Super User

Super User

SNOB Magazin-in yaydığı bu xəbər ötən həftə Türkiyə mediasında ən çox izlənən xəbər kimi yadda qaldı:
Türkiyə pop musiqisinin Meqastarı Tarkanın keçmiş sevgilisi,
43 yaşlı vəkil Müdrik Öztürk özündən 22 yaş daha kiçik olan Daren Gerede Erkaya ilə münasibətlərini gündəmə gətirdi. Öztürk axtardığı sevgisini  Darendə tapdığını, 3 aydır birlikdə olduqlarını bəyan etdi.
Kübar və varlı ailədən çıxan, Avropada yaşayan 21 yaşlı gənc Darenin 43 yaşlı qadınla münasibəti əlbəttə ki, dərhal diqqət mərkəzinə çıxdı. Sosyete dairələrdə tanınan  xanım Benna Gerede oğlunun Öztürk ilə sevgili olduğunu təsdiqləyərək “Onlar birlikdə xoşbəxtdirlər" söylədi.
Xatırladaq ki, Türkiyə pop musiqisinin Meqastarı olan Tarkanın  Müdrik Öztürk ilə sevgili münasibətləri düz 7 il davam etmişdir.

Вторник, 12 Октябрь 2021 11:10

İlk dəfə Somali rejissorunun filmi Oskara namizəd olub

Somalili rejissor Khadar Ayderus Ahmedin çəkdiyi "Qəbirqazanın arvadı" ekran əsəri ölkəsinin “Oskar” mükafatına ilk namizəd filmi olub.
TASS agentliyi xəbər verir ki, Finlandiya vətəndaşı olan rejissorun Cibutidə çəkdiyi film, Somalinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istehsal edilib.
Bir qəbirqazanın xəstə arvadını xilas etmək və ailəni bir yerdə saxlamaq uğrunda mübarizəsindən bəhs edən filmdə baş rolları Somali əsilli Ömər Abdi və model Yasmin Varsame canlandırır.

Polşanın Kaliş şəhərində Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Nizami Gəncəvinin 880 illiyinin qeyd edildiyi dövrdə dahi Azərbaycan şairinin xatirəsinin də anıldığı “Azərbaycan Notası - Simfonik Konsert” təşkil olunub.
AzərTAC xəbər verir ki, Kaliş Filarmoniyasının Simfonik Orkestri və solist, tanınmış viola ifaçısı, Qdansk Musiqi Akademiyasının dosenti Kşıştof Timendorfun ifasında keçirilmiş konsertin proqramın Polşada ilk dəfə olaraq səslənən dahi bəstəkarlarımız Fikrət Əmirovun “Nizami” və Qara Qarayevin “Yeddi gözəl” baletlərindən nümunələrlə yanaşı, E.Bloxun “Hebru” suitası, P.Çaykovskinin “Andante cantabile” və 6-cı “Patetik” simfonik əsərləri yer alıb.
Konserti təşkilati məsələlərdə yaxından iştirak etmiş Kaliş şəhərinin Vitse-prezidenti Qjeqoj Kulavenik və tanınmış polyak dirijoru Pavel Kotla, o cümlədən polşalı musiqisevərlər və Polşada yaşayan həmyerlilərimiz izləyib.
Tədbiri tanınmış polyak musiqişünas Vitold Paproçki açıq elan edərək səslənəcək musiqi parçaları barəsində ətraflı məlumat verib.
İlk olaraq çıxış edən Q.Kulavenik konsertdə iştirak edən bütün qonaqları salamlayaraq hazırkı konsert tədbirinin Kaliş şəhərində maraqla qarşılandığını və Polşada Azərbaycan musiqisinin səslənməsindən məmnunluğunu ifadə edib.
Daha sonra səfir Nərgiz Qurbanova tanınmış Azərbaycan dirijoru Ə.Quliyevin rəhbərliyi ilə Kaliş Simfonik Orkestrinin ifasında Azərbaycan musiqinin səslənəcəyi gecədə tədbir iştirakçılarını salamlayıb, dəstəyə görə Kaliş şəhərinin Vitse-prezidenti Q.Kulavenikə, tanınmış polyak dirijoru P.Kotlaya təşəkkürünü bildirib.
Səfir tədbir gecəsində bu il 880 illiyi qeyd edilən dünya ədəbiyyatına və bədii irsinə böyük töhfələri ilə tanınmış Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin motivlərinə əsaslanan musiqi əsərlərinin də yer aldığını qeyd edib.
N.Qurbanova 2022-ci ildə Azərbaycan-Polşa münasibətlərində 3 əlamətdar yubileyin qeyd ediləcəyini vurğulayıb, Azərbaycan ilə Polşa arasında strateji tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasının 5 illiyi, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi və Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin ilə Polşa kralı IV Kazimir Yaqellon arasında ilk tarixi yazışmanın aparılmasının 550-ci il dönümünün qeyd edildiyini bildirərək, sözügedən əlamətdar hadisələrin çətiri altında silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb, hazırkı konsert tədbirinin bu tədbirlərdən birincisi olduğunu qeyd edib.
Daha sonra Ə.Quliyevin dirijorluğu ilə Kaliş Filarmoniya Simfonik Orkestrinin ifasında nəzərdə tutulmuş simfonik musiqi parçalarından ibarət konsert ifa olunub. Konsert hər bir ifadan sonra tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Fasilə zamanı tədbir iştirakçıları Azərbaycanının milli şirniyyat və şərab nümunələrindən ibarət süfrəyə dəvət olunublar.

