
Super User
PA - Uğura necə zəmin yaratmalı?
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Bir məşhur müasir dövr rəvayəti yaranıb, deyirlər, bir nəfər imkansız şəxs radiolardakı, televiziyalardakı lotereya üzrə başgicəlləndirici uduş məbləğlərini, astronomik cek-pot reklamlarını o qədər görür, tanış-bilişin bu mövzudakı bazar söhbətlərini o qədər eşidir ki, böyük bir məbləğ udmaq arzusu onun həyatının şah arzusuna çevrilir. O hər gün xəyallar qurur ki, cek-pota sahib olub bütün borclarını qaytaracaq, mənzil, avtomobil alacaq, uşaqlarını oxudacaq, ailəsinə şad-xürrəm, firavan həyat bəxş edəcək. Və hər səhər işıqlaşanda əllərini göyə açıb Tanrıya dua eləyir ki, ay Tanrım, nə olar, mənə cek-potu udmağı nəsib elə.
Beləcə, aylar ötür, illər keçir. Arzusuna qovuşmadığını görən bu şəxs get-gedə aqressivləşir, Tanrıya duasında kəskin tonlardan, iradlardan istifadə edir, şikayətlənir ki, axı sən necə Tanrısan, bircə arzumu yerinə yetirmirsən.
Və bir gün qeybdən ona səs gəlir ki, ay binəva insan, sən böyük məbləğ udmaq istəyirsən, ancaq adi bir həqiqəti başa düşmək istəmirsən ki, lotereyada udmaq istəyən kəs ilk öncə lotereya biletini almalıdır. Bu necə olur ki, sən bileti almırsan, Tanrıdan uduş arzulayırsan, arzun da reallaşmayanda Tanrıya irad bildirirsən?
Bu rəvayət hazırda hədsiz aktualdır. Bu gün insanlar daha çox əziyyətsiz mənsəbə çatmaq istəyirlər. Oxumur, təhsil almırlar, bir sənət öyrənmirlər, bir əziyyətə qatlaşmaq istəmirlər. Bununla belə, rahat, firəvan, tam təminatlı həyat arzulayırlar. Və bu həyata da qovuşmayanda onların içlərində bir narazılıq, bir küskünlük şeytanları oyanır.
Ünsiyyət qurduğum həyatdan narazıların əksəriyyətində bu əziyyətsiz mənsəbə çatma meyillərini görürəm. Baxırsan, gəncdir, iş axtarır. Müraciət edir, köməklik göstərirsən, bir tanışından xahiş edirsən ki, onu işlə təmin etsin. Nəticə isə ürəkaçan olmur. O səni tanışının yanında pis vəziyyətdə qoyur. Verilən tapşırıqlara əməl etmir, görəcəyi işi görmək istəmir, «məni filankəs tapşırıb» bəhanəsinin altında kölgələnmək istəyir.
Bir dəfə bir tanışımın övladı üçün müəssisələrdən birinin müdirindən iş xahiş etmişdim. Onu növbə ustası vəzifəsinə təyin etdilər, mən də missiyamı bitirib gördüyüm növbəti savab işimin nöqtəsini qoydum. Amma deməzsənmiş, cəmi bir həftədən sonra bu şəxs müdirin qəbuluna düşüb şikayət edib ki, bəs ali təhsilliyəm, növbə ustalığı istəmirəm, heç olmasa sex rəisi təyin edin ki, perspektivim olsun, ən yüksək rəhbər vəzifələrə keçə bilim.
Bu nə təfəkkürdür, nə məntiqdir? Sən niyə istehsalı tam öyrənməmiş, təcrübə yığmamış, aşağı mərhələlərdə təkmilləşməmiş dərhal yuxarı mərhələ istəyirsən? Binanın birinci mərtəbəsi tikilmədən 5-ci mərtəbəsini tikməkmi olar?
Ya da böyük arzularla, amallarla yaşadığını iddia edən bir şikayətçi abiturientin qəbul imtahanlarına hazırlaşmaq əvəzinə həmin böyük arzuların, amalların xəyalları ilə, necə deyərlər, «xəyal-plov» yeməklə gün keçirdiyi məlum olur. Kitab üzü açma, müəllim yanına getmə, bilik əxz eləmə, sınaq imtahanlarına qoşulma, sonda da qəbul imtahanlarında az bal toplayıb küskünləş, ruh düşkünlüyü, xəyal qırıqlığı yaşa? Bu necə olur axı?
