Super User
Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
AzərTAC xəbər verir ki, bu haqda qərar TÜRKSOY-un üzvü olan ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasının qədim Xivə şəhərində keçirilən iclasında qəbul edilib.
Tədbiri Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov açaraq, müzakirə olunacaq məsələlər haqqında məlumat verib.
İclasda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və digər nazirlər çıxış edərək TÜRKSOY çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, üzv ölkələrdə mədəni tədbirlərin keçirilməsi, o cümlədən türk dünyasının tanınmış şəxsiyyətlərinin yubileylərinin təşkili məsələləri barədə danışıblar.
Mehmet Nuri Ərsoy bildirib ki, ötən il keçirilməli olan bu iclas pandemiya ilə əlaqədar bu ilə keçirilib.
Anar Kərimov vurğulayıb ki, Azərbaycan tərəfi işğaldan azad olunan qədim Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi üçün müraciət edəcək.
Qırğız yazıçısı Toktobolot Abdumomunovun və SSRİ Xalq artisti, bəstəkar Fikrət Əmirovun anma tədbirlərinin keçirilməsi, Osmanlı şahzadəsi, sufi Süleyman Çələbinin ölümünün 600 illiyinin qeyd olunması da qərara alınıb.
Tədbirdə TÜRKSOY-a sədrlik Özbəkistandan Türkiyəyə keçib. Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov təşkilatın simvolunu Mehmet Nuri Ərsoya təqdim edib.
Sonda əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra sənədlər imzalanıb.
İclasda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Elnur Əliyev: “Azərbaycanda mədəniyyət müəssisələrinin daha optimal idarə edilməsi üçün təkliflər hazırlanır”
Azərbaycanda bütün mədəniyyət müəssisələrinin daha optimal idarə edilməsi üçün təkliflər hazırlanır.
Bu barədə AzərTAC-a məxsusi açıqlamasında Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev məlumat verib.
Elnur Əliyevin sözlərinə görə, Mədəniyyət Nazirliyi mədəniyyət müəssisələrinin həm hüquqi, həm də maliyyələşmə bazasının yeniləşdirilməsinə, onlara daha çox sərmayə yatırılmasına nail olmaq istəyir.
“Azərbaycanda mədəniyyət sahəsində aparılan islahatların kökündə duran əsas siyasət mədəni dəyərlərimizə tam sahib çıxmaqdır. Ölkəmizin kifayət qədər zəngin və dərin mədəniyyəti var. Bu mədəniyyətdən irəli gələn dəyərlərə sahib çıxdıqca, daha güclü Azərbaycan görəcəyik”, - deyə Elnur Əliyev əlavə edib.
İşğaldan azad olunan ərazilərimizdə mədəniyyət müəssisələrinin və tarixi abidələrin bərpası, yenidən qurulması istiqamətində işlərin aparıldığını deyən Elnur Əliyev bildirib ki, ilkin mərhələdə tarixi abidələrin bərpası üçün reyestr hazırlanır, mümkün maliyyələşmə mənbələri dəqiqləşdirilir. Buna paralel olaraq həmin ərazilərdə mədəniyyət müəssisələrinin normal fəaliyyəti üçün də müvafiq tədbirlər görülür.
İLESAM təşkilatı bu dəfə Kosovaya 10000 kitab hədiyyə etdi
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və TİKA təşkilatının dəstəyi ilə İLESAM bu günə kimi Azərbaycana, Qazaxıstana, Qırğızıstana, Özbəkistana və Şimali Makedoniyaya 80 000 kitab (45 000 müxtəlif adda) hədiyyə etmişdi. Təşkilatın sədri Mehmet Nuri Parmaksızın “Ədəbiyyat və incəsənət” portalına açıqlamasına görə, ötən gün eyni layihə çərçivəsində bu dəfə Kosovoya 20 000 kitab hədiyyə olundu. Kitablar Priştinada keçirilən təntənəli mərasimdə Kosova kitabxanalarına təqdim edildi.