 

 “Azərbaycan aktyorlarının həyatlarından maraqlı anlar “ layihəsində Əyyub Qiyas bu dəfə aktyor Hüseyn Ərəblinskini (1881-1919) təqdim edir.

 

 

 

1-ci əhvalat

 

Vəziyyətimiz çox ağır idi, təhsil xərcini ödəyə bilmədiyimiz üçün bir neçə ildən sonra mollaxananı tərk etməyə məcbur oldum. Ancaq tale üzümə güldü, eşitdim ki, görkəmli maarifçi Həbib bəy Mahmudbəyov kasıb uşaqların “Üçüncü rus-tatar” məktəbində pulsuz oxumaları üçün şərait yaradıb. Mən də vaxt itirmədən Həbib bəyə müraciət etdim:

 

– Həbib bəy, mollaxanda oxumağa imkanımız yoxdur. Nə olar, məni də bu məktəbə qəbul elə, oxuyum.

 

– Demək, mollaxanada oxumusan. Onda yazıb-oxumağı bilərsən.

 

– Bilirəm, Həbib bəy. Yaza da bilirəm, oxuya da. Ancaq daha çox şey öyrənmək istəyirəm.

 

– Nə deyirəm, bala, gəl. Mən bu məktəbi onsuz da sənin kimi elm öyrənmək istəyən, amma imkanı olmayan kasıb müsəlman balaları üçün açmışam.

 

 

 

2-ci əhvalat

 

Mənim əsas teatr fəaliyyətim 1903-1904-cü illərdə yaranan “Müsəlman artistləri cəmiyyəti” ilə sıx bağlıdır. Bu cəmiyyətin tamaşalarında ilk uğurlu çıxışlarımı etdim.

 

Cəmiyyətin təşəbbüsü ilə 1905-ci ildə, Azərbaycan teatrı tarixində ilk qastrol səfəri Lənkərana oldu. Truppa üzvləri məni də qastrola gedənlərin arasında görəndə təəccübləndilər. Qastrola Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsini aparmışdıq. Tamaşaya iki saat qalmış birdən xəbər çıxdı ki, baş rolu – Fəxrəddini oynayacaq aktyor xəstələnib.

 

– Hüseyn, tez, paltarını dəyiş, qrilmlən, Fəxrəddini sən oynayacaqsan, – truppa müdiri, qaranəfəs gəlib bu sözləri mənə deyəndə çaşıb qaldım.

 

– Mən axı məşq eləməmişəm.