Düzdür, həmin gənc ailəsinin imkansız olması səbəbindən məktəbdənkənar vaxtda işlədiyini, boş zamanının olmamasını özünə alibi sanır, amma hər halda, gözəl bir məsəlimiz var, könlü balıq istəyən quyruğunu buzlu suya qoyar.
Sən biliklər qazanmaq əziyyətinə qatlaşmadan, yuxusuz gecələr keçirmədən, adi normal həyat rejimini kəskin dəyişmədən, öz çalışqanlığından motivasiya almadan axı necə ali məktəb tələbəsi ola bilərsən?
Və yaxud, bir şikayətçi olan tanış idmançını götürək. Yunan-Roma güləşçisidir. Yoldaşları durmadan məşq edirlər, qida rasionundan, vitamin qəbulundan, çəki tarazlığından tutmuş olimpiya çempionları olmuş ən güclülərin oyunlarını izləmək, məşqçilərin tapşırıqlarına diqqət kəsilmək, mövcud tematik ədəbiyyatı oxumağa qədər özlərini idmana sərf edirlər. O isə çempion olmaq xülyası ilə yaşayaraq sadəcə, beynində qazanacağı trofeylərdən necə istifadə edəcəyini canlandırır. Təbii ki, nəticə acınacaqlı olur, o, uğur qazana bilmir. Öz məsuliyyətsizliyinin günahını məşqçi diqqətsizliyi və hakimlərin qeyri-obyektivliyinin üzərinə yıxmaqla indi o, nəyəsə nail ola biləcəkmi? Əlbəttə ki, yox!
Həyatın qızıl qanunu: Uğur qazanmaq üçün ilk öncə bu uğurun zəminini yaratmalısan.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
Tanınmış kinorejissor Fikrət Əliyevin xatirə gecəsi keçirilib
Dekabrın 27-də Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə tanınmış kinorejissor Fikrət Əliyevin 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilib.
Film Fondundan AzərTAC-a bildirilib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.
Xatirə gecəsində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev Fikrət Əliyevin yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan kinosunda Abşeron mövzusuna xüsusi münasibətinin olduğunu vurğulayıb. Sonra Xalq artistləri Əbdül Mahmudov, Şamil Süleymanlı, Əməkdar artist Ruhəngiz Musəvi tanınmış rejissor haqqında xatirələrini bölüşüblər.
Tədbirin sonunda “Aranfilm” studiyasının kinorejissor Fikrət Əliyevə həsr etdiyi “Məni izləyən müəmma” filmi (rejissoru Babək Abbaszadə) nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
“Gənclər və Türk dünyası mədəniyyəti” adlı tədbir keçirilib
Mədəniyyət Nazirliyi, Dünya Türk İş Konseyi, TÜRSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Bakı Media Mərkəzi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin dəstəyi ilə keçirilən "Gənclər və Türk dünyası mədəniyyəti" tədbiri çərçivəsində “Əmanətə sədaqət” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, məqsəd zəngin Türk dünyası mədəniyyətini gənclərə tanıtmaq, onların bu irsin qorunaraq gələcək nəsillərə ötürülməsində fəal iştirakını təşviq etməkdir.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və gənclər arasında mədəniyyət mübadiləsinin önəmini diqqətə çatdırıb. O, belə təşəbbüslərin gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək dünyada türk mədəniyyətinin tanınması və dəyərlərimizin yaşadılmasında gənclərin böyük rolundan bəhs edərək “Əmanətə sədaqət” layihəsindən bəhs edib. Bildirib ki, “Azərlotereya”nın dəstəyi ilə 3 ildir həyata keçirilən layihə hazırda 150 şəhid əmanətini əhatə edir. Layihə çərçivəsində Türkiyədə və Azərbaycanda təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşam xərcləri qarşılanır.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə də çıxışında gənclərin Türk dünyası mədəniyyəti ilə daha yaxından tanış olması baxımından tədbirin mahiyyətini yüksək qiymətləndirib.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və TÜRKSOY-un nümayəndəsi Melik Özsöz çıxış edərək Türk dünyasının zəngin mədəni irsi və ortaq dəyərlərin qorunmasının əhəmiyyətindən danışıblar.
