmuş həyatların, unudulmuş arzuların bir qığılcımıdır. Bu, səni bir gün deyil, hər gün xatırlamağa məcbur edən bir hayqırtıdır.
Səni bir gün deyil, hər gün xatırlamalı olan dünyaya bir gün də olsa səni xatırlatmaq üçün yazıram. Səni yalnız baharın gəlişi ilə assosiasiya edənlərə inat, qışın ortasında da, ən çovğunlu gecədə də var olduğunu söyləmək üçün yazıram. Səni yalnız gülüşün, incəliyin, fədakarlığın və mərhəmətinlə dəyərləndirənlərə qarşı, qəzəbinin, üsyanın, susqunluğunun və yorğunluğunun da sənin bir parça olduğunu bildirmək üçün yazıram.
Çünki sən yalnız şəfqət deyilsən, sən həm də qırılmış güzgülərin kəsici kənarısan. Sən yalnız bahar mehinin toxunuşu deyilsən, sən eyni zamanda ildırımla səmanı çırpan qəzəbsən. Sən yalnız göz yaşlarını silən bir əl deyilsən, sən bəzən göz yaşlarını axıdan, amma onları heç kimə göstərməyən qürursan.
Səni əsrlər boyu izah etməyə çalışdılar. Çiçəyə bənzətdilər, çünki sən incə idin. Suya bənzətdilər, çünki sən hər maneəni aşmağı bacarırdın. Aya bənzətdilər, çünki sən qaranlıqda da işıq saçırdın. Amma səni heç zaman sadəcə insan olaraq görə bilmədilər. Səni bir rəmzə çevirmək istədilər, çünki səni başa düşmək onlara çətin gəlirdi.
Səni ya idealizə etdilər, ya da günahlandırdılar. Ya səndən müqəddəslik gözlədilər, ya da səni susdurmağa çalışdılar. Amma sən bunların heç biri deyildin. Sən sadəcə var idin. Və var olmaq bəs edirdi.
Gecələr qorxmadan addımladığın, səsin titrəmədən danışdığın, varlığını sübut etməyə məcbur olmadığın bir dünya arzulayıram sənə. Sevgini və hörməti bir gün- 8 martda deyil, hər gün hiss etdiyin, səni yalnız qadın olduğun üçün yox, sadəcə sən olduğun üçün sevən bir həyat diləyirəm...
“Ədəbiyyat və incəsənət”
(08.03.2025)
Ucuzluq - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bir kitab mağazasına daxil olursan. Rəflərdə par-par yanan üzlüklər, qalın səhifələr, müdrik müəlliflərin illərin təcrübəsi ilə yazdığı əsərlər var. Kitabları vərəqləyirsən, amma qiymətləri görəndə duruxursan: “Bir kitab bu qədər baha ola bilər?” İroniya buradadır ki, bilik bahalaşdıqca, insanlar ucuzlaşır. Bəs biz nə zaman bu qədər ucuzlaşdıq?
İnsanlar nə zaman öz düşüncələrini, mənəviyyatlarını, ruhlarını bu qədər dəyərsiz hala gətirdi?
Əvvəllər bir insanın sözünün çəkisi vardı. İndi isə hər kəs danışır, amma çox az adamın səsi eşidilir. Kitablar dəyərini saxladığı üçünmü bahalı görünür, yoxsa biz onları almağa, oxumağa, dərk etməyə layiq olmadığımız üçünmü?
Sosial mediada ucuz əyləncələr pulsuzdur, amma bir kitab almaq cibdən gedən real bir xərcdir. İnsanlar əllərinə bir kitab alıb saatlarla oxumaq əvəzinə, bir-iki dəqiqəlik qısa videolarla, mənasız mübahisələrlə, lazımsız informasiya ilə beynini yükləyir. Çünki dərin düşünmək çətindir, özünü anlamaq ağrılıdır, həqiqət isə rahatlıq gətirmir.