 

– Məşqlərin hamısında olmusan, özüm də bilirəm, bir kənara çəkilib rolu əzbərlədiyini çox görmüşəm. İndi vaxt itirmək olmaz, tez ol, artist yoxdur, başa düşürsən, xəstələnib. Yoxsa tamaşaçılar bizi daşa basar.

 

Tez-tələsik qrim otağına cumdum. Rolun uğurlu alınması üçün əlimdən gələni elədim. Nə bilim, deyəsən, hamı razı qaldı.

 

 

 

3-cü əhvalat

 

Bir gecə tamaşadan sonra evə qayıdırdım, qaranlıq, kimsəsiz küçə ilə gedir, bir qədər əvvəl başa çatmış tamaşanın sehrindən hələ də qopa bilmirdim. Birdən kimsə arxadan əlini çiynimə qoyub məni yolumdan saxladı. Geri çevriləndə dayım oğlu Əbdülxaliqi gördüm. Axmağın, avaranın biriydi. Əlindən hər nə desən gələrdi.

 

– Nə vaxta qədər nəslimizin adını batıracaqsan? – deyə qəzəblə soruşdu.

 

– Mən nəslin adını batırmıram, dayıoğlu, əksinə, bir gün gələcək hamı bizim nəslimizi mənə görə xatırlayacaq – cavabını verdim.

 

– Mənə nağıl danışma. Bura sənin boş-boş sözlərinə qulaq asmağa gəlməmişəm. Sənə son xəbərdarlığımdır, ya bu mütrüflükdən əl çəkib kişi kimi bir işin qulpundan yapışacaqsan…

 

– Kişi kimi, yəni sənin kimi avaraçılıq eləyəcəm? Onun-bunun gözünü qorxutmaqla malına-puluna çökəcəm? – sualımla onu danışmağa qoymadım. Əbdülxaliq qəfil əl atıb xirtdəyimdən yapışdı. Məni divara dirəyib hədələdi:

 

 – Danışma! Dediklərimi qulağında sırğa elə! Bu mütrüfülükdən əl çəkməsən baxmayacam bibimin göz yaşlarına, gülləni boşaldacam beyninə! İndi get, papağını qabağına qoy, fikirləş!

 

Yaxamı buraxıb getdi.  Bir Əbdülxaliq yox, mini də olsaydı məni sevimli işimdən ayıra bilməzdi.

 

P.S. Amma Əbdülxaliqin 1919-cu ildə atdığı qəfil güllə Hüseyn Ərəblinskinin həyatına son qoydu. Böyük sənətkarın dəfni Bakıda böyük izdihamla, xalq sevgisi ilə keçirildi.

 

 

 

Вторник, 12 Октябрь 2021 10:56

The Beatles, Pavarotti, “Terminator” və Kiçik Teatr

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

12 oktyabr. İspanların milli bayramı

 

İspaniya Krallığının Milli Bayramı. Kolumb italiyalı olsa da, Amerikanı kəşf etsə də həmin günün şərəfinə ispanlar milli bayram keçirirlər. Soruşarsınız ki niyə? Ona görə ki, o vaxt Kolumbun ekspedisiyasını ispan kralı Ferdinand maliyyələşdirib, gəmilər ispan gəmiləri olub, heyət də ispan heyəti, ona görə də, ispanlar italyanlar qədər Amerikanın kəşfinin müəllifləri hesab edirlər özlərini. Amerikanı kəşf etdiyinə görə Kolumb İtaliyaya yox, İspaniyaya hesabat verib, ora ilk yollanan ağdərilər ispanlar olub, ispan kralı da Kolumba Admiral rütbəsi verib. Hər il bu gün Madriddə təntənəli parad təşkil olunur, 3 min piyada, hərbi texnika keçid edir, səmada hərbi təyyarələr uçur.

 

12 oktyabr. Taqmançats günü?

 

Bədxah qonşularımız bu gün Müqəddəs tərcüməçilər, yaxud Tarqmançats gününü qeyd edirlər. Bibliya tərcüməçilərinə həsr edilən bu günün anlamı həm dinin, həm də erməni dilinin təbliğinə hesablanıb. Amma erməni ideoloji aparatı hətta Bibliya kimi müqəddəsliyi də ümumerməni işinin bir vasitəsi hesab edir, səmavi kitabın erməni dilindəki variantında çoxlu saxtalıqlar yer alıb gedir. Tarqmançats gününüz (adamın əsla dilinə yatmır) mübarək olmasın deyirik!