Sonda “Tağıyev: Neft” bədii filmi nümayişi olunub.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş olub
Mədəniyyət naziri Adil Kərimli və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşü olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə A.Kərimli mədəniyyət sahəsi ilə bağlı məsələlərin daha geniş müzakirə olunmasında və ictimai dinləmələrin təşkilində fəal iştirakına görə İctimai Şuraya təşəkkürünü bildirib.
Nazir mədəniyyət sahəsinin inkişafı istiqamətində İctimai Şura ilə birgə çalışmağın önəmini diqqətə çatdırıb.
Görüşün əhəmiyyətini yüksək qiymətləndirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu İctimai Şuranın işinin cəmiyyətin mədəniyyət sahəsi ilə bağlı məsələlərə münasibətinin öyrənilməsinə xidmət etdiyini deyib.
İctimai Şuranın sədri akademik Nizami Cəfərov çıxışında bildirib ki, şura ilə sıx əməkdaşlıq Mədəniyyət Nazirliyinin fəaliyyətini daha da möhkəmləndirir, yeniliklərə və islahatlara təkan verir.
İctimai Şuranın sədr müavinləri Əkbər Qoşalı, Vüqar Qədirov, şuranın üzvü Xanoğlan Əhmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüblər.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
“İndiki şəraitdə istedada kömək etmək ona mane olmamaq deməkdir” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Qürbət uzun, bu yol qısa.
Möhnət uzun, bu yol qısa
Sənə əgər çox lazımsa,
Bu yol gətirir mənə”
2
Bizim milli ikiliklər!.. Biz bir tərəfdən Koroğlunun nəvələriyik. O biri tərəfdən dövlətçiliyimiz üçün canımızı verərik. Koroğlu isə, yada salım ki, dövlətçiliyin düşməni idi. O bu dövlətçiliyi təmsil edən xanına qarşı üsyan etmişdi. Biz bir tərəfdən Babəkin nəvələriyik, o biri tərəfdən müsəlmanıq, islam dininə sadiqik. Bir tərəfdən Şah İsmayılı bütləşdiririk, o biri tərəfdən Türkiyə bizim üçün əziz məkandır. Bu əkslikləri bir-birinin yanına sığışdırmaqla biz özümüz özümüzü aldatmırıqmı?!
3.
“ Nə biz yolu tanıyırıq, nə yol bizi,
Haralara gətirəcək bizi bu yol?!”
4.
Bir vaxt mütaliəli və intellektual olduqlarını gözə soxmaq istəyənlər deyirdilər ki, sən bilirsən, mən kimi oxuyuram? Mən Kamal Abdullanı oxuyuram. İndi deyirlər ki, sən bilirsən mən kimi oxumuram? Mən heç Kamal Abdullanı oxumuram...
5.
Bir ingilis tanıyırsınızmı desin, mən Robin Qudun nəvəsiyəm?! Robin Qud ingilislərin Koroğlusudur. Bir rus tanıyırsınızmı desin, mən Stepan Razinin nəvəsiyəm?! Stepan Razin rusların Koroğlusudur. Bir alman tanıyırsınızmı desin, mən Ziqfridin nəvəsiyəm. Təxminən, Ziqfrid də almanların Koroğlusudur. Ancaq bizik öz həqiqi babalarımızı unudub Koroğluları, Babəkləri, Qaçaq Nəbiləri özümüzə baba edən...
6.
İndiki şəraitdə istedada kömək etmək ona mane olmamaq deməkdir.
7.
“ Yenidən dünyaya gəlmək istəyib
Səhvsiz yaşamağı arzulayarıq.
Son dəfə sakitcə ölmək istəyib
Ölərik – ayılıb görrük ki, varıq.”
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
ŞƏHİDLƏR BARƏDƏ ŞEİRLƏR – Alı Həsənli
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Alı Həsənliyə ithaf olunub.