Bəli, kitablar bahadır. Çünki onlar dəyərlidir. Amma insanlar ucuzlaşıb. Çünki onlar artıq özlərini dəyərli hiss etmirlər.
Bəlkə də problem kitabların qiymətində yox, bizim özümüzə verdiyimiz qiymətdədir.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
Zülmətə qalib gələn işıqlı adam – İLHAM ZƏKİYEVDƏN DANIŞACAĞIQ
Kənana Məmmədli, “Ədəbiyyat və incəsənət”
Gənclik şəhəri Sumqayıtın rəsmən Fəxri vətəndaşları yoxdur, Sovet dönəmində dəbdə olan bu titul indi tətbiq edilmir. Amma şəhərin qeyri-rəsmi fəxri vətəndaşları xeyli saydadır, onlardan biri də İlham Zəkiyevdir. Həmişə martın əvvəllərində Sumqayıt ictimaiyyəti üçün bu fədakar, qəhrəman insanı doğum günü münasibətilə təbrik etmək ənənəsi də qalmaqdadır.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu, Əməkdar idman ustası İlham Zəkiyevin martın 3-də yubileyi oldu, 45 yaşı tamam oldu. Gəlin onun ömür-gün səhifələrini birlikdə vərəqləyək.
İlham Zəkiyev 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərinin 5 saylı orta məktəbinin məzunudur. Məktəbli olarkən ən çox sevdiyi fənlər coğrafiya, tarix və riyaziyyat olub. İlhamın özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olub. Onun sayəsində İlhamın da idmana həvəsi yaranıb.
1995-ci ildən Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında Mehdi Hüseynzadə adına şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb. Çox qısa müddət ərzində uğurlara imza atıb, Sumqayıt şəhər birinciliyində qalib gəlib, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində mükafatçı olub və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu adını qazanıb. 1998-ci ilin iyun ayında isə Azərbaycan Kubokunun qalibi olub, yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazanıb. Təəssüf ki, Moskvadakı Olimpiadaya getmək ona qismət olmayıb, o, həqiqi hərbi xidmətə çağırılıb və 2 iyul 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb.
Və həmin o qapqara bir gün: xidmətinin 7-ci ayında - 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman İlham Zəkiyev düşmən tərəfindən atılan snayper gülləsinə tuş gəlib. Güllə onun sağ gicgahından girib, sol gicgahından çıxıb. O, beş gün koma vəziyyətində qalıb və həkimlər onun öləcəyini bildiriblər. Bu cür xəsarətdən sonar insanın sağ qalması möcüzə kimi görünür. Lakin möcüzə baş verib. Beşinci gün İlham rayon xəstəxanasında anasının səsini eşidib, özünə gəlib, amma gözlərini açanda, heç nə görməyib. Başa düşüb ki, görmə qabiliyyətini itirib.
Gənc yaşında dünya işığından məhrum olmaq əlbət ki, istənilən insanı sındırar. Amma İlhamı yox. O dərhal qərar qəbul edib. Olimpiya olmadı, eybi yox, paralimpiya olsun.
İlham Zəkiyev 2002-ci il noyabr ayının 1-dən məşqlərə başlayıb. 2003-cü ilin avqust ayında Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İdmançıların ikinci Dünya Çempionatında ilk dəfə tatamiyə çıxıb. Bəxt üzünə gülməyib, püşkatmanın dərəcəsinə görə kubalı dünya çempionu Rafael Torres Pompe ilə yarışmalı olub və çox gərgin keçən mübarizədə xal fərqi ilə ona məğlub olub. Buna baxmayaraq, İlham Zəkiyev təsəlliverici görüşlərdə qalib olaraq bürünc medala sahib olub və 2004-cü il Afina Paralimpiya Oyunlarına vəsiqə qazanıb. O, Azərbaycandan Paralimpiya Oyunlarında iştirak edən yeganə cüdoçu olub, Afinada ilk qarşılaşdığı idmançı isə yenidən Kvebekdəki yarışda məğlub olduğu kubalı dünya çempionu olub. Bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyib qisasını alaraq İlham yarımfinala yüksəlib. Yarımfinalda İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub edib. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində üstün gələrək Paralimpiya Oyunları çempionu adını qazanıb.