 

12 oktyabr. The Beatles, Pavarotti, “Terminator” və Kiçik Teatr

 

Ümumdünya artritlə mübarizə günü. Artrit bir revmatoloji xəstəlikdir, hər yüz adamdan birində rast gəlinir. Qabaq xəstəlik yaşlı adamlara xas idi, indi həta uşaqlar da artritdən əziyyət çəkirlər; Ümumdünya sümük və əzələ günü. Bu da artrit gününə bir iqtibasdır, axı artrit – sümük və əzələ problemidir; Kadr işçisi günü. Loru dillə desək “otdelkadrların” günü. Bu şəxslər işçilərin taleyini həll edirlər, işə götürmə, işdən azad etmə məsələləri ilə məşğul olurlar, odur ki, onlarla mehriban dolanmaq gərəkdir; Ümumdünya iqtisadçı günü. Bu gün Nobel Komissiyası iqtisadi sahədə Nobel mükafatçısını elan edəcək, gün onun şərəfinədir; Mütəəssirolma anları günü. Allah heç kəsi mütəəssir eləməsin. Gününü məğzi də mütəəssirliklərdən qurtulmağa çağırışdır.

 

Amerikada “Qambo” şorbası günüdür, Nikaraquada televiziya işçiləri günü. 1992-ci ilin bu günüdə Qara Qarayev dünyaya gəlib, məşhur bəstəkarın adaşı olan məşhur “Qarabağ”lı futbolçu. Bizdə futbolun hazırkı bərbad vəziyyətində yeganə ayaqda duran “Qarabağ” klubudur, klub yarıtmaz AFFA başbilənlərini də sudan quru çıxarmağa kömək edir. 1984-cü ilin bu günündə Amerika ekranlarına Arnold Şvarsenegerli “Terminator” filmi çıxıb. 1965-ci ilin bu günündə Bukinqem sarayında The Beatles qrupunun solistlərinə Britaniya İmperiyası ordeni təqdim olunub. 1935-ci ilin bu günündə dünyaşöhrətli tenor Luçano Pavarotti doğulub. 1863-cü ilin bu günündə Cenevrədə Qırmızı Xaç cəmiyyəti yaradılıb. 1919-cu ilin bu günündə İranın sonuncu şahı- Məhəmməd Pəhləvi doğulub. 1879-cu ilin bu günündə Lev Trotski – tanınmış rus inqilabçısı, 1842-ci ildə Vasiliy Vereşaqin -  tanınmış rus rəssamı dünyaya gəliblər. 1824-cü ildə Moskvada Kiçik Teatrın açılışı olub.

 

Varisin “11-20 oktyabrın təqvimi” yazısından seçmələr

 

 

 

Məşhur ispan fırça ustası Pablo Pikassonun çəkdiyi rəsm əsəri Honkonq hərracında 191, 6 milyon Honkonq dollarına (24,6 milyon ABŞ dolları) satılıb.
TASS agentliyi xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.
Məbləğ əsərə qoyulan ilkin dəyərləndirmədən çox da kənara çıxmayıb. Satılan “Çömbəlib oturmuş qadın” (Femme Accroupie) əsərində rəssam öz həyat yoldaşı Jaklin Roku təsvir edib.
Eyni hərracda öncəki aylarda 9.1 milyon dollara Hollandiyalı rəssam Vinsent Van Qoqun natürmortu, 10,3 milyon dollara isə çin mənşəli fransız abstraksionisti Sanyunun “Yatmış gözəl” əsəri də satılmışdı.
Hərracda fransalı heykəltaraş Oqüst Rodenin yaratdığı Napoleon Bonapartın büstü səbəbi açıqlanmadan satışdan çıxarılıb. Bu əsər 70-90 milyon Honkonq dolları civarında qiymətləndirilmişdir. Büst 1930-cu illərdə itkin düşmüş hesab olunurdu. Sənətşünaslar 2015-ci ilə qədər onun harada olduğundan xəbərsiz olmuşlar.