ALI NOFƏL OĞLU HƏSƏNLİ
(22.06.1995.-21.11.2020.)
Əslən Borçalı elindən olan, Bakı şəhərində anadan olmuş, Bakıdakı 220 nömrəli orta məktəbin və ADNSU-nun məzunu, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşı, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.
A L I
Dostlar, gəlin Alını biz yaxından tanıyaq,
Qorxmaz qəhrəmandır o, onu xalqa tanıdaq.
Alı Vətən istəkli, Vətən sevdalısıydı,
Ərənlərin ərəni, oğulların xasıydı.
İki bacının əziz, istəkli qardaşıydı,
Təkcə qardaş deyildi, həm də bir sirdaşıydı,
Ananın həm fərəhi, həm də qüruru idi,
Atanın ümidləri, fəxri, uğuru idi.
Ocağa bir hərarət, evə yaraşıq idi,
Sevirdi Vətənini, yurduna aşiq idi.
Sakitdi, təmkinliydi, həm də istiqanlıydı,
Yurdumuzun vurğunu, sonsuz vətəncanlıydı.
Zəhməti, işi sevər, daima çalışardı,
Sanki vaxtla -zamanla inamla yarışardı.
Lap kiçik yaşlarından Alı çəkirdi zəhmət,
Kim tər tökərsə əgər qazanar, xətir- hörmət.
Məktəbə gedən zaman bəli, altı yaşında,
Hər bir suala vardı cavab – onun “başında”.
Əlaçıydı, məktəbi əlalarla bitirdi,
Mühəndis olmaq üçün ali məktəbə girdi.
Vətənə qulluq, xidmət necə müqəddəs işdi,
Budur, əsgərlik vaxtı gəldi, çatdı, yetişdi.
Hərbi xidmətdə Alı möhkəmləndi, bərkidi,
Hamı sevirdi onu, cəsur mərdi, igidi.
Əsgərlik xidmətini, vurub uğurla başa:
“- Dedi, ən böyük arzum, dərddən qurtulsun Şuşa.”
Bir gün SOCAR-da işə qəbul olundu Alı,
Xeyir işlər görməkdi, onun məqsəd-amalı.
Vətənin dar günündə Vətən deyib yeridi,
Bildi mərdlik zamanı, bildi hünər yeridi,
Atəşə döndü Alı, alov oldu, od oldu,
Önündə namərd düşmən suya döndü, əridi.
Qızğın döyüşlər gedir, bir an döyüş səngimir,
Hərə öz yerindədir, heç bir əsgər ləngimir.
Dayanmayır Alıgil, bax, necə vuruşurlar,
İşıqlı gündüz olsun, ya gecə vuruşurlar.
Cəbrayılda düşmənlə qanlı döyüş zamanı,
Tanımaq olmayırdı cəsur, mərd qəhrəmanı.
Taleyin qismətidir pələng kimi bu igid,
Əziz canından keçdi, oldu müqəddəs şəhid.
Düşməni məğlub etdi, ordumuz gəldi qalib,
Xalqımız torpağına, elinə oldu sahib.
Alı ürəklərdədir, hər bir zaman o sağdır,
Nə qədər xalqımız var, Alı yaşayacaqdır.
Düşmənin üzərində şanlı zəfər çalınıb,
Şərəfsiz düşmənlərdən, gözəl Şuşam alınıb.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
Bu gün tanınmış müğənni Zeynəb Xanlarovanın doğum günüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Biz balaca olanda hər yeni ilin gəlişini, Yeni il proqramını həm də ona görə izləyirdik ki, saatlar 24.00-ü vuranda ilk olaraq ekrana Zeynəb Xanlarova çıxardı və o, dalbadal 3-4 yeni mahnısını ifa edərdi. Zeynəb xanım o qədər məşhur, o qədər populyar idi ki, populyarlıqda ona heç kəs çata bilmirdi.