Daha bir ildən sonra isə o, Niderlandda keçirilən Avropa çempionatının final yarışında Fransanı təmsil edən Julyen Torini məğlub edərək Avropa çempionu adını qazanıb.
2006-cı ildə İlham Zəkiyev Fransada keçirilən dünya çempionatında bürünc medal qazanıb. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında isə qalib olub. Həmin ildə Braziliyada keçirilən ümumdünya yarışında da qızıl medala layiq görülüb. 2008-ci ildə ikinci Paralimpiya Oyunlarında iştirakı zamanı Çinin paytaxtı Pekində fransalı idmançı Julyen Turini məğlub edib.
2012-ci ildə Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunda gümüş medala sahib olub. 2013-cü ildə altıncı dan qara kəmərə layiq görülüb. Həmin il Londonda keçirilən Paralimpiya Oyunlarında ilk görüşündə dağıstanlı Heydər Heydərovla qarşılaşıb və ona heç bir şans verməyib. Növbəti – 1/4 finalda rəqibi yaponiyalı Kento Masaki olub. Çətin keçən qarşılaşmadan rəqib qalib ayrılıb. Nəticədə İlham təsəlliverici görüşlərə qatılıb və burada braziliyalı Vilians Silvaya qalib gələrək, bürünc medala layiq görülüb.
Bu qədər qalibiyyətlər ona 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının açılış mərasimində məşəl yandırmaq şərəfini gətirib. Həmin yarışlarda Azərbaycan komandasının aktivinə 18-ci qızıl medalı məhz İlham yazdırıb. O, finalda Ukrayna təmsilçisi Aleksandr Pominovu məğlub edərək çempion olub.
Braziliyanın Rio-de-Janeyro şəhərində XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində isə yığmanın kapitanı kimi Azərbaycan bayrağını o aparıb.
İlham Zəkiyev təhsilsiz də qalmayıb, o, 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.
Ailə həyatına gəlincə, 2005-ci ildə ailə həyatı qurub. Üç övladı var: iki oğul, bir qız.
İlham Zəkiyev 2008-ci il dekabr ayının 26-da “Şöhrət” ordeninə, 2009-cu ilin mart ayının 5-də “Əməkdar idman ustası” adına, 2012-ci ildə “Tərəqqi” medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına da layiq görülüb. 2016-cı ildə İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Və sonda onu da qeyd edim ki, 2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı “İşıqlı zülmət” filmi çəkilib.
Bax sumqayıtlı İlham Zəkiyev belə bir şəxsiyyətdir!
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
Boz ay – BİLMƏYƏNLƏR BİLGİLƏNSİNLƏR
Nərgiz Mustafayeva, “Ədəbiyyat və incəsənət” üçün
Kiçik çillədən sonra Novruzadək qalan 30 gün, yəni fevral ayının 20-dən mart ayının 20-dək olan dövr Boz ay adlanır. Boz ay qış fəslinin xalq arasında sonuncu ayıdır. Boz ay fevral ayının 20-si, yəni Kiçik çillənin qurtardığı vaxt girir və mart ayının 21-dək, yəni Novruza qədərki, dövrü əhatə edir.
Xalq arasında bu dövrə müxtəlif adlar verirlər: “Boz ay”, “Alaçalpo”, “Çillə-beçə”, “Ağlar-gülər ay”.