Bildirək ki, kitablar Türkiyənin Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, TİKA təşkilatı, Türk Dil Agentliyi, Türk Tarixi təşkilatı, Din İdarəçiliyi və Kitabxanaların Baş İdarəsinin ianələri ilə alınaraq qardaş türk ölkələrinə hədiyyə edilir. İLESAM bu aksiya ilə Türk birliyi naminə möhtəşəm bir iş görür.
Time təqdim edir: "Dali anatomikus”. 1948-ci il.
Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən növbəti foto ilə tanış olun:
Filipp Halsmanı fotoda sürrealizmin banisi adlandırırlar. Onun məşhur "Jump" seriyası foto sənətinin klassikası sayılır. O, çərçivəsindəki məşhur insanların atlanarkən 200-dən artıq portretini çəkib. Seriyanın qəhrəmanlarından biri Salvador Dalidir. "Dali anatomikus" kadrı üzərində iş fotoqrafın tam altı saatını alıb. Molbert və rəsm tavandan asılmışdı, bir-iki-üç sayında Dali atlanırdı, fotoqrafın arvadı stulu havaya tullayırdı, assistentlər isə pişikləri havaya ataraq ardlarınca vedrədəki suyu boşaldırdılar.
Filipp Halsman, “Bir adam atlanarkən, onun diqqəti əsasən atlanma aktına yönəlir, maskası düşür və əsl siması görünür" - deyə fotoşəkillərin mövzu seçimini bu cür izah etmişdi.
Şəkil: 100photos.time.com
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatı
İctimaiyyətə məlum olduğu kimi, iki ilə yaxındır, dünya ölkələrinin qlobal probleminə çevrilən pandemiya bütün sahələrə, xüsusən mədəniyyət sahəsinə öz mənfi təsirini göstərib. Etiraf etməliyik ki, bu baxımdan ən çox zərər çəkən sahə teatr, kino sahəsidir. Bu gün kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin bərpa olunması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, xüsusən mədəniyyət nazirinin şəxsi diqqətindədir. Öncə də bildirdiyimiz kimi, pandemiya şərtlərinə əməl edilməklə, kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlanmışdır.
Qeyd edək ki, hazırda davam edən Bakı Caz Festivalının, ötən il online formatda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının böyük məhdudiyyətlərlə olsa da, bu il canlı keçirilməsinə nail olmuşuq. Hazırkı şəraiti nəzərə alaraq, bu fakt özü özündə ölkə rəhbərliyinin məsələyə verdiyi önəmin bir göstəricisidir.
Bu festivallar bizim üçün bir sınaq rolunu oynayır. Belə ki, gedişat uğurlu olarsa, bunu teatr-konsert müəssisələrinin açılmasına yönəlik müsbət addım hesab etmək olar. Doğrudur, teatr-konsert müəssisələrində fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyəti vaksinasiyadan keçmişdir. Ancaq bu işdə təkcə müəssisələrə deyil, vətəndaşlarımızın da üzərinə sosial məsuliyyət düşür. Vaksinasiya prosesində uğurlu nəticələr əldə edildikdən sonra kinoteatrların, teatr-konsert müəssisələrinin fəaliyyətinin ənənəvi qaydada bərpa ediləcəyinə ümid edirik.
İnanırıq ki, bu bəla xalqımızın başı üzərindən sovuşacaq və ölkəmizdə həyat tezliklə öz axarına qayıdacaq. Amma hələ ki, bu real təhlükə mövcuddur və dövlətimiz ilk növbədə əhalinin sağlamlığını düşünməyə məcburdur.
Suzanna Klark "Piranesi” romanı ilə “Bədii ədəbiyyat üçün Britaniya Qadın Mükafatı”na layiq görülüb
İngilis yazıçısı Suzanna Klarkın “Bədii ədəbiyyat üçün Britaniya Qadın Mükafatı”na sahibi olması barədə xəbər ötən gün mükafatın təqdim edilməsi mərasimində elan olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir.