Böyükdən kiçiyə hamının tanıdığı, ulduzu Sovetlər dönəmində həddindən artıq gur parlayan Zeynəb Xanlarova əslən xızılıdır, 1936-cı il dekabr ayının 28-də Bakıda anadan olub, məktəb vaxtlarından musiqiyə böyük maraq göstərib, məşhur “Cücələrim” mahnısının ilk dəfə xorla səslənməsində iştirak edib. Bakı Orta İxtisas Musiqi Məktəbində böyük vokal ustadı Seyid Şuşinskinin sinfində oxuyub, 1960-cı ildə qadın müğənniləri arasında ilk dəfə olaraq “Çahargah” muğamını oxuyub. 1961-ci ildə məktəbi qurtardıqdan sonra görkəmli rejissor Şəmsi Bədəlbəyli onu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürüb və elə həmin ildə ölməz Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli obrazını ifa etməklə Zeynəb Xanlarova məşhurlaşıb. Uzun müddət Leylinin Məcnunu Xalq artisti Arif Babayev idi, yaşlı nəsil yəqin yaxşı xatırlayar. Müğənninin repertuarında F. Əmirovun, C.Cahangirovun, T.Quliyevin, A.Məlikovun, Ş.Axundovanın, E.Sabitoğlunun, T.Bakıxanovun, R.Mirişlinin, O.Kazıminin, O.Rəcəbovun mahnıları mühüm yer tutub, lirik soprano səsi olan müğəninin ifa tərzindəki temperament, gur zəngulələr onu xalqın sevimlisinə çevirib. Sovet müğənnisinin ABŞ, Fransa, İsveç, İtaliya, Kanada, Yaponiya, Türkiyə, Danimarka kimi kapitalist ölkələrində qastrol səfərlərində olması, sevilməsi bir sensasiya idi ki Zeynəb Xanlarova bu sensasiyaya imza atmağı bacarıb. SSRİ-də isə hər bir güşədə onu sevir, heyranlıqla dinləyirdilər. Hətta mənfur qonşularımızın dilində Zeynəbin mahnıları əzbər idi, onlar Zeynəbə Ermənistan SSR-in xalq artisti adını vermişdilər.
Görkəmli müğənni bir insan üçün verilə bilən bütün imtiyazları qazanıb, Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1975-ci ildə Azərbaycan Xalq artisti, 1980-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb, 1985-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olub, 1986-cı ildə ona Ümumittifaq “Melodiya” firmasının “Qızıl valı” verilib, 2006- cı ildə “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub. 2016-ci ildə o, hətta “Heydər Əliyev” ordeni ilə də təltif edilib. 88 illiyində müğənnini təltif etməyə elə bir mükafat, ənam qalmayıb. Ona görə də, gəlin ona sağlamlıq arzu edək.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)
Bu gün Beynəlxalq kino günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Kim kinonu sevmir ki?
Uşaqdan böyüyə hamını maraqlandıran bir mədəniyyət sahəsidir kino. Bir vaxtlar cəmi 2 telekanal vardı, gündə 1-2 film nümayiş etdirilərdi, o da əsasən Sovet filmləri. Odur ki, insanlar xarici kino eşqiylə kinoteatrlara gedərdilər. İndi yüzlərlə telekanal, ən son texnologiyalı kinoteatrlar var, amma indi kinoya 90 fazi insan YouTube platformasından baxır. Və bu gün onların hamısı üçün özəl bir gündür.
Bu gün dünyada İlk kinoseansın ildönümü ilə əlaqədar Beynəlxalq kino günü bayram ediləcək, kino xadimləri və kinosevərlər üçün çox əziz bir gündür. 1895-ci ilin 28 dekabrında Parisdə, Kapusinov bulvarında, Qrand-kafedə kinematoqrafı kəşf edən Lümyer qardaşları dünyada ilk kinoseans təşkil ediblər. Həmin gün cəmi 35 bilet satılıb, biletlərin qiyməti cəmi 1 frank olub, amma sonrakı günlərdə Lümyerlərin kino seanslarına izdihamlı növbələr yaranıb, onlar böyük vəsait əldə ediblər.
Kino beləcə Fransada doğulub bütün dünyaya ayaq açıb. Bu gün də bu sahə mədəniyyətin ən böyük gəlir gətirən sahəsi kimi liderliyini qorumaqdadır.