“Xalq coğrafi terminlərinin izahlı lüğəti” kitabında “Alaçalpo”nun fevral ayının 22-dən mart ayının 22-dək olduğu qeyd olunur. “Alaçalpo” ifadəsinin “qışın sonunda yağan qar” olduğu deyilir. Beləliklə, Boz ay qışın son yarım ayını və yazın əvvəl yarım ayı olan dövrü əhatə edir.
Belə rəvayət edirlər ki, qədim zamanlarda insanlar ayı, günləri hesablamaqda çətinlik çəkirmişlər. Belə çaşqınlıqları aradan qaldırmaqdan ötrü insanlar ili aylara, ayları isə günlərə bölürlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Lakin Boz aya cəmi 14 gün düşür. Aylar arasında bərabərlik yaransın deyə hər aydan bir gün götürüb Boz ayın günlərinə əlavə edirlər. Yenə də düzgün alınmır: hər ayın 31 günü, Boz ayın isə 25 günü olur. Yenidən bir ay bir gün, digəri iki, zavallı fevral isə Boz aya üç gününü verir və Boz ay olur 31 gün.
Beləliklə, Boz ay öz günlərini ilin müxtəlif fəsillərindən aldığı üçün hava baxımından qarışıq olur. Havalar tez-tez dəyişir, bir gün isti olur, səhəri gün soyuq olur.
Boz ay dövründə əkinçilikdə bəzi işlərin görülməsinə başlanılır. Yazın müjdəçisi hesab olunan Novruzgülü Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır. Tətqiqatçıların deyiminə görə, Novruzgülü Boz ay girməmiş heç vaxt açmır.
“Boz ay”ın böyük bir hissəsi mart ayına düşür. Mart ayını “vuruş, savaş ayı” da adlandırırlar. Rəvayətə görə, mart ayında soyuqla isti döyüşür və sonda isti qalib gəlir. Bu savaş Cəmlələrlə başlayır. Azərbaycanın müxtəlif böləgələrində Çərşənbələrə “Cəmlələr”, “Cəmilə”, “Cəlimə” deyilir. Bununda izahı onunla verilir ki, ilk Cəmlənin suya düşməsindən sonra sular donmur. Elə Cəmilə sözünün mənası “günəşin ilk isti şüası” deməkdir.
Türk xalqlarının mifologiyasında da od - istilik, Günəş anlamını verən “Cəmrə” anlayışı mövcuddur. Fevralın 20-də, Kiçik çillənın çıxdığı gün Cəmrə havaya baxır, hava isinir. Bir həftə sonra, yəni fevralın 27-də Cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş verir.
“Boz ay” bir həftə çəkməklə dörd çilləbeçəyə (Çərşənbəyə) bölünür. Bu ayda olan dörd Çərşənbə müqəddəs sayılır. Çərşənbələr təbiətin dəyişməsində dörd ünsür olan: su, od, yel və torpaq ilə əlaqləndirilir.
Çərşənbələrin ilk üçünü “Doğru üskü”, sonuncunu isə “İlaxır çərşənbə” deyə adlandırırlar. Bu Çərşənbələr Novruza hazırlıq dövrünü təşkil etdiyi üçün bu Çərşənbələrə “Novruz çərşənbələri” də deyilir. Bəzi deyimlərdə Çərşənbənin ilki “Əzəl”, “Müjdəçi” çərşənbə adlanır, ikinci çərşənbə “Kül”, üçüncü çərşənbə “Gül”, sonuncu çərşənbə “İlaxır” çərşənbə sayılır. Coğrafi relyefə görə bəzi bölgələrimizdə çərşənbələrin yeri fərqli qeyd olunur.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
Şəhidlər barədə şeirlər – Pəhli Qəribov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü
Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Pəhli Qəribova həsr edilmiş şeirlə tanış olacaqsınız.
PƏHLİ XALƏDDİN OĞLU QƏRİBOV
(17.09.1993.-08.01.2020.)
Kürdəmirdən olan Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
PƏHLİ
Sən, Vətəni canından, Pəhli, artıq sevirdin,
Adını əməlinlə ölməz ada çevirdin.