“Bessi"nin bürünc heykəlini və onunla birlikdə aldığı 30 min avro üçün çeki Klark sehirli realizm janrında yazılmış və 2020-ci ildə nəşr edilmiş "Piranesi" romanına görə alıb. O romanın ki, onun səhifələrində öz sonsuz qəsrinin qəribə dünyasında yaşayan baş qəhrəmanın hekayəsi təsvir olunur, günlərin bir günündə qəhrəman sirli yad adamla görüşür. Bununla da onun həyatı büsbütün dəyişir.
Bu romanı Klark özünün "Jonathan Strenge və cənab Norrell" adlı debüt əsərindən tam 16 il sonra dərc edib. XIX əsrdə İngiltərədə yaşayan sehrbazlardan bəhs edən həmin təxəyyül romanı dünyada ən yaxşı satılanlarından biri olmuşdu - Romanın 4 milyon nüsxəsi bütün dünya üzrə satılmışdı. O, bir çox mükafat almış, 2004-cü ildə Buker Mükafatının uzun siyahısına daxil olmuşdu.
61 yaşlı yazıçıya ilk romanın yazılmasından bir müddət sonra xroniki yorğunluq sindromu diaqnozu qoyulmuş, o, uzun sürən sağlamlıq problemləri ilə baş-başa qalmışdı.
“Burada olmaq mənim üçün ikiqat şərəfdir. Mənim əsas ümidim onadır ki, bu axşam burada mükafata layiq görülməyim davam edən xəstəliklə əlaqədar əmək qabiliyyəti olmayan başqa qadınlara da cəsarət verəcək", - deyə o, mükafat alan zaman bildirib.
Bədii ədəbiyyata görə qadın mükafatı 1996-cı ildə təsis edilmişdir. Onun maraqlı tarixçəsi var. Beş il əvvəl heç bir qadın yazıçı Buker mükafatının qısa siyahısına daxil edilməmişdi. Bu, hətta həmin il nəşr olunan bütün kitabların 60%-nin qadın müəlliflərin qələmindən çıxmasına baxmayaraq baş vermişdi. Belədə, narazı və qəzəbli qadın yazıçılar üçün ayrıca mükafat təsis etmək qərarına gəlindi. Müxtəlif illərdə bədii ədəbiyyata görə qadın mükafatı “Oranj" ədəbi mükafatı və ya "Beylis" bədii ədəbiyyatına görə qadın mükafatı adlandırılmışdır. Mükafatın laureatları arasında Enn Pençett, Merilin Robinson, Hənd Smit, Çimmənd Nqozi Adiçi və başqalarının adlarına rast gəlmək olar.
“Mən çalışacam ki, bundan sonra yeni bir roman da yazım” - ruhlanan Suzanna Klark çıxışını bu sözlərlə bitirmişdir.
“BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir
“BBC News” televiziya kanalının saytında Azərbaycan zəngin mədəni irsindən bəhs edən “Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir” sərlövhəli məqalə dərc olunub.
AzərTAC xəbər verir ki, məqalədə Azərbaycanın dolğun və çeşidli mədəni irsə malik olduğu bildirilir. Müəllif qeyd edir ki, zəngin və özünəməxsus mətbəx, ənənəvi sənətkarlıq nümunələri və əl işləri, təbiətin gözəlliyi və memarlıq möcüzələri, milli musiqi və incəsənət Azərbaycana ilk dəfə gələnləri ölkəni kəşf etmək üçün haradan başlamaqla bağlı seçimlərində çətinliyə sala bilər.
Qeyd olunur ki, Bakıdan 60 kilometr məsafədə yerləşən Qobustan Milli Tarixi-Bədii Qoruğu və ya “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu turistlər üçün maraqlı ziyarət yerləridir.
Məqalədə Azərbaycanın piti, plov, dolma, qutab kimi milli təamlarına geniş yer verilir. Hər il Göyçayda keçirilən Nar festivalından bəhs olunur.
Oxucuların diqqətinə çatdırılır ki, milli musiqi, rəqslər və rəngarəng xalq nağılları Azərbaycanın qədim mədəniyyət nümunələri hesab olunur. Bəzi milli incəsənət nümunələrinin tarixi min illərlə ölçülür.
