Super User
Bu gün gecə ilə gündüz bərabərləşir
22 sentyabr. Payız bərabərliyi günü
Bu gün payızın astronomik başlanğıcıdır. Autumnal Equinox Day gününün məğzi odur ki, bu gün Günəş tam dəqiqliklə Şərq nöqtəsində doğub tam dəqiqliklə Qərb nöqtəsində batacaq. Bu gün gündüzlə gecə bərabərləşəcək. Bildiyiniz kimi, bir də martın 22-si belə bir gün olur. Martın 22-sində gecəylə gündüz bərabərləşib yazdan xəbər verirlər, pozitivlik gətirirlər, o gündən etibarən gündüzlər uzanır, gecələr qısalır. Ta ki 22 iyuna qədər. 22 iyun ən uzun gün olur. Sonra gündüzlər qısalmağa, gecələr uzanmağa başlayır. 22 sentyabrdakı bərabərlikdən sonra isə 22 dekabrda bu dəfə ən qısa günə şahidlik edirik. Məğz bax budur.
22 sentyabr. Avtomobilsizlik günü
World Car Free Day! Əlbəttə, biz azərbaycanlılar üçün avtomobil nəqliyyat vasitəsindən daha çox özünü gözə soxma vasitəsinə çevrilib, bəzilərinin evində əsl avtopark var, onlar hava tutqun olanda bir, günəşli olanda başqa, yayda bu, qışda digər avtomobillərdən istifadə edirlər, işgüzar görüşlərə yollananda istirahətə yollanarkən sürdükləri avtomobili dəyişirlər. Biz elliklə avtomobil sürürük, amma fərqinə varmırıq ki, bu qədər nəqliyyat vasitəsinin istismarı nəticəsində hava hədsiz çirklənir. 1994-cü ildə ekoloq alimlər ilk dəfə həyəcan təbili çalaraq neftlə işləyən daxili yanma mühərrikli avtomobillərin ətraf mühitə vurduqları ziyanın həcmini diqqətə gətirmişlər, beləcə bugünkü simvolik gün meydana çıxmışdır.
Bircə gün heç kəs avtomobilini qarajdan çıxarmır, ya piyada, ya velosipedlə (bəsdirin, velosiped sürənlərə dəvə nalbəndə baxdığı kimi baxdınız) hərəkət edirsiniz. Əvəzində, ciyərlərinizə zəhər dolmur. Əvəzində yaşıllıqlar, su və hava bircə gün təmiz qalır, zəhərə bulaşmır.
22 sentyabr. Ümumdünya filləri müdafiə günü və ümumdünya kərkədan günü
Bu gün məhz bu iki heyvanın müdafiəsi günüdürsə, kərkədana əlimiz çatmır, filə nə gəlib, onu təbrik edə bilərik ki. Düzdür, əslində bura Hindistan deyil ki, küçəylə fillər hərəkət etsin, biz də yaxınlaşıb onların xortumuna qənd uzadaq. Amma fil gününü ən azı “Fillər mənim dostumdur” adlı hind filminə təkrar tamaşa etməklə qeyd edə bilərik.
Fillər ən intuisiyalı heyvandırlar, xəbəriniz varmı? Canlılar içində onlar yeganə canlıdırlar ki, öz ölümlərini qabaqcadan duyurlar və bəzən min kilometrlərlə məsafə qət edib fil qəbiristanlığına gedirlər, orada canlarını tapşırırlar. Əslində, bu, təbiətin ən böyük möcüzəsidir, amma indiyədək elm bu möcüzəyə dırnaqarası yanaşıb, onu boş verib.
22 sentyabr. “Əziz gündəlik” günü
İnsanlar ürək sözlərini ən yaxın dostlarına, rəfiqələrinə, doğmalarına etibar etmirlər, amma gündəliklərinə etibar edirlər, düzdürmü? Bizim vaxtlarda gündəlik adlanan, indisə türklərdənkeçmə “not dəftəri” ilə əvəzlənən bu nəsnə ən doğma, ən yaxın varlığa çevrilir onun sahibi üçün. Şəxsən mən altıncı sinifdə oxuyandan gündəlik yazıram, əsl nostaljidir, tutalım, 40 il əvvəlki 22 sentyabrda baş verən günləri xəyal dünyasında yenidən yaşamaq. 1981-ci il. Həmin ili BMT əlillər ili elan etmişdi. 22 sentyabrda ilk Boing uçuşa hazır vəziyyətə gətirilmişdi. Beliz adlı dövlət müstəqillik əldə etmişdi. Uqandada partizan müharibəsi başlamışdı. SSRİ ilə Türkiyənin ertəsi gün oynayacağı dünya çempionatının seçmə futbol matçını səbirsizliklə gözləmişdik. (O vaxt biz uşaqlar elə bilirdik ki, SSRİ vətən, Türkiyə isə məğlub ediləsi bir rəqibdir). Və Türkiyə 0:4 uduzmuşdu da. Həmin gün Sellincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını oxuyub bitirmişdim. Sumqayıtın 8-ci mikrorayonundakı Ərzaq mağazasında donmuş bolqar toyuğundan ötrü çox uzun növbə yaranmışdı. Ən nəhayət, dostum Əlicavanla boşuna mübahisə edib dalaşmışdıq.