Yazıldın döyüşməkçin könüllü ordumuza,
Dedin, zəfər yaraşır, müqəddəs yurdumuza.
Uşaqlıqdın hamıya sevimli, əziz idin,
Xəyalların bir aləm, arzular dəniz idin.
Əsgərlikdə olanda göstərdin əla xidmət,
Fəxri fərmanlar, saat - halal mükafat, qiymət.
Həmişə gözləyirdin, Komandanın əmrini,
Bitirmək vaxtı gəldi kafirlərin ömrünü.
Necə ürəklisənmiş, necə də mətanətli,
Düşməni məhv eyləyən əsgərdin - şücaətli.
Döyüşdün Füzulidə, Cəbrayılda qeyrətlə,
Yağılar qaçırdılar qorxu ilə, heyrətlə.
Düz qırx dörd gün döyüşdün, getdin Şuşaya qədər,
Düşmən kədərə batdı, ömrünü aldı kədər.
“Biz qalib gələcəyik”, - söykənərək inama,
Səkkiz noyabrda sən çatdın ali məqama.
Müqəddəs bayrağımız Şuşada dalğalanır,
Mənfurlar, məsləksizlər məzarda “lovğalanır”.
Canından keçdin, Pəhli, bu yurd yaşasın deyə,
Qəhrəmansan, şöhrətin sığışmır yerə-göyə.
Səni sevimli edən elə sədaqətindir,
Nərmin balan, gül balan bizə əmanətindir.
Hamımıza əzizdir yurdumuzun hər yanı,
Alıb səni qoynuna Şəhidlər Xiyabanı.
Bu vətəni düməndən azad etdi igidlər,
Həmişə yaşayacaq qəhrəmanlar-şəhidlər.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
Qərbi Azərbaycan İcmasında 8 mart şənliyi
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət"
Qərbi Azərbaycan İcması Nizami rayon nümayəndəliyinin təşkilatçılığı ilə “8 mart- Beynəlxaq Qadınlar Günü" münasibətilə tədbir keçirilib. Belə xoş bir məclis üçün QAİ Nizamı rayon nümayəndəsi Xəqani Səfərova dərin minnətdarlıq düşür.
Tədbirdə Qərbi Azərbaycanlı xanımlar və ziyalı bəylər iştirak edirdi. Bəylər hətta xanımlar üçün şeir də oxudular. Çox maraqlı və incə hərəkət idi.
Biz təsdiq edirik ki, dünyada Qərbi Azərbaycanlı xanımlar çox təşəbbüskar xarakterə malikdirlər. Qayıdışda da Qərbi Azərbaycanlı xanımların xüsusi rolu olacaq. Onlar yurd həsrətini dərindən hiss edənlərdəndir. Mən bu tədbirdəki ən gənc xanım idim. Təsadüfi deyil ki, mənə də söz verildi. Öz növbəmdə çıxışım diqqət və maraqla qarşılandı.
Tədbir çox gözəl keçdi. Sözü, musiqisi, yallısı... Mükəmməl idi. Təşəkkür edirəm. İnşallah davamlı olar. Yurdumuza qayıdanda bundan da böyük zallarda deyib-güləcəyik.
Biz bu günü səbrsizliklə gözləyirik.
Biz buna inanırıq!
Biz qayıdacayıq!
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
POETİK QİRAƏTdə Təranə Dəmirin “Bir də gördün, gün çıxdı, buz əridi...” şeiri
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün rubrikamda premyeradır, ilk dəfədir ki, Təranə Dəmirin şeirini təqdim edirəm. Sabah martın 8-dir. Bəlkə də sabah bütün qadınlar diqqət mərkəzində olduqlarından xoşbəxt olacaqlar, amma bu gün və biri gün onlar öz dərd-sərləri ilə başbaşa olacaqlar.