Вторник, 12 Октябрь 2021 10:55

Qənirə Paşayevadan Bakının qədim tarixinə diqqət

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının ensiklopedik toplusu xarakterli layihənin tərtibatçı-müəllifi Sevda Rəsulova ilə görüşmüşdür.
 Q. Paşayeva Komitədə keçirilən görüşdə dövlətimizin paytaxtı olan qədim Bakının tarixi, zəngin mədəniyyəti, məişəti, iqlimi, o cümlədən demoqrafiyası barədə materialları, həmçinin arxiv sənədlərini özündə əks etdirən “Daş ilməli şəhərim” 10 cildliyinin  “İçərişəhər mətbuatda” adlı ilk əlyazması ilə tanış olmuş, uzun illərin gərgin əməyi nəticəsi olan bu araşdırmaları yüksək dəyərləndirmişdir.
O, elmi axtarışların nəticəsi olan topluya görə tərtibatçı-müəllifə təşəkkürünü bildirmişdir: “Hesab edirəm ki, qədim Bakının, ayrıca olaraq, İçərişəhər və Abşeron kəndlərinin tarixinə həsr olunmuş bu elmi-publisistik toplu geniş araşdırmaçı və sıravi oxucu marağına səbəb olmaqla yanaşı, həm də gələcək nəsillər üçün  masaüstü kitaba çevriləcəkdir”.
Doğma dilimizdə nəşri baş tutandan sonra toplunun rus və ingilis dillərinə tərcüməsininin zəruriliyini vurğulayan Q.Paşayeva “Bakıda erməni faktoru” və “Beynəlmiləlçi Bakı” fəsillərinin daxil edildiyi cildlər üzərində xüsusi dayanaraq bu mənbələrin Azərbaycan və onun paytaxtı olan əsrarəngiz Bakı ilə maraqlananlar üçün əsl məlumat bazası rolunu oynayacağını bildirmişdir.

Tabassaran rayonunda mədəniyyət festivalının daimi əsasda keçirilməsini təklif ediblər.
Bu barədə TASS-a rayon administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Tabasaran rayonunda mədəniyyət festivalı keçirilib və tədbir çərçivəsində Mirzə Kalukskinin əsgər-şair gününün qeyd olunmasına həsr olunmuş bayram tədbirləri keçirilib. Festival Dağıstanda İran qoşunlarının darmadağın edilməsinin 100 illiyinə və 280 illiyinə həsr olunub. Bu cür tədbirin təşkili gənclər İşləri üzrə Federal agentliyin qrant dəstəyi və Tabassaran rayon administrasiyasının dəstəyi sayəsində mümkün olub. Festival çərçivəsində üç ildən bir bələdiyyədə Mirzə Kalukskinin Gününün keçirilməsi təklif edilib", - deyə agentliyin sözçüsü bildirib.
Onun sözlərinə görə, festival çərçivəsində ənənəvi xalq sənətkarlıq sərgiləri, milli idman növləri üzrə yarışlar və konsert proqramı təşkil edilib.
"Elə həmin gün Mirzə Kalukski gününün qeyd olunması çərçivəsində Dağıstanda İran   qoşunlarının darmadağın edilməsinin 280 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib",-deyə mətbuat xidmətindən əlavə ediblər. Bununla yanaşı, dəqiqləşdirilib ki, konfransda 1741-ci il hadisələrinə həsr olunmuş çıxışlar və məruzələr, Dağıstanın dağlılarının azadlıq hərəkatı, döyüşçü şair Mirzə Kalukskinin şəxsiyyəti, İran işğalçılarına qarşı mübarizədə dağlılardan ibarət dəstələrə onun başçılıq etməsi barədə məruzələr olub.
"Mirzə Kalukskinin həyatı həm şair, həm də döyüşçü kimi doğma diyara hədsiz sədaqətin nümunəsidir. Gənc nəslin mənəvi və vətənpərvərlik tərbiyəsi Mirzə Kalukski kimi insanların nümunələri üzərində qurulmalıdır",-deyə Bələdiyyə Başçısı Məhəmməd Qurbanov fikir söyləyib.