Bu 22 sentyabr günü Fransada xüsusi təmtəraqla qeyd edilir, fransız inqilabının baş tutduğu Vanmeymer ayının ilk günüdür. Latviyada Mişel günü qeyd edilir, Bolqarıstan və Mali müstəqillik, Amerika konusda dondurma gününü qeyd edir.
1980-ci ildə İran-İrak müharibəsi başlayıb, 1955-ci ildə Argentinada hərbi çevriliş olub, 1935-ci ildə SSRİ-də Marşal hərbi rütbəsi təsis edilib, 1862-ci ildə ABŞ prezidenti Avraam Linkoln afroamerika qullarına rəsmən azadlıq verib.
Varisin “21-30 sentyabrın təqvimi” yazısından
Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında böyük kamera musiqisi axşamı
Kamera və Orqan Musiqisi Zalında baş tutan “Üzeyir sənətinin gənclik sədaları” adlı konsertin iştirakçıları müxtəlif alətlərdə ifa edən gənc solistlər oldu. “Gənclərə dəstək”layihəsi çərçivəsində keçən kamera musiqi axşamında Azərbaycan Respublikası mədəniyyət nazirinin Birinci müavini Elnur Əliyev iştirak edib, tədbir iştirakçılarını salamladı. Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, E.Əliyev çıxışında gənc ifaçılarla aparılacaq işin xüsusi əhəmiyyətini vurğuladı: “Bu il Azərbaycan üçün çox fərqli ildir. XIII Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının bir hissəsinin açılışının Şuşada baş tutması möhtəşəm hadisədir. Bu – cənab Ali Baş Komandanın bizə verdiyi ən böyük hədiyyədir! Gənclərimiz çox peşəkar və istedadlıdırlar. Onlar bizim gələcəyimizdirlər. Gələcəyimiz gənclərimizdən, onların peşəkar səviyyəsindən asılı olacaq. Biz bu gün böyük bir musiqi ənənəsinin, musiqi məktəbinin banisi Üzeyir Hacıbəyli musiqisinin varisiyik və çox istərdik ki, bu ənənələr davam etsin. Arzu edirik ki, bundan sonra da Azərbaycan ilk növbədə incəsənətini, istedadlarını tanıtsın. Təbii ki, Ü.Hacıbəyli də məhz əsas diqqətini gənc nəslin yetişdirilməsinə yetirirdi. Əsas məqsəd gələcəyi qurmaqdır”.
Daha sonra gənc ifaçılar izləyicilərə müxtəlif nəsilləri təmsil edən Azərbaycan bəstəkarlarının – Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Elmira Nəzirova, Adil Bəbirov, Azər Dadaşov, Tofiq Bakıxanov və başqa bəstəkarların əsərlərindən ibarət proqram təqdim etdilər.
* * *
Növbəti kamera konserti Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Fəxrəddin Kərimovun rəhbrəlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solsitlər – violinist Ümidə Abbasovanın və violonçel ifaçısı, əməkdar artist Aleksey Miltıxın iştirakilə keçdi.
Konsertin rəngarəng repertuarına Üzeyir Hacıbəylinin “Arazbarı”, Arnold Şönberqin “Noktürn”, Fikrət Əmirovun “Nizami” simfoniyasının finalı, Maks Bruxun “İsveç xalq melodiyalarına Serenada”, Pyotr İlyiç Çaykovskinin “Noktürn” əsərləri daxil edildi. Gənc ifaçılar, respublika və beynəlxalq müsabiqələr laureatları Lalə Əhmədova (bəstəkar) və Yusif Abbasov (bəstəkar), Ümidə Abbasova (violin), Cəlal Kərimov (bariton), Nuranə Əliyeva (piano), Nərgiz Kəngərli (piano), Aynur Abdullayeva (piano), Surə Rüfət (violin), Teymur Kazımov (vokal), Hidayət Sadıqbəyli (piano), Fatimə Əliyeva (piano), Xanım Quluzadə (piano) və Sevda Cəbrayılova (qanun) çıxış ediblər. Konsertmeysterlər Arzu Səfərova, Dilarə Kərimova və Svetlana Əhmədova oldu.
Bununla yanaşı, Bakıda ilk ifası həyata keçən əsərlər də oldu. Belə ki, Antonio Salyerinin “Simfonia Venezia”, Xoakin Turinanın “La Oracion del torero” əsərləri Bakıda premyeralarını yaşadı.