Yanvar yağışından asılıb qalıb iyundan qalan arzular,
Üşüyür bulud evində.
Üstünü şaxta örtüb, qırov basıb,
Didərgindi yerlə göyün arasında.
Bir himə bənddi
çiliklənib tökülsün
üzüaşağı
səma yuvasından.
Amma qorxusu yoxdu heç nədən --
nə yağışdan, nə küləkdən..
Yanvarın boğazında ilişib qalacaq uzaqbaşı,
Şükür hələ ki, diridi...
nə bilmək olar,
ölümlə olumun tən ortasında
bir də gördün, gün çıxdı, buz əridi...
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
Haqqa qovuşan Mir Dilavər ağa...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Ömrünün 89-cu ilində haqqa qovuşan Yardımlı ağsaqqalı Seyid Mir Dilavər ağanı Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli İsgəndərov belə xarakterizə edir. Yeri gəlmişkən, yazını təqdim etməmişdən öncə xatırlatmaq istəyirəm ki, Ağanın yeddi məclisi martın 9-u (İftar vaxtı) Heydər məscidində keçiriləcək.
Bilənlər yaxşı bilir ki, biz Yardımlı camaatı seyidlərimizə qarşı həmişə diqqətli olmuşuq. Çünki bu adamlara həzrəti Peyğəmbərimizin yadigarları kimi ehtiram göstərməyi özümüzdə bir vəfa borcu sanmışıq. Bu gün sizə Yardımlı qəsəbə camaatının tanınmış ruhanisi, ötən əsrin 60-cı illərindən 2000-ci ilin əvvəllərinə kimi ata-babamızın şəriətimizin buyurduğu kimi dəfn-kəfən edilməsində böyük əməyi olan Hacı Mir Dilavər ağa haqqında söhbət açmaq istəyirəm. Əlbəttə, hamı kimi mənim də qəlbimdə Mir Dilavər ağaya böyük sayğı və rəğbətim var, valideynlərim də bunu zaman-zaman biz övladlarına nəsihət ediblər, hətta onun cəddinə tapınıblar...
Seyidlər yurdu Perimbeldən olan Mir Dilavər ağanı ağlım kəsəndən Yardımlı qəsəbəsində görmüşəm. Xatirimdədir, o, keçən əsrin 60-cı illərindən Yardımlı qəsəbəsində mühasib kimi çalışdığından məcbur olub, doğma kəndindən rayon mərkəzinə köçmüşdü. Onlar ilk dəfə Yardımlı qəsəbəsində bizim qonşuluğumuzda kirayə qalırdılar, rəhmətlik Qulam Rufullayevin evində. Ona görə də uşaqları də bizim Yardımlı qəsəbə 2 saylı orta məktəbdə oxuyublar və oğlanları məktəb yoldaşlarımız olduğu kimi Mirəddin, Mirşahin bizim məhəllə dostlarımız idi. Elə o zamandan Mir Dilavər ağamızı Yardımlı qəsəbə camaatının ruhanilərindən biri kimi tanıyırdım. Məmur olsa da, onun kamil dini savadından, bizim şəri məclislərdə- Məhərrəmlik və ya Ramazanda xoş avazlı moizələrindən, risalə söhbətindən doymaq olmurdu. Daima bizim Yardımlı qəsəbə məclislərində onu görməyə alışmışdıq. Düzünü desəm, bizim babaların ona xüsusi bir rəğbəti var idi, həm cəddinə iman gətirib nəzir verər, rəhmətə gedənlər üçün Quran ayələrinin oxumasını xahiş edər, həm də xüsusi, əlamətdar gündə məscidimizdə məclisi idarə etməyi seyyid Mir Dilavər ağadan xahiş edərdilər. Camaatımızdan rəhmətə gedən olanda, Mir Dilavər ağa məmur kimi çalışdığı Kənd Təsərrüfatı və ya Aqrara-Sənaye idarəsində mühasib olduğu üçün aşıb-daşan işini buraxıb, Yardımlı qəsəbəsindəki üzr yerinə tələsərdi. Mürdəşirxanada və ya məzarlıqda dəfn-kəfən edilən zaman onun həzin, bir az kədərli şəkildə vəfat