Bakı Ekspo Mərkəzində professor Vilayət Quliyevin “Cümhuriyyət yazıları” kitabının təqdimat mərasimi keçirilib. Bu təqdimatda mədəniyyət naziri Anar Kərimov, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov və kitabsevərlər iştirak edib.
Tədbirdə çıxış edən filologiya elmlər doktoru, professor Vilayət Quliyev müəllifi olduğu kitab haqqında məlumat verib. Qeyd edib ki, iki bölmədən ibarət kitabın birinci hissəsində Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində müxtəlif mətbuat orqanlarında çap olunmuş elmi-publisist səpkili məqalə və esselər, ikinci hissədə isə Cümhuriyyət tarixinə dair Azərbaycan dilinə ilk dəfə tərcümə edilən sənəd və materiallar yer alıb: “Cümhuriyyət irsini toplayıb nəşr etmək, Cümhuriyyət xadimlərinin şəxsiyyət və fəaliyyətinə obyektiv, qərəzsiz qiymət vermək, bütün ölkə miqyasında geniş maarifçilik işi aparmaq lazımdır. İnsanlarımızın belə bir fəaliyyətə təkcə marağı yox, həm də böyük ehtiyacı var. Bu amildən çıxış edərək indiyə qədər Cümhuriyyətlə bağlı elmi fəaliyyətimdə mənbələrin aşkara çıxarılması, tərcüməsi, nəşri məsələsinə, tanıtma və təbliğ işinə daha çox üstünlük vermişəm”.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, Vilayət Quliyev təkcə tarixçi, ədəbiyyatşünas yox, eyni zamanda yüksək səviyyəli dövlət xadimidir: “Vilayət Quliyev böyük və müqəddəs bir missiyanı həyata keçirir. O, ölkəmizə, cəmiyyətimizə çox vacib olan Cümhuriyyətin tarixi, onun qurucuları haqqında məlumatları çatdırır. Bu da imkan verir ki, onun kitablarını oxuyaraq öz tariximizi bilir, onunla qürur duyuruq. Tarixini bilən insan cəmiyyətdə daha güclü mövqe tutur. Bu sahədə fəaliyyətinə görə Vilayət Quliyevə təşəkkür edirəm”.
Daha sonra çıxış edən Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə belə dəyərli əsəri ərsəyə gətirdiyinə görə Vilayət Quliyevi təbriklərini çatdırıb, yeni yaradıcılıq uğurları arzulayıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, kitabda elmi dövriyyəyə yeni daxil edilən faktlar əsasında Cümhuriyyət dövrünün ayrı-ayrı görkəmli şəxsiyyətlərinin portretləri və ilk respublikamızın həyatındakı diqqətəlayiq hadisələrin mənzərəsi yaradılıb. Yeni nəşr tarixçilərə, filoloqlara, politoloqlara, bütünlükdə milli dövlətçiliyimizin yaradılması, keşməkeşli fəaliyyəti, görkəmli simaları və irsi ilə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı mənbədir.

Вторник, 12 Октябрь 2021 10:50

TÜRKSOY şairlər şöləni keçiriləcək

Böyük türk şairi Yunus Əmrənin vəfatının 700 iliyinə həsr edilmiş şairlər şöləni keçiriləcək.
AzərTAC xəbər verir ki, TÜRKSOY-un təşkilatçılığı, TİKA və Özbəkistanın Xarəzm vilayəti İcra Hakimiyyətinin dəstəyi ilə düzənlənən şölən oktyabrın 12-dən 15-dək Özbəkistanın Xivə şəhərində baş tutacaq.
Tədbirə Özbəkistanla yanaşı, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və bir sıra türk topluluqlarının şairləri, ədəbiyyatşünaslari qatılacaq.
Sözügedən şöləndə Azərbaycanı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqan yardımçısı, "Ulduz" jurnalının şöbə redaktoru, şair Taleh Mansur təmsil edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.