Tarkandan gələn bu xəbər izləyicilərini üzdü
Koronavirus epidemiyasından ən çox zərər çəkmiş sektorların başında musiqi sektoru dayanır. Konsert meydançalarında musiqi həvəskarlarının çatışmaması ilə yanaşı, müğənnilər də risk etməyərək izləyicilərlə görüşməyə can atmırlar.
Sentyabr ayında hər il böyük konsert proqramıyla çıxış edən Türkiyənin meqa ulduzu Tarkandan izləyicilərinə kədərli bir xəbər gəldi. Bu il meqastarın klassikasına çevrilmiş açıq havada konsertlər keçirilməyəcəkdir. “Ədəbiyyat və incəsənət” Hürriyet” qəzetinə istinadən bildirir ki, Tarkan özünü riskə atmayacağını bəyan edib.
Ünlü sənətçi öz İnstagram səhifəsində belə bir paylaşım da edib: “Mən belə uzun müddətə səhnədən ayrılmamışdım heç vaxt. Sizin sevginiz, diqqətiniz, alqışlarınız, gözəl enerjiniz olmadan, - hansılar ki, mənim qəlbimin dərmanıdır, - mənimçün çox çətindir”.
22 sentyabr.
On minlərlə haitili Texas ştatının Del-Rio sərhəd məntəqəsindən keçərək ABŞ-a pənah aparır. Haitililərin bu böyük miqrasiyası qarşılığında Amerika hakimiyyəti miqrantları ölkədən deportasiya etmək qərarı verib.
Yazıçı Elçin Hüseynbəylidən bəhs edən kitab
Yazıçı, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin anadan olmasının 60, ədəbi yaradıcılığının 40 illiyinə həsr olunmuş “Mən və eqom...” kitabı işıq üzü görüb. “Yeni Poliqrafist” nəşriyyatı tərəfindən çap olunan kitabda tanınmış qələm adamlarının (yazıçıların, şairlərin, tənqidçilərin, ədəbiyyatşünasların) müxtəlif zamanlarda Elçin Hüseynbəylidən yazdıqları məqalələr daxildir və yazarı tanıtmaq baxımından onlar əhəmiyyətlidir.
Kitabın redaktoru Əməkdar incəsənət xadimi İntiqam Qasımzadədir.
İordaniyada keçiriləcək mədəniyyət və incəsənət festivalında Azərbaycan da iştirak edəcək
İordaniyanın Ceraş şəhərində 35-ci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək. 11 gün davam edəcək beynəlxalq festivalda ölkəmiz Azərbaycan Dövlət Rəqs Ansamblı ilə təmsil olunacaq.
Festivalda, Şərq ölkələrinin 70-dən artıq müğənni və folklor qruplarının çıxışları olacaq. Bundan başqa, tanınmış şair və yazıçılarının əsərlərindən ibarət ədəbiyyat axşamları da təşkil olunacaq.
Pekində beynəlxalq film festivalı başlayıb
Çinin paytaxtı Pekində 11-ci beynəlxalq film festivalı başlayıb.
AzərTAC-ın Pekindən yaydığı xəbərə görə, Çin Dövlət Kino Administrasiyasının təşkil etdiyi builki festivalda pandemiya ilə əlaqədar beynəlxalq səyahətlərdə tətbiq olunan qadağalara və karantin qaydalarına görə çox sayda xarici qonaq iştirak edə bilmir. Buna baxmayaq, festivalın əsas hadisəsi olan “Tiantan” mükafatı uğrunda mübarizəyə 77 ölkədən 889 film təqdim olunub. Münsiflər heyəti müsabiqənin yekun mərhələsi üçün Çin, Rusiya, Danimarka kinomatoqrafçılarının istehsalı olan ekran işləri də daxil olmaqla 15 film seçiblər. Müxtəlif nominasiyalar üzrə qaliblər festivalın davam edəcəyi günlərdə açıqlanacaq.
Əvvəlki festivallardan fərqli olaraq, bu il Pekin ilə yanaşı, qonşu Hebey vilayəti və Tiencin şəhərini ümumilikdə, 31 kinoteatrında 300-dən çox yerli və xarici film nümayiş olunacaq. Sentyabrın 29-dək davam edəcək festival günlərində çox sayda tədbirlər, o cümlədən film sərgisi, karnaval, konfrans və s. keçiriləcək.
Leskov mükafatı laureatları elan edildi
Rusiyanın Beynəlmiləl Yazıçılar İttifaqı N. S. Leskov mükafatı uğrunda ədəbi müsabiqənin qaliblərinin adlarını elan edib.
Altı ay davam edən müsabiqə ərzində Rusiyanın aparıcı söz ustaları və ictimai xadimlərini daxil olduğu ekspert komissiyası tərəfindən müxtəlif nəsr janrlarının, üslub və istiqamətlərinin bir çox maraqlı işləri öyrənilmişdir. Adları bu yaxınlarda BYİ-nin saytında dərc edilmiş finalçılar arasından hər nominasiyada ən yaxşıları seçmişdir.