edən adamın ruhuna ucadan oxuduğu duaların səsi indi də qulaqlarımdadır. Bütün xeyir-şərimizdə yaxından iştirak edərdi. Yardımlı qəsəbə camaatı da seyidimizin bu iltifatına görə, ona böyük ehtiram göstərər, hər bir məclisdə başda oturmağa dəvət edirdilər. Ağamızın bu fəaliyyəti Yardımlı camaatı üçün 40 ilə yaxın davam edib. Sonradan əslən Osnağaran kəndindən olan seyid Mir Əzəddin ağanın şəri məclislərimizdə bir ruhani kimi tanınması ilə Mir Dilavər ağa öz nəcib missiyasını ona əmanət etdi və məclislərdə seyrək olaraq iştirak etməyə başladı. Bunun digər səbəbi də səhhətində yaranan nasazlıq idi. Gənc yaşında qəfildən bir neçə övladını itirməsi isə Mir Dilavər ağaya həqiqətən böyük zərbə oldu...
Bildirim ki, seyidimiz Mir Dilavər ağanın atası rəhmətlik Mir Təyyar ağanın da mükəmməl dini savadı olub və bu savadı öz oğlanlarına da öyrətməyi bacarıb. 1921-ci ildən 1934-cü ilə kimi Sovet dövlətinə tabe olmaq istəməyən azadlıqsevər Perimbel camaatı Sovetlərin çox zülmünə tuş gəlib. 1953-cü ildə isə Perimbel kəndi depotasiya edilən kəndlərimizin önündə olub. Kənd camaatı zorla Salyan və digər rayonlara köçürülüb. Bax, o zaman Mir Dilavər ağanın atası Mir Təyyar ağa da Salyan rayonuna köçübdür. Köçkünlərə mehribancasına qucaq açan bu diyar Perimbel camaatına çox kömək olublar. Mir Təyyar ağa da Salyan camaatı içərisində böyük ehtiram və rəğbətə sahib olub...
Bəli, Mir Dilavər ağa və qardaşları mükəmməl dini savada malik olublar. Uzun illər Bakı Dövlət Universitetidə çalışmış, professor, rəhmətlik Mir Əcəm ağa da, Yardımlıda xeyir-şərimizin yaraşıığı Mir Əkrəm ağa da Quran ayələrini əzbərdən bilən və yeri gələndə çox gözəl təfsir edənlər olublar. Məlum pandemiyaya qədər bu yaşında Mir Dilavər ağanın ömür-gün yoldaşı Hacı Leyla xanım bütün xeyir-şərimizdə yaxından iştirak edib, bəzən, hörmət əlaməti olaraq üzr yerində qadın məclislərimizi də idarə edib. Camaatımızın böyük hörmətini qazanıb...
Bəli, valideynlərimiz dönə-dönə Mir Dilavər ağaya ehtiramı bizə vəsiyyət-nəsihət ediblər. Heyf, çox heyf ki, Mir Dilavər ağa bu gün aramızda yoxdur. Ona Allahdan rəhmət diləyirik...
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)
Bu gün böyük Əli bəy Hüseynzadənin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor!..
Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.
XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri - Əli bəy Həsənzadənin doğum günüdür.
O, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir. 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub.
Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı.
Bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır.
Kitabları:
1. Əbədi gözəlliklər.
2. Nicat məhəbbətdədir.
3. Qərbin iki dastanında türk.
4. Türklər kimdir və kimlərdən ibarətdir?
5. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar.
6. Kəfalət, yaxud vəfadar dostlar (F. Şillerdən nəzmən tərcümədir).
Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)