Müəllif Azərbaycanda muğam sənətinin inkişafı, UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edildiyini vurğulayır.
Bu gün Amerika ədəbiyyatının iki dühasının doğum günüdür - Ken Kizi və Uilyam Uilyamsın
17 sentyabr. Ümumdünya pasientlərin təhlükəsizliyi günü
Ay bərəkallah. Belə bir gün hava və su kimi bizlərə lazımdır. Pasient – tibbi müəssisəyə sağlamlıq durumuna görə müraciət etmiş şəxsdir, biz pasient olaraq hər yerdə təhlükə ilə baş-başa qalmırıqmı, qalırıq. İstər xülya olan icbari tibbi sığorta, istər müəmmalı vaksinasiya, istər özəl tibb xidmətlərinin bahaçılığı, istər dövlət tibb müəssisələrinin kasadlığı və s. və i. nəsnələr Demokl qılıncı kimi başımızın üstündən əskik olmur. Bu gün təhlükəsizliyimizə əməl edəcəksinizmi, ey pasientlərlə işləyənlər?
17 sentyabr. Betmen günü
Bəs deyirsiniz, Super Mario günü ola bilər, Betmen günü ola bilməz? Dünyanın ən böyük komiks istehsalşısı olan DC Comics 2013-cü ilin bu günündə Betmeni üzə çıxartdı, halbuku bu personaj heç də yeni deyildi, ondan 1939-cu ildə bir detektiv komiksində istifadə etmişdilər. Qeyd edək ki, DC Comics “Warner Bros.Entertaiment” kinokompaniyası tərəfindən alınaraq hazırda onun tərkibində fəaliyyət göstərməkdədir.
Betmen super qəhrəman kimi hər bir işə qadirdir, güc və iradə rəmzidir. Betmenlər və Spaydermenlərin dünyanı fəth eləmələri həm də ona hesablanır ki, digər ölkələrin yetişməkdə olan gənc nəsli qəhrəman dedikdə amerikalı superqəhrəmanları tanısınlar, milli qəhrəmanlar diqqətdən kənarda qalsınlar. Qlobalizmin şovinizm miqyası!
17 sentyabr. Beynəlxalq “alma ye” günü
Maraqlı bir gündür. Tərkibində 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları olan alma təsadüfi deyil ki, yayılma coğrafiyasına və menyuda təmsil olunmasına görə dünyanın ən populyar iki meyvəsindən biridir (digəri portağaldır). Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, pavidla, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.
Dünyada yeganə alma diyarı kimi tanınan bölgənin məhz Azərbaycanda olması, ağ alma kimi ən unikal alma sortunun Azərbaycanda yetişməsi səbəbindən gəlin bir balaca protesto edək, təqvim başbilənlərinin nəzərinə çatdıraq ki, təqvimin şərhində “alma ye” günündə barı, Qubanın adını çəksinlər. Bəs nə əcəb bu adamlar şaftalıdan danışanda mənfur qonşularımızın adlarını çəkirlər?
17 sentyabr. Əlamətdar hadisələr
Bu gün Cərrah günüdür, bütün cərrahları təbrik edirik. Ümumdünya evtəmizləmə günüdür həm də. Azərbaycanlı xanımlar təmizkar olurlar, onlar ilboyu ev təmizləyirlər. Bu günü qoy pintilər qeyd etsinlər, ildə bir dəfə barı evlərinin təmizliyinin qeydinə qalsınlar.
Təbii ki, oxucularım darıxdılar, nə əcəb, Amerikadan danışılmır, onların növbəti mətbəx bayramlarının adları çəkilmir. Çək deyirsiniz, çəkim də. Demək, bu gün ABŞ-da Milli Monte-Kristo sendviçi günüdür. Siz onu deyin ki, ayrıca sendviç günü amerikalılara bəhs etmir deyə sendviçin növlərinə bir-bir bayram qururlar. Amma Monte-Karlo sendviçi tək deyil, bu gün bayram bayrama qarışacaq. Bu gün həm də milli testdə alma günüdür. Üstəlik, bu gün həm də amerikalıların Viskonsiya pendiri günüdür.