"Hekayə" Nominasiyası
I dərəcəli laureat Aleksandra İlyina.
II dərəcə laureat Andrey Lisyev.
III dərəcəli laureat Valeri Leskov.
"Povest" Nominasiyası
I dərəcəli laureat Andrey Kanaviçov.
II dərəcəli laureat Aleksandr Feliksov.
III dərəcəli laureat Zinaida Zagrannaya
"Roman" Nominasiyası
I dərəcə laureatı Sergey Popov.
II dərəcəli laureat Nikolay Seryakov.
III dərəcəli laureat Xanox Daşevski.
İslam irsimizi tanıyaq: Şamaxı Cümə məscidi
Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsində növbəti videoçarxı təqdim etmişdir. Bu dəfə Şamaxı Cümə məscidi ilə.
Cənubi Qafqazın və Yaxın Şərqin ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub.
Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə İslam dinini qəbul edib.
1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələdə zərər görən məscid bərpa edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı məscid dağılmayıb.
1918-ci ildə erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın isə Cümə məscidində baş verib. Şamaxılıların məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər.
Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.
“İnsanlar yaşaya, dayana, dözə, dəyişə bilsinlər deyə hər zaman onlara doğru gedərlər” – Akademik Nizami Cəfərovun doğum gününə Nərgiz Cabbarlının yazısı
Bu gün görkəmli akademik Nizami Cəfərovun doğum günüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Nərgiz Cabbarlının “Gecikmiş yazılar” silsiləsindən “Bu imza yetər: Nizami Cəfərov...” yazısını oxucularına təqdim edir.
İstənilən dövrdə istənilən bir cəmiyyətin istinad nöqtəsi, dayağı ziyalılar, istedadlı, işıqlı insanlardır. Onlar var deyə inkişaf var. Hətta onlar var deyə cəmiyyət inkişaf edə bilmədiyi mərhələlərdə belə ayaq üstə dura bilir. Ən ağır, ən taleyüklü məqamlarda onların mövcudluğu – söz deməsi, “ağıl verməsi”, yol göstərməsi, bunlar olmadıqda, ən azından, sakitləşdirə bilməsi ümid qapısına döndərir var olduqları yeri. İnsanlar hər zaman onlara doğru gedərlər – yaşaya, dayana, dözə, dəyişə bilsinlər deyə... Tarixin istənilən dönəmində belə olub, indi də belədir, hər zaman da belə olacaq.
Nizami Cəfərov məhz belə bir Ziyalıdır, Müəllimdir, Şəxsiyyətdir. Əlbəttə, görkəmli dilçi, ədəbiyyatşünas, tənqidçi, publisist, azərbaycanşünas, akademik və s. və i. istilahlarını da əlavə edə bilərdim bu adın qarşısına. Amma məncə, effektsizdir. Çünki Nizami Cəfərov imzasının yaratdığı təsir, obraz, şəxsiyyət tipi o istilahları yenə də kölgədə buraxacaq. O səbəbdən də mən, sadəcə, Nizami Cəfərov haqqında yazacağam bu yazını. Müəllimim haqqında...
Nə üçün “Gecikmiş yazılar” silsiləsindən olduğu sualının cavabı isə: bu, şəxsiyyətini, yaradıcılığını, fəaliyyətini örnək, hər zaman irəlidə gördüyü hədəf bilmiş bir tələbənin gecikmiş ürək sözləridir. Amma... Əsas odur ki, gec də olsa, kağıza köçdü... Düşündüklərimi tam dolğunluğu ilə ifadə edə bilməsə də...
***
Dərs demək – başqa... Yaxşı müəllimlərimiz hər zaman olub. Əksi də olub – heç yalanı yoxdur. Adını belə xatırlayanda bu gün təəssüf hissi keçirdiyim müəllimlər də keçib həyatımdan. Amma... Çox dəyərli müəllimlərin yaddaşımda və taleyimdə qoyduğu izlə müqayisədə bu məqamı yada salmağı ayıb bilirəm özümə...
Bəli, dəyərli müəllimlərim olub. Amma yenə deyirəm: dərs demək başqa... Qəribə də olsa, mən həyatımda, yaradıcılığımda, seçimlərimdə rolu olan bu şəxsiyyətlərdən yazmağı, düşünməyi, həyatı, insanlara münasibəti, istedadlı insana dəyər vermək bacarığını, obyektiv olmaq istəyini (hələ bacarıq demirəm buna!) auditoriyada öyrənməmişəm, yox... Cəmiyyətdə, ədəbi mühitdə rəftarlarına baxıb götürmüşəm... Etdiyimiz söhbətlər, fikir mübadilələri zamanı görüb-götürmüşəm... Hətta kənardan-kənara belə, özlərinin xəbəri olmadan da dərs keçiblər mənə bu müəllimlər... Həm də tək mənə yox. Bu cür şəxsiyyətlərin təsir göstərdikləri o qədər insan var ki... Həyatını, insanlara münasibətini, inamını, inamsızlığını... dəyişdikləri o qədər gənc var ki...