Elə bu yerdə onu da qeyd edək ki, hazırda kino Azərbaycanda mədəniyyətin prioritet sahəsi elan edilib, ölkəmizdə Kino forumları, yerli və beynəlxalq səviyyəli kinofestivallar, ssenari müsabiqələri keçirilir, ölkəmizə ustad dərsi keçmək üçün dünyaşöhrətli rejissorlar dəvət olunur.
“Bu kino ki var, çox qəliz şeydir” deyirdi “Bəyin oğurlanması” filminin qəhrəmanı.
Həqiqətən də beləymiş.
“Ədəbiyyat və incəsənət”
(28.12. 2024)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Ölüm, payız və biz...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Xüsusən bu matəmli günümüzlə bilavasitə səsləşən şeirdir.
Ağrılar- çiçək qoxusu...
Ətrinə dəydim ölümün.
Bu gün də ölə bilmədim-
Xətrinə dəydim ölümün.
-deyən şair həqiqətən də yenə hisslərə toxuyur.
Xoş mütaliələr!
Ağrılar- çiçək qoxusu...
Ətrinə dəydim ölümün.
Bu gün də ölə bilmədim-
Xətrinə dəydim ölümün.
Sevib ölümü ləngitdim,
Dodağıma qondu adın.
Elə doldun gözlərimə
Yuxuya yer saxlamadın.
Hələ uça bilməsək də,
Uçuna- uçuna getdik..
Dünyanın son şəhərinin
Sonuncu ucuna getdik...
Gedib girdik bir payıza,
Yavaş- yavaş, addım- addım.
Yağış yağırdı tanrıdan
Sanki üşüyürdü payız-
Çıxarıb son pencəyimi
Payızın çiyninə atdım...
“Ədəbiyyat və incəsənət”
(28.12. 2024)
Xaricdə yaşayan soydaşlarımız təyyarə qəzasında həlak olanları anır
Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı səbəbindən dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə matəm elan edilib. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, diaspor təşkilatları və fəalları təyyarədə həlak olanların xatirəsini anmaq üçün tədbirlər keçirirlər.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvləri, diaspor təmsilçiləri, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sənət adamları, şirkət rəsmiləri, ictimaiyyət nümayəndələri həlak olanların xatirəsini anmaq üçün AZAL-ın İstanbuldakı baş ofisinin qarşısına gəlib. Binanın önünə əklil qoyulub, qara lentlər asılıb, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həlak olanların ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağlamlıq arzulayıblar.
"Land of Fire" təşkilatı Praqanın Köhnə Şəhər Meydanında anım guşəsi yaradıb. Çexiyada yaşayan soydaşlarımız oraya gedərək qərənfillər düzüb, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, yaralananlara şəfa diləyiblər.
Misir-Azərbaycan Dostluq Cəmiyyətində soydaşlarımız, cəmiyyətin nəzdindəki kurslarda təhsil alan misirli və xarici tələbələr təyyarə qəzasında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq yaradılan anım guşəsinə güllər düzüblər.
Almaniyanın Münster şəhərində Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbirində Dövlət Himnimiz səsləndirilib, həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları hadisə nəticəsində həlak olanların ailələrinin və yaxınlarının kədərinə şərik olduqlarını bildiriblər.
Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin binasında matəm günü ilə əlaqədar bayraqlar yarıya qədər endirilib. Həmin ölkədəki soydaşlarımız faciə qurbanlarını ehtiramla anıblar.
MADANİ Platform və Brüssel azərbaycanlıları Azərbaycanın Belçikadakı Səfirliyinin önündə qəza qurbanlarını anıb, xatirə kitabına ürək sözlərini yazıblar.
Kanadada yaşayan soydaşlarımız Torontoda Azərbaycan Evi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzində yaradılmış guşəni ziyarət edərək gül dəstələri düzüb, şamlar yandırıblar.
Anım tədbirlərinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təyyarə qəzasının səbəblərinin araşdırılması və onun ağır nəticələrinin aradan qaldırılması ilə əlaqədar atdığı çevik addımları, qəbul etdiyi qərarları dəstəklədiklərini bildiriblər.
Vətəndən uzaqda yaşayan soydaşlarımız bu dəhşətli hadisədən sonra da bütün dünyaya azərbaycanlıların həmrəyliyini və xalq-dövlət birliyini növbəti dəfə nümayiş etdiriblər.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)