1993-cü ilin 17 sentyabrında sonuncu rus əsgəri Polşanı tərk etdi. Sağ əlləri hələ də rus əsgərinin sülhməramlı adı altında at oynatdığı ölkələrin başına. 1935-ci ilin 17 sentyabrında dünyaca məşhur olan “Ququ yuvası üzərində uçuş” romanının müəllifi, hippi hərəkatının banisi, Amerika yazıçısı Ken Kizi dünyaya gəlib. 1924-cü ilin 17 sentyabrında dünyada ilk özəl beynəlxalq məktəb açılıb – ünvanı Jenevrə olan bu məktəbdə cəmi 8 tələbə təhsil alırmış. 1883-cü ildə Amerika şairi və dramaturqu, XX əsr Amerika tarixinin ən nəhəng şairi sayılan Uilyam Uilyams doğulub. 1857-ci ildə kosmonavtikanın pioneri rus Konstantin Siolkovski doğulub.
O ki qaldı bu gün ad günü olan tanınmış azərbaycanlılara, Sovet diktaturası dövründə Azərbaycan SSR-ə baş katiblik etmiş Mir Cəfər Bağırovdan tutmuş indikilərə keçid almaqla millət vəkilləri Səməd Seyidovun, Ülvi Quliyevin bu gün doğum günləridir.
Varisin “11-20 sentyabrın təqvimi” yazısından
Bu gün Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə İspaniyada nəşr olunmuş poçt markalarının təqdimatı keçiriləcək
Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın və bütövlükdə türk dünyasının görkəmli bəstəkarı, Şərqdə ilk opera və operettanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə İspaniyada nəşr olunmuş poçt markalarının təqdimatı keçiriləcək.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bildirir ki, markalar fondun himayəsi ilə türk dünyası mədəniyyətinin və incəsənətinin görkəmli nümayəndələrinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyalarla tanış etdirmək məqsədilə çap olunub.
Tədbirdə rəsmilər, səfirlər və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Tədbirin rəsmi hissəsində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı çıxışların edilməsi və poçt markaların möhürlənməsi mərasiminin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin və Müslüm Maqomayev adına 26 nömrəli on bir illik musiqi məktəbinin tələbələrinin ifasında milli musiqi alətlərinin müşayiəti ilə Üzeyir Hacıbəylinin bəstələdiyi əsərlərdən ibarət mahnıların səsləndirilməsi və səhnəciklərin nümayişi ilə davam edəcək.
Moda dünyasının "Oskar"ı - ABŞ-da ənənəvi Met Gala balı keçirilib
Nyu-York Metropoliten muzeyində Met Gala kostyum İnstitutunun bal mərasimi keçirilib. Ənənəvi olaraq, tədbir mayın birinci bazar ertəsi günü keçirilir, lakin pandemiyanın yaratdığı məhdudiyyətlər səbəbindən, 2021-ci ildə Bal bu ilin sentyabrınadək təxirə salınmışdı.
“Ədəbiyyat və incəsənət” XXL dərgisinə istinadən məlumat verir ki, bu dəfə qırmızı xalçadan keçən ən dəbli (və çoxdan gözlənilən - 2020-ci ildə Bal keçirilməmişdir) libaslar Amerika modasınln bütün təzahürlərini əks etdirən libaslar oldu. Bir çox qonaqlar üçün Met Gala yalnız kostyumların sərgisi deyil, həm də möhtəşəm gözəlliyi nümayiş etdirmək üçün bir fürsətdir. Belə ki, dünyaşöhrətli Cennifer Lopez podiuma mövzuya əməl edərək kovboy şlyapasında və xəzlərində çıxmışdı; Müğənni Lord Nyu - Yorkda Azadlıq heykəlinin tacını xatırladan Baş geyimində idi. Müğənni Debbi Harri Amerika bayrağının rənglərinə boyanmış paltarıda peyda olmuşdu. Bızi qonaqlar isə sadəcə Amerika dizaynerlərinin geyimlərinə üstünlük vermişdilər.
Şəkildə: Cennifer Lopez podiumda