Məsələn, Nizami müəllim bizim dekan olarkən adı dildən-dilə dolaşırdı. Zəhmətlə, tapşırıqsız, rüşvətsiz oxuyan tələbələrin istinad nöqtəsi, dayaq nöqtəsi idi bu ad (Özünü demirəm hələ!). Öz gücünə gənc yaşda professor olan bir kəndli balası... “O edibsə, biz də edərik, o öz gücünə oxuyubsa, biz də oxuyarıq...”,“O nail olubsa, biz də nail ola bilərik”,“Onun gücü çatıbsa, bizimki də çatar...”
Həyatda kimlər üçünsə inanc, dayaq nöqtəsi olmaqdan daha böyük bir xoşbəxtlik ola bilərmi, görəsən? Həm də gəncliyinin ilk illərində...
Amma tək bu da deyildi. Hədəf qoymaq, məqsədə çatmaq üçün mübarizə aparmaq öyrətmişdi bizə bu ad – bu imza. “Məqsədini dəqiq müəyyən et və ona çatmaq üçün çalış” qənaətini aşılamışdı...
Bəlkə də, çox azsaylı alimlərdəndir ki, elmi zəkası, qənaətləri, yazıları şəxsən mənim üçün əsaslı mənbə olub həmişə. Öyrəndiyim, istinad tapdığım, davam etdirməyə çalışdığım qənaətlərlə hər qarşılaşdıqda o qədər sevindiyim məqamlar xatırlayıram ki: “Nizami müəllim də bu məsələdə bu fikirdə imiş ki!...” O anın sevincini ifadə etmək mümkünmü? Böyük alimin fikirlərində öz qənaətlərin üçün istinad tapmaq sevincidir bu... Heç nə ilə müqayisə olunmaz!
Onun fikirləri başqa ideyaların, düşüncələrin yaranmasına, yeni fikirlərə yön vermək enerjisi daşıyır. Hər oxu, hər tanışlıq bu enerjini də bağışlayıb mənə. Nizami müəllim tək ədəbiyyatşünaslıqda deyil, tənqiddə də yeni bir üslubiyyət formalaşdırıb. O, haqqında yazdığı yazıçılara elə bir baxış bucağından baxır ki, qarşılaşdığın hər tezis böyük bir məqalənin, təhlil mətninin ana istiqamətinə çevrilə bilir. Sanki yeni düşüncələrə yol açan bir yolgöstərən kimi... Hələ nə qədər mətnlərə ideya mənbəyi olacaq bu yazılar. Çünki böyük proseslərdə əsas xətlər, əsas cizgilər, əsas istiqamətlər yalnız mətnə (yaradıcılığa, problemə!) konseptual baxmağı bacaran Böyük Alimlərə görünə bilər. Onlarsa Azərbaycan elmində çox deyillər...
Bir də Nizami Cəfərov elmdə iddianın və cəsarətin simvolu olub bizim nəsil üçün. “Dediyin fikir, irəli sürdüyün tezis, elmi qənaət nə qədər inqilabi səslənirsə səslənsin, nə qədər etiraz doğurursa doğursun, sən fikrini əsaslandırmağa köklən, qalan məsələlərə deyil”. Biz bunu öyrəndik Nizami müəllimdən. Cəsarət və qorxmazlıq! Onun varlığı, fəaliyyəti və əldə etdikləri bunları öyrətdi bizə...
***
Nizami müəllim böyük ideyalar daşıyıcısıdır hər zaman. Əksəriyyətini də reallaşdırıb. 90-cı illərin əvvəllərində türk dilində danışan xalqların ortaq əlifbasının yaradılması ideyası vardı... İlk müəlliflərindən biri də Nizami Cəfərovdur. Hətta bir müddət mətbuatda bu fikri reallaşdırmağa çalışan ilk beynəlxalq qrupun yaradıldığı da bildirilmişdi. Ortaq bir əlifba layihəsidə işlənib hazırlanmışdı. Şəxsən mən o ideyanın reallaşacağı zamanı gözləyirəm. Başqa bir variant da gəlmir ağlıma. Çünki Nizami müəllimin fəaliyyəti öyrədib bunu: məqsəd varsa, nəticə də olacaq!
***
Şəxsiyyət olmağın vacibliyi və yaratdığın obrazı qorumağın əhəmiyyəti idi öyrəndiyimiz daha bir məqam. 90-cı illər ədəbi prosesi haqqında danışarkən bir dəfə apardığım müzakirədə belə bir fikir mübadiləsi yaranmışdı həmsöhbətlərimlə: Azərbaycanda Azadlıq mübarizəsi zamanı millətin, xalqın önündə gedən ziyalılar vardı: Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı... Xalq onları eşidirdi, sayırdı. Lakin sonra bir çox yazıçı, ziyalı obrazına çat düşdü. Münasibət dəyişdi. Bu gün o obraz yoxdur. Cılızlaşıb, hörmətdən düşüb. Bu gün xalqın, lap elə xalqı keçək, ədəbi ictimaiyyətin sözünə dəyər verəcək şəxsiyyət varmı? Həm xalqdan olsun, həm sözü sayılsın, həm sadə olsun, həm kəsərli düşüncə sahibi... Demək olar ki, hamı birlikdə susmuşdu. “Çətin sual oldu” – cavabı çıxmışdı dillərdən. Sonra bir-iki ad səsləndirilmişdi. İndi o adları qeyd etmək istəmirəm. Amma hansı yazıçının adı çəkilmişdisə, ya “o xalqdan deyil”, “o özünü gözdən saldı”, “daha onun sözünü sayan yoxdur”, ya da “əməli, sözü bir şəxsiyyət deyil”... fikirləri eşidilmişdi... Əksəriyyəti də haqlı idi... Amma çox keçmədən “Nizami Cəfərov” adı səsləndikdə bu dəfə etiraz edən tapılmamışdı... O qədər qürurlanmışdım ki... Həm müəllimim adına, həm də “heç olmasa, kiməsə etiraz edilmədi” deyə... Çünki o keçid mərhələsində, başın ayaq, ayaqların baş olduğu bir zamanda belə Nizami Cəfərov yeganə ziyalılardan idi ki, orta xətti tutub qala bilmişdi. Sözünün, elminin, düşüncəsinin kəsəri bir yana, bir şəxsiyyət olaraq insanlar, ziyalılar, hətta aqressiv yazıçılar tərəfindən belə sevilə bilirdi. Dil tapır, özünü, sözünü saydırırdı. Bu da təkcə elm və düşüncə məsələsi deyildi. Həm də İnsanlıq, Şəxsiyyət məsələsi idi...
***
Nizami müəllim zəngin bir həmsöhbətdir. Mətbuatda çalışdığım illərdə dəfələrlə müsahibələrimiz olub. Hansı mövzuda desən, danışar. Hətta bir söhbətin daxilində bir məsələyə, bir mətnə müxtəlif rakurslardan verdiyi dəqiq elmi, ictimai, siyasi dəyər o qədər heyrətləndirərdi ki məni... Yəqin ki, jurnalist dostlarımız da etiraf edərlər: o kimsəyə “yox” deməz. Söhbət üçün vaxtı uzatmaz. Ən asan razılıq aldığımız həmsöhbətdir. Amma eyni zamanda da ən “təhlükəli” həmsöhbətdir. Çünki çox məsələlərdən xəbərdardır və onun qarşısında “pis vəziyyətə” düşmək şansın böyükdür. Gərək hazırlıqlı olasan. Həm də ciddi bir şəkildə. Əlbəttə ki, sətiraltı incə ironiyanın hədəfinə çevrilmək istəmirsənsə... Dəfələrlə bunun şahidi olmuşam. Amma mənim tutduğum bu məqamı “qarşı tərəf” tuta bilməyib. Bunun üçün Nizami müəllimi bir qədər tanımaq, bir də, az da olsa, dərinliyə sahib olmaq lazımdır. Bəlkə də, elə “qorxudan” bərk hazırlaşmalarım səbəb olurdu ki, Nizami müəllim həm də ən maraqlı müsahiblərim arasında ilk sırada durur. Və bunda, təbii ki, bilik, məlumatlılıqla yanaşı, həm də onun səmimiyyəti əhəmiyyətli çəkidədir. Tələbəlikdən bəri müşahidə etdiyim və heç vaxt dəyişmədiyini gördüyüm səmimiyyəti...
Nizami müəllimin natiqlik bacarığına hər zaman qibtə etmişəm. Təmkinli, aramla, aydın, səlis və fikrin dəqiq ifadəsi – bütün bunlar onu istənilən mövzuda etdiyi çıxışlarda da, söhbətlərdə də maraqlı bir müsahibə çevirib. Maraqla dinlənilib. Ümumiyyətlə, müsahibə elə bir janrdır ki, yaxşı həmsöhbətlə qarşılaşan jurnalist hər zaman sevinir. Bu da həmişə nail olduğumuz məsələ deyil. Bəzən daşa-divara rast gəlirik, bəzən qarşımızdakının “məmur divarları” imkan vermir səmimi bir söhbətin alınmasına, bəzən də həmsöhbətimizin təqdim edildiyi qədər də dərin olmadığının fərqinə vararaq xəyal qırıqlığı yaşayırıq. Lakin Nizami Cəfərov illərlə jurnalist işlədiyim dövrdə nadir həmsöhbətlərimdən olub ki, onunla hər söhbətdən “dolu” qayıtmışam. Hər sahədə – dilçi kimi, ədəbiyyat tarixçisi kimi, tənqidçi kimi, dost kimi, səmimi ünsiyyət sahibi kimi... Mən Nizami Cəfərovun bu xüsusiyyətini çox sevirəm...
***
Hər dəfə uşaqların tərbiyəsi ilə bağlı tez-tez və təkrar-təkrar səslənən bir fikir var: uşaqlara nəyi necə etmək lazım gəldiyini deməyin, göstərin. Nizami Cəfərovun öz müəllimləri haqqında hörmətlə, rəğbətlə, sevgi ilə danışması hər zaman diqqət çəkib. Və bunun məhz belə olmalı olduğunu göstərib. Müəllimə hörmətlə yanaşmağı ondan öyrənmişik. Amma daha bir incə məqam da odur ki, o müəllimlərindən öyrəndiklərini rəftarında, münasibətində təkrarlayaraq daha da dərinləşdirən biridir. Sözdə deyil, əməldə.
“Xan” nəşriyyatında dərc edilən xatirələr kitabında maraqlı bir məqam diqqətimi çəkmişdi. “...Tərcümeyi-halımı varaqladıqca görürəm ki, çox adama borcluyam. Nə bilmək olar, bəlkə də, ən çox Əlövsət Abdullayevə borcluyam ki, hara gedəcəyimi bilmədiyim bir vaxtda qabağa düşdü... Və mənə “arxamca gəl!” dedi...” Aspiranturaya sənəd verərkən iki il iş təcrübəsinin tələb edildiyini öyrənərək bundan qanı qaralan tələbə Nizami Cəfərovun duyduğu “arxamca gəl!” çağırışı sonralar onun öz dilində, görəsən, nə qədər təkrarlandı? Yəqin ki, saysız-hesabsız qədər... İkisini elə mən yada sala bilərəm... Əslində, kiminçünsə xırda görünə bilən bu hadisələr mənim üçün o dərəcədə əhəmiyyətli idi ki... Hətta həyatımın axarını dəyişəcək qədər...
90-cı illər ədəbi mühitində olanlar o dövrü yaxşı xatırlayarlar: gənc, yaşlı, orta yaşlı qələm sahiblərinin əksəriyyəti siyasi qəzetlərə səpələnərək “ədəbi səhifələr” aparmaqla, ədəbi yazılar yazmaqla qonorar hesabına yaşamağa çalışırdılar. Mən də bir siyasi qəzetdə işləyirdim. Yazıçılar Birliyində Gənclərin forumu keçiriləndə başqa bir müəllimim (Allah ona rəhmət eləsin. Həyatımda, yaradıcılığımda çox böyük rolu olub) Arif Əmrahoğlu tənqidlə bağlı məruzəni hazırlamağımı istədi. Hazırladım, çıxış da pis qarşılanmadı (Əlbəttə, narazı qalanlar da oldu! Hətta “o tənqidçi deyil, publisistdir” deyə yazılar da yazıldı forumdan sonra). Məruzələrdən sonra çıxış edən Nizami müəllim gözlənilmədən AYB sədri Anara müraciətlə belə bir təklif etdi: “Nə üçün istedadlı gəncləri dəyərləndirməyək? Məsələn, nə üçün Nərgiz kimi gənclərimiz hansısa siyasi qəzetdə çalışmalıdır, AYB orqanlarında yox?”
Əslində, bu, günün məsələsi idi. Çünki tək mənimlə deyil, bir çox yaradıcı insanla bağlı idi. Ədəbi mühitə yenicə addım atan, ilk məruzəsini səsləndirən biri üçün bu təklifin nə qədər gözlənilməz, qeyri-adi bir dəyər olduğunu deməyə isə, yəqin ki, ehtiyac yoxdur. Mən hələ onu demirəm ki, tələbəlikdə xüsusi olaraq seçilən tələbə olmamışam və Nizami müəllim məni, olsa-olsa, hansısa yazımdan xatırlaya bilərdi... Və bir neçə gün sonra başqa bir tədbirdə qarşılaşdıqda: “Nərgiz, guya ki, istədim sənə kömək edim, qaş düzəltdiyim yerdə göz çıxardım. Orda biri imkan verməyib ki, Nizaminin adamıdır, qoymaram gəlsin”, – dedi və güldü. Adı çəkilən o nüfuz sahibi Biri, həqiqətən də, bunu etmişdi. Düzdür, mən AYB-yə işə götürüldüm. Çox çətinliklə olduğunu isə sonradan bildim. Halbuki mən bunu Nizami müəllimdən istəməmişdim... Bizim bu barədə söhbətimiz belə olmamışdı...
Amma sonra yanına xahişlə getdiyim oldu. Elmi iş götürmək istəyirdim, kənardan müraciət edən, elmi müəssisənin özündə işləməyənlərdən illik ödəniş tələb edilirdi. Bir dəfə söhbət əsnasında bunu Nizami müəllimə dedim. “Sən get, sənədlərini hazırla, o həll edilər, – dedi. – təki sən elmi iş yaz”. Mən BDU-ya yenə də çox çətinliklə – düz bir il yubanma ilə qeydiyyata düşə bildim. Bir illik ödənişi də Nizami müəllim həll etdi. Düzdür, sonra yazdığım və “Azərbaycan” jurnalında dərc edilən bir yazıya görə Akif Hüseynlinin təklifi, Bəkir Nəbiyevin razılığı və Cavanşir Yusifli ilə Arif Əmrahoğlunun zəmanəti ilə AMEA Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edildim, işə götürüldüm deyə BDU-dakı elmi işim yarımçıq qaldı. Artıq AMEA-da doktorant idim... Amma yenə də edilən yaxşılıq, yoluna tutulan işıq öz işıqlı təsirini ömrümün sonuna qədər saxlayır. Unudulmur, yaddan çıxmır. Nizami müəllimin etdiyi yaxşılıqlar kimi...
***
Həyat dəyişir, insanlar dəyişir, münasibətlər dəyişir, zaman keçdikcə həyat hər üzünü göstərir bizə... Bəzən anamdan “hər kəs közü öz qarşısına çəkir, a bala, indi başqa zəmanədir, köz verdiyin adamlar sonra ayağının altını qazırlar”, – desə də, “Mən müəllimlərimdən belə gördüm, belə öyrəndim” cavabı hazırdır dilimdə. Onlardan gördüklərimiz, öyrəndiklərimiz, bizə ötürülənlər indi bizim çiynimizdə daşınan yükdür. Amma şərəf yükü! Nə zamansa biz də kimlərəsə ötürəcəyik. Müəllimlərimiz qədər yüksəklərə qalxmağı bacarmasaq da....
***
Qəribə bir sanbalı var Nizami müəllimin. Özünü saydırmaq ağırlığı var. Bu da nadir insanlarda olan xüsusiyyətdir. Həm sözü, həm davranışı, həm baxışı ilə özünü saydıra bilmək... Səssiz, sədasız... Rəhmətlik babamda görmüşdüm. Hələ uşaqkən fəhmlə hiss etmişdim bunun nə olduğunu. Baxışıyla idarə edərdi hər kəsi. Artıq söz demədən. Uzaqdan gələndə öskürərdi, hər kəs özünü yığışdırsın deyə...
Sonralar bir dəfə Nizami müəllimin xatirələrində bir qədər də yumorla yazdığı bir xatirəni oxudum... Hə... “Hər şeyin bir kökü var” fikri keçdi o dəqiqə ağlımdan: “Babam nəvələrinə Nizami kişi! Şahin kişi! Daşdəmir kişi!.. deyə müraciət edərdi. Ən kiçiyimizə də “Aslan kişi!” deyərdi... Bizim də kişi olmaqdan başqa çarəmiz qalmırdı”.
Doğrudan da, kök, böyüdüyün, tərbiyə aldığın mühit çox vacibdir...
***
Nizami müəllim uşaqlığından, böyüdüyü mühitdən danışarkən, yazarkən “belə bir dil mühitində böyüdüm” qeydini edir həmişə. Amma onun daşıdığı və yaşatdığı təkcə dil mühiti deyil, həm də o mühitin bütün incəlikləri, çalarları, ən əsası da incə yumoru, koloritidir. Nizami müəllimin ruhuna, xarakterinə hopan, onu hər kəsə sevdirən bir xüsusiyyəti... Onunla, ən azı, bir dəfə ünsiyyətdə olanlar belə kökü çox dərinlərə gedən bu incə yumorun şahidi olmamış deyillər. Bu xüsusiyyət onun yaradıcılığında, müsahibələrində, xüsusilə də xatirələrində var. Hər söhbətinin duzuna çevrilir... Hətta sonralar zərb-məsəllərə belə dönüb ədəbi mühitdə, qələm adamları arasında dildən-dilə dolaşır, yaddaşlara köçür. Bir dissertantın yazdığı, Nizami Cəfərovun sevimli müəllimi Tofiq Hacıyevin bəyənmədiyi, onunsa rəy verdiyi bir elmi işlə bağlı söylədiyi fikirlər kimi: “Tofiq müəllim, vallah oxudum,.. Fikirləşdim ki, yəqin o qədər dərindir ki, mən başa düşmədim... Ona görə imzaladım”...
***
Bu gün Nizami müəllimin doğum günüdür. Hər sözü, hər yazısı, hər düşüncəsi, hər söhbəti ilə Müəllimim olan (bir çoxlarının!) Nizami müəllimi təbrik edirəm! Var olsun! Bizə Müəllim kimi Müəllim qazandırdığı üçün! Həyatımıza yön verdiyi, yaxşılığa, həqiqətə, elmə inandırdığı üçün!